3 dek 2025

Republika Srpska Sesessionizmi: Bosniya və Herseqovinanın Sabitliyinə Mümkün Təsirlər

Republika Srpska Sesessionizmi: Bosniya və Herseqovinanın Sabitliyinə Mümkün Təsirlər

(c) heute.at



Giriş 

Noyabrın 23-də Dayton razılaşmasının öhdəliklərinə əməl etmədiyi üçün məhkəmə qərarı ilə  keçən ilin Avqustunda tutduğu vəzifədən azad edilən və 6 il boyunca vəzifə tutmaq səlahiyyətləri məhdudlaşdırılan Bosniya və Herseqovinanın sabiq Serb rəhbəri Milorad Dodiki əvəzləmək üçün ölkənin Serb ərazi vahidi Republika Srpskada növbədənkənar prezident seçkiləri keçirildi. Sesessionist və populist çıxışları ilə daima gündəmdə olan, son dövrlərdə isə, Republika Srpskada artan avtoritarizm tendensiyasına rəhbərlik edən Dodik buna qədər iki ardıcıl olmayan müddətə Serb entitetinin baş naziri olmuş və üç dəfə prezident seçilmişdi. Uzun müddətli hakimiyyət dönəmi Milorad Dodik və onun təmsil olunduğu Müstəqil Sosial Demokratlar Alyansı Partiyasına (Serbcə: “Савез независних социјалдемократа”) Post-Dayton dövrünün ilk illərindən bəri Bosniyanın Serb siyasətçiləri tərəfindən irəli sürülən və Kosovonun* müstəqilliyindən sonra intensivləşən sesessionist diskursunu uzun vədədə təbliğ etmək imkanı vermişdi. 

Son illərin yüksələn avtoritarizm meylləri fonunda Republika Srpska rəhbərliyinin Bosniya və Herseqovinanın mərkəzi hakimiyyətinə tabe olmamasının struktural-qanuni çalarlar alması genosidal müharibə sonrası ölkədə sadəcə müharibə zorakılığını istisna edən, neqativ sülh yaratmış Dayton Müqaviləsinə tərəflərin əməl etməsinə nəzarət edən Ali Nümayəndəlik Ofisinin (ANO) rəhbəri Karl Şmidtin qanunla ona verilmiş Bonn səlahiyyətlərindən istifadə etməsini tətiklədi. Daha əvvəl Milorad Dodik,  “Bosniya və Herseqovinanın Konstitusiya Məhkəməsinin Qərarlarının İcra Edilməməsi haqqında” və ANO-nun, o cümlədən, Konstitusiya Məhkəməsinin qəbul etdiyi qərarlarının Republika Srpskanın rəsmi qəzetində dərc edilməməsini nəzərdə tutan, bununla da faktiki olaraq, onların Republika Srpska ərazisində qüvvəyə minməsini əngəlləyən, “Qanunların və Digər Aktların Dərc Olunmasına dair Qanuna Düzəliş”  qanunlarını qəbul etdirməyə cəhd göstərmişdi (Balkan Insight 2023; Sarajevo Times 2023). Lakin, bu cəhdlərin qarşısı ANO tərəfindən dərhal alınmış, iki il sonra isə, Dodik tutduğu vəzifədən uzaqlaşdırılmışdı (EWB 2025; Sarajevo Times 2023; RFE/RL’s Balkan Service 2023). Onun haqqında 1 illik pul cəzası ilə əvəzlənmiş həbs qərarı və 6 illik vəzifə tutmaq qadağası çıxarıldı (Balkan Insight 2025). 

Dodikin diskvalifikasiya edilməsi Republika Srpskada növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə nəticələndi. İqtidarda olan Müstəqil Sosial Demokratlar Alyansı Partiyası, güc strukturlarında uzun müddət rəhbər vəzifələrdə çalışmış, Dodikin son prezidentlik dönəmində isə Elmi-Texnoloji İnkişaf və Ali Təhsil naziri olmuş Sinişa Karanın namizədliyini irəli sürdü. Onun rəqibləri, müxalifətin əsas namizədi, geniş müxalif spektr, o cümlədən, Xalq Cəbhəsi Partiyası və Demokratik Tərəqqi Partiyası tərəfindən dəstəklənən, Serb Demokratik Partiyasının namizədi Branko Blanuşa, Yeni Siyasət naminə Alyans Partiyasının namizədi Draqan Jokanoviç, Republika Srpska Ekoloji Partiyasından Nikola Lazareviç və müstəqil namizədlər İqor Qaşeviç və Slavko Dragiçeviç idi. Seçkilərin qalibi 2026-cı ilin Noyabrında keçirələcək növbəti prezident seçkilərinə qədər vəzifədən kənarlaşdırılmış prezidentin səlahiyyətlərini icra edəcəkdi. 

Hökümətin namizədi Karan “Prezident Dodikə səs ver!” sloqanı ilə seçkilərə qatılmış, faktiki olaraq, Dodikin “Medvedev”i olduğunu açıq şəkildə ortaya qoymuşdu. Seçki kampaniyası boyunca Karanın kampaniya posterlərində yer alan sabiq prezident belə bir açıq mesaj verməkdən də çəkinmədi: “Mən əsas şəxs olaraq qalıram, Republika Srpskanın bütün prezidentlərinin prezidenti olacağam. Bəs edirmi?” (Huskić 2025) .  

23 Noyabr seçkilərində hökümətin namizədi Karan ən yaxın izləyicisi Blanuşanı az fərqlə qabaqlayaraq, toplam 50.41 % səslə prezident seçildi. Müxalifətin namizədi Blanuşa isə  səslərin 48.23 %-i topladı. Seçkilərdə səsvermə səlahiyyətinə malik vətəndaşların cəmi 35.21%-i iştirak edib və bu göstərici aşağıdır (Central Election Commission of Bosnia and Herzegovina 2025). Güman ki, kəskin qarlı hava şəraiti seçkidə iştiraka mənfi təsir göstərmişdir. Seçkiləri müşahidə edən ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, Avropa Parlamenti nümayəndəliyi və Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresi səsvermə prosesini müvafiq qanuni çərçivənin izlənilməsi, habelə prosesual normaların tətbiqi baxımından müsbət qiymətləndirsə də,  ictimai kampaniya aparmaq üçün fondun ləğv olunmasının iqtidar və müxalifətin imkanları arasında tarazlığı pozduğunu bildirmişdir (ODIHR 2025). 

Beləliklə, keçən seçkilərə nisbətdə ciddi nüfuz itkisi yaşamasına baxmayaraq (Huskić 2025), Dodikin partiyasının ən azından daha bir il hakimiyyətdə qalacağı rəsmiləşdi. Bu bir il ərzində Republika Srpska hökümətinin Bosniya və Herseqovinanın mərkəzi hakimiyyətinə tabe olmamaq cəhdlərinin, habelə separatçı ritorikasının davam edəcəyini gözləmək olar. 

Oxuduğunuz yazı artan insan hüquqları pozuntuları və avtoritarizm meylləri, həmçinin qlobal və regional siyasətin kataklizmlərinin fonunda bu ritorikanın əməli nəticələrə gətirib çıxara biləcəyini, hadisələrin Bosniya və Herseqovinanın ərazibütövlüyü baxımından təhlükəli məcraya keçə biləcəyini arqumentləşdirir. Analizin ikinci bölməsində Republika Srpskanın bir təsisat kimi varlığı təftiş olunmaqla, ərazi vahidinin təşəkkül tapdığı vaxtdan etibarən sesessionist diskursu təhlil edilir. Analizin üçüncü bölməsində Bosniya və Herseqovinanın konstitusional, institusional və siyasi faktorlardan irəli gələn həssasiyyətləri, dördüncü bölməsində isə 2023-cü ildən bəri Republika Srpskada vətəndaş azadlıqlarına edilən hücumlar, avtoritar meyllər və bu hadisə və tendensiyaların yaratdığı mühitdə separatçı ssenarinin nə dərəcədə mümkün olduğu müzakirə olunur.  Analiz aşağıdakı sualları cavablamağı hədəfləyir: 

Bosniya və Herseqovinanın Republika Srpska ərazi vahidində insan hüquqları pozuntuları və avtoritarizm meylləri hansı tendensiyalar üzrə inkişaf edir? Bu tendensiyalar separatçılığa apara bilərmi? 

Republika Srpska: Antaqonizm və Sesessionizm

Bir Bosniya və Herseqovina entiteti olan və ölkənin beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü çərçivəsində fəaliyyət göstərən Republika Srpska (RS) öz varlığını davam edən hərbi şərtlər altında 1992-ci ildə elan etmiş, 1995-ci ildə isə “Dayton Müqaviləsi” adı ilə tanınan Bosniya və Herseqovinada Sülhün Ümumi Çərçivəsi Razılaşması ilə [1] formal olaraq təşəkkül tapmışdır. 

Republika Srpskanın ilk prezidenti, Radovan Karadziç keçmiş Yuqoslaviya məsələlərinə baxan Haaqa Beynəlxalq Cinayət Tribunalı tərəfindən bosniaklara qarşı törədilmiş Srebrenitsa soyqırımında təqsirli bilinərək, əvvəl 40 il müddətində, daha sonra appelyasiya şikayəti əsasında ömürlük həbs cəzasına məhkum edilmişdir (United Nations 2019). 

Entitet təşəkkül tapdığından bəri Keçmiş Yuqoslaviyaya dair Beynəlxalq Cinayət Tribunalı tərəfindən tanınmış Srebrenitsa Soyqırımı və bosniaklara qarşı törədilmiş digər soyqırım və müharibə cinayətlərini danmaq Republika Srpska rəhbərliklərinin siyasi diskursunun tərkib hissəsi olub. Uzun müddət RS-ə rəhbərlik etmiş Milorad Dodik azı 8000 bosniakın milli-dini zəmində, xüsusi qəddarlıqla, izlərin silinməsini hədəfləyərək, koordinasiyalı və sistemli şəkildə qətl edildiyi Srebrenitsa soyqırımını “uydurulmuş mif” adlandırmışdır (Rahim 2019). 

2018-ci ilin Avqustunda RS Assembleyası  2004-cü ildə qəbul edilmiş, Srebrenitsa cinayətinin və Serb hərbi birləşmələrinin bosniaklara qarşı törətdikləri qırğınları qəbul edən RS Komissiya Hesabatının nəticələrini ləğv etmişdir (Rahim 2019). Dodik höküməti 2019-cu ildə bu cür adlandırılan “müstəqil beynəlxalq komissiya” yaratmış və 2021-ci il hesabatı ilə Srebrenitsada heç bir soyqırımın baş vermədiyi elan olunmuşdur (Tallan 2022). RS höküməti rəsmi olaraq bu hesabata istinad edir.  2021-ci ildə ANO-un soyqırım inkarını qadağan edən hökmündən sonra, RS rəsmən dövlət institutlarını boykot etmiş, ANO qərarlarının RS entiteti ərazisində keçərli olmadığını irəli sürən qanun layihələrini qəbul etmişdir (Balkan Insight 2021). 

RS-də soyqırım inkarı geniş vüsət almaqdadır. İctimai yerlərə və yataqxanalara Karadziçin adı verilir, müharibə cinayətkarları milli narrativdə qəhrəman kimi təqdim olunurlar.  Tədris kurrikulumlarında Srebrenitsa hadisəsi təsvir olunmur. Haaqa Tribunalının qərarı isə tələbələrə “anti-Serb propaqandası” kimi təqdim olunur (Hodžić 2025). Beləliklə, RS-də sürən bu cür soyqırımı inkar abu-havası Bosniya və Herseqovinada həm hüquqi harmoniyaya mənfi təsir göstərir, həm də müharibə sonrası cəmiyyətdə kök salmış etimadsızlıq mühitinin daha da böyüməsini körükləyir. 

Bununla bərabər,  sesessionizm RS-in daima nəzərdə saxladığı bir variant olub. Dayton Müqaviləsinin imzalanmasından cəmi bir il sonra, 1996-cı ildə, RS-in o zamankı prezidenti Bilyana Plavşiç açıqlama verərək, RS-in Bosniya və Herseqovinadan ayrılmasını, Yuqoslaviya Federativ Respublikasına (sözü gedən dövlətin sonrakı isimləri: Serbiya və Monteneqro, Serbiya) birləşməsini təklif etmişdi (Pepi 2022). Bu ayırılmaya səbəb olaraq, o, bir neçə digər səbəb ilə birgə bosniakların dini və etnik faktorlara görə serblərə nisbətdə genetik naqis olduqlarını göstərirdi (Shatzmiller 2002, Pepi 2022-yə istinadən). Daha sonra Plavşiç, Haaqa Tribunalı tərəfindən iki maddə üzrə soyqırımda iştirakda, beş maddə üzrə insanlığa qarşı cinayət törətməkdə və bir maddə üzrə qətldə ittiham olunacaqdı [2].

2000-ci illərdə  RS siyasətində dominantlığı ələ alan Dodik, sesessionist diskursu mütəmadi irəli sürür, BHF-in (Bosniya və Herseqovina Federasiyası) Bosniak rəhbərləri isə, RS-in entitet kimi ləğv etmə istəyini dilə gətirirdilər (Congressional Research Service 2019). 2008-ci ildə Kosovonun* müstəqillik əldə etməsi və bu müstəqilliyin bir çox dövlətlər tərəfindən tanınması RS elitasının ayrılma ritorikasının güclənməsində pivotal rol oynadı. RS sesessionizminin son güclü dalğası isə, 2020-ci illərin avtoritar döngəsi və insan hüquqları pozuntuları tendesiyası ilə eyni vaxta təsadüf edir. Bir yandan baş verən defamasiya qanunu ilə azad mediaya, qanuni qısıtlamalarla QHT-lərə edilən hücumlar, digər tərəfdən sesessionist qanun layihələri və çıxışlarla müşayiət olunmağa başladı.

Məqalənin üçüncü bölməsində Bosniya və Herseqovinanın konstitusion, institusional, siyasi faktorlardan irəli gələn həssasiyyətlərinə nəzər saldıqdan sonra, dördüncü bölmədə yuxarıda qeyd olunan avtoritarlaşma tendensiyasının sesessionizm perspektivlərinə təsirini müzakirə edəcəyik.

Bosniya və Herseqovinanın Konstitusion, İnstitusional və Siyasi Faktorlara Əsaslanan Həssasiyyətləri

1995-ci ildə imzalanmış Dayton Sülh Razılaşmasının IV Əlavəsi Bosniya və Herseqovinanın siyasi profilini müəyyənləşdirdi və iki dövlət subyekti (Bosniya və Herseqovina Federasiyası [BHF] və Serb Respublikası [RS]) ilə Brçko Bölgəsi arasında inzibati hakimiyyəti bölən mürəkkəb, çoxpilləli bir idarəetmə quruluşu yaratdı (Council of Europe Parliamentary Assembly 2024; Transparency International in Bosnia and Herzegovina 2024). Bu mürəkkəb konstitusion struktur bələdiyyə, kanton (BHF-də), entitet, Brçko Bölgəsi və mərkəzi dövlət olmaqla beş səviyyədə idarəetmə müəyyənləşdirərək, xidmətlərin təkrarlanmasına və geniş yayılmış səmərəsizliyə səbəb olur (BTI 2024; Transparency International in Bosnia and Herzegovina 2023). Şiddətli münaqişənin təkrarlanmamasını təmin etmək niyyəti ilə tətbiq olunan institusional dizayn üç konstituent xalqın (bosniaklar, xorvatlar və serblər) maraqlarını qorumaq üçün veto mexanizmlərini özündə ehtiva edir. Lakin praktikada bu müddəalar institusional funksionallıqdan daha çox etnik təmsilçilik prinsipini üstün edir, nəticədə “vetokratiya” adlandırılan daimi siyasi dalana dirənmə vəziyyəti yaradır (Transparency International in Bosnia and Herzegovina 2023).

İnzibati mürəkkəblik müxtəlif səviyyələr üzrə təxminən 600 nümayəndəsi olan 14 hökumət və qanunverici orqanın mövcudluğunu nəzərdə tutur (Transparency International in Bosnia and Herzegovina 2024). İcra hakimiyyəti dövlət səviyyəsində 9 nazirliyi olan Nazirlər Şurasından, 16 nazirliyi olan Bosniya və Herseqovina Federasiyası Hökumətindən, 17 nazirlikdən ibarət RS Hökumətindən və ümumilikdə 95 nazirliyi idarə edən BHF-in 10 kantonal hökumətindən ibarətdir (Transparency International in Bosnia and Herzegovina 2024). Bu qədər geniş təşkilati quruluş icra aparatını “son dərəcə bahalı” və ağır edir və inzibati xərclərlə investisiya xərcləri arasında zəif bir nisbət yaradır (Transparency International in Bosnia and Herzegovina 2024). Həmçinin sistem hökumətin müxtəlif səviyyələri arasında koordinasiya və subordinasiyanın əsaslı olmaması ilə fundamental şəkildə sarsılır; bu vəziyyət insan hüquqlarının pozulmasına və separatçı cəhdlərə qarşı sürətli qərar qəbulunu və incəlik tələb edən siyasət həyata keçirilməsini birbaşa əngəlləyir (Transparency International in Bosnia and Herzegovina 2024; BTI 2024; European Commission 2024). Ümumi idarəetmə sisteminin siyasi dalana dirənməsi ilə nəticələnən bu geniş parçalanma ölkəni təkrarlanan qeyri-sabitlik və inzibati iflic riskləri ilə qarşı-qarşıya qoyur (Transparency International in Bosnia and Herzegovina 2024; European Commission 2024).

Endemik korrupsiya mühiti, beynəlxalq səviyyədə tanınan və dəstəklənən institusional parçalanmaya hopmuş “dövlət ələ keçirilməsi” sindromu ilə sıx əlaqəli olaraq, müstəqil QHT-lərin və tənqidi medianın fəaliyyətlərinə qarşı düşmən mühiti formalaşdırır, bununla da konkret institusional sui-istifadə hallarının ortaya çıxmasına zəmin yaradır (Transparency International in Bosnia and Herzegovina 2023).

Siyasi partiyalara gəldikdə qeyd etmək gərəklidir ki, Bosniya və Herseqovinada siyasi partiyalar əsasən klientelist şəbəkələr kimi fəaliyyət göstərirlər. Onlar dövlət sektorundakı iş yerlərinin təxminən 90%-ni nəzarətdə saxlayır, bu vəzifələri namizədlərin peşəkar keyfiyyətlərindən çox siyasi sədaqəti əsasında paylayırlar (Transparency International in Bosnia and Herzegovina 2024). Dövlət sektorunda məşğulluğun (ölkənin əmək qüvvəsinin təxminən 30%-ni təşkil edir) sistemli şəkildə siyasiləşdirilməsi məhkəmə sistemini, hüquq-mühafizə orqanlarını və digər rəsmi institutları siyasi müdaxiləyə və qanunların seçici tətbiqinə qarşı həssaslaşdırır (Transparency International in Bosnia and Herzegovina 2024; BTI 2024; Transparency International in Bosnia and Herzegovina 2023). Bu mühitdə korrupsiyanı ifşa edən və hökuməti hesabatlı edən kritik QHT-lər və müstəqil media hakimiyyət üçün varoluş təhdidinə çevrilir (Transparency International in Bosnia and Herzegovina 2023). Xüsusilə RS rəhbərliyindən qaynaqlanan siyasi ritorika sistemli şəkildə eksklüzivist çalarlar daşıyır və tənqidçiləri damğalayır, nəticədə ictimai etimadı zədələyir və repressiv qanunvericilik üçün narrativ əsas yaradır (Transparency International in Bosnia and Herzegovina 2023; Council of Europe Parliamentary Assembly 2024).

Bosniya və Herseqovinada media mühiti çoxsaylı media orqanlarının mövcudluğuna baxmayaraq zəif real plüralizm səbəbindən fraqmentasiyaya məruz qalmışdır (Council of Europe Parliamentary Assembly 2024; Transparency International in Bosnia and Herzegovina 2024). Medianın əsasən dövlət reklamları və hökumət maliyyəsindən asılı olması siyasi müdaxilə və təzyiq üçün geniş imkan yaradır (Transparency International in Bosnia and Herzegovina 2024; Council of Europe Parliamentary Assembly 2024). Nəticədə, hüquqi mühitin nisbətən əlverişli olmasına baxmayaraq,  media “son dərəcə əlverişsiz siyasi və iqtisadi mühitdə” fəaliyyət göstərir (Council of Europe Parliamentary Assembly 2024; Transparency International in Bosnia and Herzegovina 2024). İnsan hüquqları, korrupsiya və klientelizm kimi kritik mövzulara fokuslanan müstəqil media bu şəraitdə fəaliyyətini davam etdirmək üçün getdikcə daha çox xarici donorlardan maliyyələşən qeyri-kommersiya QHT-ləri kimi çalışmalı olur; nəticə etibarilə xarici maliyyənin hər hansı şəkildə azalması avtomatik olaraq vətəndaş azadlıqlarına təsir göstərir (Transparency International in Bosnia and Herzegovina 2024). Oxşar şəkildə, Bosniya və Herseqovinanın müstəqil vətəndaş cəmiyyəti sektoru aşağı təşkilati potensial və yerli icmaların və ya özəl sektorun məhdud iştirakı və beynəlxalq donorlardan ağır şəkildə asılı olması ilə səciyyələnir (BTI 2024; Transparency International in Bosnia and Herzegovina 2024). Dövlət dəstəyinə gəldikdə isə, arzuolunmaz hesab edilən QHT-lər adətən dövlət maliyyəsindən kənarlaşdırılır, əvəzində hökumətə yaxın qurumlara və veteran təşkilatlarına qeyri-bərabər şəkildə geniş maliyyə ayrılır, onların isə şəffaflıq və hesabatlılığı sual altındadır (Transparency International in Bosnia and Herzegovina 2023; Transparency International in Bosnia and Herzegovina 2024). Bu institusional asılılıq siyasi gərginlik artdıqca və beynəlxalq dəstək azaldıqca vətəndaş azadlıqlarını ilk hədəfə çevirir.

Republika Srpskanın 2024–2025-ci illərdə Vətəndaş Azadlıqlarına Strateji Hücumu

2024 və 2025-ci illərə doğru gedən dövrdə təzyiqlərin kəskinləşməsi adi siyasi mübahisə hüdudlarından çıxaraq kritik QHT-ləri və medianı zəiflətmək üçün hazırlanmış qanunvericilik mexanizmləri vasitəsilə vətəndaş azadlıqlarına institusionallaşdırılmış hücum mərhələsinə keçdi. Republika Srpska (RS) vətəndaş hüquqlarını məhdudlaşdırmağın ən kəskin formalarını tətbiq etdi. Entitetin hakimiyyəti açıq şəkildə müxalif səsləri və araşdırmaçı jurnalistləri susdurmağa yönəlmiş qanunlar həyata keçirdi (Council of Europe Parliamentary Assembly 2024).

2023-cü ilin iyulunda RS Parlamenti iki onillik demokratik islahatı geri çevirərək cinayət məcəlləsinə dəyişikliklər etdi [3] və defamasiyanı cinayətləşdirdi ki, bu da media fəaliyyəti və ifadə azadlığının qorunmasında ciddi geriləmə idi (Transparency International in Bosnia and Herzegovina 2024; Council of Europe Parliamentary Assembly 2024; European Commission 2024). Hakimiyyət bu qanun dəyişikliklərini dərhal tətbiq etməyə başladı. Artıq 2023-cü ilin noyabrına qədər yeni dəyişikliklər üzrə 23 defamasiya müraciəti qeydə alınmışdı (Transparency International in Bosnia and Herzegovina 2024). Jurnalistləri “uzun və baha proseslərə” məcbur edən bu məhkəmə işləri susdurma məqsədli şantaj təhdidinə çevrilir, tənqidi reportajlar və araşdırmaçı jurnalistikanın üzərində “soyuqlaşdırıcı effekt” yaradır (Council of Europe Parliamentary Assembly 2024; European Commission 2024; Transparency International in Bosnia and Herzegovina 2024). Bu isə resursların hüquqi müdafiəyə yönəldilməsi ilə sektorun fəaliyyət effektivliyinin azalmasına səbəb olur və eyni zamanda “placebo effektinə bənzər yorğunluq” yarada bilir (Transparency International in Bosnia and Herzegovina 2024).

Defamasiya qanunları ilə paralel olaraq, RS hakimiyyəti "Qeyri-Kommersiya Təşkilatlarının Xüsusi Reyestri və İşinin Aşkarlığı Haqqında Qanun" adlı [4] qanun layihəsini irəli sürdü, bu da beynəlxalq səviyyədə geniş şəkildə “Xarici Agentlər Qanunu” kimi şöhrət qazandı (Transparency International in Bosnia and Herzegovina 2024; Móra et al. 2024). Bu təşəbbüs xarici maliyyə alan təşkilatları “xarici agent” kimi etiketləməyi və onları həddən artıq dövlət nəzarətinə məruz qoymağı hədəfləyirdi (Transparency International in Bosnia and Herzegovina 2024). Qanun bir neçə mexanizm vasitəsilə məhdudiyyətlər tətbiq etməyə çalışırdı:

Qanun ağır yük, həddən artıq hesabat öhdəlikləri, müdaxilə xarakterli yoxlamalar və istənilən nəşrin və ya materialın, fəaliyyətin siyasi xarakter daşıyıb-daşımamasından asılı olmayaraq,  “qeyri-kommersiya təşkilatı” etiketi daşımasını tələb edirdi (Transparency International in Bosnia and Herzegovina 2024). Bu məzmun etibarilə əvvəlcə Rusiya Federasiyasında qəbul edilən analoji qanunvericiliyə çox yaxın idi.

Qanunun ən narahatedici tərəflərindən biri vətəndaş müdafiə fəaliyyəti və kampaniyaları tənzimləməyə cəhd idi. Xaricdən maliyyələşən təşkilatlara ictimai siyasət debatlarında iştirak qadağan edilirdi və bu da Republika Srpskada demokratik iştirak imkanlarını ciddi şəkildə məhdudlaşdıra bilərdi; çünki qanundakı elastik dil “siyasi fəaliyyət” və “siyasi fəaliyyətlilik” kimi geniş terminlərdən istifadə edərək hakimiyyətə təşkilatları istədiyi zaman cəzalandırmaq üçün geniş səlahiyyət verirdi. ATƏT, Avropa Şurası və Avropa Komissiyası daxil olmaqla beynəlxalq aktorlar bu müddəaların həm konstitusion qorunmalara, həm də beynəlxalq insan hüquqları standartlarına zidd ola biləcəyini bildirdilər. Nəticədə qanun Bosniya və Herseqovina Konstitusiya Məhkəməsinin U-6/25 saylı qərarı ilə [5] Bosniya və Herseqovina Konstitusiyasına və AİHK-nin 11-ci maddəsinə uyğun olmadığı üçün ləğv edildi. Bununla belə, Republika Srpskanın növbəti addımlarının necə olacağı hələ də qeyri-müəyyəndir.

RS vətəndaşların toplaşma azadlığını da ciddi şəkildə məhdudlaşdırır. RS polisi tələbə David Dragiçeviçin Banya Lukada ölümü ilə bağlı bütün Bosniya və Herseqovinaya yayılmış “David üçün Ədalət” hərəkatının etirazlarını repressiya və təqiblə qarşıladı və hərəkatı dağıtdı (BTI 2024). 2021-ci ildən bəri RS hakimiyyəti etirazçıların toplaşma hüququnu geniş şəkildə məhdudlaşdırmışdır (BTI 2024; Transparency International in Bosnia and Herzegovina 2023).

USAID-in Bosniya və Herseqovinaya maliyyəsinin qəfil kəsilməsi avtoritar meyllərə yaxın aktorlar tərəfindən tez bir zamanda siyasi alətə çevrildi. Konservativ siyasi strukturlar, ki onların bir çox qurumları uzun illər ABŞ yardımından faydalanmışdı, Tramp administrasiyasından gələn anti-USAID ritorikasını “açıq sevinc”lə qarşıladılar və avtoritar meyllərini və vətəndaş cəmiyyətinə qarşı açıq düşmənçiliklərini ortaya çıxardılar (Salkanović 2025). Bu, 250 milyon ABŞ dollarının guya yoxa çıxması barədə saxta iddialar da daxil olmaqla, koordinasiya olunmuş dezinformasiya kampaniyası ilə dəstəklənirdi; guya Martin De Luka adlı hüquqşünas Trampın komandasının üzvü kimi Bosniya və Herseqovinaya gələrək bu vəsaitin yoxa çıxmasını araşdırırmış (Salkanović 2025). Belə saxta xəbərlər və digər dezinformasiya vasitəsilə RS-də dövlət mediası və hökumətyönlü mətbuat QHT-ləri və müstəqil medianı “Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) forpostları” kimi etiketlədi, hökumətə yaxın ekspertlər isə USAID-i “Yaxın Şərqdə” [Qərbi Asiya] terrorizmi maliyyələşdirməkdə ittiham etdilər (Salkanović 2025). Bu cür saxta xəbərlərlə bəslənmiş ritorika müzakirəsi davam edən “xarici agentlər” qanunu üçün legitimlik əsası yaratdı, vətəndaş cəmiyyəti aktorlarını “xarici muzdlular” kimi göstərdi və xarici yardımı suverenliyə təhdid kimi təqdim etdi.

QHT-ləri hədəfə alan və demokratik iştirakın legitimliyini sarsıtmağa çalışan bu kampaniyalar avtoritar oportunizmi dərinləşdirdi (Salkanović 2025). Müstəqil media, QHT-lər və nəzarətçi qurumlar arasında maliyyə sabitliyinin pozulması və düşmənçilik ritorikasının güclənməsi yerli avtoritar meyllərin inkişafına şərait yaratdı və Bosniya və Herseqovinanın həssas siyasi mühitində uzunmüddətli zərərli nəticələr riski yaratdı (Salkanović 2025).

Bu cür risklərdən biri də RS-də gündəmdə olan sesessionizmdir. Belə ki, sadə dillə desək, ölkədə hüquq pozuntularının normallaşdırılması sesessionizm üçün münbit zəmin yarada bilər. 

Bəs bu necə baş verə bilər? Sesessionist ritorika ictimai rəyi öz xeyrinə dəyişməyi bacarıbmı? Semir Dzebo (2025a) London İqtisadiyyat Məktəbi tərəfindən dərc olunan məqaləsində öz statistik araşdırmasını təqdim edərək göstərir ki, populist diskurs Dodikin elit səviyyəsindəki siyasi strategiyasına xidmət etsə də, adi vətəndaşlar arasında mövqe dəyişikliyi yaratmaqda uğursuz olub. Belə ki, ictimai rəy etnik identifikasiya və iqtisadi narazılıqlar kimi ənənəvi amillərə bağlı olaraq formalaşmaqda davam edir. Lakin bu diskursun Respublika Srpskada elitanın separatçı təşviqatının institusional məhdudiyyətləri aşmaq üçün istifadə etdiyi bir alət kimi funksiyası ortaya çıxıb (Dzebo 2025b). Sadələşdirsək, bu o mənaya gəlir ki, sesessionist diskurs ictimai rəyi ayrılmaya inandıra bilmir, amma separatçılığa gedən yolda qanuni baryerləri aşmağa kömək edir. Yəni, Dodik və ətrafı demokratik yolla separatçılıq istəyini reallaşdıra bilmir və avtoritar yolla bunu etməyə cəhd edə bilər. 

Bu arqumenti biraz daha anlamaq üçün KHAR Center-in digər “Post-Yuqoslaviya Kontekstində Siyasi Sabitlik Amili Kimi Ərazi Muxtariyyəti: Müsbət, yoxsa Mənfi?” adlı məqaləsinə də müraciət edə bilərik. Belə ki, insan hüquq və azadlıqları, hüququn aliliyi təmin olunmadıqda və “səlahiyyət bölgüsü demokratik prinsiplərə və insan hüquqlarına uyğun şəkildə ardıcıl və düzgün şəkildə dizayn edilmədikdə” muxtariyyət sistemli zorakılığa apara bilər (KHAR Center 2025). Bu xüsusda, RS elitası Bosniya və Herseqovinanın desentralizasiyana zərbə endirir.

ABŞ-ın Dodik və onun ətrafı üzərindən sanksiyaları seçki öncəsi götürməsi də digər sayqıdəyər faktdır (Reuters 2025). Regionda fəaliyyət təcrübəsi olan keçmiş ABŞ diplomatı Cey Trusdeyl  bunu Dodikin “Sarayevo məhkəməsinə tabe olması” ilə əlaqələndirsə də, bu məqalənin tapıntılarına baxdıqda, verilən qərar heç də rasional görünmür. 

Nəticə etibarilə, son illərdən görünən odur ki, Dodik və RS-in sesessionist elitası avtoritarlaşmada qərarlıdır. Separatçı istəyi varsaymış olsaq, avtoritarizmin nəticələrinin sesessionizmdə istifadə olunacağı ehtimalının güclü olduğunu deyə bilərik və avtoritar yolla bu məqsədlərə doğru addımlamaq heç də qeyri-zorakı nəticələr vəd etmir. Beləliklə, hazırki RS rəhbərliyi təkcə Bosniya və Herseqovinada ictimai harmoniyanı deyil, həm də regiondakı beynəlxalq təhlükəsizliyi təhlükəyə atır. 

Nəticə 

Bosniya və Herseqovinanın Republika Srpska ərazi vahidində insan hüquqları pozuntuları və avtoritarizm meyllərini araşdıran və bu meyllərin separatçılıq və ya sesessionizmlə  əlaqəsini müzakirəyə çıxaran bu analiz nəticəsində aşağıdakı bir sıra qənaətlərə gəlmək mümkündür. 

Dünya siyasəti aktorlarının neorealist paradiqma əsasında fəaliyyətlərini müəyyənləşdirməsinin fonunda Republika Srpskada insan hüquq və azadlıqlarının məhdudlaşdırılması və avtoritar meyllərin böyüməsi müşahidə olunmaqdadır. Konkret misallarla, bu məhdudlaşmalar birləşmə və toplaşma hüquqlarının qısıtlanması və bu hüquqlardan faydalanmağa çalışan vətəndaşların təqiblərə məruz qalması, QHT-lərə və azad media qurumlarına qarşı sistemli qarayaxma kampaniyalarının aparılması, defamasiya qanunundan sui-istifadə, uzun və yorucu məhkəmə prosesləri ilə hakimiyyət tənqidçilərinin taqətdən salınması, qanun dəyişiklikləri ilə vətəndaş cəmiyyətinin ictimai müzakirələrdə iştirakını məhdudlaşdırma cəhdləri ilə müşahidə olunur. Son növbədənkənar seçkilərdə faktiki olaraq, hazırki hökümətin hakimiyyəti saxlaması bu hücum və cəhdlərin davam edəcəyini deməyə imkan verir. 

Davam edən insan hüquqları pozuntuları və avtoritarizm meyllərinə paralel olaraq Republika Srpska rəhbərliyinin separatçı diskursu Bosniya federalizmi üçün artan təhlükədir. Belə ki, azalan beynəlxalq təzyiq ilə müşayiət olunan insan hüquqları pozuntuları şəraitində istənilən daxili böhran manipulativ şəkildə yozula, səbəb kimi Bosniya və Herseqovina siyasi strukturu göstərilə və bu diskurs ilə separatçı meyllər güclənə bilər. Bu yolla analiz insan hüquqları pozuntuları və artan avtoritarizm mühitində separatçı ssenarinin daha çox reallaşma ehtimalının olduğunu arqumentləşdirir. 




Endnotlar: 

*Kosovoya edilən istinadlar BMT Təhlükəsizlik Şurasının 1244 (1999) saylı Qətnaməsi və Beynəlxalq Ədalət Məhkəməsinin Kosovonun müstəqillik bəyanatı ilə bağlı Rəyinə uyğun olaraq, statusla bağlı mövqelərə xələl gətirmədən təqdim edilir.

[1] Office of the High Representative (OHR). 1995. “Dayton Peace Agreement.” OHR.int. Accessed November 29, 2025. https://www.ohr.int/dayton-peace-agreement/

[2] International Criminal Tribunal for the former Yugoslavia (ICTY). 2003. Prosecutor v. Biljana Plavšić, IT-00-39&40/1-S: Sentencing Judgment. 27 February 2003. https://www.icty.org/x/cases/plavsic/tjug/en/pla-tj030227e.pdf

[3] Закон о измјенама и допунама Кривичног законика Републике Српске, Службени гласник Републике Српске, бр. 73/23.

[4] Закон о посебном регистру и јавности рада непрофитних организација РЕПУБЛИКА СРПСКА. МИНИСТАРСТВО ПРАВДЕ. Бања Лука, јануар 2025 године.

[5] Ustavni sud Bosne i Hercegovine, Odluka broj U-6/25 od 29. Marta 2025. godine. https://www.ustavnisud.ba/en/158th-plenary-session-the-course-of-the-session-so-far


İstinadlar: 

Balkan Insight. 2021. “Bosnian Serbs to Boycott State Institutions over Genocide Denial Ban.” Balkan Insight, July 27, 2021. https://balkaninsight.com/2021/07/27/bosnian-serbs-to-boycott-state-institutions-over-genocide-denial-ban/#:~:text=Marketing%20Marketing-,Bosnian%20Serbs%20to%20Boycott%20State%20Institutions%20over%20Genocide%20Denial%20Ban,Serb%2Ddominated%20Republika%20Srpska%20entity


Balkan Insight. 2023. “Bosnia’s Serb Entity Passes Law Rejecting Constitutional Court’s Authority.” Balkan Insight, June 28, 2023. https://balkaninsight.com/2023/06/28/bosnias-serb-entity-passes-law-rejecting-constitutional-courts-authority/


Balkan Insight. 2025. “Bosnia’s Top Court Confirms Serb Leader Dodik’s One-Year Prison Sentence.” Balkan Insight, August 1, 2025. https://balkaninsight.com/2025/08/01/bosnias-top-court-confirms-serb-leader-dodiks-one-year-prison-sentence/


BTI. 2024. BTI 2024 Country Report — Bosnia and Herzegovina. Gütersloh: Bertelsmann Stiftung. https://bti-project.org/fileadmin/api/content/en/downloads/reports/country_report_2024_BIH.pdf.


Congressional Research Service. 2019. Bosnia and Herzegovina: Background and U.S. Policy (Report R45691). April 15, 2019. https://www.everycrsreport.com/reports/R45691.html.


Central Election Commission of Bosnia and Herzegovina. 2025. “Prijevremeni izbori za predsjednika Republike Srpske — Preliminary Results.” Izbori.ba, accessed November 29, 2025. https://www.izbori.ba/Rezultati_izbora/?resId=39&langId=4#/5/0/0


Council of Europe Parliamentary Assembly. 2024. Honouring of Obligations and Commitments by Bosnia and Herzegovina: Report. Strasbourg: Council of Europe Parliamentary Assembly. https://rm.coe.int/report-bosnia-and-herzegovina-en-2775-7571-7898-1/1680b19325.


Dzebo, Semir. 2025a. “What Drives Secessionism in Republika Srpska?” EUROPP – European Politics and Policy Blog, London School of Economics, November 24, 2025. https://blogs.lse.ac.uk/europpblog/2025/11/24/secessionism-republika-srpska-dodik-populism-bosnia/


Dzebo, Semir. 2025b. “ Unpacking Populist Secessionism: Elite Discourse and Mass Attitudes in Republika Srpska, Bosnia and Herzegovina.” Nations and Nationalism 1–15. https://doi.org/10.1111/nana.70021.


European Commission. 2024. Bosnia and Herzegovina 2024 Report. Brussels: European Commission.

https://enlargement.ec.europa.eu/document/download/451db011-6779-40ea-b34b-a0eeda451746_en?filename=Bosnia%20and%20Herzegovina%20Report%202024.pdf.


EWB. 2025. “Dodik’s Presidential Mandate Terminated by Central Election Commission.” European Western Balkans, August 6, 2025. https://europeanwesternbalkans.com/2025/08/06/dodiks-presidential-mandate-terminated-by-central-election-commission/


Hodžić, Refik. 2025. “30 Years After: How Denial Can Fuel a New Conflict.” Justice Info, July 11, 2025. https://www.justiceinfo.net/en/147752-30-years-after-how-denial-fuel-new-conflict.html#:~:text=A%20pivotal%20moment%20in%20Republika,project%20an%20air%20of%20legitimacy


Huskić, Adnan. 2025. “Contested Election in Republika Srpska: What Dodik’s Narrow Victory Really Means.” Friedrich Naumann Foundation for Freedom – Western Balkans, November 24, 2025. https://www.freiheit.org/western-balkans/contested-election-republika-srpska-what-dodiks-narrow-victory-really-means


KHAR Center. 2025. “Territorial Autonomy as a Factor of Political Stability in Post-Yugoslavian Context: Negative or Positive?” KHAR Center, May 22, 2025. https://kharcenter.com/en/researches/territorial-autonomy-as-a-factor-of-political-stability-in-post-yugoslavian-context-negative-or-positive


Móra, Veronika; Ksenija Nikić; and Katarina Batkova, ed. 2024. How to Respond to Civic Space Restrictions: Experiences from Hungary, Serbia and Slovakia. Edited by Ivana Rosenzweigova. The Hague: European Center for Not-for-Profit Law (ECNL). https://ecnl.org/sites/default/files/2024-06/ECNL%20How%20to%20respond%20to%20civic%2 0space%20restrictions%20HU%20SRB%20SK%20%281%29.pdf


OSCE Office for Democratic Institutions and Human Rights (ODIHR). 2025. “Election of Republika Srpska President saw candidates campaign freely but lacked a level playing field, international observers say.” 24 November 2025. https://odihr.osce.org/odihr/elections/602480


Rahim, Zamira. 2019. “Srebrenica massacre is ‘fabricated myth’, Bosnian Serb leader says.” The Independent, April 14, 2019. https://www.independent.co.uk/news/world/europe/srebrenica-massacre-genocide-milorad-dodik-bosnia-myth-a8869026.html


Reuters. 2025. “US lifts sanctions on Bosnian Serb leader Dodik and his allies.” Reuters, October 29, 2025. https://www.reuters.com/world/europe/us-lifts-sanctions-bosnian-serb-leader-dodik-his-allies-2025-10-29/

 

Salkanović, Maida. 2025. “Authoritarian Opportunism: From Foreign Aid Cuts to Attacks on Civil Society in the Balkans.” SEE Check, April 30, 2025. https://seecheck.org/index.php/2025/04/30/authoritarian-opportunism-from-foreign-aid-cuts-to-at tacks-on-civil-society-in-the-balkans/.


Sarajevo Times. 2023. “Dodik Signs Decree on Non-Disclosure of the High Representative’s Decisions.” Sarajevo Times, July 7, 2023. https://sarajevotimes.com/dodik-signed-the-decree-on-non-disclosure-of-the-high-representatives-decisions/


Transparency International in Bosnia and Herzegovina. 2023. Post-Conflict Dystopia: Captive State And Society – The Case Of Bosnia And Herzegovina. Banja Luka: Transparency International in Bosnia and Herzegovina. https://ti-bih.org/wp-content/uploads/2024/02/POST-CONFLICT-DYSTOPIA-CAPTIVE-STAT E-AND-SOCIETY.pdf.


Transparency International in Bosnia and Herzegovina. 2024. Bosnia and Herzegovina National Integrity System — English Report 2023. Banja Luka: Transparency International. https://images.transparencycdn.org/images/2023-Bosnia-and-Herzegovina-NIS-Eng_2025-03-30-095131_banl.pdf.


RFE/RL’s Balkan Service. 2023. “Bosnia High Representative Annuls Anti-Dayton Laws Passed By Serb Entity’s Assembly.” RFE/RL (Radio Free Europe / Radio Liberty), July 1, 2023. https://www.rferl.org/a/bosnia-schmidt-annuls-serb-anti-dayton-laws/32485153.html


Tallan Donine. 2022. “Genocide Denial, Rising Tensions, and Political Crisis in Bosnia.” United States Holocaust Memorial Museum (Genocide Prevention Blog), February 18, 2022. https://www.ushmm.org/genocide-prevention/blog/genocide-denial-rising-tensions-and-political-crisis-in-bosnia


P. Pepi. 2022. “Historical Background, Legality, and Legitimacy of the Proposed Secession of Bosnian Serbs.” Penn State Journal of Law & International Affairs (JLIA). https://insight.dickinsonlaw.psu.edu/cgi/viewcontent.cgi?article=1312&context=jlia


United Nations. 2019. “UN court increases sentence of former Bosnian-Serb leader to life imprisonment.” UN News, March 20, 2019. https://news.un.org/en/story/2019/03/1035051#:~:text=20%20March%202019.-,UN%20court%20increases%20sentence%20of%20former%20Bosnian%2DSerb%20leader%20to,Serb%20Army%2C%20to%20life%20imprisonment

Bell icon

Ən son yeniliklərdən xəbərdar olmaq üçün bülletenimizə abunə olun

Etibarlı e-poçt ünvanı təqdim edin