(Yazı KHAR Center-in "Post-sovet ölkələrində Rusiyanın təsir mexanizmləri” araşdırması çərçivəsində hazırlanıb)
Giriş
Gürcüstan Rusiyanın postsovet məkanındakı təsir siyasəti baxımından ən paradoksal nümunələrdən biridir. Son illərə qədər postsovet məkanında Qərbə inteqrasiyanın öncüllərindən olan, Avropa və Avro-Atlantik ittifaqlara üzvlüyü əsas hədəfi kimi müəyyənləşdirən, bu səbəbdən əraziləri Rusiya tərəfindən işğal edilən Gürcüstan xüsusilə 2022-ci ildən sonra sürətlə Moskvaya üz tutub. Hakim “Gürcü Arzusu” partiyasının qəbul etdiyi “Kreml qanunları”, Qərbə qarşı sərtləşən ritorika və vətəndaş cəmiyyətinə təzyiqlər Avropa ilə inteqrasiya prosesini faktiki olaraq dayandırıb. ABŞ və Avropa İttifaqı, Qərbdən maliyyələşən qeyri-hökumət təşkilatları və qərbyönlü müxalifət ölkənin suverenliyinə və təhlükəsizliyinə təhdid yaradan aktorlar kimi tövsif olunmağa başlayıb.
Yaxın qonşusu Ermənistandan fərqli olaraq Gürcüstanda bu təsəvvürü formalaşdırmağa xidmət edən narrativlərin yayılmasında və güclənməsində əsas rolu müxalifət və ya ayrı-ayrı qruplar deyil, məhz hakim siyasi elita oynayır. Ən böyük risk də məhz burada yatır - Cənubi Qafqazın “azadlıq adası” hakimiyyətin əli ilə Kreml propaqandasının poliqonuna çevrilir. Bunun nəticəsində də Kremlin narrativləri yerli siyasi diskursun bir hissəsi şəklində legitimləşir və daha geniş auditoriyalara təsir etmək imkanı qazanır.
“KHAR Center”in bu araşdırmasının məqsədi Rusiyanın postsovet məkanındakı təsir siyasətinin Gürcüstan paradoksunu təhlil etmək, “cəmiyyətin böyük hissəsi Qərbə inteqrasiyanı dəstəklədiyi halda Gürcüstan ərazilərinin bir hissəsini işğal altında saxlayan Moskva son illərdə bu ölkədəki təsir imkanlarını necə genişləndirə bilib?” sualına cavab tapmaqdır.
“TANIŞ YAD”DAN PROPAQANDA ORTAĞINA - GÜRCÜSTANIN MİLLİ KİMLİK BÖHRANI
Gürcüstan Rusiya üçün əraziləri hesabına coğrafiyasını genişləndirməyə çalışdığı hər hansı bir ölkə və ya Qara dənizə çıxışı olduğu üçün əlahiddə strateji əhəmiyyət daşıyan bir dövlət deyil. Kremlin bu ölkəylə bağlı marağının sərhədləri işğal etdiyi coğrafiyadan daha böyük, səbəbləri daha fundamentaldır. Bu səbəblər arasında keçmiş imperiyası üzərində nəzarəti saxlamaq istəyi, Aİ və NATO-nun Rusiya sərhədlərinə doğru irəliləməsinin yaratdığı təhlükəsizlik narahatlığı, böyük güc statusunu qorumaq qayğısı və demokratiyanın regionda yoluxucu xarakter almamasını təmin etməklə öz rejimini qorumaq ehtiyacı var (Gente, 2023). Gürcüstan məsələsi Moskva üçün postsovet məkanındakı dominantlığının və Qərblə daha geniş geosiyasi rəqabətinin bir hissəsidir (Seskuria, 2021). Rusiya Gürcüstanı öz “arxa həyəti” kimi görür və postsovet məkanında öz təsirinin bərpasında bu ölkəyə mühüm rol ayırır (Gvelesaiani, Mölder, 2018).
Xüsusilə Ukrayna müharibəsindən sonra bu, Rusiya üçün həyati əhəmiyyət daşıyır. Moskvanın baxışına görə, Gürcüstanın Kreml orbitinə qayıtması keçmiş sovet respublikalarına Rusiyanın təsirindən çıxmağa çalışmağın nə qədər ağılsız addım olduğunu nümayiş etdirəcək. Bu isə Moskvaya öz “yaxın xaric”ində əsas, hətta mümkün olarsa, yeganə təsir qüvvəsi olaraq qalmağa kömək edəcək (Gente, 2023).
“Tanış yadlar” ölkəsi…
Gürcüstanın modern bir dövlət kimi formalaşması Rusiya imperiyası və daha sonra SSRİ-nin kölgəsində həyata keçib və bu da xalqın gözündə Moskvanı müstəqillik üçün ən böyük təhdidə çevirib. Gürcüstan xalqı uzun illərdir milli kimliyini demokratik dövlətlərdən ibarət Avropa cəmiyyətinə aidiyyat və Rusiya hegemoniyasına qarşı çıxma üzərində qurub. İlk demokratik respublikanın lideri Noy Jordaniya bu mesajı 1920-ci ildəki “Bugünkü həyatımız və gələcəyə gedən yolumuz heç bir vasitəçiyə ehtiyac olmadan Qərb ilə yaxın əlaqəlidir və heç bir güc bu birliyi poza bilməz” cümləsi ilə ifadə edib (Tsintsadze-Maass, 2025).
Qərblə bu bağ demokratik respublikanın 1921-ci ilin fevralında bolşeviklər tərəfindən işğalıyla pozulsa da, Gürcüstan xalqının Rusiya əleyhinə duyğuları Sovet dövründə periodik üsyanlar və müxalif hərəkatlarla davam edib. Bunun ən açıq təzahürləri isə 1970-ci illərin ikinci yarısında baş verib. 1975-ci ildə doktorantura işlərinin gürcü diliylə yanaşı rusca da təqdim olunması məcburiyyətinin gətirilməsi, 1976-78-ci illərdə məktəblərdə və institutlarda rusca dərslərinin saatlarının artırılması ölkədə etirazlara səbəb olub. Moskvanın gürcücənin dövlət dili statusunu ləğv etmə təşəbbüsü isə ölkədə böyük aksiyalarla nəticələnib. Təzyiq qarşısında sovet rəhbərliyi geri çəkilib və gürcü dilinin statusu saxlanılıb (Jones, 2018).
Gürcüstan digər ittifaq respublikaları ilə eyni “millət quruculuğu” modelinə daxil edilsə də, burada güclü milli siyasi sinif, ayrıca dil, dövlətçilik yaddaşı və yerli institutlar mövcud idi. Erik Skott bu baxımdan gürcüləri Sovet İttifaqının “tanış yadları” kimi xarakterizə edib. Müəllifə görə, onlar SSRİ əhalisinin kiçik hissəsini təşkil etsələr də, Sovet siyasi, iqtisadi və mədəni həyatında qeyri-proporsional dərəcədə görünən və təsirli mövqeyə malik idilər. Onlar həm imperiyanın mərkəzinə inteqrasiya olmuşdular, həm də ayrıca milli icma kimi güclü identikliklərini saxlayırdılar. Yəni imperiyanın içində və mərkəzində idilər, amma ruslaşmamışdılar (Scott, 2011).
1980-ci illərin sonlarında gürcülərin Anti-Rusiya hissləri daha güclü şəkildə yenidən ortaya çıxıb, ölkənin müstəqillikdən sonrakı milli kimliyini və xarici siyasət istiqamətini müəyyən edib. Bu kimlik və istiqamət Gürcüstanda Rusiyanı əsas təhlükə kimi təqdim edən uzunmüddətli milli narrativ əsasında formalaşıb (Tsintsadze-Maass, 2025).
Yenidən müstəqillik qazandığı 1991-ci ildən sonra Gürcüstanın xarici siyasəti əsasən anti-Rusiya və Avropayönlü milli kimliyinə uyğun şəkildə formalaşıb. Bütün iqtidarlar dövründə problemlər və tənqidlər olsa da, Aİ və NATO üzvlüyü əsas hədəf kimi qalıb və hətta konstitusiyada əksini tapıb. İqtisadi və hərbi baxımdan Rusiyadan qat-qat zəif olmasına və Qərbdən real təhlükəsizlik təminatı almamasına baxmayaraq, Gürcüstan müstəqilliyinin ilk dövründə Moskvanın rəhbərlik etdiyi sistemə yenidən qoşulmağı qəbul etməyib. Əksinə, 1991-ci ildə MDB-yə qoşulmaqdan imtina edən azsaylı keçmiş sovet respublikalarından biri olub, dəstək üçün Qərb institutlarına müraciət edib. Yəni Rusiyadan siyasi muxtariyyəti qorumağı iqtisadi və təhlükəsizlik risklərindən daha üstün tutub (Tsintsadze, Maass, 2025).
Moskva isə bunu müstəqil bir dövlətin geosiyasi seçimi deyil, özünün legitim təsir dairəsində hesab etdiyi bir subyektin meydan oxuması kimi qəbul edib. Bu səbəbdən də gənc Gürcüstan respublikasının millətçi hakimiyyətinin etnik azlıqlarla bağlı ritorikasından da faydalanaraq regional münqaişə ocaqları yarada bilib (Stronski, Vreeman, 2017).
Abxaziya və Cənubi Osetiya problemləri Moskvanın təsiriylə qısa müddətdə daxili separatizmdən daha böyük bir məsələyə - uzun illər davam edəcək münaqişə ocaqlarına çevrilib. 1990-cı illərdə Rusiyanın dəstəyi olmadan separatçı qüvvələrin meydana çıxması və mövcudluğunu davam etdirməsi mümkün deyildi, eyni zamanda Gürcüstanda Şevardnadze dövründə başlayan sülh prosesi də əsasən Moskvanın diqtə etdiyi formada qurulmuşdu. Yəni Rusiya həm separatçıların əsas hamisi, həm də separatçıların əliylə yaratdığı münaqişənin “vasitəçisi” və “sülhməramlısı” rolunu oynayırdı. Bu da ona Gürcüstan üzərində uzunmüddətli təsir imkanı verirdi (Bartuzi, Strachota, 2008). Moskva separatçı regionlardan Gürcüstanın daxili siyasətinə təsir göstərmək və onun Qərblə əlaqələrinin dərinləşməsinin qarşısını almaq üçün təzyiq və sövdələşmə vasitəsi (bargaining chip) kimi istifadə edirdi (Gressel, 2015)
2003-cü ildə Eduard Şevardnazde hakimiyyətinin devrilməsi və Mixail Saakaşvilinin iqtidara gəlməsi ilə nəticələnən Qızılgül inqilabından sonra bu təsir mexanizminin əhəmiyyəti xüsusilə qabarıq şəkildə ortaya çıxıb. Gürcüstanın dövlət institutlarını gücləndirməsi, Qərblə əlaqələrini genişləndirməsi və NATO-ya inteqrasiyanı açıq strateji məqsədə çevirməsi fonunda Abxaziya və Cənubi Osetiya münqaişələri Rusiya və Qərbin Gürcüstan uğrunda mübarizənin hissəsinə çevrilib (Gressel, 2015).
“Yalanların yanğın şlanqı”…
Moskva Gürcüstanın demokratik hakimiyyətinin fəaliyyətini məhdudlaşdırmaq üçün əvvəlcə ticarət, nəqliyyat sahələrində təzyiqlərə başladı, embarqolarla Tbilisini sıxışdırmağa çalışıb, eyni zamanda Rusiyada yaşayan gürcülərə qarşı sərt kampaniyaya başlayıb. Kremlin həm Gürcüstan daxilində, həm də Rusiyada yaşayan gürcülərə mesajı açıq idi - Gürcüstanda Saakaşvili iqtidarını dəyişdirmək və Rusiyanın təsir dairəsinə qayıdacaq bir hökumət formalaşdırmaq. Moskvanın məntiqinə görə, Gürcüstan Rusiya ilə yaxınlaşma şərtilə müstəqil qala bilərdi, ancaq bunun üçün NATO kursundən və ABŞ ilə ittifaqdan vaz keçməliydi (Trenin, 2006).
Saakaşvili Cənubi Osetiya və Abxaziyanın Gürcüstana inteqrasiyası və Gürcüstanın Qərbə inteqrasiyası kimi iki əsas hədəfi eyni zamanda həyata keçirməyə çalışırdı. Bunun üçün Cənubi Osetiyanın Gürcüstanın nəzarəti altındakı hissəsini iqtisadi və sosial modernizasiyanın vitrininə çevirməyi hədəfləyirdi. Saakaşvili bu vitrinin Tsxinvalidəki osetinləri də təşviq edəcəyinə inanırdı. Eyni zamanda postsovet məkanındakı görünməmiş islahatlarının Qərbdə güclü dəstək və təhlükəsizlik təminatı yaradacağından əmindi. Ancaq iki hədəfində də yanıldı. Əvvəla Cənubi Osetiya tamamilə Rusiya təhlükəsizlik qüvvələrinin və Moskva siyasətinin nəzarəti altında olan koloniyaya çevrilmişdi. Digər tərəfdən, Qərb Saakalşvilinin islahatlarını bəyanatlarda dəstəkləsə də, Gürcüstan üçün Moskva ilə qarşı-qarşıya gəlmək niyyətində deyildi. Saakaşvili hakimiyyəti bu acı həqiqəti 2008-ci ilin 5 günlük müharibəsində gördü (Gressel, 2015).
2008-ci il müharibəsi Rusiya üçün yalnız hərbi güc tətbiqinin, beynəlxalq cəzasızlıq aktının baş məşqi deyil, eyni zamanda informasiya müharibəsinin də dönüş nöqtələrindən biri oldu. Qərb bu müharibədə nəinki Gürcüstana dəstək verdi, əksinə, Rusiyanın propaqanda bombardmanının təsiri altına düşdü. Bu propaqanda bombardmanının təsiri o qədər yüksəkdi ki, Moskvanın dezinformasiyaları Aİ-nin hesabatına belə sızdı (Gressel, 2015).
Beynəlxalq ekspertlər məhz 2008-ci ildəki 5 günlük müharibənin Rusiya propaqanda yanaşmasının yeni mərhələsinin başlanğıcı olduğuna diqqət çəkirlər. RAND tədqiqatçıları Kristofer Pol və Miriyəm Metyuz bu müharibədə Rusiyanın tətbiq etdiyi propaqanda modelini “yalanların yanğın şlanqı” (firehose of falsehood) adlandırır. Bu modelin əsas xüsusiyyətləri eyni mesajın çoxsaylı kanallardan böyük həcmdə, sürətli, davamlı və təkrarlanan formada yayılması, faktiki həqiqətə və hətta müxtəlif mesajların bir-biri ilə uyğunluğuna ciddi əhəmiyyət verilməməsidir (Paul, Mattews, 2016).
Gürcüstan müharibəsində “yalanların yanğın şlanqı” bu formada görünürdü - kiberhücumlar Gürcüstanın hökumət saytlarını və informasiya imkanlarını zəiflədir, Rusiya yaranan informasiya boşluğu nu Tbilisinin “səbəbsiz hücuma başladığı”, Moskvanın Cənubi Osetiya əhalisini müdafiə etdiyi və Gürcüstanın orada “soyqırımı” həyata keçirdiyi kimi narrativlərlə doldururdu (Modern War İnstitute, 2018). Bu baxımdan Gürcüstan savaşı sonradan Krımda, Donbasda və digər əməliyyatlarda daha sistemli şəkildə görünəcək Rusiya informasiya müharibəsi modelinin mühüm sınaq mərhələlərindən biri idi.
2008-ci il müharibəsiylə Kreml Gürcüstan ərazilərinin 20 faizini faktiki olaraq işğal etdi. Cənubi Osetiya və Abxaziyanın “müstəqilliklərini” tanıyaraq onları öz müstəmləkəsinə çevirdi. Ancaq buna baxmayaraq işğal Kremlin o dövrdə əsas hədəfinə - Gürcüstanın xarici siyasət kursunu və ya bu kursu həyata keçirən hakimiyyəti dəyişməsinə səbəb olmadı. Rusiya konvensional hərbi vasitələrdən hibrid təsir vasitələrinə keçid etdi (Seskuria, 2021).
İslahat və anti-Rusiya xəttindən geriyə dönüş “arzusu”...
Rusiyanın sistematik təzyiq və propaqanda fəaliyyəti və Saakaşvilinin ikinci kadensiya dövründə güc zəhərlənməsi nəticəsində populyarlığını itirməsi ölkədə Moskvanın uzun müddətdir gözlədiyi hakimiyyət dəyişikliyini labüd etdi. Uzun illər Rusiyada yaşayan və bütün sərvətini Rusiyada qazanan oliqarx Bidzina İvanişvili ölkədə yaranan siyasət boşluğunda özünü “milyardlarını kasıb gürcü xalqına xərcləməyə hazır” biri kimi tanıtmağı bacardı. O dövrdə nə Qərb, nə də Gürcüstan cəmiyyəti “Gürcü Arzusu”nun qurucusu İvanişvilinin gələcəkdə Gürcüstanın qərbə inteqrasiyası önündə ciddi əngəl ola biləcəyini görə bildi. Əksinə, İvanişvilinin milyardlarını Gürcüstana xərcləyib xalqı rifaha qovuşduracağına, özünün isə ölkədəki güclü qərbyönümlü vətəndaş cəmiyyətinin və medianın təsiri altında Putinlə bağlarını qoparıb Qərb dəyərlərinin daşıyıcısı olacağına inandılar (Khar Center, 2025). Bu da seçkilərdə qələbə qazanmasına və siyasi karyerasında yüksəlişə səbəb oldu. Halbuki “Gürcü Arzusu”nun hakimiyyətə gəlişi Gürcüstanın nümunəvi islahat və anti-Rusiya xəttindən geriyə dönüşünün başlanğıcı idi.
Yeni hakimiyyət Aİ və NATO kursundan rəsmən imtina etməsə də Rusiya ilə münasibətlərin “normallaşdırılmasını” prioritet elan etdi. Moskva da İvanişvili hakimiyyəti ilə “səxavətli” davrandı. Rusiya bazarlarında Gürcüstan məhsulları üçün məhdudiyyətlər götürüldü, birbaşa aviareyslər, eləcə də iqtisadi və humanitar əlaqələr bərpa olunmağa başladı. Ancaq bu, Kremlin əsas prioritetini dəyişdirmədi. Moskvan Tbilisinin Qərb marşrutundan çıxarmaq üçün “kökəni verərkən dəyənəyi göstərməyi” də unutmadı. Bu məqsədlə Moskva Abxaziyaya Rusiya ilə daha yaxın inteqrasiya üçün təzyiqlərə başladı, Osetiyadakı separatçıların Gürcüstana yeni ərazi iddiaları elan etmələrini təşviq etdi, pro-Rusiya partiyaları və QHT-ləri yaratmağa, maliyyələşdirməyə başladı, propaqanda fəaliyyətini, Qərb əleyhdarı olan Gürcü Pravoslav Kilsəsi ilə əməkdaşlığı artırdı, Cavaxetiya erməniləri arasında separartçılığı qızışdırmağa çalışdı (Falkowski, 2014).
Ancaq ilk illərdə bu Moskva əsas hədəfinə nail ola bilmədi. Çünki əvvəla, Gürcüstan cəmiyyəti Saakaşvili hakimiyyətini dəyişsə də, onun müəyyənləşdirdiyi Qərbə inteqrasiya hədəfinə çox bağlıydı. İkincisi, Beşgünlük müharibədən çox keçməmişdi və Gürcüstan cəmiyyətində açıq pro-Rusiya fəaliyyət həyata keçirmək o qədər asan deyildi. Üçüncüsü, Gürcüstan cəmiyyəti Saakaşvili rejiminin formalaşdırdığı azad seçki sisteminə çox güvənirdi və “Gürcü Arzusu” da o dövrdə hələ bu sistemin transformasiyasını həyata keçirə bilməmişdi, sadəcə seçici səslərinə ümid edirdi. Nəhayət, dördüncüsü, “Gürcü Arzusu”nun daxilində də Qərb meyilli fiqurlar vardı (Georgi Margvelaşvili, İrakli Alasaniya və s.) və onlar İvanişvilinin liderliyini qəbul etsələr də, ölkənin NATO və Aİ hədəfləri istiqamətində irəliləməsini dəstəkləyirdilər. Bütün geriləmələrə baxmayaraq 2021-ci ilin ortalarına qədər hələ də əksər müşahidəçilər Gürcüstanın Avropa standartlarına uyğunlaşma səylərinin Şərq Tərəfdaşlığı proqramına daxil olan digər ölkələrdən (Ukrayna, Moldova, Ermənistan, Azərbaycan və Belarus) daha çox olduğuna inanırdı.
Milli kimlik böhranı
Növbəti illərdə bütün parametrlər dəyişdi. “Gürcü Arzusu” öz daxilindəki Qərb tərəfdarlarını “zərərsizləşdirdi”, dövlətin imkanlarını ələ keçirərək azad və ədalətli seçki sistemin ciddi şəkildə etibarsızlaşdırdı, Qərb tərəfdarı olan müxalifəti, vətəndaş cəmiyyətini və medianı tədricən sıradan çıxarma xəttini gücləndirdi, Qərb ilə inteqrasiyanı faktiki iflic etdi.
2022-ci ildən sonra tamamilə yeni bir dövr başlayıb. Gürcüstan cəmiyyətinin Rusiyanı təhlükə kimi dəyərləndirməsinə baxmayaraq Kreml narrativləri “Rusiya ilə normallaşma” adı altında ölkə hakimiyyətinin diskursunda açıq formaya keçməyi və hegemon olmağı bacarıb. İvanişvilinin bəzən pərdə arxasından, bəzən vitrindən idarə etdiyi hökumət koalisiyasının Gürcüstanı Qərbdən uzaqlaşdırmaq və mərhələli şəkildə Rusiyanın nüfuz dairəsinə qaytarmaq üçün atdığı silsilə addımlar 2022-ci ilin iyununda ölkəyə Aİ üzvlüyünə namizəd statusunun verilməməsinə səbəb olub (Gente, 2022). “Gürcü Arzusu” hökuməti namizəd statusunun verilməsi üçün irəli sürülən şərtləri yerinə yetirmək əvəzinə Aİ və Qərb əleyhinə ritorikanı sərtləşdirdi (Kakachia, Kakabadze, 2022).
2024-cü ildə isə İvanişvili rejimi Rusiyanın Gürcüstandakı strateji prioritetlərindən birini faktiki həyata keçirib. Cəmiyyətinin 80 faizi Avrointeqrasiya tərəfdarı olan Gürcüstanın Aİ-yə üzvlük prosesi tamamilə dayanıb, Tbilisi danışıqların 2028-ci ilə qədər gündəliyə gətirilməyəcəyini açıqlayıb. 2025-ci ildə xaricdən maliyyələşən media və QHT-lərə nəzarəti daha da sərtləşdirən yeni qanunlar qəbul edilib. Vətəndaş cəmiyyəti institutları dövlət qurumlarının qərar alma prosesindəki məşvərətçi rolundan uzaqlaşdırılıb, müxalifətçi ovunun, həm ənənəvi, həm sosial mediaya total təzyiq və nəzarətin sərhədləri genişləndirilib (Gorecki, 2025).
Bu, müstəqil dövlət olaraq mövcudluğu Qərbə aidiyyat və Rusiya əleyhdarlığı üzərində qurulan Gürcüstanda ciddi kimlik böhranı yaradıb.
PROPAQANDA TOTAL REPRESSİYA MEXANİZMİ KİMİ
Rusiyanın Gürcüstandakı propaqanda əməliyyatları Qara dəniz regionunun ən əhatəli hibrid müharibə kampaniyalarından birini təmsil edir. Kreml uzun illərdir burada ərazi işğalı, iqtisadi embarqolar, enerji və ticarət “savaşları”, siyasi işbirliyi, korrupsiya və informasiya müharibəsi kimi üsullardan istifadə edib. Rusiyanın Gürcüstan ərazilərini işğal etməsi faktı ölkənin suverenliyi üçün birbaşa təhdid kimi qalmağa davam etsə də, Moskva siyasi əməkdaşlıq, iqtisadi asılılıq və informasiya müharibəsi yoluyla təsirini artırmağı bacarıb. Ölkədəki siyasi elitaya sızıb, cəmiyyəti manipulyasiya edib, daxili bölünmələri qızışdıraraq yeni açıq hərbi addıma ehtiyac duymadan Gürcüstana nəzarəti ələ alıb. Gürcüstan cəmiyyəti buna etiraz etsə də, Gürcü Arzusu iqtidarının avtoritarizmi dərinləşdirməsi və Rusiyadakına bənzəyən kleptokratik avtoritarizm qurması Moskvanın işini asanlaşdırıb (Sikharulidze, 2025).
Rusiya Gürcüstanda ictimai rəy formalaşdırmaq, pro-Kreml duyğuları qidalandırmaq və ölkənin Avro-Atlantik inteqrasiyasına mane olmaq üçün çoxlaylı bir propaqanda şəbəkəsi formalaşdırıb. Bu şəbəkənin əsas dirəklərindən biri dezinformasiya və mediaya nəzarətdir. Kremlin dəstəyini alan media orqanları, trol fabrikləri, sosial media şəbəkələri Avropa və NATO-ya inteqrasiyanın Gürcüstanın suverenliyinə və ənənəvi dəyərlərinə zidd olduğuna dair narrativləri daim dövriyyədə saxlayır. Amma daha da pisi, bu narrativlər yalnız bu orqanlar və şəbəkələrlə məhdudlaşmır, Gürcüstanın hakim partiyasının əliylə hegemon tezislərə çevrilir. Xüsusilə son iki ildə Gürcüstanda Rusiya propaqandası artıq xaricdən ötürülən dezinformasiya şəklində təzahür etmir. Ölkədə dezinformasiya koordinasiyalı ekosistem daxilində fəaliyyət göstərir: kənar aktorlar və iqtidar saxta narrativləri dövriyyəyə buraxır, hökumətyönlü media onları gücləndirir, daha sonra isə hakimiyyət həmin narrativləri siyasətə, repressiyaya və ya istintaqlara çevirir. “Amnesty International” Gürcüstandakı bu modeli dezinformasiya vasitəsilə idarəetmə (government by disinformation) adlandırır. Təşkilatın qənaətinə görə, müstəqil medianın zəifləməsi hakimiyyətə hökumətin nəzarətində olan və ya ona yaxın media vasitəsilə informasiya gündəliyinə hakim olma və dezinformasiya ilə cəmiyyəti idarə etmə imkanı verib. Bu idarətmə propaqandadan cəzalandırmaya gedən xətt (propaganda-to-punishment pipeline) üzrə həyata keçirilir. Yəni Rusiyanın Gürcüstandakı propaqandası sadəcə ictimai rəy dəyişməyə xidmət etmir, Gürcüstan hakimiyyətinin əliylə total repressiyanın bir hissəsinə çevrilib. Hakimiyyət hazır gələn və ya özünün yaratdığı narrativi irəli sürür, mediadan istifadə edərək aqressiv şəkildə yayır, müxalifəti və vətəndaş cəmiyyətini milli maraq üçün təhlükə kimi damğalayır, sonra isə məhkəmələr vasitəsilə cəzalandırır (Amnesty İnternational, 2026).
İqtisadi təsir, enerji asılılığı, hökumət sabotajı
İvanişvilinin hakimiyyətə gəldiyi 2012-ci ildən etibarən yenidən başlayan Gürcüstan-Rusiya iqtisadi əlaqələri də məhz 2022-ci ildən - Ukrayna müharibəsindən sonra vüsət götürüb. 2022-ci ildə Rusiyanın Gürcüstana birbaşa sərmayəsi rekord səviyyəyə - 105,6 milyon dollara çıxıb, 2023-cü ildə 103,3 milyon dollara geriləsə belə, bu yüksək rəqəm Gürcüstanın uzun perspektivdəki iqtisadi suverenliyi baxımından narahatlıq doğurur. Bu, xüsusilə də özünü Rusiya vətəndaşlarının Gürcüstanda əmlak almasında göstərib - 2022-23-cü illərdə bu rəqəm 115 faiz artıb. 2023-cü ildə iki ölkə arasında rəsmi ticarət həcmi 2,39 milyard dollara çatıb. Bu, geniş miqyaslı Ukrayna müharibəsinin başlamasından əvvəlki 2021-ci illə müqayisədə 47 faiz artım deməkdir (Sikharulidze, 2025).
Gürcüstan Rusiya təbii qazından asılı deyil, qazı Azərbaycandan alır, ancaq Moskva dəstəkli müəssisələrin nəzarəti altında olan maye neft qazı məsələsində Rusiyadan asılıdır. 2023-cü ildə Rusiyadan benzin və dizel idxalı 11 faiz azalsa da, ümumilikdə Gürcüstanın Rusiya neftindən asılılığı 2021-ci ildən bəri artıb. Üstəlik Gürcüstan regionda strateji təbii gaz anbarı olmayan yeganə ölkədir və bu da onu Rusiyanın təzyiqinə açıq hala gətirir (Sikharulidze, 2025).
Gürcüstan hakimiyyəti ölkənin Rusiyadan asılılığını azaldacaq layihələrə məqsədli şəkildə mane olur. Bunun ən bariz nümunələrindən biri Gürcüstanın tranzit rolunu artırmaq, Qərb investisiyalarını cəlb etmək və Rusiyanı by-pass edərək ölkəni qlobal tədarük zəncirinə qoşmaq üçün planlaşdırılan Anakliya Dərin Dəniz Limanı layihəsiylə bağlı atılan addım idi. Gürcüstan hökuməti layihəyə dair müqavilələri ləğv etdi, icranı gecikdirdi, sonra isə layihəni Çin firmasına verərək ölkə infrastrukturu üzərində Rusiya ilə Çinin təsirinin artmasına şərait yaratdı (Sikharulidze, 2025).
Müharibə istismarı
Rusiya Gürcüstanda propaqanda, dezinformasiya, siyasi təsir və kəşfiyyat sızmalarına uzun illərdir investisiya qoyub. Gürcüstanda dezinformasiya kampaniyaları xüsusilə son iki ildə Kreml mənşəli “ikinci cəbhə” və “Qlobal Müharibə Partiyası” narrativləri ilə aparılır. Sonuncu getdikcə daha çox “dərin dövlət” ifadəsi ilə əvəz olunub.
2022-ci ildən sonra “Gürcü Arzusu”nun Gürcüstanda ən asan legitimləşdirə bildiyi Kreml narrativi “ikinci cəbhə” tezisi olub. 2008-ci ilin müharibə travmasını yaşayan Gürcüstan cəmiyyətinə İvanişvili rejiminin “satdığı” bu narrativə görə, Ukrayna, Gürcüstan müxalifəti və Qərb dairələri Tbilisini Rusiyaya qarşı ikinci cəbhə açmağa məcbur etmək istəyirdi. Bu narrativdə “Gürcü Arzusu” Qərb, Ukrayna və “destruktiv” müxalifətin ölkəni ikinci cəbhəyə çevirmə təşəbbüsünə qarşı əsas müqavimət mərkəzi kimi təqdim olunur. Qərb simpatiyasının müharibə tərəfdarlığı kimi göstərildiyi bu narrativ yalnız açıq pro-Kreml və ultra-sağ qruplar tərəfindən dilə gətirilmir, parlament çoxluğunun nümayəndələri də bu diskursa qoşulublar (İSFED, 2022).
“İkinci cəbhə” narrativi vaxt keçdikcə Kremlin daha geniş coğrafiyada istifadə etdiyi “qlobal müharibə partiyası” narrativinə çevrilib. 2024-cü ilin seçki kampaniyasında İvanişvilinin əsas tezisi məhz “qlobal müharibə partiyası ilə mübarizə” olub (Civil Georgia, 2024 a). Ukrayna müharibəsinin istismarı ümumilikdə “Gürcü Arzusu”nun 2024-cü ildəki seçki kampaniyasının əsasını təşkil edib. Hakim koalisiyanın küçə reklamlarında Rusiya tərəfindən dağıdılmış Ukrayna şəhərləri “sülh içində” olan Gürcüstan şəhərləri ilə yanaşı göstərildir, seçiciyə “müharibə” ilə “sülh” arasında seçim etdiyi mesajı verilib. Bu, iki il davam edən “Qərbə yaxınlaşmaq müharibəyə gətirib çıxaracaq” tezisli qorxu siyasətinin vizual kulminasiyası idi ( Buziashvili, Gelava, 2024).
İvanişvili rejiminin diskursunda gedərək möhkəmlənən “müharibə təhlükəsi” narrativi daha sonra “milli kimliyin qorunması” tezisi ilə birləşdirilib. QHT-lərə qarşı qarayaxma və geosiyasi konspirasiya narrativləri ilə yanaşı, hakimiyyət və hökumətyönlü media diqqəti yayındırmaq, cəmiyyətdə parçalanma yaratmaq və nəticə etibarilə hakimiyyətini möhkəmləndirmək üçün yenə Kreml yolunu davam etdirib. LGBTİ hüquqları və gender bərabərliyi “ənənəvi dəyərlərə”, uşaqların təhlükəsizliyinə və ümumilikdə ictimai nizama qarşı xaricdən zorla qəbul etdirilən gündəlik kimi təqdim edilib. Fəallar və insan hüquqları müdafiəçiləri, xüsusilə azlıqların hüquqlarını müdafiə edən şəxslər, “təhlükəli”, “əxlaqsız” və “antimilli” kimi göstərilib. Bu mesajlar yalnız ictimai parçalanmanı və diskriminasiyanı dərinləşdirməyib, həm də müxalif mövqelərin marginallaşdırılmasına və müxtəlif etiraz hərəkatları arasında həmrəyliyin zəiflədilməsinə xidmət edib. Bu konspirasiya narrativləri 2024-cü ilin sentyabrında “Ailə dəyərlərinin və azyaşlıların müdafiəsi haqqında” qanunun qəbuluna da zəmin yaradıb. Qanun eynicinsli münasibətləri “təşviq edən” ictimai ifadə və toplantıları qadağan edib və onun təsiri LGBTİ icmasının hüdudlarından xeyli kənara çıxıb (Amnesty İnternational, 2026).
KREMLİN GÜRCÜSTANDAKI PROPAQANDA AKTORLARI
Gürcü Arzusu iqtidarı
Yuxarıda da vurğuladığımız kimi, Gürcüstanda Kreml propaqandasının paradoksal şəkildə güclənməsinin əsas səbəbi Gürcüstan hakimiyyətidir. 2022-ci ildə İvanişvili hakimiyyəti üçün Qərb əleyhdarlığı kursunu “Gürcü Arzusu”ndan ayrılmış deputatların yaratdığı “Xalqın Gücü” Partiyası yerinə yetirirdi. Yayğın qənaətə görə, bu deputatların ayrılığı da böyük oyunun bir hissəsiydi və əslində “Xalqın Gücü” “Gürcü Arzusu”nun açıq şəkildə ifa edə bilmədiyi radikal pro-Kreml və anti-Qərb mövqelərin dilləndirilməsi üçün yaradılmış bir instrument idi. Yəni hakimiyyət üçün bu anti-Qərb və pro-Kreml tezislərini yayan paralel kommunikasiya kanalıydı (Kakachia, Samkharadze, 2022). Bu şübhələr 2024-cü ilə tamamilə haqlı çıxdı - “Xalqın Gücü” “Gürcü Arzusu”nun siyahısı ilə seçkilərə getdi və hətta onun həmtəsisçisi də hakim kaolisiyanın prezidentliyə namizədi oldu (Civil Georgia, 2024b). 2026-cı ildə “Xalqın Gücü” parlamentdə ayrıca siyasi qrup kimi fəaliyyətini davam etdirsə də, qrupun rəhbəri Dimitri Xundadzenin rəsmi parlament profilində onun siyasi partiyası “Georgian Dream–Democratic Georgia” olaraq göstərilir (Parliament Georgia, 2026).
2024-cü ildən sonra “Xalqın Gücü”nün birinci dərəcəli alternativ propaqanda kanalı olması əhəmiyyətini itirdi. Çünki İvanişvilinin formalaşdırdığı hakimiyyət beynəlxalq təşkilatlar tərəfindən şübhəylə qarşılanan seçkilərdə 54 faizlik qələbə elan etdikdən sonra daha açıq formada Qərb əleyhdarı kimi çıxış etməyə başladı.
Hakimiyyətyönlü media resursları
Gürcüstan hakimiyyətinin propaqandanın gücləndirilməsində ən çox işlətdiyi instrument mediadır. Kreml narrativlərinin yerli hakimiyyət tərəfindən legitimləşdirilərək yayılmasında ən böyük rolu “Imedi”, POSTV, “Rustavi-2” və digər hökumətyönlü televiziya kanalları oynayır. Xüsusilə “İmedi” və POSTV-nin Rusiya informasiya müharibəsinin bir aktoruna çevirilməsi o həddə çatıb ki, bu ilin əvvəlində Böyük Britaniya iki kanalı da sanksiya siyahısına daxil edib (UK Foreign, Commonwealth and Development Office, 2026). Araşdırmalar bir çox hallarda “İmedi”, “Rustavi-2” və POSTV-nin eyni məzmunlu materialları koordinasiyalı şəkildə yaydığını göstərir (CMİS, 2026). GDS, “Maestro”, İctimai Televiziya kimi kanallar da bu koordinasiyalı fəaliyyətdə iştirak edir. Ölkədəki xəbər izləyicilərinin 45 faizinin hökumətyönümlü kanalları izləməsi onlar ötürülən Kreml narrativlərinin təsir arealının nə qədər geniş olduğunu nümayiş etdirir (CRRC-MDF, 2025).
Hökumətyönlü kanallarla yanaşı, Gürcüstanda açıq şəkildə pro-Kreml və anti-Qərb xətti aparan ayrıca media qrupu da mövcuddur. Buraya Rusiya ilə daha yaxın münasibətlərini dəstəkləyən və ifrat-sağ dairələrin maraqlarını əks etdirən “Alt-Info”, “Sezoni TV” və “Obieqtivi” kanalları daxildir (CRRC-MDF, 2025).
Televiziya kanallarından əlavə, “Gürcü Arzusu”nun informasiya ekosistemində hakimiyyətyönlü xəbər saytları və agentliklərdən ibarət geniş şəbəkə də fəaliyyət göstərir. “Akhla”, “Saerto Gazeti”, INFO9, “Radio Sivrtse”, “Prime Time”, “Newshub.ge”, “InfoPostalion”, “Kvira Media Holdinqi”, “Resonansi”, “Marshalpress” və digər saytlar bu şəbəkənin aktiv iştirakçılarıdır (İSFED, 2026a, MYTHDetector, 2025). Dövlət qurumlarının əlində ola biləcək qapalı məlumatlar və görüntülər əvvəlcə “Imedi” televiziyasına, sonra isə “Resonansi”, “Mkhare”, “Akhla” və digər hökumətyönlü resurslara yayılır. Ekspertlər bunu media ilə dövlət aparatı arasındakı “informasiya sinxronizasiyası” kimi xarakterizə edirlər (MYTHDetector, 2026a).
Sosial media və paralel Rusiya şəbəkələri
Gürcüstanda pro-Kreml siyasi hakimiyyətin əsas propaqanda alətlərindən ikincisi sosial mediadır. Bu sırada “Facebook” xüsusilə önə çıxır. “Gürcü Arzusu” və ona bağlı media bu platformada koordinasiyalı reklam kampaniyaları, qeyri-autentik amplifikasiya şəbəkələri və süni intellektlə yaradılmış məzmundan istifadə edir. Bu məzmunlarda xaricdən gələn anti-Qərb narrativləri yerli aktorlar tərəfindən mənimsənilib lokallaşdırılır və daxili siyasi diskursun bir hissəsi təsiri bağışlayır (Buziashvili, 2026). Bu ilin mayında “Imedi TV”-nin Bidzina İvanişvilini Gürcüstanın milli azadlıq hərəkatının liderləri ilə yanaşı təqdim etdiyi “Facebook” paylaşımının reaksiyaları araşdırılarkən 1551 saxta hesab, troll və botdan ibarət şəbəkə müəyyənləşdirilib. Araşdırmanın yayılmasından sonra bu hesablardan 1 343-ü Facebook-da silinib və ya deaktiv edilib (İSFED, 2026b). “Gürcü Arzusu” və onun nümayəndələri bu sosial şəbəkədə aktivliklərini qorumaq üçün ciddi məbləğlər xərcləyirlər. 2026-cı ilin ikinci rüblündə META platformalarına yerləşdirilən və Gürcüstan auditoriyasını hədəfləyən 346 min dollarlıq reklamın 84 faizindən çoxu məhz hakim partiya və nümayəndələri tərəfindən yerləşdirilib (İSFED, 2026 c).
2024-cü il seçkilərində “Facebook”da rusdilli auditoriyanı hədəfləyən yeni hökumətyönlü informasiya ekosistemi yaradılıb. “Fabula”, “Apriori” və “Apriori Ge” adlı səhifələr əvvəlcə rusca əyləncə yayıblar, ancaq daha sonra “Imedi”, “Rustavi 2” və “POSTV” ilə sinxron şəkildə Kreml narrativlərinin daşıyıcısına çevriliblər. Bu səhifələr daha sonra “YouTube”, “Instagram” və “TikTok”da da açılıb (MYTDetector, 2026 b).
2025-ci ildə aparılan araşdırmalar Gürcüstanda ən azı 17 gürcüdilli pro-Rusiya “Telegram” kanalını müəyyənləşdirib; onların ümumi abunəçi sayı 62 mini keçirdi. Bu şəbəkədə pro-Kreml “Alt-Info”, onun liderləri və digər ultra-konservativ kanallar bir-birinin məzmununu təkrar yayımlayaraq əsl auditoriya ölçüsündən daha geniş konsensus görüntüsü yaradıb. Bu kanalların gender, ailə, Qərb və suverenliklə bağlı mesajları bir çox hallarda “Gürcü Arzusu” liderlərinin ritorikası ilə üst-üstə düşüb və ya həmin liderlərin çıxışları bu kanallar tərəfindən yenidən amplifikasiya edilib (Kuprashvili, Kheladze, 2025).
Propaqandanın sürətlə yayılmasında TikTok da xüsusi rol oynayır. Kreml propaqandası “TikTok”da qısa videolar, montaj edilmiş fraqmentlər, memlər və süni intellektlə hazırlanmış materiallar formasında yayılır. 2025-ci ildə 90 “TikTok” hesabını araşdıran “FaktÇek Gürcüstan” etirazları hədəfə alan anonim hesabların əsas taktikaları arasında nümayişçiləri zorakı, polisi isə qurban kimi göstərmək, etirazları xaricdən maliyyələşdirilən “Maydan” ssenarisi kimi təqdim etmək, anti-LGBT məzmundan istifadə etmək və nümayişlərin kütləviliyini kiçiltmək olduğunu müəyyən edib. Həmin hesabların bir qisminin əvvəllər “Facebook”da koordinasiyalı qeyri-autentik davranışa görə silinmiş şəbəkələrlə əlaqəsi də müəyyən edilib (FaktCheck Georgia, 2025).
Rusiyanın 2022-ci ildən sonra formalaşdırdığı qlobal propaqanda şəbəkəsi - “Pravda” da Gürcüstanda aktivdir. “Pravda”nın gürcüdilli “ge.news-pravda.com” versiyası 30 iyul 2024-cü ildə yaradılıb (DFRLab, 2025).
2026-cı ilin ilk yarısında Rusiya Gürcüstanda iki böyük informasiya əməliyyatı keçirib. Bunlardan biri anonim “Facebook” şəbəkəsi, digəri isə gürcüdilli ‘Pravda” ekosistemi vasitəsilə baş tutub. Rusiyadan idarə olunan anonim şəbəkə Qərb fondlarının və Aİ-nin Gürcüstanda destabilizasiya və inqilab maliyyələşdirməsi, Qərb diplomatlarının daxili işlərə müdaxilə etməsi və sanksiyalar vasitəsilə Gürcüstan hökumətinə təzyiq göstərməsi mesajlarını yayıb. Gürcüstanı hədəfləyən “PRAVDA” xəttinin əsas mesajlarından biri də yenə eyni olub - “Qərb fondları və Aİ Gürcüstanda hökumət əleyhinə destabilizasiya və “inqilab” maliyyələşdirir”. Hər iki şəbəkənin mesajları eyni dövrdə “Gürcü Arzusu”nun daxili kommunikasiya ekosistemində yayılan “Deep State”, xarici müdaxilə və Qərbin hakimiyyəti devirmək istəməsi narrativləri ilə üst-üstə düşüb (ISFED, 2026 ç).
Klassik pro-Kreml qüvvələr
Gürcüstanda hakimiyyətin özünün Kreml propaqandası ilə eyni paraleldə hərəkət etməsi klassik pro-Rusiya aktorların əhəmiyyətini azaltsa da, onlar da fəaliyyətlərini davam etdirirlər. Pro-Kreml “Alt-Info” 2024 seçkisindən sonra maliyyə problemləri səbəbindən fəaliyyətini dayandırsa da, 2025-ci ilin aprelində “Gürcüstan üçün Mühafizəkarlar” Partiyası adı altında yenidən siyasi partiya kimi qeydiyyatdan keçib, media fəaliyyətini də bərpa edib. Partiya açıq şəkildə anti-Qərb və pro-Rusiya mövqeyi tutur, Rusiya ilə birbaşa siyasi dialoqu və münasibətlərin yaxınlaşdırılmasını müdafiə edir. 2025-ci ilin bələdiyyə seçkilərində həm “Gürcüstan üçün Mühafizəkarlar” Partiyası, həm də digər ənənəvi pro-Rusiya qüvvəsi olan Vətənpərvərlər Alyansı iştirak edib (Civil Georgia, 2025).
2025-ci ilin sentyabrında gürcü siyasətçi və media patronu Levan Vasadze də Böyük Britaniya tərəfindən Rusiyaya dəstək verən və dezinformasiya yayan aktor olaraq sanksiyaya məruz qalıb. Sanksiya siyahısına daxil edilən digər isim isə Gürcüstan və Rusiya hakimiyyətləri ilə yaxın əlaqələri olan iş adamı Otar Partsxaladze olub. Kremlin daha açıq ideoloji xəttinin daşıyıcıları olan bu şəxslər və onların nəzarətindəki qüvvələrin əsas funksiyası hakimiyyət daxilində normallaşdırılmış anti-Qərb diskursunu daha radikal formada gücləndirməkdir (UK Government, 2025).
Gürcü Pravoslav Kilsəsi
Gürcü Pravoslav Kilsəsini bütövlükdə Kremlin propaqanda aktoru kimi təqdim etmək doğru olmasa da, xüsusilə yüksək iyerarxiyanın bir hissəsinin uzun illərdir Moskva Patriarxlığı ilə sıx münasibətləri sirr deyil. Bu qrup liberalizm, LGBT hüquqları, “ənənəvi dəyərlər” və Qərbin mənəvi təsiri ilə bağlı Kremlin ideoloji xətti ilə ciddi şəkildə üst-üstə düşən ritorika ilə çıxış edir (Margvelashvili, 2025). 2026-cı ildə bu xətt daha da önə çıxıb. 49 il Gürcü Pravoslav Kilsəsinə rəhbərlik etmiş II İliyanın martda ölümündən sonra III Şio yeni patriarx seçilib. Hazırda kilsə iyerarxiyasında Qərbə skeptik yanaşan konservativ yepiskoplar üstünlük təşkil edir və bu, onları “Gürcü Arzusu”nun hazırkı ideoloji xəttinə və Moskvaya yaxınlaşdırır (Gorecki, 2026).
Rusiya dövlət aktorları
“Gürcü Arzusu” ilə yaxınlıq Moskvanın Gürcüstanda propaqanda əməliyyatlarını yalnız daşıyıcılarla deyil, birbaşa şəkildə həyata keçirməsinə imkan verir. Bu sayədə Rusiya dövlət strukturları, yüksək vəzifəli rəsmilər və xüsusi xidmət orqanları da Gürcüstanla bağlı informasiya əməliyyatlarının birbaşa iştirakçısına çevriliblər. 2024 seçkiləri ətrafında aparılan koordinasiyalı informasiya kampaniyasında Rusiya Xarici Kəşfiyyat Xidməti (SVR), yüksək səviyyəli Rusiya rəsmiləri, Kremlə bağlı media və maliyyələşdirilən anonim informasiya şəbəkələri paralel fəaliyyət göstərib. Əsas tezis Qərbin Gürcüstanda “rəngli inqilab” hazırlaması və hakimiyyəti dəyişməyə çalışması olub. Eyni kampaniya seçkidən sonra Tbilisidə başlayan etirazlar zamanı da davam etdirilib (İSFED, 2025). 2025-ci ildə Rusiyanın xüsusi xidmətlərinin Gürcüstanla bağlı “aktiv tədbirlər”i yeni mərhələyə keçib. “Vovan və Lexus” kimi tanınan rusiyalı prankerlər özlərini xaricdə yaşayan rusiyalı müxalifətçi Qarri Kasparov kimi təqdim edərək Gürcüstanın keçmiş prezidenti Salome Zurabişvili və keçmiş ombudsman Uça Nanuaşvili ilə əlaqə saxlayıb, əldə etdikləri materialları sonradan Rusiyanın Birinci Kanalında propaqanda məqsədilə yayıblar (GeoFacts, 2025).
2025-ci ilin sonunda Gürcüstanı hədəfləyən materialların bir hissəsinin Rusiya Xarici Kəşfiyyat Xidmətinin idarə etdiyi qurum kimi ABŞ tərəfindən sanksiyaya məruz qalmış “Yeni Şərq Baxışı” (New Eastern Outlook) və digər Rusiya informasiya strukturlarından götürülərək üçüncü saytlar vasitəsilə yenidən yayıldığı müəyyən edilib (Gelava, 2025).
Müqavimət aktorları
Bu böyük şəbəkəyə və propaqandanın repressiya alətinə çevrilməsinə baxmayaraq Gürcüstanda hələ də müqaviməti öldürmək mümkün olmayıb. Əsas müqavimət cəbhəsini Qərbyönlü vətəndaş cəmiyyəti, xüsusilə də gənclər, müstəqil media, dezinformasiyanı araşdıran təşkilatlar və müxalif siyasi qüvvələr təşkil edir. Ədalətli Seçkilər və Demokratiya üzrə Beynəlxalq Cəmiyyət (ISFED), “Mif Detektoru”, “FaktCheck Gürcüstan” kimi qurumlar koordinasiyalı şəbəkələri və saxta narrativləri ifşa edir və sənədləşdirir. “Netgazeti”, “Publika”, “Formula”, “TV Pirveli” kimi müstəqil media resursları hakimiyyətin informasiya monopoliyasına qarşı alternativ təqdim etməyə çalışır. Ən əsası, küçə etirazları hakimiyyətin bütün səylərinə baxmayaraq dayanmır. Sərt qanunlar, həbslər, zorakılıq və yüksək cərimələrə baxmayaraq etirazçılar 650 gündən artıqdır davamlı şəkildə küçələrə çıxır (Caucasianknot, 2026). Bu etirazçılar Gürcüstanın Rusiyaya qarşı müqaviməti və Avropa bağlılığını ehtiva edən milli kimliyini təmsil edir.
NƏTİCƏ
Gürcüstan nümunəsinin əsas paradoksu kimliyi Rusiya əleyhdarlığı və Avropaya inteqrasiya əsasında müəyyənləşən, əraziləri Rusiya işğalı altında olan bir ölkədə Kremlin təsir imkanlarının ölçüyəgəlməz şəkildə atmasındadır. Bunun səbəbi isə Gürcüstan cəmiyyətinin Rusiyaya münasibətinin dəyişməsi, ya da Kremlin hansısa fövqəladə propaqanda uğuru deyil. Rusiyanın Gürcüstana “geri dönmə”sinin əsas səbəbi “Gürcü Arzusu” hakimiyyətinin Kremlin maraqlarına uyğun siyasi xəttin icraçısına çevrilməsidir.
Moskvanın Gürcüstanla bağlı strateji məqsədi uzun illərdir eynidir - ölkəni Qərbə inteqrasiya xəttindən uzaqlaşdırmaq, NATO və Aİ üzvlüyünü gündəlikdən çıxartmaq, demokratikləşməni baltalamaq və Gürcüstanı Rusiyanın təsir dairəsinə qaytarmaq. Moskva 1990-cı illərdə separatçı münaqişələr, 2000-ci illərdə iqtisadi təzyiq, 2008-ci ildə isə açıq hərbi müdaxilə yoluyla bu məqsədinə nail olmağa çalışsa da, Gürcüstanın strateji istiqamətini dəyişdirə bilməyib. Ancaq 2022-ci ildən sonra “Gürcü Arzusu” hakimiyyəti Moskvanı bu hədəfinə yaxınlaşdırmaq üçün əlindən gələni edib. Kreml narrativləri heç bir çətinliklə qarşılaşmadan Gürcüstan cəmiyyətinə daxil olub, lokallaşdırılıb və legitimləşdirilib. Bununla yanaşı, Rusiyadakı rejimə bənzəyən kleptokratik avtoritarizmin formalaşması üçün siyasi leksikonda “Kreml qanunları” kimi bilinən mürtəce dəyişikliklərlə müxalifətə, vətəndaş cəmiyyətinə və mediaya təzyiqlər total repressiya xarakteri alıb. Qərb əleyhdarlığı dövlət siyasətinə çevrilib, Aİ ilə inteqrasiya faktiki dayandırılıb. İqtidaryönlü televiziya kanalları, xəbər saytları, saxta sosial media şəbəkələri, troll fabrikləri, yumşaq güc elementləri və Rusiya dövlət strukturları bu kursun davamlılığını təmin etmək və cəmiyyətə qəbul etdirmək üçün işləyən vahid propaqanda ekosistemində birləşib. Bunun nəticəsində Rusiya propaqandası Gürcüstanda “Gürcü Arzusu”nun avtoritar idarəçiliyini gücləndirən və Kremlin geosiyasi maraqlarına xidmət edən daxili dövlət mexanizminə çevrilib. Moskva bu sayədə Gürcüstan cəmiyyətini öz tərəfinə çəkmə ehtiyacı hiss etmədən Gürcüstanı ələ keçirir.
Bu baxımdan Gürcüstan məsələsi Rusiyanın klassik təsir əməliyyatlarından daha fərqlidir və daha təhlükəli xarakter daşıyır.
Qeyd: Oxuduğunuz yazı orijinal olaraq Azərbaycan dilində yazılmışdır.
İSTİNADLAR
Genté, Régis, 2023. Georgia: Another Russian Front.
https://www.ifri.org/sites/default/files/migrated_files/documents/atoms/files/ifri_gente_georgia_2023.pdf
Seskuria, Natia, 2021. Russia’s “Hybrid Aggression” against Georgia: The Use of Local and External Tools.
https://www.csis.org/analysis/russias-hybrid-aggression-against-georgia-use-local-and-external-tools
Gvelesiani, Lile, Mölder, Holger, 2018. Maintaining the Security Dilemma in the South Caucasus: Russia’s Geostrategic Interests in Georgia.
https://ojs.utlib.ee/index.php/st/article/view/24031/18236
Tsintsadze-Maass, Eteri, 2025. Georgia’s Identity Crisis and Public Protests.
https://www.ponarseurasia.org/georgias-identity-crisis-and-public-protests/
Jones, Stephen F., 1995. The Georgian Language State Program and Its Implications.
https://www.cambridge.org/core/journals/nationalities-papers/article/abs/georgian-language-state-program-and-its-implications/3CFA846198BF6AC99924A1D59DE65BEA
Scott, Erik Rattazzi, 2011. Familiar Strangers: The Georgian Diaspora in the Soviet Union.
https://escholarship.org/content/qt9pd9r68h/qt9pd9r68h_noSplash_f0c1979d50766b5b0eefc0d462d0d8c8.pdf?t=odyjdn
Stronski, Paul, Vreeman, Alexandra, 2017. Georgia at Twenty-Five: In a Difficult Spot.
https://carnegieendowment.org/research/2018/03/georgia-at-twenty-five-in-a-difficult-spot
Bartuzi, Wojciech, Strachota, Krzysztof, 2008. Reintegration or Reconquest? Georgia’s Policy towards Abkhazia and South Ossetia in the Context of the Internal and International Situation.
https://www.osw.waw.pl/en/publikacje/point-view/2008-04-15/reintegration-or-reconquest-georgias-policy-towards-abkhazia-and
Gressel, Gustav, 2015. In the Shadow of Ukraine: Seven Years on from the Russian-Georgian War.
https://ecfr.eu/article/commentary_in_the_shadow_of_ukraine_seven_years_on_from_russian_3086/
Trenin, Dmitri, 2006. The Georgian-Russian Crisis: Objectives, Strategies, and Outcomes.
https://carnegieendowment.org/research/2006/10/the-georgian-russian-crisis-objectives-strategies-and-outcomes
Paul, Christopher, Matthews, Miriam, 2016. The Russian “Firehose of Falsehood” Propaganda Model: Why It Might Work and Options to Counter It.
https://www.rand.org/content/dam/rand/pubs/perspectives/PE100/PE198/RAND_PE198.pdf
Modern War Institute, 2018. Analyzing the Russian Way of War: Evidence from the 2008 Conflict with Georgia.
https://www.govinfo.gov/content/pkg/GOVPUB-D109-PURL-gpo128719/pdf/GOVPUB-D109-PURL-gpo128719.pdf
KHAR Center, 2025. Gürcü Kollapsı – Gürcüstanın Strateji İstiqaməti: Avrointeqrasiyadan Uzaqlaşma Səbəbləri.
https://kharcenter.com/arasdirmalar/gurcu-kollapsi-gurcustanin-strateji-istiqameti-avrointeqrasiyadan-uzaqlasma-sebebleri
Falkowski, Maciej, 2014. Georgia: Political Crisis and Russian Threats.
Genté, Régis, 2022. Broken Dream: The Oligarch, Russia, and Georgia’s Drift from Europe.
https://ecfr.eu/publication/broken-dream-the-oligarch-russia-and-georgias-drift-from-europe/
Kakachia, Kornely, Kakabadze, Shota, 2022. What’s Behind Georgian Dream’s Anti-Western Rhetoric and Foreign Policy Behavior?
https://gip.ge/publication-post/whats-behind-georgian-dreams-anti-western-rethoric-and-foreign-policy-behavior/
Górecki, Wojciech, 2025. Georgia: Georgian Dream Consolidates Its Anti-Western and Authoritarian Rule.
https://www.osw.waw.pl/en/publikacje/analyses/2025-04-17/georgia-georgian-dream-consolidates-its-anti-western-and
Sikharulidze, Vasil, 2025. Russian Influence Operations in Georgia: A Threat to Democracy and Regional Stability.
https://www.fpri.org/article/2025/03/russian-influence-operations-in-georgia-a-threat-to-democracy-and-regional-stability/
Amnesty International, 2026. Georgia: Anatomy of Repression: 500 Days of Protest, Crackdown and Resilience.
https://www.amnesty.org/en/documents/eur56/1115/2026/en/
İSFED, 2022. Anti-Western Campaign in Georgia: New Actors, Methods and Narratives.
https://www.isfed.ge/eng/kvlevebi/antidasavluri-kampania-saqartveloshi-akhali-aqtorebi-metodebi-da-gzavnilebi
Civil Georgia, 2024a. Ivanishvili Launches GD Campaign with “Global Party of War” Conspiracy as Its Pivot. https://civil.ge/archives/616471
Buziashvili, Eto, Gelava, Sopo, 2024. Georgian Dream Promotes Images of Bombed Ukrainian Cities as an Electoral Fearmongering Tactic.
https://dfrlab.org/2024/10/04/georgian-dream-campaign-posters/
Kakachia, Kornely, Samkharadze, Nino, 2022. People’s Power or Populist Pawns? Examining Georgia’s New Anti-Western Political Party.
https://gip.ge/publication-post/peoples-power-or-populist-pawns-examining-georgias-new-anti-western-political-party/
Civil Georgia, 2024b. Ivanishvili Taps “Patriotic” Ex-Footballer Kavelashvili for Presidency. https://civil.ge/archives/638373/amp
Parliament of Georgia, 2026. Dimitri Khundadze – Biography.
https://www.parliament.ge/en/parliament-members/2276/biography
Foreign, Commonwealth & Development Office, 2026. Sanctions Notice: Russia, 24 February 2026.
https://assets.publishing.service.gov.uk/media/699c9dd4882eb23165f1277f/Sanctions_Notice__Russia__24_February_2026.pdf
CMİS, 2026. Pro-Government Channels Imedi, Rustavi 2 and POSTV Discredit and Stigmatize Independent Online Media.
https://cmis.ge/en/incident/pro-government-channels-imedi-rustavi-2-and-postv-discredit-and-stigmatize-independent-online-media/
CRRC-Georgia, Media Development Foundation, 2025. Survey on Media Consumption and Disinformation in Georgia.
https://mdfgeorgia.ge/wp-content/uploads/2026/01/CRRC-MDF_Report_ENG_28.07.2025.pdf
ISFED, 2026a. Propaganda and Information Operations in Georgia.
https://isfed.ge/eng/sotsialuri-mediis-monitoringi/propaganda-da-sainformatsio-manipulatsiebi-saqartveloshi
Myth Detector, 2025. What Is the Byline Times Article, Shared by Pro-Government Media Outlets Using Identical Text, Actually Based On?
https://mythdetector.com/en/what-is-the-byline-times-article/
Myth Detector, 2026a. Informational Synchronization of Pro-Government Media with the State Apparatus.
https://mythdetector.com/en/informational-synchronization-of-pro-government-media-with-the-state-apparatus/
Buziashvili, Eto, 2026. Foreign and Domestic: Information Manipulation during Elections in Georgia, Moldova, Armenia, and Azerbaijan.
https://dfrlab.org/2026/03/31/foreign-and-domestic-information-manipulation-report/
İSFED, 2026b. More Than 1500 Fake Facebook Accounts Supporting Bidzina Ivanishvili.
https://www.isfed.ge/eng/sotsialuri-mediis-monitoringi/1500-ze-meti-kalbi-feisbuqangarishi-bidzina-ivanishvilis-mkhardasacherad
ISFED, 2026c. Political Advertisements on Meta Platforms in Georgia: Second Quarter of 2026.
https://isfed.ge/eng/sotsialuri-mediis-monitoringi/politikuri-reklamebi-Meta-s-platformebze-saqartveloshi-2026-tslis-meore-kvartali
Myth Detector, 2026b. Fabula and Apriori: Russian-Language Pro-Government Information Ecosystem in Georgia.
https://mythdetector.com/en/fabula-and-apriori-russian-language-pro-government-information-ecosystem-in-georgia/
Kuprashvili, Natia, Kheladze, Nina, 2025. Georgia: Telegram’s Rise as Kremlin Propaganda Tool.
https://iwpr.net/global-voices/georgia-telegrams-rise-kremlin-propaganda-tool
FactCheck Georgia, 2025. Analysis of TikTok Accounts Operating in the Georgian Market.
https://www.factcheck.ge/en/story/43370-analysis-of-tiktok-accounts-operating-in-the-georgian-market
DFRLab, 2025. Russia’s So-Called “Pravda” Network Expands Worldwide.
https://dfrlab.org/2025/02/24/russia-pravda-network-expands-worldwide/
ISFED, 2026ç. Propaganda and Information Operations in Georgia.https://isfed.ge/eng/sotsialuri-mediis-monitoringi/propaganda-da-sainformatsio-manipulatsiebi-saqartveloshi
Civil Georgia, 2025. Alt-Info Resurrected in New “Conservatives for Georgia”.
https://civil.ge/archives/677282/amp
Foreign, Commonwealth & Development Office, 2025. UK Sanctions Georgia-Linked Supporters of Putin’s Illegal War in Ukraine.
https://www.gov.uk/government/news/uk-sanctions-georgia-linked-supporters-of-putins-illegal-war-in-ukraine
Margvelashvili, 2025. Contested National and Digital Space, the Orthodox Church, and New Forms of Religious Engagement.
https://www.frontiersin.org/journals/political-science/articles/10.3389/fpos.2025.1659335/full
Górecki, Wojciech, 2026. Georgia after the Patriarch’s Death: Greater State Involvement in the Church?
https://www.osw.waw.pl/en/publikacje/analyses/2026-03-19/georgia-after-patriarchs-death-greater-state-involvement-church
ISFED, 2025. Russian Information Operations in the 2024 Election Cycle.
https://isfed.ge/eng/blogi/rusuli-sainformatsio-operatsia-2024-tslis-saparlamento-archevnebtan-dakavshirebit
GeoFacts, 2025. Атака пранкеров — информационная операция, проведенная Россией в Грузии.
https://geofacts.ge/ru/2025/05/20/%D0%B0%D1%82%D0%B0%D0%BA%D0%B0-%D0%BF%D1%80%D0%B0%D0%BD%D0%BA%D0%B5%D1%80%D0%BE%D0%B2-%D0%B8%D0%BD%D1%84%D0%BE%D1%80%D0%BC%D0%B0%D1%86%D0%B8%D0%BE%D0%BD%D0%BD%D0%B0%D1%8F-%D0%BE%D0%BF%D0%B5
Gelava, Sopo, 2025. Suspicious Websites Amplify Narratives from Sanctioned Russian Entities Targeting Georgia.
https://dfrlab.org/2025/11/28/suspicious-websites-amplify-narratives-from-sanctioned-russian-entities-targeting-georgia/
Caucasian Knot, 2026. The Action in Front of the Parliament Gathered for the 641st Time Those Who Disagree with the Policy of the “Georgian Dream”.
https://www.caucasianknot.info/articles/78163