Giriş
Türkiyə hər nə qədər Rusiya-Ukrayna müharibəsində tərəfsizlik iddiasında olsa da içində olduğu siyasi və coğrafi şərtlər bu mövqenin davamlılığını kifayət qədər çətinləşdirir. Bu çətinlik sadəcə Ankaranın regionda və bütövlükdə beynəlxalq platformada Rusiyanın mənafelərinə zidd olmayan (ən azı) mövqe nümayişini tərəfsizlik adı altında maskalaya bilməməsi ilə bağlı deyil. Bu eyni zamanda Türkiyənin yerləşdiyi coğrafiyanın Rusiya-Ukrayna müharibəsinin ən kritik təmas nöqtələrindən birində yerləşməsi və Ankaranın müharibəyə istəməsə də sürüklənməsi təhlükəsi ilə bağlıdır.
Tərəflərin noyabrın sonlarından bəri Qara dənizdə qarşılıqlı hücumları bu riski bariz şəkildə nümayiş etdirdi. Türkiyə bir aylıq müddətdə həm dəniz ticarəti baxımından, həm də hava məkanının PUA-larla pozulması baxımından davamlı olaraq gündəlikdəydi. Ukrayna noyabrın 28-dən bəri Rusiyanın “kölgə donanmasına” aid ən azı iki gəmisini Qara dənizin Türkiyəyə aid müstəsna iqtisadi zonasında vurdu (Balmforth və Hunder, noyabr 2025). Daha sonra isə başqa bir gəmi Sinop yaxınlığında vuruldu, ancaq Ukrayna bu hücumun məsuliyyətini öz üzərinə götürmədiyi kimi bunun sabotaj olduğunu bildirdi. (X, 2 dekabr 2025).
Rusiya isə dekabrın 12-də və 13-də Ukrayna sularında iki türk gəmisini vurdu (Reuters, 13 dekabr 2025). Bundan sonra Türkiyədə bir-birinin ardınca mübhəm PUA xəbərləri dolaşmağa başladı. Ankara əvvəlcə Qara dəniz istiqamətindən gəldiyi bildirilən bir PUA-nın Çankırıda F-16-lar tərəfindən düşürüldüyünü açıqladı (AP, 18 dekabr 2025). Bir gün sonra isə Kocaelidə bir PUA düşdü və Türkiyənin Daxili İşlər Nazirliyi bunun Rusiyanın istifadə etdiyi Orlan-10 tipli PUA olduğunu açıqladı (İçişleri Bakanlığı, 19 dekabr 2025). Növbəti gün Balıkəsirdən PUA düşməsi xəbəri gəldi, Müdafiə Nazirliyi isə düşən PUA-nın görüntüsünün köhnə olduğunu açıqlamaqla kifayətləndi (Cumhuriyet, dekabr 2025).
Türkiyənin bütün bu olanlarla bağlı rəsmi mövqeyi olduqca “təmkinli” idi - rəsmi instansiyalar Ukraynanın Türkiyə iqtisadi zonasında Rusiya gəmilərini vurması ilə Rusiyanın türk gəmilərini vurmasını (!) eyniləşdirərək “narahatlıq” və “iki tərəfə də xəbərdarlıq” açıqlaması verdi (İletişim Başkanlığı, 12 dekabr, 2025, Dışişleri Bakanlığı, 13 dekabr 2025). Ərdoğanın Türkmənistanda Putin ilə görüşündən sonra baş verən PUA hadisələri ilə bağlı isə Ankaradan heç bir reaksiya eşidilmədi. Üstəlik, ənənəvi olaraq hökumətin demək istədiyini televiziyalarda və sosial mediada ifadə edən iqtidara yaxın şərhçilərin reaksiyaları da “Türkiyənin bekası” notundan çox uzaq idi.
UKRAYNAYA ŞÜBHƏ, RUSİYAYA TƏMKİN
Əgər söhbət sadəcə gəmilərə hücumlardan getsəydi, Rusiya raketləri və PUA-ları ilə türk gəmilərinin vurulmasını və ya Ukraynanın rus kölgə donanma gəmilərini Türkiyə sularında vurmasını müharibə tərəflərinin əməliyyatları genişləndirməsinin təsadüfi nəticələri kimi dəyərləndirmək olardı. Ancaq əsrarəngiz PUA hadisələri rəngi bir az tündləşdirir. Müdafiə Nazirliyinin ilk PUA düşürülməsi açıqlamasından sonra səssizliyə gömülməsi, dronun mənşəyinin açıqlanmaması, sosial mediada PUA-nın hissələrinin tapılıb-tapılmaması ilə bağlı ziddiyyətli xəbərlər, sonrakı dronlar ilə bağlı Rusiya mənşəli olduğuna dair rəsmi açıqlamaya baxmayaraq quyruq işarəsinə dair şübhə doğuran ekspert rəyləri bir çox suallar doğurdu (Haber Sol, 20 dekabr 2025) və o suallar hələ də cavabını tapmayıb.
Digər tərəfdən, Türkiyə rəsmi instansiyalarının işğalçı ilə işğala məruz qalan tərəf arasında bərabərlik işarəsini Ankaranın birbaşa hədəf olduğu durumlarda belə davam etdirmə səylərini, Türkiyə media və sosial şəbəkə seqmentində isə Rusiya ilə bağlı hər hansı mənfi hadisənin görməzdən gəlinib Ukraynanın hər olayda ittiham edilməsini görməmək mümkün deyil. Xüsusilə iqtidara yaxın media orqanlarının və mənsublarının, Türkiyədəki Rusiya propaqandasının ən önəmli daşıyıcılarının bu mövzularda yazdıqlarına və söylədiklərinə qısa nəzər salmaq həmin mənzərəni görmək üçün kifayət edir.
İqtidara yaxın “Yeni Şafak” qəzeti Ukraynanın Rusiyanın kölgə donanmasına aid gəmiləri vurmasını “Qara dənizdə tanker provakasiyası” adlandırarkən (“Yeni Şafak”, noyabr 2025), Rusiyanın Odessada türk gəmisini vurmasını ünvansız “Ukraynada türk gəmisi vuruldu” başlığı ilə verdi - xəbərin içində Rusiyanın adı belə keçmirdi (“Yeni Şafak”, 12 dekabr 2025).
“Yeni Şafak” qəzetinin rusiyapərəst yazarı İbrahim Karagül isə Çankırıda vurulan PUA-nın məsuliyyətini Rusiyanın üzərindən uzaqlaşdırmağa çalışdığı yazısında məqsədin Türkiyə ilə Rusiya arasında müharibə başlatmaq olduğunu bildirdi “ABŞ-ın, Avropanın, İsrailin indiki prioriteti Türkiyə-Rusiya müharibəsidir. Ukraynanın bacara bilmədiyi işi Türkiyəyə yıxmaqdır” (İbrahim Karagül, 18 dekabr 2025).
İqtidara yaxın “Yeni Akit” qəzeti Ukraynanın rus tankerlərini vurmasına Putinin dili ilə cavab verdi - “Putindən flaş açıqlama! Qara dənizdə tankerlərə hücumlara artıqlamasıyla cavab veriləcək” (“Yeni Akit”, 12 dekabr 2025). Yazılarında Ukraynaya yönəlik ittiham dili seçən qəzet Rusiyanın türk gəmilərini vurmasını isə “birilərinin Türkiyəni müharibəyə daxil etmək istəyi” kimi dəyərləndirdi (“Yeni Akit”, 17 dekabr 2025) Düşürülən və Rusiya mənşəli olduğu bildirilən PUA-lar ilə bağlı da “Yeni Akit”in xəbər dili olduqca təmkinliydi.
Yenə iqtidara yaxın “A Haber” kanalı Odessada Rusiyanın türk gəmisini vurmasını eynilə “Yeni Şafak” kimi “Ukraynada türk gəmisinə hücum” başlığı ilə verdi və hadisənin sabotaj olduğunu iddia etdi. Rusiya propaqandasının əsas simalarından Qaffar Yakınca kanala qonaq olarkən bu hücumun Moskvanın işi olmadığını, sülh müzakirələrini pozmaq istəyən İngiltərə və Avropanın sabotajı olduğunu söylədi (“A Haber”, 12 dekabr 2025).
Rusiya narrativlərinin Türkiyədəki daşıyıcılarının qonaq olduğu televiziya proqramlarında düşürülən PUA-ların “saxta bayraq əməliyyatı” olduğu iddia edildi, Rusiya tamamilə günahsız, Ukrayna, ABŞ və Avropa isə günahkar, Qara dənizdə provokasiyalar həyata keçirən, sabotajlar təşkil edən tərəflər kimi dəyərləndirildi (Medyatakip, dekabr 2025).
Hasan Ünal, Cem Gürdeniz, Türker Ertürk kimi Kreml propaqandasının daşıyıcısı olan isimlər (İnstitude, 2023 a) də istər gəmilərin vurulmasında, istərsə də PUA-ların Türkiyə ərazisinə girməsində Kremli təmizə çıxarmağa çalışarkən Qərbi və Ukraynanı ittiham etdilər ( TR Haber, 2 dekabr 2025, TürkerErtürk, 19 dekabr 2025).
Türkiyənin ən açıq ruspərəst qrupunun - Perinçek qrupunun qəzeti “Aydınlık” isə PUA sızıntılarının Rusiyanın işi olduğunu iddia edən az sayda media orqanını hədəfə aldı (“Aydınlık”, 21 dekabr 2025).
Yenə iqtidara yaxın Stratejik Düşünce Enstitüsü də son bir ayda baş verənlərin Türkiyənin reaksiyasını ölçmək istəyən üçüncü tərəflərin işi olduğunu vurğuladı (SDE, 20 dekabr 2025).
“TÜRKCƏ TƏRƏFSİZLİK” MODELİ
Yuxarıda göstərdiyimiz nümunələr sadəcə son bir ayın hadisələrinin fonunda Türkiyənin Rusiya-Ukrayna müharibəsinə münasibətdəki “tərəfsizliyinin” ümumi çərçivəsini göstərir. Türkiyənin birbaşa maraqları zərər görərkən belə “iki tərəfə də xəbərdarlıq” deyə məsuliyyəti işğal edənlə işğala məruz qalan arasında bölmək əlbəttə tərəfsizlik deyil. Bu, təsadüfi dil və üslub seçimi deyil, dövlət refleksi və media refleksinin üst-üstə düşdüyü bir davranış mexanizmidir. Bu davranış mexanizmini şərti olaraq “türkcə tərəfsizlik” modeli adlandıra bilərik.
Bu modeldə mövzu Ukrayna olunca cümlələr birbaşa qurulur, qeyri-rəsmi ton ittihamedici və ya “acıma” adı altında aşağılayıcı olur, “günahkar” dərhal tapılır, “Ukrayna təxribatı”na hökm verilir, “Ukrayna vurdu” olur. Mövzu Rusiya olunca isə hadisə, feil, zərər görünür, amma subyekt, ünvan yoxa çıxır - “gəmi vuruldu”, “obyektə hücum oldu” kimi. Bəzən isə söz oyunuyla məsuliyyət əvəzləməsi həyata keçirilir: məsələn, “Ukraynada türk gəmisi vuruldu”. Ya da hadisənin Rusiyaya bağlılığı bariz olduğu zaman dərhal “iki tərəf” ekvivalenti işə salınır: işğal edənlə işğala məruz qalan eyni “narahatlıq” cümləsində birləşdirilir, problem işğal, təcavüz hadisəsindən “qarşılıqlı gərginlik” səviyyəsinə endirilir (AA, 2022).
Rəsmi instansiyaların reaksiyası da məhz “qarşılıqlı gərginlik” çərçivəsində olur - ya “balanslı” açıqlama, gərginliyi azaltma çağırışı, ya da səssizlik. Bu səssizliyin yaratdığı informasiya boşluğunu isə televiziyalar və sosial media doldurur - onlar da əksər hallarda fakt, izah axtarmır, “qızışdırma”, “təxribat”, “saxta bayraq”, “Qərb, İsrail, üçüncü qüvvə sabotajı” kimi hazır şablonlarla “Rusiya günahkardır” ehtimalını zəiflətmək üçün səy göstərir. Nəticədə rəsmi ton “neytral” görünür, amma iqtidara yaxın media Ukraynanı ittiham edərək rəsmi mövqenin demək istəmədiyini normallaşdırır. Bu mexanizm siyasi çeviklik, ağıl, müdriklik kimi təqdim olunsa da əslində “oğru”nun günahını ört-basdır edən bir davranış rejiminə çevrilir.
Məsələn, 2022-ci ildə Rusiya Ukraynaya tammiqyaslı hücuma başladığı zaman Türkiyə hökuməti bunu beynəlxalq hüququn dili ilə işğal, müharibə, hücum deyil, Kremlin müəyyən etdiyi şəkildə hərbi əməliyyat kimi təqdim etdi (MFA Türkiye, 2022) Medianın xəbər dili də məhz bu rəsmi mövqeyə görə müəyyənləşdi. İlk həftələrdə “hərbi müdaxilə”, “hərbi əməliyyat” kimi terminlərdən istifadə edilərkən iqtidarın “müharibə” kəlməsini işlətməsiylə paralel şəkildə ona yaxın media orqanlarının dili də dəyişməyə başladı (NewslabTurkey, 2022).
MANEVR SAHƏSİ, YOXSA QIRMIZI XƏTTİN İTİRİLMƏSİ
Şübhəsiz ki, Türkiyə regionun böyük gücü, Ukrayna ilə hərbi-iqtisadi, Rusiya ilə iqtisadi-ticari əlaqələrə sahib bir ölkə kimi müharibənin tərəfi olmamağı fayda-zərər şəklində açıqlasa və tərəf olmanın risklərindən yayınmağa çalışdığını açıq şəkildə etiraf etsəydi, onun təqdim etdiyi “tərəfsizlik” modeli bu qədər çox sual doğurmazdı. Çünki obyektiv baxış həqiqətən Türkiyənin Rusiya ilə münasibətlərdə bir çox sahədə asılılıq olduğunu göstərir - enerji asılılığı, turizm və ticarət əlaqələri, Akkuyu atom elektrik stansiyası inşası, Suriya məsələsi, Qafqaz məsələsi, Qara dənizdə eskalasiya riski kimi. Bu asılılığın səbəblərini və onu aradan qaldırmaq üçün xüsusi həvəs göstərilməməsini bir kənara qoyub sadəcə fakta baxsaq, qeyd edilən məsələlərin hər biri ayrılıqda Ankaranın Rusiyaya münasibətdəki “yumşaqlığını” açıqlamaq üçün kifayət edir. Ancaq problem Ankaranın bu qarşılıqlı asılılıq və məcburiyyət siyasətini, fayda-zərər dəyərləndirməsini məhz “böyüklük”, “müdriklik”, “mənəvi bərabərlik”, “neytral vasitəçilik” kimi təqdim etməsindədir.
Türkiyə bir tərəfdən Qərb institutlarında qalmaq, digər tərəfdən Qərbdənkənar güclərlə əlaqələri genişləndirməklə manevr sahəsi yaratmaq məqsədilə “strateji muxtariyyət” xəttini həyata keçirir (KHAR Center, sentyabr 2025). Bu strateji muxtariyyət axtarışı, Rusiya–Ukrayna müharibəsindən sonra yeni mərhələyə keçib. Bu savaş şəraitində Türkiyə xarici siyasəti eyni vaxtda Ukraynaya dəstək göstərməyi və Rusiya ilə iqtisadi və təhlükəsizlik əlaqələrini dərinləşdirməyi ehtiva edir — bu, ziddiyyətli görünən bir mövqedir; lakin məqsəd, beynəlxalq münaqişədə proaktiv orta güc fəallığı üçün manevr imkanını qorumaqdır. Niyyət Rusiya və Ukrayna arasında danışıqlar prosesində iştirak etməklə “sülhməramlı” kimi beynəlxalq status qazanmaq, eyni zamanda diversifikasiya səylərinin bir hissəsi kimi Rusiya ilə iqtisadi əlaqələri praqmatik şəkildə davam etdirməkdir. Daxildə qərarvermənin mərkəzləşməsi və liderlik üslubu bu strategiyanın daha çevik və eyni zamanda, daha riskli formada icrasına şərait yaradır. Şübhəsiz ki, bu səylər əsasən daxili siyasi hesablamalarla bağlıdır: ağır iqtisadi böhran dövründə populist dividendlər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın seçki uğuruna töhfə verib (Öniş, Ulusoy, 2025).
Ankaranın hava məkanı üzərində uçuşan Rusiya PUA-larına bu qədər “təmkinli” davranışı da məhz bu daxili siyasi hesablamalarla izah edilə bilər. Bu hesablamalar Ərdoğan ilə Putinin qarşılıqlı fayda müstəvisində münasibətlərinə əsaslanır. Təcrübə onu deməyə əsas verir ki, sözügedən dronlar avrasiyaçıların və iqtidara yaxın şərhçilərin ifadə etdiyi kimi Ukraynadan və ya Avropadan gəlmiş olsaydı, Ankara bu qədər səssiz qalmazdı. Bu iddiamızı iki ayrı nümunədə əsaslandıra bilərik. 2022-ci ildə Rusiyanın Ukraynaya tammiqyaslı hücumunun başladığı həftə Türkiyə Səyahət Agentlikləri Birliyi (TÜRSAB) başqanı Firuz Bağlıkaya eyni gün içində həm Rusiya, həm də Ukrayna səfiri ilə görüşərək əlaqələri davam etdirəcəklərini bildirdi. Ukraynanın Ankaradakı səfiri Vasil Bodnar bunu ikiüzlülük adlandırdı və işğalçı ilə işğal edən arasında bərabərlik qoyulması kimi dəyərləndirdi (Reuters, 2022). Rəsmi açıqlamalarda bu görüşlər barədə XİN-in məlumatının olduğu bildirildi, turizmin dilinin sülh olduğu iddia edildi, Bağlıkaya “emosional davranırlar” dedi, iqtidara yaxın media təmsilçiləri isə dərhal mərkəzi və sosial mediada Ukrayna səfirini təhqir etməyə, “hədd bildirməyə” başladı (İnternethaber, 2022). Bundan bir il sonra Akkuyu Atom Stansiyasının baş direktoru və İdarə Heyətinin rəhbəri Anastasiya Zoteyevanın “Bu stansiya Rusiyaya aiddir, biz başqa ölkədə, amma özümüz üçün stansiya tikirik. Akkuyu limanı da bizim limanımızdır, burada hər yerdən olan gəmiləri qəbul edirik” kimi iddialı açıqlamasına isə Ankaranın cavabı olduqca kübardı: “Akkuyu Atom Stansiyası türk şirkətidir” (Cumhuriyet, 2023). Ukrayna səfirinə hədd bildirən iqtidar tərəfdarı jurnalistlər və avrasiyaçılar isə rusiyalı məmurun bu açıqlamasındakı iddialarına ümumiyyətlə toxunmadılar. Bu iki fərqli davranış Ankaranın tərəfsizlik “maskalanması”nın onlarla nümunələri arasında yer aldı.
KREML PROPAQANDASI və TÜRKİYƏ MEDİASI
Ankaranın öz maraqlarını tərəfsizlik adı altında kamuflyaj cəhdi Kremlin Türkiyədəki propaqanda gücü ilə birləşincə təhlükənin miqyası daha da böyüyür. Propaqanda müharibəsi məsələsində təcrübəsi böyük olan Rusiya Türkiyədəki dezinformasiya kampaniyalarında olduqca aktivdir (Ünver, 2023 a).
Türkiyədəki Rusiya propaqanda mexanizmləri dünyanın hər yerində olduğu kimi çevik və şəraitə asanlıqla adaptasiya olur. Məsələn, Rusiyanın Türkiyədə hələ də açıq fəaliyyət göstərən rəsmi propaqanda mexanizmi “Sputnik” Türkiyənin rus təyyarəsini vurmasından sonra iki ölkə arasındakı münasibətlər pozulunca Ərdoğan iqtidarına müxalif jurnalistləri işə götürməyə başladı. Münasibətlər düzəlincə bu jurnalistlərin böyük hissəsini qovdu (Kremlə xüsusi sadiq bir neçə isim istisna olmaqla) və Türkiyənin siyasəti ilə bağlı tənqidi xəbərlər daha vermədi. Bu yanaşma Rusiyanın nəzarətindəki bot və trol şəbəkəsində də özünü göstərdi (Romandash, 2024a). Ankara da bunun qarşılığında vətəndaşlarının “Sputnik”dən qanunsuz işdən çıxarılmasına susdu. Qovulan əməkdaşlar isə Ankara ilə Moskva arasındakı isti münasibətlərin “Sputnikə” toxunulmazlıq qazandırdığını söylədilər (Balkan Insight, 2024)
İki ölkə arasındakı əlaqələr bir tərəfin digəri üzərindəki nəzarət mexanizminə deyil, Ərdoğan və Putinin ehtiyaclarına, istəklərinə və qərarlarına əsaslanır. Kreml propaqandası da Türkiyədə buna uyğun davranır - Ərdoğana Qərb liderlərindən daha yumşaq münasibət göstərir, hətta Moskvanın xoşuna gəlməyən addımlarda belə ölçülü tonu qorumağa çalışır, Qərb ölkələrini hədəfə aldığı qədər Türkiyəyə hücum etmir (Romandash, 2024b). Ancaq 2015-ci ildəki təyyarə böhranından sonra Kremldən Rusiya Müdafiə Nazirliyinə, rəsmi qəzetlərdən sosial media propaqandaçılarına qədər Türkiyəyə ünvanlanan terror, qanunsuz neft satışı və s kimi ittihamları (TASS, 2015) xatırlamaq iki ölkənin “qarşılıqlı hücum etməmə” anlaşmasının çox da dayanıqlı olmadığını deməyə əsas verir. Yəni hər şey Kremlin “iki dodağının arasında”dır…
Eyni şəkildə Türkiyə mediasını da hadisənin necə baş verməsi, səbəbi, kökü çox maraqlandırmır - onu maraqlandıran bir çox halda hökumətin necə davrandığı, hansı xətti müəyyən etdiyi və hansı narrativlərə söykəndiyidir. Məsələn, araşdırmalar göstərir ki, hətta müharibə xəbərlərinin pik həddə olduğu 2022-ci ildə belə Türkiyə mediasındakı yazıların yalnız 7 faizində müharibənin arxa planına, səbəblərinə, sənədlərə, faktlara diqqət çəkilib. Mövqe əsasən hökumətin davranışına görə müəyyən edilib (NewslabTurkey, 2022b).
Bu isə Türkiyədə Rusiya propaqandası üçün olduqca münbit şərait yaradır. Türkiyədə Rusiyanın təsir əməliyyatları “rus kanalı izləmək”dən daha çox yerli aktorların - siyasi-ideoloji şəbəkələr, ekspertlər, iqtidara yaxın media və sosial media şablonları - Kreml narrativlərini yaymasına əsaslanır. Əlbəttə, Türkiyədə hələ də yayımlanan “Sputnik” və RT kimi rəsmi Kreml propaqanda kanalları Türkiyə gündəliyinə uyğun çərçivədə antiqərb, anti-NATO, antisanksiya məzmunları ilə yerli diskussiyalar üçün hazır narrativlər hazırlayır. Ancaq bunun əsas yayıcıları yerli aktorlardır.
Türkiyənin yüksək dezinformasiyaya məruz qalan və bu dezinformasiyaların normallaşdığı ölkələrdən biri (Ünver, 2019b) olması, Türkiyə cəmiyyətinin konspirasiyaya meyilliliyi, antiqərb əhval-ruhiyyəsinin yüksəkliyi və yerli aktorların böyük hissəsinə nəzarət edən hökumətin Rusiya ilə münasibətləri pozmamaq üçün göstərdiyi xüsusi diqqət Kremlin işini olduqca asanlaşdırır. Türkiyədə “Sputnik”, RT, “Aydınlık” kimi bilinən Kreml propaqanda vasitələri xaric heç bir media orqanı Rusiya tərəfdarı olduğunu qəbul etmir, əksinə inkar edir. Ancaq araşdırmalar Türkiyənin bütün cinahlarından olan media orqanlarının fərqli kontekstlər və məzmunlar adı altında Rusiya dəstəkçisi və ya Putinin mövqeyinə yaxın qəbul edilə biləcək xəbər və analizlər yaydığını göstərir. Başqa sözlə, Türkiyədə ana axın media Ankara-Moskva əlaqələri ilə bağlı məsələlərdə əsaslı şəkildə ruspərəst narrativlərə sürüşməkdədir. Ana axın media atmosferinin bu yönə sürüşməsi isə Rusiya tərəfdarı qurumların və şəbəkələrin müəyyənləşməsini daha da çətinləşdirir (Ünver, 2019c).
Türkiyədə medianın böyük hissəsi hökumətin nəzarəti altındadır və bu nəzarət ya birbaşa dövlət, ya da AKP hökumətinə yaxın özəl şirkətlərin mülkiyyəti şəklində həyata keçirilir (RSF, 2023). AKP-nin nəzarəti altında olan media qurumlarının bir hissəsi mərkəz sol və ya sağ “ana axın” kimi çıxış edir, digərləri isə siyasi spektrin daha sərt qanadlarına xitab edirmiş kimi davranır. Lakin fərqlərinə baxmayaraq, AKP hökumətinin müəyyən etdiyi qaydalar daxilində oynamağa məcburdurlar. Bu ekosistemə Rusiya-Ukrayna müharibəsi mövzusunda medianın, xüsusilə televiziyaların dilinə mühüm ölçüdə təsir edən avrasiyaçı türk kəsimin təmsil etdiyi kremlçi xətt də daxildir. (İnstitude, 2023b).
Ümumi dəyərləndirmədə avrasiyaçı media qrupları da AKP rəhbərliyində formalaşmış geniş media mühitinin bir parçasıdır. Çünki hökumətin davranışı çox vaxt bu qrupun yürütdüyü xətt ilə üst-üstə düşür. Daha doğrusu, iki tərəf qarşılıqlı şəkildə bir-birinin mövqeyindən faydalanır - hökumət avrasiyaçı qrupdan daxili siyasətdə müttəfiq kimi istifadə edir və açıq kremlçi mövqelərinə göz yumur, avrasiyaçı qrup isə iqtidarın daxili siyasətdəki avtoritar meyillərini dəstəkləyir, Ərdoğanın Putinlə isti münasibətindən yararlanır və ruspərəst narrativlərini rahatlıqla yaymaqda heç bir maneə ilə qarşılaşmır. Bu sayədə panavrasiyaçılıq xüsusilə son illərdə Türkiyədə həm rəsmi mövqedə, həm ana axın mediada, həm sosial mediada gözəçarpan hala gəlib və çox vaxt Kremlin qlobal propaqanda maşınının bir komponenti kimi işləyir (KHAR Center, iyul 2025).
Hökumətin nəzarətindəki digər media qrupları ilə avrasiyaçı media qurumlarının auditoriya fərqi sadəcə onların Ukraynanın işğalı barədə xəbərləri necə təqdim etməsinə təsir edir. Məsələn, ana axın media qurumları ruspərəst mövqeli yazarların yazıları, şərhləri ilə yanaşı müharibənin humanitar hissəsinə də diqqət çəkərək “balans” yaratmağa çalışır, “Aydınlık”, “Ulusal Kanal” kimi açıq avrasiyaçı kanallarda bu tip nüanslar demək olar ki, yoxdur: onların redaksiya xətti və köşə yazarları müharibənin günahını NATO və ABŞ başda olmaqla Qərbin üzərinə yıxır, müharibəni Qərbin “təhriki” kimi təqdim edir. Bu qurumların müharibə ilə bağlı dili və ritorikası, çox vaxt Rusiya rəhbərliyinin və Rusiya dövlət mediasının tezisləri ilə üst-üstə düşür (Aydınlık, 2022, Veryansin TV, 2024).
“Oda TV”, “Veryansin TV”, “Aydınlık” kimi avrasiyaçı media Türkiyə ictimai rəyini Rusiyanın müharibə səylərinə daha “anlayışlı” baxmağa yönəltmək üçün, müharibənin məsuliyyətini Qərbə yükləyən, Rusiyanın sahədəki vəhşiliklərini ya görməzə vuran, ya da “şübhə” kimi təqdim edən, eyni zamanda Kremlin təbliğat parçalarını tərəddüdsüz dövriyyəyə buraxan strategiyalar tətbiq edir. Bu təbliğat yalnız avrasiyaçı media ilə məhdudlaşmır; avrasiyaçı fiqurların “ekspert” adıyla ana axın TV-lərdə geniş görünməsi də bu xəttin cəmiyyətdə yayılmasına xidmət edir ki, bu da hökumətin icazəsi olmadan mümkünsüzdür (İnstitude, 2023c). Digər tərəfdən yuxarıda qeyd etdiyimiz problem - Türkiyədə ana axın medianın açıq “Rusiya tərəfdarlığı” yerinə seçdiyi dil oyunu Kreml üçün daha böyük fürsətlər yaradır - bu atmosferdə narrativləri lokallaşdırmaq daha da asanlaşır.
“Müharibəni Qərb başlatdı, NATO qızışdırdı”, “Ukrayna Qərbin kuklasıdır”, “Üçüncü qüvvələr, Qərb, Avropa, Türkiyəni Rusiya ilə müharibəyə çəkməyə çalışır”, “Qərb Ukraynada Zelenski kimi Türkiyədə İmamoğlunu iqtidara gətirmək istəyir”, “Ukraynaya gedən yardımlar korrupsioner rejim tərəfindən yeyilir”, “Rusiya ilə münasibətlərin inkişafı Türkiyənin lehinədir”, “Ukraynanı dəstəkləyənlər Qərbin agentidir, vətənə xəyanət edir”, “Qərb Türkiyəni bölməyə çalışır” kimi narrativlər Türkiyədəki ən yayğın Kreml narrativləri arasındadır. Ukraynanın “Türk Axını”na hücum etdiyinə dair iddialar da Rusiya propaqandasının Türkiyədə ən çox sevdiyi mövzulardandır.
Ancaq görünən odur ki, Türkiyədə medianın böyük hissəsinə sirayət edən bu kremlçi meyil Rusiyaya kifayət etmir. Bu atmosfer Kremlin narrativlərinin lokallaşdırılmasını asanlaşdırsa da, Rusiya 2022-dən sonra işi bir mərhələ irəli apararaq, yerli ekosistemdən asılı qalmayan ‘yeraltı’ paylama şəbəkələri qurdu. Moskvanın bütün dünyanı əhatə edən bu şəbəkəsinin - “Pravda”nın (Portal Kombat) bir ayağı da Türkiyədə fəaliyyət göstərir (DFRLab, 2023). May ayında Bolqarıstanda aparılan bir araşdırma Pravdanın Türkiyədəki ayağının (turkey.news-pravda.com) regional dezinformasiyaların mərkəzi kimi istifadə olunduğunu göstərir. Araşdırmaya görə, “Pravda” şəbəkəsinə aid Turkey.news-pravda.com, eadaily.com, topwar.ru və jednotneslovensko.info kimi saytlarda mayın ortalarında sülh müzakirələri üçün İstanbula gələn Ukrayna heyətinin tərcüməçisi Oleq Qolovkonun Kiyevə qayıtmamaq üçün Bolqarıstana qaçdığı xəbəri yayılıb. Jurnalistlərə və adı açıqlanmayan TV kanallarına istinad edən xəbərlərin bəzilərində “Doppelganger” (bilinən media orqanlarının klonlanması) texnologiyasından istifadə edib - CNN Türk-də bu haqda video yayıldığı bildirilib. Ancaq araşdırma zamanı CNN Türk-ə aid olduğu bildirilən videonun televiziyanın saytında və ya sosial media hesablarında mövcud olmadığı, CNN Türk adı ilə uydurulduğu, Oleq Qolovko adlı ukraynalı tərcüməçinin mövcud olmadığı ortaya çıxıb (Novinite, may 2025)
NƏTİCƏ
Bu yazıda gördüyümüz mənzərə bir çox komponentin - Türkiyə iqtidarının avtoritarizmi, medianın nəzarət altında olması, Türkiyə cəmiyyətinin konspirasiya meyilli və antiqərb ovqatlı olması, Rusiya propaqandasının elastikliyi, kremlçi ekosistemin yerli dayaqlarının çoxluğu kimi - nəticəsidir. Bütün bu komponentlər birləşərək Türkiyədə özünəməxsus “tərəfsizlik” modelini yaradıb.
Ankara enerji, ticarət, turizm, regional risklər, Akkuyu, Suriya, Qafqaz, Qara dəniz kimi manevr məcburiyyətlərini “praqmatizm” kimi açıq etiraf etmək əvəzinə, onu moral bərabərlik və tərəfsizlik dili ilə yenidən paketləyir. Bu yeni paketdə isə “tərəfsizlik” faktı olduğu kimi adlandırmağa deyil, təhrif etməyə xidmət edir - ünvanı çıxarmaq, məsuliyyəti bölüşdürmək, subyekti gizləmək, mənzərəni bulanıqlaşdırmaq kimi.
Türkiyədə rəsmi və qeyri-rəsmi dairələr bunu ölkənin mənafeyi kimi təqdim etməyi çox sevirlər, ancaq ölkəyə birbaşa toxunan - PUA-ların uçuşu kimi - məsələlərdə səssizlik bu mənafenin harada olduğuna dair haqlı suallar yaradır. “Səbəbkar kimdir?” sualının cavabsızlığı Türkiyənin tərəfsiz statusunu gücləndirmir. Əksinə, “oğrunu qorumaq” cəhdi etibarlığını, həm Rusiyanın açıq kəşfiyyat oyunlarına səssiz qalması regional güc olaraq çəkindiriciliyini, informasiya məkanında Kremlin narrativlərinə geniş meydan yaratması isə tərəfsizliyini azaldır. Bu mexanizm iqtidarın daxili siyasətdəki “hər kəslə görüşə bilən” narrativinə xidmət edə bilər, ancaq “PUA-ları ilə dünyaya meydan oxuyan qüdrətli dövlət” imicinə qətiyyən uymur.
Türkiyənin “tərəfsizlik” modeli sayəsində Kreml propaqandası ayrıca “xarici müdaxilə” komponenti kimi deyil, yerli ekosistemə daxil olan katalizator kimi çıxış edir. Avrasiyaçı xətt çərçivəni qurur, günah xəritəsini müəyyən edir, geniş televiziya imkanları sayəsində yayır. Ana axın həm bu yayma işinə, həm də öz subyekti yox etmə diliylə ümumi kremlçi kursa geniş meydan açır. Bu mənzərəyə Rusiyanın dəyişən dinamikayla yenilənən “Pravda” kimi propaqanda şəbəkələrini də əlavə edincə, Türkiyənin tərəfsizlik iddiası olduqca zəifləyir.
İSTİNADLAR
Balmforth, Tom və Hunder, Max, noyabr 2025. Ukraine hit two 'shadow fleet' tankers with drones in Black Sea - security official. https://www.reuters.com/business/aerospace-defense/ukraine-hit-two-shadow-fleet-tankers-with-drones-black-sea-security-official-2025-11-29/
Tykhyi, Heorhii, dekabr 2025. SpoxUkraineMFA (X profili). https://x.com/SpoxUkraineMFA
Reuters, 13 dekabr 2025. Ukraine says Russian drone attack hit civilian Turkish vessel. https://www.reuters.com/business/aerospace-defense/ukraine-says-russian-drone-attack-hit-civilian-turkish-vessel-2025-12-13/
AP News, 18 dekabr 2025. Turkey warns Russia and Ukraine over Black Sea security after shooting down drone. https://apnews.com/article/turkey-russia-ukraine-drone-brought-down-a3de4d504affcaec15152fa8b96fc14f
T.C. İçişleri Bakanlığı, 19 dekabr 2025. Basın Açıklaması https://www.icisleri.gov.tr/basin-aciklamasi19
Cumhuriyet, dekabr 2025. Son dakika: Balıkesir'e İHA düştü. https://www.cumhuriyet.com.tr/turkiye/son-dakika-balikesir-e-iha-dustu-2463014
T.C. Cumhurbaşkanlığı İletişim Başkanlığı, 12 dekabr 2025. Türkiye Cumhurbaşkanı Erdoğan, Karadeniz’deki ticari gemilere yönelik saldırıların kabul edilemez olduğunu söyledi. https://www.iletisim.gov.tr/turkce/dis_basinda_turkiye/detay/turkiye-cumhurbaskani-erdogan-karadenizdeki-ticari-gemilere-yonelik-saldirilarin-kabul-edilemez-oldugunu-soyledi-reuters
T.C. Dışişleri Bakanlığı, 13 dekabr 2025. Dışişleri Bakanı Sayın Hakan Fidan'ın TVNET'e verdiği mülakat. https://www.mfa.gov.tr/disisleri-bakani-sayin-hakan-fidan-in-tvnet-e-verdigi-mulakat-13-aralik-2025
Haber Sol, dekabr 2025. Arka arkaya düşen İHA'lar neyin habercisi: Tek sorun hava savunmamız değil. https://haber.sol.org.tr/haber/arka-arkaya-dusen-ihalar-neyin-habercisi-tek-sorun-hava-savunmamiz-degil-404487
Yeni Şafak, noyabr 2025. Karadeniz'de tanker provokasyonu: Türkiye kıyılarında saldırı. https://www.yenisafak.com/gundem/karadenizde-tanker-provokasyonu-turkiye-kiyilarinda-saldiri-4773802
Yeni Şafak, 12 dekabr 2025. Ukrayna'da Türk gemisine saldırı (video). https://www.yenisafak.com/video-galeri/gundem/ukraynada-turk-gemisine-saldiri-4777922
Karagül, İbrahim, 18 dekabr 2025. Ya o SİHA Ankara’ya ulaşsaydı… Kontrol masasında kim vardı? https://www.yenisafak.com/yazarlar/ibrahim-karagul/ya-o-siha-ankaraya-ulassaydi-askeri-ya-da-sivil-bir-hedefe-isabet-etseydi-peki-yolunu-sasirmis-bir-fuze-ankaraya-yonelirse-ne-olacak-rusya-mi-ukrayna-mi-ucuncu-bir-ulke-mi-kontrol-masasinda-kim-vardi-4779473
Yeni Akit, 12 dekabr 2025. Putin’den flaş açıklama! Karadeniz’de tankerlere yapılan saldırılara misliyle karşılık verilecek. https://www.yeniakit.com.tr/haber/putinden-flas-aciklama-karadenizde-tankerlere-yapilan-saldirilara-misliyle-karsilik-verilecek-1968281.html
Yeni Akit, 17 dekabr 2025. Rusya, Ukrayna savaşını Karadeniz'e taşıdı. https://www.yeniakit.com.tr/haber/rusya-ukrayna-savasini-karadenize-tasidi-1970998.html
A Haber, dekabr 2025. Ukrayna'da Türk gemisine saldırı: Yaşanan olayın arkasında sabotaj mı var? https://www.ahaber.com.tr/ozel-haberler/2025/12/12/ukraynada-turk-gemisine-saldiri-yasanan-olayin-arkasinda-sabotaj-mi-var
Medyatakip, dekabr 2025. Video klip. https://clips.medyatakip.com/bc/clip/l69WT6szw04HQg08bOwpyL
İnstitude, 2023 a. EURASIANISTS IN TURKEY AND THEIR MEDIA ON THE WAR IN UKRAINE https://institude.ams3.digitaloceanspaces.com/Avrasyacilik_26_Subat.pdf
TR Haber, 2 dekabr 2025. Karadeniz'de son 5 günde 3 gemiye saldırı! Emekli Tümamiral Cem Gürdeniz yazdı: Savaşa Türkiye'de dahil edilmek isteniyor! https://www.trhaber.com/gundem/turk-karasularinda-son-5-gunde-3-gemiye-saldiri-emekli-tumamiral-cem-gurdeniz-yazdi-savasa-turkiye-de-dahil-edilmek-isteniyor-h947558.html
Ertürk, Türker, 19 dekabr 2025. TÜRKİYE’DE DÜŞÜRÜLEN İHA KONUSUNUN ASLI ASTARI NEDİR? https://www.turkererturk.com.tr/turkiyede-dusurulen-iha/
Aydınlık, 21 dekabr 2025. Sözcü gazetesi Rus düşmanlığında en önde. https://www.aydinlik.com.tr/haber/sozcu-gazetesi-rus-dusmanliginda-en-onde-560609
SDE (SDE Editör), 20 dekabr 2025. Son iki aydır Karadeniz’den Türkiye’ye yönelik saldırılar kasıtlı olabilir mi? https://www.sde.org.tr/haber/son-iki-aydir-karadeniz-den-turkiye-ye-yonelik-saldirilar-kasitli-olabilir-mi-haberi-62082
Anadolu Ajansı (AA), 2022. Cumhurbaşkanı Erdoğan’dan Rusya-Ukrayna geriliminde tüm taraflara itidal ve diyalog çağrısı. https://www.aa.com.tr/tr/gundem/cumhurbaskani-erdogandan-rusya-ukrayna-geriliminde-tum-taraflara-itidal-ve-diyalog-cagrisi/2492552
T.C. Dışişleri Bakanlığı, 2022. No: 62, Rusya Federasyonu tarafından Ukrayna’ya yönelik başlatılan askeri operasyon hk. https://www.mfa.gov.tr/no_-62_-rusya-federasyonu-tarafindan-ukrayna-ya-yonelik-baslatilan-askeri-operasyon-hk
NewslabTurkey, 2022a. Toplumsal hafıza ve medya: Ukrayna-Rusya savaşının Türkiye’deki medyaya yansımaları. https://www.newslabturkey.org/toplumsal-hafiza-ve-medya-ukrayna-rusya-savasinin-turkiyedeki-medyaya-yansimalari/
KHAR Center, sentyabr 2025. Türkiyənin “strateji muxtTürkiyədə Panavrasiya Trendi: İdeoloji Yönlər, Siyasi Dinamikalar və Geosiyasi Təsirlər (II yazı)ariyyət” oyunu. https://www.kharcenter.com/arasdirmalar/turkiyenin-strateji-muxtariyyet-oyunu
Öniş Ziya, Uluyol Yalkın, 2025. Middle Powers Between the West and the “Rest”: Turkey During the Russian War on Ukraine. https://dergipark.org.tr/en/download/article-file/4733383
Reuters, 2022. Ukraine's envoy criticises Turkish tourism group over 'two-faced' approach. https://www.reuters.com/world/ukraines-envoy-criticises-turkish-tourism-group-over-two-faced-approach-2022-03-03/
İnternethaber, 2022. “Ukrayna Ankara Büyükelçisi'nin tepki çeken TÜRSAB çağrısına Hilal Kaplan'dan yanıt: Herkes haddini bilecek”. https://www.internethaber.com/ukrayna-ankara-buyukelcisinin-tepki-ceken-tursab-cagrisina-hilal-kaplandan-yanit-herkes-haddini-bilecek-2239663h.htm?
Cumhuriyet, 2023.. Akkuyu Rusya’ya mı ait? https://www.cumhuriyet.com.tr/siyaset/akkuyu-rusyaya-mi-ait-cuneyd-zapsudan-skandal-videoya-iliskin-2127552
Ünver, Akın, 2023 a. İLERİ TEKNOLOJİLER, ENFORMASYON MANİPÜLASYONU VE DEZENFORMASYON. EDAM. .https://edam.org.tr/Uploads/Yukleme_Resim/pdf-12-09-2023-00-15-18.pdf
Romandash Anna, 2024 a. The Constant Evolution of Russia-Turkey Relations. https://manaramagazine.org/2024/08/the-constant-evolution-of-russia-turkey-relations/
Balkan Insight, 2024. Sputnik Turkey’s striking journalists continue long struggle over pay rights. https://balkaninsight.com/2024/01/03/sputnik-turkeys-striking-journalists-continue-long-struggle-over-pay-rights/
Romandash Anna, 2024 b. The Constant Evolution of Russia-Turkey Relations. https://manaramagazine.org/2024/08/the-constant-evolution-of-russia-turkey-relations/
TASS, 2015. Минобороны РФ: руководство Турции вовлечено в незаконное получение сирийской нефти от ИГ. https://tass.ru/politika/2491873
NewslabTurkey, 2022 b. Toplumsal hafıza ve medya: Ukrayna-Rusya savaşının Türkiye’deki medyaya yansımaları. https://www.newslabturkey.org/toplumsal-hafiza-ve-medya-ukrayna-rusya-savasinin-turkiyedeki-medyaya-yansimalari/
Ünver, Akın, 2023 b. İLERİ TEKNOLOJİLER, ENFORMASYON MANİPÜLASYONU VE DEZENFORMASYON. EDAM. .https://edam.org.tr/Uploads/Yukleme_Resim/pdf-12-09-2023-00-15-18.pdf
Ünver, Akın, 2023 c. İLERİ TEKNOLOJİLER, ENFORMASYON MANİPÜLASYONU VE DEZENFORMASYON. EDAM. .https://edam.org.tr/Uploads/Yukleme_Resim/pdf-12-09-2023-00-15-18.pdf
RSF (Reporters Without Borders), 2024.. Türkiye — country profile. https://rsf.org/en/country-t%C3%BCrkiye
İnstitude, 2023 b. EURASIANISTS IN TURKEY AND THEIR MEDIA ON THE WAR IN UKRAINE https://institude.ams3.digitaloceanspaces.com/Avrasyacilik_26_Subat.pdf
KHAR Center, iyul 2025.. Türkiyədə panavrasiya trendi: ideoloji yönlər, siyasi dinamikalar və geosiyasi təsirlər (II yazı). https://www.kharcenter.com/arasdirmalar/turkiyede-panavrasiya-trendi-ideoloji-yonler-siyasi-dinamikalar-ve-geosiyasi-tesirler-ii-yazi
Aydınlık, 2022.. ABD Ukrayna’da savaşı niye kışkırtıyor? https://www.aydinlik.com.tr/koseyazisi/abd-ukraynada-savasi-niye-kiskirtiyor-301175
Veryansın TV, 2024. Gerileyen hegemon ve artan jeopolitik gerilim. https://www.veryansintv.com/yazar/cem-gurdeniz/kose-yazisi/gerileyen-hegemon-ve-artan-jeopolitik-gerilim
İnstitude, 2023 c. EURASIANISTS IN TURKEY AND THEIR MEDIA ON THE WAR IN UKRAINE https://institude.ams3.digitaloceanspaces.com/Avrasyacilik_26_Subat.pdf
DFRLab, 2023. The Pravda Network. https://dfrlab.org/the-pravda-network/
Novinite, may 2025.. Fact Check: False Claims About Ukrainian Translator Fleeing to Bulgaria During Istanbul Peace Talks. https://www.novinite.com/articles/232500/Fact%2BCheck%3A%2BFalse%2BClaims%2BAbout%2BUkrainian%2BTranslator%2BFleeing%2Bto%2BBulgaria%2BDuring%2BIstanbul%2BPeace%2BTalks