(Yazı KHAR Center-in "Təhlükəsizlik və Dövlət Arxitekturası" araşdırması çərçivəsində hazırlanıb)
Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) Türkiyə paytaxtında keçirilən 36-cı sammitinin uğurla başa çatdığını deyə bilərik. Ankara görüşü Avropada təhlükəsizlik şəraitini kardinal şəkildə dəyişdirmiş Rusiya-Ukrayna müharibəsinin başlamasından bu yana NATO-nun sayca altıncı (biri onlayn, biri fövqaladə, dördü planlı) zirvə toplantısıdır. Bu müharibə hərbi blokun şərq cinahında və Qara dənizdə riskləri artırdığı üçün hövzədəki ən böyük NATO dövləti Türkiyənin ev sahibi olaraq seçilməsi təsadüf deyil. Bu barədə qərar 2024-cü ildə ittifaqın Vaşinqton sammitində qəbul olunub.
Giriş
İkinci Dünya müharibəsindən sonra qlobal təhlükəsizliyin əsas təminatçısı halına gələn Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) hazırda dövrünün sürətlə dəyişən mühüm dönüş nöqtələrindən birini yaşamaqdadır. 1950-ci illərin bipolyar sistemində Sovet İttifaqının genişlənməsinə qarşı mübarizə aparmaq məqsədilə yaradılan "NATO 1.0" modeli və SSRİ-nin dağılmasından sonra qeyri-müəyyən tərəfdaşlıqların axtarıldığı "NATO 2.0" dövrü artıq arxada qalıb. 2014-cü ildə Krımın ilhaqı ilə başlayan və 2022-ci ildə genişmiqyaslı kontinental müharibəyə çevrilən Rusiya-Ukrayna böhranı Avropanı bir daha sərt geosiyasi reallıqla qarşı-qarşıya qoyub. Bu yeni reallıq kollektiv müdafiə prinsiplərini yenidən quraraq ittifaqın mərkəzini transatlantik müstəvidən birbaşa Avropa sahillərinə doğru dəyişdirən "NATO 3.0" mərhələsidir. Bugün dünya güc mərkəzlərinin yenidən təşkili və ABŞ-ın xarici siyasətindəki prioritetlərin dəyişməsi, Avropanın müdafiə potensialını artırmasını zəruri edir. Belə bir vəziyyətdə Qara Dəniz, Orta Şərq və Cənubi Qafqaz kimi geostrateji bölgələrin kəsişməsində yerləşən Türkiyənin rolunun periferiyadan strateji mərkəzə doğru dəyişdiyini müşahidə edirik. Ankara, həm güclü hərbi potensialı, həm də Montro konvensiyasına əsaslanan hüquqi imkanları ilə Avropanın təhlükəsizlik sistemində əvəzolunmaz partnyora çevrilir. Bununla yanaşı, sürətlə inkişaf edən müdafiə sənayesi də onun bu rolunu daha da gücləndirir. İttifaq daxilindəki ideoloji fərqliliklərə və daxili siyasi xüsusiyyətlərə baxmayaraq, Qərb strateqləri üçün Türkiyə ilə müttəfiqlik, regional böhranlara sürətli reaksiya vermək və çəkindirmə imkanlarını əldə saxlamaq baxımından vazkeçilməzdir.
İttifaqın 36-cı sammiti transatlantik əməkdaşlığın gücünü sınamaqla yanaşı, Ukraynaya davamlı hərbi dəstək verməkdən qlobal təhlükələrə qarşı birgə mübarizəyə qədər Qərbin kollektiv iradəsini nümayiş etdirən tarixi hadisəyə çevrildi.
KHAR Centerin bu analizinin məqsədi NATO-nun Avropa mərkəzli 3.0 mərhələsində Türkiyənin dəyişən geostrateji rolunu və Ankara sammitinin transatlantik həmrəyliyə olan təsirlərini araşdırmaqdır.
Analiz Amerika Birləşmiş Ştatlarının təsiri azaldıqca, Türkiyə Avropa təhlükəsizliyinin təmin olunmasında necə əhəmiyyətli bir rol oynayır? Ankara sammitində qəbul olunan bəyannamə, ittifaq daxilindəki mübahisələri necə aradan qaldırdı? kimi sualları cavablandırır.
NATO 3.0. Türkiyə periferiyadan strateji mərkəzə çevrilir
1952-ci ildə NATO-ya üzv qəbul edilmiş Türkiyə “soyuq müharibə” dövründə blokun cənub-şərq cinahının müdafiəsində aparıcı rola sahib olub. SSRİ ilə quruda və dənizdə həmsərhəd olan, boğazlara nəzarət edən Türkiyənin NATO üçün geostrateji əhəmiyyəti çox böyük idi. Sayına görə NATO-da ABŞ-dan sonra ikinci böyük orduya malik Türkiyə sovet ekspansiyasına qarşı mühüm çəkindiricilik yaratmaqla ittifaqın qiymətli tərkib hissəsi idi. SSRİ-nin çöküşü, bipolyar sistemin aradan qalxması və “soyuq müharibə”nin bitməsi tamamilə fərqli strateji situasiyanın ortaya çıxmasına, prioritetlərin və təhdid dəyələndirmələrinin dəyişməsinə səbəb oldu. Bu, NATO 2.0 mərhələsi idi. Yeni mərhələ bir tərəfdən ittifaqın şərqə doğru genişlənərək keçmiş sosialist bloku ölkələrini öz içinə aldığı, amma paralel olaraq, NATO-nun mövcudluğuna nə dərəcədə ehtiyac olduğu barədə diskussiyaların aparıldığı paradoksal bir dövr idi. Çünki SSRİ-nin timsalında çox ciddi simmetrik təhlükə aradan qalxmışdı və “düşmən kimdir” sualına konkret, birmənalı cavab yox idi. NATO SSRİ-nin varisi olan Rusiya Federasiyasını yeni dövrdə tərəfdaş dövlət kimi görürdü. Hətta 1990-cı illərdə Boris Yeltsin və Vladimir Putin o zamankı ABŞ prezidenti Bill Klintona Rusiyanın NATO-ya qəbul edilməsini şifahi olaraq təklif etmişdilər (RBC, 2024); (TASS, 2017). 2002-сi ildə NATO–Rusiya Şurası təsis edilərək bu format çərçivəsində Rusiya prezidentinin də iştirakı ilə strateji stabilliyə dair mövzuların və ikitərəfli əməkdaşlıq məsələlərinin müzakirəsi aparılırdı. 2001-ci ildə NATO-nun Əfqanıstandakı əməliyyatları başlayanda Rusiya bu əməliyyatlara logistik və texniki dəstək vermişdi. Almaniya başda olmaqla, NATO-nun Avropa qanadı Rusiya ilə enerji sahəsində dərin strateji tərəfdaşlıq qurmuşdu. Hətta Putinin təkqütblü dünya düzəninin reviziyasına çağırdığı və “yeni soyuq müharibə”nin başlanğıcı kimi qiymətləndirilən 2007-ci il tarixli məşhur Münhen nitqi belə Qərbin Rusiyaya baxışını dəyişdirməmişdi. Əksinə, 2010-cu ildə Lissabon sammitində qəbul olunan strateji konsepsiyada bildirilirdi ki, Rusiya ilə əməkdaşlıq strateji əhəmiyyətə malikdir, çünki bu, vahid sülh, sabitlik, təhlükəsizlik məkanının yaradılmasına kömək edir (nato.int, 2010). 2008-ci ildə Rusiyanın Gürcüstana hərbi müdaxiləsindən və suveren dövlətin ərazisini işğal etməsindən sonra bu cür mövqenin ortaya qoyulması ittifaqın və ümumən Qərbin strateji korluq yaşadığını göstərirdi. Belə bir mərhələdə Türkiyə təbii ki, NATO üçün “soyuq müharibə” dövründəki strateji əhəmiyyətini itirmişdi.
Lakin Rusiyanın Ukraynaya qarşı 2014-cü ildə Krımın ilhaqı ilə başlayıb, 2022-ci ildə kontinental müharibəyə çevrilən hərbi müdaxiləsi Avropanı təkrar “soyuq müharibə” dövrünün sərt reallıqlarına qaytardı. İttifaqın şərq cinahında, o cümlədən Qara dənizdə Rusiya ekspansiyasına qarşı tədbir görmək zərurəti Türkiyənin vacib, gərəkli müttəfiq olduğu gerçəyini yenidən aktuallaşdırdı.
Türkiyədəki yeni NATO strukturlaşması
Ukraynada müharibə başladıqdan sonra NATO Türkiyədə bir sıra yeni təşəbbüslər həyata keçirib, qərargahlar, komandanlıqlar formalaşdırmağa başlayıb. İstanbulun Qara dəniz sahilindəki Beykoz rayonunda Dəniz Komponentləri Komandanlığı (Maritime Component Command – MCC) yaradılıb (BBC, 2026). Bu komandanlıq Ukraynaya dəstək üçün Böyük Britaniya və Fransanın liderliyi ilə yaradılmış Çoxmillətli Qüvvələrin Operativ Qərargahı ilə əlaqəli fəaliyyət göstərir. Çoxmillətli Qüvvələrin Operativ Qərargahı NATO strukturu deyil. Bu qərargah müharibədən sonra Ukraynanın təhlükəsizliyinə təminat kimi bu ölkədə hərbi kontingent yerləşdirməyi nəzərdə tutan və Türkiyənin də daxil olduğu Könüllülər Koalisiyası çərçivəsində formalaşdırılıb. Bu ilin mart ayında Çoxmillətli Qüvvələrin Operativ Qərargahının komandanı, fransalı general Jean-Pierre Fague və onun köməkçisi, britaniyalı general Richard Stewart Charles Bell İstanbuldakı NATO Dəniz Komponentləri Komandanlığını ziyarət ediblər (Hürriyet, 2026). Yeni komandanlıqla bağlı ilk məlumat də məhz bu ziyarətlə bağlı yayılıb. Ukraynada yerləşdiriləcək çoxmillətli qüvvələrin dəniz komponentindən əlavə, quru və hava komponentlərinin olması da planlaşdırılır.
Türkiyədə formalaşdırılan digər NATO strukturu isə İncirlik hərbi bazasının yerləşdiyi Adana vilayəti ərazisində yerləşən Çoxmillətli Korpus (Multinational Corps Türkiye – MNC-TUR) qərargahıdır. Bu istiqamətdə işlərə NATO-nun 2023-cü il Vilnüs sammitinin qərarları əsasında başlanıb. Yeni qurulan qərargahın vəzifəsi regional planlar çərçivəsində onun tabeliyinə veriləcək qüvvələrin inteqrasiyasını təmin edərək öz məsuliyyət zonasında çəkindiricilik və müdafiə fəaliyyətləri həyata keçirməkdir. Qərargah NATO-nun cənub sərhədlərinin müdafiəsindəki boşluğu doldurmalı və Aralıq dənizi regionunda təhlükəsizliyə töhfə verməlidir. Göründüyü kimi, NATO təkcə Rusiya təhdidinə qarşı tədbirlər görməklə kifayətlənmir, ümumən 360 dərəcəlik müdafiə strategiyası həyata keçirir.
Bundan başqa, Türkiyədə NATO-nun Qara dənizdə Birləşmiş Operativ Qrupunun qərargahı (CTF-Black) fəaliyyət göstərir. Eyni zamanda, NATO-nun Çevik Reaksiya Korpusunun (Rapid Deployable Corps) qərargahlarından biri İstanbulda yerləşir. Bu, NATO məkanındakı 9 analoji qərargahdan biridir. 2024-cü ildə Türkiyə, Rumıniya və Bolqarıstan tərəfindən Qara dənizdə minalara qarşı mübarizə üzrə xüsusi qrup (Mine Countermeasures Black Sea) da yaradılıb (Anadolu, 2026).
Bütün bunlar Avropanın təhlükəsizliyinin təmin edilməsində Türkiyənin rolunun və önəminin nə qədər artdığını göstərir. NATO 3.0 adlandırılan hazırkı mərhələdə NATO 1.0 dövründə olduğu kimi, Türkiyə blok daxilində periferiyadan yenidən strateji mərkəzə çevrilir.
Avropa mərkəzli NATO-da Türkiyə vazkeçilməz müttəfiqə çevrilir
Krımı ilhaq etməsindən və Suriya əməliyyatlarına qoşulmasından sonra Rusiyanın Qara–Aralıq dənizi hövzəsində gücü və nüfuzu ciddi şəkildə artmışdı. Lakin Ukrayna müharibəsinin gedişində Rusiyanın Qara dəniz donanmasına aid bir çox gəminin (o cümlədən “Moskva” flaqman gəmisinin) məhv edilməsi və sıradan çıxarılması, akvatoriyada Ukrayna dəniz və hava pilotsuz vasitələrinin permanent rejimdə hərəkəti Rusiyanın Qara dənizdəki aktivliyini minimuma endirib. Türkiyə isə Montro Dəniz Konvensiyasına uyğun olaraq müharibə dövründə Rusiyanın (və digər dövlətlərin) hərbi gəmilərinin boğazlardan keçidini dayandırıb. Suriyada Bəşər Əsəd rejiminin devrilməsi Rusiyanın bu ölkədə və ümumən Orta Şərqdə mövqelərini zəiflədib. Azərbaycan–Ermənistan sülh və əməkdaşlıq prosesində təşəbbüsün ABŞ-a keçməsi və TRİPP marşrutu barədə razılaşma, eləcə də qərbyönümlü Paşinyan hökumətinin son seçkidə qalib gələrək hakimiyyətini qoruması Rusiyanın yaxın keçmişə qədər öz həyati maraq zonası saydığı Cənubi Qafqazda dominant oyunçu statusunu məhdudlaşdırır. Türkiyə dövləti istər çoxtərəfli–institusional (NATO) çərçivədə, istərsə də ayrılıqda Rusiyanın bu regionlardakı boşluğunu doldurmağa çalışan aktorlardan biridir. Onun regional böhranlara coğrafi yaxınlığı öz növbəsində NATO‐nun bu böhranlara çevik reaksiya vermək imkanlarını və qabiliyyətini də yüksəldir.
ABŞ-ın NATO-da və Avropanın təhlükəsizliyində oynadığı əvəzedilməz rolun Tramp administrasiyası tərəfindən məhdudlaşdırılmağa başlanması Türkiyəyə olan ehtiyacı artıran başqa bir amildir. İndi Şimali Atlantika Müqaviləsi Təşkilatında ağırlıq mərkəzi okeanın Amerika sahillərindən Avropa sahillərinə doğru sürüşür. NATO-nun Avropa mərkəzli hərbi bloka transformasiyası başlayıb.
Bu yeni reallıqlar fonunda Türkiyə böyük ordusu və inkişaf etməkdə olan hərbi sənayesi ilə Avropanın təhlükəsizliyində vazkeçilməz tərəfdaş halına gəlib. Türkiyədə müxalifətə qarşı sərt repressiyalar və kobud insan haqları pozuntularına Tramp hökuməti ilə birlikdə Avropa İttifaqının da səssiz qalması bununla əlaqədardır. Macarıstanda Viktor Orbanın seçkilərdə məğlub olaraq hakimiyyətdən getməsindən sonra Türkiyə avtoritar rejimin hökm sürdüyü yeganə NATO dövləti kimi qalır. Türkiyədə son NATO zirvəsi 22 il əvvəl – 2004-cü ildə İstanbulda keçirilmişdi. İstanbul sammitinə qatılan dövlət, hökumət başçıları arasında hazırda da hakimiyyətdə qalmağa davam edən yeganə lider məhz Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandır. Ankara zirvə toplantısı göstərdi ki, hazırda transatlantik birliyi narahat edən problemlər sırasında Türkiyədaxili məsələ yoxdur və müttəfiqlər avtokrat Ərdoğanla yaxın tərəfdaşlıqda problem görmür.
Transatlantik həmrəylik
Zirvə toplantısı ərəfəsində ABŞ administrasiyası ilə Qərbi Avropa arasında ideoloji antoqonizmdən qaynaqlanan fərqli dünyagörüş və siyasi ziddiyyətlər NATO-nun gələcəyi ilə bağlı pessimist proqnozlara səbəb olmuşdu. Hətta Donald Trampın toplantıya qatılmaq istəmədiyi barədə məlumatlar var idi. Lakin qorxulan olmadı və NATO-ya qısa ömür biçənlərin söylədikləri özünü doğrutlmadı. Trampın İspaniya haqqında neqativ fikirləri istisna olmaqla, Ankara sammiti ittifaqın bütövlüyünün qorunduğu və ABŞ- Avropa konsensusuna nail olunduğu vacib görüşlərdən biri kimi xatırlanacaq. Bu konsensus qəbul olunan yekun Bəyannamədə əksini tapıb.
Bəyannamədə 5-ci maddəyə uyğun olaraq kollektiv müdafiəyə bağlılıq ifadə edilərək bir üzv ölkəyə hücumun bütün üzvlərə hücum kimi qiymətləndiriləcəyi vurğulanır (nato.int, 2026). Rusiya və terrorizm NATO-ya 2 başlıca təhdid mənbəyi kimi göstərilir. Sənəddə Rusiya avroatlantik təhlükəsizliyə və sabitliyə uzunmüddətli təhdid kimi qiymətləndirilir. Silahlanma sahəsində 50 milyard dollardan çox yeni satınalmalar elan edilir və kollektiv istehsal gücünü genişləndirmək, innovasiyaları sürətləndirmək istiqamətində öhdəlik götürülür.
Trampın iştirakı ilə keçirilən 2025-ci il Haaqa sammiti ilə müqayisədə əsas yenilik Ankarada Ukrayna məsələsində vahid mövqenin ortaya qoyulmasıdır. Bəyannamədə bildirilir ki, Ukrayna transatlantik təhlükəsizliyə töhfə verir və üzv dövlətlər bu ölkənin azadlığı, suverenliyi, ərazi bütövlüyünün müdafiəsi işində ona dəstək vermək məsələsində həmrəydir. 2026-2027-ci illər üçün Ukraynaya 140 milyard avroluq hərbi yardım (silah, hərbi texnika, hərbi hazırlıq) ayrılması barədə üzv ölkələrin öhdəlik götürməsi zirvə toplantısının mühüm qərarlarından biridir. ABŞ və Avropanın Ukrayna məsələsində yenidən ortaq mövqedən çıxış etməyə başlaması Kiyev üçün çox vacib hadisədir. Prezident Trampın “Patriot” raketlərinin lokal istehsalını təşkil etmək üçün Ukraynaya lisenziya verəcəklərini açıqlaması və Ukrayna ordusunun Rusiyanın dərinliklərinə zərbələr endirməsini faktiki olaraq dəstəkləməsi də Vaşinqtonun tərəfsiz vasitəçi rolundan uzaqlaşaraq Avropaya yaxınlaşmasının göstəricilərindən biridir.
Ankara Bəyannaməsində müttəfiqlər avroatlantik məkana birbaşa aidiyyəti olmasa da, Trampa jest kimi İran məsələsinə də bir cümlə ilə toxunublar. Sənədin sonunda bildirilir ki, İran heç vaxt nüvə silahına sahib ola bilməz və Hörmüz boğazında azad gəmiçiliyə tam riayət olunmalıdır.
Nəticə
Ankara sammitinin müvəffəqiyyətlə tamamlanması, Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) daxili çətinliklərinə baxmayaraq, qlobal təhlükələrə qarşı hələ də bir araya gəlib çevik reaksiya verə bilən mexanizm olduğunu ortaya qoydu. Rusiya-Ukrayna müharibəsinin ortaya çıxardığı yeni geosiyasi vəziyyət, ittifaqın struktur islahatlarına keçidinə yola açmışdır. Bu dövrdə transatlantik oxun ağırlıq mərkəzinin Avropaya doğru dəyişməsi, regional güclərin, xüsusilə də Türkiyənin əhəmiyyətini ciddi şəkildə artırır. "Soyuq müharibə" dövründən sonra geosiyasi rolunu itirdiyi düşünülən Türkiyə, bu gün Qara Dəniz, Cənubi Qafqaz və Orta Şərqdəki strateji boşluqları dolduran, güclü ordusu və inkişaf etmiş hərbi sənayesi ilə Avropanın təhlükəsizliyini təmin edəcək açar aktor halına gəlmişdir. Ölkə daxilində qurulan yeni Dəniz Komponentləri Komandanlığı (MCC), Çoxmillətli Korpus (MNC-TUR) və digər əməliyyat qərargahları Türkiyəni NATO-nun strateji idarəetmə mərkəzi statusuna gətirir. Alyansın avtokratik idarəetməyə və insan haqları pozuntularına laqeyd yanaşması, strateji maraqların ideoloji prinsiplərdən daha önəmli olduğunu göstərir. Ankara Bəyannaməsi kollektiv müdafiə öhdəliklərini bir daha təsdiqləməklə bərabər, ABŞ və Avropa arasında razılığın qorunduğunu da nümayiş etdirir. Bu, Ukraynaya yönəlmiş 140 milyard avroluq hərbi yardım paketi ilə gerçəkləşdi.
Nəticədə, Ankara sammiti Rusiya və terrorizm kimi təhdidlərə qarşı 360 dərəcə müdafiə strategiyasını təsdiqlədi. Bu yeni formalaşmada Türkiyə Qərbin şərq sərhədlərini müdafiə edən, və Avropanın gələcək müdafiə modelini müəyyənləşdirən əhəmiyyətli mərkəzə çevrilir.
Qeyd: Oxuduğunuz yazı orijinal olaraq Azərbaycan dilində yazılmışdır.
İSTİNADLAR:
RBC, 2024. Ельцин заявлял Клинтону, что Россия «должна первой вступить в НАТО». https://www.rbc.ru/politics/26/01/2024/65b31bcc9a7947b8bad62e39?utm_referrer=https%3A%2F%2Fwww.google.com%2F
TASS, 2017. Путин предлагал Клинтону рассмотреть вариант вступления РФ в НАТО. https://tass.ru/politika/4310986
NATO.int, 2010. Lisbon Summit Declaration. https://www.nato.int/en/about-us/official-texts-and-resources/official-texts/2010/11/20/lisbon-summit-declaration?selectedLocale=ru
BBC, 2026. NATO'nun Türkiye'de kuracağı yeni karargâhlar hakkında neler biliniyor? https://www.bbc.com/turkce/articles/cwy3641kzklo
Hürriyet, 2026. İstanbul - Uluslararası askeri heyetten Deniz Unsur Komutanlığı'na ziyaret. https://www.hurriyet.com.tr/yerel-haberler/istanbul/istanbul-uluslararasi-askeri-heyetten-deniz-u-43138355
Anadolu, 2026. Karadeniz'de "Mayın Karşı Tedbirleri Karadeniz Görev Grubu" kuruldu. https://www.aa.com.tr/tr/gundem/karadenizde-mayin-karsi-tedbirleri-karadeniz-gorev-grubu-kuruldu/3263157
NATO.int, 2026. The Ankara Summit Declaration. https://www.nato.int/en/about-us/official-texts-and-resources/official-texts/2026/07/08/the-ankara-summit-declaration?selectedLocale=ru