22 dek 2025

Maarifçiliyin İntiharı

Maarifçiliyin İntiharı



Müəllif: İsmayıl Cəlilov

ABŞ-da yaşayan, əslən Azərbaycandan olan jurnalistdir.  

YouTube platformasında yayımlanan “Düz Danışaq”kanalının aparıcısıdır. Siyasətçilər, diplomatlar və  digər məlumat istehsalçıları ilə Azərbaycan və geniş Avrasiya məkanında baş verən hadisələr barədə azərbaycanca, rusca və ingiliscə müsahibələr aparır.


Əsrlər boyu Qərbin rəqabət üstünlüyü təkcə onun coğrafiyası və ya sərvəti deyil, həm də koqnitiv altyapısı olub. Bu, empirik düşüncəyə və azad, elmi əsaslı diskursa arxalanan, eyni zamanda, dünyanın yerdə qalan hissəsində elmi tədqiqatlara maneə törədən sərt ideoloji çərçivələrdən, dini tabulardan və siyasi təqib qorxusundan azad bir ekosistem idi. Bu intellektual azadlıq, onları kimin irəli sürməsindən asılı olmayaraq, ən yaxşı ideyaların qüvvədə qalmasına və ən pislərinin də yox olmasına zəmin yaradan o həlledici amil idi.

 Kitabxanadan sirkə

İnternet bu altyapının ən böyük sürətləndiricisi, reallığımızın əsasını təşkil edən faktlara çıxışı demokratikləşdirən bir alət olmalı idi. O isə bunun tam əksini edərək, mənfəət güdən sosial media inhisarlarının əlində kitabxanadan sirkə çevrildi. İstifadəçiləri sübutlara deyil, şəxsi tərcihlərinə əsasən təcrid olunmuş düşərgələrə qruplaşdıraraq və "həqiqətdən" daha çox "ünsiyyətin davamlılığına" (engagement) üstünlük verərək, bu platformalar Qərbin qurtulmağa çalışdığı kabusları yenidən canlandırdı: tayfaçılıq, doqmatizm və guruhun konsensusuna qarşı çıxmaqdan doğan o dəhşətli, yeni linç edilmə qorxusu. Biz Mühakimə Dövrünü Alqoritm Dövrünə dəyişdik; bu, öz uğurumuzun mexanizmini hissə-hissə sökən, faciəvi dərəcədə uğursız bir mübadilə idi.

Medianın metamorfozu

İnternet televiziyanın günahlarını silmək əvəzinə, onları avtomatlaşdırdı. Özündən əvvəlki kabel xəbərləri erası kimi, sosial media da təfərrüatın bazar üçün zərərli olduğunu kəşf etdi. İstifadəçilərin diqqətini cəlb edib saxlamaq üçün bu platformalar – və onların arxasınca sürünən ənənəvi media orqanları – elektoratı maarifləndirmək və məlumatlandırmaq kimi əsas mükəlləfiyyətlərindən sistemli şəkildə boyun qaçırdılar. Əvəzində onlar həm siyasət, həm də mədəniyyət xarakterli toksik əyləncə formatına əl atdılar. İstifadəçinin mövcud qərəzlərini sorğulamaq əvəzinə onları bəsləməyi seçərək, prioriteti öyrənmə prosesinin narahatlığına deyil, xülyaların təsdiqlənməsinə verdilər. Nəticədə vətəndaşlara deyil, fanatlara xidmət edən bir media mənzərəsi əmələ gəldi.

Populyarlıqla səriştənin qarışdırılması

Əsl təhlükə cəmiyyətin qütbləşməsi deyil. Əsl təhlükə, bizim populyarlıqla səriştəni ayırd etmək qabiliyyətini itirməyimizdir. Biz musiqi yarışması məntiqini sağ qalma mexanizmlərinə tətbiq etmişik.

Məsələn, elektrik şəbəkəsini götürək. Bu, yüksək səviyyəli mühəndislik, uzunmüddətli planlaşdırma və istismarı üçün xüsusi səriştə tələb edən mürəkkəb, həssas bir sistemdir. İctimai rəy onun vecinə deyil. Buna baxmayaraq, biz elə bir dünyaya doğru gedirik ki, həmin şəbəkənin menecerini mühəndislik biliklərinə görə deyil, "xoşagəlimliliyinə," bizə oxşarlığına və ya hazırcavabllığına görə seçirik. Biz sivilizasiyanın idarə olunmasına bir populyarlıq müsabiqəsi kimi yanaşırıq, unuduruq ki, xarizmatik lider seçkiləri qazana bilsə belə, o, fizika qanunları ilə mübahisə edə bilməz.

Biz dəhşətli bir uçurumun qırağındayıq. Buna Aqressiv diletantın üsyanı demək olar. Biz elə bir dövrə qədəm qoymuşuq ki, "İntellekt Demokratiyası" – yəni “mən cahil olsam da, rəyim sənin elmi biliyin qədər dəyərlidir” yanılması – dominant mədəni qüvvəyə çevrilib. Bu da, Kakistokratiyanın – ən bacarıqsızların hakimiyyətinin yüksəlişi deməkdir.

Səriştənin nüfuzunu yox edib, onu "kütlənin müdrikliyi" ilə əvəz etməklə, biz təhsilə nailiyyət kimi yox, elitist təkəbbür kimi baxan yeni bir vətəndaş sinfini cəsarətləndirdik. Onlar sadəcə məlumatsız deyillər; onlar məlumatlı olmaq anlayışına qarşı aqressiv şəkildə düşməndirlər. Onlar "ürəyimə belə damıb" məntiqinin məlumat və statistikanı əvəz edə biləcəyini təlqin edən yeni rəqəmsal dünyadan yararlananlardır. Və indi də onlar təyyarənin şturvalına keçməyi tələb edirlər.

Vaxt var idi, biz özümüzü müəyyən ümidlə ovudurduq ki, siyasi teatr nə qədər xaotik olsa da, institusional təhlükəsizlik baryerləri sonda işə düşəcək. İnanırdıq ki, getdikcə mürəkkəbləşən, biliyə əsaslanan dövlət maşınımızın idarəetmə sükanında daxili immunitet sistemi var – reallığın ağırlığı sistemi cahil, lakin sosial cəhətdən çevik populistlərin əlindən qurtaracaq. Güman edirdik ki, ritorika reallıqla toqquşanda, səriştə sonda xarizmaya qalib gələcək. 

Yanılırdıq…

İnstitutlar qoruyucu divar rolunu oynamaq əvəzinə, internetin sadəcə aldatdığı yox, həm də silaha çevirdiyi guruhun əzici basqısına məruz qaldı. Onları dəlilliklə qidalandıran alqoritmlər tərəfindən təşkilatlanan – Yerin düz olduğuna, pandemiyanın uydurma olduğuna, siyasi rəqiblərin pizza dükanı zirzəmisindən pedofil şəbəkəsi idarə etdiyinə və ya vaksinlərin əhalini kölələşdirmək üçün mikroçiplər ehtiva etdiyinə inanan – bu yeni koalisiya təhsilli təbəqə üzərində yeni siyasi hökmranlıq qazandı.

 Bu yeni reallıqda nəyinsə sübutunu tələb etməyin özü bir aqressiya aktına çevrildi. Rəyin faktlara əsaslanmasını tələb etmək elitist hiylə kimi rədd edildi, son bir neçə seçki dövrünü alovlandıran anti-intellektual qızğınlıq ilə başdan inkar edildi. Bilmək günaha çevrildi; bilik “mənə belə gəlir” ilə əvəz olundu. Sivilizasiyanı ayaqda saxlayan obyektiv sabitlər – idarəetmənin, təbabətin və mühəndisliyin "2+2=4" həqiqətləri – qəfil mübahisə mövzusuna çevrildi. Və ictimai rəy məhkəməsində cavab artıq dörd deyil. Kütlənin əhvalından asılı olaraq, nəticə indi üç, beş, altı və ya fil ola bilər.

 Paleolit zehniyyəti ilə XXI əsr sivilizasiyası

Biz siyasi filosof Hanna Arendtin xəbərdarlıq etdiyi həmin o nöqtəyə gəlib çatmışıq: faktla uydurma arasındakı sərhədin artıq silindiyi bir vəziyyət (Hannah Arendt, 1951). Lakin bu, sadəcə fəlsəfi tənəzzül deyil; bu, ekzistensial qumardır. Antropoloq Cozef Tainterin qeyd etdiyi kimi, mürəkkəb cəmiyyətlər yaratdıqları problemləri həll etmək qabiliyyətini itirəndə çökürlər (Joseph Tainter, 1968).

 Biz doktorantura səviyyəsində mürəkkəblik üzərində qurulmuş – bir-birinə bağlı təchizat zəncirləri, yüksək səviyyəli virusologiya, nüvə enerjisi – bir sivilizasiya yaratmışıq, lakin açarları məlumatsızların "içindən gələn səslərlə" hərəkət edən və öz çoxluqlarını "demokratiyanın qələbəsi" kimi görüb təbrik edən zehniyyətə təhvil vermişik. Biz XXI əsr kompyuterini Paleolit dövrünün "biz onlara qarşı" əməliyyat sistemi ilə idarə etməyə çalışırıq.

Qorxuram ki, bu transformasiya geridönməz ola bilər. Aqressiv diletant sadəcə darvazaları əzərək içəri girməyib; o, kitabxananı yandırıb. Bacarıqsızlığın ideologiya arxasında gizləndiyi dünyadan qaçmış biri kimi, Qərbin onu müstəsna edən immunitet sistemini könüllü şəkildə məhv etdiyini izləmək dəhşətlidir.

Biz ekspertlərin əleyhinə səs verə bilsək də, mühəndisləri "ləğv edə" bilsək də, fəsadları öz inanc və iradəmizlə yox edə bilmərik. Reallıq sonuncu siyasi baxımdan bitərəf oyunçudur. "Baxış bucağımız," zehniyyətimizdən irəli gələn incikliklərimiz və ya onlayn düşərgələrimizin ehtirası onun vecinə deyil. Körpü populyar olduğu üçün ayaqda durmur; o, riyazi hesablamanın düzgün olduğuna görə ayaqda durur. Virus biz onu səsvermə ilə "uydurma" elan etsək belə məğlub olmaz.

Biz son on ili həqiqətə elastik bir əmtəə, hisslər bazarında müzakirə ediləcək "çoxlu rəylərdən biri" kimi yanaşaraq keçirdik. Lakin bu lüksün haqq-hesab vaxtı çatır. Və nəhayət o körpü uçanda, elektrik şəbəkəsi sıradan çıxanda və ya növbəti pandemiya gələndə, biz ən ağır dərsi öyrənəcəyik: Sivilizasiya ideyalar demokratiyası deyil. O, faktların diktaturasıdır. Və reallıq səs çoxluğu yolu ilə devrilə bilməyəcək bir diktatordur.


Qeyd:  Bu yazının orijinal mətni ingilis dilində qələmə alınıb. 


Mənbələr

Hannah Arendt, 1951.  The Origins of Totalitarianism. https://cheirif.wordpress.com/wp-content/uploads/2014/08/hannah-arendt-the-origins-of-totalitarianism-meridian-1962.pdf 

 "The ideal subject of totalitarian rule is not the convinced Nazi or the convinced Communist, but people for whom the distinction between fact and fiction (i.e., the reality of experience) and the distinction between true and false (i.e., the standards of thought) no longer exist."

Joseph Tainter, 1968. The Collapse of Complex Societies. https://www.amazon.com/Collapse-Complex-Societies-Studies-Archaeology/dp/052138673X#:~:text=Book%20details%0A%0AThe%20Collapse%20of%20Complex%20Societies%2C%20though,societies%20in%20both%20the%20present%20and%20future

"Complexity is a problem-solving strategy. The problems with which the universe can confront any society are, for practical purposes, infinite... As stresses necessarily arise, new organizational and economic solutions must be developed, typically at increasing cost and declining marginal return... At this point, a complex society reaches the phase where it becomes increasingly vulnerable to collapse."


Bell icon

Ən son yeniliklərdən xəbərdar olmaq üçün bülletenimizə abunə olun

Etibarlı e-poçt ünvanı təqdim edin