11 apr 2025

Gürcü Kollapsı - Gürcüstanın Strateji İstiqaməti: Avrointeqrasiyadan Uzaqlaşma Səbəbləri

  Gürcü Kollapsı - Gürcüstanın Strateji İstiqaməti: Avrointeqrasiyadan Uzaqlaşma Səbəbləri

Jelger Groeneveld 2024 https://www.flickr.com/photos/34523388@N06/53684205139/

2024-cü ilin oktyabrında Gürcüstanda keçirilən parlament seçkiləri, ciddi qanun pozuntuları və mübahisəli nəticələri ilə konstitusiya böhranına səbəb oldu. Seçkilərin elan edilən nəticələri, vətəndaşların hökumətdən narazılıqlarını ifadə etdikləri geniş etirazlarla müşayiət olundu.

Hakim "Gürcü Arzusu" partiyası seçkilərin nəticələrindən doğan narazılıqlara baxmayaraq, konstitusiyanın tələblərinə zidd şəkildə parlamenti topladı və 2024-cü il dekabrın 14-də Mixeil Kavelaşvilini ölkənin yeni prezidenti seçdi. Kavelaşvili əvvəllər “Mançester Siti” futbol klubunun oyunçusu kimi tanınırdı. İndi isə qatı Qərb əleyhdarı kimi tanınır. Onun 29 dekabr 2024-cü ildə keçirilən andiçmə mərasimi, geniş xalq kütlələri və müxalif qüvvələr tərəfindən kütləvi etirazlarla qarşılandı.

Beynəlxalq müşahidəçilər də seçki prosesini qeyri-legitim hesab etdiklərini bildirdilər. Müşahidələrə əsasən, seçkilərdə şəffaflıq və ədalət prinsiplərinə əməl olunmayıb. Tənqidçilərin fikrincə, Mixeil Kavelaşvilinin prezident seçilməsi Gürcüstanın Avropa Birliyinə inteqrasiya prosesindən uzaqlaşaraq Rusiya ilə daha sıx əlaqələr qurmağa yönəlməsi ilə nəticələnə bilər. Avropa Parlamenti bu demokratik geriləmə və Moskva ilə yaxınlaşmaqla bağlı narahatlığını ifadə edərək, Gürcüstanda yeni və şəffaf seçkilərin keçirilməsinə çağırış edib.

Cənubi Qafqazda Qərb dəyərlərinə ən yaxın ölkə hesab edilən Gürcüstanın son illərdə demokratik proseslərdən uzaqlaşaraq Avropa inteqrasiyası yolunda mütərəddidliyi beynəlxalq və regional səviyyədə ciddi müzakirələrə səbəb olub. Bu məsələnin daha dərindən araşdırılması məqsədilə "KHAR Center" analitik qrupu Gürcüstanın Avropa qatarından düşmək səbəblərini və bu prosesin arxasında duran geosiyasi və daxili faktorları tədqiq edib.

Giriş

Cəmi bir neçə il əvvələ qədər Cənubi Qafqazın azadlıq adası sayılan Gürcüstan 2025-ci ilə  müxalifət və demokratik institutlar tərəfindən saxta hesab edilən seçkilərin,  küçə etirazlarının, Qərblə münasibətlərin pozulmasının kölgəsində girdi. 

Rus işğalının nəticələri - torpaq itkisi, Mixail Saakaşvilinin ikinci prezidentlik dövründəki güc zəhərlənməsinin yaratdığı etirazlar, Qərbin postovet məkanında azadlıqların və demokratiyanın qorunmasında ardıcıl olmamasından doğan məyusluq, avrointeqrasiyanının başlanğıcı üçün xarakterik olan obyektiv çətinliklər və bu çətinlikləri böyütməkdə usta olan Kreml təbliğatının təsiri  fonunda 2012-ci ildə iqtidara gələn “Gürcü Arzusu” 12 il sonra azadlıqsevər Gürcüstan cəmiyyəti üçün kabusa çevrildi. (Georgia Today 2024)

12 il əvvəl nə Qərb, nə də Gürcüstan cəmiyyəti  “Gürcü Arzusu”nun qurucusu Bidzina İvanişvilinin gələcəkdə Gürcüstanın qərbə inteqrasiyası önündə ciddi əngəl ola biləcəyini görə bildi. Əksinə, İvanişvilinin milyardlarını Gürcüstana xərcləyib xalqı rifaha qovuşduracağına, özünün isə ölkədəki güclü qərbyönümlü vətəndaş cəmiyyətinin və medianın təsiri altında Putinlə bağlarını qoparıb Qərb dəyərlərinin daşıyıcısı olacağına inandılar. [1] (Katamadze 2024)

Nəticədə İvanişvili hakimiyyətini möhkəmləndirdikdən sonra, Gürcüstanı əldə etdiyi bütün demokratik dəyərlərdən addım-addım uzaqlaşdıraraq Rusiyanın təsiri altına çəkməyi bacardı. 

Bu proses xüsusilə Rusiyanın Ukraynaya böyük miqyaslı müharibəni başlatdığı 2022-ci ildən sonra daha açıq müstəviyə keçdi. Gürcüstan Kremlin Rusiya cəmiyyətini total təzyiq altında saxlamaq üçün həyata keçirdiyi addımları təkrarlayaraq postovet məkanının - Baltik ölkələrini çıxmaqla - Qərbə ən çox inteqrasiya edən ölkəsi statusundan Avropa Birliyinə üzvlüyün bir addımlığında ikən müzakirələrini donduran və sanksiyalarla qarşı-qarşıya qalan ölkə səviyyəsinə gerilədi.  

QAFQAZIN AVROPALISI 

Keçmiş sovet nomenklaturasının avtoritar və korrupsioner liderləri vasitəsilə yenidən Moskvanın “çətiri altına toplanan” postovet ölkələrində 2000-ci illər  yeni dəyişiklik ümidləri ilə başladı. 

90-cı illərin ortalarından başlayaraq iqtidarlarını gücləndirən avtoritar liderlər Sovet İttifaqının son dövründəki azadlıq hərəkatları və müstəqilliyin ilk illərindəki demokratikləşmə cəhdləri nəticəsində əldə edilən qazancları - müstəqil media və vətəndaş cəmiyyəti institutlarını sıradan çıxarmaq üçün səylərini artırdılar. 

Ancaq o dövrdə həm iqtidarların vətəndaş cəmiyyətini yox etmə metodları günümüzdəki qədər amansız və çeşidli deyildi, daha bəsitdi (qorxutma, şantaj, pulla satın alma və çox nadir hallarda həbs kimi), həm də xüsusilə Ukrayna, Gürcüstan, Moldova, Belarus, Azərbaycan kimi ölkələrdə müxalifətin  dayaqları da, maddi, siyasi, insan resursları da indikindən dəfələrlə güclü, cəmiyyətlərin dəyişiklik istəyi və mübarizə əzmi  qat-qat çox idi. 90-cı illərin sonlarında Qərbin postsovet ölkələrinə marağının və demokratik institutlara dəstəyinin artması da dəyişiklik ümidini artıran ən mühüm faktorlardan biri idi.

Müstəqilik dövründən sonrakı avtoritarlaşmanın ilk mərhələsi olaraq dəyərləndirilə biləcək 10 illik dövrün ilk kəskin qarşılaşmaları da bu dövrə təsadüf etdi. 

2003-cü ildə Azərbaycanda və Gürcüstanda, 2004-cü ildə isə Ukraynada keçirilən seçkilər ciddi pozuntular və zorakılıqlarla tarixə yazıldı. Azərbaycan iqtidarının qəddarlığı, Azərbaycan müxalifətinin etirazların konsolidasiyasındakı bacarıqsızlığı və Qərbin gözündə Azərbaycan neftinin dəyərinin və regional təhlükəsizliyin  ölkənin demokratikləşməsindən üstün tutulması nəticəsində 2003-cü ilin oktyabrında keçirilən prezident seçkiləri avtoritarlaşmanın daha da dərinləşməsinin başlanğıcı oldu. (“Crushing Dissent” 2023)

Gürcüstanda isə hadisələr fərqli istiqamətdə cərayan etdi. 2003-cü ilin noyabr ayında keçirilən parlament seçkilərində korrupsiya və avtoritarizmlə ittiham edilən Edurad Şevardnadzenin Vətəndaşlar İttifaqı Partiyası öz qələbəsini açıqladı.  (“Georgian Parliamentary Elections Marred by Confusion Over Voter Lists” 2003) Ancaq beynəlxalq təşkilatların da saxta hesab etdiyi seçkilərə etiraz edən xalq küçələrə çıxdı. Tbilisi Şəhər Şurasının sədri Mixail Saakaşvili müxalifətin tanınmış liderləri Burcanadze və Jvaniya ilə ittifaq quraraq prosesin liderliyini ələ aldı. 

22 noyabr 2003-cü ildə 35 yaşlı xarizmatik və cəsur Mixail Saakaşvili əlində qızıl gül tərəfdarları ilə birlikdə Şevardnadzenin açılış iclasını keçirməyə çalışdığı parlamentə girdi.  Qızıl gül bu inqilabın şiddət xarakteri daşımadığını ifadə etmək üçün seçilmişdi və o dövrün Gürcüstan iqtidarı da Azərbaycan iqtidarından fərqli olaraq xalqa qarşı zorakılığın tətbiqinə deyil, xalqa təslim olmağa qərar verərək prosesin qansız və sürətlə tamamlanmasının önünü açdı. (Carnegie Cooperation of New York, n.d.) Saakaşvili 2004-cü ildə keçirilən demokratik seçkilərdə Gürcüstan tarixinin ən çox səs alan (96,2 faiz) prezidenti olaraq tarixə düşdü. 

Ancaq Saakaşvilinin ən böyük uğuru seçki rəqəmləri deyildi. Gürcüstanın gənc lideri əvvəlcə ölkədə baş qaldıran separatçılıq cəhdlərinə cəsarəti və qərarlılığı ilə son qoydu. (Бумага 2023) Özünü Acarıstan prezidenti elan edən Aslan Abaşidze Tbilisi ilə müzakirələrdən sonra Moskvaya getdi və istefa verdiyini açıqladı. Svanetidə qanunsuz şəkildə hakimiyyəti qəsb etməyə çalışan Apsaridze ailəsi məhv edildi, digər separatçı svan lider Emzar Kvitsiani də 2006-cı ildə Moskvaya qaçmağa məcbur oldu.

Saakaşvili, hərdən populizmə yuvarlansa da, Gürcüstanı postsovet məkanındakı azadlıq istəyən xalqları ruhlandıracaq miqyasda islahatlara imza atdı. (Gleichgewicht 2018) Bu islahatlar o qədər böyük sürət və əzmlə həyata keçirildi ki, qızılgül inqilabından qısa müddət sonra Gürcüstan postsovet ölkələri üçün xarakterik olan polis özbaşınalığının və rüşvətin aradan qaldırılması, idarəetmə, təhsil, turizm kimi bir çox sahələrdə nümunə göstərilən dövlətə çevrildi. 

Saakaşvili dövründə Gürcüstanın Rusiya ilə münasibətləri və Qərb ilə inteqrasiyasına isə ayrı bir abzas ayırmaq lazımdır. Ümumi qəbul edilmiş qənaətə görə, Saakaşvili iqtidara gələn gündən Rusiya ilə düşmənçilik xəttini seçib. Ancaq bu qənaət doğru deyil. Əslində, Şevardnadzenin prezidentliyinin son illərində Rusiya ilə münasibətlər çox da dostyana sayılmazdı, hətta Şevardnadze ölkənin NATO-ya üzv olmaq istədiyini belə ifadə etmişdi. Saakaşvili isə iqtidara gəldikdən dərhal sonra Rusiya ilə münasibətlərin normallaşacağını bildirdi və prezident seçildikdən bir ay sonra Moskvaya səfər etdi. [2]

Bununla yanaşı Saakaşvilinin Gürcüstanı birmənalı olaraq qərbyönümlü dövlət idi. Bütün islahatlar, atılan addımlar ölkənin Qərblə sıx inteqrasiyasına hesablanmışdı. NATO və Avropa Birliyinə üzvlük Saakaşvilinin ən mühüm xarici siyasət prioritetləri idi və bunun üçün çox ciddi addımlar atıldı. Ancaq istər Gürcüstan təcrübəsi, istər sonrakı illərdə Ukrayna, Ermənistan və digər postsovet ölkələri ilə Rusiya arasındakı münasibətlər göstərdi ki, Moskva özünün təsir zonası saydığı  postsovet ölkələrinin Qərbə inteqrasiya siyasətini həzm etmək niyyətində deyil. Belə siyasət ciddi və ardıcıl xarakter aldığı təqdirdə cəzalandırma mexanizmlərini işə salır. 

Gürcüstan bu acı təcrübəni 2008-ci ildə yaşadı. 

AVROPALILIĞIN CƏZASI 

2008-ci ilin aprel ayında NATO-nun Buxarest sammitində Gürcüstan və Ukraynaya üzvlük sözü verildi. [3] Konkret tarix və təqvim açıqlanmasa belə bu, həmin ölkələr üçün böyük siyasi jest idi. 

Ancaq bu hadisədən bir neçə ay sonra - 2008-ci ilin avqustunda Rusiya dünyanın gözü qarşısında Gürcüstana hücuma keçdi. Tarixə “Beşgünlük müharibə” kimi düşən bu işğal aktı nəticəsində Gürcüstan torpaqlarının bir hissəsini, ərazi bütövlüyü problemi olan ölkə kimi NATO-ya üzvlük ümidini və 2004-cü ildən başlayaraq əldə edilən nailiyyətlərin böyük bir qismini itirdi. (Dickinson 2021)

Saakaşvilinin 2008-ci il müharibəsində Qərbdən gözlədiyi dəstəyi görməməsinin həm onda, həm cəmiyyətdə yaratdığı məyusluq da Gürcüstanı günümüzdəki vəziyyətə daşıyan səbəblərdən biri oldu.

Gürcüstan cəmiyyəti Saakaşvilini sorğulamağa başladı. “Beşgünlük müharibə” Saakaşvilinin iqtidardan getməsinə səbəb olmasa da, populyarlığını azaltdı, siyasi mövqeyini zəiflətdi. Əlbəttə bunda Saakaşvilini günahlandırmaq doğru olmazdı. O dövrdə Qərb tərəfindən hələ ciddi dəyərləndirilməyən Rusiya təbliğat aparatı Gürcüstanda bütün gücüylə fəaliyyətə keçmişdi. Məsələ yalnız torpaq işğalı deyildi, Putin şəxsi düşməni olaraq gördüyü Saakaşvilini tamamilə bitirmək üçün qolları çırmalamışdı. Heç təsadüfi deyil ki, müasir dövr Rusiya təbliğatını araşdıran Amerikanın RAND Araşdırma Mərkəzinin mütəxəssisləri Kristofer Pol və Miriyam Metyus 2016-cı ildə “yalan axınıyla dolu yanğınsöndürmə şlanqı”na bənzətdikləri Kreml təbliğat maşınının xarakterində məhz Rusiya-Gürcüstan müharibəsi zamanı ciddi dəyişiklik olduğunu yazırlar. (Paul and Matthews 2016)

Kreml təbliğat maşınının öz gücünü ilk dəfə məhz həmin müharibədə sınaması Rusiya mətbuatında da dəfələrlə vurğulanıb. 8 avqust 2008-ci ildə Rusiyanın əsas KİV-lərinin koordinasiyalı şəkildə Gürcüstan ordusunun Tsxinvalini darmadağın etdiyinə dair yalan xəbərlər yayması  “müharibəni Gürcüstan başlatdı” və ya “müharibəni Saakaşvilinin populizmi başlatdı” tipli hələ də dünyada mövcud olan “şərhlərin” [4] əsasını təşkil edir. 

Bütün bu amillər Saakaşvilinin ikinci prezidentlik müddətində daxili siyasətdə yol verdiyi səhvlər, 2009-cu il mitinqində etirazçılara güc tətbiqi, mediaya təzyiqlər, müxalifətçilərin təqib və həbs edilməsi, Qərbin Saakaşvili iqtidarına tənqidləri və siyasi dəstəyini kəsməsi ilə davam etdi. 

Əlbəttə, bütün bu proses boyunca Rusiyanın təbliğat maşını fasiləsiz işləyirdi və Gürcüstanı rüşvət, korrupsiya keçmişinə qaytarmaq üçün əlindən gələni edirdi. 

GÜRCÜLƏRİN, YOXSA  PUTİNİN ARZUSU? 

Gürcüstanın ”boz kardinal”ı Bidzina İvanişvili  bu şərtlər altında siyasi səhnəyə girdi. Əvvəllər Saakaşvili iqtidarının islahatları ilə öyünən və hətta özünün də bu islahatları maliyyələşdirdiyini iddia edən milyarder İvanişvili 2011-ci ildə müxalifət liderliyinə iddiasını ortaya qoydu. (Doward 2017) 2012-ci ildə isə digər bir neçə müxalifət partiyası ilə birlikdə yaratdığı “Gürcü Arzusu” koalisiyası parlament seçkilərində Saakaşvilinin partiyasına qalib gəldi. [5] Bu qələbədə cəmiyyətdə mövcud olan obyektiv narazılıqlarla yanaşı İvanişvilinin milyardları böyük rol oynadı. 

Böyük paradoks olsa da, “Putinin oliqarxı” sayılan şəxs “qərbpərəst” Gürcüstanın baş naziri vəzifəsinə gələ bildi. 

2013-cü ildə keçirilən prezident seçkisində İvanişvilinin koalisiyasının namizədi Georgi Margvelaşvili Saakaşvilinin partiyasının namizədi David Bakradzeyə qalib gəldi.  Həm Margvelaşvili, həm İvanişvili seçkilərdən sonra verdikləri açıqlamalarda Gürcüstanın Avropa Birliyi hədəflərinin dəyişməz olduğunu ifadə etdilər. (Neil MacFarlane 2015)

Bu seçkilərdən sonra İvanişvili əsas məqsədinə nail olduğunu söyləyərək baş nazirlikdən və partiya sədrliyindən istefa verdiyini açıqladı.  Ancaq o gün də, sonralar da İvanişvilinin iqtidardan çəkildiyinə kimsə inanmadı.

İvanişvili də ona inanmayanları hər dəfə haqlı çıxardı: Dəfələrlə baş naziri, partiya rəhbərini dəyişdirdi. İki dəfə siyasətə gəldi, iki dəfə siyasətdən getdiyini açıqladı və nəhayət 2023-cü ildə üçüncü dəfə siyasətə qayıtdığını bildirərək partiyasının fəxri sədri, həm də siyasi müşaviri olacağını söylədi. [6]

QARANLIĞA DÖNÜŞ

“Gürcü Arzusu” iqtidarda olduğu 13 il ərzində elan etdiyi vədlərin heç birini yerinə yetirmədi. Postsovet coğrafiyasına xas olan rüşvətxorluq da, korrupsiya da, qanunsuzuq da yenidən geri döndü.

Daxili siyasətdəki korrupsiya, siyasi təzyiq, rəqibləri təqib kursuna və xarici siyasətdə Rusiyaya etdiyi reveranslara baxmayaraq Gürcüstan iqtidarı son 3 ilə qədər “qərbyönümlü” maskasını saxlamağı bacardı. İvanişvili də, onun təyin etdiyi baş nazirlər də, xarici işlər nazirləri də, parlamentlər də Qərbə inteqrasiyanın ölkənin əsas xarici prioriteti olduğunu ifadə edirdi və siyasətlərini də əsasən bu yöndə qururdular. (НАЗИМОГЛУ 2014) (“Парламент Грузии Принял Резолюцию О Приоритете Интеграции В ЕС И НАТО” 2013) Rejiminin belə davranmasının əsas səbəbi heç şübhəsiz Gürcüstan cəmiyyətiydi, daha doğrusu, cəmiyyətlə “Gürcü Arzusu” arasındakı yazılı olmayan konsensus idi. Qərbyönümlü Gürcüstan cəmiyyəti “Gürcü Arzusu”nun daxili siyasi sahədəki yalanlarına və oyunlarına ölkənin Qərblə inteqrasiya vektorunun dəyişməməsi arqumenti ilə göz yumur, “Gürcü Arzusu” isə cəmiyyətin qərbyönümlü olmasını bildiyi üçün vektoru dəyişmirdi.  

Hətta 2013-cü ildə Ukrayna iqtidarı Avropa Birliyi ilə inteqrasiya sazişini imzalamağı rədd etdiyi zaman belə Gürcüstan hakimiyyəti tərəddüd etməmiş, prosesi davam etdirəcəyini açıqlamışdı. 

Gürcüstanın Avropa Birliyinin Şərq Tərəfdaşlığı Proqramına qoşulmasından (2009) sonrakı ən böyük addımının - Assosiasiya Sazişinin və Dərinləşdirilmiş Hərtərəfli Azad Ticarət Zonası Sazişinin altında da “Gürcü Arzusu”nun imzası var. 

2014-cü ilin iyun ayında Gürcüstan bu iki sazişi də imzalayaraq Qərbə inteqrasiya hədəfinə sadiq olduğunu nümayiş etdirdi. Dərinləşdirilmiş Hərtərəfli Azad Ticarət Zonası Sazişini imzalayan Baş nazir İrakli Qaribaşvili ölkə əhalinin 85 faizinin Qərblə inteqrasiyanı dəstəklədiyini və 27 iyun 2014-cü ildən etibarən Avropa Birliyi ilə əlaqələrin tamamilə yeni və olduqca mühüm mərhələsinin başladığını söylədi. [7]

2016-сı ildə Dərinləşdirilmiş Hərtərəfli Azad Ticarət Zonası Sazişi qüvvəyə mindi və Gürcüstanın Avropa iqtisadiyyatına inteqrasiya prosesi rəsmən başladı. [8]

2017-ci ildə Avropa Birliyi Gürcüstan vətəndaşları üçün qısa müddətli səyahətlərdə viza rejimini ləğv etdi. Bu, Gürcüstan üçün həm iqtisadi, həm siyasi, həm də simvolik baxımdan mühüm addımlardan biriydi. 

Ancaq Gürcüstan iqtidarı “qərbyönümlü” siyasətini sona qədər sürdürə bilmədi. 

Rusiyanın Ukraynaya qarşı  böyük miqyaslı müharibə başlatdığı 2022-ci il bir çox ölkə kimi, Gürcüstan üçün də lakmus kağızı oldu. 2000-ci illərin əvvəllərindən bəri ilk dəfə Gürcüstan və Ukrayna postsovet məkanının müttəfiq ölkələri çərçivəsindən çıxdılar. Gürcüstan öz mənafelərini bəhanə edərək Rusiyaya qarşı sanksiyalara qoşulmayacağını açıqladı. [9]

Bütün bunların nəticəsində 2022-ci ilin yayında Avropa Birliyi Ukrayna və Moldovaya üzvlüyə namizəd ölkə statusu verdiyi halda Gürcüstana bu haqqı tanımadı. Avropa Komissiyası rəsmi Tbilisidən namizəd statusu almaq üçün 12 maddədən ibarət tövsiyələri yerinə yetirməsini istədi. 

Gürcüstan cəmiyyətindəki qütbləşmənin və oliqarxiyanın aradan qaldırıması, seçki sisteminin yaxşılaşdırılması, bütün dövlət institutlarının fəaliyyətinə təminatların yaradılması, şəffaf və effektiv məhkəmə islahatlarının aparılması, antikorrupsiya tədbirlərinin həyata keçirilməsi, gender bərabərliyinin təmin olunması kimi tövsiyələrin böyük hissəsi, təbii ki, yerinə yetirilmədi. [10]

2023-cü ilin martında “Gürcü Arzusu” koalisiyası parlamentə “xarici agent” qanunu layihəsini təqdim etdi. [11] Layihə daha əvvəl Rusiyada qəbul edilən və vətəndaş cəmiyyətinin, azad medianın məhv edilməsinə hesablanmış qanunun eynisiydi. Gürcüstanda iki gün davam edən çoxminlik etirazlardan və Qərbin təpkisindən sonra layihə geri çəkildi. 

Ancaq sentyabr ayında Gürcüstan hökuməti prezident Salome Zurabişviliyə qarşı impiçment proseduru həyata keçirməyə cəhd göstərdi. Ölkə müxalifəti və vətəndaş cəmiyyəti isə bunu Zurabişvilinin həm sələfi Georgi Margvelaşvili kimi “İvanişvilinin üzünə ağ olması”nın, həm də ölkəyə namizədlik statusunun verilməsi üçün göstərdiyi səylərin cəzası olaraq dəyərləndirdi. 

2023-cü ilin sonunda Avropa Birliyi islahatlar yerinə yetirildiyinə görə deyil, “Rusiya ilə üzbəüz tək buraxmamaq” üçün Gürcüstana namizəd statusunu vermək qərarına gəldi. Gürcü cəmiyyəti və müxalifət bunu Avropa Birliyinin geosiyasi vəziyyətə uyğun jesti olduğunu vurğulayarkən iqtidar özünün qələbəsi, demokratikliyinin və Qərb dəyərlərinə bağlılığının sübutu kimi təqdim etdi. Halbuki Avropa Komissiyası Gürcüstanın 12 tövsiyədən 9-nu hələ də yerinə yetirmədiyini, üzvlük müzakirələri üçün bu tələbləri yerinə yetirilməsinin şərt olduğunu açıqladı.

OYUNUN SONU 

“Gürcü Arzusu”nun son “demokratiklik” və “qərbyönümlülük” nümayişləri elə 2023-cü ildə qaldı. 

2024-cü ilin əvvəlindən etibarən artıq həm cəmiyyətə, həm də Tbilisinin Qərbdəki tərəfdaşlarına aydın idi ki, Gürcüstan hakimiyyəti ölkəni böyük sürətlə Avropadan uzaqlaşdırır və şərti olaraq “Qlobal Avtoritar Koalisiya” deyə biləcəyimiz istiqamətə sürükləyir. 

İlin əvvəlindən etibarən Çin ilə yaxınlaşma siqnalı verən və Anakliya limanının inşaatı üçün razılaşmaya gedən  Gürcüstan iqtidarı Avropada da Putinin əlaltıları rolundakı Macarıstanın baş naziri Viktor Orban, Serbiyanın prezidenti Aleksandr Vuçiç ilə dostlaşdığını nümayiş etdirməyə başladı. Gürcü müşahidəçilər bu vəziyyəti “Garibaşvili Putinin əlini sıxan hər kəs ilə yaxınlaşır” deyə dəyərləndirdilər və ilin sonunda haqlı çıxdılar - oktyabr ayında ciddi pozuntularla keçirilən parlament seçkilərini ilk təbrik edənlərdən biri Vuçiç oldu, Orban isə Avropa Birliyinin tanımadığı seçkilərdən bir gün sonra Tbilisiyə uçaraq “Gürcü Arzusu”na təbriklərini şəxsən çatdırdı. (Паресишвили 2025)

2024-cü ilin əvvəlində başlayaraq “Gürcü Arzusu” və iqtidarın yaratdığı Rusiyayönümlü “Xalqın Gücü” Partiyası mistik “qlobal müharibə partiyası”nın Gürcüstanı Ukraynaya çevirmək istəməkdə ittiham etməyə başladı. Kremlin tezislərini təkrarlayan bu güclərə görə “qlobal müharibə partiyası” 2021-ci ildə Salome Zurabişvilini satın almışdı və indi də ondan Zelenskiy yaratmağa çalışırlar. (Паресишвили 2024)

2024-cü ildə “Gürcü Arzusu”nun atdığı ən bariz “antiqərb” addımlarından biri də bir il əvvəl parlamentdən geri çəkilən “xarici agent” qanununun qəbul edilməsi oldu. Bu addım Qərb üçün böyük şok idi. 

Avropa Birliyinin “namizəd ölkə özünü belə aparmamalıdır” xəbərdarlığına baxmayaraq “Gürcü Arzusu” bu dəfə 2023-cü ilin martındakı kimi davranmadı, Kreml planına etiraz edən nümayişləri zorakılkıqla dağıdaraq “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini mayda qəbul etdi. 

Qanun qüvvəyə mindikdən sonra - 2024-cü ilin iyulunda AB Gürcüstanın üzvlük prosesinin dayandırıldığını və 2024-cü il üçün nəzərdə tutulan 30 milyon avroluq yardımın kəsildiyini açıqladı.  [12]

ABŞ Müdafiə Nazirliyi Gürcüstan ilə birlikdə avqustun əvvəlinə planlaşdırılan  “Noble Partner” təlimini qeyri-müəyyən vaxta təxirə saldı. [13] AB liderləri də Gürcüstan Müdafiə Nazirliyinin istədiyi maliyyə yardımının verilməyəcəyini açıqladılar. 

Bunlar da Gürcüstan hakimiyyətinin davranışlarına təsir etmədi, əksinə, Qərbə qarşı ittihamlar  daha da artdı. İyulda Rusiya Xarici Kəşfiyyat İdarəsi ABŞ-ın Gürcüstanda çevriliş hazırladığını iddia etdi. [14]

Vaşinqtonun Gürcüstana 95 milyard dollarlıq yardımı kəsdiyini açıqlaması və ABŞ Dövlət Departamentinin “Gürcü Arzusu”nun, hüquq-mühafizə orqanlarının 30 nümayəndəsinə viza məhdudiyyəti tətbiq etməsi də Gürcüstan hakimiyyətinin ritorikasını dəyişmədi; İvanişvili rejimi hətta Rusiyanın tezislərini təkrarlayaraq Qərbdəki tərəfdaşlarını Gürcüstanda ikinci cəbhə açmaq və Maydan ssenarisi ilə iqtidar dəyişikliyi həyata keçirmək istəməkdə suçladı. 

Payıza doğru Qərb ilə Gürcüstan hakimiyyəti arasında gərginlik daha da artdı. Sentyabr ayında Gürcüstan Baş naziri İrakli Kobaxidzenin ABŞ Prezidentinin BMT sessiyası çərçivəsində verdiyi qəbula dəvəti ləğv edildi. Oktyabrın əvvəlində Avropa parlamenti AB-ni Gürcüstan hökumətinə yardımları dayandırmağa və Bidzina İvanişviliyə sanksiya tətbiq etməyə  çağıran qətnamə qəbul etdi. “Gürcü Arzusu”nun baş katibi Kaxa Kaladze isə qətnamənin bir qara qəpiklik qiyməti olmadığını söylədi. 

Avropa Birliyi oktyabrın ortalarında Gürcüstan hökuməti ilə yüksək səviyyəli əlaqələrin kəsildiyini açıqladı. Brüsseldə keçirilən AB liderlər sammitində Gürcüstanla üzvlük müzakirələrinin dayandırıldığı rəsmən təsdiqləndi. [15] Buna baxmayaraq hələ də Brüsseldə  Gürcüstan hakimiyyətinin oktyabrın sonundakı parlament seçkilərini azad və ədalətli şəkildə keçirərək vəziyyəti dəyişdirəcəyinə inananlar vardı. 

Ancaq 26 oktyabrda keçirilən parlament seçkiləri olan-qalan ümidləri də bitirdi. Gürcüstan 2003-cü ildən sonra ən yüksək pozuntular və qanunsuzluqlarla müşayiət olunan seçki keçirdi.  “Gürcü Arzusu”nun 54%, müxalif qüvvələrin isə birlikdə 38% səs aldığı açıqlandı. Müxalifət seçkilərin nəticələrini qəbul etmədi. Prezident Salome Zurabişvili də seçkilərin saxtalaşdırıldığını açıqladı. Rusiyanın müdaxiləsi ilə keçirildiyi bildirilən saxta seçkilərə etiraz olaraq onminlərlə adam Tbilisi küçələrinə çıxdı. Mitinqlər böyük bir zorakılıqla dağıdılsa da xalq küçələrə çıxmağa davam etdi. 

ABŞ və Avropa Birliyindən  gələn açıqlamalarda seçkilərin saxtalaşdırıldığı bildirildi. Avropa Komissiyasının genişlənməyə dair hesabatında Gürcüstan hakimiyyətinin ölkənin AB üzvlüyünü təhlükə altına atdığı və faktiki durdurmağa çalışdığı deyilirdi.  

Rusiya isə bu vəziyyətdən olduqca məmnun görünürdü. Sentyabrda  Gürcüstanın Abxaziya və Cənubi Osetiya ilə əlaqələrinə kömək edəcəklərini bildirən Rusiya xarici işlər naziri Sergey Lavrov mübahisəli seçkidən dərhal sonra Gürcüstan hökuməti ilə təmasları artırmağa hazır olduqlarını söylədi. [16]

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev isə saxta seçkilərə qarşı çıxan Salome Zurabişvilinin həbsə atılmasına çağırış etdi. 

Noyabrın əvvəlində Almaniya, Finlandiya, İsveç, Fransa, Litva, Latviya, Estoniya və Polşa parlament nümayəndələri Tbilisiyə səfər etdi, lakin yalnız Salome Zurabişvili və müxalifət nümayəndələri ilə görüşə bildilər. “Gürcü Arzusu” liderləri qonaqlarla görüşməyi rədd etdi, Kaladze Avropalı parlamentarların “işsiz-gücsüz adamlar” olduğunu söylədi. 

Noyabrın ortalarında Avropa Parlamenti Gürcüstanla bağlı daha bir sərt qətnamə qəbul etdi. Qətnamədə 26 oktyabr seçkilərinin legitim olmadığı bildirildi, təkrar seçkilərin keçirilməsi tələb edildi. Eyni zamanda AB liderlərinə Bidzina İvanişvili, baş nazir İrakli Kobaxidze, parlament sədri Şalva Papuaşvili, “Gürcü Arzusu”nun sədri İrakli Qaribaşvili və baş katibi Kaxa Kaladzeyə sanksiyalar tətbiq etmək tövsiyə olundu.  

28 noyabrda Gürcüstan hakimiyyəti Gürcüstanın 2028-ci ilədək Avropa Birliyi ilə danışıqları dayandırdığını açıqladı. Bu açıqlamadan dərhal sonra parlamentin qarşısına minlərlə insan toplandı. Ancaq mitinq yenə böyük vəhşiliklə dağıdıldı. 

ABŞ rəsmi Tbilisinin bu qərarının xəyanət olduğunu bildirərək Gürcüstanla strateji müttəfiqliyi dayandırdığını açıqladı. 

14 dekabrda isə “Gürcü Arzusu” nümayəndələrinin çoxluqda olduğu seçki komissiyası Qərbə qarşı mövqeyi ilə tanınan “Xalqın Gücü” Partiyasının deputatı Mixail Kavelaşvilini prezident təyin etdi. Kavelaşvilini yalnız Belarus, Azərbaycan, Ermənistan, Türkiyə, Serbiya və Macarıstan liderləri təbrik etdi. 

Bundan sonra  ABŞ və İngiltərə Gürcüstan Daxili İşlər Nazirliyinin yüksək vəzifəli şəxslərinə (nazir daxil olmaqla) sanksiya tətbiq etdi. 

Avropa Birliyi 20 dekabrda Gürcüstanın diplomatik pasport sahibi olan vətəndaşları üçün vizasız rejimi dayandırdı. 

27 dekabrda isə nəhayət illərdir Gürcüstan cəmiyyətinin Bidzina İvanişvili üçün tələb etdiyi sanksiya qərarı qəbul edildi. ABŞ İvanişvilinin Rusiya ilə birbaşa və ya dolayısıyla əlaqələrini əsas gətirərək sanksiya qərarını açıqladı. Vaşinqton bu addımın sanksiyaların başlanğıcı olduğunu vurguladı. İlin əvvəlində isə Gürcüstanın mövcud hökumətinin legitimliyinin tanınmamasını da ehtiva edən qətnamə layihəsi Konqresə təqdim edildi. Ancaq bu da Gürcüstan hakimiyyətini antidemokratik addımlardan çəkindirmədi.

Nəticə

İki aydır davam edən etiraz aksiyalarına, Qərbdən gələn sanksiyalara baxmayaraq, “Gürcü Arzusu” iqtidarı geri addım atmaq niyyətində görünmür. Əksinə, aqressivliyini gedərək artırır.

Mənzərə çox da ümidverici görünmür - iqtidar bütün avtoritar metodlardan istifadə edir; etirazçılar total repressiya dalğası ilə qarşı-qarşıyadırlar;  mövcud siyasi partiyaların rəhbərləri arasında prosesi idarə edə biləcək  lider görünmür; bunu bacaracağı düşünülən Salome Zurabişvili hələ ki, konkret fəaliyyət strategiyası təqdim etmir; Qərbin sanksiya və təzyiqlərinin nə qədər effektiv olacağı sual altındadır, Rusiya isə rəsmi Tbilisinin Avropa qatarından düşməsi üçün əlindən gələni edir. Eyni zamanda Rusiya və “Gürcü Arzusu” iqtidarı Donald Tramp liderliyindəki ABŞ-ın Gürcüstanın azadlığını və Avropa gələcəyini  asanlıqla qurban edəcəyinə ümid bəsləyir

Bütün bu qatı qaranlıq mənzərənin içərisindəki yeganə ümid işığı isə yenə də Gürcüstan cəmiyyətidir. Bütün repressiyalara baxmayaraq iki aydır küçələrdə mübarizəni davam etdirən Gürcüstan xalqı Avropaya inteqrasiya prosesinin özü üçün qırmızı xətt olduğunu sərgiləyir. 

Prosesin hansı sonluqla nəticələnməsi isə həm də Qərbin regiondakı növbəti böyük sınaqdan necə keçəcəyindən asılı olacaq.


Son qeydlər

[1] “Bidzina Ivanishvili & Family.” n.d. Forbes. https://www.forbes.com/profile/bidzina-ivanishvili/

[2] Коммерсантъ. 2004. “Михаил Саакашвили Прилетел В Москву.” Новости – Мир – Коммерсантъ. February 10, 2004. https://www.kommersant.ru/doc/971942

[3] NATO. n.d. “Bucharest Summit Declaration Issued by NATO Heads of State and Government (2008).” NATO. https://www.nato.int/cps/en/natolive/official_texts_8443.htm

[4] САФРОНОВА, Инга. 2008. “Грузия Стерла С Лица Земли Пять Населенных Пунктов Южной Осетии.” KP.RU, August 8, 2008. https://www.kp.ru/online/news/124346/

[5] “Billionaire Tycoon Claims Surprise Victory as Key US Ally Georgia Votes.” 2012. NBC News. October 1, 2012. https://www.nbcnews.com/news/world/billionaire-tycoon-claims-surprise-victory-key-us-ally-georgia-votes-flna6240847

[6] “Бидзина Иванишвили Возвращается В Политику, Чтобы «Защитить Власть От Человеческих Искушений».” Civil Georgia, December 30, 2023. https://civil.ge/ru/archives/576231

[7] “Ираклий Гарибашвили: «27 Июня Мы Подпишем Соглашение Об Ассоциации С Евросоюзом И Этим Шагом Перейдем На Качественно Новый Этап Отношений!».” n.d. Gruzinform. http://ru.gruzinform.ge/news/17994/iraklij-garibaSvili-27-iUnA-mi-podpiSem-soglaSenie-ob-associacii-s-evrosoUzom-i-Etim-Sagom-perejdem-na-kaCestvenno-novij-Etap-otnoSenij-.html

[8] Freetradezone.Ge. n.d. “DCFTA Georgia.” https://www.freetradezone.ge/dcfta-georgia

[9] “Премьер-министр Грузии Заявил Об Отказе Присоединиться К Санкциям Против России.” n.d. Mir24.tv. https://ge.mir24.tv/news/16497827/premer-gruzii-zayavil-ob-otkaze-prisoedinitsya-k-sankciyam-protiv-rossii

[10] Ibid. 

[11]  “Gürcüstan Parlament Bürosu ‘Xarici Agent Haqqında’ Qanunu Qeydiyyata Alıb.” MEYDAN.TV. April 10, 2024. https://www.meydan.tv/az/article/gurcustan-parlament-burosu-xarici-agent-haqqinda-qanunu-qeydiyyata-alib/

[12] “Брюссель Приостановил Процесс Вступления Грузии В ЕС.” n.d.https://www.aa.com.tr/ru/%D0%BC%D0%B8%D1%80/%D0%B1%D1%80%D1%8E%D1%81%D1%81%D0%B5%D0%BB%D1%8C-%D0%BF%D1%80%D0%B8%D0%BE%D1%81%D1%82%D0%B0%D0%BD%D0%BE%D0%B2%D0%B8%D0%BB-%D0%BF%D1%80%D0%BE%D1%86%D0%B5%D1%81%D1%81-%D0%B2%D1%81%D1%82%D1%83%D0%BF%D0%BB%D0%B5%D0%BD%D0%B8%D1%8F-%D0%B3%D1%80%D1%83%D0%B7%D0%B8%D0%B8-%D0%B2-%D0%B5%D1%81-/3270251

[13] U.S. Department of Defense. n.d. “Postponement of Exercise Noble Partner Announcement.” https://www.defense.gov/News/Releases/Release/Article/3827839/postponement-of-exercise-noble-partner-announcement/

[14] Rfe/Rl. 2024. “США Хотят Сменить Правительство В Грузии – Служба Внешней Разведки РФ.” Эхо Кавказа, July 9, 2024. https://www.ekhokavkaza.com/a/33027789.html

[15] “European Council Meeting (17 October 2024) – Conclusions.” 2024. European Council. European Council. Accessed April 11, 2025. https://www.consilium.europa.eu/media/2pebccz2/20241017-euco-conclusions-en.pdf?fbclid=IwY2xjawF-V9JleHRuA2FlbQIxMQABHZBfhj6DRobFK_iRgZn03ICUe-E-fcQd5Wq4IJSNfpE1Ngq1WrUG6o2iuw_aem_rWzOcR3Li_Rd_clcG6zorA

[16] “Глава МИД РФ: Готовы Рассмотреть Предложения О Контактах Со Стороны Тбилиси.” Эхо Кавказа, October 29, 2024. https://www.ekhokavkaza.com/a/glava-mid-rf-gotovy-rassmotretj-predlozheniya-o-kontaktah-so-storony-tbilisi/33177317.html


İstinadlar 

Carnegie Corporation of New York. n.d. “U.S.-Russia Relations: Quest For Stability.” https://usrussiarelations.org/2/timeline/after-the-fall/82

“Crushing Dissent.” 2023. Human Rights Watch. https://www.hrw.org/report/2004/01/22/crushing-dissent/repression-violence-and-azerbaijans-elections

Dickinson, Peter. 2021. “The 2008 Russo-Georgian War: Putin’s Green Light - Atlantic Council.” Atlantic Council. August 7, 2021. https://www.atlanticcouncil.org/blogs/ukrainealert/the-2008-russo-georgian-war-putins-green-light/

“Georgian Parliamentary Elections Marred by Confusion Over Voter Lists.” 2003. OSCE PA. OSCE PA. Accessed April 11, 2025. https://www.oscepa.org/en/documents/election-observation/election-observation-statements/georgia/press-releases-11/2069-2003-parliamentary-pr-1/file

Georgia Today. 2024. “David Satter: ‘There Will Be No Negotiations. By Holding Onto the Occupied Regions, Russia Has Its Foot on Georgia’s Throat.’” Georgia Today. October 24, 2024. https://georgiatoday.ge/david-satter-there-will-be-no-negotiations-by-holding-onto-the-occupied-regions-russia-has-its-foot-on-georgias-throat/

Gleichgewicht, Daniel. 2018. “Mikheil Saakashvili’s Contribution to Georgia’s Transition.” New Eastern Europe. August 16, 2018. https://neweasterneurope.eu/2018/08/16/mikheil-saakashvilis-contribution-georgias-transition/

Katamadze, Maria. 2024. “The Oligarch Behind Georgia’s Pivot to Russia.” Deutsche Welle. May 27, 2024. Accessed April 11, 2025. https://www.dw.com/en/the-oligarch-behind-georgias-pivot-to-russia/a-69165038

Neil MacFarlane. 2015. “Two Years of the Dream Georgian Foreign Policy During the Transition.” Chatham House - Russia and Eurasia Programme, May. https://www.chathamhouse.org/sites/default/files/publications/research/20150529GeorgianForeignPolicyMacFarlane.pdf

Paul, Christopher, and Miriam Matthews. 2016. “The Russian ‘Firehose of Falsehood’ Propaganda Model: Why It Might Work and Options to Counter It.” RAND. July 11, 2016. https://www.rand.org/pubs/perspectives/PE198.html.

Бумага. 2023. “20 Лет «Революции Роз». Краткая История Партии Саакашвили.” «Бумага», November 23, 2023. https://paperpaper.io/20-let-revolyucii-roz-kak-partiya-saaka/

НАЗИМОГЛУ, Натиг. 2014. “РЕВЕРАНСЫ НОРМАЛИЗАЦИИ.” Region Plus. 2014. Accessed April 11, 2025. https://regionplus.az/ru/articles/view/2266

“Парламент Грузии Принял Резолюцию О Приоритете Интеграции В ЕС И НАТО.” 2013. Кавказский Узел. March 8, 2013. https://www.kavkaz-uzel.eu/articles/221112/

Паресишвили, Мзия. 2024. “«Сила Народа» Верит В Силу Глобальной Партии Войны.” Эхо Кавказа, January 24, 2024. https://www.ekhokavkaza.com/a/32790326.html

Паресишвили, Мзия. 2025. “Год 2024-й. Как Угасала Европейская Звезда Грузии.” Эхо Кавказа, January 1, 2025. https://www.ekhokavkaza.com/a/god-2024-y-kak-ugasala-evropeyskaya-zvezda-gruzii/33260117.html