27 apr 2026

60 günlük Qətnamə, limitsiz müharibə

60 günlük Qətnamə, limitsiz müharibə


ABŞ-da hakimiyyət qolları arasında müharibə səlahiyyətlərinin bölgüsü necə tənzimlənir? Vyetnam müharibəsindən sonra qəbul edilmiş “Müharibə Səlahiyyətləri Qətnaməsi“ bu balansı praktikada qoruya bilirmi? Khar Center bu yazısında Tramp administrasiyasının başlatdığı İran müharibəsinin ABŞ daxili qanunvericiliyinin məhdudiyyətlərinə məruz qalıb-qalmayacağını qiymətləndirir.


Vyetnam müharibəsindən sonra qəbul edilmiş “War Powers Resolution” (“Müharibə Səlahiyyətləri Qətnaməsi”), Konqresin icazəsi olmadan hərbi gücdən istifadəyə 60 günlük limit qoyur (Goldsmith 2013).

Tramp administrasiyasının heç bir təsdiq istəmədiyi İranla müharibə – qanunun mətninə, yəni “Müharibə Səlahiyyətləri Qətnaməsi”nə görə – mayın 1-də həmin 60 günlük həddə çatır, lakin bundan sonra nə baş verəcəyi tam aydın deyil.

Hazırda beynəlxalq ictimaiyyətin müzakirə etdiyi məsələlər bunlardır:

  1. Prezidentin bu müharibəni davam etdirməyə hüququ varmı?
  2. Konqres niyə Trampı dayandıra bilmir?
  3. Və tarixi müqayisə – Obama, Buş, Reyqan nə etmişdi?(The New York Times, 2026)

Məlum qətnamə elan olunmamış müharibələr üçün zaman çərçivəsi müəyyən edir:

Birinci mərhələ: 48 saat

Prezident silahlı qüvvələri “döyüş əməliyyatları”na cəlb etdikdən sonra 48 saat ərzində Konqresi məlumatlandırmalı və əməliyyatın miqyasını, əsaslandırmasını və ehtimal olunan müddətini izah etməlidir. Tramp İranla bağlı Konqresə göndərdiyi bildirişdə, digər prezidentlər kimi, qoşunları Konstitusiyanın prezidentə verdiyi “ABŞ-ın xarici siyasətini həyata keçirmək” səlahiyyəti əsasında yerləşdirdiyini bildirib.

İkinci mərhələ: 60 gün

Konqres həmin bildirişi aldıqdan sonra 60 gün ərzində hərbi gücün istifadəsini təsdiqləməlidir, əks halda, qanuna görə, prezident hərbi əməliyyatı dayandırmalıdır.

Üçüncü mərhələ: mümkün əlavə - 30 gün

Tramp qoşunların təhlükəsiz şəkildə geri çəkilməsi üçün əməliyyatları davam etdirmək lazım olduğunu iddia edərək 60 günlük müddəti daha 30 gün uzada bilər. O artıq bildirib ki, müharibəni bitirmək naminə pis razılaşmaya getməyəcək.

Dəqiq son tarix mübahisəlidir

Məsələ burasındadır ki, Anqlo-Saks hüququnda normativizm kasaddır. Daha çox presedent hüququ üstünlük təşkil edir. Bu da qanunlarda çoxlu boşluqlar yaradır və müxtəlif yozumlara səbəb olur. Tarix boyu da ABŞ prezidentləri bu qeyri-müəyyənlikdən istifadə ediblər.

Bu səbəbdən Ağ Evin 60 günlük müddətinin dəqiq tarixi ilə bağlı da Konqresdə müəyyən qarışıqlıq var, çünki hər iki partiyanın hüquqşünasları federal qanunun müxtəlif cür şərh edilə biləcəyini deyirlər. Bəziləri hesab edir ki, 60 günlük sayım döyüşlərin başladığı tarixdən hesablanır (bu halda son tarix 29 aprel olur), digərləri isə qanunun mətninə əsaslanaraq bildirir ki, bu müddət Ağ Evin Konqresi rəsmi şəkildə məlumatlandırdığı tarixdən hesablanmalıdır (bu halda son tarix 1 maydır).

Bir çox respublikaçı qanunverici hesab edir ki, atəşkəs dövrü bu 60 günlük müddətə daxil edilməməlidir. Hətta bəzi demokratlar da etiraf edir ki, atəşkəs vaxt hesablamasını mürəkkəbləşdirə bilər. 

“Biz atəşkəsi cəzalandıra bilmərik. Biz istəyirik ki, tərəflər oturub danışsınlar”, – deyə respublikaçı konqresmen Brayan Fitzpatrik CNN-ə bildirib (CNN, 2026a). Fitzpatrik əlavə edib ki, atəşkəs bitərsə, “Müharibə Səlahiyyətləri Qətnaməsi” üzrə səsvermə tələb etməyə hazırdır.

Lakin məsələ burasındadır ki, bu qətnamə heç vaxt hərbi əməliyyatı dayandırmaq üçün istifadə olunmayıb. Qanunvericilər istənilən vaxt prezidentin müharibə səlahiyyətlərini ləğv edə bilərlər, lakin demokratların bu istiqamətdə cəhdləri uğursuz olub. Respublikaçı senator Liza Murkovski Trampın müharibəni aparma üsulunu tənqid etsə də, hələlik müharibəyə müəyyən məhdudiyyətlər qoyacaq təşəbbüsləri dəstəkləmir.

Bir neçə prezident, o cümlədən Tramp, bu qanunun özünün Konstitusiyaya zidd olduğunu iddia edib. Qanun ilk qəbul ediləndə prezident Riçard Nikson ona veto qoymuşdu və bildirmişdi ki, bu, prezidentin ölkəni qoruma imkanlarını məhdudlaşdırır. Konqres isə vetonu ləğv etmişdi.

Trampın Venesuela ilə bağlı səlahiyyətlərini məhdudlaşdırmaq üçün təklif edilən qətnamə Senatda yalnız vitse-prezident JD Vensin həlledici səsi ilə rədd edilmişdi. Lakin Vens yanvarda – İran müharibəsindən əvvəl – demişdi ki, bu qətnamə Trampın ölkəni idarə etməsinə təsir etməyəcək: “Qətnamə, əslində, saxta və Konstitusiyaya ziddir. Bu, yaxın həftələrdə və aylarda xarici siyasəti necə apardığımızı dəyişməyəcək” (CNN, 2026b).

Bir çox administrasiyalar bu mövqeni dəstəkləsə də, qanun indiyədək heç vaxt hərbi əməliyyatı dayandırmaq üçün istifadə olunmayıb və məhkəmələr bu məsələyə qarışmaqdan çəkiniblər. İllər ərzində Konqres üzvləri tərəfindən müxtəlif iddialar qaldırılsa da, məhkəmələr qanunun konstitusionluğu barədə qərar verməyiblər.

Əvvəlki prezidentlər qətnamənin açıq mətninə baxmayaraq, 60 gündən artıq hərbi əməliyyatları davam etdirmək üçün müxtəlif yollar tapıblar. Lakin bu halların heç biri ABŞ və İsrailin İrana qarşı müharibəsi qədər genişmiqyaslı olmayıb. Üstəlik, Tramp administrasiyası sələflərindən fərqli olaraq, başlatdığı müharibə üçün Konqresdə dəstək toplamaq üçün açıq şəkildə heç bir təşəbbüs göstərməyib.

Məsələn, prezident Ronald Reyqan kompromis yolu seçmişdi. O, 1983-cü ildə qanunvericilərlə razılaşma əldə edərək Konstitusiya böhranından qaçmışdı. Reyqan bir il əvvəl Livana sülhməramlı missiya çərçivəsində dəniz piyadaları göndərmişdi, lakin yalnız hərbçilərin ölümündən sonra “Müharibə Səlahiyyətləri Qətnaməsi”ni işə saldı və “aqressiv özünümüdafiə”yə icazə verdi. Bundan sonra ciddi müzakirələr başladı və nəticədə Konqres Beyrutdakı qüvvələrin yerləşdirilməsini daha 18 ay uzatmağa razı oldu. Bir neçə gün sonra isə kamikadze hücumu nəticəsində 241 amerikalı hərbçi öldürüldü. ABŞ qüvvələri 1984-cü ilin fevralında Livandan çıxarıldı (U.S. Congress 1983).

Obama isə “döyüş əməliyyatı” anlayışını dəyişdi. O, 2011-ci ildə Liviyada NATO bombardmanlarını Konqresin icazəsi olmadan 60 gündən çox davam etdirdi. Obama Dövlət Departamentinin hüquqşünası Harold Kohu Konqres qarşısında çıxış etməyə göndərdi və qanunun bu münaqişəyə niyə tətbiq olunmadığını əsaslandırdı. Onların arqumentinə görə, bu əməliyyat ABŞ qüvvələrinin “döyüş əməliyyatları”na məruz qalması kimi qiymətləndirilə bilməzdi. Koh, həmçinin, bildirmişdi ki, əsas fəaliyyət pilotsuz aparatlarla həyata keçirildiyi üçün ABŞ qüvvələri ciddi təhlükə altında deyildi və əməliyyatların böyük hissəsini artıq NATO müttəfiqləri icra edir.

Tramp da müxtəlif arqumentlərdən istifadə edə bilər. O, nəzəri olaraq deyə bilər ki, atəşkəs olduğu üçün döyüşlər bitib və 60 günlük sayım yenidən başlamalıdır. Ya da, iddia edə bilər ki, qanun ümumiyyətlə, tətbiq edilmir.

Həm Corc H. V. Buş, həm də Corc W. Buş İraq müharibələri üçün Konqresdən icazə alsalar da, buna ehtiyac olmadığını da iddia edirdilər.

Bill Klinton maliyyə arqumentindən istifadə etmişdi. O, 1999-cu ildə Kosovoda qoşunları 60 gündən çox saxladı və bunu belə əsaslandırdı ki, Konqres bu əməliyyatlara maliyyə ayırmaqla, faktiki olaraq, icazə vermiş sayılır (Lawfare,  September 2, 2013). Tramp administrasiyası isə hələlik İran müharibəsi üçün əlavə büdcə tələb etməyib.

Respublikaçılar Trampa qarşı çıxmaqda tərəddüd edir

Konqresdəki respublikaçılar indiyədək Trampa qarşı çıxmaqda ehtiyatlı davranıblar. Bu, tarif siyasətində, dövlət proqramlarının ixtisarında və digər məsələlərdə də özünü göstərib.

Lakin bu dəfə vəziyyət fərqlidir, çünki məhkəmələrin müdaxilə edib-etməyəcəyi də aydın deyil. Respublikaçı liderlər partiya daxilində birliyi qorumağa çalışsalar da, bəzi mənbələr bildirir ki, 60 günlük hədd bu birliyi sarsıda bilər. Bəzi respublikaçılar hesab edir ki, 60 gündən artıq davam edən müharibə üçün Konqres mütləq səsvermə keçirməlidir. 

Hətta müharibəni dəstəkləyən respublikaçılar belə, gələcək seçkilərdə siyasi risk yarada biləcək bir məsələdə açıq mövqe bildirməkdən çəkinə bilərlər.

Bəzi respublikaçılar isə prezidentə qarşı çıxış etməyin həm ABŞ-ın rəqiblərinə siqnal verəcəyindən, həm də prezidentin mümkün reaksiyasından narahatdırlar.

Nəticə əvəzi

Həm hüquqi boşluqlar, həm də siyasi iradə tərəddüdü “Müharibə Səlahiyyətləri Qətnaməsi”ni əslində formal mexanizmə çevirib. Keçmiş təcrübələr də, Trump administirasiyanın təşəbbüskarlığı da mahiyyət etibarilə icra hakimiyyətinin müharibə səlahiyyətini məhdudlaşdırmağı nəzərdə tutan bu sənədin effektivliyini sual altına alır. Xüsusilə İran müharibəsi fonunda yaranan mübahisələr göstərir ki, ABŞ-da müharibə qərarlarının qəbulunda nəzərdə tutulan konstitusion balans praktikada ciddi şəkildə aşınıb. Bu tendensiya davam edərsə, Konqresin ABŞ siyasətindəki həlledici rolu xeyli əhəmiyyətsizləşə, prezidentin hərbi qərarvermə sahəsində səlahiyyətləri isə faktiki olaraq, qeyri-məhdud xarakter ala bilər.



İstinadlar: 

Lillian Goldman Law Library. 2008. "War Powers Resolution." The Avalon Project. Yale Law School. https://avalon.law.yale.edu/20th_century/warpower.asp.

The New York Times. 2026. "A 60-Day Deadline Could Pressure Trump on Ending the Iran War," The New York Times, April 22, 2026. https://www.nytimes.com/2026/04/22/us/politics/war-powers-act-explanation.html.

CNN. 2026a. "The law sets a 60-day limit on unauthorized wars. Will Trump respect it?" CNN, April 25, 2026. https://edition.cnn.com/2026/04/25/politics/war-powers-act-trump-iran-war-congress-analysis.

CNN. 2026b. "Vice President Vance Answers Questions Over Renee Nicole's Death and U.S. Operations in Venezuela; Senate Advances Measure to Curb Trump's Venezuela War Powers; Pro-Maduro Protesters Demand Release of Maduro. Immigration Crackdown Stokes Fear Among Minnesota Latinos; Senate Advances to Measure Curb Trump's Venezuela War Powers; At least 45 killed, Including Eight Children in Iran." Isa Soares Tonight. Hosted by Max Foster. Aired January 8, 2026. Transcript. https://transcripts.cnn.com/show/ist/date/2026-01-08/segment/01.

U.S. Congress. 1983. Congressional Record. 98th Cong., 1st sess., October 6. Vol. 129, pt. 20. https://www.govinfo.gov/content/pkg/GPO-CRECB-1983-pt20/pdf/GPO-CRECB-1983-pt20-2-1.pdf.

Goldsmith, Jack. 2013. "The Potential Relevance of OLC's Kosovo-War Powers Resolution Opinion to the Syria Debate." Lawfare, September 2, 2013. https://www.lawfaremedia.org/article/potential-relevance-olcs-kosovo-war-powers-resolution-opinion-syria-debate.

Bell icon

Ən son yeniliklərdən xəbərdar olmaq üçün bülletenimizə abunə olun

Etibarlı e-poçt ünvanı təqdim edin