23 iyn 2026

Yaşıl Vitrin, Qara Neft: Azərbaycanın Eko-Avtoritarizmi

Yaşıl Vitrin, Qara Neft: Azərbaycanın Eko-Avtoritarizmi



(Yazı “Khar Center”in analitik qrupu tərəfindən Azərbaycan avtoritarizmi araşdırmaları çərçivəsində hazırlanıb)

Giriş 

Azərbaycan hakimiyyəti son illərdə  özünü yalnız neft və qaz ixracıyla varlanan fosil yanacaq zəngini kimi deyil, həm də qlobal iqlim böhranı ilə bağlı diskussiyalarda iştirak edən, yaşıl enerjiyə keçidə dəstək verən məsuliyyətli və modern aktor kimi təqdim etməyə çalışır. İlham Əliyev bu yanaşmanı iyunun əvvəlində Bakıda keçirilən Enerji Həftəsinin açılışındakı çıxışında bu sözlərlə ifadə etdi: “Yalnız bizim üçün deyil, müştərilərimiz üçün də ən az 100 il kifayət edəcək qədər təbii qaz  ehtiyatımızla əslində başqa elektrik istehsalı mənbəyinə ehtiyacımız yoxdur. Ancaq məsuliyyətimiz bizi bərpa olunan enerjiyə sərmayə qoymağa vadar edir”(President.az, 2026).  

Azərbaycan hakimiyyəti ilk dəfə bir postsovet ölkəsində keçirilən BMT İqlim Sammitinə (COP-29) ev sahibi olmağa səy göstərərkən və buna nail olarkən, Qarabağ və Şərqi Zəngəzuru “yaşıl enerji zonası” elan edərkən, fosil yanacaq şirkəti SOCAR-ın “Green” strukturunu yaradarkən, nəhayət, Xəzərdən Avropaya yaşıl enerji ötürülməsi kimi iddialı layihələrdən bəhs edərkən də məhz bu məsuliyyətli və modern aktor imicini qabardır.

Halbuki bu imicin arxasındakı reallıq çox fərqlidir - Azərbaycan siyasi-iqtisadi modeli tamamilə neft-qaz hökmranlığına əsaslanır. Bu hökmranlıq sadəcə daxili siyasətdə mövcud deyil, Azərbaycanın xarici siyasətinin də əsasını təşkil edir. Xüsusilə son illərdə dünyadakı enerji çalxantıları fonunda Azərbaycanın neft-qaz bazarlığının  sərhədləri bir az da genişlənib, qiyməti bir az da artıb. Karbohidrogen resursları Azərbaycan hakimiyyətinin həm iqtisadi gəlir mənbəyi, həm daxili təhlükəsizlik qalxanı, həm də beynəlxalq legitimlik və manevr alətidir.  Bu baxımdan Azərbaycan hakimiyyətinin niyyəti yaşıl enerji, yaşıl zona, təmiz iqlim kimi modern dövrün tələblərinə və məsuliyyətinə cavab verməkdən daha çox, bu görüntünü yaradaraq fosil yanacaq hegemoniyasına əlavə dəstək qatı yaratmaqdır. Bunu İlham Əliyev də gizlətmir - onun “realist”  yanaşmasına görə, yaşıl enerji alternativ deyil, neft və qaz ixracatının tamamlayıcısıdır (President.az, 2026). 

Yəni Azərbaycan hakimiyyəti “yaşıl” mövzusunu  neft-qazdan asılılığı azaltma vasitəsi kimi gündəliyində saxlamır, əksinə, neft-qaz əsaslı avtoritar modelinin müdafiə mexanizmi kimi görür. 

“Khar Center” bu analizində Azərbaycan hakimiyyətinin yaşıl avtokratiya illüziyalarına nəzər salır. Analizin əsas sualı da buradan yaranır - Azərbaycan hakimiyyəti “yaşıl” layihələr, böyük ekoloji tədbirlər, iqlim diplomatiyası və bərpa oluna bilən enerji investisiyaları vasitəsilə neft-qaz hökmranlığını necə qoruyur və yenidən legitimləşdirir? Ya da sualı başqa şəkildə ifadə edə bilərik -  İlham Əliyev hakimiyyətinin “yaşıl keçid” ritorikası  avtoritar idarəetmənin, resurs bölgüsünün və karbohidrogen asılılığının davamına necə xidmət edir?

Yaşıl avtokratiya nəyi ehtiva edir?

Bu məqalədə “yaşıl avtokratiya”  avtoritar ekoloji idarəetmə, eko-avtoritarizm, dayanıqlılıq tamaşası, yaşıl yuma və yaşıl mənimsəmə kimi anlayışların Azərbaycan kontekstindəki analitik çərçivəsi kimi istifadə olunur. Eyni zamanda bu məfhum yalnız ekologiya ilə bağlı yalan, manipulyasiya və ya bu sahə üzərində nəzarəti ehtiva etmir. Söhbət  avtoritar hakimiyyətin ekologiya, yaşıl enerji, qlobal iqlim böhranı kimi trend mövzulardan istifadə edərək öz idarəetmə modelini gücləndirdiyi, yaşıl vitrin arxasında resurs istismarı və karbohidrogen asılılığını artırdığı, iqtidarına əlavə beynəlxalq legitimlik qalxanı qazandırdığı daha geniş mexanizmdən gedir. Yəni bu mənada “yaşıl avtokratiya” ekologiyanın, yaşıl enerjinin, iqlim mövzularının avtoritar hakimiyyət tərəfindən mənimsənilərək istismar edilməsidir. Bu anlayış bir neçə istiqaməti özündə birləşdirir. 

Yaşıl avtokratiyanın elementlərindən biri avtoritar ekoloji idarəetmədir (authoritarian environmentalism). Çinin iqlim dəyişikliyi siyasəti nümunəsində avtoritar ekoloji idarəetmə  məfhumunu analiz edən Bryus Gilliyə görə, bu model ciddi ekoloji problemlərə münasibətdə ictimai siyasətin hazırlanması və icrasında qeyri-iştirakçı yanaşmanı ehtiva edir. Bu modeldə dövlət böyük ekoloji hədəflər, proqramlar, layihələr elan edir, ancaq prosesdə ictimai müzakirə, yerli icmaların, müstəqil medianın, məhkəmələrin və vətəndaş cəmiyyətinin rolunu ciddi şəkildə məhdudlaşdırır.  Məhz ictimai iştirak faktoru demokratik ekoloji idarəetmə ilə avtoritar ekoloji idarəetməni ayrıd edən kilid nöqtədir - bu iştirakın varlığı birincinin, yoxluğu ikincinin əsas göstəricisidir. Vətəndaşın bu prosesdə iştirakı dövlət siyasətinə əməl etməklə məhdudlaşır, yəni vətəndaş qərar vermə prosesində yoxdur, o, sadəcə avtoritar rejimin elan etdiyi siyasətin müti icraçısıdır (Gilley, 2012). 

Müəllifin fikrincə, avtoritar ekoloji idarəetmə siyasət nəticələrindən daha çox siyasət çıxışları istehsal etməkdə effektlidir. Yəni avtoritar rejimlər sürətli qərar verərək, iri layihələri qısa müddətdə həyata keçirərək beynəlxalq platformada “effektli dövlət” obrazı yaratmağı hədəfləyirlər, real nəticə isə onları çox maraqlandırmır (Gilley, 2012). 

Ekoloji avtoritarizmi (eco-authoritarianism) dəstəkləyənlər belə arqumentlər səsləndirirlər ki, iqlim dəyişikliyi, ekoloji fəlakətlər, qlobal ətraf mühit problemləri yavaş və çox diskussiyalı demokratik mexanizmlərlə həll oluna bilməz, bunun üçün güclü (oxu - avtoritar) dövlət mexanizmləri daha effektlidir.  Eko-avtoritar yanaşma ekoloji böhranın həlli üçün əsas maneələrdən biri kimi liberal-demokratik rejimlərin yavaş, mübahisəli və hüquqlarla məhdudlaşdırılmış qərarvermə mexanizmini göstərir. Bu fikrin müdafiəçiləri mərkəzi planlaşdırmanı rədd edirlər, ancaq  yenə də hökumətlərə vətəndaş hüquqları və demokratik prosedurlarla məhdudlaşmayan səlahiyyətlər verilməsini müdafiə edirlər. Bu modeldə yaşıl avtokratiya görünüş etibarıyla açıq diktatura elementləri daşımır,  effektlilik, dövlət qabiliyyəti, texnokratik idarəetmə kimi anlayışlarla bəzədilən nəzarət mexanizmini ehtiva edir. Eko-avtoritarizmi tənqid edən Den Kobi Şahar isə  ekoloji böhranı əsas gətirib hökumətləri demokratik prosedurlardan və vətəndaş hüquqlarından azad etməyin təhlükəli yol olduğuna diqqət çəkir. Müəllifə görə, ictimai nəzarətin  zəifləməsi ekoloji avtoritarizmi (eco-authoritarianism) doğurur, yəni ekoloji siyasət asanlıqla yeni məcburetmə, yeni resurs bölgüsü və yeni susdurma mexanizminə çevrilə bilir (Shahar, 2015) .

Yaşıl avtokratiyanın elementlərindən biri də ekoloji dayanıqlılıq nümayişidir. Günümüzdə ekoloji dayanıqlılıq modernizmlə birbaşa əlaqələndirilir, modernlik iddiasında olmaq üçün mütləq dövlətin və ya qurumların  “yaşıl kimlik” dataları olmalıdır. Yəni qlobal  düzəndə öz modern statusunu nümayiş etdirmək istəyən aktorlar və qurumlar maddi, siyasi və əxlaqi məqsədlərinə nail olmaq üçün ekoloji davamlılığa sədaqətlərini nümayiş etdirmək məcburiyyəti hiss edirlər (Koch, 2022). Bu, hər zaman səmimi sədaqət nümayişi deyil, xüsusilə avtoritar rejimli neft-qaz dövlətləri üçün. Ərəbistan yarımadasında ekoloji dayanıqlılıq layihələrini izləyən Natali Koxa görə, post-neft yaşıllaşma təşəbbüsləri ‘modern’ milli kimliklə bağlı  pozitiv narrativ yaratmaq üçün məhz dayanıqlılıq tamaşasından (sustainability spectacle) istifadə edir. Bu dövlətlərdə yaşıl enerji diskursu çox vaxt fosil yanacaq modelindən uzaqlaşmağı deyil, əksinə, “yaşıl” pərdə  altında  o modelin yeni şəraitə uyğunlaşmasını ehtiva edir. Neft gəlirləri ilə zənginləşmiş rejimlər yaşıl layihələr, göstərişli tədbirlər və vizual dayanıqlılıq təsirli təşəbbüslərlə özlərini post-neft gələcəyinə hazır, modern və məsuliyyətli aktorlar kimi təqdim edirlər. Bu dayanıqlılıq tamaşaları şübhəsiz ki, real ekoloji performansla ekoloji kommunikasiya arasındakı uyğunsuzluğu ifadə edən, daha da sadələşdirsək, dövlətin özünü daha “yaşıl” göstərmə manipulyasiyası kimi təqdim edə biləcəyimiz yaşıl yuma (greenwashing) ehtiva edir, ancaq yazara görə, bu məsələni sadəcə hökumət PR-ı və “yaşıl yuma” kimi dəyərləndirmək doğru deyil. Çünki ekoloji dayanıqlılıq səhnələri  neft-qaz resursuna sahib olan avtoritar rejimlər üçün həm  daxili milli qürur, həm beynəlxalq reputasiya, həm investisiya cəlbi, həm də siyasi legitimlik məsələsidir (Koch, 2022). Yəni bu layihələri yalnız avtoritar rejimin yalanı və manipulyasiyası kimi dəyərləndirmək doğru nəticəyə aparmır, nəzərə almaq lazımdır ki, yaşıl gündəlik neft-qaz dövləti üçün həm də yeni dövrdə legitimləşmə alətidir.  Çünki ekoloji dayanıqlılıq tamaşası ölkənin hələ də neft-qazdan asılı qalmasından və resurslara söykənən gələcəyi aktiv şəkildə təşviq etməsindən diqqəti yayındırır. Bu tip nümunələrdə ‘dayanıqlılıq” kəlməsinin əslində nəyi ehtiva etdiyi qeyri-müəyyən saxlanır. “Yaşıl enerji”, “yaşıl zona”, “dayanıqlı inkişaf”, “ağıllı kənd”, “yaşıl dəhliz” deyəndə konkret olaraq hansı ekoloji standartlardan, hansı ictimai iştirak mexanizmindən, hansı emissiya azaldılmasından və hansı sosial ədalət ölçülərindən danışıldığı çox vaxt aydın olmur. Yəni tamaşa xarakterli yaşıl brendinq mahiyyət etibarıyla çox vaxt elitist və anti-demokratikdir (Koch, 2022). 


Ekoloji diskursun tamamilə hakimiyyətin əlində olduğu model olan yaşıl avtokratiyanın dərin qatlarından biri də yaşıl qəsb və ya yaşıl mənimsəmədir (green grabbing). Bu anlayışı izah edən Ceyms Ferhed, Melissa Liç və Ayan Skuns “yaşıl” məqsədlərdən bəzən torpaq, su, meşə, enerji və digər resursların yeni formada mənimsənilməsinə haqq qazandırmaq üçün istifadə olunduğunu vurğulayırlar (Fairhead, Leach və Scoones, 2012).  Yəni layihənin “yaşıl” olması onu avtomatik ədalətli etmir, əksinə, yerli icmaların iştirakının olmadığı, ictimai nəzarətin və media nəzarətinin məhdudlaşdırıldığı rejimlərdə resursların dövlətə yaxın biznes dairələrinin və ya xarici investorların nəzarətinə keçməsi kimi sosial ədalətsizlik faktoruna çevrilir.  Bu, xüsusilə böyük infrastruktur və enerji layihələri həyata keçirilərkən böyük əhəmiyyət daşıyır. Çünki ilk baxışda günəş və külək panelləri, hidroenerji layihələri, yaşıl zonalar modern, iqlim dostu və cəmiyyətə faydalı layihələr kimi görünə bilər. Ancaq tənqidi yanaşma təbii resurslara sadəcə iqtisadi sərvət kimi baxmır; o, bu resurslara çıxışı kimin idarə etdiyini, onların necə hasil olunduğunu və ya istifadə edildiyini, prosesdən kimin faydalandığını, kimin zərər çəkdiyini, gəlirlər və ekoloji zərərlərin müxtəlif siyasi aktorlar arasında necə bölüşdürüldüyünü də soruşur (Koch, 2024). Bu sualların cavabının olmadığı və  hətta sualların səsləndirilməsinin belə təhlükə ehtiva etdiyi atmosferdə yaşıl layihələr yeni renta mexanizmi yaradır.

Avtoritar rejimlərin “yaşıl” görünmə həvəsi 

Yuxarıdakı nəzəri çərçivə də bizə deməyə əsas verir ki, avtoritar rejimlərin yaşıl gündəmə marağını yalnız düz çərçivə ilə - ekoloji problemlərə cavab rakursu ilə izah etmək mümkün deyil. Onlar üçün bu, daha çox beynəlxalq imic, modern görünmə istəyi, investisiya cəlbi, resurslara nəzarət və potensial ictimai partlayışları zərərsizləşdirmə imkanıdır. Çünki ekologiya mövzusu avtoritar rejimlər üçün həm imkan, həm də risk deməkdir. Rejim ekologiyadan legitimlik və modernləşmə nümayişi kimi istifadə edir, ancaq ekoloji problemlər, həm də ictimai partlayış səbəbinə çevrilmə təhlükəsi daşıyır. Bu səbəbdən avtoritar rejimlər ekologiyanı tamamilə rədd etmirlər; onu idarə olunan, dövlətləşdirilmiş və siyasətsizləşdirilmiş formada qəbullanırlar. Avtoritar liderlərin ətraf mühitə və təbii resurslara marağı rejimin legitimliyini təmin etmək qayğısından doğur. Ekoloji məsələlər beynəlxalq legitimlik axtaran rejimlər üçün imkan yaradır; onlar iqlim siyasətlərini təşviq etməklə və böyük ekoloji sammitlərə ev sahibliyi etməklə öz ekoloji etibarlarını nümayiş etdirə bilirlər (Koch, 2024). 

Bu yanaşmanın ən bariz nümunələrindən biri Birləşmiş Ərəb Əmirlikləridir. Uzun müddət neft və qaz gəlirləri üzərində formalaşmış renta dövləti modeli olan BƏƏ-də hidrokarbon gəlirlərindən vətəndaşlara müxtəlif sosial imtiyazlar, subsidiya və rifah mexanizmləri şəklində pay düşüb, ancaq siyasi iştirak məhdudlaşdırılıb. Körfəz monarxiyalarında bu “ruling bargain” (yəni siyasi hüquqların rifah malları ilə əvəzləndiyi idarəetmə razılaşması) fosil yanacaq gəlirləri üzərində qurulub.  Ancaq qlobal iqlim diskursunun artmasıyla birlikdə BƏƏ fosil yanacaq ölkəsi olmağın reputasiya riskini nəzərə alaraq özünü  “təmiz enerji”, “yaşıl innovasiya” və “post-neft modernliyi”nin öncülərindən biri kimi təqdim etməyə başlayıb (Koch, 2022).  2006-cı ildə yaradılan Əbu Dabi Gələcək Enerji Şirkəti (Masdar) BƏƏ-nin qlobal yaşıl aktor kimi görünmə iddiasının ən önəmli nümunələrindən biridir və BƏƏ-nin qlobal bərpa olunan enerji şirkəti kimi təqdim olunur (Masdar, rəsmi səhifə). Günəş parkları, ekoloji şəhər layihələri, EXPO-2020, COP-28 kimi təşəbbüslər neft-qaz ölkəsi olan BƏƏ-nin məhz özünü modern, məsuliyyətli, gələcəyə hazır aktor kimi göstərməsinə xidmət edən ekoloji dayanıqlılıq tamaşalarıdır (Koch, 2022). 

Oxşar cümlələri Qazaxıstanla bağlı da qurmaq mümkündür.  Bu ölkədə neft, mis, uran və s. kimi təbii resurs gəlirləri həm iqtisadi inkişafın, həm avtoritar legitimləşmənin əsas dayağıdır. Uzun illər bu resurslar hesabına yaradılan modernlik görüntüsü artıq qlobal iqlim böhranının diqtə etdiyi beynəlxalq platformada aktuallığını itirir. Bu səbəbdən Qazaxıstan hökuməti də ekoloji dayanıqlılıq və yaşıl iqtisadiyyat ritorikasına keçib. 2013-cü ildə  qəbul edilən “2050-yə qədər Yaşıl İqtisadiyyata Keçid Konsepsiyası”,  2017-ci ildə Astanada “Future Energy” mövzulu EXPO keçirilməsi, bərpa olunan enerji payını 2020-yə qədər 3 faizə, 2030-a qədər 30 faizə, 2050-yə qədər isə 50 faizə çatdırmaq kimi iddialı hədəflər açıqlanması (APEF, 2013) fosil yanacaq ölkəsi Qazaxıstanın modern və “təmiz” görünmə həvəsini nümayiş etdirir. Digər tərəfdən  Semipalatinskdə uzun illər keçirilən nüvə sınaqlarının ictimaiyyətdən gizli saxlanılması faktının ortaya çıxması (CTBTO, 2011), Aral dənizi fəlakəti (UNDP, 2025), neft və mədən sənayesinin yaratdığı ciddi çirklənmə (World Bank, 2023) kimi faktlar göstərir ki, real ekoloji problemləri hökumətin yaratmağa çalışdığı yaşıl vitrinin arxasında gizlətmək mümkün olmur. 

Yaşıl avtokratiyanın başqa bir nümunəsi də Türkiyədir. Türkiyə klassik neft-qaz renta dövləti deyil, ancaq 24 illik AKP iqtidarı dövründə ekologiya populist-avtoritar idarəetmənin qollarından və kəskin siyasi qütbləşmənin əsas  elementlərindən birinə çevrilib.  Türkiyədə əvvəlki dövrlərdə yaşıllaşdırma daha çox modern milli dövlət quruculuğu ilə bağlı idisə, AKP dövründə hökumətin “biz əsl ekologiya tərəfdarıyıq” iddiası ekoloji etirazlara cavab kimi formalaşıb. AKP-nin özünü “yaşıl” göstərməsi təkcə “greenwashing” deyil, daha siyasi mexanizmdir - hökumət ekologiya dilini öz nəzarətinə alır və müstəqil ekoloji hərəkatları saxta, siyasi motivli, xarici təsirə açıq və ya təhlükəli qruplar kimi təqdim edir. Beləliklə, dövlətin ağac əkməsi “əsl ekologiya”, vətəndaşların etirazı isə “asayişi pozmaq”, dövlət “əsl ekologiya dostu”, ekoloqlar, vətəndaşlar, media isə “düşmən” kimi kodlaşdırılır. 2008-ci ildə HES (hidroelektrik stansiyası) etirazlarına qarşı Ərdoğanın “mən əsl çevrəçiyəm” ifadəsi bu xəttin açar cümləsidir (Kurtich, 2022). 

Türkiyədə Egey, Mərmərə, Qara dəniz regionlarında qızıl mədənlərinin açılmasına, ölkənin bir çox yerində su elektrik stansiyalarının qurulmasına qarşı etirazlar kimi ekoloji çağırışlar AKP iqtidarından əvvəlki dövrdə də mövcud olub. Ancaq ekoloji problemlərin artması və resurs istismarındakı ədalətsizliklər AKP dövründə ekoloji aktivizmi və səfərbərliyi də artırıb. 2013-cü ildə baş verən Gezi Parkı hadisələrindən başlayaraq Türkiyə hökuməti daha da avtoritarlaşan populizmi çərçivəsində ekologiya ilə bağlı olduqca radikal xətt seçib. İqtidarının davamlılığını təmin etmək üçün ekologiya siyasətini öz hegemoniyası altına alıb və mühüm bir cəbhəyə çevirib. Bu kontesktdə xüsusilə  dünyəvilərin, solçuların, Qərb tərəfdarlarının və Qərb dairələrinin AKP hökumətini devirmək üçün ekoloji səfərbərliklərdən istifadə etdikləri haqda narrativ yaradıb, ekoloji aktivistləri düşmənləşdirib (Özen, 2022). 

Yəni AKP özünün zəif olduğu bir sahəni avtoritar üsullarla güclü olduğu bir sahəyə çevirib, ekoloji aktivizmi kriminal fəaliyyət, dövlət düşmənçiliyi, hətta beynəlxalq xəyanət  kimi təqdim edərkən özünü ekologiyanın ən böyük dostu, ətraf mühitin ən böyük müdafiəçisi kimi təqdim edib və bu istiqamətə böyük imic layihələri həyata keçirməyə başlayıb. Bunlardan ən böyüyü 2017-ci ildə Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğanın himayəsində başladılan “Sıfır Atık” layihəsidir. UNDP Türkiyə bu layihəyə 2021-də “Sustainable Development Goals Action Award” verib (UNDP, 2021). Bu ilin noyabrında keçiriləcək COP-31-ə ev sahibliyi etmək də Ankara üçün qlobal iqlim diplomatiyasında mühüm aktor kimi görünmə fürsəti verəcək (UN, 2026). 2019-cu ildə “Geleceğe Nefes” kampaniyası ilə 11 noyabrın Milli Ağaçlandırma Günü elan edilməsi, AKP-nin ən simvolik layihələrindən biri kimi təqdim etdiyi “millet bahçeleri”, Türkiyənin və Avropanın ən böyük günəş elektrik stansiyası kimi təqdim olunan Karapınar YEKA-1 layihəsi, 2053-cü il üçün net-zero - karbon emissiyalarının sıfırlanması hədəfinin açıqlanması kimi digər “yaşıl” addımlar da Ərdoğan rejiminin modernlik və ekoloji dayanıqlılıq tamaşası tədbirləri arasındadır. Ərdoğanın zahirən apolitik  görünən bu “yaşıl”lığı yüksək dərəcədə siyasi məqsədin (aşağıdan gələn ekoloji fəallığın (grassroots environmental activism) kriminallaşdırılmasının) əsasını təşkil edir (Kurtich, 2022).

Yuxarıdakı nümunələr avtoritar rejimlərin “yaşıl” həvəsinin təsadüfi olmadığını, bunun onlar üçün konkret siyasi hədəfləri olan fəaliyyət sahəsi olduğunu göstərir. BƏƏ-də bu, post-neft reputasiyası; Qazaxıstanda resursa dayanan modernlik vitrini; Türkiyədə isə ekoloji problemlərin avtoritar üsullarla ört-basdır edilməsi mexanizmi kimi işləyir. 

Yaşıl vitrin arxasında duran karbohidrogen hegemoniyası 

Azərbaycan nümunəsində isə nəzəri hissədə vurğuladığımız elementlər eyni anda görünür -  ekoloji avtoritar idarəetmə də, eko-avtoritarizm də, yaşıl yuma da, beynəlxalq imic üçün ekoloji dayanıqlılıq tamaşası da, yaşıl mənimsəmə də, renta da, daxili ekoloji narazılıqların sərt üsullarla susdurulması da. 

Hər şeydən əvvəl unutmamaq lazımdır ki, Azərbaycan siyasi-iqtisadi modelinin əsasını neft-qaz hökmranlığı təşkil edir. Fosil yanacaq Azərbaycanın avtoritar rejiminin həm daxili “sabitlik”, həm təhlükəsizlik, həm də beynəlxalq legitimlik mənbəyidir. “Yaşıl” gündəlik də məhz karbohidrogen resurslara əsaslanan avtoritar idarəetmə modelinin ehtiyaclarına xidmət edir.  Azərbaycan hakimiyyəti yalnız neft-qaz ixrac edən deyil, eyni zamanda qlobal iqlim böhranına dair diskussiyalarda iştirak edən, yaşıl enerjiyə keçidi dəstəkləyən, bərpa olunan enerji dəhlizləri yaradan modern və ekoloji dövlət imici formalaşdırmağa çalışır. Ancaq bunu edərkən belə yenə fosil yanacaq resurslarına güvənən hökmran üslubunu gizlətmir. Bu paradoksun ən bariz göründüyü yer 2024-cü ildə Bakıda keçirilən BMT iqlim dəyişikliyi konfransı (COP-29) idi.  COP-29-un Bakıda keçirilməsi  məhz nəzəri hissədə də vurğuladığımız ekoloji dayanıqlılıq tamaşası, yaşıl yuma aktıydı  və rəsmi Bakının yaşıl enerjiyə keçid təşəbbüskarı kimi reklamına xidmət edirdi (Urgewald, 2026).

Neft-qaz renta modelli bir dövlətin yaşıl enerjiyə keçidin təşəbbüskarı kimi görünmə istəyinin özü belə böyük təzad ikən Azərbaycan prezidenti İlham Əliyevin fosil yanacaq resurslarını “Allahın hədiyyəsi” kimi təqdim etməsi, eyni zamanda neft və qazın zərərlərini tənqid edənləri iftira və şantajla ittiham etməsi (Reuters, 2024) bu ziddiyyəti daha da gücləndirirdi. 

İlham Əliyevin o çıxışı anlıq emosional reaksiya deyildi, əksinə, Azərbaycan hakimiyyətinin neft və qaza baxışının ifadəsiydi. Əliyevin keçən günlərdə (1-3 iyun 2026) keçirilən Bakı Enerji Həftəsində verdiyi “dünya fosil yanacaqsız yaşaya bilməz” mesaji da bunu bir daha təsdiqlədi (Azertag, 2026). Və yenə də paradoks sadəcə Əliyevin ritorikasıyla məhdudlaşmırdı, tədbirin özü də karbohidrogen əməkdaşlığını dərinləşdirməklə yaşıl enerjiyə keçidin təzadlı sintezini ehtiva edirdi. Bir tərəfdən Xəzər Neft və Qaz Sərgisi, bir tərəfdən Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi, bir tərəfdən Bakı Enerji Forumunun keçirildiyi Enerji Həftəsində  Azərbaycan iqtidarı eyni anda  həm “yaşıl enerji” gələcəyindən danışdı, həm də fosil yanacaq hökmranlığının vazkeçilməz olduğunu vurğuladı. Bu, Bakının yaşıl keçidə yanaşmasını çox açıq şəkildə göstərir. Onun üçün yaşıl enerji, təmiz ətraf mühit fosil yanacaq modelinin alternativi deyil, əksinə, neft milli sərvət, qaz enerji təhlükəsizliyi deməkdir, yaşıl enerji isə modernlik və məsuliyyətli aktor örtüyüdür. Eyni zamanda bu örtüyün başqa funksiyası da var. Azərbaycan hakimiyyəti beynəlxalq tərəfdaşları ilə birlikdə həyata keçirdiyi yenilənə bilən enerji layihələri vasitəsilə karbohidrogen resurslarının ixracını artırır. Yəni yenilənəbilən enerji mənbələri sayəsində qənaət ediləcək daxili qaz resursunu ixraca yönləndirməyi və bundan əlavə gəlir əldə etməyi planlaşdırır (Genin, 2023). Başqa sözlə, yaşıl örtüyün funksiyası əslində “milli sərvət”in hegemoniyasına güc əlavə etməkdir. Beynəlxalq ekoloji təşkilatlardan “Global Witness”ın araşdırmaçısı Patrik Qeyli bu məlumatların Azərbaycanın ekoloji etibarı ilə bağlı ciddi şübhələr doğurduğuna diqqət çəkir: “Planlanan günəş və külək enerjisi layihələrindən əldə edilən elektrik enerjisinin bir hissəsindən Azərbaycanın neft və qaz infrastrukturunu qidalandırmaq üçün istifadə ediləcəyini bilirik. Bərpa oluna bilən  enerjidən alternativ təşkil etməli olduğu şeyi qidalandırmaq üçün istifadə etmək absurddur” (Wall Street Journal, 2024). 

Elə Bakı Enerji Həftəsində BP-nin Azəri-Çıraq-Günəşli yatağında kommersiya məqsədli qeyri-səmt qaz hasilatına başlaması (Reuters, 2026 a) da Azərbaycan hakimiyyəti üçün yaşıl gündəmin sadəcə vitrin mövzusu olduğunu, prioritetin isə neft-qaz olaraq qaldığını göstərir. BP-nin Babək qaz yatağının operatorluğunu üzərinə götürməsi ilə bağlı məlumatlar (Reuters 2026b), “TotalEnergies”in Abşeron qaz-kondensat yatağının ikinci mərhələsinə keçmək və 2029-cu ildə hasilata başlamaq planları (Reuters, 2026 c), Avropanın qaz tələbatı və bu çərçivədə SOCAR-ın enerji diplomatiyasında artan rolu kimi mühüm hadisələr də  Azərbaycan hakimiyyəti üçün fosil yanacağın əhəmiyyətinin dəyişməzliyini göstərir. 

Rusiya-Ukrayna müharibəsindən sonra Avropanın qaz fokusunun dəyişməsi Azərbaycanın geosiyasi əhəmiyyətini artırıb. Azərbaycan kiçik neft-qaz ixracatçısından ciddi regional enerji müttəfiqinə çevrilib və gedərək güclənən bu xətt yalnız iqtisadi deyil, həm də ciddi siyasi-diplomatik kanaldır. Azərbaycan hakimiyyəti məhz bu müttəfiqlik statusundan istifadə edərək Qərblə münasibətlərdə yeni manevr imkanları qazanıb (Khar Center, 2026). Son dövrlərdə isə buna yaşıl etiketi də əlavə olunub. Azərbaycan artıq yalnız Cənub Qaz Dəhlizi ölkəsi kimi deyil, gələcəkdə Xəzərdən Avropaya yaşıl elektrik ötürə biləcək “yaşıl enerji dəhlizi” ölkəsi kimi də təqdim edilir (Report.az, 2026).  

Beləliklə, Azərbaycan nümunəsində yaşıl enerji mövzusu neft-qaz hökmranlığının sonu və ya alternativi kimi yox, onun dəstəyi  kimi çıxış edir. 

Yaşıl zona, yoxsa yeni renta sahəsi?

Azərbaycan hakimiyyətinin yaşıl gündəlikli əsas mövzularından biri işğaldan təmizlənmiş bölgələrin - Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji zonası” (YEZ)  kimi təqdim olunmasıdır. 2021-ci ildə irəli sürülən bu konsepsiya işğaldan azad edilmiş ərazilərdə bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalı, enerji səmərəliliyi tədbirləri, elektrik nəqliyyat vasitələrindən istifadə, tikililərin damlarında bərpa olunan enerji qurğularının (xüsusən günəş panellərinin) qurulması, həmçinin küçələrin və yolların işıqlandırılmasında günəş enerjisi əsaslı LED lampalardan istifadə, istilik, soyutma və isti su təchizatında bərpa olunan enerji texnologiyalarından istifadə, ağıllı enerji idarəetmə texnologiyalarının tətbiqi, tullantıların enerji məqsədli idarə edilməsi kimi tədbirlər nəzərdə  tutur (AREA, rəsmi səhifə). 2022-ci ildə Yaşıl Enerji Zonasına Naxçıvan da daxil edilib. Bu çərçivədə Cəbrayılda Azərbaycanın ən böyük günəş enerjisi stansiyasının tikintisinə başlanıb, Laçında (Güləbird) su elektrik stansiyası açılıb, Matagis-1 və Suqovuşan stansiyaları yenilənib, Araz çayı üzərində iki SES tikilib (PİSM, 2025)  

Bu konsepsiya və reklamı aparılan işlər şübhəsiz ki, ilk baxışda olduqca simvolik addım, işğaldan azad edilmiş torpaqların modernləşməsi təsiri bağışlayır. Ancaq eyni zamanda hakimiyyətin  “yaşıl enerji zonası”, “ağıllı kənd”, “ağıllı şəhər”, “sıfır emissiya”, “yaşıl texnologiya” kimi ifadələrlə təqdim olunan bu konsepsiya üçün məhz işğaldan azad edilən torpaqları seçməsi ictimai nəzarətin, mümkün tənqidlərin və sualların “milli qürur” etiketi ilə “zərərsizləşdirilməsi” məqsədi daşıyır.  Hakimiyyət qələbə və milli qürur narrativi ilə yaşıl zona adı altındakı böyük layihələrin kimə verildiyi, necə idarə edildiyi, resurs bölgüsünün necə aparıldığı, qazanc və ziyanın necə bölüşdürüldüyü  haqda sualların qarşısını əvvəlcədən alır. Bu narrativlər yaşıl zona ilə bağlı hər hansı tənqidin, şübhənin, sualın asanlıqla “milli məsələyə qarşı çıxmaq” kimi çərçivələndirilməsinə imkan verir. 

Yaşıl zona yalnız hər hansı bir yerdə enerji sisteminin qurulması demək deyil, burada söhbət torpaq, su, elektrik, kənd təsərrüfatı, nəqliyyat strukturlarının, yaşayış sahələrinin, gələcək iqtisadi fəaliyyət sahələrinin də yenidən bölüşdürülməsindən söhbət gedir. Bu bölgü necə aparılır, kimlər tərəfindən aparılır, kimin xeyrinə və kimin ziyanına aparılır, ortaya çıxan problemlər necə həll edilir - hakimiyyət bu suallara cavab verməkdə və hətta bu sualların səsləndirilməsində maraqlı deyil. 

Məsələn, 2023-cü ildə  “Abzas Media” işğaldan azad edilmiş ərazilərdəki kənd təsərrüfatı sahələrinin İlham Əliyevin qızları da daxil olmaqla yüksək vəzifəli şəxslər və onların ailə üzvləri ilə əlaqəsini ortaya çıxarıb. Araşdırma göstərirdi ki, Qarabağdakı kənd təsərrüfatı torpaqları prezidentin qızları Leyla və Arzu Əliyevaya, həmçinin  vitse-prezident Mehriban Əliyevanın ailəsinə məxsus “Paşa Holdinq”ə, hakim ailəyə yaxın qida inhisarçısı “Azərsun”a, Dövlət Təhlükəsizlik xidmətinin rəhbəri Əli Nağıyevin və Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi Bəylər Əyyubovun ailə üzvlərinə məxsus şirkətlərin arasında bölüşdürülüb. Elə həmin araşdırmaya görə, Zəngilanın Birinci Ağalı kəndində  Yaşıl Enerji Zonası çərçivəsində salınan “ağıllı kənd”də yaradılan aqroparkın Türkiyədən olan ortağı bəlli olsa da, azərbaycanlı ortağının adı sirr kimi saxlanılır (Abzas Media, 2023). Qeyd edək ki, başqa bir araşdırma sözügedən aqroparkın, “Dost Tarım Parkı”nın sahibinin də Türkiyə prezidentinin qardaşının kürəkəni olduğunu ortaya çıxarıb (Abzas Media, 2024a).

Turan İnformasiya Agentliyinin daha əvvəl apardığı bir araşdırma Qarabağda qurulan yeni aqroparkların çoxunun hökumətə yaxın şəxslərlə əlaqəsini ortaya çıxarmışdı. “Eurasianet”in istinad etdiyi o araşdırmaya görə, ümumiyyətlə,  Azərbaycanda 2012-ci ildən bəri qurulan 49 aqroparkdan ən az 38-nin sahibləri hökumətə yaxın adamlardır, aqroparkların yeganə operatoru isə Əliyevin iki qızının da hissədar olduğu, 9 aqroparka sahib “Paşa Holdinq”dir (Eurasianet, 2021). 

Bundan əlavə, “Abzas Media” 2024-cü ildə Qarabağda su və meliorasiya ilə bağlı böyük tenderlərin də Əliyev hakimiyyətinə yaxın xarici və yerli şirkətlərə verildiyini, eyni zamanda həmin layihələrin icrasında da bu yaxınlıqların rol oynadığını  müəyyən edib. Bunların arasında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana yaxınlığı ilə bilinən “Cengiz İnşaat”, eyni zamanda Ərdoğanın qardaşının kürəkəni Abdulkadir Karagözə aid şirkətlərin də adları çəkilir (Abzas Media, 2024 a). 

Şuşada ağacları qanunsuz şəkildə kəsən Aqroman LLC-nin də məhz hakimiyyətə yaxınlığı sayəsində köhnə binaların sökülməsi və tullantıların  daşınması üçün elan edilən 2 milyon manatlıq tenderləri əldə edib. Üstəlik bununla da kifayətlənməyib, Qarabağda başqa tenderlər də qazanıb. Xarici işlər nazirinin müavini Yalçın Rəfiyevin qardaşına məxsus bu şirkət İlham Əliyevin ailəsinə məxsus “PMD Group” ilə birlikdə işləyir (Abzas Media, 2024 b).

Azərbaycan hakimiyyətinin “yaşıl” reklamının arxasında dayanan ailə bağlantılarına dair başqa ciddi faktlar da var.   2024-cü ildə prezidentin keçmiş kürəkəni Emin Ağalarovun “Sea Breeze” layihəsində COP-29-a gələn iştirakçıları  müvəqqəti olaraq yerləşdirmək üçün hər hansı bir tender olmadan, satınalma üsuluyla 9 milyon manatlıq iş aldığı ortaya çıxıb (Abzas Media, 2024c). COP-un “yaşıl zona” partnyorları arasında isə yenə çox tanış adlar yer alıb - prezidentin qızları Leyla və Arzu Əliyevanın böyük hissədar olduqları “Paşa Holdinq”, Əliyeva bacıları ilə ofşor əlaqələri olan “Azərsun” və SOCAR kimi (OCCRP, 2024). Bu faktlara diqqət çəkən “Transparency International” COP-29-un həmin şirkətlərə marketinq imkanları və dünya səhnəsində “yaşıl etibar” təqdim etmək platforması verdiyini vurğulayıb (Transparency International, 2024). 

“Abzas Media” həm də Naxçıvanda COP-29-la bağlı dövlət konfransının da tenderlə deyil, satınalma üsulu ilə bir neçə ay əvvəl qeydiyyatdan keçmiş bir mebel şirkətinə verildiyini, bu şirkətin sahibinin isə Naxçıvanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində şöbə müdiri olduğunu aşkarlayıb (Abzas Media, 2024 ç). 

Bu faktlar yaşıl gündəliyin hakim ailə və yaxınları üçün  iqtisadi maraq və reputasiya fəaliyyətindən başqa bir şey olmadığını göstərir. 

Aşağıdan gələn ekologiya tələblərinə repressiv hücum 

Azərbaycan hakimiyyəti, müvafiq qurumlar bu araşdırmaların və ortaya çıxan sualların heç birinə cavab verməyib. Daha doğrusu, cavab verib - bu və bənzər araşdırmalara görə “Abzas Media”ya (eyni zamanda Toplum TV, Meydan TV kimi digər müstəqil media qurumlarına da) qarşı 2023-cü ildən etibarən repressiyalar başlayıb və bu gün də davam edir. 

Bu hücumlar yalnız media ilə məhdudlaşmayıb. Azərbaycan hakimiyyəti eynilə Türkiyə nümunəsində olduğu kimi, ekologiya ilə  bağlı aşağıdan gələn bütün etirazları kriminallaşdırıb. Dünyanın iqlimlə bağlı ən böyük konfranslarına ev sahibliyi edən, beynəlxalq platformalarda yaşıl enerji, bərpa olunan enerji dəhlizləri kimi mövzulardan danışan və modernlik nümayiş etdirən hakimiyyət aşağılardan gələn su, torpaq, mədən tullantıları, çirklənmə ilə bağlı etiraz və tələblərə kriminal don geyindirir.

Buna ən bariz misallardan biri Söyüdlü hadisəsidir. 2023-cü ilin iyununda Gədəbəyin Söyüdlü kəndinin sakinlərinin qızıl mədəni tullantılarının saxlanılması üçün ikinci süni gölün yaradılmasına etirazı dövlət tərəfindən az qala terror aktı kimi dəyərləndirildi. Mövcud gölün belə su mənbələri və torpağı çirkləndirdiyini, sağlamlıq problemləri yaratdığını bildirərək dinc etiraz aksiyası keçirən kənd sakinləri ciddi polis zorakılığı ilə qarşılaşdı. Çoxu yaşlı qadınlardan ibarət olan etirazçılara gözyaşardıcı qaz, rezin güllə atılması və fiziki zorbalıq tətbiq edilməsi faktları internetdə yayılınca bütün ölkə və dünya Söyüdlü hadisələrindən xəbərdar oldu. Ancaq bu  hakimiyyətin daha da qəddar davranmasıyla müşayiət olundu - kəndə giriş-çıxış məhdudlaşdırıldı, onlarla insan həbs edildi,  30-dan çox insan yaralandı, hadisələri çəkib yayan jurnalistlər döyüldü, kənddən çıxarıldı, telefonları əlindən alındı, hədələndi  və həbsə atıldı (IPHR, 2023).  Aksiyada saxlanılan üç nəfərə narkotik ittihamı ilə cinayət işi açıldı. Söyüdlüdəki etiraz aksiyalarının plakatlarını hazırlayan kəns sakini Coşqun Musayev 3 il azadlıqdan məhrum edildi (Toplum TV, 2026). Hələ də Söyüdlü hadisələrinə görə saxta ittihamlarla  həbsdə olan insanlar var -  8 il həbs cəzasına məhkum edilən jurnalist Nərgiz Absalamova (Amnesty International, 2024a),  aksiyaları dəstəklədiyi üçün həbs olunan və 8 il həbs cəzası verilən keçmiş deputat Nazim Bəydəmirli (Eurasianet, 2024), Söyüdlü hadisəsi də daxil olmaqla hakimiyyətin yaşıl yalanlarını ifşa edən və bu səbəbdən hələ də həbsxanada olan Sevinc Vaqifqızı və “Abzas Media”nın digər əməkdaşları kimi…(Forbidden Stories, 2024).

Söyüdlüdə baş verən etirazlara 20 gün sonra reaksiya verən prezident İlham Əliyev dinc insanlara zorakılıq tətbiq edən polisin davranışının “ləyaqətli” olduğunu bildirdi və “Gedin baxın Amerika polisi  ildə neçə nəfəri  öldürür“ deyə bu zorakılığa haqq qazandırdı(Toplum TV, 2026). Söyüdlü hadisələrindən sonra qızıl mədəni fəaliyyətini müvəqqəti dayandırsa da, 2024-cü ildə yenidən bərpa edildi və həmin ilin avqustunda süni tullantı gölünün genişləndirilməsinə də icazə verildi (OC Media, 2024). Etiraz aksiyasından üç il keçsə də, hələ də kəndin bütün girişlərində polis postlarının qaldığı və kəndə gələnlərin sorğu-sual edildiyini, şəxsiyyət vəsiqələrinin şəkli çəkilir (Toplum TV, 2026)

Söyüdlü hadisəsi medianın və beynəlxalq təşkilatların diqqətini daha çox cəlb etdiyi üçün simvolik məna qazanıb. Buna bənzər başqa faktlar da var. Məsələn Söyüdlüdən bir neçə ay əvvəl, 2023-cü ilin martında Saatlı rayonunda su çatışmazlığına etiraz edən kəndlilər də polis vəhşiliyi ilə qarşılaşdılar. Saatlıda təxminən 200 kəndli Kür və Araz çaylarında su çatışmazlığına etiraz olaraq magistral yolu bağlamağa çalışmış, polis isə etirazçılara qarşı gözyaşardıcı qaz və rezin güllələrdən istifadə etmişdi və o hadisələrdə ən az 3 nəfər yaralanmışdı. 15 yaşlı bir uşağın sinəsinə dörd rezin güllə dəymişdi (Meydan TV, 2023).

Söyüdlü və Saatlı hadisələri yaşıl avtokratiyanın iş mexanizmini çox açıq göstərən bir faktdır. Dövlət ekologiya ilə bağlı vətəndaşa, icmalara, mediaya söz demək haqqı tanımır və bu istiqamətdəki hər hansı etirazı təhlükəsizlik problemi kontekstində dəyərləndirir.  Azərbaycan hakimiyyətinin yanaşması belədir: dövlətin elan etdiyi “yaşıl” layihələr legitimdir, cəmiyyətin ekologiya tələbləri isə legitim deyil, üstəlik təhlükədir. Həm hər iki hadisədə həbs olunanlar və repressiyaya məruz qalanlar, həm sonra COP-29 ərəfəsində iqlim ədaləti təşəbbüsləri ilə çıxış edən aktivistlərin uzunmüddətli həbslərlə cəzalandırılan aktivistlər (hüquq müdafiəçisi Anar Məmmədli, iqtisadçı jurnalist Fərid Mehralızadə kimi) (Amnesty İnternational, 2024b, Climate Home News, 2024)  Azərbaycan hakimiyyətinin “yaşıl avtokratiyasının” qurbanlarıdır. 

NƏTİCƏ 

Bu yazıdakı faktlar və məlumatlar göstərir ki, Azərbaycan hakimiyyətinin yaşıl gündəliyi real ekoloji keçid təşəbbüsünü deyil, neft-qaz əsaslı avtoritar idarəçiliyinin yeni qlobal trendlərə uyğunlaşdırılmış şəkildə gücləndirilməsini ehtiva edir. 

Əliyev hakimiyyəti üçün yaşıl enerji, yaşıl zona, bərpa olunan enerji, iqlim problemləri, COP-29 kimi beynəlxalq əhəmiyyətli tədbirlər, Bakı Enerji Həftəsinə “yaşıl mövzuların” daxil edilməsi kimi hadisələr modern, məsuliyyətli aktor təqdimatı üçün lazımdır. Hakimiyyət bir yandan yaşıl enerji layihələrindən beynəlxalq reputasiya üçün istifadə edir, digər tərəfdən bu layihələrin əslində əlavə qaz ixracatı üçün investisiya rolu oynayacağını ifadə edir. Bu paradoksu izah etməyə isə ehtiyac duymur - çünki Avropanın artan enerji ehtiyacları Azərbaycan kimi avtoritar rejimli dövləti əsas oyunçulardan birinə çevirib və bu Əliyev rejimini bir çox tənqiddən sığortalayır. 

Digər tərəfdən, yaşıl enerji gündəliyi  hakim ailə və ətrafı üçün korrupsiyanın, mənimsəmənin və qəsbin əlavə, vitrini modern və təmiz görünən formasıdır. İstər yaşıl zona, istər bərpa oluna bilən enerji layihələrinin, istərsə də  COP-29 kimi beynəlxalq tədbirlərin hər cür ictimai müzakirədən uzaq, sadəcə hakim ailənin və yaxınlarının iştirakı və nəzarəti altında həyata keçirilməsi, az qala bütün tenderlərin ailə və ətrafı arasında bölüşdürülməsi, şəffaflıq, hesabatlılıq tələblərinin həbslərlə və repressiyalarla cəzalandırılması, aşağıdan gələn hər cür ekoloji tələb və etirazın isə kriminallaşdırılması o modern və gözəl vitrinin arxasındakı çirkin mənzərəni aydın göstərir. Hakimiyyət günəş panelləri, ağıllı kəndlər, yaşıl parklar, külək stansiyaları, beynəlxalq səviyyəli tədbirlərlə bu mənzərəni gizlətməyə çalışır, ancaq görünən dağa bələdçi lazım deyil - Azərbaycan üçün yaşıl siyasət neft-qaz əsaslı avtoritarizmi daha da dərinləşdirən mexanizmlərdən biridir. 

Qeyd: Oxuduğunuz yazı orijinal olaraq Azərbaycan dilində yazılmışdır.


İSTİNADLAR 


President.az, 2026. “President Ilham Aliyev attended the opening ceremony of Baku Energy Week”. https://president.az/en/articles/view/72649

Gilley, Bruce, 2012. “Authoritarian Environmentalism and China’s Response to Climate Change”. https://www.researchgate.net/publication/254232695_Authoritarian_environmentalism_and_China

Shahar, Dan Coby, 2015. “Rejecting Eco-Authoritarianism, Again”. https://journals.sagepub.com/doi/abs/10.3197/096327114X13947900181996?download=true

Koch, Natalie, 2022. “Sustainability Spectacle and ‘Post-Oil’ Greening Initiatives”. https://www.tandfonline.com/doi/full/10.1080/09644016.2022.2127481

Fairhead, James; Leach, Melissa; Scoones, Ian, 2012. “Green Grabbing: A New Appropriation of Nature?”. https://www.tandfonline.com/doi/full/10.1080/03066150.2012.671770

Koch, Natalie, 2024. “Authoritarian Regimes and the Environment”. https://nataliekoch.com/wp-content/uploads/2024/06/KochAuthEnv_Web.pdf

Masdar, rəsmi səhifə.  “About Masdar”. https://masdar.ae/en/our-company/about-masdar

APEF (Asia Pacific Energy Portal)  2013. “Concept for Transition of the Republic of Kazakhstan to Green Economy”. https://policy.asiapacificenergy.org/node/133

CTBTO, 2011, “20th Anniversary of the Closure of Semipalatinsk Test Site”, https://www.ctbto.org/news-and-events/news/20th-anniversary-closure-semipalatinsk-test-site

UNDP Kazakhstan, 2025. “The Woman and the Sea: A Journey Toward Revival and a Sustainable Future”. https://www.undp.org/kazakhstan/stories/woman-and-sea-journey-toward-revival-and-sustainable-future

World Bank, 2023. “Kazakhstan Mining Sector Diagnostic”. https://documents1.worldbank.org/curated/en/099081823001539573/pdf/P17674501063760b08b290a4ae6547845d.pdf

Kurtich, Ekin, 2022. “Criminalizing Environmental Activism in Turkey”. https://www.brandeis.edu/crown/publications/middle-east-briefs/pdfs/101-200/meb147.pdf

Özen, Hayriye, 2022. “Interpellating ‘the People’ Against Environmentalists: The Authoritarian Populist Response to Environmental Mobilizations in Turkey”. https://www.sciencedirect.com/science/article/abs/pii/S0962629822001093

UNDP Türkiye, 2021.  “Zero Waste Project Receives UNDP Turkey’s First Global Goals Action Award”. https://www.undp.org/turkiye/press-releases/zero-waste-project-receives-undp-turkeys-first-global-goals-action-award

UN, 2026. “COP31”. https://unfccc.int/cop31

Urgewald, 2024. “COP29: New Report on SOCAR Highlights Azerbaijan’s Damning Fossil Fuel and Human Rights Record”. https://www.urgewald.org/en/medien/cop29-new-report-socar-highlights-azerbaijans-damning-fosil-fuel-and-human-rights-record

Reuters, 2024. “COP29: Pay Up or Face Climate-Led Disaster, Humanity Warns UN Chief”. https://www.reuters.com/business/environment/cop29-pay-up-or-face-climate-led-disaster-humanity-warns-un-chief-2024-11-12/

AZERTAC, 2026. “President: World Cannot Live Without Fossil Fuel”. https://azertag.az/en/xeber/president_world_cannot_live_without_fosil_fuel-4232275

Genin, Yulia, 2023. “Azerbaijan’s Green Energy Development Serves the Hydrocarbon Industry”. https://crudeaccountability.org/azerbaijans-green-energy-development-serves-the-hydrocarbon-industry/

Wall Street Journal, 2024, “At COP29, the Host Boasted About Its Renewable Energy Plans. They Just Happen to Be on Disputed Territory”, https://www.wsj.com/articles/at-cop29-the-host-boasted-about-its-renewable-energy-plans-they-just-happen-to-be-on-disputed-territory-62928d38

Reuters, 2026 a. “BP Starts Commercial Non-Associated Gas Production at Azerbaijan’s ACG Field”. https://www.reuters.com/business/energy/bp-starts-commercial-non-associated-gas-production-azerbaijans-acg-field-2026-06-01/

Reuters, 2026 b. “BP Set to Take Over Offshore Natural Gas Project in Azerbaijan, Sources Say”. https://www.reuters.com/business/energy/bp-set-take-over-offshore-natural-gas-project-azerbaijan-sources-say-2026-05-28/

Reuters, 2026 c. “TotalEnergies Plans to Start Phase Two Output at Azerbaijan’s Absheron Gas Field in 2029”, https://www.reuters.com/business/energy/totalenergies-plans-start-phase-two-output-azerbaijans-absheron-gas-field-2029-2026-03-16/

KHAR Center, 2026. “Dəyərlərin eroziyası, maraqların hegemoniyası: Qərbin yeni siyasəti və Azərbaycan avtoritarizmi”, https://kharcenter.com/arasdirmalar/deyerlerin-eroziyasi-maraqlarin-hegemoniyasi-qerbin-yeni-siyaseti-ve-azerbaycan-avtoritarizmi

Report.az, 2026. “Alparslan Bayraktar: Great Opportunities Exist for Implementing Green Energy Projects”. https://report.az/en/energy/alparslan-bayraktar-great-opportunities-exist-for-implementing-green-energy-projects

AREA, rəsmi səhifə.  “Yaşıl enerji zonası”. https://area.gov.az/az/page/layiheler/yasil-enerji-zonasi/yasil

PISM, 2025. “Azerbaijan’s Challenges in the Reconstruction of Karabakh”. https://www.pism.pl/publications/azerbaijans-challenges-in-the-reconstruction-of-karabakh

Abzas Media, 2023. “President’s Family Members, Companies Close to Officials Sow Fields in Karabakh”. https://abzas.org/en/2023/12/presidents-family-members-co2446f7ba-c

Abzas Media, 2024a. “Investigation: ‘Re-occupiers’ of liberated water resources”. https://abzas.org/en/2024/1/investigation-re-occupiers95802605-f/

Eurasianet, 2021, “Azerbaijan Prepares for Karabakh Resettlement in ‘Smart Villages’”, https://eurasianet.org/azerbaijan-prepares-for-karabakh-resettlement-in-smart-villages

Abzas Media, 2024b. “Anti-korrupsiya təhsili alan nazir müavininin qardaşının şirkəti Qarabağda tenderlər qazanır”. https://abzas.org/az/2024/5/anti-korrupsiya-thsili-alan-ndb93468d-3

Abzas Media, 2024 c. “COP29 üçün prezidentin keçmiş kürəkəninə 9 milyon manatlıq iş verilib”. https://abzas.org/az/2024/7/cop29-ucun-prezidentin-kecmisbf344d89-5

OCCRP, 2024.  “Official Partners of Azerbaijan’s COP29 Climate Summit Linked to Ruling Aliyev Family and Their Inner Circle”. https://www.occrp.org/en/project/know-your-host/official-partners-of-azerbaijans-cop29-climate-summit-linked-to-ruling-aliyev-family-and-their-inner-circle

Transparency International, 2024. “COP Co-Opted: How Corruption and Undue Influence Threaten Multilateral Climate Action”. https://files.transparencycdn.org/images/COP-CO-OPTED-How-Corruption-and-Undue-Influence-Threaten-Multilateral-Climate-Action_FINAL.pdf

Abzas Media, 2024 ç.  “Naxçıvanda COP29-la bağlı dövlət konfransı tenderlə deyil, bir mənbədən satınalma ilə verilib”. https://abzas.org/az/2024/10/naxcvanda-cop29-la-bagl-dovl0b8cef46-4

IPHR, 2023. “Environmental Protest in Soyudlu, Azerbaijan”. https://iphronline.org/articles/environmental-protest-in-soyudlu-azerbaijan/

Amnesty International, 2024a. “Meet Nargiz Absalamova, a Journalist Arrested for Reporting on Protests in Azerbaijan”. https://www.amnesty.org/en/latest/campaigns/2024/11/meet-nargiz-absalamova-a-journalist-arrested-for-reporting-on-protests-in-azerbaijan/

Eurasianet, 2024. “Azerbaijan: Ex-MP Gets an Eight-Year Sentence for Voicing Support for Former Constituents”. https://eurasianet.org/azerbaijan-ex-mp-gets-an-eight-year-sentence-for-voicing-support-for-former-constituents

Toplum TV, 2026. Söyüdlü hadisələrindən 3 il keçir. Kənddə hələ də polis postları var, zavod isə işinə davam edir. https://www.facebook.com/share/v/1G6kHH5LHp/?mibextid=wwXIfr

Forbidden Stories, 2024. “From Azerbaijan to Smartphones: How Tainted Gold Ends Up in High-Tech Products”. https://forbiddenstories.org/from-azerbaijan-to-smartphones-how-tainted-gold-ends-up-in-high-tech-products/

OC Media, 2024. “Azerbaijani Government Greenlights Expansion of Soyudlu Acid Mine Drainage Lake”. https://oc-media.org/azerbaijani-government-greenlights-expansion-of-soyudlu-acid-mine-drainage-lake/

Meydan TV, 2023. “Police Violently Repress Saatli Residents Who Were Protesting Water Supply Cuts”. https://www.meydan.tv/en/article/police-violently-repress-saatli-residents-who-were-protesting-water-supply-cuts/

Amnesty International, 2024b. “Azerbaijan: Human Rights and Climate Justice Advocate Arrested Ahead of COP29”. https://www.amnesty.org/en/latest/news/2024/04/azerbaijan-human-rights-and-climate-justice-advocate-arrested-ahead-of-cop29/

Climate Home News, 2024. “How Azerbaijan Locked Up Climate and Social Justice Advocate Ahead of COP29”. https://www.climatechangenews.com/2024/11/04/how-azerbaijan-locked-up-climate-and-social-justice-advocate-ahead-of-cop29-prison



Bell icon

Ən son yeniliklərdən xəbərdar olmaq üçün bülletenimizə abunə olun

Etibarlı e-poçt ünvanı təqdim edin