Müəllif: Əmrah Cəfərov
Almaniyada yaşayan politoloq və tədqiqatçıdır.
O, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Beynəlxalq Münasibətlər ixtisası üzrə bakalavr, Türkiyədə Ankara Sosial Elmlər Universitetində Siyasi Elmlər üzrə magistr dərəcəsinə malikdir və ABŞ-ın San-Dieqo Universitetində Mediasiya və Münaqişələrin Həlli üzrə məzun proqramını bitirib.
Qeyd: Bu məqalənin orijinal versiyası ingilis dilində yazılmışdır.
Gündən-günə biz Mərkəzi Asiya regionunun və onun ölkələrinin adını mediada, siyasətçilərin çıxışlarında və hətta mədəni kontekstdə getdikcə daha çox eşidirik. Region hər mənada, o cümlədən iqtisadi, geosiyasi və demoqrafik cəhətdən böyüyür. Bu təhlil öz arqumentlərini Dünya Bankı, Birləşmiş Millətlər Təşkilatı kimi təşkilatların, statistikanın, eləcə də müxtəlif beyin mərkəzlərinin və xəbər vasitələrinin təqdim etdiyi empirik məlumatlarla əsaslandırır və Mərkəzi Asiya regionunun iqtisadi, demoqrafik və avtoritar idarəetmə tendensiyalarını, bunun Avropa İttifaqı, Rusiya və Çinin regiondakı nüfuzunu necə yenidən formalaşdırdığını, həmçinin regionun geniş Türk coğrafiyası daxilində artan əhəmiyyətini təhlil edir.
Giriş
Qazaxıstanın ən böyük şəhəri olan Almatıya son səfərimlə bağlı ilk təəssüratlarım hələ təyyarədə olarkən başladı. Saatlarla davam edən uçuş zamanı sonsuz taxıl zəmiləri, su mənbələri və müxtəlif landşaftlar ziyarət etdiyim regionun böyük potensialından xəbər verirdi.
Mərkəzi Asiya hər mənada, o cümlədən iqtisadi, geosiyasi və demoqrafik cəhətdən böyüyür. Buna görə də, Mərkəzi Asiya regionunun və onun ölkələrinin adını mediada, siyasətçilərin çıxışlarında və hətta mədəni kontekstdə getdikcə daha çox eşitməyimiz təsadüfi deyil. Mərkəzi Asiyanın sərhədləri ilə bağlı bir çox təriflərin olmasına baxmayaraq, biz bu məqalədə 5 əsas postsovet Mərkəzi Asiya ölkəsini - Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Tacikistanı - əhatə edəcək, daha çox ən böyük iki ölkəyə, Özbəkistan və Qazaxıstana diqqət yetirəcəyik.
Həm köçəri, həm də oturaq əhaliyə malik, əksəriyyəti müsəlmanlardan ibarət olan Mərkəzi Asiya xalqları və sivilizasiyaları tarixən planetin ən rəngarəng və mədəni cəhətdən canlı regionlarından biri olub. Region 1991-ci ildə SSRİ-nin dağılmasına və Mərkəzi Asiyanın hər 5 ölkəsinin müstəqillik əldə etməsinə qədər, iki əsr ərzində Rusiya İmperiyası, daha sonra isə Sovet İttifaqı tərəfindən idarə olunub. Müstəqillikdən sonra dünya güclərinin diqqəti regiona yönəlib və bu diqqət bu günə qədər davamlı olaraq artmaqdadır. Regionu tam mənada avtoritar hökumətlər idarə edir, siyasi münaqişələr, hakimiyyət dəyişiklikləri və üsyanlar da görünməmiş hal deyil. Çoxsaylı tədqiqatlar regionun geosiyasi nizamda və qlobal nəqliyyat marşrutlarında artan əhəmiyyətini təhlil etsə də, regionun əsas hərəkətverici amilləri ola biləcək digər göstəricilər, məsələn, iqtisadi və demoqrafik tendensiyalar böyük ölçüdə diqqətdən kənarda qalıb. Bu təhlil regionun böyümə tempi vasitəsilə dəyişən geosiyasi balansları izah etmək məqsədi daşıyır və aşağıdakı suallara cavab axtarır:
Mərkəzi Asiyanın geosiyasi əhəmiyyəti necə dəyişir? Mərkəzi Asiya ölkələrinin iqtisadi və demoqrafik tendensiyaları Rusiya, Çin, Avropa İttifaqı və Türkiyənin regiondakı geosiyasi nüfuzunu necə yenidən formalaşdırır?
Bu suallara cavab vermək üçün biz regionun mövcud geosiyasi vəziyyətini və onun böyüməsini, eləcə də dünya güclərinin ona qarşı çoxtərəfli yanaşmalarını başa düşməyimizə kömək edən müqayisəli iqtisadi və demoqrafik məlumatları təhlil edirik. Türkmənistanla bağlı rəsmi məlumatların məhdud olması bizi bu ölkəni təhlilin bəzi hissələrindən xaric etməyə vadar edir. Bu məqalə aydınlaşdırır ki, regionun sürətli demoqrafik və iqtisadi böyüməsi qlobal oyunçuların, xüsusən də Rusiyanın birbaşa və hibrid təsirini məhdudlaşdırmaqda mühüm rol oynaya bilər. Məqalə həmçinin, artan iqtisadi və demoqrafik rəqəmləri regionun artan geosiyasi əhəmiyyətinin arxasındakı hərəkətverici qüvvə kimi nəzərdən keçirir, eyni zamanda bölgənin geosiyasi əhəmiyyətinin artması fonunda avtoritar rejimlər modernləşərək müəyyən iqitsadi uğurlarla mahiyyət etibarilə varlıqlarını davam etdirmələri diqqətdə saxlayır.
Artıq illərdir ki, Mərkəzi Asiya dünyanın ən sürətlə böyüyən iqtisadiyyatlarından biri olaraq qalmaqdadır. Regional ÜDM məlumatlarına görə, 2025-ci ildə Mərkəzi Asiyanın ümumi iqtisadiyyatı əvvəlki illə müqayisədə 6%-dən çox böyüyüb ki, bu da Rusiya, Çin və Avropa ölkələri kimi qonşu regionları üstələyir (Euronews 2026).
Xüsusilə, 2016-cı ildə Özbəkistanda və 2019-cu ildə Qazaxıstanda baş verən hökumət dəyişiklikləri, əsas mahiyyəti qoruyan modernləşən avtoritatizm iqtisadi böyüməyə müsbət təsir etmiş kimi görünür. Hər iki lider, Qazaxıstan Prezidenti Kasım-Comərd Tokayev və Özbəkistan Prezidenti Şövkət Mirziyoyevin qlobal iqtisadi və siyasi konteksti öz sələflərindən daha yaxşı anladıqları görünür (East Asia Forum 2025). Lakin bu modernləşmə islahatları fundamental siyasi transformasiyaya və ya demokratik keçid üçün zəruri olan fundamental dəyişikliklərə səbəb olmayıb. KharCenter (2025) tərəfindən aparılan araşdırma, Özbəkistandakı islahatların - xüsusən də rəqəmsal idarəetmənin tətbiqi və müəyyən sosial-siyasi sektorlarda qismən açıqlığın - rejimin adaptiv qabiliyyətini artırdığına baxmayaraq, rəsmi institutları qoruyub saxlayarkən siyasi inhisarı qorumağa davam edir və seçkilər, media azadlığı və elit strukturla bağlı ciddi məhdudiyyətlər hələ də qüvvədədir.
Source: World Bank 2024
Son məlumatlara (VC 2026) görə, 2026-cı ildə regionun ÜDM artımı qlobal ÜDM artımının 1,3%-ni təşkil edir. Ümumi əhalisi 80 milyondan çox olan - Almaniya və Türkiyə kimi orta ölçülü qabaqcıl iqtisadiyyatlarla müqayisə edilə bilən - Mərkəzi Asiyanın məcmu töhfəsi qlobal artımın müvafiq olaraq təxminən 0,9% və 2,2%-ni təşkil edən bu iqtisadiyyatlarla eyni səviyyədədir. Buna görə də, 6%-i aşan proqnozlaşdırılan orta illik artımla Mərkəzi Asiya iqtisadiyyatları Avropanın və digər yetkin bazarların böyük hissəsindən daha sürətlə genişlənir və qlobal iqtisadi dinamikaya artan nisbi töhfələrini möhkəmləndirir. Regionun belə sürətli iqtisadi artımını bir neçə amil stimullaşdırır. İlk növbədə, sovet dövründə və müstəqilliyin ilk illərində uzun müddət əsasən qapalı qalan iqtisadiyyatlar dünyanın hər yerindən investisiya cəlb etməklə, ticarət həcmlərini artırmaqla və turizmi inkişaf etdirməklə qismən liberallaşır. Zəngin təbii sərvətlər və geniş ərazilər, ucuz enerji mənbələri və əlçatan işçi qüvvəsi bu regionu investorlar üçün cəlbedici edir. Rusiya-Ukrayna müharibəsi və Yaxın Şərqdəki qeyri-müəyyənliklər də regionun tranzit gəlirlərini və strateji əhəmiyyətini artırır. Əlavə olaraq, region Qırğızıstandakı eko-turizm və Özbəkistandakı tarixi irs məkanları kimi turizm potensialını daha effektiv şəkildə təşviq edir. Vizasız rejimlər və genişlənən hava marşrutları sayəsində region turizm bumu yaşayır və 2024-cü ildə 28,6 milyon xarici ziyarətçini qəbul edib (Astana Times 2025). Bu inkişaflarla yanaşı, başqa bir amil–demoqrafiya da diqqətdən kənarda qalmamalıdır, çünki o, bu iqtisadi böyümənin ən mühüm mənbələrindən biridir.
Mərkəzi Asiyanın Demoqrafiyası
Almatı küçələrində gəzərkən, ziyarət etdiyim digər şəhərlərlə müqayisədə müşahidə etdiyim əsas fərq, ümumi əhali içərisində uşaqların və gənclərin sayının daha çox olması idi. Bu təsadüfi deyil. Çünki Mərkəzi Asiya dünyada ən yüksək ümumi doğum əmsallarından birinə malikdir:
Source: Statista 2025b
Xəritədən gördüyümüz kimi, bütün dünyada azalma tendensiyasına baxmayaraq, region doğum səviyyəsini Birləşmiş Millətlər Təşkilatının 2,1 olan əvəzetmə səviyyəsindən yuxarı qoruyub saxlayır (BMT 2025). Belə yüksək doğum səviyyələri daha yüksək təbii artıma gətirib çıxarır, emiqrasiyanı tarazlaşdırır və əhalinin orta yaşını gənc saxlayır. 2000-ci ildən bəri Mərkəzi Asiya ölkələrinin əhalisi təxminən 55 milyondan 83 milyon nəfərə qədər artıb:
Təbii artım tempi, ümumi əhali içərisində rus seqmentinin dəyişən nisbəti də daxil olmaqla, müxtəlif amillərə görə hər bir ölkədə fərqlidir. Mərkəzi Asiyadakı etnik ruslar daha aşağı təbii artım və daha yüksək emiqrasiya göstəricilərinə malik olduğundan, bu demoqrafik dinamika ümumi əhali tendensiyalarına birbaşa təsir göstərir. 2000-2025-ci illər arasında Qazaxıstanda təbii artım tempinin daha aşağı olmasının əsas səbəbi digər Mərkəzi Asiya ölkələri ilə müqayisədə etnik rus əhalisinin nisbətinin daha yüksək olmasıdır (QazStat 2026). Mərkəzi Asiya və Rusiya 19-cu əsrdən etibarən Moskvanın hakimiyyəti Mərkəzi Asiya ölkələrində dərin Rusiya təsirinə səbəb olmuş və 35 illik müstəqillik bu təsiri tamamilə aradan qaldırmaq üçün kifayət etməyib. Bu geosiyasi təsirin tarixi və mədəni aspektləri olsa da, biz əsasən onun demoqrafik və iqtisadi ölçülərinə diqqət yetirəcəyik. Rusiya və Mərkəzi Asiya arasındakı tarixi əlaqə 1917-ci ildən sonra, Mərkəzi Asiyanın sovet iqtisadiyyatına inteqrasiyası ilə gücləndi, belə ki, dəmir yolları, avtomobil yolları və boru kəmərlərinin hamısı şimala doğru yönəlmişdi. SSRİ-nin dağılmasından sonrakı illərdə yeni qurulmuş iqtisadi sistemlər çox həssas idi və tamamilə Moskva ilə əlaqələrdən asılı idi. Beləliklə, ticarət əlaqələri əsasən Rusiya ilə və ya onun vasitəsilə həyata keçirilir, Rusiya region əhalisi üçün əsas əmək bazarı hesab olunurdu. Lakin Mərkəzi Asiya ölkələri digər dövlətlərlə əlaqələr qurduqca, onların Rusiyadan asılılığı tədricən azalmağa başladı. Son 30 il ərzində Rusiyadan iqtisadi asılılıq azalıb və Mərkəzi Asiya ölkələri Rusiyadan asılı olmayan siyasi mövqelər qəbul etməkdə özlərini getdikcə daha bacarıqlı hiss edirlər (Pomfret 2025). Demoqrafik tendensiyalardakı kəskin fərqlilik də bu dəyişiklikdə mühüm rol oynayıb. 2000-ci ildə Rusiya Federasiyasının (ÜST 2025) və 5 Mərkəzi Asiya ölkəsinin əhalisi müvafiq olaraq təxminən 147 milyon və 55 milyon olduğu halda, 2025-ci ildə Rusiya Federasiyasının təxmini əhalisi 144 milyon, Mərkəzi Asiya ölkələri üçün isə ümumi sayı 83 milyon civarında olub. Yəni 25 il ərzində Rusiya Federasiyasının əhalisi azaldı, Mərkəzi Asiyanın əhalisi isə əhəmiyyətli dərəcədə artdı. Bu demoqrafik rəqəmlər regionla Rusiya arasındakı mədəni, siyasi, hərbi və iqtisadi balanslara birbaşa təsir göstərir. İqtisadi məlumatlar da oxşar dəyişiklikləri əks etdirir, belə ki, 2010-2024-cü illər arasında ÜDM artımı Rusiyada təxminən 43%, Mərkəzi Asiya ölkələrində isə 113% olub:
Yuxarıdakı qrafikdən gördüyümüz kimi, Mərkəzi Asiya ölkələrinin ÜDM-i 2010-cu ildə Rusiya ÜDM-nin cəmi 15%-nə bərabər idi; o, cəmi 14 il ərzində 22%-ə qədər artmışdır.
Rusiyanın 2022-ci ildə Ukraynaya müdaxiləsi də Mərkəzi Asiyanın Rusiyadan uzaqlaşması prosesini sürətləndirib. Rusiya-Ukrayna münaqişəsindən narahat olan Mərkəzi Asiya Respublikaları hazırda regional sabitliyə, ərazi bütövlüyünə və suverenliyə təhlükə kimi gördükləri Moskvadan ənənəvi təhlükəsizlik asılılıqlarını azaltmağa çalışırlar. Müdaxilədən qısa müddət sonra, Qazaxıstan Prezidenti Qasım-Comərd Tokayev ölkəsinin şərqi Ukraynadakı "kvazi-dövlət" qurumlarını tanımaqdan imtina etdiyini bir daha təkrarladı və Qazaxıstana açıq hücumlar təşkil edərək iki ölkə arasında "nifaq" salmaqda günahlandırdığı rus siyasətçilərini və şərhçilərini tənqid etdi (The Moscow Times 2022). Qazaxıstan və Özbəkistan, həmçinin Ukraynanın ərazi bütövlüyünü yenidən təsdiq etdilər və Moskvanın gözləntilərinin əksinə olaraq Kiyevə humanitar yardım göndərdilər (ORF 2023).
Bütün bu geosiyasi dəyişikliklərə baxmayaraq, Rusiyanın bölgədə azalan təsiri hələ də bölgədəki avtoritar idarəçiliklərin zəifləməsinə gətirib çıxaracaq həddə deyil. Rusiya bölgədə avtoritar liderlərin dəstəklənməsi siyasətini davam etdirməyə çalışır. 2024-cü ildə Rusiyanın o vaxtkı müdafiə naziri Sergey Şoyqu Moskvanın Orta Asiya regionunda "qərbyönlü" QHT-lərə qarşı "profilaktik tədbirlər" gördməsindən danışmışdı. Bu, Rusiyanın Orta Asiyada vətəndaş cəmiyyətinin vəziyyətini və potensialını necə yaxından izlədiyini və bunu özü və regiondakı avtoritar rejimlər üçün təhlükə kimi gördüyünü açıq şəkildə göstərir (Radio Free Europa 2024).
Mərkəzi Asiya ölkələri Rusiyanın avtoritar dəstəyi aşan rolunu balanslaşdırmağa və öz təhlükəsizliklərini və rifahlarını iki yolla təmin etməyə çalışırlar: regiondaxili əməkdaşlığı gücləndirmək və beynəlxalq tərəfdaşlıqları genişləndirmək. Geosiyasi dəyişikliklərə görə, regiondaxili əməkdaşlıq regional muxtariyyəti və dayanıqlığı gücləndirmək məqsədilə yeni səviyyəyə çatıb (DGAP 2024).
Bu geosiyasi dəyişikliklər həmçinin regiona və 2015-ci ildən bəri keçirilən, 2025-ci ilin noyabrında isə ilk dəfə Vaşinqtonda baş tutan C5+1 Sammitinə daha çox diqqət çəkir. Vaşinqtondakı yenilənmiş C5+1 sammiti iqtisadi tərəfdaşlıqlara, biznes sazişlərinə və diplomatik əlaqələrin dərinləşdirilməsi üzrə öhdəliklərə diqqət yetirərək, Birləşmiş Ştatların Mərkəzi Asiyada iştirakının əhəmiyyətli dərəcədə yüksəlməsini qeyd edir (Jamestown 2025).
Mərkəzi Asiya və Çin
Mərkəzi Asiya regionu ölkələrinin müstəqillik əldə etməsindən bəri Çin regiona ən çox maraq göstərən güclərdən biridir. lakin Çinin bu regiondakı milli maraqları uzun illər güclü Rusiya təsiri kölgəsində qalırdı. Onilliklər ərzində Çinin təsiri artıq əhatə dairəsi və inteqrasiya baxımından əhəmiyyətli dərəcədə genişlənmiş və güclənmişdir. Sərhəd sabitliyinə yönəlmiş passiv siyasətdən təhlükəsizlik və iqtisadiyyatı birləşdirən hərtərəfli, proaktiv strategiyaya doğru bu təkamül daxili prioritetlərin və xarici təzyiqlərin mürəkkəb qarşılıqlı təsirinin nəticəsidir (Yamaguchi 2026).
Dəmir yolu infrastrukturu Çinin Mərkəzi Asiya ilə əlaqələrinin əsas indikatorudur. Çin köhnə İpək Yolunun bərpası səylərini gücləndirib və dəmir yolu xətlərinin, yolların və digər infrastrukturun inşasına böyük sərmayələr qoyub. Çindən Avropaya Qazaxıstan və Rusiya vasitəsilə quru dəmir yolu nəqliyyatı Çinin fəal dəstəyi ilə 2010 və 2022-ci illər arasında sürətlə artıb. 2022-ci ilin fevralından sonra isə Avropa İttifaqı Rusiya və İrandan yan keçmək üçün Mərkəzi Asiya vasitəsilə Orta Dəhliz dəmir yolu bağlantısına sərmayə qoyulmasını təşviq edir (East Asia Forum 2025).
2023-cü ilin may ayında Çin Sədri Si Cinpin öz növünün ilk nümunəsi olan Çin-Mərkəzi Asiya Sammitini (C+C5) çağırdı. Bu format Birləşmiş Ştatlar və regionun beş ölkəsi arasında 2015-ci ildə təsis edilmiş nazirlər səviyyəsindəki C5+1 Diplomatik Platformasını əks etdirməklə, həm də dövlət başçılarını da əhatə edirdi. Si iştirak edən beş prezidentə onların ənənəvi olaraq Rusiyadan dəstək axtardıqları daxili təhlükəsizlik və milli müdafiə məsələlərində yardım təklif etdi. Bu, Mərkəzi Asiyanın iqtisadi məsələlərinə, ən çox da özünün Kəmər və Yol Təşəbbüsü vasitəsilə uzun müddət diqqət yetirmiş Pekin üçün bir dəyişikliyi təmsil edir. Çin və Mərkəzi Asiya regionu arasındakı münasibətlər ticarət və investisiya mərkəzli olaraq qalır, lakin bu sahələrdəki irəliləyiş davamlı təhlükəsizlik və sabitliyə əsaslanır (IISS 2023).
Mərkəzi Asiya ölkələri Çindən asılılıqdan qaçmaq imkanlarına görə fərqlənirlər; belə ki, Tacikistan kimi daha yoxsul dövlətlər ağır borc altındadır, Türkmənistan iqtisadi baxımdan Çinə qaz ixracından asılıdır, Qazaxıstan və Özbəkistan isə balanslı xarici əlaqələr saxlamaq üçün daha yaxşı mövqeyə malikdirlər (East Asia Forum 2025). Bununla belə, Çinlə həmsərhəd olan, resurslarla zəngin Mərkəzi Asiyada Çinin borc diplomatiyasına və torpaqların zəbt edilməsinə qarşı narazılığın artdığını qeyd etmək də olduqca vacibdir. 2015 və 2023-cü illər arasında Mərkəzi Asiya Respublikalarında xüsusilə Qırğızıstan, Tacikistan və Qazaxıstanda 150-dən çox anti-Çin etiraz aksiyası keçirilib. Bu fakt göstərir ki, Çinin Mərkəzi Asiyada artan iqtisadi nüfuzu qarşısındakı maneələr az deyil (The Economic Times 2023).
Çinin regiondakı nüfuzu və xüsusilə onun iqtisadi tərəfi böyüməyə davam etsə də, çoxşaxəli beynəlxalq əlaqələr, artan iqtisadi güc və Mərkəzi Asiya ölkələrinin demoqrafik potensialı bu nüfuzu balanslaşdıra bilər.
Mərkəzi Asiya və Avropa İttifaqı
Mərkəzi Asiya və Avropa İttifaqı arasındakı münasibətlər də əsasən iqtisadi əsaslar üzərində böyüməyə davam edir. İkitərəfli və regional formatlarda əlaqələrin artması Avropada regiona artan diqqətin göstəricisidir. Avropa dövlətləri Rusiya qazı və neftindən asılılıqlarını azaltdıqca, Mərkəzi Asiya mühüm enerji təchizatçısı kimi ortaya çıxır. Hər ikisi böyük neft və qaz istehsalçısı və ixracatçısı olan Türkmənistan və Qazaxıstan bu baxımdan xüsusilə əhəmiyyətlidir.
Aİ-nin Mərkəzi Asiya üzrə strategiyası ilk dəfə 2007-ci ildə qəbul edilmiş və sonradan 2019-cu ildə yenilənmişdir. Avropa İttifaqının rəhbərləri və Mərkəzi Asiyanın beş ölkəsinin liderləri arasında ilk sammit 2025-ci ildə Özbəkistanın Səmərqənd şəhərində baş tutub. Sammitin əsas diqqəti iqtisadi əlaqələrə yönəlsə də, iqlim, mobillik və insan hüquqları sahələrində də razılaşmalar əldə edilib (the Council of the EU 2025).
Ayrı-ayrı Avropa ölkələrinin regiona marağına gəldikdə, Almaniyanın regiona olan marağı xüsusilə qeyd edilməlidir. Almaniya, “Almaniya – Mərkəzi Asiya” platformasının təşəbbüskarı olmuş və 2023-cü ildə Berlində onun ilk sammitini keçirmişdir. 2024-cü ildə Kansler Olaf Şolts Astanaya səfər edib və burada bütün Mərkəzi Asiya dövlətləri ilə platformanın ikinci sammiti keçirilib (The Astana Times 2024). Almaniya, əlavə olaraq, özbək ixtisaslı işçilərin Almaniyaya qanuni miqrasiyasını asanlaşdırmaq məqsədi daşıyan Özbəkistanla miqrasiya sazişi imzalayıb (Kun.uz 2024). Bu, bəzi Mərkəzi Asiya dövlətləri üçün miqrant işinə görə Rusiya bazarından asılılıqlarını şaxələndirmək fürsətidir. Hazırda milyonlarla mərkəzi asiyalı, xüsusən də Tacikistan, Özbəkistan və Qırğızıstandan olanlar, Rusiyada tez-tez ağır və qeyri-qanuni iş şəraitində işləyirlər (Lowy Institute 2025). Almaniyada və bütün Avropada əhalinin sürətlə yaşlanması ixtisaslı miqrantların qanuni şəkildə cəlbedilməsini zəruri edir ki, bu da yüksək demoqrafik göstəricilərə malik Mərkəzi Asiya ölkələrini cəlbedici edir. Məsələn, 2024-cü ildə 37 milyon əhalisi olan Özbəkistanda yenidoğulanların sayı birlikdə 100 milyondan çox əhaliyə malik Almaniya, Avstriya və İsveçrə kimi Avropa ölkələrinin ümumi sayından daha çox olub:
Avropada Mərkəzi Asiya ölkələrindən olan tələbələrin sayı da son illərdə nəzərəçarpacaq dərəcədə artıb. Bu da gənclərin xaricdə təhsil almaq üçün ənənəvi Rusiya universitetləri əvəzinə Avropa ölkələrini seçdiyini göstərir.
Aİ-Mərkəzi Asiya münasibətləri, xüsusən də Aİ-Mərkəzi Asiya Zirvə görüşləri insan hüquqları mövzularını gündəmə gətirməyə çalışsa da, Amnesty International (2025) regiondakı ümumi vəziyyətin narahatlıq doğurduğunu qeyd edir. Hakimiyyət orqanları media və vətəndaş cəmiyyəti üzərində sərt nəzarəti saxlayır, müxalifəti, dinc toplaşmaq və birləşmək azadlığını boğur. Təşkilat regiondakı son tendensiyaları "narahatedici" adlandırır və Avropa Birliyini insan hüquqlarının gücləndirilmiş əməkdaşlığın əsas sütunu olaraq qalmasını təmin etməyə çağırır.
Türk dünyasında Mərkəzi Asiya
Mərkəzi Asiya ölkələri müstəqilliklərini əldə etdikdən sonra regiona ən çox diqqət yetirən və davamlı təsir göstərən ölkələrdən biri də Türkiyə oldu. Bu münasibətlər xüsusilə Özbəkistan, Qazaxıstan, Qırğızıstan və qismən də Türkmənistanla TÜRKSOY, TÜRKPA və 2009-cu ildən etibarən Türk Dövlətləri Təşkilatı kimi qurumlar vasitəsilə həyata keçir. 2011-ci ildən etibarən Təşkilat müəyyən mövzular altında illik sammitlərini çağırır və burada Üzv Dövlətlərin Dövlət Başçıları ötən dövrü qiymətləndirir və növbəti illər üçün hədəflər müəyyən edirlər. Rusiyanın Ukraynanı işğal etməsinin dəyişən geosiyasi reallıqları fonunda Türk Dövlətləri Təşkilatının əhəmiyyəti də artıb. Son 5 ildə Üzv Dövlətlərin Dövlət Başçılarının iştirakı ilə keçirilən sammitlərin intensivliyi sıxlaşıb (OTS 2026). Türk Dövlətləri arasında artan inteqrasiyanın başqa bir səbəbi də onların hamısının oxşar idarəetmə modelinə - avtoritarizmə dayanan idaəçilik sistemidir. Onlar mədəni və dil yaxınlığı üzərindən demokratikləşmə təsirinə qarşı regional avtoritar birlik şəklində müqaviməti, həm də TDT formasında görürlər. Türk dünyasında dəyişən demoqrafik və iqtisadi balanslar da təşkilatın əhəmiyyətinin artmasında mühüm rol oynayır.
Beləliklə, Mərkəzi Asiya ölkələrinin müstəqilliyinin ilk illərində Türkiyənin iqtisadi, siyasi və demoqrafik cəhətdən üstünlüyü qaçılmaz idisə, hazırda xüsusilə Qazaxıstan və Özbəkistanın sürətlə artan potensialı Türkiyənin üstünlüyünü tarazlaşdırır və türk dünyasının institutlaşmasını bütün üzv ölkələr üçün daha məqbul edir.
Nəticə
Həm geosiyasi, həm də enerji resursları baxımından dünyanın ən vacib regionlarından biri olan Mərkəzi Asiya regionuna qlobal güclərin marağı sürətlə artır. Regiondakı geosiyasi rəqabət getdikcə daha da intensivləşir. Xüsusilə, əsrlər boyu regiona nəzarət etməyə çalışan Rusiyanın 2022-ci ildə başlayan Ukrayna müharibəsi nəticəsində düşdüyü çətin vəziyyət region ölkələri arasında daha çoxşaxəli geosiyasi münasibətlər üçün imkanları artırıb. Çin, Birləşmiş Ştatlar, Avropa İttifaqı və Türkiyə regionda dəyişən geosiyasi reallıqlara uyğunlaşmaq üçün kompleks diplomatik tədbirlər həyata keçirirlər.
Bununla belə, təhlillər göstərir ki, hazırda heç bir beynəlxalq güc Mərkəzi Asiya ölkələri üzərində Rusiyanı effektiv şəkildə əvəz edə biləcək dominant güc yarada bilmir. Ancaq Rusiyanın obyektiv səbəblərdən tədricən azalan geosiyasi nüfuzu digər qlobal güclər tərəfindən əvəz oluna bilər. Bu, Mərkəzi Asiya ölkələrinin çoxvektorlu xarici siyasəti və onların dünyadakı əksər ölkələri qabaqlayan iqtisadi və demoqrafik böyüməsi ilə əlaqədardır. Həmçinin, təhlil belə nəticəyə gəlir ki, bölgədə baş verən geosiyasi dəyişikliklər bölgə üçün ənənəvi olan avtoritar idarəetmə modelinin effektiv transformasiyasına səbəb olmamış, əksinə avtoritar hökumətlər yeni siyasi reallıqlara adaptasiya olunaraq, avtoritar modernləşmə istiqamətində daha da güclənirlər.
İstinadlar
Amnesty International. 2025. EU/Central Asia: Authorities must safeguard civil society space for genuine progress. https://www.amnesty.org/en/latest/news/2025/03/eu-central-asia-authorities-must-safeguard-civil-society-space-for-genuine-progress/
Bureau of National Statistics of Agency for Strategic planning and reforms of the Republic of Kazakhstan. 2026. Demographic statistics. https://stat.gov.kz/en/industries/social-statistics/demography/publications/479778/
Committee of the Republic of Uzbekistan on Statistics. 2026. Key demographic indicators. https://stat.uz/en/official-statistics/demography
East Asia Forum. 2025. Central Asia balances growth and great powers. https://eastasiaforum.org/2025/12/31/central-asia-balances-growth-and-great-powers/
East Asia Forum. 2025. China remains pivotal to Central Asia’s balancing act. https://eastasiaforum.org/2025/08/28/china-remains-pivotal-to-central-asias-balancing-act/
Euronews. 2026. Central Asia posts growth above 6% in 2025, beating advanced economies. https://www.euronews.com/business/2026/02/06/central-asia-posts-growth-above-6-in-2025-beating-advanced-economies
Eurostat. 2025. Population and population change statistics. https://ec.europa.eu/eurostat/statistics-explained/index.php?title=Population_and_population_change_statistics
German Council on Foreign Relations. 2024. Central Asia’s Shifting Regional Dynamics. https://dgap.org/en/research/publications/central-asias-shifting-regional-dynamics
Jamestown. 2025. C5+1 Summit Elevates U.S. Engagement With Central Asia. https://jamestown.org/c51-summit-elevates-u-s-engagement-with-central-asia/
KharCenter. 2025. The Evolution of Authoritarianism in Uzbekistan: Authoritarian Modernization. https://kharcenter.com/en/publications/the-evolution-of-authoritarianism-in-uzbekistan-authoritarian-modernization
Kun.uz. 2024. President Mirziyoyev and German Chancellor Scholz sign migration agreement to facilitate legal migration. https://kun.uz/en/news/2024/09/16/president-mirziyoyev-and-german-chancellor-scholz-sign-migration-agreement-to-facilitate-legal-migration
Lowy Institute. 2025. What explains Europe’s interest in Central Asia. https://www.lowyinstitute.org/the-interpreter/what-explains-europe-s-interest-central-asia
National Statistical Committee of the Kyrgyz Republic. 2026. Population. https://www.stat.gov.kg/en/opendata/category/4/
Tajikistan National Data Archive. 2026. National Data Archive. http://nada.stat.tj/index.php/home
The Astana Times. 2024. German Chancellor Scholz’s Visit to Kazakhstan, First in Decades, Deepens Ties with Central Asia Nations. https://astanatimes.com/2024/09/german-chancellor-scholzs-visit-to-kazakhstan-first-in-decades-deepens-ties-with-central-asia-nations/
The Astana Times. 2025. Central Asia Breaks Tourism Records as Regional Travel Surge Accelerates. https://astanatimes.com/2025/12/central-asia-breaks-tourism-records-as-regional-travel-surge-accelerates/
The Council of the EU. 2025. First EU-Central Asia summit, 4 April 2025. https://www.consilium.europa.eu/en/meetings/international-summit/2025/04/04/
The Economic Times. 2023. China’s grand designs in resource rich Central Asia face local ire. https://economictimes.indiatimes.com/news/international/world-news/chinas-grand-designs-in-resource-rich-central-asia-face-local-ire/articleshow/99535121.cms
The International Institute for Strategic Studies (IISS). 2023. The first China-Central Asia Summit. https://www.iiss.org/publications/strategic-comments/2023/the-first-china-central-asia-summit/
The Moscow Times. 2022. Ukraine War Strains Ties Between Kazakhstan and Russia. https://www.themoscowtimes.com/2022/06/24/ukraine-war-strains-ties-between-kazakhstan-and-russia-a78100
The Statistical Agency under President of the Republic of Tajikistan. 2026. Results of Population Census and Housing. https://www.stat.tj/en/population-and-housing-census/
Observer Research Foundation (ORF). 2023. C+C5 Summit: Beijing’s increasing shadow over Central Asia. https://www.orfonline.org/expert-speak/cc5-summit-beijings-increasing-shadow-over-central-asia
Organization of Turkic States. 2026. Organization of Turkic States. https://turkicstates.org/en/organization-of-turkic-states
Pomfret, R. 2025. Central Asia - Russia’s Near Abroad or Crossroads of Asia? Cambridge: Cambridge University Press.
Radio Free Europa. 2024. Russia Goes NGO-Hunting In Central Asia, Where NGOs Have Enough Problems. https://www.rferl.org/a/russia-ngo-hunting-central-asia/32854969.html
State Committee of Turkmenistan on Statistics. 2022. Results of the complete population and housing census of Turkmenistan 2022. https://www.stat.gov.tm/en/population-census
Statista. 2025a. Growth in real gross domestic product (GDP) in Central and Eastern Europe (CEE) and Central Asia from 2023 to 2026, by territory. https://www.statista.com/statistics/1301827/cee-and-central-asia-gdp-growth-war-in-ukraine/?srsltid=AfmBOop09hy9yc3CUXfMKmQvTLGqCjqmIvDGfj8B7Cb_6NYC0tNHr-9e
Statista. 2025b. The State of Global Fertility. https://www.statista.com/chart/16058/total-fertility-rate/?srsltid=AfmBOoozpLV37iGzMTrM6ujVIlATmozZ49dJgZLoCcsxcR6VkAYHQsyE
UNICEF. 2026. Country Profiles. https://data.unicef.org/country/
United Nations (UN). 2025. World Fertility 2024. https://www.un.org/development/desa/pd/sites/www.un.org.development.desa.pd/files/undesa_pd_2025_wfr_2024_final.pdf
Visual Capitalist (VC). 2026. Who’s Powering Global Economic Growth in 2026? https://www.visualcapitalist.com/who-is-powering-global-economic-growth-in-2026/
World Bank. 2024. GDP (current US$) - Kazakhstan, Uzbekistan, Turkmenistan, Kyrgyz Republic, Tajikistan. https://data360.worldbank.org/en/indicator/WB_WDI_NY_GDP_MKTP_CD?view=trend&country=KAZ%2CUZB%2CTKM%2CKGZ%2CTJK&minYear=2000
World Health Organization. 2026. Countries Data. https://data.who.int/countries
Yamaguchi, Shinji. 2026. China’s Diplomacy in Central Asia: The Logic of Internal Politics Coupled with the Logic of Great Power Competition. Journal of Contemporary East Asia Studies, January, 1–23. doi:10.1080/24761028.2026.2619803.