(Yazı “Khar Center”in Azərbaycan avtoritarizmi araşdırmaları çərçivəsində hazırlanıb)
Noyabrın 12-də Dublində Avropa Siyasi Birliyinin 9-cu sammiti çərçivəsində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı ilə Azərbaycan Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanıb. Azərbaycan Prezidenti İlham Əliyev və Böyük Britaniyanın Baş naziri Endi Börnhemin imzaladığı sənəd müdafiə və təhlükəsizlik, ticarət və investisiyalar, təhsil və innovasiya kimi istiqamətləri əhatə edir (President.az, 2026a).
Bəyannamədə müdafiə sahəsində hərbi kadrların hazırlanması, institusional potensialın artırılması, hərbi qüvvələr arasında qarşılıqlı fəaliyyət qabiliyyətinin inkişaf etdirilməsi və müdafiə sənayesi üzrə birgə təşəbbüslərin araşdırılması nəzərdə tutulur. Sənəd həmçinin hüquq-mühafizə orqanları, sərhəd idarəçiliyi, məhkəmə və hüquq institutları arasında əməkdaşlığın genişləndirilməsini ehtiva edir. İqtisadi istiqamətdə enerji sahəsində mövcud əlaqələrin bərpaolunan enerji, yaşıl maliyyələşdirmə, infrastruktur, nəqliyyat-logistika və maliyyə bazarlarına doğru genişləndirilməsi nəzərdə tutulur. Bu kontekstdə Orta Dəhliz layihəsinə xüsusi yer ayrılıb. Təhsil və innovasiya sahəsində isə universitetlər, tədqiqat institutları və texnologiya şirkətləri arasında əlaqələrin inkişafı, süni intellekt, rəqəmsal idarəçilik və peşə hazırlığı üzrə əməkdaşlıq planlaşdırılır. Bəyannamədə eyni zamanda Britaniyanın Azərbaycan–Ermənistan arasında davamlı sülhə yönəlmiş səylərə dəstək verdiyi ifadə edilib (President.az, 2026a).
Dublin bəyannaməsi əslində münasibətlərdə yeni başlanğıc deyil, son illərdə intensivləşən əməkdaşlığın strateji sənəddə ifadə edilməsidir. Bunun anonsunu isə Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri Stiven Dauti 2025-ci ilin avqustunda Bakıya səfəri zamanı vermişdi. Nazir münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə qaldırılacağını açıqladı (Gov Uk, 2025a). Bu açıqlamadan iki ay sonra Böyük Britaniya Azərbaycan və Ermənistana qarşı silah embarqosunu ləğv etdi (UK Parliament, 2025). 2025-ci ilin son ayında isə Britaniyanın müdafiə naziri Vernon Koukerin Bakı səfərində hərbi əməkdaşlığın genişləndirilməsi məsələsi müzakirə edildi (APA, 2025). Elə həmin səfərdən az sonra Britaniya hökuməti oktyabrdakı embarqo ləğvindən bəri Bakı ilə London arasında həmin dövrə qədərki ən geniş ikitərəfli müdafiə əməkdaşlığı proqramının imzalandığını açıqladı (Gov Uk, 2025 b). Dublin bəyannaməsinin hərbi-təhlükəsizlik istiqaməti bu proseslərin rəsmi sənəddə əks olunmasıdır.
İqtisadi münasibətlərə gəlincə, Britaniya Azərbaycanın müstəqilliyinin ilk illərindən ölkənin əsas xarici iqtisadi tərəfdaşlarından, neft-qaz layihələrinin əsas iştirakçılarından biridir. BP şirkətinin Azəri–Çıraq–Günəşli və Şahdəniz layihələrində iştirakı Britaniyanı Azərbaycanın ən mühüm tərəfdaşlarından birinə çevirib və iki ölkə arasındakı münasibətlərin xarakterini müəyyən edən əsas faktorlardan olub. İlham Əliyev Dublin görüşü zamanı Britaniyanın Azərbaycanda ən böyük Avropa investoru olduğunu vurğulayıb (President.az, 2026 b).
Yeni bəyannamədə isə münasibətlər neft-qaz sərhədlərindən kənara çıxır, müdafiə texnologiyalarına, hərbi təlim imkanlarına, yeni investisiya mənbələrinə qədər uzanır və və beynəlxalq maliyyə bazarlarına çıxışı genişləndirməyi nəzərdə tutur.
Dublin bəyannaməsi konkret rəqəmləri, sazişləri, müqavilələri ehtiva etmir, çərçivəni müəyyən edir, eyni zamanda hər il keçiriləcək strateji tərəfdaşlıq görüşləri kimi daimi dialoq mexanizmi yaradır.
Britaniya üçün bu bəyannamə iqtisadi maraqlarını qorumaqdan əlavə, regional nəqliyyat, infrastruktur, enerji layihələrində iştirak imkanlarının genişləndirilməsi fürsəti, eyni zamanda müdafiə-təhlükəsizlik xəttiylə Cənubi Qafqazda mövqeyini gücləndirmə imkanıdır. Londonun bu ilin mayında Ermənistanla da strateji tərəfdaşlıq bəyannaməsini imzaladığını (Gov Uk, 2026) nəzərə alsaq, bu o deməkdir ki, Britaniyanın əsas məqsədi regionda əsas aktorlardan biri olmaq, sülh prosesinin yaratdığı yeni fürsətlərdən yararlanmaq və gələcək regional təhlükəsizlik arxitekturasında daha fəal iştirak etməkdir. Ancaq hətta bu iki sənədin məzmunu arasındakı fərq belə iqtisadi maraqların siyasi dəyər eroziyasında nə qədər mühüm rol oynadığını ortaya qoyur. Belə ki, Ermənistanla tərəfdaşlıq bəyannaməsində demokratiya, insan hüquqları, qanunun aliliyi və yaxşı idarəçilik prinsipləri xüsusi vurğulandığı halda Azərbaycanla imzalanan sənəddə bu məsələlər tamamilə “unudulub”. Ermənistanla imzalanan sənəddə tərəflər
- Demokratik dəyərlərə, şəffaf və səmərəli idarəçiliyə, inklüziv institutlara sadiqliklərini təsdiqləyiblər;
- Azad və ədalətli seçkilərin təmin olunmasının vacibliyini vurğulayıblar,
- Korrupsiyaya qarşı mübarizənin inkişafını dəstəkləyiblər;
- Müstəqil media və vətəndaş cəmiyyəti üçün əlverişli mühitin yaradılmasınının vacibliyini vurğulayıblar;
- Demokratik dayanıqlılığı gücləndirəcək əlavə ikitərəfli əməkdaşlığı araşdırmaq barədə razılığa gəliblər (Gov Uk, 2026).
Azərbaycanla imzalanan strateji tərəfdaşlıq bəyannaməsində demokratiyaya, insan haqlarına, siyasi azadlıqlara, media və ifadə azadlığına ümumiyyətlə istinad edilməyib. “Qanunun aliliyi prinsipi” bircə dəfə yada düşüb - o da hüquq-mühafizə orqanları, sərhəd idarəçiliyi və məhkəmə-hüquq əməkdaşlığının gücləndirilməsi kontekstində. “Vətəndaş cəmiyyəti” anlayışı da müstəqil qeyri-hökumət təşkilatlarının fəaliyyət azadlığı və ya onların hüquqlarının qorunması kontekstində deyil, təhsil və innovasiya sahəsində mədəni əlaqələr və insanlararası mübadilə kontekstində vurğulanıb. Yəni Britaniya Azərbaycanın təhlükəsizlik institutları ilə əməkdaşlığını genişləndirilməsini strateji prioritet kimi müəyyənləşdirib, demokratik idarəçilik, fundamental hüquqların müdafiəsi və siyasi azadlıqların təmin olunması kimi məsələləri isə bu tərəfdaşlığın şərtləri və ya prinsipləri sırasına daxil etməyib.
Bu fərq özü-özlüyündə də Britaniyanın Azərbaycana münasibətdə dəyər eroziyasını göstərir, Azərbaycanın Dublin sammitində nümayiş etdirdiyi mövqe fonunda isə daha da qabarıq şəkildə görünür. Rəsmi Bakı Avropa Siyasi Birliyinin sammiti çərçivəsində irəli sürülən üç sənədə — Avropa təhlükəsizliyinin əsas prinsipləri haqqında Bəyannaməyə, Miqrasiya haqqında Bəyanata və Narkotiklərə qarşı Avropa Koalisiyasının Bəyanatına qoşulmayıb. Azərbaycan Xarici İşlər Nazirliyi açıq şəkildə bildirib ki, həmin sənədlər əlavə hüquqi və siyasi öhdəliklər yaratdığı üçün imzalanmayıb (Azərbaycan XİN, 2026). Qeyd edək ki, Bakının imzalamadığı Avropa təhlükəsizliyi haqqında bəyannamə demokratiya, insan hüquqları, media azadlığı və açıq vətəndaş cəmiyyətini Avropanın uzunmüddətli təhlükəsizliyinin əsas elementləri kimi təqdim edir. Yəni Azərbaycan iqtidarı bir tərəfdən Britaniya ilə müdafiə, təhlükəsizlik və iqtisadi əməkdaşlığı strateji tərəfdaşlıq səviyyəsinə qaldırır, digər tərəfdən də Avropanın təhlükəsizlik, miqrasiya və narkotiklərlə mübarizə sahələrində irəli sürdüyü yeni çoxtərəfli siyasi öhdəliklərə qoşulmaqdan imtina edir. Böyük Britaniya sammitin fəal iştirakçısı və Avropa təhlükəsizliyi üzrə əsas tərəflərdən biri olsa da, Azərbaycanla olan bəyannaməsində Avropanın uzunmüddətli təhlükəsizliyinin əsas elementləri kimi nəzərdə tutulan dəyərlərin heç birinə istinad etmir.
Bu, Azərbaycan iqtidarının avtoritar xarakteri və dünyadakı qlobal dəyişikliklər fonunda neft-qaz resurslarının əhəmiyyətinin Avropanın ehtiyaclarının artmasına əsaslanan “ərköyünlüyü” baxımından təəccüb doğurmur. BMT Təhlükəsizlik Şurasının daimi üzvü və NATO-nun əsas güclərindən biri ilə münasibətlərin bu səviyyəyə qaldırılması avtoritar Azərbaycan iqtidarı üçün beynəlxalq diplomatik çəkisinin, bazarlıq gücünün artması, siyasi himayə, əlavə legitimlik təbəqəsi və siyasi toxunulmazlıq zirehi deməkdir. Xüsusilə Azərbaycanda demokratik institutların tamamilə “öldürülməsi” və insan hüquqlarının pozulmasının dövlət bürokratiyasının ayrılmaz hissəsinə çevrilməsi fonunda bu cür beynəlxalq tərəfdaşlıqlar İlham Əliyevin ən güclü silahlarından biridir.
Bu baxımdan Britaniya ilə strateji tərəfdaşlıq bəyannaməsinin imzalandığı gün Bakıda ictimai fəalların törətmədikləri cinayətlərə görə ağır həbs cəzalarına məhkum edilməsi simvolik təsadüf deyil, London da daxil olmaqla Qərbin prinsipsizliyinin məntiqi nəticəsidir. Noyabrın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsi ictimai fəal Elgiz Qəhrəmanı 9 il, müstəqil parlament monitorinqi platforması Məclis.info-nun rəhbəri İmran Əliyevi isə 10 il müddətinə azadlıqdan məhrum edib. Məhkəmə prosesi boyunca ittihamları rədd edən Elgiz Qəhrəman hökm elan olunduqdan dərhal sonra məhkəmə zalında həbs edilib (Azadlıq Radiosu, 2026). Bu, Londonun demokratik dəyərlərə bağlılıq bəyanatları və Bakı ilə münasibətlərinin real məzmunu arasındakı ziddiyyətin bariz göstəricisidir.
Qərb dövlətlərinin demokratik islahatları və insan hüquqlarını strateji tərəfdaşlığın şərtinə çevirməməsi, hətta tamamilə yox sayması Azərbaycanda demokratik institutların, müstəqil media və vətəndaş cəmiyyətinin onsuz da ağır olan vəziyyətini dramatik həddə çatdırmaq üçün İlham Əliyevə əlavə stimul verir. Hakimiyyət beynəlxalq təcrid və ciddi siyasi təzyiq riski olmadan repressiv siyasətini davam etdirmək imkanını qoruyur və artırır. Halbuki bu, Qərbin özünün orta və uzunmüddətli maraqları baxımından da zərərli və təhlükəlidir. Qərb ölkələri qısa müddətli iqtisadi və ya siyasi maraqlar üçün avtoritar liderləri təşviqetmə və mükafatlandırma, demokratik institutların və fundamental azaqlıqların yox olmasına göz yumma xəttinin acı nəticələrini bir neçə ildir Rusiyanın timsalında dadır. Ancaq görünür ki, bu acı nəticələrdən dərs çıxarılmır, əksinə, Qərb dövlətləri İlham Əliyevin timsalında “kiçik Putin”lər yaratma məsələsində bir-biri ilə yarışır. Bu, gələcəkdə Qərbin çox ümid etdiyi regional layihələr baxımından da, Ermənistanla sülh prosesinin tamamlanması baxımından da açıq riskdir. İlham Əliyev güvənilməz müttəfiq olduğunu, bütün ittifaqları sadəcə öz iqtidarını gücləndirmə və uzatma vasitəsi kimi gördüyünü, müttəfiq dəyişdirməkdən hər hansı bir diskomfort hiss etmədiyini dəfələrlə nümayiş etdirmiş (Məsələn, Rusiya, Türkiyə nümunələrində) dövlət başçısıdır. Bu baxımdan Azərbaycan rəhbərini öhdəliksiz, şərtsiz strateji müttəfiq elan etmək hər şeydən əvvəl Qərbin öz ayağına güllə sıxması deməkdir.
Bir sözlə, Dublin bəyannaməsi Qərbin xarici siyasətdə selektiv davranışının, avtoritar rejimlərə münasibətdə dəyər əsaslı qərarlar verməməsinin saysız nümunəsindən biridir. Bu sənəd London üçün enerji təhlükəsizliyi, iqtisadi imkanlar və Cənubi Qafqazda geosiyasi mövqelərin gücləndirilməsinin demokratiya və insan hüquqlarını unutduracaq qədər vacib olduğunu göstərir. Bakı üçün isə bu, göydəndüşmə fürsətdir - o, iqtisadi maraqların yaratdığı imkanlardan yararlanaraq avtoritar idarəçilik modelində heç bir güzəştə getmədən beynəlxalq legitimliyini möhkəmləndirir. Nəticə etibarıyla bu beynəlxalq himayə repressiv siyasətin siyasi xərclərini sıfıra endirməklə yanaşı, Qərbin özünün bəyan etdiyi dəyərlərin etibarlılığını azaldır və eyni zamanda Qərbin uzunmüddətli maraqlarına zərbə vurur.
Qeyd: Oxuduğunuz yazı orijinal olaraq Azərbaycan dilində yazılmışdır.
İSTİNADLAR
President.az, 2026 a. Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə
https://president.az/az/articles/view/74690
Gov Uk, 2025a. UK Minister visits Baku to advance UK-Azerbaijan partnership. https://www.gov.uk/government/news/uk-minister-visits-baku-to-advance-uk-azerbaijan-partnership
UK Parliament, 2025. Upgrading of UK Bilateral Relationships with Armenia and Azerbaijan and Lifting the UK Arms Embargo
https://questions-statements.parliament.uk/written-statements/detail/2025-10-13/hlws948
APA, 2025. UK Defence Minister visits Baku to strengthen UK-Azerbaijan defence partnership. https://en.apa.az/social/x-485483
Gov Uk, 2025 b. UK Defence Minister visits Baku to strengthen defence partnership
https://www.gov.uk/government/news/uk-defence-minister-visits-baku-to-strengthen-defence-partnership
President.az, 2026 b. İlham Əliyev Dublində Böyük Britaniyanın baş naziri ilə görüşüb. https://president.az/az/articles/view/74694
Gov.Uk, 2026. Joint Declaration on a Strategic Partnership between the United Kingdom of Great Britain and Northern Ireland and the Republic of Armenia
Azərbaycan XİN, 2026. No:431/26, Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin “Avropa Siyasi Birliyinin” 9-cu Zirvə toplantısı zamanı qəbul olunmuş sənədlərlə bağlı medianın sualına cavabı
https://mfa.gov.az/az/news/no43126?
Azadlıq Radiosu, 2026. İmran Əliyevə 10, Elgiz Qəhrəmana 9 il həbs cəzası kəsilib. https://www.azadliq.org/a/imran-eliyev-elgiz-qehreman-hebs/33897129.html