(Yazı KHAR Center-in "Post-sovet ölkələrində Rusiyanın təsir mexanizmləri” araşdırması çərçivəsində hazırlanıb)
Xülasə
Bu araşdırma yazısı İkinci Qarabağ müharibəsindən sonra Ermənistan-Rusiya münasibətlərində yaranmış problemləri tədqiq edir və Moskvanın Ermənistan üzərindəki uzunmüddətli təhlükəsizlik tərəfdaşlığını necə təzyiq və cəzalandırma alətinə çevirdiyini qiymətləndirir. Nikol Paşinyan hökumətinin Qərb ilə daha yaxın əlaqələr qurması və iqtisadi-təhlükəsizlik sahəsindəki şaxələndirməyə qarşı Kremlin təsir mexanizmlərinin dörd əsas istiqaməti vurğulanır.
Araşdırma göstərir ki, 2026-cı il seçkilərindən sonra Paşinyan hökuməti xarici siyasət strategiyasını qorumağa çalışsa da, Moskva ilə olan dərin asılılıqlar Ermənistanın müstəqil qərar vermə və alternativ yollar axtarma imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırmağa davam edir.
Giriş
Ermənistan Rusiyanın postsovet məkanındakı təsir mexanizmləri baxımından xüsusi nümunədir. Baltik dövlətlərindən, Ukraynadan və qismən Moldovadan fərqli olaraq, Rusiya Ermənistan üçün uzun müddət əsas təhlükəsizlik təminatçısı, hərbi müttəfiq, enerji təchizatçısı, böyük ticarət bazarı və Qarabağ münaqişəsində əsas dəstəkçisi olub. Ermənistan Rusiyanın “patron” olduğu siyasi, iqtisadi və hərbi ittifaqların (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, Avrasiya İqtisadi İttifaqı) üzvüdür. Digər Cənubi Qafqaz ölkələrindən fərqli olaraq Ermənistan ərazisində (Gümrüdə) Rusiyanın hərbi bazası hələ də mərkəzi hökumətin razılığı ilə fəaliyyətini davam etdirir. Ölkənin Moskvadan enerji asılılığı davam edir, bu asılılıq yalnız Ermənistanın neft-qazın 70-85 faizini Rusiyadan alması ilə məhdudlaşmır, ölkənin enerji və digər strateji infrastrukturunun böyük hissəsi də Rusiya şirkətlərinin nəzarəti altındadır (Nazaretyan, 2023).
Bütün bu amillər nəzərə alındığı zaman Rusiyanın Ermənistandakı təsirini yalnız dezinformasiya, sosial şəbəkələrdə aparılan kampaniyalar və ya pro-Rusiya siyasi qüvvələrin fəaliyyəti ilə məhdudlaşdırmaq doğru olmazdı. Ermənistanda bu təsirin bazasını on illər boyu formalaşmış hərbi, iqtisadi, enerji, sosial və institusional asılılıqlar təşkil edir. Bu asılılıqlar uzun müddət ölkənin təhlükəsizlik təminatı hesabına formalaşıb. Ancaq əvvəla Ermənistanda keçirilən demokratik seçkilərlə Nikol Paşinyanın hakimiyyətə gəlməsi, sonra isə Rusiyanın ikinci Qarabağ müharibəsində Yerevanın gözlədiyi dəstəyi verməməsi münasibətlərdə ciddi çatlara səbəb olub. Ermənistanın ikinci Qarabağ müharibəsindən sonra alternativ təhlükəsizlik və iqtisadi tərəfdaşlıq axtarışlarına başlaması - Avropa İttifaqı və ABŞ ilə münasibətlərini genişləndirməsi, Aİ üzvlüyü prosesini başlatması, Türkiyə və Azərbaycan ilə əməkdaşlıq cəhdləri, Trumpın təşəbbüskarı olduğu regional layihələrdə iştirakı - isə bu çatları daha da dərinləşdirib. Rusiya daha əvvəl mövcud olan əməkdaşlıq mexanizmlərinin bir hissəsini siyasi təzyiq və cəzalandırma mexanizminə çevirib. Doğrudur, Rusiyanın Ukrayna müharibəsində saplandığı bataqlıq bu cəzalandırmanın daha sərt olmasının qarşısını müvəqqəti olaraq alır, ancaq bu, Moskvanın Yerevana təzyiq kursundan imtinası demək deyil.
KHAR Center-in bu yazıda məqsədi təhlükəsizlik təminatı da ehtiva edən müttəfiqliyin cəzalandırma mexanizminə necə çevrildiyini araşdırmaqdır. Rusiya-Ermənistan münasibətləri haqda tədqiqatların böyük hissəsi “Paşinyan Qərbə yönəlir, Rusiya Ermənistanı itirir” tezisi üzərində qurulur. Bir çox təhlil yazılarında isə Rusiyanın təsiri seçkilərə müdaxilə, Rusiya mediasının dezinformasiyaları və Moskvanın Ermənistandakı proksi güclərinin fəaliyyəti ilə məhdudlaşdırılır. Ancaq nə qeyd olunan tezis, nə də sadəcə bu məsələlər Rusiyanın Ermənistandakı təsirinin tam mənzərəsini əks etdirmir. Rusiya yalnız Ermənistanda cəmiyyətə təsir etmək istəmir, ya da məqsədi sadəcə hakimiyyəti dəyişdirməkdən ibarət deyil. Rusiya bütövlükdə Ermənistanın strateji seçimlərini müəyyənləşdirmək, Yerevanın xarici siyasət kursu üzərində söz sahibi olmaq imkanlarını qorumaq istəyir. Bu, Avropa ölkələrindəki kimi qərarlara təsir etmə məqsədindən daha uzağagedən hədəfdir. Şübhəsiz ki, Ermənistanın son illərdə həyata keçirdiyi xarici siyasət nəticəsində Kremlin bu ölkə üzərindəki hegemoniyası azalır, ancaq bu, onun təsir imkanlarının yox olması demək deyil. Sadəcə indi bu təsir mexanizmləri forma dəyişdirir.
Bu araşdırmada “Rusiya Ermənistanın iqtisadiyyat və təhlükəsizlik alternativlərinə mane olmaq üçün hansı təsir mexanizmlərindən istifadə edir? Bu mexanizmlər Ermənistanın suveren qərarvermə imkanlarını nə dərəcədə məhdudlaşdırır?” kimi suallar cavablandırılır.
RUSİYA ERMƏNİSTANDA NƏYİ İTİRMƏK İSTƏMİR?
Ermənistan uzun illər boyunca Rusiyanın Cənubi Qafqazdakı forpostu və əsas müttəfiqi rolunda olub. Bu müttəfiqlik Rusiyanın təhlükəsizlik hamisi rolu üzərində qurulub və müstəqillikdən sonrakı illər ərzində Moskva Ermənistanın mövcudluğunun əsas təminatçısı rolunu oynayıb. 1991-ci ildə müstəqilliyini qazandıqdan sonra Ermənistan Rusiya, İran və Qərb ölkələri ilə çoxistiqamətli və tamamlayıcı xarici siyasət aparmağı hədəfləsə də, bu münasibətlər balanslı olmayıb. Praktikada Qərb ölkələri və İranla dostluq münasibətləri davam edib. Ancaq İkinci Qarabağ müharibəsinə qədərki dövr ərzində bütün Ermənistan hökumətləri təhlükəsizlik, enerji və iqtisadi baxımdan mövcudiyyətini davam etdirmək üçün Rusiyadan asılılıq xəttini sadiq qalıb. Məhz bu səbəbdən Ermənistan 1997-cı ildə Rusiya ilə hərbi ittifaq qurub, 2002-ci ildə yaradılan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlüklə bu asılılığı institusionallaşdırıb, 2015-cü ildə isə Avrasiya İqtisadi İttifaqına üzvlüklə daha da artırıb (de Wall, 2024).
Bu dövr ərzində Rusiya tərəflər arasında reveranslar edib, vasitəçi, müttəfiq, silah tədarükçüsü, çəkindirici kimi qarışıq rollarda olub. Moskvanın əsas məqsədi münaqişənin davam etməsi olub. Çünki bu nəzarət edilən qeyri-sabitlik ona həm Ermənistan, həm də Azərbaycan üzərində təsirini davam etdirmək, əvəzolunmaz aktor olmaq imkanı verib. (CSİS, 2026).
2020-ci ildə Rusiya ermənilər tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarının bir hissəsinin azad edilməsinə, yumşaq ifadəylə, mane olmayıb. Daha sonra isə atəşkəsi təmin edən rolunda çıxış edib və bunun əvəzində Azərbaycan ərazisinə öz sülhməramlılarını göndərib, eyni zamanda gələcəkdəki tranzit marşrutları üzərində söz sahibi olma iddiasını üçtərəfli sazişdə ifadə edib. Ancaq Rusiya və Türkiyənin Dağlıq Qarabağ müharibəsini çoxtərəfli vasitəçilik prosesindən çıxararaq, öz mənafelərinə uyğun prosesə çevirdikləri “regionallaşdırma” cəhdi Kremlin Ukraynada müharibə bataqlığına düşməsi ilə inkişaf etdirilə bilməyib. Rusiya regional hegemoniya və münaqişələrin həll olunmamasının əsas himayədarı rolundan Azərbaycan-Türkiyə xəttinin pay ortağı pozisiyasına geriləyib (Broers, 2023).
Ermənistan bu fürsəti dəyərləndirərək Rusiyanı ölkənin sahibindən bir tərəfdaşa çevirməyə çalışır. Ancaq bu pəncərənin nə qədər açıq qalacağı, Ermənistanın bu fürsətdən nə qədər yararlana biləcəyi və Rusiyanın sahib rolunu itirməmək üçün hansı mexanizmlərə əl atacağı kimi suallar açıq qalır (Hosaka, 2026). Moskva isə Dağlıq Qarabağ münaqişəsinin sona çatmasının həm Yerevan, həm də Bakı üzərindəki əsas təsir alətini itirməsi mənasına gəldiyini qəbul etmək istəmir. Bu səbəbdən də Yerevanda pro-Rusiya hökumət və ya ən azından Azərbaycan ilə münaqişəni yenidən başlatmaq istəyən iqtidar görmək istəyir (Zolyan, 2026a).
Ermənistanın Moskva üçün əhəmiyyətinin başqa bir tərəfi Rusiyanın postsovet məkanında qurduğu inteqrasiya modelidir. Ermənistan hələ də bu modellərin içində yer alır və Moskva həm də bu baxımdan Yerevanın alternativ axtarışlarını ağrılı qəbul edir. Çünki bu, Rusiyanın patronajlığı altındakı iqtisadi və təhlükəsizlik inteqrasiyası modellərinin etibarlılığını sual altına qoyur.
Digər tərəfdən, Ermənistanın Rusiya üçün strateji əhəmiyyəti onun coğrafi və regional mövqeyi ilə də bağlıdır. Ermənistan israrla Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmağa çalışır. Yerevan bu baxımdan 2025-ci ilin avqustunda Vaşinqtonda Azərbaycanla razılaşdırılan və TRIPP nəqliyyat layihəsini də ehtiva edən yeni çərçivəni fürsət kimi görür. Bu layihə həyata keçirilərsə, həm Ermənistanın, həm də Naxçıvanın on illərdir davam edən iqtisadi təcridini aradan qaldırmaqla yanaşı daha geniş iqtisadi və siyasi regional əməkdaşlıq vəd edir. Bu isə Bakı və Yerevanı ortaq bir mənafedə - ABŞ-ın regiona müdaxiləsi sayəsində Rusiyadan asılılığı azaltma marağında birləşdirir (Zolyan, 2026b).
Yəni Moskva üçün əsas təhlükə Ermənistanın Qərbə yaxınlaşması deyil, Rusiyanın əvəzolunmaz təhlükəsizlik himayədarı, iqtisadi tərəfdaş və xilasedici rolunun tədricən aradan qalxmasıdır.
Rusiyanın Ermənistandakı təsiri və Ermənistan üçün struktural risklər
Şübhəsiz ki, Rusiyanın Ermənistandakı dominant mövqeyinin zəifləməsi Moskvanın bu ölkəyə təsir imkanlarını tam itirməsi demək deyil. Yuxarıdakı qrafikdən də göründüyü kimi yayğın qənaətin əksinə, Rusiya ticarət, enerji, hərbi güc, kəşfiyyat, əmək miqrasiyası, media və mədəni əlaqələr yoluyla Yerevan üzərində ciddi təsirini davam etdirir. Ermənistanın Rusiyadan asılılığı hələ də bir çox postsovet ölkəsindən daha çoxdur (Hosaka, 2026).
Ermənistan Təhlükəsizlik Şurasının rəhbəri ölkənin 2026-cı ildə qarşı-qarşıya qalacağı ən böyük riskin üçüncü ölkələrdən gələn təhdid olduğunu söyləyib. O üçüncü ölkənin adını çəkməsə də, Rusiyadan söhbət getdiyi məlumdur. Bu o deməkdir ki, Kreml artıq Ermənistanı təminatlı müttəfiq kimi deyil, Qərb ilə mübarizə apardığı hibrid müharibə sahəsi kimi görür və buradakı maraqlarından döyüşmədən vaz keçməyəcək (Zolyan, 2026b). Bütün parametrlərə görə, Rusiya Ermənistanın xarici siyasət istiqamətini ləngitmək üçün iqtisadi, siyasi və informasiya alətlərinin kombinasiyasından istifadə etməkdə qərarlıdır (OSW, 2026). Bu kombinasiyada iqtisadi və enerji asılılığının təzyiq vasitəsinə çevrilməsi, hərbi və institusional mövcudluq, informasiya əməliyyatları, yerli siyasi və biznes aktorları, kilsə və diaspora şəbəkələri bir-birini tamamlayan əsas təsir kanallarıdır.
İqtisadi asılılıq və məcburetmə
Uzun illər ərzində formalaşmış assimmetrik iqtisadi asılılıq Rusiyanın Ermənistan üzərindəki ən praktik təsir vasitəsidir. Xüsusilə 2022-ci ildən sonra Rusiya üçün iqtisadi münasibətlər regiondakı təsirini davam etdirmənin ən mühüm mexanizminə çevrilib. 2024-cü ildə Qərb məhsullarının Ermənistan üzərindən yenidən ixracatı sayəsində 12 milyard dollara yüksələn qarşılıqlı ticarət həcmi son dövrdə yarıbayarı azalıb. Ancaq buna baxmayaraq, hələ də Rusiya ilə ticarət Ermənistan xarici ticarət dövriyyəsinin 35 faizini təşkil edir ki, bu da Çin və Aİ ilə xarici ticarət həcminin cəmindən belə çoxdur (Hosaka, 2026).
Dünya Bankı Ermənistan iqtisadiyyatına dair son hesabatında məhz bu yüksək dərəcəli asılılığın Ermənistan üçün riskli olduğunu vurğulayır. Hesabata görə, Rusiya Ermənistanın xalis birbaşa xarici investisiya daxilolmalarının 33 faizini, turist axınının isə 41 faizini təşkil edir (World Bank, 2026).
Rusiyada yaşayan erməni mqirantlar Moskvanın Ermənistan iqtisadiyyatına təzyiqinin mühüm rıçaqlarından biridir. Avrasiya İqtisadi İttifaqının üzvü olaraq Ermənistan vətəndaşları Rusiyada vizasız yaşaya və işləyə bilirlər. Rusiyada işləyən ermənistanlıların 2025-ci ildə ölkəyə göndərdikləri valyuta 3,37 milyard dollara, yəni ölkənin ümumi daxili məhsulunun 12 faizinə çatıb (Rogers, 2026).
Rusiya hələ də Ermənistanın əsas ərzaq təchizatçısı, eyni zamanda Ermənistan kənd təsərrüfatı məhsullarının əsas ixrac bazarıdır. Ermənistan Mərkəzi Bankının 2026-cı ilin ikinci rübü üzrə hesabatına görə, bəzi məhsul qruplarında ixracın 90 faizdən çoxu məhz Rusiya bazarına gedir. Mərkəzi Bank bu yüksək konsentrasiyanın Ermənistan iqtisadiyyatını ayrı-ayrı ölkələrin idxal qaydalarının sərtləşdirilməsinə qarşı həssas vəziyyətə gətirdiyini vurğulayır (Ermənistan Mərkəzi Bankı, 2026).
Xüsusilə bu ilin aprelindən etibarən Kreml Ermənistan məhsullarının Rusiya bazarına girişini ardıcıl şəkildə məhdudlaşdırmağa başlayıb. 40 faizdən çoxu Rusiyaya ixrac edilən “Jermuk” mineral suyunun satışına məhdudiyyət qoyulub, gül idxalı dayandırılıb, üç Ermənistan istehsalçısının şərab və konyak məhsullarının Rusiyada satışı qadağan edilib. Mayın sonundan etibarən meyvə-tərəvəz və başqa kənd təsərrüfatı məhsulları da məhdudiyyət siyahısına əlavə edilib. İyunun ortalarında isə Rusiya Ermənistandan gələn bütün karantin nəzarətinə tabe bitki mənşəli məhsulların idxalını və onların Rusiya üzərindən digər Aİİ ölkələrinə tranzitini məhdudlaşdırıb. İyunun əvvəlində başlayan istisnalı balıq və balıq məhsulları ixracatı da iyunun sonunda tamamilə dayandırılıb (Rosselxoznadzor, 2026; Interfax, 2026a; RBC, 2026).
Avropa Komissiyası bu addımları “iqtisadi məcburetmə” adlandırıb və bu təzyiqin təsirlərini azaltmaq üçün 50 milyon avroluq dəstək paketi hazırlanacağını vəd edib (Avropa Komissiyası, 2026a). İyunun ortalarında Aİ Ermənistana 34 milyon avroluq ilkin təcili dəstək paketini elan edib və yardımın bir hissəsinin məhz kənd təsərrüfatı, gülçülük və digər ixrac yönümlü sahələrin yeni bazarlara çıxışına yönəldiləcəyini bildirib (Avropa Komissiyası, 2026b).
Ancaq bir tərəfdən yeni bazarların tapılması sürətli proses deyil, digər tərəfdən problem sadəcə bu sahələrlə məhdudlaşmır, ona görə də Ermənistan hökuməti qısa müddətdə əvəzlənməsi çətin görünən Rusiya bazarını və ümumiyyətlə Rusiya ilə münasibətləri pozmamaq üçün cəhd göstərir (Hosaka, 2026). Rusiya isə Ermənistandan balanslı münasibət deyil, itaət gözləyir, bu səbəbdən də iyuldan etibarən iqtisadi məcburetməni daha da sərtləşdirib - süd məhsullarına məhdudiyyət gətirilib, Ermənistan istehsalı olan 70 mindən çox şüşə içməli su və alkoqolsuz içkinin satışı dayandırılıb (ARKA, 2026).
Enerji və infrastruktur asılılığı
Rusiyanın Ermənistan üzərindəki təsir mexanizmlərindən bəhs edərkən enerji və infrastruktur asılılığına iqtisadi asılılıqdan ayrı bir bölmə şəklində nəzər salırıq. Çünki bu, ümumi iqtisadi asılılıqdan daha uzunmüddətli, daha riskli və daha dərin bir asılılıqdır. Ermənistanın enerji və strateji infrastrukturunun böyük hissəsi uzunmüddətli müqavilələr və texnologiyalarla Rusiyaya bağlıdır. Dəmiryolları, atom enerjisi və təbii qazın paylanması kimi mühüm strateji sahələrdə Rusiya uzunmüddətli imtiyaz sahibidir. Üstəlik, bu imtiyaz yalnız Rusiyanın resurs təmin etməsiylə də bağlı deyil, alternativlərə keçidin vaxt və böyük maliyyə tələb etməsiylə də güclənir (RUSİ, 2024).
Ermənistanın Rusiyadan enerji asılılığının ən ciddi nümunəsi təbii qazda özünü göstərir. 2025-ci ildə Ermənistana daxil olan 2,7 milyard kubmetr qazın 2,2 milyard kubmetri Rusiyadan gəlib. Yəni qaz təminatının 82 faizi Rusiyanın payına düşüb. Ancaq asılılıq sadəcə bu da deyil - Ermənistanın əsas qaz opertoru da Rusiya şirkəti “Gazprom”un törəmə müəssisəsi olan “Gazprom Armenia”dır (İnterfax, 2026b). Rusiya prezidenti Vladimir Putin aprel ayında Ermənistanın qazı çox ucuza - 177,5 dollara aldığını vurğulayıb (Kremlin.ru, 2026). Rusiya prezidenti və ümumilikdə Moskvanın son illərdəki ucuz təbii qaz xatırlatmaları Ermənistana Kreml vektorundan ayrılmanın bədəlini göstərmə məqsədi daşıyır.
Ermənistanın Rusiyaya enerji bağlılığını “dərin asılılıq” kimi xarakterizə edən Dünya Bankının hesabatına görə, Ermənistan maye yanacağın üçdə ikisini Rusiyadan təmin edir. 2025-ci ildən Azərbaycanın Ermənistana birbaşa yanacaq ixracına başlaması Ermənistan üçün alternativ yaratsa və bu rəqabət qiymətlərə müsbət təsir etsə də, benzin və dizeldə Rusiya tədarükçülərinin dominant mövqeyi hələ də qalır (World Bank, 2026).
Son bir ilə qədər Ermənistanın enerji sistemində də Rusiya dolaylı yolla söz sahibi olub. Belə ki, ölkənin orta və aşağı gərginlikli elektrik şəbəkəsini idarə edən və təxminən bir milyon abonentə xidmət göstərən “Electric Networks of Armenia” 2016-cı ildən Rusiyada fəaliyyət göstərən və hazırda həbsdə olan erməni milyarder Samvel Karapetyanın “Tashir Group” şirkətinin nəzarətində olub. Ancaq 2025-ci ildə Ermənistan hökuməti şirkətin idarəçiliyinə müdaxilə etməyə başlayıb və 2026-cı ildə milliləşdirmə prosesini sürətləndirib. Bu avqustun əvvəlində Paşinyan şirkətin dövlət mülkiyyətinə keçəcəyini və daha sonra etibarlı idarəetməyə veriləcəyini açıqlayıb (Le Monde, 2025, NewsAM, 2026)
Rusiyanın nəzarətində qalan digər strateji sahə dəmir yollarıdır. Ermənistanın dəmir yolu sistemi 2008-ci ildən “Rusiya Dəmir Yolları”nın törəmə şirkəti olan “Cənubi Qafqaz Dəmir Yolları” tərəfindən konsessiya əsasında idarə olunur və bu müqavilənin müddəti 2038-ci ildə başa çatır (Railway Armenia, 2026). Xüsusilə Ermənistanın regional kommunikasiyaları bərpa etmək və TRİPP layihəsi çərçivəsində yeni marşrutlara qoşulmaq cəhdləri kontekstində bu, çox ciddi problemə çevrilib. Dəmiryollarının Rusiyanın nəzarətində olması Aİ dəstəyilə Naxçıvan-Ermənistan dəmiryolu xəttinin bərpası səylərinin qarşısındakı maneələrdən də biridir.
Ermənistanın baş naziri Nikol Paşinyan bu ilin əvvəlində bəzi xarici aktorların Rusiya şirkətinin idarə etdiyi Ermənistan dəmir yolundan istifadə etmək istəmədiyini, bunun isə Ermənistanın regional tranzit layihələrində strateji mövqelərini itirməsinə səbəb ola biləcəyini bildirib. O, konsessiyanın Ermənistan və Rusiya ilə yaxşı münasibətləri olan üçüncü ölkəyə — məsələn, Qazaxıstan, BƏƏ və ya Qətərə — ötürülməsini həll variantlarından biri kimi göstərib (Armenpress, 2026). Daha sonra isə Paşinyan konsessiyanın Qazaxıstan şirkətinə verilməsi üçün Rusiya ilə müzakirələr apardıqlarını bildirib. Paşinyanın aprel ayında Putinlə görüşündə müzakirə edilən əsas məsələlərdən biri də bu olub. Ermənistan lideri daha sonra da dəfələrlə bu mövzuya qayıdıb. Ancaq Moskvadan gələn açıqlamalar Rusiyanın Ermənistandakı bu imtiyazından vaz keçmək niyyətində olmadığını ortaya qoyub. Kreml Yerevanı bu addımı atacağı təqdirdə Ermənistan biznesinin Rusiya bazarına çıxışının məhdudlaşdırılması və kompensasiya da daxil olmaqla cəzalarla təhdid edib (CivilNet, 2026).
Ermənistanın nüvə energetikası sahəsində də Rusiyadan bənzər asılılığı mövzuddur. Ermənistanın Metsamor AES-də işləyən sovet istehsalı VVER tipli reaktor ölkənin elektrik istehsalının 30 faizini təmin edir. “Rosatom” hazırda ikinci enerji blokunun istismar müddətinin 2036-cı ilədək uzadılması layihəsində iştirak edir (CİVİL Net, 2026 b). Ermənistan isə 10 il sonra Metsamor AES-i daha kiçik stansiya ilə əvəz etmək üçün Rusiya ilə yanaşı ABŞ, Fransa, Çin və Cənubi Koreya texnologiyalarını nəzərdən keçirir (World Nuclear News, 2026). Bu çərçivədə ilin əvvəlində ABŞ ilə nüvə enerjisindən dinc məqsədlərlə istifadə üzrə “123 Agreement” danışıqları tamamlanıb (Ermənistan Baş nazirinin ofisi, 9 fevral 2026). Rusiya isə Ermənistanın bu axtarışlarına skeptik yanaşır, Amerikanın təklif etdiyi kiçik modul reaktorlarının təhlükəsizliyini və iqtisadi səmərəliliyini şübhə altına alır və Yerevanın belə bir alternativinin olmadığını iddia edir. Moskva Metsamor AES-in yeni reaktorunu inşa etməyə hazır olduğunu və bunun üçün detallı plan təqdim etdiyini açıqlayıb (TASS, 2026).
Yəni Moskva Ermənistanın enerji şaxələndirməsi hüququnu formal olaraq mübahisələndirmir, ancaq alternativlərin təhlükəli, bahalı və texnoloji baxımdan zəif olduğunu iddia edərək monopoliyasını saxlamağa çalışır. Dəmir yolu məsələsində olduğu kimi, burada da Rusiya mövcud asılılığın azaldılmasının Ermənistan üçün risk və xərc yaradacağı mesajı verir.
İnstitusional asılılıq və təhlükəsizlik faktoru
Ermənistan uzun illər boyunca Rusiyanın təhlükəsizlik təminatı qarşısında iqtisadi asılılığı və strateji ittifaqı qəbul edib. Çünki 1988-ci ildən etibarən Ermənistanın “milli mənafeyi” Dağlıq Qarabağı simvolizə edən “həyati marağı” ilə birbaşa bağlı olan siyasət ətrafında formalaşıb. Ermənistan və Rusiya arasındakı strateji müttəfiqlik bir neçə hərbi müqavilə ilə rəsmiləşdirilib və Yerevanın Moskvaya uyğunlaşması Azərbaycan-Türkiyə tandeminə qarşı “rasional balans” hesabına əsaslanıb. Ermənistan eyni zamanda 2013-cü ilə qədər əməkdaşlığa meyilli bütün tərəfdaşlarla balansı qoruya bilib. Ancaq 2013-cü ildə Rusiyanın səyləri nəticəsində Avropa İttifaqı ilə müzakirə edilən ortaqlıq sazişini, eyni zamanda Dərin və Hərtərəfli Azad Ticarət Sazişini imzalamağı rədd edərək Rusiyanın rəhbərliyi altında yaradılan Gömrük İttifaqına üzv olub. Bundan daha əvvəl isə Yerevan yenə Rusiyanın rəhbərliyi altında yaradılan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü idi. Yəni Ermənistan 2013-cü ildən sonra balansı Qərbin əleyhinə pozmaq məcburiyyətində qalıb və Ukrayna, Moldova, Gürcüstan kimi Aİ ilə inteqrasiyanı davam etdirən Şərq Tərəfdaşlığı ölkələrinin əksinə, bu vektordan uzaqlaşıb (Vasilyan, 2026).
Yerevanın Dağlıq Qarabağ münaqişəsindəki məğlubiyyəti ilə bu paradiqma çöküb. Ölkənin əsas strateji müttəfiqi və təhlükəsizlik təminatçısı elan edilən Rusiya Ermənistanın Moskvadan strateji asılılığını uzun müddətdir haqlı çıxaran öhdəlikləri yerinə yetirmə məsələsində həvəssiz ya da gücsüz olduğunu nümayiş etdirdi (GMF, 2026). Bundan sonra Ermənistan yenidən Aİ-ABŞ xəttinə yaxınlaşma kursuna dönüb və son üç ildə müxtəlif güc mərkəzləri arasında riskləri bölüşdürərək manevr sahəsi yaratmağa çalışır. Rusiya silahlarının əvvəlki monopoliyası qırılıb, müdafiə sahəsində əsas tərəfdaşlar Fransa və Hindistan olub, ABŞ ilə hərbi təlimlər genişlənib, Aİ-nin Ermənistan–Azərbaycan sərhədində mülki müşahidə missiyası yerləşdirilib. Ancaq bütün bunlarla yanaşı, Rusiya ilə qurulmuş təhlükəsizlik arxitekturasını dağıtmağa da cəsarət edilmir. Çünki Yerevan hesab edir ki, Rusiya sistemindən sürətli çıxışın qarşılığında yetərli alternativ təhlükəsizlik təminatları yaranmazsa, Ermənistan təhlükəsizlik boşluğu (security vacuum) ilə üzləşə bilər” (Vasilyan, 2026).
Yəni Moskvanın təhlükəsizliyin təminatçısı kimi etibarsızlığı Ermənistanın Rusiyadan asılılığını avtomatik şəkildə yox etməyib. Rusiya ilə ittifaq gözdən düşsə də, institusional asılılıq davam edir. Bu asılılıq iqtisadi baxımdan özünü Avrasiya İqtisadi İttifaqı üzvlükdə göstərir. Ermənistan hələ də Aİİ üzvü olaraq qalır və onun imkanlarından yararlanır. Rusiyanın bu institusional təsir mexanizminin işləkliyinin səbəbi də bu imkanlardır. Amma əsas paradoks da buradadır - Aİİ üzvlüyü Ermənistana yalnız iqtisadi imkanlar yaratmır, eyni zamanda onun alternativ inteqrasiya imkanlarını məhdudlaşdırır. Ən bəsiti, Ermənistan Aİİ gömrük sistemində qaldığı müddətcə Aİ ilə Assosiasiya Sazişi və dərin azad ticarət modelinə keçə bilməz. Yəni Aİİ üzvlüyü öz-özlüyündə Ermənistanın digər iqtisadi inteqrasiya modelləri ilə tərəfdaşlığının sərhədlərini də cizir. Moskva da bu institusional asılılığı açıq təzyiq vasitəsinə çevirdiyini gizlətmir. Ermənistanın Aİ ilə əlaqələri intensivləşdikcə Rusiya Aİİ üzvlüyünün verdiyi imkanların daimi, avtomatik və şərhsiz olmadığını tez-tez xatırladır. Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstan (Aİİ-nin digər üzvləri) bu ilin mayında Ermənistanın iki ittifaq arasında seçim etməli olduğunu açıq şəkildə ifadə ediblər (Alander, Hedenskog, Wallberg, 2026).
Ermənistanın Rusiyadan digər institusional asılılıq xəttində - KTMT-də isə Aİİ-dən fərqli olaraq Yerevanın əldə etməyə davam etdiyi bir fayda mövcud deyil. Əksinə, Yerevanın bu təşkilatın təhlükəsizlik təminatına etimadı İkinci Qarabağ savaşından sonra bitib. Müharibədə KTMT-nin dəstək verməməsindən məyusluğa uğrayan Yerevan təşkilatdakı iştirakını dondurub. Ancaq hələ də formal üzv olaraq qalır. Rusiya isə bu formallığı yenə də təhdid-cəzalandırma yoluyla praktik iştiraka çevirməyə çalışır. Bu il avqustun əvvəlində iki ildən çoxdur KTMT büdcəsi ilə bağlı öhdəliklərini yerinə yeritmədiyi üçün Ermənistanın səsvermə hüququnun dayandırılması məsələsinin gündəliyə gələcəyi açıqlanıb. Rusiya nümayəndəsi bu məsələyə noyabrda baxılacağını deyib (Caucasus Watch, 2026).
Rusiyanın Ermənistan təhlükəsizlik sistemindəki mövcudiyyəti əslində KTMT ilə də məhdudlaşmır, Gümrüdəki 102-ci Rusiya hərbi bazası hələ də fəaliyyətini davam etdirir. Bu bazada təxminən 3300 hərbçi və əlavə olaraq Rusiya Hərbi Hava Qüvvələrinin personalı yerləşir. Rusiya FSB sərhəd qüvvələrinin Ermənistanın Türkiyə və İranla sərhədlərinin müəyyən hissələrində mövcudluğu da qalır (Vasilyan, 2026). 2010-cu ildə imzalanan müqaviləyə görə bu baza 2044-cü ilə qədər Ermənistanda qala bilər. Bu da Rusiyaya Cənubi Qafqazdakı fiziki mövcudluğunu davam etdirmə imkanı verir.
Ümumiləşdirsək, Ermənistanın manevr sahəsinin darlığı, yeni əməkdaşlıqlarının məhdudiyyətləri və Rusiyanı tam əvəz edən təhlükəsizlik zəmanətinin olmaması onu Moskvanın təzyiqlərinə açıq hala gətirir. Moskva Ermənistanın bu zəif nöqtəsini bilir və münasibətlərdə getdikcə daha çox “seçimin qiyməti”ni ön plana çıxarır (Avdaliani, 2026).
İnformasiya təsiri və əsas narrativlər
Rusiya propaqandası Ermənistanda bütün dövrlərdə aktiv olub. Ancaq son illərdə Moskva ilə Yerevan arasındakı uzaqlaşma Kremlin Ermənistandakı propaqanda dilini və məzmnununu dəyişdirib. Əvvəllər propaqandanın əsas xətti olan “təbii müttəfiqlik və təhlükəsizlik təminatçısı” narrativi ilə yaradılan pozitiv obrazı qorumaq artıq çox çətinləşib. Bu səbəbdən də Moskva informasiya təsirində özünün üstünlüklərini alternativlərin zəif, təhlükəli və etibarsız olması narrativi üzərindən göstərməyə çalışır. Bu, xüsusilə iyun ayında Ermənistanda keçirilən seçkilərdən əvvəl və seçki ərəfəsində özünü bariz şəkildə göstərib.
2026-cı il parlament seçkiləri ərəfəsində Ermənistanın informasiya mühitini araşdıran “Sülh və İnsanlıq naminə Platforma“ (Platform for Peace and Humanity” və Strateji Təhlükəsizlik Təşəbbüsü” (Strategic Security Initiative) belə qənaətə gəlib ki, Kreml mənbəli mesajların böyük hissəsi Qərbin etibarsız və sabitliyi pozan aktor kimi təqdimatı fonunda Rusiyanı Ermənistan üçün əvəzolunmaz təhlükəsizlik tərəfdaşı kimi göstərməyə yönəlib. Rusiya ilə əlaqəli informasiya manipulyasiyası təhlükəsizlik, suverenlik, siyasi legitimlik, kimlik və geosiyasi istiqamət haqqında ictimai təsəvvürləri formalaşdırmağa hesablanmış koordinasiyalı strateji narrativlər ekosistemi vasitəsilə fəaliyyət göstərib (Platform for Peace and Humanity/SSI, 2026).
Hesabatda Rusiyanın Ermənistandakı beş əsas narrativi müəyyən edilib:
- “Rusiya əvəzolunmaz təhlükəsizlik tərəfdaşıdır”
- “Qərb Ermənistanı qoruya bilməz”
- Hökumətin legitimliyinin sarsıdılması
- Kimlik, din və ənənəvi dəyərlər
- “Ukraynalaşdırma”, müharibə və dövlətin çökməsi
Müəlliflər bu narrativləri emosional rezonans, yayılma qabiliyyəti, davamlılıq, seçkilərə təsir və ümumi risk baxımından müqayisə ediblər və sonuncunu ən yüksək emosional intensivliyə və ən böyük strateji riskə malik narrativ kimi qiymətləndiriblər. Çünki “ukraynalaşdırma” narrativi müharibə qorxusunu, ərazi təhlükəsizliyini, iqtisadi narahatlığı və dövlətin məhvi ehtimalını vahid emosional çərçivədə birləşdirir. Hesabatın nəticəsinə görə, belə məzmun faktoloji inandırmadan daha çox emosional eskalasiya vasitəsilə işləyir və eməni cəmiyyətinin 2020–2023-cü illərdən qalan travmasını istismar edir (Platform for Peace and Humanity/SSI, 2026).
“DFRLab”ın 2025-ci ilin sonunda apardığı araşdırma da bunu təsdiqləyir. Belə ki, 2025-ci ilin yanvar–sentyabr aylarında rusdilli “Telegram” məkanında bu iki mövzu üzrə 1 339 paylaşım və təxminən 7 milyon baxış qeydə alınıb. “DFRLab” konkret kampaniyalardan birinin başlanğıcını ABŞ tərəfindən Rusiya Xarici Kəşfiyyat Xidməti ilə əlaqəli olduğu üçün sanksiya altında olan Strateji Mədəniyyət Fonduna qədər izləyib; oradan yayılan material ən azı 36 “Telegram” kanalında təkrar paylaşılıb. Ermənistanın Aİ-yə inteqrasiyası həmin materiallarda “bir istiqamətli bilet”, ABŞ ilə strateji tərəfdaşlıq isə ölkəni “ukraynalaşdıracaq” təhlükə kimi təqdim edilib (DFRLab, 2025). 2026-cı ilin mayında Putin özü də Ermənistanın Avropa istiqamətini Ukraynanın Aİ-yə yaxınlaşması ilə müqayisə etdikdən sonra bu tezis artıq yalnız periferik Kremlyönlü kanallarının deyil, Rusiyanın rəsmi siyasi mesajının da bir hissəsinə çevrilib (Platform for Peace and Humanity/SSI, 2026).
Rusiyanın Ermənistandakı ikinci ən işlək narrativi isə “Qərb Ermənistanı qorumaq üçün deyil, Rusiyanı regiondan çıxarmaq üçün istifadə edir” tezisidir. Bu narrativə görə, Aİ Cənubi Qafqazdakı təhlükəsizlik balansını dəyişməyə və həm Rusiyanı, həm də İranı regiondan sıxışdırmağa çalışan geosiyasi hücumçu rolundadır. Kremlin bu tezis xəttində Paşinyan hökuməti “Qərbin kuklası”, Avropa ilə inteqrasiya isə suveren seçimdən çox xaricdən idarə olunan layihə kimi göstərilir. Aİ-nin Ermənistandakı mülki müşahidə missiyası bu narrativin xüsusi hədəfinə çevrilib: missiya həm “faydasız və Ermənistanı qoruya bilməyən”, həm də Rusiya və İran haqqında kəşfiyyat toplayan, NATO-nun bölgəyə daxil olması üçün platforma yaradan struktur kimi təsvir olunur (Agostini, Ditrych, 2025). 2026-cı il seçkiləri zamanı bu xəttə “Qərb Ermənistanın daxili siyasətini və seçkilərini idarə edir” narrativi də əlavə olunub. Rusiyayönlü “Telegram” kanalları Qərb təşkilatlarının seçkiləri Paşinyanın xeyrinə saxtalaşdıracağı, Aİ-nin yeni missiyasının seçki prosesini “idarə edəcəyi”, Avropa və Britaniya ilə əməkdaşlığın isə xarici nəzarətin sübutu olduğu barədə iddiaları sistemli şəkildə yayıb və ampflikasiyasını həyata keçirib (Media.am, 2026).
Paşinyan hökumətinin legitimliyinin sistemli şəkildə sarsıdılması Rusiyanın propaqanda fəaliyyətində xüsusi yer tutur. Paşinyan və “Vətəndaş Müqaviləsi” hökuməti Kremlyönlü informasiya mühitində “zəif, strateji baxımdan bacarıqsız, xaricdən idarə olunan və Ermənistanın milli maraqlarından uzaq” hakimiyyət kimi təqdim edilir. Bu narrativdə Azərbaycanla sülh danışıqları, konstitusiya dəyişiklikləri, Qərblə yaxınlaşma və təhlükəsizlik siyasəti normal siyasi seçimlər kimi deyil, “xəyanət”, “təslim olma” və Ermənistan dövlətçiliyinin qəsdən zəiflədilməsi kimi “qablaşdırlır”. 2020-ci ildən sonra bu xətt güclənib: hökumət ərazi itkisi, diplomatik uğursuzluq və təhlükəsizlik vəziyyətinin pisləşməsinə birbaşa cavabdeh kimi göstərilib. Narrativdə hökumət sadəcə bacarıqsız deyil, Ermənistanın suverenliyini və milli mövcudluğunu aktiv şəkildə təhlükəyə atan qüvvə kimi təqdim edilir. Bu narrativ sadəcə Paşinyanın şəxsi nüfuzdan salınmasına xidmət etmir, əsas məqsəd konkret hökumət siyasətindən narazılığı 2018-dən sonrakı siyasi transformasiyaya və demokratik idarəçiliyə qarşı daha ümumi inamsızlığa çevirməkdir (Platform for Peace and Humanity/SSI, 2026).
Rusiyanın Emənistanda son dövrdəki işlək narrativ istiqamətlərindən biri də kimlik və mənəviyyat məsələsi üzərindən işləyir. Rusiya ilə əlaqəli və Kremlyönlü aktorlar Ermənistanın Qərblə yaxınlaşmasını ölkənin ənənəvi sosial strukturlarına, dini kimliyinə və mənəvi əsaslarına təhlükə kimi təqdim edirlər. Bu narrativ Erməni Apostol Kilsəsinin milli kimlikdəki tarixi və simvolik rolundan istifadə etdiyi üçün emosional təsir imkanına malikdir (Platform for Peace and Humanity/SSI, 2026).
ƏSAS PROPAQANDA AKTORLARI VƏ AMPLİFİKASİYA MEXANİZMLƏRİ
Yuxarıda qeyd edilən və qeyd edilməyən çoxsaylı narrativləri həyata keçirmək üçün Rusiya ciddi bir “propaqanda ordusu”ndan istiafadə edir. Moskvanın Ermənistandakı propaqanda “maşını” vahid mərkəzdən eyni mesajları yayımlayan klassik propaqanda sistemi kimi deyil, bir-biriylə əlaqəli olan müxtəlif səviyyəli aktorların yaratdığı ekosistem kimi fəaliyyət göstərir. “DFRLab” 2026-cı ildə Cənubi Qafqazdakı seçki manipulyasiyalarına dair araşdırmasında bu modeli xarici və daxili informasiya təsirinin sərhədlərinin bulanıqlaşması kimi təsvir edir. Bu modeldə xaricdə yaradılan narrativ yerli siyasi aktorlar, media və influenser şəbəkəsi tərəfindən Ermənistan kontekstinə uyğunlaşdırılır. Beləliklə, daxili siyasi diskursun bir hissəsinə çevrilən narrativin legitimliyi artırılır, eyni zamanda onun arxasında duran aktorun müəyyənləşməsi çətinləşir (DFRLab, 2026a)
Kremlin Ermənistandakı propaqanda aktorlarının ən açıq hissəsini Rusiyanın rəsmi və dövlətə bağlı media orqanları təşkil edir. “Sputnik Armenia”, Rusiya televiziya kanalları və digər rusdilli platformalar təhlükəsizlik, Ermənistan–Azərbaycan münasibətləri və Qərblə yaxınlaşma mövzularının Kremlə uyğun çərçivədə təqdim edilməsində rol oynayan ənənəvi propaqanda aktorlarıdır.
Ancaq 2025-2026-cı illərdə nəzərəçarpan bir dəyişiklik baş verib - Kreml Ermənistanda rəsmi mediadan çox gizli və yarıgizli rəqəmsal əməliyyatların miqyasını böyüdüb. Bu əməliyyatlar xüsusilə 7 iyun seçkiləri ərəfəsində pik həddə çatıb. Bütün dünyada Rusiyanın ən təsirli propaqanda əməliyyatı hesab edilən “Storm-1516” 2025-ci ilin apreli ilə 2026-cı ilin apreli arasında ən çox Ermənistanı hədəfə alıb. Ermənistan hökumətinə qarşı bir ildə 30-dan çox “Storm” kampaniyası həyata keçirilib. “Neva Seli” kimi də bilinən “Storm-1516” Rusiyanın dövlət dəstəkli propaqanda əməliyyatı mexanizminin adıdır. Bu mexanizm mərkəzi Moskvada olan Geosiyasi Ekspertiza Mərkəzi və rus oliqarx Konstantin Malofeyevin maliyyələşdirdiyi “İkibaşlı Qartal Hərəkatı” ilə əlaqəlidir. “Storm-1516” saxta xəbər və aktivist səhifələrindən istifadə edir, onlar həqiqi media orqanlarını və jurnalistləri təqlid edirlər. Yalanlar X platforması və ilk baxışda müstəqil kimi görünən saytlar vasitəsilə də təkrarlanaraq yayılır (İSD, 2026).
Ermənistandakı seçkilərdən sonra yayımlanan DFRLab–CivilNet–Erebus araşdırması “Storm-1516” əməliyyatlarının texniki infrastrukturunu ortaya çıxarıb. Buna görə, Rusiya bu əməliyyatda saxta və ələ keçirilmiş veb saytlarından, “Storm-1516” əməliyyatları çərçivəsində qurulmuş ermənicə səhifələrdən, Türkiyənin milliyyətçi, solçu, islamçı və dövlət dəstəkli kimi müxtəlif yönlərə aid olan media quruluşlarından və Çin dövlət mediasından istifadə edib. Əməliyyat çərçivəsində yaradılan məzmunlar X platforması üzərindən çoxaldılaraq yayğınlığı təmin edilib (DFRLab, 2026b).
Bundan əlavə, seçkiqabağı dövrdə keçmiş “Wagner” qrupunun rəhbəri Yevgeni Priqojinin yaratdığı “Rusiya Ədalətsizliklə Mübarizə Fondu” (R-FBİ) tərəfindən dövriyyəyə buraxılan dezinformasiyalar kiçik bir qrup Rusiyayönlü saytda yenidən yayımlanıb, sonra isə “Storm-1516” əməliyyatlarında istifadə olunan eyni X hesabları vasitəsilə çoxaldılıb (İSD, 2026).
Rusiyanın propaqanda əməliyyatlarınn başqa qolu olan “Həddindən Artıq Yükləmə” əməliyyatı (Matryoşka-Operation Overload) son bir ildə Ermənistan haqqındakı yalan məlumat yayan videolarında 50-dən çox təşkilatı və şəxsi təqlid edib. Matryoşka və ya başqa adıyla “Storm-1679” Qərb qurumlarına qarşı etimadsızlıq yaratmaq üçün etibarlı mənbələri təqlid edən əməliyyatdır. Bu ilin yanvar-may ayları arasında Ermənistan “Matryoşka” əməliyyatlarında Ukrayna və Fransadan sonra ən çox hədəfə alınan üçüncü ölkə olub. Ermənistanı hədəfə alan əməliyyatlarda “Politico”, “Netflix”, “OpenAİ” kimi media quruluşları və şirkətlər təqlid edilib. “Matryoshka/Operation Overload”un 2026-cı ilin mayının əvvəlinədək Ermənistanla bağlı 343 saxta video yaydığı müəyyən edilib; saxta materiallarda “Euronews”, “France 24”, “Armenpress” və başqa tanınmış media qurumlarının vizual kimliklərindən istifadə olunub (İSD, 2026).
Rusiyanın Ermənistandakı digər əhəmiyyətli propaqanda kanalı “yumşaq güc” strukturlarıdır. Buna ən bariz nümunə isə “Evrazia” təşkilatıdır. Gizli qlobal Rusiya propaqanda şəbəkəsinin bir hissəsi kimi dəyərləndirilərək ABŞ, Aİ və İngiltərənin sanksiya siyahılarına daxil edilən bu təşkilat Moldovada istifadə etdiyi seçkilərə müdaxilə modelini Ermənistana da daşıyıb. 2024-cü ildə Ermənistanda nümayəndəlik açan təşkilat Yerevanda 11 rusdilli mərkəzi dəstəkləyib, media, mədəniyyət və humanitar əlaqələr kimi sahələrdə layihələr, səfərlər təşkil edib, şagirdləri Rusiya işğalı altındakı Krımda yerləşən Artek düşərgəsinə göndərib. 2025-ci ildən etibarən Qarabağdan köçmüş ermənilərə də yardım kampaniyası başladıb. #РоссияСВами (“Rusiya sizinlədir”) kampaniyası “Evrazia”, Rusiya Humanitar Missiyası və “Rossotrudniçestvo” tərəfindən birgə təşkil olunub. Eyni zamanda Kremlyönlü siyasi partiyanın nümayəndəsi ilə birlikdə kilsənin müdafiəsi adı altında petisiya və aksiyalar keçirib, siyasi tələbləri həmin kampaniyalara daxil edib (DFRLab, 2026c).
Rusiyada yaşayan erməni əsilli bloqer, “Azatagrum” hərəkatının rəhbəri və “Evrazia” təşkilatının Ermənistandakı əsas nümayəndələrindən biri Mika Badalyan təşkilatın fəaliyyətinin yerli informasiya mühitində amplifikasiyasında xüsusi rol oynayır. Moldova və Ermənistan haqda “Evrazia” ilə bağlı materialların 83 faizi “Telegramda” yayılıb və əsas amplifikatorlar arasında ilk yeri Badalyanın kanalı, ikinci yeri isə onun “Azatagrum” kanalının tutduğu müəyyən edilib. Badalyan və əlaqəli kanallar seçkidən iki gün əvvəl Gümrüdə Aİ inteqrasiyasını erməni ənənələri və dəyərləri üçün təhlükə kimi təqdim edən anti-Aİ kampaniyasını da yayıb. Kampaniyaya “Alpha News”un baş redaktoru Tiqran Koçaryan da dəstək verib.(DFRLab, 2026c). 2026-cı ilin iyununda Ermənistanın Anti-Korrupsiya Komitəsi Badalyanın Rusiyada yaşayan Ermənistan vətəndaşlarına seçkidə iştirak müqabilində bilet və digər üstünlüklər təklif etməsi ilə bağlı cinayət işi başladıb.
Ermənkistanın keçmiş Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vanetsyanın “Ermənilərin Vətəni” (Homeland of Armenians) Partiyası da “Evrazia” təşkilatının yerli qolları sırasındadır. “Evrazia”nın Qarabağdan köçmüş ermənilərə yönəlmiş humanitar yardımının bir hissəsi məhz bu müxalifət partiyasının ofisləri vasitəsilə paylanıb (DFRLab, 2026c).
Ermənistanda Rusiyanın yumşaq güc kanallarından biri də Yerevandakı Rus Evidir. Bu qurumun gənclər üçün təşkil etdiyi proqramlarda Ermənistanın gələcəyinin Rusiya ilə bağlı olduğu tezisi sistemli şəkildə təbliğ edilir (The Insider, 2026).
Rusiyanın Ermənistandakı təsir imkanlarının başqa mühüm kanalı Rusiyadakı böyük erməni icması və xüsusilə orada yaşayan Ermənistan vətəndaşlarıdır. Rusiyada bir milyondan çox etnik erməni və yüz minlərlə Ermənistan vətəndaşı yaşayır. Yalnız 2026-cı ilin ilk rübündə 100 mindən çox erməninin iş üçün Rusiyaya getdiyi təxmin edilir. Seçkilərdə Rusiyanın dezinformasiya və manipulyasiya kampaniyalarının tərkib hissəsi olan xəbərlərin böyük hissəsi məhz bu ölkədəki Ermənistan vətəndaşlarını əhatə edib. Eyni zamanda ölkə qanunvericiliyinə görə, diplomatik personal xaric bütün vətəndaşların Ermənistan ərazisində səs vermək məcburiyyətinin olması Rusiyanın bu faktordan istifadəsinə şərait yaradıb (Civil Net, 2026 ç).
Moskva erməni icmasının bir hissəsində Paşinyana münasibətin Qarabağ müharibəsi üzərindən formalaşmasından da istifadə edib. Müvafiq auditoriya Rusiyayönlü müxalifətin əliylə “Qarabağın satılması” tezisi ilə səfəblər edilməyə çalışılıb. Rusiyadan seçicilərin təşkilatlanmış şəkildə gətirilməsi və onların mümkün maddi stimullaşdırılması haqqında məlumatlar seçkiqabağı siyasi mühitin bir hissəsinə çevrilib (ZOiS, 2026)
Erməni Apostol Kilsəsi və onun ətrafındakı konservativ şəbəkələr də Rusiya propaqandasına birbaşa və ya dolayısı yolla xidmət edir. Kilsə-hökumət qarşıdurması, ənənəvi dəyərlər və milli kimlik məsələləri Rusiyayönlü informasiya ekosistemi üçün əlverişli mobilizasiya mövzularına çevrilib. Apostol Kilsəsi və arxiyepiskop Baqrat Qalstanyan 2024-cü ildən Ermənistanda hökumət əleyhinə kütləvi mobilizasiyada birbaşa iştirak edib, 2026-cı il seçkilərində isə Rusiyayönlü aktorlarla qarşılıqlı dəstək və əməkdaşlıq nümayiş etdirib. Moskvanın “Qərb erməni kimliyini və dinini məhv edir” narrativində Kilsə xüsusi rol oynayır (OSCEPA, 2026).
Rusiyanın Ermənistandakı propaqanda mexanizmi içərisində siyasi aktorlar da xüsusi yer tutur. Samvel Karapetyanın liderlik etdiyi Güclü Ermənistan bloku, Robert Köçəryanın Ermənistan Alyansı və Qaqik Tsarukyanın rəhbərlik etdiyi Çiçəklənən Ermənistan Partiyası açıq şəkildə Rusiyayönlü fəaliyyət həyata keçirir, son seçkilərdə də məhz bu üç təşkilat Moksvanın maraqlarını təmsil edirdi (Zolyan, 2026 b). Parlament seçkilərinin nəticələri də göstərdi ki, Paşinyan hakimiyyətdə qalmağı bacarsa da, ruspərəst qüvvələr hələ də Ermənistanda güclüdür və marginal deyil. Belə ki, seçkidə bu üç partiya birlikdə 37,18 faiz səs qazanıb. Tsarukyanın “Çiçəklənən Ermənistan” Partiyası seçki baryerini keçə bilməsə də, hazırda parlamentdə Kremlyönlü müxalifəti təmsil edən 41 deputat var ki, bu da ümumi tərkibin 39 faizi deməkdir (Armenpress, 2026b). Xüsusilə də nəzərə alsaq ki, 64 deputatı olan hakim partiya 70 mandatlıq konstitision çoxluğa, yəni təkbaşına referendum qərarı verəcək gücə sahib deyil, bu, Konstitusiya dəyişiklikləri, Azərbaycanla sülh, Türkiyə ilə normallaşma kimi mühüm məsələlərdə Kremlyönlü qüvvələrə bazarlıq imkanı yaradır (Alander, Hedenskog, Wallberg, 2026).
Kremlyönlü siyasi aktorlar arasında Moskvanın ən ciddi dəstəyini alan hazırda həbsdə olan Samvel Karapetyanın Güclü Ermənistan ittifaqıdır. Yeni Era və Birləşmiş Ermənilər partiyalarının da daxil olduğu ittifaqın lideri olan Karapetyanın rəhbəri olduğu “Tashir Group” Rusiyada böyük daşınmaz əmlak və sənaye aktivlərinə malikdir. Həmçinin rusiyalı senator Konstantin Zatulinin rəhbərlik etdiyi Rusiya-Ermənistan Lazarev Klubunun üzvüdür (CİVİL Net, 2026 b).
Ermənistandakı Rusiyayönlü aktorlar bu üç partiya ilə də məhdudlaşmır. Köçəryanın partiyasından ayrılaraq Andranik Tevanyanın Ana Ermənistan Partiyası (CivilNet, 2026 c), lideri Vardan Qukasyan olan, seçkidə az səs alsa da, ölkənin ikinci böyük şəhəri Gümrüdə siyasi bazası olan Demokratiya, Qanun və İntizam Partiyası (Zolyan, 2026 b), Serj Sarqsyanın Respublika Partiyası da açıq Kremlyönlü, ya da Kremlin Paşinyan hökuməti əleyhinə narrativlərinin lokallaşdırılması əməliyyatlarının iştirakçıları kimi rollarda yer alırlar.
Bunlardan əlavə, 2026-cı ildə birbaşa Rusiya dövlət strukturlarının Ermənistanda propaqanda fəaliyyətində oynadığı koordinasiya rolu barədə də ciddi araşdırmalar yayımlanıb. Bunlara görə, Rusiya Prezident Administrasiyasında yeni yaradılmış Strateji Tərəfdaşlıq və Əməkdaşlıq İdarəsi Paşinyan əleyhinə informasiya fəaliyyətinin koordinasiyasında iştirak edib, həmçinin Rusiya kəşfiyyat orqanları ilə əlaqəli bir sıra şəxslər Ermənistanda fəaliyyət göstərib. Rusiyanın xarici propaqanda əməliyyatlarının əsas strukturları arasında olan Qorçakov Fondu, Rus Evi, Rusiya Strateji Araşdırmalar İnstitutu Ermənistanda aktiv Kreml yönümlü təsir strukturları arasında yer alıb. (The Insider, 2026)
NƏTİCƏ
Ermənistan nümunəsi Rusiyanın postsovet məkanındakı təsir modelinin necə dəyişdiyini göstərir. Moskva artıq Yerevan üçün əvvəlki kimi mübahisəsiz təhlükəsizlik təminatçısı və əvəzolunmaz siyasi himayədar deyil. Ancaq bu, Rusiyanın Ermənistandakı təsir imkanlarının yox olması demək də deyil. Məzmun dəyişdirərək daha təhlükəli, daha təhdidkar forma alması deməkdir. Moskva uzun illər boyunca formalaşmış təsir vasitələrindən Ermənistan üzərində itirdiyi hegemon mövqeni bərpa etmək üçün silah kimi istifadə edir. Bu “silahların” sayı və əhatə dairəsi isə xeyli genişdir. Rusiya bazarına çıxış, pul köçürmələri, əmək miqrasiyası və kənd təsərrüfatı ixracından başlayan və qaz, dəmir yolu və nüvə energetikası kimi daha çətin əvəzlənən strateji sahələrə qədər uzanan iqtisadi asılılıq, Aİİ və KTMT üzvlüyü ilə davam edən institusional bağ, Gümrüdəki hərbi baza və Rusiya sərhəd qüvvələrinin mövcudluğu ilə davam edən təhlükəsizlik əlaqələri Moskvaya Yerevanı sıxışdırmaq üçün geniş imkanlar yaradır. Rusiya hər fürsətdə bu asılılıqlardan xilas üçün alternativ axtarışlarının Ermənistana baha başa gələcəyinə dair xəbərdarlıq edir, son aylarda isə müxtəlif formalı cəzalandırmalarla bunun nümunələrini göstərir.
Moskva bu fəaliyyətdə yalnız deyil. İkinci Qarabağ müharibəsindən sonra ermənilərin əsas hamilərinə etimadında ciddi çöküş olsa da, Ermənistan daxilində Kremlin müttəfiqləri hələ də kifayət qədərdir. Bu sırada Kremlin rəsmi və qeyri-rəsmi propaqanda strukturlarının Ermənistandakı uzantıları ilə yanaşı, Ermənistanın bəzi siyasi qüvvələri, sosial media aktorları, Erməni Apostol Kilsəsi aktiv rol oynayır. Ermənistan xüsusilə son iki ildə Kremlin əsas qlobal propaqanda mexanizmləri arasında yer alan “Storm-1516”, “Matryoşka” kimi rəqəmsal əməliyyatların əsas hədəfləri arasındadır.
2026-cı il seçkiləri Rusiyanın Ermənistandakı təsirinin həm gücünü, həm də sərhədlərini göstərdi. Kremlyönlü siyasi partiyaların 37 faizdən çox səs toplaması Moskvanın Ermənistan daxilindəki siyasi dayaqlarının marginal olmadığını nümayiş etdirdi. Ancaq Moskvanın bütün səylərinə baxmayaraq Paşinyanın siyasi kursunun davam etməsi də Rusiyanın bu ölkədəki təsirini nəticəyə çevirmək imkanlarının əvvəlki qədər güclü olmadığını göstərdi. Yəni Moskva Ermənistanda hələ də siyasi proseslərə təsir edə və alternativlərə mane ola bilir, ancaq artıq ölkənin strateji istiqamətini təkbaşına müəyyənləşdirəcək “patron” deyil.
Şübhəsiz ki, uzun tarixi olan asılılıqlar Yerevanın manevr imkanlarını azaldır və hələlik onun Moskva ilə seçim ritorikasında danışmasına imkan vermir. Ancaq eyni zamanda Ermənistan hakimiyyəti açılan yeni imkanlardan da maksimum faydalanmağa çalışır. Bunun nə qədər davamlı olacağı isə sadəcə Ermənistanın özündən asılı deyil.
Ermənistanda Rusiya təsirinin azaldılması üçün Qərb daha əvvəl Ukrayna nümunəsində etdiyi kimi sadəcə vədlərlə kifayətlənməməli, Yerevanın Moskvadan uzunmüddətli asılılıqlarını əvəzləyəcək real və uzunmüddətli alternativlər formalaşdırmalıdır. Qərb xüsusilə enerji, nəqliyyat, təhlükəsizlik və iqtisadiyyat sahələrində Ermənistanın asılılığını azaldan və dayanıqlığını artıran layihələrə sərmayə qoymalı və bunları mümkün olan ən qısa müddətdə həyata keçirməlidir.
Eyni zamanda Paşinyan hökumətinin əlaqələri normallaşdırmaqda maraqlı olduğu Türkiyə və Azərbaycan da Yerevanın Moskvadan asılılığını azaltmaqda rol oynaya bilər. Bunun üçün Ermənistan ilə yekun sülh sazişinin imzalanması, Yerevanın regional kommunikasiya, ticarət və enerji layihələrinə daxil edilməsi çox mühümdür. Rusiyanın Ermənistan üzərindəki təsirlərini azaltmağın ən mühüm yolu məhz budur - Ermənistanın seçim imkanlarını genişləndirmək və real alternativlər təklif etmək.
Qeyd: Oxuduğunuz yazı orijinal olaraq Azərbaycan dilində yazılmışdır.
İSTİNADLAR
Nazaretyan, Hovhannes, 2023. Armenia’s Economic Dependence on Russia: How Deep Does It Go? https://evnreport.com/economy/armenias-economic-dependence-on-russia-how-deep-does-it-go/
de Waal, Thomas, 2024. Armenia Navigates a Path Away from Russia. https://carnegieendowment.org/research/2024/07/armenia-navigates-a-path-away-from-russia
CSİS, 2026. Eurasia’s Shifting Balance of Influence: An Opening for the United States. https://www.csis.org/analysis/eurasias-shifting-balance-influence-opening-united-states
Broers Laurence, 2023. Russia Concedes Karabakh Stake for New Regional Order. https://www.chathamhouse.org/2023/09/russia-concedes-karabakh-stake-new-regional-order
Zolyan, Mikayel, 2026a. Between Russia and Europe, Between War and Peace: What Is at Stake in Armenia’s Upcoming Elections? https://www.ifri.org/en/memos/between-russia-and-europe-between-war-and-peace-what-stake-armenias-upcoming-elections
Zolyan, Mikael, 2026 b. Armenia-Russia: Drifting Apart. https://carnegieendowment.org/russia-eurasia/politika/2026/01/armenia-russia-drifting-apart
Hosaka, Sanshiro, 2026. Armenia After the Election: Diversification Without Decoupling from Russia. https://icds.ee/en/armenia-after-the-election-diversification-without-decoupling-from-russia/
OSW, 2026. Armenia Election: Pashinyan Victorious Once Again. https://www.osw.waw.pl/en/publikacje/analyses/2026-06-08/armenia-election-pashinyan-victorious-once-again
World Bank, 2026. Armenia Economic Update. https://documents1.worldbank.org/curated/en/099220307232691033/pdf/IDU-fabe28c5-2e4d-4cac-b76e-fdf32309c601.pdf
Rogers, Luan, 2026. Russian Trade Restrictions Expose Armenia’s Economic Vulnerability. https://evnreport.com/economy/russian-trade-restrictions-expose-armenias-economic-vulnerability/
Central Bank of Armenia, 2026. Package of Documents Related to the Decision on the Policy Rate — 2026 Q2, Monetary Policy Report. https://www.cba.am/en/reports/10145/preview/
Rosselkhoznadzor, 2026. Rosselkhoznadzor Limits Imports of Flowers from Armenia. https://fsvps.gov.ru/news/rosselhoznadzor-ogranichivaet-vvoz-czvetov-iz-armenii/
Interfax, 2026a.Россельхознадзор ограничил ввоз всей подкарантинной продукции из Армении. https://www.interfax.ru/russia/1095414
RBC, 2026. Роспотребнадзор приостановил продажу нескольких коньяков из Армении. https://www.rbc.ru/society/23/05/2026/6a1138659a7947b43f673c1e
European Commission, 2026a. Read-out by President von der Leyen following her phone call with Prime Minister of Armenia Nikol Pashinyan
https://ec.europa.eu/commission/presscorner/detail/en/read_26_1266
European Commission, 2026b. EU Delivers €34 Million Immediate Support to Armenia Announced by President von der Leyen. https://enlargement.ec.europa.eu/news/eu-delivers-eu34-million-immediate-support-armenia-announced-president-von-der-leyen-2026-06-19
ARKA, 2026. Russia Has Suspended the Sale of Another 70,000 Bottles of Water from Armenia. https://arka.am/en/news/economy/russia-has-suspended-the-sale-of-another-70-000-bottles-of-water-from-armenia/
RUSI, 2024. Leaving the Post-Soviet Behind: Redefining Armenia’s Deterrence Strategy. https://www.rusi.org/explore-our-research/publications/commentary/leaving-post-soviet-behind-redefining-armenias-deterrence-strategy
Interfax, 2026b. Russian gas supplies to Armenia decrease 2.6% in 2025.https://interfax.com/newsroom/top-stories/116554/
Kremlin, 2026. Russian-Armenian talks. https://en.kremlin.ru/events/president/news/79454
Le Monde, 2025. En Arménie, épreuve de force entre le premier ministre Pachinian et l’oligarque à la tête de l’unique compagnie d’électricité du pays. https://www.lemonde.fr/international/article/2025/07/03/en-armenie-epreuve-de-force-entre-le-premier-ministre-pachinian-et-l-oligarque-a-la-tete-de-l-unique-compagnie-d-electricite-du-pays_6617739_3210.html
News.am, 2026. We have already decided in the case of Electric Networks of Armenia company, PM Pashinyan says.
https://news.am/en/news/1053866
South Caucasus Railway, 2026. Strategic Importance. https://www.railway.am/en/about
ARMENPRESS, 2026. Third country with warm ties to Armenia and Russia should acquire railway concession rights - Pashinyan https://armenpress.am/en/article/1242159
CivilNet, 2026.The geopolitics of Armenia's nuclear future.
https://civilnet.am/en/news/1013245
World Nuclear News, 2026. US, Armenia Sign Agreement on Nuclear Energy. https://www.world-nuclear-news.org/articles/us-armenia-sign-agreement-on-nuclear-energy
Prime Minister of Armenia, 2026. Nikol Pashinyan and J.D. Vance Make Announcement. https://www.primeminister.am/en/press-release/item/2026/02/09/Nikol-Pashinyan-J-D-Vance-Announcement/
TASS, 2026.Посол РФ: у Армении нет альтернатив предложению "Росатома" по строительству АЭС https://tass.ru/ekonomika/26055245
Vasilyan, Syuzanna, 2026. Armenia’s Policy ‘Twist’ to Cumbersome Tactical ‘Hedging’. https://journals.sagepub.com/doi/10.1177/18793665261442870
GMF, 2026. Armenia Chose Continuity Over Ties to Russia. https://www.gmfus.org/news/armenia-chose-continuity-over-ties-russia
Alander Minna, Hedenskog Jakob, Wallberg Fanny,, 2026. No Going Back Now: Armenia-EU Relations After the 2026 Parliamentary Elections.
Caucasus Watch, 2026. Russia Outlines Procedure for Suspending Armenia’s CSTO Voting Rights. https://caucasuswatch.de/en/news/russia-outlines-procedure-for-suspending-armenias-csto-voting-rights.html
Avdaliani, Emil, 2026. Russia to Armenia: Do as We Say. https://cepa.org/article/russia-to-armenia-do-as-we-say/
Platform for Peace and Humanity; Strategic Security Initiative (SSI), 2026. Foreign Influence and Information Manipulation in Armenia’s Electoral Context: Assessing Russian Narratives, Networks, and Pre-Election Risks Ahead of the June 7 Vote. https://peacehumanity.org/wp-content/uploads/2026/06/Foreign-Influence-and-Information-Manipulation-in-Armenias-Electoral-Context.pdf
DFRLab, 2025. Kremlin-Originated Campaigns Target Armenia with “Ukrainization” Narrative. https://dfrlab.org/2025/12/23/kremlin-originated-campaigns-target-armenia-with-ukrainization-narrative/
De Agostini, Leonardo; Ditrych, Ondrej, 2025. Digital Echoes: Countering Adversarial Narratives in Georgia and Armenia. https://www.iss.europa.eu/publications/briefs/digital-echoes-countering-adversarial-narratives-georgia-and-armenia
Media.am, 2026. Foreign Interference Or Closer Ties? Pro-Russian Channels Aim To Delegitimise Armenia’s Elections
https://media.am/en/verified/2026/05/08/45975/
DFRLab, 2026a. Foreign and Domestic Information Manipulation Report. https://dfrlab.org/wp-content/uploads/sites/3/2026/04/03.2026-ERP-Report-FINAL.pdf
ISD, 2026. All Operations on Armenia: Russia’s Influence Machine Targets the Vote. https://www.isdglobal.org/digital-dispatch/all-operations-on-armenia-russias-influence-machine-targets-the-vote/
DFRLab, 2026b. Uncovering the Digital Infrastructure Behind Russian Interference in Armenian Elections. https://dfrlab.org/2026/07/29/uncovering-the-digital-infrastructure-behind-russian-interference-in-armenian-elections/
DFRLab, 2026c. From Chisinau to Yerevan: How Russia’s Evrazia Brought Its Moldova Playbook to Armenia. https://dfrlab.org/2026/06/05/from-chisinau-to-yerevan-how-russias-evrazia-brought-its-moldova-playbook-to-armenia/
The Insider, 2026. Grabbing him by the “Beard”: The Insider identifies the FSB, GRU, and SVR agents Russia sent to Armenia to take on PM Nikol Pashinyan https://theins.press/en/inv/292740
ZOIS, 2026. Russia and Armenia’s 2026 Parliamentary Elections. https://www.zois-berlin.de/en/publications/zois-spotlight/russia-and-armenias-2026-parliamentary-elections
OSCE Parliamentary Assembly, 2026. 2026 Parliamentary Elections — Election Observation Statement: Armenia. https://www.oscepa.org/en/documents/election-observation/election-observation-statements/armenia/statements-2/5525-2026-parliamentary-1/file
ARMENPRESS, 2026b.CEC announces final results of Armenia’s parliamentary elections https://armenpress.am/en/article/1252978
CivilNet, 2026b. Where do Armenian parties stand on Russia and the West? https://civilnet.am/en/news/1012220
CivilNet, 2026c.Armenia’s election line‑up so far. https://civilnet.am/en/news/1001534