(Yazı Khar Centerin Azərbaycan avtoritarizmi araşdırmaları çərçivəsində hazırlanıb)
Giriş
Son illərdə Azərbaycan–Qərb münasibətlərində müşahidə olunan kardinal dəyişikliklərin ölkənin daxili siyasi dinamikasına təsiri günbəgün artmaqdadır. Xüsusilə 2022-ci ildən, Rusiyanın Ukraynaya hücumundan sonra Avropanın enerji və təhlükəsizlik prioritetlərinin kəskin şəkildə ön plana çıxması Qərbin Azərbaycan siyasətində dəyərlər və maraqlar balansını ikincinin xeyrinə dəyişdirib. Əvvəllər demokratiya, insan haqları və hüququn aliliyi kimi prinsiplər Qərb siyasi mərkəzlərinin diskursunda mühüm yer tutsa da, artıq enerji və təhlükəsizlik gündəliyi bu normativ çərçivəni gündəmdən çıxarıb. Bu dəyişiklik Azərbaycanda siyasi rejimin davranışına təsir edən mühüm struktur faktor kimi çıxış edir.
Bu səbəbdən Qərbin geosiyası yanaşmasının dəyərlərdən maraqlara transfer olunmasının Azərbaycanın ailə avtoritarizminin möhkəmlənməsinə hansı şəkildə təsir etməsinin təhlili xüsusi əhəmiyyət kəsb edir.
Analizin məqsədi
“Khar Center” bu yazısında Qərbin dəyərlərə baxışındakı radikal dəyişikliyin və illərdir davam edən selektiv dəyər-maraq xəritəsinin 2022-ci ildən sonrakı enerji bağları ilə daha da pozulmasının Azərbaycanda avtoritarizmin yüksəlişinə təsirinə nəzər salır.
Analizin əsas sualı
2022-ci ildən sonra Qərbin Azərbaycan siyasətində dəyərlərdən maraqlara keçidi ölkədə siyasi rejimin sərtləşməsinə hansı şəkildə təsir edir?
Qərbin dəyərlər və maraqlar sınağı
Müstəqillikdən sonra illər boyunca Azərbaycan üçün Qərb və Rusiya ilə münasibətlər birbaşa siyasi seçim - demokratiya və avtoritarizm - modeli kimi dəyərləndirilirdi. Qərblə yaxınlaşma daha çox demokratiya və islahat, Rusiya ilə yaxınlıq isə daha çox avtoritar sabitlik, geosiyasi asılılıq və demokratik institutların zəiflədilməsi ilə assosiasiya edilirdi. Bu düşüncə xüsusilə 2000-ci illərin əvvəllərində populyarlaşmışdı və daha çox Avropa İttifaqının postsovet məkanı ölkələrini qonşuluq siyasəti çərçivəsinə aldığı dövrdəki prioritetləri - demokratiya, insan haqları və hüququn aliliyi kimi ilə əsaslandırılırdı (Avropa Komissiyası, 2009).
Mannersin klassik nəzəriyyəsinə görə, məhz bu prioritetlər Avropa İttifaqını normativ gücə çevirirdi. Bu nəzəriyyə Avropa İttifaqının konstitusiyası, kimliyi və davranışının fundamentində sülh, azadlıq, hüququn üstünlüyü, demokratiya, insan haqları, sosial həmrəylik, diskriminasiyaya qarşı mübarizə və davamlı inkişaf kimi dəyərlərin durduğunu müdafiə edir. Manners çərçivəsi Aİ-nin gücünün yalnız maddi resurslardan deyil, beynəlxalq münasibətlərdə “normal”ın sərhədlərini müəyyənləşdirmək qabiliyyətindən irəli gəldiyini nəzərdə tutur (Manners, 2002).
Mannersin bu yanaşması uzun müddət Aİ liderlərinin açıqlamalarında da əksini tapıb (EEAS, 2016). Bəzi tənqidçilər isə bir aktorun ancaq A və ya B ölkəsinin etməyəcəyi bir şeyi etməsini təmin etdiyi zaman tam mənasıyla normativ gücə sahib ola biləcəyini vurğulayır. Bu fikrin müdafiəçisi olan Diez Aİ-nin bu cür konkret təsir qabiliyyətinin məhdud olduğunu və bu məhdudiyyətlərin böyük hissəsinin Aİ-nin etika normaları və üzv dövlətlərin maddi mənafeləri arasındakı ziddiyyətdən irəli gəldiyini bildirir. Diezə görə, üzv ölkələr xarici siyasətlərində Aİ-nin etik normaları bahasına iqtisadi mənafelərinə üstünlük veriblər və bu ziddiyyət başqa zərərlərlə yanaşı, ittifaqın dəyərlərə əsaslanan aktor kimi etibarını zədələyib (Diez, 2005). Üzv ölkələrin iqtisadi maraqları ilə dəyərlərin toqquşmasının qurbanı isə insan haqları olub - çünki rasional baxış bucağıyla dəyər-maraq ziddiyyətinin maddi-siyasi xərci aşağı və beynəlxalq norma tətbiqi qeyri-müəyyən olduqda dövlətlərin insan haqlarını pozması ehtimalı daha yüksək olur (Cardenas, 2004).
Diez və Cardenas kimi müəlliflər normativ güc nəzəriyyəsinin Aİ siyasətinə tətbiqindəki ziddiyyətlərə diqqət çəkirdilər. Adrian Hyde-Price isə liberal-idealizmin Aİ-ni beynəlxalq aktyor kimi görən açıq normativ yanaşmasından fərqli olaraq realizmin Aİ xarici və təhlükəsizlik siyasətinin müəyyənedici faktoru olduğunu bildirirdi (Hyde-Price, 2006).
20-ci əsrdə klassik realizmi əhatəli beynəlxalq münasibətlər nəzəriyyəsinə çevirən Hans Morgenthau siyasətin təbiətin aydın və dəyişməz qanunları tərəfindən idarə olunduğunu, dövlətlərin isə bu qanunları anlayaraq rasional və obyektiv baxımdan düzgün addımlar ata biləcəyini müdafiə edir. Morgenthauya görə, zamansız və bəşəri olan doyumsuz insanın iqtidar həvəsi, hakim olma arzusu toqquşmaların əsas səbəbidir. 1948-ci ildə yayımlanan “Millətlər Arasında Siyasət:İqtidar və Sülh Mübarizəsi” əsərində Morgenthau beynəlxalq siyasətin də bütün siyasət kimi bir iqtidar mübarizəsi olduğunu bildirir. Müəllifə görə, realizmin əsasında insan təbiəti, güc-maraq durur və etik dəyərlər siyasətdə rol oynasa da, siyasət etik dəyərlərə mütləq bağlı sahə deyil (Stanford, 2023) .
Neorealizmin əsas nəzəriyyəçilərindən Kenneth Waltza görə isə, beynəlxalq siyasəti əsasən dövlət rəhbərlərinin xarakteri və ya insan təbiəti yox, beynəlxalq sistemin anarxik quruluşu müəyyən edir. Dövlətlərin davranışını ən çox müəyyən edən şey sistemin strukturu və o sistemdə gücün necə bölüşdürülməsidir. Waltzın nəzəriyyəsinə görə, beynəlxalq sistemin nizamlayıcı prinsipi anarxiyadır; dövlətlər funksional baxımdan bir-birinə bənzəyir, amma onları fərqləndirən şey nisbi imkanları, yəni güc paylarıdır. Waltzın da daxil olduğu müdafiəçi realistlərə (defensive realists) görə dövlətlər əsasən təhlükəsizlik axtarır və güc balansını qorumağa çalışır. Hücumçu realistlər (offensive realists) isə hesab edirlər ki, dövlətlər imkan yarandıqca öz güclərini maksimumlaşdırmağa və sistemdə üstün, hətta hegemon mövqe tutmağa çalışırlar (Stanford, 2023) . İstər klassik, istər neorealizm beynəlxalq münasibətlərdə dövlətləri əsas aktor hesab edir, beynəlxalq sistemin anarxik xarakterini vurğulayır və dövlət davranışını əsasən güc, təhlükəsizlik və milli maraq prizmasından izah edir.
2000-ci illərdə Aİ-nin normativ güc statusuna yönəlik tənqidlər dəyərlə maraq arasındakı uyğunsuzluq və bu çərçivədə prioritetlərin tətbiqindəki selektivlik ilə izah edilirdi. Bu nəzəri tənqidlər Azərbaycan nümunəsində çox haqlı görünürdü. Azərbaycanda bu selektivliyin əsas səbəbi heç şübhəsiz enerji resursları idi. Ancaq yenə də 2000-ci illərdə Qərb ilə münasibətlərin demokratiya, insan haqları və hüququn üstünlüyü xətti üzərindən qurulması müəyyən bir normativ nəzarət effekti yarada bilirdi. İnsan haqları, siyasi məhbuslar, mediaya təzyiqlər, toplaşma azadlığı kimi kritik mövzularda Qərb dövlətləri və institutlarının mövqeyinin, Qərb paytaxtlarından gələn açıqlamaların ağırlığı vardı və bu, hakimiyyət üçün reputasiya xərci doğururdu. Hakimiyyət Qərbdən gələn təzyiqləri və tənqidləri risk olaraq görürdü, hesaba qatırdı, müəyyən məqamlarda geriyə addım atırdı, atmadığı nöqtələrdə isə təzyiqi yumşaltmaq üçün “kürü diplomatiyası” kimi təsir mexanizmləri qururdu. 2001-ci ildə Azərbaycan Avropa Şurasına üzv olduqdan qısa müddət sonra başlayan, AŞ PA-da (Avropa Şurası Parlament Assambleyası) Azərbaycan nümayəndə heyətinin rəhbəri olmuş İlham Əliyev 2003-cü ildə prezident olduqdan sonra sürətlənən, 2005-ci ildə Bakı–Tbilisi–Ceyhan neft kəməri istifadəyə veriləndən və dövlət büdcəsi neft gəlirləri ilə dolandan sonra isə daha geniş vüsət alan bu “siyasət” AŞPA üzvlərinə rüşvət verilməsi mexanizminin adıydı (ESİ, 2012). Avropa Şurasına üzvlüyün verdiyi legitimlik möhürünü qorumaq üçün həyata keçirilən bu “kürü diplomatiyası” siyasətinə Azərbaycan hakimiyyəti çox böyük məbləğlərdə pul xərcləyirdi və əvəzində AŞ-da Azərbaycan avtoritarizminin dərinləşməsinə göz yumulmasını böyük ölçüdə təmin edə bilirdi (ESİ, 2012).
AŞ-dən fərqli olaraq Avropa İttifaqı institutlarında, xüsusilə Avropa Parlamentində Azərbaycan hakimiyyətinin xüsusilə insan haqları ilə bağlı pozuntularına daha sərt reaksiya mövcud idi və bu xətt hələ də davam edir. Ancaq parlamentarların prinsipial mövqeyi hökumətlərin Azərbaycan iqtidarına loyallığı ilə sinxron deyil. Bunda əsas rolu enerji faktoru oynayır və bu yalnız son bir neçə ilin tendensiyası deyil.
Azərbaycan hakimiyyətinin “Əsrin müqaviləsi” ilə başlatdığı, neft-qaz pulları ilə davam etdirdiyi və çox sayda da tərəfdaş tapdığı “demokratiya əvəzində sabitlik” narrativi ilə Aİ-nin bu iki anlayış arasındakı dilemması üst üstə düşdü. Aİ bir çox məqamda demokratik islahat tələblərində daha ehtiyatlı, öz prinsiplərinin əleyhinə davrandı və avtoritar rejimi gücləndirmək hesabına sabitliyi dəyişiklikdən üstün tutmağa qərar verdi. Nəticə etibarıyla nə qədər paradoksal və ironik olsa da, məhz Aİ-nin bu sabitlik, yoxsa demokratiya dillemması Azərbaycan iqtidarına dəstək şəklində təzahür etdi (Tartes, 2015). Aparılan tədqiqatların nəticələri də göstərir ki, Aİ normativ güc olaraq Azərbaycanda azadlığı, demokratiyanı, hüququn aliliyini və insan hüquqlarına hörməti təşviq etmə məsələsində vahid, ümumi bir yanaşma izləməyib - Avropa Parlamenti daha konfrontal strategiya izləsə də, Aİ Xarici Fəaliyyət Xidməti və Komissiyası dialoqa əsaslanan konsensus yönlü yanaşmanı üstün tutub (Guillot, 2016).
Bənzər dəyərlər və maraqlar dilemması ABŞ-ın 2000-ci illərdəki Azərbaycan siyasətində də mövcud idi. Vaşinqton bir tərəfdən demokratiya və insan haqları pozuntularına, seçki saxtakarlıqlarına və media azadlıqlarının boğulmasına, siyasi məhbuslar mövzusuna münasibətdə sərt tənqid ritorikası nümayiş etdirirdi (State Gov, 2004), digər tərəfdənsə xüsusilə 2001-ci ildən sonra təhlükəsizlik və enerji gündəliyini “milli maraq” siyahısının başına yerləşdirirdi:
“ABŞ-ın Azərbaycandakı milli maraqları güclü ikitərəfli təhlükəsizlik və terrorla mübarizə əməkdaşlığına, ABŞ enerji təhlükəsizliyinin irəlilədilməsinə, azad bazar və demokratik islahatlarda irəliləyişə, eləcə də Dağlıq Qarabağ münaqişəsinin vasitəçilik yolu ilə həllinə yönəlir” (State gov, 2004)
Bu maraq sıralamasında demokratik islahatların formallığı özünü xüsusilə 2003-cü ilin mübahisəli prezident seçkisində göstərdi. Azərbaycanda prezident seçkilərinin rəsmi nəticələri açıqlanmadan və beynəlxalq müşahidəçilərdən arxa-arxaya seçki saxtakarlığına dair hesabatlar gələrkən ABŞ Dövlət Katibinin müavini Riçard Armitac İlham Əliyevi telefonla təbrik etdi (CRS, 2003) Bu, Azərbaycanın dəyişiklik istəyən təbəqələrində “demokratiya carçısı” ABŞ ilə bağlı dərin məyusluğa səbəb olan kritik məqamlardan biri idi.
Enerji diplomatiyası və normativ gündəliyin eroziyası
Ancaq bütün bunlara baxmayaraq demokratiya və insan haqları mövzularının prioritetlər sıralamasında formal olaraq qalması belə istər ABŞ-ın, istərsə də Aİ-nin Azərbaycana münasibətdəki təzyiqlərinin normativ çərçivəsini təşkil edirdi və müyyən görünən nəticələri vardı.. Enerji təhlükəsizliyi və regional sabitlik kimi konkret maraqlara əsaslanan Qərb-Azərbaycan münasibətlərinin içində insan haqları mövzularında müzakirələr də müəyyən yer tuturdu və hakimiyyətin repressiyalarda “daha uzağa getməyəcəyi”nin təminatı kimi görünürdü.
2022-ci ildən sonra isə Qərbin normativ xəritəsi ciddi şəkildə transformasiyaya uğradı - enerji, tranzit marşrutları, təhlükəsizlik məsələləri insan haqlarını ciddi ölçüdə arxaya itələyəcək şəkildə dominantlıq qazandı.Bu transformasiya indiyə qədər kiçik tədarükçü olan Azərbaycanı enerji kartından avtoritar idarəetmənin qalxanı kimi istifadə edən regional aktora çevirdi (KharCenter, 2025a).
18 iyul 2022-ci ildə Azərbaycan və Aİ arasında enerji sahəsində strateji tərəfdaşlıq memorandumu imzalandı. Avropa Komissiyasının sədri Ursula Von der Leyenin memoranduma dair açıqlamasında insan haqları, demokratiya və hüququn üstünlüyü ilə bağlı heç bir ifadə yer almadı (Avropa Komissiyası, 2022a). Avropa Komissiyasından daha sonra verilən açıqlamada isə Azərbaycan ilə iqtisadi şaxələndirmə, investisiya, ticarət və vətəndaş cəmiyyətinin potensialından faydalanma kimi geniş sprektrdə əməkdaşlığı artırmağı hədəfləyən yeni saziş üzərində müzakirələr aparıldığı, bu sazişin insan haqları və hüququn üstünlüyünin əhəmiyyətini vurğuladığı bildirildi (Avropa Komissiyası, 2022 b). Bu sazişdən hələ də xəbər yoxdur. 2025-ci ilin aprelində Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti komissarı Kaya Kallas Azərbaycana səfərində İlham Əliyevlə yeni tərəfdaşlıq və əməkdaşlıq sazişi ilə bağlı müzakirələri yenidən başlatmaq məsələsində razılığa gəldiklərini bildirib (EEAS, 2025a). Ancaq müzakirələrin başlayıb-başlamadığı haqda da hər hansı məlumat yoxdur.
2022-ci ildə imzalanan sazişdən sonra Azərbaycan Avropa İttifaqının boru xəttiylə qaz təmin edən dördüncü tədarükçüsü oldu və bu istiqamətdəki əməkdaşlıq hər keçən ay genişlənir (KharCenter, 2025a). Bu əməkdaşlığın Azərbaycanda demokratiyaya mənfi təsiri Avropa Parlamentinin qətnamələrində də əksini tapıb - Azərbaycandan qaz ixracatı asılılılğına son qoyulması və 2022-ci ildə imzalanan strateji tərəfdaşlıq memorandumunun ləğv edilməsi, gələcəkdə imzalanacaq hər hansı sənədin də siyasi məhbus, hüquqi islahat, insan haqları mövzularına indekslənməsi tələb edilib (Avropa Parlamenti, 2024, 2025).
Ancaq Brüssel bunun əvəzində rəsmi Bakını 2028-ci ildəki Avropa Siyasi Birliyi sammitinin Azərbaycanda keçiriləcəyinə qərar verməklə mükafatlandırıb (KharCenter, 2025). Əvvəllər ifadə edilən sərt xəbərdarlıqların yerini isə simvolik “narahatlıq” bəyanatları, Azərbaycanla dialoqun davam etidirlməsi qərarlılığı haqda açıqlamalar (EEAS, 2025b) və Aİ rəsmilərinin enerji üçün İlham Əliyevə təşəkkürləri tutdu (President.az, 2022).
ABŞ xarici siyasətində normativ qopma və Vaşinqton–Bakı münasibətlərinin yeni konteksti
Fevral ayı ABŞ-Azərbaycan münasibətlərli baxımından iki epizodla yadda qaldı. Bunlardan birincisi ABŞ-ın vitse-prezidenti C. D. Vensın Azərbaycana səfəriydi - bu, keçmiş vitse-prezident Dik Çeyninin 2008-ci ildəki gəlişindən sonra Vaşinqtondan Bakıya bu səviyyədə ilk səfərdi. Digər epizod isə Vensın səfərindən bir neçə gün sonra qeydə alındı - ABŞ prezidenti Donald Trampın Sülh Şurası toplantısının açılışına gedən Azərbaycan prezidenti İlham Əliyevin mühafizəçiləri siyasi məhbuslara azadlıq tələb edən azərbaycanlı siyasi mühacirləri döydü (The Guardian, fevral 2026).
İlk baxışda bir-biri ilə əlaqəsiz görünən bu iki epizodun əslində ortaq nöqtəsi vardı: Vaşinqton-Bakı yaxınlaşması artıq Azərbaycanda yumşalma və ya islahat gözləntiləri doğurmur, əksinə, İlham Əliyev üçün daha çox beynəlxalq legitimlik, daha çox manevr və paralel olaraq, daxildə daha çox hegemoniya və sərtləşmə resursuna çevrilir.
2022-ci ildən sonra daha bariz halda görünən dəyərlər sistemindən maraqlar sisteminə keçidin ən sərt forması ABŞ-da Donald Trampın yenidən iqtidara gəlməsiylə başladı. Analitiklər Trampın ikinci iqtidarının Milli Təhlükəsizlik Strategiyasını (NSS) (White House, 2025) məhz bu şəkildə dəyərləndirirlər - “acımasız və qısa”.... (Carnegie Foundation, 2026)
Karnegi Fondu analitiklərinin dəyərləndirməsinə görə, milli təhülkəsizlik strategiyasında demokratiya və insan haqları vurğusu ABŞ-ın dəyər öhdəlikləri və geosiyasi-iqtisadi maraqları arasındakı təkrarlanan güzəştlər səbəbilə hər zaman problematik olub, ancaq Trampın strategiyası bu balansı da yıxıb-dağıdır və daha fundamental bir qopmanı əks etdirir. Analitiklərə görə, bu strategiya ilə bəşəri insan haqlarına dair bütün referanslar ortadan qalxıb. Tramp iqtidarı bunun əvəzinə “Amerika vətəndaşlarının Tanrı tərəfindən verilmiş təbii haqları”nı mənimsəyərək beynəlxalq insan haqları müqavilələrindən qopuq, dini bir haqq axtarışına işarə edir: “Bu yenidən çərçivələndirmədə azadlığın, demokratiyanın və hüquqların əsas düşmənləri avtokratik və korrupsiyalaşmış rejimlər deyil, informasiya ekosistemlərini tənzimləmək, azlıq hüquqlarını qorumaq və idarəetmənin gücünü məhdudlaşdırmaq üçün tədbirlər görən Aİ kimi beynəlxalq ittifaqlar və hətta Avropadakı ənənəvi ABŞ müttəfiqləridir” (Carnegie Foundation, 2026)
Fondun analitiklərindən Stiven Feldstein bildirir ki, Trampın 2025-ci ildəki Milli Təhlükəsizlik Strategiyası prezidentin bundan əvvəlki iqtidarı dövründəki 2017-ci il sənədi də daxil olmaqla, demokratiyaya dair əvvəlki yanaşmanın radikal dəyişdiyinin birbaşa sübutu, “Amerikanın demokratiyadan sonrakı” ilk sənədidir. Sənəddə demokratiyaya cəmi üç kontekstdə toxunulur və bunların hamısı demokratiya termininin ənənəvi tövsifindən radikal şəkildə fərqlənir, həm daxili, həm xarici siyasətdə demokratiyaya əsas təhdid olan elementlərlə mübarizə “demokratiyanın əsas prinsiplərini pozmaq” kimi dəyərləndirilir (Carnegie Foundation, 2026).
Trampın yeni sənəddən demokratiya və dəyərlərə dair bütün referansları çıxarma qərarı 1945-ci ildən sonra beynəlxalq liberal düzəni kökündən dəyişmək niyyəti ilə izah olunur və Aİ liderlərinə ciddi meydan oxuma kimi dəyərləndirilir. Bu kontekstdə ABŞ iqtidarının Avropadakı radikal sağ partiyaları əsas müttəfiqləri olaraq görməyə başladığının, Ukraynaya dəstəyin ən qatı əleyhdarları olan Macarıstan, Slovakiya və Çexiya hökumətləri ilə daha canlı əlaqələr qurmasının da altı xüsusilə çizilir. Bu ölkələrin Aİ qərarlarına qarşı çıxmaqla bağlı “cəsarətinin” artması da məhz ABŞ-ın Milli Təhlükəsizlik Strategiyasında elan olunan demokratiyaya qarşı duruşdan irəli gəldiyi vurğulanır (Carnegie Foundation, 2026).
İnsan haqları təşkilatları da demokratik dəyərlərin geriləmə tendensiyasının Trampdan öncə başladığını, ancaq Trampın gəlişiylə qlobal insan haqları sisteminin təhlükədə olduğuna diqqət çəkir. “Human Rights Watch”ın ən yeni tarixli dünya hesabatına görə, Tramp iqtidarı 12 ay içində ABŞ demokratiyasının və ümumilikdə ziddiyyətlərinə baxmayaraq, ABŞ-ın digər dövlətlərlə birlikdə qurulmasına yardım etdiyi qlobal qaydalara əsaslanan fundamentlərinə qarşı geniş miqyaslı hücum həyata keçirib (HRW, 2026a).
Trampın strategiyasında enerji dominantlığı, iqtisadi təhlükəsizlik və müdafiə sənayesi bazası kimi məsələlər milli təhlükəsizliyin fundamenti kimi təqdim edilir (Atlantic Council, 2026). ABŞ prezidenti enerji sahəsində dünyada öz hegemonluğunu qurmaq istəyir və bu hədəflər yalnız hidrokarbon resurslara nəzarətlə məhdudlaşmır (Chatam House, 2026). Venesuela “əməliyyatından” Kanada təhdidlərinə, Hindistan və Türkiyədən Rusiya təbii qazından asılılığı azaltma tələbindən İranla gərginliyə qədər dünyadakı bir çox proses məhz Trampın enerji hegemonluğu arzusu çərçivəsində dəyərləndirilir.
Trampın marağı Əliyev hakimiyyətinin qalxanı rolunda
Vaşinqtonun Azərbaycana (və Ermənistana) artan marağını da məhz Ağ evin postdemokratiya strategiyası - enerji dominantlığı, tranzit dəhlizləri, yeni investisiya sövdələşmələri - Tramp üsulu təhlükəsizlik diskursu çərçivəsində dəyərləndirmək lazımdır. ABŞ vitse-prezidenti C. D. Vens fevralda regiona etdiyi səfərdə Ermənistanla atom enerjisi və hərbi sahələrdə əməkdaşlıq sazişi, Azərbaycanla isə ortaq layihələr həyata keçirmək üçün işçi qruplarının yaradılmasını nəzərdə tutan strateji əməkdaşlıq xartiyası imzaladı. Bu səfər Vaşinqtonun regiondakı mövcudluğunu xüsusilə nəqliyyat və enerji sektorlarında artırmağı hədəflədiyini və eyni zamanda ABŞ-ın Azərbaycanla-Ermənistan arasındakı sülh prosesinin də “patronu” olmaq istəyinni nümayiş etdirirdi (OSW, 2026).
Vensın səfəri keçən ilin avqustunda Vaşinqtonda Trampın Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanla bir araya gələrək özünü regionda yeni düzənin əsas xarici aktoru kimi təqdim etdiyi görüşün davamı idi. Tramp o tarixdən sonra dəfələrlə Ermənistan-Azərbaycan konfliktinin onun vasitəçiliyi ilə həll edilən problemlərdən biri olduğunu vurğuladı. Bu narrativ ABŞ-ın dekabrda yayımlanan Milli Təhlükəsizlik Strategisyasında da əksini tapıb. Azərbaycanla Ermənistan arasında sülh sazişi hələ imzalanmasa da ABŞ-ın himayəsi altında başlayan kommunikasiya xətti siyasi bəyanatdan praktik tətbiq fazasına keçir. Vensın səfəri də ABŞ-ın mərkəzi rolunun bir daha təsdiqlənməsi məqsədi daşıyırdı. (Tatikyan, 2026).
Digər tərəfdən Vensın səfəri avqust 2025 görüşündə təqdim olunan TRİPP (Beynəlxalq Sülh və Rifah Üçün Tramp Marşrutu) layihəsinin davamı və Tramp iqtidarının növbəti hədəfi olan Orta Dəhliz ticarət və logistika şəbəkəsinin genişləndirilməsi çərçivəsində həyata keçirildi. Üstəlik, bu dəfə gündəlikdə atom enerjisi, silah satışları, süni intellekt kimi mövzular da vardı (OSW, 2026).
Azərbaycan və Ermənistan arasında Rusiyanın iştirakı ilə imzalanan və Moskvanın regional kooperasiya və təhlükəsizlik arxitekturasının yeni əsasını təşkil edən 10 noyabr 2020-ci il tarixli bəyanatın aktuallığını və siyasi çəkisini tamamilə kölgədə qoyan TRIPP layihəsi Vaşinqtonun bölgə üzərindəki söz sahibliyi iddiasının ən bariz nümayişidir (Khar Center, 2025b). Bəzi analitiklər bunu yalnız ABŞ-ın deyil, ümumilikdə Qərbin və Türkiyənin Moskvanın güc nümayişini məhdudlaşdırdığı böyük tendensiyanın bir hissəsi kimi dəyərləndirir. Bu çərçivəyə görə, bütün gücünü Ukrayna müharibəsinə yönəltməsi Kremlin Suriya və Venesueladakı müttəfiqlərinin çöküşünə səbəb olub və Vaşinqton artıq Kremlin öz forpostu hesab etdiyi digər bölgələrdəki həssas nöqtələrinə də basacağını nümayiş etdirir. ABŞ-ın Ermənistanla imzaladığı mülki atom enerjisi sazişinə Ermənistanda atom elektrik stansiyası olan (Metsamor AES) Rusiyanın XİN sözçüsünün “belə şeylər zarafat mövzusu deyil” şəklində reaksiya verməsi də bunun bir göstəricisidir (Azatutyun, 2026). Türkiyə isə Moskvanın sanksiyaların aşılmasında, neft və qaz ticarətində, kilid texnologiyaların idxalında asılılığından istifadə edərək Cənubi Qafqazdakı mövqelərini gücləndirməyə çalışır (CEPA, 2026).
Azərbaycan bu vəziyyətdən məmnun görünür. Çünki əvvəla, keçən ilin sentyabrında Düşənbədə baş tutan Əliyev-Putin görüşü bir ildən çoxdur ki, soyumuş Azərbaycan-Rusiya münasibətlərinə gözlənilən istiləşmə gətirmədi. Putin həmin görüşdə Azərbaycan təyyarəsinin vurulmasına görə məsuliyyəti qəbul edib münasibətlərin normallaşmasında maraqlı olması siqnalı verdikdən sonra münasibətlərin qaydaya düşməsi görüntüsü vardı. Ancaq keçən ilin dekabr ayında Putinin sözçüsü Dmitri Peskov MDB liderlərinin Sankt Peterburqda keçiriləcək qeyri-rəsmi sammiti çərçivəsində Rusiya prezidentinin İlham Əliyev və Nikol Paşinyanla görüşəcəklərini söyləsə də, Azərbaycan prezidentinin bu tədbirə getməyəcəyi açıqlandı. Səbəb kimi Əliyevin sıx iş qrafiki göstərildi (AA, 2025) Əsl səbəb (ya da səbəblərdən biri) isə bir neçə gün sonra ortaya çıxdı. Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Rusiyanın AZAL təyyarəsinin vurulmasına dair istintaqı yekunlaşdırması barədə Bakını məlumatlandırdığını və bu məlumatların Bakıda çox ciddi suallar doğurduğunu söylədi (Report, 2025). Yanvar ayında istintaqın nəticələri barədə məlumatlar mediaya çıxınca isə mənzərə daha da aydınlaşdı - Rusiya tərəfi qəzanı pis hava şəraitinə, pilotun uğursuz eniş cəhdlərinə və təyyarənin Aktauya yaxınlaşırkən yerə çırpılmasına bağlayaraq özünü təmizə çıxarmışdı (CEPA, 2026)
İkincisi, ABŞ ilə yaxınlaşma İlham Əliyevə istədiyi iki şeyi vəd edir. Birincisi, Azərbaycanla imzalanan strateji tərəfdaşlıq xartiyası və ümumiyyətlə Trampın regiona olan marağı yeni iqtidsadi sövdələşmələr imkanı deməkdir. Əliyevin Vensın səfərindən bir gün əvvəl ABŞ Ticarət Palatasının nümayəndələri ilə görüşdə söylədiyi “çox ümid verən və olduqca aktiv yeni dövrə giririk” (President az, fevral 2026) sözləri də bu gözləntinin ifadəsidir.
Ermənistanda Bayden, Azərbaycanda Tramp xətti?
Əliyevin istədiyi ikinci nüans da bu xartiyanın demokratiya, insan haqları, hüququn aliliyi kimi klassik dəyər çağırışlarından tamamilə azad olmasıdır. Bunu ABŞ-ın Azərbaycan və Ermənistanla imzaladığı strateji tərəfdaşlıq xartiyalarının məzmunları arasındakı fərqlər - sənədlərin dili də bariz şəkildə nümayiş etdirir. Ermənistanda dəyər vurğusu ön plandaykən Azərbaycanla “strateji tərəfdaşlıq” sektor əməkdaşlığı səviyyəsində nəzərdə tutulur.
Ermənistanla strateji tərəfdaşlıq xartiyası Tramp ikinci müddəti üçün and içməzdən əvvəl - 2025-ci ilin əvvəlində, keçmiş ABŞ dövlət katibi Antoni Blinkenin səlahiyyət müddətinin sonuncu həftəsində imzalanıb (Ermənistan, XİN, 2025). Sənəd iqtisadi əməkdaşlıq, təhlükəsizlik və müdafiə, demokratiyanı, hüququ və əhatəliliyi gücləndirmək, insanlar arasındakı əlaqələri artırmaq kimi əsas başlıqları ehtiva edir. Sənəddə iki ölkə arasındakı əməkdaşlığın çərçivəsini müəyyən edən ortaq dəyərlər və ümumi maraqlar belə sadalanıb - demokratiyanın və iqtisadi azadlığın inkişaf etdirilməsi, korrupsiya ilə mübarizə, hüququn aliliyinin və insan hüquqları ilə əsas azadlıqlara hörmətin gücləndirilməsi, məhkəmə azadlığının artırılması, vətəndaş cəmiyyətinin gücləndirilməsi, siyasi partiyaların və beyin mərkəzlərinin gücləndirilməsinin təşviqi, media üçün ifadə azadlığı, şəffaflığın artırılması, suverenliyin və ərazi bütövlüyünün müdafiəsi, innovasiyaların və texnoloji irəliləyişlərin dəstəklənməsi, həmçinin enerji təhlükəsizliyinin möhkəmləndirilməsi…Yerevandakı ABŞ səfirliyi bu sənədi təqdim edərkən belə “Tərəfdaşlığımız paylaşdığımız demokratik dəyərlərə əsaslanır” vurğusuna yer verib (ABŞ-ın Ermənistandakı səfirliyi, 2025). Bu strateji ortaqlıq sənədi Bayden iqtidarının xarisi siyasət tendensiyasını əks etdirsə də, Tramp iqtidarı onu dəyişməyib.
Azərbaycanla fevralda imzalanan xartiyanın böyük hissəsi isə məhz ABŞ prezidentinin şəxsi piarını da ehtiva edən TRIPP layihəsinin iqtisadi potensialını ən yüksək səviyyəyə çatdırmağa ayrılıb (Eurasianet, 2026). Xartiya enerji, ticarət və tranzit daxil regional bağlantı (TRİPP), süni intellekt və rəqəmsal infrastruktur daxil olmaqla iqtisadi layihələr və təhlükəsizlik kimi üç əsas maddəni əhatə edir. (ABŞ-ın Azərbaycandakı səfirliyi, 2026). Ermənistanla strateji tərəfdaşlıq çərçivəsindən fərqli olaraq, Azərbaycan-ABŞ xartiyası islahat və struktur dəyişikliyi ehtiva etmir, siyasi dəyərlərə əsaslanmır və sistemli islahatlardan çox sektor əməkdaşlığına yönəlib (Tatikyan, 2026).
Əvvəlki illər olsaydı, şübhəsiz Azərbaycan-ABŞ xartiyasında demokratiya, insan haqları, hüququn aliliyi kimi normativ dəyərlərdən heç bəhs edilməməsi, eyni zamanda ABŞ vitse-prezidentinin səfərində bu dəyərlərə ümumiyyətlə toxunulmaması sual doğurardı. Ancaq ABŞ administrasiyasının milli təhlükəsizlik strategiyası sənədi ilə də, son bir ildəki ritorikasıyla və davranışlarıyla da açıqca nümayiş etdirdiyi dəyərləri yox sayma, qeyri-müəyyən “Amerikan mənafelərini” prioritetə çevirmə siyasəti bu suallar üçün də, təəccüb üçün də yer qoymur. Digər tərəfdən, Ermənistanla hələ də Bayden dövrünün mərkəzində dəyər olan strategiyasının davam etdirilməsi əlavə suallar doğurur.
Azərbaycan əlbəttə, heç vaxt ABŞ-ın “dəyər tərəfdaşı” olmayıb, ancaq “normativ dəyər gündəliyi” kimi “əlavə problemlər” onun üçün Vaşinqtonla münasibətlərin baryeri və Rusiya ilə yaxınlığın bəhanələrindən biri rolunu oynayıb. İndi isə bu “problem” aradan qalxıb - Trampın yeni strategiyası rəsmi Bakı üçün göydəndüşmə fürsət yaradıb. İlham Əliyev üçün bütün hallarda prioritet iqtidarda qalmaqdır - ABŞ kimi supergücün qanadları altında, üstəlik hər hansı normativ dəyər tələbi olmadan bu hədəfin davamlılığını təmin etmək indi onun üçün regionda və dünyada zəifləmiış Rusiya ilə qeyri-müəyyən gələcəkdən daha cazibədar görünür. Azərbaycan iqtidarı üçün ABŞ-Rusiya seçimi artıq bir-birinə zidd olan iki dəyər - demokratiya və avtoritarizm arasında mövqe müəyyənləşməsi deyil, bənzər strategiyalara sahib olan iki gücdən “daha güclü” olanı ilə yaxınlaşma məsələsidir. Digər tərəfdən, Əliyev sülh müqaviləsinin imzalanması məsələsində ayaq sürüyərək həm ABŞ, həm də Rusiya ilə irəlidəki sövdələşmə qapılarını açıq saxlamağa çalışır.
Dəyərlər Yerevana, sövdələşmə Bakıya–Qərblə yaxınlaşma artıq demokratiya seçimi deyil
Azərbaycan iqtidarının işini asanlaşdıran ən mühüm faktorlardan biri artıq yalnız ABŞ-ın deyil, Avropa İttifaqının da açıq şəkildə realizm və maraq vurğusuna yönəməsidir. Avropa Parlamentinin Azərbaycanla enerji bağlarının güclənməsindən narahatlığı və bunun yaratdığı təhlükələrə dair xəbərdarlıqları ilə Avropa Komissiyasının realizmi arasındakı uçurum gedərək dərinləşir. Avropa Komissiyasının sədri Ursula Von der Leyenin “Avropa artıq köhnə nizamın müdafiəçisi ola bilməyəcək, daha realist və mənafe mərkəzli xarici siyasətə ehtiyac var. Birlik qaydalara əsaslanan sistemi hər zaman müdafiə edəcək və dəstəkləyəcək, ancaq artıq Avropanın mənafelərini müdafiə etmək və qitəni təhdidlərdən qorumaq üçün bu sistemə güvənə bilməz” açıqlaması (The Guardian, 9 Mart 2026) Brüsselin artıq maraq mərkəzli siyasəti pərdələmə ehtiyacı duymadığını göstərir.
Avropa İttifaqı Şurasının prezidenti Antonio Koştanın Bakıda İlham Əliyevlə görüşdən sonra verdiyi açıqlamalar da bu xəttin təzahürüdür: “Qlobal gərginliyin və qeyri-sabitliyin artdığı bir vaxtda Azərbaycan və Avropa İttifaqı arasında əlaqələrin möhkəmləndirilməsi əvvəlkindən daha vacibdir…Avropa İttifaqı bu günün çağırışlarını sabahın fürsətlərinə çevirmək üçün Azərbaycanla işləməyə sadiqdir. Sizin rəhbərliyiniz zəruridir və bizim tərəfdaşlığımız güclüdür. Biz onu xalqlarımızın rifahı naminə birlikdə daha da genişləndirə bilərik” (APA, 11 mart 2026). Bu “genişləndirilmiş” tərəfdaşlığın bir nümunəsi Koştanın Bakı səfərindən bir gün əvvəl ortaya çıxıb - məlum olub ki, Azərbaycanın dövlət neft şirkəti SOCAR-a məxsus Gürcüstandakı Kulevi Neft Terminalı Rusiyanın kölgə donanmasının istiafdə etdiyi limanlar arasında olmasına baxmayaraq Avropa İttifaqının Rusiyaya qarşı hazırladığı 20-ci sanksiya paketinə daxil edilməkdən son anda yayınıb (Abzas, 10 mart 2026). Gürcüstan hakimiyyəti, limanın operatoru və SOCAR-ın Aİ sanksiyalarına riayət etməklə bağlı öhdəlik götürdüyü və bu səbəbdən terminalın sanksiyalardan yayındığı bildirilsə də, bu jestin İlham Əliyevə “tərəfdaş hədiyyəsi” olması ehtimalı baş verən proseslər fonunda daha inandırıcı görünür.
Əliyev-Aİ ortaqlığının digər simvolik nümunəsi isə Koştanın Bakıya Azərbaycan iqtidarının ünvanına tərif yağdırdığı gün Siyasi Menecment İnstitutunun həbsdə olan direktoru Azər Qasımlının 12 il həbsə məhkum olunmasıdır (Toplum TV, 11 mart 2026).
Qərbin bu mövqeyi İlham Əliyevə ölkə daxilində 2022-ci ildən başlatdığı yeni təzyiq dalğasını yüksələn xətlə davam etdirmə təminatı verir, daha doğrusu, bu xətti davam etdirərkən “başını ağrıdacaq” sorğu-suallardan azad edir. Bu “təminat” şübhəsiz ki, Rusiya ilə ənənəvi avtoritar müttəfiqliyin “qazancından” daha güclüdür - çünki repressiyaların və total basqı rejiminin davam etdirilməsi artıq “demokratiyanın və insan haqlarının ənənəvi qoruyucusu” ABŞ-ın Azərbaycan iqtidarına dəstək paketi və Aİ-nin Azərbaycanla “enerji evliliği” paketi daxilində legitimləşdirilir.
2022-ci ildən sonra Azərbaycanda avtoritarizmin dərinləşməsinin indikatoru yalnız yeni həbslər deyil, bu dövr mediaya, vətəndaş cəmiyyətinə və siyasi müxalifətə qarşı repressiyaların daha geniş, ardıcıl, planlı mexanizmlə həyata keçirilmə dövrü kimi səciyyələndirilir. 2022-ci ilin sonlarında QHT-lərə, vətəndaş cəmiyyəti nümayəndələrinə, ictimai fəallara, jurnalistlərə və müstəqil media orqanlarına qarşı koordinasiyalı və total repressiya dalğası başladı. Dövlətin ələ keçirilməsi və korrupsiya ilə bağlı araşdırma aparan jurnalistlər və media qurumları, insan haqları, media və hüquq sahəsində fəaliyyət göstərən QHT-lər və xüsusilə internetdə fəal olan aktivistlər bu dalğanın hədəfi oldu. Həbslər, basqınlar, bank hesablarının dondurulması, ofislərin möhürlənməsi, ölkədən çıxış qadağası, qaçaqmalçılıq ittihamları kimi bir çox repressiya metodundan istifadə edildi. Əvvəlki dövrlərin əksinə, bu təzyiq internet aktivizminə də ciddi təsir etdi (Baku Research İnstitute, 2025).
Beynəlxalq insan haqları təşkilatlarının hesabatları göstərir ki, Azərbaycanda iqtidarın müstəqil mətbuata, siyasi müxaliflərə və QHT-lərə təzyiqinin artırması, müxalifəti susdurması və qorxu atmosferini gücləndirməsiylə daha da pisləşib. Jurnalistlər üçün Ədalət Təşkilatı son hesabatında 2025-ci ilin Azərbaycanda müstəqil media vıə ifadə azadlığının tam məhv edildiyi il olduğunu bildirib. 2025-ci ildə Azərbaycanda jurnalistlərə qarşı 211 hücum faktı qeydə alınıb. Təzyqin əsas mənbəyi isə dövlət qurumlarıdır. Jurnalistlərin həyatına, azadlığına və sağlamlığına yönəlmiş fiziki hücumlar 67 faiz artıb və əsasən artıq həbsdə olan jurnalistlərə qarşı yönəlib. Ən az 39 media işçisi hələ də həbsdədir. Siyasi məhbusların ümumi sayı isə 340 nəfərə çatıb (JFJ, fevral 2026).
İqtidar yalnız ölkədəki deyil, mühacirətdəki bloq yazarları, jurnalistləri və fəalları da hədəfə alır. Xüsusilə son bir ildə Azərbaycan hakimiyyəti xaricdə yaşayan jurnalistlər, bloq yazarları və digər tənqidçilər haqqında məhkumiyyət qərarları verib və ekstradisiya xətlərini işə salaraq onların üzərindəki beynəlxalq təzyiq yaratmağa çalışıb (HRW, 2026b), təhdid, qaçırma, sui-qəsd təşkili kimi halları artırıb (RSF, 2025). Ən azı 14 mühacir jurnalist qiyabi şəkildə 6 ildən 16 ilədək həbs cəzasına məhkum edilib (JFJ, fevral 2026). Azərbaycan prezidenti İlham Əliyevin mühafizəçilərinin Vaşinqtonda etirazçılarla insidenti, vitse-prezident Mehriban Əliyevanın Almaniyada ona ölkədə demokratiyanın vəziyyəti ilə bağlı sual verən azərbaycanlı mühaciri “qadın paltarı geyinib qaçan” deyərək aşağılaması, iqtidarın Avropadakı siyasi mühacirlərə təzyiqləri artırması kimi faktlar bu baxımdan ABŞ-Azərbaycan strateji tərəfdaşlıq paketinin və Aİ-Azərbaycan enerji əməkdaşlığının bəhrəsi kimi dəyərləndirilə bilər.
NƏTİCƏ
Ümumilikdə 2022-ci ildən sonrakı tendensiya, konkret nümunədə isə fevral epizodları dünyanın yeni siyasət və təhülkəsizlik arxitekturasında məhz avtoritar rejimli ölkələrin çəkisinin artdığını göstərir. Dünya sürətlə demokratikləşmədən böyük avtoritarlar klubuna doğru hərəkət edir və bu atmosfer xüsusilə enerji resurslarından avtoritarizmi dərinləşdirmək üçün istifadə edən ölkələr üçün komfort yaradır. Bu ölkələr arasında Azərbaycan da var.
Fevral ayında Azərbaycanla ABŞ arasında imzalanan strateji tərəfdaşlıq xartiyasının demokratiya, insan haqları, hüququn üstünlüyü kimi normativ tələblərdən uzaq olması Tramp administrasiyasının dünyaya yeni baxışıyla - ABŞ Milli Təhlükəsizlik Strategiyası ilə izah edilə bilər. Əliyevin mühafizəçilərinin Vaşinqtonda azərbaycanlı mühacirlərə hücumu isə bunun simvolik mənzərəsidir.
Ancaq problem bundadır ki, sadəcə ABŞ deyil, elədə də dünyanın normativ güc mərkəzi iddiasındakı Avropa İttifaqının Azərbaycana münasibətdəki davranışında da bu dəyərlər artıq görünmür. Bağlı qapılar arxasındakı danışıqlarda nələrin baş verdiyini, hansı tələblərin gündəliyə gətirildiyini söyləmək əlbəttə mümkün deyil, ancaq ortada olan nəticə - Azərbaycan avtoritarizminin sərhədlərinin hər keçən gün genişlənməsi Qərbin ənənəvi normalarının selektiv tətbiqində belə gözlə görünən geriləmə olduğunu göstərir. Dünyanın ən avtoritar rejimlərindən birinə sahib olan Rusiyadan enerji asılılığını azaltma strategiyası həyata keçirərkən Azərbaycan kimi daha az avtoritar olmayan kiçik aktorları regional oyunçuya çevirən enerji bağları Aİ-ni növbəti dəfə çox ciddi dəyər-maraq toqquşması ilə qarşı-qarşıya qoyub. Bu toqquşmanın qalibi isə təəssüf ki, maraqlar və İlham Əliyev hakimiyyətidir.
Qərblə yaxınlaşma artıq insan haqları, mediaya təzyiqlər, vətəndaş cəmiyyətinin çökdürülməsi kimi mövzularda iqtidarın avtoritar davranışlarını məhdudlaşdıran faktor olmaqdan çıxıb. Əksinə, bu yaxınlaşmanın “meyvələri” olan enerji, təhlükəsizlik, investisiya, tranzit layihələri Əliyev üçün daha çox beynəlxalq legitimlik, daha çox sövdələşmə və daxildə idarəetməni daha da sərtləşdirmə imkanı yaradır.
ABŞ-ın normativ dəyərləri tamamilə gündəliyindən çıxarması, Aİ-nin isə parlament tənqidi səviyyəsi ilə məhdudlaşdırıb praktikada “unutması” elə vəziyyət yaradıb ki, artıq Azərbaycan üçün Qərb–Rusiya seçimi demokratiya–avtoritarizm seçimi kimi görünmür, əksinə “kim daha güclüdür”, “kim daha çox qazandırır”, “kim avtoritar idarəetmənin uzanmasına daha çox kömək edə bilər” məsələsinə çevrilib. Bu isə yalnız ölkə daxilindəki müxalifət, vətəndaş cəmiyyəti, media üçün qaranlığı daha da artırmır, eyni zamanda mühacirətdəki mübarizə üçün də daha çətin günlər vəd edir.
İSTİNADLAR
Avropa Komissiyası, 2009. European Neighbourhood Policy – AZERBAIJAN https://ec.europa.eu/commission/presscorner/detail/en/memo_09_183
Manners, Ian, 2002. Normative Power Europe: A Contradiction in Terms? JCMS: Journal of Common Market Studies, 40, 235-258.
EEAS, 2016.Critically assess and analyse the notion that the EU is a Normative Power. https://www.eeas.europa.eu/node/15687_en
Diez, Thomas, 2005. Constructing the Self and Changing Others: Reconsidering `Normative Power Europe'. Millennium - Journal of International Studies, 33, 613-636.
Cardenas, Sonia. 2004. Norm Collision: Explaining the Effects of International Human Rights Pressure on State Behavior. International Studies Review, 6, 213-232.
Hyde-Price, Adrian, 2006. ‘Normative’ power Europe: a realist critique https://www.tandfonline.com/doi/pdf/10.1080/13501760500451634
Stanford Encyclopedia of Philosophy, 2023. Political Realism in International Relations. https://plato.stanford.edu/entries/realism-intl-relations
ESI, 2012. Caviar Diplomacy.
https://www.esiweb.org/sites/default/files/reports/pdf/ESI%20-%20Caviar%20Diplomacy%20-%20May%202012.pdf
Tartes, Alexandra, 2015. The EU and Azerbaijan: Prospects for a Partnership Beyond Energy?
https://www.coleurope.eu/sites/default/files/research-paper/edp-9-2015_tartes_0_0.pdf
Gulliot, Elise, 2016. QUESTIONING THE EU'S NORMATIVE POWER IN AZERBAIJAN https://repository.gchumanrights.org/server/api/core/bitstreams/8a598cb9-e75f-42d0-9e3d-6b393e4656d4/content
U.S. Department of State, 2004. (PDF-s.368).
https://2009-2017.state.gov/documents/organization/42251.pdf
CRS(Congressional Research Service ), 2003. Azerbaijan’s 2003 Presidential Election and Succession: Implications for U.S. Interests.
https://www.everycrsreport.com/files/20031105_RS21661_570c3c421017c3fde4f458768ca76cb9c9478806.pdf
Khar Center,2025a. Kiçik tədarükçüdən geosiyasi aktora: Azərbaycanın enerji kartı avtoritar idarəetmənin qalxanı kimi.
https://www.kharcenter.com/nesrler/kicik-tedarukcuden-geosiyasi-aktora-azerbaycanin-enerji-karti-avtoritar-idareetmenin-qalxani-kimi
Avropa Komissiyası, 2022a.Statement by President von der Leyen with Azerbaijani President Aliyev. https://ec.europa.eu/commission/presscorner/detail/en/statement_22_4583
Avropa Komissiyası, 2022b. EU and Azerbaijan Enhance Bilateral Relations Including Energy Cooperation.
https://enlargement.ec.europa.eu/news/eu-and-azerbaijan-enhance-bilateral-relations-including-energy-cooperation-2022-07-18_en
EEAS(European External Action Service ), 2025a. Azerbaijan: Remarks by High Representative/Vice-President Kaja Kallas at the joint press conference with Minister for Foreign Affairs Bayramov https://www.eeas.europa.eu/eeas/azerbaijan-remarks-high-representativevice-president-kaja-kallas-joint-press-conference-minister_en
Avropa Parlamenti, 2024. Siuation in Azerbaijan, violation of human rights and international law and relations with Armenia. Resolution TA-10-2024-0029. https://www.europarl.europa.eu/doceo/document/TA-10-2024-0029_EN.html
Avropa Parlamenti, 2025. Human Rights Violations in Azerbaijan, Nigeria and Guinea-Bissau.
https://www.europarl.europa.eu/news/en/press-room/20251211IPR32170/human-rights-violations-in-azerbaijan-nigeria-and-guinea-bissau
EEAS(European External Action Service ), 2025b, Statement on Sentencing Journalists and Political Activists.
https://www.eeas.europa.eu/eeas/azerbaijan-statement-spokesperson-sentencing-journalists-and-political-activists_en
President.az, 2022.Press statements by Ilham Aliyev and President of the European Commission Ursula von der Leyen. https://president.az/en/articles/view/56810
The Guardian, 2026.Bodyguards for Azerbaijani president, in town for Trump’s Board of Peace, attack protesters in DC https://www.theguardian.com/us-news/2026/feb/20/azerbaijan-trump-board-peace-protestors
The White House, 2025. 2025 National Security Strategy.
https://www.whitehouse.gov/wp-content/uploads/2025/12/2025-National-Security-Strategy.pdf
Carnegie Endowment for International Peace, 2026. Trump National Security Strategy.
https://carnegieendowment.org/emissary/2026/01/trump-national-security-strategy
Human Rights Watch, 2026a. World Report 2026.
https://www.hrw.org/world-report/2026
Atlantic Council, 2026. Trump’s National Security Strategy Doesn’t Downgrade the Middle East—It Redefines It.
https://www.atlanticcouncil.org/blogs/menasource/trumps-national-security-strategy-doesnt-downgrade-the-middle-east-it-redefines-it/
Chatam House, 2026. Trump wants US energy dominance. Global markets may not agree. https://www.chathamhouse.org/2026/02/trump-wants-us-energy-dominance-global-markets-may-not-agree
OSW (Centre for Eastern Studies), 2026. A Greater US Presence in the Caucasus: Vice President Vance in Armenia and Azerbaijan.
https://www.osw.waw.pl/en/publikacje/analyses/2026-02-12/a-greater-us-presence-caucasus-vice-president-vance-armenia-and
Tatikyan, Sossi, 2026. Strategic Partnerships in Motion: J.D. Vance in Armenia and Azerbaijan.
https://evnreport.com/politics/strategic-partnerships-in-motion-j-d-vance-in-armenia-and-azerbaijan/
The Guardian, 9 mart 2026. Von der Leyen calls for EU foreign policy to be ‘more realistic and interest-driven https://www.theguardian.com/world/2026/mar/09/ursula-von-der-leyen-eu-foreign-policy-more-realistic-interest-driven
APA, 11 mart 2026. Prezident İlham Əliyev və Antonio Koşta mətbuata bəyanatla çıxış ediblər. https://apa.az/resmi-xeber/prezident-ilham-eliyev-ve-antonio-kosta-metbuata-beyanatla-cixis-edibler-yenilenib-946731
Abzas, 10 mart 2026. SOCAR-ın Gürcüstandakı Kulevi terminalı son anda Aİ-nin Rusiyaya qarşı sanksiyalar siyahısına salınmayıb. https://abzas.org/az/2026/3/socar-n-gurcustandak-kulevi357d3c2f-f/
Khar Center,2025b. Tripp yolu: maneəsiz keçiddən suveren nəzarətə.
https://kharcenter.com/ekspert-serhleri/tripp-yolu-maneesiz-kecidden-suveren-nezarete
Azatutyun, 2026. Հայաստանի կողմից ԱՄՆ միջուկային տեխնոլոգիաների ընտրությունը հարցեր է առաջացնում ՌԴ-ում. Զախարովա. https://www.azatutyun.am/a/33675960.html
CEPA (Center for European Policy Analysis), 2026.Russia-Azerbaijan Relations Back on the Rocks?
https://cepa.org/article/russia-azerbaijan-relations-back-on-the-rocks/
Anadolu Agency, 2025. Azerbaijan’s President Unable to Attend Informal CIS Summit in Russia.
https://www.aa.com.tr/en/world/azerbaijan-s-president-unable-to-attend-informal-cis-summit-in-russia/3777522
Report.az, 2025.Ceyhun Bayramov: AZAL təyyarəsi ilə bağlı cinayət işinə xitam verilməsi bizdə çox ciddi suallar doğurur.https://report.az/xarici-siyaset/nazir-azal-teyyaresi-ile-bagli-cinayet-isine-xitam-verilmesi-bizde-cox-ciddi-suallar-dogurur
President.az, fevral 2026. Ilham Aliyev received delegation of the U.S. Chamber of Commerce. https://president.az/en/articles/view/71523
Ermənistan XİN, 2025. Press Release (14 January 2025).
https://www.mfa.am/en/press-releases/2025/01/14/the/13032
ABŞ-ın Ermənistandakı səfirliyi, 2025.Charter on Strategic Partnership between the United States of America and the Republic of Armenia.
https://am.usembassy.gov/charter-on-strategic-partnership-between-the-united-states-of-america-and-the-republic-of-armenia/
Eurasianet, 2026. US-Azerbaijan Sign Charter on Strategic Partnership.
https://eurasianet.org/us-azerbaijan-sign-charter-on-strategic-partnership
ABŞ-ın Azərbaycandakı səfirliyi, 2026. Charter on Strategic Partnership between the Government of the United States of America and the Government of the Republic of Azerbaijan. https://az.usembassy.gov/us-azerbaijan-charter/
Toplum TV, 12 mart 2026. Azər Qasımlı 12 il azadlıqdan məhrum edilib. https://toplummedia.tv/mehkeme/pazer-qasimli-12-il-azadliqdan-mehrum-edilibnbspp
Baku Research Institute,2025. From Reactive Oppression to Codified Authoritarianism.
https://bakuresearchinstitute.org/en/from-reactive-oppression-to-codified-authoritarianism/
Human Rights Watch, 2026 b. Azerbaijan – Country Chapter.
https://www.hrw.org/world-report/2026/country-chapters/azerbaijan
Justice for Journalists, fevral 2026. Attacks on Media Workers in Azerbaijan in 2025.https://jfj.fund/attacks-on-media-workers-in-azerbaijan-in-2025/
RSF, 2025. Attempted Assassination of Blogger Mahammad Mirzali.
https://rsf.org/en/attempted-assassination-blogger-mahammad-mirzali-french-courts-recognise-azerbaijan-s-involvement