20 mar 2026

İranda post-İslam Respublikası dövrünün qeyri-müəyyənliyi: yeni “Shatter Belt”?

İranda post-İslam Respublikası dövrünün qeyri-müəyyənliyi: yeni “Shatter Belt”?

Anti-Iranian regime protesters gather at Götaplatsen, a square in Gothenburg, Sweden on January 25, 2026. (c) Crannofonix News



(Bu məqalə KHAR Mərkəzinin “Avtoritar rejimlər və transregional təsir mexanizmləri” tədqiqat seriyası çərçivəsində hazırlanıb.)

Qeyd: Bu məqalənin orijinal versiyası ingilis dilində yazılmışdır. 


Müəllif: Əmrah Cəfərov

Almaniyada yaşayan politoloq, araşdırmaçıdır. O Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akadmiyasının Beynəlxalq Münasibətlər ixtisası üzrə bakalavrı, Türkiyənin Ankara Sosial Elmlər Universitetində Siyasi Elmlər ixtisası üzrə magistraturanı və ABŞ-ın San Dieqo Universitetində Mediasiya və Münaqişə Həlli üzrə ali təhsil kursunu bitirib.


Bütün əlamətlər (daxili üsyanlar, qlobal təcrid, hərbi məğlubiyyətlər) göstərir ki, İran İslam Respublikası artıq öz mövcudluğunu sürdürə bilmir. Teokratik rejimin süqutu “əgər” yox, “nə vaxt?” məsələsidir. Bu mənada Post-İslam Respublikası dövrü ilə bağlı vahid və ortaq bir baxış olmasa da, bir neçə mümkün ssenari digərlərindən daha tez-tez müzakirə edilir. Bu yazı sözügedən ssenariləri analiz etməyi, hər bir dəyişiklik variantında demokratiyanın, insan hüquqlarının və beynəlxalq münasibətlərin vəziyyətini nəzərdən keçirməyi hədəfləyir.

Giriş

Daxili və qlobal kontekstdə baş verən hadisələrin fonunda İran artıq dəyişikliklər astanasındadır. Belə ki, 2022-ci ilin sentyabrında Məhsa Əmininin İran təhlükəsizlik qüvvələri tərəfindən öldürülməsindən sonra bütün İran boyu başlayan etiraz aksiyaları İranı daxildən fərqli bir yerə çevirməyi bacardı: etiraz aksiyalarının intensivliyi artdı, qatı rejim qaydalarına tabesizlik İranlıların gündəlik vərdişinə çevrildi və ictimaiyyətlə sistem arasındakı bağın çox zəiflədiyi hər yerdə görünməyə başladı. (DW 2025). 2025-ci ilin sonlarında əsasən iqtisadi səbəblərdən baş qaldıran və bütün İran boyu yayılan ən son etiraz dalğasının rejim qüvvələri tərəfindən qəddarlıqla yatırılması və minlərlə insanın öldürülməsi isə "son damla"ya çevrildi və İran daxilində sistemə olan qəzəbi daha da artırdı.

Beynəlxalq və regional siyasi vəziyyət də son illər İrandakı rejimin əleyhinə işləməyə başladı. Belə ki, İsrailin İranın proksi qüvvələri olan Hamas və Hizbullaha basqılarının artması və rəhbərliklərini yox etməsi, Suriyadakı müttəfiq Əsəd rejiminin 2024-cü ilin sonunda devrilməsi, Rusiyanın Ukrayna savaşı səbəbilə beynəlxalq mövqeyinin zəifləməsi kimi hadisələr İran rəhbərliyinin illərlə proksi qevvələrdən ibarət qurmağa çalışdığı "müqavimət oxu"nu dağıtdı və rejimi regionda daha həssas duruma saldı.

Rejimin birbaşa hərbi məğlubiyyətləri 2020-ci ildə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) "Qüds" qüvvələrinin komandanı Qasım Süleymaninin İraqda ABŞ-ın hərbi zərbəsi nəticəsində öldürülməsi ilə başlamışdı. 2025-ci ilin yayındakı 12 günlük müharibə və bu müharibədə İranın hərbi rəhbərliyinin açıq hədəfə çevrilərək yox edilməsi rejimi daha da zəiflədən və iqtisadi durumu pisləşdirən faktor oldu. Nəhayət, ABŞ və İsrailin 2026-cı ilin fevralın sonunda başlayan hərbi müdaxiləsi İranın birinci şəxsi, ali dini lider Əli Xamaneyi də daxil hərbi və siyasi rəhbərliyə aid 40 nəfərə yaxın şəxsi məhv etməsi rejimin dayaqlarını ciddi şəkildə sarsıdıb.

Avropa İttifaqının 2026-cı ilin fevralında SEPAH-ı terror təşkilatı kimi tanımaq barədə qərarı (Aİ Şurası, fevral 2026) Aİ-nin İslam Respublikası ilə uzunmüddətli əməkdaşlıq strategiyasının da sona çatdığını göstərir və gələcək tərəfdaşlıq qapılarını bağlayır. Çox təhlükəli silahların fanatik radikalların əlində olması bütün dünyaya 11 sentyabr dəhşətini xatırladır və təbii olaraq əksər Qərb ölkələrini rejimə qarşı səfərbər edir.

Bütün bu əlamətlər göstərir ki, İrandakı Moilla rejimi artıq özünü qoruya bilmir və teokratik rejimin süqutu “əgər”yox, “nə vaxt?” məsələsidir. Lakin post-İslam Respublikası dövrü üçün aydın və ortaq bir baxış yoxdur. Bu baxımdan təhlil aşağıdakı suallara cavab axtarır:

  • Cari rejimin süqutundan sonra İran üçün mümkün idarəetmə modelləri hansılardır?
  • Hadisələrin ehtimal olunan müxtəlif inkişaf variantları İranda fundamental insan hüquqları, qadın azadlıqları və etnik azlıqların hüquqları ilə bağlı nə vəd edir?
  • İranın Qərb ölkələri, İsrail və qonşu dövlətlərlə beynəlxalq münasibətləri necə inkişaf edə bilər?

Bu sualları cavablandırmaq məqsədilə analiz İran üçün bir neçə mümkün ssenarini, o cümlədən demokratik respublikanın qurulmasını, Pəhləvilərin hakimiyyətə qayıtmasını, sekulyar diktaturanın yaranmasını və ya İranın parçalanma ehtimalını təhlil edir. 

Analizin keyfiyyətli hazırlanması üçün İranın tarixi arxa planına, digər ölkələrin müqayisəli nümunələrinə, açıq mənbələrə və müvafiq ədəbiyyata müraciət edirik. Hədisələrin hər cür inkişafında tamamilə başqa mənzərələrin ortaya çıxması bəlli olsa da, hansı senarinin gerçəkləşəcəyi tamamilə qeyri-müəyyən olaraq qalmaqdadır.

Pəhləvi ailəsi ətrafında mərkəzləşmiş monarxistlərin hakimiyyəti

Pəhləvilər 1925-ci ildə sülalənin banisi Rza xanın İranda Qacarlar sülaləsinə qarşı həyata keçirdiyi hərbi çevrilişdən sonra hakimiyyətə gəliblər. 1941-ci ildə Müttəfiqlər Rza şahı taxtdan imtina etməyə məcbur edərək onun gənc oğlu Məhəmməd Rza şah Pəhləvini taxta çıxardılar. O, 1979-cu ilin əvvəlində Ruhullah Xomeyninin rəhbərlik etdiyi İslam İnqilabı zamanı devrildi. Məhəmməd Rza şah Pəhləvi sürgünə yollandı və bir il sonra orada vəfat etdi. Şahın oğlu Rza Pəhləvi ailəsi İrandan qaçarkən ABŞ-da hərbi təyyarəçi təlimi keçirdi (Afary 2026). Ailə heç bir zaman İran taxtına olan iddiasından, və İslam Rejimini qanunsuz adlandırmaqdan vaz keçmədi və sürgündə olduqları müddətlər ərzində öz keçmiş tərəfdarlarının konsolidasiyasını və yeni tərəfdarlar toplamağı davam etdirdilər.

Hazırda Rza Pəhləvi özünü İranın gələcək şahı deyil, İranı dəyişdirə biləcək birləşdirici və legitim fiqur kimi təqdim etməyə çalışır. Lakin tərəfdarları onu açıq şəkildə şah adlandırmaqdan çəkinmirlər. Rza Pəhləvi İran iqtisadiyyatını investorlara açmağa, Qərb ölkələri və İsrail ilə yaxşı münasibətlər qurmağa və nüvə silahı iddialarından tamamilə imtina etməyə sadiq olduğunu bildirir. O, həmçinin qadın hüquqları və geyim azadlığı kimi fərdi azadlıqların vacibliyini vurğulayır. O, ətrafına müxtəlif etnik qrupların nümayəndələrini toplayaraq və bu icmalara ictimai müraciətlər edərək İran əhalisi arasında yüksək nüfuza malik olduğunu nümayiş etdirməyə çalışır.

Buna baxmayaraq, müxtəlif hesabatlar göstərir ki, İrandakı etnik qruplar, xüsusən də ən böyük etnik azlıq olan azərbaycanlılar Rza Pəhləvinin siyasi roluna şübhə ilə yanaşırlar və bu, Azərbaycan bölgələrinin son etirazlarda məhdud iştirakının səbəblərindən biridir. Onlar Pəhləvi sülaləsinin repressiv idarəçiliyini və etnik azlıqlara qarşı münasibətini unutmurlar (Azadlıq Radiosu, yanvar 2026). Tarixi yaddaş bu yadlaşmanı gücləndirir; belə ki, 1945-1946-cı illərdə İranın şimalında qurulmuş qısamüddətli Azərbaycan və Kürd muxtar respublikaları Pəhləvi sülaləsi tərəfindən qanlı şəkildə yatırılmış,  kütləvi repressiyalar, qətllər, sürgünlər və onların liderinin şübhəli ölümü ilə nəticələnmişdir; bu travma nəsillər boyu davam edir. İran azərbaycanlıları fars mərkəzli siyasi keçidə müqavimət göstərirlər, çünki Pəhləvi dövrü sabitlik dövrü kimi deyil, zorakı assimilyasiya və dövlət terroru dövrü kimi xatırlanır (Askerov 2026).

Rza Pəhləvinin iqtidara gəlməsi İranda etnik separatçılığı və buna qarşı fars millətçiliyini gücləndirə bilər. Belə ki, Pəhləvi sülaləsi yarıməsrlik hakimiyyəti dövründə İranı daha homogen, fars mərkəzli bir cəmiyyətə çevirməyə çalışmışdı. Onlar üçün assimilyasiya olunmamış azlıqlar müəyyən edilmiş milli kimliyin inşasına təhdid idi (Nader və Stewart 2013). Buna görə də, bir çox azlıqlar üçün o, onların kimliyini və siyasi hüquqlarını inkar edən bir sistemin geri dönüşünü təmsil edir. Pəhləvi mərkəzli keçid İranı birləşdirmək əvəzinə, böyük ehtimalla etnik müqaviməti intensivləşdirəcək və parçalanmanı dərinləşdirəcəkdir. Tanınmış İran solçu partiyası "Tudə" də Rza Pəhləviyə qarşı dəfələrlə qəzəbini ifadə edərək onu “Netanyahunun irqçi hökumətinin agenti” adlandırıb (İran Tudə Partiyası, fevral 2026).Yəni ABŞ Prezidenti Donald Trampın İranın sonuncu şahının sürgündəki oğlunun gələcəkdə İranı idarə edə biləcəyinə skeptik yanaşması təsadüfi deyil (BBC, fevral 2026).

Yüksək media görünürlülüyünə, yaxşı beynəlxalq əlaqələrə və xüsusən diasporadakı bəzi iranlıların dəstəyinə baxmayaraq, Pəhləvi ailəsinin post-İslam Respublikası İranında hakimiyyəti real görünmür, çünki onlar İrandakı etnik azlıqlardan ciddi dəstək almayıblar və digər ideoloji qruplar, xüsusən də solçular tərəfindən şübhə ilə qarşılanırlar.

Sekulyar diktatura

İran üçün digər bir yol hərbi və ya siyasi elitadan yeni, avtoritar, lakin sekulyar bir liderin hakimiyyətə gəlməsidir. Xüsusilə İrandakı iki ordu qolundan biri olan İran İslam Respublikası Ordusu (Arteş) belə potensial hərbi liderləri təqdim etmək imkanına malikdir. 1979-cu ildən sonra İran inqilabdan əvvəlki ordunu (Arteş) saxladı, lakin təmizləmələr, ideoloji nəzarət və paralel institutlar vasitəsilə onu yenidən formalaşdırdı, eyni zamanda SEPAH-ı rejimin əsas hərbi qüvvəsi kimi prioritetləşdirdi. Repressiya və marginallaşmaya baxmayaraq, Arteş sağ qaldı və İran-İraq müharibəsi zamanı İranın müdafiəsində mühüm rol oynadı, lakin SEPAH ilə gərginliklər davam etdi. 1980-ci ildə uğursuz bir çevriliş cəhdi ordu daxilində bəzilərinin sekulyarizmə qayıdışı dəstəklədiyini göstərdi, lakin bu ordu hələ də siyasi cəhətdən səssizdir və ciddi nəzarət altındadır, bu da onun gələcək rolunu qeyri-müəyyən saxlayır (Yaxın Şərq İnstitutu 2011). Əgər bu günkü İranda daha çox fərdi azadlıqlar məhdudlaşdırılır,  yerli seçkilər, media müzakirələri, icraedici hökuməti tənqid kimi toplumsal azadlıqlara isə qismi icazə verilirsə, sekulyar diktatura ssenarisində isə İranda toplumsal azadlıqlar məhdudlaşdırılar, qadınların geyimi, içki kimi fərdi azadlıqlara isə sərbəstlik gətirilər, Qərb ölkələri və İsraillə isti münasibətlər qurula bilər..

ABŞ ilə yaxşı münasibətlər qura bilən belə bir avtoritar lider həm də İranın nüvə silahı ambisiyalarından imtina edə bilər ki, bu da Qərbin İranla bağlı əsas narahatlığını aradan qaldırar. Lakin bu yol hələ də problemli görünür və daha pisi, etnik azlıqların fundamental hüquqları baxımından risklidir, çünki belə bir hökumət etnik azlıqların mədəni tələblərini təmin etməkdə maraqlı olmayacaqdır.

Siyasət tarixində belə nümunələr çoxdur. Belə ki, Misirdə "Müsəlman Qardaşları"nı əvəz edən Əbdülfəttah Əs-Sisi diktaturası siyasi və toplumsal azadlıqları basdırsa da, beynəlxalq münasibətlərdə yetəri qədər qəbul olunan fiqura çevrilib və uzun illərdir ki, Misirdə gücü əlində tutmağı bacarır.

Bu yol ABŞ rəhbərliyi üçün də cəlbedici ola bilər. Belə ki, yaxşı əməkdaşlıq edə bilən yeni güclü lider regionda güc boşluğunun qarşısını almaq və problemləri sadəcə onunla razılaşaraq həll etmək daha yaxşı fürsət olardı . Məhz buna görə də, ABŞ Prezidenti Donald Tramp Venesuela ilə İran arasında birbaşa paralellər apararaq, Venesueladakı ABŞ əməliyyatlarını rejim dəyişikliyinin necə baş verə biləcəyinə dair "mükəmməl" nümunə kimi dəfələrlə qeyd etmişdir (CNN, mart 2026). Tramp administrasiyası Əfqanıstan və ya İraqda olduğu kimi sıfırdan dövlət quruculuğu prosesinə girmək istəmir və sadəcə yola gedə biləcəyi birini tez bir zamanda hakimiyyətə gətirməklə məqsədlərinə çatmaq istəyir.

Lakin İsrailin bu məsələdə ABŞ ilə eyni mövqeyi bölüşdüyü şübhəlidir. İdeoloji cəhətdən təhlükəli olmasa belə, İsrail İranda mərkəzləşmiş və güclü rəhbərliyin digər mərkəzləşmiş və güclü rəhbərliklə əvəzlənməsindən razı qalmazdı. İsrail İranın uzun müddət güc toplaya bilməməsində maraqlı ola bilər. İsrailin bu yanaşmasını Bəşər Əsəd sonrası Suriya siyasətlərində də görmək mümkündür. İsrailin Suriyaya hərbi müdaxiləsi və dürzi icmalarına dəstəyi göstərir ki, İsrail əvvəlki rejimi hədəf alan Suriyanı zəiflətmək strategiyasından əl çəkməyib və bu məqsədi fərqli üsul və əsaslandırmalarla davam etdirir (AlJazeera 2025). İsrail bu dərsi güclənən Misirdən və Sisidən də almaqdadır. Belə ki, Sisinin son illərdə nüfuzunun artması və Misirdə güclü avtoritar sistemin bərpasından sonra İsraillə ritorikada sərtləşmə müşahidə olunur (Chatham House 2025).

Nəticə olaraq, İranda sekulyar diktatorluğun qurulması yetəri qədər gerçəkçi ehtimaldır və bu yol ABŞ üçün cəlbedici, ancaq İsrailin maraqları baxımından qaneedici görünmür.

Demokratik Respublikanın qurulması

İran üçün əksəriyyətin arzuladığı bu ölkənin demokratikləşməsi və xalq hakimiyyətinin qurulmasıdır. Bu respublikanın adında “İslam” sözünün qalıb qalmaması və ya tamamilə yeni sekulyar sistemli bir respublika olması mütləq deyil. 

Beləliklə, İranda demokratiya hazırkı İslam Respublikasının transformasiyası və ya İslam Respublikasının devrilməsi yolu ilə yenisinin qurulması ilə əldə edilə bilər. Nüvə ambisiyaları olmayan demokratik Respublikanın qurulması qonşu və Avropa ölkələri ilə yaxşı münasibətlərə İmkan açar. Bu yol həm də İrandakı müxtəlif etnik və dini qruplar üçün cəlbedicidir, çünki onlar fundamental insan hüquqlarından, hökumətin desentralizasiyasından və hətta demokratik federalizmdən yararlana bilərlər. İranın bu yolu illərdir ki, azadlıqları əllərindən alınmış İran qadınları və onların azadlıqları üçün də yaxşı gələcək vəd edər və diasporadakı İranlılar arasında da vətənə dönüş meyillərini artırar.

Lakin ABŞ və İsrail İranda xalqın idarəçiliyinə hələ də şübhə ilə yanaşa bilər, çünki bu, gələcəkdə hakimiyyətə başqa bir anti-Qərb və ya “siyasi İslamçı” hökuməti gətirə bilər. Digər tərəfdən isə demokratik İran daxilində müxtəlif qrupların siyasi gücünün balanslaşdırılması bütün qlobal və regional güclərin maraqlarına uyğun ola bilər.

Bununla belə, demokratik təsisatların formallığı və İranda uzun illərdir azad vətəndaş cəmiyyətinin olmaması ölkənin demokratikləşməsi yolunda əsas maneələr olaraq qalır. Güclü hərbi elita da belə bir demokratik keçidə mane ola bilər.

Xaos və parçalanma

İrandakı müxtəlif etnik, dini, ideoloji və mədəni kimlikləri nəzərə alaraq, müxtəlif xaos və parçalanma yolları həmişə müzakirə edilmişdir. Müxtəlif qruplar arasında vətəndaş müharibəsinin alovlanması və ya seperatist hərəkatların üsyanı hazırda süqut edən rejimin qarşılaşa biləcəyi ən böyük risklərdən biridir.

ABŞ-İsrailin İran rəhbərliyinə hücumundan sonra İran elitası daxilində çatlar yarana bilər ki, bu da sonradan asanlıqla vətəndaş müharibəsinə gətirib çıxara bilər. ABŞ-İsrail hücumu və Xameneinin ölümündən sonra SEPAH daha çox güc qazansa da, bütün hərbi və siyasi qruplar bu gedişatdan məmnun deyil. Lakin rejim hələ də öz birliyini göstərməyə çalışır və elitanı səfərbər etmək üçün xarici hücumdan istifadə edir.

İran həmçinin ölkədə yaşayan etnik qrupların potensial müstəqillik hərəkatlarına qarşı həssasdır. Ayrılıqçı meyllər İslam Respublikası üçün yeni olmasa da, hələ tammiqyaslı münaqişə və zorakılığa çevrilməyib. Hazırkı hakim dini ideologiya bu müxtəliflik üçün müəyyən mənada birləşdirici rol oynaya bilir (Cabbarlı 2021). İslam Respublikası hazırkı ideologiyasını “eksklüziv millətçiliyə xidmət edən inklüziv üst-kimlik” adlandırır. O əlavə edir ki, İslam inqilabı milli və etnik kimliklərə ciddi təsir göstərib. İslam rejimi Pəhləvi rejiminin millətçi xəttini tənqid etsə də, praktikada fars üstünlüyü doktrinası toxunulmaz qalıb. Ölkənin etnik azlıqları 1979-cu il inqilabından sonra da iqtisadi, mədəni və siyasi ayrı-seçkilikdən əziyyət çəkməyə davam ediblər. Üstəlik, İslam Respublikasının konstitusiyasında yer alan etnik bərabərlik və dil hüquqları ilə bağlı müddəalar praktikada heç vaxt effektiv tətbiq olunmayıb.

İrandakı kürd müstəqillik hərəkatı fəaliyyət dairəsinin genişliyi və tarixi keçmişi ilə seçilir. Belə ki, İrandakı kürd müstəqillik hərəkatı 1940-cı illərdə Mahabad Kürd Respublikası kimi ortaya çıxa bilmişdi (Roosevelt 1947). İrandakı kürdlərin sayı barədə dəqiq məlumat olmasa da, onların əsasən Kürdüstan, Kirmanşah, Qərbi Azərbaycan, İlam və Lorestan ostanlarında (vilayətlərində) yaşadıqları və azərbaycanlılardan sonra ikinci böyük etnik azlıq qrupu olduqları aydındır. Kürdlərin İranda ayrı-seçkiliyə məruz qalma səbəbləri təkcə onların etnik kimliyi ilə deyil, həm də sünni məzhəbindən olmaları və qonşu ölkələrdə — Türkiyə və İraqda yaşayan kürdlərlə sıx əlaqələri ilə bağlıdır. İran kürdlərinin fəaliyyəti təkcə İran ərazisi ilə məhdudlaşmır, həm də İraq Kürdüstanındakı müxtəlif silahlı birləşmələrə qədər uzanır. Tarixi İran Kürdüstanı Demokrat Partiyası (HDKA), PKK-nın müttəfiqi olan Kürdüstan Azad Həyat Partiyası (PJAK) və bu qrupların silahlı birləşmələri buna nümunə ola bilər. Təsadüfi deyil ki, bu iki partiya və daha bir neçə İran kürd qüvvəsi 2026-cı ilin fevralında, ABŞ-İsrailin İran rejiminə hücumundan qısa müddət əvvəl İran Kürdüstanı Siyasi Qüvvələr Koalisiyasını yaradıblar (RFE/RL, fevral 2026). ABŞ-İsrailin İran rejiminə hücumundan sonra ABŞ Prezidenti Donald Tramp İraq kürd liderlərinə zəng edib və administrasiya İran müxalifət qrupları və İraqdakı kürd liderləri ilə onlara hərbi dəstək verilməsi barədə aktiv müzakirələr aparır (CNN, mart 2026). İranda molla rejiminin və mərkəzi hökumətin ciddi zəifləməsi ilə kürd silahlı qruplarının İran ərazisində fəaliyyətlərə başlaması çox gerçəkçi bir gözləntidir.

Aralarında ayrılma niyyəti olan fraksiyaların olduğu digər bir etnik qrup İranın şimal vilayətlərindəki Azərbaycan türkləridir. Azərbaycanlılar 20-ci əsrdə bir neçə dəfə mərkəzi hökumətə meydan oxumağa nail olublar. Bundan əlavə, son bir neçə onillikdə onlar kütləvi etirazlar vasitəsilə milli məsələləri qaldırmağa dəfələrlə cəhd ediblər. Məsələn, 2006-cı ilin mayında Azərbaycanlılara qarşı irqçi karikaturanın dərci ilə bağlı yaranan qalmaqal əsasən azərbaycanlıların məskunlaşdığı Təbriz, Urmiya, Ərdəbil, Zənjan və Sulduz şəhərlərində və başqa ərazilərdə kütləvi etirazlarla nəticələndi (The New York Times 2006). İran Azərbaycanlılarının açıq mənbələrdə kürdlər kimi xüsusi silahlı birləşmələrə sahib olması ilə bağlı məlumatlara rast gəlinməsə də, onların Azərbaycan və Türkiyə dövlətləri ilə etnik və mədəni bağlılıqları İranda mərkəzi hökumətin zəifləməsi ilə kartları dəyişdirən faktora çevrilə bilər. Azərbaycan rəhbərliyinin İran azərbaycanlılarını qeyd edən dövri bəyanatları göstərir ki, Azərbaycan hökuməti bu vasitələri istisna etməyib. 2026-cı ilin martında İranın dron hücumundan sonra Prezident İlham Əliyev İrandakı azərbaycanlılar haqqında yenidən çıxış edib: “Yaxşı bilirlər ki, bu gün müstəqil Azərbaycan dövləti İranda yaşayan bir çox azərbaycanlılar üçün də ümid yeridir” (President.az, mart 2026).

İranda adı vaxtaşırı konfliktlərlə xatırlanan və separatçı hərəkatları olan digər bir qrup da Bəluclardır. Belə ki, ölkənin cənub-şərqində yaşayan bəluclar həm etnik azlıq olmaları, həm də əsasən sünni məzhəbində olmaları səbəbindən İran hakimiyyəti tərəfindən uzun illərdir ki, ayrıseçkiliyə məruz qalırlar. Bəluclar Pakistan və Əfqanıstanda yaşayan etnik bəluclarla sıx əlaqə saxlayırlar. Son bir ildə İranda baş verən genişmiqyaslı etirazlar və hərbi müdaxilələrdən sonra bəluc təşkilatları da bir koalisiya altında səfərbər olub və 2025-ci ilin dekabrında ölkənin bəluc azlığına mənsub bir neçə qrup Xalq Mübarizləri Cəbhəsi (JMM) çətiri altında fəaliyyət göstərəcəklərini elan ediblər (FDD 2025).

Ölkənin cənubunda, Xuzistan, Buşəhr və Bəndər-Abbas vilayətlərində yaşayan ərəblər də separatçı potensiala malik etnik azlıqdır. Onların 100 ildən çox tarixi olan “Əhvaz” adlı hərəkatı var və İranda mərkəzi hökumət zəiflədikcə fəaliyyətini genişləndirəcəyi gözlənilir. Digər qonşu ərəb dövlətlərinin potensial dəstəyi də bu məsələdə həlledici ola bilər.

Post-İslam Respublikası dövründə İranda mərkəzi və güclü hökumətdə maraqlı olmayan beynəlxalq güclər üçün bu müxtəlif maraq qruplarını dəstəkləmək və İranın “Balkanlaşması” cəlbedici bir yol kimi görünür. Bütün bunları nəzərə alsaq, İranda mərkəzi hakimiyyətin zəifləməsi böyük ehtimalla müxtəlif etnik, dini və siyasi qruplar arasında parçalanma meyllərinin artmasına səbəb olacaq və bu, İranın gələcəyini müəyyənləşdirə bilər.

Nəticə

İranda son illər artan etirazlar, hərbi və geosiyasi uğursuzluqlar, və hazırda davam edən ABŞ-İsrail müdaxiləsi fonunda İran dəyişərsə, onun necə bir yerə çevriləcəyi geniş suallar doğurur. Bu suallara bir çox fərqli cavablar var və biz həmin cavabları, imkanları və onların potensial nəticələrini təhlil etməyə çalışdıq. Nəticələr göstərir ki, müzakirə olunan yolların sayı çox olsa da, onların hamısı gerçəkçi deyil.

Hazırkı mərhələdə ölkədəki çox sayda etnik, dini ideoloji fərqliliklər və uzun illərdir demokratik təsisatların zədələnməsi və məhv edilməsi səbəbindən İranın demokratikləşməsi çətin görünür. Diasporadakı iranlılar arasında və beynəlxalq mediada Pəhləvi ailəsinin hər hansı formada hakimiyyətə qayıtması haqqında çox danışılsa da, bu, İranın daxili reallıqları ilə uzlaşmır.

Bununla belə, İranda mollalar rejiminin süqutu ilə yaranacaq güc boşluğunun sekulyar və avtoritar bir liderlə doldurulması İranın daxili dinamikası və beynəlxalq geosiyasi vəziyyət baxımından mümkün bir gələcəkdir. Digər bir yüksək ehimal da İrandakı etnik, dini, ideoloji fərqliliklərin bir arada qalmağa tab gətirməməsi ilə ölkənin daha xaotik bir gələcəyə sürüklənməsidir.

Yekun olaraq, post-İslam Respublikası dövründə İranın gələcəyi İrandakı hazırkı müharibənin necə davam edəcəyindən və bitəcəyindən, eləcə də elita daxilində və İrandakı müxtəlif etnik-mədəni qruplar arasındakı əlaqələrin nə dərəcədə qorunub saxlanacağından asılı olacaq.



İstinadlar: 

Afary, H. February 19, 2026. Reza Shah Pahlavi. Encyclopedia Britannica. https://www.britannica.com/biography/Reza-Shah-Pahlavi 

Aljazeera Centre for Studies. 2025. A Strategic Dilemma: Israel’s Intervention in Syria’s Suwayda Province. https://studies.aljazeera.net/en/analyses/strategic-dilemma-israel%E2%80%99s-intervention-syria%E2%80%99s-suwayda-province 

Archie Roosevelt, Jr. 1947. The Kurdish Republic of Mahabad. Middle East Journal, 1(3), 247–269. http://www.jstor.org/stable/4321887 

Askerov A. 2026. The Missing Factor in Iran’s Unrest is Ethnic Division. https://www.e-ir.info/2026/01/15/opinion-the-missing-factor-in-irans-unrest-is-ethnic-division/ 

Azadlıq Radiosu. January 2026. İranda azərbaycanlılar niyə etirazlara qoşulmur? https://www.azadliq.org/a/iran-etirazlar-azerbaycanlilar/33643319.html 

BBC. February, 2026. Trump expresses doubts over Iran's exiled crown prince. https://www.bbc.com/news/articles/cm2ryq0d2mro 

Chatham House. 2026. Egypt now sees Israel as an imminent threat. https://www.chathamhouse.org/2025/09/egypt-now-sees-israel-imminent-threat 

CNN. March, 2026. CIA working to arm Kurdish forces to spark uprising in Iran, sources say. https://edition.cnn.com/2026/03/03/politics/cia-arming-kurds-iran 

CNN. March, 2026. Trump has drawn parallels between Iran and Venezuela. But there’s no Delcy Rodríguez in Tehran. https://edition.cnn.com/2026/03/03/middleeast/iran-venezuela-trump-regime-change-parallels-intl 

Deutsche Welle (DW). 2025. Why Iran 'cannot turn back time' on public hijab rule. https://www.dw.com/en/why-iran-cannot-turn-back-time-on-public-hijab-rule/a-72616469 

Foundation for Defense of Democracies (FDD). 2025. Iranian Baluch separatist factions establish Popular Fighters Front coalition. https://www.fdd.org/analysis/2025/12/12/iranian-baluch-separatist-factions-establish-popular-fighters-front-coalition/ 

Jabbarli R. 2021. The Challenges of Identity Politics in Iran. Baku Dialogues: Vol. 5 | No. 1 | Fall 2021. https://bakudialogues.idd.az/media/2021/09/24/jabbarli-bd-v5-n1-fall-2021-.pdf 

Middle East Institute. 2011. The Artesh and Revolution. https://mei.edu/ar/publication/artesh-and-revolution/ 

Nader A. and Stewart R. 2013. Iran's Forgotten Ethnic Minorities. https://www.rand.org/pubs/commentary/2013/04/irans-forgotten-ethnic-minorities.html 

Radio Free Europe/Radio Liberty (RFE/RL). February 2026. Exiled Kurdish Groups Form New Alliance As They Seek To Capitalize On Iran's Frailty. https://www.rferl.org/a/iran-exiled-kurdish-alliance-tehran/33685461.html 

The Official Website of the President of the Republic of Azerbaijan. March 2026. Ilham Aliyev chaired meeting of Security Council. https://president.az/en/articles/view/71792 

The Council of the EU. February 2026. EU terrorist list: Council designates the Islamic Revolutionary Guard Corps as a terrorist organisation. https://www.consilium.europa.eu/en/press/press-releases/2026/02/19/eu-terrorist-list-council-designates-the-islamic-revolutionary-guard-corps-as-a-terrorist-organisation/#:~:text=2026%2013:20-,EU%20terrorist%20list:%20Council%20designates%20the%20Islamic%20Revolutionary%20Guard%20Corps,and%20ISIL/Da'esh

The New York Times. 2006. Iran Shuts Down Newspaper Over Cartoon. https://www.nytimes.com/2006/05/24/world/middleeast/24iran.html 

Tudeh Party of Iran. February 2026. Statement of the Tudeh Party of Iran. https://www.tudehpartyiran.org/en/2026/03/01/statement-of-the-tudeh-party-of-iran-the-death-of-the-dictator-the-peoples-demand-for-transition-from-the-anti-people-regime-of-the-guardianship-of-the-jurist-and-the-necessity-of-an-immed/ 

Bell icon

Ən son yeniliklərdən xəbərdar olmaq üçün bülletenimizə abunə olun

Etibarlı e-poçt ünvanı təqdim edin