23 noy 2026

Azərbaycanda vətəndaş cəmiyyətinin hüquqi mühitində yeni məhdudlaşdırıcı mexanizmlər: Total nəzarət sistemi

Azərbaycanda vətəndaş cəmiyyətinin hüquqi mühitində yeni məhdudlaşdırıcı mexanizmlər: Total nəzarət sistemi

(Yazı “Khar Center”in Azərbaycan avtoritarizmi araşdırmaları çərçivəsində hazırlanıb)

Giriş

Azərbaycandakı siyasi rejim beynəlxalq indekslərdə tam konsolidasiya olunmuş avtoritarizm kimi qiymətləndirilir. “Freedom House” təşkilatının 2026-cı il hesabatında ölkə 100 baldan cəmi 6 bal toplayıb, siyasi hüquqlar üzrə göstəricisi isə 0-dır. Hesabata görə, hakimiyyət 2003-cü ildən prezident olan İlham Əliyevin və onun böyük ailəsinin əlində cəmləşib (Freedom House 2026). 

“Khar Center”in əvvəl dərc etdiyi “Azərbaycan avtoritarizminin sabitlik və legitimlik mexanizmi” tədqiqat yazısında da Azərbaycan avtoritarizmi qorxu ilə təhlükəsizliyin tandemi kimi təsnif edilib və Azərbaycan misalında  müstəsna “avtoritar qarışıq model”in meydana gəldiyi qeyd olunub (Elman Fattah, 2025). 

Azərbaycan avtoritarizminin fərqli cəhətlərindən biri də repressiyaya hüquqi don geyindirilmə cəhdidir. Yəni qanun Azərbaycanda hakimiyyəti məhdudlaşdırmır, əksinə onun alətinə çevrilir. Başqa sözlə, “hüququn aliliyi” yerini “hüquq vasitəsilə idarəetmə”yə verir. Bakı Araşdırmalar İnstitutunda dərc olunmuş təhlilə görə də, dövlət reaktiv və qeyri-ardıcıl təqiblərdən sistemli və hüquqi əsaslı siyasi repressiyaya keçib (Nijat Mammadbayli, 2025). Müxalifət partiyaları və müstəqil media, QHT sektoru– hər biri mərhələli şəkildə sıradan çıxarılıb.

Bu analizin məqsədi QHT qanunvericiliyini məhz bu kontekstdə, rejimin özünü təkrar istehsal etmə mexanizmlərindən biri kimi təhlil etməkdir.

16 noyabr 2026-cı ildə Milli Məclisin plenar iclasının gündəliyinə QHT qanununa yeni dəyişikliklər daxil edilməsi xəbərləri yayılıb. Bundan əvvəl 2025-ci ilin iyul–avqust dəyişiklikləri ilə Azərbaycanda QHT-lərin xarici maliyyə ilə xidmət göstərməsi və iş görməsi də əvvəlcədən dövlət qeydiyyatından asılı edilib (HRW, World Report 2026). Bununla da 2014-cü ildə qrantlar üçün qurulmuş icazə rejimi QHT-nin maliyyə dövriyyəsinin bütün formalarını əhatələmiş olur.

“Khar Center”in analitik qrupu tərəfindən hazırlanan bu məqalənin əsas tezisi belədir: son 15 ildə qəbul edilən normalar rəsmi olaraq "şəffaflıq", "hesabatlılıq" və "çirkli pulların yuyulmasına qarşı mübarizə" ilə əsaslandırılır. Qanuna olan son dəyişikliklərlə isə QHT-nin yaranmasından ləğvinə qədər bütün mərhələlərdə səlahiyyət icra hakimiyyətinə keçir. 

Tənzimləmə ilə nəzarət arasındakı fərq normanın məqsədində deyil, onun tətbiq mexanizmindədir. Qayda aydın, proporsional və məhkəmə nəzarətinə açıq olanda tənzimləmədir. Qərar inzibati orqanın əsassız, şərh edilməyən və mübahisələndirilə bilməyən mülahizəsinə buraxılanda isə nəzarətdir.

Bəri başdan qeyd edək ki, xarici maliyyənin qeydiyyatı yalnız Azərbaycana xas məsələ deyil. Bir çox demokratik dövlətlərdə də şəffaflıq tələbləri mövcuddur. Buna görə də bizim arqumentimiz yalnız "qeydiyyat tələbi"nə yox, əsas üç əlamətin birlikdə mövcudluğuna əsaslanır:

1.     Fəaliyyətin yalnız hüquqi icazəyə bağlı olması, qeydiyyatsız fəaliyyətin qadağan edilməsi;

2.     İmtina əsaslarının qeyri-müəyyənliyi və icra orqanının geniş diskresiyası;

3.     Pozuntu varsa belə, onun inzibatiliyinin cinayət təqibinə daşınması.

Məqalə bu üç əlamətin 2023–2026-cı illərdə necə tamamlandığını göstərir, 2023-2024-cü illərdə vüsət alan geniş repressiya dalğasından əvvəlki dövrlərdəki dəyişikliklərin təhlilinə də yer ayırır.

Qadağa rejiminin qat-qat qurulması

Mövcud mexanizm birdən ortaya çıxmayıb. Baş verənlər 2013–2014-cü illərdə qrantlara nəzarət memarlığının məntiqi davamıdır. Hər mərhələdə QHT-lərin istifadə etdiyi alternativ maliyyə kanalı növbəti dəyişikliklə bağlanıb. Əvvəl qrantlar, sonra xidmət müqavilələri.

Bu ardıcıllıq tezisin mərkəzi sübutudur. 2014-cü il dəyişikliklərindən sonra bir çox təşkilat xarici vəsaiti qrant deyil, xidmət müqaviləsi formasında almaqla 2023-cü ilə qədər fəaliyyətini davam etdirirdi. 2025-ci il dəyişikliyi məhz bu kanalı qanuni olaraq bağladı. Bu qanunla məqsəd faktiki susdurulmuş demokratiyayönümlü qrupların, əslində son qanuni maliyyə yolunu bağlamaq idi (OC Media, 2026).

Normativ nəzarətdən cinayət təqibinə keçid

Qanunvericiliyin əvvəlki dövrlərdə sərtləşdirilməsi 2023-cü ildən etibarən kütləvi cinayət işləri müstəvisinə daşındı. Ancaq yenə də ittihamlar QHT qanununa istinad etmədən (hələ də müstəqil QHT-lərin fəaliyyətini QHT qanuna əsasən cinayət kimi tövsif etmək mümkün deyildi) birbaşa Cinayət Məcəlləsinin 206-cı (qaçaqmalçılıq) və 192-ci (qanunsuz sahibkarlıq) maddələri ilə verildi. 

Silsilə 2023-cü ilin noyabrında “Abzas Media” ilə başladı. Bundan sonra 6 mart 2024-cü ildə DİN “Toplum TV”-nin və Demokratik Təşəbbüslər İnstitutunun (İDİ) ofislərinə basqın etdi. Əməkdaşlara, əvvəlcə 206.3.2-ci maddə ilə ittiham verildi, sonra ittihamlar daha da genişləndirildi. Ittihamlar “Toplum TV”, İDİ, “Fakt Yoxla” və Üçüncü Respublika Platformasının donor vəsaiti ilə “mütəşəkkil cinayətkar qrup” kimi fəaliyyət göstərməsi formasını salındı. 27 iyul 2026-cı ildə Bakı Ağır Cinayətlər Məhkəməsi “Toplum TV” işi ilə bağlı doqquz nəfəri 12 ildən 15 ilədək azadlıqdan məhrum etdi. “Human Rights Watch” bunu müstəqil jurnalistikaya qarşı kampaniyanın başlanğıcından bəri ən ağır hökm adlandırdı (HRW, 2026). 

“Meydan TV” işi 2024-cü ilin dekabrında altı jurnalistin valyuta qaçaqmalçılığı ittihamı üzrə tutulması ilə başladı. 2025-ci ilin avqustunadək həbs olunanların sayı 11-ə çatdı, sonra 12-yə yüksəldi. Paralel olaraq QHT sektoru da hədəfə alındı. 2023-2026-cı illər ərzində həbs edilənlərin  sayı davamlı olaraq artdı. Bu təqiblərin cədvəldəki məntiqlə birbaşa əlaqəsi var. Hədəfə alınan təşkilatlar əsasən “xidmət müqavilələri” ilə fəaliyyət göstərirdi. Məhkəmə müzakirələrinin də mövzusu “qanunsuz müqavilələr” bağlamaq və vəsaiti qrant kimi deyil, şəxsi gəlir kimi almaq idi.  Beləliklə, 2025-ci il dəyişikliyi ilə inzibati qaydada bağlanan kanal faktiki geriyə doğru cinayət təqibinə çevrilmiş oldu (İRFS, 2025).  Bu hal Avropa İnsan Hüquqları Konvensiyasının 7-ci maddəsi ilə birbaşa ziddiyyət təşkil edir. Həmin maddəyə görə, heç kim törədildiyi vaxt milli və ya beynəlxalq hüquqa görə cinayət sayılmayan əmələ görə məsuliyyətə cəlb edilə bilməz. Bundan əlavə, 7-ci maddə cinayət hüququ normalarının şəxsin əleyhinə genişləndirici şərh edilməsini də qadağan edir. 

Beləliklə, 2025–2026-cı illərdəki dəyişikliklər dörd istiqamətdə nəzarəti tamamlayır: maliyyə mənbəyi, bank əməliyyatı, fəaliyyətin dayandırılması və təşkilati formanın özü.

Xidmət müqavilələrinin icazə rejiminə salınması (iyul 2025)

Milli Məclis 8 iyul 2025-ci ildə üçüncü oxunuşda dəyişiklikləri qəbul etdi, qanun 1 avqustda qüvvəyə mindi. Artıq xarici maliyyə mənbəyi hesabına, dövlət qeydiyyatından keçməmiş xidmət göstərmək, iş görmək və bu müqavilə üzrə bank əməliyyatı aparmaq qadağandır (Kavkaz-uzel, 2025b). 

Burada əsas yenilik bank sistemi vasitəsilə avtomatik bloklamadır: müqavilə qeydə alınmayıbsa, pul fiziki olaraq hərəkət etmir. Hakimiyyət müqaviləni rədd etməyə də ehtiyac duymur, sadəcə qeydiyyatı gecikdirmək kifayətdir.

Dövlət dəstəyinin mərkəzləşdirilməsi (dekabr 2025)

29 dekabr 2025-ci il fərmanı ilə QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsindən qrant verən digər qurumlarla (Gənclər Fondu, KİBİA, Sosial Xidmətlər Agentliyi) birlikdə maliyyələşdirməni "vahid pəncərə" prinsipi ilə həyata keçirəcək. Agentlik yeni informasiya sisteminin sahibi və operatoru olur. Ertəsi gün təsdiqlənən Müşahidə Şurasına Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinin və Maliyyə Nazirliyinin müvafiq departamentinin rəhbərləri daxil edildi (Azernews, 2025). 

Beləliklə, Xarici maliyyə kanalları tamamilə bağlandıqdan sonra QHT-lər üçün yeganə qanuni maliyyə mənbəyi olaraq dövlət büdcəsi qalır. QHT-nin qeydiyyatını aparan nazirliyin əməkdaşı eyni zamanda maliyyə verən qurumun nəzarət orqanında oturursa, təşkilatın hüquqi mövcudluğu ilə maliyyə imkanı bir inzibati dövrəyə bağlanmış olur.

Dayandırma və ləğv: məhkəmədən icra orqanına 

16 noyabr 2026-cı ildə Milli Məclisin plenar iclasının gündəliyinə daxil edilən QHT qanununa yeni dəyişikliklər layihəsinin açıq mənbələrdə hansı oxunuşda olduğu göstərilmir (Trend, 2026). Mövcud qanuna görə, QHT-nin fəaliyyəti yalnız məhkəmə qərarı ilə bir ilədək dayandırıla bilər . Yeni layihə bu səlahiyyəti müvafiq icra hakimiyyəti orqanına, həm də ləğv etmə haqqı ilə verir və dörd yeni əsas əlavə edir:

•      fəaliyyətin şəffaflığının təmin edilməməsi;

•      korrupsiya, çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsinə qarşı tədbirlərin görülməməsi;

•      xarici QHT filialı ilə sazişin müddətinin bitməsi;

•      rəhbər orqanın səlahiyyət müddəti bitdikdən sonra 3 ay ərzində dövlət reyestrində dəyişiklik edilməməsi.

Vaxtından əvvəl bərpa da icra orqanına keçir: məhkəmənin iştirakı və təşkilat üzvlərinin müraciəti haqqında müddəa ləğv edilir.

Eyni layihə ictimai birliklərin növlərini (peşə, sosial-humanitar, mədəniyyət, təhsil və elm, ekologiya, hüquq, iqtisadi və qanunla müəyyən edilən digər növlər) qeyd edir. Hər təşkilat yalnız bir növdə yaradıla bilər. Praktikada bu o deməkdir ki, hər təşkilat bir tematik sahəyə bağlanır və həmin sahədən kənara çıxan istənilən fəaliyyəti, məsələn, təhsil sahəsində qeydiyyatdan keçmiş birliyin məhkəmə monitorinqi və ya insan hüquqları hesabatı hazırlamasını, nizamnamədən kənar fəaliyyət kimi xəbərdarlığa, dayandırılmaya və ya ləğvə əsas göstərmək mümkün olur. Bir neçə istiqamətdə işləyən təşkilatlar ya birini seçmək, ya da hər istiqamət üçün ayrıca qurum qeydiyyatdan keçirmək məcburiyyətində qalacaq. 
Fondların minimum nizamnamə kapitalı isə 10 000 manatdan 100 000 manata qaldırılır (Meydan TV, 2026).

Təhlil 

Noyabr 2026 layihəsi qəbul olunarsa, QHT-nin həyat dövrünün bütün mərhələlərində ilkin qərar vermək səlahiyyəti icra hakimiyyətinə veriləcək. Səlahiyyətlər qədər genişdir ki, ləğv etmə prosesində məhkəmənin rolu formal təsdiqləmə səviyyəsinə enir.

Struktur problemlər

 Qeyri-müəyyən anlayışlar. "Fəaliyyətin şəffaflığı" nə hesabat forması ilə, nə də ölçülə bilən meyarla təyin olunmur. Bu, hər hansı təşkilatı dayandırmaq üçün universal əsas yaradır. AHİM hələ 2014-cü ildə "İslam-İttihad" işində xəbərdarlıqlarda qadağan olunmuş fəaliyyətin aydın tərifinin olmamasını birləşmə azadlığının pozulması hesab etmişdi (HUDOC, 2014).

Ardıcıl tələ (cascade). Dayandırma dövründə "hər hansı fəaliyyət" ləğv əsasıdır. Pozuntunu aradan qaldırmaq üçün isə çox vaxt hesabat, yığıncaq, reyestrə dəyişiklik kimi fəaliyyət lazımdır. Layihə bir sıra istisnalar (“məcburi dövlət ödənişlərinin, cərimələrin, mövcud mülki-hüquqi və əmək müqavilələri üzrə ödənişlərin”, “fəaliyyəti nəticəsində dəymiş ziyanın ödənilməsi”, “müvafiq icra hakimiyyəti orqanının xəbərdarlıq və göstərişində qeyd olunan pozuntuların aradan qaldırılması” ilə bağlı hərəkətlər) nəzərdə tutsa da, dayandırılmış təşkilatın proqram işini davam etdirməsi birbaşa ləğvə aparır.

Maliyyə tələblərinin cinayət təqibinə çevrilməsi. 2023–2026-cı illərdəki "QHT və Media işləri" göstərir ki, qrantın qeydiyyatı, vergi və sənədləşdirmə məsələləri çirkli pulların yuyulması və saxtakarlıq ittihamlarına çevrilir. ABŞ Dövlət Departementinin 2024-cü il üzrə hesabatına görə hələ 2024-cü ilin sonuna ən azı 40 nəfər şəxs məhz bu ittihamlarla həbsə atılıb (State.gov, 2025).

Nəticədə QHT fəaliyyəti faktiki olaraq kriminallaşdırılıb. Hər hansı müstəqil fəaliyyətin nəticəsi artıq real həbsdir.

Beynəlxalq standartlar baxımından qiymətləndirmə

Azərbaycanın beynəlxalq öhdəlikləri (Avropa İnsan Hüquqları Konvensiyasının (İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası) 11-ci maddəsi, Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktın (BMT-nin 1966-cı il tarixli Paktı) 22-ci maddəsi ) birləşmə azadlığına müdaxiləni üç şərtlə icazəli sayır: qanunla nəzərdə tutulma, legitim məqsəd və demokratik cəmiyyətdə zərurilik. 

Venesiya Komissiyası 2011 və 2014-cü illərdə Azərbaycanın QHT qanunu barədə iki rəy qəbul edib. 2014-cü il rəyi (CDL-AD(2014)043) məhz qrantların qeydiyyatı və xarici QHT-lərlə bağlı dəyişikliklərdən sonra, 12–13 dekabr 2014-cü ildə qəbul olunub. Komissiya yekunda qeyd edib ki, bu sərt tələblərin məcmu təsiri Azərbaycanda QHT-lərin fəaliyyətini daha da məhdudlaşdırır və vətəndaş cəmiyyətinə “çəkindirici təsir” (chilling effect) göstərə bilər (Venesiya Komissiyası, 2014). 2025–2026-cı il dəyişiklikləri barədə Komissiyanın yeni rəyi açıq mənbələrdə yoxdur.

 Avropa İnsan Haqları Məhkəməsi. Hökumət “Mehman Əliyev və başqaları Azərbaycana qarşı” işində 12, “Abdullayev və başqaları Azərbaycana qarşı” işində 13 olmaqla, ümumilikdə 25 təşkilatın qeydiyyatdan imtina ilə bağlı AHİM-ə müraciətini uduzub (CSO Meter, 2021).

 FATF (Financial Action Task Force) Tövsiyə 8. Hökumətin başlıca əsaslandırması olan AML/CFT standartları 2023-cü ildə dəyişdirilib. FATF açıq şəkildə bildirir ki, Tövsiyə 8 bir çox ölkədə QHT-lərə qarşı sui-istifadə olunub (FATF, 2023).

 BTI–Bertelsmann Stiftung’s Transformation Indexin (Bertelsmann Fondunun Transformasiya İndeksi) 2026 hesabatı bu məhdudiyyətlərin bir çox beynəlxalq donorun ölkədən çıxmasına gətirib çıxardığını vurğulayır (BTI, 2026).

Əks-arqumentlər və onların sınağı

Tezisin inandırıcı olması üçün hökumətin ən güclü arqumentlərini yoxlayaq: 

Nəticə  

Azərbaycanda QHT-lərin tənzimlənməsi artıq qapalı inzibati çevrədir. Yaranma, maliyyələşmə, bank əməliyyatı və yoxlama icra orqanının təsdiqindən asılıdır. Noyabr 2026 layihəsi qəbul olunarsa, dayandırma və bərpa da bu çevrəyə qoşulacaq. Qısa desək, QHT yaranması və faəliyyəti ümumən qadağan olunmuş mühitdə, yenə də hər mərhələdə icazədən asılı "müstəqil təşkilat" statusu daşımış olur.

Beləliklə, QHT qanunvericiliyinin təkamülü Azərbaycan avtoritarizminin ümumi məntiqini kiçik miqyasda əks etdirir. Rejim cəmiyyəti aydın və qəti qadağalar əvəzinə, icazə kimi təqdim olunan qadağalar vasitəsilə idarə edir. Formal olaraq sanki qadağan edilmir, amma hər addım icra orqanının razılığından asılıdır. Bu model iki funksiyanı eyni vaxtda yerinə yetirir. Ölkə daxilində müstəqil təşəbbüsün maliyyə və hüquqi əsasını tamamilə sıfırlayır. “Şəffaflıq” və “FATF öhdəlikləri”ni isə  beynəlxalq tənqidə qarşı hüquqi sipər kimi istifadə edir. 

Bu, o deməkdir ki, siyasi dəyişiklik olmadan Azərbaycanda hüquqi islahat mümkün görünmür. 

Çünki problem yalnız mürtəce qanunlarda deyil–onları tətbiq edən hakimiyyətin təbiətindədir. Buna görə də beynəlxalq aktorların məqsədi qanunun mətnini düzəltmək yerinə, rejimi beynəlxalq legitimlikdən məhrum etmək və bu cür qanunlardan zərər çəkmiş siyasi məhbusları müdafiə etmək olmalıdır. Bu kontekstdə üç əsas addım önəmlidir: 

İlk addım: Avropa Şurası Venesiya Komissiyasından noyabr 2026 layihəsi ilə bağlı təcili rəy istəməli və komissiyanın fikrini icra prosesinə inteqrasiya etməlidir. 2014-cü il rəyinin qəbul edilməsi zamanı Komissiyanın Bakıya səfəri ləğv olunmuşdu. Bu səbəbdən, yeni rəyin dəyərini hökumətlə aparılan dialoqla deyil, rəsmi hüquqi qiymətləndirmə ilə müəyyən etmək daha məqsədəuyğundur. Nazirlər Komitəsi həmin qiymətləndirməni Məmmədli qrupunun işlərinin icrasıyla əlaqələndirməlidir. Bu fəaliyyətlər Avropa İnsan Haqları Məhkəməsinin “vətəndaş cəmiyyəti fəallarının cinayət hüququndan sui-istifadə yolu ilə həbsi” nəticəsinə əsaslanır. 2023–2026-cı il dövründəki təqiblər də tamamilə eyni modeli izləyir. İlqar Məmmədovun işində olduğu kimi, 46 § 4-cü maddə üzrə icraatın bərpası da müzakirəyə salınmalı seçimdir. 

İkinci addım: MONEYVAL növbəti təqib hesabatında R.8 reytinqini 2025-2026-cı il dəyişiklikləri kontekstində yenidən dəyərləndirməlidir. FATF-in 2023-cü il üçün yenilənmiş 8-ci tövsiyəsi, QHT-lərə tətbiq olunan tədbirlərin risk əsaslı və mütənasib olmasını, eyni zamanda onların qanuni fəaliyyətini pozmamasını tələb edir. Xarici maliyyəni icazə sisteminə daxil edən və qeydiyyatsız əməliyyatları cinayət məsuliyyətinə gətirən yanaşma bu tələbləri yerinə yetirmir. AML/CFT çərçivəsi qeyri-hökmət təşkilatlarının bağlanması məqsədi ilə istifadə edilirsə, MONEYVAL bu məsələni hesabatında açıq şəkildə izah etməlidir. Əks halda, beynəlxalq standartların tətbiqi repressiyanın legitimləşdirilməsinə töhfə vermiş olur.

Üçüncü addım: AB və donorlar tərəfdaşlarından Azərbaycanın mürtəce qanunvericiliyinə uyğunluq tələb etməməli, bununla bağlı hüquqi riskləri öz üzərilərinə götürməlidir. Burada əsas vasitələr aşağıdakılardır: həbsdə olan QHT nümayəndələri üçün hüquqi müdafiə fondları, xaricdə fəaliyyət göstərən təşkilatlara davamlı institusional dəstək, həmçinin AB və Azərbaycan arasındakı əməkdaşlığın (enerji sahəsı də daxil olmaqla) gündəmində QHT qanununun və siyasi məhbusların, ümumilikdə insan haqqlarının spesifik bir şərt kimi mövcudluğu. Donorlar, həmçinin əvvəlki qrant və xidmət müqavilələrinin hazırda cinayət işlərində dəlil olaraq istifadə olunduğunu qeyd etməli və bu məlumatı Avropa Şurası ilə BMT mexanizmlərinə ötürməlidirlər.


Qeyd: Oxuduğunuz yazı orijinal olaraq Azərbaycan dilində yazılmışdır.


İstinadlar: 

Freedom House. 2026. “Azerbaijan: Freedom in the World 2026 Country Report.” Accessed November 18, 2026. https://freedomhouse.org/country/azerbaijan/freedom-world/2026. 

Elman Fattah, 2025. The Stability and Legitimacy Mechanism of Azerbaijani Authoritarianism. https://kharcenter.com/en/publications/the-stability-and-legitimacy-mechanism-of-azerbaijani-authoritarianism 

Nijat Mammadbayli, 2025. From Reactive Oppression To Codified Authoritarianism. https://bakuresearchinstitute.org/en/from-reactive-oppression-to-codified-authoritarianism/ 

 HRW, World Report,  2026. Azerbaijan

Events of 2025.  https://www.hrw.org/world-report/2026/country-chapters/azerbaijan 

APA, 2026. QHT-lərin ləğvinə dair yeni şərtlər müəyyənləşir. https://apa.az/social/qht-lerin-legvine-dair-yeni-sertler-mueyyenlesir-1014258 

Azernews, 2025. Azerbaijan improving activities of Agency for State Support to NGOs - decree.https://www.azernews.az/nation/252327.html 

  Kavkaz-uzel, 2025a. Azerbaijan tightens conditions for foreign funding of NGOs. https://amp.eng.kavkaz-uzel.eu/articles/66938 

CSO Meter, 2023. Brief analysis of the law “On the fight against the legalization of property obtained through crime and the financing of terrorism” and amendment law to the article 598 of the Code of Administrative Offenses entered into force on January 31, 2023.  https://csometer.info/sites/default/files/2023-02/Brief%20analysis%20AZ%20CT%20AML%20law%20Jan%202023.pdf  

  OC Media, 2026. Azerbaijan introduces fines for receiving unregistered grants. https://oc-media.org/aliyev-names-state-bodies-in-charge-of-investigating-unregistered-grants/ 

İRFS, 2025. AZERBAIJAN HUMAN RIGHTS REPORT The Institutionalization of Totalized Control. https://www.irfs.org/wp-content/uploads/2026/04/Az-2025-report.pdf 

HRW, 2026. Azerbaijan Jails Prominent TV Journalists, Media Workers. https://www.hrw.org/news/2026/07/29/azerbaijan-jails-prominent-tv-journalists-media-workers 

  Kavkaz-uzel, 2025b. Azerbaijan tightens conditions for foreign funding of NGOs. https://amp.eng.kavkaz-uzel.eu/articles/66938 

Azernews, 2025. Azerbaijan approves new composition of Supervisory Board of Agency for State Support to NGOs - decree. https://www.azernews.az/nation/252390.html 

Trend, 2026. QHT-lərin fəaliyyətinin vaxtından əvvəl bərpası qaydası dəyişdirilir. https://az.trend.az/azerbaijan/gundem/4246866.html 

Meydan TV, 2026. Azərbaycanda QHT-lərin fəaliyyətinin dayandırılması və ləğvi üçün yeni əsaslar təklif olunur. https://www.meydan.tv/az/article/az%C9%99rbaycanda-qht-l%C9%99rin-f%C9%99aliyy%C9%99tinin-dayandirilmasi-v%C9%99-l%C9%99gvi-ucun-yeni-%C9%99saslar-t%C9%99klif-olunur/ 

HUDOC, 2014. CASE OF ISLAM-ITTIHAD ASSOCIATION AND OTHERS

v. AZERBAIJAN. https://hudoc.echr.coe.int/eng#{%22itemid%22:[%22001-147866%22  

State.gov, 2025. 2024 Country Reports on Human Rights Practices: Azerbaijan. https://www.state.gov/reports/2024-country-reports-on-human-rights-practices/azerbaijan/ 

 Venesiya Komissiyası, 2014. Opinion on the Law on non-governmental Organisations (Public Associations and Funds) as amended of the Republic of Azerbaijan, adopted by the Venice Commission at its 101st Plenary Session (Venice, 12-13 December 2014).https://www.coe.int/en/web/venice-commission/-/cdl-ad-2014-043-e 

   CSO Meter, 2021. Azerbaijan: European Court of Human Rights declares the refusal to register 25 NGOs illegal. https://csometer.info/updates/azerbaijan-european-court-human-rights-declares-refusal-register-25-ngos-illegal 

FATF, 2023. Mitigating the Unintended Consequences of the FATF Standards. https://www.fatf-gafi.org/en/publications/Financialinclusionandnpoissues/Unintended-consequences-project.html 

BTİ, 2026. Azerbaijan Country Report 2026. https://bti-project.org/en/reports/country-report/AZE 

Bell icon

Ən son yeniliklərdən xəbərdar olmaq üçün bülletenimizə abunə olun

Etibarlı e-poçt ünvanı təqdim edin