(Yazı Khar Centerin Azərbaycan avtoritarizmi araşdırmaları çərçivəsində hazırlanıb)
Giriş
Təbiətin bəxşişi olan təbii resurslar hansı toplumlar üçün lənətə çevrilibsə, onları idarə edən siyasi elita üçün nemətə dönüb. Havayı renta gəlirlərinin şəxsi zənginləşmə, hakimiyyəti qoruma vasitəsinə çevrildiyi coğrafiyalarda uzunömürlü və qanlı resurs diktaturaları formalaşıb. SSRİ-nin dağılması ilə müstəqillik qazanan Azərbaycan da təəssüf ki, Latın Amerikasının və Afrikanın resurs mənşəli avtoritar rejimlərinin taleyindən qaça bilmədi. Dünyanın aparıcı transmilli neft-qaz şirkətlərilə bağlanmış Hasilatın Pay Bölgüsü Sazişləri sayəsində Azərbaycan cəmi 6 il ərzində (2004-2010-cu illər) neft hasilatını 3 dəfədən çox artırdı və 15,5 milyon tondan 51 milyon tona çatdırdı (Dövlət Statistika Komitəsi, neft və qaz hasilatına dair statistika). Eyni sürətlə 2015-2024-cü illərdə əmtəəlik qaz hasilatı 2 dəfədən çox artaraq 15 milyard kubmetrdən 35 milyard kubmetrə çıxdı. Ötən dövrdə geopolotik böhranlar, müxtəlif coğrafiyalardakı müharibə və qarşıdurmalar dünya birjalarında neft və qazın qiymətinin ucuzlaşmasına imkan vermədi. Nəticədə 20 il əzrində Azərbaycan hökuməti neft-qaz satışı hesabına 272 milyard dollar gəlir əldə etməyə nail oldu ki, bunun 52 mliyard dolları neft-qaz şirkətlərinin dövlət büdcəsinə ödədiyi vergilər, 220 milyard dolları isə Dövlət Neft Fondu vasitəsilə hökumətin əldə etdiyi qazanclardır (Hesablama Palatasının və Dövlət Neft Fondunun rəyləri).
Böyük resurs pullarının ölkəyə axması Azərbaycanda siyasi rejim dəyişikliyi imkanını aradan qaldırdı. Son 32 ildə ölkə eyni siyasi qüvvə tərəfindən idarə edilir. Lakin 2003-cü ildən sonra neft pulları təkcə hakmiyyəti əbədiləşdirməyə yox, eləcə də 90-cı illərin əvvəllərindən yaranmağa başlayan kövrək demokratik institutları – müstəqil media və vətəndaş cəmiyyətini, müxalif siyasi qüvvələri tamamilə sıradan çıxarmağa fürsət yaratdı.
Amma neftdən qidalanan avtoritar rejimin ölkə üçün yaratmış olduğu təhdid yalnız demokratik dəyişiklik imkanını sıradan çıxarmaqla ilə məhdudlaşmır. Bu tip rejimlər üçün ölkəni postresurs dövrünə hazırlamaq yalnız kağız üzərində prioritetə çevrilir. Real gündəlik isə müftə renta gəlirləri hesabına maksimum zənginləşməkdən, potensial təhlükə hesab edilən bütün siyasi institutları və sosial qrupları məhv etməkdən ibarət olur. Halbuki resurs gəlirləri əbədi deyil – ya bəlli bir dövrdən sonra təbii resurslar tükənir, ya da vaxtaşırı baş verən qiymət kollapsları ölkəni sosial və iqtisadi kataklizmlərin ağuşuna atır. Belə sarsıntılardan sığortalanmağın bir yolu var – iqtisadiyyatı resurslardan asılı saxlamamaq, büdcənin gəlirlərini və ixrac səbətini maksimum diversifikasiya eləmək lazımdır.
Resurs diktaturalarının gündəliyində iqtisadiyyatın diversifikasiyası həmişə var, amma sadəcə təbliğat vasitəsi kimi. Bu cür rejimlərin dilində nağıl effekti verən iqtisadi diversifikasiya strateji vizion, peşəkar, korrupsiyasız və şəffaf idarəetmə, rəqabətli və azad biznes mühiti tələb edir.
Təqdim olunan analiz Azərbaycan iqtisadiyyatının mövcud diversifikasiya səviyyəsinə, hökumətin bu sahədə atdığı addımların nəticələrinin qiymətləndirilməsinə həsr olunub.
- İqtisadi diversifikasiya: qlobal reytinq
Beynəlxalq Valyuta Fondu iqtisadi diversifikasiyanı inkişaf etməkdə olan ölkələr üçün iqtisadi fəaliyyət növlərinin genişləndirilməsi vasitəsi hesab edir. Bu yanaşmaya görə, diversifikasiya dayanıqlı iqtisadi artımın təşviq edilməsi və həyat səviyyəsinin yaxşılaşdırılması üçün əsas mexanizmlərdən biridir. Onun sayəsində inkişaf etməkdə olan ölkələr iqtisadi şokları qarşılamaq qabiliyyətini artırır, eyni zamanda innovasiya, investisiya və məşğulluq üçün yeni imkanlar əldə edir. Hökumətlər ya üfüqi strategiyalar potensialı olan bütün sektorları inkişaf etdirməyə, ya da şaquli strategiyalar vasitəsilə konkret sahələrin (sənaye, texnologiya və innovasiyalarla bağlı fəaliyyətlər, mextəlif xidmətlər və s.) dəstəklənməsinə istiqamətlənir (Corinne C Delechat, Giovanni Melina 2024).
Təbii resurs asılılığı olan iqtisadiyyatlar üçün diversifikasiya milli gəlirin, ixracın və büdcə gəlirlərinin xammal sektorundan asılılığını aradan qaldırmaq vasitəsidir. Bu isə bir qayda olaraq qeyri-resurs sahələrinin inkişafı, innovasiya və insan kapitalının gücləndirilməsi sayəsində mümkün olur.
Dubay hökumətinin təsisçiliyi ilə yaradılan institut iqtisadi diversifikasiya reytinqini hazırlayır. Ən son hesabat “Global Economic Diversification Index 2026” adlanır. Açıqlanan məlumatdan aydın olur ki, Azərbaycan araşdırmaya cəlb olunan 117 ölkə arasında 112-ci sıradadır (Global Economic Diversification İndex 2026). Bu o deməkdir ki, Azərbaycan dünyada iqtisadiyyatı ən pis şaxələnmiş 10 ölkədən biridir. İqtisadi diversifikasiyanın qlobal autsayderi olan həmin 10 ölkəyə Azərbaycanla bərabər Qana, Konqo, Mozambik, Efiopiya, Tanzaniya, Niger, Əlcəzair, Monqolustan və Anqola daxildir. Öz növbəsində, hesabatda xammal və resurslardan asılı olan 42 ölkənin reytinqi ayırca tərtib edilib və Azərbaycan həmin siyahıda da ən aşağı diversifikasiya səviyyəsinə malik 5 təbii resurs ölkəsindən biri kimi 38-ci yerdədir.
Reytinqdə Cənubi Qafqazın digər 2 ölkəsinin daha əverişli mövqedə olduğu görünür. Gürcüstan 65-ci, Ermənistan isə 69-cu yerdə qərarlaşıb.
Hesabatda qeyd edilir ki, Azərbaycan son 20 ildə davamlı olaraq dünyada iqtisadi diversifikasiyanın ən aşağı səviyyədə olduğu ölkə olaraq qalıb.
Qlobal Diversifikasiya İndeksində ölkələrin reytinqi 3 komponent əsasında qiymətləndirilir və onlar aşağıdakılardır:
- İstehsalın şaxələnməsi. Bu göstərici ÜDM-nin nə dərəcədə fərqli sektorlar (sənaye, xüsusən qeyri-resurs sahələri, aqrar, turizm, maliyyə və informasiya kimi xidmətlər və s.) əsasında formalaşdığını ölçür. Qiymətləndirmədə törəmə göstəricilər kimi həmçinin investisiyaların ÜDM-ə nisbəti, orta və yüksək texnoloji məhsullar (eləcə də xidmətlər) yaradan sahələrin ÜDM-də payı kimi indikatorlardan istifadə edilir;
- İxracın şaxələnməsi. Bu xüsusilə də qeyri-resurs ixracatının ümumi ixracatda xüsusi çəkisini qiymətləndirmək üçün istifadə edilir. Əmtəə və xidmətlərin ayrı-ayrılıqda ixracda payı, orta və yüksək texnoloji məhsulların ixracda xüsusi çəkisi kimi törəmə göstəricilər də hesablamada istifadə olunur;
- Gəlirlərin şaxələnməsi. Hökumətin sərəncam verdiyi ictimai vəsaitlərin mənbəyinin nə dərəcədə təbii resurslardan asılı olduğunu ölçür. Xarici ticarət əməliyyatlarına tətbiq olunan vergi və rüsumlardan əldə olunan gəlirlərin, vergi daxilolmalarının ÜDM-ə nisbəti kimi törəmə indikatorlar da hesablamaya cəlb edilir.
Ölkə reytinqinin müəyyən edilməsində hər üç indikator bərabər paya malikdir. Məsələn, şaxələnmə baxımından istehsal üzrə 50, ixrac üzrə 60, gəlirlər üzrə 49 xal toplanılıbsa, reytinqdə ölkənin orta balı 53 olacaq.
2026-cı ilə üzrə Qlobal Diversifikasiya İndeksində 169,6 xalla ABŞ lider mövqedədir. İlk üçlüyü 148 balla Çin və 138,6 xalla Almaniya qapadır. Bunlardan əlavə, ilk onluqda Böyük Britaniya, İrlandiya, Sinqapur, Fransa, Niderland, İsveçrə və Yaponiya da yer alır.
Hesabata görə, Azərbaycanın ən aşağı göstəricisi ixrac diversifikasiyası ilə bağlıdır və bu indikator üzrə 77,3 xal toplayıb. İxrac diversifikasiyanın səviyyəsinə görə, Azərbaycanın Nigeriya, Qana, Tanzaniyadan və Mozabmikdən də geri qalır və 117 ölkə arasında yalnız 4 ölkədən öndədir: Əlcəzair, Anqola, Monqolustan və Konqo. Dövlət Gömrük Komitəsinin hesabatına görə, hesabatın istinad ili kimi götürdüyü 2024-cü ildə Azərbaycanın təbii resurs ixracatı (neft, qaz və qızıl birlikdə) ümumi ixracatın 90 faizini təşkil edib (ADGX xarici ticarətə dair statistik hesabatları 2024). Nisbətən yüksək göstərici hökumət maliyyəsində qeydə alınıb. Belə ki, Maliyyə Nazirliyinin hesabatına görə, 2024-cü ildə dövlət büdcəsinin gəlirlərinin təxminən yarısı resurs gəlirlərindən formalaşıb (AMN büdcə icrasına dair hesabatları 2024). Amma qlobal hesabatdan görünür ki, ixrac göstəricisi ilə müqayisədə maliyyə asılılığının səviyyəsinə görə resurs ölkələrinin göstəriciləri bir-birinə çox yaxındır.
2. Resursu lənətə yox, nemətə çevirməyi bacarmış ölkə təcrübələri
Uzun illərdir müxtəlif araşdırmalarda, elmi müzakirələrdə “resurs lənəti” anlayışı bir qayda olaraq Nigeriya, Anqola və Venesuela kimi ölkələrə münasibətdə istifadə edilir. Məsələn, Afrikada ən böyük neft ehtiyatlarına malik Nigeriya neft ixracatının həcminə görə dünyada 6-cı sıradadır. Zəngin təbii resurslara baxmayaraq Nigeriya həm də Afrikada ifrat yoxsulluğun ən yüksək olduğu ölkədir: bütü əhalinin az qala 30 faizi və ya 70 milyon insan gündə 1,90 dollardan az gəlirlə yaşayır. İqtisadiyyatın diversifikasiyası çox aşağıdır və ixrac gəlirlərinin 90 faizi təbii resurslardan formalaşır. Dünya Bankının 2020-ci il İnsan Kapitalı indeksində Nigeriya 157 ölkə arasında 150-ci yeri tutur. Nigeriyanın vergi gəlirlərinin ÜDM-ə nisbəti cəmi 6 faizdir və bu 17 faizlik orta Afrika göstəricisindən çox aşağıdır. Ölkədə işçi qüvvəsinin 36 faizi kənd təsərrüfatında çalışsa da, bu sahə ixracın 2 faizdən də azını formalaşdırır. Nigeriya öz qida ehtiyacının əhəmiyyətli hissəsini idxal vasitəsilə ödəyir. Nigeriyalıların təxminən dörddə biri ərzaq təhlükəsizliyi problemi yaşayır, 45 faizinin isə elektrik enerjisinə çıxışı yoxdur. adambaşına ÜDM-i 1000 dollar ətrafındadır (“The Borgen Project” 2023). Məsələn, bu başqa bir resurs ölkəsi Norveçin göstəricisindən az qala 85 dəfə azdır. Qlobal korrupsiya reytinqində Nigeriya 180 ölkə arasında 140-cı sırada yer alır. Belə vəziyyətin əsas səbəbi ölkədə resurs gəlirlərinin şəffaf və səmərəli xərclənməsini, korrupsiyanın qarşısını alacaq demokratik institutların yoxluğudur. 30 ildən artıq davam edən hərbi xunta rejimlərinin varlığına 1999-cu ildə son qoyulsa da, siyasi sistemin demokratikləşməsi sahəsində hələ də ciddi problemlər var. “Freedom House” beynəlxalq insan haqları təşkulatının məlumatına (Freedom House 2025 ) görə, Nigeriyanın mülki hakimiyyətə keçidindən ötən 25 il ərzində ölkədə seçkilərin keyfiyyətində əhəmiyyətli irəliləyişlər olsa da, səsvermə hələ də pozuntularla müşayiət olunur, neft sənayesində korrupsiya geniş yayılıb, təhlükəsizlik problemləri (üsyanlar, oğurluqlar, dini və etnik zorakılıq) əhalinin fundamental hüquqlarını ciddi təhdid altında saxlayır. Bu müddətdə ölkənin nail olduğu əsas nəticə “azad olmayan ölkə” statusundan “qismən azad ölkə”yə keçmək olub.
Nigeriyanın tam əksi olan Norveç təbii resursu nemətə çevirməyi bacarmış ölkə hesab edilir. Dünya Bankının yuxarıda qeyd olunan məlumat bazasına görə, 2024-cü ildə Norveçdə ÜDM adambaşına 86,8 min dollar olub (Dünya Bankı 2024). Ölkənin 168 milyard dollarlıq əmtəə ixracatının 57 milyard dolları (35%) qeyri-resurs malları hesabına təmin edilir. Lakin Norveç əmtəə ilə yanaşı böyük xidmət ixracatçısıdır və 2024-cü ildə ölkə ümumi xidmət ixracatının həcmi 57 milyard dollara yaxın olub (“Trademap” 2024). Xidmət ixracatını da nəzərə aldıqda, Norveçin ümumi ixracatının yarısından çoxunun qeyri-resurs sektoru təmin edir. Ölkə ÜDM-də neft-qaz sektorunun payı kifayət qədər aşağıdır – təxminən 17%.
Norveç resurs gəlirləri hesabına gələcək nəsillər və ölkənin perspektiv iqtisadi təhlükəsizliyi üçün nəhəg aktivlər formlaşıdırıb. 2025-cil ilin ortalarına olan məlumata görə, resurs gəlirlərinin toplandığı Qlobal Pensiya Fondunun aktivlərinin ümumi həcmi 1,8 trilyon dolları ötüb (OECD 2017). Bu cür nəhəng məbləğdə yığımlar sərt fiskal qayda sayəsində mümkün olub. Həmin qaydaya görə, hökumət Qlobal Pensiya Fondunun aktivlərinin real dəyərinin (inflyasiya çıxılmaqla hesablanan) maksimum 3 faizini dövlət büdcəsinə transfert etməklə xərcləyə bilər. Norveçin bu cür sərt maliyyə intizamınnın davamlı tətbiqinə demokratik seçilmiş parlament nəzarəti, effektiv və hesabatlı hökumət, azad media və vətəndaş cəmiyyəti hesabına ictimai nəzarət sayəsində nail olduğu şübhəsizdir. Amma resursları qorumaq üçün həm də şaxələnmiş iqtisadiyyat yaradılmalıdır. Əks halda hökumət vətəndaşlar qarşısında özünün ən əsas öhdəliklərini icra etmək üçün zəruri maliyyə vəsaiti tapa bilməzdi. Söhbət təhsilin, səhiyyənin, sosial müdafiənnin, ictimai asayişi və təhülkəsizliyin təmin edilməsi üçün büdcə vəsaitlərindən gedir. Bu baxımdan Norveçin resurs gəlirlərini qoruması ilə yanaşı iqtisadiyyatı şaxələndirmə təcrübəsi də son dərəcə əhəmiyyətlidir. Norveçin iqtisadi şaxələnmə strategiyasında bir neçə hədəf sektor yer alıb. Bura bərpa olunan enerji, xidmət sektoru (maliyyə və sığorta xidmətləri, enerji sektoru ilə bağlı xidmətlər, nəqliyyat xidmətləri və s.), balıqçılıq və aqrar sektor, yüksək texnoloji sənaye sahələri daxildir. Norveç təcrübə göstərir ki, sərmayə üçün resurların olması uğurlu diversifikasiya üçün hələ yetərli deyil. Paralel olaraq, təhsil və elmlə dəstəkləməyən hansısa istehsal davamlı inkişaf edə, nəinki xarici, hətta yerli bazarlarda rəqabət qabiliyyətli ola bilməz. İqtisadi diversifikasiyanın mühərriki hesab olunan bəzi seqmentlərin nümunəsində nəzərdən keçirdikdə, bu arqumentin doğruluğunu aydın görmək olur.
Ölkədə ən inkişaf etmiş sahələrdən birinə çevrilmiş qırmızı balıq (somon balığı) istehsalının nəhəng sənaye tipli yetişdirmə fermaları şəbəkəsi formalaşıb. Son statistikaya görə, ölkədə balıqçılıq və qida məqsədli digər dəniz heyvanlarının yetişidirilməsi ilə məşğul olan 420 ferma mövcudur. Onların ümumi illik istehsalı 1,7 milyon tona yaxındır ki, bunun təxminən 1,4 milyon tonu emal edilərək ixraca gedir. Dəniz məhsullarının ümumi ixracı 16 milyard dollara yaxındır ki, bu da ölkənin ümumi ixracının təxminən 10 faizinə bərabərdir. Norveçin təkcə akvakultura məhsullarının ixrac həcmi Azərbaycanın bütübn qeyri-neft ixracatındın təxminən 5,5 dəfə böyükdür (NBİM 2025).
Norveçin dəniz məhsullarının ixrac coğrafiyası həddən artıq genişdir: ABŞ, Yaponiya, Çin, Fransa, Almaniya və İspaniya əsas alıcılar sırasındadır. Dünya bazarlarının somon balığına olan ümumi tələbatının (2 milyon ton) 70 faizini Norveç təkbaşına ödəyir.
Sual yaranır: dünyada okean və dənizlərlə əhatə olunan onlarla ölkə olduğu halda niyə məhz Norveç somon balığının sənaye tipli istehsalı sahəsində dünya liderinə çevrilməyi bacardı? Təkcə elə bu sahənin timsalında diversifikasiyanı müvəffəqiyyətli edən əsas amillər hansılardır? Cavab olaraq ilk növbədə istehsalla bağlı təşəbbüsləri dəstəkləyən, onların uğurla nəticələnməsini təmin edən elm və texnologiyaların da iştirak etdiyi bütöv bir ekosistemin yaradılmasını qeyd etmək lazımdır. Əvvəla, balıqçılıq və akvakultura üzrə ixtisaslaşmış güclü akademik mərkəzlərdən söhbət gedir. Məsələn, dünyanın ən böyük dəniz araşdırmaları ilə məşğul olan “Dəniz Tədqiqatları İnstitutu” balıq ehtiyatlarının monitorinqi, akvakultura biologiyası, dəniz qida təhlükəsizliyi, hökumət üçün balıq kvotaları üzrə elmi tövsiyələrin hazırlanması, Arktik balıq ehtiyatlarının qiymətləndirilməsi ilə məşğul olur. İnstitut bu fəaliyyəti yerinə yetirmək üçün onlarla tədqiqat gəmisinə və uzunmüddətli okean müşahidə proqramlarına malikdir.
Okean mühəndisliyi üzrə ixtisaslaşan Norveç Elm və Texnologiyalar Universiteti ən yüksək səviyyəli okean laboratoriyalarına malikdir və sənaye ilə sıx əməkdaşlıq edir.
“Nofima” Tətbiqi Tədqiqatlar İnstitutu balıqlar və balıq yetişdirmə üçün yem və qida texnologiyaları hazırlayır, balıq məhsullarının emalı və ixracına dəstək verir, akvakultura sənayesi ilə birbaşa işləyir, startaplar və şirkətlərlə birgə layihələr hazırlayır, somon sənayesində məhsuldarlıq və xəstəliklərin idarə edilməsi üzrə araşdırmalar aparır.
Bunlarla yanaşı, UİT-Norveç Artik Universiteti və Bergen Universiteti dəniz biologiyası, okeanoqrafiya, Arktik balıqçılıq ehtiyatları, Şimal Dənizi ekosistemləri sahəsində elmi araşdırmalar üzrə ixtisaslaşmaqla yanaşı Norveçin şimal balıqçılıq siyasətinin elmi bazasını hazırlayırlar.
Akvakultura sektorunun bu cür yüksək elmi potensialı sənayeni genetik tədqiqatlarla təmin edir, xəstəliklərin qarşısını alınmasına dəstək verir, süni yem və istehsal sistemləri yaradır, startapların təşəbbüslərini və onların təcrübədə tətbiqini reallaşdırır, avtomatlaşdırılmış balıq yetişdirmə üçün zəruri texnologiya və akvakultura avadanlıqlarının istehsalına nail olur.
İkincisi, elmi mərkəzlər balıqçılıq və okean siyasətini formalaşdıran nazirliklərlə koordinasiyalı çalışırlar. Bu əməkdaşlıqda dövlətin əsas rolu elmi-tədqiqat və inkişaf (R&D) xərclərinin maliyyələşdirməkdən, pilot layihələri və və innovasiya klasterlərini dəstəkləməkdən, balıqçılıq sahəsində qaydalar yaratmaqdan ibarətdir.
Nəhayət, sənaye müəssisələri elmi mərkəzlərin ortaya çıxardığı, dövlətin dəstəklədiyi rəqabətədavamlı ideya və təşəbbüsləri, təsərrüfat üsullarını tətbiq edir, məhsula çevirir və bazara çıxarır. Akvakultura sahəsində ixtisalaşmış elmi mərkəzlər yalnız yerli sənaye balıqçılığını dəstəkləmir, həm də dünyanın müxtəlif ölkələrinə xidmət ixrac edir, ölkəyə pul qazandırır. Məsələn, “Nofima” Tətbiqi Tədqiqatlar İnstitutu 200 nəfərə yaxın PhD dərəcəli elmi heyəti ilə 2024-cü ildə dünyanın 34 ölkəsində 500-dən artıq layihə çərçivəsində öz xidmətlərini reallaşdırıb. Həmin layihələr əsasən balıq yetişdirilməsi texnologiyaları, dəniz məhsullarının emalı, balıq yemləri və onların sağlamlığı ilə bağlı olub (Nofima 2022).
Fəaliyyətin resurslarla dəstəklənməsini Norveç hökuməti adından Tədqiqat Şurası həyata keçirir. Sahə nazirlikləri starteji sənədlərdə əksini tapan prioritetlərə və fəaliyyətlərə uyğun olaraq Şuradan maliyyə dəstəyi almaq üçün əsaslandırmanın əlavə edildiyi rəsmi məktubu quruma göndərir. Biznesin də qatıldığı müzakirlər əsasında Tədqiqat Şurası dəstəklənməsini zəruri saydığı layihələrə maliyyə ayırır. Son illər Şuranın ayırdığı maliyyənin həcmi 11 milyard Norveç kronuna yaxın olub (Norveç Tədqiqat Şurası 2024).
Norveçin elmi-tədqiqat və inkişaf xərclərinin ÜDM-ə nisbəti hələlik Avropanın qabaqcıl ölkələrinin göstəricilərindən (orta hesabla 3%) geri qalsa da, inkişaf etməkdə olan ölkələrlə müqayisədə kifayət qədər yüksəkdir (2 faizə yaxındır). Elmi-tədqiqata xərcləmələrin təxminən 55 faizi biznesin vəsaitləridir (OECD 2018).
Məhz elmi potensialın gücləndirilməsi sayəsində Norveç iqtisadiyyatının şaxələnməsində yüksək texnoloji seqementlər mühüm rol oynayır. Gəmiqayırma, neft-qaz emalı və akvakultura ilə bağlı robot texnikasının yaradılması və ixracı sahəsində ciddi addımlar atılıb (Norveçin “JM Robotics” ixtisalaşmış texnologiya şirkəti). Okean kəşfiyyatı üzrə ixtisaslaşmış robortlar (avtonom sualtı aparatlar) sualtı yoxlama və monitorinqlərin aparılmasında istifadə edilir. Robortlaşdırılmış balıq yetişdirmə sistemləri akvakulturanı avtomotik şəkildə izləyir və prosesləri avtonom rejimdə optimallaşdırır. Dron logistika sistemləri uzaq regionlar və adalar arasında malların daşınmasını təmin edir. Sənaye robortlarının istehsalının genişlənməsi ölkə daxilində ondan istifadənin sürətlə genişləndirir və hazırda bazar həcmi 500 milyon dollara çatır, 2030-cu ilə qədər isə 1,2 milyard dollara çatacağı proqnozlaşdırılır (Norway Industrial Robotics Market Source).
Hazırda Norveçdə 171 robototexnika şirkəti fəaliyyət göstərir. Onları sayı son illər birdən-birə kəskin şəkildə artıb və səbəb bərpa olunan enerjiyə sürətli keçiddir. Çünki yaşıl enerjiyə keçid robotlar və avtomatlaşdırma olmadan imkansızdır (Norveç “HowToRobot” Platforması).
Norveç sənayecə artıq elə inkişaf mərhələsinə yüksəslib ki, enerji saxalayan batereya sistemləri kimi mürəkkəb və yüksək əlavə dəyərə malik məshulların istehsalına başlayıb (“Reuters” Agentliyi). Hazırda Norveçdə bütün miniik avtomobillərinin təxminən 90 faizinin xalis elektrik mühərrikli avtomobillər olduğu nəzərə alınsa, batereya istehsalı üçün böyük daxili bazarın mövcudluğu aydın görünür (Norwegian EV Association). Lakin bu batereyaların daha böyük tutuma malik olanları bərpa olunan enerjinin itkiyə getməməsi üçün enerji şəbəkələrində də istifadə üçün nəzərdə tutulur. Norveç hökuməti 2029-cu ilədək istehsal gücü 14 GWh olan 3 yeni zavodun da istifadəyə veriləcəyini bildirir.
Norveç çox nəhəng külək enerjisi istehsalı poetensialına malikdir və ildə təxminən 2 milyard dollar dəyərində ixracat həyata keçirir və xaricə satılan elektrik enerjisinin həcmi 25 milyard kilovatt saata çatır. Nəqliyyat vasitələrinin, gəmilərin, elektrik avadanlıqlarının və mürəkkəb cihazların ümumi ixracat həcmi 15 milyard dollara, farmakaloji məhsulların ixracatı 1,5 milyard dollara yaxındır (BMT-nin “Comtrade” qlobal xarici ticarətə dair məlumat bazası).
3. “Manipulyativ statistika” güzgüsündə Azərbaycanda iqtisadi diversifikasiyanın görünməyən tərəfləri
Azərbaycan hökumətinin 20 ildən çoxdur davam edən “iqtisadi diversifikasiya”, “qeyri-neft sektorunun sürətli inkişafı” təbliğatının hazırkı dövrə olan nəticəsini elə rəsmi rəqəmlər özləri açıq göstərir. Məhz hökumətə məxsus statistik mənbələr əsasında hazırlanmış aşağıdakı diaqram Azərbaycanı təbii resurslardan ifrat asılılığı olan ölkə kimi xarakterizə etməyə imkan verir və yuxarıda təqdim edilmiş “Qlobal İqtisadi Diversifikasiya İndeksi” də məhz bu faktı təsdiqləyir. Təqdim olunan məlumatlar Maliyyə Nazirlyinin büdcə, Dövlət Gömrük Xidmətinin xarici ticarət və Dövlət Statistika Komitəsinin milli hesablar statistikasına əsasən hazırlanıb.
Rəqəmlərdən göründüyü kimi, 2025-ci ilin yekunlarına görə dövlət büdcəsinin yarısı, ixracın isə 86 faizi məhz təbii resurs gəlirləri hesabına formalaşıb. Amma rəsmi təbliğatda bu mənzərəni yaratdığı qara-neqativ mənzərəni rəngli etmək, ictimai rəyi pozitiv siyasi təbliğata yönləndirmək üçün davamlı olaraq belə bir tezis istifadə edilir: asılılıq yüksəkdir, amma son illər onun azalma tendensiyası davam edir.
Yenə də rəsmi rəqəmlərə baxanda hökumət təbliğatını haqlı çıxaran məlumatlar görmək olur. Xüsusilə də hökumət 2018-ci ili baza ili götürərək həmin dövrdən indiyədək dövlət büdcəsinin neft-qaz sektorundan asılılığı 59 faizdən 50 faizə, ixracın strukturunda təbii resurs məhsullarının payı 91 faizdən 86 faizə enib. Eləcə də qeyri-neft ixracatının mütləq ifadədə 2,2 dəfə artaraq 3,6 milyard dollara çatdığı xüsusi vurğulanır.
Əslində ixracın resurs asılılığındakı azalma əhəmiyyətli deyil və dünya bazarlarında neftin qiymətinin aşağı olduğu illərdə təbii resurs gəlirlərinin azalması qeyri-neft sektorunun ixracda payını yüksəldir. Məsələn, 2025-ci ildə Azərbaycan neftin dünya bazarlarında orta illik satış qiyməti əvvəlki ilə nisbətən 10 dollar aşağı düşərək təxminən 71 dollar təşkil edib (“fed.az” iqtisadi portalı ). Nəticədə isə neft-qaz ixracatının ümumi məbləği 1,8 milyard dollar azalaraq 21,4 milyard dollara enib.
2018-2025-ci illərdə qeyi-neft ixracatının mütləq (dəyər) ifadədə 2,2 dəfə və ya 1,9 milyard dollar artımla 3,6 milyard dollara yüksəlməsi fakt olaraq doğrudur. Lakin bu faktın arxasında bilavsitə siyasi təbliğata xidmətə edən elə statistik manipulyasiyalar dayanır ki, bunların gerçək iqtisadi diversifikasiyaya hər hansı töhfəsi yoxdur. Birincisi, 2020-ci ildə qlobal pandemiya, ardınca 2022-ci ildən başlayan Rusiya-Ukrayna müharibəsi qlobal təchizat zəncirlərinin pozulmasına, dünya əmtəə bazarlarında əksər məhsulların qiymətinin əhəmiyyətli şəkildə artmasına səbəb olub. Bu baxımdan ölkələr istehsal və ixracın kütləsini (real həcmini) artırmadan da ixrac gəlirlərini artıra bilirlər. Bu fakt elə Azərbaycanın rəsmi statistikasında da aşkar görünür. Belə ki, rəsmi hesabatlarda qeyri-neft ixracının həm cari ilin qiymətləri ilə nominal dəyəri, həm də baza ilinin qiymətləri ilə real artım dinamikası verilir. Aşağıda məhz Dövlət Statistika qurumunun həmin məlumatları əsasında 2018-2025-ci illərdə nominal və real artlm dinamikası əks olunub:
Riyazi baxımdan kumuyativ artımı hesabladıqda, 7 ildə qeyri-neft ixracatının nominal (cari qiymətlərlə) dəyərlə 2 dəfə artıdığı, amma ixracın real həcminin 0,5% azaldığı görünür. İstehsalın həcminin artımı ilə dəstəkləməyən, geopolitik və qlobal iqtisadi gərginliyin səbəb olduğu yüksək qiymətlər hesabına ixrac gəlirlərinin artımı dayanıqlı deyil, müvəqqəti xarakter daşıyır. Belə bünövrəsiz böyümə iqtisadi diversifikasiyanı davamlı və effektiv edə bilməz və ən yaxşı halda qısamüddətli siyasi təbliğat üçün yaraya bilər. Bu arqumentin nə qədər real olunduğunu görmək üçün bir neçə məhsulun timsalında faktlara diqqət yetirmək kifayətdir. Məsələn, qeyri-neft ixracatının əsas məhsullardan hesab olunan almanın hər tonun orta ixrac qiyməti 2018-ci ildə 423 dollar, 2025-ci ildə 705 dollar təşkil edib. Yaxud 7 il əvvəl qızılın hər ton üçün orta ixrac qiyməti 30 milyon dollar olduğu halda 2025-ci ildə 72,5 milyon dollara yüksəlib. Qızılın bu qədər kəskin bahalanması və qiymət fərqi hesabına qeyri-neft ixracı 200 milyon dollara yaxın artıb. Hələ o başqa bir məsələdir ki, xam formada xaricə satılan və xalis mədən məhsulu olan qızılı qeyri-resurs ixracatı kimi təqdim etmək də statistik manipulyasiyanın bir formasıdır.
Təbii ki, qiymət artımı hesabına ixracı böyütməklə müqayisədə xarici mənşəli məhsulların təkrar ixracı hesabına qeyri-neft ixracat göstəricilərinin şişirdilməsi daha ciddi manipulyasiyadır. Məsələn, 2022-ci ilədək Azərbaycandan “minik avtomobillərinin ixracı” qrafasında çox kiçik məbləğlər (1-2 milyon dollar) göründüyü halda, 2022-ci ildə bu məbləğ birdən-birə 40 milyon dollara, 2025-ci ildə isə 216 milyon dollara yüksəlib (DSK 2026). Bütün ehtiyat hissələri xaricdən gətirələrək son məhsula çevrilən və sayı ildə 500-1000 ədədi keçməyən komplektləşdirici istehsal xəttini saymasaq, Azərbaycan kimi avtomobil sənayesi olmayan ölkə minik avtomobillərinin ixracatçısına necə çevrilmiş olur? Məlumdur ki, Azərbaycanın komplektləşdirici avtomobil istehsalı əsasən hökumətin büdcə sifarişləri əsasında daxili bazara yönəlir.
Halbuki elə bu statistikanı hazırlayan məmurlar Gürcüstandan idxal olunan minik avtomobillərini həmin avtomobil markalarının mənşə ölkəsinin adına rəsmiləşdirir. Nəticədə rəsmi hesabatlarda Gürcüstandan Azərbaycana idxal reallıqda olduğundan qat-qat aşağı əks etdirilir. Məsələn, beynəlxalq ticarətə dair qlobal məlumat bazası olan “comtrade”in informasiyasına görə, 2024-cü ildə Gürcüstan tərəfi Azərbaycana 723 milyon dollarlıq mal ixrac etdiyini göstərdiyi halda, Azərbaycan tərəfi bu məbləği 128 milyon dollar qeydə alıb. Eyni məntiqlə gərək Azərbaycan da özünün istehsal etmədiyi, təkrar ixrac əməliyyatlarının obyekti olan 216 milyon dollarlıq minik avtomobillərinin xaricə satışını qeyri-neft ixracı kimi göstərməməli idi.
Eyni hal kərə yağının ixracında da görünür. Azərbaycan kərə yağına olan daxili tələbatının təxminən yarısını idxal hesabına ödəyir. Elə bu səbədən 2018-2025-ci illərdə ölkəyə xaricdən kərə yağı idxalı 2,1 dəfə artaraq 9,5 min tondan 20,1 min tona yüksəlib. Amma belə vəziyyətdə ölkədən xaricə kərə yağı ixracının 1 milyon dollardan 27 milyon dollara qədər artdığı görünür.
Qeyri-neft ixracatının artımında neft xammalı üzərində qurulan neft-kimya sektorunun əhəmiyyətli rolu var. Son 7 ildə bu sənayenin ixrac həcmi 80 milyon dollarab 320 milyon dollara qədər genişlənib. Nə qədər qəribə səsələnsə də, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) həm də ölkənin qeyri-neft sektorunun ən böyük ixracatçısı statusuna malikdir. Belə ki, 2025-ci ildə SOCAR-ın adından ixrac olunan qeyri-neft məhsullarının dəyəri 700 milyon dollara yaxın olub ki, bu da sektorun ümumi ixracının təxminən 20 faizinə bərabərdir (Azərbaycan İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı” bülletenləri). Halbuki 2018-ci ildə bu rəqəm 200 milyon dollar ətrafında olmuşdu. Yəni, 7 ildə qeyri-neft ixracatında qeydə alınan 1,9 milyard dollarlıq ümumi artımın da 500 milyon dolları da bilavasitə neft sektoruna bağlı sahələrdə formalaşıb.
Dövlət büdcəsinin gəlirlərində təbii resurs sektorunun payının azalmasına gəldikdə, son 7 ildə Azərbaycanda sürətli qiymət arıtımı olub və ÜDM deflyatorunun səviyyəsi də bunu aşkar göstərir. Belə ki, milli hesablama sistemi ilə bağlı rəsmi statistik hesabatlara görə 2018-2025-ci illərdə ÜDM-nin nominal məbləği 61% artaraq 80 milyard manatdan 129 milyard manata yüksəldiyi halda, real artım cəmi 17% təşkil edib (Azərbaycan Dövlət Statisitka Komitəsinin “Milli Hesablar” statistik göstəriciləri). Aradakı fərq sırf inflyasiya ilə bağlıdır və qiymət artımlarının yaratdığı on milyardla manatlıq izafi dövriyyə vergi formasında dövlət büdcəsinə qayıdır. Bu vergilər xüsusilə də dolayı vergilərin – ƏDV, aksizlər və gömrük rüsumlarının timsalında daha sürətlə artır. Məsələn, 2018-2025-ci illərdə bu mənbədən büdcə daxilolmalarının məbləği 2,1 dəfə artımla 12,5 milyard manata, onların dövlət büdcəsində payı isə 26 faizdən 32 faizə yüksəlib. OECD-nin hesabatına görə, inkşişaf etmiş ölkələrdə yalnız rüsum formasında gömrük yığımlarının büdcədə payı 0,1-0,2% intervalında dəyişdiyi halda, Azərbaycanda həmin göstərici 1 faizdən yüksəkdir (OECD, Revenue Statistics 2025). Qeyd olunan bu iki fakt onu göstərir ki, qeyri-neft sektorunun vergi yığımlarının artımında həlledici amil istehsal potensialının genişlənməsindən daha çox qiymətlərin şişməsi və yüksək ödənişlərdir.
İstehsal potensialının güclənməsi hesabına iqtisadi diversifikasiyanın real vəziyyətini qiymətləndirmək üçün ən bariz indikatorlardan biri son 20 ildə yaranan və böyüyə bilməyən, bəzən isə qısa müddətdə sıradan çıxan müəssisələrin fəaliyyətinin nəticələrinə baxmaq kifayətdir. Dövlət Statistika Komitəsinin 2004-2024-cü illərdə yaradılmış yeni müəssisələrin siyahısından bir neçə nümunəyə baxaq: 2004-cü ildə Neftçalada ildə 15 milyon ədəd körpə nərə balıq yetişdirib su hövzəsinə buraxa biləcək istehsal gücünə malik zavod istifadəyə verilib (Azərbaycan Dövlət Statisitka Komitəsinin “Tikinti” statistik göstəriciləri)). Rəsmi statistikada hər il təbii su hövzələrinə buraxılan körpə balıqların sayına dair məlumatları izləyəndə məlum olur ki, bu müəssisədən gözlənilən nəticə əldə olunmayıb. Həmin statistikaya görə, 2004-2017-ci illərdə hər il 350-450 min körpə balıq su hövzələrinə buraxılsa da, son 6-7 ildə bu göstərici maksimum 5-10 min ədəd intervalında olub (Azərbaycan Dövlət Statisitka Komitəsinin “Kənd təsərrüfatı və balıqçılıq” statistik göstəriciləri)). Yaxud 2005-ci ildə Şamaxıda illik istehsal gücü 1,2 milyon ədəd televizor buraxılışı olan zavod istifadəyə verildi. Qısa müddət sonra müəssisənin fəaliyyəti dayandırıldı və artıq uzun illərdir mövcud deyil, Azərbaycanda ümumiyyətlə televizor istehsalı yoxdur. 2006-cı ildə Şamaxıda minik avtomobillərinin komplektləşdirilməsini həyata keçirən müəssisə yaradıldı, amma həmin müəssisə də 3-4 ildə sonra tamamilə sıradan çıxdı. 2011-ci ildən Naxçıvanda minik avtomobillərini komplektləşdirən başqa bir zavod fəaliyyətə başladı, ilk dövrlər 500-600 ədəd buraxılış oldu, son illər bəzən hətta ildə 25-30 istehsal olur. Başqa bir minik avtomobili müəssisəsi 2018-ci ildə fəaliyyətə başladı və 2018-2022-ci illərdə illik buraxılış 200-2500 ədədə qədər olsa da, son 3 ildə 500-600 ədədi ötmür. Ən əsası bütün bu məhsulların alıcısı da dövlətdir. Bazar və geniş alıcı kütləsi üçün bu cür komplektləşdirici məhsul cəlbedici deyil.
Ən ciddi problem odur ki, son 20 ildə iqtisadi diversifikasiya təbliğatı altında 100 milyonlarla manat sərmayə hesabına yaradılan müəssisələr qeyri-neft sektoru hesabına ölkənin ixrac potensialını gücləndirməyə gətirib çıxarmadı. Bu yatırımlar hətta sənayeləşə bilməyən və aqrar üstünlüyünü saxlayan ölkəni heç olmazsa qida asılılığında xilas etmədi. 2025-ci ildə Azərbaycanın xarici ticarətinin qida bölməsində 2 milyard dollar defisit qeydə alınıb. Yəni, ölkə ixrac etdiyi qida məhsullarının dəyərindən 2 milyard dollar çox idxal edir. Belə ki, qida idxalının dəyəri 3,4 milyard dollar, qida ixracının həcmi isə 1,4 milyard dollar olub. Halbuki cəmi 7 il əvvəl (2018-ci il) qida balansının defisiti cəmi 1 milyard dollar idi (Azərbaycan Dövlət Statisitka Komitəsinin “Xarici ticarət” statistik göstəriciləri).
Araşdırmanın əsas nəticələri
“Global Economic Diversification Index 2026” hesabatına görə Azərbaycan tədqiqat obyekti seçilmiş 117 ölkə arasında iqtisadiyyatı ən pis şaxələnmiş 10 ölkədən biridir. Öz növbəsində, xammal və resurslardan asılı olan 42 ölkə arasında Azərbaycan ən aşağı diversifikasiya səviyyəsinə malik 5 təbii resurs ölkəsindən biridir. Bu cür aşağı nəticəyə görə Qana, Konqo, Mozabik, Efiopiya, Tanzaniya, Niger, Əlcəzair, Monqolustan və Anqola kimi ölkələrlə bir sıradadır.
Ən son statistik hesabatlara görə, Azərbaycanın dövlət büdcəsinin təxminən yarısı, ixracının 90 faizə qədəri təbii resurs hesabına formalaşır.
Norveçin timsalında təbii resurs asılılığının neqativ təsirlərindən yaxa qurtarmağı bacarmış, eləcə də Nigeriya kimi “resurs lənəti”nə məruz qalmış ölkə təcrübələrinin müqayisəli analizi göstərir ki, uğurlu nəticə üçün reseptlər çox da mürəkkəb deyil: iqtisadi azadlıqların təmin edilməsi, effektiv işləyən dövlət institutlarının, hökumət üzərində davamlı nəzarətə nail olan parlamentin və ədalətli məhkəmə sisteminin mövcudluğu ən təməl şərtlərdir. Eyni zamanda, iqtisadi islahatların elmin və innovasiyaların inkişafı ilə dəstəklənməsi son dərəcə zəruridir.
Məhz bu şərtlər olmadığına görə Azərbaycan hökuməti son 20 ildə infrastruktur layihələrinə, yeni müəssisələrin yaradılmasına milyardlarla manat xərcləsə də, “dünyanın iqtisadiyyatı ən pis şaxələnmiş 10 ölkəsi” statusundan yaxa qurtara bilməyib.
Təkcə uğurlu iqtisadi şaxələnmə üçün yox, eləcə də “orta gəlir tələsi”ndən qurtarmaq üçün “Asiya möcüzəsi”nə də baxmaq faydalı ola bilər. Beynəlxalq Valyuta Fondu ekspertlərinin hazırladığı araşdırmalardan birində bu təcrübələrin “resurs lənəti” üçün niyə effektiv vaksin ola biləcəyinə dair maraqlı təsbitlər var (IMF, Reda Cherif, Fuad Hasanov). Müəlliflər iddia edir ki, erkən sənayeləşmə mərhələsində effektiv dövlət müdaxiləsi, ixrac yönümlü iqtisadi modelin seçilməsi və sərt rəqabət seçilməsi lazım olan 3 vacib prinsipdir. Əgər bu prinsiplər innovasiya və texnologiyaya yönəlməyi təmin edəcəksə, deməli proses doğru istiqamətdə gedir. Müəlliflər məhz yüksək texologiyaların tətbiqinin ən mühüm nəticələrindən birinin iqtisadi şaxələnmə olacağına inanırlar.
Müəlliflərin gəldiyi başqa bir maraqlı nəticə odur ki, ucuz əmək və xarici texnologiyanın təqlidi bir müddət fayda verə, hətta aşağı gəlirli ölkədən orta gəlirli ölkəyə çevrilmək üçün imkan da yarada bilər. Lakin innovasiya və yeni ideyaların təqlidindən imtina edib real tətbiqinə keçmədən davamlı inkişaf mümkün deyil. Cənubi Koreya məhz yüksək sanayeləşmə, ixrac yönümlü model və yüksək innovasiyaların tətbiq sayəsində mümkün olan ən qısa müddətdə (təxminən 20 il) öz adambaşına ÜDM göstəricisini ABŞ-ın göstəricisinin 40 faizinə çatdırdı. Halbuki bu nəticəni əldə etmək üçün Malayziyaya 2,5 dəfə çox (50 ilə yaxın) zaman lazım olmuşdu.
Qeyd olunanlardan çıxan əsas nəticə budur ki, Azərbaycan yüksək innovasiya və texnologiyalara əsaslanan sənayeləşmənin hətta ibtidai mərhələsinə qədəm qoya bilməyib. Real tətbiqdən çox təqlidə əsaslanan bəzi sənaye təşəbbüsləri (məsələn, avtomobil sənayesi, aqrar sənaye) isə yüksək elmi və texnoloji potensialla dəstəklənmir. Üstəlik, 20 il ərzində ixrac yönümlü iqtisadi model yaratmaq istiqamətində ortaya atılan təşəbbüslərin heç biri uğurla nəticələnməyib.
İstifadə olunan mənbələr
Azərbaycanda xam neft və təbii qaz hasilatına dair statistika https://www.stat.gov.az/source/balance_fuel/
Hesablama Palatasının rəyləri (https://sai.gov.az/filter?type=rey )
Dövlət Neft Fondunun hesabatları (https://oilfund.az/report-and-statistics/recent-figures)
Corinne C Delechat, Giovanni Melina, Monique Newiak, Chris Papageorgiou, Nikola Spatafora. 2024. “Economic Diversification in Developing Countries: Lessons from Country Experiences with Broad-Based and Industrial Policies”.
Global Economic Diversification İndex 2026.
ADGX xarici ticarətə dair statistik hesabatları 2024 https://customs.gov.az/uploads/foreign/2024/2024_12.pdf?v=1737520142
AMN büdcə icrasına dair hesabatları 2024
https://maliyye.gov.az/static/15/budcenin-gelir-ve-xerc-hissesinin-yerine-yetirilmesinin-tehlili
“The Borgen Project” Qrupu 2023
https://borgenproject.org/resource-curse-extreme-poverty-in-nigeria/
Freedom House 2025.
https://freedomhouse.org/country/nigeria
Dünya Bankı 2024.
https://data.worldbank.org/indicator/NY.GDP.PCAP.CD
“Trademap” 2024.
OECD 2017.
NBİM 2025.
https://www.nbim.no/en/news-and-insights/reports/2025/half-year-report-2025/
The Norwegian Fiscal Policy Framework 2022
https://www.regjeringen.no/en/topics/the-economy/economic-policy/economic-policy/id418083/
Comprehensive Statistics on Norwegian Aquaculture.2024
DSX, 2026. https://www.stat.gov.az/source/trade/
Norveçin “Nofima” Tətbiqi Tədqiqatlar İnstitutu https://nofima.com/
Norveç Tədqiqat Şurası https://www.forskningsradet.no/en/
Norveçin “JM Robotics” ixtisalaşmış texmologiya şirkəti
https://jmrobotics.no/en/about-us/
Norveçdə sənaye robortlarının tətbiqinə dair statistik göstəricilər, https://www.nextmsc.com/report/norway-industrial-robotics-market-se3734
Norway energy transition opens new doors for autamation
https://howtorobot.com/expert-insight/report-norways-energy-transition-opens-new-doors-automation
Norway's Morrow Batteries opens factory, plans first deliveries by year-end
Norwegian EV Association, https://elbil.no/english/norwegian-ev-market/
BMT-nin qlobal xarici ticarətə dair məlumat bazası, https://comtradeplus.un.org/
Azərbaycan Dövlət Statistika Komitəsinin “Mlli Hesablar” göstəricilər sistemi https://www.stat.gov.az/source/system_nat_accounts/
“2025-ci ildə Azərbaycan neftinin orta ixrac qiyməti”
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
https://ereforms.gov.az/az/ixrac-icmali
Revenue Statistics 2025, OECD
Azərbaycan Dövlət Statistika Komitəsinin “Kənd təsərrüfatı və balıqçılıq” göstəricilər sistemi
https://www.stat.gov.az/source/agriculture/
Azərbaycan Dövlət Statistika Komitəsinin “Tikinti” statistik göstəricilər sistemi
https://www.stat.gov.az/source/trade/
Reda Cherif, Fuad Hasanov. “The Return of the Policy That Shall Not Be Named: Principles of Industrial Policy”