Research paper

Azərbaycanda avtoritar sabitlik illüziyası

Azərbaycanda avtoritar sabitlik illüziyası

(Yazı “Khar Center”in Azərbaycan avtoritarizmi araşdırmaları çərçivəsində hazırlanıb)

 Giriş

Avtoritar rejimlərdə ictimai-siyasi durğunluğu sabitlik kimi qələmə vermək kifayət qədər yayğın ənənədir. Müxalif qüvvələrin “zərərsizləşdirilməsi”, siyasi rəqabətin sıfırlanması, vətəndaş cəmiyyətinin sıradan çıxarılması, etiraz aksiyalarının de-fakto qadağan edilməsi hesabına əldə edilən sükut cəmiyyətin hakimiyyətdən razılığı kimi təqdim olunur.

Azərbaycanda bu ənənənin kökü 1990-cı illərə – Heydər Əliyevin hakimiyyəti dövrünə gedib çıxır. Müxalifətin fəaliyyətinə və mətbuat azadlığına məhz həmin dövrdən etibarən ciddi məhdudiyyətlər qoyulmağa başlandı ("Human Rights Watch", 1999). Tənqidçi səslərin müxtəlif qadağalar və cəzalar vasitəsilə susdurulması fonunda geniş kütlələrin “hakimiyyət ətrafında sıx birləşməsi” görüntüsü yaradıldı və bu, sabitlik göstəricisi kimi təqdim olundu. 1993-cü ildən sonra Azərbaycanda siyasi rəqabət imkanlarının daraldığını Qafqaz üzrə tədqiqatçı Tomas de Vaal da qeyd etmişdi (Tomas de Vaal, 2016).

İlham Əliyevin hakimiyyəti dövründə isə siyasi rəqabət və sərbəst toplaşmaq imkanları, demək olar ki, tamamilə yox edilib. Ölkədə keçirilmiş son seçkilərə - 2024-cü ilin parlament seçkilərinə ATƏT müşahidəçiləri mənfi rəy veriblər (ATƏT/DTİHB, 2025a). "Freedom House" təşkilatı 2026-cı il üzrə hesabatında Azərbaycanda sərbəst toplaşmaq azadlığına mümkün 4 baldan 0 bal verib ("Freedom House", 2026). Avropa Şurasının Nazirlər Komitəsi ictimai asayişə təhlükə yaratmayan dinc nümayişlərin dağıdılması və iştirakçılarının saxlanılması ilə bağlı hüquq pozuntularını xatırladıb. Komitə Azərbaycan hakimiyyətini yerli icra orqanlarının sərbəst toplaşmaq azadlığını həddən artıq məhdudlaşdırmasının qarşısını alan hüquqi təminatlar yaratmağa çağırıb (Avropa Şurasının Nazirlər Komitəsi, 2025). 

Hakim partiyanın həmin o rəqabətsiz seçkidəki qələbəsi cəmiyyətin mövcud iqtidara dəstəyi sayılmaz, çünki seçicinin nəticəyə təsir etmək imkanının olmadığı ölkədə siyasi passivlik seçki institutuna inamsızlıqdan xəbər verir.

MSK-nın məlumatlarına görə, parlament seçkilərində seçici fəallığı  2010-cu ildəki 49,56 faizdən 2024-cü ildə 37,24 faizə (Azərbaycan MSK, 2024) düşüb. Bu müddətdə seçici sayı təxminən 1,5 milyon nəfər artsa da, səs verənlərin sayı 2,44 milyondan 2,40 milyona enib (ATƏT/DTİHB, 2011, 2025).

ATƏT müşahidəçiləri 2010-cu il kampaniyasının ictimaiyyətdə az maraq doğurduğunu qeyd ediblər. 2024-cü ildə isə müşahidə etdikləri məntəqələrdən toplanan məlumatların təhlili səs verənlərin sayının həmin məntəqələr üzrə rəsmi göstəricilərdən də aşağı olduğunu göstərib edib (ATƏT/DTİHB, 2011, 2025). 

Ermənistanda 7 iyun 2026-cı il parlament seçkilərində isə seçicilərin 58,91 faizi səs verib (Parlamentlərarası İttifaq, 2026). Azərbaycanla müqayisədə Ermənistanda seçici iştirakı 21,67% çox yüksək olub. ATƏT müşahidəçiləri Azərbaycanda seçicilərə real siyasi alternativlərin təqdim edilmədiyini və kampaniyaya ictimai marağın zəif olduğunu bildiriblər (ATƏT/DTİHB, 2024). Ermənistan üzrə rəylərində isə kampaniya imkanlarının qeyri-bərabər olduğunu qeyd etsələr də, seçicilərin siyasi alternativlər arasında real seçim edə bildiyi qənaətinə gəliblər (ATƏT/DTİHB, 2026).

“Khar Center”in bu araşdırması hakimiyyətin “sükut sabitlik və razılıq deməkdir” tezisini sorğulayır. Araşdırmanın əsas sualı belədir: Azərbaycanda etirazların siyasi olmayan çərçivədə qalması hakimiyyət üçün hansı riskləri doğurur? 

Nəzəri çərçivə

Bu məqalə üç nəzəri yanaşmaya əsaslanır. Birlikdə onlar iki şeyi izah edir: avtoritar rejimdə görünən sükut niyə sabitliyin etibarlı göstəricisi deyil və bu vəziyyət hakimiyyətin özü üçün niyə risk yaradır.

Açıq rəy və gizli rəy. İqtisadçı Timur Kuran bu fərqi “üstünlüklərin saxtalaşdırılması” (preference falsification) adlandırır. Təzyiq və ya sosial təcrid riski olan mühitdə insanlar açıq şəkildə əslində düşündüklərindən fərqli mövqe nümayiş etdirirlər (Timur Kuran 1991). Kuranın əsas qənaəti budur: belə cəmiyyətlərdə narazılığın həqiqi miqyasını nə vətəndaşlar, nə də hakimiyyət bilir. Ona görə də uzun müddət sarsılmaz görünən rejimlər, 1989-cu ildə Şərqi Avropada olduğu kimi, gözlənilmədən çökə bilir.

Diktator dilemması. İqtisadçı Ronald Uintrob bu anlayışı belə izah edir: repressiya artdıqca, vətəndaşlar açıq danışmaqdan çəkinir və hakimiyyət ona olan dəstəyin real səviyyəsini öyrənə bilmir. Başqa sözlə, liderin təhlükəsizliyini qoruyan alət onu informasiyadan məhrum edir (Ronald Wintrobe, 1998).

Albert Hirşmanın “çıxış, səs və sadiqlik” modeli eyni mexanizmi daha geniş çərçivədə göstərir. Hər hansı təşkilat, o cümlədən dövlət öz nöqsanlarını üzvlərin/vətəndaşların “səsi”, yəni şikayəti və tənqidi vasitəsilə öyrənir. Səs boğulanda narazı tərəf ya susur, ya da “çıxış” yolunu seçir. Təşkilat isə vəziyyətin pisləşməsi barədə vaxtında siqnal almır (Albert O. Hirschman, 1998). Azərbaycanda belə “səs” kanalları müstəqil media, vəkillər, müxalifət, rəqabətli seçkilər və bələdiyyələrdir. Məqalənin sonrakı bölmələri bu kanalların hər birinin necə daraldığını göstərir və bu məqalə narazılığın mütləq qeyri-sabitliyə çevriləcəyini iddia etmir. Onun iddiası daha dardır və yoxlanıla bilir:

  1. Sükut razılığın sübutu deyil;
  2. Səs kanallarının bağlanması hakimiyyətin riskləri düzgün qiymətləndirmə qabiliyyətini zəiflədir;
  3. Rentadan vergiyə keçid sövdələşmənin şərtlərini vətəndaşın əleyhinə dəyişir və sükutun “qiymətini” artırır.

Metodika

Bu araşdırma yalnız mövcud mənbələrdən istifadə edir: rəsmi statistika, hüquqi aktlar, beynəlxalq təşkilatların hesabatları və akademik ədəbiyyat. Məqsəd səbəb-nəticə əlaqəsini statistik yolla sübut etmək yox, nəzəri çərçivədə təsvir olunmuş mexanizmlərin Azərbaycanda nə dərəcədə müşahidə olunduğunu göstərməkdir.

Təhlil əsasən Azərbaycanın 2025–2026-cı illərini əhatə edir. Büdcə müqayisələri 2025 və 2026-cı illərin ilkin dövlət büdcələrinə, 2027-ci il üzrə göstəricilər isə büdcə layihəsinə əsaslanır. 2026-cı il üzrə statistikanın böyük hissəsi ilin ilk doqquz və ya on ayına aiddir. Seçkilər bölməsi tarixi kontekst vermək üçün 1993-cü ildən başlayır. Məlumatlar 2026-cı il noyabrın ortasındakı vəziyyəti əks etdirir.

Göstəricilər dörd ölçü üzrə qruplaşdırılıb:

  1. İctimai ovqatın siqnalları. Medianın İnkişafı Agentliyinin və «Aİ-nin Şərq Qonşuları» proqramının rəy sorğuları. Bu ölçü, üstünlüklərin saxtalaşdırılması anlayışı ilə yoxlanılır: sorğuların hər ikisi üzbəüz keçirilib, ona görə də siyasi suallara verilən cavablar sosial-iqtisadi suallara verilən cavablarla müqayisədə oxunur;
  2. Sosial-iqtisadi təzyiq. Vergi güzəştlərinin ləğvi, əməkhaqqıyla inflyasiyanın nisbəti, minimum əməkhaqqıyla yaşayış minimumunun nisbəti, qida xərclərinin payı, ünvanlı sosial yardımın əhatəsi və aqrar sektorun vəziyyəti;
  3. Avtoritar sövdələşmənin şərtləri. Neft gəlirlərindən vergi gəlirlərinə keçid, büdcə xərclərinin strukturu, bələdiyyələrin maliyyə imkanları və vəzifəli şəxslərin maliyyə bəyannaməsi sisteminin vəziyyəti;
  4. “Səs” kanalları. Siyasi məhbusların sayı, seçkilərin beynəlxalq qiymətləndirmələri, vəkillərin müstəqilliyi və məhkəmə statistikası.

Rəsmi mənbələrə Dövlət Statistika Komitəsi, dövlət büdcəsi və onun icrası haqqında qanunlar, Vergi Məcəlləsi və ona edilən dəyişikliklər, Dövlət Vergi Xidməti, Dövlət Neft Fondu, Energetika Nazirliyi, Hesablama Palatası və Ali Məhkəmə daxildir. Hakimiyyətin mövqeyi prezidentin çıxışları və rəsmi açıqlamalar əsasında verilir.

Beynəlxalq mənbələrə BVF, OECD, Dünya Bankı, ATƏT/DTİHB, AŞPA, Avropa Parlamenti, Avropa Şurasının Konqresi və Bertelsmann Fondu daxildir. Hüquq müdafiə təşkilatlarından “Human Rights Watch”, “Amnesty International”, CPJ, RSF və Beynəlxalq Hüquqşünaslar Komissiyasının materiallarından istifadə olunub. Aqrar sektor üzrə ekspert qiymətləndirməsi iqtisadçı Rövşən Ağayevin açıq paylaşımlarına əsaslanır.

Mənbələrdə birbaşa verilməyən bir neçə göstərici müəllif tərəfindən hesablanıb:

  • Xalis əməkhaqqı. 400 manatlıq minimum əməkhaqqına görə xalis maaş Dövlət Vergi Xidmətinin kalkulyatoru ilə hesablanıb. İşçinin özəl qeyri-neft-qaz sektorunda çalışdığı və əlavə fərdi vergi güzəştinin olmadığı qəbul edilib;
  • Model ailə. Ailənin gəliri ilə yaşayış minimumunun müqayisəsi model ssenari üzrə aparılıb: iki valideyn minimum əməkhaqqı alır, ailədə iki uşaq var. Yaşayış minimumu 2 × 317 + 2 × 260 = 1 154 manat kimi hesablanıb. Orta istehlak xərci DSK-nın dörd nəfərlik ev təsərrüfatı üzrə adambaşına göstəricisindən götürülüb (433,1 × 4);
  • Sosial yardımın əhatəsi. Yuxarı hədd kimi hesablanıb. Fərz edilib ki, yardım alan 349,3 min nəfərin hamısı ən aşağı gəlirli 20  faizlik qrupa daxildir. Real əhatə bundan aşağı ola bilər, yuxarı ola bilməz;
  • Büdcə dinamikası. Artım ilkin büdcələr əsasında hesablanıb, ilin ortasında edilən dəyişikliklər nəzərə alınmayıb. Planla faktiki icra arasındakı fərq yalnız təhsil xərcləri üzrə göstərilib;
  • Bütün pul göstəriciləri nominal manatla verilir, inflyasiyaya görə düzəliş edilməyib.

Məhdudiyyətlər

Rəy sorğuları üzbəüz keçirildiyi üçün siyasi suallara verilən cavabların nə qədərinin həqiqi rəyi əks etdirdiyini müəyyən etmək mümkün deyil. Dolayı sorğu metodlarıyla aparılmış müstəqil sorğu yoxdur.

Rəsmi statistikanın etibarlılığı ayrıca yoxlanılmayıb. Müstəqil inflyasiya qiymətləndirmələri sistemli deyil və konkret rəqəm vermir. Model ailə ssenarisi orta ailəni təmsil etmir. DSK minimum əməkhaqqı alanların sayını ayrıca göstərmir. Mövcud cədvəldə yalnız 400–500 manat aralığında maaş alanların payı var: 23,4%.

Aqrar sektor üzrə ekspert rəyi bir mənbəyə əsaslanır. Araşdırma sosial-iqtisadi narazılıqla siyasi qeyri-sabitlik arasında səbəb əlaqəsini yoxlamır. O, narazılıq amillərinin mövcudluğunu və onları ölçən kanalların daraldığını göstərir.

«Xoş ovqat» sorğularda necə görünür?

Noyabrın 8-də Prezident İlham Əliyev növbəti dəfə ölkədəki sabitlikdən danışıb; deyib ki, “Bu gün Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik, xoş ovqat, quruculuq meyilləri və cəmiyyətimizin vahid amal uğrunda birləşməsi bugünkü dünyada nadir rast gəlinən mənzərədir” (İlham Əliyev, 2026) .

Bu il keçirilmiş iki rəy sorğusunun nəticələrini də Əliyevin ictimai-siyasi sabitlik iddiasının dolayı təsdiqi hesab etmək olar. Medianın İnkişafı Agentliyinin (dövlət qurumu\publik hüquqi şəxs) bu ilin may ayında 1.210 nəfər arasında keçirdiyi üzbəüz sorğuda respondentlərin 93,6 faizi Əliyevin fəaliyyətini müsbət qiymətləndirib (Medianın İnkişafı Agentliyi, 2026).  Qeyd edək ki, avtoritar rejimdə siyasi baxımdan həssas suallara üzbəüz verilən cavablar insanların gerçək düşüncələrini əks etdirməyə bilir.

Avropa İttifaqının (Aİ) «Aİ-nin Şərq Qonşuları» proqramı çərçivəsində 2026-cı ilin əvvəlində 1.000 nəfər arasındakı sorğusu da üzbəüz keçirilib. Bu sorğuda respondentlərin 94 faizi prezidentə etibar etdiyini bildirib. Amma onların digər suallara cavabı fərqli olub: respondentlərin 62 faizi işsizliyi, 48 faizi yoxsulluğu, 47 faizi maaş və pensiyaların azlığını, 29 faizi isə yaşayış xərclərini və ya inflyasiyanı ciddi problem hesab etdiyini bildirib ("Aİ-nin Şərq Qonşuları", 2026).

Bu rəqəmlər sabitlik barədə bəyanların yaşam şərtləriylə müqayisəsini də aktuallaşdırır. Vətəndaşların heç də Əliyevin dediyi kimi “xoş ovqatda” olmadığı ölkədə hakimiyyət-cəmiyyət münasibətlərindəki tarazlıq nə dərəcədə dayanıqlıdır və ona hansı faktorlar təsir edə bilər?  

Artan vergi yükü

Həmin faktorlardan biri hökumətin büdcə gəlirlərini nəyin/kimin hesabına artırmasıdır. 

2026-cı ilin ilk doqquz ayında Azərbaycanda neft və kondensat hasilatı ötən ilin eyni dövründəki 20,7 milyon tondan 19,9 milyon tona enib (Energetika Nazirliyi, 2025; Energetika Nazirliyi, 2026). Amma Dövlət Neft Fondunun aktivləri (sentyabrın sonuna olan məlumata görə, 74 milyard dollar – Dövlət Neft Fondu, 2026) hökumətə hasilatdakı azalmanın büdcəyə və məzənnəyə təsirini yumşaltmaq imkanı verir. Bu imkanı artıran daha bir amil də neftin bahalaşmasıdır. “Brent” neftinin orta qiyməti sentyabrda bir barel üçün 116,8 dollar, oktyabrda 125 dollar olub (Dünya Bankı, 2026) .

Amma 2027-ci ilin büdcə layihəsində Neft Fondundan transferin 12,835 milyard manatdan 11,9 milyard manata endirilməsi, Dövlət Vergi Xidməti üzrə daxilolmalarınsa 1,5 milyard manat artırılması nəzərdə tutulur (Milli Məclis, 2025a; Milli Məclis, 2026a; Milli Məclis, 2026b).

Bunu ancaq o halda ölkə vətəndaşları üçün sevindirici xəbər saymaq olardı ki, hökumət vergi gəlirlərini yeni iş yerləri və daha məhsuldar müəssisələr hesabına artırmağı planlaşdırardı. İndiki halda artımın bir hissəsi vergi güzəştlərinin ləğvi hesabına təmin olunacaq, yəni büdcənin qazancı vətəndaşın büdcəsində əlavə xərcə çevriləcək.

Əslində, proses ilin əvvəlindən başlayıb. Qeyri-neft-qaz sektorunun özəl bölməsində aylıq 8 min manatadək əməkhaqqını gəlir vergisindən azad edən yeddiillik güzəşt bu ilin əvvəlində başa çatıb. Yeni qaydaya əsasən, vergi tutulan aylıq gəlirin 2.500 manatadək hissəsinə bu il 3 faizlik dərəcə tətbiq olunur. 2027-ci ildə bu dərəcə 5 faizə, 2028-ci ildə 7 faizə qaldırılacaq (Milli Məclis, 2025b; Dövlət Vergi Xidməti, tarixsiz-a). Azərbaycanda istehsal olunan minik avtomobillərinin satışı üçün güzəştlər istisna olmaqla, elektrik mühərrikli minik avtomobillərinin idxalı/satışı və güzəşt şərtlərinə uyğun hibrid avtomobillərin idxalı/satışı üzrə ƏDV-dən azadolmalar da bu ilin əvvəlində başa çatıb (Milli Məclis, 2025b; Milli Məclis, 2023a; Dövlət Vergi Xidməti, tarixsiz-b).

İlin sonunda isə 18 ay və daha uzun müddətə yerləşdirilən manat əmanətlərinin faiz gəlirinə tətbiq olunan tam vergi azadolmasının müddəti bitir (Milli Məclis, 2023b). Fərdi mikrosahibkarların özləri üçün ödədikləri məcburi dövlət sosial sığorta haqqının 25 faizini hesablanmış gəlir və ya sadələşdirilmiş vergidən çıxmaq hüququ da ilin sonunda başa çatır (Milli Məclis, 2023b) .

Milli Məclisdə müzakirə olunan layihə isə 2027-ci ildən kənd təsərrüfatı istehsalçılarının gəlir və mənfəət vergisindən tam azad olmalarını beş il müddətinə 90 faizlik güzəştlə əvəz etməyi nəzərdə tutur. Layihə qəbul olunarsa, istehsalçının gəlirinin və ya mənfəətinin 10 faizi ümumi qaydada vergiyə cəlb ediləcək (Orxan Nəzərli, 2026) .

Neft Fondunun vəsaiti hökumətə hasilatdakı azalmanın dövlət büdcəsinə təsirini azaltmaq imkanı versə də, büdcə gəlirini həm də vergi güzəştlərinin ləğvi hesabına artırmaq ölkədə açıq etirazlar doğurmasa belə, vergi yükünün artması hökumətə etimadı zəiflədə və hakimiyyətlə cəmiyyət arasındakı tarazlığı poza bilər.

Yaşayış minimumunu ödəməyən minimum maaş

Vətəndaşların hakimiyyətə münasibətinə təsir edən daha bir amil ölkədə qazanc imkanlarının əlçatan olub-olmamasıdır. 

BVF-nin Azərbaycanla bağlı 2026-cı il hesabatında deyilir ki, «Dövlətin iqtisadiyyatda geniş iştirakı uğurlu şaxələndirməyə maneə olaraq qalır» (Beynəlxalq Valyuta Fondu, 2026). Fondun istinad etdiyi müəssisə sorğularına görə, Azərbaycanın hasilatla məşğul olmayan özəl şirkətlərinin dövlətdən sifariş və ya dövlətə məxsus qurumdan maliyyə almaq ehtimalı Qafqazın və Mərkəzi Asiyanın müqayisə olunan ölkələrindəkindən daha yüksəkdir (Beynəlxalq Valyuta Fondu, 2026) .

Azərbaycanın siyasi iqtisadiyyatını araşdıran politoloq Codi LaPort bu sahədəki vəziyyəti belə ifadə edib: «Siyasi və iqtisadi həyat böyük ölçüdə prezidentlik institutu ətrafında cəmləşib» (Jody LaPorte, 2025). LaPort beynəlxalq miqyaslı meqatədbirlərin nümunəsində yeni sahələrin siyasi hakimiyyətlə əlaqəli şirkətlərə əlavə gəlir imkanları yaratması hallarını araşdırır.

Bəs orta statistik Azərbaycan vətəndaşının gəliri nə qədərdir?

Rəsmi statistikaya görə, 2026-cı ilin ilk 9 ayında Azərbaycanda orta nominal əməkhaqqı 7,8% artıb (DSK, 2026a). Eyni dövrdə rəsmi inflyasiya 5,7%; ərzaq, alkoqollu içkilər və tütün məmulatları üzrə qiymət artımı isə 6,9% olub (DSK, 2026b). «AzadlıqRadiosu» müstəqil iqtisadçıların inflyasiyanı ikirəqəmli səviyyədə qiymətləndirdiyini yazır ("AzadlıqRadiosu", 2026).

DSK-nın ev təsərrüfatlarının büdcələri üzrə tədqiqatına görə, 2025-ci ildə adambaşına istehlak xərci ən aşağı olan 20 faizlik qrupda xərclərin 48 faizi qida məhsullarına ayrılıb. Adambaşına ən çox xərcləyən 20 faizlik qrupda isə bu pay 34,9% olub. DSK bu göstəriciyə alkoqollu içkilərə və tütün məmulatlarına çəkilən xərcləri də daxil edir (DSK, 2026c) .

Qeyri-neft-qaz sektorunun özəl bölməsində əsas iş yeri üzrə 400 manat brut maaş alan və əlavə fərdi vergi güzəşti olmayan işçinin aylıq qazancı 2025-ci ildə 364 manat olub. 2026-cı ildə gəlir vergisinin tətbiqi nəticəsində xalis maaş 358 manata enib (Milli Məclis, 2025b; Dövlət Vergi Xidməti, tarixsiz-a; Dövlət Vergi Xidməti, tarixsiz-c). İkiuşaqlı ailədə hər iki valideyn  minimum əməkhaqqı alarsa, onların aylıq qazancı cəmi 716 manat olar (Dövlət Vergi Xidməti, tarixsiz-c; Azərbaycan Respublikasının Prezidenti, 2024). 2026-cı il üzrə müəyyən edilmiş adambaşına yaşayış minimumlarının toplam məbləği ikiuşaqlı ailə üçün 1.154 manat təşkil edir. Aylıq əməkhaqqı qazancı 716 manat olan ailə bu məbləğin cəmi 62 faizini qarşılaya bilir. Fərq 438 manatdır (Milli Məclis, 2025c). 

Hərçənd 2026-cı ilin ilk yarısında dörd nəfərlik ev təsərrüfatlarının orta aylıq istehlak xərci təxminən 1.732 manat olub (DSK, 2026d). 716 manatlıq xalis əməkhaqqı gəliri bu xərcin yarısından da azını – 41 faizini qarşılayır. Başqa sözlə, real fərq 1.016 manatdır.

Qeyd edək ki, DSK minimum əməkhaqqı (400 manat) maaş alanların sayını ayrıca göstərmir. 2025-ci ilin noyabrına aid cədvəldən bəlli olur ki, bütün ayı işləmiş işçilərin 23,4 faizinə, yəni 387.482 nəfərə 400-500 manat aralığında brut əməkhaqqı hesablanıb (DSK, 2025). 

Azərbaycanda az gəlirli ailələrin müəyyən qisminə ünvanlı sosial yardım verililir (Milli Məclis, 2005a). Amma bu praktika həm dövlətin ailə büdcəsindəki rolunu, həm də hakimiyyət-vətəndaş münasibətlərindəki problemlərin sayını artırır.

DSK-nın məlumatına görə, 2026-cı il iyulun 1-nə Azərbaycanda 78,9 min ailə dövlətdən ünvanlı sosial yardım alıb. Bu yardım 349,3 min nəfəri əhatə edib. Adambaşına düşən orta aylıq yardım məbləği 97,9 manat təşkil edib (DSK, 2026e). 

DSK-nın tədqiqatında adambaşına düşən gəlir səviyyəsinə görə əhali beş bərabər qrupa bölünür. 2026-cı ilin əvvəlindəki əhali sayına əsasən, ən aşağı gəlirli 20 faizlik qrup təxminən 2,05 milyon nəfərə uyğun gəlir (DSK, 2026c; DSK, 2026f). DSK həmin qrupdan neçə nəfərin yardım aldığını ayrıca göstərmir (DSK, 2026e). Amma sosial yardımdan faydalanmış 349,3 min nəfərin hamısı həmin qrupa daxil olsaydı belə, qrupun təxminən altıda birini, yəni 17%-ini əhatə edərdi.

Minimum maaşlar ailənin hətta minimum ehtiyaclarını da ödəmirsə və bu vəziyyət illərlə davam edirsə, zamanla vətəndaşların hökumətdən gözləntiləri azalır, ona münasibəti mənfiyə doğru dəyişir. 

Kiçik fermerlərin böyük dərdi

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin sonunda Azərbaycanda məşğul əhalinin 34,8 faizi, yəni təxminən 1,77 milyon nəfər kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda çalışıb (DSK, 2026g). Həmin sahələrin 2025-ci ildə ölkənin ümumi daxili məhsulundakı payı isə 5,9 faiz olub (DSK, 2026h). 

2026-cı ilin ilk 10 ayında aqrar istehsalın real həcmi 1,4% artıb (DSK, 2026i). Amma bu artıma fermerlərin suvarma, yanacaq və işçi xərcləri də daxildir. Hökumətin 2026–2030-cu illər üzrə aqrar proqramında sektordakı problemlər barədə də qeydlər var (Azərbaycan Respublikasının Prezidenti, 2026).  Buna baxmayaraq beş hektaradək  torpağı olan ailə təsərrüfatlarında sosial sığorta öhdəlikli hər bir əmək qabiliyyətli üzv üçün aylıq sosial sığorta haqqı 8 manatdan 20 manata qaldırılıb (Milli Məclis, 2020; Milli Məclis, 2025b; Azərbaycan Respublikasının Prezidenti, 2024).

Gələn il üçün təklif olunan dəyişikliklərə görə, kənd təsərrüfatı məhsulları istehsalçılarını gəlir və mənfəət vergisindən tam azad edən qayda beş il müddətinə 90 faizlik güzəştlə əvəz ediləcək. Bu güzəştdən faydalanmaq üçün fermerlər Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyatdan keçməli və əməliyyatlarını vergi hesabatında göstərməlidirlər. Sadələşdirilmiş vergi üzrə tam azadolmanın müəyyən şərtlərlə daha beş il saxlanması da təklif olunur (Orxan Nəzərli, 2026). 

Bu tip vergi hesabatlarını iri təsərrüfatlar mühasibə həvalə edirlər, kiçik ailə təsərrüfatında isə fermer ya hesabatı özü hazırlamalı, ya da peşəkar mühasib xidmətinə pul ayırmalı olacaq. İqtisadçı ekspert Rövşən Ağayev qeyd edir ki, elektron alış aktının bağlanması və işçilər üçün büdcəyə vergi-sığorta köçürmələri də mühasibə müraciət etmək ehtiyacı yaradacaq: “Çünki bu aktı sistemə daxil etmək üçün fermer özünün vergi kabinetinə daxil olmalı, özü və cəlb edəcəyi işçi barədə bütün zəruri məlumatları sistemə daxil etməli və elektron imzayla təsdiqləməlidir. Bundan sonra fermerin özünün və ya onun xidmətini təqdim edən şəxsin adına olan telefona SMS kod gəlir, o da bu kodla internet vergi idarəsinə daxil olub aktı ya təsdiqləyir, ya da ondan imtina edir. Vəziyyət çox mürəkkəb görünür” (Rövşən Ağayev, 2026a; Dövlət Vergi Xidməti, 2024). 

Ağayev vurğulayır ki, Azərbaycanın aqrar sektoru qoltuq ağacına möhtac qalmış adama bənzəyir; dəstək verilməsə, hələ yerişinə-duruşuna müdaxilə də edilsə, yıxılmağa məhkumdur: “Ola bilsin ki, hökumət nəhəng investisiyalar yatırıb parniklərdən, meqafermalardan, onlarla hektar sahəsi olan meyvə və üzüm bağlarından pul qazanan az sayda şəxsə baxıb aqrar sektorda rentabelliyin yüksək olduğunu, vergi üçün babat resursun yatdığını düşünür. Amma qabaqcıl texnologiyalar tətbiq etmək və zəruri investisiyalar yatırmaq imkanı olmayan, 2-3 hektar torpağından başqa əlində heç nəyi olmayan mikro və xırda ailə təsərrüfatları qazancının yüksək sayıla biləcəyi mövsümdə belə yalnız ortababab dolanışığını təmin edə bilir. Aqrar sektorda olan təsərrüfatların azı 70-75 faizi məhz bu kateqoriyadan olan təsərrüfatlardır” (Rövşən Ağayev, 2026a). 

Ekspert hesab edir ki, vergi güzəştlərinin ləğviylə bu qəbildən olan təsərrüfatlar növbəti inzibati müdaxilə üçün hazır hala gətirilir:

“Məsələ təkcə onların gəlirlərinin vergiyə cəlbində də deyil. Bundan daha böyük problem mikro və xırda fermerlərin muzudlu işçiyə ehtiyacı olduğu halda saat və yaxud günəmuzd cəlb etdikləri işçilər üçün müqaviləni rəsmiləşdirmək olacaq. Deyə bilərsiniz ki, bu həmin işçilər üçün yaxşıdır və pensiya təminatına yardım edəcək. Əmin olun ki, etməyəcək. Çünki ilin maksimum 70-80 gününü, həmin günlərin də xeyli hissəsini bir neçə saat işləyən insanların nə topladıqları xırda vəsait onların minimum sığorta kapitalına yetəcək, nə də yarımcıq iş günləri 25 illik pensiya stajına kifayət edəcək” (Rövşən Ağayev, 2026a). 

Ağayev onu da qeyd edir ki, vergi güzəştini ləğv edib aqrar sektora görə əmək qanunverciliyinə saatlıq əmək haqqı anlayışı gətirənlər heç olmasa, mikro və xırda fermer təsərrüfatları üçün bu məsələdə daha əlverişli mexanizm yaratmağı ya unudublar, ya da özlərinə sərf etdiyi üçün unutmuş kimi görünürlər:

“Əgər vergi ödəyicisi olmayan ailə təsərrüfatı ayın 3-5 günündə və ya günün 3-5 saatında muzdlu işçi(lər)yə ehtiyac duyacaqsa, ödəmə mənbəyində vergi ödəməli olacaq - 14% gəlir vergisi, 25% sosial sığorta haqqı. Yəni 100 manat ödəniş üçün 39% vergi-sığorta yükü yaranır. Fərdi sahibkar kimi vergi uçotuna alınmaq da vəziyyəti dəyişməyəcək və bu dəfə də tibbi və işsizlik sığortası nəzərə alınmaqla, təxminən 37% ödəyəcək. Çünki qanun bunu sığortolunanın və işçinin öhdəliyi kimi müəyyənləşdirsə də, muzdlu işçi öz xalis saatlıq və ya günlük məbləğini tələb edəcək”.

Ekspert hesab edir ki, vergi güzəştlərini ləğv edən hökumət ən azı mikro və xırda fermerlər üçün muzdlu işə görə həm ödəmə mənbəyində, həm gəlir vergisinin dərəcəsində, həm də sığorta haqlarında güzəştə getməlidir:

“Fermerlərin qara günləri hələ qarşıdadır. Son iki ildə toyuq hini və ya tövlə tikilməsinə dərhal müdaxilə edən qurumlar indi də fermerin bağda-tarlada müqaviləsiz işçi çalışdırıb-çalışdırmadığını bilmək üçün onları qarabaqara izləyəcək. Öz ayağının üstündə dura bilməyən sektorda maaş üçün 40% vergi-sığorta yükü olar? Bu gedişlə 5 il sonra, mənfəət (gəlir) vergisində verdiyiniz güzəşt bitər-bitməz yerində lələ köçüb yurdu qalmış bir sahə görərsiniz”.

Göründüyü kimi, aqrar sektordakı qaydalara təklif edilən dəyişikliklər hələ məhsul bazara çıxmamış xırda təsərrüfatların xərcini artıracaq. Fermerlər işçilərin təkcə maaşını yox, onların vergi və sığorta ödənişlərini də ödəməli olacaqlar; mühasib cəlb etsələr, daha bir xərc maddəsi yaranacaq. Başqa sözlə, yeni dəyişikliklər kiçik fermerlərin problemlərini artıracaq. Nəticə etibarilə bu, aqrar sektorda böyük paya malik sahənin onsuz da yaxşı olmayan vəziyyətini daha da ağırlaşdıracaq və bu sahədə çalışan adamların hakimiyyətdən narazılığını artıracaq.

"Sosial yönümlü" büdcənin artan hüquq-mühafizə xərcləri

2026-cı ilin ilkin dövlət büdcəsində müdafiə və milli təhlükəsizliyə, məhkəmə hakimiyyətinə, hüquq-mühafizə və prokurorluq orqanlarına 12,054 milyard manat maliyyə ayrılıb. Təhsil, səhiyyə, sosial təminata ayrılan vəsait isə 11,914 milyard manat olub (Milli Məclis, 2024; Milli Məclis, 2025a). Halbuki 2025-ci ilin ilkin büdcəsində bu üç sosial sahəyə ayrılan vəsait müdafiə və hüquq-mühafizə daxil olmaqla, ilk iki büdcə bölməsinin cəmindən 94,3 milyon manat çox idi.

Cədvəl müəllif tərəfindən statistik hesablamalara əsasən hazırlanıb.

Məhkəmə, hüquq-mühafizə və prokurorluq bölməsində artımın əsas hissəsi hüquq-mühafizənin payına düşüb (125,4 milyon manat). Məhkəmə hakimiyyətinə 2,8 milyon, prokurorluğa isə 1,2 milyon manat əlavə vəsait ayrılıb. Təkcə hüquq-mühafizəyə ayrılan əlavə vəsait təhsil və səhiyyədəki artımın cəmindən (109,9 milyon manat) çoxdur.

Təkcə bu bölgü büdcənin sosial yönümlü olması barədə rəsmi təqdimatı sual altına alır. Müdafiə, təhlükəsizlik, məhkəmə, hüquq-mühafizə və prokurorluğa ayrılan vəsait 465,6 milyon manat artırıldığı halda, təhsil, səhiyyə və sosial müdafiə üzrə artım bunun təxminən yarısı (231,1 milyon manat) qədər olub. Hökumətin büdcə müzakirəsində «sosialyönlü xərclər» kimi göstərdiyi 17,1 milyard manat isə (büdcənin 41,1 faizi) daha geniş hesablamaya aid göstəricidir.

Hesablama Palatası qeyd edir ki, 2026-cı ildə dövlət sifarişləri və subsidiyalar üçün nəzərdə tutulan vəsaitin bir hissəsi əməkhaqqı və digər xərc maddələrinə keçirilib. Bu dəyişiklik «sosial yönümlü xərclər» kimi göstərilən məbləği də artırıb. Palata buna görə həmin göstəriciyə hansı xərclərin daxil olduğunu hüquqi aktla müəyyənləşdirməyi və həm büdcə planında, həm də icra hesabatında eyni qaydanı tətbiq etməyi təklif edir (Hesablama Palatası, 2025). 

Büdcədə yazılan məbləğlə faktiki xərc arasında da fərq var. Məsələn, 2025-ci ilin ilkin büdcəsində təhsilə 4,937 milyard manat ayrılmışdı. İlin sonunda isə məlum oldu ki, 4,619 milyard manat, yəni ilkin plandan 317,8 milyon manat az xərclənib (Milli Məclis, 2024; Milli Məclis, 2026c). 

Büdcə xərcləmələrinin vətəndaşlarda “xoş ovqat” yaradıb-yaratmadığı gündəlik həyatda daha aydın görünür. Məsələn, səhiyyəyə ayrılan vəsait hesabına rayon xəstəxanasında hansı müayinələr əlçatan olub, insanlar həmin müayinələrdən keçmək üçün icbari tibbi sığortadan faydalana biliblərmi? Məktəblərdə tədrisin səviyyəsi yüksəlibmi, valideynlərin repetitorlara ödənişlərlə bağlı maliyyə yükü azalıbmı? Daha əvvəl dövlətdən sosial yardım alan ailələrin sayı azalıbmı? Açıq mənbələrdəki statistik məlumatlarda bu sualların vətəndaşın xeyrinə olan cavabları yoxdur.  

Büdcədə hüquq-mühafizə istiqamətinə ayrılan əlavə vəsait təhsil və səhiyyə sektorlarına yönəldilən əlavə maliyyənin cəmini üstələyirsə, təhsil və səhiyyə xərcləri ailənin maliyyə yükünü artırısa, vətəndaşda onun ehtiyaclarının hökumət üçün ikinci planda olması fikri güclənə, cəmiyyətin hakimiyyətə loyallığının hüdudları darala bilər.

Pulsuz bələdiyyələr, varlı məmurlar 

Hakimiyyət-cəmiyyət münasibətlərinin əsas həlqələrindən biri də yerli idarəetmə orqanlarıdır. Azərbaycanda bu sahədə də ciddi problemlər mövcuddur.

Məsələn, ölkədə yolları təmir edilməli olan çox sayda rayon, qəsəbə, kənd var; amma sakinlərin bələdiyyələrə müraciətləri problemin həlliylə nəticələnmir, çünki məhdud büdcə problemi bu qurumların fəaliyyətini iflic edir (Milli Məclis, 2026c). Milli Məclisin deputatı Bəhruz Məhərrəmov da parlamentin 14 fevral 2025-ci il iclasında bu barədə danışıb. O, Biləsuvarda bəzi kənd yollarının hələ də bələdiyyələrin balansında olduğunu bildirib demişdi ki, "Amma bu yolların təmiri həmin bələdiyyənin imkanı xaricindədir" (Milli Məclis, 2025d). 

Azərbaycanda 685 bələdiyyə var. 2024-cü ildəki birləşdirmələrdən əvvəl isə 1.606 idi (Milli Məclis, 2025d).  Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyasının müqayisəli cədvəlinə görə, bələdiyyələrin toplam büdcə gəlirləri 2023-cü ildə 54,5 milyon, 2024-cü ildə 62,4 milyon, 2025-ci ildə isə 65,6 milyon manat olub. İllik artım tempi 2024-cü ildəki 14,4 faizdən 2025-ci ildə 5,2 faizə enib (Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyası, tarixsiz; DSK, 2023–2025; "Report", 2026).

Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin həmməruzəçisi Stüart Dikson bu problemi 2021-ci ildə belə ifadə etmişdi: «Azərbaycan bələdiyyələri qanunvericiliyin onlara həvalə etdiyi əsas vəzifələri hələ də praktikada yerinə yetirə bilmirlər» (Avropa Şurası, 2021).

Konqresin hesabatında bələdiyyələrlə yerli icra hakimiyyətləri arasında vəzifə bölgüsünün aydın olmadığı da qeyd edilirdi (Avropa Şurası Konqresi, 2021). 

Konstitusiyanın 124-cü maddəsinə əsasən, icra başçılarını prezident təyin və azad edir. Yerli icra hakimiyyətlərinin səlahiyyətlərini də prezident müəyyənləşdirir (Azərbaycan Respublikasının Konstitusiyası, 1995, maddə 124).  Ölkə vətəndaşlarının həyatına təsir edən əsas amillərdən biri də həmin səlahiyyətlərdən necə istifadə olunmasıdır. Məsələn, icra hakimiyyəti yolların təmirini sifariş edəndə sakinlər işin kimə tapşırıldığını, şirkətin necə seçildiyini və təmirə nə qədər pul ayrıldığını öyrənə bilməlidirlər.

Dövlət sifarişlərində hesabatlılıq elə bu məqamlardan başlayır. Müqavilənin açıqlanması sakinlərə görüləcək işi və onun qiymətini müqayisə etmək imkanı verir. Şirkətin seçilməsinə dair qərarı yoxlamaq üçün isə başqa bir məlumat da lazımdır. Qərarı verən vəzifəli şəxsin həmin şirkətdə payı və ya hansısa bir maliyyə marağı varmı (Milli Məclis, 2023c; Nazirlər Kabineti, 2023)?

Bertelsmann Fondunun Azərbaycana dair 2026-cı il hesabatında qeyd olunur ki, son illərdə yüksək dövlət vəzifələrinə təyin edilən bir sıra şəxslər hakim ailəylə əlaqəli şirkətlərdə çalışaraq karyera qurublar. Hesabatda həmçinin vurğulanır ki, iqtisadi idarəetmənin gənc texnokratlara həvalə olunması hökumət daxilində qərarların əlaqələndirilməsini asanlaşdırır (Bertelsmann Fondu, 2026). Belə əlaqələrin olduğu ölkədə maraqlar toqquşmasını üzə çıxarmaq üçün məmurların gəlirləri və şirkətlərdəki payları barədə məlumatlar və onların yoxlanması xüsusi əhəmiyyət kəsb edir.

Azərbaycanda vəzifəli şəxslərin maliyyə məlumatlarını bəyan etməsi qaydaları 2005-ci ildə qəbul edilib (Milli Məclis, 2005b). Amma OECD-nin 20 il sonra – 2025-ci ildə dərc etdiyi monitorinq hesabatında bildirilirdi ki, bəyannamənin standart forması və orada göstərilən məlumatların yoxlanması üçün işlək mexanizm hələ də yaradılmayıb (OECD, 2025). 

BVF-nin bu ilin may ayında dərc olunan hesabatında qurumun ekspertləri Azərbaycan hökumətini bəyannamə sistemini işə salmağa çağırıblar (Beynəlxalq Valyuta Fondu, 2026). 

Fermerdən satdığı məhsulu və qazandığı pulu sənədləşdirməyi tələb edən hökumət yüksək vəzifəli şəxslərin gəlirlərini və onların şirkətlərdəki paylarını öyrənməyə tələsmir. Toplumun hakimiyyətə münasibətini ciddi ölçüdə pisləşdirən amillərdən biri də bu ayrı-seçkilikdir. 

Siyasi həbslər və rəqabətsiz seçkilər

Azərbaycan hakimiyyətinin ictimai-siyasi sabitlik barədə bəyanlarını rejimin repressiya və seçki siyasəti də şübhə altına alır.

Beynəlxalq hüquq müdafiə təşkilatları Əliyevlər hakimiyyəti dövründə ölkədə söz azadlığının məhdudlaşdırılması, müxalif mövqeli şəxslərin təqib və həbs olunması barədə çox sayda fakt sənədləşdiriblər.

Hüquq müdafiəçiləri Leyla Yunus və Elşən Həsənov 5 oktyabr 2026-cı ildə yeni siyahı paylaşaraq ölkədə 322 nəfər siyasi məhbus olduğunu açıqlayıblar (Leyla Yunus və Elşən Həsənov, 2026). 

Jurnalistləri Müdafiə Komitəsi (CPJ) noyabrın 12-də «Meclis.info» əməkdaşları İmran Əliyevə və Elgiz Qəhrəmana verilən 10 və 9 illik həbs cəzalarını pisləyib və xarici maliyyələşmə ittihamlarından müstəqil mətbuatı susdurmaq üçün istifadəyə son qoyulmasına çağırıb (Jurnalistləri Müdafiə Komitəsi, 2026). “Amnesty International” təşkilatı “Meydan TV” jurnalistlərinə qarşı ittihamları siyasi motivli sayaraq onların dərhal azad edilməsini istəyib ("Amnesty International", 2026b).  Sərhədsiz Reportyorlar (RSF) “Toplum TV” işi üzrə həbs olunan jurnalistlərin dərhal azad edilməsini tələb edib və “Abzas Media” işi üzrə hökmlərin Ali Məhkəmədə qüvvədə saxlanılmasını pisləyib (Sərhədsiz Reportyorlar, 2026a; Sərhədsiz Reportyorlar, 2026b). Aİ-nin Xarici Fəaliyyət Xidməti və Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı da jurnalistlərin və hüquq müdafiəçilərinin azadlığa buraxılmasına çağırıblar (Aİ-nin Xarici Fəaliyyət Xidməti, 2024; Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı, 2025). 

AŞPA 24 iyun 2026-cı ildə qəbul etdiyi qətnamədə yerli hüquq müdafiəçilərinin may siyahısında 328 siyasi məhbusun yer aldığını qeyd edib. Assambleya həmin işlərə yenidən baxılmasına, siyasi motivli işlərdə ittihamların geri götürülməsinə və ya hökmlərin ləğvinə, siyasi məhbus meyarlarına uyğun gələn şəxslərin azad edilməsinə çağırıb (AŞPA, 2026).

Avropa Parlamenti 8 oktyabr 2026-cı ildə qəbul etdiyi qətnamədə AXCP sədri Əli Kərimlinin, Anar Məmmədlinin və Anar Abdullayevin həbsini siyasi motivli sayıb, onların və digər siyasi məhbusların dərhal və qeyd-şərtsiz azad edilməsini istəyib. Parlament Aİ-nin xarici siyasət üzrə ali nümayəndəsini hədəfli sanksiya tədbirləri hazırlamağa çağırıb (Avropa Parlamenti, 2026).

Əliyevlərin hakimiyyəti dövründə keçirilmiş, demək olar ki, bütün seçkilərdə ciddi pozuntular qeydə alınıb. 1993-cü ildəki prezident seçkisini izləyən azsaylı beynəlxalq müşahidəçilər namizədlərin bərabər imkanlara malik olmadığını qeyd ediblər (ATƏM/DTİHB, 1993). 1995-ci ildəki parlament seçkisində ATƏT və BMT-nin birgə missiyası namizədlərin qeydiyyatında və səsvermədə ciddi nöqsanlar aşkarlayıb[67]. 1998-ci ildəki prezident seçkisində ATƏT-in müşahidəçiləri seçki kampaniyasında bərabər rəqabət üçün şəraitin çatışmadığını vurğulayıblar (ATƏT/DTİHB, 1998). 2000-ci ildəki parlament seçkisində səslərin sayılması ciddi iradlar doğurub (ATƏT/DTİHB, 2001).

İlham Əliyevin ilk dəfə prezident seçildiyi 2003-cü ildə ATƏT-in müşahidəçiləri kampaniya zamanı təzyiqləri və səs sayımında geniş yayılmış pozuntuları sənədləşdiriblər (ATƏT/DTİHB, 2003). 2005-ci ildəki parlament seçkisində də yerli icra orqanlarının prosesə müdaxilə etdiyi və səslərin sayılmasında ciddi pozuntulara yol verildiyi qeyd olunub (ATƏT/DTİHB, 2006). 2008-ci ildəki prezident seçkisində beynəlxalq müşahidəçilər siyasi rəqabət imkanlarının məhdud olduğunu bildiriblər (ATƏT/DTİHB, 2008).

2009-cu ildəki bələdiyyə seçkisində Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresi real alternativlərin az olduğunu və sayımda səsvermənin dürüstlüyünü şübhə altına alan hallarla rastlaşdığını bildirib (Avropa Şurası Konqresi, 2009). 2010-cu ildəki parlament seçkisində ATƏT, AŞPA və Avropa Parlamentinin birgə missiyası seçkini demokratik inkişaf baxımından ciddi irəliləyiş hesab etməyib (ATƏT, AŞPA və Avropa Parlamenti, 2010) .

2013-cü ildəki prezident seçkisində ATƏT-in müşahidəçiləri namizədlər üçün bərabər şəraitin yaradılmadığını və səs sayımında ciddi pozuntular olduğunu bildiriblər (ATƏT/DTİHB, 2014). 2015-ci ildəki parlament seçkisində Azərbaycan hakimiyyəti ATƏT-in göndərə biləcəyi müşahidəçi sayını məhdudlaşdırdığı üçün qurum missiyanı ləğv edib (ATƏT/DTİHB, 2015). 2018-ci ildəki prezident seçkisində ATƏT və AŞPA-nın birgə missiyası real rəqabətin olmadığı barədə birgə rəy açıqlayıblar (ATƏT və AŞPA, 2018).

2020-ci ildəki parlament seçkisində ATƏT və AŞPA bir daha siyasi mühitin həqiqi rəqabətə imkan vermədiyini bildiriblər (ATƏT və AŞPA, 2020). ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu 2024-cü ildəki prezident və parlament seçkilərində real siyasi alternativlərin olmadığını və səs sayımında ciddi pozuntulara yol verildiyini vurğulayıb (ATƏT/DTİHB, 2025b; ATƏT/DTİHB, 2025a).

Bu xronologiya otuz ildən artıq bir dövrdə eyni iradların təkrarlandığını göstərir – namizədlərə bərabər imkan verilmir, səslərin düzgün sayılması ciddi şübhə doğurur. Tənqidə görə həbs riski isə vətəndaşları açıq etirazlardan çəkindirir. Belə şəraitdə hakimiyyətin ictimai-siyasi sabitlik barədə iddiaları, yumşaq desək, inandırıcı görünmür.

Azərbaycan vətəndaşlarının məhkəmə dərdi

2025-ci ildə Ali Məhkəmənin İnzibati Kollegiyasına 4.193, əvvəlki ildə isə 3.483 iş daxil olub. 2024-cü illə müqayisədə yekunlaşdırılan işlərin sayı 3.404-dən 3.246-ya enib, növbəti ilə qalan işlər 1.034-dən 1.981-ə yüksəlib (Ali Məhkəmə, 2025). Bu statistika işlərin ildən-ilə yığılıb qalmasından xəbər verir.

Siyasi baxımdan həssas cinayət işlərində isə əlavə problemlər də yaranır. Beynəlxalq Hüquqşünaslar Komissiyasının “Təzyiq altında ədalət mühakiməsi. Azərbaycanda vəkillərin müstəqilliyi və ədalətli məhkəmə araşdırması hüququ” adlı 2026-cı il hesabatına görə, Vəkillər Kollegiyasına qəbul prosedurundan hüquq müdafiəçisi kimi tanınan vəkilləri bu qurumdan kənarda saxlamaq üçün istifadə olunur. İntizam icraatları vəkillərə nəzarət vasitəsinə çevrilib. Siyasi baxımdan həssas işlərdə müvəkkillərini təmsil edən vəkillər vəkillik hüququndan məhrum edilmə, cinayət təqibi və başqa təzyiq formalarıyla üzləşirlər (Beynəlxalq Hüquqşünaslar Komissiyası, 2026).

Hesabatda həmçinin qeyd olunur ki, bu sahədəki mövcud nöqsanlar və məhkəmə hakimiyyətinin müstəqil olmaması cinayət işləri üzrə təqsirləndirilən şəxsləri Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın və Avropa İnsan Hüquqları Konvensiyasının ədalətli məhkəmə araşdırması hüququ çərçivəsində nəzərdə tutduğu əsas müdafiə təminatlarından məhrum edir (Beynəlxalq Hüquqşünaslar Komissiyası, 2026; Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt, 1966, maddə 14; Avropa İnsan Hüquqları Konvensiyası, 1950, maddə 6).

Sənəddə Komissiyanın 2016-cı ildə dərc etdiyi «Müdafiəsiz müdafiəçilər» hesabatından (Beynəlxalq Hüquqşünaslar Komissiyası, 2016) və məhkəmələrdə təmsilçiliyi məhdudlaşdıran qanunvericiliyə dair 2017-ci il brifinqindən (Beynəlxalq Hüquqşünaslar Komissiyası, 2017) sonrakı vəziyyət də qiymətləndirilir. Komissiyanın qənaətinə görə, onun və digər beynəlxalq təşkilatların tövsiyələrinin həyata keçirilməsində ciddi irəliləyiş olmayıb, icra hakimiyyətinin vəkillik institutuna müdaxiləsi davam edib (Beynəlxalq Hüquqşünaslar Komissiyası, 2026).

Çikaqo Universitetinin politoloqu Skott Gelbax repressiya siyasətinin avtoritar liderin özü üçün də problem yaratdığını vurğulayır. Onun sözlərinə görə, rejim repressiyanı sərtləşdirdikcə, diktator xalqın ona dəstək verdiyinə daha az əmin olur (Emili Rozenbaum, 2024).

Hakimiyyətə dəstəyin miqyasını görünən edən jurnalistlər, vəkillər və əlbəttə ki, rəqabətli seçkilərdir. Bu istiqamətlərdə fəaliyyət imkanları daraldıqca, hakimiyyət ölkədəki narazılığın miqyasını daha gec öyrənir – hətta artıq polis müdaxiləsinə ehtiyac duyduğu an.

Müstəqil media və ictimai nəzarət olmayanda ölkə rəhbərinin real vəziyyət barədə məlumat almaq imkanları azalır. Georgi Yeqorov, Sergey Quriyev və Konstantin Sonin “Təbii sərvətləri az olan ölkələrdə diktatorlar mediaya niyə daha çox azadlıq verirlər?” adlı araşdırmada göstərirlər ki, azad media məmurların işindəki nöqsanları üzə çıxarmaqla rəhbərə idarəetməni yaxşılaşdırmağa kömək edir. Amma neft və başqa təbii sərvətlərdən gələn gəlirlər zəif idarəçiliyin pis iqtisadi nəticələrini “yamamağa” kömək etdiyi üçün rəhbərin bu cür nəzarətə marağı azalır (Georgi Yeqorov, Sergey Quriyev və Konstantin Sonin, 2009).

Belədə təkcə hakimiyyətdən narazılığın yox, ona dəstəyin də həqiqi miqyasını müəyyənləşdirmək çətinləşir. İnsanlar açıq tənqiddən çəkindikləri üçün rəhbər alqışın nə qədərinin razılıqdan, nə qədərinin qorxudan və asılılıqdan yarandığını bilmir. Skott Gelbax, Çjaotyan Lo, Anton Şirikov və Dmitri Vorobyovun «Doğrudanmı, diktator üçün dilemma var? Avtoritar rejimlərdə informasiya və repressiya» adlı araşdırmasında qeyd olunur ki, bu qeyri-müəyyənlik təhlükəni kiçiltməyə və ya hər yerdə təhlükə axtarmağa səbəb ola bilir və hər iki hal reaksiyanın qeyri-adekvat olması ehtimalını artır (Skott Gelbax və həmmüəllifləri, 2026).

Azərbaycan hakimiyyəti daha çox ikinci varianta - təhlükə axtarmağa üstünlük verir. 2020-ci ildən etibarənsə tənqidçi kəsimə qarşı repressiyaları xüsusilə gücləndirib. Rejim hər hansı səbəbdən zəifləyərsə, bu, hakimiyyət-cəmiyyət tarazılığına təsir edən əsas səbəblərdən birinə çevrilə bilər.

 Nəticə

Bu araşdırmada  toplanmış məlumatlar üç nəticəyə gəlməyə imkan verir.

Birincisi, sükut razılığın sübutu deyil. Prezidentə 94 faizlik etimad üzbəüz sorğularda ölçülüb. Siyasi baxımdan həssas mühitdə belə sorğular insanların həqiqi düşüncəsini ölçməkdə çətinlik çəkir. Eyni respondentlər işsizliyi, yoxsulluğu və aşağı gəlirləri ciddi problem sayırlar. Bu, “xoş ovqat” iddiasıyla vətəndaşların öz həyat şəraitinə verdiyi qiymət arasında aydın ziddiyət olduğunu göstərir. Timur Kuranın təbiriylə desək, açıq rəylə gizli rəy arasındakı bu məsafənin ölçüsünü nə cəmiyyət, nə də hakimiyyət bilir.

İkincisi, hakimiyyət özünü narazılığın miqyasını öyrənmək imkanından məhrum edir. Müstəqil media, müxalifət, rəqabətli seçkilər və işlək bələdiyyələr cəmiyyətin “səsini” hakimiyyətə çatdıran kanallardır. Məqalədə göstərildiyi kimi, bu kanalların hər biri ya bağlanıb, ya da funksiyasını tamamilə itirib. Ronald Uintrobun təsvir etdiyi diktator dilemması məhz budur: liderin təhlükəsizliyini qoruyan repressiya onu dəqiq informasiyadan məhrum edir. Kelli Si və həmkarlarının təcrübələri bu riski daha da artıran bir amilə işarə edir. Güc zəhərlənməsi liderin öz mühakiməsinə inamını artırır və kənar məsləhətə qulaq asmaq istəyini azaldır. Beləliklə, sabitliklə bağlı iddianın içi iki səbəbdən boşdur: həm siqnal az gəlir, həm də gələn siqnala az diqqət yetirilir.

Üçüncüsü, avtoritar sövdələşmənin şərtləri vətəndaşın əleyhinə olaraq dəyişir. Uzun illər neft gəlirləri hakimiyyətə vətəndaşdan az şey tələb etmək imkanı verirdi. İndi büdcəyə Neft Fondundan transfer azaldılıb, vergi daxilolmaları artırılır, vergi güzəştləri bir-birinin ardınca ləğv edilir, vergilər artırır. Minimum əməkhaqqı alan iki valideyn ailənin yaşayış minimumunun yalnız 62 faizini qarşılaya bilir. Ünvanlı sosial yardım ən yoxsul qrupun ən çoxu altıda birinə çatır. Büdcədə təhlükəsizlik xərcləri sosial xərclərdən iki dəfə sürətlə böyüyür. Hökumət kiçik fermerdən hər əməliyyatı sənədləşdirməyi tələb edir, amma iyirmi ildir ki, vəzifəli şəxslərin gəlir bəyannaməsi sistemini  işə salmır. Maykl Rossun “vergi effekti” göstərir ki, dövlət vətəndaşdan daha çox aldıqca vətəndaşın hesabatlılıq gözləntisi də artır. Azərbaycanda indi məhz vətəndaşlardan tələb olunanlar artır, hökümətin hesabatlılığında isə işartı belə yoxdur.

Əlbəttə, bu o demək deyil ki, rejim tezliklə sarsılacaq. Neft Fondunun  milyardlarla dollarlıq aktivləri və neftin yüksək qiyməti hakimiyyətə narazılığı maliyyə vasitəsilə yumşaltmaq imkanı verir. Dünya təcrübəsi də göstəriri ki, avtoritar rejimlər narazılıqlar fonunda onilliklər boyu yaşaya bilir. Amma bu, sabitlik yox, zaman göstəricisidir. Azərbaycanda bu təqvimin çoxdan başladığını xatırlatmağa ehtiyac yoxdur.


 Qeyd: Oxuduğunuz yazı orijinal olaraq Azərbaycan dilində yazılmışdır.


İstinadlar: 

"Human Rights Watch", 1999. "Azərbaycan. İşgəncəyə görə cəzasızlıq" (Azerbaijan: Impunity for Torture), "Background". https://www.hrw.org/reports/pdfs/a/azerbjn/azer0799.pdf

Tomas de Vaal, 2016. "Azərbaycan müstəqilliyinin 25-ci ilində. Dəyişikliklər və təlatümlər dövrü" (Azerbaijan at Twenty-Five: A New Era of Change and Turbulence), Carnegie. https://carnegieendowment.org/russia-eurasia/research/2016/10/azerbaijan-at-twenty-five-a-new-era-of-change-and-turbulence

ATƏT/DTİHB, 2025a. Azərbaycanda 1 sentyabr 2024-cü il növbədənkənar parlament seçkiləri üzrə yekun hesabat (Azerbaijan: Early Parliamentary Elections, 1 September 2024 – Final Report), 27 fevral 2025. https://odihr.osce.org/sites/default/files/f/documents/3/f/586290_0.pdf

"Freedom House", 2026. Azerbaijan: Freedom in the World 2026 Country Report, E1 bəndi. https://freedomhouse.org/country/azerbaijan/freedom-world/2026

Avropa Şurasının Nazirlər Komitəsi, 2025. Gafgaz Mammadov group v. Azerbaijan. 12 iyun tarixli qərar, 1-ci və 5-ci bəndlər. https://rm.coe.int/0900001680b64823

ATƏT/DTİHB, 2011. Azərbaycan. 7 noyabr 2010-cu il parlament seçkiləri üzrə yekun hesabat (Azerbaijan, Parliamentary Elections, 7 November 2010: Final Report). https://odihr.osce.org/sites/default/files/f/documents/3/c/75655.pdf

ATƏT/DTİHB, 2025. Azərbaycan. 1 sentyabr 2024-cü il növbədənkənar parlament seçkiləri üzrə yekun hesabat (Azerbaijan: Early Parliamentary Elections, 1 September 2024 – Final Report). https://odihr.osce.org/sites/default/files/f/documents/5/8/587972.pdf

Azərbaycan MSK, 2024. 1 sentyabr 2024-cü il növbədənkənar parlament seçkilərində səsvermənin ümumi yekunlarına dair protokol (Protocol on the Overall Voting Results of the 1 September 2024 Early Parliamentary Elections). https://www.msk.gov.az/uploads/MM2024/AR_MSK_PRT_2024_MM.pdf#page=2

Parlamentlərarası İttifaq, 2026. Ermənistan. 2026-cı ilin iyununda keçirilmiş parlament seçkilərinin nəticələri (Armenia National Assembly June 2026 Election). https://data.ipu.org/parliament/AM/AM-LC01/election/AM-LC01-E20260607/

ATƏT/DTİHB, 2024. Beynəlxalq müşahidəçilər Azərbaycanda parlament seçkilərinin səmərəli hazırlandığını, lakin əsas azadlıqların məhdudlaşdığı şəraitdə real rəqabət olmadan keçdiyini bildiriblər (Azerbaijan’s elections devoid of real competition amid diminishing respect for fundamental freedoms, but efficiently prepared: international observers). https://odihr.osce.org/odihr/elections/575509

ATƏT/DTİHB, 2026. Ermənistanda birbaşa xarici təzyiq və qeyri-bərabər kampaniya imkanları fonunda seçicilərə real seçim imkanı verilib (Armenia’s voters were offered a genuine choice against a backdrop of direct foreign pressure and uneven campaign opportunities). https://odihr.osce.org/odihr/665473

Timur Kuran, 1991. NOW OUT OF NEVER The Element of Surprise in the East European Revolution of 1989. https://www.rochelleterman.com/ComparativeExam/sites/default/files/Bibliography%20and%20Summaries/Kuran%201991.pdf

Ronald Wintrobe, 1998. The Political Economy of Dictatorship. https://books.google.com.cu/books?id=0gzgP5hkToIC&printsec=frontcover&hl=es&source=gbs_atb#v=onepage&q&f=false

Albert O. Hirschman, 1998. Exit, Voice, and Loyalty. https://pages.ucsd.edu/~bslantchev/courses/ps240/05%20Cooperation%20with%20States%20as%20Unitary%20Actors/Hirschman%20-%20Exit,%20voice,%20and%20loyalty%20%5BCh%201-5%5D.pdf

İlham Əliyev, 2026. İlham Əliyevin Zəfər Günü münasibətilə Azərbaycan xalqına müraciəti (Ilham Aliyev Congratulated Azerbaijani People on Victory Day), 8 noyabr 2026. <https://president.az/az/articles/view/74598> 

Medianın İnkişafı Agentliyi, 2026. Prezidentin fəaliyyətinə dair ictimai rəy sorğusu (Media Development Agency Public Opinion Survey on the President’s Performance), 20–30 may 2026. Agentliyin açıqlamasını APA 1 iyulda dərc edib. https://apa.az/daxili-siyaset/respondentlerin-936-faizi-prezidentin-fealiyyetini-musbet-qiymetlendirir-sorgu-977789?locale=az

"Aİ-nin Şərq Qonşuları", 2026. 2026-cı il üzrə Azərbaycan sorğusu ("EU Neighbours East": Annual Survey 2026 – Azerbaijan), metodologiya, institutlara etimad və ölkənin ən aktual problemləri üzrə qrafiklər. https://euneighbourseast.eu/wp-content/uploads/2026/06/2.-euneighbours-east_as2026_country-overview_azerbaijan.pdf

Energetika Nazirliyi, 2025. Doqquz ayda 20,7 milyon ton neft və 38,2 milyard kubmetr qaz hasilatı (During 9 Months, 20.7 Million Tons of Oil and 38.2 bcm of Natural Gas Were Produced). https://minenergy.gov.az/en/xeberler-arxivi/00634

Energetika Nazirliyi, 2026. Doqquz ayda 19,9 milyon ton neft və 37,9 milyard kubmetr qaz hasilatı (In 9 Months of This Year, 19.9 Million Tons of Oil and 37.9 Billion Cubic Meters of Natural Gas Were Produced), 15 oktyabr 2026. https://minenergy.gov.az/en/xeberler-arxivi/00914

Dövlət Neft Fondu, 2026. 2026-cı ilin yanvar–sentyabr ayları üzrə gəlir və xərclər (SOFAZ Revenue and Expenditure Statement for January–September 2026), 20 oktyabr 2026. https://oilfund.az/en/fund/press-room/news-archive/1782 

Dünya Bankı, 2026. Əmtəələrin qiymət göstəriciləri ("World Bank" Commodities Price Data – The Pink Sheet), 3 noyabr 2026. https://thedocs.worldbank.org/en/doc/74e8be41ceb20fa0da750cda2f6b9e4e-0050012026/related/CMO-Pink-Sheet-November-2026.pdf

Milli Məclis, 2025a. Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında Qanun (Law on the 2026 State Budget of the Republic of Azerbaijan), ilkin mətn, maddələr 2.13 və 7.2–7.6. https://static.president.az/upload/Files/2025/12/29/a1529c63a4321a66ff528fbab582268b_7879904.pdf

Milli Məclis, 2026a. Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında qanun layihəsi (Draft Law on the 2027 State Budget of the Republic of Azerbaijan), maddə 2.13. https://meclis.gov.az/news-layihe.php?id=2730&lang=az&par=0

Milli Məclis, 2026b. İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində 2027-ci il dövlət büdcəsinin müzakirəsi (Discussion of the 2027 State Budget by the Committee on Economic Policy, Industry and Entrepreneurship), maliyyə nazirinin açıqlaması. https://meclis.gov.az/news.php?id=7032&lang=az

Milli Məclis, 2025b. 2026-cı ildən tətbiq olunan vergi və sosial sığorta dəyişiklikləri haqqında Qanun (Law Amending the Tax Code, the Law on Social Insurance and Other Legislative Acts), 297-VIIQD, maddələr 101.1-1, 164.1.41–164.1.41-4 və sosial sığorta üzrə 14.5.1-2. https://static.president.az/upload/Files/2025/12/29/7a3e34ba6528174f7d60b6ecd030d556_5628101.pdf

Milli Məclis, 2023a. Yerli minik avtomobillərinə ƏDV güzəşti verən 2023-cü il qanunu (Law Amending the Tax Code of the Republic of Azerbaijan). https://president.az/az/articles/view/60489

Dövlət Vergi Xidməti, tarixsiz-a. Qeyri-neft-qaz sektorunun özəl bölməsi üçün yeni gəlir vergisi mexanizmi (New Personal Income Tax Relief Mechanism for the Private Non-Oil and Gas Sector). https://www.taxes.gov.az/az/post/4461

Dövlət Vergi Xidməti, tarixsiz-b. Tez-tez verilən suallar, hibrid avtomobillərin ƏDV-yə cəlb edilməsi (Frequently Asked Questions: VAT on Hybrid Vehicles), sual 5. https://www.taxes.gov.az/az/page/faq

Milli Məclis, 2023b. Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Qanun (Law Amending the Tax Code of the Republic of Azerbaijan), 5 dekabr 2023, əmanətlər üzrə 102.1.22-4, mikrosahibkarlar üzrə 152.3 və 221.1-1. https://www.taxes.gov.az/uploads/2023/qanunvericilik/05122023.pdf

Orxan Nəzərli, 2026. Milli Məclisin komitə iclasında çıxışı (Statement by Orkhan Nazarli, Head of the State Tax Service, at a Parliamentary Committee Meeting), 6 noyabr 2026. https://www.taxes.gov.az/az/post/5124

Beynəlxalq Valyuta Fondu, 2026. Azərbaycan Respublikası üzrə 2026-cı il IV Maddə məsləhətləşməsinin heyət hesabatı (The Republic of Azerbaijan: Staff Report for the 2026 Article IV Consultation), № 26/112, §25–26, 27 may 2026. <https://www.imf.org/en/publications/cr/issues/2026/05/27/the-republic-of-azerbaijan-staff-report-for-the-2026-article-iv-consultation-576375> · <https://www.imf.org/-/media/files/publications/cr/2026/english/1azeea2026001.pdf> 

Jody LaPorte, 2025. "Nüfuzdan qazanc. Azərbaycanda meqatədbirlərin siyasi iqtisadiyyatı" (Profiting from Prestige: The Political Economy of Mega-Events in Azerbaijan). <https://link.springer.com/article/10.1057/s41268-025-00342-z> 

DSK, 2026a. Ölkədə muzdla çalışan işçilərin sayı və əməkhaqqı barədə (Number of Employees and Salaries in the Country), 2026-cı ilin yanvar–sentyabr ayları üzrə əməkhaqqı. <https://www.stat.gov.az/news/index.php?id=7010&lang=az> 

DSK, 2026b. İstehlak qiymətlərinin dəyişməsi (Changes in Consumer Prices), 2026-cı ilin yanvar–sentyabr ayları. <https://www.stat.gov.az/news/index.php?id=6961&lang=az> 

"AzadlıqRadiosu", 2026. "Bu pulla ayın sonunu necə gətirim?! – Gələn ildən pensiyalar fərqli artacaq" ("How Can I Make It to the End of the Month on This Money?!" – Pensions Will Rise Differently Next Year), 6 oktyabr 2026. <https://www.azadliq.org/a/pensiya-indeksasiya/33871158.html> 

DSK, 2026c. "Ev təsərrüfatları tədqiqatının yekunları" (Results of Household Budget Survey), 2026-cı il nəşri, 2025-ci ilin məlumatları. İstehlak xərcləri üzrə qrupların metodologiyası və xərclərin tərkibinə dair 59-cu cədvəl. <https://www.stat.gov.az/menu/6/statistical_yearbooks/source/evtes_2026.pdf> · <https://www.stat.gov.az/menu/6/statistical_yearbooks/source/evtes_2026.pdf#page=71> 

Dövlət Vergi Xidməti, tarixsiz-c. Əməkhaqqından tutulmaların hesablanması (Calculation of Payroll Deductions). 364, 358 və 716 manat mətndəki şərtlərlə hesablanıb. <https://www.taxes.gov.az/az/page/emek-haqqindan-tutulmalarin-hesablanmasi> 

Azərbaycan Respublikasının Prezidenti, 2024. Minimum aylıq əməkhaqqının artırılması haqqında Prezidentin sərəncamı (Presidential Order on Increasing the Minimum Monthly Wage), 23 dekabr 2024. <https://president.az/az/articles/view/67602/print> 

Milli Məclis, 2025c. Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında Qanun (Law on the Subsistence Minimum in the Republic of Azerbaijan for 2026). Əmək qabiliyyətli şəxsə 317 manat, uşağa 260 manat. <https://president.az/az/articles/view/71146/print> 

DSK, 2026d. Ev təsərrüfatları tədqiqatının 2026-cı ilin yanvar–iyun ayları üzrə yekunları (Results of Household Budget Survey, January–June 2026), cədvəl 39. Dörd nəfərlik ev təsərrüfatında adambaşına orta aylıq istehlak xərci 433,1 manatdır. <https://www.stat.gov.az/source/budget_households/az/bul/bul_evtes_2026_1-6.pdf#page=44> 

DSK, 2025. 2024 və 2025-ci illərin noyabr ayını tam işləmiş işçilərin hesablanmış əməkhaqqına və iqtisadi fəaliyyət növünə görə bölgüsü (Distribution of Fully Worked Employees in November 2024–2025 According to Size of Wages and Salaries by Economic Activities), 2025-ci il cədvəli. <https://www.stat.gov.az/source/labour/az/004_11-12.xls> 

Milli Məclis, 2004. Yaşayış minimumu haqqında Qanun (Law on the Subsistence Minimum), maddə 1.0.2. <https://frameworks.e-qanun.az/5/f_5518.html> 

Nazirlər Kabineti, 2005. Nazirlər Kabinetinin minimum istehlak səbətinin tərkibini təsdiqləyən 118 nömrəli qərarı (Cabinet of Ministers Decision No. 118 Approving the Composition of the Minimum Consumer Basket), 23 iyun 2005, konsolidə edilmiş mətn. <https://frameworks.e-qanun.az/10/c_f_10061.html> 

Milli Məclis, 2005a. Ünvanlı dövlət sosial yardımı haqqında Qanun (Law on Targeted State Social Assistance). <https://frameworks.e-qanun.az/10/f_10854.html> 

DSK, 2026e. Ölkədə sosial təminat haqqında (Social Security in the Country), 1 iyul 2026-cı il vəziyyətinə. <https://www.stat.gov.az/news/index.php?id=6890&lang=az> 

DSK, 2026f. "Aylıq makroiqtisadi göstəricilər" (Monthly Macroeconomic Indicators), 2026-cı il yanvarın 1-nə ölkə əhalisinin sayı. <https://www.stat.gov.az/news/macroeconomy.php?arxiv=1&lang=az&page=8> 

DSK, 2026g. "Azərbaycan rəqəmlərdə 2026" (Azerbaijan in Figures 2026), cədvəl 5.3, iqtisadi fəaliyyət növləri üzrə məşğulluq. <https://www.stat.gov.az/menu/6/statistical_yearbooks/source/azfigures_2026.pdf#page=50> 

DSK, 2026h. 2025-ci ildə ümumi daxili məhsul istehsalı (Production of Gross Domestic Product in 2025). <https://www.stat.gov.az/news/index.php?id=6590&lang=en> 

DSK, 2026i. Kənd təsərrüfatı məhsulu istehsalı haqqında (Agricultural Production), yanvar–oktyabr 2026, 13 noyabr 2026. <https://www.stat.gov.az/news/index.php?id=7019&lang=en> 

Azərbaycan Respublikasının Prezidenti, 2026. 2026–2030-cu illər üçün kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı üzrə Dövlət Proqramı (State Programme for 2026–2030 on the Development of Agricultural, Fisheries and Aquaculture Production and Processing in Azerbaijan), §3. <https://president.az/az/articles/view/72533> 

Milli Məclis, 2020. "Sosial sığorta haqqında" Qanuna əvvəlki dəyişiklik (Law Amending the Law on Social Insurance), beş hektaradək torpaq üçün əvvəlki 2 faizlik dərəcə. <https://president.az/az/articles/view/38965> 

Rövşən Ağayev, 2026a. Aqrar vergi layihəsində elektron alış aktı və mühasib xidmətinə ehtiyac barədə paylaşım (Facebook Post on Electronic Purchase Acts and Accounting for Farmers). <https://www.facebook.com/share/p/19pcn2Aqzt/?mibextid=wwXIfr> 

Dövlət Vergi Xidməti, 2024. Elektron alış aktının tətbiqi qaydalarında dəyişiklik (Changes to the Rules for Electronic Purchase Acts). <https://www.taxes.gov.az/az/post/3754> 

Rövşən Ağayev, 2026b. Kiçik fermerlərin və mövsümi işçilərin vergi-sığorta yükü barədə paylaşım (Facebook Post on the Tax and Social Insurance Burden of Small Farms and Seasonal Work). <https://www.facebook.com/share/p/1EPN6tzXqG/?mibextid=wwXIfr> 

Milli Məclis, 2024. Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında Qanun (Law on the 2025 State Budget of the Republic of Azerbaijan), ilkin mətn, maddələr 7.2–7.6. <https://static.president.az/upload/Files/2024/12/27/8a2923c19ec9fa2e68e687545a6bb92b_6706128.pdf> 

Hesablama Palatası, 2025. Hesablama Palatasının 2026-cı il dövlət büdcəsi layihəsinə rəyi (Opinion of the Chamber of Accounts on the Draft State Budget for 2026), §4.3.4. <https://sai.gov.az/files/R%C9%99y_31.10_son%20sayta-67424737.pdf> 

Milli Məclis, 2026c. 2025-ci il dövlət büdcəsinin icrası haqqında Qanun (Law on the Execution of the 2025 State Budget of the Republic of Azerbaijan), maddə 2.2.4. <https://static.president.az/upload/Files/2026/07/07/666a373995599d5fd19ef49c9632ddff_4462424.pdf#page=3> 

Milli Məclis, 2025d. Milli Məclisin 14 fevral 2025-ci il plenar iclasının stenoqramı (Verbatim Record of the Plenary Sitting of the Milli Majlis on 14 February 2025), bələdiyyələrin birləşdirilməsi və Biləsuvarda kənd yolları barədə çıxış. <https://meclis.gov.az/documents/14.02.2025.pdf#page=30> · <https://meclis.gov.az/documents/14.02.2025.pdf#page=44> 

Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyası, tarixsiz. Ölkə bələdiyyələrinin illik büdcə gəlirləri barədə müqayisəli cədvəl (Comparative Table of Annual Municipal Budget Revenues). <https://abma.gov.az/az/haqqmzda> 

DSK, 2023–2025. DSK, 2023, 2024 və 2025-ci illər üzrə bələdiyyə büdcəsinin icrası bülletenləri (Municipal Budget Execution, 2023–2025). <https://www.stat.gov.az/source/finance/index.php?mode=desktop> 

"Report", 2026. Ötən il Azərbaycanda bələdiyyələrin gəliri 5,2 faiz artıb (Municipal Revenues in Azerbaijan Rose by 5.2 Percent Last Year). Ədliyyə Nazirliyinin açıqlaması. <https://report.az/daxili-siyaset/oten-il-azerbaycanda-belediyyelerin-geliri-5-2-faiz-artib> 

Avropa Şurası, 2021. Azərbaycanda yerli özünüidarəetmə, bələdiyyələrin məhdud səlahiyyətləri və zəif maliyyə vəziyyəti (Local Self-Government in Azerbaijan: Few Improvements Observed, Limited Powers and Weak Financial Position of Municipalities Must Be Urgently Addressed), 18 iyun 2021, Stüart Diksonun açıqlaması. <https://www.coe.int/en/web/baku/-/local-self-government-in-azerbaijan-few-improvements-observed-limited-powers-and-weak-financial-position-of-municipalities-must-be-urgently-addressed> 

Avropa Şurası Konqresi, 2021. Azərbaycanda Yerli Özünüidarəetmə haqqında Avropa Xartiyasının tətbiqinin monitorinqi (Monitoring of the Application of the European Charter of Local Self-Government in Azerbaijan), CG(2021)40-21final, 461 saylı tövsiyə və izahlı memorandum, §100. <https://rm.coe.int/monitoring-of-the-application-of-the-european-charter-of-local-self-go/1680a2a356> 

Azərbaycan Respublikasının Konstitusiyası, 1995. (Constitution of the Republic of Azerbaijan), maddə 124. <https://president.az/az/pages/view/azerbaijan/constitution/> · <https://president.az/en/pages/view/azerbaijan/constitution> 

Bell icon

Ən son yeniliklərdən xəbərdar olmaq üçün bülletenimizə abunə olun

Etibarlı e-poçt ünvanı təqdim edin