Research paper

Baltik Dövlətlərində Rusiya Propaqandası

Baltik Dövlətlərində Rusiya Propaqandası


 

(Yazı KHAR Center-in "Avtoritar Rejimlər və Transregional Təsir Mexanizmləri" araşdırması çərçivəsində hazırlanıb.)

Giriş 

Baltik dövlətləri - Latviya, Litva və Estoniya Rusiyanın propaqanda əməliyyatlarının  daimi hədəfləri arasındadır. Bu regionda Rusiya təsir əməliyyatlarının tarixi 2014-cü ildəki Krım işğalından və “hibrid müharibə” anlayışının populyarlaşmasından xeyli əvvələ gedir  Bunun birdən çox səbəbi var, ən vacib səbəb isə Baltik dövlətlərinin postsovet ölkələri arasında Avropa İttifaqı və xüsusilə də NATO üzvlüyü kimi xüsusi statusa sahib olmalarıdır. 

Bu ölkələr Rusiya ilə birbaşa quru sərhədi olan az saydakı NATO və Aİ üzvləridir - onlardan başqa Aİ və NATO üzvlərindən Polşa, Finlandiya və Norveçin (yalnız NATO  üzvüdür) Rusiya ilə quru sərhədi var. Latviya və Litvanın Belarusla sərhədini də nəzərə alsaq, təhdidin xəritəsi daha da genişlənir.

Baltik dənizinin sahilində yerləşmələri də bu ölkələri Kreml üçün avtomatik hədəfə çevirir. Statistik araşdırmalar göstərir ki, Rusiyanın dəniz ticarətinin, xüsusən də neft ixracının mühüm hissəsi məhz Baltik dənizindəki rus limanları vasitəsilə aparılır (CREA, 2023). 

Baltik dənizi həm də Rusiyanın güclü şəkildə hərbiləşdirilmiş forpostu olan Kalininqrad vilayəti ilə Rusiyanın  “əsas ərazisi” arasında marşrut rolunu oynayır; üstəlik, Rusiyanın bu eksklava çıxışı üçün Litva ilə tranzit razılaşması mövcuddur (Parks, 2024). 

Digər tərəfdən bu ölkələr uzun müddət rus və sovet işğalı altında olub.  Rusiya öz aqressiyasını “əsaslandırmaq” üçün 1991-ci ildə SSRİ dağıldıqdan sonra müstəqilliyini bərpa etmiş yeni dövlətlərin ərazilərini “Rusiyanın tarixi sərhədləri” kimi təqdim edir və bu kontekstdə Baltikyanı ölkələr  revizyonist Rusiya narrativlərində Ukraynadan sonra mümkün “növbəti hədəflər” kimi göstərilir. 

Başqa mühüm faktorlar da var -  Estoniya və Latviya Aİ daxilində etnik rusların və Rusiya vətəndaşlarının sayca ən çox olduğu ölkələr arasındadır. Eyni zamanda  Baltikyanı dövlətlər əhali sayına nisbətdə ən çox ukraynalı qaçqın qəbul edən ölkələr arasında yalnız Polşadan geri qalırlar (UNHCR, 2026).  Bu ölkələr Ukraynaya beynəlxalq dəstəyin də ən ön sıralarında qərar tuturlar. Bütün bu xüsusiyyətləri Baltik ölkələrini həm siyasi, həm coğrafi, həm təhlükəsizlik, həm də psixoloji baxımdan Rusiyanın təsir əməliyyatlarının əsas hədəflərindən birinə çevirir. 

KHAR Center bu yazısında Baltik ölkələrində Rusiyanın propaqanda narrativlərinə və mexanizmlərinə nəzər salır, Rusiya propaqandasını üç səviyyədə təhlil edir: strateji məqsədlər, narrativlər və yayılma mexanizmləri…

Bu yazının əsas məqsədi Baltik dövlətlərində Rusiya tərəfindən həyata keçirilən propaqanda fəaliyyətlərini sistemli şəkildə təhlil etmək:

  • Rusiyanın bu ölkələrdə güddüyü strateji məqsədləri müəyyənləşdirməyi,
  • İstifadə etdiyi əsas narrativləri (ideoloji mesajları) üzə çıxarmağı,
  • Bu narrativlərin hansı media kanalları və yerli mexanizmlər vasitəsilə yayıldığını araşdırmaqdır.

Məqalədə “Rusiya Baltik ölkələrində hansı əsas narrativlər, kanallar və yerli amplifikasiya mexanizmləri vasitəsilə propaqanda əməliyyatları aparır? Latviya, Litva və Estoniyada  Rusiya propaqandası və bu propaqandanın yayılma mexanizmləri hansı ortaq və fərqli xüsusiyyətlər daşıyır?” sualları cavablanır.

RUSİYANIN BALTİKYANI ÖLKƏLƏRDƏKİ TAKTİKASI - NATO MÜDAXİLƏSİ HƏDDİNİ AŞMADAN NATO-YA MÜDAXİLƏ…

Rusiya Baltik regionunu Avropa İttifaqı və NATO ilə olan daha genişmiqyaslı toqquşmasında kilid sahə kimi görür. Xüsusilə 2022-ci ildən sonra Rusiya Ukraynaya qarşı müharibəni  “kollektiv Qərb”lə daha böyük miqyaslı qlobal qarşıdurmanın tərkib hissəsi kimi təqdim edir. Putin həm daxili legitimliyini, həm də Rusiyanın siyasi-iqtisadi sisteminin yenidən qurulmasını Qərblə böyük geosiyasi qarşıdurmaya bağlayıb. Bu qarşıdurma Rusiyanın yeni “identikliyinin” bir hissəsinə çevrilib və bu kontekstdə NATO üzvü olan Baltikyanı ölkələrin Kreml üçün hədəf statusu daha da artıb.  Bu status indiki halda açıq müharibə hədəfindən daha çox Avropa və onun müttəfiqlərini zəriflətmək kimi strateji məqsədə xidmət edən qeyri-hərbi hibrid təsir alətləri vasitəsilə müdaxiləni ehtiva edir. Çünki Baltik ölkələrinə hərbi təcavüz NATO-nun müdaxiləsinə səbəb olar. Bu səbəbdən də Rusiyanın baxışına görə, hibrid müdaxilə NATO-nun kollektiv müdafiə mexanizmini (5-ci maddə) işə salacaq həddi keçmədən Avropanın sabitliyini pozmaq və və onun Ukraynaya dəstəyini sarsıtmaq üçün ən effektiv variantdır (Parks, 2024).

Analitik hesabatlar Rusiyanın 2022-ci ildə Ukraynada genişmiqyaslı müharibəyə başlamasından sonra Baltik dənizi regionunda hibrid təsir alətlərindən istifadəni aqressiv şəkildə genişləndirdiyini göstərir. Estoniya, Latviya və Litva Rusiyanın hibrid taktikalarının gündəlik hədəfidir və bu taktikalar sözügedən ölkələrin suverenliklərini hədəfə alır. Moskva tarix boyu Baltik ölkələrini zəiflətmək üçün bir  çox - siyasi, iqtisadi, enerji və kiber - taktikadan istifadə edib. Ancaq son illərdəki səyləri hərbi təzyiqi də ehtiva etdiyi üçün daha aqressiv formaya keçib (Bajarunas, 2025). 

BALTİK ÖLKƏLƏRİNDƏ RUSİYA NARRATİVLƏRİ 

Litvanın təcrübəli diplomatı, hibrid təhdidlərlə mübarizəyə məsul səfir statusun da olan Eitvidas Bayarunas Rusiyanın Baltik ölkələrində son dövrdəki təsir fəaliyyətlərini yeddi kateqoriyada dəyərləndirir - informasiya müharibəsi və propaqanda; təxribat, vandalizm, gizli zorakılıq aktları və konvensional təcavüz;

 ictimai həssaslıq; seçkilərə təsir; kiberhücumlar; enerji;  qanunsuz miqrasiya. Bu fəaliyyət istiqamətlərinin hər biri üzrə - hər ölkənin xarakterik xüsusiyyətləri nəzərə alınmaqla - onlarla narrativ istehsal edilir və yayılır (Bajarunas, 2025). 

Hər ölkə üzrə spesifik dezinformasiya və manipulyasiya tezisləri istehsal edilməklə birlikdə Rusiyanın Baltikyanı ölkələri əhatə edən ümumi propaqanda narrativləri bütün dünyada tətbiq etdiyi beş əsas  şablonun  elementlərini daşıyır. Bunlar  elitalar xalqa qarşı (The elites vs the people), təhdid olunan dəyərlər (Threatened values), itirilmiş suverenlik və təhdid altında olan milli kimlik,  yaxınlaşan süqut (İmminent collapse)  və Hahaqanda (The Hahaganda) narrativləridir (KHAR Center, 2025). 

Ukrayna narrativi

“Ukrayna paketi”  xüsusilə 2022-ci ildən sonra bütün dünyada olduğu kimi, Baltik ölkələrində də ən işlək Rusiya narrativləri arasındadır.  Rusiyanın Ukrayna torpaqlarına təcavüzünün Qərbin-NATO-nun proksi müharibəsi olduğu, eskalasiyasnın səbəbkarının Qərb olması, Rusiyanın “məcburi cavab” verdiyi haqda iddialar narrativin dəyişməz sütununu təşkil edir. 

Ukrayna ilə bağlı dezinformasiyanın ən yüksək səviyyəsi Litvada qeydə alınıb.  Bu çərçivədə dezinformasiya və manipulyasiyalar Rusiyanın “uğurlarını” şişirtməyə, yerli hakimiyyətləri nüfuzdan salmağa, Baltik ölkələri sakinlərini qorxutmağa yönəlib.  İddialarda  ukraynalılar “nasist” kimi damğalanır, Ukraynaya dəstəyin Baltiklərə qarşı Rusiya aqressiyasını “təhrik edə biləcəyi” irəli sürülür. Həmçinin Ukrayna Prezidenti Volodimir Zelenskinin guya narkotik istifadə etməsi barədə saxta hekayələr  dövriyyəyə buraxılaraq gözdən salma kampaniyası aparılır (BECİD, 2025). 

Qaçqınlar narrativi

Ukraynalı qaçqınlar mövzusu  da bu paketin mühüm bir elementi kimi davamlı olaraq Kreml dezinformasiyalarının mərkəzində saxlanılır.  Qaçqınlar “imtiyazlı təbəqə”, “xalqın rifahı pisləşərkən ölkənin resurslarından faydalanan”,  “təhlükə mənbəyi” kimi  göstərilir, bütün bu iddialar iqtisadi problemlər və narazılıqla birləşdirilir və  cəmiyyətdə “yerli və gəlmə” qarşıdurması yaradılması üçün səy göstərilir. Araşdırma mərkəzləri uzun müddət Kremlin ən mühüm troll fabriklərindən biri olan SDA-nın (Sosial Dizayn Agentliyinin) Baltik ölkələrində rusdillilərin ukraynalı miqrantlara qarşı qızışdırılmasına dair planlarının olduğu haqda sənədləri iki il əvvəl ortaya çıxarıb. Xüsusilə Latviyanı əhatə edən bu plana görə, Rusiya propaqanda strateqləri 2022-ci ilin sonlarından etibarən ukraynalı qaçqınlara nifrəti qızışdırmağa üstünlük veriblər. Plan ukraynalı qaçqınların daha az qazanan yerli ruslardan yaxşı yaşadığı narrativini yaymaq üçün sosial media mesajları, şikayət kampaniyaları, siyasi partiyalara təsiretmə kimi addımlar nəzərdə tutub. Araşdırmalar göstərir ki, planın birinci və ikinci hissələri həyata keçirilib - bunun üçün populyar yerli media orqanlarını təqlid edən veb səhifələri yaradılıb, saxta xəbərlər yayılıb,  bunlar guya legitim bir xəbər orqanının materialı kimi sosial mediada çoxaldılıb (EDMO, 2024).  

NATO narrativi 

NATO-ya etimadsızlıq mühitinin formalaşdırılması Rusiyanın Baltik ölkələrindəki ən böyük narrativ paketlərindən birini təşkil edir.  Buraya daha çox Baltik ölkələrinin (həm də Polşanın) NATO-nun 5-ci maddə təminatına güvənmədikləri, bunun üçün əlavə təhlükəsizlik təminatı tələb etdikləri haqda iddialar, Rusiya və Baltikyanı ölkələr arasında baş verəcək potensial qarşıdurmada NATO-nun bu regionu satacağına, Latviya, Litva və Estoniyanın təkbaşına qalacağı haqda “analizlər”  daxildir (EUvsDisinfo, 2021). Ümumilikdə bu narrativin əsasını Rusiyanın yeganə suveren ölkə olması və yalnız Rusiyanın müttəfiqlərinə həqiqi müstəqillik təmin edə biləcəyi iddiası təşkil edir və bu iddiaya görə, Baltik ölkələri də Ukrayna kimi “xarici ağalar tərəfindən idarə edilir” (SCEEUS, 2022).

Bu “paket”lə birlikdə “satılan” digər bir narrativ xəttində Baltik ölkələri “müharibə qızışdıranlar” və “Kollektiv Qərb”in rusofob “forpostları” kimi təsvir edilir. İddia olunur ki, bu ölkələrin hökumətləri bütün pulları Ukraynaya yönəltdiyi, “öz vətəndaşlarının maraqlarını” isə nəzərə almadığı üçün iqtisadi və sosial kollapsla üz-üzədir (Praks, 2024).  Buraya həmçinin Aİ siyasətinin xalqın rifah səviyyəsinə mane olduğuna, bahalaşmanı artırdığına dair tezislər də daxildir. Bu narrativlər daha çox enerji-iqtisadiyyat kontekstində Rusiyaya qarşı Aİ həmrəyliyini bölməyə yönəlib.  Son illərdə bu istiqamətdəki dezinformasiyaların  çoxu LNG kimi alternativ enerji mənbələrinə olan etimadı zəiflətməyi hədəfləyir. Hər üç Baltik ölkəsinin keçən il Rusiyanın sovet dövründən qalma elektrik şəbəkəsindən (BRELL-Belarus-Rusiya-Estoniya-Latviya-Litva)  ayrılması ilə bu dezinformasiyaların dozası daha da artıb.  Litva prezidentinin “Əlvida Rusiya, əlvida Lenin” deyərək elan etdiyi və Baltik ölkələri üçün  ikinci müstəqillik kimi dəyərləndirilən bu qərar Rusya propaqandasının kütləvi hücumları ilə müşayiət olunub.  Kreml propaqandası bunu “enerji fəlakəti”, “qaranlıq və xaos” kimi dəyərləndirib, planlı elektrik kəsilmələrini bu qərarın təsiri kimi təqdim etməyə çalışıb (Kazlauskas, 2025). 

 Litva, Latviya və Estoniyada xüsusilə  seçki dövrlərində populyar olan manipulyativ tezsislər arasında Aİ-nin hamını dərhal elektrikli avtomobil sürməyə məcbur edəcəyi, köhnə maşınların təmirinin dayandırılacağı, evlərin odunla isidilməsinin qadağan olunacağı kimi ən müxtəlif məişət tipli iddialar da yer alır (Re:Baltica, 2024a).

Tarix və işğal narrativi

Digər bir narrativ paketi tarix-işğal diskursu üzərində cəmlənib. Bu, xüsusilə Baltikyanı üç respublikaya xas olan ayrı bir istiqamətdir.  Rusiya Baltik dövlətlərini dəfələrlə İkinci Dünya müharibəsinin tarixini sistemli şəkildə təhrif etməkdə, nasist əməkdaşlarını qəhrəmanlaşdırmaqda və rusdilliləri təqib etməkdə ittiham edib. Rusiya Xarici İşlər Nazirliyi bu ittihamların beynəlxalq institutlarda yayılmasında əsas rol oynayır. Nazirlik açıq bəyanatlar və diplomatik kanallar vasitəsilə Baltik dövlətlərinin guya rusofob siyasətlərini ön plana çıxarmağa çalışır. Rusiya bu ittihamlardan Baltik dövlətlərinə təzyiq göstərmək məqsədilə istifadə edir və  bununla öz aqressiv xarici siyasətini və geosiyasi maraqlarını əsaslandırmağa çalışır (VSD, fevral 2026)

Bu paketə aşağıdakı tezislər daxildir: Baltik ölkələrinin Sovet İtitfaqı tərəfindən işğalı faktının inkarı,  Rusiya və Belarusun SSRİ tərəfindən işğal olunmuş xalqlara (latışlar daxil) İkinci Dünya müharibəsindəki nasist cinayətlərinə görə əsassız şəkildə məsuliyyət yükləmək cəhdləri, Baltik ölkələrində sovet ordusunu və SSRİ rejimini tərənnüm edən abidələrin sökülməsi səylərinin “nasizmin yenidən dirçəlməsinin sübutu” kimi təqdimatı,  İkinci Dünya müharibəsindəki “qələbə” mifinin ideoloji sütun kimi işlənməsi və “indi də nasizmə qarşı mübarizə” çərçivəsi kimi göstərilməsi, “Baltikyanı ölkələrdə rusofobiya artır,  bu faşizmin canlanmasıdır, həmvətənlərə təhlükə var” iddiası, tarixi anma günləri ərəfələrində aqressiyanın artması,  “sovet dövrü” nostalgiyası və s… (VDD, fevral 2026).  

Elitalar xalqlara qarşı və təhdid altındakı dəyərlər narrativi 

Kremlin “elitalar xalqlara qarşı” narrativi Baltik ölkələrində seçki kampaniyaları ərəfələrində xüsusi ilə aktivləşən bir istiqamət kimi önə çıxır. Seçki saxtakarlıqları, korrupsiya və hökumətlərin əleyhinə dezinformasiyalarla demokratik proseslərə olan etimadın azaldılması hədəflənir. Eyni zamanda bu kampaniyalarda Latviya, Litva və Estoniya liderləri bacarıqsızlıqla, Qərbin kuklaları olmaqla ittiham edilir, koalisiyaların legitimliyi şübhə altına alınır (Balticdisinfo, 2024a). 

Rusiyanın bütövlükdə Avropadakı ən populyar və daimi dezinformasiya narrativlərindən olan “təhdid altındakı dəyərlər” paketi Baltik regionu üçün də xarakterikdir. Bu narrativin əsas xəttini Qərbin ənənəvi ailə dəyərlərinə qarşı çıxması, əxlaqi baxımdan çürüməsi  iddiası təşkil edir. Bu çərçivədə məktəblərdə uşaqlara seks öyrədiləcəyi, uşaqların gey olmağa təşviq ediləcəyi, azyaşlıların cinsiyyətinin valideynlərinin razılığı olmadan dəyişdiriləcəyi, İstanbul Konvensiyası kimi mexanizmlərin uşaqları ailədən qoparmaq üçün istifadə ediləcəyi haqda dezinformasiyalar yayılır (Re: Baltica, 2024 b) 

ƏSAS PROPAQANDA AKTORLARI 

Baltik ölkələrində Rusiya propaqanda mexanizmləri klassik sistemlə işləyir - rəsmi dövlət orqanları, dövlət propaqanda mediası, yerli proksilər, yumşaq güc, koordinasiyalı şəbəkələr və kiberhücum, sızma, sabotajdan sonra narrativ amplifikasiyası kimi köməkçi vasitələr…

Bu mexanizmlərin sıralaması hər ölkəyə görə dəyişməklə birlikdə hər üç ölkədə ən çox istifadə olunan məzmun istehsal etmə və çoxaltma mexanizmi “Telegram”dır. Rusiyanın “Pravfond” adlı qurumu 2024-cü ildə Baltik ölkələri haqqında propaqanda yaymaq məqsədilə bir “Telegram” kanal şəbəkəsinə 109 min avro qrant verib. Bu pullarla Telegramda rusca yayımlanan “Балтийский мост” ( Baltik Körpüsü ),  “Тени Прибалтики” ( Baltikyanının Kölgəsi ) və “Прибалтика без цензуры” ( Senzurasız Baltikyanı) kimi kanallar, eyni zamanda Latviya üçün “ Laimes lācis” , Litva üçün  “Vardan tos Lietuvos!”  və Estoniya üçün  “Vana Toomase teataja” adlı kanallar yaradılıb.

Bu kanallardan ən böyüyü olan “Балтийский мост” “YouTube” və “Rutube”da həftəlik proqramlar da yayır, proqramı isə Sputnik əməkdaşı hazırlayır. Ancaq son aylarda “Youtube” Kreml propaqanda kanallarının çoxunu bağlayıb (Re:Baltica, 2025). 

“Pravfond” Baltik dövlətlərindəki Kreml propaqanda əməkdaşlarına hüquqi yardım da göstərir. “Re Baltica”nın araşdırmasına görə, 2017-ci ildən bəri bu fond Litvada ən azı 15 kremlyönlü aktivistin hüquqi dəstəyi üçün 164 min avro köçürüb. 2023-cü ildə Aİ sanksiya siyahısına daxil edildikdən sonra belə “Pravfond”a 56 min avro üçün müraciət edilib. Jurnalist araşdırma təşkilatlarının “Pravfond”un daxili yazışmalarından və sənədlərindən əldə etdiyi bilgiyə görə,  Rusiyanın hibrid müharibəsinin bir aparatı olan bu qurum Avropa və xaricindəki ən az 40 ölkədə casusluq-propaqanda fəaliyyətlərini həyata keçirir.  Latviya Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Normunds Mezviets özünü “Pravfond” əməkdaşı kimi tanıdanların Rusiya kəşfiyyat orqanlarının əməkdaşları olduğunu bildirir (Re: Baltica, 2025). 

Rusiyanın bütün Baltik ölkələrini və hətta onların qonşularını da əhatə edən digər propaqanda mexanizmi isə “elmi tədqiqat” mərkəzləridir. 2020-ci ildən başlayaraq Kremlin rəsmi diskursunda Baltik dənizi regionu “Baltik–Skandinaviya makro-regionu” kimi təsvir olunur; bu etiketdən  həmin ərazidə tədqiqatçılar və siyasət formalaşdıranlarla əlaqələri yenidən qurmaq cəhdlərini gizlətmək üçün istifadə olunur. Bu siyasəti  Rusiya Prezident Administrasiyasının Sərhədyanı Əməkdaşlıq İdarəsi həyata keçirib, sözügedən idarə 2021-ci ildən bəri Kremlin Baltikyanı ölkələrə və Belarusa yönəlik siyasətini planlaşdırıb və əlaqələndirib. 2023-cü ildə BSM konsepsiyası Finlandiya, İsveç, Danimarka, Norveç, Almaniya və Polşanı da əhatə edəcək şəkildə genişləndirilib (Estonian Foreign İntelligence Service, 2026). 

Bu konsepsiya çərçivəsində “Baltik Platforması” kimi tanınan beynəlxalq müzakirə formatı yaradılıb; Kreml bu format vasitəsilə Baltikyanı ölkələrdə və Skandinaviya ölkələrində alimlərlə, siyasətçilərlə və yerli hakimiyyət nümayəndələri ilə əlaqələri yenidən dirçəltməyə çalışıb və bunu akademik əməkdaşlıq səyi kimi təqdim edib. Lakin Kremlin Baltik Platforması ilə bağlı cəhdləri böyük ölçüdə uğursuz olub (Estonian Foreign İntelligence Service, 2026).

Latviya

Rusiyanın rəsmi dövlət qurumunun propaqanda aktoru kimi ən aktiv olduğu Baltik ölkəsi Latviyadır (VDD, fevral 2026). Latviya Dövlət Təhlükəsizlik Xidmətinin (VDD) 2025-ci il üçün hesabatına görə, Rusiyanın Riqa səfirliyi bu ölkədəki soydaş təşkilatlar, aktivistlər, mədəni birliklər və əlaqəli şəxslər şəbəkəsi ilə birlikdə xüsusilə yaddaş siyasəti və propaqanda fəaliyyətlərində aktiv rol oynayır.  Bu rol daha çox “legitimləşdirmə” və koordinasiyadan ibarətdir.  

Məsələn, Viktors Quşinsin Rusiyanın “soydaş siyasəti”nin Latviyadakı əsas koordinatorlarından biri kimi uzun müddət Rusiya səfirliyi ilə yaxın əlaqələr saxladığı, bu təmasların 2025-ci ildə də davam etdiyi vurğulanır. Rusiya səfirliyinin gənclərə təsir xətti də ayrıca diqqət çəkir.  Buna görə, səfirlik Rusiya universitetlərində  təhsil üçün dövlət təqaüdlü yerləri reklam edir; müraciətlərin toplanması və seçimi isə “Rossotrudnichestvo” tərəfindən aparılır (VDD, fevral 2026). 

Bununla yanaşı, VDD yerli təsir aktorlarına Kreml dəstəyində azalma olduğunu, ancaq Moskvanın birbaşa təsir imkanlarının azalmasını daha çevik, rəqəmsal və dolayı propaqanda şəbəkələri ilə  kompensasiya etdiyini vurğulayır.  Rusiyanın ənənəvi təbliğat resurslarının fəaliyyəti Latviyada qadağan olsa da, onların məzmunları  “TikTok”, “Facebook”, “Instagram” və “YouTube” üzərindən yenidən paylaşılaraq auditoriyaya çatdırılır. Bundan başqa, “RİA Novosti” və “İzvestiya” kimi rus media resurslarının məzmunu “Telegram” vasitəsilə Latviyanın informasiya məkanına daşınır (VDD, fevral 2025). 

2025-ci ildə Rusiya Latviyada xüsusilə “Telegram”dan həm propaqanda məzmununun yayılması, həm də alternativ kremlyönlü kanal şəbəkəsinin qurulması üçün intensiv istifadə edib.  “Baltikdisinfo”nun monitorinqi də bunu təsdiqləyir - Latviyada izlənən əsas kremlyönlü “Telegram” hesabları  arasında Alekseys Rosļikovsun kanalı,  “Antifascists of Pribaltics”, “Sprats in Exile” və “Rossiya Segodnya”nın kanalı olan “Baltnews” göstərilir. Bu kanallar digər Baltik ölkələrində də aktivdir və 2025-ci ildə onların ən viral dövrü avqust ayı olub (Balticdisinfo, 2025a).

Rusiya Latviyadan qaçan kremlyönlü fiqurlardan da propaqandada sıx istifadə edir.  VDD bildirir ki, Rusiyaya və Belarusa qaçmış rus aktivistlər Latviyaya qarşı informasiya təsirində mühüm rol oynayıb, özlərini “siyasi təqib qurbanı” və “Baltik ekspertləri” kimi təqdim edərək rus və belarus təbliğat resurslarına müsahibələr veriblər.  Sergeys Vasilyevs, Alekseys Stefanovs, Ruslans Pankratovs, Andreys Mamikins, Romans Samuls və sonradan Minskə gedən bloger Dmitris Matayevs kimi şəxslərin adı bu kateqoriyada çəkilir.  VDD xüsusilə Stefanovsu “Sputnik”-”Rossiya Segodnya” ilə əlaqələndirir və Kreml media ekosistemində aktiv rolunu vurğulayır (VDD, fevral 2026).

Latviyanın konservativ-populist siyasi aktorları da Rusiyanın propaqanda ekosistemində xüsusi yer tutur.  Bu sırada “Stability” partiyası və onun lideri Alekseys Roslikovsun,  “Union of New Latvians” və onunla əlaqəli fiqurlar Qloriya Qrevcova və Rudolfs Bremanisin, “Latvia First” və Aynars Şleserin adları çəkilir.   (VDD,fevral 2026). 

Rusiya propaganda üçün “ekspert”, “akademik”, “soydaş siyasəti” şəbəkələri də qurub. “Institute of CIS Countries” kimi qurumların Baltik ölkələri ilə bağlı tədbirlər təşkil etdiyi, bu tədbirlərdə Rusiyaya qaçmış Baltik mənşəli kremlyönlü fiqurların iştirak etdiyi və onlardan Rusiyanın xarici siyasət narrativlərini legitimləşdirmək üçün istifadə olunduğu vurğulanır (VDD, fevral 2026).  

Litva

Latviyadan fərqli olaraq Litvada Rusiya səfirliyi aktiv propaqanda aktoru rolunda deyil, daha çox Moskvanın son illərdə yenidən qurmaq istədiyi casusluq şəbəkəsini, sabotaj əməliyyatlarını və onların təşkilatçılarını, propaqanda kanallarını gizlətmək üçün institusional örtük funksiyasını yerinə yetirir.  Litvaya qarşı narrativlərin yayılmasını Rusiyanın dövlət nəzarətindəki mediası, sosial şəbəkələr və rusiyayönlü saytlardan ibarət koordinasiyalı şəbəkə təmin edir. Yayımı gücləndirmək üçün botlar, troll şəbəkələri və hədəfli reklamdan istifadə edilir (VSD, fevral 2026) 

Əslində Litva (Latviya həmçinin) Kremlin rəsmi propaqanda orqanı RT-nin  fəaliyyətini Avropa İttifaqından iki il əvvəl - 2020-ci ildə qadağan edib (AP, 2020). 2022-ci ildə Rusiya Ukraynaya qarşı geniş miqyaslı hücum başladınca Litvada rusca yayımlanan daha 5  kanal - Belarus 24, NTV Mir, RTR Planeta, Rossiya 24, PBK ve TVCI da bağlanıb (LRT, 2022). Ancaq kanal qadağası məzmun qadağasını təmin edə bilməyib, Rusiya rəsmi propaqandası Litvaya sızmağa davam edir. 2024-cü ilin sonunda qadağan olunmuş “Sputnik” radiosunun  Kalininqraddan həyata keçirdiyi yayımlar Litvanın qərbindəki dinləyicilərə ötürülür. Litva Dövlət Radio və Televiziya Mərkəzi “Sputnik”in siqnalını kəsməyi bacarıb. Ancaq bu dəfə də “Sputnik” məzmunları “Telegram” kanalları vasitəsilə Litvaya daxil olub.  Digər tərəfdən daha sonra bu məsələyə görə məsuliyyəti Nəqliyyat Nazirliyindən təhvil alan Mədəniyyət Nazirliyi bildirib ki, büdcə azlığı “Sputnik”in yenidən yayımlanması ehtimalını gündəliyə gətirə bilər (LRT, 2025a). 

Eynilə Latviyada olduğu kimi, Litva Dövlət Təhlükəsizliyi Departamenti (VSD) və Müdafiə Nazirliyi yanında Müdafiə Kəşfiyyatı və Təhlükəsizlik Xidməti (AOTD) tərəfindən hazırlanan “2025-ci il üçün Milli Təhdid Qiymətləndirməsi” hesabatında da Rusiyanın propaqanda və dezinformasiya kampaniyaları üçün ən aktiv platforma kimi “Telegram”dan istifadə etdiyi qeyd olunur (KAM, 2025). “Pribaltika Antifaşistləri” (Antifascists of the Baltics) ilə yanaşı  Litva üçün ayrıca yaradılan  “Litva Antifaşistləri” (Antifascists of Lithuania), “Dream” (Mriya24) bu kanalların  ən populyar olanlarıdır (Baltikdisinfo, 2024b). 

Kremlin Litvadakı əsas “narrativ legitimləşdiriciləri”  yerli media propaqanda resursları olan 77.lt, bukimevieningi.lt, ekspertai.eu, laisvaslaikrastis.lt, minfa.lt kimi saytlardır.  Bu saytlar auditoriyanın diqqətini daha çox cəlb edən daxili gündəm mövzularını Rusiya narrativlərinə uyğun şəkildə işləyir və əsas funksiyaları “yerli mənbə” görüntüsü yaratmaqdır. Bunların arasında ən aktiv olan 2023-cü ilin aprelində yaradılmış 77.lt saytıdır. Bu platforma həm sosial şəbəkə, həm də xəbər portalı kimi fəaliyyət göstərir və “Celofanas” ləqəbi ilə tanınan litvalı kremlyönlü propaqandaçı Antanas Kandrotas tərəfindən idarə olunur. O, “Facebook”da da olduqca aktivdir (CRİ, 2024). Ümumiyyətlə, “Facebook” Litvada dezinformasiyanın yayılması üçün ikinci əsas platforma olaraq qalır (BECİD, 2025). 

Litvada TikTok-da dezinformasiya mənzərəsi daha yaxın zamanda formalaşıb; ən məşhur TikTok dezinformasiya hesablarının çoxu yalnız 2024-cü ildə platformada ciddi izləyici toplayıb. Bu isə onu göstərir ki, TikTok Litvada populyarlaşdıqca, yerli dezinformasiya aktorları da onu yalan narrativləri yaymaq üçün perspektivli kanal kimi görməyə başlayırlar (BECİD, 2025). 

Litvaya qarşı informasiya əməliyyatlarında yeni texnologiyalardan da getdikcə daha çox istifadə olunur. AI əsaslı manipulyasiya vasitələri – “deepfake” videolar, saxta profil və səhifələr, saxta domenlər və hədəfli reklam kampaniyaları – dezinformasiyanın yayılmasını daha sürətli və inandırıcı edib (Debunk, 2025). 

Litvada bəzi siyasi aktorlar və onların sosial media infrastrukturu Kreml narrativlərinin daxili siyasətə daşınmasında amplifikator rolunu oynayır. Bu aktorlar və onların idarə etdikləri bütün şirkətlər, redaktə etdikləri media qurumları, sosial şəbəkələrdəki qruplar, internet portalları və müxtəlif assosiasiyalar çox sıx əlaqələrlə bir-birinə bağlıdır. Müxtəlif araşdırmalar göstərir ki, Litvada Rusiyanın FIMI (xarici informasiya manipulyasiyası və müdaxilə) məzmununun əsas yayıcıları Rusiyaya casusluğa görə məhkum edilmiş və həbs cəzası almış keçmiş Litva siyasətçisi Algirdas Paleckis ətrafında toplaşır. Paleckis köhnə rusiyayönlü propaqandaçılardandır - 2010-cu illərdə 13 yanvar 1991-ci il sovet təcavüzünü inkar etdiyinə görə məhkum edilmişdi, onun “özümüzünkülər tərəfindən öldürülmə” narrativi bu günə qədər davam edir və Rusiya FIMI əməliyyatlarının mühüm alətlərindən biri olaraq qalır. Paleckis  həbsdə olduğu müddətdə belə  “Tarptautinis geros kaimynystės forumas” (“Beynəlxalq Yaxşı Qonşuluq Forumu”) adlı assosiasiya yaradıb (sonra Litva məhkəməsi ləğv edib). Həmin təşkilat Rusiya və Belarusla yaxın əlaqələrdə olub (CRİ, 2024).

Paleckis hazırda həbsdə olsa da, tərəfdarları onun “YouTube” kanalında və digər platformalarda aktiv şəkildə video paylaşmağa davam edirlər. Bu isə Litvada Kremllə əlaqəli aktorların üçüncü kateqoriyasını — əsasən onlayn fəaliyyət göstərən “arxa plan” aktorlarını — ortaya qoyur. Bu “arxa plan” aktorlarına nümunə olaraq özünü hüquqşünas kimi təqdim edən və Anti-Qərb, Anti-Aİ və Anti-NATO məzmunu yayan Jonas Kovalskis göstərilə bilər. O, həm şəxsi hesabları, həm də “Citizens” adlı qrupları idarə edir. Qrup Litva ilə yanaşı Estoniya və Qırğızıstandan da idarə olunur. Bu aktorlar çox aktivdir və müxtəlif platformalarda gündə bir neçə dəfə paylaşım edirlər. “Facebook” bəzi hesabları blokladıqdan sonra onların fəaliyyəti əsasən “Telegram” üzərinə keçib (CRİ, 2024)

Litvada Kremlin FIMI məzmununun ən fəal yayıcıları arasında “Teisingumo Aušra” (“Ədalətin Şəfəqi”) hərəkatı da var. Bu şəbəkədə əsas rolu Kazimieras Juraitis oynayır - o,  “PressJazz TV” internet kanalında çıxış edir, bir neçə “YouTube” kanalının idarəçisidir və əsas dezinformasiya yayıcılarından biri kimi tanınır.  Keçmiş deputat Audrius Nakas da “ekspertai.eu” media platformasını idarə edir və “PressJazz TV” ilə sıx əlaqəlidir. Paleckisin digər tərəfdarları arasında Kristoferis Voyşka və Eduardas Vaytkus da var (CRİ, 2024).

2024-cü ilin prezident seçkilərində namizəd olan və 104 minə yaxın seçicinin (2,64 faiz) səsini alan Eduardas Vaitkus kampaniya boyunca Kreml narrativlərini daxili gündəliyə çevirən əsas isim olub. Seçkilərdən sonra bir müddət yoxa çıxsa da, 2025-ci ildə Belarusa gedib ortaya çıxıb və Litva əleyhinə propaqandaya davam edib. Bundan sonra haqqında istintaq başlandığı bildirilib (NewEasternEurope, 2025). Vaitkusun daha əvvəl sədrlik etdiyi Litva Xalq Partiyası Litva təhlükəsizlik orqanlarının hesabatlarında təhlükə olaraq göstərilir, Litva prezidenti Gitanas Nauseda isə Vaitkusu beşinci kolonun ən mühüm nümayəndəsi adlandırır (LRT, 2025b). 

2024-cü il seçkilərinin digər kremlyönlü namizəd Remigijus Zemaitaitis də Litva siyasətində aktiv fəaliyyətə davam edir - o, hazırda Litva Seymində iqtidar koalisiyasının bir hissəsi olan “Nemuno Asura” Partiyasının lideridir. O, bir neçə sosial media qrupuna və vebsayta nəzarət edir, həmçinin “Liaudies žurnalistika” adlı “Telegram” səhifəsinin həmtəsisçisidir və burada Rusiyayönlü məzmun aktiv şəkildə paylaşılır. Zemaitaitis xüsusilə “Facebook” səhifəsində açıq və sistematik dezinformasiya kampaniyası aparır, Ukrayna və Qərb əleyhdarlığını davam etdirir. (NewEasternEurope, 2025).

Litva kəşfiyyatı qeyd edir ki, ölkədən qaçan, Belarus və Rusiyada gizlənən kremlyönlü aktorlardan  da Baltik dövlətlərinə qarşı propaganda kampaniyasında istifadə olunur. Bu sırada Belarusda gizlənən və rejimə bağlı “Belarus” radiosunda “Neighbours” proqramını aparan Edikas Jagelavičius və  Rusiyada gizlənən, Rusiya propaqandası məhsulu olan  “The History of Lithuania” kitabının müəlliflərindən Giedrius Grabauskasın adı xüsusi qeyd olunur. Eyni zamanda bildirilir ki,  bu kimi propaqandaçıların Rusiyaya və Belarusa qaçması 2022-ci ildən sonra bütün Baltik ölkələrində daha qabarıq tendensiyaya çevrilib.  Rusiya bu propaqandaçıları birləşdirmək üçün “Pribaltiyiskoye Zemlyachestvo - Vmeste”  adlı təşkilat yaradıb. Jagelavičius və Grabauskas da bu  hərəkatın toplantılarında iştirak edir (VSD, fevral 2026b).

Estoniya

Estoniya media savadlılığı baxımından kifayət qədər inkişaf etmiş sayılır. Media və onun ekosistemi haqqında 35 saatlıq modul milli kurikuluma daxil edilib və liseyin 11-ci sinfində eston dili dərsinin məcburi hissəsi kimi tədris olunur. Bununla belə, xüsusilə 2020-ci ildən sonra yerli dezinformasiya mühiti əhəmiyyətli dərəcədə genişlənib: həm istehsalçılar, həm də istehlakçılar baxımından (EuDisinfo, 2025).

2022-ci ilə qədər Estoniyada, xüsusilə də rusdilli kəsimdə Rusiyanın rəsmi propaqanda kanalları baş roldaydı. Hətta o dərəcədə ki, rəsmilər uzun müddət xalqı rusdilli əhalinin yaşadığı bölgələrdə  Estoniya kanallarının Rusiya kanalları ilə rəqabətdə uduzacağına və ayrıca bir rusca dövlət televiziyasının açılmasının vacibliyinə inandırmağa çalışırdılar. Uzun müddət davam edən diskussiyalardan sonra 2015-ci ildə Estoniyada Kremlin rəsmi propaqanda kanallarına əlavə olaraq rusca dövlət kanalı (ETV+) açıldı. Ancaq bu kanal rus azlığın ehtiyaclarına deyil, Rusiya propaqandasına xidmət etdi (ERR, 2025). 

2022-ci ildə Rusiya kanalları Estoniyada qadağan edildi, ancaq məzmunları potensial istehlakçıları üçün əlçatan olmağa davam etdi.

Rusiyanın Estoniyada hazırki əsas propaqanda mexanizmlərinin başında rusdilli sosial media məkanı gəlir.  Xüsusilə “Facebook”dakı böyük rusdilli qruplar, onların ətrafında formalaşan şərh mühiti və bu qruplarla əlaqəli alternativ səhifələr Kreml mesajlarının “yerli narazılıq”, “adi vətəndaş mövqeyi” və ya “rusdillilərin müdafiəsi” kimi təqdim olunması üçün əlverişli mühit yaradır.  “Русскоязычная Эстония” kimi böyük qruplar və “Новости Эстонии” kimi özünü neytral təqdim edən səhifələr həm narrativi yaradır, həm seçilmiş mövzuları gücləndirir, Estoniya əleyhinə atmosferi formalaşdırır və ruspərəst tezislərin dövriyyəsini asanlaşdırır (Propastop, 2025a). 

Estoniyada “Facebook”da istifadə olunan ən populyar dezinformasiya formatı asan paylaşıla bilən sadə postlardır. “Facebook” səhifələri olan dezinformasiya istehsalçıları demək olar ki, həmişə məzmunlarını öz saytlarından kopyalayıb yapışdırırlar.  Bunlar hamısı fərqli motivasiyalarla fəaliyyət göstərirlər, amma  dezinformasiya, Kreml narrativləri, Anti-NATO, antimeynstrim, Anti-Ukrayna və sui-qəsd nəzəriyyələri tipli məzmun xətti hamısında ortaqdır. 

Alternativ media kimi təqdim edilən və META platformalarında da aktiv olan əsas kremlyönlü kanallar arasında ən məşhuru Peeter Proosun “Vanglaplaneet” saytıdır. Sağlamlıq, geosiyasət, ətraf mühit və digər bu kimi mövzularda hökumət əleyhinə məzmunlar istehsal edən bu hesab  getdikcə daha çox Rusiya propaqanda narrativlərini təbliğ edir.  Hando Tönumaanın “Telegram” adlı portalı da bənzər xətdədir. Markus Jarvinin “Objektiv” adlı media portalı və onun “Facebook” səhifəsi  “pozulmuş Qərb dəyərləri” tezisini müdafiə edir və Rusiya propaqanda narrativlərini paylaşır.  Estoniya Mühafizəkar Partiyasının xəbər saytı olan “Uued Uudised”in məzmunları da Rusiya propaqanda narrativləri ilə sıx-sıx üst-üstə düşür. Nursipalu Müdafiə Təlim Sahəsinin genişləndirilməsinə və Estoniyada NATO varlığına etiraz məqsədilə yaradılan “Nursipalu kaitseks” də  Rusiya propaqanda narrativlərini və yanlış iddialar paylaşır. Moskvanın bütün narrativlərini, Rusiyanın Ukraynaya qarşı müharibəsini açıq şəkildə dəstəkləyən uzunmüddətli Kreml propaqanda əməkdaşları isə keçən il həbs edilən Oleq Besedin - o həm də  Estoniyadakı ən böyük rusdilli “Facebook” qrupu olan “Таллиннцы”nın sahibidir -,  yerli ruspərəst “Koos” partiyasının sözçüsü  Ülle Pukk və Kertu Luiskdir (BECİD, 2025).  

Kreml son aylarda propaganda  şəbəkəsindən istifadə edərək separatçı “Narva Xalq Respublikası” fikrini sosial mediada kütləvi şəkildə yaymağa başlayıb. “Telegram”, “VKontakte” və “TikTok”da "Нарвская Народная Республика" adı altında kanallar açılıb. "#ЖдёмРоссию. Новости самого прекрасного государства на Земле" (Rusiyanı gözləyirik. Dünyanın ən gözəl dövlətindən xəbərlər) devizi ilə açılan kanallar 2025-ci ildə yaradılıb, 2026-cı ilin fevralından isə aktivləşdirilib. İda Virumaa bölgəsinə “muxtariyyət” tələb edən bu səhifələrdə separatçı çağırışlar edilir. Mərkəzi infomasiya axınını sistematik şəkildə yeni məzmunlar paylaşan “Telegram” kanalı təmin edir, “VKontakte” və “TikTok” isə narrativləri yayma funksiyasını yerinə yetirir. Eyni zamanda anonim kommunikasiya təmin edən bir Telegram botu vasitəsilə xəbərləşmə həyata keçirilir (Propastop, 2025b). 

 “TikTok”un Estoniya seqmentində dezinformasiya üç əsas yolla dövriyyəyə buraxılır: orijinal videolar, mövcud viral məzmunun dəyişdirilmədən paylaşılması və ilkin dezinformasiyadan sitat gətirən və ya cavab verən “reframing” videolar vasitəsilə. Viral dezinformasiya və propaqanda videoları Estoniya “TikTok”unda geniş yayılıb; onlar çox vaxt zərərsiz səyahət və ya həyat tərzi məzmunu kimi maskalanır.  Eyni zamanda  Estoniya “TikTok”unda insanları “gələcək müharibə” ilə bağlı qorxutmağa yönəlmiş çox böyük həcmdə məzmun da var (BECİD, 2025). 

Estoniyada yerli siyasi proksi xətti ayrıca vacib bir propaqanda mexanizmidir. Uzun illər bu xəttin mərkəzində Estoniya Kommunist Partiyasının davamı olan Estoniya Birləşmiş Sol Partiyası (EÜVP ) dayanıb. Bu partiya  2022-ci ildə Rusiyanın Ukraynaya geniş miqyaslı hücumundan sonra Oleq İvanov və Aivo Petersonun rəhbərliyi ilə qurulan digər kemlyönlü qrup olan “Koos/Vmeste” ilə koalisiya yaradıb. 2023-cü ilin parlament seçkilərində “Koos” ilə birlikdə seçkiyə girən EÜVP 2,39 faiz səslə bariyeri keçə bilməyib, amma 2019-cu ildəki 0,1 faizə görə səslərini xeyli artırıb. Partiya İda-Viru bölgəsində 14,9 faiz səslə Mərkəz Partiyadan sonra ikinci olub, Tallindəki iki dairədə isə səslərini artırıb. Rusdillilərin yaşadığı bölgələrdən çox səs alan partiyanın bu nəticələri “Koos” namizədlərinin hesabına əldə edildiyi bildirilir (ERR, 2025). 

2023-cü ildə Moskvaya qaçan “Koos” liderlərindən Oleg Ivanov rusdillilərin guya siyasi hüquqlardan məhrum edildiyi, Estoniya dövlətinin “rusofob” olduğu və rus icmasına qarşı “insan hüquqları pozuntuları” baş verdiyi tezislərini sistemli şəkildə işlədir; o, hətta Moskvadakı Dünya Soydaşlar Konqresində Estoniya hökumətini “rusların hüquqlarını qorumaq” üçün “xalq cəbhəsi” yaratmaqla hədələyib (Balticdisinfo, 2024ç). 

2025-ci ilin dekabrında Harju məhkəməsi “Koos”un əsas simalarından biri olan Aivo Petersonu Estoniyanın müstəqilliyi və təhlükəsizliyinə qarşı yönəlmiş Rusiya təsir fəaliyyətlərinə yardım etməklə bağlı xəyanətdə təqsirli bilərək 14 il həbs cəzasına məhkum edib. Rusiyayönlü dairələr isə hökmü “siyasi təqib” və “rusofobiya”, Petersonu isə “susdurulan müxalif səs” kimi təqdim etməyə çalışıblar. Halbuki Peterson Rusiya propaqandasını  açıq şəkildə yayan ən mühüm fiqurlardan biri olub (Balticdisinfo, 2025b).

Eyni şəkildə 2024-cü ildə QRU ilə əməkdaşlığı ortaya çıxan və bu səbəbdən həbs olunan Tartu Universitetində beynəlxalq siyasət nəzəriyyələri professoru Vyaçeslav Morozov da Kreml propaqandası tərəfindən “qurban” kimi göstərilir (ERR, 2025).

Estoniyadakı daha bir kremlyönlü qrup 2023-cü ildə yaradılan Estoniya Xalq Partiyasıdır (ERE). Bu partiyaya “Koos”un keçmiş üzvləri, keçmiş Voru Bələdiyyə Məclis üzvü Kertu Luisk, biznesmen Harry Raudvere kimi şəxslər daxildir.  Estoniya parlamentində (Riygikogu) 10 deputatla təmsil olunan  Mühafizəkar Xalq Partiyası (Estonian Conservative People’s Party, EKRE) kremlyönlü partiya olmasa da, bəzi üzvlərinin Kreml ideologiyasının mühafizəkar tərəflərinə rəğbət bəslədiyinə və Kreml narrativlərini dəstəklədiyinə dair faktlar mövcuddur (ERR, 2025). 

Estoniyada propaqandada kilsə xətti də ayrıca rol oynayır.  Xüsusilə Moskva Patriarxatına bağlı Pravoslav Kilsəsi ilə bağlı hüquqi-siyasi mübahisə Kremlin son dövrdə həm daxili siyasətdə, həm də informasiya məkanında istifadə etdiyi həssas mövzuya çevrilib. 2025-ci ildə parlamentin kilsənin Moskva ilə əlaqələrinin kəsilməsinə yönələn qanun təşəbbüsünü yenidən gündəmə gətirməsi bu mövzunu daha da aktuallaşdırıb (Church Times, 2025). 

Estoniyada Rusiya səfirliyi Latviyadakı qədər açıq propaqanda koordinasiya mərkəzi rolunda deyil. Ancaq Estoniyanın 2025-ci ilin avqustunda Rusiyanın Tallinn səfirliyinin bir diplomatını sanksiyaların pozulması və dövlətə qarşı cinayətlərlə əlaqədar ölkədən çıxarması, Estoniya xarici işlər nazirinin Rusiya səfirliyinin daxili işlərə müdaxiləsini açıq şəkildə tənqid etməsi bu kanalın da Estoniyada propaqanda örtüyü rolunu davam etdirdiyini göstərir (Reuters, 2025). 

MÜQAVİMƏT AKTORLARI 

Baltik ölkələri Rusiya propaqandasını ən yaxşı “oxuyan” və buna qarşı müqavimət formalaşdıran dövlətlər arasındadır. Üç ölkədə də Rusiyanın müdaxilə əməliyyatlarına qarşı sistematik bir müqavimət var - həm dövlət təhlükəsizlik orqanları,  kəşfiyyat və əks-kəşfiyyat strukturları, strateji kommunikasiya qurumları, həm araşdırmaçı jurnalistika və fakt yoxlama mərkəzləri, həm media savadlılığı proqramları və təhsil sistemindəki müvafiq təşəbbüslər, həm vətəndaş cəmiyyəti institutları, həm də regional əməkdaşlıq təşəbbüsləri səviyyəsində.  

Riqadakı NATO Strateji Kommunikasiya Mükəmməllik Mərkəzi (NATO StratcomCOE),  Baltik Media Mükəmməlliyi Mərkəzi (Baltic Centre for Media Excellence, BCME), İnformasiya pozuntularına qarşı mübarizə üçün Baltik Əməkdaşlıq Mərkəzi (Baltic Engagement Centre for Combating Information Disorders, BECİD) kimi regional platformalar həm Rusiya propaqandasını izləmək, həm media və cəmiyyətin savadlılığını artırmaq istiqamətində ciddi səylər göstərir. Latviyada “Re-Baltica” və onun fakt-çeking qolu olan “Re-Check”, Litvada “Debunk”, Estoniyada “Propastor”, Estoniya İctimai Yayım Korporasiyası (Eesti Rahvusringhääling, ERR), Tartu Universiteti kimi institutlar Rusiya propaqandasına qarşı müqavimətin əsas mərkəzləri rolundadırlar. 

NƏTİCƏ 

Baltik dövlətlərində Rusiya propaqandası bir-biri ilə əlaqəli narrativlərlə hörülən, çox fərqli təsir kanalları və alətləri ilə strukturlaşmış, böyük geosiyası maraqlara xidmət edən sistemli müdaxilə mexanizmi kimi fəaliyyət göstərir. Bu mexanizmin əsas məqsədi cəmiyyətlərin dövlətə və liberal dəyərlərə inamını sarsıtmaq, mövcud narazılıqları və şübhələri böyüdərək sabitliyə təsir etmək,  Baltik dövlətlərinin Qərbə bağlı təhlükəsizlik və inkişaf yolunu şübhə altına almaq, rusdilli icmalardan istifadə yoluyla düşmənçiliyi qızışdırmaq və bundan müdaxilə narrativi yaratmaq üçün istifadə etməkdir. 

Kreml bütün dünyada olduğu kimi, Baltik ölkələrində də ümumi narrativlərlə yanaşı spesifik məqamlara xüsusi diqqət yetirir. Üç ölkədə də üst-üstə düşən  propaqanda narrativləri, kanallar və mexanizmlərlə yanaşı, hər ölkə üzrə ayrı fəaliyyət istiqamətləri və ya prioritet sıralaması mövcuddur. 

Hər üç ölkədə də “Telegram” mərkəzi  dezinformasiya və manipulyasiya məzmunlarının əsas amplifikasiya platforması kimi çıxış edir;  hər üç ölkədə  “rusofobiya”, “diskriminasiya”, “təhdid altındakı dəyərlər”, “Qərbin mənəvi çöküşü”, “NATO-nun etibarsızlığı”, “Ukraynaya dəstəyin zərəri” kimi narrativ paketləri işlək haldadır;  hər üç ölkədə yerli siyasi və ideoloji aktorlar, sürgündəki fiqurlar, alternativ media plaftormaları və və sosial media şəbəkələri Kremlin mesajlarını daxili siyasətə transformasiya edir.

Ancaq eyni zamanda hər ölkə üzrə ayrı narrativ və kanal sıralaması mövcuddur - Latviyada rəsmi dövlət kanalı - səfirlik açıq propaqanda aktoru rolundaykən Litvada və Estoniyada daha çox propaqanda fəaliyyətlərinin gizli örtüyü funksiyasını daşıyır, ya da Litvada daha çox yerli “alternativ” media kanalları propaqanda legitimləşdiricisi rolundaykən Estoniyada rusdilli icmanın “Facebook”-”Tiktok” şəbəkələşməsi əsas rolu daşıyır, yaxud Estoniya ilə Latviyada narrativ bazası “rusofobiya” üzərində qurularkən, Litvada daha çox müdafiə xərcləri, ukraynalı qaçqınlara imtiyazlar əsas manipulyasiya və dezinformasiya mövzusudur.   

Bütün hallarda Rusiya digər Avropa ölkələrində olduğu kimi, Baltik dövlətlərində də propaqandanı xaricdən gələn deyil,  “yerliləşdirilmiş” paketlərdə təqdim etməyə üstünlük verir və bunun üçün yerli aktorlardan,  emosiyalardan, əlavə olaraq da rusdilli icmalardan istifadə edir. 

Baltik ölkələri Rusiyanın manipulyasiya və dezinformasiya əməliyyatlarına sadəcə bir media təsir əməliyyatları kimi deyil, əsas təhlükəsizlik təhdidi kimi baxır və xüsusilə son illərdə bu istiqamətdə ciddi bir müqavimət formalaşıb. Bu, Kremlin işini xeyli çətinləşdirir, ancaq hətta Rusiyanı ən yaxşı tanıyan və ondan gələcək təhdidi ən yaxşı qavrayan bu regionda belə Moskvanın hələ də müttəfiqlər, kanallar tapması problemin miqyasının görünəndən daha böyük olduğunu göstərir. 



İSTİNADLAR

CREA (Centre for Research on Energy and Clean Air),  2023. October 2023 Monthly Analysis on Russian Fossil Fuel Exports and Sanctions. https://energyandcleanair.org/october-2023-monthly-analysis-on-russian-fossil-fuel-exports-and-sanctions/

Parks Henrik, 2024. Russia’s Hybrid Threat Tactics against the Baltic Sea Region: From Disinformation to Sabotage. https://www.hybridcoe.fi/wp-content/uploads/2024/05/20240530-Hybrid-CoE-Working-Paper-32-Russias-hybrid-threat-tactics-WEB.pdf

UNHCR, 2026. Ukraine Refugee Situation. https://data.unhcr.org/en/situations/ukraine

Bajarunas, Eıtvydas, 2025. Russia’s Hybrid Warfare Tactics Target the Baltics. https://jamestown.org/russias-hybrid-warfare-tactics-target-the-baltics/

KHAR Center, 2024. Rusiyanın antiqərb propaqandasının təsir alətləri: hörümçək toru. https://kharcenter.com/nesrler/rusiyanin-antiqerb-propaqandasinin-tesir-aletleri-horumcek-toru

BECID, 2025. Report on Disinformation on Social Media Platforms in Estonia, Latvia, and Lithuania. https://becid.ut.ee/wp-content/uploads/2025/06/T2.6-final.pdf

EDMO, 2024. “Confrontation with Russia Leads to Poverty”. How a Russian Troll Factory Planned to Turn Public Opinion in Latvia against Ukraine. https://edmo.eu/publications/confrontation-with-russia-leads-to-poverty-how-a-russian-troll-factory-planned-to-turn-public-opinion-in-latvia-against-ukraine/

SCEEUS, 2022. Narrating Disinformation: The Templates for Kremlin Lies. https://www.ui.se/forskning/centrum-for-osteuropastudier/sceeus-report/narrating-disinformation-the-templates-for-kremlin-lies/

Kazlauskas Justas, 2025. Goodbye, Lenin: The Baltics Disconnect from Soviet-era Power Grid. https://jamestown.org/goodbye-lenin-the-baltics-disconnect-from-soviet-era-power-grid/

Re:Baltica, 2024a. Old Cars, Immigrants and War – How EU-Related Misinformation Is Spread in the Baltics? https://en.rebaltica.lv/2024/06/old-cars-immigrants-and-war-onward-to-the-european-parliament-through-scaremongering-and-lies/

VSD (State Security Department of the Republic of Lithuania), fevral 2026. National Threat Assessment 2026. https://www.vsd.lt/eng

VDD (Latvian State Security Service), fevral 2026. Annual Report for 2025. https://vdd.gov.lv/uploads/materials/42/en/annual-report-2025.pdf

BalticDisinfo, 2024 a. LT-2024-04 CRI Disinformation Monitoring Monthly Report. https://balticdisinfo.eu/wp-content/uploads/2024/05/LT-2024-04CRI-Disinformation-monitoring_monthly-report.pdf

Re:Baltica, 2024b. Who Is Spreading LGBT+ Disinformation in the Baltics? https://en.rebaltica.lv/2024/01/who-is-spreading-lgbt-disinformation-in-the-baltics/

Re:Baltica, 2025. With Wit and Spice: How Moscow Uses Telegram to Target the Baltic Russians. https://en.rebaltica.lv/2025/06/with-wit-and-spice-how-moscow-uses-telegram-to-target-the-baltic-russians/

Estonian Foreign Intelligence Service, 2026. International Security and Estonia 2026. https://www.valisluureamet.ee/doc/raport/2026-en.pdf

BalticDisinfo, 2025a. Annual Media Monitoring Report 2025: Tracking and Fighting Disinformation and Influence Campaigns in the Baltic States. https://balticdisinfo.eu/wp-content/uploads/2025/12/2Annual-Media-Monitoring-Report-2025.pdf

Associated Press, 2020. Lithuania Bans Russian Television Channel RT, Follows Latvia. https://apnews.com/article/61721aecc040395404990006d24e97da

LRT, 2022. Lithuania Bans Russian, Belarusian TV Channels over War Incitement. https://www.lrt.lt/en/news-in-english/19/1626345/lithuania-bans-russian-belarusian-tv-channels-over-war-incitement

LRT, 2025a. Funding Shortfall Risks Ending Block on Sputnik Radio Broadcasts in Lithuania. https://www.lrt.lt/en/news-in-english/19/2759073/funding-shortfall-risks-ending-block-on-sputnik-radio-broadcasts-in-lithuania

KAM, 2025. NATIONAL THREAT ASSESSMENT https://kam.lt/wp-content/uploads/2025/03/2025-GR-ENG-02-21-El-be-uzraso_.pdf

Balticdisinfo, 2024b. Lithuania Monthly: Kremlin-Aligned Media Spins Kursk Operation to Stoke Anti-Western Sentiment. https://balticdisinfo.eu/lithuania-monthly-kremlin-aligned-media-spins-kursk-operation-to-stoke-anti-western-sentiment/

CRİ, 2024. KREMLIN INFORMATION MANIPULATION AND INTERFERENCE IN THE LUBLIN TRIANGLE (POLAND, UKRAINE, LITHUANIA), AND MOLDOVA. https://cri.lt/wp-content/uploads/2024/09/100624_Lublin-Triangle-Report_FINAL.pdf

Debunk.org, 2025. Bust-AD: Russian-Backed Deepfake of a Lithuanian 3 Plus News Reporter Appears on Facebook, Urging ‘Scam Victims’ to File for Money Reimbursement Claim under Interpol. https://www.debunk.org/bust-ad-russian-backed-deepfake-of-a-lithuanian-3-plus-news-reporter-appears-on-facebook-urging-s

New Eastern Europe, 2025. Disinformation in Lithuania’s Political Landscape. https://neweasterneurope.eu/2025/10/31/disinformation-in-lithuanias-political-landscape/

LRT, 2025 b. Behind Lithuania’s Pro-Russian Politician and Presidential Candidate. https://www.lrt.lt/en/news-in-english/19/2594746/behind-lithuania-s-pro-russian-politician-and-presidential-candidate

VSD, fevral 2026 b. Pro-Russian Individuals Contribute to the Implementation of Hostile States’ Goals in Lithuania. https://www.vsd.lt/en/reports/influence-activities-against-lithuania/pro-russian-individuals-contribute-to-the-implementation-of-hostile-states-goals-in-lithuania/

EU DisinfoLab, 2025. Disinformation Landscape in Estonia. https://www.disinfo.eu/wp-content/uploads/2025/03/20250110_Disinfo-landscape-in-Estonia-2.pdf

ERR, 2025. Overview: Russia’s Strategic Influence Activity in Estonia 2020–2025. https://news.err.ee/1609773849/overview-russia-s-strategic-influence-activity-in-estonia-2020-2025

Propastop, 2025a. Pavel Prokopenko: The Spread of Russian Propaganda in the Facebook Group “Русскоязычная Эстония”. https://www.propastop.org/en/2025/02/20/pavel-prokopenko-the-spread-of-russian-propaganda-in-the-facebook-group-%D1%80%D1%83%D1%81%D1%81%D0%BA%D0%BE%D1%8F%D0%B7%D1%8B%D1%87%D0%BD%D0%B0%D1%8F-%D1%8D%D1%81%D1%82%D0%BE%D0%BD%D0%B8%D1%8F/

Propastop, 2026b. Separatist “Narva People’s Republic” Idea Spreads on Social Media. https://www.propastop.org/en/2026/03/11/separatist-narva-peoples-republic-idea-spreads-on-social-media/

Balticdisinfo, 2024 ç.  Estonia Monthly: KOOS/Вместе Leader Exploits Russophobia Claims. https://balticdisinfo.eu/estonia-monthly-koos-%D0%B2%D0%BC%D0%B5%D1%81%D1%82%D0%B5-leader-exploits-russophobia-claims/

Balticdisinfo, 2025 b. Estonia Weekly: Treason Conviction in Estonia Cast as “Russophobia” by Pro-Kremlin Voices. https://balticdisinfo.eu/estonia-weekly-treason-conviction-in-estonia-cast-as-russophobia-by-pro-kremlin-voices/

Church Times, 2025. Estonian Parliament Resumes Efforts to Cut Ties between Church and Moscow Patriarchate. https://www.churchtimes.co.uk/articles/2025/27-june/news/world/estonian-s-parliament-resumes-efforts-to-cut-ties-between-church-and-moscow-patriarchate

Reuters, 2025. Estonia Expels Russian Diplomat over Sanctions Violations. https://www.reuters.com/world/europe/estonia-expels-russian-diplomat-over-sanctions-violations-2025-08-13/

Bell icon

Ən son yeniliklərdən xəbərdar olmaq üçün bülletenimizə abunə olun

Etibarlı e-poçt ünvanı təqdim edin