5 iyn 2026

Real Ermənistan, yoxsa tarixi Ermənistan? 7 iyun seçkilərinin geosiyasi mənası

Real Ermənistan, yoxsa tarixi Ermənistan? 7 iyun seçkilərinin geosiyasi mənası

(c) primeminister.am



(Yazı Khar Centerin analitik qrupu tərəfindən post sovet avtoritarizmi araşdırmaları çərçivəsində hazırlanıb)


Giriş

Ermənistanda 7 iyun 2026‐cı il tarixli parlament seçkiləri lokal səviyyədə ölkənin idarəçiliyi ilə bağlı məsələlərlə məhdudlaşmayan, regional, hətta qlobal əhəmiyyət kəsb edən strateji seçim mahiyyəti daşıyır. Ermənistanla bərabər, bütövlükdə bölgə yolayrıcındadır: Ermənistan‐Azərbaycan sülh və əməkdaşlıq prosesinin; Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRİPP); Türkiyə-Ermənistan yaxınlaşmasının; Ermənistanın avrointeqrasiya kursunun perspektivləri erməni xalqının 7 iyun seçimindən asılıdır. Bu seçkilərdə iki vizyon toqquşur: mif və travmalardan ibarət tarixi yükdən xilas olaraq mövcud sərhədlər daxilində milli suverenliyi, regional təhlükəsizlik və kooperasiyanı ehtiva edən konstruktiv baxış bucağı ilə bunun tam əksi olan irrasional‐illüzor irredentizmə və revanşizmə söykənən, genetik yaddaşdakı travmaların, mifoloji arxaizmin müasir dövrə də istiqamətverici təsirlərini qəbul edən ənənəvi yanaşma. Nikol Paşinyan bu iki antaqonist vizyonu “Real Ermənistan”“Tarixi Ermənistan” dilemması olaraq təqdim edib. Ermənistan Respublikası vətəndaşlarının “iki Ermənistan” arasında edəcəyi kateqorik seçim tarixi əhəmiyyətli olacaq.

“Khar Center”in bu analizi 7 iyun tarixli parlament seçkilərini  siyasi hakimiyyət uğrunda daxili mübarizədən daha geniş bir çərçivədə incələməyi hədəfləyir, Ermənistanın geosiyasi seçimləri, Rusiyanın bölgədəki təsirinin gələcəyi və Cənubi Qafqazda yaranan yeni təhlükəsizlik arxitekturası kimi məsələləri, o cümlədən xarici güclərin proses üzərindəki təsir cəhdlərini araşdırmaq məqsədi güdür.

Analiz bu sualları cavablayacaq: 

Ermənistan cəmiyyəti 7 iyun seçkilərində Rusiyanın təsir dairəsində qalmağa əsaslanan ənənəvi siyasi modeli, yoxsa  Qərblə inteqrasiya və postmünaqişə dövrünün reallıqlarına uyğunlaşmağa yönəlmiş yeni inkişaf kursunu seçəcək? 

Bu seçimin Cənubi Qafqazın siyasi gələcəyi üçün nəticələri nə olacaq? 

Paşinyanın real alternativləri

Ermənistanın Vətəndaşlıq və Miqrasiya Xidmətinin statistik məlumatına görə, seçici registrinə daxil olan vətəndaşların sayı 2 milyon 485 min nəfər təşkil edir. (News.am, 2026). 

Mərkəzi Seçki Komissiyasında 16 siyasi partiya və 2 seçki bloku qeydiyyatdan keçərək seçkilərdə iştirak hüququ qazanıb. Seçki Məcəlləsinə edilmiş son dəyişikliklərə əsasən siyasi partiyaların parlamentdə təmsilçilik qazanması üçün minimal səs həddi 4%, maksimum 3 partiyadan ibarət seçki bloku üçün 8%, 3‐dən çox partiyadan ibarət blok üçün 10%‐dir. (Arminfo, 2026).

Qeydiyyatdan keçmiş müxtəlif partiya və bloklara baxmayaraq, seçki kampaniyası sübut edir ki, Ermənistanın siyasi mühiti olduqca konsolidasiya olunub. Parlamentə girmək üçün müəyyən edilmiş seçki baryerləri və seçicilərin siyasi seçimləri nəzərə alındığında, iştirakçıların əksər hissəsinin qanunverici orqanda təmsil olunma imkanı olduqca məhduddur. Nəticə olaraq, hakim “Vətəndaş Müqaviləsi” Partiyasından əlavə əsas diqqət bir neçə prioritet siyasi qüvvəyə yönəlir ki, buraya “Güclü Ermənistan” və “Ermənistan” blokları da daxildir.

Bu baxımdan hakim partiyaya əks cəbhə fraqmentar olsa da, 2 siyasi qüvvəni, “Güclü Ermənistan” və “Ermənistan” bloklarını əsas alternativ kimi fərqləndirmək lazımdır. 

“Güclü Ermənistan” bloku rusiyalı iş adamı Samvel Karapetyanın siyasi layihəsidir. Dollar milyarderi olan S.Karapetyan Rusiyada inşaat və əmlak sektorunda fəaliyyət göstərən “Taşir” şirkətlər qrupunun (“Tashir Group”) sahibidir. O, 2025‐ci ilin avqustunda “Bizə görə” adlı (“Bizcə”, “Bizim fikrimizcə” kimi də tərcümə etmək olar) siyasi hərəkat yaradaraq Ermənistanda siyasi ambisiyasını ortaya qoyub (News.am, 2025a). 2026‐cı ilin fevralında isə bu hərəkatın əsasında “Güclü Ermənistan” Partiyası yaradılıb və 2 siyasi partiyanın (“Yeni dövr” və “Birləşmiş ermənilər”) da qoşulması ilə eyni adlı seçki bloku formalaşdırılıb. Baş nazir vəzifəsinə Samvel Karapetyanın namizədliyi irəli sürülüb (RBC 2026).

S.Karapetyan 2025‐ci ilin iyununda hakimiyyəti ələ keçirməyə, ərazi bötüvlüyünün pozulmasına, suverenlikdən imtinaya və Konstitusiya quruluşunu zorla dəyişdirməyə açıq çağırışlar etmək ittihamı ilə həbs edilib (News.am, 2025b). Daha sonra ona külli miqdarda vergidən yayınma və çirkli pulların yuyulması ittihamı da irəli sürülüb. 2026‐cı ilin yanvarında o, ev dustaqlığına buraxılıb. Ermənistan Konstitusiyasına görə, son 4 ildə daimi olaraq ölkədə yaşamış və yalnız ölkə vətəndaşı olan şəxslər parlament üzvü seçilə və baş nazir postunu tuta bilər. S.Karapetyan isə həm Rusiya, həm də (Paşinyanın sözlərinə görə) üçüncü bir ölkənin vətəndaşlığına malikdir (Arminfo, 2026). “Güclü Ermənistan” blokunda bu problemi hakimiyyətə gələrək parlamentdə Konstitusiyanı dəyişməklə həll edəcəklərini düşünürlər (Qolos Armenii 2026).

S.Karapetyan ev dustağı olduğu üçün ölkə miqyasında təbliğat kampaniyasını onun qardaşı oğlu, blokun namizədlər siyahısında adı birinci olan Narek Karapetyan aparıb. S.Karapetyan isə Yerevandakı malikanəsinin bağçasında əyalətdən qruplar halında gətirilən seçicilərlə görüşlər keçirib və onların qarşısında çıxışlar edib. Seçki kampaniyasının gedişində Narek Karapetyanın da Rusiya vətəndaşı ola biləcəyinə dair məlumatlar yayılıb. Belə ki, Rusiya Federasiyasına aid hüquqi şəxslərin vahid reyestrində onun Rusiya vətəndaş olduğunu və ya bir vaxtlar RF vətəndaşlığına sahib olduğunu təsdiqləyən qeydlər aşkarlanıb. Ermənistan parlamentinin sədri Alen Simonyan N.Karapetyanın ən azı 2020‐ci ildə Rusiya vətəndaşı olduğunu təsdiqləyən sənədi sosial mediada dərc edib. Nəticədə Ermənistan İstintaq Komitəsi vəzifəli şəxs statusuna sahib olmağa əngəl yaradan informasiyanı gizlətmək ittihamı ilə N.Karapetyana qarşı cinayət işi açıb (Armenpress, 2026). Lakin MSK onun namizədliyini ləğv etməyib. Rusiya XİN isə operativ şəkildə N.Karapetyanın bu ölkənin vətəndaşı olmadığını açıqlayıb (News.am, 2026).

“Ermənistan” bloku ölkənin 2‐ci prezidenti Robert Koçaryan tərəfindən 2021‐ci il 20 iyun növbədənkənar parlament seçkiləri ərəfəsində təsis edilib. İkinci Qarabağ müharibəsində böyük itkilərə məruz qalaraq məğlub olan Ermənistan o zaman müasir tarixinin ən ağır dövrünü yaşayırdı. Qarabağdakı separatizmin liderlərindən biri olmuş və bu uğur hekayəsi əsasında 1998‐ci ildə Ermənistan prezidenti seçilmiş Koçaryan cəmiyyətdəki çaşqınlıq, ölkənin gələcəyi ilə bağlı qeyri‐müəyyənlik fonunda bir daha “Qarabağ kartı”nı oynayaraq hakimiyyətə qayıdacağına ümid edirdi. Lakin “Vətəndaş Müqaviləsi” Partiyası 54 faizə yaxın səslə yenidən qələbə qazandı, Koçaryanın bloku isə 21 faiz səs topladı. Erməni İnqilabi Federasiyası “Daşnaksutyun”un da daxil olduğu blok bu ilin mart ayında Robert Koçaryanın baş nazirliyə namizədiyini elan edib (İnterfax, 2026).

“Güclü Ermənistan və “Ermənistan” bloklarının parlamentdə təmsil olunmaq üçün minimum 8 faiz səsə ehtiyacları var. Hər iki siyasi qüvvə rusiyayönümlü, millətçi elektorata xitab edir. Bu elektoratın səslərini böləcək başqa iştirakçılar da var ki, onların arasından “Çiçəklənən Ermənistan”ı fərqləndirmək lazımdır. 2004‐cü ildə iş adamı Qagik Tsarukyan tərəfindən təsis edilən bu partiya Koçaryan‐Sarkisyan rejimləri dövründə keçirilən parlament seçkilərində yüksək nəticələr göstərib: 2007‐ci ildə 15%, 2012‐ci ildə 30%, 2017‐ci ildə 27%. Lakin 2018‐ci il “məxməri inqilab”ından sonra bu partiyanın seçki göstəricilərində radikal eniş trendi qeydə alınıb. “Çiçəklənən Ermənistan” Partiyası 2018‐ci il seçkilərində 8% səs toplayaraq parlamentdə yenidən təmsilçilik qazana bilsə də, 2021‐ci il erkən seçkilərində 4% səs alaraq qanunverici orqana keçə bilməyib. Bu nəticələr “Çiçəklənən Ermənistan”ın Qarabağ klanı dövründəki müxalifətçiliyinin psevdo və fiktiv olduğunu, onun rejimin idarəolunan müxalifəti rolunu oynadığını söyləməyə əsas verir. 

Hər 3 şəxsin Rusıyaya yaxınlıqdan əlavə digər ortaq tərəfi onların zəngin iş adamı olmasıdır. Samvel Karapetyan Rusiyanın 51 şəhərində fəaliyyət göstərən iri holdinq sahibidir, “Forbes” 2026‐cı ildə onun sərvətini 4,1 milyard dollar həcmində qiymətləndirib. Karapetyan rusiyalı milyarderlər siyahısında 44‐cü sıradadır (RBC 2026).

Qagik Tsarukyan Ermənistanda fəaliyyət göstərən “Multi Qrup” konserninin sahibidir, varidatı təxminən 500 milyon dollar həcmində qiymətləndirilsə də, reallıqda daha çox olduğu sirr deyil (Dzen, 2021).

Karapetyan və Tsarukyan qədər olmasa da, Koçaryanı da maddi baxımdan zəngin saymaq mümkündür (Verelq, 2023). O, 12 il Rusiyanın “Sistema” Səhmdar Maliyyə Korporasiyasının Direktorlar Şurasının üzvü, həmçinin səhmdarı olub və 2021‐ci il seçkiləri ilə əlaqədar istefa verib (TASS, 2021).

Bir sözlə, hazırda Ermənistanda kifayət qədər maddi resurslara və kapitala sahib olan müxalifət mövcuddur. Bu, postsovet coğrafiyasında nadir rast gəlinən paradoksdur. Baş nazir Paşinyan bu qüvvələri “üçbaşlı müharibə partiyası” adlandırır.    

Casus qalmaqalı

Beynəlxalq jurnalist tədqiqatları, faktçekinq və siyasi analitika üzrə ixtisaslaşmış “The İnsider” resursunun Ermənistanla bağlı hazırlayıb yaydığı geniş araşdırma seçki kampaniyasının casusluq qalmaqalı ilə çalxalanmasına səbəb oldu (The İnsider, 2026).

Araşdırmada deyilir ki, Moldova və Macarıstandakı fiaskodan sonra Moskva bütün gücünü Ermənistana yönəldərək Paşinyanın qələbəsini əngəlləməyə çalışır. Tədqiqatçılar müəyyən ediblər ki, Paşinyana qarşı aparılan informasiya kampaniyası “Rosatom”un keçmiş baş direktoru, hazırda Rusiya prezidentinin Strateji tərəfdaşlıq və əməkdaşlıq İdarəsinin rəhbəri Vadim Titov tərəfindən idarə olunur. Bu idarənin Regionlararası və sosial‐mədəni əlaqələr departamentinin rəhbəri Valeri Çernışov və onun müavini Dmitri Avanesov isə Rusiya xüsusi xidmət orqanlarının əməkdaşlarıdır və bilavasitə Ermənistan istiqamətini kurasiya edirlər. Ermənistan seçkiləri ilə məşğul olan vəzifəli şəxsərdən biri də Rusiya XİN‐in MDB ölkələri üzrə 4‐cü departamentinin rəhbəri Mixail Kaluqindir. M.Kaluqin vaxtilə Rusiyanın ABŞ‐dakı səfirliyində çalışıb və adı 2016‐cı il prezident seçkilərinə müdaxilədə hallandıqdan sonra ABŞ‐ı tərk edib.   

“The İnsider”ın araşdırmasına əsasən Samvel Karapetyan 1999‐cu ildə Kaluqada xarici pasport alarkən DİN tərəfindən “iş yeri” qrafasında “FTX İnformasiya Mərkəzi” qeydi qoyulub. Adətən gizli informatorlar və ya Federal Təhlükəsizlik Xidmətinin (FSB) nəzarətində çalışan əcnəbilər bu şəkildə qeyd edilir. 

Faktaraşdırıcı jurnalistlər iddia edirlər ki, Qagik Tsarukyan tez-tez Moskvada yüksək vəzifəli şəxslərin ofislərində qonaq olur. 2019-cu ilin fevral ayında onun “Çiçəklənən Ermənistan” Partiyası Putinin partiyası "Vahid Rusiya" ilə əməkdaşlıq protokolu imzalayıb. Rusiya prezidentinin Yaxın xariclə mədəni əlaqələr üzrə keçmiş idarəsinin (hazırda ləğv olunub) sızan sənədləri arasında Tsarukyanın pasportunun surəti və onun 2017‐ci il seçki kampaniyasının maliyyə smetası da olub. 

Araşdırmaya sərt reaksiya verən Nikol Paşinyan bildirib ki, əgər Samvel Karapetyan Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşıdırsa, onun partiyası agentura şəbəkəsidir. Baş nazir qeyd edib ki, Karapetyanın partiyasının hər bir üzvü və tərəfdarı seçim etməlidir ki, o, vətəndaşdır, yoxsa agent (News.am, 2026). 

Araşdırma dərc edildikdən bir neçə gün sonra “Çiçəklənən Ermənistan”ın namizədlər siyahısında ikinci yerdə olan Andranik Tevanyan vətənə xəyanət və casusluqda ittiham edilərək MSK-nın icazəsi ilə həbs edilib (Kavkaz-uzel, 2026).

“Teh İnsider”dan sonra “Euronews” da Ermənistan hökumətinə qarşı irimiqyaslı dezinformasiya kampaniyası aparıldığı haqqında geniş araşdırma yayıb (Armenpress, 2026). Əməliyyatın süni intellektdən yararlanan “Matryoşka” adlı şəbəkə vasitəsilə bu ilin mart ayından başladığı bildirilir. Mayın əvvəlinə qədər tədqiqatçılar sosial mediada 343 fake video aşkarlayıblar. Bəzi fake videolarda Paşinyanın qalib gələcəyi təqdirdə, Rusiya ilə Ermənistan arasında müharibə baş verəcəyi fikri təlqin edilir. “Matryoşka” ilə yanaşı, tədqiqatçılar “Ştorm-1516” şəbəkəsinin aktivliyini də qeydə alıblar. Bu şəbəkə informasiyaların manipulyasiyası yolu ilə demokratik institutların destabilizasiyası üzrə kampaniyalar aparır. 

Seçki diskursuna Rusiya müdaxiləsi

Kampaniyanın əvvəlində müxalifət öz təbliğatını əsasən 2 ana sütun üzərində qurmuşdu: 

- Sosial-iqtisadi tematika; 

- Postkonflikt dövründə milli təhlükəsizlik.  

Seçki diskursunun bu müstəvidə getməsi müxalifət üçün əlverişli idi, xüsusən məlumdur ki, iqtisadiyyat, əhalinin rifahı ilə əlaqəli mövzular inkişaf səviyyəsindən asılı olmayaraq, dünya ölkələrində müxalif qüvvələrin ritorika və seçki təbliğatında dominantlıq təşkil edir. Ermənistanda isə bu sahədə kifayət qədər problemlər var. Samvel Karapetyanın böyük biznesdəki şəxsi uğur hekayəsi təbliğat kampaniyasında onun və tərəfdarlarının başlıca istinad nöqtəsi oldu. Karapetyan Ermənistanı çox sürətlə inkişafa aparacağını, insanları layiqli iş və əməkhaqqı ilə təmin edərək onların rifahını artıracağını vəd edir. “Mən yaradıcı insanam; həyatım boyunca onlarla ölkədə minlərlə bina, fabrik, iş yeri, xəstəxana və məktəb inşa etmişəm. Mənim adım dünyanın hər yerində işgüzar əlaqələr qurmağa imkan verib. İndi isə potensialım Ermənistana və xalqımıza xidmət etməlidir”, deyə o, seçki kampaniyasının startında xalqa videomüraciətində bildirib (Arminfo 2026). Blokun proqramında 300 min iş yerinin yaradılması, gənc ailələr üçün 20 min əlçatan mənzilin tikintisi, demoqrafik artımı təmin etmək üçün uşaqpulu verilməsi və sair cəlbedici sosial vədlər var (Armenpress 2026). “Güclü Ermənistan” təhlükəsizlik sahəsində “Güclü sülh” adlı proqramını da ictimaiyyətə təqdim edib (News.am, 2026). Təqdimat zamanı Bakıda mühakimə olunan Qarabağın keçmiş separatçı administrasiya nümayəndələrinin məhkəmə fotoları da nümayiş etdirilərək Karapetyanın onları geri alacağı vəd olunub, Ermənistanın müharibədə məğlubiyyəti tamamilə Paşinyanın zəifliyi ilə əlaqələndirilərək onu dəyişdirməyin zərurəti diqqətə çatdırılıb. Karapetyan Qarabağın itirilməsini çox ağrılı qarşıladığını söyləyərək bunu milli ləyaqətin itirilməsi kimi qiymətləndirib. 

Şübhəsiz ki, sərt siyasi rəqabət şəraitində “qara PR” və neqativ kampaniyanın olmaması mümkün deyil. Karapetyanın Paşinyan hökumətinin 300 min azərbaycanlını Ermənistana gətirib yerləşdirməyə hazırlaşdığını bəyan etməsi hərarətin xeyli yüksəlməsinə səbəb olub. "Bu hakimiyyətin bir prinsipi var: Əliyevi necə razı salmaq, onun əmrlərini necə yerinə yetirmək, 300 min azərbaycanlını bura necə gətirib, mənzil və işlə təmin etmək. Çünki onların rəhbəri belə əmr verib. Biz bunu dayandıracağıq",  deyə Karapetyan söyləyiib (News.am, 2026). O, daha da uzağa gedərək iddia edib ki, indiki hakimyyətin ölümcül siyasəti dərhal dayandırılmasa, bir neçə il sonra ermənilər öz identikliyini itirmək təhlükəsi ilə üzləşəcək və onların əsas məşğuliyyəti namaz olacaq (News.am, 2026).    

“Ermənistan” blokunun liderlərindən biri olan daşnak İşxan Saqatelyan isə səviyyəni daha da aşağı salaraq Paşinyanı Heydər Əliyevin oğlu adlandırıb: “Paşinyanın inanclı insan olduğu yalandır, hər hansı bir xristian erməni xalqına qarşı bu cür mübarizə aparmaz. Hərdən düşünürəm ki, Heydər Əliyevin iki oğlu var imiş ‐  İlham və Nikol. Onlar biri‐biri ilə əlaqli şəkildə erməni xalqı ilə döyüşürlər...” (News.am, 2026). Koçaryan isə Paşinyanı seçməyin Əliyevi seçməyə bərabər olduğunu vurğulayıb (News.am, 2026).  

Mübahisələr, qarşılıqlı tənqid və ittihamlar əsasən bu mövzular ətrafında cərəyan edərkən Rusiyanın Paşinyan hökumətinə qarşı kobud, hədələyici ritorikaya keçməsi və sanksiyalara başlaması daxili rəqabətdəki geosiyasi kontekstin daha ön plana çıxmasına səbəb olaraq diskursu bu istiqamətə yönəltdi. Ukrayna prezidenti Zelenskinin Avropa Siyasi Birliyinin Yerevanda keçirilən zirvə toplantısında iştirakı və çıxışı hadisələrin bu yöndə inkişafında katalizator rolunu oynadı. Ermənistanın Rusiyadakı səfirinin XİN‐ə çağırılaraq nazir müavini səviyyəsində ona sərt etiraz bildirildikdən sonra Rusiyanın yüksək vəzifəli şəxslərinin Ermənistanla bağlı gündəlik rejimdə bəyanat və açıqlamalarına start verildi (Vzqlyad, 2026). 

Xəbərdarlıqlar və sanksiyalar

Prezident Putin 9 may paradından sonra jurnalistlərə açıqlamasında Ermənistanı tezliklə Avropa İttifaqı və Avrasiya İqtisadi İttifaqı arasında seçim etməyə və referendum keçirməyə çağırdı. O, Ukrayna ilə bağlı problemlərin də avrointeqrasiya məsələsindən başladığını xatırlatmaqla Ermənistana xəbərdarlıq etdi (Arminfo, 2026).

Rusiyalı rəsmilərin bütün açıqlamalarında Ermənistanın Rusiyadan iqtisadi asılılığı fikri qırmızı xətlə keçir, onlar bildirirlər ki, Ermənistan Moskva ilə ikitərəfli və Avrasiya İqtisadi İttifaqı çərçivəsində çoxtərəfli əməkdaşlıqdan qazanan tərəfdir və bunları itirə bilər. Ermənistana qarşı sanksiyalar isə mayın 20‐də bu ölkədən gül məhsulları idxalının müvəqqəti məhdudlaşdırılması ilə başladı (News.am, 2026). Sonra Rusiya enerji nazirinin Ermənistan Ərazi idarəetmə və İnfrastruktur Nazirliyinə göndərdiyi rəsmi məktubda bildirildi ki, Avropa İttifaqına inteqrasiya kursu davam etdirilərsə, Moskva Ermənistana təbii qaz, neft məhsulları və işlənməmiş almazın tədarükü haqqında 2013‐cü il tarixli sazişi birtərəfli qaydada dayandıra bilər (Kommersant, 2026). Bu sazişə əsasən Moskva həmin məhsulların Ermənistana ixracı üçün rüsumları ləğv edib. 

Ermənistan təbii qaza olan ehtiyacını demək olar ki, tam şəkildə Rusiyanın hesabına təmin edir. 2025‐ci ildə “Qazprom” Ermənistana min kubmetri 177 dollardan 2,7 milyard kubmetr qaz nəql edib. Bununla yanaşı, Ermənistan İrandan “Eelktrik enerjisi əvəzində qaz” proqramı çərçivəsində 476 milyon kubmetr qaz alıb. Ermənistan il ərzində Rusiyadan rüsumsuz 1 milyon tona yaxın neft məhsulları satın alır. Son bir neçə ildə Yerevan bu sahədə idxalını çeşidləndirə bilib. Belə ki, 2025‐ci ildə idxal olunan 121 min tona yaxın benzinin yalnız dörddə biri Rusiyanın payına düşüb. 

Rusiya hökuməti daha sonra meyvə‐tərəvəz (xiyar, pomidor, göyərti, bibər, çiyələk), “Cermux” mineral suyu, konyak və şərabların Ermənistandan idxalına qadağa qoydu. 2024‐cü ildə Ermənıstan Rusiyaya 53,2 milyon dollarlıq meyvə, 74,1 milyon dollarlıq tərəvəz ixrac edib. Rusiya Ermənistana təbii qaz, benzin, buğda, un, gübrə kimi məhsulları bazar qiymətlərindən 3 dəfə aşağı qiymətə satır. Ermənistan kənd təsərrüfatı məhsullarının ixracının 98%‐i, alkoqollu içkilərin ixracının 78%‐i Rusiyanın payına düşür. Bundan başqa, Ermənistan vətəndaşları Rusiyada kvotasız, icazəsiz işləyir və 2025‐ci ildə vətənə 3,9 milyard dollar pul göndəriblər. Ötən il Ermənistana gələn turistlərin 40%‐ə yaxını rusiyalılar olub (RBC, 2026)

Göründüyü kimi, Ermənistanın Rusiyadan bariz iqtisadi asılılığı var və bu, müstəqillik dövründəki hökumətlərin (Ter‐Petrosyan, Koçaryan, Sarkisyan) uzun illər apardığı siyasətin nəticəsidir.   

Rusiya Ermənistana qarşı təzyiq siyasətində Avrasiya İttifaqının da dəstəyini almağa çalışıb və mayın 29‐da təşkilatın Astanada keçirilən zirvə toplantısında 4 ölkənin (Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan) liderlərinin birgə bəyanatı qəbul olunub. Bəyanatda qeyd olunur ki, 2026‐cı ilin dekabrında keçiriləcək növbəti toplantıda Ermənistanın Avrasiya İqtisadi İttifaqında iştirakının dayandırılmasıın mümkün nəticələri barədə hesabat dinləniləcək. Digər 3 dövlət Ermənistanda mümkün olan ən qısa müddətdə referendum keçirilməsinə dair Rusiyanın mövqeyini dəstəkləyib (News.am, 2026). Gərginliyin məntiqi nəticəsi olaraq Rusiya mayın 30‐da Ermənstandakı səfirini məsləhətləşmələr üçün geri çağırıb (Meduza, 2026).        

Paşinyana Qərb dəstəyi

Ermənistanda seçkiqabağı situasiyanın ortaya qoyduğu mənzərə göstərir ki, region uğrunda Rusiya ilə Qərb arasında rəqabət həlledici mərhələyə daxil olub. Moskva Ermənistanı və Cənubi Qafqazı öz təsir sferasında saxlamağa çalışarkən Brüssel və Vaşinqton regional təhlükəsizlik və kooperasiyanı təmin etməklə bu bölgəni Mərkəzi Asiya‐Avropa dəhlizinin vacib məntəqəsi kimi görür. Bu baxımdan TRİPP layihəsi qlobal güc olan ABŞ‐ın bu bölgədə uzunmüddətli əsasda iştirakı baxımından strateji əhəmiyyət daşıyır və Rusiyanın maraqlarına ciddi təhdid yaradır. Moskva özü bu layihəni açıq şəkildə hədəf almasa da, onun Ermənistan daxilindəki siyasi proksiləri layihəyə qarşı təbliğat aparırlar. Robert Koçaryanın fikrincə, TRİPP Azərbaycan və Türkiyə üçün nəzərdə tutulub və Ermənistana heç nə  qazandırmayacaq (News.am, 2026).        

Seçki ərəfəsində Ermənistan indiyədək görünməmiş səviyyədə diplomatik aktivliyə səhnə olub. ABŞ vitse‐prezidenti Di Vens və dövlət katibi Marko Rubio ayrı‐ayrılıqda, Avropa liderləri isə Avropa Siyasi Birliyinin zirvə toplantısı çərçivəsində Ermənistana səfər ediblər. Vensin səfəri zamanı dinc nüvə enerjisi sahəsində əməkdaşlığa dair sazişin imzalanması, müdafiə və yüksək texnologiyalar (o cümlədən süni intellekt) sahələrdə əməkdaşlığın inkişafı barədə razılaşmalar (SOVA, 2026); Rubionun səfəri zamanı isə Strateji Tərəfdaşlıq Xartiyasının; kritik əhəmiyyətli mineralların, nadir torpaq elementlərinin hasilatı və emalı üzrə Memorandumun, eləcə də TRİPP layihəsi üzrə əməkdaşlığa dair çərçivə sazişinin imzalanması iki ölkə arasında əməkdaşlığın səviyyəsinin yüksəldiyini və Vaşinqtonun regiona marağının konkretləşdiyini göstərir (Armenpress, 2026). Prezident Donald Trampın Paşinyana açıq dəstəyi də nəzərə alınarsa, bütün bunlar Rusiyanın mümkün provokasiyaları qarşısında Ermənistan hökumətinə dolayı təhlükəsizlik təminatı da sayıla bilər (Arminfo 2026).

2023‐cü ildən Ermənistanda mülki müşahidə missiyası (EUMA) yerləşdirmiş Avropa İttifaqı isə bu ilin aprelində özünün təhlükəsizlik və müdafiə üzrə ümumi siyasəti çərçivəsində Ermənistanda Tərəfdaşlıq Missiyasıni (EUPM Armenia) elan edib (Consilium.europa.eu, 2026). Məqsəd hibrid hücumlar ‐ seçkilərə müdaxilə və informasiya manipulyasiyaları, kiberhücumlar, qanunsuz maliyyə dövriyyəsi kimi təhlükələrin qarşısını almaqda Ermənistana kömək etməkdir. Ad çəkilməsə də, bu təhlükələrin mənbəyi kimi Rusiyanın nəzərdə tutulduğu aydındır. Analoji missiya Moldovadakı son parlament seçkiləri ərəfəsində də yaradılmış və effekt vermişdi. Bu addımlar Aİ‐nin öz maraqlarını təmin etməkdə əvvəlki dövrlə müqayisədə daha qətiyyətli hərəkət etdiyini və Putin rejiminin postsovet məkanında cızdığı qırmızı xətləri tanımadığını göstərir. Mayın əvvəlində Avropa Siyasi Birliyinin toplantısı çərçivəsində 1‐ci Ermənistan‐Aİ zirvəsinin keçirilməsi ikitərəfli əlaqələrin yeni mərhələyə qədəm qoyduğunu təsdiqləyir. İmzalanan birgə Bəyannamədə 2025‐ci ilin mart ayında Ermənistan parlamentinin qəbul etdiyi, Avropa İttifaqına üzvlük prosesinin başlanması haqqında qanun Aİ tərəfindən rəsmən tanınır (Yerevan.today, 2026). Bu, Ermənistanın avrointeqrasiya xəyalının birtərəfli olmadığı və ittifaq tərəfindən onun üzvlük perspektivinin rəsmi olaraq tanınması deməkdir. Aİ tərəfindən “Global Gateway” strategiyası çərçivəsində Ermənistana 2,5 milyard avro investisiya paketinin ayrılması, 2027‐ci ilə qədər özəl sektora və islahatlara dəstək məqsədilə 270 milyon avronun verilməsi qərara alınıb. 

Aİ TRİPP marşrutuna dəstəyini də ifadə edib. Digər regionlardan və məsələlərdən fərqli olaraq, Tramp administrasiyası ilə Avropa İttifaqının Ermənistandakı maraqları üst‐üstə düşür və bu, regional rəqabətdə Qərb blokunu gücləndirən əsas faktor kimi çıxış edir. 

Nəticə

Seçki kampaniyası ilk növbədə Ermənistan daxili siyasətində kəskin qütbləşmənin olduğunu ortaya qoydu. Əsas ziddiyyət ideoloji platformalar, iqtisadi proqramlar zəminində deyil, xarici siyasət və geosiyasət təməlindədir. Paşinyan hökumətinin əsas alternativləri olan “Güclü Ermənistan” və “Ermənistan” bloklarını rusiyayönümlü adlandırmaq kifayət etməz, onlar birbaşa Rusiyaya bağlı və bu ölkədə maliyyə maraqları olan, Moskva tərəfindən açıq dəstəklənən və onun regional mənafelərinə uyğun siyasət yeridən siyasi qüvvələrdir. Bu qüvvələrin koalisiya yaratmaması və seçkiyə ayrılıqda qatılması Samvel Karapetyanın özünü tamamilə yeni qüvvə kimi cəmiyyətə təqdim etmək, Koçaryanın və digərlərinin neqativ “baqaj”ını daşımamaq istəyindən irəli gəlir ki, bu, əslində elektoral strategiya baxımından doğru qərardır.   

Moskvanın örtülü müdaxilələrinin seçki kampaniyasının sonlarına yaxın açıq müstəviyə keçməsi bu dövlətin ənənəvi siyasi mədəniyyətindən irəli gəlsə də, eyni zamanda ona dələlət edə bilər ki, Rusiya Ermənistan ictimai rəyindən xəbərdardır və seçkilərdə hakimiyyət dəyişikliyinin baş verəcəyini gözləmir. Putin və Paşinyanın seçkidən sonra görüş barədə razılığa gəlməsi də bunun təsdiqi sayıla bilər (Armenianreport,  2026). Son rəy sorğusu “Vətəndaş Müqaviləsi”nin böyük üstünlüklə qalib gələcəyini, yeni parlamentdə Rusiya vektorunu isə “Güclü Ermənistan”ın təmsil edəcəyini göstərir. (Euronews 2026).

Seçkilərdən sonrakı mərhələdə Ermənistanda Konstitusiya dəyişikliyinin həyata keçirilməsi, Azərbaycanla sülh müqaviləsinin imzalanması, Ermənistan‐Türkiyə sərhədlərinin açılması kimi vacib və tarixi əhəmiyyətli hadisələrin baş verəcəyi gözlənilir. Bütün bunlar Cənubi Qafqazın mənzərəsini kardinal şəkildə dəyişəcək. 


İSTİNADLAR :

News.am, 2026. Миграционная служба Армении опубликовала число избирателей в избирательном регистре. https://news.am/ru/news/1039252


Arminfo, 2026. Председатель ЦИК: Проходной барьер в парламент Армении для партий снизился до 4%, а для блоков увеличился до 8-10%. https://arminfo.info/full_news.php?id=99168


News.am, 2025a. Движение Самвела Карапетяна "По-нашему" основано в Армении. https://newsarmenia.am/news/politics/dvizhenie-samvela-karapetyana-po-nashemu-osnovano-v-armenii/


RBC 2026. Сторонники выдвинули Карапетяна в кандидаты на пост премьера Армении. https://www.rbc.ru/politics/12/02/2026/698db7af9a79476f197aa690


News.am, 2025b. Самвел Карапетян арестован. https://news.am/ru/video/889203


Arminfo, 2026. Пашинян о кандидатуре Карапетяна: Лица, имеющие гражданство других стран, не могут быть ни депутатами, ни премьер-министрами. https://arminfo.info/full_news.php?id=98489&lang=2


Qolos Armenii 2026. Разъяснения: Посредством какого механизма Самвел Карапетян может стать премьер-министром Армении? https://golosarmenii.am/%D1%80%D0%B0%D0%B7%D1%8A%D1%8F%D1%81%D0%BD%D0%B5%D0%BD%D0%B8%D1%8F-%D0%BF%D0%BE%D1%81%D1%80%D0%B5%D0%B4%D1%81%D1%82%D0%B2%D0%BE%D0%BC-%D0%BA%D0%B0%D0%BA%D0%BE%D0%B3%D0%BE-%D0%BC%D0%B5%D1%85%D0%B0/


Armenpress, 2026. Уголовное дело возбуждено в связи с сокрытием первым кандидатом «Сильной Армении» Нареком Карапетяном информации о наличии у него гражданства другой страны. https://armenpress.am/ru/article/1250653


News.am, 2026. МИД РФ: у Нарека Карапетяна не было и нет российского гражданства. https://news.am/ru/news/1037043


İnterfax, 2026. Роберт Кочарян выдвинут кандидатом в премьер-министры Армении. https://www.interfax.ru/world/1078218


RBC 2026. Самвел Карапетян. Биография. https://www.rbc.ru/person/6852b26a9a79474433dbcdc7?utm_referrer=https%3A%2F%2Fwww.google.com%2F#contents-5


Dzen, 2021. Гагик Царукян: кто он - самый богатый человек в Армении, где и как шикарно живет? https://dzen.ru/a/X_FztPkGsWhyIUuj


Verelq, 2023. Имущество и активы Роберта Кочаряна и семи связанных с ним лиц арестованы. https://verelq.am/ru/node/129898


TASS, 2021. Кочарян решил уйти из совета директоров АФК "Система". https://tass.ru/ekonomika/11405013


The İnsider, 2026. Какие агенты ФСБ, ГРУ и СВР направлены в Армению для борьбы с Пашиняном? https://theins.ru/inv/292503


News.am, 2026. Пашинян: «Если калужский олигарх — агент ФСБ, то его партия — агентурная сеть». https://news.am/ru/video/1036664


Kavkaz-uzel, 2026. Лидер партии "Мать Армения" задержан с одобрения Центризбиркома. https://www.kavkaz-uzel.eu/articles/423482


Armenpress, 2026. В преддверии парламентских выборов против Армении ведется масштабная прокремлевская дезинформационная кампания – Euronews. https://armenpress.am/ru/article/1250841


Arminfo 2026. Самвел Карапетян: Через 115 дней все увидят, что Сильная Армения - это не просто партия, а обещание всему армянству. https://arminfo.info/full_news.php?id=98439&lang=2


Armenpress 2026. «Сильная Армения» представила программы, которые будут способствовать «развитию и умножению семей». https://armenpress.am/ru/article/1250201


News.am, 2026. Партия «Сильная Армения» проводит презентацию своей программы безопасности «Сильный мир». https://news.am/rus/news/937162.html


News.am, 2026. «У них есть один принцип – привезти и разместить 300 тысяч азербайджанцев»: Самвел Карапетян». https://news.am/ru/video/1034539


News.am, 2026. Кочарян: Кто выбирает Никола Пашиняна - выбирает Алиева. https://news.am/ru/news/1036702


Vzqlyad, 2026. МИД выразил протест Армении из-за выступления Зеленского на саммите в Ереване. https://vz.ru/amp/news/2026/5/7/1417140.html


Arminfo, 2026. Путин: Если по итогам референдуму армянский народ выбрал бы европейский путь, Россия могла бы начать процесс "интеллигентного развода". https://arminfo.info/full_news.php?id=100880&lang=2


News.am, 2026. Россельхознадзор с 22 мая ограничит ввоз цветов из Армении. https://news.am/ru/news/1037038


Kommersant, 2026. Ереван отключают от ЕС. https://www.kommersant.ru/doc/8690724?from=top_main_1&nav_id=chapter4


RBC, 2026. Россельхознадзор ограничит ввоз овощей и фруктов из Армении. https://www.rbc.ru/society/28/05/2026/6a181f499a7947656894bee0?utm_source=facebook&utm_medium=social&utm_campaign=preview


News.am, 2026. Кремль обнародовал текст совместного заявления по вступлению Армении в ЕС или пребыванию в ЕАЭС. https://news.am/ru/news/1039436

Meduza, 2026. Россия отозвала посла из Армении для консультаций. https://meduza.io/news/2026/05/30/rossiya-otozvala-posla-iz-armenii-dlya-konsultatsiy


News.am, 2026. Роберт Кочарян: «TRIPP» – проект США в Армении для Турции и Азербайджана. https://news.am/ru/video/1038687


SOVA, 2026. От мирного атома до ИИ-чипов: что принес Армении визит вице-президента США. https://sovanews.tv/2026/02/10/ot-mirnogo-atoma-do-ii-chipov-chto-prines-armenii-vizit-vicze-prezidenta-ssha/


Armenpress 2026. Госсекретарь США выразил поддержку правительству Армении в создании условий для более светлого и независимого будущего страны. https://armenpress.am/ru/article/1251244


Arminfo, 2026. Трамп выразил неприкрытую поддержку Пашиняну на предстоящих выборах. https://arminfo.info/full_news.php?id=101379


Consilium.europa.eu, 2026. Armenia: EU establishes a new civilian mission to contribute strengthening the country’s resilience. https://www.consilium.europa.eu/en/press/press-releases/2026/04/21/armenia-eu-establishes-a-new-civilian-mission-to-contribute-strengthening-the-country-s-resilience/


Yerevan.today, 2026. Итоги первого саммита Армения-ЕС: совместная декларация. https://yerevan.today/ru/itogi-pervogo-sammita-armeniya-es-sovmestnaya-deklaracziya/


Armenianreport,  2026. Пашинян объявил о договоренности с Путиным о встрече после выборов. https://armenianreport.com/ru/pubs/444427/


Euronews 2026. Пашинян уверенно лидирует в предвыборных опросах в Армении с прозападным мандатом. https://ru.euronews.com/2026/05/31/armenia-pashinyan-polls

Bell icon

Ən son yeniliklərdən xəbərdar olmaq üçün bülletenimizə abunə olun

Etibarlı e-poçt ünvanı təqdim edin