(Yazı KHAR Center-in "Post-sovet avtoritarizmi araşdırmaları" seriyası çərçivəsində hazırlanıb)
Ermənistandakı 7 iyun 2026‐cı il tarixli parlament seçkilərinin nəticələri bu ölkədə və bütövlükdə Cənubi Qafqazda formalaşmaqda olan yeni status‐kvonun qorunması və institutlaşması baxımından çox mühümdür. Siyasi revanşın baş tutmaması və baş nazir Nikol Paşinyanın xalqdan növbəti 5 illik mandat alması onun daxildə həyata keçirməyə başladığı islahatları və dəyişiklikləri, eləcə də yeni regional təhükəsizlik və əməkdaşlıq arxitekturasının qurulmasını davam etdirməyə imkan verəcək.
İki antaqonist siyasi qütbün barışmaz rəqabətinə səhnə olan bu seçkilər həm də referendum mahiyyəti daşıyırdı və Ermənistan vətəndaşları ölkənin xarici siyasət və inkişaf vektoru istiqamətində strateji xarakterli seçim etməliydi. Erməni xalqı öz seçimi ilə avrointeqrasiyaya davam dedi.
Nəticələr
Mərkəzi Seçki Komissiyasının məlumatına görə, səsvermədə seçicilərin 58,97%‐i və ya səsvermə hüququna malik 2 milyon 503 min vətəndaşdan 1 milyon 476 min nəfəri iştirak edib. Bu, faiz etibarilə 2021‐ci ildə keçirilən növbədənkənar seçkilərlə müqayisədə 10% çoxdur. 2005 məntəqədə bülletenlərin sayılmasından sonra MSK‐nın elan etdiyi ilkin nəticələrə əsasən cəmi 3 siyasi partiya və blok parlamentdə təmsilçilik qazanıb: (Armenpress, 2026)
1. Vətəndaş Müqaviləsi Partiyası — 49,82% (728 min səs);
2. “Güclü Ermənistan” bloku — 23,28% (340 min səs);
3. “Ermənistan” bloku — 9,93% (145 min səs).
Qanunverici orqanda təmsil olunmaq üçün minimal səs həddi siyasi partiyalar üçün 4%, maksimum 3 partiyadan ibarət seçki blokları üçün isə 8%‐dir. “Çiçəklənən Ermənistan” Partiyası 3,996% səslə baryeri aşmağa çox yaxınlaşsa da, 4%‐i keçə bilmədiyi üçün parlamentdən kənarda qalıb. Bəzi məntəqələrdə səslərin təkrar sayılmasından sonra MSK yekun rəsmi nəticələri iyunun 14‐də elan edəcək. Əgər mövcud tablo dəyişməsə, parlamentdə yerlər aşağıdakı şəkildə bölüşdürüləcək:
Vətəndaş Müqaviləsi Partiyası — 64 mandat,
“Güclü Ermənistan” bloku — 29 mandat,
“Ermənistan” bloku — 12 mandat.
2021‐ci il seçkilərində 53,92% səs toplayan hakim partiyanın nəticələrində faiz olaraq azalma baş versə də, seçici sayı baxımından o, səslərini 687 mindən 728 minə qədər artırıb. Bununla yanaşı, revanşist və rusiyayönümlü müxalifətin də səslərini artırdığı qeyd olunmalıdır. Belə ki, 2021‐ci ildə bu siyasi düşərgənin lokomotivi “Ermənistan” bloku olmuşdu və Robert Koçaryanın liderliyi ilə qurulmuş ittifaq 21,04% səs almış, Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanetsyanın partiyası isə 5,23% səs toplamışdı. Nəticədə parlament müxalifəti toplam 26% səslə 36 mandat qazanmışdı. Yeni parlamentdə isə 33% səs toplayaraq 41 mandata sahib, əvvəlkindən daha güclü rusiyayönümlü blok olacaq.
Beləliklə, seçkilərin yekunlarına əsasən Vətəndaş Müqaviləsi Partiyasi hər hansı koalisiya zərurəti olmadan bir daha hökuməti təkbaşına formalaşdırmaq hüququ əldə edib.
Ermənistan regionun demokratik mərkəzinə çevrilir
Ermənistanın 2018‐ci il “məxməri inqilabı”ndan sonra növbəti rəqabətli seçki keçirərək demokratikləşmə istiqamətində yoluna davam etməsi seçkilərin vacib siyasi nəticələrindən biridir. Qlobal miqyasda liberal demokratiyanın gerilədiyi və avtokratiya tendensiyasının gücləndiyi bir mərhələdə buna nail olunması diqqətəlayiqdir. Ermənistanın yerləşdiyi regionda da demokratiyanın dərin böhranı müşahidə olunur. Azərbaycandakı avtoritar rejim postkonflikt dövründə diktaturaya transformasiya edərkən; son illərə qədər demokratiya və insan haqları sahəsində bölgə lideri olan Gürcüstanda da ciddi reqres baş verib. Digər 2 qonşu ölkə — İranda teokratik diktatura hökm sürərkən; Türkiyədə isə prezident Ərdoğanın personalist rejimi rəqabətli avtortarizmdən hegemonik avtoritarizmə keçid mərhələsindədir.
Belə mürəkkəb regional reallıqlar şəraitində Ermənistanın avrointeqrasiya kursu seçərək bütün qüsurları ilə bərabər öz demokratiyasını institutlaşdırmağa çalışması çox çətin vəzifədir — üstəlik, Rusiyaın təzyiqlərinin getdikcə artdığı bir dövrdə. Bu səbəbdən Paşinyan hökumətinin köklü dəyişiklikləri radikal islahatlar yolu ilə deyil, tədricən və bəzən də hüquq dövləti prinsiplərindən kənara çıxmaqla apardığını qeyd etmək lazımdır. Yekun nəticələr seçicilərin iradəsini əks etdirsə də, nə son, nə də əvvəlki seçki proseslərinin ümumilikdə Avropa standartlarına tam uyğunluğundan danışmaq olmaz. Məsələn, beynəlxalq müşahidəçilər (ATƏT DTİHB, ATƏT PA, AŞPA) 7 iyun seçkiləri dövründə müxalif namizədlərə və fəallara qarşı cinayət təqiblərinin olduğunu, bu səbəbdən bir çox müxalifət tərəfdarının kampaniyada aktiv iştirakdan çəkindiyini, dövlət sektorunda çalışanların hakim partiyanın tədbirlərində iştiraka vadar edildiyini və hökumətin siyasətindən qaynaqlanan digər qüsurları qeyd ediblər (OSCEPA, 2026). Bununla yanaşı, avropalı müşahidəçilər seçicilərə siyasi alternativlər arasından real seçim imkanı yaradıldığını da vurğulayıblar. Onlar ilkin qiymətləndirmələrində Rusiyanı nəzərdə tutaraq “xaricdən ticarət məhdudiyyətlərinin tətbiqi və müxalifət lehinə seçicilərin iradəsinə təsir göstərmək məqsədi daşıyan təhlükəsizlik təhdidləri şəklində birbaşa təzyiqlər” olduğunu da bildiriblər.
Maraqlıdır ki, MDB müşahidə missiyası Ermənistan seçkilərini açıq, rəqabətli və demokratik standartlara tam uyğun proses kimi qiymətləndirib. Missiyanın rəhbəri, MDB baş katibinin müavini, qazaxıstanlı diplomat Nurlan Seytimov bəyan edib ki, seçkilər sağlam siyasi rəqabət şəraitində keçirilib, səsvermə Konstitusiya və qanunvericiliyə uyğun təşkil edilib, səslərin sayılması müxtəlif siyasi partiya nümayəndələrinin iştirakı ilə maksimum şəffaf olub (Verelq, 2026). Missiya yarısı Rusiya, digərləri Belarus, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistan təmsilçiləri olmaqla, 120‐yə yaxın müşahidəçidən ibarət idi (RTVİ, 2026). İndiyədək olan praktika göstərib ki, MDB müşahidə missiyaları adətən Rusiyanın mövqeyinə və maraqlarına uyğun qiymətləndirmələrlə çıxış edir, Rusiya da öz növbəsində onların rəyinə istinad edir. Lakin bu dəfə fərqli oldu. Rusiya MDB müşahidəçilərinin ilkin rəyinə tamamilə zidd mövqe ortaya qoyaraq Ermənistandakı seçkilərin müxalifətə qarşı görünməmiş təzyiqlər və Qərbin müdaxiləsi ilə müşayiət olunduğunu açıqlayıb (TASS, 2026). Rusiya prezidenti Putin hələ ki Paşinyanı təbrik etməyib.
Moskvanın strateji məğlubiyyəti
Qərbin seçkilərə müdaxiləsi barədə Rusya XİN‐in iddiası qismən həqiqətdir, o mənada ki, seçki ərəfəsində Ermənistanda Avropa Siyasi Birliyinin zirvə toplantısı və 1‐ci Ermənstan‐Aİ sammitinin təşkili, eləcə də ABŞ vitse‐prezidenti və dövlət katibinin səfərləri Paşinyana siyasi dəstək nümayişi idi. Lakin Rusiya Ermənistana qarşı ticarət məhdudiyyətləri tətbiq etməklə daha açıq və kobud müdaxilələrə yol verdi. Bu barədə “Kharcenter” seçkiqabağı situasiyanın təhlilinə həsr olunmuş yazısında geniş bəhs edib (Kharcenter, 2026). Xatırladaq ki, Rusiya Ermənistandan gül məhsulları, meyvə‐tərəvəz (ərik, albalı, vişnə, gavalı, üzüm, xiyar, pomidor, göyərti, bibər, çiyələk), balıq, mineral su, konyak və şərabların idxalına müvəqqəti qadağa qoyub, həmçinin, təbii qaz və neft məhsullarının rüsumsuz tədarükü haqqında sazişin birtərəfli dayandırılacağı haqda xəbərdarlıq edib. Bundan başqa, Moskva seçkidən əvvəl Rusiyada yaşayıb‐işləyən Ermənistan vətəndaşlarının vətənə dönərək səsvermədə iştirakına nail olmağa çalışıb. Ümumilikdə 100 min erməni miqrantın Ermənistana göndəriləcəyi barədə informasiya var idi (Meduza, 2026). Son nəticədə nə qədər insanın vətənə dönüb səs verdiyi haqda dəqiq məlumat yoxdur.
Bu seçkini birmənalı olaraq Rusiyanın Ermənistanı öz orbitində saxlaması üçün son şans adlandırmaq bəlkə mübahisəli qiymətləndirmə olar, amma son şanslardan biri olduğu rəyinə kimsə etiraz etməz. Qarşıdakı beş ildə Ermənistanın Rusiyadan uzaqlaşması dönməz xarakter ala biləcəyini və bu prosesin başladığını söyləmək olar. Ermənistanla Rusiya arasındakı institusional qopmanın ilk addımı isə Yerevanın Kollektiv Təhlükəsizik Müqaviləsi Təşkilatından (KTMT) tam ayrılması olacaq. Məlumdur ki, Ermənistan “Rusiya NATO‐su” kimi tanınan bu hərbi blokda iştirakını 2024‐cü ilin fevralından etibarən dondurub və o vaxtdan üzvlük haqqı ödəmir. Rusiyanın xarici işlər naziri Lavrov bu səbəbdən Ermənistana qarşı nizamnamədə nəzərdə tutulmuş sanksiyanın tətbiq ediləcəyini açıqlayıb (Die Welt, 2026).
Ermənistanın Avrasiya İqtisadi İttifaqında üzvlüyünün də sona yaxınlaşdığı ortadadır. Sadəcə olaraq, Paşinyan hökuməti bu prosesin mümkün qədər ağrısız və minimal itkilərlə baş verməsinə çalışarkən Moskva Yerevandan dərhal Avropa İttifaqı ilə Avrasiya İttifaqı arasında seçim etməyi tələb edir. Ermənistanın seçimi məlumdur, eyni anda, bir-birinə zidd iki inteqrativ birlikdə qalmağın qeyri‐mümkünlüyünü qəbul edir. Lakin Paşinyan hökuməti Avropa İttifaqının razılığı ilə bu təşkilata rəsmi üzvlük ərizəsi təqdim etdikdən sonra Avrasiya İqtisadi İttifaqından çıxmaq niyyətindədir. Üzv ölkəni Avrasiya İttifaqından kənarlaşdırmaq mexanizmi mövcud olmadığından, Rusiya bu qərarı Yerevanın tezliklə verməsini istəyir.
Yaxın gələcəkdə Ermənistanın Aİ‐yə rəsmi namizəd statusu alacağı və ölkə vətəndaşlarının Şengen zonasına vizasız giriş hüququ əldə edəcəyi gözlənilir. Həm Aİ ilə institusional səviyyədə, həm də ayrı‐ayrı Avropa dövlətləri ilə ikitərəfli müstəvidə əlaqələrin inkişafı Ermənistanda sosial stabilliyə və əhalinin rifahına müsbət təsir göstərəcək. Rusiyanın seçki öncəsi sanksiya xarakterli qərarlarından sonra Aİ‐nin Ermənistandakı istehsalçıların zərərlərini kompensasiya etmək üçün 50 milyon avro ayırması, Rusiyanın qəbul etmədiyi gül məhsulları üçün çox tez bazar tapılaraq Latviyaya təcili ixracın təşkili, eləcə də Ermənistan kənd təsərrüfatı məhsullarının gömrük rüsumları olmadan Avropa bazarına çıxarılacağı barədə açıqlama Avropa İttifaqının regiona baxışının konyuktural deyil, uzunmüddətli və strateji mahiyyət daşıdığını göstərir (Armenpress, 2026). TRİPP layihəsinin icrası isə Ermənistana ABŞ yatırımlarının gəlməsinə və super gücün regionda qalıcı olaraq iştirakına zəmin yaradacaq (News.am, 2026).
Beləliklə, Qərbin iki ana mərkəzinin — ABŞ və Avropa İttifaqının ayrı‐ayrılıqda Ermənistana nüfuz etməsi Rusiyanın bu ölkədə və ümumilikdə Cənubi Qafqazda təsirini daha da məhdudlaşdıracaq. Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması və Türkiyə‐Ermənistan sərhədlərinin açılması da Rusiyanın bölgədən sıxışdırılmasına əlavə təkan verəcək. Moskva bu perspektivi gördüyü üçün narahatdır və bu səbəbdən reaksiyasında emossional ton xeyli yüksəlib.
Ermənistandakı seçkilər həm də Qərb‐Rusiya geosiyasi toqquşması və ermənilərin bu iki güc mərkəzi arasından hansını seçəcəyinə dair referendum idi və Moskva növbəti dəfə eleoktoral məğlubiyyətə uğradı.
Konstitusion çoxluğa sahib olmayan Paşinyan Konstitusiyanı necə dəyişəcək?
Məlum olduğu kimi, Azərbaycan paraflanmış sülh müqaviləsini rəsmən imzalamaq üçün Ermənistan Konstitusiyasının preambula hissəsinə dəyişiklik edilməsini şərt kimi irəli sürür. Həmin hissədə Azərbaycana qarşı ərazi iddiasının əks olunduğu Müstəqillik Bəyannaməsinə istinad var. Seçkilərin ilkin nəticələrinin məlum olmasından dərhal sonra baş nazir Paşinyanın Azərbaycanla sülh müqaviləsinin imzalanması və Türkiyə ilə sərhədlərin açılmasının əhəmiyyətini vurğulaması bu məsələnin onun gündəmində ilk sırada olduğunu göstərir (News.am, 2026). Lakin Konstitusiya dəyişikliyinin həyata keçirilmə mexanizmi ilə bağlı suallar var.
Seçki ərəfəsində Vətəndaş Müqaviləsi Partiyasının 65% səs alaraq konstitusion (üçdə iki) çoxluğa nail olacağını göstərən rəy sorğuları var idi. Hakim partiya özü də bu cür yüksək nəticəyə ümid edirdi. Amma bu proqnoz və gözləntilər özünü doğrultmadı. 64 mandat qazanan partiyanın konstitusion çoxluğa nail olması üçün 6 mandat çatmır. Ermənistanın “Referendum haqqında Konstitusiya qanunu”na əsasən yeni Konstitusiya layihəsi parlamentdə üçdə iki səslə qəbul olunduqdan sonra referenduma çıxarıla bilər (Arlis.am, 2026). Konstitusiyanın bəzi maddələrinə dəyişiklik edilməsi haqqında konstitusiya qanunu referenduma çxarılmadan parlamentdə təsdiqlənə bilər, lakin bunun üçün də üçdə iki səs çoxluğu lazmdır. Digər tərəfdən, preambula dəyişikliyi parlamentdə deyil, yalnız ümumxalq səsverməsi ilə həyata keçirilməlidir. Amma Paşinyan hökuməti mövcud Konstitusiyaya dəyişiklik edilməsini yox, məhz yeni Konstitusiyanın qəbulunu planlaşdırır və bu vəd Vətəndaş Müqaviləsi Partiyasının seçki proqramında da əksini tapıb (TASS, 2026). Parlamentdəki şərti olaraq “Rusiya bloku” adlandıra biləcəyimiz “Güclü Ermənıstan” və “Ermənistan” bloklarının yeni Konstitusiya təşəbbüsünə dəstək verməsi çox zəif, hətta qeyri‐mümkün ehtimaldır.
Nəticə əvəzi
Vətəndaş Müqaviləsi Partiyası parlamentdə 2/3 çoxluğa nail olmasa da, 3/5 çoxluq əldə edib. Beşdə üç çoxluğun da siyasi‐prosedural əhəmiyyəti var. Belə ki, 3/5 səs çoxluğu Konstitusiya qanunları qəbul etmək hüququ verir. Bu hüquqdan istifadə edərək “Referendum haqqında Konstitusiya qanunu”nun müvafiq tələblərini dəyişmək və yumşaltmaq mümkün ola bilər. Amma bu məsələ ətrafında hələ ki hüquqi qeyri‐müəyyənlik var. Şübhəsiz ki, hökumət yeni Konstitusiya layihəsini referenduma çıxarmağın yollarını axtarıb tapmağa çalışacaq.
İSTİNADLAR:
Armenpress, 2026(a). ЦИК опубликовал обновленные данные: «Процветающая Армения» не преодолевает избирательный порог. https://armenpress.am/ru/article/1252350
OSCEPA, 2026. Избирателям Армении был предоставлен реальный выбор на фоне прямого иностранного давления и неравных возможностей для проведения предвыборной кампании. https://www.oscepa.org/ru/novosti-i-multimedia/press-relizy/2026/izbiratelyam-armenii-byl-predostavlen-realnyj-vybor-na-fone-pryamogo-inostrannogo-davleniya-i-neravnykh-vozmozhnostej-dlya-provedeniya-predvybornoj-kampanii
Verelq, 2026. Миссия СНГ признала выборы в Армении легитимными и прозрачными. https://verelq.am/ru/node/174101
RTVİ, 2026. Стало известно, кто будет наблюдать за выборами в Армении от России и СНГ. https://rtvi.com/news/stalo-izvestno-kto-budet-nablyudat-za-vyborami-v-armenii-ot-rossii-i-sng/
TASS, 2026(a). Захарова: выборы в Армении сопровождались беспрецедентным давлением на оппозицию. https://tass.ru/politika/27713305
Kharcenter, 2026. Real Ermənistan, yoxsa tarixi Ermənistan? 7 iyun seçkilərinin geosiyasi mənası. https://kharcenter.com/arasdirmalar/real-ermenistan-yoxsa-tarixi-ermenistan-7-iyun-seckilerinin-geosiyasi-menasi
Meduza, 2026. Кремль хочет отправить 100 тысяч проживающих в России армян голосовать против Пашиняна. https://meduza.io/news/2026/05/29/reuters-kreml-hochet-otpravit-100-tysyach-prozhivayuschih-v-rossii-armyan-golosovat-protiv-pashinyana
Die Welt, 2026. Армению хотят лишить права голоса в ОДКБ. https://www.dw.com/ru/armeniu-hotat-lisit-prava-golosa-v-odkb/a-77494962
Armenpress, 2026(b). Сельскохозяйственная продукция Армении будет экспортироваться в ЕС без таможенных пошлин: Пашинян. https://armenpress.am/ru/article/1252205
News.am, 2026(a). Пашинян: TRIPP – это миллиардная программа, которая повлечет за собой приток новых миллиардов, у нас нет проблем с деньгами. https://news.am/ru/news/1042294
News.am, 2026(b). Пашинян призвал к открытию границы с Турцией и подписанию мирного соглашения с Азербайджаном. https://news.am/ru/news/1041881
Arlis.am, 2026. Конституционный закон Республики Армения о референдуме. https://www.arlis.am/hy/acts/132055
TASS, 2026(b). Пашинян заявил о намерении принять новую конституцию после переизбрания. https://tass.ru/mezhdunarodnaya-panorama/27554757