Giriş
Son dövrlərdə Türkiyə beynəlxalq siyasi arenada “danışıqların mərkəzi”, “dialoqun açarı” və “sülhün təminatçısı” rolu ilə özünü göstərir. Ankara həm regional, həm də qlobal böhranlarda masanı quran, tərəfləri bir araya gətirən və nəticə yaradıcı aktor olmağı qarşısına məqsəd qoyur. Rəsmi ritorikada bu xətt, Türkiyənin artan gücünü, diplomatik çevikliyini və dünyadakı təsirini göstərən bir sübut kimi nümayiş etdirilir.
Lakin son aylarda baş verən hadisələr bu iddia ilə reallıq arasında ciddi bir fərq olduğunu ortaya çıxarır. ABŞ və İran arasındakı danışıqların İstanbuldan Omana keçirilməsi, Rusiya–Ukrayna müharibəsi çərçivəsində müzakirələrin Türkiyədən Körfəz bölgəsinə keçməsi və Azərbaycanla Ermənistan arasında normallaşmanın mühüm mərhələlərinin Brüssel–Vaşinqton–Əbu-Dabi xəttində baş verməsi Ankaranın “vasitəçi mərkəz” rolu iddiasına kölgə salır.
Cari məqalə əsasən bu sualın cavabını tapmağa yönəlib: Niyə Türkiyə, bütün bu mübahisələrdə fəal iştirak etmək, danışıqları təşkil etmək və önəmli bir oyunçu kimi görünmək istədiyi halda, proseslərin mərkəzində yer almır?
KHAR Center bu məqalədə Türkiyənin ABŞ–İran, Rusiya–Ukrayna və Azərbaycan–Ermənistan məsələlərindəki istədiyi rol ilə ona təqdim olunan real rol arasındakı fərqləri təhlil edilir. Bu fərqliliklərin əsas səbəbləri Ankaranın neytrallıq öhdəliyinin nə dərəcədə inandırıcı olduğuna, güclü ölkələrin Türkiyəyə münasibətinə və vasitəçiliyin liderlik nümayişinə çevrilməsinin nəticələrinə diqqət çəkir. Məqsəd, Türkiyənin niyə sülh müzakirələrində əsas rol oynamadığını və daha çox köməkçi aktor olaraq qaldığını başa düşməkdir.
İran müzakirələri niyə İstanbuldan Maskata köçdü?
İranda dekabrın sonunda etiraz aksiyaları başladığı və Tehran buna sərt müdaxilə etdiyi zaman Ankara əvvəlcə neytral mövqe nümayiş etdirməyə və hadisələri “görməməyə” çalışdı. Ancaq bu səssizlik uzun çəkmədi və ABŞ-dan gələn “İranı vura bilərik” açıqlamalarından sonra Türkiyə prosesə daxil oldu. Türkiyənin xarici işlər naziri Hakan Fidan yanvarın 9-da verdiyi açıqlamada etiraz aksiyalarının İranın daxili problemləri ilə bağlı səbəblərinin olduğunu, ancaq daha çox İranın rəqibləri tərəfindən manipulyasiya yoluyla şişirdildiyini söylədi. Fidan İranda iki tərəfin də qazanacağı bir uzlaşma üçün ictimaiyyətə açıq olmayan səylər göstərdiklərini bildirdi (Türkiyə XİN, yanvar 2026 a).
Yanvarın 21-22-də isə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Tramp və İran prezidenti Məsud Pezeşkiyan ilə telefon söhbətlərində İran məsələsini müzakirə etdi və Türkiyənin İrana xarici müdaxilə ssenarilərinə müsbət yanaşmadığını söylədi (Afacan, 5 fevral 2026)
Ərdoğanın mövqeyini Hakan Fidan 28 yanvarda “Al Jazeera” kanalına verdiyi müsahibədə yenidən təkrarladı və “İrana hücum etmək, müharibə başlatmaq yanlış olar” deyərək amerikalılara İranla olan dosyelərin bir-bir bağlanmasını təklif etdiklərini dedi (Al JAzeera, yanvar 2026). Bundan iki gün sonra İran xarici işlər naziri Abbas Ərəqçi İstanbulda həm Fidan, həm də Ərdoğanla görüşdü. Fidan ilə Ərəqçinin birgə mətbuat konfransında Türkiyənin xarici işlər naziri bir gün əvvəl Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff ilə telefonda uzun bir müzakirə apardıqlarını söyləyərək Ankaranın vasitəçilik iddiasını açıqca elan etdi (Türkiyə XİN, yanvar 2026 b). Bu görüşdən sonra ABŞ və İran arasındakı müzakirələrin fevralın 6-da İstanbulda keçiriləcəyi bildirildi (Axios, fevral 2026). Ancaq bundan cəmi bir neçə gün sonra İranın müzakirələrin Türkiyədə keçirilməsini istəmədiyi açıqlandı (Haber 7, 3 fevral 2026) Toplantının ləğv edildiyinə dair iddialardan bir neçə saat sonra İran xarici işlər naziri Abbas Ərəqçi müzakirələrin Omanda keçiriləcəyini açıqladı (Euronews, fevral 2026). İddialara görə, İran müzakirələrin yalnız nüvə proqramını əhatə etməsini, yalnız iki tərəf arasında olmasını və Omanda keçirilməsini istəyib (Deutche Welle, 5 fevral 2026). Müzakirələrin İranın ballistik raket proqramlarını da əhatə etməsini istəyən ABŞ isə əvvəlcə Tehranın müzakirələrin bir qrup ərəb dövlətlərinin iştirakı olmadan Türkiyədən Omana daşınması tələbini rədd edib. Ancaq daha sonra ərəb dövlətləri Vaşinqtonu müzakirələrdən çəkilməməyə razı salıb və danışıqların Türkiyə yerinə Omanda keçirilməsinə dair razılıq əldə edilib (Wintour və Roth, fevral 2026).
İranın Türkiyənin ev sahibliyini və danışıqlar stolu arxasındakı tərəflərdən biri olmasını rədd etməsi ilə bağlı müzakirələrdə bir neçə səbəb önə çıxır. Bunlardan birincisi Omanın beynəlxalq konfliktlərdə “niş diplomatiya” mövqeyini tutması və davam etdirməsidir. Niş diplomatiya bir dövlətin qlobal səhnədəki təsirini və görüntüsünü artırmaq üçün resurslarını müəyyən beynəlxalq məsələlərə və sahələrə yönəltdiyi xarici siyasət strategiyasıdır. Bu yanaşma bütün qlobal məsələlərə təsiri məhdud olan, ancaq müqayisəli üstünlüyə sahib və ya xüsusi sahə üzrə mütəxəssisləşmiş, bu sahələrdə ciddi təsir yarada bilən kiçik və orta güclü dövlətlərə məxsusdur. Oman niş sahələrə yönələrək qlobal təsirini artırmağa və beynəlxalq platformada bu statusla yer tutmağa çalışan ölkələrdəndir (Chaziza, Lutmar, 2025)
ABŞ və İran arasındakı müzakirələrə daha əvvəl də səs-küysüz ev sahibliyi edən Oman iki ölkə arasında tərəfsiz qalmaq üçün çox səy göstərir. Bu, bəzən ABŞ-da İran tərəfdarlığı kimi dəyərləndirilsə də, eyni zamanda ABŞ donanma gəmiləri hələ də Duqmda yanacaq doldurur və təmir edilir, burada logistika anbarlarına sahibdir. Digər tərəfdən Omanın Yəmən, Suriya və keçmişdə ABŞ-İran ilə bağlı məsələlərdə gizli vasitəçilik keçmişi var. Oman bu cür dialoqlarda vasitəçidən daha çox alış-verişi asanlaşdıran rol oynamağa üstünlük verir. İran rəhbərliyi Omanın bu roluna ciddi şəkildə güvənir (Campbell-James, 2025).
Türkiyə isə tərəflərə gizli koridor təmin edən Omandan fərqli olaraq niş diplomatiya ölkəsi deyil, regional liderlik, geopolitik güc, sahiblik iddiası olan bir dövlətdir. Türkiyənin neytral asanlaşdırıcı deyil, mövqeyi və mənafeləri olan bir aktyor kimi qəbul edilməsi onun vasitəçilik funksiyasını aşağı salır (Altunişık, Çuhadar, 2010) Türkiyə hər nə qədər Çin, Rusiya, İran kimi ölkələrə reveransları ilə məşhur olsa da, nəticə etibarı ilə Tehranla gərginliyin bir tərəfi olan NATO-nun üzvüdür və yekunda bu ittifaqın maraqlarını qorumaq kimi öhdəliyi var. Bu baxımdan Tehran üçün Türkiyə tərəfsiz bir aktor deyil və on illərdir nəticələnməmiş müzakirələr üçün Ankaranı ev sahibi olaraq seçmək İranın öz ictimaiyyətinə asanlıqla açıqlaya biləcəyi bir variant deyildi (Cumhuriyet, yanvar 2026). Ankara İranın bu mövqeyini etiraz predmetinə çevirmədi, rəsmi açıqlamalarda və iqtidara yaxın dairələrin mövqelərində daha çox “əsas yer deyil, kanaldır, Türkiyə asanlaşdırıcı kanaldır” tezisi işləndi (Daily Sabah, 5 fevral 2026). İqtidara yaxın media orqanlarında və sosial mediada isə Tehranın bu mövqe dəyişikliyi İranın regionda rəqib olaraq gördüyü Türkiyənin aparıcı aktor kimi önə çıxmasından narahatlığı şəklində dəyərləndirildi (Yeni Akit, 4 fevral 2026).
Rusiya–Ukrayna konfliktində Türkiyə niyə mərkəz ola bilmədi?
ABŞ-İran danışıqları masasından uzaqlaşdırılması Türkiyənin qlobal konfliktlərlə bağlı müzakirələrin kilid aktoru rolundan kənarlaşdırılması istiqamətində ilk cəhd deyil. Türkiyənin Rusiya-Ukrayna müharibəsində 2022-ci ildən bəri iddia etdiyi əsas vasitəçi mövqeyinə də son aylarda ciddi zərbə vuruldu. Əvvəla, Trampın “məsələnin əsas sahibi” kimi davranması Ankaranın 4 ildir davam etdirdiyi “sülh missiyası”nı əlindən aldı, digər tərəfdən Rusiya müzakirələrin mərkəzinin Türkiyə olmaması üçün əlindən gələni etdi.
Keçən ilin mayında Rusiya prezidenti Vladimr Putin Ukrayna və müttəfiqlərinin 30 günlük qeyd-şərtsiz atəşkəs təklifnə cavab olaraq İstanbulda Kiyevlə şərtsiz danışıqları keçirilməsini təklif etdi (AP News, 2025a). Ukrayna prezidenti Volodimr Zelenski bu təklifə “Putini Ankarada gözləyirəm” sözləriylə cavab verdi və lazım gələrsə, İstanbulda da Rusiya prezidenti ilə görüşə biləcəyini söyədi (AP News, 2025b). Zelenski İstanbula gəldi, Ərdoğanla görüşdü, ancaq Putin 15 maydakı müzakirələrə gəlməyincə və aşağı ranqlı heyət göndərincə danışıqlar texniki səviyyədə qaldı (The Guardian, 2025) və Türkiyənin “liderlər zirvəsi”nə ev sahibliyi iddiasına Putin faktiki bir limit qoymuş oldu. Bu limit Ankaranın sülh elçiliyinin sərhədinin “Rusiyanın istədiyi çərçivədə” müəyyən edilə biləcəyinin nümayişi idi. Texniki danışıqlar iyunun 23-nə qədər davam etdi və nəticəsiz bitdi - Türkiyə yenə sülh mərkəzi ola bilmədi.
Bundan bir neçə ay sonra - noyabrda isə Rusiya Ukrayna tərəfinin Türkiyədə keçiriləcəyini və ABŞ-ın da təmsil olacağını elan etdiyi görüşdən imtina etdi. Putinin sözçüsü Dmitri Peskov Rusiya tərəfindən heç bir nümayəndənin Türkiyədəki danışıqlarda olmayacağını açıqladı (AA, 2025a). Bundan bir gün sonra Ərdoğan İstanbul danışıqlar prosesinin təcili problemləri müzakirə edəcək əhatəli bir çərçivəylə yenidən başladıla biləcəyinə inandığını söylədi. Türkiyə eyni zamanda Rusiyaya atəşkəsi təmin edəcək hər cür təklifi dəyərləndirməyə hazır olduğu mesajını verdi. Rusiyadan verilən cavab açıqlamasında isə “Moskva müzakirələrə hazırdır, ancaq problem Ukrayna tərəfindədir” deyə ümumi bir ifadədən istifadə edildi (AA, 2025 b). Yəni faktiki olaraq Rusiya 2025-ci ildəki iki kritik məqamda müzakirələrə limit qoydu - birincidə Türkiyənin liderlər zirvəsinə ev sahibliyi etməsinə imkan vermədi, ikincidə isə ümumiyyətlə Türkiyəni müzakirələr müstəvisindən kənara itələdi.
Daha sonra da müzakirələr tamamilə yeni platformaya keçdi. ABŞ-ın da iştirak etdiyi Rusiya-Ukrayna təmaslarının yeni mərkəzi Birləşmiş Ərəb Əmirlikləri oldu. Yanvar ayında başlayan prosesdə ABŞ, Rusiya və Ukrayna ilə birlikdə danışıqlar stolunda ev sahibi kimi BƏƏ rəhbərliyi də yer aldı (Emirates News Agency - WAM, yanvar 2026) Danışıqların ikinci raundu 4-5 fevralda yenə Əbu-Dabidə baş tutdu və 314 əsirin mübadiləsi ilə bağlı razılıq əldə olundu (AA, 5 fevral 2026).
İstanbuldakı müzakirələrdən heç bir fərqi olmayan bu danışıqlar diplomatik təşəbbüsün Türkiyədən Körfəzə keçdiyini nümayiş etdirdi. Çünki Türkiyə hər nə qədər sülh missiyasını öz üzərinə götürməyə hazır olmaq kimi iddialı bir xarici siyasət perspektivi elan etsə də, əslində Rusiya-Ukrayna münaqişəsinin heç bir tərəfi üçün etibarlı tərəf deyil. Ankara rəsmi diplomatik mövqe və hərbi əməkdaşlıq baxımından Ukraynaya daha yaxın durur, ticari-iqtisadi əlaqələr və xalq diplomatiyası (siyasilərin açıqlamaları, medianın “dili”, Rusiya propaqandasına açıq meydan veriıməsi və s) baxımından isə Moskva ilə eyni kursda görünür (KHAR Center, yanvar 2025). Digər tərəfdən Ankara Rusiyaya qarşı Qərbin sanksiyalarına qoşulmağı rədd edərkən və hətta bəzən bu sanksiyalardan yan keçməkdə Moskvaya kömək edərkən eyni anda NATO müttəfiqlərinin müəyyənləşdirdiyi qırmızı xətləri aşmamaq üçün Rusiyaya qarşı məhdudlaşdırıcı addımlar atır (Ülgen, 2024). Bu baxımdan Türkiyə heç bir tərəf üçün tam neytral mövqedə deyil.
Doğrudur, BƏƏ də Ukrayna üçün tərəfsiz platforma deyil, Ukraynalı ekspertlər Əbu-Dabinin vasitəçi deyil, Rusiya müttəfiqi olduğunu və ABŞ ilə birlikdə Kiyevi təslimçiliyə məcbur etməyə çalışdığını düşünürlər (The News Voice of Ukraine, 2 fevral, 2026), ancaq burada həlledici aktorun Vaşinqton olması Ankaranın rəqabət gücünü azaldır. Tramp administrasiyası Moskva ilə Kiyev arasındakı danışıqları özünün Rusiya ilə 2021-ci ildən bəri dayandırılmış yüksək səviyyəli hərbi əməkdaşlığının canlandırılması paketi daxilində aparmağa çalışır. Bunu ABŞ-ın Avropa Ordusu komandanlığının 5 fevral tarixli açıqlaması da təsdiqləyir: “Jared Kuşner (Trampın kürəkəni - KHAR Center) və xüsusi nümayəndə Stiv Uitkofun prezident Trampın sülh hədəfinə çatmaq üçün keçən həftə Ukraynada əldə etdiyi məhsuldar və konstruktiv irəliləyişdən sonra ABŞ və Rusiya Federasiyası bu gün Əbu-Dabidə yüksək səviyyəli hərbi əməkdaşlığı yenidən qurma məsələsində razılığa gəlib” (EUCOM, 5 fevral 2026). Yəni Rusiya-Ukrayna müzakirələrinin harada, hansı formatda keçiriləcəyini faktiki olarak Tramp diqtə edir və bu prosesdə ev sahibi olaraq “qazanan” ölkənin kim olacağına da ABŞ administrasiyası qərar verir. Tramp bir tərəfdən Ərdoğanın ünvanına müsbət sözlər söylərkən digər tərəfdən beynəlxalq sistemi yenidən formalaşdırarkən Ankaraya əsas deyil, köməkçi rolları uyğun gördüyünü nümayiş etdirir. Bu məsələdə Putinlə Trampın mövqeləri üst-üstə düşür.
Ankara Azərbaycan-Ermənistan danışıqlarının harasındadır?
Əvvəlki iki konfliktdən fərqli olaraq Azərbaycan-Ermənistan konfliktində Türkiyə tərəfsizlik iddiasında deyil. Ankara xüsusilə ikinci Qarabağ müharibəsində verdiyi hərbi-siyasi-diplomatik dəstək və bu müharibədəki qələbədən sonra Bakı ilə imzaladığı Şuşa bəyannaməsi çərçivəsində üzərinə götürdüyü öhdəliklərlə Azərbaycanın strateji müttəfiqi olduğuna dair iddiasını rəsmiləşdirib. Yəni beynəlxalq platformada Türkiyə bu konfliktin tərəflərindən biri (və ya birinin ən yaxın müttəfiqi) mövqeyindədir, ancaq bu rol sülh mətninin yazılma, müzakirə olunma prosesində gözə çox çarpmır. Qarabağ müharibəsindən sonra normallaşma müzakirələri bir müddət Avropa İttifaqı xəttiylə aparıldı. 2021-ci ilin dekabrında Avropa Şurasının sədri Çarlz Mişel Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşərək dayanıqlı sülh müqaviləsi hədəfini elan etdi (European Council, 2021). 2022 və 2023-cü illərdə aparıcı aktyoru Aİ olan bu görüşlərin növbəti raundları (ümumilikdə 5 raund) keçirildi.
2025-ci ildə Ermənistan və Azərbaycan xarici işlər nazirlikləri sülh sazişi layihəsinin mətni üzrə danışıqların tamamlandığını açıqladılar (Ermənistan XİN, Azərbaycan XİN, 2025). Türkiyə bu mərhələdə prosesi kənardan dəstəkləyən, eyni zamanda Ermənistanda ikitərəfli münasibətləri normallaşdırma istiqamətində addımlar atan ölkə mövqeyində idi (France 24, 2025)
Sülh sazişi mətninin razılaşmasından sonra Azərbaycan və Ermənistan arasındakı görüşün növbəti platforması isə Birləşmiş Ərəb Əmirlikləri oldu (Al Jazeera, 2025). 2025-ci ilin avqustunda isə Tramp prosesə daxil oldu - Vaşinqtonda Əliyev və Paşinyanla görüşdü. ABŞ Dövlət Departamentinin açıqlamasında Azərbaycan və Ermənistan arasında sülh sazişi mətninin XİN-lər tərəfindən paraflandığı və prosesi davam etdirmək öhdəliyinin təsbit edildiyi vurğulandı (State.gov, 2025) Sülh prosesinin bu ən simvolik anında Ankara yenə sadəcə dəstəkləyici mövqedə idi - Türkiyə XİN Vaşinqtonda qeydə alınan irəliləyişi “məmnunluqla” qarşıladığını bildirdi (Türkiyə XİN, 2025c).
Fevralın 4-də isə Əbu-Dabidə ABŞ-Rusiya-Ukrayna müzakirələri davam edərkən İlham Əliyevlə Nikol Paşinyan növbəti dəfə görüşdülər (Ermənistan Baş Nazirliyi, 4 fevral 2026) Tərəflər ikitərəfli ticari və iqtisadi əməkdaşlığın genişləndirilməsi fürsətlərini araşdırmaq barədə razılığa gəldilər. Görüşlə bağlı verilən açıqlamada Əliyev və Paşinyanın Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu (TRİPP) layihəsi və bununla əlaqədar digər layihələrin tətbiqini müzakirə etdikləri bildirildi (AA, 4 fevral 2026)
Bu da faktiki olaraq Azərbaycan-Ermənistan normallaşmasının da Trampın nəzarəti altına keçdiyini və müzakirə məkanının Əbu-Dabi seçilməsində də bu faktorun əsas rol oynadığını göstərir. Türkiyə isə burada da əsas aktor deyil, dəstəkləyicidir.
NƏTİCƏ
Üç konfliktdəki vəziyyət Türkiyənin prosesin mərkəzində rol almaq cəhdlərinin tərəflər və Vaşinqton tərəfindən dəf edildiyini və Ankaranın rolunun onların uyğun gördüyü səviyyə ilə məhdudlaşdırıldığını göstərir. Xüsusilə 2022-ci ildən bəri sülh vasitəçiliyi iddiasını həm daxili, həm xarici legitimlik strategiyasının əsas sütunlarından birinə çevirən Ankara reallıqda tamamilə başqa mənzərə ilə qarşı-qarşıyadır. ABŞ-İran konfliktində oynamaq istədiyi rolu Tehran (əslində həm də ABŞ) ona vermir, Rusiya-Ukrayna danışıqlarında əsas aktor olma iddiasını həm Putin, həm Tramp dəf edir, əsas oyunçularından biri olduğu Azərbaycan-Ermənistan sülh sazişinə dair simvolik hadisələr isə Brüssel-Vaşinqton-Əbu-Dabi xəttində cərəyan edir.
Ankaranın vasitəçilik səylərini Ərdoğanın böyüklük, güc, legitimlik nümayişinə çevirməsi Türkiyənin bəzi aktorlar tərəfindən bir çox mövzuda iddialı və “zərərsizləşdirilməsi vacib” qüvvə kimi qəbul edilməsinə səbəb olur. Bu səbəbdən də Türkiyə kimi vasitəçiliyi liderlik təbliğatına çevirən ölkə yerinə Oman kimi gizli koridorlar yaradan, Əbu-Dabi kimi idarəolunan və proqnozlaşdırılan platformalar seçilir. Bəzi hallarda isə (Rusiya-Ukrayna müharibəsində) Ankaranın tərəfsizlik iddiası konfliktdə olan tərəflərin heç biri üçün (eləcə də konbfliktin dolaylı tərəfləri üçün) inandırıcılıq ehtiva etmir. Hər kəslə dost olma xətti nəticə etibarıyla kimsəylə güvənilir müttəfiq ola bilməmə nəticəsini doğurur.
Və nəhayət, ABŞ, Rusiya, İran kimi qüvvələrin Türkiyənin əsas aktor olaraq irəli çıxmasını istəməməsi kimi obyektiv faktoru da gözardı etmək doğru olmaz. Ankara bu reallıqda həqiqi gücə çevrilmək istəyirsə, hər müzakirənin əsas qəhrəmanı rolundan çox, praktik, ölçülə bilən nəticələri və konkret məhsulları olan kanallara yönəlməlidir.
İSTİNADLAR
Türkiyə XİN, yanvar 2026a. Dışişleri Bakanı Sayın Hakan Fidan’ın TRT Haber’e Verdiği Mülakat. https://www.mfa.gov.tr/disisleri-bakani-sayin-hakan-fidan-in-trt-haber-e-verdigi-mulakat--9-ocak-2026.tr.mfa
Afacan Serhan, 5 fevral 2026. Türkiye’nin girişimleri ABD ile İran’ı ortak bir noktada buluşturabilir mi? https://www.aa.com.tr/tr/analiz/turkiye-nin-girisimleri-abd-ile-iran-i-ortak-bir-noktada-bulusturabilir-mi/3820959
Al Jazeera, yanvar 2026. Top Turkish diplomat says Iran ready to negotiate, warns against US attack. https://www.aljazeera.com/news/2026/1/28/turkiyes-fm-hakan-fidan-says-iran-ready-to-negotiate-over-nuclear-file
Türkiyə XİN, yanvar 2026 b.. Dışişleri Bakanı Sayın Hakan Fidan’ın İran Dışişleri Bakanı Abbas Arakçi ile Ortak Basın Toplantısı. https://www.mfa.gov.tr/disisleri-bakani-sayin-hakan-fidan-in-iran-disisleri-bakani-abbas-arakci-ile-ortak-basin-toplantisi--30-ocak-2026.tr.mfa
Axios, 2 fevral 2026. U.S.-Iran nuclear talks planned for Friday amid military buildup. https://www.axios.com/2026/02/02/iran-nuclear-talks-trump-military
Haber 7, 3 fevral 2026. İran'dan İstanbul çıkışı. Görüşmeler o ülkeye taşındı. https://www.haber7.com/dunya/haber/3601500-irandan-istanbul-cikisi-gorusmeler-o-ulkeye-tasindi
Euronews, 4 fevral 2026. Iran and US agree to high-stakes nuclear talks in Oman, Iranian foreign minister says. https://www.euronews.com/2026/02/04/iran-and-the-us-to-hold-nuclear-talks-friday-in-oman-iranian-foreign-minister-says
Deutche Welle, 5 fevral 2026. İran-ABD görüşmeleri neden Türkiyeden Ummana kaydı? https://www.dw.com/tr/i%CC%87ran-abd-g%C3%B6r%C3%BC%C5%9Fmeleri-neden-t%C3%BCrkiyeden-ummana-kayd%C4%B1/a-7581738
Wintour Patrick və Roth Andrew, 4 fevral 2026. US and Iran talks brought back from the brink after White House relents on move to Oman. https://www.theguardian.com/world/2026/feb/04/us-iran-talks-risk-collapse-oman-move-rejected
Chaziza Mordechai; Lutmar Carmela, 2025. Oman’s Niche Diplomacy: Middle Power Strategies in a Shifting Middle East. https://www.mdpi.com/2076-0760/14/9/511
Campbell-James Jonathan, 2025. Why Oman: explaining choice of venue for US-Iran talks. https://www.lowyinstitute.org/the-interpreter/why-oman-explaining-choice-venue-us-iran-talks
Altunışık Meliha; Cuhadar Esra, 2010. Turkey’s Search for a Third Party Role in Arab–Israeli Conflicts: A Neutral Facilitator or a Principal Power Mediator? https://repository.bilkent.edu.tr/server/api/core/bitstreams/2ddf34f2-7100-4fdd-a840-fd7feee5049a/content
Cumhuriyet, 5 fevral 2026. İran’da uzlaşı çabalarını eski Tahran Büyükelçisi Ümit Yardım Cumhuriyet’e değerlendirdi: ‘Türkiye NATO üyesi olduğu için görüşmelere ev sahipliği yapması zordu’. https://www.cumhuriyet.com.tr/dunya/iran-da-uzlasi-cabalarini-eski-tahran-buyukelcisi-umit-yardim-cumhuriyet-e-degerlendirdi-turkiye-nato-uyesi-oldugu-icin-gorusmelere-ev-sahipligi-yapmasi-zordu-2476053
Daily Sabah, 5 fevral 2026. Erdoğan hails US-Iran talks, stresses avoidance of new wars in region. https://www.dailysabah.com/politics/diplomacy/erdogan-hails-us-iran-talks-stresses-avoidance-of-new-wars-in-region
Yeni Akit, 4 fevral 2026. Savaş kapılarında bağırıyor ama onların derdi: Ankara’nın popülaritesi artmasın! İran yönetiminden Türkiye hazımsızlığı. https://www.yeniakit.com.tr/haber/ankaranin-popularitesi-artmasin-iran-yonetiminden-turkiye-hazimsizligi-1981103.html
Associated Press, 2025, a. Russia’s Putin proposes direct talks with Ukraine in Istanbul on May 15, ‘without preconditions’. https://apnews.com/article/russia-ukraine-war-fbd6aa9ddb147fa1b789c30dcf44dab3
Associated Press, 2025 b. Zelenskyy says he will be waiting for Putin in Ankara on Thursday for talks. https://apnews.com/article/russia-ukraine-war-putin-zelenskyy-istanbul-b4a256f946ce892d6b2a7dfb0f3fba5b
The Guardian, 2025. Ukraine war live: first direct talks between Moscow and Kyiv in three years set to begin in Turkey – as it happened. https://www.theguardian.com/world/live/2025/may/15/ukraine-war-live-first-direct-talks-between-moscow-and-kyiv-in-three-years-set-to-begin-in-turkey
Anadolu Agentliyi, 2025 a. Kremlin says Russia will skip Wednesday’s Ukraine talks in Türkiye. https://www.aa.com.tr/en/russia-ukraine-war/kremlin-says-russia-will-skip-wednesday-s-ukraine-talks-in-turkiye/3746976
Anadolu Agentliyi, 2025 b. Russia signals readiness for talks after Turkish president's call to revive Istanbul negotiations. https://www.aa.com.tr/en/russia-ukraine-war/russia-signals-readiness-for-talks-after-turkish-presidents-call-to-revive-istanbul-negotiations/3748577
Emirates News Agency - WAM, yanvar 2026. UAE President meets heads of delegations participating in US-Russia-Ukraine trilateral talks. https://www.wam.ae/en/article/bydfo8t-uae-president-meets-heads-delegations
Anadolu Agentliyi, 5 fevral 2026. Witkoff says Russia and Ukraine agree to exchange 314 prisoners of war. https://www.aa.com.tr/en/russia-ukraine-war/witkoff-says-russia-and-ukraine-agree-to-exchange-314-prisoners-of-war/3821278.
KHAR Center, yanvar 2026. Türkiyənin Rusiya–Ukrayna müharibəsinə yanaşması və propaqanda mühiti: Strateji muxtariyyət, yoxsa asimmetrik asılılıq? https://www.kharcenter.com/arasdirmalar/turkiyenin-rusiya-ukrayna-muharibesine-yanasmasi-ve-propaqanda-muhiti-strateji-muxtariyyet-yoxsa-asimmetrik-asililiq
Ülgen Sinan, 2024. Türkiye and Russia: An Unequal Partnership. https://carnegieendowment.org/research/2024/10/turkiye-and-russia-an-unequal-partnership
The New Voice of Ukraine (NV), 2 fevral 2026. Analyst: Abu Dhabi not neutral, Ukraine pushed to capitulate. https://english.nv.ua/nation/negotiations-in-uae-preobrazhensky-explains-why-abu-dhabi-is-not-neutral-platform-amid-pressure-50580375.html
EUCOM (U.S. European Command (Public Affairs)), 5 fevral 2026. The U.S. and Russian Federation agreed to reestablish high-level military-to-military dialog. https://www.eucom.mil/pressrelease/44261/the-us-and-russian-federation-agreed-to-reestablish-high-level-military-to-military-dialog
European Council, 2021. Statement of President Charles Michel following the trilateral meeting with President Ilham Aliyev and Prime Minister Nikol Pashinyan. https://www.consilium.europa.eu/en/press/press-releases/2021/12/14/statement-of-president-charles-michel-following-the-trilateral-meeting-with-president-ilham-aliyev-and-prime-minister-nikol-pashinyan/
Ermənistan XİN, 2025. MFA Statement. https://www.mfa.am/en/interviews-articles-and-comments/2025/03/13/mfa_statement/13114
Azərbaycan XİN, 2025. No:105/25, Statement on conclusion of the negotiations on the text of the draft Agreement on Peace and the Establishment of Interstate Relations between Azerbaijan and Armenia. https://mfa.gov.az/en/news/no10525
France 24, 2025. Armenian PM Pashinyan arrives in Turkey for historic visit. https://www.france24.com/en/middle-east/20250620-armenian-pm-pashinyan-arrives-in-turkey-for-historic-visit
Al Jazeera, 2025. Armenia, Azerbaijan leaders meet for peace talks in UAE, no breakthrough. https://www.aljazeera.com/news/2025/7/10/draft-deal-to-end-bitter-conflict-agreed-4-months-ago-but-timeline-for-sealing-complex-deal-remains-uncertain
U.S. Department of State, 2025. Joint Declaration (Azerbaijan and the Republic of Armenia). https://www.state.gov/wp-content/uploads/2025/08/2025JointDeclaration.AzerbaijanArmenia.pdf
Türkiyə XİN, 2025 c. No: 167, Regarding the Peace Process Between Azerbaijan and Armenia. https://www.mfa.gov.tr/no_-167_-azerbaycan-ve-ermenistan-arasindaki-baris-sureci-hk.en.mfa
Ermənistan Baş Nazirliyi, 4 fevral 2026. Prime Minister of Armenia, President of Azerbaijan meet in Abu Dhabi. https://www.primeminister.am/en/press-release/item/2026/02/04/Nikol-Pashinyan-met-with-Ilham-Aliyev/
Anadolu Agentliyi, 4 fevral 2026. Azerbaijan, Armenia agree to further explore opportunities to expand trade, economic cooperation. https://www.aa.com.tr/en/world/azerbaijan-armenia-agree-to-further-explore-opportunities-to-expand-trade-economic-cooperation/3819867