9 sen 2025

Putin avtoritarizminin yüksəlişində Qərbin səhv yanaşmalarının rolu

Putin avtoritarizminin yüksəlişində Qərbin səhv yanaşmalarının rolu


Rusiya Federasiyasında müşahidə edilən avtoritar konsolidasiyanın səbəbləri və dinamikası beynəlxalq münasibətlər, siyasi elmlər və qlobal təhlükəsizlik baxımından mühüm aktuallıq kəsb edir. Xüsusilə Vladimir Putinin hakimiyyəti dövründə formalaşan siyasi rejimin mahiyyəti və onun Qərblə münasibətlərdə tutduğu kurs təkcə Rusiya üçün deyil, həm də Avropa və transatlantik təhlükəsizlik arxitekturası üçün dərin nəticələr doğurub. Təbii ki, hazırki vəziyyət və davam etməkdə olan proses birtərəfli qaydada formalaşmayıb. Bu baxımdan prosesin mühüm  aspektlərindən biri də Qərbin Rusiya siyasətində buraxdığı strateji və normativ səhvlərin, yaxud yanlış hesablamaların avtoritarizmin güclənməsində dolayı və ya birbaşa rol oynayıb-oynamadığı sualıdır.


Giriş

Rusiyada hakimiyyətin Boris Yeltsindən Vladimir Putinə ötürülməsinin regional və ya geosiyasi nəticələrindən danışmaq hələ tez ikən ümumi bir fikir var idi ki, 1999-cu ilin dekabrında keçirilən parlament seçkiləri və 2000-ci ilin martında keçirilən növbədənkənar prezident seçkilərindən sonra Rusiya  artıq fərqli bir ölkədir  (Jamestown, 2000).  Lakin 25 il sonra, Rusiya Ukraynaya qarşı genişmiqyaslı müharibəsinin üçüncü ilinə daxil olduqda nə görürük? 2024-cü ildə hakimiyyət vətəndaş cəmiyyəti və fərqli fikirlərə qarşı təzyiqləri daha da gücləndirdi,  tənqidçiləri “xarici agent”, “arzuolunmaz” və “ekstremist” kimi ittihamlarla damğalayaraq  böyük məbləğli cərimələrlə və uzunmüddətli həbs cəzaları ilə hədəfə aldılar (Human Right Watch, 2025).  Yəni əslində nəinki, müsbət dəyişiklik qeydə alınmayıb, əksinə, çox ciddi geriləmə var. Görünür elə bu səbəbdən də Qərb elmi çevrələrində Rusiyanın, xüsusilə də Putinin avtoritar revanşında Qərb siyasi mərkəzlərinin rolu və ya səhvi birmənalı şərh edilmir. Bu müstəvidə ziddiyyətli yanaşmalar, fərqli fikirlər mövcuddur. Əlbəttə, hər bir aspektin özlüyündə müəyyən bir məntiqi var, amma paradokslar o qədər kəskin ola bilir ki, orta yolun müəyyən edilməsi də çətinləşir. Bu baxımdan təqdim edəcəyimiz elmi ədəbiyyatın ziddiyyətli yanaşmasına biz həm də Qərb düşərgəsinin zehnindəki siyasi düyünlər kimi baxmalıyıq. Yəni hələ də həll edilməmiş, açılmamış “Rusiya məsələsi” düyünü  kimi.  

Yazının məqsədi  Rusiyada avtoritarizmin sərtləşməsi fonunda Qərbin tətbiq etdiyi siyasətin təsirlərini araşdırmaqla, Rusiyada avtoritar revanşizm prosesinin həm səbəblərini, həm də nəticələrini anlamağa çalışmaqdır. Eyni zamanda, hazırda beynəlxalq diskursun əsas mövzusu olan Rusiya-Qərb münasibətlərindəki struktur problemləri anlamağa və bu münasibətlərin gələcəyini düzgün qiymətləndirməyə töhfə verməkdir. 

Analizin  “Qərbin Rusiya ilə bağlı siyasəti və qərarları bu ölkədə avtoritarizmin formalaşmasına necə təsir göstərib?” sualına cavab verməyə çalışacaq.

Əsas diqqət dörd aspektə yönəldiləcək

1) NATO-nun genişlənməsi  kontekstində Rusiyanın reaksiyaları; 

2) Transformasiya dövründə iqtisadi siyasətlər və Qərb texnokratlarının rolu;

3) Qərbin insan haqları və demokratik institutların zəifləməsinə reaksiyası; 

4) Enerji əməkdaşlığı və strateji güzəştlər;

Mövzunun aktuallığı

Rusiyada Putin avtoritarizminin revanşı fonunda bu mövzu həm nəzəri, həm də praktiki aspektdən önəm daşıyır. Nəzəri istiqamətdən bu material avtoritarizmin yenidən təmərküzləşməsi ilə beynəlxalq oyunçuların strategiyaları arasındakı əlaqəni izah etməyi qarşısına məqsəd qoyur. Praktiki baxımdan isə Rusiya kimi böyük və aqressiv bir güclə mübarizədə hansı strategiyaların daha dayanıqlı nəticələr verə biləcəyini müəyyən etməkdir.  Məsələnin aktuallığı təkcə Rusiyanın  daxili siyasəti, putinist repressiyaların dərinləşməsi və beynəlxalq hüququn pozulması halları ilə deyil, həm də 2014-cü ildən bəri Avropada Rusiyadan qaynaqlanan və artan təhlükəsizlik təhdidləri  fonunda beynəlxalq liberal nizamın sarsılması ilə əlaqəlidir. Əlbəttə, postsovet ölkələri bu prosesdən birbaşa təsirlənirlər, ancaq söhbətin həm də BMT TŞ-nın üzvü olan bir ölkədən getdiyini nəzərə alsaq, durumun ağırlığını təsəvvür etmək asanlaşar.   

Yazı neoimperializmpostsovet keçid modelləri  kimi müxtəlif nəzəri yanaşmaları özündə əks etdirən akademik ədəbiyyata istinad edərək,  ixtisaslaşmış beynəlxalq təşkilatların hesabatlarını, media məlumatlarını analitik metodla qarşılıqlı təqdim edəcək.  

Material doqquz yarımbaşlıqda - Ümumi mənzərə, NATO-nun genişlənmə siyasətinin Rusiyaya təsiri, transformasiya prosesində buraxılan səhvlər, insan haqları, seçki və demokratiyaya münasibət, Qərbin Putini doğru dəyərləndirə bilməməsi, Rusiyanın təbii resurslarının qiymətləndirilməsi, strateji səhvlər, normativ səhvlər  və nəticə olaraq təqdim olunacaq.

Məhdudiyyətlər: Bu təhlil rəsmi mənbələrin açıqlamaları ilə  əsasən mövcud ədəbiyyat, ekspert qiymətləndirmələri və açıq mənbələr üzərində qurulub, daxili diplomatik sənədlərə və məxfi strateji planlara çıxış yoxdur.  

Qərb Rusiyanı provakasiya etdimi?

NATO-nun genişlənməsi.  Rusiya ilə Qərb arasında münasibətlərin gərginləşməsi və Rusiyanın aqressiyaya əl atmasına yanaşmalar birmənalı deyil. Ümumi tendensiya diqqəti Rusiyanın avtoritar mahiyyətinə çəkmək olsa da bir çox müəlliflər fərqli düşünürlər. Xüsusilə, Qərbin Rusiyaya münasibətdə provakativ siyasət yürütdüyünə dair fikir səsləndirən nəzəriyyəçilər hesab edirlər ki, Birləşmiş Ştatlar və onun Avropalı müttəfiqləri bu böhranın məsuliyyətini daşıyır. Onların yanaçmasına görə Problemin kökü NATO-nun genişlənməsidir. 

Qərb liderləri anlamadılar ki, Putinin Ukraynaya reaksiyası ekspansionizmdən deyil, mühasirəyə alınmaq qorxusundan qaynaqlanırdı (Mearsheimer 2014). Bu fikir sadəcə bir nəzəri yanaşma deyil. Onu əsaslandıran fikirləri  biz ABŞ-ın hazırki prezidenti Donald Trampın 2024-cü il prezident seçkiləri ərəfəsindəki və seçkidən sonrakı çıxışlarında da izləyə bilərik. Ukraynanın bir gün NATO-ya üzv olacağına dair verilən vədlərə işarə edən Tramp deyir ki,  NATO-nu unuda bilərsiniz, düşünürəm ki, bütün bu məsələnin başlamasının əsas səbəbi də yəqin ki, elə budur  (Euromaidan, 2025). Bu əslində təkcə nəzəri baxış deyil, Rusiyanın aqressivləşməsində Qərbi ittiham edən elmi yanaşmanın arxasındaki praktik siyasi fikirdir. Ağ evə qədər gedib çıxa bilmiş yanaşmadır. Yəni Qərbdə bəzi çevrələr hesab edirlər ki, Rusiyanın başladığı müharibə Qərbin geosiyasi provakasiyasına cavabdır: Qərb Rusiyanın təsir zonalarında genişləndiyi və ya buna cəhdlər etdiyi üçün Kreml əks-reaksiya vermək məcburiyyətində qalıb. 

NATO genişlənməməliydimi? 

Əlbəttə, Mirşaymerin fikirləri ilə tam üst-üstə düşməsə də Nyu York və Prinston universtetlərinin tarix üzrə professoru, Rusiya və NATO münasibətləri üzrə analitik Stiven Koen də NATO-nun genişlənməsi məsələsinə diqqət çəkir. O, hesab edir ki, Qərb SSRİ-nin dağılmasından sonra Avropa mərkəzli siyasət yürütməli, NATO-nu genişləndirməyə çalışmamalı, əksinə Rusiya ilə əməkdaşlığa üstünlük verməli idi. Qərbin Rusiya ilə əməkdaşlıq əvəzinə NATO-nu genişləndirməsi, Rusiyada Qərbə qarşı dərin inamsızlıq yaratdı və yeni soyuq müharibənin təməlini qoydu (Cohen. 2009). Əlbəttə, nəzəri olaraq müəllifə haqq vermək olar. Amma artıq fakta çevrilmiş bəzi emprik misallar deməyə əsas verir ki, Rusiya ilə yaxınlaşma onun aqressiyasını azaltmağa kifayət etmir. Yuxarıdakı iddianı tam təkzib etməsə də Merkel dönəmində Almaniya-Rusiya münasibətlərinin yüksək səviyyədə olduğunu deyə bilərik. Məsələn, keçmiş kansler Gerhard Şröder “Qazprom”da yüksək vəzifə də tuturdu  (Securingdemocracy, 2005). “Şimal axını-2” kimi mühüm enerji xətti çəkildi.  Layihənin  Kremlə rəsmən bağlı olan və Putin tərəfindən xüsusi dəstəklənən “Qazprom” şirkəti tərəfindən inşa olunmasına, alman, fransız, ingilis, Niderland və Avstriya neft-qaz şirkətlərindən ibarət bir konsorsium tərəfindən maliyyələşdirilməsinə baxmayaraq, siyasi baxımdan bu layihənin tam sahibliyi Berlində idi (Brookings, 2015). Fəqət  bu  əməkdaşlıq belə Rusiyanın Avropa ilə  əlaqələrinin etibarlı zəmində yaxşılaşmasına yox, əksinə,  Avropaya qarşı yeni iddialara düşməsinə səbəb oldu. Bu qısa müqayisədən belə aydın olur ki, Qərb yaxınlaşma yolu ilə də Kremlin ekspansionist iddiaların qarşısını ala bilməyib. 

 Rusiyanın 2022-ci ildə Ukraynanın tam işğalına yönəlmiş hucumu Qərbdə şok yaratdı. Krımın 2014-cü ildə ilhaq edilməsinə baxmayaraq,  əksər Qərb mərkəzləri Kremlin daha irəli gedəcəyinə inanmırdılar. Həddindən artıq ehtiyatlı yanaşaraq Putinin imperiya ambisiyalarının həqiqi miqyasının xeyli kiçik olduğunu düşündülər və ya bilərəkdən görməzdən gəldilər (Atlantic Council, 2024).

Rusiya ilə əməkdaşlıq etməyin onun aqressiyasından sığortalamadığını biz Kremlin Rusiyanın orbitindən çox uzaqlaşmayan, onunla bir blokda olan ölkələrə münasibəti kontekstində də baxa bilərik. Məsələn, Rusiya dəfələrlə müxtəlif səviyyələrdə keçmiş sovet ölkələrini “kvazidövlət”,  yəni qondarma dövlət adlandırıb. Hətta Putin Nazarbayevin şəxsinə müsbət reverans edərcəsinə Qazaxıstanın dövlətçilik tarixinin olmadığını dilə gətirib (Golos Ameriki, 2014). Deməli, Rusiya ilə əməkdaşlıq, yaxınlıq, onunla nəinki bir, hətta üç blokda - MDB, KTMT və Avrasiya ittifaqında - olmaq belə, kimsəni Rusiyanın təhdidindən xilas etmir. 

Beləliklə, bu bölmədə gəldiyimiz qənaət ondan ibarətdir ki, iddiaların əksinə, Rusiya ilə yaxın olmaq, Rusiyamərkəzli siyasət aparmaq onu dost dövlətə çevirmir. Çünki Rusiya özünün mərkəzdə olduğu və özünün təşkil etdiyi bloklarda iştirak edən ölkələrə də zaman-zaman diş qıcayır. Ancaq, bütün hallarda yuxarıda təqdim edilən yanaşmaların olması, həm təbiidir, həm də Qərbdə Rusiyanın öyrənilməsi prosesini başa düşmək üçün vasitələrdən biridir. 

Transformasiya böhranı 

Özəlləşmə. Keçid dövründə olan Rusiyanın sosialist təsərrüfat sistemindən kapitalist, neoliberal sistemə keçidi zamanı müşahidə olunan neqativlərə Qərbin göz yummasının ağır fəsadlar doğurduğunu iddia edən kanadalı jurnalist və tədqiqatçı Naomi Klayn hesab edir ki, nəticənin bu cür olmasında Qərb “mühəndisliyi” rol oynayıb. Rusiyada kapitalizmə keçid kütləvi yoxsulluq, dövlət mülkiyyətinin talanı və mafiya sinfinin doğulması ilə müşayiət olundu – bütün bunlar Qərb iqtisadçıları tərəfindən alqışlandı. Qərb sadəcə Rusiyanın kleptokratiyaya sürüklənməsinə tamaşa etmədi – bu prosesə həm də mühəndislik etdi və legitimləşdirdi (Klein, 2007a). Burada söhbət vaxtında daha sərrast müdaxilələrin olmaması ilə yanaşı həm də gedən neqativ prosesə göz yumub alqışlanmasından gedir. Özəlləşmə prosesi ədalətli və şəffaf deyildi; nəticədə korrupsiya dərinləşdi və oliqarxların iqtisadi gücü artdı (Stiglitz, 2002). Görünür ki, Rusiyada oliqarxiyanın ilkin təkamül dövrü eyni  zamanda liberal iqtisadiyyatın və buna əsaslanan siyasətin  tənəzzül dövrü kimi başa düşülməlidir. Çünki Rusiyada liberal iqtisadiyyat ən kövrək addımlarını atmadan sıradan çıxdı. Onun yerini isə mafiya və kriminal şəbəkələrin ticarət münasibətləri tutdu. 1990-cı illərdə Rusiyada dövlət əmlakı həqiqi bazar münasibətləri və subyektləri ilə deyil, zorakılıq, aldadıcı metodlar və Qərb məsləhətçilərinin razılığı ilə özəlləşdirildi (Hoffman, 2002). 

Nəticədə Putin cinayətkar sistemin mirasçısı kimi səhnəyə çıxdı və həmin mexanizmlərdən şəxsi avtoritar hakimiyyətini möhkəmləndirmək üçün istifadə etdi (Satter 2003). Yəni Qərbin özəlləşdirmə kimi strateji məsələdə avtoritar oliqarxiyaya meydan verməsi nəticəsiz qalmadı. Əslində bu prosesin əsas nəticələrindən biri də Rusiyada Putin hakimiyyətinə qədər formalaşmış nisbətən müstəqil biznesin hədəf alınması oldu. Onlar oliqarxiyanın təkcə iqtisadi müstəvidə rəqibləri deyildilər, həm də siyasi baxımdan maneə kimi qiymətləndirilirdilər. Elə buna görə də  əvvəlki hakimiyyət dövründə formalaşmış iş adamlarının həbsi və ölkədən getməsi Putinin hakimiyyətinin ilk illərində xüsusi vüsət aldı (Khodorkovsky, 2005). Bu cür hadisələr fonunda davam edən proses özəlləşdirmədən daha çox əmlakın yenidən bölüşdürülməsi təəssüratı yaradırdı. Rusiyanın belə siyasətlə hansı istiqamətdə getdiyi və ya gedəcəyi cavabı çətin olan sual deyildi. Qərb bu məsələləri arxa plana keçirmişdi. 

İnsan Haqlarına qarşı Antiterror əməliyyatları və enerji siyasəti: Qərbin Rusiyadakı neqativ transformasiyanı stimullaşdırdığına dair  yanaşma təkcə iqtisadiyyat, oliqarxiyanın güclənməsi istiqamətində deyil, insan haqları məsəsləsində də özünü göstərir - Vaşinqtonun praqmatik əməkdaşlıq siyasəti Rusiyanın avtoritarizmə doğru daxili transformasiyasına göz yummağa səbəb oldu. Qərb Rusiyada insan haqları və demokratiya təşviqindən daha çox terrorla mübarizəyə və enerji maraqlarına üstünlük verdi (Stent 2014). Bu yanaşmanın ciddi siyasi etiraf olduğunu deyə bilərik. Bənzər fikri ABŞ-ın keçmiş dövlət katibi Kondaliza Rays Misirdə Qahirə Unverstetində çıxışı zamanı səsləndirmişdi: “60 il ərzində mənim ölkəm – Amerika Birləşmiş Ştatları – bu regionda demokratiya hesabına sabitliyə üstünlük verdi — və nəticədə nə sabitliyə, nə də demokratiyaya nail ola bildik” (OCALA, 2007). Dövlət katibi bu sözləri başqa bir region üçün söyləsə də, artıq Rusiya insan haqlarının durumuna görə həmin regiondan demək olar ki, fərqlənmir. Bu baxımdan biz həmin deyimi həm də ümumi bir yanaşma kimi təhlil etsək, həqiqətdən çox uzaqlaşmarıq. 

Şübhəsizdir  ki, 2001-ci ilin 11 sentyabr hadisəsi (Əl-Qaidə terror təşkilatının ABŞ-a hücumu) Vaşinqtonun terrorizmlə mübarizədə Rusiyayla yaxınlaşmağa vadar edən ən mühüm hadisə idi. Bu kontekstdə insan haqları məsələsi getdikcə daha arxa plana keçdi. Çünki bu hadisədən sonra ABŞ Rusiyanın Çeçenistanda və Gürcüstanda apardığı əməliyyatları antiterror əməliyyatı  və fundamentalist dini qruplarla mübarizə kimi tanımağa başladı (Carnegieendowment, 2002).  

Qərbin belə ambivalent yanaşması təbii ki, diqqətdən qaça bilməzdi. Beynəlxalq insan haqları təşkilatları bu vəziyyəti görür və məsuliyyət məsələsini qabardırdılar (HRW, 2004). AŞPA, ATƏT çərçivəsində özünü uzun zaman rahat hiss edən Rusiyanın avtoritarizmi gücləndirməklə bağlı daha dərin planlar üzərində düşünəcəyi əlbəttə, proqnozlaşdırılan olmalı idi.

 Beynəlxalq insan haqları təşklatlarının hesabatlarına və tənqidlərinə baxmayaraq Qərb dövlətlərinin Rusiya ilə əməkdaşlığı nəticə etibarıilə bu təşkilatların həm özünə, həm də insan haqlarına münasibəti dəyişdi. Sonrakı mərhələdə isə o təşkilatların hesabat və bəyanatlarına heç bir məhəl qoyulmadı. Yəni ilkin mərhələdə bu istiqamətdə ciddi yanlışlıqlardan biri də Qərb institutlarının və dövlətlərinin beynəlxalq insan haqları təşkilatlarına istinad etməkdən imtina etmələridir. İnsan haqları və demokratiya çərçivısində diqqəti çəkən başqa bir hadisə isə 2012-ci ildə Putinin yenidən prezident postuna qayıdışına Qərbin susqun reaksiyasıdır (BBC, 2018). Medvedevin səlahiyyətsiz idarəçiliyi və sonradan növbəti dövr üçün namizəd olmaq iddiasını belə ortaya qoymaması Qərbdə belə fikir yaratdı ki, onsuz da Rusiyanın sahibi Putindir və onunla işləmək dolayı yox birbaşa olsa, daha yaxşıdır. 

Yanlış dəyərləndirmə 

Əslində Putini Yeltsinin institutsional varisi kimi sadəcə  bir parametr üzrə təqdim etmək yanlışdır: o, həm də Yeltsinin avtoritar idarəetmə kontekstində varisi kimi qiymətləndirilməlidir. Çünki Yeltsinin demokratiyadan imtinası hakimiyyəti Putinə ötürməsi ilə başlamır. Onun antidemokratik meylə düşməsinin əsası 1993-cü il seçkilərindən sonra Dumanı buraxaraq qanunverici hakimiyyəti də tam nəzarətə götürməsi ilə qoyulub (Kharcenter, 2025). Yəni Putini qiymətləndirərkən onu Rusiya siyasi ənənələrindən ayrıca bir fenomen kimi qiymətləndirmək, tarixilik və ənənəvi varislik prinsipini kənara qoymaq doğru olmaz. Putini Rusiyanı demokratik yoldan döndərən şəxs kimi təqdim etmək yerinə, bu estafeti Yeltsindən almış, amma daha “uğurla” irəliləmiş siyasi fiqur kimi gözdən keçirmək və bu paraleldə tarixi siyasi şəraiti də yaddan çıxarmamaq daha düzgündür. 

Qərbin həlledici səhvi Putini əvvəlcə gələcək liberal demokrat kimi, sonra da Soyuq müharibənin şeytanı kimi qəbul etmək oldu – hər iki yanaşma onun mifini gücləndirdi. Putin yanlış dəyərləndirildikcə güclənir. Qərb diplomatiyası ona bu rolu oynamaq üçün çoxlu fürsətlər verdi. (Galeotti 2019, 47) Qaleottinin fikrincə də  bu iki yanaşmanın hər ikisi səhv idi. Və ən pisi: hər ikisi Putinin işinə yaradı. Bir tərəfdən, daxildə özünü “xarici düşmənlərə qarşı döyüşən lider” kimi göstərdi. Digər tərəfdən, Qərbin qorxularını və çaşqınlığını fürsətə çevirib, beynəlxalq aləmdə daha sərbəst hərəkət etdi. Yəni, Qərbdə  Putini heç vaxt düzgün tanımayıblar. Əvvəlcə onu Yeltsindən sonra ölkəni sabitliyə çıxaracaq ağıllı və müasir texnokrat kimi qəbul edib inandılar ki, Putin zamanla liberal demokratiyaya doğru irəliləyəcək. Amma bu, reallıqdan çox arzu idi. Sonra isə vəziyyət dəyişdi — xüsusən Krımın ilhaqı ilə.  Bu dəfə Qərb Putini bir növ yırtıcı, yeni Soyuq müharibənin simvolu kimi təqdim etməyə başladı. Görünür ki, hər iki yanaşmanın ortasındakı doğru yolu tapmaq asan olmadı. Bu yol isə, şübhəsiz, bütün diktatorların anladığı ortaq dildən - təzyiqdən proporsional istifadə yolu ola bilərdi. Əsas mesaj sadədir: Putin nə xilaskardır, nə də iblis. O, sistemli şəkildə gücünü qoruyan, güc tətbiqini  ideologiyalaşdıran, aqressiyaya istinad edən, bu kontekstdə praqmatik, avtoritar siyasi tipdir və onu başa düşmək üçün miflərə deyil, reallığa baxmaq lazımdır. 

Böyük ərazi, zəngin resurslar, tək hakimiyyət

Rusiyada avtoritar mərkəzləşməni və bunun regonal-qlobal genişlənməsi iddialarını təşviq edən faktorlar sırasında onun böyük ərazilərini və zəngin resurslarını görməzdən gəlmək olmaz.  ABŞ-ın keçmiş dövlət xadimi Zibiqnev Bzerjinski də hesab edir ki, Rusiya bir çox resurslarına və nüvə silahına görə mühüm ölkədir (Russiamatters, 2017). Bu halda Rusiyanın əlindəki resurslar onun antidemokratik mahiyyətinin dəyişməsinə təbii ki, mane olur. Bu halda Qərb ölkələri üçün yeni çağırışlar meydana çıxır. Rusiyanın bu qədər böyük ərazi və resurslara sahib olması həm də bir təhlükədirsə, o zaman nə etməli? Belə fikirlər var ki, bu ərazilər və resurslar bölünməlidir (Threeman, 2022). Bu fikirlərin ortaya çıxmasına səbəb Qərb elmi-siyasi çevrələrində Qərbin Rusiyanı öz bünyəsində islah edib yerləşdirə bilmədiyi qənaətindən qaynaqlanır. Buna maneə kimi də təbii olaraq Rusiyanın böyük ərazi və zəngin resursları görülə bilər. Yəni Rusiya hazırkı fiziki coğrafi xəritəsi ilə Qərb siyasi institut və alətləri üçün mürəkkəb obyektdir. 

Buradan o qənaət hasil olur ki, Rusiyanın parçalanmasının tərəfdarları mövcuddur və bu parçalanma baş vermədən Rusiya ilə siyasi-mədəni inteqrasiya çox çətin, hətta qeyri-mümkündür.  Bununla belə, Rusiya siyasətinin Qərbdə ciddi strateji yanaşma olmadan həyata keçirildiyi də acı həqiqətdir. Bunu əsaslandıran arqumentləri aşağıda, “Strateji səhvlər” və “Normativ səhvlər” başlıqlı bölümlərdə təqdim edirik. 

Strateji səhvlər 

Strateji səviyyədə Qərb Rusiyaya münasibətdə yanlış hesablamalar və qeyri-realist gözləntilərlə hərəkət edib.

  • NATO-nun genişlənməsi ilə bağlı kommunikasiya boşluğu – Şərqə doğru genişlənmənin Rusiya tərəfindən təhlükə kimi qəbul ediləcəyini kifayət qədər nəzərə almamaq Qərbi çaşqın vəziyyətə salıb;
  • Postsovet keçid modelinin dəstəklənməsi: 1990-cı illərdə tətbiq edilən “şok terapiyası” və sürətli özəlləşdirmə modeli korrupsiyanın çiçəklənməsinə və oliqarx hakimiyyətinin formalaşmasına, nəticə etibarı ilə də Rusiyada sovet nostalgiyasının güclənməsinə, liberalizmin gözdən düşməsinə yol açıb. Qərb isə bu modelin mənfi nəticələrini görmək istəməyib (Klein, 2007b);
  • Kremlə həddindən artıq fərdi liderlik prizmasından yanaşma: Putinlə şəxsi münasibətlərə həddindən artıq önəm verilməsi sistemli problemlərin dərinləşməsinə səbəb olub və onun avtoritar idarəçiliyini gücləndirib;
  • Böhran mərkəzli siyasət – Rusiya ilə dialoq əsasən böhran anlarında intensivləşib, lakin uzunmüddətli risklərin qarşısını ala biləcək preventiv siyasət formalaşdırılmayıb;
  • Enerji asılılığının strateji təhlükə kimi nəzərə alınmaması – Qərb ölkələri enerji diversifikasiyası planlarını kifayət qədər erkən mərhələdə həyata keçirmədiyindən, Rusiya bu sahədə geosiyasi təsirini artırıb (Fiona Hill və Clifford G. Gaddy, 2015).

Normativ səhvlər

Qərbin Rusiya siyasətindəki normativ səhvləri, əsasən, demokratiya, insan haqları və hüquqi dövlət prinsiplərinə münasibətdə qeyri-ardıcıllıqdan qaynaqlanıb.

  • Selektiv demokratik gündəm – Rusiya ilə münasibətlərdə demokratiya və insan haqları yalnız böhran anlarında qabardılmış, sabit dövrlərdə isə bu mövzular iqtisadi və təhlükəsizlik maraqlarına qurban verilib;
  • Avtoritarizmə adaptasiya – Putin hakimiyyətinin avtoritar meyilləri erkən mərhələdə müşahidə olunsa da, Qərb onu uzun müddət “islahat yönümlü lider” kimi təqdim edərək daxili siyasi repressiyalara göz yumub (McFaul, 2001);
  • Enerji əməkdaşlığının üstün tutulması – Avropa Birliyi və ABŞ enerji asılılığını azaltmaq əvəzinə, enerji bazarında Rusiya ilə dərin inteqrasiyaya getdi, bunun nəticəsində Kreml iqtisadi rıçaqlardan siyasi təsir vasitəsi formalaşdırdı;
  • Normativ ambivalentlik – Gürcüstan (2008) və Ukrayna (2014) hadisələrində beynəlxalq hüquqa zidd hərəkətlər kəskin bəyanatlarla pisləndi, lakin praktiki sanksiya və siyasi təzyiq mexanizmləri ya gec, ya da məhdud şəkildə tətbiq edildi (Michael McFaul, 2018).

Bu normativ ziddiyyətlər Rusiyada demokratik institutların zəifləməsinə, vətəndaş cəmiyyətinin sıxışdırılmasına və avtoritar rejimin legitimlik qazanmasına dolayı dəstək verdi. 

Göründüyü kimi, strateji səhvlər daha çox doğru siyasi yanaşmaların seçilməməsini, emprik məsələlərdəki qərarların adekvat olmadığını göstərirsə, normativ səhvlər insan haqları, demokratiya kimi mənəvi və prinsipial mövzularda boşluqları ortaya qoyur.

Nəticə 

Təhlil nəticəsində gəlinən ümumi qənaət ondan ibarətdir ki,  Qərbin Rusiya ilə münasibətlərdə əsas səhvi bəzi müəlliflərin iddia etdiyi kimi, onu provakasiya etmək ya da onunla daha konstruktiv əməkdaşlıq etməmək deyil, əksinə, selektiv əməkdaşlıq siyasətinə üstünlük verərək  enerji və təhlükəsizlik, xüsusilə beynəlxalq terrorçuluğa qarşı mübarizə maraqlarını insan haqları və demokratiya məsələlərindən ön plana keçirmək olub. Qərbin bu istiqamətdəki pozuntulara və demokratik geriləməyə qarşı susqunluğu, rus avtoritarizminin revanş götürməsinə və onun imperialist niyyətlərinin yenidən baş qaldırmasına dolayı yolla şərait yaratdı.

Başqa bir  nəticə isə odur ki, Qərb yalnız Rusiya ilə açıq qarşıdurma dövrlərində və ya Rusiyanın onun regional, qlobal maraqlarına açıq hücum etdiyi halda sərt mövqe nümayiş etdirib. lakin uzunmüddətli strateji yanaşmada Moskvanın daxili siyasi addımlarının qarşısını  qabaqcadan  almaq, demokratik müxalifəti və vətəndaş cəmiyyətini dəstəkləmək üçün açıq və prinsipial siyasət aparmayıb.  

Rusiyanın öz avtoritarizmini sərhədləri daxilində saxlamaqdan imtina edib, onu bölgəyə yaymaq üçün açıq müharibəni davam etdirdiyi bir vaxtda bu materialın ortaya qoyduğu nəticə daha da əhəmiyyət qazanır. İndi Rusiyanın Ukraynanın timsalında ölkələrin müstəqilliyi, xalqların azadlığı üçün daha ciddi təhdid olduğu və bu vəziyyətə birtərəfli qaydada gəlmədiyi məlum olur. Biz sözügedən prosesi analiz etməklə bu aqressiv genişlənmənin qarşısını almaq üçün bəzi addımları zəruri hesab edirik:

Tövsiyələr:

  • Qərb, ABŞ-Rusiya münasibətlərinin indiki vəziyyətində, xüsusilə, AB insan haqları və demokratiya məsələsini enerji və təhlükəsizlik maraqlarından önə keçirməldir. Rusiya- Ukrayna müharibəsi fonunda məlum oldu ki, demokratiya olmadan təhlükəsizlik, təhlükəsizlik olmadan enerji olmur;
  • Müstəqilliyini Rusiyadan almış və müstəqilliyi üçün Rusiyadan təhdid görməkdə davam edən postsovet ölkələrində demokratik institutların yenidən təşkilinə və güclənməsinə ciddi dəstək vermək;
  • Rusiyanın yenidən imperiya qurmaq niyyətini və siyasətini neytrallaşdırmaq üçün təkcə sanksiyaların kifayət etmədiyini nəzərə alaraq informasiya, antidezinformasiya sahələrində preventiv işi gücləndirmək.

Gələcəkdə  Rusiya-Qərb münasibətlərindəki “yumşaq güc” dinamikasının detallı araşdırılması, “enerji asılılığının siyasi qərarlara təsiri”, həmçinin “Qərbin fərqli regionlarda (Şərqi Avropa, Qafqaz, Mərkəzi Asiya) tətbiq etdiyi strategiyaların müqayisəli təhlili”, “Qərblə toqquşan Rusiya rol model” kimi mövzular işlənilə bilər.


İstinadlar: 

Jamestown, 2000. “The differences between Putin’s Russia and Yeltsin’s

https://jamestown.org/program/the-differences-between-putins-russia-and-yeltsins/ 

Human Right Watch, 2025. “Russia: Events of 2024” 

https://www.hrw.org/world-report/2025/country-chapters/russia 

John J. Mearsheimer, 2014. Why the Ukraine Crisis Is the West’s Fault. s 77–89.

Euromaidan, 2025. “Trump claims Ukraine should “forget” about NATO” 

https://euromaidanpress.com/2025/02/26/trump-claims-ukraine-toshould-forget-about-nato/

Stephen F. Cohen. 2009.  Soviet Fates and Lost Alternatives: From Stalinism to the New Cold War. s 226-230  

Securingdemocracy, 2005. “Former German Chancellor Gerhard Schröder becomes chairman of Russian state-controlled Nord Stream pipeline company directly after leaving office” 

https://securingdemocracy.gmfus.org/incident/former-german-chancellor-gerhard-schra%C2%B6der-becomes-chairman-of-russian-state-controlled-nord-stream-pipeline-company-directly-after-leaving-office/ 

Brookings, 2015. “Nord Stream 2 is a trap of Germany’s own making” 

https://www.brookings.edu/articles/nord-stream-2-is-a-trap-of-germanys-own-making/  

Atlantic Council, 2024.  “Putin’s unpunished Crimean crime set the stage for Russia’s 2022 invasion” https://www.atlanticcouncil.org/blogs/ukrainealert/putins-unpunished-crimean-crime-set-the-stage-for-russias-2022-invasion/ 

Golosameriki, 2014. “Путин о Казахстане: «У казахов не было государственности»

https://www.golosameriki.com/a/putin-about-kazahstan-osharov/2434090.html 

Naomi Klein, 2007a. The Shock Doctrine: The Rise of Disaster Capitalism.  s 219 

 David Satter, 2003. Darkness at Dawn: The Rise of the Russian Criminal State. s 89-112 

OCALA, 2007. “Democracy vs. society”

https://www.ocala.com/story/news/2007/11/24/democracy-vs-society/31228587007/ 

Khodorkovsky, 2005. “ First Trial (2004-2005)” 

https://khodorkovsky.com/resources/first-trial-2004-2005-2/ 

Angela Stent, 2014. The Limits of Partnership: U.S.-Russian Relations in the Twenty-First Century.  s 112- 175

Carnegieendowment, 2002. “Chechnya After September 11th” https://carnegieendowment.org/posts/2002/05/chechnya-after-september-11th?lang=en

HRW, 2004. “Human Rights Watch World Report 2004 - "Glad to be Deceived": the International Community and Chechnya” 

https://www.refworld.org/reference/annualreport/hrw/2004/en/16593 

BBC, 2018. “Russia election: Muted Western reaction to Putin victory” 

https://www.bbc.com/news/world-europe-43455950 

Kharcenter, 2025. “Yeltsin Psevdoliberalizmi Putinizmin mənbəyi kimi: Liberal Görünüş və Reallıq” 

https://kharcenter.com/arasdirmalar/yeltsin-psevdoliberalizmi-putinizmin-menbeyi-kimi-liberal-gorunus-ve-realliq 

Mark Galeotti, 2019. We Need to Talk About Putin: Why the West Gets Him Wrong – and How to Get Him Right. s 31-47 

Russiamatters, 2017. “Brzezinski on Russia: Insights and Recommendations” 

https://www.russiamatters.org/analysis/brzezinski-russia-insights-and-recommendations

 Naomi Klein, 2007b.  "The Shock Doctrine: The Rise of Disaster Capitalism" s 123 

Joseph Stiglitz , 2002. “Globalization and Its Discontents” s 145, 148

David E. Hoffman 2002. “The Oligarchs: Wealth and Power in the New Russia” s 112, 118

Fiona Hill və Clifford G. Gaddy, 2015. “"Mr. Putin: Operative in the Kremlin" s 214 

McFaul, 2001. "Russia’s Unfinished Revolution" s. 43 https://www.amazon.com/Russias-Unfinished-Revolution-Political-Gorbachev/dp/0801488141 

Michael McFaul, 2018. “From Cold War to Hot Peace: An American Ambassador in Putin’s Russia” s 292 

Bell icon

Ən son yeniliklərdən xəbərdar olmaq üçün bülletenimizə abunə olun

Etibarlı e-poçt ünvanı təqdim edin