5 mar 2026

Türkiyənin İran Dilemması

Türkiyənin İran Dilemması

Missile debris discovered in Hatay, Turkiye, after interception during the regional escalation.

ABŞ və İsrailin İrana hücumunun beşinci günündə müharibə Türkiyə torpaqlarına da “sıçradı”. Martın 4-də Türkiyənin Müdafiə Nazirliyi “İrandan atılan, İraq və Suriya hava məkanını keçdikdən sonra Türkiyənin hava sahəsinə yönəldiyi müəyyən edilən ballistik sursatın Aralıq Dənizinin şərqindəki NATO müdafiə sistemləri tərəfindən vurulduğuna” dair rəsmi açıqlama yaydı. Açıqlamada İrandan gələn sursatı vuran hava müdafiə sisteminə aid raketin bir hissəsinin Hatay vilayətinin Dördyol qəsəbəsinə düşdüyü bildirilirdi.  Ankaranın rəsmi mövqeyində “NATO və digər müttəfiqlərlə” məşvərətlərin davam etdiriləcəyi vurğusu yer aldı (MSB, 4 Mart 2026). 

Raketin Türkiyə müdafiə sistemləri ilə deyil, məhz NATO sistemləri ilə düşürülməsinin qeyd olunması xüsusi diqqət çəkir. Prezident Rəcəb Tayyib Ərdoğanın açıqlamasında da NATO vurğusu ön plandaydı: “NATO müttəfiqlərimizlə yaxın məşvərət içində hər cür tədbiri görürük və anında lazımi müdaxiləni edirik” (TRT Haber, 4 Mart 2026). 

Raket hadisəsi  Türkiyənin xarici işlər naziri Hakan Fidanın İranla bağlı siyasi dəyərləndirmələri ehtiva edən və ciddi diskussiyalara səbəb olan  açıqlamalarından cəmi bir gün sonra baş verdi. Fidan martın 3-də verdiyi açıqlamada “İranın regiondakı ərəb ölkələrində yerləşən ABŞ bazalarını birbaşa hədəfə alması atılan addımların daha böyük regional təhlükəsizlik böhranına çevrilməsi ehtimalını artırır” deyərək,  Tehranın həm bu davranışının, həm də Hörmüz boğazını bağlamasının strateji səhv olduğunu söylədi. İranın bu addımlarla “müharibə xərcini” artırmağa, Körfəz ölkələrinin ABŞ və İsrailə təzyiqini təşkil etməyə çalışdığını söylədi, ancaq bu nəticəyə inanmadığını da ifadə etdi. 

İranın Türkiyəni hədəfə alıb-almayacağı ehtimalına isə Fidan “Türkiyə özünü hər zaman qoruyar. Bunun üçün kifayət qədər iradəyə də, qabiliyyətə də sahibik” cümləsiylə cavab verdi (Anadolu Agentliyi, 3 mart 2026).  Türkiyə xarici işlər nazirinin bu mövzudakı ən çox diqqət çəkən cümləsi isə İranın İsrail və ABŞ ilə mübarizəyə hazır olmadığı haqda dəyərləndirməsiydi.  Fidan “Ev tapşırıqlarını yerinə yetirib qabiliyyətlərini inkişaf etdirməmisənsə, İsraillə, Amerika ilə söz dalaşına belə girməməlisən” cümləsiylə Fidan Tehranın müdafiə qabiliyyətini şübhə altına aldı  (Birgün, 4 Mart 2026). 

Bu baxımdan İranın Fidanın açıqlamasından cəmi bir gün sonra Türkiyəni də ballistik raket atdığı region ölkələri sırasına daxil etməsi, Ankaranın test edilməsi  kimi dəyərləndirilə bilər. İrandan hadisə ilə bağlı hər hansı açıqlamanın verilməməsi də bu dəyərləndirməni gücləndirir. Türkiyədəki İran tərəfdarlarının və avrasiyaçıların İran raketinin təsadüfən Hataya doğru yönəldiyinə dair “arqumentlər”  (Doğu Perinçek, X profili, 4 Mart 2026)  axtarmasına baxmayaraq Türkiyənin İran səfirini Xarici İşlər Nazirliyinə çağırması (TRT Haber, 4 Mart 2026b), Müdafiə Nazirliyinin və prezident Ərdoğanın açıqlamalarındakı konkretlik Ankaranın da bu hadisəni məhz Tehranın testi kimi qiymətləndirdiyini göstərir. Eyni zamanda Ankaranın NATO vurğusu bundan sonra Türkiyəni hədəfə ala biləcək bütün hücumların NATO-ya hucum kimi qiymətləndiriləcəyi yönündə Tehrana mesajı kimi dəyərləndirilə bilər. NATO-nun hadisədən dərhal sonra “İranın Türkiyəni hədəfə almasını qınayırıq, Türkiyə daxil müttəfiqlərimizin yanındayıq” açıqlaması da Ankaranın alyans ilə məşvərət mexanizminin artıq dövriyyədə olduğundan xəbər verir (Yeni Şafak, 4 Mart 2026).  Bu qənaəti gücləndirən başqa xüsuslar da var -  İran Silahlı Qüvvələri hadisədən 24 saat sonra “Türkiyəyə raket atmadıq, Türkiyənin suverenliyinə hörmət edirik”  açıqlamasını yaydı, ancaq bundan cəmi bir neçə saat sonra Türkiyə Müdafiə Nazirliyi növbəti dəfə raketin İrandan gəldiyini və Ankaranın NATO ilə koordinasiya içərisində olduğunu vurğulayan açıqlama verdi (MSB, 5 mart 2026). 

Bütün bunlar şübhəsiz ki, Türkiyə üçün aruzlanan mənzərə deyil. İranla Türkiyə arasındakı çox sahəli siyasi, coğrafi, etnik, dini fikir ayrılıqlarına və maraq toqquşmalarına baxmayaraq Türkiyə ABŞ-İsrail-İran müharibəsinin bütün regiona yayılmasında maraqlı deyil. Yanvar ayında ABŞ müdaxiləsinin başlayacağına dair ilk əlamətlər ortaya çıxdığı zaman Türkiyənin də daxil olmasıyla proses nisbətən səngimiş, danışıqlara geri dönülmüşdü, hətta Ankara əsas vasitəçilik missiyasını üzərinə götürərək danışıqlar stolunun İstanbulda qurulmasını təklif etmişdi. Hətta  fevralın əvvəlində  İranın Türkiyənin vasitəçi-ev sahibliyindən imtina edib danışıqları Omana daşıması belə Ankaranın diplomatiya ritorikasını dəyişdirməmiş, Ankara “incik vasitəçi” deyil, problemin müharibəsiz həllində maraqlı tərəfdaş mövqeyini davam etdirmişdi (Khar Center, fevral 2026). 

Fevralın 28-də ABŞ və İsrailin İrana ilk zərbələri başladığı anda da  Türkiyənin qısa müddətli səssizlikdən sonra verdiyi ilk reaksiyanın çərçivəsi  beynəlxalq hüququn xatırladılması-diplomatiyanın davam etdirilməsi-eskalasiyanın genişlənməməsi şəklindəydi. Həm Türkiyə Xarici İşlər Nazirlıiyinin, həm prezident Rəcəb Tayyib Ərdoğanın açıqlamalarında ABŞ və İsrailin hücumunun İranın suverenliyinin pozulması kimi dəyərləndirildi, eyni zamanda İranın eskalasiyanı Körfəz ölkələrinə doğru genişləndirməsinin qəbul edilməzliyi vurğulandı (AA, fevral 2026, İletişim Başkanlığı, 1 mart 2026). Xarici işlər naziri Hakan Fidan isə yenidən müzakirə masasının qurulması üçün səy göstərdiklərini söylədi.  

Türkiyənin bu pozisiyası hər kəs üçün aydın və başa düşüləndir.  Qaradənizdə Ukrayna, Yaxın Şərqdə İraq, Suriya kimi qeyri-stabillik coğrafiya ilə əhatə olunan, İsrail ilə münasibətləri gərgin olan  Ankara qonşuluğunda yeni bir münaqişə ocağının olmasını əlbəttə, istəmir.  Eyni zamanda Ankara yaşanan bu böhranı İsrailin regional hegemoniya təşəbbüslərinin bir hissəsi kimi dəyərləndirir və bu Təl-Əvivlə münasibətlərin indiki səviyyəsində Ankaranın qarşısına ciddi problem kimi çıxır (The National, 4 Mart 2026).

İran müharibəsi Türkiyə üçün mövcud olan digər böhranların hamısından daha çox risk ehtiva edir.  Bunlardan birincisi birbaşa təhlükəsizliklə bağlıdır -  Türkiyə Yaxın Şərq üzərindəki raket-dron hərəkətliliyinin ən yaxın sapma nöqtələrindən (4 mart hadisəsi göstərdi ki, həm də hədəflərindən) biridir. Bu təhdidin davam etməsi Türkiyəni diplomatiya-danışıqlar mövqeyindən eskalasiya-tərəf mövqeyinə çəkə bilər. 

İkincisi, Ankara həm NATO üzvü olaraq Qərblə işləyən, həm də İran və Körfəz ölkələri ilə əlaqələrini qoruyan aktyor kimi ön planda qalmaq istəyir. Eskalasiyanın davam etməsi bu balansı poza bilər.  

Üçüncü təhdid enerji və ticarətlə bağlıdır - Hörmüz boğazının bağlanması və ümumiyyətlə ABŞ-İran eskalasiyasının doğurduğu enerji şoklarının təsirləri  Türkiyə kimi enerji idxalçısı olan ölkələrdə daha tez və daha ağır şəkildə hiss edilə bilər.  Ankara son illərdə Körfəz ölkələri ilə münasibətləri ticarət üzərindən düzəltməyə və inkişaf etdirməyə çalışır. Regiondakı eskalasiya bu siyasət üçün birbaşa təhdid yaradıb. 

Dördüncüsü, ABŞ və İsrailin İran rejiminə qarşı müdaxilə-üsyan niyyəti ilə kürdlərdən istifadə etmə planları Türkiyə üçün olduqca arzuolunmaz ssenarilər vəd edir.  Son xəbərlərə görə, ABŞ prezidenti Donald Trump İranda mümkün silahlı kürd üsyanı üçün İran və İraq kürdləri ilə müzakirələr aparır. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin planının kürd  üsyanının İran ordusunun diqqətini ölkənin şimal-qərbinə çəkəcəyinə və Tehran kimi mühüm şəhərlərdə iranlıların inqilabi dəyişikliklərə başlayacağını asanlaşdıracağına hesablandığı bildirilir. (CNN, 4 mart 2026).  

ABŞ və İsrailin İran kürdlərini silahlandırdığı haqda iddialar yeni deyil, Vaşiqnton və Təl-Əvivin İranda mümkün sabitliyi pozma elementi kimi PKK-nın  İrandakı qolu olan  PJAK-ı dəstəklədiyi iddiası çoxdan var (Kardaş, 2009) . Hər nə qədər Obama iqtidarı dövründə PJAK terror təşkilatı kimi tanınsa da  İsrail ilə İran arasında keçən ilki 12 günlük müharibədən sonra  Vaşinqton və Təl-Əvivin kürdləri dəstəkləməsi məsələsi yenidən aktuallaşıb (Washington İnstitute, 2025). İngiltərənin İTV News kanalı ABŞ və İsrailin keçən ildən bəri İrandakı minlərlə kürdü silahlandırdığını və mümkün silahlı üsyanın bir neçə gün içərisində başlaya biləcəyini iddia edir. Bunun üçün kürdlərin ABŞ və İsraildən hava dəstəyi istədiyi bildirilir (İTV News, 4 mart 2026). 

ABŞ-ın bu plan barədə Ankara ilə müzakirələr aparıb-aparmadığına dair hər hansı məlumat yoxdur. Ağ Ev sözçüsü martın 5-də verdiyi açıqlamada “Prezidentin belə bir planı təsdiqlədiyini iddia edən xəbərlər tamamilə yanlışdır” deyib (AA, 5 Mart 2026). Ancaq bu, planın təsdiqlənməyəcəyi mənasına da gəlmir.

Bu plan Türkiyə üçün ciddi risklər ehtiva edir. İraq kürdləri İrandakı kürdlərin üsyanına dəstək verərsə, Tehranın Şimali İraqı vurması ehtimalı var ki, bu da Türkiyənin bölgədəki mövcud maraqlarına hücum və Tehranla qarşı-qarşıya qalma mənasına gəlir (Kınıklıoğlu, 4 mart 2026). Daha vacibi isə mümkün kürd silahlı üsyanının hədəfinin Türkiyə-İran koridorundakı ən strateji regionun - Qərbi Azərbaycan vilayətinin olacağı  ehtimalı yüksəkdir.  Bu da bir neçə cəhətdən Ankara üçün risk təşkil edir. Bu region “terrorsuz Türkiyə” hədəfini açıqlayan Ankara üçün ən həssas nöqtədə - kürdlərin çoxluqda yaşadığı Hakkaridən Iğdıra qədər uzanan böyük bir sərhəddə yerləşir. Digər tərəfdən sərhəddin o tayında da vəziyyət çox stabil deyil -  Qərbi Azərbaycan İranda həm kürd milliyyətçiliyinin, həm də türk milliyyətçiliyinin əsas mərkəzi rolundadır və bu da mümkün bir kürd silahlı üsyanının sərhədinin yalnız İran rejimi ilə məhdudlaşmayacağını,  eyni zamanda Urmiya, Nağada, Salmas, Xoy, Maku kimi şəhərlərdə etnik toqquşmanı da alovlandıra biləcəyi ehtimalının yüksək olduğunu deməyə əsas verir. Hətta kürd üsyanı ABŞ və İsrailin istədiyi kimi sürətli və hədəfli nəticə verməsə belə, eskalasiyanın özü İrandan Türkiyəyə yüz minlərlə qaçqının  (türk və kürd)  gəlməsinə səbəb ola bilər (Kınıklıoğlu, 4 mart 2026).  Bu da Ankara üçün əlavə maddi-siyasi-təhlükəsizlik problemləri deməkdir (The National, 4 mart 2026). Türkiyə Müdafiə Nazirliyinin son açıqlamasında (MSB, 5 Mart 2026) PJAK terror təşkilatına diqqət çəkilməsi, bu kimi etnik bölücülüyü qızışdıran strukturların yalnız İranın deyil, bütün regionun təhlükəsizlik və əmin-amanlığına təsir etdiyinin vurğulanması da Ankara üçün bu məsələnin həssaslığını göstərir. 

Nəhayət, Ankara üçün digər həssas məsələ də İranın eskalasiyanı sadəcə Körfəz və Yaxın Şərqlə məhdudlaşdırmayacağına dair əlamətlərlə bağlıdır. Bunun bir nümunəsi də bu gün baş verdi - İran dronları Azərbaycan ərazisini - Naxçıvan beynəlxalq hava limanını və digər mülki infrastrukturu vurdu (APA, 5 Mart 2026). Hadisə Azərbaycan prezidenti İlham Əliyevin İran səfirliyinə başsağlığına getməsindən (Prezident.az, 4 Mart 2026) 24 saat keçmədən baş verdi. Azərbaycan tərəfi hadisənin məsuliyyətini birmənalı olaraq İranın daşıdığını bildirdi. Müdafiə Nazirliyi isə bu addımın cavabsız qalmayacağına dair açıqlama yayıb (MOD, 5 mart 2026).  

Bu hadisə Türkiyəni yalnız hərbi müttəfiqliyi də nəzərdə tutan Şuşa Bəyannaməsi öhdəlikləri çərçivəsində maraqlandırmır, eyni zamanda Naxçıvanın Qars müqaviləsinə görə Türkiyə təminatı altındakı Azərbaycan torpağı olması səbəbilə (BBC, 2014) ikiqat əhəmiyyətli edir.

Gedişat Türkiyənin istəməsə də  baş verməsində maraqlı olmadığı və mümkün olan ən qısa müddətdə bitməsini istədiyi müharibənin içinə çəkildiyini və vəziyyətin mürəkkəbliyinin gedərək artdığını göstərir. Bu müharibə Ankaranın nisbətən daha asan manevrlər edə bildiyi və tərəfsizlik iddiasında olduğu Rusiya-Ukrayna müharibəsinə bənzəmir.  Məsafələr daha yaxın, risklər daha yüksək,  münasibətlər daha mürəkkəbdir. Ərdoğan iqtidarı bir yandan regionda müharibə və İranda qeyri-sabitlik istəmir, ancaq digər tərəfdən ABŞ prezidenti Donald Trump ilə son dövrdə istiləşən münasibətləri pozmaqda da maraqlı deyil. Hər nə qədər Ərdoğan ABŞ-İsrail müdaxiləsini İranın suverenliyinin və beynəlxalq hüququn pozulması kimi dəyərləndirsə də, eskalasiyanın daha da artması Ankaranı Trumpın koordinasiya tələbləri ilə qarşı-qarşıya qoya bilər. Ekspertlər hələlik bu koordinasiya tələbinin  birbaşa müdaxilə deyil, müşahidə, erkən xəbərdarlıq kimi formalarda ola biləcəyini proqnozlaşdırsalar da  bu, mahiyyəti ciddi ölçüdə dəyişdirmir (The National, 4 mart 2026). Bu ehtimalın reallaşması isə Türkiyəni başqa bir ziddiyyətlə qarşı-qarşıya qoya bilər - Qəzzada İsraillə düşmən mövqeyindən İranda dolaylı tərəfdaşlıq mövqeyinə keçid kimi. Türkiyə iqtidarına yaxın şəxslərin son bir neçə gündə dilə gətirdiyi “Misir kimi İsrail ilə də dialoq və birbaşa açıq diplomatiya aparılmalıdır” fikri də bu istiqamətdəki nəbz yoxlaması kimi dəyərləndirilə bilər (T24, 1 Mart 2026). 

Nəticə əvəzi 

Ankara riskləri minimuma endirmək üçün diplomatiya xəttini davam etdirməyə çalışsa da, artıq regionda yeni bir reallıq mövcuddur. Bu reallıq  regiondakı bütün ölkələr kimi Ankaranın da yeni bir güc balansı ilə qarşı-qarşıya qalmasından ibarətdir.  Bu balansın bir yanında  nə bahasına olursa olsun Tehrandan istədiyini əldə etməkdə qərarlı görünən ABŞ və İsrail, digər tərəfində isə ABŞ və İsrail ilə birlikdə Körfəz qonşuları ilə də körpüləri yandıran İran var. Üstəlik balansın bir tərəfindəki (ABŞ-İsrail) güclərlə münasibətlərin qarışıq-mürəkkəb xarakteri də Ankaranı başqa bir dilemma ilə qarşı-qarşıya qoyur.

Şübhəsiz ki, Ankara bu hadisələrin maraqlarına ziddi inkişafının qarşısını alacaq gücdə deyil. Türkiyə  hələlik bir tərəfdən beynəlxalq hüquq vurğusuyla ABŞ-İsrail koalisiyasında yer almadığını nümayiş etdirməyə çalışarkən digər tərəfdən Türkiyə hava məkanına qədər uzanan fiziki təhdid reallığına “NATO müttəfiqləri ilə məşvərət içində” vurğusuyla cavab verərək manevr sahələrini qorumağa çalışır. Amma eskalasiyanın uzanması və dərinləşməsi bu manevr sahələrini daha da daraldacaq.  Bu baxımdan Hakan Fidanın İran üçün dediyi “ev tapşırıqlarını yerinə yetirməmisənsə, qabuliyyətini inkişaf etdirə bilməmisənsə, ABŞ və İsrail ilə söz dalaşına belə girməməlisən” sözləri Ankaranın özü üçün də bir sınama testinə çevrilə bilər. 




İSTİNADLAR 

T.C. Milli Savunma Bakanlığı. 4 Mart 2026. Etkisiz Hâle Getirilen Balistik Mühimmat ile İlgili Açıklama. https://www.msb.gov.tr/SlaytHaber/07143319492f4a9b96207d73c28616c4


TRT Haber. 4 Mart 2026a. Cumhurbaşkanı Erdoğan: NATO ile birlikte gerekli müdahalede bulunuyoruz. https://www.trthaber.com/haber/gundem/cumhurbaskani-erdogan-nato-ile-birlikte-gerekli-mudahalede-bulunuyoruz-936505.html


Anadolu Agentliyi, 3 Mart 2026.  Bakan Fidan: Sükunetin sağlanması ve yeniden bir barış ortamı oluşması için yoğun bir çaba içindeyiz. https://www.aa.com.tr/tr/gundem/bakan-fidan-sukunetin-saglanmasi-ve-yeniden-bir-baris-ortami-olusmasi-icin-yogun-bir-caba-icindeyiz/3847839


BirGün. 4 Mart 2026. Hakan Fidan’dan İran yorumu: Sen yeteneklerini geliştirmediysen İsrail’le, Amerika’yla ağız dalaşına bile girmemen lazım. https://www.birgun.net/haber/hakan-fidandan-iran-yorumu-sen-yeteneklerini-gelistirmediysen-israille-amerikayla-agiz-dalasina-bile-girmemen-lazim-697288


X, Doğu Perinçek, 4 Mart 2026. https://x.com/Dogu_Perincek/status/2029261538360471802


TRT Haber. 4 Mart 2026b. İran Büyükelçisi Dışişleri'ne çağrıldı. https://www.trthaber.com/haber/gundem/iran-buyukelcisi-disislerine-cagrildi-936500.html


Yeni Şafak, 4 Mart 2026. NATO Sözçüsü:Türkiye dahil tüm müttefiklerin yanındayız. 

https://www.yenisafak.com/gundem/nato-sozcusu-turkiye-dahil-tum-muttefiklerin-yanindayiz-4802916


MSB, 5 Mart 2026.Millî Savunma Bakanlığında Haftalık Basın Bilgilendirme Toplantısı Gerçekleştirildi

https://www.msb.gov.tr/SlaytHaber/d242abb9e6124e038ee0496fe62dc0ed


KHAR Center, fevral 2026. Ankaranın sülh ambisiyası: hər masada olmaq istəyən ölkə, heç bir masada görünmür. https://www.kharcenter.com/arasdirmalar/ankaranin-sulh-ambisiyasi-her-masada-olmaq-isteyen-olke-hec-bir-masada-gorunmur


Anadolu Agentliyi,  fevral 2026. Türkiye calls on US, Israel and Iran to cease hostilities immediately. https://www.aa.com.tr/en/turkiye/turkiye-calls-on-us-israel-and-iran-to-cease-hostilities-immediately/3843702


T.C. İletişim Başkanlığı. 1 Mart 2026. Recep Tayyip Erdoğan: ABD ve İsrail’in İran’a yönelik saldırısı, İran’ın egemenliğini açıkça ihlal etmektedir. İran’ın körfez ülkelerine yönelik saldırısı da kabul edilemez (1TV). https://www.iletisim.gov.tr/turkce/dis_basinda_turkiye/detay/recep-tayyip-erdogan-abd-ve-israilin-irana-yonelik-saldirisi-iranin-egemenligini-acikca-ihlal-etmektedir-iranin-korfez-ulkelerine-yonelik-saldirisi-da-kabul-edilemez-1tv


The National,  4 Mart 2026. How is Turkey responding to the US-Israel-Iran war? https://www.thenationalnews.com/news/mena/2026/03/04/how-is-turkey-responding-to-the-us-israel-iran-war/


CNN, 4 Mart 2026. CIA working to arm Kurdish forces to spark uprising in Iran, sources say. https://edition.cnn.com/2026/03/03/politics/cia-arming-kurds-iran


Kardaş, Saban. 26 Mart 2009. PJAK, Iran and the United States: Kurdish Militants Designated Terrorists by the United States. https://jamestown.org/pjak-iran-and-the-united-states-kurdish-militants-designated-terrorists-by-the-united-states/


Washington İnstitute, 2025. Caution and Fear of a Crackdown: Iranian Kurdish Opposition Responses to the Israel-Iran Conflict. https://www.washingtoninstitute.org/policy-analysis/caution-and-fear-crackdown-iranian-kurdish-opposition-responses-israel-iran


İTV News. 4 Mart 2026. United States seeking an armed uprising inside Iran, with ground operation expected within days. https://www.itv.com/news/2026-03-03/united-states-seeking-an-armed-uprising-inside-iran


AA, 5 Mart 2026. Beyaz Saray: Trump’ın İrana yönelik kürt grupları silahlandırma planına onay verdiği iddiası tamamen yanlış

https://www.aa.com.tr/tr/dunya/beyaz-saray-trumpin-irana-yonelik-kurt-gruplari-silahlandirma-planina-onay-verdigi-iddiasi-tamamen-yanlis/3850411


Kınıklıoğlu, Suat. 4 Mart 2026. Suat Kınıklıoğlu yazdı: İran Kürtleri ve tehlikeli ayaklanma senaryoları. https://medyascope.tv/2026/03/04/suat-kiniklioglu-yazdi-iran-kurtleri-ve-tehlikeli-ayaklanma-senaryolari/


APA, 5 Mart 2026. Azərbaycan MN: İranın dron zərbələri ilə bağlı zəruri cavab tədbirləri hazırlanır, bu hücum aktları cavabsız qalmayacaq.

https://apa.az/herbi/azerbaycan-mn-iranin-dron-zerbeleri-ile-bagli-zeruri-cavab-tedbirleri-hazirlanir-bu-hucum-aktlari-cavabsiz-qalmayacaq-944886


Prezident.az, 4 Mart 2026. İlham Əliyev İranın ölkəmizdəki səfirliyində olub, başsağlığı verib.

https://president.az/az/articles/view/71771


MOD, 5 mart 2026. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin açıqlaması. https://mod.gov.az/az/news/azerbaycan-respublikasi-mudafie-nazirliyinin-aciqlamasi-56663.html


BBC, 2014. 21-ci ilin Qars müqaviləsi: bu necə baş verdi?

https://www.bbc.com/azeri/azerbaijan/2014/10/141014_kars_agreement


T24, 1 Mart 2026. Eski AKP'li Birinci'den "İran" yorumu: Mısır ile yürütülen diplomasi diyaloglarının benzeri, mecburiyetten İsrail ile de başlatılmalı. https://t24.com.tr/gundem/eski-akpli-birinciden-iran-yorumu-misir-ile-yurutulen-diplomasi-diyaloglarinin-benzeri-mecburiyetten-israil-ile-de-baslatilmali%2C1303480

Bell icon

Ən son yeniliklərdən xəbərdar olmaq üçün bülletenimizə abunə olun

Etibarlı e-poçt ünvanı təqdim edin