(Yazı KHAR Centerin Təhlükəsizlik və Dövlət Arxitekturası araşdırmaları çərçivəsində hazırlanıb)
Abstrakt
Bu tədqiqat münaqişədən sonrakı Bosniya və Herseqovinanın sülh quruculuğu prosesini hibrid sülh yanaşması çərçivəsində təhlil edir. Tədqiqatın əsas məqsədi Bosniyada yerli və xarici aktorlar arasındakı dinamikanın hansı hibrid idarəetmə formalarını meydana çıxardığını başa düşmək üçün liberal sülh quruculuğu modelinin yaratdığı institusional nəticələri qiymətləndirməkdir. Bu qiymətləndirmə, özlüyündə Azərbaycan-Ermənistan postmüharibə konteksti üçün də bir sıra müqayisəli dərslər təqdim edir. Nəticə göstərir ki, beynəlxalq təşkilatların sülh quruculuğuna cəlb olunması və müxtəlif etnik qrupların müharibədən sonra bir yerdə yaşaması silahlı münaqişəyə son qoysa da, bu insanların “öz sərhəddindən kənarda” təhlükəsiz hiss edə bilməsinə nail ola bilməyib.
Giriş
“Azərbaycan-Ermənistan münaqişəsinə baxdıqda onlar fərqli dili danışır və fərqli etnik kimlikdən gəlir. Burda isə əsas fərqlilik dindir. Təsəvvür edin ki, ailənizin yarısı yoxdur və yenə də ora qayıdırsınız. Sağ qalmaq üçün icma ilə əlaqə qurursunuz. Və bu, geri qayıtma hissi sülh quruculuğunun ən çətin hissəsidir. Sülh quruculuğu istəyirsinizsə, geri qayıtmalısınız. Çünki sərhədin əks tərəfində yaşayan bir xalqınız yoxdursa, o zaman tamamilə təcrid olunmuş olursunuz. Beləliklə, əgər azlıq və başqa bir mövcudluq hissi yoxdursa, hər yerdə çoxluq varsa, onda dialoqa ehtiyac da yoxdur” (R.J 2026).
Silahlı münaqişənin başa çatması, dövlətlər arasında bağlanmış sülh müqaviləsi və ya sərhədlərin açılması heç də həmişə sülhə nail olmaq anlamına gəlmir. Bu proses özlüyündə legitim dövlət institutlarının formalaşdırılması, icmalar arasında etimadın bərpası prosesi və uzunmüddətli sabitliyin təmin edilməsi kimi fəaliyyətləri əhatə edir. İyirminci əsrin sonlarından etibarən Birləşmiş Millətlər Təşkilatı (BMT), Dünya Bankı (DB), müxtəlif donor hökumətlər və qeyri-hökumət təşkilatları (QHT) kimi xarici aktorlar davamlı sülhün əsas şərti kimi demokratik idarəetmə institutları və bazar əsaslı iqtisadi sistemlərin qurulmasını hədəfləyən liberal sülh quruculuğu yanaşmasından istifadə edirdilər (Paris 2004).
Bu mənada, adı çəkilən sülh quruculuğu instrumentlərinin ən geniş və intensiv şəkildə istifadə edildiyi məkanlardan biri keçmiş Yuqoslaviya məkanı olmuşdur. Regiona edilən liberal müdaxilələr əhəmiyyətli etnik parçalanmalar və bölgədəki dövlətlərin mövcudluğu ilə bağlı suallarla qarşılaşıb və nəticədə müxtəlif siyasi və institusional şəraitdən asılı olaraq müxtəlif nəticələrə səbəb olub. Xüsusilə Bosniya və Herseqovina beynəlxalq ictimaiyyətin yüksək səviyyəli müdaxilə və nəzarətinə məruz qalıb, sülh quruculuğu prosesinin institusional baxımdan ən mürəkkəb nümunələrindən birinə çevrilib. Bununla belə, etnik parçalanmalar, mürəkkəb konstitusiya quruluşu və beynəlxalq idarəetmənin geniş rolu liberal sülh quruculuğu modelinin praktik nəticələri ilə bağlı ciddi suallar doğurub. Bu səbəbdən Bosniya və Herseqovina beynəlxalq və yerli aktorlar arasındakı qarşılıqlı əlaqənin, eləcə də bu qarşılıqlı təsirin yaratdığı hibrid idarəetmə formalarının təhlili üçün əlverişli nümunə hesab olunur.
Liberal sülh quruculuğu yanaşmasının münaqişədən sonrakı cəmiyyətlərdə tətbiqi ilə bağlı əldə olunan nəticələrin ziddiyyətli olması mövcud nəzəri çərçivələrin yenidən nəzərdən keçirilməsini zəruri edir. Bu tədqiqatda beynəlxalq müdaxilələrlə yerli siyasi və sosial dinamikanın qarşılıqlı təsirini izah etmək üçün alternativ analitik çərçivə kimi hibrid sülh anlayışı irəli sürülür (Mac Ginty 2010; Richmond 2011). Tədqiqat məhz bu kontekstdə hibrid sülh anlayışını yalnız təsvir etməklə kifayətlənmir, onun Bosniya və Herseqovina nümunəsində necə formalaşdığını müəyyən edən struktur amilləri, xüsusilə institusional sərtlik və legitimlik problemlərini təhlil edir. KHAR Center-də dərc olunan bu tədqiqatda aşağıdakı iki əsas tədqiqat sualı müzakirə olunur:
- Bosniya və Herseqovinanın institusional sərtliyi ilə mövcud legitimlik böhranları arasındakı qarşılıqlı əlaqə hibrid sülhün təzahür formalarını necə müəyyənləşdirir?
- Hibrid sülh yanaşması Bosniya və Herseqovinadakı sülh quruculuğu prosesini izah etmək üçün nə dərəcədə adekvat analitik çərçivə təqdim edir?
Bu təhlil əsasən münaqişədən sonrakı sülh quruculuğu üzrə mövcud nəzəri ədəbiyyata, beynəlxalq təşkilatların hesabatlarına və Bosniya və Herseqovina üzrə aparılmış empirik tədqiqata əsaslanır. Nəzərə alaq ki, sülh quruculuğu prosesi beynəlxalq təcrübədə sülh müqaviləsi bağlandıqdan sonra uzun illər davam edən dinamik bir prosesdir və bu, yalnız hökumətlər arasındakı “simvolik imza” ilə yekunlaşmır. Tədqiqat boyunca araşdırılan liberal sülh quruculuğu modelinin Bosniya nümunəsində yaratdığı institusional nəticələr imkan verir ki, 2025-ci il sülh müqaviləsindən sonrakı Azərbaycan-Ermənistan postmünaqişə konteksti üçün müqayisələr aparılsın (U.S. Department of State 2025). Bu müqayisə imkan verir ki, 2023-cü ildən bəri Azərbaycanda vətəndaş cəmiyyəti üzvləri, siyasi fəal və pasifistlərə qarşı davam edən siyasi repressiyalar fonunda hakimiyyətin nəzarəti altında aparılan sülh quruculuğu və barışıq prosesi (M. Hüseynli 2025; Heinrich Böll Foundation 2025) üçün paralellər aparılsın.
Hibrid və liberal sülhün konseptual əsasları
Tədqiqatın əsas nəzəri aspekti münaqişədən sonrakı sülh quruculuğunun izahında sülhün beynəlxalq aktorlar tərəfindən institusional şəkildə qurulması ilə yerli icmalarda faktiki formalaşması arasındakı fərqdir. Tədqiqat əsas olaraq, “liberal sülh quruculuğu” , “hibrid sülh quruculuğu” və “gündəlik sülh (everyday peace)” fenomenlərini Roland Parisin "At War's End: Building Peace After Civil Conflict" (2004), Roger Mac Gintinin “Hybrid peace: The interaction between top-down and bottom-up peace” (2010) və Oliver P. Riçmondun “Hybrid Forms of Peace: From Everyday Agency to Post-Liberalism” (2011) əsərlərinə istinad edərək konseptuallaşdırır. Bunun üçün əvvəlcə Parisin liberal sülh quruculuğu yanaşmasının əsaslarının izahına müraciət edəcəyik. Daha sonra Mac Ginti və Riçmond bu yanaşmaya tənqidlərini nəzərdən keçirərək yerli aktorların və gündəlik sosial münasibətlərin sülhün formalaşmasındakı rolunu müzakirə edəcəyik. Bu ədəbiyyatın ortaq arqumenti ondan ibarətdir ki, münaqişədən sonrakı sülh yalnız beynəlxalq aktorların yaratdığı formal institutların nəticəsi kimi başa düşülə bilməz. Sülh eyni zamanda həmin institutların yerli siyasi və sosial aktorlar tərəfindən necə qəbul edilməsi, uyğunlaşdırılması və ya onlara müqavimət göstərilməsi nəticəsində formalaşır. Buna görə də Bosniya və Herseqovina nümunəsinin təhlili yalnız liberal sülh quruculuğu modeli ilə məhdudlaşmır, həm də hibrid sülh yanaşması beynəlxalq müdaxilə ilə yerli agentlik arasındakı qarşılıqlı əlaqəni izah etmək üçün əsas analitik çərçivə kimi istifadə olunur.
Münaqişədən sonrakı sülh quruculuğunun izahına nəzər saldıqda görə bilərik ki, liberal sülh yanaşması uzun müddət dominant nəzəri çərçivə olub. Bu yanaşmaya görə:
Demokratiya + Bazar İqtisadiyyatı + Qanunun Aliliyi = Davamlı Sülh
Yəni davamlı sülhün təmin edilməsi demokratik siyasi institutların, hüququn aliliyinin və bazar iqtisadiyyatına əsaslanan iqtisadi sistemin qurulmasından asılıdır. Bu çərçivədə demokratik institutlar dedikdə azad və ədalətli seçki sistemi, hökumətin vətəndaşlarına qarşı hesabatlılğı, azad məhkəmə sistemi, insan hüquqlarına hörmət və qanunun aliliyinə istinad edilir. Bazar əsaslı iqtisadi sistem isə özəl biznes, azad ticarət, investisiya və bazarlar üzərində məhdud dövlət nəzarəti olan kapitalist iqtisadiyyat modelini nəzərdə tutur. Liberal sülh modeli münaqişənin əsas səbəblərini zəif dövlət institutları və qeyri-demokratik idarəetmə ilə əlaqələndirir. Buna görə də beynəlxalq müdaxilələrin əsas məqsədi dövlət quruculuğu, institusional islahatlar və demokratik idarəetmənin təşviqidir (Paris 2004). Praktikada isə bu belə görünür: beynəlxalq təşkilatlar (BMT, Dünya Bankı, Qərb hökumətləri) gəlir, seçkilər təşkil edir, dövlət sənayesini özəlləşdirir, dövlət təhlükəsizlik qüvvələrini yenidən qurur və vətəndaş cəmiyyəti qruplarını maliyyələşdirir və bütün bunların hamısı Qərb institutlarına əsaslanır. Bu yanaşma o zaman standart hala gəldi ki, Soyuq müharibədən sonra liberal demokratiya tarixin gəlib çata biləcəyi ən son nöqtə kimi görünürdü. Xüsusilə 1990-cı illərdən etibarən Avropa İttifaqı və digər beynəlxalq aktorların Bosniya və Herseqovinada həyata keçirdiyi müdaxilələr məhz bu yanaşmanın praktik ifadəsi kimi qiymətləndirilir.
Kuper, Törner və Pyu (2011) kimi tənqidçilər qeyd edirlər ki, bu yanaşma uğuru səhv alətlərlə ölçür. Belə ki, seçkilərdə iştirak və özəlləşdirmə nisbətləri insanların özlərini təhlükəsiz, təmsil olunmuş və ya iqtisadi cəhətdən sabit hiss edib-etmədikləri barədə heç nə demir. Prinsipcə, tənqidçilər Qərb donorlarının öz ölkələrində heç vaxt qəbul etməyəcəkləri və demokratiyanın kövrək olduğu dövlətlərdə isə bərabərsizliyi daha da dərinləşdirən neoliberal iqtisadi siyasət tətbiqinin (xərclərin azaldılması, bazarların açılması, özəlləşdirmə) yumşaq imperializm olduğunu iddia edirlər. Yanaşmanın Roland Paris (2004) kimi müdafiəçiləri isə iddia edir ki, bu model zərərdən daha çox xeyir gətirib və ondan imtina etmək müharibədən zərər çəkmiş cəmiyyətləri strukturlaşdırılmış beynəlxalq dəstəkdən məhrum edəcək. Həmçinin bu yanaşmanın tamamilə rədd edildiyi təqdirdə onu əvəz edəcək real alternativin mövcud olmadığını əlavə edirlər. Roland Paris (2004) də liberal modelə təklif olunan əksər "alternativlərin" əslində fərqli brendinqli liberal dəyərlər olduğunu iddia edərək öz etirazını bildirir. Digər tərəfdən isə tənqidçilər "alternativ yoxdur" arqumentinə qarşı çıxaraq Şərqi Asiya ölkələri və Çin kimi dövlətlərin göstərdiyi inkişaf modellərinə istinad edirlər. Hansı ki, bu nümunələr iqtisadi inkişafın və siyasi sabitliyin liberal demokratiya olmadan da müəyyən dərəcədə təmin oluna biləcəyini göstərir. Bununla yanaşı əlavə olunur ki, beynəlxalq sülh müdaxilələrinin formal olaraq ev sahibi dövlətlərin razılığı ilə həyata keçirilməsi onların tam könüllü olduğu mənasına gəlmir. Beynəlxalq maliyyə yardımı, kreditlər və donor şərtləri çox vaxt dövlətləri müəyyən institusional və siyasi islahatların qəbuluna məcbur edən dolayı təzyiq mexanizmlərinə çevrilir. Avropa İttifaqına üzvlük şərtləri Bosniya və Herseqovina keysində xüsusilə əhəmiyyətlidir. Bu baxımdan beynəlxalq müdaxilələrdə zamanı nail olunan "razılıq" özü də mübahisəlidir.
Bu yanaşmanın çatışmazlıqlarından biri də silahlı münaqişədən çıxmış cəmiyyətlərin yerli siyasi, sosial və tarixi xüsusiyyətlərinin kifayət qədər nəzərə alınmamasıdır. Nəticədə həyata keçirilən islahatlar çox vaxt universal xarakter daşıyır və fərqli tarix, dinamika və kontekstə sahib münaqişələrə eyni həll yolları tətbiq edilir. Bu isə “hamı üçün vahid ölçü” (one-size-fits-all) yanaşmasına gətirib çıxarır. Beynəlxalq təşkilatlar yerli əhalini sülh quruculuğunun fəal iştirakçıları kimi deyil, əvvəlcədən hazırlanmış “həllər planının” passiv iştirakçıları kimi qiymətləndirirlər. Halbuki yerli əhali öz siyasi təcrübə, qeyri-rəsmi institut və münaqişənin idarə olunmasına dair öz alternativ mexanizmlərinə sahibdirlər. Müdaxilə olunan ərazi isə onların vətəni, gündəlik həyatlarının bir hissəsidir. Bu baxımdan, sülh quruculuğunu yalnız institutların yaradılması kimi deyil, onların yerli icmalar tərəfindən qəbul edilməsi, uyğunlaşdırılması və ya rədd edilməsi prosesi kimi də nəzərdən keçirmək lazımdır. Bu səbəbdən liberal sülh modeli bir çox hallarda birbaşa zorakılığın və silahlı qarşıdurmanın qarşısını alsa da, münaqişənin struktur səbəblərini və cəmiyyətdəki güvən problemlərini aradan qaldırmaqda yetərsiz qalır. Nəticədə bəzi müəlliflərin “zorakı sülh” (violent peace) adlandırdığı vəziyyət ortaya çıxır. Bu halda formal institutlar fəaliyyət göstərir, lakin sülh cəmiyyət və siyasi aktorlar tərəfindən tam legitim və davamlı qəbul edilmir. Bu tənqidlərin mərkəzində duran əsas arqument ondan ibarətdir ki, liberal sülh modeli əsasən Qərb institutlarırnın təsəvvürləri əsasında formalaşdırılmış və münaqişədən sonrakı cəmiyyətlərin gündəlik sosial-siyasi reallıqlarını tam əks etdirməyən institusional çərçivəyə söykənir.
Bu tənqidlər fonunda Roger Mac Ginti (2010) hibrid sülh anlayışını inkişaf etdirir. O, münaqişədən sonrakı cəmiyyətlərdə formalaşan sülhü nə tamamilə beynəlxalq missiyaların tətbiq etdiyi liberal modelin nəticəsi kimi, nə də yalnız yerli icmaların məhsulu kimi qiymətləndirir. Əksinə, sülh bu iki səviyyə arasında davamlı qarşılıqlı təsir, uyğunlaşma və qarşılıqlı dəyişmə prosesində formalaşır. Bu baxımdan deyə bilərik ki, hibrid sülh liberal sülhə alternativ model yox, beynəlxalq missiyaların praktikada necə transformasiya olunduğunu izah edən analitik çərçivədir.
Mac Ginty hibrid sülhün formalaşmasını dörd qarşılıqlı dinamika vasitəsilə izah edir:
- Birinci dinamika beynəlxalq təşkilatların tətbiq etdiyi liberal sülhün struktur təsirinə istinad edir (compliance pressure). Buraya beynəlxalq təşkilatlar tərəfindən yaradılan institusional çərçivələr, hüquqi normalar və idarəetmə standartları daxildir. Bu mexanizm vasitəsilə yerli institutların və siyasi aktorların müəyyən beynəlxalq normalara uyğun fəaliyyət göstərməsi təşviq edilir.
- İkinci dinamika beynəlxalq nümayəndələrin dövlət institutlarının davranışına təsir göstərmək üçün istifadə etdikləri təşviqlərdir (incentives). Bunlar özünü maliyyə yardımı, donor proqramları və Avropa İttifaqına inteqrasiya perspektivi kimi digər siyasi vədlər formasında özünü göstərə bilər. Sonda əldə edilən razılıq isə yalnız təzyiq yolu ilə deyil, həm də maddi-siyasi stimullar vasitəsilə təmin olunmuş olur.
- Üçüncü dinamika yerli müqavimət və uyğunlaşmadır (resistance/subversion). Müəllifin qeyd etdiyi kimi, yerli aktorlar xarici müdaxiləni passiv formada qəbul etmir. Açıq siyasi qarşıdurma, prosedurların dəyişdirilməsi, islahatların ləngidilməsi və ya beynəlxalq normaların öz mövcud reallıqlarına uyğunlaşdırılması nümunələrini yerli müqavimət formalarına misal gətirmək olar.
- Dördüncü dinamika beynəlxalq müdaxilədən kənarda mövcud olan və ya onunla paralel fəaliyyət göstərən alternativ yerli idarəetmə mexanizmləridir (alternative systems). Bunlara qeyri-rəsmi siyasi institutlar, dini və ənənəvi liderlər, eləcə də dövlət institutlarından kənarda fəaliyyət göstərən sosial əməkdaşlıq şəbəkələri daxildir. Bu alternativ mexanizmlər xarici təşkilatlarla birlikdə fəaliyyət göstərərək sülhün praktikada necə həyata keçirildiyini müəyyən edə bilər.
Postmüharibə cəmiyyətlərində sülh bu dörd dinamikanın qarşılıqlı təsiri nəticəsində formalaşan hibrid idarəetmə və legitimlik formasıdır. Bu sülh nə tam liberal, nə də tam yerli xarakter daşıyır. Oliver Riçmond (2011) bu yanaşmanı daha da inkişaf etdirərək sülhün əvvəlcədən müəyyən edilmiş hazır bir layihə deyil, müxtəlif xarici və lokal aktorlar arasında davamlı inkişaf edən və dəyişən sosial-siyasi qarşılıqlı əlaqənin nəticəsi olduğunu irəli sürür. Riçmondun yanaşmasında sülh beynəlxalq təşkilatlar, dövlət institutları və yerli icmalar arasında aparılan davamlı danışıq və güzəştlər vasitəsilə formalaşan dinamik bir prosesdir. Bu yanaşma sülhü həmin institutların yalnız mövcudluğu ilə deyil, həm də onların yerli əhali tərəfindən gündəlik həyatda qəbul olunub-olunmaması ilə əlaqələndirir. Riçmondun “gündəlik sülh” (everyday peace) yanaşması göstərir ki, sülhün davamlılığı yalnız konstitusiya və ya dövlət aparatlarında edilən dəyişikliklərdən deyil, həm də icmaların gündəlik həyatda qarşılıqlı münasibətlərindən, dövlət institutlarına olan etimadından da asılıdır.
Bununla yanaşı, hibrid sülh nəzəriyyəsini başa düşmək üçün öncə elə "yerli" anlayışının nə mənaya gəldiyini bilməliyik. İlkin ədəbiyyat nümunələrinə baxdıqda, yerli aktorlar bəzən vahid və homogen bir kateqoriya kimi təqdim edilsə də (Paffenholz 2015), sonrakı ədəbiyyat nümunələri bu yanaşmanı tənqid edib (Mac Ginty 2015). Yerli aktorlar müxtəlif siyasi elita, dövlət institutu, vətəndaş cəmiyyəti təşkilatı, dini lider və ya fərqli sosial qrupları əhatə edə bilər (Leonardsson & Rudd 2015). Bu müxtəlifliyi qeyd etmək vacibdir, çünki onların maraq, resurs və beynəlxalq müdaxiləyə münasibətləri bir-birindən fərqlənir. Buna görə də yerli əhalinin beynəlxalq müdaxiləyə reaksiyası həmişə vahid deyil və fərqli strategiya, uyğunlaşma forması və müqavimət mexanizmləri ilə xarakterizə olunur. Hibrid sülhün təhlili də məhz bu müxtəlifliyi nəzərə almağı tələb edir.
Bu tədqiqat yuxarıda təqdim olunan nəzəri ədəbiyyat nümunələrini Bosniya və Herseqovinada 1992-95-ci illər aralığında baş verən müharibədən sonrakı sülh quruculuğu dövrünü təhlil etmək üçün analitik çərçivə kimi qəbul edir. Tədqiqatın əsas diqqət mərkəzində üç qarşılıqlı əlaqədə olan anlayış dayanır: institusional sərtlik, legitimlik və yerli agentlik. Birincisi, beynəlxalq müdaxilə nəticəsində yaradılmış institutların nə dərəcədə çevik və ya sərt olduğunu araşdırır. İkincisi, həmin institutların yerli siyasi və ictimai aktorlar tərəfindən legitim hesab olunub-olunmadığı qiymətləndirir. Üçüncüsü isə yerli aktorların bu institutlara uyğunlaşma, onları dəyişdirmə və ya müqavimət göstərmə formalarını təhlil edilir. Növbəti bölmələrdə təsvir olunan Bosniya və Herseqovinanın institusional inkişafı və müsahibələrdən əldə edilən empirik material məhz bu analitik çərçivə əsasında şərh olunur.
Bosniya və Herseqovinada Liberal Sülhün Sərt İnstitusional İrsi və Legitimlik Problemi
1995-ci ildə imzalanmış Dayton Sülh Sazişi Bosniyada 3 illik müharibəyə son qoymaqla yanaşı, ölkənin yeni siyasi və institusional sisteminin də əsasını qoydu. Müharibədən sonrakı dövlət quruculuğu prosesi yüksək səviyyədə beynəlxalq nəzarət altında həyata keçirildi və Ali Nümayəndə Ofisi (Office of the High Representative - OHR) geniş icra səlahiyyətləri əldə etdi. Bu sistemin əsas məqsədi yeni silahlı qarşıdurmanın qarşısını almaq, dövlət institutlarını bərpa etmək və Bosniyanı sabit siyasi sistemə çevirmək idi. Dayton müqaviləsi bu məqsədə böyük ölçüdə nail olmağı bacardı: müharibə dayandırıldı, dövlət institutları yaradıldı və ölkədə genişmiqyaslı silahlı zorakılıq halları yenidən baş vermədi. Lakin Konstitusiya müxtəlif etnik qrupların dinc əməkdaşlığını təmin etmək və dövlətdə güclü paya sahib olmaq istəklərini qarşılamaq üçün boşnak, serb və xorvatlar arasında güc paylaşımı mexanizmlərini də tətbiq edir. Buraya, məsələn, bir boşnak və bir xorvatdan (Bosniya və Herseqovinanın Bosniya-Xorvat Federasiyasından seçilən) və Bosniyanın serb hissəsində (Serb Respublikası) seçilən bir serb üzvündən ibarət üç nəfərlik Prezidentlik orqanının mövcudluğu daxildir. Nəticədə müharibəni dayandıran institusional çərçivə - Dayton müqaviləsi etnik bölgünü də dövlət idarəçiliyinin daimi elementinə çevirdi.
Bu xüsusiyyət əslində Dayton sisteminin əsas paradoksunu formalaşdırır. Gerard Toalın (2011) da qeyd etdiyi kimi, bu model münaqişənin yenidən alovlanmasının qarşısını almaqda uğur qazansa da, müxtəlif etnik qruplar arasında uzunmüddətli siyasi inteqrasiyanın formalaşmasına eyni dərəcədə töhfə vermədi. Başqa sözlə desək, sistem sabitliyi qoruyur, lakin siyasi əməkdaşlıq və ortaq vətəndaş kimliyinin inkişafı üçün əlverişli şərait yaratmır. Bu baxımdan Bosniyada formalaşan sülh Galtungun (1969) təsvir etdiyi daha çox zorakılığın qarşısını alan "neqativ sülh" (negative peace) xüsusiyyətlərini daşıyır, nəinki cəmiyyət daxilində dərin etimad münasibətlərini bərpa edən və sosial barışığı formalaşdıran “pozitiv sülh” (Janine Natalya Clark 2009).
Dayton sisteminin digər mühüm xüsusiyyəti onun yüksək institusional sərtliyidir. Ölkədəki siyasi kompromislərin çətinləşməsi və dövlət institutlarındakı fəaliyyətininin tez-tez iflic olması bu sistemin mürəkkəb qərar qəbuletmə mexanizmləri və etnik veto hüquqları ilə izah olunur. David Çandler (2006) bu vəziyyəti "məcburi dövlətçilik" (imposed statehood) anlayışı ilə izah edir: beynəlxalq aktorların müdaxiləsi ilə qısamüddətli sabitlik yaranır, amma bu eyni zamanda yerli siyasi elitaların vətəndaş qarşısındakı hesabatlılığını zəiflədir və islahatlara marağını azaldır. Beləliklə, ölkədə iki modelin xüsusiyyətlərini birləşdirən mürəkkəb idarəetmə sistemi formalaşdığı üçün Bosniya nə tam suveren milli dövlət, nə də klassik mənada beynəlxalq protektorat kimi xarakterizə oluna bilər.
Bu institusional xüsusiyyətlər Bosniyanı Roger Mac Gintinin müəyyən etdiyi dörd dinamika əsasında təhlil etməyə imkan verir. Belə ki, beynəlxalq uyğunluq təzyiqi (compliance) daha güclü təsirə malik olduğu üçün dövlət institutlarının təşkili, hüquqi islahatlar və idarəetmə standartları böyük ölçüdə beynəlxalq aktorlar tərəfindən müəyyən edilir. Avropa İttifaqına inteqrasiyanın uzun illərdir Bosniyada siyasi və institusional dəyişikliklərin əsas təşviq mexanizmi kimi çıxış etməsini xarici təşviqlər (incentives) dinamikasının praktik nümunəsi kimi qiymətləndirə bilərik. Bununla yanaşı, Bosniyadakı yerli müqavimət (resistance) beynəlxalq müdaxilənin açıq şəkildə rədd edilməsi formasında baş vermir: yerli siyasi elitalar beynəlxalq institutlara formal olaraq uyğunlaşsalar da, onları çox vaxt öz siyasi maraqlarına uyğun şəkildə istifadə edirlər. Digər tərəfdən, Gintinin dördüncü elementi olan alternativ yerli idarəetmə və legitimlik mexanizmləri (alternatives) yüksək institusional sərtlik səbəbindən siyasi səviyyədə məhdud şəkildə inkişaf edib. Nəticədə Bosniyada hibrid sülh beynəlxalq və yerli aktorların qarşıdurmasından deyil, onların qarşılıqlı fəaliyyəti nəticəsində mövcud siyasi və institusional sistemin yenidən istehsal olunmasından yaranır. Bu mənada Bosniya nümunəsi bu tədqiqatda bloklanmış hibridlik (blocked hybridity) kimi xarakterizə olunur.
Lakin Bosniyada hibrid sülhü yalnız siyasi elitaların fəaliyyəti ilə izah etmək yetərli olmazdı. Dövlət institutları hüquqi baxımdan mövcud olsa da, kollektiv yaddaşın formalaşdırılması, müharibə cinayətlərinin tanınması və ictimai etimadın bərpası kimi sahələrdə əsas təşəbbüs vətəndaş cəmiyyətindən gəlir. Bu mənada nümunə kimi “Srebrenitsa Anaları”nın fəaliyyəti diqqətəlayiqdir və formal institutlardan kənarda formalaşan legitimlik və sosial münasibətlərin rolunu anlamaq üçün Oliver Riçmondun “everyday peace” yanaşmasına müraciət edəcəyik. 1999-cu ildən etibarən yaddaşın qorunması, müharibə cinayətlərinin tanınması və ədalətin təmin edilməsi istiqamətində göstərdikləri fəaliyyət qrupun həm Bosniya, həm də beynəlxalq səviyyədə normativ aktora çevrilməsinə kömək olub (Hasić et all 2020). Onların Beynəlxalq Ədalət Məhkəməsinə müraciəti və uzunmüddətli hüquqi mübarizəsi formal siyasi institutlardan kənarda da yarana biləcək alternativ sosial məkanların isbatıdır. Bu nümunə Bosniyadakı legitimlik probleminin yalnızca siyasi-institusional deyil, həm də mənəvi xarater daşıdığını göstərir.
Son illərdə baş verən siyasi hadisələr, xüsusilə 2021-ci ildən etibarən Milorad Dodikin dövlət institutlarından uzaqlaşma siyasəti və Serb Respublikasının səlahiyyətlərini genişləndirməyə yönəlmiş cəhdləri də Bosniyada bloklanmış hibridliyin davam etdiyini göstərir (VoxEurop 2025). Bu siyasi gərginlik həm də Dayton sisteminin daxili gərginliklərini yenidən üzə çıxarır. Paralel olaraq, Ali Nümayəndənin qanunvericilik müdaxilələrinin davam etməsi və Avropa İttifaqına inteqrasiya prosesinin ləngiməsi Bosniyada mövcud institusional çərçivənin həm daxildən, həm də xaricdən dəyişdirilməsinin çətin olduğunu və sistemin yüksək institusional sərtlik qazandığını göstərir.
Nəticə etibarilə, Bosniya və Herseqovinada hibrid sülh mövcud sistemi dəyişdirməkdə kifayət qədər təsirli olmayıb. Beynəlxalq aktorlar siyasi sabitliyi qorumağa çalışır, yerli siyasi aktorlar isə mövcud institusional çərçivə daxilində fəaliyyət göstərirlər. Buna görə də onların qarşılıqlı fəaliyyəti yeni siyasi nizam yaratmaqdan çox, mövcud sistemin davam etməsinə səbəb olur. Bu baxımdan, Bosniya nümunəsi göstərir ki, institusional sistem dəyişməyə qapalı olduqda, hibrid sülh də transformasiya yaratmaq əvəzinə status-kvonu qoruyan bir mexanizmə çevrilə bilər.
Metodologiya
Bu tədqiqat, Bosniya və Herseqovinada münaqişədən sonrakı sülh quruculuğu prosesində beynəlxalq və yerli aktorlar arasındakı qarşılıqlı əlaqənin necə formalaşdığı, müxtəlif etnik qrupların gündəlik sülhü necə təcrübə etdiyi, istiqamətləndirdikləri və danışıqlar apardığını araşdırmaq üçün keyfiyyət əsaslı tədqiqat dizaynından istifadə edir. Tədqiqat sualları beynəlxalq və yerli aktorların qarşılıqlı münasibətlərini və Bosniyanın konkret siyasi və sosial kontekstində sülh quruculuğunun necə həyata keçirildiyini anlamağa yönəldiyi üçün keyfiyyət əsaslı yanaşmadan istifadə edilib. Tədqiqatın əsas məqsədi vətəndaş cəmiyyəti üzvlərinin sülh quruculuğu prosesində üzləşdiyi məhdudiyyətləri necə təcrübə etdiyi, bu məhdudiyyətlərin iştirakçılar tərəfindən necə şərh edildiyini və mövcud institusional və siyasi çərçivə daxilində necə idarə olunduğunu anlamaqdır. Müsahibə iştirakçılarının ifadələri Bosniyada sülh quruculuğunun praktikada necə həyata keçirildiyini göstərən əsas empirik məlumat mənbəyi kimi nəzərdən keçirilir. Onların perspektivləri təhlilin əsas anlayış mənbələrindən birini təşkil edir.
Metodologiya iki tamamlayıcı metodu özündə birləşdirir. Birincisi müsahibə məlumatlarını şərh etmək və sülh quruculuğunu kontekstləşdirmək üçün mövcud ədəbiyyat nümunələrini, milli və beynəlxalq siyasi sənədləri və mövzu ilə əlaqəli digər mənbələri nəzərdən keçirməyi əhatə edən masaüstü tədqiqatı əhatə edir. Bu materiallar Bosniyada müharibədən sonrakı dövrü, beynəlxalq müdaxilənin rolunu və sülh quruculuğunun siyasi və sosial kontekstini anlamaq üçün istifadə olunur. İkinci və əsas metod Bosniya və Herseqovinada sülh quruculuğu sahəsində fəaliyyət göstərən vətəndaş cəmiyyəti nümayəndələri ilə aparılmış yarı-strukturlaşdırılmış keyfiyyət əsaslı müsahibələrdir. Ümumilikdə üç iştirakçı statistik təmsilçilik əvəzinə, tədqiqat suallarına birbaşa aidiyyətlərinə əsaslanaraq məqsədyönlü seçmə yolu ilə seçilmişlər: R.J. Srebrenitsa Memorial İnstitutunda 15 illik təcrübəyə malik hüquqşünasdır; A.H. hüquqi məsləhətçi kimi münaqişə ilə əlaqəli seksual zorakılıq qurbanları ilə işləyib və L.M. sahədə fəaliyyət göstərən gənc sülh qurucusudur. İştirakçıların adları real olsa da, mətndə anonimlik məqsədilə baş hərflərlə əvəz olunub və iştirakçıların xahişi ilə transkriptlərdən müəyyənedici məlumatlar çıxarılıb. Bunun səbəbi mövzunun siyasi həssaslığı və iştirakçıların identifikasiya olunma ehtimalına qarşı onların şəxsi təhlükəsizliyini və peşə fəaliyyətlərində hər hansı problemlə üzləşməmələrini təmin etməkdir.
Müsahibələr təxminən 50-60 dəqiqə davam edən yarı-strukturlaşdırılmış formatda aparılan fərdi müsahibələr vasitəsilə aparılıb. Bu format əvvəlcədən müəyyənləşdirilmiş tematik istiqamətləri (donor prioritetləri, layihə idarəetməsi, gündəlik münasibətlər, siyasi struktur) izləməklə yanaşı, iştirakçılara vacib hesab etdikləri məsələləri təqdim etməyə və öz təcrübələrini ətraflı izah etməyə imkan vermək məqsədi güdür. Müsahibə bələdçisi tədqiqat suallarını və nəzəri çərçivəni əks etdirir və açıq sualları özündə birləşdirirdi: “Kimləri tərəfdaş olaraq hesab edirsiniz və əməkdaşlıq etməkdən çəkindiyiniz hər hansı bir institut varmı?”, “Elə anlar olubmu ki, rəsmi kanallarla əməkdaşlıq etməyə çalışmısınız, lakin anlınmayıb?”, “Hazırda yaşadığınız icmada müharibə zamanı baş verənlər haqqında hər kəsin danışa biləcəyi bir məkan varmı?”, “Formal layihələrdən kənarda fərqli icmalar daxilində gündəlik ünsiyyət nəyə bənzəyir?” və “Donor hesabatı üçün yox, dürüstcəsinə təsvir etsəydiniz, son on ildə ölkənizdə nə qədər dəyişiklik olduğunu deyə bilərdiniz?”.
Müsahibələr ingilis dilində aparılıb və iştirakçıların açıq razılığı ilə səs yazısına alınıb. Səs yazılarına və transkriptlərə yalnız müəllifin çıxışı var. Müsahibələr sözbəsöz transkripsiya edilib və daha sonra Azərbaycan dilinə tərcümə olunub. Tərcümə zamanı ifadələrin mənasının və nüanslarının qorunmasına xüsusi diqqət yetirilib. Məlumatlar, Mac Gintinin hibrid sülh modeli (2010) ilə Riçmondun gündəlik sülh yanaşması (2011) nəzəri çərçivəsinə əsaslanaraq ilkin kodlaşdırma, mövzu inkişafı, çarpaz müqayisə və nəzəri şərh mərhələlərindən istifadə edərək MAXQDA proqramında tematik təhlildən istifadə edilərək təhlil edilib. Kodlaşdırma, nəzəri çərçivədə müəyyən edilmiş analitik kateqoriyalara diqqət yetirərək, əl ilə aparılıb.
Tapıntılar
Tapıntılara giriş
Bu fəsil Bosniya və Herseqovinada sülh quruculuğu sahəsində fəaliyyət göstərən üç vətəndaş cəmiyyəti üzvü ilə aparılmış yarı-strukturlaşdırılmış müsahibələrdən əldə olunan əsas empirik tapıntıları təqdim edir. Təhlilin əsas diqqət mərkəzi iştirakçıların sülh quruculuğu təcrübələri, beynəlxalq donor və təşkilatların prioritetlərinin yerli təşəbbüslərə təsiri, formal layihələrlə yerli sosial təsir arasındakı fərqə və müharibə irsinin gündəlik münasibətlərdə davam etməsinə fokuslanır.
Müsahibələr göstərir ki, Bosniyada sülh quruculuğu beynəlxalq və yerli amillərin qarşılıqlı təsiri ilə formalaşır. Burada donor prioritetləri, yerli təşkilatların imkanları, gündəlik qarşılıqlı əlaqələr və siyasi-institusional mühit mühüm rol oynayır. Bu qarşılıqlı təsirlər müəyyən hibrid formalar yaratsa da, onların transformativ potensialı məhdud olaraq qalır. Müsahibə materialının təhlili tematik olaraq bir-biri ilə əlaqəli dörd əsas istiqaməti ortaya çıxarır: (1) beynəlxalq donor prioritetlərinin və sülh gündəliyinin transformasiyası, (2) formal layihələr və yerli legitimlik arasındakı uyğunsuzluq, (3) gündəlik sülh, etnik sərhədlər və ötürülən qorxu, (4) siyasi və institusional bloklanma və sülh quruculuğunun məhdud transformativ potensialı .
Bu struktur ilk tədqiqat sualı olan “Bosniya və Herseqovinanın institusional sərtliyi ilə mövcud legitimlik böhranları arasındakı qarşılıqlı əlaqə hibrid sülhün təzahür formalarını necə müəyyənləşdirir?” cavablandırılmasına xidmət edir. İkinci tədqiqat sualı, hibrid sülh yanaşmasının bu prosesləri izah etmək üçün analitik baxımdan nə dərəcədə adekvat olması isə əsasən Müzakirə fəslində cavablandırılır. Burada empirik tapıntılar Mac Gintinin hibrid sülh yanaşması və Riçmondun gündəlik sülh konsepsiyası ilə qarşılaşdırılaraq onların Bosniya nümunəsini izah etmək imkanlarını və məhdudiyyətlərini müzakirə edilir.
1. Beynəlxalq donor prioritetləri və sülh gündəliyinin transformasiyası
Bu başlıq TS1-in beynəlxalq aktorların yerli sülh quruculuğu prosesini necə formalaşdırdığı hissəsinə cavab verir. Müsahibələrdə ən çox vurğulanan məqam odur ki, Bosniyada beynəlxalq aktorların rolu yalnız maliyyə və texniki dəstəklə məhdudlaşmır. Bu o deməkdir ki, donor prioritetləri hansı məsələlərin sülh quruculuğu gündəliyinə daxil ediləcəyinə, hansı layihələrin maliyyələşdiriləcəyinə və hansı layihələrin davam etdiriləcəyinə də təsir göstərir. İştirakçıların təcrübələri xüsusilə donor prioritetlərinin zamanla dəyişməsinin yerli təşkilatların fəaliyyətinə təsir etdiyini, formal layihə nəticələri ilə icmada yaradılan sosial təsirin həmişə üst-üstə düşmədiyini ortaya qoyur.
Bir iştirakçı 1995-2000-ci illəri Bosniyada “böyük beynəlxalq müdaxilə dövrü” kimi xarakterizə edir. Onun sözlərinə görə, həmin mərhələdə əsas diqqət müharibə ilə necə hesablaşmaq və keçmişlə bağlı müəyyən “müvəqqəti həllər” yaratmaq üzərində cəmlənmişdi. Sonrakı dövrdə isə keçmişlə hesablaşma məsələləri donor gündəliyində daha ciddi şəkildə yer aldı: “Buna maraq da daha çox idi, çünki siyasi aktorların, məsələn, Haaqa Tribunalı qarşısında müəyyən öhdəlikləri var idi: şəxsləri təhvil vermək, itkin düşmüş şəxslərlə bağlı əməkdaşlıq etmək və s.” (R.J 2026).
Bu ifadə beynəlxalq müdaxilənin yalnız resurs təmin edən xarici mexanizm olmadığını göstərir. Donor və beynəlxalq institutların prioritetləri müəyyən məsələləri yerli siyasi və ictimai gündəmdə daha görünən edir. Lakin iştirakçıların təcrübəsinə görə bu prioritetlər sabit deyil. Beynəlxalq kontekstdə baş verən dəyişikliklər Bosniyada davam edən layihələrin istiqamətinə birbaşa təsir göstərə bilir. A.H Ukraynada müharibənin başlamasından sonra öz işlədiyi layihənin davamlılığının necə pozulduğunu belə təsvir edir: “Mənim müqaviləm birbaşa Britaniya səfirliyi tərəfindən maliyyələşdirilən layihəyə əsaslanırdı. Yeni layihənin hazırlanması və müzakirəsi gedirdi. Amma müqaviləmin bitdiyi vaxt Ukraynada müharibə başladı. Əvvəlcədən planlaşdırılan və demək olar ki, razılaşdırılmış layihələrin çoxu ləğv edildi və həmin maliyyə Ukraynaya yönəldildi” (A.H 2026). İştirakçı bu dəyişiklikdə daha geniş bir tendensiya gördüyünü bildirir və əlavə edir: “Sülh və barışıqdan daha çox təhlükəsizliyə doğru bir yönəlmə baş verib” (A.H 2026).
Beləliklə, Bosniyada sülh quruculuğunun davamlılığı yalnız yerli ehtiyaclarla müəyyən olunmur. Onun davam etdirilməsi beynəlxalq donorların diqqətinin hansı coğrafiyaya və hansı problemə yönəlməsindən də asılıdır. Bu təcrübə iştirakçı üçün yalnız peşəkar məsələ deyil, eyni zamanda Bosniyanın öz təhlükəsizliyi ilə bağlı narahatlıq yaradan məsələ kimi təqdim olunur. Həmin iştirakçı Ukraynada müharibənin başlaması zamanı Bosniyanın siyasi vəziyyətinin də gərgin olduğunu vurğulayaraq deyir: “Əgər Ukraynadakı müharibə başlamasaydı, burada bir növ münaqişə olacağına çox əmin idim” (A.H 2026). Bu hissəni danışarkən iştirakçının emosional tonunun dəyişməsi yalnız layihələrin maliyyələşdirilməsi məsələsi kimi deyil, Bosniyada münaqişə ehtimalı ilə bağlı şəxsi və peşəkar narahatlıq olduğunu göstərirdi.
Beləliklə, müsahibələr beynəlxalq sülh quruculuğunun zaman və kontekst baxımından dəyişkən xarakter daşıdığını göstərir. Bosniyada keçmişlə hesablaşma və barışıq müəyyən dövrlərdə beynəlxalq gündəmin əsas elementlərindən biri olduğu halda, sonrakı dövrlərdə təhlükəsizlik və yeni münaqişələr donor prioritetlərini dəyişdirib. Bu isə yerli sülh quruculuğunun davamlılığını beynəlxalq maliyyə və siyasi diqqətdən asılı vəziyyətə gətirir.
2. Yerli legitimlik və formal layihələr arasındakı uyğunsuzluq
Bu başlıq TS1-in beynəlxalq və yerli aktorların qarşılıqlı təsirinin hansı nəticələr yaratdığı hissəsinə cavab verir. Belə ki, müsahibələrdə vurğulanan ikinci əsas fikir odur ki, beynəlxalq və böyük yerli təşkilatların daha peşəkar layihə idarəetməsinə, formalaşmış bürokratik strukturlara və maliyyə imkanlarına malik olması onların icma səviyyəsində daha böyük sosial təsirə malik olması demək deyil. Eyni zamanda, bəzi yerli təşəbbüslər öz fəaliyyətlərini ümumiyyətlə “sülh quruculuğu” kimi təqdim etməsələr də, onların gündəlik sosial münasibətlərə təsiri bu fəaliyyətləri sülh quruculuğu baxımından əhəmiyyətli edir. R.J. bu fərqi belə ifadə edir:“Layihə idarəçiliyini düzgün həyata keçirirsinizsə, böyüyəcəksiniz. Amma bu, həmin təşkilatın icmada ən böyük təsirə malik olması demək deyil” (R.J 2026).
Bu fikir formal layihə göstəriciləri ilə sosial təsir arasında fərq olduğunu göstərir. Donor baxımından layihənin uğuru müəyyən fəaliyyətlərin həyata keçirilməsi, iştirakçı sayının artırılması və hesabat göstəricilərinin yerinə yetirilməsi ilə ölçülə bilər. Lakin yerli legitimlik bu göstəricilərdən fərqli şəkildə formalaşır. R.J. bunu belə izah edir “İnsanlar yerli səviyyədə tədbirlər və yığıncaqlar təşkil edəndə bunu əslində sülh quruculuğu kimi qəbul etmirlər. Amma bunu araşdırıb nəticələrinə baxsanız, çox güman ki, bunun sülh quruculuğu olduğunu görərsiniz. Məsələn, kiçik icmalarda futbol turnirləri təşkil olunur. Bu, ‘sülh quruculuğu’ adı ilə təqdim edilmir” (R.J 2026).
Burada mühüm fərq yaranır: formal sülh quruculuğu layihə kimi tanınır, gündəlik sülh isə həmişə belə tanınmır. Bu, sülh quruculuğunun qiymətləndirilməsi üçün istifadə edilən formal meyarların yerli sosial təsirin müəyyən hissəsini görünməz edə biləcəyini göstərir. Lakin beynəlxalq təşkilatların yerli səviyyədə fəaliyyət göstərməsi də onların tamamilə yerli aktorlara çevrilməsi demək deyil. Bununla belə, yerli təşkilatların və təşəbbüslərin fəaliyyəti tamamilə yerli səviyyədə formalaşmır. A.H. beynəlxalq təşkilatların Bosniyada fəaliyyətinin yaratdığı başqa bir məhdudiyyətə diqqət çəkir. Onun sözlərinə görə işlədiyi təşkilat: “yerli səviyyədə işləsə də, xaricdə yerləşən baş ofislə münasibətləri nəzərə almalıdır” (A.H 2026). Bu isə bəzi qərarların yalnız yerli ehtiyaclara əsasən qəbul edilməsini çətinləşdirir.
Bu uyğunsuzluq beynəlxalq sülh quruculuğu üzrə biliklərin yerli praktikaya keçirilməsində də müşahidə edilir. L.M. Avropa İttifaqının proqramları çərçivəsində çoxsaylı sülh quruculuğu təlimlərində iştirak etdiyini və bu bilikləri Bosniyada tətbiq etməyin çətin olduğunu bildirir. Bu çətinlik Sarajevo və Istočno Sarajevo (Şərqi Sarayevo - Bosniya və Herseqovinanın serb entiteti olan Serb Respublikasının ərazisinə düşən regionu) arasındakı münasibətlərə yönəlmiş bir layihənin nümunəsində daha aydın görünür. O, layihənin önəmini belə izah edir: “Şərqi Sarayevoda yaşayan insanların əksəriyyəti serblərdən ibarətdir. Kimlər ki, Sarayevodan 20 dəqiqəlik məsafədə yaşayan bu insanlar Sarayevo mühasirəsini və Srebrenitsa soyqırımını inkar edirlər”. O, layihənin təşkili və komandasının formalaşdırılmasına da tənqidi yanaşır: “Bu layihədə komanda tamamilə təsadüfi insanlardan seçilmişdi, bu da heç yaxşı fikir deyildi” (L.M 2026).
Bu materiallar göstərir ki, beynəlxalq metodologiyanın mövcud olması onun yerli kontekstdə avtomatik olaraq effektiv olması demək deyil. Böyük büdcə və beynəlxalq təcrübə təşkilatı institusional cəhətdən gücləndirir, amma bu, həmişə yerli legitimlik demək deyil. Bu baxımdan hibridlik burada yalnız beynəlxalq və yerli aktorların birlikdə işləməsində deyil, beynəlxalq layihə məntiqi ilə yerli sosial məntiqin eyni məkanda mövcud olmasında ortaya çıxır.
3. Gündəlik sülh, etnik sərhədlər və ötürülən qorxu
Bu başlıq TS1-in sülh quruculuğunun yerli və gündəlik səviyyədə hansı nəticələr yaratdığı hissəsinə cavab verir və özündə (3.1) gündəlik qarşılıqlı əlaqələr və qeyri-formal sülh, (3.2) etnik sərhədlərin gündəlik həyatda davamlılığı, (3.3) ötürülən qorxu və sülh quruculuğunun emosional sərhədləri altbaşlıqlarını birləşdirir. Müsahibələr göstərir ki, sülh quruculuğu Bosniyada yalnız formal layihələr və institusional müdaxilələr vasitəsilə həyata keçirilmir. Müxtəlif təhsil proqramları, icma tədbirləri, gənclər təşəbbüsləri və gündəlik qarşılıqlı əlaqələr də insanların müharibədən sonra bir-biri ilə münasibət qurmasına imkan yaradıb. Lakin eyni materiallar göstərir ki, bu gündəlik sülh təcrübələri etnik sərhədlərin və müharibə yaddaşının davamlılığı ilə məhdudlaşır.
3.1. “Müharibədən əvvəl” və “ müharibədən sonra”: gündəlik qarşılıqlı əlaqələr və qeyri-formal sülh
R.J. müharibədən sonrakı uşaqlıq təcrübəsini xatırlayaraq, ilk dövrdə sülh quruculuğu təşəbbüslərinin təhsil sistemi və uşaqların sosiallaşmasının bir hissəsinə çevrildiyini bildirir: “Müharibədən sonra Bosniyada demək olar ki, hər kəs müəyyən formada sülh quruculuğuna cəlb olunmuşdu. Çünki bu, həm də təhsil sisteminin bir hissəsi idi” (R.J 2026). Onun sözlərinə görə, həmin dövrdə insanları bu cür qarşılıqlı ünsiyyətə cəlb etmək üçün müxtəlif təşəbbüslər var idi: “Uşaqlıqda ölkəni gəzmək və başqa yerləri görmək üçün ilk imkanlarımdan biri məhz sülh quruculuğu təşəbbüsləri vasitəsilə olub” (R.J 2026).
Bu təcrübə göstərir ki, sülh quruculuğu yalnız icmalar arasında münasibətlərin qurulması deyil, həm də müharibədən sonrakı nəsillərin keçmişi necə anladığı ilə bağlı prosesdir. Burada sülh quruculuğu ayrıca siyasi proses kimi deyil, uşaqların ölkə daxilində hərəkət etməsi, fərqli insanlarla qarşılaşması və sosial əlaqələr qurması vasitəsilə həyata keçirilir. Lakin bu proses yalnız kollektiv təşəbbüslərlə məhdudlaşmır. A.H.-in şəxsi təcrübəsi müharibə irsinin fərdi səviyyədə necə mənalandırıldığını göstərir. Müharibədən sonra xaricdə doğulan və Bosniyaya 8 yaşında gələn A.H. ailəsində müharibə haqqında çox danışılmadığını deyir. Bu səbəbdən onun üçün keçmişin daha çox “müharibədən əvvəl” və “müharibədən sonra” kimi mövcud olduğunu qeyd edir. “Hüquq fakültəsinə daxil olanda özüm üçün araşdırmağa başladım. Beləliklə, beynəlxalq ictimai hüquqa, xüsusilə beynəlxalq humanitar hüquqa marağım yarandı” (A.H. 2026). O, akademiyanı bir növ öz irsi travmasıyla barışmağı üçün qapı kimi təsvir edir: “Akademiya bir növ öz irsi travmamla barışmağım üçün qapıya çevrildi. Çünki baş verənlərlə bağlı çox çaşqın idim. Valideynlərim müharibədən danışmaq əvəzinə, Yuqoslaviyadakı gəncliklərindən danışmağa üstünlük verirdilər” (A.H 2026).
Bu təcrübə göstərir ki, sülh quruculuğu yalnız icmalar arasında münasibətlərin qurulması deyil, həm də müharibədən sonrakı nəsillərin keçmişi necə anladığı ilə bağlı prosesdir.
3.2: Fəvvarə simvolikası: Etnik sərhədlərin gündəlik həyatda davamlılığı
Bununla yanaşı, iştirakçıların ifadələri gündəlik sülhün ciddi sosial sərhədlərlə əhatə olunduğunu göstərir. Bu sərhədlərin gücü konkret yaşayış məntəqəsinin müharibə zamanı nə dərəcədə zorakılığa məruz qalmasından, əhalinin məcburi köçürülməsindən, geri qayıdışın səviyyəsindən və həmin ərazinin etnik tərkibindən asılı olaraq dəyişir. R.J.-in fikrincə, bir ərazidə müxtəlif qrupların sayının bir-birinə yaxın olduğu hallarda ərazi daha çox “mübahisəli məkan”a çevrilir və müharibənin yaddaşı gündəlik münasibətlərə daha güclü şəkildə təsir edir. Onun izah etdiyi kimi, kiçik və müharibədən ciddi şəkildə təsirlənmiş icmalarda insanlar qarşı tərəfin ailə tarixini və müharibə zamanı baş vermiş hadisələri çox yaxşı bilirlər. Buna baxmayaraq, eyni insanlar gündəlik həyatı davam etdirmək üçün bir-biri ilə müəyyən formada əməkdaşlıq etməli olurlar. “Müharibə zamanı qarşı tərəfin ailə üzvlərinin nə etdiklərini bilmək münasibətlərin tamamilə kəsilməsinə gətirib çıxarmır. Əksinə, insanlar yaşamaq və gündəlik ehtiyaclarını qarşılamaq üçün müəyyən məsafəni qorumaqla əməkdaşlıq etməyə çalışırlar” (R.J 2026).
A.H. də oxşar vəziyyəti Zenica nümunəsində belə təsvir edir ki, müxtəlif etnik mənşəli insanlar dost ola, birlikdə qəhvə içə və gündəlik ünsiyyət qura bilərlər. Lakin bu münasibətin müəyyən sərhədləri var: “Xüsusilə fərqli etnik və ya dini mənşəli biriylə romantik münasibətin varsa, ailə və sosial çevrədən gələcək ciddi reaksiyaya hazır olmalısan” (A.H 2026). Burada əslində eyni şəhərdə yaşamağın qarşılıqlı etimadın olduğu mənasına gəlmədiyini görürük. A.H.-in “biz hamımız hələ də dostuq, sadəcə müəyyən mövzular haqqında danışmırıq” fikri bu vəziyyəti xüsusilə aydın göstərir .
L.M. isə Bosniyada kiçik bir şəhər olan Gornji Vakufda icmalar arasındakı sərhədin simvolik olaraq bir fəvvarə ilə ifadə edildiyini qeyd edir. Bir çox hallarda simvolik sərhədi keçmək qorxusunun təməli ailədə qoyulur, valideynlər gənclərin digər icmanın ərazisinə keçməsinə mane olurlar. “Bəzən kiçik şəhərlərdən gələn insanlar Bosniyanın digər bölgələrinə səyahət etməkdən belə qorxurlar” (L.M 2026). Bu nümunə göstərir ki, etnik sərhəd məkanın gündəlik istifadəsində, hərəkət azadlığında və insanların kimlərlə qarşılaşmaqdan çəkinməsində də özünü göstərə bilər. Lakin bu sərhədlər yalnız insanların gündəlik hərəkətlərində deyil, müxtəlif icmalar arasında əməkdaşlıq imkanlarında da özünü göstərir.
3.3. Ötürülən qorxu və sülh quruculuğunun emosional sərhədləri
Müsahibələrdə qorxunun yalnız müharibəni yaşamış nəslə aid olmadığı, müəyyən hallarda sonrakı nəsillərə də ötürüldüyü görünür. L.M. qeyd edir ki, bəzi valideynlər uşaq və yeniyetmələri “onlar sonda sənə xəyanət edəcək”, “səni öldürəcəklər” kimi mesajlarla fərqli etnik qruplardan olan insanlarla münasibət qurmaqdan çəkindirir. Bu halda müharibə yalnız keçmişdə baş vermiş hadisə olaraq qalmır və onun yaratdığı qorxu gündəlik sosial münasibətlər vasitəsilə yeni nəsillərə ötürülür. İştirakçının sözlərinə görə, bu qorxu yalnız ailə daxilində ötürülmür, seçki dövrlərində siyasətçilər və media köhnə hadisələri yenidən gündəmə gətirərək qorxu hissini gücləndirməyə çalışırlar. Bu halda keçmiş müharibə siyasi səfərbərliyin resursuna çevrilir.
L.M. özünün sülh quruculuğu fəaliyyəti zamanı qarşılaşdığı təcrübəni isə daha emosional şəkildə təsvir edir. O, müxtəlif etnik və dini qruplar arasında barışıq yaratmağa çalışdığı halda, öz adı və dini kimliyi üzərindən açıq diskriminasiya və hətta zorakılıq təhdidləri ilə qarşılaşdığını bildirir: “Mənim adım müsəlman adıdır və bu onlara mənə qarşı açıq-açıq diskriminasiya etməyə imkan verirdi”. Bu hissədə respondent emosional şəkildə müharibə və nifrət narrativlərinin fərdi münasibətlərə necə təsir etdiyini təsvir edir və sonda belə deyir: “Mən orada insanları barışdırmağa çalışıram və onlar mənimlə belə davranırlar. Bu, onların öz düşüncələri deyil, onlara ötürülən şeydir” (L.M 2026). Bu ifadə göstərir ki, sülh quruculuğu insanların bir araya gətirilməsi üçün imkan yarada bilər, lakin fərdlərin sosiallaşdığı ailə, siyasi və media mühitləri həmin qarşılıqlı əlaqələrin yaratdığı dəyişiklikləri eyni zamanda zəiflədə bilər.
4. “Bölünmələr daha çox hakimiyyət verir”: Siyasi və institusional bloklanma
Bu başlıq TS1-in əsas struktur komponentinə cavab verir və əvvəlki üç mövzuda görünən problemlərin hansı siyasi-institusional şəraitdə davam etdiyini izah edir. Müsahibələrdə siyasi sistem sülh quruculuğunun qarşısındakı ən fundamental struktur məhdudiyyətlərdən biri kimi təqdim olunur. İştirakçıların fikrincə, Dayton sistemi müharibənin dayandırılması baxımından mühüm funksiyanı yerinə yetirsə də, siyasi sistemi etnik bölgülər üzərində quraraq bu bölgülərin sonrakı dövrdə də davam etməsinə şərait yaradıb. A.H. bunu belə ifadə edir: “Məncə, siyasətçilər müəyyən mərhələdə başa düşdülər ki, bölünmələr onlara daha çox hakimiyyət verir.” Onun fikrincə, siyasi elitalar zaman keçdikcə bu bölünmələrin siyasi baxımdan faydalı olduğunu dərk ediblər. Onun üçün problem yalnız konstitusional sistemin mürəkkəbliyində deyil. Bu sistem siyasətçiləri icmalar arasında kompromis və barışıq axtarmağa məcbur etmir: “Belə bir sisteminiz varsa və əslində barışmağa ehtiyacınız yoxdursa, bunu etməyin mənası nədir?” (A.H 2026).
Bu baxımdan siyasi sistem yalnız mövcud bölünmələri əks etdirmir, həm də həmin bölünmələrin davam etdirilməsi üçün siyasi təşviq də yaradır. Müsahibələrdə bu vəziyyətin yerli sülh təşəbbüslərinə təsiri də görünür. L.M qeyd edir ki, sülh quruculuğu layihələrinə müraciət edən insanlar çox vaxt artıq açıq fikirli və fərqlilikləri qəbul etməyə hazır şəxslərdir: “Bu layihələrə gələn insanlar onsuz da açıq fikirli, mədəni, dini və etnik fərqlilikləri qəbul etməyə hazır olan insanlardır. Bunun özü bir növ eko çəmbərdir” (L.M 2026). Belə şəraitdə siyasi elitaların barışıq və inteqrasiyadan real siyasi qazanc əldə etməsi çətinləşir. Əksinə, bölünmələr “siyasi səfərbərlik” üçün istifadə oluna bilir (A.H 2026). L.M. də əlavə edir ki, seçki dövrlərində köhnə hadisələrin yenidən gündəmə gətirilməsi və “qorxu hissinin gücləndirilməsi siyasi dəstək toplamaq vasitəsinə çevrilir” (L.M 2026).
Lakin müsahibələr müharibədən sonrakı ilk dövrlərdə mövcud olan müxtəlif təşəbbüslərin sonrakı illərdə əvvəlki intensivliyini itirdiyini göstərir. R.J. bu dəyişimi siyasi marağın azalması ilə əlaqələndirir: “Otuz il sonra bu məsələ siyasi qərarvericilər üçün artıq aktual deyil və buna görə də cəmiyyət üçün də aktual deyil. Cəmiyyətdə isə bununla məşğul ola biləcək birbaşa müdaxilələr və təşəbbüslər getdikcə azalır. Bəzən o qədər qeyri-müəyyən və səthi olurlar ki, hətta gülməli və mənasız görünürlər” (R.J 2026).
Bu fikir əvvəlki müsahibə materiallarında görünən donor prioritetlərinin dəyişməsi ilə də əlaqələndirilə bilər. Lakin burada daha mühüm məsələ ondan ibarətdir ki, sülh quruculuğunun gündəlik və sosial ölçüsü davamlı deyil. Formal təşəbbüslər azaldıqda və siyasi diqqət başqa istiqamətlərə yönəldikdə, insanlar arasında müntəzəm qarşılıqlı əlaqə yaratmaq imkanları da azalır. Bu məhdudiyyət xüsusilə etnik qruplar arasında əməkdaşlıq cəhdlərində aydın görünür. A.H. Serb Republikasından olan müəyyən qruplarla əvvəlcə əməkdaşlığın mümkün olduğunu, lakin zaman keçdikcə münasibətlərin gərginləşdiyini bildirir: “Mən həqiqətən hamısının iştirak etməsini istəyirdim. Onlar bizimlə danışırdılar, yəni müəyyən ünsiyyət hələ də var idi, bu yaxşı idi. Amma sadəcə olaraq bizimlə birlikdə iştirak etmək istəmirdilər” (A.H 2026). İştirakçı bu dəyişiklikdə qrupların özlərini münaqişənin yaddaşında necə görmələrinin də rol oynadığını düşünür. Onun fikrincə, müəyyən mərhələdə layihələrdə boşnak qurbanlara daha çox diqqət yetirildiyi barədə təsəvvür yaranıb və serb icmasından olan bəzi insanlar bu təşəbbüslərdən uzaqlaşmağa başlayıblar.
Müzakirə
Bu tədqiqat Bosniya və Herseqovinada hibrid sülhün beynəlxalq və yerli aktorların sadə qarşılıqlı təsirindən daha mürəkkəb proses olduğunu göstərir. Birinci tədqiqat sualı çərçivəsində əldə olunan tapıntılar göstərir ki, beynəlxalq donor prioritetləri, yerli təşkilatların fəaliyyət imkanları və Bosniyanın institusional və siyasi quruluşu bir-birindən ayrı deyil. Donor prioritetlərinin zamanla dəyişməsi sülh quruculuğunun gündəliyinə və təşkilatların fəaliyyət davamlılığına təsir edir. Eyni zamanda, formal layihələrin peşəkar şəkildə həyata keçirilməsi onların yerli səviyyədə daha böyük sosial təsirə malik olması mənasına gəlmir. Beləliklə, beynəlxalq və yerli aktorlar arasında əməkdaşlıq mövcud olsa da, bu əməkdaşlığın nəticələri mövcud siyasi və institusional çərçivə tərəfindən formalaşdırılır.
Bu nəticələr Mac Gintinin hibrid sülh yanaşmasını böyük ölçüdə dəstəkləyir. Hibrid sülh yanaşması sülh quruculuğunu yalnız beynəlxalq aktorların yuxarıdan-aşağı (top-down) müdaxiləsi kimi deyil, beynəlxalq və yerli aktorlar arasında uyğunlaşma, müqavimət, danışıqlar və alternativlərin qarşılıqlı təsiri kimi nəzərdən keçirir. Bosniya nümunəsində yerli təşkilatların fəaliyyəti beynəlxalq donor prioritetləri və layihə tələblərindən asılıdır. Lakin beynəlxalq dəstək davamlı dəyişiklik yaratmadığı üçün donor asılılığı təşkilatların həm gündəliyini, həm də fəaliyyətlərinin davamlılığını məhdudlaşdıra bilir.
Bu, tədqiqatda istifadə olunan “bloklanmış hibridlik” anlayışına aydın bir nümunədir: Bosniyada beynəlxalq və yerli təşkilatlar eyni sülh quruculuğu prosesində iştirak edir və bir-birlərinə təsir göstərirlər, lakin bu təsir həmişə dərin və davamlı dəyişiklik yaratmır. Dəyişən donor prioritetləri, layihə tələbləri, zəif yerli legitimlik və etnik əsaslı siyasi quruluş mövcud hibrid sistemin transformasiya potensialını məhdudlaşdırır. Başqa sözlə desək, problem - beynəlxalq və yerli aktorların dəyişməsi çətin olan mövcud siyasi və institusional sistem daxilində fəaliyyət göstərməsidir.
Riçmondun gündəlik sülh yanaşmasından görürük ki, futbol turnirləri, təhsil təşəbbüsləri, dostluqlar, iqtisadi əlaqələr və gündəlik ünsiyyət də sülhün formalaşması üçün vacib məkanlardır. Sülhün yalnız formal layihələrin ölçülə bilən nəticələri ilə müəyyənləşdirilməsinin məhdudluğu bu fəaliyyətlərin bəzilərinin “sülh quruculuğu” kimi adlandırılmamasında görmək olur. Lakin gündəlik sülh də sərhədsiz və sabit deyil - insanlar bəzən barışmaqdan daha çox birlikdə yaşamağın praktiki yollarını tapırlar. Tapıntılar göstərir ki, insanlar müxtəlif etnik qruplarla dostluq edə, işləyə və gündəlik münasibətlər qura bilsələr də, müharibə yaddaşı, ailə narrativləri, məkanın etnik bölünməsi və ötürülən qorxu bu münasibətlərə sərhədlər qoyur. Bu, Riçmondun gündəlik sülh yanaşmasının Bosniya kontekstində izah edə bildiyi mühüm bir xüsusiyyətdir: sülh həm də insanların mövcud bölünmələr daxilində gündəlik həyatlarını davam etdirmək üçün yaratdıqları praktikalarda mövcuddur. Buna görə də Bosniyada gündəlik sülhü yalnız aşağıdan-yuxarı (bottom-up) sosial agentlik kimi izah etmək kifayət etmir. Gündəlik sülh həm də onu məhdudlaşdıran siyasi strukturla birlikdə başa düşülməlidir.
Beləliklə, ikinci tədqiqat sualına cavab kimi demək olar ki, hibrid sülh yanaşması Bosniyada sülh quruculuğunun beynəlxalq və yerli ölçülərini izah etmək üçün analitik baxımdan adekvatdır, lakin gündəlik sülh yanaşması ilə tamamlandıqda onun izah gücü artır. Mac Ginti beynəlxalq və yerli aktorlar arasındakı münasibətləri, Riçmond isə formal proseslərdən kənarda yaranan gündəlik sülh formalarını izah etməyə imkan verir. Bu tədqiqatın tapıntıları isə göstərir ki, hər iki səviyyə eyni anda mövcuddur və bir-birindən ayrı deyil. Beynəlxalq donorların yaratdığı çərçivə yerli təşəbbüslərin imkanlarını müəyyənləşdirir, siyasi və institusional struktur gündəlik münasibətlərin sərhədlərini formalaşdırır, yerli aktorlar isə bu məhdudiyyətlər daxilində öz fəaliyyətlərini qururlar.
Nəticə
Bu tədqiqat yazısı boyunca Bosniya və Herseqovinada hibrid sülhün niyə məhdud və qeyri-transformativ xarakter aldığını araşdırılıb. Tədqiqatın əsas sualına belə cavab vermək olar: Bosniyada hibrid sülh mövcuddur, lakin onun transformasiya imkanları mövcud siyasi və institusional sistem tərəfindən ciddi şəkildə məhdudlaşdırılır. Beynəlxalq və yerli aktorlar sülh quruculuğu prosesində qarşılıqlı fəaliyyət göstərsələr də, bu qarşılıqlı fəaliyyət yeni siyasi və sosial nizam yaratmaqdan çox, mövcud sistemin yenidən istehsalını təmin edir. Müharibə yaddaşı, etnik sərhədlər, ailə və sosial təzyiq, eləcə də nəsillərarası ötürülən qorxu insanların kimlərlə münasibət qurduğunu, harada hərəkət etdiyini və hansı mövzular haqqında danışa bildiyini məhdudlaşdırır. Qısacası, gündəlik sülh münaqişənin bütün izlərinin aradan qaldırmır: insanlar həmin izlərlə birlikdə gündəlik həyatı davam etdirir və müəyyən sərhədlər daxilində əməkdaşlıq edir.
Müsahibələr beynəlxalq və yerli aktorların fəaliyyətlərinin bir-birindən təcrid olunmadığını göstərir. Bu münasibətlər bəzən uyğunlaşma, bəzən müqavimət, bəzi hallarda isə yerli alternativlərin yaranması formasında özünü göstərir. Bu nəticələr Mac Gintinin hibrid sülh yanaşmasında vurğulanan beynəlxalq və yerli aktorlar arasındakı qarşılıqlı təsiri dəstəkləyir. Riçmondun gündəlik sülh yanaşması isə bu qarşılıqlı təsirin yalnız formal institutlar səviyyəsində baş vermədiyini, insanların gündəlik münasibətlərində də özünü göstərdiyini anlamağa kömək edir. Lakin Bosniya nümunəsində bu proseslərin mövcudluğu onların mütləq transformativ nəticə yaratdığı anlamına gəlmir. Siyasi və institusional məhdudiyyətlər yerli təşəbbüslərin və alternativ praktikaların daha geniş dəyişikliklərə çevrilməsini məhdudlaşdıra bilər. Məhz bu məqam tədqiqatda “bloklanmış hibridlik” kimi ifadə olunan vəziyyətin əsasını təşkil edir.
İkinci tədqiqat sualı hibrid sülh yanaşmasının Bosniyadakı sülh quruculuğu prosesini nə dərəcədə izah edə bildiyi ilə bağlıdır. Mac Ginti və Riçmondun yanaşmaları beynəlxalq aktorlarla yerli aktorlar arasındakı qarşılıqlı təsiri və formal institutlardan kənarda yaranan gündəlik sülh praktikalarını görmək üçün faydalıdır. Ancaq Bosniya nümunəsində bu qarşılıqlı təsirin hansı nəticəni yaratdığını yalnız yerli və beynəlxalq aktorların münasibətləri ilə izah etmək mümkün deyil. Siyasi sistemin sərtliyi və mövcud siyasi təşviqlər bu münasibətlərin hansı istiqamətdə inkişaf edə biləcəyini ciddi şəkildə məhdudlaşdırır. Buna görə də “bloklanmış hibridlik” burada hibrid sülh yanaşmasının alternativi kimi deyil, onun müəyyən kontekstlərdə niyə gözlənilən transformasiya dəyişiklikləri yarada bilmədiyini izah edən tamamlayıcı anlayış kimi nəzərdən keçirilə bilər.
Nəhayət, Bosniya təcrübəsi Cənubi Qafqazdakı postmünaqişə dövrü üçün də müəyyən müqayisəli dərslər təqdim edir. Sülhün yalnız silahlı hücumun dayandırılması və ya siyasi razılaşmanın əldə olunması ilə ölçülməməsi lazımdır. Bosniya nümunəsindən öyrənəcəyimiz dərslərdən biri budur ki, əgər münaqişə zamanı yaranmış siyasi və institusional bölünmələr müharibədən sonra da dövlətin quruluşunda saxlanılırsa, beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti bu quruluşu dəyişdirməkdən çox, onun yaratdığı məhdudiyyətlər daxilində işləməli olurlar. Buna görə Cənubi Qafqazda münaqişədən sonrakı sülhün həqiqətən davamlı olub-olmadığını anlamaq üçün yalnız dövlətin qanunları, institutları və islahatlarına baxmaq kifayət deyil. İnsanların bir-biri ilə gündəlik münasibətlərinə, cəmiyyət daxilində qalan bölünmələrə və yerli insanların, xüsusən də vətəndaş cəmiyyətinin sülh prosesində real olaraq nə qədər sərbəst iştirak edə bildiyinə də baxmaq lazımdır.
Tədqiqatın əsas məhdudiyyəti nümunənin kiçik və nisbətən homogen olmasıdır. Üç iştirakçı ilə aparılan müsahibələr nəticələrin daha geniş qrupa transfer edilməsini məhdudlaşdırır. Eyni zamanda, iştirakçıların hamısının sülh quruculuğu sahəsinə inteqrasiya olunmuş vətəndaş cəmiyyəti nümayəndələri olması hökumət, donorlar və prosesdən kənarda qalan tərəflərin perspektivlərinin əhatə olunmaması ilə nəticələnib.
Qeyd: Oxuduğunuz yazı orijinal olaraq Azərbaycan dilində yazılmışdır.
İstinadlar
Kitablar və Jurnal Məqalələri
Chandler, David. Empire in Denial: The Politics of State-Building. London: Pluto Press, 2006.
Clark, Janine Natalya. "From Negative to Positive Peace: The Case of Bosnia and Hercegovina." Journal of Human Rights 8, no. 4 (2009): 360-384. https://www.researchgate.net/publication/233464188_From_Negative_to_Positive_Peace_The_Case_of_Bosnia_and_Hercegovina
Cooper, Neil, Mandy Turner, and Michael Pugh. "The End of History and the Last Liberal Peacebuilder: A Reply to Roland Paris." Review of International Studies 37, no. 4 (2011): 1995-2007. https://www.researchgate.net/publication/259413653_The_end_of_history_and_the_last_liberal_peacebuilder_a_reply_to_Roland_Paris
Galtung, Johan. "Violence, Peace, and Peace Research." Journal of Peace Research 6, no. 3 (1969): 167-191. https://www.jstor.org/stable/422690?seq=4
Leonardsson, Hanna, and Gustav Rudd. "The 'Local Turn' in Peacebuilding: A Literature Review of Effective and Emancipatory Local Peacebuilding." Third World Quarterly 36, no. 5 (2015): 825-839. https://www.researchgate.net/publication/278245442_The_'local_turn'_in_peacebuilding_a_literature_review_of_effective_and_emancipatory_local_peacebuilding
Mac Ginty, Roger. "Hybrid Peace: The Interaction Between Top-Down and Bottom-Up Peace." Security Dialogue 41, no. 4 (2010): 391-412. https://www.jstor.org/stable/26301105?seq=1
Mac Ginty, Roger. "Where Is the Local? Critical Localism and Peacebuilding." Third World Quarterly 36, no. 5 (2015): 840-856. https://www.jstor.org/stable/24523126
Paffenholz, Thania. "Unpacking the Local Turn in Peacebuilding: A Critical Assessment towards an Agenda for Future Research." Third World Quarterly 36, no. 5 (2015): 857-874. https://www.jstor.org/stable/24523127?seq=1
Paris, Roland. At War's End: Building Peace After Civil Conflict. Cambridge: Cambridge University Press, 2004.
Richmond, Oliver P. A Post-Liberal Peace. London: Routledge, 2011. https://www.researchgate.net/publication/321609064_A_Post-Liberal_Peace
Toal, Gerard. Bosnia Remade: Ethnic Cleansing and Its Reversal. Oxford: Oxford University Press, 2011.
Hesabatlar və Rəsmi Sənədlər
International Court of Justice. Application of the Convention on the Prevention and Punishment of the Crime of Genocide (Bosnia and Herzegovina v. Serbia and Montenegro), Judgment of 26 February 2007. https://www.icj-cij.org/case/91
Office of the High Representative. General Framework Agreement for Peace in Bosnia and Herzegovina. 1995. https://www.ohr.int/dayton-peace-agreement/
Xəbərlər və Veb Mənbələr
"Bosnia and Herzegovina: Hybrid Destabilisation by Serbia and Russia." Voxeurop. Accessed August 2026. https://voxeurop.eu/en/bosnia-bosnia-herzegovina-hybrid-destabilisation-serbia-russia/
"Peace as Control: The Authoritarian Illusion of Stability in Azerbaijan." Heinrich-Böll-Stiftung. December 9, 2025. https://ge.boell.org/en/2025/12/09/peace-control-authoritarian-illusion-stability-azerbaijan
"Srebrenica-Žepa Memorial and Cemetery." Accessed April 2026. https://www.enklave-srebrenica-zepa.org/english.onama.php
Wankiewicz-Kłoczko, Paulina. "Bosnia and Herzegovina: Economic Pressure and Dodik's Increasing Separatism." OSW Centre for Eastern Studies, May 16, 2023. https://www.osw.waw.pl/en/publikacje/analyses/2023-05-16/bosnia-herzegovina-economic-pressure-and-dodiks-increasing
"Strengthening Peace and Security in High Schools." RYCO. Accessed April 2026. https://youthapproved.rycowb.org/strengthening-peace-and-security-in-high-schools-insights-from-the-student-council-conference-2/
Additional Academic / Research Sources
"The Breakup of Civil Society in Post-War Azerbaijan." ResearchGate. https://www.researchgate.net/publication/397454503_The_Breakup_of_Civil_Society_in_Post-War_Azerbaijan
"Locally Embedded Civil Society Organizations and Public Diplomacy: The Advocacy Roles of the Mothers of Srebrenica in Promoting a Culture of Remembrance." ResearchGate. https://www.researchgate.net/publication/343524274_Locally_Embedded_Civil_Society_Organizations_and_Public_Diplomacy_the_Advocacy_Roles_of_the_Mothers_of_Srebrenica_in_Promoting_a_Culture_of_Remembrance
Müsahibələr
R.J. 15 illik hüquqşünas, Srebrenitsa Xatirə İnstitutunda peşəkar təcrübə. Müəlliflə müsahibə, 2026.
A.H. Hüquq məsləhətçisi, TRIAL International (münaqişə ilə əlaqəli cinsi zorakılığın qurbanları ilə birbaşa işləyib). Müəlliflə müsahibə, 2026.
L.M. Sülh quruculuğu üzrə mütəxəssis. Müəlliflə müsahibə, 2026.