(Yazı KHAR Center-in "Avtoritar Rejimlər və Transregional Təsir Mexanizmləri" araşdırması çərçivəsində hazırlanıb)
Giriş
Çinin Türkiyəyə yönələn təsir fəaliyyətində ciddi artım müşahidə olunur. Bu fəaliyyətlər rəsmi siyasət - ikitərəfli əlaqələr səviyyəsini də, ənənəvi Çin tərəfdarlığını təbliğ edən maoçu-sol-Perinçek xəttini də çoxdan keçib. Həm sıxlıq, həm də əhatə dairəsi baxımından indiyə qədər müşahidə olunmayan həddə çatıb. Pekin müxalifətdə olan sağçı, milliyyətçi, islamçı partiyaları, medianı, vətəndaş cəmiyyəti institutlarını və diplomatik-akademik çevrəni də əhatə edən daha geniş propaqanda fəaliyyəti həyata keçirir. Çinin Ankaradakı səfiri bu sahələrin təmsilçiləri ilə davamlı görüşlər keçirir, ardıcıl şəkildə Türkiyədən Çinə heyətlər aparılır. Türkiyə mediasında Çin səfirinin məqalələri və bu səfərlərdən “müsbət təəssüratlar” dolu yazılar yer alır.
Çinin Türkiyədə təsir fəaliyyətindəki bu yeni mərhələdəki əsas hədəflərdən biri əslində köhnədir - uyğur məsələsi. Türkiyə dünyada uyğur diasporunun ən sıx yaşadığı ölkələrdəndir. Son illərdə Ankaranın rəsmi siyasəti uyğur məsələsini çox qabartmayıb Çinlə münasibətləri pozmamaq üzərində formalaşıb. Ancaq bununla yanaşı, Türkiyə cəmiyyətində uyğur probleminə dair müəyyən həssaslıq mövcuddur. Türkiyə hökuməti də bu həssaslığı müəyyən məqamlarda nəzərə alır, eyni zamanda Çinə qarşı bir balans elementi olaraq əlinin altında saxlayır. Yəni Ankara Çin ilə münasibətləri pozmamaq üçün uyğur məsələsini yüksək səslə dilləndirmir, ancaq dünyadakı əksər müsəlman ölkələrindən fərqli olaraq Pekinin bu məsələyə dair rəsmi narrativlərini də sorğu-sualsız qəbul edib dəstəkləmir. Bu da Türkiyəni Çinin gözündə strateji hədəfə çevirir.
Digər tərəfdən, Rusiya kimi Çin də Türkiyənin Qərblə münasibətlərdə strateji mövqeyini siyasi bazarlığa çevirmə kursunu ABŞ ilə qlobal rəqabətində fürsət pəncərələrindən biri kimi görür. Türkiyədə ənənəvi Çin-Rusiya əleyhdarlığı xəttinin əsas daşıyıcılarından (indiki iqtidar ortağı) Milliyyətçi Hərəkat Partiyasına qədər sızmış “Çin-Rusiya xəttinə dönmə” çağırışları da göstərir ki, Pekin bu fürsəti öz lehinə çevirməyə çalışır.
“KHAR Center” bu araşdırmasında Çinin Türkiyəyə yönələn təsir siyasətini, bu siyasətin yeni elementlərini və hədəflərini təhlil edir.
Araşdırmanın əsas sualları
Çinin Türkiyəyə yönəlik təsir siyasəti son illərdə necə dəyişib? Pekin hansı aktor və alətlər vasitəsilə Türkiyədəki təsir əməliyyatlarını genişləndirməyə çalışır?
TÜRKİYƏNİ HƏDƏFƏ ÇEVİRƏN ÜÇ FAKTOR
Türkiyə Çinin strateji baxımdan mühüm hesab etdiyi üç mühüm faktor baxımından Pekinin təsir əməliyyatlarının hədəfinə çevrilib.
Uyğur problemi
Bunlardan birincisi geniş və siyasi baxımdan aktiv olan uyğur diasporasıdır. Ortaq dil, din, tarix və mədəniyyət bağları təzyiqdən qaçan uyğurlar üçün Türkiyəni əsas sığınacaqlardan birinə çevirib. Türkiyə Orta Asiyadan sonra dünyadakı ən böyük uyğur diasporuna ev sahibliyi edir. İstanbul, Ankara, Kayseri və İzmirdə 50 minə yaxın uyğur yaşayır(Altay, 2026). Son illərdə gələn və Türkiyə vətəndaşlığı alan uyğurları da əlavə edincə, rəqəm daha da artır. Çinin Şərqi Türküstanla bağlı xəbərlərin qarşısını alma təşəbbüslərini artırmasından sonra Türkiyədəki uyğur diasporu kritik mənbəyə çevrilib. Şərqi Türküstandakı həbslər, məcburi əmək, ailələrin bir-birindən ayrılması və mədəni baxımdan yox etmə kimi halların sənədləşdirilməsi və dünyaya çatdırılması baxımından Türkiyədə yaşayan uyğurlar ciddi rol oynayır (Altay, 2026).
Pekin üçün Türkiyədəki əsas hədəflərdən biri uygur diasporunun siyasi və informasiya təsirini zəiflətmək, Sincandakı vəziyyətlə bağlı xəbərlərin və kampaniyaların yayılmasını məhdudlaşdırmaq və Türkiyənin rəsmi mövqeyini mümkün qədər aşağı profilli saxlamaqdır.
Burada Çinin başqa bir məqsədi də üzə çıxır - regional legitimlik. Türkiyə həm türk dünyasında, həm də müsəlman ölkələri arasında ciddi siyasi və ictimai çəkisi olan ölkədir. Bu, xüsusilə uyğur məsələsində Pekin üçün əhəmiyyətlidir. Türkiyə kimi uyğurlarla din və etnik yaxınlığı olan ölkənin Çinlə münasibətləri qoruması və Sincan məsələsində daha yumşaq xətt tutması Pekinin “müsəlman dünyası Çinin siyasətini qəbul edir” narrativinə dolayı legitimlik verir. Eyni zamanda Türkiyədə uyğur məsələsinə qarşı müqavimətin zəifləməsi digər müsəlman ölkələrində də Pekinin mövqeyini müdafiə edilməsini asanlaşdırır.
İqtisadi assimetriya
Çinin Türkiyədə təsir imkanlarını genişləndirən ikinci əsas faktor iqtisadi münasibətlərin asimmetrik xarakteridir. Türkiyə Çin üçün böyük ixrac bazarlarından birinə çevrildiyi halda, Ankara Pekinlə ticarətdə davamlı və böyük kəsir verir. Türkiyənin ikitərəfli münasibətlərdə ən ciddi ticarət kəsiri Çinlədir. 2026-cı ilin avqustunda Türkiyənin Çindən idxalı 4,7 milyard dollara çatıb. Bu, Türkiyənin həmin ay ərzində bütün idxalın təxminən 16 faizinə bərabərdir. Türkiyə xüsusilə maşın və avadanlıq, elektronika, ara malları, günəş enerjisi komponentləri və getdikcə avtomobil kimi strateji sahələrdə Çin istehsalına ciddi olçüdə bağlıdır (Trading Economics, 2026).
Bu assimetrik iqtisadi münasibət Türkiyəni Çinlə münasibətlərdə daha ehtiyatlı davranmağa vadar edir. Ankara bir tərəfdən siyasi məsələlərdə Pekinə qarşı sərt siyasi mövqe nümayiş etdirməməyə çalışır. Digər tərəfdən də ticarət kəsirini Çin investisiyalarını və yerli istehsalı artırmaqla qismən tarazlamağa çalışır. Ancaq bu strategiyanın da öz məhdudiyyətləri var. Bu, özünü ən son Çinin elektrikli avtomobil markalarından BYD-nin Türkiyədə tikilməsi planlaşdırılan zavoduyla bağlı hadisədə göstərdi. 2024-cü ildə BYD-nin Türkiyənin Manisa şəhərində 150 min avtomobil istehsalı gücünə malik zavod quracağı açıqlanmışdı. Ancaq 2026-cı ilə qədər bu istiqamətdə irəliləyiş olmadı və ilin əvvəlində Türkiyə hökuməti şirkətin investisiya təşviqlərindən istifadəsini dayandırdı. İnvestisiya müqaviləsi rəsmi olaraq qüvvədə qalsa da, layihənin gələcəyi qeyri-müəyyən olaraq qalır (AA, 2026). Bu hadisə xüsusilə BYD-nin Avropada istehsal şəbəkəsini genişləndirməsi fonunda diqqət çəkir. Şirkət Macarıstandakı ilk təsisindən sonra Avropada ikinci istehsal nöqtəsini nəzərdən keçirir (Reuters, 2026), Türkiyədə isə layihəni irəlilətmək üçün təşəbbüs göstərmir.
Türkiyə 2015-ci ildə Çin ilə “Kəmər və Yol” (BRI) müqaviləsini imzalasa da Çin sərmayəsi alan səksən ölkə arasında yalnız 23-cü yerdə qalıb. Türkiyənin bu müqavilə çərçivəsində 2020-ci ildə aldığı ivtestisiya BRİ vasitəsilə qoyulan ümumi investisiyanın cəmi 1,31 faizini təşkil edib (Ulgen, Umarov, 2024). 2014–2024-cü illərdə Çinin Türkiyəyə birbaşa kapital yatırımları təxminən 8,4 milyard dollar təşkil edib. Bununla belə, 2026-cı ildə Çin kapitalı Türkiyənin ümumi xarici birbaşa investisiya stokunun cəmi 0,6 faizini təşkil edib. Hazırda Çin xarici investorlar arasında 24-cü yerdədir. Bu, Çinlə böyük ticarət əlaqələrinə baxmayaraq, investisiya səviyyəsinin hələ də aşağıda qaldığını göstərir (Erol, Gökten, Şahin, 2026).
Türkiyə İnvestisiya və Maliyyə Ofisinin məlumatına görə, ölkədə təxminən 1500 Çin kapitallı şirkət fəaliyyət göstərir və 2002-ci ildən bəri Çin yatırımlarının ümumi həcmi 5 milyard dolları keçib (Investment and Finance Offıce, 2026). Ancaq hələ də Çin kapitalının Türkiyə iqtisadiyyatındakı çəkisi Avropa və digər Qərb mənşəli investisiyalarla müqayisədə çox azdır. Bu, Ankara–Pekin iqtisadi münasibətlərindəki əsas paradoksu nümayiş etdirir. Türkiyənin Çin mallarından asılılığı sürətlə artır, amma Çin kapitalının Türkiyədəki uzunmüddətli istehsal və investisiya mövcudluğu eyni tempdə böyümür.
Türkiyənin strateji muxtariyyət təşəbbüsləri
Çinin Türkiyədə təsir imkanlarını artıran üçüncü faktor isə Ankara ilə Qərb arasındakı münasibətlərin son illərdə daha gərgin xarakter almasıdır. Bu, ikinci faktorla da birbaşa əlaqəlidir. Türkiyə siyasi, iqtisadi və təhlükəsizlik baxımdan Qərbin struktur arxitekturasının içində yer alır və NATO üzvlüyündən bəri ənənəvi olaraq Qərb ölkələriylə eyni vektorda durub. Ancaq son illərdə bu xarici siyasət vektorunda ciddi sapmalar müşahidə olunur. Xarici siyasətdə “strateji muxtariyyət” axtarışında olan Ankara Qərb təhlükəsizlik sisteminin içində qalmaqla yanaşı Çin və Rusiya kimi bu sistemə qarşı olan qüvvələrlə münasibətləri istiləşdirərək manevr imkanlarını artırmağa çalışır (Kharcenter, 2025). Çinin iqtisadi güc olaraq yüksəlişi, BRICS və Şanxay Əməkdaşlıq Təşkilatı kimi regional layihələrdəki rolu Ankaranın bu istiqamətdəki motivasiyasını artıran əlavə arqumentlərdir. Türkiyədə Çinlə əlaqələrin genişlənməsinin ölkənin iqtisadi inkişafını sürətləndirmək üçün imkanlar və əlavə mənbələr təmin edəcəyinə dair güclü bir gözlənti mövcuddur (Ulgen, Umarov, 2024).
Digər tərəfdən, Ənənəvi Çin şübhəçiliyinə malik olan Türkiyədə son illərdəki dəyişiklik və Pekin simpatiyasının artması Anti-Qərb hisslərinin yüksəlişi ilə də birbaşa əlaqəlidir. Türkiyədə Çinin rəsmi media qurumları, Konfitsu institutları və yayğın Çin mətbəxi çox diqqət cəlb edə bilməsə də, Pekinin ABŞ-ın hegemoniyasını balanslaşdıran güc olduğuna dair narrativlərin xalq üzərində təsiri böyükdür (Üngör, 2022). Türkiyədə hər cür siyasi və ideoloji bölünmələrdən daha güclü və daha yuxarıda olan bir Amerika əleyhdarlığı mövcuddur. Hökumətin son dövrdə ABŞ iqtidarı ilə arasının yaxşı olması bu əleyhdarlığın görünən hissəsində hər nə qədər azalmaya səbəb olsa da, az qala bütün kəsimlərdə mövcud olan ABŞ əleyhdarlığı cəmiyyətin xarici siyasətə dair düşüncələrinin üzərində təsir gücünü qoruyur. Ərdoğan hökuməti Çini güc mübarizəsi və Qərblə diplomatik çəkişməsinə görə təqdir edərkən ölkədəki dünyəvi müxalifət də Çinin anti-imperialist kimliyini tərifləyir. Yəni Çinin Türkiyə cəmiyyəti üçün son dövrdəki cazibəsi həm də gələcəkdə ABŞ-ın qarşısında qlobal güc ola biləcəyinə dair düşüncələrlə bağlıdır.
Bu səbəbdən Ankara Qərbin Pekindən risk azaltma və hətta ayrılma siyasətinə iştirakı rədd edir, əksinə, Qərb ilə konstruktiv kommunikasiya tıxanacağı təqdirdə Çinlə əlaqələri dərinləşdirməni alternativ kimi görür. Bu da Pekin üçün əlverişli siyasi və ideoloji zəmin yaradır. Çinin təşviq etdiyi “çoxqütblü dünya”, “strateji suverenlik”, “Qərbdən asılılığın azaldılması” və “alternativ inkişaf modelləri” kimi narrativlər Türkiyənin strateji muxtariyyət diskursu ilə müəyyən nöqtələrdə üst-üstə düşür. Bunun nəticəsində Çin narrativləri Türkiyə auditoriyasına tamamilə xarici ideoloji tezislər kimi deyil, Ankaranın öz xarici siyasət dilinə uyğun arqumentlər kimi təqdim oluna bilir (Mankoff, Bergmann, 2025).
ÇİNİN TÜRKİYƏDƏKİ YENİ PROPAQANDA STRATEGİYASI
Çinin Türkiyəyə yönələn təsir fəaliyyəti yeni deyil, amma uzun müddət dar ideoloji çərçivələrlə məhdudlaşıb. Çin radiosunun türk dilində yayımları hələ 1957-ci ildə “Radio Peking” adı altında başlayıb. Daha sonrakı dövrdə bu xətt China Radio International – CRI Türk vasitəsilə davam etdirilib. Ancaq bu kanallar Türkiyədə geniş auditoriyaya çıxmağı bacarmayıb (Üngör, 2022).
2000-ci illərə qədər Türkiyədə Pekinin mesajlarını yerli auditoriyaya daşıyacaq güclü sosial baza da mövcud olmayıb. 1970-ci illərdən başlayaraq Türkiyədə Çinin təsir fəaliyyətlərinin əsas aktoru Doğu Perinçek və onun ətrafındakı maoçu-avrasiyaçı dairə olub. Məhz bu çevrə Türkiyədə uyğur məsələsində Çinin “separatizm”, “terrorla mübarizə” və Qərbin insan haqlarından Pekinə qarşı siyasi vasitə kimi istifadə etməsi kimi narrativlərinin yayılmasında rol oynayıb (Altay, 2026). Ancaq bu maoçu-avrasiyaçı dairələr Türkiyə cəmiyyətində ciddi sosial bazaya sahib olmadığından və üstəlik NATO üzvü Türkiyədə Çinə dair şübhəçilik davam etdiyindən Pekinin narrativləri çox effektli olmayıb.
Hökumətlə yaxınlaşma
Çin özünün bu zəifliklərini gördükdən sonra Türkiyə ilə bağlı strategiyasında dəyişiklikliklər edib. Bu strategiyanı həyata keçirərkən də Türkiyənin mürəkkəb yerli şəraitinə uyğunlaşmağa, bütün qütblərə sirayət etməyə çalışıb. İlk mərhələdə Çin rəsmi Ankara ilə əlaqələri istiləşdirmək üçün səylər göstərib və bunu müəyyən mənada bacarıb. Türkiyənin uyğur məsələsindəki mövqeyinin ziddiyyətli və dəyişkən olması bu baxımdan Çinin işinə yarayıb.
Pekinin müsəlman dünyasındakı müttəfiqlərindən fərqli olaraq Türkiyə Çinin uyğurlarla bağlı problemləri yox sayma siyasətini avtomatik şəkildə qəbul etmir. Əksinə, uyğur türklərinin din, dil, mədəniyyət haqlarını müdafiə etdiyini bildirir və bu istiqamətdəki problemləri Pekinə açıq şəkildə çatdırdığını ifadə edir (AA, 2024). Ancaq bu siyasətin üslub və yanaşma dinamikası Ankaranın uyğur siyasətinə Çinin nə qədər təsir göstərə bildiyini nümayiş etdirir. 2009-cu ildə Urumçidə uyğurlara qarşı etnik zorakılığa və Çin dövlətinin genişmiqyaslı təzyiqlərinə ən sərt reaksiyanı Ankara verib. O dövrdə dünyadakı müsəlmanların və türklərin səsi olduğunu iddia edən baş nazir Rəcəb Tayyib Ərdoğan Çinin davranışını etnik soyqırım adlandırdı və uyğurlara qarşı repressiyaların dayandırılmasını tələb etdi (AA, 2009). Ancaq bu ritorika 2011-ci ildə dəyişib - bu da Türkiyənin Çinlə iqtisadi münasibətləri yaxınlaşdırma dövrünün başlanğıc illərinə təsadüf edir. Kaşqarda və Hotanda baş verən zorakılıqlara Ankaranın reaksiyası “Sülh və sabitlik təmin edilməlidir” şəklindəki diplomatik ifadələrlə məhdudlaşıb. Bu ritorikadakı ən sərt dönüş nöqtəsi isə 2015-ci ildə müşahidə olunub. Rəcəb Tayyib Ərdoğan Çinə səfər etməzdən əvvəl verdiyi açıqlamada Pekinin uyğurlara təzyiqləri ilə bağlı xəbərlərin çoxunun həqiqətə uyğun olmadığını söyləyib. Hadisə Tailandın uyğurları Çinə deportasiya etməsinə etiraz edən nümayişçilərin İstanbuldakı Tailand konsulluğuna hücum etməsindən sonra baş verib (Hurriyet Daily News, 2015). Türkiyənin bu radikal dönüşü təsadüf deyildi - həmin il Türkiyə Çinin “Bir kəmər, bir yol” təşəbbüsünə qoşulub, Orta Dəhlizlə bağlı memorandum imzalayıb. Eyni zamanda Çin-Türkiyə ticarəti 2000-ci ildəki təxminən 1,4 milyard dollardan 2015-də 27,3 milyard dollara çatıb və Çin Türkiyənin əsas idxal mənbələrindən birinə çevrilib (Singh, 2016).
2017-2018-ci illərdə beynəlxalq arenada Çinin Sincandakı kütləvi saxlamaları, “yenidən tərbiyə” mərkəzləri və assimilyasiya siyasəti ilə bağlı məlumatlar artsa da Ankara bunlara səssiz qalmağı seçib. 2019-cu ildə Türkiyənin rəsmi dilində yenidən sərtləşmə müşahidə olunmağa başlayıb - XİN sözçüsü Hami Aksoy bir milyondan çox uyğur türkünün düşərgələrdə və həbsxanalarda işgəncələrə və siyasi beyin yuma əməliyyatlarına məruz qaldığını bildirib. XİN sözçüsü Çinin bu sistematik assimlyasiyasının insanlıq üçün böyük utanc olduğunu vurğulayıb (HRW, 2019). Ancaq sonrakı dövrdə Türkiyə yenidən diplomatik dilə geri dönüb, 2020-ci ildən sonra isə Çin ilə münasibətlərdəki istiləşmənin artması uyğur probleminin arxa plana keçməsinə səbəb olub. 2017-ci ilin dekabrında Çin ilə Türkiyə arasında imzalanan və 2020-ci ildə Çində qüvvəyə minən ekstradisiya sazişi uyğurların narahatlıqlarını artırıb. Lakin Ankara bu sazişin uyğurların ekstradisiya ediləcəyinə səbəb olacağı barədə dair iddiaları rədd edib (Al Jazeera, 2021). 2022-ci ilin payızında Türkiyə BMT İnsan Haqları Şurasının uyğurlarla bağlı hesabatını dəstəkləyib, ancaq bu, 2009-cu ildəki “soyqırım” ritorikasından çox fərqli, daha yumşaq bir reaksiya idi. Buna baxmayaraq 2022-nin sonunda Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Çinlə münasibətlərin Ankaranın uyğurlara dəstəyi və Pekinin bundan narahat olması səbəbilə soyuduğunu vurğulayıb (AA, 2022). 2024-cü ildə yeni xarici işlər naziri Hakan Fidanın Çinə səfəri isə uyğur məsələsində yeni formul axtarışı kimi dəyərləndirilə bilər. Belə ki, Fidan Pekin ilə yanaşı, Urumçi və Kaşqara da gedərək dini və tarixi məkanları ziyarət etdi, iqtisadi əlaqələrin vacibliyini vurğulayıb, eyni zamanda uyğurlarla bağlı məsələləri Çin hökuməti ilə müzakirə etdiklərini bildirib (Reuters, 2024). Bu, 2009-cu ildəki Çinə qarşı ittiham ritorikasından Çinlə danışaraq uyğur problemini idarə etmək mərhələsinə keçid demək idi. Bu xətt günümüzdə də davam edir…
Çin Türkiyəni müsəlman dövlətlə əlaqələri olan uyğurları müəyyən etmək və cəzalandırmaq üçün hədəfə aldığı “26 həssas ölkə” siyahısına daxil edib. 2016-cı ildən bəri Pekin Türkiyədə təhsil alan, işləyən və ya oradakı qohumları ilə əlaqə yaradan uyğurları istintaqa cəlb edir, həbsə atır, ailələrindən ayırır və digər müxtəlif üsullarla cəzalandırır. Xüsusilə 2022-ci ildən sonra Türkiyənin Pekinlə əlaqələrinin istiləşməsi və qaçqınlarla bağlı siyasətin dəyişməsi üzündən uyğurlar üçün vəziyyət kritikləşib. Ankara vətəndaşlığı olmayan bir çox uyğura hər hansı səbəb göstərmədən “dövlət təhlükəsizliyi üçün təhdid” kodu tətbiq edib ki, bu da onlar üçün ciddi nəticələr doğurur. Beynəlxalq qoruma, yaşayış icazələri ləğv edilərək Çinə göndərilən uyğurlar avtomatik “qara siyahı”ya düşürlər (HRW, 2025).
Çin Xalq Konqresi tərəfindən 12 Mart 2026 tarixində qəbul olunmuş, 1 İyul 2026 tarixində qüvvəyə minmiş Etnik Vəhdət və Rifahın Təşviqi Qanunu bu prosesin uyğurlar üçün daha da ağırlaşa biləcəyinə dair narahatlıqları artırır. Çin xalqlarını mandarin dili ətrafında homogenizə etməyi hədəfləyən qanunun 63-cü maddəsi Çinin hüdudları xaricində "bölücülük" fəaliyyəti ilə məşğul olan, habelə "etnik vəhdət və rifaha" yönəlmiş əməllər törədən şəxslərin Çin milli hüququ əsasında mühakimə olunacaqlarını diktə edir (Yu Chen-Cheng, 2026). Transnasional repressiyanı leqalizə edən bu avtoritar praktika xüsusilə Türkiyə Böyük Millət Məclisinin gözləmədə saxladığı ektradisiya haqqında qanunu ratifikasiya etməsiylə uyğur fəalların “ov”a çevrilməsini asanlaşdıra bilər (Cagaptay, Peterson, 2026).
Propaqandanın lokallaşdırılması
Çinin Türkiyə siyasətində etdiyi digər dəyişiklik isə ictimai rəydə lokallaşma olub. Pekin Türkiyəli jurnalistlər, media qurumları, elm adamları və ictimai aktorlar vasitəsilə öz mesajlarını daha yerli və etibarlı görünən kanallardan çatdırmağa başlayıb. Ankara ilə isti münasibətlərdən yararlanaraq türk mediasının yerli şəraitinə adaptasiya olmağa çalışıb. Media üzərində təsiri güclü olan Türkiyə hökuməti Çinin yumşaq güc hədəflərini həyata keçirməsi üçün yeni platformalar təmin edib. Bu, Ankaranın da maraqlarına uyğun olub, çünki Çinlə birgə layihələrə dair cəmiyyətdəki şübhəçiliyin aradan qaldırılması üçün Pekini müsbət rolda göstərməyə ehtiyac vardı. Çinin Türkiyədəki əsas istinad nöqtəsi olan Perinçek qrupunun və avrasiyaçı dairələrin 2016-cı ildəki FETÖ çevriliş cəhdindən sonra hakimiyyətlə yaxınlaşması da bu prosesdə Pekinin lehinə işləyib. Avrasiyaçılar hökumətlə yaxınlaşmadan istifadə edərək Çin narrativlərinin mərkəzi mediada və sosial şəbəkələrdə daha sıx yer almasında ciddi rol oynayıblar. “Aydınlık”, “Ulusal Kanal”, “Oda TV”, “Yön TV” kimi qurumlar Çin narrativlərinin başlıca daşıyıcıları olaraq fəaliyyətlərini davam etdirirlər. Bu qurumlar və Perinçekin Vətən Partiyasına aid olan isimlər Çinin Şəqri Türküstanla bağlı fəaliyyətini “terrorla mübarizə”, uyğur diasporunun fəallığını “separatizm”, beynəlxalq insan haqları təşkilatlarının rəylərini isə “Qərbin geosiyasi manipulyasiyası” kimi göstərirlər (Altay, 2026).
Türkiyə solunun simpatiyalarından yararlanma
Çinin Türkiyədə qurduğu yeni propaqanda arxitekturası yalnız hökumət və onun müttəfiqləri xətti ilə məhdudlaşmayıb. Türkiyənin mərkəzi mediasında ənənəvi güclü olan solçu dairələri də Çinin bu strategiyasında xüsusi yer tutub. Maoçu-avrasiyaçılardan marksistlərə və kamalist cümhuriyyətçilərə qədər geniş bir spektri əhatə edən bu qruplar Çinə anti-imperialist ritorikası və ənənəvi Qərb düşmənçiliyi səbəbilə rəğbət duyurlar. Xüsusilə Covid-19 böhranı əsnasında Pekinin apardığı propaqanda türk solçularının müsbət tonlu Çin narrativləri üçün qida rolunu oynayıb. “Cümhuriyet”, “Birgün” kimi qəzetlər, “T24” saytı, “Kırmızı Kedi” nəşriyyatı kimi qurumlar burada əsas rolu oynayıb. Çin Türkiyənin meynstrim, hökumət tərəfdarı və solçu qəzetlərində yaydığı reklam mahiyyətli yazılarla Perinçek qrupunun qətiyyən bacara bilməyəcəyi səviyyədə geniş kütlələrə çıxış əldə edib. Üstəlik bu hal media ilə də məhdudlaşmayıb, akademik dairələrdə də solçular Çin propaqandasına dəstək veriblər (Üngör, 2022).
Sponsorlu propaqanda
Pekin 2015-ci ildən türkiyəli jurnalistlər də daxil olmaqla dünya mediasının Sincana səfərlərini təşkil etməyə başlayıb. Türkiyəli jurnalistlər bu səfərlərdən Çin tərifləri ilə qayıdıblar. Məsələn, 2017-ci ildə belə səfərlərdən birində iştirak edən və təəssüratını “dünyaya saxta hekayə satmağımızı istədilər” deyə yazan Olsi Jazexhidən fərqli olaraq Türkiyənin “Hurriyet” qəzetinin yazarı Murat Yılmaz Çinin böyüməsini tərifləyən iki yazı yazıb (The Guardian, 2020) Sonrakı illərdə Çin bu səfərlərdə iştirak edən türkiyəli jurnalistlərin sayını artırıb. 2019-cu ildən sonra xüsusilə intensivləşən Sincan turlarının 2024-cü ildən etibarən türkiyəli jurnalistlər və ekspertlər üçün ayrıca təşkil edilməsi isə Pekinin yeni strategiyadan nə qədər məmnun qaldığını göstərir. Sözügedən jurnalistlərin yazılarında, xəbərlərində Sincanda “birlik, harmoniya və rifah” olduğu iddia edilib, insan haqları pozuntularına isə ümumiyyətlə toxunulmayıb. Yəni Çin öz dövlət mediasının diliylə “Sincanda problem yoxdur” demək əvəzinə bunu türk jurnalistlərinin və ekspertlərinin dili ilə tirajlayır (Kerimu, 2024).
2025-ci ildə Çinlə media və strateji kommunikasiya sahəsində əməkdaşlıq artıq rəsmi və institusional çərçivəyə yüksəlib. Prezident Administrasiyasının İletişim Başkanlığı Ankarada ilk Türkiyə–Çin Media Forumunu təşkil edib (İletişim Başkanlığı, 2025). Bundan sonra Çin səfirinin Türkiyənin müxtəlif informasiya auditoriyalarına birbaşa çıxışı da başlayıb. Məsələn, 2026-cı ilin mayında “Cumhuriyet” qəzetində gənclik və Türkiyə–Çin dostluğu haqqında məqaləsi dərc edilib. Çinin Ankaradakı səfirinin Çin Kommunist Partiyasını təriifləyən məqaləsi isə propaqanda məqsədilə hökumət yönlü “Sabah” qəzetində imzasız yayılıb (Çin Büyükelçiliği, 2026). Yalnız skandal ortaya çıxdıqdan sonra yazının səfir tərəfindən yazıldığı etiraf edilib. Si Tsinpinin kitabının beşinci cildi isə yenə AKP yandaşı “A Haber”də tanıdılıb (X, A Haber, 2026).
Eyni dövrdə müxalif hesab edilən İsmayıl Saymaz, Özlem Gürses, Türker Ertürk, Mehmet Ali Güller, Zeynel Lüle, Çiğdem Akdemir, Cangül Örnük kimi jurnalistlər Sincana sponsorlu səfərə aparılıb. “T 24”, “Habertürk”, “Sol” kimi media qurumlarında bu şəxslərin Çinin strategiyasına uyğun yazıları dərc edilib (X, Akcay profili, 2026).
Milliyyətçi və mühafizəkar partiyalarla yaxınlaşma
Çinin Türkiyə strategiyasında dəyişən başqa bir məqam isə siyasi təmas spektrinin genişləndilməsidir. Əgər əvvəllər Pekin bu təmasları hökumət və avrasiyaçı müttəfiqləri ilə məhdudlaşdırırdısa, xüsusilə son iki ildə “cəbhəni” genişləndirib. Şübhəsiz ki, bunda Türkiyə müxalifətinin son illərdəki davranışları da mühüm rol oynayıb. Əgər 2015-2016-cı illərə qədər Türkiyədə uyğur problemi milliyətçi və islamcı dairələrdə səfərbərliyə çevrilə bilirdisə, indi tamamilə əks mənzərə mövcuddur. Eyni islamçı və millətçi dairələrin böyük hissəsi Çinlə münasibətlərdə hökumətin yaxınlaşma xəttinə keçiblər və nəticə etibarıyla Türkiyə icitmaiyyətində uyğur problemi gündəlikdəki yerini itirib (Yıldırım, 2024).
Türkiyənin Pekinin təsir əməliyyatları baxımından strateji ölkə olduğunu deyən Çin üzrə ekspert Nurettin Akçay, xüsusilə son iki ildə Pekinin bu prosesi gücləndirdiyinə diqqət çəkir: “Xüsusilə son Çin səfiri təyin olunduqdan sonra bu aktivlik ifrat dərəcədə artıb. Bütün propaqanda fəaliyyəti səfirliyin təşkilatçılığı altında birləşdirilib. Səfir fəaliyyətə başladığı 18 aylıq müddətdə 210 rəsmi görüş keçirib. Yəni az qala iki gündə bir görüş. Bu, inanılmaz bir rəqəmdir. Bu qədər intensiv fəaliyyətin iki açıqlaması var - ya problem var, ya da bir məsələni həll etmək istəyirsən deyə ictimai rəyə çalışırsan. Çin Türkiyəni inanılmaz bir diqqətlə izləyir. Ölkədə beş Türkiyə araşdırmaları mərkəzi var. Bu mərkəzlər Türkiyənin siyasəti, iqtisadiyyatı, siyasi strukturu ilə bağlı hesabatlar yayırlar. Türkiyənin Çinə marağı isə çox məhduddur” (Youtube, İstihbarat Raporu kanalı, 2026).
Çin Türkiyə siyasi spektrində təsir əməliyyatlarını inkişaf etdirmək üçün propaqandanı “Çin və Rusiya ilə istiləşmə” mesajı verən Milliyyətçi Hərəkat Partiyası ilə (Euronews, 2026) məhdudlaşdırmayıb. Bu ilin iyununda Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri Lyu Haysin Türkiyədən gələn çoxpartiyalı parlament heyətini Pekində qəbul edib. Heyətə AK Parti, DEM Parti, İYİ Parti, DEVA, Gelecek Partisi, Saadet Partisi, Yeniden Refah və TİP nümayəndələri daxil idi. Çin tərəfi görüşdə müxtəlif türk siyasi partiyaları ilə əlaqələrin genişləndirilməsini, eləcə də “political party+” modeli ilə media, düşüncə mərkəzləri, yerli hökumətlər və ictimai təşkilatları da bu əlaqələrə qoşmağı açıq şəkildə təklif edib (Sosialistchina, 2026).
Çin son dövrdə Türkiyədəki bütün sağ təmayüllü partiyalarla əlaqələr yaradıb. Səadət, Yenidən Rifah, Zəfər, Gelecek, DEVA kimi milliyyətçi-mühafizəkar təşkilatlarla dəvətlər, görüşlər, səfərlər təşkil edilib. Ekspert Nurettin Akçay buradakı motivasiyanı belə izah edir: “Çin iqtidar partiyası və müttəfiqləri ilə təmaslar qurur, bunun sayəsində onları uyğur probleminin radikal qoyuluşundan uzaqlaşdırır. Burada problem yoxdur. Müxalifət partiyaları ilə əlaqələrin motivasiyası isə onların müxalif olma rahatlıqlarıdır. Yəni bu partiyalarda “onsuz da mənim verdiyim açıqlamalar əlaqələri pozmur” rahatlığı var. Çin onların diliylə mesajlarını onların elektoratına çatdırmağı hədəfləyir. Eyni zamanda özünə qarşı radikal kampaniyalara mane olmaq istəyir. Əsas hədəf isə uyğur məsələsini unutdurmaqdır” (MiddleEast, 2026).
ÇİNİN ƏSAS TƏSİR AKTORLARI
Çin xüsusilə son iki ildə Türkiyədə böyük bir propaqanda arsenalı ilə işləyir. Bu arsenalın arxasında Çin dövlətinin və Çin Kommunist Partiyasının xüsusi qurumları dayanır. Propaqanda strategiyası Çin Kommunist Partiyasının nəzdindəki Birləşmiş Cəbhə Departamenti (UFWD) tərəfindən müəyyən edilir. Bu sistem daxilində Çin Sülh Yolu ilə Birləşməni Təşviq Şurası (CPPRC) kimi qurumlar, eləcə də daha geniş “people-to-people diplomacy” xəttində fəaliyyət göstərən Çin Xalqlarının Xarici Ölkələrlə Dostluq Assosiasiyası (CPAFFC) xaricdə siyasi, diaspor, yerli idarəetmə və ictimai əlaqələrin qurulmasında rol oynayır (Altay, 2026).
Nurettin Akçay bütün strategiyanın Birləşmiş Cəbhə Departamenti tərəfindən müəyyənləşdirilərək alt mexanizmlərə həvalə edildiyini bildirir: “O mexanizmlər də (məsələn, səfirliklər) hədəf şəxsləri müəyyən edir. O şəxslər Çinə aparılır, gəzdirilir, bütün xərcləri ödənilir. Onlara ölkənin Pekinin istədiyi üzü göstərilir. Sonra da bu şəxslər geri qayıdıb Çinə lazım olan rəyi formalaşdırırlar” Çin də bilir ki, iki jurnalisti aparıb-gətirib yazı yazdırınca rəyi dəyişdirə bilməyəcək. Ancaq buna uzunmüddətli iş kimi baxır. Həm Çinə aparılan şəxslər, onların yaxın çevrəsinə təsir baxımından müsbət olduğunu düşünür. Həm də dezinformasiyalarla özünə yaxın qruplar formalaşdırır. Bu qruplar vasitəsilə də Türkiyədə uyğurlarla bağlı sistemli kampaniyaların qarşısını almaq məqsədi güdür” (Youtube, İstihbarat Raporu kanalı, 2026).
Siyasi partiyalarla əlaqələrin əsas institusional kanalı Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq Əlaqələr Departamentidir (IDCPC). Bu qurum xarici siyasi partiyalarla birbaşa əlaqələr qurur və fərqli ideoloji xəttə malik Türkiyə partiyalarının nümayəndələrinin son illərdə Çinə səfərlərində əsas qarşı tərəf kimi çıxış edir (İDCPC, 2025).
Media və informasiya sahəsində əsas aktorlardan biri isə “China Media Group”dur (CMG). CCTV, CGTN və “China National Radio” kimi dövlət media strukturlarını birləşdirən CMG Türkiyə ilə media əməkdaşlığında da birbaşa iştirak edir. 2025-ci ildə Ankarada keçirilən ilk Türkiyə–Çin Media Forumunda Çin tərəfini təmsil edən əsas qurumlardan biri CMG idi.
Çinin bütün dünyadakı əsas akademik və mədəni təsir aktoru funksiyasını Konfutsi intitutları həyata keçirir. Türkiyədə ODTÜ, Boğaziçi, İstanbul Okan və Yeditepe universitetlərində bu intitutlar qurulub. Onlar Çin dili və mədəniyyətinin tədrisi ilə yanaşı Çin universitetləri ilə akademik əlaqələr, təqaüd və tələbə mübadiləsi proqramları, Çin səfirliyi və konsulluqları ilə tədbirlər, eləcə də bəzi hallarda biznes və iqtisadi əməkdaşlıq platformaları yaradırlar. Ancaq buna baxmayaraq Konfutsi intitutlarının Türkiyədəki propaqanda təsiri çox güclü deyil. Çinin Türkiyədəki təsir fəaliyyətlərini dəyərləndirən Çağdaş Üngörə görə, bu təsirin daha effektiv hissəsi klassik yumşaq güc alətlərindən deyil, yerli siyasi və media aktorları ilə qurduğu əlaqələrdən və Anti-Qərb/çoxqütblülük diskursu ilə yaranan ideoloji yaxınlaşmadan qaynaqlanır (Üngör, 2022).
Çinin Türkiyədəki lokal təsir aktorları arasında əsas rolu Türkiyə-Çin Dostluq Fondu oynayır. Siyasətçilərin Çin səfiri ilə görüşləri, Çinə aparılan siyasi partiya, media, biznes, akademik çevrə heyətlərinin səfərləri Hasan Çapanın sədr, keçmiş səfir Ersin Erçinin müavini olduğu bu fond tərəfindən təşkil edilir (Türk Çin Dostluk Vakfı, 2026). Hasan Çapan eyni zamanda türk dilində Çin propaqandası aparan Yeni Dünya Araşdırmalar Mərkəzinin də rəhbəridir. Bu mərkəzin əsas vəzifələrindən biri də Şərqi Türküstana media heyətlər aparıb uyğurlarla bağlı iddiaları inkar edən narrativlər istehsal etməkdir. Sonra bu narrativlər Çin mediası tərəfindən “beynəlxalq rəy” kimi tirajlanır. Çapan eyni zamanda Çin Qlobal Televiziya Şəbəkəsinin (CGTN) türkcə yayım quruluşu olan “CGTN Türk”ü də idarə edir. Türkiyədə 30-dan çox tezlikdə yayımlanan “CGTN Türk” Çin Kommunist Partiyasının Mərkəzi Propaqanda Şöbəsinə bağlı olan “China Media Group”un türkcə departamentidir (Altay, 2026).
Türkiyə-Çin Biznesin İnkişafı və Dostluq Dərnəyinin sədri Mehmet Akfırat da Pekinin Türkiyədəki təsir aktorları arasında ən aktiv olanlardandır. Vətən Partiyasında da təmsil olunan Akfırat eyni zamanda Çin Kommunist Partiyası Mərkəzi Komitəsi tərəfindən qurulan İpək Yolu Düşüncə Quruluşları Dərnəyinin Türkiyədəki rəsmi nümayəndəsidir. Onun dərnəyi bu ilin əvvəlində Şərqi Türküstandakı təzyiqin əsas mərkəzlərindən biri rolundakı paramilitar Sincan İstehsal və İnşaat Birlikləri (XPCC) ilə rəsmi əməkdaşlıq sazişi imzalayıb. Akfırat adətən Türkiyədən Çinə gedən biznes heyətlərinə rəhbərlik edir və uyğurlara sistematik təzyiqlərlə bağlı xəbərləri etibarsızlaşdırma kampaniyalarında birbaşa yer alır (Altay, 2026).
Çin öz təzyiqlərini legitimləşdirmək üçün uyğurların içindən seçdiyi müəyyən şəxsləri dəstəkləmə siyasətini də həyata keçirir. Türkiyədə bu strategiyanın ən mühüm nümunəsi Uyğur Sənayeçi və İş Adamları Dərnəyinin qurucusu Sabir Boğdadır. Boğda xüsusilə Türkiyə iş dünyasının Sincan rəhbərliyi ilə əlaqələrini təşkil, təşviq edir. Eyni zamanda uyğurlara qarşı təzyiqləri inkar edir və açıq şəkildə Çin təbliğatı aparır. Bu, Çin üçün xüsusilə böyük əhəmiyyət daşıyır (Altay, 2026).
Çinin Türkiyədəki digər təsir aktoru isə Türkiyə-Çin Biznesin İnkişafına Dəstək Dərnəyinin rəhbəri İhsan Beşerdir. Beşerin dərnəyi Türkiyədə fəaliyyət göstərən, Çin tərəfindən akreditə edilmiş bir qurumdur. Bu dərnək Çinin diplomatik, ticari və siyasi aktorlarını Türkiyənin iş dünyası və dövlət qurumları ilə əlaqələndirən kommunikasiya infrastrukturu rolunu oynayır. İhsan Beşerin dərnəyi eyni zamanda Çin dövlət mediasının məzmunlarını istinadsız, türkcə yayım kimi çoxaldaraq yenidən paylaşan “TurkiyeChinaNews” saytını işlədir. Bu sayt da Şərqi Türküstanla bağlı Çin narrativlərini yayır və uyğurlara sistematik təzyiqləri legitimləşdirməyə çalışır (Altay, 2026).
2025–2026-cı illər dövründə başqa bir diqqətçəkən dəyişiklik Pekinin Ankaranın siyasi və media elitaları ilə kifayətlənməyərək yerli səviyyəyə enməsidir. Jiang Xuebin müxtəlif şəhərlərə səfərlər edərək yerli hakimiyyət, universitet, biznes və ictimaiyyət nümayəndələri ilə görüşüb. 2026-cı ilin aprelində Van Yüzüncü Yıl Universitetinə və şəhərin müxtəlif qurumlarına baş çəkib; sentyabrda isə Batman səfərində valilik, yerli siyasi və biznes çevrələri ilə sənaye və turizm sahəsində əməkdaşlığı müzakirə edib (AA, Batman Valiliği, 2026).
Bu aktivliklə paralel olaraq Çin şübhəçiliyi daşıyan Türkiyə ictimai rəyində də müəyyən dəyişikliklər qeydə alınıb. “Pew Research Center”in araşdırmasına görə, 2024-cü ildə Türkiyədə Çinə müsbət baxanların payı 26%, mənfi baxanların payı isə 64% olub. 2025-ci ildə müsbət münasibət 35 faizə, 2026-cı ildə isə 43 faizə yüksəlib. 2026-cı il araşdırmasında Türkiyədə Çin haqqında müsbət fikirlərin sorğuların aparıldığı dövr üzrə tarixi maksimuma və ya ona yaxın səviyyəyə çatdığı qeyd edilir (Pew Research Center, 2026).
NƏTİCƏ
Son iki ilin mənzərəsi göstərir ki, Çinin Türkiyədəki təsir siyasəti həm miqyas, həm də metod baxımından əvvəlki mərhələdən fərqlənir. Pekin artıq yalnız klassik propaqanda aktorlarına və Türkiyədəki ənənəvi dəstəkçilərinə ümid etmir. Pekinin yeni strategiyasında siyasi spektrin ən müxtəlif təmsilçiləri, media, siyas partiyalar, biznes, akademik dairələr və yerli idarəetmə belə hədəflər sırasındadır. Sponsorlu səfərlər, Türkiyə iqtidarı ilə yaxınlığın təqdim etdiyi platformalar, yerli media aktorlarının propaqandada istifadəsi, siyasi partiyalarla birbaşa təmaslar son dövrdəki Çin təsir əməliyyatlarının müxtəlif qollarını təmsil edir. Çinin Türkiyədəki səfirliyi və Türkiyədəki Çinə bağlı biznes dairələri fəaliyyət bölgüsündə əsas mexanizmlər rolunu oynayırlar.
Şübhəsiz ki, Türkiyənin Qərblə münasibətlərindəki problemlər, çoxqütblülük gözləntiləri, ctimai rəydə Çini ABŞ hegemoniyasına qarşı mümkün alternativ kimi görən qənaətin yayğınlığı da bu tendensiyaya təsir edib. Ancaq bu faktorlar da öz-özlüyündə Çinin təsir fəaliyyətlərində istifadə etdiyi boşluqlar arasındadır. Nəticə etibarıyla Çin Türkiyədəki ən mühüm hədəfində - uyğur probleminə dair çərçivənin dəyişdirilməsi məsələsində ciddi uğur qazanıb. Türkiyədə uyğur problemi əvvəlki aktuallığını itirib, uyğur diasporası isə yalnız deportasiya deyil, həm də etibarsızlaşma təhdidi ilə üz-üzədir. Çinin Şərqi Türküstandakı sistematik təzyiq siyasəti barədə xəbərlər Türkiyə mediasında və ictimai rəyində “görünməz” olub. Görünən xəbərlər isə Çinin mediadakı, iş dünyasındakı və siyasətdəki təsir aktorları tərəfindən asanlıqla “zərərsizləşdirilə” bilir. Digər tərəfdən, Çin Türkiyədəki əsas Qərb alternativlərindən biri olma hədəfində də ciddi irəliləyişə nail olub. Bu irəliləyiş statistik rəqəmlərdə deyil. Ancaq Çin üçün vacib olan da bu deyil. Pekin ictimai rəydəki Qərb əleyhdarlığından zəmin kimi istifadə edərək özünün “Amerika ilə baş-başa qoyacaq qlobal iqtisadi güc” imicini gücləndirməyi bacarıb.
Qeyd: Oxuduğunuz yazı orijinal olaraq Azərbaycan dilində yazılmışdır.
İSTİNADLAR
Altay, Erk, 2026. China’s Influence Infrastructure in Türkiye: United Front, Economic Leverage, and the Uyghur Rights. https://www.uyghurrightsmonitor.org/2026/07/09/chinas-influence-infrastructure-in-turkiye-united-front-economic-leverage-and-the-uyghur-rights/
Trading Economics, 2026. Turkey Balance of Trade. https://tradingeconomics.com/turkey/balance-of-trade
Anadolu Ajansı, 2026. Sanayi ve Teknoloji Bakanlığından BYD açıklaması. https://www.aa.com.tr/tr/ekonomi/sanayi-ve-teknoloji-bakanligindan-byd-aciklamasi/3962938
Reuters, 2026. BYD Will Eventually Need Three Assembly Plants, One Battery Factory in Europe, Adviser Says. https://www.reuters.com/world/china/byd-will-eventually-need-three-assembly-plants-one-battery-factory-europe-2026-09-16/
Kharcenter, 2025. The Paradox of Strategic Autonomy: The KAAN Project and the Limitations of Turkey’s Defense Industry Model https://kharcenter.com/arasdirmalar/strateji-muxtariyyetin-paradoksu-kaan-layihesi-turkiyenin-mudafie-senayesi-modelinin-mehdudiyyetleri
Ülgen, Sinan və Umarov, Temur, 2024. Transatlantic Policies on China: Is There a Role for Türkiye? https://carnegieendowment.org/research/2024/10/transatlantic-policies-on-china-is-there-a-role-for-turkiye?center=middle-east
Erol, Mehmet Erman; Gökten, Kerem və Şahin, Çağatay Edgücan, 2026. Beyond False Dichotomies: Chinese Investments and the Reproduction of Neoliberal Authoritarian Developmentalism in Turkey. https://www.tandfonline.com/doi/full/10.1080/14747731.2026.2727746
Investment and Finance Office, 2026. Investment and Finance Office Marks 20th Anniversary with Beijing Reception. https://f.invest.gov.tr/en/news/news-from-turkey/pages/investment-and-finance-office-marks-20th-anniversary-with-beijing-reception.aspx
Üngör, Çağdaş, 2022. China Is Playing by Turkey’s Media Rules. https://carnegieendowment.org/research/2022/11/china-is-playing-by-turkeys-media-rules?center=china
Mankoff, Jeffrey və Bergmann, Max, 2025. Strategic Ambiguity: Erdoğan’s Turkey in a Multipolar World. https://www.csis.org/analysis/strategic-ambiguity-erdogans-turkey-multipolar-world
Anadolu Ajansı, 2024. Fidan’ın Çin Temaslarında Ekonomik İlişkiler, Küresel Meseleler ve Uygur Türklerinin Durumu Öne Çıktı. https://www.aa.com.tr/tr/politika/fidan-in-cin-temaslarinda-ekonomik-iliskiler-kuresel-meseleler-ve-uygur-turklerinin-durumu-one-cikti/3241169
Anadolu Ajansı, 2009. Turkey’s Premier Calls Incidents in China Genocide. https://www.aa.com.tr/en/archive/turkeys-premier-calls-incidents-in-china-genocide/427448
Hürriyet Daily News, 2015. Reports on Chinese Practices in Xinjiang Largely Inaccurate, Says Turkey’s Erdoğan. https://www.hurriyetdailynews.com/reports-on-chinese-practices-in-xinjiang-largely-inaccurate-says-turkeys-erdogan-85247
Singh, Michael, 2016. Is Turkey Pivoting to China? https://www.washingtoninstitute.org/policy-analysis/turkey-pivoting-china
HRW, 2019. Turkey Calls Out China’s Repression of Uyghurs. https://www.hrw.org/news/2019/02/14/turkey-calls-out-chinas-repression-uyghurs
Al Jazeera, 2021. Turkey Raises Uighur Issue with China as Hundreds Protest. https://www.aljazeera.com/news/2021/3/25/turkey-says-conveyed-sensitivity-about-uighurs-to-china
Anadolu Ajansı, 2022. China’s Unease over Türkiye’s Support for Uyghur Has Hurt Ties: Foreign Minister Çavuşoğlu. https://www.aa.com.tr/en/turkiye/chinas-unease-over-turkiyes-support-for-uyghur-has-hurt-ties-foreign-minister-cavusoglu/2775432
Reuters, 2024. Turkey Told Beijing It Wants to Boost Agricultural and Food Exports to China, Turkish Source Says. https://www.reuters.com/markets/commodities/turkey-told-beijing-it-wants-boost-agricultural-food-exports-china-turkish-2024-06-05/
HRW, 2025. Protected No More: Uyghurs in Türkiye. https://www.hrw.org/report/2025/11/12/protected-no-more/uyghurs-in-turkiye
Yu Chen-Cheng, 2026. China’s Law on Promoting Ethnic Unity and Progress and Extraterritorial Jurisdiction https://opiniojuris.org/2026/07/22/chinas-law-on-promoting-ethnic-unity-and-progress-and-extraterritorial-jurisdiction/
Cagaptay, Soner; Peterson Ela. Throwing Water on Turkey’s Warming Ties with China. https://www.washingtoninstitute.org/policy-analysis/throwing-water-turkeys-warming-ties-china
The Guardian, 2020. How China Uses Muslim Press Trips to Counter Claims of Uighur Abuse. https://www.theguardian.com/world/2020/aug/23/how-china-uses-muslim-press-trips-to-counter-claims-of-uighur-abuse
Kerimu, Aynur, 2024. Turkish Journalists Are Now ‘Telling the Xinjiang Story Well’ for Beijing. https://jamestown.org/turkish-journalists-are-now-telling-the-xinjiang-story-well-for-beijing/
Cumhurbaşkanlığı İletişim Başkanlığı, 2025. CMG, İlk Çin-Türkiye Medya Forumuna Katıldı, Teknoloji Odaklı Yeni İş Birliği Yolları Ele Alındı. https://www.iletisim.gov.tr/turkce/dis_basinda_turkiye/detay/cmg-ilk-cin-turkiye-medya-forumuna-katildi-teknoloji-odakli-yeni-is-birligi-yollari-ele-alindi-cin
Çin Büyükelçiliği, 2026. Partiler Arası İlişkiler, İkili İlişkilerin Temellerini Güçlendirmektedir. https://tr.china-embassy.gov.cn/tur/sgxw/202607/t20260706_11976011.htm
Akçay, Nurettin, 2026. X paylaşımı. https://x.com/akcay_nurettinn/status/2084874869590708650
A Haber, 2026. X paylaşımı. https://x.com/ahaber/status/2072384879526867303
Yıldırım, Eliküçük Nilgün, 2024. Türkiye Çin İlişkilerinde Uygur Meselesi. https://tr.boell.org/tr/2024/04/05/turkiye-cin-iliskilerinde-uygur-meselesi
Youtube, istihbarat raporu kanalı, 2026. Çin'in Türkiye'deki Kamu Diplomasisi Ağları Nasıl İşliyor? | https://www.youtube.com/watch?v=MstwgBjd-FA
Euronews, 2026. MHP’li Topsakal’dan 2028 Seçimleri Açıklaması: “Bakanlıklar Değil, Rusya ve Çin ile Ortaklık Şart”. https://tr.euronews.com/2026/04/10/mhpli-topsakaldan-2028-secimleri-aciklamasi-bakanliklar-degil-rusya-ve-cin-ile-ortaklik-sa
Friends of Socialist China, 2026. Multi-Party Delegation from Türkiye Visits China. https://socialistchina.org/2026/06/24/multi-party-delegation-from-turkiye-visits-china/
Middle East Eye, 2026. China Steps Up Propaganda Blitz in Turkey amid Fallout from BYD Debacle. https://www.middleeasteye.net/news/china-steps-propaganda-blitz-turkey-amid-fallout-byd-debacle
International Department of the CPC Central Committee, 2025. Jin Xin Meets with a Delegation of Patriotic Party of Türkiye. https://www.idcpc.gov.cn/english2023/lldt/202507/t20250709_167245.html
Türkiye-Çin Dostluk Vakfı, 2026. Xinjiang Gezisi: Heyet Üyelerinden Değerlendirmeler. https://turkcindostlukvakfi.org.tr/xinjiang-gezisi-heyet-uyelerinden-degerlendirmeler
Anadolu Ajansı, 2026. Çin Halk Cumhuriyeti Ankara Büyükelçisi Jiang Xuebin Van’da Ziyaretlerde Bulundu. https://www.aa.com.tr/tr/gundem/cin-halk-cumhuriyeti-ankara-buyukelcisi-jiang-xuebin-vanda-ziyaretlerde-bulundu/3912388
Batman Valiliği, 2026. Çin Halk Cumhuriyeti Ankara Büyükelçisi Jiang Xuebin, Valiliğimizi Ziyaret Etti. https://batman.gov.tr/cin-halk-cumhuriyeti-ankara-buyukelcisi-jiang-xuebin-valiligimizi-ziyaret-etti
Pew Research Center, 2026. Global Views of China 2026: Topline. https://www.pewresearch.org/wp-content/uploads/sites/20/2026/07/pg_2026.06.15_global-views-china-2026_topline.pdf