8 iyn 2026

Avropa İttifaqı ilə Azərbaycan arasında Hərtərəfli Saziş üzrə danışıqlar: sərt repressiya kölgəsində geosiyasi razılaşma

Avropa İttifaqı ilə Azərbaycan arasında Hərtərəfli Saziş üzrə danışıqlar: sərt repressiya kölgəsində geosiyasi razılaşma



(Yazı “Khar Center”in Azərbaycan avtoritarizmi araşdırmaları çərçivəsində hazırlanıb)

Bakı və Brüssel arasında davam edən intensiv danışıqlara növbəti siyasi protokol, rutin diplomatik gedişat kimi baxmaq Avrasiya məkanında formalaşan yeni geosiyasi mənzərəni gözdən qaçırmaq demək olardı. Hazırda biz XXI əsrin qlobal transformasiya dövrünün ən maraqlı, dərin və bəlkə də ən ziddiyyətli geosiyasi paradokslarından birinə şahidlik edirik.

Mənzərənin təzadları ilk baxışda barışmaz görünür: tərəzinin bir gözündə Azərbaycanın Avropa Parlamenti ilə münasibətlərini rəsmən dondurması, Avropa Şurası Parlament Assambleyası (AŞPA) ilə yaşanan fundamental böhran və ölkə daxilində vətəndaş cəmiyyətinə, müstəqil mediaya, siyasi partiyalara qarşı davam edən sərt, sistemli təzyiqlər, hər gün şiddətələnərək davam edən repressiya dayanır. Amma eyni tərəzinin digər gözündə, qəribə və bir o qədər də gözlənilməz şəkildə, Avropa İttifaqının (Aİ) Bakı ilə uzun müddətdir rəfdə qalan Hərtərəfli Sazişi yenidən müzakirə masasına qaytarması və danışıqların yeni mərhələsinə təkan verməsi reallığı var (oc-media, 2026).

Bəs, necə olur ki, ötən müddətdə dəyərlər və prinsiplər təməlində bir‐birindən daha da uzaqlaşmış Aİ və Azərbaycan strateji tərəfdaşlıq formatında yenidən yaxınlaşma yolları tapa bilirlər? Niyə məhz indi və bu şərtlər daxilində?

Dəyərlərin geosiyasətə məğlubiyyəti

Avropa İttifaqının xarici siyasətində uzun illər dominantlıq edən liberal-normativ yanaşma yerini sürətlə praqmatizm məktəbinə verir. Görünən odur ki, Avropa siyasi mərkəzinin yeni yanaşmasına görə Azərbaycan tərəfdaşlıq üçün "demokratiya imtahanından keçməli olan" keçid dövrü ölkəsi yox, artıq xalis enerji, logistika və təhlükəsizlik tərəfdaşıdır.

Bu gün Brüsselin qapalı strateji planlaşdırma kabinetlərində Əliyev avtoritarizmi ilə müzakirə olunan prioritetlər insan haqları mövzusundan çox uzaqdır:

Avropanın enerji təlabatına töhfə, Cənub Qaz Dəhlizinin imkanlarının artırılması, Orta Dəhliz və Mərkəzi Asiyanın qiymətli resurslarının tranziti, Xəzər regionunun "Yaşıl Enerji" potensialının rəqəmsal xətlərlə Avropaya inteqrasiyası (European Commission, 2024a).

Bu strategiya Aİ-nin əvvəlki onilliklərdə əməkdaşlığın təməl şərti kimi irəli sürdüyü normativ gündəliyini (demokratiya, hüququn aliliyi, ifadə azadlığı) qlobal fırtınanın gətirdiyi reallıqlar qarşısında prosedural bəyanatların bəzəkli cümlələrinə dəfn edir.

Regionda balans axtarışı və Ermənistan faktoru

Məsələnin digər kritik tərəfi isə Cənubi Qafqazın post-müharibə dövrünün diplomatik memarlığı ilə birbaşa bağlıdır. Ermənistanın xarici siyasət vektorunu Qərbə tərəf çevirməsi ilə İrəvan-Brüssel münasibətləri sürətlə dərinləşməyə başlayıb. Yeni Strateji Gündəliyin qəbulu, Ermənistana maliyyə yardımları və yüksək səviyyəli Aİ-Ermənistan görüşləri bunun bariz nümunəsidir. Lakin Brüsseldə düşünürlər ki, Cənubi Qafqaz kimi həssas regionda yalnız Ermənistanla birtərəfli yaxınlaşma regional balansı poza, hərbi-siyasi eskalasiya risklərini artıra bilər. 

Hesab edilir ki, Əliyevlə dialoq kanallarının qapanması Brüsselin regiondakı geosiyasi təsir rıçaqlarını minimallaşdırar, milyardlarla dollar investisiyanı, enerji və nəqliyyat infrastrukturunu təhlükə altına salar və ən əsası, məşhur klişe yanaşmada olduğu kimi, Azərbaycandakı rejimi Rusiyanın təsir dairəsinə itələyər. Buna görə də Aİ eyni vaxtda həm İrəvanın təhlükəsizlik və inteqrasiya ehtiyaclarına cavab verən, həm də Bakının regional güc iddiası və iqtisadi üstünlükləri fonunda davam edən repressiv avtoritar idarəetməsini həzm edən balanslı siyasət aparmaqdan başqa yol görmür.

Bakının rəsmi ritorikası və iqtisadiyyatın amansız diktəsi

Azərbaycanın siyasi elitası daxili auditoriyaya yönələn və konyuktur maraqları üçün tez-tez Qərb institutlarını ən sərt ifadələrlə tənqid atəşinə tutur. Lakin bu kəskin ritorikanın arxasından dəyişməz və amansız iqtisadi reallıqlar boylanır. Rəsmi Bakı dərk edir ki, rejimin uzunmüddətli dayanıqlılığı hələ də Qərb bazarlarından və kapitalından birbaşa asılıdır.

Avropa İttifaqı bu gün də Azərbaycanın ən qabaqcıl ticarət tərəfdaşı, ixrac olunan karbohidrogen resurslarının əsas alıcısı və ölkəyə daxil olan yüksək texnologiyalar və xarici investisiyaların ilkin mənbəyidir (European Commission, 2024b).

Buna görə də Bakının bu saziş üzrə apardığı danışıqlarda diplomatiyasının əsas fəlsəfəsi maksimum dərəcədə praqmatik və utilitardır: Mümkün olan bütün iqtisadi, logistik və maliyyə dividendlərini əldə etmək, lakin bunun müqabilində ölkənin daxili siyasi konfiqurasiyasına təsir edə biləcək siyasi-demokratik şərtləri sıfıra endirmək.

Saziş masasındakı skelet və dəyərlər paradoksu

Hər nə qədər yeni sazişin mətni ictimaiyyətə açıqlanmasa da, onun əhatə dairəsi və institusional strukturu məlumdur. Sənəd sadəcə qaz nəqlini deyil, daha geniş inteqrasiya sahələrini ehtiva edir:

(European Commission, 2025)

Burada isə ən böyük sistem ziddiyyəti və institusional paradoks məhz insan hüquqları və fundamental azadlıqlar məsələsidir. Aİ-nin xarici siyasət sənədlərində, o cümlədən Avropa Xarici Fəaliyyət Xidmətinin (EEAS) nizamnaməsində hüququn aliliyi və vətəndaş cəmiyyətinin gücləndirilməsi istənilən tərəfdaşlığın "təməl şərti" və "müzakirəedilməz dəyəri" kimi bəyan edilir (European Union External Action, 2025).

Lakin Azərbaycanda daxili siyasi mühit tamamilə fərqli istiqamətdə inkişaf edir: müstəqil media faktiki olaraq qadağan edilib, vətəndaş cəmiyyəti institutlarının hüquqi-maliyyə kanalları sıfırlanıb və onlarla müstəqil jurnalist, hüquq müdafiəçisi və siyasi fəal – 3-cü Respublika Platformasının spikeri Akif Qurbanov, qurucu heyət üzvü Ruslan İzzətli, Tofiq Yaqublu kimi tanınımış müxalifətçilər və hətta müxalifət lideri, AXCP sədri Əli Kərimli həbsxanaya atılıb. Elə bu gün (8 iyun 2026) prokuror "Toplum TV" işi üzrə həbs edilmiş Akif Qurbanovun 16 il, Ələsgər Məmmədlinin 15 il, Ruslan İzzətlinin 16 il, Ramil Babayevin 14 il , Əli Zeynalın 15 il , Müşfiq Cabbarın 14 il, İlkin Əmrahovun 14 il, Fərid İsmayılov 13 və Elmir Abbasovun 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Üstəlik Akif Qurbanovun evinin və avtomobilinin, Ələsgər Məmmədli və Ruslan İzzətlinin avtomobillərinin müsadirə olunmasını da istəməklə, günahsız həbs edilmiş bu şəxslərin hətta ailələrinin maddi cəzalandırılması iradəsi ortaya qoyulmuş olub (Toplum TV 2026). Heç bir sübutlara əsaslanmayan bu amansız ittiham, şübhəsiz siyasi sifarişdir və İlham Əliyevin şəxsi iradəsinin əks etdirir.

Bu mənzərənin fonunda Brüsselin "ikili" və ya "paralel" siyasət mexanizmi tamamilə çılpaq görünür: Parlament qətnamələrində, ayrı-ayrı AP üzvlərinin çıxışlarında normativ liberal dəyərlər qorunur, real işçi qruplarında və imzalanan sazişlərdə isə yalnız sərt geosiyasi və geoiqtisadi maraqlar çərçivəni qapadır. Yəni Aİ xarici siyasətinin institusional  seqmentasiyası hər gün bir az da dərinləşir. 

Əgər Hərtərəfli Saziş yaxın gələcəkdə tərəflər arasında yekun sənəd kimi imzalansa, bu, həm Azərbaycanın daxili dinamikasına, həm də onun beynəlxalq mövqeyinə uzunmüddətli təsir göstərəcək: yaxşı tərəfi odur ki, Orta Dəhliz layihəsinin hüquqi infrastrukturu möhkəmlənəcək və Azərbaycanın qlobal tədarük zəncirindəki tranzit qovşaq statusu rəsmiləşəcək. Pis tərəfi odur ki, saziş xarici kapital və transmilli korporasiyalar üçün Azərbaycanın hüquqi və iqtisadi mühitinin etibarlı olmasına dair yalançı beynəlxalq siqnal rolunu oynayacaq. Bu da ölkədə avtoritar sementləşməni şərtləndirəcək:

  • Hər hansı dərin institusional və demokratik islahat aparılmadan Aİ ilə iqtisadi inteqrasiya modelinin baş tutması, daxili idarəetmə strukturunun islahatlara ehtiyac duymadan da uzunömürlü ola biləcəyini sübut edəcək və mövcud siyasi modeli daha da möhkəmləndirəcək;
  • Avropanın ölkədəki insan hüquqları, ifadə azadlığı və fundamental hüquqlar sahəsinə müdaxilə etmək və ya təsir göstərmək üçün əlində saxladığı "şərtilik" (conditionality) mexanizmi tamamilə iflasa uğrayacaq;
  • Rəsmi Bakı bu irihəcmli sazişi həm daxili auditoriyaya, həm də regional rəqiblərinə özünün yürütdüyü sərt xarici və daxili siyasi kursun beynəlxalq müstəvidə tam legitimliyi və böyük diplomatik qələbəsi kimi təqdim edəcək.

Yekun qiymətləndirmə

Bütün bu mürəkkəb analitik mənzərəni vahid bir düsturda ümumiləşdirsək, aparılan bu genişmiqyaslı danışıqların fundamental mahiyyəti heç bir halda Azərbaycanın Avropa ailəsinə yaxınlaşması, onun siyasi-mədəni dəyərlər sistemini mənimsəməsi prosesi deyil, Əliyev buna nifrətini dəfələrlə bəyan edib. Bu, Avropanın geosiyasi reallıqlara təslim olması, təhlükəsizlik qorxusuna uyğunlaşma aktıdır.

Bu gün Brüsselin strateji qərarvericiləri üçün əsas sual artıq "Azərbaycan daxildə nə qədər demokratik institutlara malikdir?" sualı deyil. Bu günün əsas və yeganə sualı budur: Əliyev Avropanın qlobal enerji təhlükəsizliyində, nəqliyyat logistikasında və Avrasiya təhlükəsizlik arxitekturasında hansı kritik rolu oynaya bilər və onun bu potensialından necə maksimum faydalanmaq olar?

Bakı ilə Brüssel arasında ritorikada gərginlik və qarşılıqlı tənqidlər davam etsə də, pərdəarxası strateji və iqtisadi əməkdaşlıq kanallarının bu qədər sürətlə işləməsinin real və praqmatik düsturu məhz bu sualın cavabında gizlənir.



Mənbələr:

European Commission, 2024a. Joint statement: 10th ministerial meeting of the Southern Gas Corridor Advisory Council and 2nd ministerial meeting of the Green Energy Advisory Council. https://energy.ec.europa.eu/news/joint-statement-10th-ministerial-meeting-southern-gas-corridor-advisory-council-and-2nd-ministerial-2024-03-01_en 

European Commission, 2024b. EU trade relations with Azerbaijan. Facts, figures and latest developments. https://policy.trade.ec.europa.eu/eu-trade-relationships-country-and-region/countries-and-regions/azerbaijan_en 

European Commission, 2025. EU – Azerbaijan Cooperation. https://enlargement.ec.europa.eu/countries/azerbaijan_en 

European Union External Action, 2025. https://www.eeas.europa.eu/eeas/human-rights-democracy_en 

Oc-media, 2026. Azerbaijan and EU resume negotiations over partnership agreement. https://oc-media.org/azerbaijan-and-eu-resume-negotiations-over-partnership-agreement/ 

Toplum TV. 2026. "Prokuror 'Toplum TV işi' üzrə həbs olunanlara 13-16 il cəza istəyib." Toplum TV. Accessed June 8, 2026. https://toplummedia.tv/mehkeme/pprokuror-quottoplum-tv-isirdquo-uumlzre-hebs-olunanlara-13-16-il-ceza-isteyibnbspp

Bell icon

Ən son yeniliklərdən xəbərdar olmaq üçün bülletenimizə abunə olun

Etibarlı e-poçt ünvanı təqdim edin