12 avq 2026

Azərbaycanda repressiya bürokratiyası

Azərbaycanda repressiya bürokratiyası



(Yazı “Khar Center”  tərəfindən Azərbaycan avtoritarizmi araşdırmaları çərçivəsində hazırlanıb)

Giriş

Avropa Komissiyasının sədri Ursula von Der Leyen Azərbaycana son dövrlərdə sıxlaşan  səfərlərinin iyulun əvvəllərinə təsadüf edən daha birini həyata keçirməzdən əvvəl həbsdəki jurnalistlərdən, siyasi məhbuslardan və fəallardan məktublar aldı. Məktublardakı çağırış eyni idi: Azərbaycan avtoritarizminin məhbusları von Der Leyendən İlham Əliyevlə sadəcə enerjidən, ticarətdən deyil, bir vaxtlar Avropa İttifaqının əsas dəyərini müəyyən edən məsələdən - insan haqları və demokratiyadan da danışmasını istəyirdilər (OC Media, 2026). Avropa Parlamentinin insan haqları komitəsinin sədri Munir Saturi də Avropa Komissiyası sədrinə bənzər çağırış etdi - Azərbaycandakı siyasi məhbusların, medianın, vətəndaş cəmiyyətinin və müxalifətin vəziyyətini ən yuxarı səviyyədə gündəliyə gətirmə çağırışı (2Eu.Brussels, 2026). 

Ursula von der Leyen isə İlham Əliyevlə görüşündə bu məsələlərdən danışdı, ya yox - bunu kimsə bilmir, amma ictimaiyyətə verilən açıqlamalarda bu müraciətlər heç edilməmiş  kimi davrandı. Qaldırılan mövzuları, dünyanın ən problemsiz, ən demokratik ölkəsindəymiş kimi yox sayıb Cənubi Qafqazda nəqliyyat, enerji və rəqəmsal əlaqələr üçün 200 milyon avroluq qrant ayırdıqlarından danışdı, Aİ-Azərbaycan Bağlantı tərəfdaşlığının başlamasını təklif etdi, Bakıda Regional Bağlantı Sərmayə Konfransının keçirilməsi üçün işləyəcəklərini bildirdi, sülh quruculuğu üçün pul ayırdıqlarını dedi və Rusiya-Ukrayna müharibəsindən sonra xüsusilə güclənən “enerji evliliyini” uğur hekayəsi kimi təqdim edərək İlham Əliyevə növbəti təşəkkürünü etdi (EC, 2026).  Halbuki tam da o günlərdə “Amnesty İnternational” 300-dən çox insanın həbsdə olduğu Azərbaycanla bağlı hesabatında bunları bildirirdi:  “2013-cü ildə qanunvericilik aktlarına edilən dəyişikliklər Azərbaycanda vətəndaş məkanının faktiki olaraq dağıdılmasının başlanğıcını qoydu. Həmin ildən bəri Azərbaycan hakimiyyəti müstəqil vətəndaş cəmiyyətini ardıcıl şəkildə sıradan çıxarıb: yüzlərlə hüquq müdafiəçisi, fəal, jurnalist və siyasi opponent siyasi motivli ittihamlarla həbs edilib, bir çoxları isə ölkəni tərk etməyə məcbur qalıb. Bu repressiya artıq Azərbaycanın sərhədləri daxilində qalmır. “Amnesty International” hökuməti tənqid edən və xaricdə yaşayan şəxslərə — jurnalistlərə, hüquq müdafiəçilərinə, fəallara və hökumət tənqidçilərinin ailə üzvlərinə qarşı getdikcə genişlənən repressiya kampaniyasını sənədləşdirib…Bu tədbirlər ifadə azadlığı, birləşmək azadlığı, dinc toplaşmaq hüququ, ədalətli məhkəmə araşdırması hüququ və hərəkət azadlığı da daxil olmaqla insan hüquqlarına qarşı genişmiqyaslı və ağır hücum xarakteri daşıyır” (Amnesty İnternational, 2026). 

“Amnesty İnternational”ın hesabatında da vurğulandığı kimi - Azərbaycan uzun illərdir repressiya ayrı-ayrı faktlardan, hadisələrdən, pozuntulardan ibarət deyil, koordinasiyalı dövlət idarəetmə prosesidir. Azərbaycan avtoritarizmi repressiv bürokratiya üzərində bərqərar olub və bu, xüsusilə Qərbin İlham Əliyev rejiimi ilə münasibətlərinin dramatik şəkildə loyallaşmasından sonra vüsət alıb. 

“KHAR Center” bu analizində Azərbaycanın repressiv sisteminin bürokratiyasına nəzər salacaq, “Azərbaycanda repressiya ayrı-ayrı hüquq pozuntularından dövlət idarəçiliyinin institusionallaşmış, bürokratik və hibrid mexanizminə kimi necə işləyir?” sualını cavablamağa çalışacaq.

KONSEPTUAL ÇƏRÇİVƏ  

Ən populyar izahıyla repressiya dövlətin ərazi yurisdiksiyası daxilində bir şəxsə və ya təşkilata qarşı faktiki və ya təhdid formasında fiziki sanksiyalardan istifadə etməsidir. Bu cür sanksiyaların məqsədi hədəfə müəyyən xərc yaratmaq, həmçinin hökumət nümayəndələrinə, praktikalarına və ya institutlarına qarşı çağırış kimi qəbul edilən konkret fəaliyyətləri və/və ya inancları çəkindirməkdir (Goldstein, 1978).  Əksər yanaşmalara görə, repressiya daha çox dövlət gücünün elə tətbiqləri ilə bağlıdır ki, bunlar söz, toplaşma və təşkilatlanma kimi əsas azadlıqları, hüquqi prosedur qaydalarını, eləcə də şəxsi toxunulmazlıq və təhlükəsizlik hüquqlarını pozur. Bu tip hüquqlara aşağıdakılar daxildir:

  • Söz, toplaşma və hərəkət azadlığı; ifadə edilən fikirlərdən asılı olmayaraq, yalnız çox dar şəkildə müəyyənləşdirilmiş “aydın və mövcud təhlükə” həddinə qədər mətbuat azadlığı.
  • Mövcud qanunların mümkün pozuntuları ilə açıq şəkildə əlaqələndirilmədiyi müddətdə dövlət cəzası, damğalaması və ya istintaqı olmadan birləşmək və inanmaq azadlığı.
  • Cinayət və ya mülki sanksiyalara məruz qalmadan boykot etmək, dinc piket keçirmək və ya tətil etmək azadlığı (Goldstein, 1978). 

Kristian Devenport isə hesab edir ki, bu repressiya tərifi doğru olsa da, əksikdir. Çünki burada istifadə olunan repressiya tərifi yalnız nəyi daxil etməsi baxımından deyil, nəyi kənarda saxlaması baxımından da vacibdir. Məsələn,  Devenporta görə, populyar tərif resursların ədalətsiz bölgüsü kimi uzun müddət ərzində yaşanan struktur xüsusiyyətlərin zərərli nəticələrini — “struktur zorakılıq” anlayışını — nəzərə almır. Eyni zamanda  ikinci nəsil hüquqları — iqtisadi, sosial və mədəni imtiyazları — və üçüncü nəsil hüquqları — sülh və təmiz ətraf mühit hüququnu — də əhatə etmir. Tərif “etiraz polisliyi” yanaşmalarında olduğu kimi mütləq davranış təhlükəsinin mövcud olmasını tələb etmir. Eyni zamanda, “insan hüquqları pozuntuları” yanaşmasında olduğu kimi hansısa qanunun pozulmasını da mütləq şərt kimi qoymur. Nəhayət, bu tərif repressiv hərəkətin hansı məqsədlərə xidmət etdiyini və hakimiyyətlərin bu məqsədlərə nə dərəcədə nail olduğunu əvvəlcədən müəyyənləşdirmir. Devenport hakimiyyətlərin aşağıdakı məqsədlərinin ola biləcəyini vurğulayır:

  1. Vətəndaşların fəaliyyət göstərə biləcəyi ümumi sərhədləri müəyyənləşdirmək;
  2. Mövcud siyasi liderlərə, institutlara və/və ya praktikaya qarşı real və ya xəyali çağırışları nəzarətə götürmək və ya aradan qaldırmaq;
  3. Cəmiyyəti müəyyən bir istiqamətdə hərəkət etdirmək — məsələn, üstün tutulan inkişaf strategiyası və ya ideoloji xətt üzrə yönləndirmək (Davenport, 2007). 

Bu baxımdan tədqiqatçı hesab edir ki, repressiya daha geniş sanksiyalar sistemidir - bu, siyasi hakimiyyətlərin öz ərazi yurisdiksiyası daxilindəki insanlara təsir etmək üçün istifadə etdiyi geniş məcburedici vasitələri əhatə edir. Bu geniş “repertuar”a  açıq və gizli; zorakı və qeyri-zorakı; dövlət tərəfindən, dövlətin dəstəklədiyi aktorlar tərəfindən — məsələn milislər — və ya dövlətlə əlaqəli qruplar tərəfindən — məsələn, ölüm dəstələri — həyata keçirilən; uğurlu və uğursuz repressiv fəaliyyətlər daxildir (Davenport, 2007). 

Yəni bu yanaşmaya görə, repressiya sadəcə cəza deyil, hakimiyyətin siyasi nizamı qorumaq, müxalifəti nəzarətdə saxlamaq və cəmiyyətin davranış sərhədlərini müəyyənləşdirmək üçün istifadə etdiyi idarəetmə texnologiyasıdır. Repressiya sistemin “xəstəliyi” və ya impulsiv davranışı deyil, qərarvericilərin rasional hesablanmış siyasətidir - siyasi liderlər repressiyanın xərclərini və faydalarını, alternativ nəzarət mexanizmlərini və uğur ehtimalını ölçürlər. Əgər fayda xərcdən çox görünürsə və alternativ nəzarət vasitələri yetərli sayılmırsa, repressiya gözlənilən olur (Davenport, 2007).

Avtoritar rejimlərin repressiya ehtiyacı

Avtoritar rejimlərin repressiyaya ehtiyacı ilk növbədə onların quruluşundan qaynaqlanır. Avtoritar rejimlər əhalinin çoxluğunun hakimiyyətin formalaşmasına və dəyişdirilməsinə real təsirini məhdudlaşdırdıqları üçün həmin çoxluq rejim üçün daimi potensial təhlükə olaraq qalır. Bu mənada repressiya təsadüfi və ya yalnız böhran anlarında işə salınan vasitə deyil; hakimiyyətdən kənarda saxlanılan əhalinin təşkilatlanmasının, səfərbərliyinin və rejim dəyişikliyinə yönəlmiş fəaliyyətinin qarşısını almaq üçün zəruri nəzarət mexanizmidir. Xalq razılığının yoxluğu azlığın çoxluq üzərində idarə etdiyi sistemlərin “ilkin günahıdır”, bu baxımdan heç bir diktatura, avtoritar rejim repressiyadan imtina edə bilməz (Svolik, 2012).  

Hansı alt tipə aid olmasından asılı olmayaraq avtokratiyaların sabitliyi üç əsas sütun üzərində dayanır -  legitimləşdirmə, repressiya və kooptasiya. Bir-biri ilə güclü tamamlayıcı əlaqədə olan bu üç sütun rejimin çökməsinə səbəb ola biləcək üç təhlükənin qarşısını almağa xidmət edir - adətən xalq üsyanları və qiyamlar formasında ortaya çıxan adi vətəndaşlardan gələn təhlükə; müqaviməti təşkil edən müxalif aktorlardan gələn təhlükə; strateji əhəmiyyətli elitlərin hakim elitanın kursundan ayrıldığı rejimdaxili parçalanmalardan gələn təhlükə (Gerschewski, 2013). 

Hakimiyyət ideoloji baxımdan özünə yaxın olanları kooptasiya edir, daha uzaq olanları isə repressiyaya məruz qoyur. Beləliklə, kooptasiya və repressiya avtoritar nəzarətin bir-birini tamamlayan iki vasitəsinə çevrilir: rejim uyğunlaşa biləcək aktorları sistemə bağlayır, uyğunlaşmayanları isə siyasi və təşkilati baxımdan kənarlaşdırır (Svolik, 2012). 

Repressiya təkbaşına avtokratiyaların uzunömürlülüyünü izah edə bilməz, çünki uzun müddətdə sabitliyi qorumağın həddindən artıq bahalı yoludur. Bunun üçün də digər iki sütunla  birlikdə zamanda institusionallaşmalı - yəni davranış nümunəsinə çevrilməlidir. İnstitusionallaşmış repressiya bu baxımdan müxalif aktorların üsyan etməsinin struktur olaraq qarşısının alınması deməkdir. Bu institusionallaşmanın hədlərini isə güc və maddi resurslar müəyyən edir (Gerschewski, 2013).

İnstitusionallaşmanı zəruri edən ən mühüm səbəblərdən biri repressiya ehtiyacının rejim üçün təhlükə yaratması ehtimalıdır. Svolikə görə, müxalifəti yatırmaq üçün repressiv agentlərə verilən resurslar həmin agentlərin rejimə qarşı istifadə edə biləcəyi siyasi gücə çevrilə bilər. Buna görə avtoritar rejim yalnız əhalini deyil, repressiyanı həyata keçirən orqanları da nəzarətdə saxlama ehtiyacı hiss edir. Beləliklə, repressiyanın bürokratik institusionallaşması ikili funksiya daşıyır: bir tərəfdən cəmiyyətin siyasi fəaliyyətini məhdudlaşdırır, digər tərəfdən isə təhlükəsizlik və məcburetmə aparatını iyerarxiya, kadr nəzarəti və təşkilati koordinasiya vasitəsilə hakim siyasi mərkəzə tabe edir (Svolik, 2012). 

Levitski və Vey repressiyanı  “yüksək və aşağı intensivlikli” kimi iki kateqoriyaya bölürlər və bu bölgünü hədəfə alınan insanlara, instituta və istifadə olunan zorakılıq formasına görə aparırlar. Bu əsaslandırmaya görə, yüksək intensivlikli məcburetmə müxalifət liderləri kimi tanınmış şəxslərə, daha böyük sayda insanlara və ya əsas müxalif təşkilatlara yönələn görünən hərəkətlər kimi müəyyən edilə bilər. Konkret tədbirlərə kütləvi nümayişlərin zorakı şəkildə yatırılması, partiyalara qarşı zorakı kampaniyalar və müxalifət liderlərinin öldürülməsinə cəhd və ya həbs edilməsi daxildir. Aşağı intensivlikli məcburetmə isə daha az əhəmiyyətli qrupları hədəfə alır, daha az görünür və çox vaxt daha incə formalar alır. Konkret tədbirlərə formal və qeyri-formal nəzarət aparatından istifadə, aşağı intensivlikli fiziki təqib və qorxutma, həmçinin müəyyən iş və təhsil imkanlarının rədd edilməsi və toplaşma azadlığı kimi siyasi hüquqların məhdudlaşdırılması şəklində qeyri-fiziki formalar daxil ola bilər (Levitsky və Way, 2002).

Müasir avtoritar rejimlərdə repressiya hər zaman açıq zorakılıq şəklində (kütləvi qətllər, kütləvi zorakılıqlar, açıq işgəncələr və s) kimi işləmir, bir çox hallarda hüquqi və inzibati prosedurlar vasitəsilə həyata keçirilir. Tom Ginzburq və Tamir Mustafa  bunu qanun vasitəsilə idarəetmə (rule by law) adlandırırlar. Bu anlayış qanunun aliliyindən (rule of law) çox fərqlənir - burada söhbət hüququn hakimiyyəti məhdudlaşdırmasından yox, hakimiyyətin hüquq vasitəsilə dövləti idarə etməsindən, rəqibləri neytrallaşdırmasından, repressiyanı legitimləşdirməkdən gedir. Bu sistemlərdə hakimiyyətin repressiv qərarları açıq siyasi formada deyil, cinayət təqibi, vergi yoxlaması, inzibati prosedur, məhkəmə hökmü, qeydiyyat problemi və ya milli təhlükəsizlik araşdırması kimi təzahür edir (Ginsburg, Moustafa, 2008).

Ginzburq və Mustafa  avtoritar rejimlərdə məhkəmələrin sadəcə hakimiyyətin “oyuncağı” olduğu barədə ənənəvi yanaşmanı yetərli saymırlar. Onların fikrincə, məhkəmələr avtoritar siyasətdə real idarəetmə funksiyaları yerinə yetirir: bir tərəfdən rejimin maraqlarını irəli aparır, digər tərəfdən isə bəzən rejimlə vətəndaşlar arasında siyasi mübarizə məkanına çevrilir.  Sosial nəzarət yaratmaq və siyasi rəqibləri kənarlaşdırmaq, rejimin “hüquqi” legitimlik iddiasını gücləndirmək; dövlətin öz bürokratik aparatında inzibati itaəti möhkəmləndirmək və rejim daxilində fraksiyalar arasında koordinasiya yaratmaq; mübahisəli qərarları məhkəmələrə ötürərək rejimin əsas siyasi mərkəzini məsuliyyətdən uzaq tutmaq kimi funksiyalar avtoritar rejimlərdə məhkəmələrin əsas funksiyaları arasında yer alır (Ginsburg, Moustafa, 2008).  Yəni burada bürokratik repressiyanın vəzifəsi təkcə vətəndaşın cəzalandırılması deyil; həm də dövlət aparatının özünün nəzarətdə saxlanması və koordinasiyasıdır. Avtoritar rejimlərdə məhkəmə repressiyaları  yalnız hakimiyyətin birbaşa göstərişi ilə işləmir. Hakimlərin özünüsenzurası, rejimin qırmızı xətlərini əvvəlcədən bilməsi və siyasi həssas işlərdə ehtiyatlı davranması repressiyanın daha səssiz, amma effektiv bürokratik formasını yaradır.  Digər tərəfdən yalnız hədəf alınan şəxslər deyil, onları müdafiə edə biləcək hüquqi infrastrukturu da məhkəmə repressiyalarının hədəfi olur -  vəkillər, QHT-lər, müstəqil media və hüquq müdafiəçiləri üzərində təzyiq məhkəmə repressiyasının ayrılmaz hissəsinə çevrilir (Ginsburg, Moustafa, 2008). 

“Rule by law” adlı bu sistemə daha çox seçki mandatından, konstitusion və hüquqi dəyişikliklərdən öz nəzarət mexanizmlərini gücləndirmək üçün istifadə edən  “leqalist avtokratlar” müraciət edir.  Yəni müasir “leqalist” avtokratlar çox vaxt açıq qanunsuzluqla deyil, qanunların özünü dəyişərək, hüquqi prosedurları manipulyasiya edərək və formal qanunilik görüntüsü altında nəzarət institutlarını zəiflədərək hakimiyyəti möhkəmləndirirlər. Başqa sözlə, avtoritarizmi hüquqdan kənarda yox, hüququn içində qurular və qanunlardan repressiya - siyasi rəqabəti məhdudlaşdırmaq, medianı nəzarətə almaq, vətəndaş cəmiyyətini zəiflətmək və icra hakimiyyətinin dominantlığını qorumaq üçün istifadə edirlər. Bu səbəbdən də ilk dövrlərdə bu rejimlərdə yaxınlaşan avtoritarizm açıq görünməyə bilir. (Scheppele, 2018).   Qanun vasitəsilə idarəetmənin və avtokratik leqalizmin (autocratic legalism) ən bariz nümunələrindən biri Türkiyədir - burada dünyanın ən avtoritar dövlətlərindən olan Rusiyadan fərqli olaraq “nizamı pozanlar” səbəbi bilinməyən “ani ölümlərlə” cəzalandırılmır, hüquq-mühafizə orqanlarının əliylə yeni nizam yaradılır (Khar Center, 2026).  

ƏLİYEV AVTORİTARİZMİNDƏ SƏRT REPSESSİYANIN MAHİYYƏTİ 

Azərbaycanda isə daha mürəkkəb bir repressiya bürokratiyası modeli mövcuddur. Burada repressiya yalnız “leqalist” avtoritarizmin hüquqi prosedurlarına əsaslanmır, nə də Devenportun ifadə etdiyi kimi sadəcə hakimiyyətin öz yuridiksiyası ilə məhdudlaşır.  Burada daha hibrid, daha qarışıq və daha sərt  bir sistem var. Hüquqi forma ilə yanaşı “qaramaskalı hücumları”,  açıq polis zorakılığı, təhlükəsizlik aparatının birbaşa müdaxiləsi, inzibati resurslardan kobud istifadə, ailə üzvlərinə təzyiq, qarayaxma kampaniyaları, hədələmələr, həbsxanalarda pis rəftar, ayrı-seçkilik, hətta öz yuridiksiyasından kənarda - xaricdə təzyiq, izləmə, zorakılıq kimi elementlər də prosesdə aktiv iştirak edir. 

İctimai-siyasi və media  fəaliyyətinin kriminallaşdırılması - hüquq repressiya aləti rolunda 

Azərbaycan repressiya bürokratiyasının ən görünən hissəsi avtoritar rejimin potensial təhlükə hesab etdiyi bütün fəaliyyətlərin - siyasi və ictimai fəallığın, müstəqil jurnalistikanın, vətəndaş cəmiyyəti təşəbbüskarlığının  və s. - kriminallaşdırılmasıdır. Hakimiyyət bu fəaliyyətləri özünə təhlükə hesab edir, ancaq cəzalandırma mexanizmində  jurnalistika “valyuta qaçaqmalçılığı”, ictimai fəaliyyət “qanunsuz sahibkarlıq”, xarici qrant “çirkli pulların yuyulması”, siyasi etiraz “xuliqanlıq”, sülh çağırışı “dövlətə xəyanət”, hakimiyyət tənqidi isə “dövlət əleyhinə açıq çağırış” kimi təqdim olunur. Yəni repressiya hüquqi donda təzahür edir.  Bu, Azərbaycan hakimiyyətinin siyasi məhbus məsələsində illərdir istifadə etdiyi “siyasi məhbus yoxdur, yalnız konkret cinayət əməllərində ittiham olunan şəxslər var” tezisinin də əsasını təşkil edir. 

Son bir neçə ildə baş verənlər bunun bariz nümunələridir -  hakimiyyətin yüksək vəzifəli şəxslərinin və Əliyev ailəsinin sərvəti, dövlət satınalmaları və korrupsiya iddiaları ilə bağlı araşdırmalar aparan, rejimi tənqid edən “Abzas Media”, “Toplum TV” və “Meydan TV” kimi media quruluşları, onların təsisçiləri, rəhbərləri və əməkdaşları, eləcə də vətəndaş cəmiyyəti fəallarının valyuta qaçaqmalçılığı, qanunsuz sahibkarlıq, çirkli pulların yuyulması, vergidən yayınma və sənəd saxtalaşdırılması kimi ittihamlarla uzun müddətli həbs cəzalarına məhkum ediliblər (Amnesty İnternational, 2025a, CPJ, 2025, HRW, 2024a). 

Siyasi və ictimai fəaiyyətin kriminallaşdırılmasında isə repressiya bürokratiyasının “repertuar”ı daha da genişdir.  Müsavat üzvü Tofiq Yaqublunun “külli miqdarda ziyan vurmaqla dələduzluq” və “sənəd saxtalaşdırılması” ittihamları ilə doqquz il müddətinə azadlıqdan məhrum edilməsi (Amnesty İnternational, 2025 b),  İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının rəhbəri Afiəddin Məmmədovun “xuliqanlıq” və “qəsdən sağlamlığa ağır zərər vurma” ittihamları ilə səkkiz il həbs cəzası alması (OC Media, 2025a), sülh fəalı və tədqiqatçı Bəhruz Səmədovun Ermənistanla sülh və dialoq çağırışları səbəbilə “dövlətə xəyanət” ittihamı ilə 15 il həbsə məhkum ediməsi (HRW, 2025a) həmin “repertuar”ın son nümunələrindən sadəcə bir neçəsidir. 

Hakimiyyətin müraciət etdiyi bu üsullar təsadüfən seçilmir - dövlət jurnalisti maliyyə cinayətkarı, QHT rəhbərini “qrant alan xarici agent”, həmkarlar ittifaqı fəalını zorakı xuliqan, müxalifətçini dələduz, sülh fəalını dövlət xaini kimi təqdim edərək onları yalnız cəzalandırmır, həm də ictimai kimliklərini dəyişdirməyə, damğalamağa çalışır, siyasi baxımdan təsnif edir.  Nəticədə siyasi fəaliyyət, vətəndaş cəmiyyəti təşəbbüskarlığı, ictimai aktivizm və ya jurnalistika açıq şəkildə qadağan edilməsə də, təhlükəli fəaliyyət sferalarına çevrilir.  Bu, “rule by law”ın  Azərbaycan modeli kimi dəyərləndirilə bilər - burada hüquq siyasi fəaliyyəti və aktivizmi cinayət kateqoriyalarına bölən repressiya aləti rolunu oynayır.

İnzibati məhdudlaşdırmalar repressiyanın “önləyici silahı” kimi 

Azərbaycanda repressiya sadəcə həbslərlə məhdudlaşmır, həbsə gələnə qədər potensial “təhlükə”nin zərərsizləşdirilməsi üçün böyük bir inzibati mexanizm çalışır. Avtoritar rejim  burada “təhlükə”ni “böyümədən” önləməyə çalışır -  hüquqi və maliyyə infrastrukturu nəzarət altına alır. 

Azərbaycanda vətəndaş cəmiyyətinə münasibətdə bu mexanizmin əsasları xüsusilə 2013–2015-ci illərdə yaradıldı. QHT-lər bütün ianə və qrantları Ədliyyə Nazirliyində qeydiyyatdan keçirməli oldular, 2014-cü ildə qrant qeydiyyatı tələbi ayrı-ayrı fiziki şəxslərə də şamil edildi, xarici donorların Azərbaycanda maliyyə verməsi isə əlavə icazə və qeydiyyat prosedurlarına bağlandı.  2015-ci ildə Nazirlər Kabinetinin qəbul etdiyi qrantların qeydiyyatı qaydaları bu nəzarəti ayrıca prosedura çevirdi. Bütün bu dəyişikliklər müstəqil QHT-lər qarşı silaha çevrildi - həmin qanunlardan müstəqil təşkilatları qeydiyyatsız saxlamaq, sonra isə həmin qeydiyyatsızlığı onların üzvlərinə qarşı cinayət ittihamı üçün istifadə etmək məqsədilə istifadə edildi. Hökumət onlarla QHT-nin, eləcə də təşkilat rəhbərlərinin şəxsi bank hesablarını dondurdu, ofislərdə axtarışlar apardı, qrant və vergi işləri açdı. Faktiki olaraq bu qanunlar vətəndaş cəmiyyətini  dağıtmaq üçün qurulmuş mexanizm rolu oynadı (HRW, 2024 b).  2025-ci ildə qəbul edilən yeni dəyişikliklərlə xarici mənbələrdən xidmət müqavilələri əsasında maliyyə almaq da əvvəlcədən dövlət təsdiqinə bağlandı. Beləliklə, müstəqil təşkilatların xarici maliyyə əldə edə bildiyi son yollardan biri də bağlandı (OC Media, 2025b).

Hakimiyyət eyni üsulu mediaya da tətbiq etdi -  2022-ci ildə qüvvəyə minən Media haqqında qanunla  dövlətin nəzarətində Media Reyestri yaradıldı. Jurnalistlərin və media qurumlarının bu reyestrə daxil edilməsi üçün müəyyən edilən meyarlar xüsusilə frilanserləri və müstəqil jurnalistləri sistemdən kənarda saxlamağa xidmət edirdi (CPJ, 2022).  2025-ci ildə edilən dəyişikliklərlə xarici media qurumlarının qeydiyyatı və fəaliyyətinə əlavə məhdudiyyətlər gətirildi. Bu da informasiya blokadası riskini daha da artırdı (RSF, 2025). 

Siyasi partiyalar və siyasi fəaliyyət də bu inzibati məhdudlaşdırmalardan kənarda qalmadı. 2023-cü ildə qüvvəyə minən “Siyasi partiyalar haqqında” yeni qanunla partiyanın dövlət qeydiyyatına alınması üçün minimum üzv sayı 1000 nəfərdən 5000 nəfərə qaldırıldı və bu qanun qeydiyyatda olan bütün partiyaları yenidən qeydiyyat prosedurundan keçməyə məcbur etdi (CDN OCSE, 2023).  Qanunun daha uzağagedən repressiya potensialı isə başqa bir maddədə gizlədilmişdi - buna görə,  partiyaların üzv siyahılarını ad, soyad, doğum tarixi və əlaqə məlumatları ilə birlikdə Ədliyyə Nazirliyinə təqdim etməsi tələb olunurdu. Müxalif siyasi fəallığın iş, təhsil və sosial imkanlar üçün risk daşıdığı bir ölkədə bunun risklərini təxmin etmək çətin deyil. 

Siyasi mübarizənin ölçüləbilən sahələrindən olan sərbəst toplaşma azadlığı da isə uzun illərdir Azərbaycanda sadəcə formallıqdan ibarətdir. Qanunvericilik sərbəst toplaşmaq üçün prosedurları açıq şəkildə müəyyən etsə də, bu prosedur icazə rejimi kimi işlədilir. Dövlət aksiyanı birbaşa “qadağan etmir”. Onu ictimai təsirini itirəcək yerə və zamana keçirir, razılaşdırılmamış elan edir, təşkilatçıları polisə çağırır, iştirakçıları aksiyadan əvvəl saxlayır, sonra isə polisə tabe olmama və ya qanunsuz toplantıda iştirak kimi inzibati maddələr tətbiq edir. Bu  səbəbdən Azərbaycanda aksiyalar faktiki olaraq qadağan edilmiş fəaliyyət növünə çevrilib. Təkadamlıq aksiyaların belə inzibati həbslə cəzalandırıldığı (Amnesty İnternational, 2025c) ölkədə bu məhdudiyyətlər və cəzalar repressiv bürokratiyanın qorxu yaratma funksiyasına xidmət edir.

Repressiyanın bu forması görünən açıq zorakılıqdan daha davamlıdır.  Çünki bu forma avtoritar rejimin təhlükə saydığı fəaliyyətin imkanlarını əvvəlcədən əlindən almağa, məhdudlaşdırmağa və yox etməyə yönəlib. 

İnstitusional repressiya 

Azərbaycanda repressiyanın əsas xüsusiyyətlərindən biri məhz institusional olmasıdır - söhbət ayrı-ayrı məmurların özbaşınalığından və ya fövqəladə siyasi qərarlardan deyil, dövlət institutlarının repressiv iş rejiminə daxil edildiyi sistemdən gedir. Oxşar üsullar az qala hər hadisədə təkrarlanır - fərqli jurnalistlər, fəallar, hüquq müdafiəçiləri və müxalifətçilər əvvəlcə bənzər  üsulla saxlanılır, fəaliyyətləri ilə əlaqəsi olmayan  cinayət maddələri ilə ittiham edilir,  prokurorluq siyasi iradəyə uyğun aktlar hazırlayır, məhkəmələr həbs qəti-mkan tədbiri seçir, bu tədbiri dəfələrlə uzadır, daha sonra uzunmüddətli hökm verir, penitensiar sistem təzyiqi həbsxanada davam etdirir, hökumətyönlü media isə prosesin siyasi mahiyyətindən diqqəti yayındırmağa çalışır. Bu ardıcıl və təkrarlanan fəaliyyətin hədəfi və siyasi nəticəsi isə azadlıqdan, ictimai fəaliyyətdən, müdafiə və mübarizə imkanlarından məhrum etmədir.  

Hibrid repressiya 

Azərbaycan repressiya  yalnız dövlətin rəsmi aktorlarının əli ilə həyata keçirilmir. Ünvanı bəlli olan, formal dövlət prosedurları ilə həyata keçirilən repressiyalarla yanaşı,  müəllifi “müəyyən edilə bilməyən” hücumlar, ailə üzvlərinə təzyiqlər, şəxsi həyatın ifşası, işdən çıxarma, qarayaxma kampaniyaları, rəqəmsal izləmə və troll hücumları da bu aparatın tərkib hissəsi kimi işləyir. Bu vasitələr bəzən cinayət işi ilə paralel, bəzən ondan əvvəl, bəzən də həbs və məhkəmənin yarada bilmədiyi nəticəni əldə etmək üçün tətbiq olunur.

Repressiyanın hibrid repertuarının ən ağır formasında  fiziki məhvetmə və ölüm dayanır. Hakimiyyəti sərt tənqid edən “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynov  2005-ci ildə yaşadığı binanın qarşısında güllələndi (Amnesty İnternational, 2008),  2011-ci ildə jurnalist və yazar Rafiq Tağı isə bıçaqlı hücumdan bir neçə gün sonra xəstəxanada öldü (CPJ, 2011). Hər iki qətl bu günədək açılmayıb və sifarişçilər məsuliyyətə cəlb edilməyib. 

Hibrid repressiya modelinin digər nümunələrindən biri  araşdırmaçı jurnalist Xədicə İsmayılovaya qarşı kampaniyadır. Onun mənzilinə yerləşdirilən gizli kamera ilə 2012-ci ildə çəkilmiş intim görüntülərdən istifadə edilərək jurnalist fəaliyyətini dayandırması tələb olunmuş, daha sonra görüntülər internetdə yayılmışdı (HRW, 2013). Nəticə əldə olunmadıqda isə qarayaxma kampaniyası genişləndirildi, daha sonra hüquq-mühafizə və məhkəmə mexanizmləri işə düşdü. İsmayılova 2014-cü ildə həbs edildi və sonradan vergidən yayınma, qanunsuz sahibkarlıq və vəzifədən sui-istifadə kimi ittihamlarla məhkum olundu (HRW, 2014). 

Bu, sadəcə İsmayılovaya tətbiq olunmuş ayrıca repressiya faktı deyil, repressiya bürokratiyasının necə işlədiyini göstərən nümunələrdən sadəcə biri idi. Sonrakı illərdə də qadın fəallar və ya kişi fəalların həyat yoldaşı olan qadınlar haqqında qaralama və susdurma təşəbbüsləri, şantajlar, şəxsi məlumatların yayılması faktları sistematik şəkildə müşahidə olunub (Amnesty İnternational, 2021). 

“Naməlum şəxslər” tərəfindən törədilən fiziki hücumlar da uzun müddətdir hakimiyyətin repressiya repertuarının hissəsidir. Jurnalistlər, fəallar və müxalifət nümayəndələri naməlum şəxslərin hücumuna məruz qalır, onların əmlakı zədələnir, çəkiliş materialları və telefonları əllərindən alınır. Belə işlərdə hücum edən şəxslərlə dövlət arasında birbaşa əlaqəni hüquqi baxımdan sübut etmək həmişə mümkün olmur. Ancaq bu sübuta çox vaxt ehtiyac da qalmır - dövlət belə hücumları effektiv araşdırmır, hücum edənləri cəzalandırmır və bəzən hədəfi öz mediasında günahlandırmağa davam edir və beləliklə  zorakılığın siyasi nəticəsini qoruyur. Bunun nümunələrindən biri 2009-cu ildəki  Emin Milli və Adnan Hacızadə işidir - iki gənc aktivist Bakı restoranlarından birində iki naməlum şəxsin hücumuna məruz qaldılar, hadisə ilə bağlı polisə şikayət cəhdləri isə onların özlərinin saxlanılması ilə nəticələndi. Daha sonra xuliqanlıq və sağlamlığa yüngül zərər vurma ittihamları ilə Emin Milli iki il yarım, Adnan Hacızadə isə iki il həbs cəzasına məhkum edildilər. Yəni “naməlum” şəxslərin hücumu aktın aydınlaşdırılması ilə deyil, qurbanların cəzalandırılması ilə nəticələndi (HRW, 2010). 

Ailə üzvlərinə təzyiq də Azərbaycandakı avtoritar rejimin hibrid repressiv alətləri arasında yer alır. Bu üsul Azərbaycan repressiya bürokratiyasının son illərdə genişlənən formalarının əsas istiqamətlərindən birinin tərkib hissəsi kimi daha çox diqqət çəkir. Ölkə daxilində müstəqil media, vətəndaş cəmiyyəti və siyasi fəaliyyət üçün məkan daraldıqca jurnalistlərin, fəalların və tədqiqatçıların bir hissəsi fəaliyyətinə xaricdə davam etməyə qərar verib. Hakimiyyət isə buna repressiyanın sərhədlərini genişləndirməklə cavab verib. Qiyabi cinayət işləri, həbs qərarları, ekstradisiya tələbləri, beynəlxalq səfər zamanı saxlanılma riski, izləmə, qarayaxma və fiziki hücumlar bu yeni nəzarət sisteminin ayrı-ayrı alətləridir.  Eyni zamanda hakimiyyət xaricdə yaşayan, hüquq-mühafizə orqanlarının birbaşa əli çatmayan tənqidçilərinə ölkədə qalan valideynləri, yaxınları üzərindən təzyiq göstərir - sorğu-sual, polisə çağırış, iş və sosial basqı, şantaj kimi yollarla. Bundan xarici tənqidçilərə təzyiqin işlək formalarından biri kimi istifadə edilir (Amnesty İnternational, 2026). 

NƏTİCƏ 

Azərbaycan nümunəsi göstərir ki, avtoritar rejimlərdə  repressiya yalnız hakimiyyətin ayrı-ayrı tənqidçilərə qarşı zaman-zaman müraciət etdiyi cəza vasitəsi deyil. Burada böyük bir bürokratik mexanizmdən söhbət gedir. Bu mexanizmdə siyasi, ictimai fəaliyyət və jurnalistika fəaliyyəti kriminallaşdırılır, müstəqil təşkilatlanma inzibati nəzarət sistemilə - qeydiyyat, qrant, maliyyə, media və partiya qanunları vasitəsilə əvvəlcədən zəiflədilir,  hüquqdan cəza aləti kimi istifadə edilir, hüquq-mühafizə orqanları repressiv bürokratiyanın institusionallaşmasında mərkəzi rol oynayır, eyni zamanda şantaj, qarayaxma, ailəyə təzyiq, naməlum hücumlar kimi rəsmi olmayan üsullar hakimiyyətin cəzasızlıq mühiti və qorxu yaratma hədəfinə xidmət edir. 

Repressiya bürokratiyasının - kim danışa bilər, hansı mövzuda danışa bilər, hansı təşkilat maliyyə ala bilər, hansı partiya mövcud ola bilər, harada etiraz etmək olar, hakimiyyət haraya qədər tənqid edilə bilər, bu tənqidin cəzası nə ola bilər kimi - qaydalarını müəyyən edən bu mexanizmin əsas məqsədi  cəmiyyətdə siyasi fəaliyyətin mümkün sərhədlərini cızmaqdır. 

Azərbaycan modelində hüquq  mühüm repressiya alətidir, ancaq repertuardakı yeganə alət deyil. Ölkədə hüquqi don geyindirilməyə çalışılan, ancaq hüquqdan kənar vasitələrdən də çəkinməyən hibrid repressiya bürokratiyası mövcuddur. Bu repressiya modelinin ən təhlükəli tərəfi isə “beynəlxalq toxunulmazlığa” da sahib olmasıdır. Yeni formalaşan dünya düzənində beynəlxalq tərəfdaşların “korluğu” və ya yarım gözlə görməsi (Avropa Parlamentinin Azərbaycanla bağlı qətnamələr qəbul edib, Avropa İttifaqının bunlara göz yumması kimi) bu repressiya mexanizminin uzunmüddətli idarəetmə proseduruna çevrilməsinin,  İlham Əliyev rejiminin avtoritar sabitliyinin əsas təminatlardan biridir.


Qeyd: Oxuduğunuz yazı orijinal olaraq Azərbaycan dilində yazılmışdır.


İSTİNADLAR 

OC Media, 2026. Imprisoned activists call for human rights to be prioritised ahead of von der Leyen’s visit to Baku.

https://oc-media.org/imprisoned-activists-call-for-human-rights-to-be-prioritised-ahead-of-von-der-leyens-visit-to-baku/


2Eu.brussels, 2026. European Parliament calls for human rights to be raised during Ursula von der Leyen’s visit to Azerbaijan. 

https://2eu.brussels/en/news/european-parliament-calls-for-human-rights-to-be-raised-during-ursula-von-der-leyens-visit-to-azerbaijan.


European Comission, 2026. Statement by President von der Leyen with Azerbaijani President Aliyev. https://enlargement.ec.europa.eu/news/statement-president-von-der-leyen-azerbaijani-president-aliyev-2026-07-01_en


Amnesty İnternational, 2026. AZERBAIJAN: STOP PERSECUTION OF CRITICS AT HOME AND IN EXILE https://www.amnesty.org/ru/wp-content/uploads/2026/07/EUR5511882026ENGLISH.pdf.


Goldstein Robert Justin , 1978.  Political Repression in Modern America: From 1870 to the Present, Schenkman Publishing Company / G. K. Hall,  682 s.


Davenport Christian, 2007. STATE REPRESSION AND POLITICAL ORDER. https://www.researchgate.net/profile/Christian-Davenport/publication/228213759_State_Repression_and_Political_Order/links/0046351f223317bec1000000/State-Repression-and-Political-Order.pdf


Svolik, Milan, 2012. The Politics of Authoritarian Rule. https://s3.us-west-1.wasabisys.com/p-library/books/cc4934ace8bdf7b05b3c959acec82732.pdf


Gerschewski, Johannes, 2013. The three pillars of stability: legitimation, repression, and co-optation in autocratic regimes.

https://www.econstor.eu/bitstream/10419/200982/1/f-17712-full-text-Gerschewski-Pillars-v2.pdf


Levitsky, Steven və Lucan A. Way. “Elections without Democracy: The Rise of Competitive Authoritarianism.” Journal of Democracy 13 (2002): 51–65

https://s3.us-west-1.wasabisys.com/p-library/books/cc4934ace8bdf7b05b3c959acec82732.pdf


Ginsburg Tom, Moustafa Tamir, 2008. Rule by Law: The Politics of Courts in Authoritarian Regimes 

https://summit.sfu.ca/_flysystem/fedora/sfu_migrate/15130/Rule%20by%20Law.pdf.pdf


Scheppele, Kim Lane. Autocratic Legalism.

https://lawreview.uchicago.edu/sites/default/files/11%20Scheppele_SYMP_Online.pdf


KharCenter, 2026. Türkiyənin sərtləşən avtoritarizmi: siyasi dizayn və tunelin sonundakı ümid

https://kharcenter.com/arasdirmalar/turkiyenin-sertlesen-avtoritarizmi-siyasi-dizayn-ve-tunelin-sonundaki-umid


Amnesty İnternational, 2025 a. Azerbaijan: Seven journalists sentenced in latest shocking crackdown on free speech. https://www.amnesty.org/en/latest/news/2025/06/azerbaijan-seven-journalists-sentenced-in-latest-shocking-crackdown-on-free-speech/


CPJ, 2025. Azerbaijan brings new charges against Meydan TV, arrests another journalist. 

https://cpj.org/2025/09/azerbaijan-brings-new-charges-against-meydan-tv-arrests-another-journalist/


HRW, 2024 a. New Wave of Arrests Targets Journalists and Activists in Azerbaijan. https://www.hrw.org/news/2024/03/07/new-wave-arrests-targets-journalists-and-activists-azerbaijan

Amnesty İnternational, 2025 b. Azerbaijan: Opposition activist Tofig Yagublu sentenced following sham trial. https://www.amnesty.org/en/latest/news/2025/03/azerbaijan-opposition-activist-tofig-yagublu-sentenced-following-sham-trial/

OC Media, 2025a. Azerbaijani labour rights activist sentenced to 8 years in prison. https://oc-media.org/azerbaijani-labour-rights-activist-sentenced-to-8-years-in-prison/

HRW, 2025a. Azerbaijan Convicts Critics in Relentless Crackdown. https://www.hrw.org/news/2025/07/03/azerbaijan-convicts-critics-in-relentless-crackdown


HRW, 2024 b. We Try to Stay İnvisible: Azerbaijan’s Escalating Crackdown on Critics and Civil Society.  https://www.hrw.org/report/2024/10/08/we-try-stay-invisible/azerbaijans-escalating-crackdown-critics-and-civil-society

OC Media, 2025 b. Azerbaijan restricts banking operations related to foreign financial sources. https://oc-media.org/azerbaijan-restricts-banking-operations-related-to-foreign-financial-sources/


CPJ, 2022. New Azerbaijan media law increases restrictions on the press.

https://cpj.org/2022/02/new-azerbaijan-media-law-increases-restrictions-on-the-press/

RSF, 2025. Azerbaijan tightens media law to the point of absurdity, RSF warns of information blackout

https://rsf.org/en/azerbaijan-tightens-media-law-point-absurdity-rsf-warns-information-blackout


CDN OCSE, 2023. AZERBAIJAN JOINT OPINION ON THE LAW ON POLITICAL PARTIES 

https://cdn.osce.org/sites/default/files/f/documents/1/4/543922.pdf

Amnesty İnternational, 2025 c. Azerbaijan 2025. https://www.amnesty.org/en/location/europe-and-central-asia/eastern-europe-and-central-asia/azerbaijan/report-azerbaijan/

Amnesty İnternational, 2008. Three years after editor’s murder, Azerbaijan journalists still abused. https://www.amnesty.org/en/latest/news/2008/02/three-years-after-editor039s-murder-azerbaijan-journalists-still/

CPJ, 2011. https://cpj.org/data/people/rafiq-tagi/

HRW, 2010.  Azerbaijan: Appeal Court Leaves Bloggers in Jail.https://www.hrw.org/news/2010/03/10/azerbaijan-appeal-court-leaves-bloggers-jail

HRW, 2014. Azerbaijan: Investigative Journalist Arrested. https://www.hrw.org/news/2014/12/05/azerbaijan-investigative-journalist-arrested

Amnesty İnternational, 2021. Azerbaijan: Stop the vicious campaign of gendered smears and reprisals against women activists. https://www.amnesty.org/en/latest/press-release/2021/05/azerbaijan-stop-the-vicious-campaign-of-gendered-smears-and-reprisals-against-women-activists/

Bell icon

Ən son yeniliklərdən xəbərdar olmaq üçün bülletenimizə abunə olun

Etibarlı e-poçt ünvanı təqdim edin