Giriş
Prezident Rəcəb Tayyib Ərdoğanın ABŞ prezidenti Donald Tramp ilə böyük gözləntilər, isti jestlər və nikbin proqnozlarla keçən görüşündən cəmi iki gün sonra Türkiyənin xarici işlər naziri Hakan Fidanın verdiyi açıqlamalar soyuq duş effekti yaratdı.
Hakan Fidan Ərdoğan-Tramp görüşünü və Ankaranın Vaşinqtondan gözləntilərini dəyərləndirərkən “Hazırda almağı gözlədiyimiz F-35-lər və KAAN-ın mühərrikləri var. ABŞ Konqresində gözlədilir və lizensiyaları dayandırılıb. Lizensiyalar başlamalı və mühərriklər gəlməlidir ki, KAAN-ların istehsalı başlaya bilsin. ABŞ ilə əlaqələrimizdə məhdudiyyətlərin olması bizi istər-istəməz beynəlxalq sistemdə fərqli axtarışlara sövq edəcək” dedi (Medyascope, sentyabr 2025).
ABŞ-ın Türkiyə müdafiə sənayesinə tətbiq etdiyi embarqolar sirr olmadığından Fidanın açıqlaması prinsipcə sürpriz deyil. Sürpriz Türkiyə iqtidarının son dönəmdəki ən böyük təbliğat vasitələrindən olan KAAN təyyarələri ilə bağlı bu qədər yüksək ranqlı bir bürokratın “istehsal başlamaya bilər” etirafı idi.
Fidanın açıqlamasından bir gün sonra Prezident yanında Müdafiə Sənayesi İdarəsinin rəhbəri Haluk Görgün xarici işlər nazirinin söylədiklərini düzəldən bir açıqlama yaydı: “Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın liderliyində müdafiə sənayemizdə atılan addımlar qərarlılıqla davam edir. KAAN və yerli mühərrik layihələrimiz müəyyənləşdirilən təqvimə uyğun olaraq əminliklə irəliləyir. Xaricdən asılılığımızı geridə qoyub öz qabiliyyətimizə söykənən ekosistem inşa edirik” (X, sentyabr 2025).
Ertəsi gün Görgün bir daha bu mövzuya toxundu. Söylədikləri Fidanın dediklərini inkar edirdi: ‘’KAAN-ların istehsalı xarici deyil, yerli mühərriklərə görə planlanıb. KAAN hərbi təyyarəsinin ana mühərriki TF35000 və yardımçı güc qurğusu APU60 üçün inkişaf fəaliyyəti uğurla davam edir. Müdafiə sənayesində proses həmişə bu formada gedir - əvvəlcə mövcud mühərriklərlə başlanır, sonra milli mühərrik layihələri dövriyyəyə girir. Biz də KAAN-ı blok yanaşmasıyla istehsal edirik. Yəni fərqli mərhələlərdə, fərqli qabiliyyətlərlə güclənən versiyalarını inventara qazandıraraq mərhələli şəkildə inkişaf etdiririk. Bu çərçivədə KAAN hərb təyyarəmizin təslimat təqvimində gecikmə yoxdur. Seriya istehsalımızı risk altında qoymamaq üçün də yalnız bir mənbəyə bağlı qalmırıq, fərqli tədarük kanalları ilə çalışır, alternativləri dəyərləndiririk. KAAN-ın gələcəyi heç bir şəkiildə yalnız bir ölkənin mühərrikinə bağlı deyil. Biz mühəndislərimizə güvənirik. TF35000-in seriya istehsal prosesi planlaşdırıldığı şəkildə davam edir”. (Gazete Oksijen, sentyabr 2025 a)
KAAN-ı istehsal edən TUSAŞ-ın mühərrik sənayesi qurumu TEİ-nin idarə heyətinin rəhbəri Fəxrəddin Öztürk də Fidanın sözlərini təkzib etdi. Öztürk ABŞ Konqresinin Türkiyənin hərbi təlim təyyarəsi HÜRJET üçün “GE Aerospace F404” mühərriklərinin satın alınmasına dair müraciəti təsdiqlədiyini, KAAN-la bağlı prosesin davam etdiyini söylədi: “Bildiyim qədər hazırda F110 mühərriki ilə bağlı rədd edilmə yoxdur. Yəni mühərrikimiz yoxdur deyə KAAN istehsal edə bilmirik kimi bir vəziyyət yoxdur”. (GZT, oktyabr 2025) Ancaq hazırda HÜRJET ilə bağlı bu açıqlamadan başqa bir fakt da mövcud deyil.
Bütün bu mənzərə Türkiyədə həm KAAN-ların iqtidarın dediyi qədər yerli və milli olması haqda diskussiyalara səbəb oldu, həm də Ankaranın müdafiə sənayesindəki yüksəlişin simvollarından biri olaraq göstərdiyi beşinci nəsil hərbi təyyarənin gələcəyinə dair sualları yenidən gündəliyə gətirdi. İqtidara yaxın jurnalistlər Görgünün açıqlamalarındakı tezislərin işləndiyi yazılarla KAAN-lara dair suallar verənləri yerli və milli müdafiə sənayesinə qarşı çıxmaqla ittiham edərkən Fidanın sözlərinin yanlış təqdim olunduğunu bildirdilər (Hilal Kaplan, sentyabr 2025).
Ana müxalifət lideri Özgür Özəl “Milli qürurumuz KAAN-ın arxasındayıq” dedi (T 24, sentyabr 2025), ancaq Türkiyənin keçmiş Vaşinqton səfiri Namiq Tan başda olmaqla müxalifət təmsilçiləri həm hərbi təyyarənin yerli və milli olması, həm də istismar müddəti kimi məsələlərdə ciddi sualların olduğunu vurğuladılar (Gazete Oksijen, sentyabr 2025 b).
Bəzi mənbələr isə Fidanın açıqlamalarının hökumətdə ciddi narazılıq yaratdığını, Ərdoğanın ABŞ səfərinə kölgə saldığını düşünüldüyünü deyirlər. Bu mənbələrə görə, Fidanın açıqlaması Ərdoğan sonrası ssenariləri ilə bağlıdır, yəni iqtidar daxilindəki fərqli qruplar arasındakı toqquşmaların inikasıdır (Birgün, sentyabr 2025).
Hakan Fidan bütün bu diskussiyalardan sonra bir daha açıqlama vermək məcburiyyətində qaldı və sözlərini iqtidarın mətbuat vasitəsilə müəyyən etdiyi yeni diskursa uyğunlaşdırdı: “Sanksiyaları ləğv etdirmək mənim vəzifəmdir. Müvafiq qurumlarımızdan tələb gəldiyi zaman bu məsələni qaldırmaq mənim vəzifəmdir. Qarşı tərəf məntiqli bir izah verməsə mənim milli təhlükəsizliyim o hissələri başqa yerdən almağı tələb edir" dedi. (T 24, oktyabr 2025)
Ancaq bu da KAAN təyyarələri ilə bağlı yaranmış bir düyünün olmadığı demək deyil.
KHAR Center bu analizində həm KAAN ilə bağlı vəziyyətə - məhdudiyyətlərə, sual doğuran məqamlara, həm də problemin həlli üçün Ankaranın yol axtarışlarına, nəzər salır.
Analizin əsas sualı
Türkiyənin KAAN qırıcı təyyarə modelinin reallaşmasının qarşısında duran qısa vədəli maneələr nələrdir? ?
KAAN və MÜHƏRRİK PROBLEMİ
Türkiyənin beşinci nəsil qırıcı təyyarəsi KAAN Türkiyə Aviasiya və Kosmos Sənayesi Şirkəti (TUSAŞ) tərəfindən hazırlanan və həyata keçirilən olduqca iddialı bir layihədir. Ankara müdafiə sənayesi texnologiyalarında xaricdən asılılığı azaltma siyasətinin ən mühüm elementlərindən olan bu təyyarənin ABŞ-ın Türkiyəyə satışına embarqo qoyduğu F-35-lərdən daha yüksək keyfiyyətlərə sahib olacağını iddia edir (GZT, iyun 2025).
İlk milli qırıcı təyyarə layihəsi olan KAAN-ın adını verən isə Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalıdır (TRT Haber, 2023).
2010-cu ildən etibarən Türkiyənin gündəliyində olan, ancaq rəsmən 2018-ci ildə başlayan layihə çərçivəsində ölkənin ilk milli qırıcısının ilk hissəsi 2021-ci ildə istehsal olunub (Savunmasanayist, 2021a). 2023-cü ildə montajı başa çatan və anqardan çıxarılan milli qırıcının yer prototipinin ilk test uçuşu da 2024-cü ilin fevralında həyata keçirilib. 2024-ün may ayında isə təyyarənin ikinci test uçuşu baş tutub (Defenceturk, 2024).
KAAN-ın həqiqi uçuş prototipinin - Blok-0-ın uçuşları isə 2026-cı ilin yaz aylarına planlaşdırılır. Həmin tarixə qədər üç ədəd həqiqi prototip istehsalı nəzərdə tutulur. Son aylarda verilən açıqlamalara görə, KAAN-ın iki həqiqi prototipi artıq sistem inteqrasiyası mərhələsindədir, bir yer prototipi isə istehsal olunmaqdadır. Uçuş test proqramlarını tamamlamaq üçün ümumilikdə 6 prototipin istehsalı planlaşdırılır (GDH Digital, sentyabr 2025a).
Təyyarənin Blok-1 konfiqurasiyasının isə 2029-cu ildə başa çatdırılması nəzərdə tutulur. Türkiyə Hava Qüvvələri tərəfindən 2021-ci ildə həyata keçirilən ilk rəsmi tanıtım toplantısında layihənin ikinci mərhələsində Türkiyə Silahlı Qüvvələrinə 10 ədəd Blok-1 konfiqurasiyasının təhvil veriləcəyi açıqlanmışdı.
2034-2040-cı illər arası lahiyənin üçüncü mərhələsi çərçivəsində isə təyyarənin digər bloklarının inkişaf etidirlməsi və seriya istehsalının başlamasının hədəfləndiyi bildirilir (Savunmasanayist, 2021b).
Ancaq son aylarda iqtidara yaxın mənbələr 2029-cu ildə istehsal ediləcək təyyarə sayının 20 olacağını ifadə etməyə başlayıblar (GDH Digital, sentyabr 2025b).
KAAN qırıcılarının Türkiyə Silahlı Qüvvələrinin ixtiyarında olan F-16-ları əvəz etməsi nəzərdə tutulur. Bunun üçün də ilk mərhələdə 148 təyyarəyə ehtiyac duyulduğu bildirilir. İllik 8 təyyarə istehsal etmə qabiliyyətinə malik olan TUSAŞ-ın istehsal gücünü artırması məsələsi də gündəlikdədir (GDH Digital, sentyabr 2025c).
KAAN-ın protoriplərinin və ilk seriyalı istehsalının Amerika mənşəli mühərriklərlə - F-16 təyyarələrində də istifadə olunan “General Electric F110” ilə həyata keçirilməsi, 2032-ci ildən sonra isə onların yerli istehsalla dəyişdirilməsi nəzərdə tutulur. Hazırlanan KAAN prototipləri də iki ədəd F110 mühərriki ilə uçur. TUSAŞ 2029-cu ilə qədər yerli mühərriklə uçacaq bir prototip də hazırlamağı planlaşdırır. Bu plan bir tərəfdə F110, digər tərəfdə yerli mühərriki olan KAAN-la uçuş testlərinin həyata keçirilməsini nəzərdə tutur (Defenceturk, iyul 2025).
İndiyə qədər ABŞ-dan Türkiyəyə KAAN üçün neçə mühərrikin göndərildiyi bilinmir. Ancaq mediada yayılan məlumatlara görə, TUSAŞ 2019 və2021-ci illərdə hər dəfə 5 mühərrik almaq üçün ABŞ hökumətinə müraciət edib (Defence Turkey, 2022). Bunun üçün lisenziyalar isə Türkiyənin ABŞ ilə S-400 gərginliyi yaşamasından əvvəl - 2017-ci ildə alınıb (Yetkinreport, sentyabr 2025).
Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəhbəri Haluk Görgün də mediaya açıqlamasında rəqəm açıqlamasa da prototiplər üçün lazım olan mühərriklərin ABŞ-dan alındığını, ilk blok istehsalı üçün lazım olan mühərriklərlə bağlı rəsmi müraciət mərhələsinin isə tamamlandığını bildirdi (SSBulten, sentyabr 2025).
Görgünün müraciət mərhələsinin tamamlandığını söylədiyi mühərriklərin sayını da mediada əks olunan məlumatlardan təxmin etmək mümkündür. 2029-cu ilə qədər 20 ədəd Blok-1 konfiqurasiyalı təyyarənin istehsal olunacağını və hər təyyarədə iki mühərrikdən istifadə ediləcəyini nəzərə alsaq, hazırda Ankaranın ABŞ-dan 40 ədəd F110 mühərriki gözlədiyini söyləmək mümkündür.
Ankarada Fidan və Görgünün açıqlamaları ilə ortaya çıxan KAAN ziddiyyətinin səbəbi də məhz bu 40 mühərrikdir. Haluk Görgünün də dediyi kimi, KAAN prototiplərinin istehsal və uçuş təqvimində hər hansı problem yoxdur. Çünki bu prototiplərdə istifadə olunan mühərriklər üçün daha əvvəldən imzalanmış razılaşmalar vardı və onların verilməsində də əngəl yox idi.
Ancaq Hakan Fidanın da dediyi kimi, ümumilikdə KAAN istehsal prosesini gecikdirəcək olan Blok-1 konfiqurasiyalı ilk seriya istehsalında - yəni 2029-cu ildə Türkiyə Hərbi Hava Qüvvələrinə təhvil verilməli olan 20 təyyarənin istehsalında problem var. Çox sadə səbəbdən - bu təyyarələrin uçması üçün lazım gələn mühərriklərə lisenziya ABŞ-ın CAATSA sanksiyalarına Türkiyəni daxil etməsi səbəbilə verilmir. Üstəlik, ekspertlərə görə, mövcud “F110-GE-129” mühərriki KAAN-dan gözlənən hərb qabiliyyətləri üçün kifayət etmir və bu mühərrikin daha yeni versiyalarının alınması və ya modernləşdirilməsi isə yenə də ABŞ ilə Türkiyə arasındakı münasibətlərdən asılıdır (Mevlütoğlu, sentyabr 2025a).
Əgər ABŞ CAATSA embarqolarını ləvğ etməsə, Blok-1 konfiqurasiyasının istehsal prosesi gecikəcəyi kimi, zəncirvari reaksiya ilə 2030-cu ildən sonrakı hədəflərə də təsir edəcək. Belə ki, hətta hədəfləndiyi kimi, 2030-cu ildən sonra yerli mühərrik hazır olsa belə, ilk istehsal olunan təyyarələrin Türkiyə Silahlı Qüvvələrinin daxili ehtiyaclarına yönəldiləcəyi məlumdur.
Bu isə Türkiyənin indidən bağladığı KAAN satış müqavilələri ilə bağlı öhdəlikləri baxımından problem yarada bilər - məsələn İndoneziya ilə. Belə ki, bu ilin iyununda İndoneziyanın müdafiə naziri Türkiyədən 48 ədəd KAAN təyyarəsi almaq üçün müqavilə imzaladıqlarını açıqladı (İletişim Başkanlığı, iyun 2025).
Nazir müqavilənin dəyəri və təslim tarixi ilə bağlı hər hansı açıqlama vermədi, ancaq bəzi mənbələr 12 illik təqvimdən söhbət getdiyini bildirir (Defenceturk, sentyabr 2025a). Doğrudur, İndoneziya məhz yerli mühərrikli KAAN alacağını bildirir, ancaq bu mühərrikin o vaxta qədər hazır olacağına dair əminlik də yoxdur.
TÜRKİYƏNİN ALTERNATİVİ VARMI
Ortaya çıxan ümumi mənzərə göstərir ki, KAAN-ın uçması ən azından Türkiyənin yerli mühərrik istehsalını tamamlayacağı tarixə qədər ABŞ-ın mövqeyindən asılı olacaq. Haluk Görgün hər nə qədər faktın bu hissəsini göstərməsə də, həm Görgün, həm də xarici işlər naziri Hakan Fidan açıqlamalarında “alternativsiz deyilik” mesajı versə də, ekspertlər bunun o qədər asan olmadığı qənaətindədirlər.
Hərbi sənaye və aviasiya analitiki Kubilay Yıldırıma görə, dünyada KAAN-ın tələblərinə uyğun olan mühərrik sayı çox məhduddur: “ABŞ istehsalı
“Pratt & Whitney F-100”-dən başqa Qərbdə alternativ yoxdur” (Medyascope, sentyabr 2025a).
KAAN üçün “Typhoon” qırıcılarında istifadə olunan “Eurojet EJ200” mühərrikinin istifadəsi də əvvəlki illərdə gündəmə gəlib. Mütəxəssislərə görə, bu gün EJ200 texniki baxımdan KAAN-a tətbiq oluna biləcək Qərb istehsallı mühərriklərdən biridir (Defence Turkey, 2014).
Ancaq ekspertlər bunun da Almaniya və İngiltərə ilə siyasi əlaqələrdən asılı olduğunu bildirir (Mevlütoğlu, sentyabr 2025 b).
Türkiyənin Rusiya və ya Çindən mühərrik alması fikri də zaman-zaman səslənib. Keçmiş müdafiə sənayesi başqanı İsmayıl Dəmir 2022-ci ildə verdiyi açıqlamada ilk prototiplərin F-16 mühərrikləri ilə uçacağını, sonra isə üç alternativin gözdən keçiriləcəyini söyləmişdi. Bu alternativlərin Yaponiya (IHI Corporation XF9), Çin ( Xi"an Aero-Engine Corporation WS-10/WS-15) və Rusiya (UEC Saturn AL-31) olduğu bildirilirdi. (Turdef, 2022)
Mediada yer alan məlumatlara görə, Hakan Fidanın açıqlamalarından sonra Pekinin yaranan fürsəti dəyərləndirərək WS-15 mühərrikini Türkiyəyə satmaq və ya ortaq mühərrik hazırlamaq təklifi verə biləcəyi gözlənilir (Defencesecurityasia, sentyabr 2025).
Ancaq burada, əvvəla, Türkiyənin S-400 aldıqdan sonrakına bənzər embarqolarla qarşı-qarşıya qalma riski var. Digər tərəfdən, ekspertlər də bildirir ki, Çin və ya Rusiya mənşəli mühərriklərə yönəlmək KAAN-ın ən başdan yenidən hazırlanması deməkdir (Medyascope, sentyabr 2025b).
Hökumət içindəki mənbələr də alternativ mühərrikə keçilməsinin KAAN layihəsini çətinləşdirə biləcəyini vurğulayır (Hacaoğlu, oktyabr 2025a).
Yəni görünən odur ki, Türkiyənin orta və uzaq perspektivdə öz mühərrikini istehsal etməkdən, yaxın perspektivdə isə CAATSA-nın ləğvi üçün ABŞ ilə S-400 məsələsində razılığa getməkdən başqa real alternativi yoxdur. Əslində gələcəkdə yerli mühərrikin parçalarının təmin edilməsi baxımından da CAATSA-nın ləğvi böyük əhəmiyyət daşıyır.
YERLİ VƏ MİLLİ MÜHƏRRİK ÜMİDİ
Yerli mühərrikin istismar tarixiylə bağlı açıqlamaları ekspertlər böyük optimizm kimi qiymətləndirirlər. Buna bir misal olaraq 2017-ci ildə başlayan və nisbətən asan olan TS1400 mühərriki layihəsinin hələ də bütövlükdə tamamlanmaması göstərilir və TF35000 ilə bağlı narahatlıqların bu baxımdan əsassız olmadığı vurğulanır. Ekspertlərə görə, Türkiyənin mühərrikləri Qərb standartlarına uyğun istehsal etməsi səbəbilə müddətin uzun olması əslində normaldır, ancaq Ankaranın təqvim israrı və ixracat planlarını da buna görə qurması böyük bir təzyiq elementi olaraq qarşıya çıxır (Defenceturk, sentyabr 2025b).
Digər tərəfdən Bloomberg-ə açıqlama verən, məsələnin həssaslığı səbəbilə adının açıqlanmasını istəməyən Türkiyədəki mənbə yerli mühərrik hazırlama prosesinin ləngimələrlə irəlilədiyini bildirir. TUSAŞ-ın TF35000 mühərrikinin yanma kamerası, turbini, borusu, əlavə yandırıcısı və çıxış borusu istehsalında problemlərlə qarşılaşdığı vurğulanır (Hacaoğlu, oktyabr 2025b).
Hərbi sənaye üzrə ekspert Arda Mevlütoğlu hesab edir ki, milli mühərrik üçün prosesi sürətləndirmək və ya riski azaltmaq məqsədilə başqa bir xarici partnyor ilə əməkdaşlıq etmək, texnologiya və ya texniki dəstək almaq mümkündür. Ancaq mühərrikin bəzi kritik hissələri onları istehsal edən ölkələr tərəfindən sirr kimi saxlanır və bunları Ankara ilə bölüşmələri inandırıcı görünmür: “Türkiyə məcburən bunları öz imkanlarıyla, öz özünə öyrənməli və inkişaf etdirməlidir. Bu da vaxt və pul deməkdir ki, ikisi də Türkiyə torpaqlarında çox məhduddur. Bu məsələdə ABŞ-dan dəstək almaq isə ABŞ-Türkiyə əlaqələrinin inkişafına və o zamandakı çalarına bağlı olacaq” (Mevlütoğlu, sentyabr 2025 c).
Digər tərəfdən Mevlütoğlu, yerli mühərrik üçün xarici texnologiya və ya dəstəyin sadəcə prosesi sürətləndirmək üçün müvəqqəti seçim ola biləcəyini deyir və mühərrik istehsalında təcrübəsi olan böyük şirkətlərin buna isti yanaşmayacaqlarını vurğulayır: “Çox sayda kiçik və fərqli şirkətlə əməkdaşlıq edilə bilər. Əlbəttə, dünya ABŞ və Avropadan ibarət deyil, dünyanın fərqli yerlərində fərqli texnologiyalar tapmaq mümkündür. Ancaq bunlar da yenə bizdə çox məhdud olan vaxt və pul tələb edir” (Mevlütoğlu, sentyabr 2025 ç).
Ekspert KAAN üçün risk azaldan ara formulların - qırıcı təyyarənin iki F110 mühərriki ilə uça biləcək sadələşdirilmiş modelinin və ya KAAN-ın daha yüngül bir mühərrikli versiyasının - da seçilə biləcəyini söyləyir. Ancaq Türkiyə iqtidarının KAAN-a yüklədiyi böyük missiya nəzərə alınarsa, bu ehtimal çox real görünmür.
CAATSA BAZARLIĞI
Bu səbəbdən də Türkiyənin Vaşinqtonun CAATSA sanksiyalarını ləğv etməsi üçün güzəştə getməkdən başqa real seçimi qalmır.
CAATSA-nın ləğvi birbaşa Rusiyadan alınan S-400 sistemlərinin geri verilməsinə və bir daha alınmayacağına dair öhdəliyə bağlıdır. Bu şərt ABŞ-ın müdafiə büdcəsi və xaricə silah satışının sərhədlərini müəyyən edən qanunvericilik aktının - NDAA-nın (National Defense Authorization Act) 2021-ci ildə qəbul olunan və hələ də qüvvədə olan versiyasında açıqca yazılıb (KHAR Center, sentyabr 2025). Məsələnin ən mürəkkəb tərəfi də budur. Tramp CAATSA-nı ləğv etmək istəsə belə, NDAA-nın müvafiq maddələri səbəbilə Türkiyənin adından təminat verməlidir.
Məlumatlı mənbələr Ankaranın S-400-lərlə bağlı orta variant tapmağa çalışdığını bildirir. Ankaradakı mənbələrə görə, Türkiyə S-400 hava müdafiə sistemləri ilə bağlı uzlaşmağa hazır olduğunu bildirdi, ancaq sistem avadanlığını vermək istəmir. Ankara bu sistemə nəzarət üçün ABŞ ilə texniki və ortaq hərbi mexanizm üzərində anlaşa biləcəyini bazarlıqlarda ifadə edir (Hacaoğlu, oktyabr 2025c).
Qərbdəki mənbələrə görə, Trampın texniki komandası da CAATSA sanksiyalarını ləğv etmək üçün dolanma yol tapmağa çalışır. Bunun üçün Türkiyənin S-400-ün bir elementini çıxarması və hava müdafiə sistemini yararsız elan etməsi təklif olunur. Ancaq bunun iki səbəbdən ABŞ hərbi və siyasi dairələrində təhlükəli hesab edildiyi bildirilir. Birincisi, S-400-ün hər hansı elementinin çıxardılması onun ləğv olunması demək deyil, daha sonra bu element yenidən yerinə taxıla bilər. İkincisi, Türkiyəyə bu icazənin verilməsinin İrana və Şimali Koreyaya da sanksiyalardan yayınmaq üçün risk sayılan silahlarından bir hissəni müvəqqəti çıxarıb yararsız elan etmə fürsəti verə biləcəyi düşünülür (Rubin, sentyabr 2025). Hərçənd ki, buradakı ikinci arqument çox ağlabatan görünmür.
S-400 sisteminin Türkiyə daxilində İncirlik bazası kimi bir yerdə və ya ölkə xaricində anbarda saxlanılması və ya ABŞ kimi üçüncü bir tərəfin nəzarətinə verilməsi kimi ehtimallar da dilə gətirilir. Bu halda ABŞ administrasiyası Konqresə “Türkiyənin S-400-ə sahib olma” kriteriyasının artıq qüvvədə olmadığını bildirə və NDAA-nın müvafiq maddəsinin tətbiqinin ləğvini istəyə bilər. Ancaq bütün hallarda ABŞ müdafiə naziri və xarici işlər naziri bunun üçün Konqresin müvafiq altkomitələrinə Türkiyənin S-400 sisteminə sahib olmadığına, sistemi yenidən əldə etmə və fəaliyyətə keçirmə niyyətində olmadığına və 31 iyul 2019-cu ildən sonra hər hansı rus hərbi silahı almadığına dair sənədlərlə dəstəklənən təminat verməlidir (Argiri, sentyabr 2025).
S-400 sistemlərinin “yeşiklərə qoyulması”, ABŞ nəzarətinə verilməsi və ya üçüncü ölkələrə satılması kimi təkliflərin ortaya gəldiyini ötən il Türkiyə mətbuatı da yazıb (Cumhuriyet, 2024). O zaman Ankaranın bu təklifi F-35 hərbi təyyarələrinin verilməsi üçün irəli sürdüyü bildirilirdi, ancaq mənzərə Türkiyənin ehtiyaclarının daha çox və daha təcili hala gəldiyini göstərir.
Hazırda KAAN ilə bağlı ortaya çıxan və ümumiyyətlə, müdafiə sənayesi sahəsində yaşanan bənzər problemlərdən yan keçmək üçün Türkiyə Müdafiə Sənayesi Qurumunun layihələrdə alıcı və yararlanıcı pozisiyasından çəkilməsi fikri də daha əvvəllər səslənib (Stein, 2020).
Bu fikrin arqumenti də ondan ibarətdir ki, CAATSA sanksiyaları birbaşa Müdafiə Sənayesi Qurumuna yönəlib və bu qurumun iştirak etdiyi bütün layihələrdə ABŞ mənşəli məhsullara lisenziya verilməməsini nəzərdə tutur (State.gov, 2020).
Ancaq, əvvəla, CAATSA mahiyyət etibarıyla siyasi sanksiya olduğu üçün Türkiyənin müqavilələrdə oyunçu dəyişikliyi Vaşinqtonun da buna qarşı müvafiq tədbir görməsi ilə nəticələnə bilər. Digər tərəfdən bu qanunun tövsif olunmasını dəyərləndirən Amerika hüquq firmalarına görə, sanksiyalar sadəcə Türkiyə Müfadiə Sənayesi qurumunu deyil, onunla əməkdaşlıq edən şirkətləri də əhatə edir. Başqa sözlə, hər hansı bir türk şirkəti ABŞ lisenziyası ilə Türkiyəyə ixrac etdiyi məhsulu Müdafiə Sənayesi Qurumuna transfer edə bilməz (Hogan Lovells, 2020).
NƏTİCƏ
Xarici işlər naziri Hakan Fidanın əslində hər kəsə məlum olan həqiqəti dilə gətirməsi Türkiyə iqtidarının uzun müddətdir “yerli və milli” qürur layihəsi kimi təqdim etdiyi KAAN-ın xarici asılılıqdan azad olmadığını, ABŞ ilə davam edən sanksiya böhranının tamamilə və ya qismən həllinin Ankara üçün kritik əhəmiyyət daşıdığını ortaya qoydu.
Az qala “milli namus” məsələsi olan müdafiə sənayesi sahəsindəki hər hansı tənqidə, şübhəyə və suala kəskin reaksiya verən Ərdoğan iqtidarı üçün Fidanın açıqlaması heç şübhəsiz gözlənilən və arzuolunan deyildi. İstər müdafə sənayesinə cavabdeh olan şəxslərin açıqlamalarında, istərsə də iqtdarı dəstəkləyən media kanallarının və mənsublarının mövqelərindəki ton bunu bariz şəkildə nümayiş etdirdi.
Digər tərəfdən həm Hakan Fidan, həm də Haluk Görgün Amerikaya “möhtac olmadıqlarını” və alternativ axtarışlarına müraciət edəcəklərini bildirsələr də, reallıq ortadadır - Türkiyə ən azından KAAN təyyarələri üçün yerli mühərrik istehsal edənə qədər ABŞ mühərriklərinə məhkumdur.
Ərdoğan üçün güclü müdafiə sənayesi yaratmaq həm iddialı xarici siyasətin, həm də daxili siyasi təbliğatın əsasını təşkil edir. 2020-24-cü illər arasında Türkiyənin silah ixracatı 2015-2019-cu illərlə müqayisədə iki dəfədən çox artıb, idxalat isə üçdə bir azalıb (Hacaoğlu, oktyabr 2025 ç). Xüsusilə Azərbaycan və Ukraynada dronların məşhur olmasından sonra Ərdoğanın kürəkəni Selçuk Bayraktarın liderliyindəki “Baykar” şirkəti dünyanın öndə gələn ixracatçılarından birinə çevrilib. “Baykar” 2024-cü ildə 1,831 milyard dollarlıq satışla Türkiyənin müdafiə sənayesi sahəsindəki ixracat lideri olub (Defence Turkey, mart 2025).
Ancaq Türkiyə hərbi sənayesini nə qədər gücləndirirsə gücləndirsin, nə qədər strateji muxtariyyət iddiasında olursa olsun, beynəlxalq sistemin bir parçasıdır və həm hərbi, həm iqtisadi baxımdan böyük ölçüdə Qərbdən asılıdır.
Ərdoğan “milli və yerli” vurğusunu hər nə qədər yüksək səslə təkrarlasa da beynəlxalq siyasətin sərt qaydaları ilə üz-üzə qalması qaçılmazdır. Ankara bu gün strateji muxtariyyət iddiasıyla Rusiyadan S-400 sistemləri almasının cəzasını çəkir. Bu strateji səhv ölkənin ən iddialı yerli layihələrinin və müdafiə sənayesi sahəsindəki hədəflərini yerinə yetirməsinin qarşısındakı ən mühüm maneə olaraq durur.
Bu maneələri aşmağın indiki mərhələdə ən mümkün yolu isə ABŞ ilə mümkün olan ən qısa müddətdə anlaşmaqdan və ən azından CAATSA embarqolarının ləğvi üçün ciddi güzəştlərə getməyə məcbur edir.
İSTİNADLAR
Medyascope, sentyabr 2025. Hakan Fidan: “ABD’den motor lisansı almadan KAAN’ın üretimi başlayamaz”
https://medyascope.tv/2025/09/28/hakan-fidan-acikladi-kaan-icin-abdden-lisans-bekleniyor/
X, sentyabr 2025.
https://x.com/halukgorgun/status/1972392193194406384
Gazete Oksijen, sentyabr 2025a. Siyasette KAAN tartışması. https://gazeteoksijen.com/turkiye/siyasette-kaan-tartismasi-disisleri-bakani-uretim-durdu-dedi-savunma-sanayii-baskani-duzeltti-252763
GZT, oktyabr 2025. HÜRJET’in F404 motoru için onay süreci tamamlandı.
https://www.gzt.com/amphtml/salt-okunur/hurjetin-f404-motoru-icin-onay-sureci-tamamlandi-3806451
Kaplan, Hilal, sentyabr 2025. Kaan stratejimiz. Sabah gazetesi. https://www.sabah.com.tr/yazarlar/hilalkaplan/2025/09/30/kaan-stratejimiz
T24, sentyabr 2025. Özel'den KAAN açıklaması: Gücünü dışarıdan değil, milletimizden almakta; sonuna kadar arkasındayız!
https://t24.com.tr/haber/ozel-den-kaan-aciklamasi-gucunu-disaridan-degil-milletimizden-almakta-sonuna-kadar-arkasindayiz
Gazete Oksijen, sentyabr 2025b. Siyasette KAAN tartışması. https://gazeteoksijen.com/turkiye/siyasette-kaan-tartismasi-disisleri-bakani-uretim-durdu-dedi-savunma-sanayii-baskani-duzeltti-252763
Birgün, sentyabr 2025.
T24, oktyabr 2025. Bakan Fidan'a TRT ekranlarında KAAN sorusu: Benim görevim yaptırımları kaldırmak, karşı taraf mantıklı izah getiremezse milli güvenlik bunları başka yerden almayı gerektirir
https://t24.com.tr/haber/bakan-fidan-aciklama-yapiyor,1265469
GZT, iyun 2025. KAAN mı daha iyi F-35 mi? TUSAŞ Genel Müdürü açıkladı: Radar ve motor detayı.
https://www.gzt.com/jurnalist/kaan-mi-daha-iyi-f-35-mi-tusas-genel-muduru-acikladi-radar-ve-motor-detayi-3797879
TRT Haber, 2023. Milli Muharip Uçak'ın adı KAAN oldu
https://www.trthaber.com/haber/gundem/milli-muharip-ucakin-adi-kaan-oldu-764020.html
Savunmasanayist, 2021. Milli Muharip Uçak için ilk parça üretildi
Defenceturk, 2024. KAAN ikinci kez gökyüzüyle buluştu
https://www.defenceturk.net/kaan-ikinci-kez-gokyuzuyle-bulustu
Savunmasanayist, 2021a. Türk Hava Kuvvetleri’nin MMU TF-X Sunumu ve Öne Çıkanlar
https://www.savunmasanayist.com/hava-kuvvetleri-mmu-tf-x-sunum/
GDH Digital, sentyabr 2025a. KAAN’da yeni aşamaya geçildi
https://gdh.digital/haber/kaanda-yeni-asamaya-gecildi-1tm8uyur333h
Savunmasanayist, 2021b. Türk Hava Kuvvetleri’nin MMU TF-X Sunumu ve Öne Çıkanlar
https://www.savunmasanayist.com/hava-kuvvetleri-mmu-tf-x-sunum/
GDH Digital, sentyabr 2025.b KAAN’da yeni aşamaya geçildi
https://gdh.digital/haber/kaanda-yeni-asamaya-gecildi-1tm8uyur333h
GDH Digital, sentyabr 2025c. KAAN’da yeni aşamaya geçildi
https://gdh.digital/haber/kaanda-yeni-asamaya-gecildi-1tm8uyur333h
Defence Turkey, 2022. First Batch of F110 Engines Delivered for the National Combat Aircraft
Defenceturk, iyul 2025. KAAN savaş uçağının yerli motoru için hedef 2032.
https://www.defenceturk.net/kaan-savas-ucaginin-yerli-motoru-icin-hedef-2032
Yetkin Murat, sentyabr 2025. Hakan Fidan’ın KAAN Şikayeti: Hakikaten Erdoğan, Trump’la Neyi Halletti?
SSBulten, sentyabr 2025. SSB Başkanı Görgün KAAN Tartışmalarına Son Noktayı Koydu
https://ssbulten.com.tr/gundem/detay/ssb-baskani-gorgun-kaan-tartismalarina-son-noktayi-koydu--4996
Mevlütoğlu, Arda, sentyabr 2025a. TFX Projesi: Ne? Ne İçin? Nasıl? - 6
https://www.siyahgribeyaz.com/2025/09/tfx-projesi-ne-ne-icin-nasl-6.html#more
İletişim Başkanlığı, iyul 2025. Endonezya, 48 adet KAAN savaş jeti almak için Türkiye ile sözleşme imzaladı
Defenceturk, sentyabr 2025a. Dışişleri Bakanı Hakan Fidan’ın açıklamaları ve KAAN’da son durum
https://www.defenceturk.net/disisleri-bakani-fidanin-aciklamalari-ve-kaanda-son-durum
Medyascope, sentyabr 2025a. KAAN’ın motoru tartışmaları
https://medyascope.tv/2025/09/30/kaan-in-motoru-tartismasi-ne-anlama-geliyor/
Defence Turkey, 2014. EJ200: Unbeatable Reliability
https://www.defenceturkey.com/en/content/ej200-unbeatable-reliability-1768
Mevlütoğlu, Arda, sentyabr 2025b. TFX Projesi: Ne? Ne İçin? Nasıl? - 6
https://www.siyahgribeyaz.com/2025/09/tfx-projesi-ne-ne-icin-nasl-6.html#more
Turdef, 2022. Demir: There are three Alternative Engines for TF-X
https://turdef.com/article/demir-there-are-three-alternative-engines-for-tf-x
Defencesecurityasia, sentyabr 2025. US Blocks Engine Exports for Turkey’s KAAN Fighter Jet: NATO Rift Deepens
https://defencesecurityasia.com/en/us-blocks-engines-turkey-kaan-fighter-jet-nato-tensions/
Medyascope, sentyabr 2025 b. KAAN’ın motoru tartışmaları
https://medyascope.tv/2025/09/30/kaan-in-motoru-tartismasi-ne-anlama-geliyor/
Hacaoğlu, Selcan, oktyabr 2025a. Turkey’s Jet Ambitions Rest On US Engines Until It Goes Domestic. Bloomberg.
Defenceturk, sentyabr 2025b. Dışişleri Bakanı Hakan Fidan’ın açıklamaları ve KAAN’da son durum
https://www.defenceturk.net/disisleri-bakani-fidanin-aciklamalari-ve-kaanda-son-durum
Hacaoğlu, Selcan, oktyabr 2025b. Turkey’s Jet Ambitions Rest On US Engines Until It Goes Domestic. Bloomberg.
Mevlütoğlu, Arda, sentyabr 2025c. TFX Projesi: Ne? Ne İçin? Nasıl? - 6
https://www.siyahgribeyaz.com/2025/09/tfx-projesi-ne-ne-icin-nasl-6.html#more
Mevlütoğlu, Arda, sentyabr 2025ç. TFX Projesi: Ne? Ne İçin? Nasıl? - 6
https://www.siyahgribeyaz.com/2025/09/tfx-projesi-ne-ne-icin-nasl-6.html#more
KHAR Center, sentyabr 2025. Deklarativ Razılaşma, praktiki çıxılmazlıq: 2025 Türkiyə–ABŞ zirvəsinin risk arxitekturası
Hacaoğlu, Selcan, oktyabr 2025c. Turkey’s Jet Ambitions Rest On US Engines Until It Goes Domestic. Bloomberg.
Rubin Mihail, sentyabr 2025. Scoop: Turkey to Declare S-400 ‘Inoperable’ to Gain F-35 Stealth Fighter Deal
Argiri Lena, sentyabr 2025. CAATSA sanctions not the real obstacle between Turkey and the F-35 program
Cumhuriyet, 2024. Ankara’nın ‘S-400’leri kutulara koyalım’ önerisinde bulunduğu konuşuluyor: F-35 yoklaması
Stein Aaron, 2020. https://www.fpri.org/article/2020/12/compromise-or-double-down-u-s-turkey-relations-after-caatsa-sanctions/
State.gov, 2020. The United States sanctions Turkey under CAATSA 231.
https://2017-2021.state.gov/the-united-states-sanctions-turkey-under-caatsa-231/?safe=1
Hogan Lovells, 2020.
Hacaoğlu, Selcan, oktyabr 2025ç. Turkey’s Jet Ambitions Rest On US Engines Until It Goes Domestic. Bloomberg.
Defence Turkey, mart 2025. SSB’s 2024 Evaluation & 2025 Goals
https://www.defenceturkey.com/en/content/ssb-s-2024-evaluation-2025-goals-6214