9 fev 2026

Ön cəbhədə kölgə müharibəsi: Kreml propaqandasının Polşadakı narrativləri və mexanizmləri

Ön cəbhədə kölgə müharibəsi: Kreml propaqandasının Polşadakı narrativləri və mexanizmləri



 Giriş

Polşa təhlükəsizlik doktrinasını Rusiya təhdidi üzərində quran və Moskvanın Ukraynadakı məğlubiyyətini dayanıqlı sülhə aparan yeganə yol kimi görən bir Şərqi Avropa ölkəsidir. Tarixi travmatik təcrübəsi, sovet işğalı, o cümlədən dövlət terroru yaddaşı səbəbilə Polşada həm siyasi elita, həm də xalqın böyük əksəriyyəti Moskvanın strategiyası ilə bağlı daha realist mövqedədir. Bu baxımdan bəzi təbəqələr Kremlin antiukrayna narrativlərinə həssas olsa da, bütövlükdə ölkədə Rusiya propaqandası, dezinformasiya və təxribatçı fəaliyyətlərə qarşı immunitet formalaşıb.

Varşava ilə Kiyev arasında iqtisadi maraqların fərqlənməsi və tarixi mübahisələrdən qaynaqlanan ikitərəfli gərginliklər olsa da, bu, polyaklarda rusiyayönlü ovqat doğurmur. Rusiyanın 2022-ci ildə  Ukraynaya müdaxiləsindən sonra yaranan geosiyasi gərginliklər Polşanın təhlükəsizlik strategiyasını daha da möhkəmləndirib. Ölkə NATO qoşunlarını qəbul edən və Ukraynaya əhəmiyyətli hərbi dəstək verən kritik “ön xətt” ölkəsinə və “antiimperial Rusiya tamponu”na çevrilib (Balcer, yanvar 2025a).

Ancaq məhz bu rol Polşanı Rusiyanın dezinformasiya və manipulyasiyaları üçün prioritet hədəf halına gətirib. Khar Center bu yazısında Polşada Kreml propaqandasının əsas narrativlərini, aktorlarını və yayılma mexanizmlərini araşdırır.

Analizin əsas sualları

Polşada Rusiya propaqandası hansı narrativlərlə və hansı mexanizmlərlə işləyir? Bu fəaliyyətin praktik təsiri nə qədər güclüdür? Polşanın Kreml propaqanda mexanizminə qarşı mübarizəsi hansı səviyyədədir?

KREMLİN KÖLGƏ MÜHARİBƏSİ

Polşa Rusiyanın siyasi təsir qazanması baxımından çətin ölkədir, amma bu, Moskvanın taktikasını dəyişdirmir. Kreml burada açıq siyasi kanal əvəzinə “kölgə müharibəsi”nin komponentlərindən istifadə edir. Kremlin Polşanı hədəfə alan “kölgə müharibəsi” casusluq, aşağı səviyyəli sabotaj, içəridən məlumat sızdırma, dezinformasiya və kiberhücumları birləşdirən bir təhdid şəbəkəsi olaraq dəyərləndirilir. Bu model aşağıdakı kimi işləyir:

Casusluq və düşmən kəşfiyyatı: hərbi obyektlər, logistika və qərarverici şəbəkələr haqqında məlumat toplamaq;

Aşağı səviyyəli sabotaj: dəmiryolu/şose marşrutları, anbarlar, istehsal və logistika düyünləri kimi “yumşaq hədəfləri” dağıtmaq və ya qorxu yaratmaq;

İçəridən sızma: dövlət qurumlarında və kritik sektorda yerləşən şəxslər vasitəsilə məlumat axınını pozmaq və ya həssas datanı çıxarmaq;

İnformasiya əməliyyatları: Polşa–Ukrayna həmrəyliyini aşındırmaq, “xərclər”i şişirtmək, dövlətə etimadı azaltmaq və radikal siyasəti qızışdırmaq;

Kiberhücumlar: kritik infrastruktur və dövlət şəbəkələrinə zərbə vurmaq, panika və idarəetmə böhranı yaratmaq (Jamestown Foundation, avqust 2025a).

2010–2025-ci illər arasında Polşada Rusiyanın kölgə müharibəsi çərçivəsində apardığı əməliyyatlara dair 30 cinayət işi tamamlanıb və 61 nəfər həbs edilib. Sadəcə 2021-ci ildən bəri 19 cinayət işində 40 nəfər həbs edilib ki, bu da Rusiya ilə əlaqəli Avropadakı casusluq-sabotaj həbslərinin 35 faizini təşkil edir. Bütün cinayət işlərinin ümumi nəticəsi Rusiyanın hibrid əməliyyatlarında hədəfin Ukraynaya dəstəyi azaltmaq, qərar qəbul etmə mexanizmlərini pozmaq, cəmiyyətdə etimadı azaltmaq və radikal siyasəti qızışdırmaq olduğunu göstərir (Jamestown Foundation, avqust 2025b).

RUSİYA PROPAQANDASININ POLŞA NARRATİVLƏRİ

Kölgə müharibəsinin təhlükəli tərəfi onun casusluq, sabotaj, kiberhücum kimi sərt komponentləri informasiya məkanındakı manipulyasiya ilə paralel işlətməsindədir. Bu sayədə Kreml ictimai qavrayışa və nəticə etibarıyla siyasətə və siyasi qərarlara təsiri hədəfləyir. Bu səbəbdən Polşada hibrid təzyiqi anlamaq üçün təkcə əməliyyatları deyil, həmin əməliyyatların üzərində qurulduğu narrativləri də bilmək lazımdır.

“İflas etmiş dövlət” təbliğatı

Rusiya Avropadakı bütün “düşmən” dövlətlərdə olduğu kimi Polşada da dövlət institutlarının iflas etdiyi, hökumətin bacarıqsızlığı, Qərbin əlaltısı olması, dövlətin suveren olmadığı haqda narrativləri daim aktiv saxlayır. 2021-ci ilin ortalarından etibarən Polşa siyasətçilərinin, xüsusən də Polşa Baş nazirinin Dəftərxanasının keçmiş rəhbəri Mixał Dvorçikin elektron məktubları sızmağa başladı. Bu yazışmalarda siyasi baxımdan həssas məlumatlar vardı və onlar Polşa hökumətini gözdən salmaq və ictimai rəyi manipulyasiya etmək üçün istifadə olunurdu. Ən azı iki rəqəmsal araşdırmanın nəticələrinə görə, bu sızma KQB-nin Polşa, Litva və Latviyada anti-NATO sentimentlərini gücləndirməyə və hökumətləri sarsıtmağa yönəlmiş kibermühitli təsir kampaniyasının – “Ghostwriter” adlandırılan əməliyyatın tərkib hissəsi idi (MFA UA, 2022a).

Ukraynalı qaçqınlar düşmən rolunda

Hazırda Rusiyanın Polşadakı ən intensiv informasiya əməliyyatları Ukrayna və ukraynalılar ətrafında qurulub. Məqsəd sadəcə Polşanın Ukraynaya strateji dəstəyini kəsmək deyil, “xərclər”i şişirtmək, həmrəyliyi sual altına almaq, ukraynalıları düşmən olaraq göstərmək vasitəsilə daxildə bu dəstəklə bağlı legitimlik böhranı yaratmaqdır.

Daxilindəki siyasi ziqzaqlara və Kiyevlə münasibətlərdə zaman-zaman yaşanan gərginliklərə baxmayaraq, Polşa Ukraynaya güclü hərbi-siyasi dəstək verən və Aİ içərisindəki rusiyayönlü  təbliğata meydan verməyən əsas ölkələrdəndir. Eyni zamanda Avropadakı ukraynalı qaçqınların 22,5 faizi (965 min nəfər) Polşadadır ki, bu da Almaniyadan sonra ikinci yer deməkdir (Eurostat, oktyabr 2025).

Müharibə uzandıqca bütün bunların gətirdiyi yük artır, yük artdıqca narrativlər “həmrəylik” dilindən “rəqabət və imtiyaz” dilinə keçir və bu da Rusiya propaqandası üçün zəmini münbitləşdirir. 2022-ci ildə Polşada Ukraynaya dəstək rekord səviyyədəydi – əhalinin 80–85 faizi Kiyevi qətiyyətli şəkildə dəstəkləyirdi və 82 faizi NATO və Avropa ölkələrinin Rusiyanı məğlub edənə qədər Ukraynaya dəstək verməsinin vacibliyinə inanırdı (Okopress, 2023). Ancaq 2024-cü ilin sonlarında mənzərə fərqliydi – müharibənin başlamasından bəri ilk dəfə polşalıların əksəriyyəti torpaq güzəşti hesabına olsa belə münaqişənin başa çatdırılmasının vacib olduğunu söylədi. Polşa İctimai Rəy Araşdırmaları Mərkəzinin (CBOS) sorğusuna görə, respondentlərin 55 faizi Ukraynanın ərazi bütövlüyündən daha çox münaqişənin başa çatdırılmasını prioritet sayırdı (CBOS, 2024). İndi isə bu rəqəm 54 faizdir (Polskie Radio, oktyabr 2025a).

Ukraynalı qaçqınlara münasibətdə də eyni tendensiya müşahidə olunur. 2022-ci ildə polşalıların 90 faizindən çoxu ukraynalıları qəbul etməyi dəstəkləyirdisə, 2025-in payızında bu rəqəm 48 faizə enib ki, bu da 2014-cü ildə Krımın işğalından sonrakı ən aşağı faizli dəstəkdir (Polskie Radio, oktyabr 2025b). Hərçənd ki, rəqəmlər ukraynalı qaçqınların varlığının Polşa ümumdaxili məhsuluna 2024-cü ildə 2,7 faizlik müsbət təsir göstərdiyini, məşğulluq səviyyəsini 61-dən 69-a yüksəltdiyini göstərir (UNHCR, iyun 2025). 

Burada Kreml ikitərəfli çalışır – bir yandan Rusiya narrativləri ukraynalı qaçqınlara nifrət yaradır, dəstəyin azalmasında rol oynayır, digər tərəfdən dəstəyin azalması faktı yeni dezinformasiya və manipulyasiya kampaniyaları üçün fundament təşkil edir. Polşada aparılan təhlillər göstərir ki, rusiyameyilli kanallar və bəzi daxili radikal aktorlar sosial şəbəkələrdə “ukraynalılar sosial müavinətləri polşalıların əlindən alır”, “səhiyyə sistemində birinci sıraya qoyulurlar”, “polşalılar ikinci kateqoriya vətəndaşa çevrilir”, “ukraynalı qaçqınlar korrupsioner və nankordur” kimi narrativləri sistemli şəkildə yayırlar (Zadorozna, Butuc, 2024).

Miqrant düşmənçiliyi Kreml propaqandasının yemi kimi

Digər tərəfdən, Polşada ümumiyyətlə miqrasiya məsələsinə mənfi münasibət Kremlin işini xeyli asanlaşdırır. Sorğular göstərir ki, polyakların 75 faizədək hissəsi miqrantların qəbuluna qarşıdır və onların 50 faizi buna qəti şəkildə etiraz edir. Antiimmiqrasiya narrativləri Polşada son illərdə göründüyü kimi ekstremist hərəkat və partiyaların böyüməsinə əlverişli zəmin yaradır. Bu narrativlər antiukrayna məzmunu ilə yanaşı mövcuddur, bir-birinə qarışır və bir-birini gücləndirir. Aralarında “qarşılıqlı bəsləmə dövriyyəsi” var: ukraynalılara qarşı düşmənçilik digər miqrantlara qarşı düşmənçiliyi gücləndirir və əksinə (EUDisinfoLab, oktyabr 2025a).

Bu kontekstdə Rusiya Belarusun dəstəyindən də istifadə edir. Polşa-Belarus sərhədi ətrafındakı miqrant böhranı bunun ən bariz sübutudur. Minsk günahsız üçüncü ölkə vətəndaşlarını alətə çevirib: potensial miqrantları bilərəkdən Minskə cəlb edərək Avropaya asan keçid vəd edib. 2021-ci ilin mayında Aİ-Minsk münasibətlərinin sanksiyalar fonunda gərginləşməsindən sonra Belarus prezidenti Aleksandr Lukaşenko miqrantları əvvəlki kimi dayandırmayacaqlarını bildirib. Belarus bunu əvvəlcə  iyul ayında Litvaya tətbiq edib. Litva Belarusdan gələn qeyri-qanuni qaçqın axını səbəbilə fövqəladə vəziyyət elan edib, eyni zamanda Belarusun xaricdən miqrantları təyyarələrlə gətirib Aİ sərhədinə yığdığını bildirərək sərhəd baryeri planını açıqlayb (Reuters, 2021). Sonra isə Belarus qaçqınları Polşa sərhədinə yönləndirib, 2021-ci ilin avqust-dekabr ayları arasında iki ölkə sərhədində ciddi gərginliklər qeydə alınıb. İki ölkə arasında qalan qaçqınlar arasında ölüm faktları qeydə alınıb.  Polşa hökuməti fövqəladə vəziyyət elan edib, Belarusa dəfələrlə nota verib, eyni zamanda geri itələmə (pushback) normativlərini gücləndirmək istiqamətində addımlar atıb, buna paralel olaraq qaçqınların Polşadan geri itələnməsinə dair faktlar qeydə alınıb (ECRE, 2021)

Bu hadisə Belarus və Rusiyada hökumətyönlü media tərəfindən narrativ istehsalı üçün istifadə edilib; hazırlanmış məzmun müxtəlif dillərdə RT, “Sputnik Polska”, “RuBaltic”, “BaltNews” kimi resurslarla yayılıb və gücləndirilib. Narrativin əsasını “Polşa əsgərləri Yaxın Şərqdən olan qaçqınlara qarşı vəhşiliklər və soyqırım törədir”, “Qərb ölkələri Polşa–Belarus sərhədinə miqrantları gətirən tərəfdir”, “Polşa miqrantları Belarus əleyhinə alət kimi istifadə edir”, “Polşa miqrantları sərhədə gətirir və süni böhran yaradır” kimi dezinformasiyalar təşkil edib (MFA UA, 2022b).

Fermer etirazları Kreml narrativlərinin mərkəzində

2023–2024-cü illərdə Ukrayna taxılının Avropa bazarına çıxışı, tranzit marşrutları və sanksiyalar ətrafında yaranan böhran Polşa kənd təsərrüfatında narazılıqlar yaradıb. O zamankı baş nazir Mateuş Moravetski 2023-cü ilin sentyabrında taxıl idxalı səbəbilə Polşanın artıq hərbi dəstək verməyəcəyini bildirib. Taxıl idxalı motivi ilə 2024-cü ilin fevralında “Fermer etirazları” zamanı sərhəd keçidləri bloklanıb və bəzi kənd təsərrüfatı məhsullarına idxal qadağası tətbiq edilib (Balcer, yanvar 2025b). Ukrayna bunu ÜTT-də (WTO) mübahisələndirib, üstəlik bundan sonra Aİ–Ukrayna ticarət sazişi qüvvəyə minib, ancaq Polşa Kənd Təsərrüfatı Nazirliyi Ukraynadan idxal qadağasını davam etdirəcəyini açıqlayıb (Polskie Radio, oktyabr 2025b).

Şübhəsiz ki, bu zəmin də Kreml propaqandası tərəfindən boş buraxılmayıb. “Ukrayna taxılı Polşa fermerlərini məhv edir”, “Brüssel və Kiyev əl-ələ verib Polşanın kənd təsərrüfatını sıradan çıxarır”, “sanksiyalar rus və belarus məhsullarını bazardan çıxarmaqla polşalıları kasıblaşdırır”, “Polşa Ukraynaya qarşı ikinci cəbhə açıb”, “Ukrayna müttəfiqlərsiz məğlub olacaq” kimi narrativlər həm rusyönlü onlayn şəbəkələr, həm də polşalı populist siyasətçilər tərəfindən tirajlanıb. Etirazların davam etdiyi fevral–aprel aralığında bu mövzuda minlərlə propaqanda məzmunu yayılıb. Qarşılıqlı inamsızlığı həm polyaklarda, həm ukraynalılarda dərinləşdirməyə xidmət edən bu propaqanda o həddə çatıb ki, Polşa hakimiyyəti də bu etirazlarda Rusiya agentlərinin təsirlərinin göründüyünü ifadə edib (DFRLab, 2024a).

“Henry Jackson Society”nin hesabatı Polşa başda olmaqla Mərkəzi və Şərqi Avropanın müxtəlif yerlərindəki fermer etirazlarının Ukraynaya düşmən qüvvələrin əlində alətə çevrildiyini vurğulayır. Hesabata görə, Rusiya təbliğatı Ukraynanı dəstəkləməsi ən çox ehtimal olunan ölkələrdə mövcud narazılıqlara “bağlanaraq” onlardan Troya atı kimi istifadə edib (Henry Jackson Society, oktyabr 2025).

Volın faciəsi propaqanda məzmunu kimi

Volın faciəsi Polşada çox həssas mövzudur. Polşa tərəfi 1943–45-ci illərdə, o zaman Almaniyanın işğalı altında olan ölkənin cənub-şərqində baş verən hadisələri Ukrayna Üsyan Ordusunun (UPA) ukraynalı millətçiləri tərəfindən törədilmiş soyqırım hesab edir. Ukrayna isə bu mövqeyi qəbul etmir; buna görə də məsələ ekshumasiya qərarları üzərindən mütəmadi gərginlik yaradır və həm ekstremist çevrələr, həm də Rusiya təbliğatı tərəfindən istismar olunur. Volın faciəsi 2014-dən bəri Polşada antiukrayna dezinformasiyasının hissəsidir.

Bu ilin iyununda internetdə Ukraynanın Volın faciəsi ilə bağlı ekshumasiyaları dayandırdığına dair “sənəd” və ekshumasiya işlərinin rəhbəri Ancey Ossovskinin bunu təsdiqlədiyi video yayılıb. Ancaq sonra sənədin saxtalaşdırıldığı, videonun isə süni intellektlə hazırlandığı və saxta hesabdan yayıldığı üzə çıxıb. Bunlara və rəsmi təkziblərə baxmayaraq sosial mediada milliyyətçi və kremlyönlü hesablar tərəfindən də dəstəklənən bu dezinformasiya dalğası antiukrayna narrativlərini gücləndirib (DFRLab, oktyabr 2025).

Enerji dezinformasiyaları propaqandanın mərkəzində

Varşavanın 2014-cü ildən başlatdığı diversifikasiya fəaliyyətinin nəticəsində 2020-ci ildə Polşanın enerji təchizatında Rusiyanın payı təxminən 35 faiz idi. 2022-ci ildə Polşa Rusiya ilə enerji bağlarını kəsməyə başlayan ilk Avropa İttifaqı ölkələrindən oldu – əvvəlcə kömür idxalı və tranzitini, 2023-cü ildə isə neft və qaz idxalını tamamilə dayandırdı (Maj, 2023).

Ancaq Rusiya enerji qiymətlərinin artması, inflyasiya və sosial narazılıqlar kimi fürsətləri burada da qaçırmayıb. Kreml dezinformasiyası xüsusilə Svinouysçedəki LNG terminalı və Baltik boru xətti kimi layihələri hədəfə alıb. Polşanın LNG idxal strategiyasının təməli olan terminalın məhsuldarlığının az, xərclərinin çox olduğuna, Norveçdən qaz idxal edən Baltik boru xəttindəki texniki problemlərə, gecikmələrə və hətta inşaatın dayandırılmasına dair yalanlar Polşa cəmiyyətinə ötürülüb. Yarım milyondan çox postda təkrarlanan bu narrativlər Polşanın Rusiya qazından asılılığa son qoyma bacarığı ilə bağlı şübhələr yaratma məqsədi daşıyırdı. Ancaq Polşa bu layihələrə güclü siyasi və ictimai dəstək sayəsində bu dezinformasiya kampaniyasına müqavimət göstərməyi bacarıb (Warsaw Institute, 2024).

2024–2025-ci illərdə Rusiyanın dezinformasiya dalğaları Aİ-nin Yaşıl Razılaşmasını (Green Deal) “Polşa sənayesini məhv edən plan”, “kömür mədəniyyətini qəsdən öldürən layihə” kimi iddialı narrativlərlə təqdim edib. Kreml propaqandası iqlim siyasəti mövzusunda da Aİ-nin Polşa iqtisadiyyatı üçün mənfi olan həlləri zorla qəbul etdirən “təcavüzkar” kimi qavranılması üçün səy göstərib və “Fit for 55” paketini hədəfə alıb (EUDisinfoLab, oktyabr 2025b).

KREMLİN POLŞADAKI SİYASİ TƏSİR AKTORLARI – RADİKAL “BUKET”

Rusiya üçün Polşa böyük elektorata malik açıq müttəfiq tapmaq baxımından çətin ölkədir. Böyük hissəsinin 123 il Rusiya işğalı altında qalması, iki dünya müharibəsi arasında Sovet təsiri və sabotaj əməliyyatlarının hədəfi olması, İkinci Dünya müharibəsindən sonra zorla Şərq blokuna daxil edilməsi və 45 il Moskva yönlü kommunist partiyası tərəfindən idarə olunması Polşada antirusiya mövqeyinin fundamentini təşkil edir. Bu baxımdan Polşada böyük elektorata malik açıq kremlyönlü partiyanın formalaşması praktik olaraq mümkün olmayıb. Ölkədə əsas siyasi partiyaların hamısı Ukraynanı və Rusiyaya tətbiq edilən sanksiyaları birbaşa dəstəkləyir.

Ancaq Rusiya dezinformasiyası “hiperlokal”dır: tapa bildiyi bütün sosial çatları istismar edir. Bu çatların bir qismini Rusiya çoxdan müəyyən edib və onları genişləndirmək, dərinləşdirmək üçün sistemli resurs yatırıb. Bu resurs hesabına Rusiya Polşada qarışıq bir siyasi tərəfdar “buketi” formalaşdırıb. Bu “buket” sağın və solun ən radikal, antidemokratik qanadlarının birləşməsindən ibarətdir; onlar müxtəlif hibrid ittifaqlara girir və bu, qarşılıqlı böyüyən “miselium”dan (göbələk şəbəkəsindən) onlarla mikropartiya şəklində pöhrələnirlər. Bu təşkilatlar keçmiş sovetpərəst kommunistlərdən, millətçilərdən, dini fanatiklərdən, milli-bolşeviklərdən, monarxistlərdən, neoavrasiyaçılardan, “vətəndaş milisləri”nin özünü-təyin etmiş zabitlərindən, antielmi konspirasiya nəzəriyyəçilərindən və antisemitlərdən ibarət geniş bir spektri əhatə edir (ICCT, 2024a).

Rusiyanın təsir agentlərinin Polşada fəallaşması Krımın işğal edildiyi 2014-cü ilə və sonrasına təsadüf edir (Witkowski, 2023). 2015-ci ildə Mateuş Piskorskinin yaratdığı siyasi təşəbbüs – “Zmiana” – Polşada Kremlə yaxın “təsir mühiti”nin əsas siyasi vitrini sayılırdı. “Zmiana”nın elektoral gücü az olsa da, Rusiyanın “yumşaq güc” və dezinformasiya ekosistemində siyasi-təşkilati vektor kimi yer alıb. Partiyanın lideri Mateuş Piskorski eyni zamanda 2007-ci ildə Varşavada yaratdığı ECAG adlı “analitik mərkəz” üzərindən Kreml xəttinə uyğun mövqeləri beynəlxalq müzakirələrə daşıyıb. Bu strukturun Krımın işğalını legitimləşdirməyə xidmət edən fəaliyyəti açıq mənbələrdə təsdiq olunur (OCCRP, 2017). Piskorski 2016-cı ildə Rusiya və Çin lehinə casusluq ittihamı ilə həbs edilib (The Guardian, 2016), 2019-cu ildə isə zaminə buraxılıb. Piskorski hələ də Rusiya lehinə fəaliyyətini davam etdirir və xüsusilə Belarusun “Biełta” təbliğat agentliyi platformasında “polşalı siyasi analitik” kimi Kreml narrativlərini yayır (Belsat, iyun 2025).

2015–2016-cı illərdən etibarən Rusiyanın Polşa siyasətində müttəfiq axtarışı artıb, radikal sağ və radikal solu təmsil edən çox sayda kiçik qurum Rusiya təhlükəsizlik xidmətləri üçün əsas “döyüş meydanı”na çevrilib. Polşadakı bu rusiyayönlü mühit arasında iki cərəyan xüsusilə ön plana çıxır – ultrasağ Konfederasiya (“Confederation”) partiyasının monarxist, millətçi, ultradindar, antisemit siyasətçiləri və milli-bolşevik mühit.

Birinci qrupda Polşa Seyminin keçmiş, Avropa Parlamentinin indiki deputatı Qjeqoj Braun Rusiya narrativlərini yayması, rusiyayönlü siyasi şəbəkələrin fəaliyyətində intensiv iştirakı və antiukrayna çıxışları baxımından xüsusilə fərqlənir. Braun Konfederasiyanın ən rusiyayönlü hissəsi olan və sonradan partiyalaşan Polşa Tacı Konfederasiyasına (Confederation of the Polish Crown) rəhbərlik edir (ICCT, 2024b).

Konfederasiya Partiyasının 2025-ci ildəki prezidentliyə namizədi Słavomir Mentsen də son vaxtlarda Kreml meylini gizlətmir. Onun seçki kampaniyasında Ukraynaya, ukraynalılara etdiyi hücumlar, Avropa İttifaqına qarşı ittihamları Kreml narrativləri ilə tamamilə üst-üstə düşüb (Mierzynska, mart 2025a). Mentseni sadiq dostu adlandıran Avropa Parlamentinin üzvü Eva Zayonçkovskaya-Hernik də Rusiyanın alovlu müdafiəçiləri arasındadır. Ümumiyyətlə, Konfederasiya deputatları hazırda Ukrayna nifrətini qızışdıran və Rusiyanın bu istiqamətdəki narrativlərini dəstəkləyən ən mütəşəkkil qrupdur (Mierzynska, mart 2025b).

Kremlyönlü ikinci qrupda isə Falanqa kimi milli-bolşevik təşkilatları önə çıxır. Falanqa liderləri Polşanın millətçi çevrələrindən çıxıb və 2000-ci illərin əvvəli və 2010-cu illərin əvvəllərində sürətli radikallaşmadan keçərək, eyni zamanda Aleksandr Duqinin yaratdığı neoavrasiyaçılıq konsepsiyasının tərəfdarlarına çevriliblər. Onların fəaliyyəti geniş təbliğatı (Duqinin kitablarını nəşr etmək, rusiyayönlü sayt işlətmək, Rusiyaya, Ukraynanın işğal altındakı ərazilərinə,, Suriyaya və Livana jurnalist səfərləri kimi) paramilitar fəaliyyətlə birləşdirib. Bu qrup Donbas separatçıları və Yaxın Şərqdən terror qrupları ilə çoxsaylı əlaqələr də qurub və Ukrayna ərazisində siyasi zorakılıq, hətta açıq terror aktı törədib. “Zmiana” lideri Piskorskinin keçmiş ortağı olan Falanqa lideri Bartoş Bekier dəfələrlə Rusiyaya, işğal altındakı Krıma və Donbasa səyahət edib, Duqindən Ramzan Kadırova qədər Rusiya propaqandasının ən aqressiv isimləri ilə görüşüb, Rusiya narrativlərinin yayılmasında yaxından iştirak edib. Yalnız 2022-ci ildən sonra Bekierin aktivliyi bir az azalıb (ICCT, 2024c).

2022-ci ildə Rusiyanın Ukraynaya tammiqyaslı hücumundan sonra Polşada bir neçə rusiyayönlü qrup yaranıb. Bunlar arasında “Təhlükəsiz Polşa” və “Cəbhə” nisbətən populyar olanlardır. 2025-ci ilin yayında Polşada yeni bir rusiyapərəst siyasi qrup yaranıb. Son prezident seçkilərinin ən uğursuz namizədi olan Marek Voçun rəhbərlik etdiyi Tərəfsiz Bələdiyyələr Milli Federasiyası (OF BS) açıq şəkildə Rusiyanı dəstəkləyən milliyyətçi Böyük Polşa Düşərgəsi Dərnəyi (Obóz Wielkiej Polski – OWP) ilə birləşib (Okopress, avqust 2025a). Böyük Polşa Düşərgəsi Rusiyanın Avropadakı propaqanda fəaliyyətlərinin təşkilində rol oynayan oliqarx Konstantin Malofeyev və 2014-cü ildən sonra onun pulları ilə Şərqi Avropada mitinqlər təşkil edən belaruslu rus agenti Aleksandr Usovski ilə əlaqədə olub. Məhz bu təşkilat 2013–2015-ci illər arasında Usovskinin sponsorluğu ilə Polşada Rusiyaya dəstək mitinqləri təşkil edib. 2006-cı ildə kremlyönlü partiya olaraq qurulan Slavyan Birliyi və Polşa Milli Suverenlik Hərəkatı kimi təşkilatlar da bu işdə ona dəstək verib (Okopress, avqust 2025b).

Polşalı propaqanda analisti Anna Mierzinska ölkədəki son prezident seçkilərində iştirak edən 37 namizəddən 16-nın Ukrayna və Aİ əleyhdarı, Rusiya meyilli olduğunu vurğulayır (Mierzynska, mart 2025c).

Kreml narrativlərinin güclənməsi baxımından bütün bunlardan daha böyük risk isə Polşada avtoritarlaşmaya meyillərin ortaya çıxmasıdır. PiS hökuməti nümunəsi göstərdi ki, Polşada demokratiyanın dayanıqlılığı ciddi şəkildə azalıb (KHAR Center, sentyabr 2025) və bu da ölkəni xarici təsirə, ilk növbədə isə Kreml narrativlərinə daha açıq hala gətirir. Digər tərəfdən, yeni prezident Karol Navroskinin Ukraynanın Aİ və NATO üzvlüyünə skeptik yanaşması, qaçqınlara sosial ödənişlərin uzadılmasını bloklaması və tarixi travmaları gündəlik siyasətə daşıması Kreml tezislərinin təkrarı kimi görünür (Reuters, may 2025). Navroskini Rusiya meyilli siyasətçi adlandırmaq mümkün deyil, amma Ukrayna mövzusunda milli-populist sərt xətti bəzən Kreml üçün əlverişli informasiya “ötürücüsü” rolunu oynaya bilər.

ONLAYN PROPAQANDA MAŞINININ ÜÇ AYAĞI 

Polşa Ukraynaya tammiqyaslı hücumundan sonra Rusiyanın propaqanda yayımlarını qadağan etmək üçün addım atan ilk ölkələrdən biriydi. Müharibənin başlamasından bir neçə gün sonra Polşa Radio və Televiziya Şurası Kremlin beş propaqanda televiziyasını – “Russia Today” (RT), “RT Documentary”, “RTR Planeta”, “Soyuz TV” və “Rossiya 24” – yayım tezliyindən çıxardı (Niezalezna, 2022). Daha sonra “Sputnik”in də yayımı qadağan edildi, buna baxmayaraq, “Sputnik Polska” 2023-cü ilin sentyabrına qədər yayımı davam etdirdi, daha sonra dayandırdı və 2024-cü ilin aprelində tamamilə silindi. Açıq kanalları qadağan edilən Rusiya Polşada propaqandasını davam etdirmək üçün gizli taktikaya keçdi, köhnə və yeni vəkil yayımçılara üstünlük verdi (Benzoni, Doroshenko ve Sikora, Krystyna, may 2025a).

2022-ci ildən sonra Polşa informasiya məkanında Rusiya yönümlü propaqanda üç əsas sütun üzərində qurulub – Pravda–Portal Kombat şəbəkəsi, sosial şəbəkələr və konspirasiya mediası. 

“Google Threat Intelligence Group”un 2025-ci ilin sonlarında həyata keçirdiyi bir təhqiqat Rusiya propaqandasının Polşada bu sütunlar üzərindən necə işlədiyini göstərir. Qrup Rusiya dronlarının Polşa hava məkanına daxil olması (“dron insidenti”) fonunda bir neçə informasiya əməliyyatını təhlil edib. Həmin təhlilə görə, əməliyyat bu xətt üzrə keçirilib – “Portal Kombat” / “Pravda Network” bu hadisə ilə bağlı “dronlar əslində Rusiyadan gəlməyə bilər”, “Polşa və Baltik siyasətçiləri hadisəni şişirdib, Rusiyaya qarşı isteriya yaradır, ABŞ–Rusiya danışıqlarını pozmağa çalışır” tipli narrativləri yayıb. “Doppelganger” adlı saxta özəl media markalarından ibarət rusiyayönlü şəbəkə dron saldırılarına reaksiyanın avropalıları Rusiya ilə müharibəyə sürükləmək məqsədilə şişirdilmiş olduğuna dair məqalələrlə bu narrativlərin arealını genişləndirib. Özünü müstəqil media adlandıran, əslində Rusiya narrativlərini yaydığı sübuta yetirilən yerli saytlar – “Niezależny Dziennik Polityczny” (NDP) kimi – isə bu narrativlərə “içəridən baxış” tonu qazandırmağa xidmət edib (Google Threat Intelligence Group, oktyabr 2025).

Pravda / Portal Kombat şəbəkəsi

Rusiyanın yaratdığı “yeraltı” propaqanda şəbəkəsinin – “Portal Kombat”ın (Pravda) – 2022-ci ildən sonra hədəfində olan beş Qərb ölkəsindən biri Polşa idi və hələ də dünyadakı 100-ə yaxın ölkə arasında ilk beşlikdəki yerini qoruyur. 2023–2024-cü illər arasında Fransa, Almaniya, Polşa, İspaniya və Böyük Britaniya/ABŞ üçün hazırlanan propaqanda kontentlərinin 11–12 faizi Polşanın payına düşüb. Polşa “Pravda” şəbəkəsi vasitəsilə yayılan propaqanda məzmunlarının həcminə görə İspaniya, İngiltərə, Almaniyadan sonra dördüncü yerdədir (VIGINUM, 2024).

Marşall Fondu (GMF) 28 avqust 2024 – 28 mart 2025-ci il dövrü arasında Pravda şəbəkəsində yayılan 3500-dən çox məqaləni analiz edib və Kreml propaqandasını yayan proksi saytları ortaya çıxarıb. Analiz birbaşa Rusiya dövlət mediasından və Rusiya tərəfdarı “Telegram” kanallarından tərcümə edilmiş çox sayda məzmun müəyyən edib. Pravda şəbəkəsinin xüsusilə seçkiqabağı dövrdəki bu propaqanda seli Rusiya Federal Təhlükəsizlik Xidmətinə (FSB) bağlı olan Krım mərkəzli “NewsFront” və Aleksandr Duqinin “Geopolitika” saytlarının polyakca versiyalarında da qida mənbəyi olub – iki saytın polyakca yayımları analiz dövründə ikiqat artıb (Benzoni, Doroshenko ve Sikora, Krystyna, may 2025b).

Rusiya narrativlərinin yayılmasına Polşanın yerli saytları da dəstək verib. Nacjonalista.pl, kresy.pl, myslpolska.info və legaartis.pl kimi saytlar Pravda şəbəkəsindəki məzmunlarla az qala eyni olan məqalələri yayıb. Eyni zamanda bu saytlar “NewsFront” və “Pravda” tərəfindən alınıb yenidən paylaşılan orijinal məzmunlar yayaraq Polşa mənbələrindən Rusiya mənbələrinə “tərs yol” da formalaşdırıb (Benzoni, Doroshenko ve Sikora, Krystyna, may 2025c).

“Boz zona” və konspirasiya ekosistemi

Polşanın ultrasağ, populist və konspirasiya mediası Kreml narrativlərinin ən aktiv “alıcıları” arasındadır. Formal olaraq “alternativ” və ya “müstəqil” media adı altında fəaliyyət göstərib sistemli şəkildə kremlyönlü narrativlərini təkrarlayan bu saytları “EU DisinfoLab” “boz zona” aktoru kimi təsnif edir. Təşkilatın tədqiqatlarına görə, məhz COVID-19 pandemiyası ilə bağlı dezinformasiya yayan hesablar Ukrayna barədə konspirasiya nəzəriyyələri və yalan məlumatların yayılmasında böyük paya malikdir və iki narrativin də Kremlin təsir mərkəzləri ilə sıx əlaqəsi var. Müharibənin ilk aylarında bu dairələrin fəaliyyətinin təsiri yüksək olmasa da, hazırda antiukrayna narrativləri yenidən yüksəlməyə başlayır və Rusiya təsir mərkəzləri ilə ifrat sağ çevrələr tərəfindən gücləndirilir (EUDisinfoLab, oktyabr 2025c).

Ən “konspirativ” narrativlər müharibənin intensivliyini şübhə altına alan, hətta bütün işğalı “saxta qurğu” kimi təqdim edən iddialardır. Ukraynada bioloji silah istehsal edən laboratoriyalar barədə Kreml tərəfindən yayılan və Rusiyanın təcavüzünə birbaşa bəraət qazandıran narrativ də çox işləkdir (EUDisinfoLab, oktyabr 2025ç).

2025-ci ildə aparılan başqa bir tədqiqatda isə Kreml narrativlərini polyakca yayan, Ukrayna, Aİ və Qərbi hədəf alan saytlar şəbəkəsi araşdırılıb. Bumerangmedia.com, magnapolonia.org, marucha.wordpress.com, myslpolska.info, neon24.net, ocenzurowane.pl, pravda-pl.com, voltairenet.org, wolnemedia.net, zaprasza.net bu saytların top-10-unu təşkil edir. Bu saytlar Rusiyanın sanksiyalı dövlət mediasına istinad edir, Rusiya mediası isə onları “Avropada rusiyameyilli səs” kimi göstərərək sitat gətirir (Insight News Media, mart 2025).

“Telegram”, X, “Bluesky” və onlar vasitəsilə həyata keçirilən “Doppelganger” və “Matryoşka” əməliyyatları

Tədqiqatlar Polşanın dezinformasiya mühitində “Telegram” kanallarının, saxta X (Twitter) hesablarının və “alternativ media” profillərinin mühüm rol oynadığını göstərir. Ölkənin fakt-çekinq qurumlarından “Demagog”un eksperti Aleksı Şimkieviç 2022-ci ildən bəri Rusiya dezinformasiya və manipulyasiya əməliyyatlarının Polşanın rəqəmsal dünyasının davamlı bir komponentinə çevrildiyini bildirir və “Telegram”ın bir başlanğıc nöqtəsi funksiyası daşıdığını deyir: “Yanlış və manipulyativ iddialar əvvəlcə burada yayılır, sonra X kimi böyük platformalara yayılır, oradan da Facebook qruplarındakı tartışmalara keçir” (BBC, iyun 2025a).

RT, “Sputnik”, “RIA Novosti” kimi sanksiya altındakı rus media resurslarının çoxsaylı “Telegram” kanalları Polşa IP-lərində ya tam, ya da qismən əlçatan qalır, kontent isə “mirror” və alternativ kanallar vasitəsilə Polşa auditoriyasına ötürülür. 2025-ci ildə CEDEM (Centre for Democracy and Rule of Law) tərəfindən həyata keçirilən araşdırma nəticəsində məlum olub ki, sanksiya tətbiq edilən 27 Rusiya propaqanda mediasından 16-sının rəsmi “Telegram” kanalına Polşadan giriş mümkün olmasa da, doqquzuna girişdə heç bir problem yoxdur. Araşdırma qrupu iki kanalın isə aktiv rəsmi kanalını tapa bilməyib(CEDEM, oktyabr 2025a).

Digər tərəfdən, qadağalar da yalnız rəsmi “Telegram” kanallarını əhatə edir. Rusiya bu problemi də birdən çox, fərqli dillərdə, fərqli mövzularda fəaliyyət göstərən, bəzən rəsmi ad daşımayan, bəzən klon kanallarla “həll edir”. Araşdırmalara görə, RT və “Sputnik” kanallarının məzmununu tamamilə və ya qismən kopyalayan hesablar ən çox “Telegram” platformasında mövcuddur (GMF, iyun 2025). Rusiyanın yumşaq güc vasitələrinin “Telegram” kanalları, şəxsi hesablar, diplomatik qurumların hesabları da Rusiya propaqanda məzmunlarının sanksiyalardan yayınaraq Polşaya ayaq açmasında ciddi rol oynayır. Burada propaqanda Kreml – qadağan olunmuş media – səfirliyin “Telegram” hesabı xətti ilə ölkəyə süzülür. “Telegram” tərəfindən yaradılan pulsuz və anonim xidmət olan Telegra.ph da propaqanda məzmununun sanksiyalardan və əlavə yoxlamalardan kənarda saxlanmasını təmin edir – Rusiya bundan da ciddi şəkildə istifadə edir (CEDEM, oktyabr 2025b).

“Telegram”da yayılan məzmunların çoxaldılması üçün bir ciddi mexanizm də Rusiyanın “Pravda”, “UkrLeaks”, “InfoDefense” kimi propaqanda şəbəkələridir. Məsələn, veb-saytlarının Polşa versiyası olmayan “RIA Novosti” və Lenta.ru kimi saytlar “Pravda” şəbəkəsinə daxil olan polyakca “Telegram” kanallarındakı tərcümələr və yenidən paylaşmalar vasitəsilə məzmununu polyaklara rahat çatdıra bilir. Keçmiş rus kəşfiyyat zabiti Vasili Prozorov tərəfindən yaradılan, çoxdilli “Telegram” kanalı və buna bağlı platformalardan ibarət “UkrLeaks” da Polşaya xüsusi yer ayırır. Bu platformanın doqquz dildəki versiyasından biri polyakcadır (DFRLab, 2023).

30-dan çox dildə fəaliyyət göstərən “InfoDefense” qrupuna daxil olan “InfoDefensePoland” hazırda Moskvada olan, əslən ukraynalı Kreml təsir agenti Yuri Podolyakanın nəzarəti altındadır (BBC, iyun 2025b). 

Rusiyanın propaqanda məzmunları Polşadakı kremlyönlü “Telegram” kanalları və yerli aktorlar tərəfindən də rahatlıqla yayıla bilir. BBC-nin 2025-ci ilin iyununda apardığı araşdırmaya görə, rus narrativləri Polşada 22 polyakca “Telegram” kanalında yayılır ki, onların da üst-üstə 150 mindən çox izləyicisi var. Özlərini müstəqil, tərəfsiz, qərəzsiz xəbər mənbələri kimi tanıdan bu kanallar ya RT və “Sputnik”in məzmunlarını kopyalayır, ya onlara istinad edir və yaxud da tamamilə uydurma videolar və xəbərlərlə insanları manipulyasiya edir. Bu kanallar həm də bir-birilərini reklam edir və istinad verir (BBC, iyun 2025c).

Rusiyanın 2022-ci ildən sonra aktivləşdirdiyi, həqiqi medianın, xüsusilə də dünyaca məşhur Qərb yayım orqanlarının “klonlarından” istifadə edərək istifadəçilərə saxta məqalələr, videolar və sorğular təqdim edən “Doppelganger” (əkiz) əməliyyatları da Polşa üçün aktuallığını qoruyur. “Doppelganger” əməliyyatlarını həyata keçirən Sosial Dizayn Agentliyi (SDA) 2014-cü ildə Avropa İttifaqı sanksiyalarına məruz qalıb. Ancaq 2025-ci ilin prezident seçkiləri ərəfəsində Rusiya Qərb mediasını təqlid edən saytlar və sosial media hesabları yaradaraq “Doppelganger” əməliyyatını həyata keçirib (Ukrinform, may 2025).

“Alliance4Europe” “Doppelganger” əməliyyatının Polşa prezident seçkilərinə müdaxilə cəhdlərini sənədləşdirib. Buna görə, Rusiya seçki kampaniyasında X platformasında klon hesablardan yaydığı postlarla anti-Aİ, antiukrayna və anti-“Varşava elitası” narrativləri koordinasiyalı şəkildə yayılıb. “Tvitlər”də iddia edilən narrativləri gücləndirmək və bunları Polşanın yerli narrativləri olduğu görüntüsünü yaratmaq üçün bu əməliyyatda 13 fərqli Polşa media orqanında çıxan 43 məqalədən də istifadə edilib. X platforması isə Aİ sanksiyalarına əməl etməyib – bu postları silməyib və işarələməyib. “Doppelganger” məqalələri Kreml narrativlərinə uyğun postlar və başlıqlarla yenidən paylaşma üsulu ilə çalışır – Polşa seçkilərində bu üsul amplifikasiya mediasının (Bankier, wPolityce, Fronda, NCzas, PAP, RP, RMF24 kimi saytlar) təsirini artırıb (Alliance4Europe, aprel 2025; may 2025).

ISD-nin hesabatına görə, “Doppelganger” “Pravda Network” ilə birlikdə Polşadakı prezident seçkilərində istifadə olunmuş əsas iki xarici propaqanda əməliyyatından biri olub. Hesabata görə, əməliyyatların ümumi təsiri məhdudlaşdırılıb, ancaq bu, onun mövcudluğunu və fəallığını inkar etmir (ISD, avqust 2025).

Polşada 2025-ci il prezident seçkiləri ərəfəsində həyata keçirilən digər Rusiya əməliyyatı isə “Matryoşka” (Operation Overload – Həddindən Artıq Yükləmə Əməliyyatı) olub. Bu əməliyyat Polşada xüsusi bir xətt üzrə işləyib – ukraynalı qaçqınları seçkilərə qarşı terror təhlükəsi kimi təqdim etmək. ISD-nin araşdırması göstərir ki, 22 aprel – 14 may tarixləri arasında X-də anonim hesablar tərəfindən paylaşılan və “Bluesky”də təkrarlanan bir neçə video Ukrayna qaçqınlarının 18 mayda – seçkinin birinci turu günündə Polşada terror aktları planlaşdırdığını iddia edib. Paralel bir “həddindən artıq yükləmə əməliyyatı” təşəbbüsü ukraynalıların qonşu ölkələrdəki aparıcı siyasətçilərə qarşı hücumlar planlaşdırdığı barədə yanlış iddialar irəli sürüb. Bu postlar yüz minlərlə baxış və minlərlə reaksiya toplayıb (ISD, may 2025a).

Qarşılıqlı təsir yenə də gücləndirici şəbəkə vasitəsilə təmin olunub. ISD müəyyən edib ki, ChatGPT “Pravda” və ya “Portal Kombat” kimi tanınan rus internet saytları şəbəkəsindən gələn yanıltıcı iddiaları yenidən istehsal edib (ISD, may 2025b). Burada yenilik məzmunun təkcə yalan olması deyil, təqlid, süni intellekt və koordinasiyalı yayım sayəsində “etibarlı görünməsi” və gündəmi zəhərləməsidir.

MÜQAVİMƏT AKTORLARI

Polşa Rusiyanın propaqanda müharibəsinə adekvat reaksiya verən ölkələrdən birdir və bu baxımdan regionda dezinformasiyaya qarşı ən institusional cavab mexanizmlərindən birini formalaşdırıb. Bu mexanizm kəşfiyyat, kibertəhlükəsizlik, diplomatiya və ictimai maarifləndirmə kimi komponentləri əhatə edən “müdafiə arxitekturası” üzərində qurulub.

Dövlətin “müqavimət aktorları”nın mərkəzində Daxili Təhlükəsizlik Agentliyi (ABW), hökumətin böhranı idarəetmə orqanı olan Hökumət Təhlükəsizlik Mərkəzi (RCB) və kibertəhlükəsizlik üzrə milli institut – NASK dayanır. 2022-ci ildə Xarici İşlər Nazirliyinin tərkibində beynəlxalq dezinformasiyaya qarşı mübarizə üzrə xüsusi bölmə yaradılıb, 2023–2024-cü illərdə isə departament səviyyəsinə qaldırılaraq həm ştatı, həm də səlahiyyəti genişləndirilib. Polşa Rusiya mənşəli informasiya manipulyasiyasını “xarici informasiya manipulyasiyası və müdaxiləsi” (FIMI) kimi ayrıca təhlükə kateqoriyasında görür (Info Ops Poland, 2024a).

NASK və onun nəzdindəki Dezinformasiya Analizi Mərkəzi Polşanın propaqandaya qarşı müdafiə arxitekturasında həm “radar”, həm də ictimai maarifləndirici funksiyasını yerinə yetirir. Mərkəzin “Defend Yourself Against Disinformation” platforması vətəndaşlara tipik manipulyasiya texnikalarını, vizual və text əsaslı saxta kontent nümunələrini izah edir, eyni zamanda istifadəçilərə şübhəli məzmunu birbaşa onlayn bildirmək imkanı yaradır (NASK, 2025).
Məhz NASK 2025-ci ilin prezident seçkisində xaricdən maliyyələşdiyi ehtimal olunan siyasi “Facebook” reklamlarını aşkar edib, məsələni həm Meta, həm də Daxili Təhlükəsizlik Agentliyi (ABW) qarşısında qaldırıb; həmin reklamların bəzilərinə rəsmi seçki komitələrindən daha çox vəsait xərcləndiyi üzə çıxıb (Reuters, may 2025).

Polşa propaqanda ilə mübarizə sahəsində regional layihələrdə də aktiv rol oynayır. Varşava 2020-ci ildə Rusiya dezinformasiyasına qarşı qurulan Lublin üçbucağının (Polşa–Litva–Ukrayna) aktiv üzvüdür. Polşanın Krakovdakı Hökumət Kommunikasiya Mərkəzi, ABW, RCB və NASK kimi komponentlərdən ibarət olan dövlət mübarizə təcrübəsi Lublin üçbucağında model olaraq qəbul edilir (MFA UA, 2022c).

Polşada Rusiya propaqandasına qarşı müqavimətin ikinci mühüm sütununu fakt-çekinq və araşdırma mediası təşkil edir. Bu sırada əsas yeri sistemli fakt-yoxlama ekosisteminin aparıcı aktorlarından olan “Demagog” təşkilatı tutur. Bu təşkilat həm gündəlik dezinformasiya nümunələrini təkzib edir, həm də Rusiya propaqandası, konspirasiya nəzəriyyələri və seçki manipulyasiyası kimi mövzularda ekspert diskussiyaları, podcast və maarifləndirici layihələr həyata keçirir (Demagog, rəsmi sayt). Təşkilatın Ukrayna müharibəsi ilə bağlı rusiyayönlü yüzlərlə narrativi ifşa edən materialları Avropa səviyyəsində ayrıca toplanır (EDMO, rəsmi sayt).

OKO.press, Frontstory və Info Ops Poland kimi araşdırma platformaları da Rusiya propaqandasına qarşı müdafiə xəttində olan qurumlardır – onlar rus mənşəli informasiya əməliyyatlarını xəritələndirir, “Telegram” və X üzərindən koordinasiyalı şəbəkələri ifşa edir, siyasi partiyalar və radikal qrupların Kreml narrativləri ilə əlaqələrini ortaya çıxarırlar (Info Ops Poland, 2024b). 2025-ci ildə bu təşkilatlar seçkidə Rusiya propaqandasını müəyyən etmək və ona qarşı mübarizə aparmaq üçün birgə mexanizm yaradıblar (Gulbenkian, mart 2025).

Polşa akademik səviyyədə də Rusiya propaqandasına qarşı mübarizə aparan ölkələrdəndir. Varşavadakı SWPS Universiteti Praqa–Varşava–Bratislava xəttində fəaliyyət göstərən CEDMO-nun (Central European Digital Media Observatory) tərəfdaşlarından biridir (AFP, 2022).

NƏTİCƏ 

Polşada Rusiya propaqandası əsasən bir neçə istiqamətdə işləyir - Ukrayna müharibəsi ilə bağlı yorğunluğu dərinləşdirmək, ukraynalı qaçqınları yük və təhlükə kimi göstərmək, ümumi miqrasiya qorxularını şişirtmək, fermer etirazlarını “Ukrayna taxılı Polşa kənd təsərrüfatını məhv edir” narrativi ilə qızışdırmaq, Volın faciəsi kimi travmatik mövzularda ukraynalıları tarixi düşmən kimi təqdim etmək, enerji və iqlim siyasəti üzərindən “Brüssel və Kiyev Polşa sənayesini öldürür” tezisini tirajlamaq kimi. 

Bu narrativlər “Pravda–Portal Kombat” şəbəkəsi, yerli  konspirasiya saytları, Telegram kanalları və  güzgü domenlər, saxta Qərb media klonları (Doppelganger), “Matryoşka” tipli koordinasiyalı kampaniyalar  və radikal siyasi aktorlar vasitəsilə yayılır.  Polşa Rusiya propaqandasına qarşı institusional mübarizə aparır - həm dövlət, həm media və vətəndaş cəmiyyəti, həm də akademik səviyyədə.  Kreml propaqandası hələlik Polşanın strateji kursunda dəyişikliyə səbəb olmaq gücündə deyil -  ölkə NATO-nun ön xətti, Ukraynanın əsas hərbi-siyasi dəstəkçilərindən biri olaraq qalır, Rusiya enerjisindən asılılığını faktiki kəsib, açıq moskvayönlü kütləvi partiya formalaşmayıb.

Ancaq digər tərəfdən məhz bu fəaliyyətlərin nəticəsində Ukraynaya ən çox dəstək  verən Polşa cəmiyyətində bu tendensiya azalma yönündə dəyişib,  “Rusiya məğlub olana qədər Ukraynaya dəstək” tendensiyası “ərazi güzəşti hesabına sülhü dəstəkləmə” mövqeyinə çevrilib.  Qaçqınlara rəğbətin kəskin azalması, radikal populist namizədlərin gündəmi müəyyən etməsi, konspirativ düşüncənin normallaşması – bunların hamısı Kreml narrativlərinin cəmiyyətdə özünə yer açdığını göstərir. Daxili avtoritar meyillərin və populizmin artması, Ukrayna müharibəsinin davam etməsi fonunda yorğunluğun dərinləşməsi Polşa üçün riskləri daha da artırır.  



İSTİNADLAR 

Balcer, Adam, yanvar 2025a. Poland, Germany, Ukraine: Turning Point.
 https://gppi.net/assets/Poland-Germany-Ukraine-TurningPoint_BookChapter.pdf

Jamestown Foundation, avqust 2025a. Poland on the Frontlines Against Russia’s Shadow War.
 https://jamestown.org/poland-on-the-frontlines-against-russias-shadow-war/

Jamestown Foundation, avqust 2025b. Poland on the Frontlines Against Russia’s Shadow War.
 https://jamestown.org/poland-on-the-frontlines-against-russias-shadow-war/

MFA of Ukraine (MFA UA), 2022a. The Lublin Triangle Joint Report on Countering Disinformation.
https://mfa.gov.ua/storage/app/sites/1/Docs/the-lublin-triangle-joint-report-on-countering-disinformation.pdf

Eurostat, dekabr 2025. Ukraine: temporary protection for displaced persons – December 2025.
https://ec.europa.eu/eurostat/web/products-eurostat-news/w/ddn-20251210-2

OKO.press, 2023. Wspierać Ukrainę przez lata, czy szukać sposobu na układ z Rosją? Sondaż w Polsce i w Niemczech.
htps://oko.press/wspierac-ukraine-przez-lata-czy-szukac-sposobu-na-uklad-z-rosja-sondaz-w-polsce-i-w-niemczech

CBOS (Public Opinion Research Center), 2024. Opinions about the war in Ukraine.
 https://www.cbos.pl/PL/publikacje/public_opinion/2024/10_2024.pdf

Polskie Radio, oktyabr 2025a. Nowy sondaż: Polacy za szybkim zakończeniem wojny w Ukrainie.
https://polskieradio24.pl/artykul/3460278,nowy-sondaz-polacy-za-szybkim-zakonczeniem-wojny-w-ukrainie

UNHCR, iyun 2025. The role of refugees from Ukraine in the Polish labour market.
https://data.unhcr.org/en/documents/details/116621

Zadorozna, Olesya; Butuc, Snejana, 2024. Russian disinformation in Moldova and Poland in the context of the Russo-Ukrainian war. Security and Defence Quarterly.
https://securityanddefence.pl/Russian-disinformation-in-Moldova-and-Poland-in-the-context-of-the-Russo-Ukrainian%2C189686%2C0%2C2.html

EU DisinfoLab, oktyabr 2025a. Disinfo landscape in Poland.
https://www.disinfo.eu/wp-content/uploads/2025/10/20251027_Disinfo-landscape-in-Poland-V2.pdf

Reuters, 2021. Lithuania says Belarus is flying in migrants, plans border barrier.https://www.reuters.com/world/europe/lithuania-build-barrier-belarus-border-stop-migrants-says-pm-2021-07-07/

ECRE, 2021. Poland: Parliament Approves ‘Legalisation’ of Pushbacks, Council of Ministers Adopt Bill to Construct Border Wall, Another Life is Lost at Border with Belarus. https://ecre.org/poland-parliament-approves-legalisation-of-pushbacks-council-of-ministers-adopt-bill-to-construct-border-wall-another-life-is-lost-at-border-with-belarus

MFA of Ukraine (MFA UA), 2022b. The Lublin Triangle Joint Report on Countering Disinformation.
https://mfa.gov.ua/storage/app/sites/1/Docs/the-lublin-triangle-joint-report-on-countering-disinformation.pdf

Polskie Radio, oktyabr 2025b. Nowy sondaż: Polacy za szybkim zakończeniem wojny w Ukrainie.

https://polskieradio24.pl/artykul/3460278,nowy-sondaz-polacy-za-szybkim-zakonczeniem-wojny-w-ukrainie

DFRLab (Atlantic Council), iyun 2024a. Tailored Russian disinformation targets Polish farmer protests.
https://dfrlab.org/2024/06/03/tailored-russian-disinformation-targets-polish-farmer-protests/

Henry Jackson Society, oktyabr 2025. How Russia Has Used Farmers’ Protests As A Trojan Horse.
https://henryjacksonsociety.org/wp-content/uploads/2025/10/HJS-How-Russia-Has-Used-Farmers-Protests-As-A-Trojan-Horse-Report-web.pdf

DFRLab, oktyabr 2025

Maj, Piotr, 2023. Energy security of Poland and the region after Russia’s aggression against Ukraine. Friedrich-Ebert-Stiftung. https://library.fes.de/pdf-files/bueros/budapest/20475.pdf

Warsaw Institute, 2024. Russian disinformation and its influence on the energy sector in V4 countries.
https://warsawinstitute.org/russian-disinformation-and-its-influence-on-the-energy-sector-in-v4-countries/

EU DisinfoLab, oktyabr 2025b. Disinfo landscape in Poland.
https://www.disinfo.eu/wp-content/uploads/2025/10/20251027_Disinfo-landscape-in-Poland-V2.pdf

ICCT (International Centre for Counter-Terrorism), 2024a. Russia and the Far-Right in Europe: Country Report 11 – Poland.
https://icct.nl/sites/default/files/2024-04/Russia%20and%20the%20Far-Right%2011%20Poland.pdf

Witkowski, Przemysław, 2023. Partia rosyjska [The Russian Party]. Warszawa: Wydawnictwo Arbitror, s. 113–119; 155–192.

OCCRP (Organized Crime and Corruption Reporting Project), 2017. European Center for Geopolitical Analysis (ECAG).

https://www.occrp.org/en/project/the-russian-laundromat-exposed/european-center-for-geopolitical-analysis-ecag

The Guardian, may 2016. Poland detains pro-Kremlin party leader Mateusz Piskorski on spying charges.
https://www.theguardian.com/world/2016/may/19/poland-detains-pro-kremlin-party-leader-mateusz-piskorski-spying

Belsat TV, iyun 2025. Polacy przy granicy z Kaliningradem ofiarami polityki Tuska i Brukseli? Rosyjska i białoruska propaganda o Polsce.
https://pl.belsat.eu/87130133/polacy-przy-granicy-z-kaliningradem-ofiarami-polityki-tuska-i-brukseli-rosyjska-i-bialoruska-propaganda-o-polsce

ICCT (International Centre for Counter-Terrorism), 2024 b. Russia and the Far-Right in Europe: Country Report 11 – Poland.
https://icct.nl/sites/default/files/2024-04/Russia%20and%20the%20Far-Right%2011%20Poland.pdf

Mierzynska, Anna, mart 2025a. 16 kandydatów na prezydenta ma poglądy antyukraińskie.
https://oko.press/16-kandydatow-na-prezydenta-ma-poglady-antyukrainskie

Mierzynska, Anna, mart 2025b. Konfederacja urabia Polaków tak, jak potrzebuje Rosja. https://oko.press/konfederacja-urabia-polakow-tak-jak-potrzebuje-rosja

ICCT (International Centre for Counter-Terrorism), 2024c.  Russia and the Far-Right in Europe: Country Report 11 – Poland.
https://icct.nl/sites/default/files/2024-04/Russia%20and%20the%20Far-Right%2011%20Poland.pdf

OKO.press, avqust 2025a. Kolejne prorosyjskie ugrupowanie. Marek Woch – Obóz Wielkiej Polski.
https://oko.press/kolejne-prorosyjskie-ugrupowanie-marek-woch-oboz-wielkiej-polski

OKO.press, avqust 2025b. Kolejne prorosyjskie ugrupowanie. Marek Woch – Obóz Wielkiej Polski.
https://oko.press/kolejne-prorosyjskie-ugrupowanie-marek-woch-oboz-wielkiej-polski

Mierzynska, Anna, mart 2025c. Konfederacja urabia Polaków tak, jak potrzebuje Rosja. https://oko.press/konfederacja-urabia-polakow-tak-jak-potrzebuje-rosja

KHAR Center, sentyabr 2025. Poland’s democracy test.
https://www.kharcenter.com/en/researches/polands-democracy-test

Reuters, may 2025. Nationalist Polish presidential contender talks tough on Ukraine.
https://www.reuters.com/world/europe/nationalist-polish-presidential-contender-talks-tough-ukraine-2025-05-16/

Niezalezna, 2022. Jest uchwała KRRiT. Rosyjskie kanały znikają z polskiej telewizji.
https://niezalezna.pl/lifestyle/telewizja/jest-uchwala-krrit-rosyjskie-kanaly-znikaja-z-polskiej-telewizji/431525

Benzoni, Peter; Doroshenko, Larissa; Sikora, Krystyna, may 2025a. New proxy, same old proxy: key sites in Russia’s covert influence in Poland. German Marshall Fund of the United States.
https://www.gmfus.org/news/new-proxy-same-old-proxy-key-sites-russias-covert-influence-poland

Google Threat Intelligence Group, sentyabr 2025. Pro-Russia information operations push narratives around drone incursions.
https://cloud.google.com/blog/topics/threat-intelligence/pro-russia-information-operations-drone-incursions

VIGINUM (SGDSN), fevral 2024. Portal Kombat Network: a covert Russian influence system targeting Western audiences.
https://www.sgdsn.gouv.fr/files/files/20240212_NP_SGDSN_VIGINUM_PORTAL-KOMBAT-NETWORK_ENG_VF.pdf

Benzoni, Peter; Doroshenko, Larissa; Sikora, Krystyna, may 2025b. New proxy, same old proxy: key sites in Russia’s covert influence in Poland. German Marshall Fund of the United States.
https://www.gmfus.org/news/new-proxy-same-old-proxy-key-sites-russias-covert-influence-poland

Benzoni, Peter; Doroshenko, Larissa; Sikora, Krystyna, may 2025c. New proxy, same old proxy: key sites in Russia’s covert influence in Poland. German Marshall Fund of the United States.
https://www.gmfus.org/news/new-proxy-same-old-proxy-key-sites-russias-covert-influence-poland

EU DisinfoLab, oktyabr 2025c. Disinfo landscape in Poland.
https://www.disinfo.eu/wp-content/uploads/2025/10/20251027_Disinfo-landscape-in-Poland-V2.pdf

EU DisinfoLab, oktyabr 2025ç. Disinfo landscape in Poland.
https://www.disinfo.eu/wp-content/uploads/2025/10/20251027_Disinfo-landscape-in-Poland-V2.pdf

Insight News Media, mart 2025. Top-10 news websites spreading Russian propaganda in Poland.
https://insightnews.media/top-10-news-websites-spreading-russian-propaganda-in-poland/

BBC News, iyun 2025a. The Telegram channels spreading pro-Russian propaganda in Poland.
https://www.bbc.com/news/articles/c0eqdd53dd7o

CEDEM (Centre for Democracy and Rule of Law), oktyabr 2025a. EU propaganda on Telegram: how Russian state media bypass EU sanctions. https://cedem.org.ua/en/analytics/eu-propaganda-telegram/

CEDEM (Centre for Democracy and Rule of Law), oktyabr 2025b. EU propaganda on Telegram: how Russian state media bypass EU sanctions.
https://cedem.org.ua/en/analytics/eu-propaganda-telegram/

DFRLab, sentyabr 2023. Anti-Ukraine Telegram network targets audiences in nine languages.

https://dfrlab.org/2023/09/05/anti-ukraine-telegram-network-targets-audiences-in-nine-languages/

BBC News, iyun 2025b. The Telegram channels spreading pro-Russian propaganda in Poland.
https://www.bbc.com/news/articles/c0eqdd53dd7o

BBC News, iyun 2025c. The Telegram channels spreading pro-Russian propaganda in Poland.
https://www.bbc.com/news/articles/c0eqdd53dd7o

Ukrinform, may 2025. Kremlin intensifies ‘Doppelganger’ disinformation campaign targeting Polish elections – DIU.
https://www.ukrinform.net/rubric-ato/3994305-kremlin-intensifies-doppelganger-disinformation-campaign-targeting-polish-elections-diu.html

Alliance4Europe, aprel 2025. Doppelganger: Russia’s disinformation campaign targeting the Polish elections.
https://alliance4europe.eu/doppelganger-poland-elections

Alliance4Europe, may 2025. Doppelganger: Russian interference in the Polish presidential election – part 2.
https://alliance4europe.eu/doppelganger-polish-presidential-p2

ISD (Institute for Strategic Dialogue), avqust 2025. Assessment of foreign manipulation and interference in the 2025 Polish presidential election.
https://www.isdglobal.org/isd-publications/election-report-assessment-of-foreign-manipulation-and-interference-in-the-2025-polish-presidential-election/

ISD (Institute for Strategic Dialogue), may 2025a. Russia-aligned campaigns amplify negative sentiment towards Ukrainians in Poland ahead of a decisive presidential vote.
https://www.isdglobal.org/digital_dispatches/russia-aligned-campaigns-amplify-negative-sentiment-towards-ukrainians-in-poland-ahead-of-a-decisive-presidential-vote/

ISD (Institute for Strategic Dialogue), may 2025b. Russia-aligned campaigns amplify negative sentiment towards Ukrainians in Poland ahead of a decisive presidential vote.
https://www.isdglobal.org/digital_dispatches/russia-aligned-campaigns-amplify-negative-sentiment-towards-ukrainians-in-poland-ahead-of-a-decisive-presidential-vote/

Info Ops Poland, oktyabr 2024a. Foreign Information Manipulation and Interference: Threats and Answers in Poland.
https://infoops.pl/foreign-information-manipulation-and-interference-threats-and-answers-in-poland/

NASK, 2025. Defend Yourself Against Disinformation. https://www.nask.pl/en/institute/for-you/dezinfo

Reuters, may 2025. Poland uncovers what it says may be foreign-funded election interference.
https://www.reuters.com/world/europe/poland-uncovers-what-it-says-may-be-foreign-funded-election-interference-2025-05-14/

MFA of Ukraine (MFA UA), 2022c. The Lublin Triangle Joint Report on Countering Disinformation.
https://mfa.gov.ua/storage/app/sites/1/Docs/the-lublin-triangle-joint-report-on-countering-disinformation.pdf

Demagog, rəsmi sayt. Let’s introduce ourselves.
https://demagog.org.pl/en/lets-introduce-ourselves/

EDMO (European Digital Media Observatory), rəsmi sayt. The fact-checked disinformation detected in the EU: war in Ukraine.
https://edmo.eu/thematic-areas/war-in-ukraine/the-fact-checked-disinformation-detected-in-the-eu

Info Ops Poland, oktyabr 2024a. Foreign Information Manipulation and Interference: Threats and Answers in Poland.
https://infoops.pl/foreign-information-manipulation-and-interference-threats-and-answers-in-poland/

Gulbenkian Foundation / EMIF, mart 2025. Fact-checking and countering disinformation in Poland’s 2025 presidential election.
https://gulbenkian.pt/emifund/projects/fact-checking-and-countering-disinformation-polands-2025-presidential-election/

AFP, 2022. Anti-misinformation hub CEDMO launches in Central Europe.
https://www.afp.com/en/agency/inside-afp/inside-afp/anti-misinformation-hub-cedmo-launches-central-europe

Bell icon

Ən son yeniliklərdən xəbərdar olmaq üçün bülletenimizə abunə olun

Etibarlı e-poçt ünvanı təqdim edin