Müəllif: Məryəm Qolizadə hazırda Türkiyənin Ankara şəhərində yaşayan universitet müəllimi və akademik tədqiqatçıdır. O, Orta Doğu Texniki Universitetində (Middle East Technical University) Ərazi Araşdırmaları üzrə fəlsəfə doktoru (PhD) dərəcəsinə malikdir. Onun dissertasiyası sosial hərəkatlarda emosional keçidlər, xüsusilə də İranda baş vermiş 1979-cu il inqilabı haqqındadır.
Qeyd: Bu yazı orijinal dili olan ingilis dilindən tərcümə olunmuşdur.
Xülasə
2025-ci ilin dekabrında başlayan və ilk olaraq Tehranın Böyük Bazarı ətrafında qeydə alınan etiraz dalğası qısa müddət ərzində digər vilayətlərə yayıldı və uzun müddət yığılıb qalmış sosial problemlərlə dövlət zorakılığı arasında ümumölkə miqyaslı qarşıdurmaya çevrildi. Bu üsyanın əsas fərqləndirici xüsusiyyətlərindən biri 1979-cu il İran İnqilabı dövrünün internetdən əvvəlki informasiya mühitini xatırladan sərt və sistemli informasiya blokadasıdır.
Bu məqalə həmin iki tarixi məqamı mexanizməsaslı müqayisəli təhlil vasitəsilə araşdırır və 1979-cu ilin qışına aid, ucqar bir kənddə yaşayan müşahidəçinin baxış bucağından bərpa edilmiş kənd mikro-tarixini analitik çərçivəyə daxil edir. Bu kontekstdə inqilab televiziya görüntüləri və ya rəsmi elanlar vasitəsilə deyil, qısa dalğalı radio statikası, parçalanmış xarici yayımlar və şifahi söz-söhbətlər vasitəsilə qavranılırdı.
Tədqiqat təkrarlanan mexanizmləri — informasiya boşluğunda şayiənin avtoritetə çevrilməsi, qorxunun idarəetmə aləti kimi istifadəsi, mənəvi təsnifat (moral sorting), sağ qalma strategiyası kimi gündəlik opportunizm və ölülər üzərindən hakimiyyətin qurulması kimi başa düşülən nekrokratiyanı — təhlil edərək, qeyri-müəyyən suverenlik şəraitində dövlət gücü ilə xalq müqavimətinin birgə təkamülünü göstərir. Məqalə iddia edir ki, informasiya blokadası şəraiti yalnız koordinasiya üçün taktiki maneə deyil, eyni zamanda mifyaratma və satiranı gücləndirən, kollektiv yaddaşı formalaşdıran və müqavimətin davamlı və nəql edilə bilən çərçivələrini müəyyənləşdirən məhsuldar siyasi mühitdir.
Açar sözlər: İranda etirazlar; informasiya blokadası; mexanizməsaslı təhlil; şayiə; nekropolitika; nekrokratiya.
Giriş
Analitiklər İranda etiraz dalğalarını tez-tez eyni izahlı çərçivələr əsasında təhlil edirlər: iqtisadi böhran, gənclərin səfərbərliyi, xarici müdaxilə, elita daxilində parçalanma və repressiya (Azizi və van Veen 2023). Bu kateqoriyalar analitik baxımdan faydalı olsa da, əgər onlar təsviri səviyyədə qalaraq səbəb-nəticə mexanizmlərinə çevrilməzsə, izah gücünü itirə bilər. Daha sərt və analitik baxımdan məhsuldar yanaşma mikro-səviyyəli qarşılıqlı təsirlərin (qorxu, şayiə, mənəvi təsnifat və gündəlik opportunizmin) necə makro-səviyyəli siyasi nəticələrə, o cümlədən yayılma, qütbləşmə və repressiya balanslarına çevrildiyini göstərən təkrarlanan və ötürülə bilən proseslərin müəyyənləşdirilməsidir (McAdam, Tarrow və Tilly 2001). Bu yanaşma, adətən, mexanizm əsaslı təhlil adlandırılır və müxtəlif kontekstlərdə etirazların necə işlədiyini müqayisə etmək üçün xüsusilə əlverişlidir (Tilly 2001).
Etiraz repertuarları texnoloji yeniliklərə və geosiyasi şərtlərə uyğun olaraq dəyişsə də, idarəetmə məntiqi — zorakılıq, mənəvi nəzarət və narrativlərin idarəsi İran kontekstində onilliklər ərzində nəzərəçarpacaq davamlılıq nümayiş etdirmişdir.
Bu məqalə 2025-ci ilin dekabrında başlayan, ilk olaraq Tehranın Böyük Bazarı ətrafında qeydə alınan və qısa müddətdə ölkə üzrə yayılan etiraz dalğasını təhlil edir. Bu mərhələnin müəyyənedici xüsusiyyəti təkcə repressiv zorakılıq deyil, həm də 2026-cı ilin yanvarının əvvəlində tətbiq edilən, demək olar ki, tam internet kəsintisi ilə müşayiət olunan sistemli informasiya məhrumiyyətidir (Hafezi 2026). Bu planlı “rəqəmsal sükut” texniki nasazlıq deyil. O, insanların hadisələri anlama, riskləri qiymətləndirmə və kollektiv fəaliyyət qurma üsullarını dəyişərək dərin interpretativ qeyri-müəyyənlik yaradan siyasi mühit formalaşdırır. Bu şərait 1979-cu il İnqilabının son ayları ilə, xüsusilə həmin prosesə paytaxt mərkəzlərindən deyil, kənd periferiyalarından baxıldıqda, paralellər qurmağa imkan verir.
Bu paraleli inkişaf etdirmək üçün məqalə 1979-cu ilin qışına aid kənd mikro-tarixini birləşdirir. Bu mikro-tarix ucqar bir kənddə yaşayan müşahidəçinin perspektivindən bərpa olunub və inqilabın televiziya vasitəsilə yayımlanan kütləvi səhnələr və ya rəsmi bəyanatlar deyil, qısa dalğalı radio statikası, sporadik xarici yayımlar və qeyri-sabit şifahi şayiələr vasitəsilə necə qavranıldığını göstərir. Bu xatirə materialları daha əvvəl İran İnqilabının emosional dinamikalarına həsr olunmuş doktorluq dissertasiyasında narrativ məlumat dəsti kimi istifadə olunmuşdur (Gholizadeh 2022) ki, bu da onların hazırkı tətbiqində davamlılıq və interpretativ etibarlılığı artırır.
Mikro-tarix faktoloji rekonstruksiya üçün xarici arxiv kimi deyil, qeyri-müəyyənliyin necə siyasi cəhətdən təsirli hala gəldiyini anlamaq üçün analitik prizma kimi istifadə olunur: sükutun epistemologiyası, yəni informasiya boşluğunda şayiənin avtoritet rolunu üzərinə götürməsi (Huang 2017); qorxunun idarəetmə alətinə çevrilməsi, yəni visceral narahatlığın itaət və sosial nəzarət mexanizminə transformasiyası (Young 2020); nekrokratiya — ölümün legitimlik valyutasına çevrilməsi (Varzi 2006); və yerli, gündəlik müqavimət forması kimi satiranın davamlı istifadəsi (Scott 1990).
Bu məqalə rejimin süqutunu proqnozlaşdırmaq və ya teleoloji inqilab narrativləri qurmaq məqsədi daşımır. Onun məqsədi 1979 və 2025–26 üsyanlarını şayiə, visceral qorxu, zorakılıq, mənəvi nəzarət, opportunizm və nekrokratiya kimi ortaq mexanizmlər vasitəsilə paralel şəkildə anlamaqdır. Əsas arqument ondan ibarətdir ki, informasiya blokadası şəraiti yalnız kollektiv koordinasiya üçün taktiki maneə deyil, eyni zamanda mifyaratma və satiranı gücləndirən, kollektiv yaddaşı formalaşdıran və müqavimətin nəql edilə bilən və davamlı repertuarını müəyyənləşdirən effektiv siyasi arenadır.
Məlumatlar, mənbələr və metodologiya
Bu məqalə 2025-ci ilin dekabrı – 2026-cı ilin yanvarı etiraz dalğası ilə 1979-cu il İran İnqilabının son mərhələsinin dinamikaları arasında oxşarlıqları araşdırmaq üçün mexanizm əsaslı müqayisəli tədqiqat dizaynından istifadə edir. Müasir hadisələr ardıcıllığı (etirazların başlanması, yayılması, repressiyası və kommunikasiya kanallarının kəsilməsi) əsasən Reuters və AP kimi mənbələrdən götürülmüş vaxt-möhürlü, yoxlanıla bilən hesabatlar əsasında rekonstruasiya edilmişdir. Tarixi hadisə isə 1979-cu ilin qışına aid kənd mikro-tarixi vasitəsilə operasionallaşdırılmışdır; bu mikro-tarix daha əvvəl İran İnqilabının emosional dinamikalarına dair dissertasiya tədqiqatında narrativ məlumat dəsti kimi istifadə olunmuş və Əlavədə təqdim edilmişdir (Gholizadeh 2022).
Metodoloji baxımdan təhlil mikro-tarixin təkrarlanan səbəb-nəticə prosesləri üzrə kodlaşdırılmasını əhatə edir: informasiya qıtlığı şəraitində şayiənin avtoritetə çevrilməsi, anticipativ itaət vasitəsilə qorxunun idarəetmə mexanizminə transformasiyası, qeyri-sabit suverenlik şəraitində mənəvi təsnifat və gündəlik opportunizm, nekrokratik legitimliyin istehsalı və satira vasitəsilə yerli müqavimət formaları. Daha sonra bu mexanizmlər 2025–26 etiraz ardıcıllığının şərhi üçün analitik müqayisə vasitəsi kimi tətbiq edilir. Bu yanaşma tarixi spesifikliyi qorumaqla yanaşı, informasiya pozuntusu ilə zorakı idarəetmə arasında qarşılıqlı əlaqənin etiraz dinamikalarına, kollektiv qavrayışa və müqavimətin mədəni dayanıqlığına təsiri barədə səbəb-nəticə nəticələri çıxarmağa imkan verir.
Mikro-tarixin qısa icmalı
1979-cu il İran İnqilabı adətən Tehranda və digər iri şəhərlərdə baş vermiş ehtişamlı, kütləvi etirazlar prizmasından nəql olunur. Lakin oxşar inqilabi təcrübə kənd məkanlarında da yaşanmışdı; burada siyasi dəyişiklik birbaşa müşahidə deyil, duyusal qarışıqlıq vasitəsilə dərk edilirdi. Bu kontekstdə Pəhləvi hakimiyyətinin dağılması mövsümi təcrid, kommunikasiya infrastrukturunun həssaslığı və informasiya qıtlığı şəraitində şayiənin siyasi təsir gücü ilə formalaşan “duyular labirinti” kimi qavranılırdı. Kənd müşahidəçisi inqilabı nə kütləvi yığıncaqlar, nə siyasi çıxışlar, nə də institusional elanlar vasitəsilə yaşamırdı; əksinə, qısa dalğalı radionun pozucu vasitəçiliyi, xarici yayımların fasiləli avtoriteti və şifahi narrativlərin qeyri-proqnozlaşdırılan yayılması vasitəsilə qəbul edirdi. Mikro-tarix, dominant informasiya kanallarının təhrif olunduğu şəraitdə zorakılıq və narazılığın necə şərh edildiyini, həmçinin fiziki landşaftın ideoloji proyeksiya və simvolik cəza alətinə necə çevrildiyini aydınlaşdırır.
Bu periferik mühitdə 1979-cu ilin qışı “sükut və donuqluq epistemologiyası” kimi xarakterizə oluna bilən bir bilik rejimi formalaşdırdı. Dövlətin mövcudluğu zəiflədikcə BBC World Service və Radio Moscow reallığın qavranılmasında əsas vasitələrə çevrildi və bunun nəticəsində siyasi həqiqətin sübuta deyil, qəbulun keyfiyyətinə, interpretativ ehtimallara və təkrara söykəndiyi təhrif olunmuş avtoritet yarandı. Farsdilli mərkəzdən qopma eyni zamanda dil böhranına yol açdı: inqilabi terminlər türkdilli kənd həyatına elə tərcümə olunurdu ki, bu sözlər mənasızlaşır və mövcud iyerarxiyaların legitimliyini zəiflədirirdi. Məsələn, sarbāz (əsgər) sözü elə yanlış çevrilirdi ki, ordunun ona aid edilən “ağıl” və “müqəddəslik” statusu faktiki olaraq əlindən alınırdı. Yaranmış informasiya boşluğunda taktiki reallıqların yerini mifoloji narrativlər tuturdu; bunlara “yeddi canı olan” fələstinli partizanların fövqəltəbii əməllər göstərməsi barədə hekayələr də daxil idi. Bu cür hekayələr qavrayışı yenidən strukturlaşdırır, qorxunu yayır və ardıcıl hərbi qiymətləndirməyə ehtiyac qalmadan dövlət hakimiyyətinin dağılmasını əsaslandırırdı.
Mikro-tarix göstərir ki, kənddə inqilabi mövqelənmə nadir hallarda abstrakt demokratik ideallarla motivasiya olunurdu; əksinə, bu mövqelənmə siyasi iqtisadiyyat və dövlətin yerli həyata müdaxiləsinə dair kollektiv yaddaş vasitəsilə formalaşırdı. Tütün Qadağası Qanunu və narrativdə yerli əkinçiliyin inhisar strukturlarının xeyrinə zorakı şəkildə boğulması kimi təqdim edilən digər siyasətlər Şaha qarşı dərin narazılıq yaratmışdı. Nəticə etibarilə, Şahın ölkədən qaçışı azadlığın simvolu kimi deyil, daha çox gündəlik dolanışıq problemlərindən qurtuluşun praktik yolu kimi qəbul edilirdi. Bu kontekstdə satira müqavimətin və sosial tərsinə çevrilmənin əsas alətinə çevrildi. Daruğeh-Šāgerds adlandırılan, marginallaşdırılmış şəhər gəncləri kral ləyaqətini lağa qoyan və inqilabı mədəni qırılma kimi yenidən tərif edən kobud qafiyəli şüarlar gətirdilər. Bu dəyişiklik, nəsil-şəcərə və adət-ənənəyə əsaslanan kənd iyerarxiyalarını narrativin “qarşıdurma, ictimai rüsvayçılıq və transqressiv gülüşə söykənən vulqar maqnetizm” adlandırdığı yeni cazibə ilə əvəzlədi.
İnqilabi güc möhkəmləndikcə, mikro-tarix nekrokratiyaya doğru sürüşməni üzə çıxarır: bu, hörmətin və ölülər üzərində simvolik sahibliyin legitimliyin əsas mənbəyinə çevrildiyi, ölümə əsaslanan siyasi sistemdir. Mədəni ikonalar sürətlə “ölü məşhurlar”la əvəz olundu; onların yeganə kvalifikasiyası necə və nə vaxt öldükləri idi. Bu, şəhid mərkəzli legitimliyə doğru daha geniş tendensiyanın göstəricisi idi. Bu siyasi dəyişmə real məkanlarda da özünü göstərdi və ekoloji intiqam formasını aldı. Aqi kəndində Arkhashan meşəsinin qırılması narrativdə “ritual təmizləmə” kimi təsvir olunur. Meşə dövlət hakimiyyətinin simvolu və “indiki zaman”la “köhnə dövr” arasında baryer kimi qəbul edilirdi. Ağacların kəsilməsi SAVAK və monarxiya ilə simvolik əlaqələndirilərək intiqam ritualına çevrildi və ekoloji dağıntını maddi-siyasi bəyanata dönüştürdü.
Nəhayət, hekayə göstərir ki, rejim təkcə açıq zorakılıqla deyil, həm də duyusal və mənəvi transformasiyalar vasitəsilə dəyişirdi. Məsələn, Radio Tehran-da musiqinin qəfil susdurulması edamlardan və mənəvi nəzarətdən əvvəl gələn “duyusal ölüm zəngi” idi. Mikro-tarix İranın mövcud iğtişaşları üçün mexanizmlərlə zəngin müqayisəli çərçivə təqdim edir: dövlət kommunikasiya infrastrukturunu pozduqda, qeyri-müəyyənlik şayiəni, opportunizmi və simvolik zorakılığı gücləndirir, satira və mif kimi mədəni ifadələr isə davamlı müqavimət formalarına çevrilir. Bu baxımdan, 1979-cu ilin kənd təcrübəsi sonrakı rəqəmsal blokadaların siyasi nəticələrini öncədən göstərir və informasiya qıtlığının necə həm repressiya şəraitinə, həm də legitimliyin, qorxunun və kollektiv yaddaşın yenidən qurulduğu yaradıcı məkana çevrildiyini izah edir.
Müzakirə
2025-ci ilin dekabrından 2026-cı ilin yanvarına qədər davam edən iğtişaşları müqayisəli kontekstdə təhlil etmək üçün bu bölmə əvvəl qurulmuş mexanizməsaslı çərçivədən istifadə edir (McAdam, Tarrow və Tilly 2001; Tilly 2001; Tilly və Tarrow 2015). İranda etiraz dövrləri çox vaxt iqtisadi təzyiq, gənclərin səfərbərliyi, elita daxilində parçalanma və repressiya prizmasından müzakirə olunur. Lakin bu təhlil mikro-səviyyəli qarşılıqlı təsirlərin makro-səviyyəli nəticələri necə formalaşdırdığına fokuslanır (Tarrow 2011).
1979-cu il mikro-tarixinin müqayisəli üstünlüyü onun informasiya qıtlığı şəraitində yaşanan təcrübələri canlı şəkildə təqdim etməsindədir. O göstərir ki, insanlar qonşularını “qardaş” və ya “xain” kimi yenidən təsnif edir, qorxu hüquqa tabeçiliyə çevrilir və suverenliyin qeyri-müəyyən olduğu şəraitdə ölüm siyasi resursa çevrilə bilir (Scott 1990; Young 2020; Varzi 2006; Mbembe 2003). 2025–26 üsyanı bu çərçivə vasitəsilə təhlil oluna bilər və təxribatdan yayılmaya, informasiya boğulmasından mədəni müqavimətə doğru ardıcıllığı üzə çıxarır. Onu fərqləndirən əsas cəhət informasiya blokadasıdır: bu blokada 1979-cu ilin kənd periferiyasına bənzər epistemik mühit yaradır, burada hadisələr “görülmür”, eşidilir, təkrarlanır və təhrif olunur (Huang 2017). Hər iki halda böhran eyni anda həm siyasi, həm də epistemikdir; qeyri-müəyyənlik keçici pozuntu deyil, idarəetmə vəziyyətinə çevrilir (Tilly və Tarrow 2015).
2025-ci ilin dekabr üsyanının Tehranın Böyük Bazarı ətrafında başladığı bildirilir; burada qiymətlər sürətlə artır, valyuta isə sabitliyini itirirdi (Hafezi 2026; Elwely 2025). Mexaniki baxımdan bazar sadəcə ticarət məkanı deyil, sıx etimad şəbəkələri, qeyri-rəsmi kredit mexanizmləri və paylayıcı zəncirlərdən ibarət təşkilati strukturdur (Keshavarzian 2007). Bazar düyünləri tətil etdikdə, ticarəti dayandırdıqda və ya qiymət formalaşmasını rədd etdikdə, iqtisadi fəaliyyət dövlətin “normallıq” iddiasını sarsıdır (Keshavarzian 2007). Bu cür pozuntular dolanışıq narazılıqlarını koordinasiya qabiliyyəti ilə birləşdirərək kollektiv fəaliyyəti sürətləndirir (McAdam, Tarrow və Tilly 2001; Tarrow 2011). Həlledici dönüş təkcə inflyasiya deyil, sağ qalmanın mənəvi əsaslarının çökməsi inancıdır: valyutanın dəyərdən düşməsi proqnozlaşdırıla bilənliklə bağlı səssiz sosial müqaviləni pozur və etirazı siyasi seçimdən iqtisadi sarsıntıya qarşı müdafiə reaksiyasına çevirir (Bayat 2010). Bu mürəkkəb infrastruktur daxilində mübahisə yayıldıqda, diffuziya iş yerləri və ətraf məhəllələr vasitəsilə sürətlə irəliləyə bilər (Bayat 2010; Tarrow 2011). “Mağazalar bağlandı”, “adamları güllələdilər”, “həbslər kütləvidir” kimi informasiya kaskadları çox vaxt aydın ideologiyadan əvvəl gəlir və liderlik olmadan belə iştirak yarada bilir (McAdam, Tarrow və Tilly 2001).
Münaqişə dərinləşdikcə, hökumətin reaksiyası ölümcül kütlə nəzarəti və kütləvi həbsləri əhatə edən genişmiqyaslı məcburetməyə çevrildi (OHCHR 2026). Etirazçılar tez-tez “terrorçu” adlandırılır, həbs isə iştirak xərclərini dəyişdirərək çəkindirmə vasitəsi kimi istifadə olunurdu (Davenport 2007). Repressiya təkcə fəal etirazçıları deyil, sağ qalma ehtimallarını ölçən geniş “səssiz” əhalini də hədəfə alır (Young 2020). Mikro-tarixdəki “edam rejimi” zorakılığın cəmiyyəti necə formalaşdıra biləcəyini göstərir: öldürmənin açıq şəkildə əsaslandırıla bildiyi anda gündəlik həyat potensial təhlükə qorxusuna uyğunlaşır (Young 2020; Davenport 2007). Vətəndaşlar qabaqlayıcı itaətə yönəlir: nitqi minimuma endirir, ictimai görünürlükdən çəkilir və siyasi mövqeni sübut edən izləri aradan qaldırırlar (Young 2020). Müasir etiraz dövrlərində bu, köhnə gizlənmə formalarının rəqəmsal analoqları ilə — yazışmaların silinməsi, mobil cihazların təmizlənməsi, məkan xidmətlərinin söndürülməsi və iz buraxmama strategiyaları ilə — müşahidə olunur. Qorxu zamanla infrastrukturun bir hissəsinə çevrilir, gündəlik həyata və insanlararası etimada hopur və küçə qarşıdurmaları bitdikdən sonra da qalıcı olur (Young 2020; Davenport 2007).
2026-cı ilin yanvarında tətbiq olunan kommunikasiya blokadası üsyanın strukturunda ən mühüm dönüş nöqtəsi oldu (Hafezi et al. 2026; Access Now 2026; Amnesty International 2026). Xarici monitorinq internet trafikin demək olar ki, tamamilə yox olduğunu göstərdi və bununla sosial təsdiq infrastrukturunu dağıtdı (Belson 2026). Mexaniki baxımdan blokada həm koordinasiyanı (harada toplaşmaq, necə hərəkət etmək, məsafələr üzrə fəaliyyəti necə saxlamaq), həm də şahidliyi (zorakılığın sənədləşdirilməsi və dövlət gücünü məhdudlaşdıra bilən etibarlı narrativlərin qurulması) hədəfə alır (Tilly və Tarrow 2015; Amnesty International 2026). Bu mənada blokada epistemik müharibə formasıdır. O, sükut vasitəsilə bilik rejimi yaradır və riskin düzgün qiymətləndirilməsini çətinləşdirir. Risk qeyri-müəyyənləşdikcə, qavranılan təhlükə çox vaxt ölçülə bilən təhlükəni üstələyir və bu, görünməzlik və hesabatlılığın azalması yolu ilə repressiyanı asanlaşdırır (Huang 2017; Davenport 2007). 1979-cu illə oxşarlıq texnologiyada deyil, bilik quruluşundadır: qısa dalğalı radio statikası və şifahi şayiələr hər ikisi yoxlamanın yerinə təkrarı qoyaraq qıtlıq yaradırdı (Huang 2017). Lakin informasiya qıtlığı cəmiyyəti iflic etmir; onu təhrif olunmuş siqnallar və interpretativ münaqişə ətrafında yenidən qurur (Tilly 2001; Tilly və Tarrow 2015). Blokada eyni zamanda siyasi etiraf rolunu oynayır və rejimin idarəetmə üçün kollektiv cəhalətə olan asılılığını üzə çıxarır (Access Now 2026).
Blokada şəraitində insanlar qeyri-müəyyənliklə şayiə yaymaq və strateji mövqelənmə yolu ilə mübarizə aparırlar. Şayiə faktiki doğruluqdan asılı olmayaraq qorxunu yaymaq, günahı aid etmək və mənəvi izah təqdim etməklə koordinasiya texnologiyası kimi fəaliyyət göstərir; o, sadəcə informasiya çatışmazlığı deyil, təhlükə və fürsətlərin əməli xəritələrini yaradan konstitutiv prosesdir (Huang 2017). Qeyri-müəyyənlik eyni zamanda mənəvi kateqoriyalaşdırmanı gücləndirir, mürəkkəbliyi ikiləşdirilmiş qarşıdurmalara — “qardaşlar” və “xainlər”, “vətənpərvərlər” və “terrorçular” — sıxışdırır, ambiqvitəni azaldır, empatiya xərclərini aşağı salır və zorakılığın “təmizləmə” kimi təqdim olunmasını asanlaşdırır (Scott 1990). Opportunizm sağ qalma rasionaliteti kimi təzahür edir: mikro-tarixdəki performativ inqilabi sədaqət və gec mərhələli dindarlıq qeyri-sabit suverenlik şəraitində risk idarəetməsi kimi daha düzgün başa düşülür (Scott 1990). 2026-cı ildə oxşar model zahiri neytrallıq və susqun nitqdə özünü göstərir — səssiz küçələr həll olunmamış narazılıqları gizlədir — buna görə də sükut razılıq kimi yozulmamalıdır (Bayat 2010).
1979 və 2026 arasında daha bir oxşarlıq nekrokratiyanın yüksəlişidir — ölülərin siyasətə cəlb edilməsi üzərində qurulan idarəetmə forması. 1979-dan sonra “ölü məşhurlar” mədəni ikonaları əvəz edərək şəhidlik üzərindən legitimlik yaratdı (Varzi 2006). Bu, suverenliyin hansı ölümlərin ictimai əhəmiyyət qazandığını, hansılarının silindiyini və hansılarının hakimiyyətə çevrilə bildiyini tənzimləməklə ifadə olunduğu nekropolitik məntiqə uyğundur (Mbembe 2003). 2026-cı il blokadası sənədləşdirilməmiş ölümləri asanlaşdıraraq və ölülər üzərində simvolik sahiblik uğrunda rəqabəti gücləndirərək bu münaqişəni dərinləşdirir (Belson 2026; Amnesty International 2026). Mikro-tarixə görə, “şəhid”ə sahib olmaq kifayət qədər sədaqətli və ya inqilabi hesab olunmayan qrupları rüsvay etmək üçün mənəvi valyuta kimi istifadə edilə bilər (Varzi 2006). Görünməz zorakılıq ölülərin həm qorxu mənbəyi, həm də legitimliyin sübutuna çevrildiyi bir dünya yaradır (Mbembe 2003).
Lakin sükut müqaviməti aradan qaldırmır; o, sadəcə onun mədəni formasını dəyişir. Dövlətin “rəqəmsal sükutu” satira və mifyaratma daxil olmaqla yerli səs-küylə qarşılanır. Satira güclü müqavimət alətidir, çünki onu inkar etmək çətindir, emosional boşalma yaradır və legitimliyi sarsıdır; bu da insanlara itaət etməyə məcbur olduqları halda belə müxalif kimliklərini qorumağa imkan verir (Scott 1990). Blokada şəraitində müqavimət mədəniyyəti daha mifoloji xarakter alır, çünki yoxlama çətinləşir və emosional cəhətdən təsirli hekayələr üstünlük qazanır (Huang 2017). Blokada həm taktiki boğma üsulu, həm də üsyanın yenidən doğulduğu mədəni istixana rolunu oynayır (Scott 1990). Dövlət koordinasiyalı etirazları susdura bilər, lakin sağ qalmanın siyasiləşdiyi və ləyaqətin dəyərinin çökməkdə olan valyutadan belə aşağı düşdüyü daha dərin sosial böhranı asanlıqla aradan qaldıra bilməz (Bayat 2010).
Nəticə
2025-ci ilin dekabrı – 2026-cı ilin yanvarı iğtişaşlarının mexanizməsaslı təhlili göstərir ki, bu etiraz dövrünün ən mühüm xüsusiyyəti təkcə repressiya deyil, informasiya məhrumiyyəti vasitəsilə qeyri-müəyyənliyin məqsədli şəkildə yenidən qurulmasıdır. İnternetin kəsilməsi 1979-cu ildəki kənd periferiyasına struktur baxımından bənzər olan epistemik mühit yaratdı; burada siyasi reallıq təsdiqlənmir, əksinə, statik səs-küy, şayiələr və təkrar vasitəsilə “yığılırdı”. Bu şəraitdə qorxu infrastrukturun bir hissəsinə çevrilir, insanların gündəlik həyat tərzini dəyişərək onları itaətə və görünməzliyə sürükləyir. Eyni zamanda, mənəvi təsnifat mürəkkəb vəziyyətləri ikili kateqoriyalara endirir və zorakılığın “təmizləmə” kimi təsvir olunmasına imkan yaradır.
Lakin informasiya qıtlığı cəmiyyəti iflic etmir; o, sadəcə qarşıdurmanın mərkəzini simvolik səviyyələrə daşıyır, satiranı, mifyaratmanı və ölülər üzərində simvolik sahiblik uğrunda aparılan nekrokratik mübarizəni daha da kəskinləşdirir. 1979 və 2025–26 arasındakı oxşarlıq tarixinin təkrarlanmasında deyil, idarəetmə repertuarının — məcburetmə, mənəvi nəzarət və narrativlərin idarəsi — davamlı şəkildə geri qayıtmasındadır. Bu, yoxlama mexanizmləri sıradan çıxdıqda və suverenlik kollektiv korluq üzərində qurulduqda baş verir.
Təşəkkür
1977–1981-ci illərin inqilabi dövrünə dair indiyədək dərc olunmamış gündəliklərinin bir fəsilindən istifadə etməyə icazə verdiyi üçün kanadalı–iranlı alim doktor Səməd Talebpura dərin təşəkkürümüzü bildiririk. Həmin fəsli oxumaq üçün bu linkə keçid edə bilərsiniz.
İstinadlar:
Access Now. 2026. “Iran plunged into digital darkness, concealing human rights abuses amid intensifying protests.” Press release, January 12, 2026. https://www.accessnow.org/press-release/keepiton-iran-digital-darkness-human-rights-abuses/
Amnesty International. 2026. “Iran: Internet shutdown hides violations amid escalating protests.” Amnesty International, January 9, 2026.
Azizi, Hamidreza, and Erwin van Veen. 2023. “Protests in Iran in Comparative Perspective: A Revolutionary State in Trouble”. The Hague: Clingendael Institute.
Bayat, Asef. 2010. Life as Politics: How Ordinary People Change the Middle East. 2nd ed. Stanford, CA: Stanford University Press.
Christou, William. 2026. “Iran Protests: Mass Killings amid Crackdown and International Reaction.” The Guardian.
Belson, David. 2026. “What we know about Iran’s Internet shutdown.” Cloudflare Blog, January 2026.
Davenport, Christian. 2007. “State Repression and Political Order.” Annual Review of Political Science 10: 1–23.
Elwelly, Elwely. 2025. “Iran’s government offers dialogue to protesters.” Reuters, December 30, 2025.
Gambrell, Jon, and Farnoush Amiri. 2026. “Iran Protests: Rights Group Says Thousands Killed; Hardliners Call for Executions.” Associated Press.
Gholizadeh, Maryam (2022). “The Emotional Landscape of a Social Movement: The Case of Iran’s 1979 Islamic Revolution”. Ph.D. Thesis. Middle East Technical University. https://open.metu.edu.tr/handle/11511/99805
Hafezi, Parisa. 2026. “New Trump warning as Iran cuts internet with protests across country.” Reuters, January 9, 2026.
Hafezi, Parisa, and Nayera Abdallah. 2026. “Iran protests abate after deadly crackdown, residents and rights groups say.” Reuters, January 16, 2026.
Huang, Haifeng. 2017. “A War of (Mis)Information: The Political Effects of Rumors and Rumor Rebuttals in an Authoritarian Country.” British Journal of Political Science 47(2): 283–311.
Keshavarzian, Arang. 2007. Bazaar and State in Iran: The Politics of the Tehran Marketplace. Cambridge: Cambridge University Press.
Mbembe, Achille. 2003. “Necropolitics.” Public Culture 15(1): 11–40. https://doi.org/10.1215/08992363-15-1-11.
McAdam, Doug, Sidney Tarrow, and Charles Tilly. 2001. Dynamics of Contention. Cambridge: Cambridge University Press.
Scott, James C. 1990. Domination and the Arts of Resistance: Hidden Transcripts. New Haven, CT: Yale University Press.
Tarrow, Sidney. 2011. Power in Movement: Social Movements and Contentious Politics. 3rd ed. Cambridge: Cambridge University Press.
Tilly, Charles. 2001. “Mechanisms in Political Processes.” Annual Review of Political Science 4: 21–41.
Tilly, Charles, and Sidney Tarrow. 2015. Contentious Politics. 2nd ed. Oxford: Oxford University Press.
United Nations. 2026. “UN Urges Restraint, Protection of Rights amid Iran Unrest.” UN spokesperson briefing / official statement.
Office of the High Commissioner for Human Rights (OHCHR). 2026. “Statement on Iran: Excessive Use of Force, Accountability, and Human Rights Obligations.” OHCHR.
Varzi, Roxanne. 2006. Warring Souls: Youth, Media, and Martyrdom in Post-Revolution Iran. Durham, NC: Duke University Press.
Young, Lauren E. 2020. “The Psychology of State Repression: Fear and Dissent Decisions in Zimbabwe.” American Political Science Review 114(2): 341–355.