8 iyl 2026

Sədaqət və itaət: Trumpın Ankara səfəri və Ərdoğanın legitimlik baqajı

Sədaqət və itaət: Trumpın Ankara səfəri və Ərdoğanın legitimlik baqajı



Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO sammitinə gələn ABŞ prezidenti Donald Trumpı böyük bir təmtəraqla və çox sayda simvollarla qarşıladı. Trump xüsusi olaraq onun gəlişi və NATO sammiti üçün yeni açılan Ankara hava limanına rəsmi qarşılanma mərasimi ilə ayaq basdı. Ərdoğan Trumpı ənənəvi protokol qaydalarından çıxaraq hava limanında qarşıladı. Türkiyə və dünya mediası da Trumpın açıqlamalarından öyrəndi ki, Türkiyə prezidenti yeni hava limanındakı binalardan birinə ABŞ prezidentinin adını verib. 

Ərdoğan Trumpın qoluna girərək populist kütləsi üçün səmimi pozlar verdikdən, Trump Qətərin hədiyyə etdiyi 800 milyon dollarlıq təyyarəsini Ərdoğana göstərdikdən sonra ikili dövlət məmurlarının tətilə göndərildiyi, Ankaranın yeni təmir edilmiş, çiçəklər və dekorlarla bəzədilmiş, ayıbları NATO loqolu örtüklərlə gizlədilmiş və xalqın hərəkətinə bağlanmış boş küçələriylə Beştəpə Sarayına keçdilər. Trump, şərəfinə yenilənmiş yolları çox bəyəndiyini də mətbuat konfransında ifadə etdi (TRT Haber, 2026). 

Türkiyə prezidentinin uzun aylar mübahisə mövzusu olmuş iqamətgahında - Beştəpə Külliyyəsində də Trumpı bol tarixi simvolizm və təmtəraq gözləyirdi. Məşhur Türk Ulduzları havada ABŞ bayrağını çizərkən bir tərəfdə yüksək səviyyəli mərasimlərdə görülən Prezidentin Mühafizə Alayının Atlı Mərasim Birliyi, digər tərəfdə isə Osmanlı İmperiyasının hərbi simvolları - Yeniçəri geyimli hərbçilər ABŞ prezidentini qarşılamaq üçün düzülmüşdü. Daha sonra isə Trump 16 Türk dövlətinin bayraqları və onların geyimlərini geyinmiş hərbçilərin düzüldüyü pilləkanlardan çıxdı və verdiyi açıqlamalarla Ərdoğanın on illərdir davam edən avtoritar rejiminə bu günə qədərki ən güclü dəstək nümayişinə imzasını atdı. Türkiyə prezidenti Trumpdan sadəcə bol tərif deyil, həm də daxili və xarici siyasətdə yüksək səslə istifadə edə biləcəyi mühüm vədlər əldə etməyə nail oldu. Bu, Ərdoğan üçün aylardır hazırlaşdığı NATO sammitinin ən mühüm nəticəsi idi…

Sevgi dili - itaət 

Donald Trumpın Ərdoğan ilə xüsusi münasibətlərinin olduğu, ABŞ prezidentinin Avropalı liderləri hər fürsətdə aşağılayarkən Türkiyəli həmkarını “çətin adamdır, amma onu sevirəm”, “güclü liderdir, ölkəsini gücləndirir”, “ona hörmət edirəm” kimi ifadələrlə mükafatlandırması artıq kimsə üçün sirr deyil. Trump bu tərifləri Ankarada da davam etdirdi: “Ərdoğan ilə kimyamız uyğunlaşdı, çox yaxşı liderdir, çox yaxşı dostuq” dedi. NATO sammitinə məhz Ərdoğanın xətri üçün gəldiyini bildirdi. İran müharibəsində ona dəstək verməyən avropalı liderləri aşağılayarkən onların fonunda Türkiyə prezidentini təriflə mükafatlandırdı. 

Bu səxavətin səbəbi isə yenə Trumpın açıqlamalarının sətir aralarındaydı. ABŞ prezidenti Ərdoğanın ünvanına təriflər yağdırarkən dəfələrlə sədaqət vurğusunu önə çıxardı  - “Bu adam mənə qulaq asır”, “İran məsələsində mənə qulaq asdı”, “Türkiyə çox sadiq müttəfiqdir” cümlələriylə Ərdoğanın ona problem yaratmayan tərəfdaş olduğunu xüsusi qeyd etdi. ABŞ prezidenti daha əvvəl də Ərdoğanın İran məsələsində onun sözünə qulaq asdığını söyləmişdi. Bu dəfə isə Ərdoğana olan sevgisinin kökündə məhz Türkiyə prezidentinin ona qarşı çıxmaması olduğunu daha açıq şəkildə ifadə etdi: “Bilirsiniz ki, bir rahib Brunson hadisəsi vardı, travmatik bir hadisəydi. Uzun həbs cəzası ilə qarşı-qarşıyaydı. Günahsız olduğunu düşünürdüm. Bir çox insan zəng vurdu, heç bir nəticə olmadı. Mən prezidentə zəng vurdum və dərhal azad etdi. Bunu heç vaxt unutmaram” (TRT Haber, 2026). 

İlk baxışda tərif kimi görünən bu cümlələr əslində Türkiyə iqtidarı üçün travmatik bir hadisəyə işarə edir. İzmirdə uzun illər fəaliyyət göstərən amerikalı rahib Andrew Brunson 2016-cı ildəki çevriliş cəhdindən sonra Türkiyədə saxlanıldı və ona FETÖ və PKK ilə əlaqə, həmçinin casusluq ittihamları irəli sürüldü.  20 aydan çox həbsdə qalan Brunson ittihamları rədd edirdi (Reuters, 2018 a).   Dövrün ABŞ prezidenti Donald Trump və vitse-prezident Mike Pence Türkiyədən Brunsonun azad edilməsini tələb etdilər, bu tələb yerinə yetirilməyincə  2018-ci ilin yayında ABŞ Türkiyənin ədliyyə və daxili işlər nazirlərinə sanksiya tətbiq etdi. Daha sonra Türkiyədən polad və alüminium idxalına tarifləri artırdı (Reuters, 2018 b). Ərdoğan böhranın ilk günlərində Trumpa “Bu bəndə  iqtidarda olduğu müddətcə o terroristi ala bilməzsən” deyə meydan oxusa da (İHA, 2018),  10 ay sonra türk məhkəməsi Brunsona cəmi 3 il 1 ay 15 gün cəza verdi, onu da həbsdə yatma müddətinə saydı və amerikalı rahib Amerikaya geri döndü (AA, 2018). Böyük gərginlikdən və meydan oxumalardan sonra verilən bu qərarın səbəbini isə Trump düz bir il sonra - 2019-cu ildə Ərdoğana yazdığı və Ağ Ev tərəfindən yayılan aşağılayıcı Suriya məktubunda bu sözlərlə açıqladı: “Gəlin yaxşı bir razılaşma hazırlayaq! Siz minlərlə insanın qətlə yetirilməsinə görə məsuliyyət daşımaq istəməzsiniz, mən də Türkiyə iqtisadiyyatını məhv etməyə görə məsuliyyət daşımaq istəmirəm — amma bunu edərəm. Mən artıq Rahib Brunson məsələsində sizə bunun kiçik bir nümunəsini göstərmişəm… Sizin bəzi problemlərinizi həll etmək üçün çox çalışmışam. Dünyanı məyus etməyin. Siz böyük bir razılaşma əldə edə bilərsiniz. General Mazlum sizinlə danışıqlar aparmağa hazırdır və o, keçmişdə heç vaxt etməyəcəkləri güzəştləri etməyə də hazırdır….Əgər bu işi düzgün və insani yolla həll etsəniz, tarix sizə müsbət baxacaq. Əgər yaxşı şeylər baş verməsə, tarix sizi əbədi olaraq şeytan kimi xatırlayacaq. Sərt oğlan olmağa çalışmayın. Axmaq olmayın!” (PBS, 2019).

2025-ci ildən sonra Trump aşağılama və hədə dilini  bir çox ölkəyə və liderə münasibətdə də nümayiş etdirməyə başlamasına baxmayaraq, bu dəfə Ərdoğana münasibətdə hər zaman sayğılı davrandı. Səbəbi isə açıqdı - Trumpın da ifadə etdiyi kimi - Ərdoğan onun üçün düşündüyündən daha sadiq və itaətkardır…

Hədiyyələri və reallıqlar 

Trump Türkiyəyə gəlmədən əvvəl Ərdoğana bir hədiyyəsinin olacağını söyləmişdi. Ankarada isə iki “hədiyyə” açıqladı. Bunlardan birincisi F-35 təyyarələrinin Türkiyəyə satışına qoyulan qadağanın, digəri isə Türkiyə hərbi sənayesinin inkişafı qarşısındakı ən böyük maneələrdən biri olan CAATSA sanksiyalarının ləğvi məsələsidir. Trump iki məsələdə də yaşıl işıq yandırdı, “dostlarımıza sanksiya tətbiq etməməliyik” dedi. Jurnalistlərin F-35 və CAATSA sanksiyalarının Türkiyənin Rusiyadan aldığı S-400 sistemlərinin vəziyyətinə bağlı olduğunu xatırlatmasına isə “Türkiyə ilə bağlı hər hansı narahatlığım yoxdur” cavabını verdi. Ərdoğan da ABŞ prezidentinin 5 ədəd F-35 satışı üçün söz verdiyini xatırladaraq “Hörmətli Trumpın hər zaman verdiyi sözləri yerinə yetirdiyini bilirəm” cümləsiylə razılaşmanı təminat altına almağa çalışdı (Reuters, 2026).  Türkiyə Ərdoğanın qeyd etdiyi 5 ədəd F-35-lərin pulunu (1,4 milyard dollar) ödəyib, lakin sanksiyalardan sonra beynəlxalq konsorsiumdan çıxarıldığı üçün təyyarələri ala bilməyib. 

Ancaq Trump və Ərdoğanın Ankarada bayram havası yaradan bu açıqlamalarına baxmayaraq F-35 və CAATSA problemini bir cümlə ilə  aşmaq o qədər də asan  deyil. Çünki iki məsələ də Türkiyənin əlindəki S-400-lərlə bağlı qərar verməsi şərtinə bağlıdır.  Türkiyə sanksiyalardan xilas olmaq və F-35 proqramına yenidən qoşulmaq üçün Rusiyadan aldığı S-400 hava müdafiə sistemlərini işlətməməli və saxlamamalıdır. ABŞ administrasiyası və Ankara uzun müddətdir ki, S-400 sistemləri ilə bağlı ortaq variant tapmağa çalışırlar. Bununla bağlı müxtəlif versiyalar səslənir - sistemə ABŞ ilə ortaq nəzarət, S-400-lərin sisteminin yararsız hala salınması, üçüncü ölkəyə verilməsi və s kimi. Ancaq bu məsələdə hələ də razılığa gəlmək mümkün olmayıb (Khar Center, 2025, Reuters, 2026). 

Trumpın ABŞ-ın Rəqiblərinə Qarşı Sanksiyalar Qanununun - CAATSA-nın ləğvi ilə bağlı qərar vermə səlahiyyəti olsa da, Türkiyə adından təminat vermə öhdəliyi də mövcuddur. Belə ki, 2021-ci ildə qəbul edilən NDAA ( National Defense Authorization Act) prezidentə CAATSA-nı ləğv etmə səlahiyyəti verir. Ancaq bunun üçün  Trump Konqresə Türkiyə adından S-400-lərin ləğvinə və bir daha Rusiyadan bənzər sistemlərin alınmayacağına dair təminat verməlidir (Congress.gov, 2021) ABŞ administrasiyası Konqres maneəsini asanlıqla aşmaq üçün xeyli müddətdir çalışır. Keçən ay ABŞ vitse-prezidenti JD Vance müdafiə naziri Pete Hegsethin rəhbərliyi altında Pentaqon rəsmilərinin Türkiyənin F-35-ləri almaq üçün ABŞ tərəfindən müəyyən edilən qanuni kriteriyaları yerinə yetirib-yetirmədiyini araşdırdığını açıqlamışdı. Trumpın yaxın dostu olan respublikaçı senator Lindsey Graham isə Trumpın Ankaraya gəldiyi gün  CAATSA-nın ləğvi həmləsinin Konqresdə müqavimətlə qarşılaşa biləcəyini açıqladı. Xüsusilə Türkiyənin İsrail ilə gərgin münasibətlərinin Konqresdə bu qərara mane olacağını bildirdi (Al Monitor, 2026).  CAATSA Türkiyənin yalnız F-35 almasına mane olmur, eyni zamanda Türkiyənin özünün istehsal etməyə çalışdığı beşinci nəsil KAAN qırıcıları üçün lazım olan ABŞ istehsalı jet mühərriklərinin ixracat lisenziyası da daxil olmaqla mühüm müdafiə sənayesi layihələrinin inkişafını əngəlləyir. Trumpın Ankarada verdiyi açıqlama bu əngəllərin aradan qaldırılması üçün siyasi qərarın verildiyini göstərir. Ancaq siyasi qərar hələ prosedurların tezliklə tamamlanması demək deyil. 

Nəticə əvəzi - Ərdoğanın legitimlik baqajı 

Şübhəsiz ki, Trumpın Ankarada verdiyi vədlərin reallığa çevrilməsi, Ərdoğan üçün əvəzolunmaz diplomatik uğur olar. CAATSA sanksiyalarının ləğvi, F-35 satışının önünün açılması, yerli qırıcı üçün mühərrik tədarükünün başlaması, Türkiyənin müdafiə sənayesinin qlobal imkanlara qovuşması kimi hadisələr Ankaranı mövcud statusundan dəfələrlə irəliyə daşıyar. Ancaq hətta bu vədlər həyata keçməsə - prosedurlara, ABŞ qanunlarına, Konqresin müqavimətinə, İsrailin, Yunanıstanın,  Cənubi Kiprin etirazlarına ilişsə belə, Trumpın səfəri Ərdoğana ehtiyac duyduğu ən mühüm hədiyyəni verdi. Bu hədiyyənin adı beynəlxalq və daxili leigimlikdir. Trump Ərdoğanı “güclü lider”, “çox yaxşı dost”, “sadiq müttəfiq” kimi ifadələrlə tərifləyərək sadəcə beynəlxalq platformada onun arxasında olduğunu nümayiş etdirmədi, eyni zamanda Türkiyədə illərdir formalaşmaqda olan və son bir neçə ildə xüsusilə sərtələşən avtoritar idarəçilik modelinin legitimliyinə də öz dəstəyini nümayiş etdirdi. 

NATO sammiti ərəfəsindəki total həbslər, repressiyalar, müxalifətə qarşı etibarsızlaşdırma kampaniyası, müstəqil medianın NATO zirvəsinin ətrafından belə uzaqlaşdırılması kimi “isti faktlar”ın göz deşməsinə baxmayaraq bütün bunlar Ərdoğanın avtoritar qonaqpərvərliyinin arxasındakı sədaqətin və itaətin kölgəsində qaldı. Ölkədə iqtisadi böhranın dərinləşdiyi, ictimai narazılıqları boğmağın mümkün olmadığı, seçki diskussiyalarının başladığı dövrdə bu səfər Ərdoğan üçün daxili siyasətdə istifadə ediləcək qiymətli legitimlik baqajıdır.


Qeyd: Oxuduğunuz yazı orijinal olaraq Azərbaycan dilində yazılmışdır.




İSTİNADLAR 


TRT Haber, 2026. Trump: Sayın Erdoğan olmasaydı NATO zirvesine katılmazdım. 

https://www.trthaber.com/haber/gundem/trump-sayin-erdogan-olmasaydi-nato-zirvesine-katilmazdim-950524.html


Reuters, 2018 a. U.S. Christian pastor leaves Turkish prison after court ruling. https://www.reuters.com/article/world/us-christian-pastor-leaves-turkish-prison-after-court-ruling-idUSKBN1KF1NS/?


Reuters, 2018 b. Erdogan says U.S. set deadline for pastor's release. https://www.reuters.com/article/world/erdogan-says-us-set-deadline-for-pastors-release-idUSKBN1KX0LC/


İHA, 2018. Erdoğan resti çekti! 'Ya bu ülkeyi terk edersiniz ya da...'

https://www.iha.com.tr/haber-erdogan-resti-cekti-ya-bu-ulkeyi-terk-edersiniz-ya-da-702899


AA, 2018. Turkich court releases us Pastor Andrew Brunson. https://www.aa.com.tr/en/todays-headlines/turkish-court-releases-us-pastor-andrew-brunson/1280103?


PBS, 2019.Read Trump's full letter to Turkey's Erdogan: 'Don't be a tough guy. Don't be a fool!'. https://www.pbs.org/newshour/world/read-trumps-full-letter-to-turkeys-erdogan-dont-be-a-tough-guy-dont-be-a-fool?


Reuters, 2026. Trump says U.S. will lift sanctions on Turkey, heaps praise on Erdogan. https://www.reuters.com/world/middle-east/trump-expected-tell-turkey-he-is-ready-restore-access-f-35-jets-nyt-reports-2026-07-07/


Khar Center, 2025. Strateji muxtariyyətin paradoksu: KAAN layihəsi– Türkiyənin müdafiə sənayesi modelinin məhdudiyyətləri. https://kharcenter.com/arasdirmalar/strateji-muxtariyyetin-paradoksu-kaan-layihesi-turkiyenin-mudafie-senayesi-modelinin-mehdudiyyetleri


Congress.gov, 2021. William M. (MAC) Thornberry National Defense Authorizartion Act For Fiscal Year 2021, sec 1241. https://www.congress.gov/116/plaws/publ283/PLAW-116publ283.pdf.

Al Monitor, 2026. Trump says US will lift CAATSA sanctions on Turkey, consider F-35 sale. https://www.al-monitor.com/originals/2026/07/trump-says-us-will-lift-caatsa-sanctions-turkey-consider-f-35-sale

Bell icon

Ən son yeniliklərdən xəbərdar olmaq üçün bülletenimizə abunə olun

Etibarlı e-poçt ünvanı təqdim edin