Samirə Hüseynli müstəqil jurnalist və sənədli film rejissorudur. O, Bakı Dövlət Universitetində Jurnalistika üzrə bakalavr (B.A) və Vytautas Maqnus Universitetində Gələcək Media və Jurnalistika üzrə magistr (M.A) dərəcəsi alıb. Onun tədqiqat maraqlarına rəqəmsal hekayəçilik (digital storytelling) və Azərbaycandakı subkulturalar daxildir.
(Yazı Khar Centerin Azərbaycan avtoritarizmi araşdırmaları çərçivəsində hazırlanıb)
Qeyd: Bu məqalənin orijinal versiyası ingilis dilində yazılmışdır.
Giriş
Bu məqalə, xüsusilə ölkənin avtoritar mənzərəsi kontekstində onun tənəzzülünə səbəb olan amillərə diqqət yetirərək, postsovet Azərbaycanında alternativ bir subkultura kimi rok musiqisinin funksiyasını araşdırır. Sovet İttifaqının dağılmasından sonra hər bir postsovet “respublikasındakı” mədəni və intellektual inkişaf yeni nəsil tədqiqatçılar tərəfindən öyrənilib. Buna baxmayaraq, elmi ədəbiyyatda bəzi tematik sahələr kifayət qədər tədqiq olunmamış qalmaqdadır. Azərbaycanda subkultura belə sahələrdən biridir. Xarici müəlliflərin sovet və sovet təsirinə məruz qalmış həyat tərzlərinə dair qiymətli elmi əsərlərin (bax: Fierman, 1988) olmasına baxmayaraq, Azərbaycan nümunəsində bu ədəbiyyat yerli tədqiqatçıların şəxsi müşahidələri və mütaliələrindən kənara çıxmayaraq son dərəcə məhdud olaraq qalır. Mən urban (şəhər) subkulturalarına artan marağımla yanaşı, bu akademik boşluğu doldurmaq istəyi ilə diqqətimi bu mövzuya yönəltmək qərarına gəldim.
Vaxtilə aktiv olan sənətkarların siyasi və ictimai dəyişikliklərdən necə təsirləndiyini öyrənmək məqsədi daşıyan məqalənin birbaşa tədqiqat obyekti Azərbaycandan olan bir rok qrupudur. Araşdırma aysberqin yalnız görünən hissəsini əhatə etsə də, inanıram ki, müsahibələr və təhlillər siyasi mənzərə kontekstində daha geniş rok səhnəsini işıqlandırmağa kömək edəcək. Müsahibələr "Coldünya" qrupunun vokalisti Teymur Nadir, eləcə də qrupun digər iki üzvü - gitara ifaçısı və bək-vokal ifa edən Rövşən Kərimov və zərb alətlərində, vokalda və klavişli alətlərdə çıxış edən Samir Cəfərovla aparılıb. Mən bu üç nəfərlə aparılmış yarımstrukturlu müsahibələrə əsaslanaraq və onların fikirlərini digər qrupların təcrübələri ilə çarpazlaşdıraraq, qrupun 1990-cı illərdən 2020-ci illərə qədər olan inkişaf trayektoriyasını izləyirəm. Bu qrupun, eləcə də digərlərinin siyasi və ictimai dəyişikliklərdən necə təsirləndiyini və bunun postsovet Azərbaycanında rok səhnəsinin taleyi haqqında nələr ifadə etdiyini nəzərdən keçirirəm.
Niyə "Coldünya" qrupunu seçdim? Qərarım qrupun 1990-cı illərdə Azərbaycanda aktiv və populyar bir rok qrupu olması, 2010-cu illərdə isə ölkənin rok səhnəsindən tədricən çəkilməsi faktına əsaslanır. "Coldünya", son sovet dövrünün "Experiment OK" və "Yuxu" kimi qrupları ilə birlikdə Azərbaycan rokunun qabaqcıllarından biri hesab edilirdi. Qrup 1990-cı ildə yaradılıb, 1996-cı ildə "Nota Bene" və 1999-cı ildə "Demo" adlı iki albomu buraxıb. O, həmçinin beynəlxalq miqyasda tanınması ilə də fərqlənirdi; məsələn, onların "Sehrbaz" adlı mahnısı 1996-cı ildə Londonun BBC Radiosunda səsləndirilib. Mahnıları Almaniyanın metal qrupu "Rammstein" ilə birlikdə BBC-nin xarici hit siyahısında 7-ci yerə yüksəldikdən sonra, onlar hətta o dövrün prodüseri Daqqi Duqlas (Daggi Douglas) tərəfindən Londona dəvət edilmişdilər. Lakin britaniyalı prodüserlə əməkdaşlıqlarının qarşısını alan əsas amil maliyyə məhdudiyyətləri oldu. Bu müddət ərzində qrup "Məktub" (2002), "Oyanış" (2003) və "Əhatə Dairəsi Xaricində" (2009) kimi daha üç albom buraxdı. Qrup ANS TV, ANS Radio və Space TV-də daimi olaraq görünür və yayımlanırdı. 2010-cu illərdən etibarən vokalist Teymur Nadir Litvaya mühacirət etdi və fəaliyyətini xaricdə davam etdirdi. Həmin dövrdən etibarən qrup Azərbaycanın ictimai və mədəni həyatından uzaqlaşdı. 2010-cu illərin "Unformal", "Sadnos", "3.14 (П)", "Sirat", "Bəndə", "Ferrum" və digər bir çox Azərbaycan rok və metal qruplarının fəaliyyətlərini zəiflətdiyi dövr olduğunu nəzərə alsaq, ortaya mühüm bir sual çıxır: görəsən, rok həvəskarlarının mədəni və peşəkar trayektoriyalarını formalaşdıran Azərbaycandakı “daralan” (shrinking) məkan (Balfour və b., 2020) və “dərinləşən” avtoritarizmdirmi (Delcour & Wolczuk, 2021, s.12)? Müvafiq olaraq, bu məqalə, rok kimi mütərəqqi subkulturaların dövlət tərəfindən siyasi cəhətdən arzuolunmaz hesab edilib-edilmədiyini, yaxud musiqi və sözlərin enerjisi vasitəsilə müxalif səsləri stimullaşdıran bir qüvvə kimi qavranılıb-qavranılmadığını sorğulayır. Sovet dövründə və müstəqillikdən sonrakı illərdə rok musiqisinə münasibəti təhlil etmək məqsədim, rok musiqisinin necə qavranıldığı baxımından hər iki dövr arasındakı oxşarlıqlara dair daha geniş bir perspektiv təqdim etməkdir. Məqalə 1990-2020-ci illərdə siyasi və mədəni kontekstlərdə Azərbaycanda rok səhnəsinin transformasiyalarının izahı ilə başlayır və rok musiqisinin mədəni bir ifadə vasitəsi kimi təsiri ilə davam edir. Mən iddia edirəm ki, rok həvəskarlarının ya mühacirət etməsinə, ya da rok səhnəsindən tədricən çəkilməsinə səbəb məhz ölkənin siyasi konteksti olmuşdur. Azərbaycanda mədəni məkanı daraldan amillər həm ictimai yayımdakı birbaşa məhdudiyyətlər, həm də etinasız yanaşma idi. Janrda qalan rok sənətçiləri isə siyasi baxımdan həssas olmayan sözlərə müraciət etməyə məcbur oldular.
Bu məqalənin məqsədi aşağıdakı suallara cavab tapmaqdır:
- Müstəqillikdən sonra Azərbaycanda rok arenasında nələr dəyişdi?
- Azərbaycan rok səhnəsinin 1990-cı illərin sonundakı zirvəsindən sonra tənəzzülü niyə baş verdi?
- Etiraz və sosial ifadə aləti kimi rok musiqisinin əhəmiyyəti nədən ibarətdir?
- Siyasi və ictimai dəyişikliklər rok sənətçilərinin həyatında necə öz əksini tapmışdır?
Azərbaycanda rok səhnəsinin transformasiyası
Azərbaycanın siyasi mənzərəsindəki dəyişikliklər rokun populyar mədəniyyətin üsyankar cinahından geriləməsində həlledici amil olmuşdur. Ölkənin avtoritar xarakterini nəzərə alaraq, rok musiqisi ilə məşğul olanların aqibətinin necə olduğu maraq doğurur. Bəziləri musiqinin siyasəti və mədəniyyəti dəyişdirməkdə güclü rol oynaya biləcəyini iddia etsə də (Wicke, 1992, s.196), digərləri onun təsirinin məhdud olduğunu müdafiə edirlər: Məsələn, mahnı müəllifi Rosselson (Rosselson) iddia edir ki, siyasi mahnılar öz tarixi kontekstində oxunmalı və ictimai təzyiqlərin şəxsi həyatı formalaşdırdığı anlara verilən reaksiyalar kimi başa düşülməlidir. Bu mənada, siyasi mahnı yazmaq təbliğat və ya şüarlarla bağlı deyil, şəxsi təcrübəni siyasi reallıqlarla əlaqələndirməklə bağlıdır (1981). Bunun əksinə olaraq, birinci arqument, roku siyasi münasibətləri formalaşdıra və ideoloji birliyi sarsıda biləcək potensial təhlükəli mədəni qüvvə kimi təqdim edən sovet idealı olan “hamı bir ailədə birləşib” (Soi︠u︡za, 1961) prinsipi ilə daha çox uzlaşır. Hətta deyərdim ki, sovet rəsmiləri rok musiqisini "doldurulmuş silah" qədər təhlükəli hesab edirdilər. Onların rok musiqisini patoloji metaforalarla “sosial orqanizmdəki şiş”, “musiqili narkotik” və ya bəzən QİÇS-lə (AIDS) müqayisə edilən “virus” kimi təsvir etmələri (Szemere, 1989, s.203-205) təsadüfi deyildi. Təbii ki, bu təhlükənin miqyasının onun Qərbə meyilli olması, etiraz vasitəsi kimi rolu, ya da hər ikisinin birləşməsi ilə bağlı olub-olmaması sualına cavab qeyri-müəyyən olaraq qalır. 1960-cı illərdə diqqətçəkən strategiyalardan biri rok musiqisini populyar musiqinin yumşaldılmış, zərərsizləşdirilmiş versiyasını əks etdirən və dövlət tərəfindən təsdiqlənmiş vokal-instrumental ansambllarla (VİA) qablaşdırmaq idi (Troitsky, 1987, s.154).
1960-cı illərin sonlarından etibarən Azərbaycanda yaranan rok qrupları “The Beatles”, “The Rolling Stones”, “Deep Purple”, “Led Zeppelin” və digərləri kimi məşhur Qərb rok qruplarının güclü təsiri altında idi. Məktəb və universitet binalarında formalaşan Azərbaycanın ilk VİA-ları həvəskar gənc və entuziazmlı qrupların sönməz ehtirasını əks etdirirdi. Onlar bir neçə idi - "Experiment OK", "Eskulap", "Üç alov" və "Xürrəmilər". Bu, digər sovet respublikalarının paytaxtları ilə kimi, Bakıda da musiqi həvəskarlarına “Melodiya” mağazalarından “The Beatles” vallarını almağa və dinləməyə icazə verilən dövr idi (Riad, 2020). Hətta 1987-ci ildən etibarən, Bakı Komsomol Komitəsinin nəzdində Şəhər Gəncləri Müasir Musiqi Mərkəzinin yaradılması və sonradan onun nəzdində Rok Klubunun təsis edilməsi ilə Bakı rok səhnəsindəki rolunun güclənməsi başladı (Riad, 2021). Lakin müstəqillik illərinin həzzi ilə insanlar həyatlarındakı bir çox yeni şeyləri daha intensiv şəkildə sorğulamağa və təcrübə etməyə başladılar ki, bu da yeni konsertlərə, özünüifadə və özünüreallaşdırmanın yeni yollarına zəmin yaratdı.
Postsovet Azərbaycanının rok səhnəsindəki tənəzzülün mümkün səbəbləri
1992-ci ilin iyununda ölkədə keçirilən ilk demokratik seçkilərdən sonra mədəniyyətin hər sahəsi daha çox müstəqillik hiss etməyə başladığı üçün etiraz mövzusu rok mədəniyyətində gözlənilən bir tendensiya idi. Müstəqilliyin ilk illərində cəmiyyət daxilində həyatın bütün sahələrində demokratik inkişafa güclü ümidlər var idi. Lakin bu gözləntilər doğrulmadı. 2000-ci illərin əvvəllərindən etibarən irimiqyaslı rok konsertləri tədricən zəiflədi (atrofiyaya uğradı). Yenə də 1991-ci ildə müstəqilliklə bağlı yaranan yeni ümidlərlə yanaşı, ANS (Azerbaijan News Service) müxtəlif musiqi üslublarının yayımlanması üçün unikal bir platformaya çevrildi. Bütün bunlar hazırkı prezident İlham Əliyevin atası Heydər Əliyevin hakimiyyət dövründə baş verirdi. Odri L. Altstadtın (Audrey L. Altstadt) (2017, s. 10-11) qeyd etdiyi kimi, ilk prezidentlər əsasən beynəlxalq əlaqələrin qurulması və Ermənistan-Azərbaycan işğalının həll edilməsi ilə məşğul olduqları üçün bu, ölkə üçün “daşlı bir yol” (rocky path) idi. Hətta yerli ekspertlər də vurğulayırlar ki, o illərdə rok musiqisini yerli radiolarda çox tez-tez eşitmək olurdu (Riad, 2020). Lakin İlham Əliyevin hakimiyyəti (2003-cü ildən indiyədək) digər məsələlərlə yanaşı söz azadlığının da artan məhdudiyyətləri ilə müşayiət olundu. Prezident Əliyev tənqidlərə və ideyaların sərbəst mübadiləsinə qarşı nə qədər çox tədbirlər gördüsə, açıq fikirli insanlar və qeyri-ənənəvi proqramlar ön plana bir o qədər az çıxdı. Bunun ən bariz nümunəsi Milli Televiziya və Radio Şurasının müəyyən etdiyi kimi lisenziyanın guya yetərsizliyi bəhanəsi ilə ANS-in bağlanması idi (BBC, 2017). ANS təkcə ölkədəki sosial problemləri işıqlandıran bir xəbər televiziya kanalı deyil, həm də yeni yaranan rep və rok qruplarına görünürlük qazandıran bir platforma idi (Riad, 2019). Həmin kanalın ən görkəmli proqramı "Dissident" adlanırdı, burada "Bəndə", "Ferrum", "Ozan" və digər müxtəlif rok qrupları 2000-ci illərin sonlarında ictimai məkan və populyarlıq əldə etmişdilər. Yerli ekspertlərin əksəriyyətinin razılaşdığı kimi, həmin vaxtdan etibarən musiqi, xüsusən də geniş ictimaiyyət tərəfindən milli və ya tanış hesab edilməyən rok, rep kimi janrlar üçün şərait əhəmiyyətli dərəcədə pisləşdi.
Amerikalı tədqiqatçı Altstadtın (2017, s.23) Azərbaycan rəsmilərinin siyasi rəqibləri qarayaxma zamanı istifadə etdiyi dil ilə Stalinin dili arasında anologiya aparması təəccüblü deyil. Sovet dövrü ilə oxşarlıqlar təkcə qeyri-hökumət təşkilatlarının (QHT) məhdudlaşdırılması ilə bitmir. Onlar həmçinin mədəni ifadələrin idarə olunmasını və ya bəzən qəsdən etinasız yanaşılmasını da əhatə edir. Bu, xüsusilə insanları tənqidi düşünməyə və etiraz ruhunu oyatmağa təşviq edə biləcək formalara aiddir. Azərbaycan Respublikası Konstitusiyasının (2012) 94-cü maddəsinə, Fəsil II, Maddə 3, Bənd 3.1-ə əsasən “Mədəniyyət sahəsində dövlət siyasəti Azərbaycan Respublikasının daxili və xarici siyasətinin ayrılmaz hissəsidir”. Təcrübədə demək olar ki, bütün televiziya kanalları və radio stansiyaları bu və ya digər formada hökumətin nəzarəti altındadır. Media eksperti Əhəd Əhədlinin sözlərinə görə, hökumət televiziyalarda elçilik (çöpçatanlıq) şouları və ya itkin düşmüş şəxslərlə bağlı proqramlar kimi formatları artırıb ki, bu da “milli, mənəvi dəyərləri qorumağın” və Qərb dəyərlərinin onları necə məhv edə biləcəyinə dair müzakirələrin başqa bir yoludur (Azadlıq Radiosu, 2025, 2:54). Misal üçün, Azərbaycan Audiovizual Şurasının 2025-ci ilin ikinci rübündə ümumrespublika yerüstü televiziya proqramlarının janrları üzrə rəsmi statistikası göstərir ki, müvafiq əyləncə proqramları ikinci ən dominant kateqoriyadır (Azərbaycan Respublikasının Audiovizual Şurası, 2025). Bu proqramlara əsasən “milli dəyərlər”ə heç bir zərər verməyən aşıq musiqisi və ya pop müğənniləri daxildir. Əgər zərər verərlərsə, müvafiq olaraq cəzalandırılırlar, necə ki, yaxın zamanlarda repçi Əkbər Novruzlu (Epi) rep-batlda (rep deyişməsində) hakim ailənin Kapital və Paşa banklarını tənqid etdiyinə görə 30 sutka həbs cəzası alıb (Meydan TV, 2025). Bu yaxınlarda başqa bir hadisə, repçi Elşad Xosenin tarixi “Bayır Şəhər” məhəlləsinin sökülməsinə qarşı çıxış etdikdən sonra saxlanılması baş verib (Azadlıq Radiosu, 2026). Hər cür müxtəlifliyin, alternativ perspektivin təhdid kimi qəbul edildiyi bir mühitdə rok səhnəsi necə irəliləyə bilər?
Uzun müddət etiraz və özünüifadə ilə assosiasiya olunan rok Azərbaycanda özünə sabit yer tapmaqda çətinlik çəkir. Müstəqilliyin ilk illərindən fərqli olaraq, hazırda ölkədə heç bir ayrıca rok konserti keçirilmir. Aparıcı vokalist Teymur Nadirin tərəddüdlə ifadə etdiyi kimi, onların nəslindən sonra tərəqqi tənəzzülə uğrayıb: “çox güman ki, siyasi vəziyyətə görə”. Özünün Azərbaycan rokunun tənəzzülündə siyasətin təsirini etiraf etməsi, lakin eyni zamanda rok musiqisini etiraz və azad ifadə ilə birbaşa əlaqələndirməkdən çəkinməsi ironikdir. Teymur Nadirin tərəddüdü həm də son on ildə siyasi cəhətdən kəskin sözlərə müraciət edən rok qruplarının demək olar ki, olmaması faktı ilə üst-üstə düşür. Bu sonuncu məqam onu göstərir ki, 1990 və 2000-ci illərdə rok sənətçiləri arasında hökm sürən nisbi rahatlığa baxmayaraq, sovet dövrünün tənqid qorxusu geri qayıdıb. Həmin əvvəlki dövrə aid bariz nümunə, tərkibində açıq sosial tənqid olan və hətta ANS TV kimi əsas mediada ifa olunaraq yayımlanan "Ferrum"un "Polis" mahnısıdır. Mahnının sözləri polisləri fahişələrlə müqayisə edir və polis fəaliyyətinin rüşvətxorluqla formalaşdığını təsvir edir (YouTube; Mahammadli, 2009). Bu ifa, açıq tənqidi rokun hələ də televiziyalara çıxa bildiyi və bu gün ciddi şəkildə məhdudlaşdırılmış görünən bu açıqlığın mövcud olduğu bir dövrü əks etdirir. Digər bir nümunə, "Bulistan"ın artan yoxsulluq fonunda hökumətin tarixi məhəllələri sökmək siyasətini, kütləvi korrupsiyanı və siyasi nəzarəti açıq şəkildə tənqid edən "Vermişel" klipidir (YouTube; Suleymanov, 2013). Həmin qrup dövlət televiziyasında heç vaxt efir vaxtı almasa da, üzvləri Azərbaycanda yaşayırdılar. Artan siyasi məhdudiyyətlər 2012-ci ildə onları da mühacirətə məcbur etdi (Qafqazinfo, 2012). Bu nümunələr hökumətin avtoritar trayektoriyasının rok janrının inkişafı ilə tərs mütənasib olduğunu sübut edir. Məsələn, "Coldünya"nın 1990-cı illərdən qalma ən məşhur mahnısı olan “Sehrbaz”da sözlərdə üsyankar və sufi təmayüllü motivləri müəyyən etmək olar. “Dəmirdən dağ da olsa belə, dayandıra bilməz insanı” və “Tanrı mənim içimdədir” kimi misralar dövrün dominant inanclarına və iyerarxiyalarına meydan oxuyur (1996). Mahnı birbaşa siyasətə toxunmasa və ya açıq şəkildə etiraza çağırmasa da, insan iradəsini ilahi səviyyəyə yaxınlaşan bir gücləndirmə forması təklif edərək indi örtülü şəkildə təxribatçı sayıla biləcək şəkildə ucaldır. Bu lirik seçimlər, ehtimal ki, vətəndaş cəmiyyəti və fərdi özünüifadənin daha aydın şəkildə ortaya çıxdığı müstəqilliyin ilk illərinin eyforiyası ilə formalaşmışdı.
Teymur Nadirin dediyi kimi, həmin onilliyi 1960-cı illərin Böyük Britaniyası ilə müqayisə edərək, “1990-cı illər Azərbaycanda ən azad dövr idi”. O, “Sehrbaz” mahnısı ilə bağlı bir nümunə gətirdi: “Uzun saç və göz qələmi ilə çıxış etsək də, bu, ictimai televiziyada nəinki bir, hətta bir neçə dəfə yayımlandı.” Bu seçimlər Azərbaycan kişiliyinə dair ənənəvi gözləntilərə meydan oxuyur və o dövrün dominant xarici görünüş normalarına zidd idi. Digər tərəfdən, “Coldünya” qrupunun təbilçisi Samir Cəfərli (2025) qeyd edir ki, “bu gün musiqi həvəskarları musiqi alətləri və albomlara çıxış baxımından hər şeyə malikdirlər”, bəs onda Azərbaycanda rok musiqisinin potensial inkişafına mane olan nədir? Bu müşahidə rok həvəskarlarının özlərində belə roka olan marağın müəyyən dərəcədə azalmasını göstərə bilsə də, bu, bir çox sadiq rok həvəskarlarının nəticə etibarilə Azərbaycanda fəaliyyətini dayandırması və ya ölkəni tərk etməsi faktını kölgədə qoymamalıdır.
Rok musiqisinin və konsertlərin sosial ifadə və azadlıq aləti kimi təsiri
İkinci Dünya Müharibəsindən sonrakı dövrdə caz, folk və rok kimi janrlar pop musiqisini ideoloji cəhətdən boş və ya həddindən artıq sentimental olaraq rədd edərək Avropada qismən populyarlıq qazandı. Hezmondhalqa (Hesmondhalgh, 2013, s.45) görə, bunların arasında rok subkulturasi üsyankar yaradıcılıq, sosial mübarizə dəyərlərini və sadə insanlarla daha yaxın eyniləşdirməni təşviq edərək xüsusilə təsirli oldu. Bu ifadə azadlığı sadəcə simvolik deyildi, bəzən dəyişkən və qeyri-sabit vəziyyətlər yaradırdı. Kureyşi və Sevicin (Kureishi and Savage, 1995, s. xix) popu təsvir etdiyi kimi, bu, düşünməkdən çox, hiss etmək arzusu yaradır. Rok tarixində adi performans kimi başlayan konsertlərin kollektiv iğtişaşlara və hətta üsyanlara çevrildiyi çoxlu hallar mövcuddur (Irwin, 2022). Məşhur nümunələrdən biri 1967-ci ildə Cim Morrisonun (Jim Morrison) həbs olunmasıdır: konsertdən əvvəl bir polis məmuru tərəfindən gözyaşardıcı qazın (mace) təsirinə məruz qaldıqdan sonra Morrison səhnədə onu “kiçik mavi papaqdakı kiçik mavi adam” və daha sonra “kiçik mavi donuz” adlandıraraq tənqid etdi, bu da polisin müdaxiləsinə və on üç tamaşaçının həbsinə səbəb oldu. Fərqli bir kontekstdə, ölkənin avtoritar dönüşü ilə zəifləməzdən əvvəl, 2000-ci illərin əvvəllərində Azərbaycanda geniş yayılmış rok konsertləri və festivalları müvəqqəti ictimaiyyət yaradan məkanlar kimi başa düşülə bilər. Jan-Lüi Fabiani (Jean-Louis Fabiani, 2011, s.104-119) festivalları mədəni istehlakın digər formaları ilə müqayisə edərkən onların ictimai məkanlar sifətindəki rolunu vurğulayır: “mədəniyyət mallarının adi istehlakından fərqli olaraq, festivallar şoudan əvvəl və sonra toplaşmaq [və] müzakirə etmək üçün daha çox vaxt verir. Onlar kollektiv şəkildə özlərinə aid tənqidi məkan quran kifayət qədər ‘daimi iştirakçılar’ və ya ‘fədailər’ yaradırlar”. Daha geniş mənada, rok ifalarının enerjili ritmlər və emosional yüklü sözlər vasitəsilə yarada biləcəyi kollektiv birlik hissi, janrın gənclər arasında tənqidi özünüifadə vasitəsi kimi əhəmiyyətini gücləndirir. "Coldünya" qrupunun üzvü Rövşən Kərimovun ifadə etdiyi kimi: “Bu, sadəcə musiqi deyil - fərqli düşünmək, həqiqəti söyləməyə cürət etmək yoludur”. Xüsusilə avtoritar kontekstlərdə rok musiqisi gənclərin qəzəblərini ifadə etdikləri, fərqli fikirlərini dilə gətirdikləri və oxşar emosiyaları paylaşan digər insanlarla emosional bağlar qurduqları bir vasitə kimi çıxış edə bilər. Qrupun gitara ifaçısının qeyd etdiyi kimi, rok onun üçün dərin şəxsi əhəmiyyət kəsb edirdi:
Bu, sadəcə musiqi deyil. Bununla məşğul olanda pərəstiş etdiyin sənətkarların düşüncələrini və həyatlarını oxumağa başlayırsan və anlayırsan ki, onlar ətrafındakı insanlar kimi deyillər. Onların özünəməxsus nöqteyi-nəzəri var, bizə həmişə “Yüksək səslə danışma, sus və kütlənin bir hissəsi kimi yaşa” deyilən sovet dövründəki tərbiyəmizdən fərqli olaraq, onlar həqiqəti deməkdən qorxmurlar. Və sən öz fikrini bildirmək istəyəndə böyüklər deyərdilər: “Sən elə bilirsən ki, hamıdan ağıllısan?”(şəxsi müsahibə, 2025). Rok musiqisi istər aşkar, istərsə də üstüörtülü olsun, uzun müddətdir ki, üsyankar ruhla əlaqələndirilir. Mədəniyyətə nəzarət irsi ilə yadda qalan postsovet məkanlarda bu simvolizm, xüsusən də rok Qərb mədəniyyət forması kimi çərçivəyə salındıqda siyasi cəhətdən həssas olaraq qalır. Məsələn, Belarusda Anti-Lukaşenko etirazları zamanı tez-tez siyasi dəyişikliklərə çağırış kimi yozulan Viktor Soyun "Xoçu Peremen" (Dəyişikliklər İstəyirəm!) mahnısını səsləndirdikdən sonra iki DJ həbs edilmişdi (Koval, 2020). Sonrakı hesabatlar, Belarus dövlət radiosunun mahnının yayımını məhdudlaşdırdığını və ya dayandırdığını irəli sürdü ki, bu da onun siyasi məzmunu ilə əlaqəli əvvəlki senzura nümunələrinin təkrarı idi (RFL, 2011). Sovet dövründən miras qalmış bu münasibətlərin davamlılığı bəzi postsovet ölkələrində hələ də mövcuddur və Azərbaycan da istisna deyil. Sənədləşdirilmiş hallar göstərir ki, Azərbaycan hakimiyyəti musiqiçiləri təzyiq və hədə-qorxulara məruz qoyub. Belə hallardan biri də rep və roku ahəngləşdirməklə və Meydan TV-yə sərbəst müxbir kimi töhfə verməklə tanınan "Bulistan" qrupunun solisti Camal Əli ilə bağlı idi. Onun saxlanılması 17 mart 2012-ci ildə Bakıda keçirilən etiraz aksiyası zamanı başqa bir kişi ilə qarşıdurmanın nəticəsi kimi təqdim edilsə də, müşahidəçilər əsl səbəbin qrupun tənqidi sözləri və siyasi zülmə meydan oxumasındakı rolu olduğuna əmindirlər (Human Rights Watch, 2012). O, mitinq zamanı gitaraçısı Natiq Kamilovla birlikdə həbs edildiyi zaman onlar stilistik və tənqidi jarqonlarla zəngin olan mahnılarını ifa edirdilər (YouTube; Suleymanov, 2013). Bu son fərziyyə, gənc fəallar Qiyas İbrahimov və Bayram Məmmədovun Azərbaycanın indiki prezidentinin atası Heydər Əliyevin abidəsi üzərinə sistem əleyhinə şüar yazdıqlarına görə 10 il həbs cəzası almasına istinad edən “Heykəl Baba” mahnısının işıq üzü görməsindən sonra daha da gücləndi. Mahnının yayılmasından sonra təkcə Camal Əli deyil, onun yaxın qohumları, o cümlədən anası saxlanılıb həbs olundu ki, bu da mahnıya daha çox populyarlıq gətirdi (Adilgizi, 2017). Onun “YouTube”da baxış sayı 150 mini keçdi.
"Coldünya" rok qrupunun üzvləri ilə söhbətimiz boyunca iştirakçı müşahidəmə əsaslanaraq deyə bilərəm ki, onlar da ümumilikdə söz və fikir azadlığına məhdudiyyətlərin olduğunu qəbul edirdilər, lakin üstüörtülü şəkildə. Azad fikir üzərindəki məhdudiyyətləri xatırladan Rövşən Kərimovun bunların ölkədə hələ də davam etdiyini söyləməsi, lakin eyni vəziyyətin tez bir zamanda ABŞ və digər ölkələrdə də ola biləcəyini əlavə etməsi buna bariz nümunədir. Başqa bir maraqlı fakt ondan ibarətdir ki, 2010-cu ildən sonra Teymur Nadir Azərbaycanda deyil, Litva və Gürcüstan kimi müxtəlif ölkələrdə musiqi layihələri təşkilatçısı olmuş və çıxış etmişdir. Bu faktın özü Azərbaycandakı subkulturalar üzrə tədqiqatçı Səid Riadın xarici ölkələrdə yaxşı performans göstərən Azərbaycan rok musiqiçilərinin ölkəyə qayıtdıqdan sonra tilsimləndiyinə (zəiflədiyinə) dair təəssüfünü (2021) haqlı çıxarır. “Coldünya” rok qrupunun üzvləri ilə aparılmış müsahibələr özlüyündə sübut edir ki, 2010-cu illərdən bəri inkişaf edən dəyişkən siyasi mənzərə rok musiqiçilərinə də az təsir göstərməyib. Rok həvəskarları üçün məkanın daralmasının mümkün izahlarından biri rok subkulturasının gənclərin enerjisini yenidən alovlandırmaq potensialında yatır. Xüsusilə 2010-cu illər ərəb ölkələrində və daha sonra postsovet məkanında rəngli inqilablar üçün dönüş nöqtəsi idi. Bu siyasi hərəkatlar Azərbaycan hökumətinin gözündə gənclərin cilovlanmamış enerjisini təhlükəli edən ilkin siqnallar oldu (Altstadt, 2017, s.23). Müvafiq olaraq, bu, 2013-cü ildə QHT-ləri, müstəqil jurnalistləri və insan haqları müdafiəçilərini hədəf alan repressiya dalğasına səbəb oldu. Təsadüfi deyildi ki, onların əksəriyyəti gənc nəslə mənsub idilər (Human Rights Watch, 2013). Bu nəsil daha yaxşı həyat istəklərində daha cəsarətli və qorxmazdır. Bunun bariz nümunəsi Mərakeşdə davam edən Z nəsli (Gen-Z) etirazlarıdır (Chothia, 2025). Şübhə yoxdur ki, azad fikirli və açıq dünyagörüşlü gənclər iqtidarda olanlar üçün real risk təşkil edirlər. Rok da güclü ritmləri və üsyankar enerjisi ilə tarixən belə hissləri gücləndirib. Müsahibim Rövşən Kərimovun müşahidə etdiyi kimi: “Caz və pop konsertlərindən fərqli olaraq, gənclərin artan enerjisindən qorxduqları üçün hər bir rok konsertində çoxlu polis olur”.
Müstəqilliyinin ilk illərindən fərqli olaraq, bugünkü Azərbaycanda rok həvəskarları subkulturadan ancaq pab və klub kimi andeqraund (underground) məkanlarda həzz ala bilirlər. Təbii ki, belə vəziyyət musiqiçilərin bu sahədə qalmaları üçün az perspektiv vəd edir. Buna görə də rok sənətçilərinin artan mühacirəti adiləşib. Texnoloji inkişaf sayəsində musiqiçilər üçün əlçatan mənbələrin bolluğuna baxmayaraq, burada qalanlar uzun vədədə mükafatlandırılması ehtimalı az olan böyük fədakarlıqlar etməlidirlər. Avtoritar siyasi məkanda müstəqil sənətkarlar siyasi təzyiqlər altında qalar, eyni zamanda maliyyə qeyri-sabitliyi və bu şərtlər çərçivəsində motivasiyanı saxlamaq çətinliyi ilə üzləşə bilərlər. Bütün bu siyasi və ictimai dəyişikliklər "Coldünya" musiqiçilərinə də təsirsiz ötüşməyib. Məsələn, qrupun vokalisti biznesə yönəlmiş, qardaşı isə Bakıda qida şirkətinin direktoru olmuşdur. Yalnız zərb alətləri ifaçısı Samir Cəfərli sovet dövründə olduğu kimi gəlir mənbəyi olaraq andeqraund pablarda çıxış edərək musiqiçiliyə davam edir. Belə bir qənaətə gəlmək məntiqlidir ki, müəyyən mərhələdən sonra bu sahədəki bir çox gənc həvəskarlar yaradıcılıq azadlığına mane olan və tədricən motivasiyanı aşındıran süni əngəllər səbəbindən öz bədii istəklərindən əl çəkirlər. İlkin ehtirasın məyusluğa çevrilməsi Azərbaycanda avtoritar dinamikanın bariz nümunəsi kimi çıxış edir.
Nəticələr
Rok səhnəsinin daralmasının müəyyən mənada Azərbaycanın demokratik inkişafındakı uğursuzluqlarla analoji olduğunu demək əsaslıdır. Müstəqilliyin ilk illərindəki qısamüddətli açılımdan dərhal sonra, gənclərin özünüifadəsi üçün məkan daraldı: xüsusən də 2010-cu illərdə, "rəngli inqilab"lardan sonra gənclərin fəallığına həssaslığın artması fonunda. Rokun 1990-cı illərin sonlarındakı zirvəsi qismən azərbaycanlı gənclər arasındakı yenilik və maraqla bağlı idi. Həmin intensivlik eyni miqyasda qorunub saxlanıla bilməsə belə, sonrakı nəticə — mühacirət və ya musiqidən gediş — qaçınılmaz deyildi. Digər tərəfdən, bu qeyri-müəyyənlik “milli, mənəvi dəyərlər”i üstün tutan və hökumətyönlü mediada Qərb mədəniyyətini dağıdıcı kimi təqdim edən siyasətləri təşviq etdi ki, bu da roku kənara itələdi. Onun etiraz vasitəsi kimi oyadıcı gücü postsovet ölkələrində davam edir; məsələn, belaruslu etirazçıların Viktor Soyun "Peremen" mahnısına toplaşaraq həm ictimaiyyətə, həm də qərar qəbuledicilərə musiqinin tənqidi enerji verə biləcəyini və mövcud siyasi status-kvonun sorğulanmasına təkan verə biləcəyini xatırlatmasında göründüyü kimi. Azərbaycanda maliyyə əngəllərini və rok musiqisinə geniş marağın olmamasını nəzərə alsaq, bu geriləmədə yalnız ölkənin avtoritar xarakterinin günahkar olduğunu güman etmək səhv olardı. Gözlənildiyi kimi, Azərbaycanda avtoritar nəzarət rok musiqisindən çox-çox kənara sıxır və sadəcə janrın azad edilməsi öz-özlüyündə ölkəni demokratikləşdirməyəcək. Postsovet dövləti olaraq Azərbaycan hökuməti hələ də sovet rəsmilərinin malik olduğu bəzi qorxuları daşıyır ki, bunun dissidentləri hədəf alan ritorikalarında təzahür etdiyini görürük. Oxşar şəkildə hakimiyyət nümayəndələri roku (və ya hər hansı digər alternativ subkulturanı) milli dəyərlərə təhdid kimi qələmə verirlər. Həmçinin, avtoritar fiqurların iqtidarda qaldığı postsovet kontekstlərində bir çoxlarının hələ də rokun sarsıdıcı potensialına inandığı ehtimal edilir.
Layihənin genişləndirilməsi üçün mümkün tövsiyələr belə ola bilər:
- Gələcək tədqiqatlar, kiçik və nisbətən homojen bir nümunədən yola çıxaraq həddindən artıq ümumiləşdirmə riskini azaltmaq məqsədilə, daha geniş miqyasda müasir rok qruplarını, xüsusən də gənc musiqiçiləri və qadın qrup üzvlərini daxil etməklə əhatə dairəsini genişləndirə bilər.
- Həmçinin, rok musiqisinin sosial və siyasi dəyişikliklərlə necə əlaqəli olduğuna dair daha geniş bir perspektiv əldə etmək üçün, Azərbaycan rokunun müqayisəli bir çərçivədə yerləşdirilməsi və digər postsovet məkanlarındakı oxşar inkişafların öyrənilməsi dəyərli olardı.
- Bundan əlavə, auditoriya sorğuları, fokus qrupları və ya dərinləşmiş müsahibələr vasitəsilə rok dinləyicilərinin nöqteyi-nəzərinin əhatə edilməsi tapıntıları əhəmiyyətli dərəcədə yenidən formalaşdıra və ya zənginləşdirə bilər. Belə bir aşağıdan yuxarı (bottom-up) yanaşma rok səhnəsinin mövcud vəziyyəti və gələcək perspektivləri haqqında təzə və daha əhatəli bir baxış təqdim edərdi. Sonuncu, lakin çox önəmli bir məqam kimi, İslamın bu azalan marağa nə dərəcədə təsir etdiyi kimi sualların cavablandırılması, mümkün nəticələrin üfüqünü daha da genişləndirə bilər.
İstinadlar:
- Altstadt, A. L. (2017). Frustrated democracy in post-Soviet Azerbaijan. Columbia University Press.
- Adilgizi, L (2017, Jan 9). Azerbaijan: Rapper’s Family Punished over Song Critical of Government. Eurasianet. https://eurasianet.org/azerbaijan-rappers-family-punished-over-song-critical-of-government
- Amnesty International 2024\25.
- Audiovisual Council of the Republic of Azerbaijan. (2025, July 11). The Audiovisual Council has released genre statistics of the programs broadcast by nationwide terrestrial television channels in the second quarter of 2025. https://acra.gov.az/en/news/1396
- Balfour, R. & Gelhaus, L. and Matrakova, M. (2020). “The changing landscape of civil society in the Eastern Partnership”. German Marshall Fund, October 12. https://www.gmfus.org/news/changing-landscape- civil-society-eastern-partnership.
- Azərbaycan Respublikasının Qanunu. (2012, December 21). ‘Mədəniyyət haqqında Qanun’ (25303). e-qanun.az. https://e-qanun.az/framework/25303
- BBC (2017, Aug 31). ‘Azərbaycanda bağlanmış media təşkilatlarının qısa tarixçəsi’.
https://www.bbc.com/azeri/azerbaijan-41107828
- Chothia, F. (2025, 03 Oct). First killings in Morocco since Gen Z protests erupted. BBC international. https://www.bbc.com/news/articles/cgrqpekyxpvo
- Delcour, L. & Wolczuk, K. (2021). “Mind the gap: Role expectations and perceived performance of the EU in the South Caucasus”.Eurasian Geography and Economics 62 (2): 156–77.
- Fierman, W. (1988) Western popular culture and Soviet youth: A case study of the “Muslim” regions, Central Asian Survey. Routledge. http://dx.doi.org/10.1080/02634938808400612
- Giorgi, L, M. Sassatelli, & G. Delanty (Eds.) (2011). Festivals, local and global: Critical interventions and the cultural public sphere. In Fabiani, J(Ed.), ‘Critical interventions and the cultural public spaces’. Routledge.
- Hesmondhalgh, D (2013). Why Music Matters. Blackwell Publishing.
- Human Rights Watch. (2013, March 21). Azerbaijan: Investigate Alleged Ill-Treatment by Police. https://www.hrw.org/news/2012/03/21/azerbaijan-investigate-alleged-ill-treatment-police
- Human Rights Watch. (2013, Sep 2). Azerbaijan: Crackdown on Civil Society. https://www.hrw.org/news/2013/09/02/azerbaijan-crackdown-civil-society
- Irwin, C. (2022, Aug 4). 18 Rock Concerts That Turned Into Riots. Classic Rock& Culture. https://ultimateclassicrock.com/rock-concerts-riots/
- Jamal Ali. (2014). Vermişel. Youtube. https://www.youtube.com/watch?v=QTBa4HS8-sg
- Koval, I. (2020, May 9). Under threat from authorities, Belarusians go into exile. Deutsche Welle. https://www.dw.com/en/under-threat-from-authorities-belarusians-go-into-exile/a-54817861
- Mahammadli, I. (2009). Ilkin Mahammadli (ex Ferrum) - Polis (ANS - Dissident - 2009). Youtube. https://www.youtube.com/watch?v=EcyT1jVSNkM&list=RDEcyT1jVSNkM&start_radio=1
- Meydan TV (2025, July 16). “Paşa Bank” və “Kapital Bank”ın adını çəkən repçiyə 30 sutka həbs verilib.https://www.meydan.tv/az/article/pasa-bank-v%C9%99-kapital-bankin-adini-c%C9%99k%C9%99n-repciy%C9%99-30-sutka-h%C9%99bs-verilib/
- Meydan TV (2026, Jan 8). Bayırşəhərdəki söküntüləri tənqid edən repçi Elşad Xose həbs edildi. https://www.meydan.tv/az/article/bayirs%c9%99h%c9%99rd%c9%99ki-sokuntul%c9%99ri-t%c9%99nqid-ed%c9%99n-reper-elsad-xose-h%c9%99bs-edildi/
- Qafqainfo.az (2012). Camal Əli Azərbaycanı tərk etdi. https://qafqazinfo.az/news/detail/bcamal-eli-azerbaycani-terk-etdib-17870
- Radio Free Europe (2011, July 19). Belarusian State Radio Reportedly Bans Politically Sensitive Song https://www.rferl.org/a/belarus_bans_revolutionary_rock_songs/24270086.html
- Radio Free Europe (2025, July)- Banal programs, entertainment shows: Why are these types of programs still dominant in Azerbaijan. (Video). Youtube. https://www.youtube.com/watch?v=Rhyh6Vw-TmA
- Riad, S. (2019). Azərbaycanda rok var!. Literal.az https://literaz.com/news/go/649/seid-riyad-azerbaycanda-rok-var
- Riad, S. (2020, Dec 21). Biker and Rock Subcultures in Azerbaijan. BakuResearchInstiute.https://bakuresearchinstitute.org/en/biker-and-rock-subcultures-in-azerbaijan/
- Riad, S. (2021). Rok kim üçündür?. Literal.az https://literaz.com/news/go/663/seid-riyad-rok-kim-ucundur
- Rosselson, L. (1979). Pop music: Mobiliser or opiate? In C. Gardner (Ed.), ‘Media, politics and culture’ (p. 46). London: Macmillan.
- Rosselson, L. (1981, Jan 23). Songs in the dark ages. Folk Roots.
- Savage, J& Kureishi, H. (1995). The Faber Book of Pop.
- Suleymanov, N. (2014). Vermişel. Youtube. https://www.youtube.com/watch?v=f49doIkTSuE
- Szemere, A. (1989). Review of the book Back in the USSR: The true story of rock in Russia, by A. Troitsky. Popular Music, 8(2).
- Soi︠u︡za, S. (1961). Communist Party of the Soviet Union. Programme of the Communist Party of the Soviet Union, adopted by the 22nd Congress of the C.P.S.U., October 31, 1961. Foreign Languages Publishing House.
- Troitsky, A. (1987). Back in the USSR: The true story of rock in Russia, Omnibus Press.
Wicke, P. (1992). The role of rock music in the political disintegration of East Germany. In J. Lull (Ed.), Popular music and communication. Sage.