28 iyl 2025

Avropanın Orbanizasiya Təhlükəsi

Avropanın Orbanizasiya Təhlükəsi

(Yazı KHAR Center-in "Avtoritar Rejimlər və Transregional Təsir Mexanizmləri" araşdırması çərçivəsində hazırlanıb.)

I hissə 

Giriş 

ABŞ-da Donald Trampın iqtidara gəlişi və gələr-gəlməz Rusiyaya göz qırparaq ənənəvi müttəfiqlərinə göz dağı verməsi Avropanın təhlükəsizliyi ilə bağlı narahatlıqları artırdı. Avropa üçün mövcud olan Rusiya mənşəli hərbi, Çin mənşəli iqtisadi təhdidlərə Amerika Birləşmiş Ştatlarının güvənilməz müttəfiqliyi də əlavə olununca ittifaq içərisində səyləri birləşdirmə təşəbbüsləri daha güclü şəkildə gündəliyə gəldi. (RFE/RL 2025) 

ABŞ-ın NATO-nun gələcəyinə dair qeyri-müəyyən açıqlamaları və davranışlarından doğan narahatlıq Avropa İttifaqı içərisində birgə ordu yaradılmasına dair diskussiyaları da canlandırdı. (Bergman 2025) ABŞ Ukraynaya hərbi yardımları dayandırmaq qərarını açıqladıqdan dərhal sonra - 2025-ci ilin martında Avropa İttifaqı liderləri Brüsseldə fövqəladə toplantı keçirərək Ukraynaya hərbi yardımın artırılmasına qərar verdi. Bu, indiyə qədər Avropa İttifaqı içərisində hərbi təhlükəsizlik məsələsində göstərilən ən böyük həmrəylik və birlik təşəbbüslərindən biri idi. (Hermann 2025) 

Ancaq bu təşəbbüs həm də Avropa İttifaqı daxilində çoxdan məlum olan çatları daha da dərinləşdirdi. Son illərdə, xüsusilə də 2014-cü ildə Krımın işğal edilməsindən sonra açıqca Rusiya yönümlü xətt həyata keçirən, Avropa İttifaqının Rusiyanın təcavüzkarlığına qarşı ortaq təşəbbüslərinə mane olan Macarıstan baş naziri Viktor Orban Avropa İttifaqı liderlərinin birgə ordu çağırışından və Ukraynaya dəstəyi artırma təşəbbüsündən sonra açıq sabotaj mövqeyinə keçdi (Budapest Times 2025).


Orbanın xüsusilə son 10 ildə Rusiya, Çin, Türkiyə kimi avtoritar ölkələrin iqtidarları ilə isti münasibətləri, Qərbin Rusiyaya qarşı ortaq mövqe nümayiş etdirməsinə mane olan davranışları, buna paralel olaraq daxili siyasətdə avtoritarlaşmanın bütün alətlərindən istifadə etməsi Macarıstanı Avropa demokratiyasından sürətlə uzaqlaşan bir ölkəyə çevirir, eyni zamanda da Avropa İttifaqı və NATO-nun təhlükəsizlik siyasətində dərin çatlar yaradır. Khar Center bu yazısında Viktor Orbanın avtoritarizmi və mənafeçiliyi fonunda Macarıstanın Qərb üçün necə təhlükəyə çevrildiyini analiz edir.

Analizin məqsədi 

Analizin məqsədi Avropanın ortasında olan, iqtisadi və hərbi təhlükəsizliyi tamamilə Qərb - Avropa İttifaqı və NATO tərəfindən təmin edilən bir ölkənin niyə Rusiya/Putin avtoritarizminin sözçüsünə, Avropa təhlükəsizliyi üçün potensial təhdidə çevrilməsinin səbəblərini araşdırmaq, eyni zamanda bu təhdidin Avropaya nə vəd etdiyini nəzərdən keçirməkdir. 

Analizin əsas sualları

Necə oldu ki, Macarıstan Avropanın birliyini təhdid edən faktora çevrildi? Tarixən Rusiya ilə o qədər də xoş münasibətləri olmayan Macarların Moskva ilə isti münasibətlərə laqeyd yanaşmasının arxasında nə dayanır?

Məlumat mənbələri 

Yazıda əsasən elmi və akademik mənbələrdən və köməkçi olaraq xəbər və analitik portallar tərəfindən təqdim olunmuş informasiyalardan istifadə olunub. 

Tarixi ekskurs - Macarıstanı Rusiya ilə nə bağlayır? 

Macarların Şərq həvəsini, daha doğrusu Rusiyaya meylini tarixi köklərdə axtarmaq doğru olmazdı. Çünki tarixən Macarıstanla Rusiyanı o qədər də xoş səhifələr bağlamır. Əksinə, Macarıstan tarixi Rusiya ilə düşmənçilik və bu düşmənçiliyə qarşı üsyan, mübarizə və təhlükəsizlik təminatı axtarışları ilə zəngindir. 

Bu əlaqələrdən bəhs edərkən xüsusilə 1848-ci ildə Avstriya imperatorluğu daxilində  macar Layos Koşutun liderliyindəki liberal-milliyyətçi hərəkatın muxtariyyət tələbiylə başlatdığı, sonra isə müstəqillik mübarizəsinə çevrilən proseslərdən başlamaqda fayda var. Bu hərəkat çar Rusiyasının Avstriyaya dəstək təklifi, Vyananın bunu qəbul etməsi, 200 min nəfərlik rus ordusunun 1849-cu ildə Macarıstanı işğal etməsi və Koşutun Türkiyəyə sürgünü ilə nəticələndi. (Deak, 1979a). 

Koşut 1852-ci ildə Pitsburqdakı bir banketdə xalqının Rusiyaya qarşı nifrətini bu sözlərlə ifadə edirdi: “Rusiya xalqların təbii haqlarına qarşı çıxan despotizmin mərkəzi qüvvəsidir. Avropada azadlıq qığılcımları haraya sıçrasa üstünə ilk suyu tökən Peterburqdur”. (Cornell University, Library)

Mövcud Rusiya ekspansiyasının təməllərindən olan slavyanofilliyi “böyük despotik yalan” kimi dəyərləndirən (Hans, 1953) Layoş çar Nikolayın təkcə macar torpaqlarını tapdalayan işğalçı deyil, həm də Avstriyadakı bütün işğalların xaç atası adlandırırdı (Deak, 1979 b).

Habsburq xanədanlığının, daha sonra Avstriya-Macarıstan imperatorluğunun tərkibində olan Macarıstan Birinci dünya müharibəsindən sonra bu imperatorluq dağılınca yenidən müstəqil oldu. Ancaq 31 oktyabr 1918-ci ildəki inqilabdan bir neçə ay sonra - 1919-cu ildə Macarıstanda bolşevik modeliylə idarə olunan Macarıstan Sovet Respublikası quruldu.   Daha sonra isə mübahisəli ərazilərdən ötrü Rumıniya ilə uğursuz müharibə baş verdi. Nəhayət Avstriya-Macarıstan imperiyasının hüquq varislərindən biri kimi Birinci dünya müharibəsinin qalib dövlətləri ilə imzalanan Trianon sazişinin imzalanması ilə Macarıstan torpaqlarının üçdə ikisini, o cümlədən dənizə çıxışı itirdi (İnsamer, Macaristan). 

Macarıstan bu torpaqlarını geri qazanmaq ümidiylə İkinci dünya müharibəsində Almaniyanı müdafiə etdi. Ancak 1944-cü ildə Qızıl Ordu Macarıstana girdikdən sonra sovet blokunun bir hissəsinə çevrildi. 1949-cu ildə Macarıstan Xalq Respublikası elan edildi. Stalinçi sovet rejimlərinə xas həbslər, işgəncələr, müxalifətin susdurulması, KQB-nin dövləti idarə etməsi kimi xüsusiyyətlər Macarıstan Xalq Respublikasında da öz əksini tapdı. (Bideleux & Jeffries, 2007)

Bu təzyiqlər 1956-cı ildə Macarıstanda tələbə hərəkatıyla başlayan və silahlı müqavimətə çevrilən üsyanla nəticələndi.  Oktyabrın 23-də Budapeşt Texniki Universitetində başlayan və tezliklə ümumxalq hərəkatına çevrilən etirazın lideri ölkənin populyar keçmiş baş naziri, mühafizəkar qüvvələr tərəfindən vəzifəsindən uzaqlaşdırılan  İmre Nad idi. O, üsyanın başlamasından dərhal  sonra yenidən Macarıstan Nazirlər Şurasının sədrliyinə gətirildi. Dərhal da çoxpartiyalı sistemə keçidi, noyabrın 1-də Macarıstanın  Varşava Paktından çıxdığını elan edərək bitərəf dövlət olduğunu açıqladı və sovet hərbi hissələrini ölkədən çıxmasını tələb etdi. (Romsics, 1999)

Ancaq macar intellektualların və ordu içərisindən generalların da dəstəklədiyi üsyan Nadın bu açıqlamasından cəmi 3 gün sonra faciəvi sonluqla yekunlaşdı.  4 noyabr 1956-cı ildə sovet ordusu tanklarla Budapeştə girdi. Təxmini rəqəmlərə görə, 2-3 min nəfər öldü, 200 mindən çox insan Qərb ölkələrinə qaçdı (Judt, 2005). Üsyan liderləri həbs edildi. İmre Nad və üsyan əsnasında orduya rəhbərliyi ələ alan general Pol Malter 1958-ci edam edildilər. Bu, macarların Rusiya ilə növbəti “yaxından tanışlığı” idi.

Üsyandan sonra Moskva 32 il Macarıstana rəhbərlik edəcək Yanoş Kadarı iqtidara gətirdi.  Qanlı macar inqilabının izləri ölkədə bir neçə il davam etdi.Yalnız 1966-cı ildən etibarən ölkə nisbətən yumşalma dövrünə keçdi. Xüsusilə 1968-ci ildəki islahat proqramıyla birlikdə  Sovet İttifaqına sadiq, ancaq  nisbətən daha tolerant yeni rejim formalaşdı. Siyasətə qarışmamaq və Sovet ideologiyasına qarşı çıxmamaq müqabilində xalqa məhdud da olsa bazar iqtisadiyyatının nemətlərindən yararlanma və Qərbə açılma (səyahət və s) fürsəti verildi.  Macarıstanı sosialist blokunun digər ölkələrindən ayıran bu sistem  “Qulyaş kommunizmi” adlandırılırdı. Özündə bir-birinə ziddi ideologiyaları birləşdirən bu macarsayağı sosializm macarların milli, içinə bir çox inqrediyent qatılan xörəyinə bənzədilirdi (Bociaga, 2022) 

“Qulyaş kommunizmi” 70-ci illərin ortalarında çöküş mərhələsinə girdi. 1973-cü ildə neft qiymətlərinin artması bir çox ölkə ilə birlikdə Macarıstanda da böhrana səbəb oldu. Məhdud ixracat gəlirləriylə bu böhranın öhdəsindən gələ bilməyən Macarıstan hökuməti xaricdən borc almağa məcbur oldu. Həmin borcların artması isə hökuməti ixracı daha çox təşviq etməyə və bu səbəbdən də yeni iqtisadi islahatlar həyata keçirməyə sürüklədi. Bu prosesin məntiqi nəticəsi olaraq Macarıstan 1982-ci ildə Beynəlxalq Valyuta Fonduna üzv oldu. Ancaq bu da artıq çöküşə gedən “gulyaş komunizmi”ni xilas etməyə yaramadı. 1980-ci illərin sonlarına doğru Macarıstanda iqtisadi vəziyyət daha da pisləşdi. 1989-cu ildə sosialist rejim çökdü və ölkənin adı rəsmən Macarıstan Respublikası oldu. Konstitusiya dəyişdirildi, ölkə sürətlə kommunist rejimindən uzaqlaşdı, azad seçkilər keçirildi, vətəndaş cəmiyyəti, müstəqil media formalaşmağa başladı. 

Ziqzaqlarla dolu bir portret - radikal liberalizmdən sağ milliyyətçiliyə 

Bu gündən baxında nə qədər təzadlı görünsə də, həmin illər Macarıstanda Orban dövrünün başlanğıcı kimi də dəyərləndirilə bilər. Çünki Orban məhz o dövrdə Macarıstan siyasətinə parlaq bir şəkildə daxil oldu və bütün siyasi ziqzaqlarına baxmayaraq hələ də səhnədə qalmağa davam edir.

Macarıstanın Avropa Birliyinin içindəki “mina”ya necə çevrildiyini baş nazir Viktor Orbanın portretinə nəzər salmadan izah etmək doğru olmazdı. Çünki istər daxili, istər xarici siyasət baxımından Avropa Birliyi içindəki “boz zona”ya çevrilən bugünkü Macarıstan bütövlükdə Orbanın əsəri sayıla bilər. Daxildəki korrupsiya, oliqarxiya, medianın nəzarət altında saxlanılması, hökumətin təbliğat aparatıyla cəmiyyətin tamamilə manipulyasiya edilməsi, hərbi və iqtisadi təhlükəsizliyini NATO və Avropa Birliyi üzvlüyü ilə təminat altına alıb dünyanın bütün avtoritar rejimləri ( Rusiya, Çin, Türkiyə və s) ilə isti əlaqələrin qurulması - bütün bunları Orban portretinin əsas cizgilərini bilmədən izah etmək mümkün deyil.

Yeniyetmə kommunist

1963-cü ildə anadan olan Viktor Orban gəncliyində Macarıstanda iqtidardakı Sosialist Əmək Partiyasının gənclik təşkilatı olan Macar Gənc Kommunistlər Birliyinə üzv oldu. Bir neçə il sonra kommunist düşüncədən uzaqlaşdığını açıqlasa da (Debreczeni, 2002 a) Macarıstandakı bəzi mənbələrin ortaya çıxartdığı bir gizli sənədə görə, Orban 1982-ci ildə “sistemə sadiq adam” kimi dəyərləndirilirdi (Kuruc, 2012).

Sol radikal liberal

Hüquq təhsili alan Orban bu illərdə məşhur macar siyasətçilər Gabor Fodor (2019-da siyasətdən getdi) və Laslo Köver (hələ də parlament sədridir) ilə tanış oldu ki, daha sonra onlarla birlikdə Macar Vətəndaş İttifaqı Fidesz-i (Fiatal Demokraták Szövetsége) təşkilatını yaratdı. Orbanın siyasi karyerasının ortaqlarından biri də onunla eyni məktəbdə oxumuş, Macarıstanın ən varlı adamlarından Layoş Simiçka idi. Orbanın ilk hökuməti əsnasında 1 il Vergi və maliyyə nəzarəti idarəsinə (APEH) rəhbərlik  edən  və ölkənin ən məşhur oliqarxlarından birinə çevrilən Simiçka 2015-ci ildə baş nazirlə araları pozulunca bütün əmlakını sataraq siyasətdən çəkildi. Bu dördlüyü birləşdirən və gənc kommunistlikdən liberal mühafizəkarlığa yönləndirən ortaq yanları hərbi xidmətdə yaşadıqları məmnuniyyətsizliklər və daha sonra hüquq fakültəsi tələbələrinin həmkarlar ittifaqındakı siyasi fəaliyyətləri idi. Xüsusilə 1983-cü ildə Budapeştdə yaradılan Bibo İstvan Hüquq Tələbələri Özəl Kollecində keçirdikləri illər Orban və dostlarının həm şəxsi, həm də siyasi karyerasının fundamentini təşkil etmişdi. Orban və dostlarının sosialist Macarıstanda bu qədər sərbəst hərəkət edə bilmələrini təmin edən səbəblər isə Kadarın islahatlara məcburi meylliliyi, kollec müdirinin o dövrün daxili işlər nazirinin kürəkəni olması və 1986-cı ildən etibarən kollecin dərgisini və digər fəaliyyətini maliyyələşdirən Corc Sorosun dəstəyi idi (Lendvai 2017).

Lendvaiyə görə, tələbə lideri olduğu dövrdən başlayaraq bütün siyasi karyerası boyunca Orbanın xarakterini formalaşdıran ən önəmli xətt mütləq güc istəyi idi. O, sözəbaxan medianın gücüylə özünün xarakterli, əlitəmiz siyasətçi imicini yaratsa da, əslində lazım gələndə məsuliyyətdən qaçmağı və prinsipsiz mənafeciliyi çox erkən yaşlarda öyrənmişdi.

Macarıstanın az qala 40 ilinə möhürünü vuran Fidesz 30 mart 1988-ci ildə çökməkdə olan kommunist rejiminə müxalif hərəkat olaraq yaradıldı. Həyatı boyunca kommunizmlə dərdi olmayan və uşaqlığından etibarən apolitik böyüdüldüyünü söyləyən Orban artıq siyasi, aktiv, radikal və islahatçı gəncliyin liderliyinə iddia edirdi (Kenney 2002).

Qısa müddət ərzində Fidesz-ə yüzlərlə gənc toplandı. Geniş kütlələr isə bu hərəkatdan Viktor Orbanın 1989-cu il iyunun 16-da Qəhrəmanlar meydanındakı sensasion çıxışından sonra xəbər tutdu. 1958-ci ildə kommunist rejim tərəfindən öldürülən macar siyasətçi İmre Nad və digər inqilab qurbanlarının yenidən dəfn edilməsi mərasimində çıxış edən Orban azad seçkilərin keçirilməsini və Sovet ordusunun ölkədən çıxarılmasını tələb etdi (Lendvai 2017).

Bu çıxışdan sonra populyarlığı artsa da Orban o əsnada Soros Fondunun dəstəyi ilə Oksfordda olduğundan Fidesz-in siyasi partiyaya çevrildiyi ilk qurultayda sədr seçilə bilmədi. Ancaq sonra Budapeştə qayıdaraq partiya fəaliyyətinə yenidən başladı və Fidesz sədri seçilən dostu Gabor Fodoru geridə qoyaraq ölkənin ilk azad seçkilərində Pest bölgəsindən deputat seçildi. 1993-cü ilə qədər Fidesz-in 22 nəfərlik parlament fraksiyasına rəhbərlik etdi.

Ancaq postkommunizm dövrünü yaşayan bütün ölkələrə xas problemlər Macarıstandan da yan keçmədi. Macarıstanın kommunizmdən sonrakı ən təmiz rəhbəri deyə xarakterizə edilən, demokratik yolla seçilən Yojef Antall hökuməti (1990-1993) keçid dövrünün obyektiv problemləri və baş nazirin ölümlə nəticələnən xəstəliyi səbəbilə üstün mövqeyini itirdi.

Kəskin liberal çizgini davam etdirən Viktor Orban isə o günlərdə parlament çıxışlarının canlı translyasiyası səbəbilə ölkənin ən populyar siyasətçilərindən birinə çevrildi. 1992-ci ildə onun hesabatından sonra Fidesz Liberal İnternasional-a qəbul edildi.  (Web Arshive, 2006))Orban 1993-cü ildə Budapeştdə Liberal İnternasionalın qurultayına ev sahibliyi etdi. Bu populyarlıq onu 1993-cü ilin aprelində, hökumətə qarşı etirazların yüksəldiyi aylarda Fidesz-in sədri kürsüsünə daşıdı.

Mərkəz sağçı 

Orban liderliyindəki Fidesz radikal liberal gənclik hərəkatından mərkəz sağ partiyasına keçid dövrünə qədəm qoydu (Djankov 2015). Ancaq bu keçid və Orbanın mütləq liderlik iddiası gənclik dostu və partiyanın əvvəlki lideri Fodor ilə gərginliyə səbəb oldu. Fodor və liberal xəttin davamını istəyən bir qrup siyasətçi əvvəl Fidesz-in müttəfiqi, sonra isə rəqibi olan Azad Demokratlar İttifaqına (SZDSZ) keçdi.

Kitabında Orbanın portretini çox detallı şəkildə izah edən Paul Lendvai Fidesz ilə SZDSZ arasındakı müttəfiqlikdən rəqibliyə gedən yolun səbəbini bu qrupların təmsilçilərinin şəxsi və sosial statuslarındakı ziddiyyətlər ilə izah edir. Yazara görə, Azad Demokratlar İttifaqında təmsil olunan qrup daha çox marksizmlə əlaqələrini qoparmış keçmiş kommunist, burjua, bəzən yəhudi ailələrindən gələn, yaxşı təhsil almış, dünyaya açıq filosoflar, iqtisadçılar, sosioloqlar, yəni intellektuallar idi. Orban isə 1998-ci ildə verdiyi bir müsahibədə özünü və dostlarını bu sözlərlə tanıdırdı: “Ailəmin kəndliliklə əlaqəsi yoxdu, burjuaziyadan danışmıram belə. Mən bir mədəniyyətə sahib olmayan, çox eklektik bir kökdən gəlirdim, amma sinifimizdə ataları rahib olan və ya protestant olan oğlanlar vardı. Ənənəvi orta sinifdən olanlar vardı.” (Lendvai 2017).

Lendvai, Orban və yaxın dostlarının uşaqlıqlarında, yetişdirilmələrində, həyat tərzlərində və standartlarında kök salan bu fərqliliklərlə formalaşdığını, həmin fərqliliklərin əvvəl şüuraltında, sonra isə açıqda liberal və sol intellektuallara nifrətə çevrildiyini yazır. Yazara görə, Orbanın liberal mövqedən uzaqlaşmasının, milliyyətçi dəyərləri mənimsəməsinin və 2014-cü ildə açıq şəkildə demokratiyaya qarşı olduğunu etiraf etməsinin kökündə də məhz bu aşağılıq kompleksi durur.

Fidesz içində yaşanan bölünmə partiyanın 1994-cü il seçkilərin baryeri güclə keçməsi ilə nəticələndi. Ancaq Orban böyük sürətlə sol-liberal “köynəyini” üzərindən çıxardı və mərkəz sağ partiyalarla əməkdaşlıq üçün qollarını çirmələdi. Adını Fidesz - Macar Vətəndaş Partiyası şəklində dyişdirən təşkilatda yeni dəyişiklik siyasi terminologiyadan şəxsi geyim tərzinə qədər bütün sahələrdə əksini tapdı. Saqqallı və rahat geyimli radikal liberallar bir anda mühafizəkar geyimli, saçı düzgün daranmış, saqqalsız siyasətçilərə çevrildilər. Orban başda olmaqla siyasətçilərin çıxışlarında isə siyasi və iqtisadi problemlərin yerini adət-ənənələr, qurtuluş hekayələri, milli mənafe, vətənsevərlik, ailə, ana vətən sevgisi, orta sinif dəyərləri və s. tutmağa başladı (Lendvai 2017).

Ölkənin ilk azad seçkilərindən sonra sağçı hökumətə müxalif olan Orban və partiyası 1995-ci ildən etibarən sosialist və sol-liberal hökumətə qarşı sağ müxalifətdə yer aldı. Orban sağ, mühafizəkar, milliyyətçi və populist xəttə keçid sayəsində Macar Demokratik Forumu və Müstəqil Kiçik Fermerlər Partiyası ilə müxalifət koalisiyası yaradıb onun liderliyini ələ keçirdi. 1998-ci ildə Orban liderliyindəki müxalifət parlament seçkilərinin qalibi oldu. Fidesz heç kimin gözləmədiyi anda ölkənin əsas siyasi partiyasına çevrildi və Orbanın 4 illik birinci baş nazirlik dövrü başladı.

Atəşli NATO tərəfdarı və Rusiya əleyhdarı

Orbanın 1989-cu ildən başlayan yüksəlişinin ana xəttini Qərbə hərbi və iqtisadi inteqrasiya təşkil edirdi. İndinin Qərb tənqidçisi Orban o dövrün ən radikal Qərb tərəfdarı idi (Toth 2024).

1997-ci ildə NATO-ya üzvlük üçün Macarıstanın referenduma getdiyi dövrdə yaradılan NATO İnteqrasiya Komitəsinin sədri olan Orban Atlantik İttifaqına üzvlüyün vacibliyini bu sözlərlə vurğulayırdı: “Macarıstanın təhlükəsizliyinin və ərazi bütövlüyünün davamlı pozulduğu XX əsr situasiyasını aradan qaldırmaq üçün Qərb ittifaqına üzvlükdən başqa yol yoxdur” (X 2024).

Bu gündən baxanda nə qədər ironik görünsə də Macarıstanın NATO-ya üzvlüyü də məhz Orbanın ilk baş nazirlik dövründə - 1999-cu ildə baş tutdu. Orban o ilki çıxışında bu hadisəni belə dəyərləndirirdi: “Macarıstan 1956-cı ilin faciəvi qanlı hadisələri sayəsində 1990-cı ildə azadlığını, 1999-cu ildə isə bir damcı qan tökülmədən təhlükəsizliyini əldə etdi və 50 il davam edən acı və qeyri-müəyyənlik dövrü Macarıstanın NATO-ya üzvlüyü ilə sona çatdı” (NATO 1999).

Orban o illərdə və sonrakı 8-9 ildə həm də Rusiya əleyhdarıydı. 2008-ci ildə Rusiya Gürcüstan torpaqlarını işğal etdiyi zaman Orban bu sözlərlə etiraz etmişdi: “Soyuq müharibə başa çatdıqdan sonra görünməmiş bir şey baş verdi. Rusiyanın imperialist yanaşması və qaba güc siyasətini tətbiq etmə fikri son 20 ildə bilinmirdi”. Orban Rusiyanın bu işğalının qəbul edilə bilməyəcəyini söyləyir və Moskvanın Gürcüstanla bağlı ifadələrinin 1956-cı ildə Budapeştlə bağlı ifadələrlə eyni olduğunu vurğulayırdı (İndex, 2008).

Mühafizəkar  Macar milliyyətçisi

Daxili siyasətdə isə Orbanın ilk dörd ili baş nazirin qərar alma mexanizmində iştirakının artırılması və parlamentin nəzarət mexanizmlərinin zəiflədilməsi dövrü kimi xarakterizə edilə bilər. Nazirlər kabinetində heç bir məsələnin müzakirə olunmaması, bütün məsələlərin toplantılardan əvvəl Orban və yaxın çevrəsi tərəfindən qərarlaşdırılması, ölkə tarixində ilk olaraq iclasların stenoqramının yazılmaması, parlamentin toplantılarının həftədə bir deyil, üç həftədə bir keçirilməsi Orbanın ölkəyə gətirdiyi yeniliklərdən idi (Lendvai 2017).

Orban bu radikal kimlik dəyişikliyi sayəsində 4 il populyarlığını qoruya bilsə də, 2002-ci ildə keçirilən parlament seçkilərində Macar milliyyətçiliyini sərt tənqid edən sosialistlərə və liberallara cüzi fərqlə də olsa uduzdu (IPU 2002).

2002-ci ildən 2009-cu ilə qədər Orbanın bir-biri ilə kəskin təzad təşkil edən iki ən böyük bioqrafiyasını yazan Debreczeniyə görə, bu məğlubiyyətin ilk səbəbi sağ düşərgənin birləşmək üçün hər yolu uyğun görməsi və Fidesz-in radikal sağçı Csurka təşkilatı ilə əlaqələri, digər səbəbi isə Orban ilə partiyasının son dərəcə hədələyici tonu və əvvəlki hökumətlə bağlı korrupsiya iddialarını təsdiqləyə bilməməsi idi (Debreczeni 2009a).

Dinsizlikdən dindarlığa

Orbanın 1988-ci ildən 2002-ci ilə qədərki kəskin dəyişikliyi sadəcə siyasi fikirlərində deyildi. Gənclik illərində dinsiz bir atmosferdə böyüdüyünü söyləyən, radikal din əleyhdarı olan, parlamentdə din xadimlərini ələ salan, 1992–93-cü illərdə məktəblərdə dini təhsilin gətirilməsinə qarşı çıxan Orban 90-cı illərin sonlarında dindarlığa bürünməyə başladı. Orbanın ən yaxın adamlarından birinə çevrilən rahib Baloq vasitəsilə kilsələrlə əlaqələr qurmağa, siyasi toplantılarda din xadimlərini ön sıralarda oturtmağa başladı, hətta qatı katolik olan xanımıyla evlənərkən lazım görmədiyi dini nikahı da 10 il sonra kilsədə bağladı (Lendvai 2017).

Debreczeniyə görə, bu, heç də Orbanın dindar olduğu demək deyildi; sadəcə Orban siyasi baxımdan özünə yararlı hesab etdiyi hər şeyin doğruluğuna avtomatik inanan bir adam idi. (Debreczeni 2009b)

Addım-addım avtoritarizmə 

Ancaq Avropa və dünya Orbanın əsl siması ilə daha sonralar, daha doğrusu Orbanın ikinci dəfə iqtidara gəldiyi 2010-cu ildən sonra tanış oldu. Müxalifətdə ikən Vilfried Martens, Helmut Kol, Volfqanq Şüssel kimi avropalı mühafizəkar siyasətçilərlə sıx əlaqələr yaradan Orban 2002–2010-cu illərdə iqtidarda olan sosialist-liberal koalisiyasının səhvlərindən və qalmaqallarından, xüsusilə 2006-cı ildə baş nazir Ferens Dyurçanın büdcə kəsiriylə bağlı yalan söylədiyini etiraf etdiyi və hökumətə qarşı sərt etirazlara səbəb olan gizli danışığından, 2008-ci ildəki iqtisadi böhrandan, ölkədə alternativ müxalifətin olmamasından ustaca istifadə edərək və yüksələn sağ milliyyətçiliyi qızışdıraraq ikinci dəfə və böyük üstünlüklə iqtidara gəldi. (Heinrich Böll Stiftung 2014)

Radikal sağçı Jobbik Partiyasının aldığı 17 faizi də qatsaq, bu seçkidə Macarların 75 faizi sağçılara səs verdi. Təkmandatlı dairələr də sayıldıqdan sonra demokratik Macarıstan tarixində ilk dəfə bir partiya (Fidesz) parlamentin üçdə ikisinə sahib oldu (Lendvai 2017).

Bu, Macarıstan üçün bir qırılma nöqtəsi, Orbanın avtoritarizm yürüyüşünün isə ən mühüm mərhələsi idi.

Nəticə

Viktor Orbanın şəxsi və siyasi transformasiyası, təkcə onun özü və Macarıstanla məhdudlaşmayıb – bu proses Avropa İttifaqının daxilindəki ən ciddi təhdidlərdən birinə çevrilib.

Siyasətə Qərb yönümlü liberal hərəkatın lideri kimi gələn, Sovet tanklarına qarşı çıxan, azad seçkilər tələb edən və Rusiyanı təhlükə sayan Orban, zamanla bu dəyərlərin içini boşaldaraq, iqtidarda qalmaq və şəxsi hakimiyyətini möhkəmləndirmək naminə onları instrumental şəkildə istifadə edən avtoritar liderə çevrilib. Onun sağ populist, mühafizəkar və millətçi ritorikası, eləcə də antidemokratik idarə üsulları Macarıstanı klassik liberal demokratiya trayektoriyasından çıxarıb və ölkəni Avropa İttifaqı daxilində bir növ “boz zona”ya çevirib.

Orbanın transformasiyası təkcə siyasi mövqelərin dəyişməsi deyil, bu dəyişimin tam əks qütblərə qədər irəliləməsi ilə seçilir. Dinsizlikdən dindarlığa, liberallıqdan millətçiliyə, Qərbyönlü inteqrasiyadan Şərqə meylli avtoritar siyasətə doğru gedən bu yol, onun həm siyasi instinktlərinin, həm də hakimiyyətini qorumaq naminə bütün prinsipləri qurban verməyə hazır olan düşüncə tərzinin nəticəsidir.

Onun üçün ideologiyalar və tərəfdaşlıqlar yalnız bir məqsədə, hakimiyyətdə qalmağa, xidmət edir. Bir vaxtlar “Qərb ittifaqı Macarıstanın yeganə xilasıdır” deyən Orbanın bu gün Rusiyanın təbliğatını səsləndirməsi və Avropanın ortasında təhlükəsizlik arxitekturasını içəridən sarsıdan əsas fiqurlardan birinə çevrilməsi, bu təkamülün nə qədər radikal və təhlükəli olduğunu açıq şəkildə göstərir.

Viktor Orban iqtidarda qalmaq üçün ideologiyaları dəyişməkdən, ziqzaqlar çəkməkdən və dəyərlərin sərhədlərini kobud şəkildə tapdalamaqdan çəkinməyən klassik avtoritar lider obrazıdır.

Ən böyük paradoks isə ondan ibarətdir ki, bu avtoritar portret uzun illərdir liberal demokratiyaların klubu olan Avropa İttifaqının daxilində siyasi səhnədə qala bilir.

Yazının ikinci hissəsinə keçid üçün  klikləyin.



İSTİNADLAR

RFE/RL, Hungraian Service, mart 2025. “Kallas Says Europe Should Increase Pressure On Moscow In Push To End War” https://www.rferl.org/a/kallas-european-union-ukraine-russia-pressure/33276118.html 

Bergman, Max. fevral, 2025. “Why It’s Time to Reconsider a European Army” https://www.csis.org/analysis/why-its-time-reconsider-european-army 

Hermann, Kristof. Aprel, 2025. Hungary’s Eastern Turn: Moscow’s Growing Influence and Budapest’s Rift With Its Western Allies https://europrospects.eu/hungarys-eastern-turn-moscows-growing-influence-and-budapests-rift-with-its-western-allies/ 

Budapest Times, Mart 2025. “Orban vetoes joint declaration on Ukraine” https://www.budapesttimes.hu/world/orban-vetoes-joint-declaration-on-ukraine/ 

X, yanvar 2025. Viktor Orban. https://x.com/PM_ViktorOrban/status/1881807732589895712 

Deák, István, 1979 a. The Lawful Revolution: Louis Kossuth and the Hungarians, 1848–1849. New York: Columbia University Press, 1979. 

Hans Kohn, Pan-Slavism: Its History and Ideology (University of Notre Dame Press, 1953)

Deák, István, 1979 b. The Lawful Revolution: Louis Kossuth and the Hungarians, 1848–1849. New York: Columbia University Press, 1979. 

Cornell University, Speech at the Pittsburgh Banquet, 1852 https://ecommons.cornell.edu/items/ec7ee69c-906e-4258-8048-567aafedd8df?utm 

İnsamer. Ülke profili-Macaristan. https://www.insamer.com/tr/ulke-profili-macaristan/?utm 

Bideleux, Robert, and Ian Jeffries, 2007. A History of Eastern Europe: Crisis and Change. London: Routledge, 2007. 

Romsics, Ignác. 1999. Hungary in the Twentieth Century. Budapest: Corvina–Osiris, 1999. 

Judt, Tony. Postwar: A History of Europe Since 1945. New York: Penguin Press, 2005.

Watkins, Thayer. “Economic History and The Economy of Hungary” https://www.sjsu.edu/faculty/watkins/hungary.htm 

Bociaga, Przemyslaw, 2022. Meet Goulash Communism – Hungary’s Attempt to Spice Up Politics https://3seaseurope.com/goulash-communism/?utm

Debreczeni, József, 2002. Orban Viktor. Budapeşt: Osiris Kiado, 2002.

Kuruc İnfo, 2012. “Amit Orbán Viktor nem tett ki a honlapjára állambiztonsági múltjáról” https://kuruc.info/r/9/94946 

Lendvai, Paul. 2017a. Orbán: Hungary's Strongman. Oxford University Press. ISBN 978-0190874865. 

Kenney, Padraic. 2002. A Carnival of Revolution: Central Europe 1989. Princeton: Princeton University Press. ISBN 0-691-05028-7.

Lendvai, Paul 2017b. Orbán: Hungary's Strongman. Oxford University Press. ISBN 978-0190874865.  

Web Archive, 2006. The History o Fidesz. https://web.archive.org/web/20071010152354/http://www.fidesz.hu/index.php?Cikk=68476

Djankov, Simeon. 2015. Hungary under Orbán: Can Central Planning Revive Its Economy? Peterson İnstitute For İnternational Economics https://web.archive.org/web/20160131001840/http://www.iie.com/publications/pb/pb15-11.pdf 

Lendvai, Paul. 2017 c. Orbán: Hungary's Strongman. Oxford University Press. ISBN 978-0190874865.

Lendvai, Paul. 2017 ç. Orbán: Hungary's Strongman. Oxford University Press. ISBN 978-0190874865. 

Toth Tibor Csaba, 2024. “Így lett Orbán a NATO-csatlakozás hívéből a szövetség kritikusa” https://merce.hu/2024/07/10/igy-lett-orban-a-nato-csatlakozas-hivebol-a-szovetseg-kritikusa/ 

X, 2024. https://x.com/tothcsabatibor/status/1810556237697982877 

HACUSA, 1999 “Highlights of the Hungarian American Coalition's Advocacy Efforts for NATO Expansion: 1994-1999” https://hacusa.org/news/highlights-hungarian-american-coalition-advocacy-nato-expansion-1994-1999/ 

NATO.İnt, 1999 https://www.nato.int/docu/speech/1999/s990423v.htm

İndex. Hu, 2008. Orbánnak 56 jutott eszébe az orosz hadmûveletekrõl

https://index.hu/belfold/ovgruzorsz08/ 

Lendvai, Paul. 2017 d. Orbán: Hungary's Strongman. Oxford University Press. ISBN 978-0190874865.

İPU, 2002. http://archive.ipu.org/parline-e/reports/arc/2141_02.htm 

Debreczeni, József. 2009 a. Arcmás. Javított kiadás. Budapest: Noran-Libro Kiadó, 2009.

Lendvai, Paul. 2017 e. Orbán: Hungary's Strongman. Oxford University Press. ISBN 978-0190874865. 

Debreczeni, József. 2009 b. Arcmás. Javított kiadás. Budapest: Noran-Libro Kiadó, 2009.

Heinrich Böll Stıftung, 2014. “Hungary 2014: 2010 reloaded?” https://pl.boell.org/en/2014/04/18/hungary-2014-2010-reloaded?utm 

Lendvai, Paul. 2017 ə. Orbán: Hungary's Strongman. Oxford University Press. ISBN 978-0190874865. 

Bell icon

Ən son yeniliklərdən xəbərdar olmaq üçün bülletenimizə abunə olun

Etibarlı e-poçt ünvanı təqdim edin