(Yazı Khar Centerin Azərbaycan avtoritarizmi araşdırmaları çərçivəsində hazırlanıb)
Müəllif:
✍️ Jurnalistika ixtisası üzrə bakalavr və magistratura dərəcələrinə yiyələnmiş gənc tədqiqatçı
Giriş
KİV-lər və sosial media ictimai rəyə əhəmiyyətli dərəcədə təsir göstərməkdədir. Siyasi aktorların və media qurumlarının hansı məsələləri ön plana çıxarması gündəm quruculuğu (agenda-building), bu prioritetlərin cəmiyyətin vacib hesab etdiyi mövzulara çevrilməsi və müəyyən prizmadan şərhi isə gündəm müəyyənləşdirmə (agenda-setting) və çərçivələmə (framing) nəzəriyyələri ilə izah olunur (McCombs and Shaw 1972; Scheufele and Tewksbury 2007). Avtoritar və hibrid rejimlərdə gündəm quruculuğu nəzəriyyəsinin tətbiqi media üzərindəki institusional və siyasi nəzarətin miqyası ilə birbaşa şərtlənir. Media sistemləri nəzəriyyəsində dövlətin informasiya məkanına ifrat müdaxiləsi, medianın müstəqil ictimai institut kimi fəaliyyətinin məhdudlaşdırılaraq siyasi hakimiyyətin birbaşa alətinə çevrilməsi yüksək "siyasi paralellik" və medianın instumentləşdirilməsi anlayışları ilə izah olunur (Hallin və Mancini, 2004). Pluralist və rəqabətli siyasi sistemlərdə müxtəlif media qurumları, siyasi partiyalar və vətəndaş cəmiyyəti təşkilatları ictimai gündəmin formalaşmasında aktiv paya malik olur. Medianın siyasiləşdiyi və dövlət tərəfindən inhisara alındığı qeyri-demokratik mühitdə ictimai diskurs üzərindəki rəqabət kəskin qeyri-bərabər müstəvidə cərəyan edir (Levitsky and Way 2010).
Müasir “informasiya avtokratiyaları” cəmiyyəti təkcə açıq zorakılıq və fiziki repressiyalarla deyil, həm də informasiya axınlarına nəzarət, nəzarət olunan səs-küy və ictimai diqqətin strateji yönləndirilməsi hesabına dayanıqlı qalır (Guriev and Treisman 2019). Avtoritar rejimlər öz siyasi maraqlarına uyğun mövzuları qabardaraq sistemli sosial-iqtisadi problemləri və uğursuzluqları ictimai diqqətdən kənarda saxlamağa çalışırlar. Bununla da məsələnin hansı səbəblər, dəyərlər, siyasi izahlar əsasında təqdim ediləcəyi formalaşdırılır. Məsələn, sosial narazılıq iqtisadi problemlərin nəticəsi kimi deyil, xarici müdaxilə kimi təqdim edildikdə problemin səbəbləri və məsuliyyət daşıyan aktorlar haqqında ictimai təsəvvür dəyişə bilər. Eyni zamanda, media auditoriyanın yaddaşındakı bəzi meyarları aktivləşdirərək (priming) hadisələrin məhz seçilmiş prizmadan qiymətləndirilməsinə zəmin hazırlayır (Scheufele and Tewksbury 2007).
Azərbaycan bu nəzəri yanaşmaların empirik baxımından araşdırılması üçün maraqlı və əhəmiyyətli nümunələrdəndir. Ölkədə media mühitinin sərt siyasi nəzarət altında saxlanması, jurnalistlərə qarşı tətbiq edilən təzyiqlər ictimai gündəmin formalaşdığı mühitə birbaşa təsir göstərir. Cənubi Qafqaz və postsovet ölkələrində rəqəmsal medianın siyasi təsirlərini araşdıran tədqiqatçılar Keti Pirz və Sara Kendzior Azərbaycan nümunəsini “şəbəkələşmiş avtoritarizm” konsepti çərçivəsində təhlil edib. Bu təhlildə də müəlliflər qeyd edir ki, Azərbaycan hakimiyyəti onlayn müqaviməti neytrallaşdırmaq və informasiya hegemonluğunu əldə saxlamaq üçün davamlı şəkildə ictimai rəyə müdaxilə edir (Pearce and Kendzior 2012). Onların təhlili göstərir ki, Azərbaycanda informasiya nəzarəti təkcə birbaşa senzura ilə məhdudlaşmır, həm də alternativ siyasi mövqelərin nüfuzdan salınması və ictimai rəyin yönləndirilməsi vasitəsilə həyata keçirilir. Bununla yanaşı, postsovet ölkələrində avtoritar rejimlərin legitimləşdirilməsini araşdıran Aram Terzyan Rusiya və Azərbaycan nümunəsində göstərir ki, daxili problemlərin xarici qüvvələrlə əlaqələndirilməsi və düşmən obrazlarının yaradılması güclü prezident hakimiyyətinin zəruriliyi haqda təsəvvürlərin möhkəçlənməsinə xidmət edir (Terzyan 2020). Həm də hakimiyyətin legitimliyini milli birlik və xarici düşmən diskursları vasitəsi ilə möhkəmləndirə bilir.
Bu nəzəri kontekstdə Azərbaycanda gündəm quruculuğunun passiv senzura ilə məhdudlaşmadığını, əksinə, böhran dövrlərində siyasi hesabatlılıqdan yayınmağa hesablanmış manipulyasiya mexanizmi və diqqəti yayındırma strategiyası kimi fəaliyyət göstərdiyini iddia edirəm. Tədqiqat dövlət nəzarətindəki media qurumlarının ictimai narazılıq və legitimlik defisiti anlarında hansı mövzuları qabartdığını, hansı bucaqdan şərh etdiyini, hansı assosiyaları canlandırdığını analiz edir. Bu çərçivədə məqalə konkret keyslər üzərindən 2 paralel manipulyativ vektorun tənqidinə fokuslanır:
- Milli təhlükəsizlik ritorikası ilə daxili problemlərin neytrallaşdırılması;
- Süni əxlaqi-məişət panikası vasitəsilə ictimai diqqətin depolitizasiyası.
Tədqiqatın məqsədi:
Bu tədqiqatın məqsədi gündəm müəyyənləşdirmə nəzəriyyəsi və onun üz tutduğu taktikalar əsasında Azərbaycanda medianın həssas siyasi, iqtisadi mövzuları necə çərçivələdiyini və alternativ gündəmləri arxa plana keçirmə mexanizmlərini təhlil etməkdir. Təklif olunan konseptual çərçivə avtoritar rejimlərdə informasiya axınının idarə olunmasını izah etməklə yanaşı, struktur senzuranın qeyri-aşkar, dolayı təzahür formalarını sistemləşdirir.
Bu yazı söz üzərində avtoritar nəzarəti təhlil edən dörd hissəli tədqiqat silsiləsinin növbəti məqaləsidir və nəşr tarixinə qədər formalaşmış empirik bazanı əhatə edir. Silsilənin birinci hissəsində ənənəvi informasiya məkanının maliyyə, institusional nəzarət və repressiya vasitəsilə necə formalaşdırıldığı araşdırılmışdı. İkinci məqalədə isə oxşar analitik çərçivənin rəqəmsal mühitdə necə işlədiyi və rəqəmsal avtoritarizmin struktur dinamikası təhlil edilib. Bu hissə hər iki məkanda rəsmi diskursun necə istehsal olunduğunu, tənqidi məsələlərin ictimai diqqətdən hansı üsullarla yayındırıldığını araşdırıb. Silsilənin yekun məqaləsində isə sistemli böhranlar dövründə səfərbər edilən hegemon informasiya strategiyaları konkret nümunələrlə empirik müstəvidə araşdıracam.
Tədqiqatın sualı:
Avtoritar sistemlər ictimai diqqəti idarə etmək, arzuolunmaz mövzuları susdurmaq və ictimai rəyi formalaşdırmaq üçün hansı institusional üsullardan istifadə edir? Azərbaycanın informasiya avtokratiyası şəraitində ənənəvi və rəqəmsal mediada bu mexanizmlər necə tətbiq edilir?
Tədqiqatın mənbələri:
Hökümətyönlü aparıcı mediaların məzmunları, ictimai-siyasi proqramları və arxiv materialları; media qurumlarının rəqəmsal platformalardakı paylaşımları və həssas dövrlərdə tirajlanan tabloid/məişət mövzularının yayılma dinamikası; Azərbaycan Respublikası Audiovizual Şurasının və Medianın İnkişafı Agentliyinin (MEDİA) rəsmi sənədləri; yerli və beynəlxalq təşkilatların media monitorinqləri; eləcə də gündəm müəyyənləşdirmə nəzəriyyəsi, postsovet məkanında və Azərbaycanda rəqəmsal avtoritarizm, şəbəkələşmiş nəzarət və ictimai diskursun formalaşdırılmasına dair beynəlxalq və regional akademik ədəbiyyat.
Metodoloji qeyd:
Yazı konseptual-analitik və müqayisəli keys təhlili xarakter daşıyır. Tədqiqat 2016–2026-cı illərdə siyasi repressiyaların, sosial-iqtisadi böhranların və təhlükəsizlik gərginliklərinin artdığı dövrləri əhatə edir. Monitorinq prosesində əsas dövlət və hökumətyönlü kanallar (AzTV, İTV, ARB, Real TV, Xəzər TV, ATV) və xəbər portalları (Azərtac, APA, Report, Trend, Qafqazinfo, Azernews) müstəqil media resursları (AzadlıqRadiosu, Meydan TV, JAMnews, Toplum TV, Turan İA) ilə paralel şəkildə izlənilmişdir. Təhlil edilən altı keys ictimai-siyasi gərginlik anları ilə üst-üstə düşməsi və iki media qütbü arasında kəskin çərçivələmə fərqi yaratması meyarı ilə seçilmişdir. Həmçinin redaksiya daxilindəki qeyri-rəsmi göstərişləri sənədləşdirmək məqsədilə dövlət və hökumətyönlü mediada çalışan mənbələrdən əldə edilmiş anonim məlumatlara istinad olunmuşdur. Kəmiyyət göstəricilərinin məhdudluğu səbəbindən məqalədəki analitik nəticələr qəti hökm kimi qiymətləndirilmir.
1. Gündəm nəzəriyyələrinin müqayisəli təhlili: əsas anlayışlar, formalaşma mexanizmləri və analitik alətlər
1.1. Gündəm quruculuğunun siyasi-nəzəri əsasları
Gündəm quruculuğu (agenda building) müəyyən məsələlərin media, ictimaiyyət və siyasi aktorların gündəmlərində necə yer aldığını, hansı aktorların nə cür təsir etdiyini, məsələlərin necə prioritet qazandığını araşdıran prosesdir. Bu prosesdə siyasi institutlar, hakimiyyət təmsilçiləri, media qrupları, ekspertlər iştirak edə bilər. Onların gündəmə təsiri mövcud siyasi quruluşdan, ictimaiyyətə çıxış imkanlarından, resurslardan asılı olaraq dəyişir (Cobb and Elder 1971; Cobb, Ross və Ross 1976; Lang and Lang 1983).
Gündəm quruculuğunun siyasi-nəzəri köklərini anlamaq üçün onun müasir kommunikasiya nəzəriyyəsi kimi formalaşmasından daha əvvələ nəzər salmaq lazımdır. Qədim yunan filosofu Aristotel e.ə. IV əsr klassik Afina dövrünə aid “Ritorika” əsərində yazırdı ki, siyasi mühitdə bir fikrin doğru olması təkbaşına bəs etmir, əsas məsələ insanları buna inandırmaqdır (Aristotle 1991). O qeyd edirdi ki, siyasi rəhbərlər xalqın qarşısında çıxış edərkən nəyin faydalı, nəyin zərərli olduğunu özləri seçir və insanların diqqətini məhz bu mövzulara yönəldirlər.
İqtisadi münasibətlər və siyasi hakimiyyət arasındakı qarşılıqlı təsirlər gündəm quruculuğunu daha geniş struktur kontekstdə anlamaq üçün tənqidi nəzəri zəmin formalaşdırır. Karl Marks və Fridrix Engels “Alman ideologiyası”əsərində göstərirlər ki, maddi istehsal vasitələrinə nəzarət edən sinif eyni zamanda zehni istehsal vasitələri üzərində də üstün mövqeyə malik olur və bu yolla öz maraqlarına uyğun baxışları cəmiyyətin hakim ideyasına çevirir (Marx and Engels 1970). Bu ideoloji üstünlük tezisi XX əsr politologiyasında Piter Baxrax və Morton Baratsın “hakimiyyətin iki üzü” konsepsiyası ilə institusional məzmun qazandı (Bachrach and Baratz 1962, 1963). Müəlliflər iddia etdilər ki, siyasi güc təkcə rəsmi qərarların qəbulunda deyil, həm də sistem üçün arzuolunmaz problemlərin ictimai müzakirəyə çıxarılmasının qarşısını almaqda, yəni qərarsızlıq yaratmaq (nondecision-making) və mövzuları gündəmdən kənarlaşdırmaqda təzahür edir.
Gündəm quruculuğunu siyasi iştirak və hakimiyyət münasibətləri müstəvisində sistemləşdirən Rocer Kobb və Çarlz Elder isə diqqəti bilavasitə qərar qəbulundan əvvəlki mərhələyə — hansı məsələlərin sistem gündəminə daxil ola bildiyinə, hansıların isə kənarda qaldığına yönəltdilər (Cobb və Elder, 1971; Cobb, Ross və Ross, 1976). Nəticə etibarilə, müəyyən problemlərin prioritetləşdirilərək ön plana çıxarılması ilə alternativ məsələlərin informasiya sahəsindən kənarlaşdırılması vahid siyasi tənzimləmə mexanizminin iki üzüdür (Denham, 2010).
Gündəm quruculuğunun müasir dönəmdə mahiyyətini anlamaq üçün həm də “gündəm” anlayışını dəqiqləşdirmək şərtdir. Gündəm müəyyən zaman kəsimində ictimaiyyət və media üçün əhəmiyyət daşıyan məsələlərin nisbi vacibliyinə görə sıralanmasıdır. Burada söhbət sadəcə hansı hadisələr haqqında xəbərlərin mövcud olmasından deyil, hansılarının digərləri ilə müqayisədə daha çox diqqət qazanmasından gedir (Rogers and Dearing 1988). Elmi tədqiqatlarda gündəm üç formada başa düşülür: media, ictimai və siyasi (Rogers and Dearing 1988). Media gündəmi mediada hansı məsələlərin diqqət qazandığını ifadə edir. İctimai gündəm insanların hansı problemləri vacib hesab etdiyini, siyasi gündəm isə siyasi institutların və qərarvericilərin hansı məsələləri müzakirə və qərarvermə predmetinə çevirdiyini izah edir. Bu gündəmlər arasında qarşılıqlı əlaqə mövcuddur. Lakin məsələnin mediada geniş işıqlandırılması onun ictimaiyyət tərəfindən eyni dərəcədə vacib qəbul ediləcəyinə və ya siyasi qərara çevriləcəyinə zəmanət vermir. Bu baxımdan gündəm quruculuğu həm də media qurumlarının bir-birinin gündəminə təsirini (intermedia agenda-building) ehtiva edir (Denham 2010). Bu yanaşma müxtəlif media vasitələrinin eyni mövzunu eyni vaxtda işıqlandırmasının təbii xəbər dəyərindən, yoxsa mərkəzləşdirilmiş siyasi koordinasiyadan qaynaqlandığını təhlil etməyə imkan verir. Bu qarşılıqlı təsirlər media gündəminin necə formalaşdığını anlamağa zəmin yaradır. Lakin müəyyən məsələlərin media gündəmində ön plana çıxması ilə onların ictimaiyyət tərəfindən nə dərəcədə vacib hesab edilməsi arasındakı əlaqə ayrıca nəzəri yanaşmanın - gündəm müəyyənləşdirmə nəzəriyyəsinin (agenda-setting theory) əsasını təşkil edir
1.2. Gündəm müəyyənləşdirmə nəzəriyyəsinin formalaşması və əsas müddəaları
Gündəm müəyyənləşdirmə (agenda-setting) medianın ictimai diqqəti necə idarə etdiyini izah edir. Bu yanaşmanın intellektual kökləri jurnalist və siyasi şərhçi Uolter Lipmanın 1922-ci ildə nəşr olunan “İctimai rəy” əsərinə gedib çıxır. Lippman göstərirdi ki, dünya çox böyük və mürəkkəb olduğu üçün insanlar baş verən hər şeyi öz gözləri ilə görə bilmirlər. Nəticədə cəmiyyət real dünya ilə birbaşa deyil, medianın təqdim etdiyi xəbərlər, seçilmiş görüntülər və yaratdığı «süni mühit» (pseudo-environment) vasitəsilə əlaqə saxlayır (Lippmann 1922). Nəzəriyyənin digər mühüm dayağı isə politoloq Bernard Koenin “Mətbuat və xarici siyasət” adlı araşdırmasıdır (Cohen 1963). Koen qeyd edirdi ki, qəzetlər insanlara nə düşünəcəklərini deyə bilməsə də, onların nə barədə düşünəcəyini çox dəqiq müəyyən edir. Yəni media hansı problemi ön plana çıxarırsa, cəmiyyət də məhz onu müzakirə etməyə başlayır. Tədqiqatçılar Maksvel Makkombs və Donald Şounun 1972-ci ildə dərc etdikləri “Çapel Hill” araşdırması gündəm müəyyənləşdirmə nəzəriyyəsinin inkişafında mühüm yer tutur. Tədqiqatçılar 1968-ci il ABŞ prezident seçkiləri zamanı medianın daha çox işıqlandırdığı mövzuları seçicilərin ən vacib hesab etdiyi məsələlərlə müqayisə etdilər. Onlar müəyyən etdilər ki, medianın diqqət ayırdığı məsələlərlə seçicilərin vacib saydığı məsələlər arasında güclü əlaqə var. Başqa sözlə, media hansı problemləri daha çox gündəmə gətirirdisə, seçicilər də həmin problemləri daha vacib hesab etməyə meyilli idilər.
Gündəm müəyyənləşdirmə nəzəriyyəsi medianın ictimai diqqətə təsirini üç əlaqəli səviyyədə araşdırır: məsələlərin, atributların və onlar arasındakı əlaqələrin nəzərəçarpanlığı (Guo, Vu and McCombs 2012). Birinci səviyyə hansı məsələlərin ictimai gündəmdə ön plana çıxdığını, ikinci səviyyə həmin məsələlərin hansı xüsusiyyətlərinin vurğulandığını, üçüncü səviyyə isə müxtəlif mövzu, aktor və anlayışların media məzmununda necə əlaqələndirildiyini öyrənir (Vu, Guo, and McCombs 2014).
Bu fərqləndirmə avtoritar rejimlərdə medianın ictimai diqqətə təsirini təhlil etmək üçün faydalı analitik çərçivə yaradır. Burada əsas məsələ təkcə hansı mövzuların mediada işıqlandırılması deyil, həm də hansı məsələlərin ictimai müzakirəyə çıxarılmaması, hansı mövzulara daha çox diqqət ayrılması və onların hansı məna çərçivəsində təqdim edilməsidir.
1.3. Gündəm formalaşmasının aşkar və gizli mexanizmləri
Gündəm quruculuğu prosesi media, ictimaiyyət və siyasi qərarvericilər arasındakı dinamik münasibətlər üzərində qurulur (Rogers and Dearing, 1988). Demokratik sistemlərdə bu üç komponent arasında qarşılıqlı təsir mövcud olur. Avtoritar hakimiyyətlərdə informasiya resursları və media üzərindəki qeyri-bərabər dövlət nəzarəti bu mexanizmlərin institusional xarakter almasına şərait yaradır. Bu çərçivədə fərqləndirilən başlıca mexanizmlərə aşağıdakılar daxildir:
Qapıçı (gatekeeping) - informasiya filtrlənməsidir. Bu anlayış hansı xəbərin ictimaiyyətə çatdırılacağını, hansının isə kənarda saxlanılacağını izah edir (Shoemaker və Vos 2009). Xəbər istehsalında jurnalistlər və redaktorlar hadisələrin aktuallığı, ictimai əhəmiyyəti, redaksiya siyasəti, mənbələrin əlçatanlığı əsasında seçim edirlər. Lakin siyasi təzyiq və nəzarətin güclü olduğu sistemlərdə bu seçimlərə hakimiyyətin maraqları da təsir edir.
Qeyri-qərarvermə (nondecision-making / qərarvermənin önlənməsi) – hakimiyyətin ona sərf etməyən məsələlər üzrə hər hansı qərar qəbul etmək məcburiyyətində qalmamaq üçün həmin mövzunu ictimai müzakirədən kənarda saxlamasıdır (Bachrach and Baratz 1962). Yəni problem gündəmə buraxılmır ki, onunla bağlı qərar verməyə də ehtiyac yaranmasın.
İnformasiya subsidiyaları - siyasi qurumların, dövlət orqanlarının və mütəşəkkil maraq qruplarının media üçün hazırladığı press-relizləri, rəsmi açıqlamaları, statistik hesabatları və hazır xəbər paketlərini ifadə edir (Gandy 1982; Turk və Franklin 1987). Hazır informasiya materialları redaksiyaların məlumat toplamaq və xəbər hazırlamaq xərclərini azalda bilər. Bu imkanlardan daha geniş istifadə edən siyasi və institusional aktorlar da öz mövzularını mediada daha geniş işıqlandıra bilər. Rəsmi açıqlamarın da mediada dərc edilməsi öz-özlüyündə manipulyasiya sayılmır, lakin avtoritar idarəetmələrin öz mövqeyini fərqli formada dəfələrlə tirajlaması buna sübutdur.
Rəsmi mənbələrə indekslənmə (indexing) - xəbərin rəsmi siyasi elita daxilindəki konsensus və ya debatlara uyğunlaşmasını izah edir (Bennett 1990). Əgər hakimiyyət nümayəndələri hər hansı məsələdə vahid mövqedən çıxış edirlərsə, alternativ səslər və tənqidlər avtomatik olaraq xəbər gündəmindən kənarda qalır. Bu sistemlərdə müxalifətin və müstəqil ekspertlərin xəbərlərə buraxılmaması medianın institusional olaraq yalnız vahid rəsmi diskursa köklənməsi ilə bağlıdır. Alternativ mövqelərə isə yalnız siyasi elita daxilində açıq ziddiyyət və mübahisə yarandıqda yer ayrılır, bu zaman da üstünlük daha güclü siyasi aktora verilir.
Gündəm qayçılama (agenda-cutting) - ictimai əhəmiyyətli mövzuların media gündəmindən necə yoxa çıxdığını, arxa plana keçirildiyini araşdırır (Colistra 2012). Burada məsələ rəsmi səviyyədə mövcud olsa belə, ictimai auditoriyanın diqqətindən yayındırılır, efir və ya xəbər həcmi məhdudlaşdırılır.
Gündəm inkarı (agenda denial) - müəyyən bir problemin siyasi qərarvericilər və hakim elita tərəfindən rəsmi müzakirəyə layiq məsələ kimi qəbul edilməməsi prosesini izah edir (Cobb and Ross 1997). Burada məqsəd legitimliyi rədd etməkdir. Yəni, söhbət problemin mediada olub-olmamasından getmir. Bu mexanizm problemin inkar edilməsi, əhəmiyyətsizləşdirilməsi, tələbi irəli sürən qrupların nüfuzdan salınması (məsələn, “xarici təsir” və ya “təxribat” damğası ilə) və qərarların qeyri-müəyyən müddətə təxirə salınması kimi taktikalar vasitəsilə həyata keçirilir.
Çərçivələmə (framing) - hadisənin müəyyən tərəflərinin seçilərək qabardılmasını və onun konkret səbəb, qiymətləndirmə və həll kontekstində təqdimatını ifadə edir (Entman 1993). Gündəm müəyyənləşdirmə ctimaiyyətin nə haqqında düşünəcəyini araşdırdığı halda, çərçivələmə auditoriyanın həmin məsələləri necə anlayıb şərh edəcəyinə təsir göstərən təqdimat mexanizmlərini təhlil edir (Scheufele and Tewksbury, 2007). Məsələn, media tədqiqatçıları Rozenas və Stukalın (2019) Rusiya dövlət televiziyası üzərində apardıqları araşdırma mənfi iqtisadi xəbərlərin xarici amillərlə, müsbət nəticələrin isə yerli siyasi rəhbərliyin fəaliyyəti ilə əlaqələndirilməsi buna nümunədir.
Diqqətyayındırma (diversion) - daxili böhranlar fonunda ictimai diqqətin alternativ mövzulara yönəldilməsi ehtimalını araşdırır. Politoloqlar Qari Kinq, Cennifer Pən və Marqaret Roberts (2017) Çin sosial mediasını araşdırarkən maraqlı bir fakt aşkar ediblər. Məlum olub ki, hökumətyönlü şərhçilərin əsas məqsədi tənqidlərə arqumentlərlə cavab vermək yox, müsbət və neytral paylaşımlarla insanların diqqətini mübahisəli mövzulardan yayındırmaqdır.
Bu yanaşma siyasi kommunikasiyada əsas məsələdən yayınmaq üçün kənar və emosional mövzuların gündəmə gətirilməsini ifadə edən “qırmızı siyənək” (red herring) taktikasına (Walton 2003; Macagno and Walton 2014) əsaslanır və müasir informasiya nəzarəti ədəbiyyatında “strateji diqqətyayındırma” (strategic distraction) modeli ilə birbaşa uzlaşır (King, Pan and Roberts 2017). Bu mexanizm əsas və sistemli böhranları ört-basdır etmək, ictimai müzakirəni çıxılmaz istiqamətə yönəltmək üçün ortaya atılan aldadıcı süjetləri, süni konfliktləri və yalançı hədəfləri ehtiva edir. Proses iki yolla idarə olunur:
Birincisi, içəridə narazılıq artan kimi gündəmə qəsdən xarici təhdidlər, casus şəbəkələri və müharibə xofu gətirilir. Məsələn, politoloqlar Əla Əl-Rəbabə və Liza Bleyts (2021) Suriya dövlət mediası timsalında göstərirlər ki, Əsəd rejimi itirdiyi daxili legitimliyi xarici təhdid və sui-qəsd iddialarını artırmaqla kompensasiya etməyə çalışırdı.
İkincisi, cəmiyyətə tabloid qalmaqallar və əxlaq mövzulu süni ajiotajlar ötürülür. Rejim sosial-iqtisadi narazılıqlara arqumentlərlə cavab vermək əvəzinə, insanların emosiyalarını ikinci dərəcəli, qeyri-siyasi mövzulara yönəldir; beləliklə, cəmiyyətin diqqətini tükəndirərək ictimai müzakirələri siyasətdən tamamilə uzaqlaşdırır.
Prayminq (priming) - xəbərlərdə davamlı işıqlandırılan mövzuların insanların siyasi rəhbərlərə qiymət verərkən hansı meyarları əsas götürməsinə təsirini izah edir. Siyasi psixologiya tədqiqatçıları Şanto İyenqar və Donald Kainder (1987) yazıblar ki, media xarici təhlükələri və milli təhlükəsizlik məsələlərini davamlı olaraq qabartdıqda, vətəndaşlar hökuməti qiymətləndirərkən iqtisadi vəziyyət və ya sosial problemləri deyil, məhz təhlükəsizliyi əsas meyar kimi qəbul etməyə başlayırlar. Gündəm müəyyənləşdirmə hansı mövzunun cəmiyyət üçün nə dərəcədə vacib olduğunu diqtə edir, prayminq isə həmin mövzuların siyasi liderləri mühakimə edərkən əsas ölçü meyarına çevrilməsinə səbəb olur.
İnformasiya əngəlləri / maneələri (information friction) - informasiyanı birbaşa və tam qadağan etmədən, ona çıxışı süni şəkildə çətinləşdirmək strategiyadır. Məsələn, hər hansı saytı bağlamırlar, amma səhifənin açılma sürətini o qədər zəiflədirlər ki, bir yazı 20-30 saniyəyə yüklənir. Sıravi istifadəçi internetin zəif olduğunu zənn edib səhifəni bağlayır və oxumaqdan vaz keçir. Bəzən hətta onlara xarici ölkələrdən giriş məhdudlaşdırılır. Yaxud da, büdcə xərcləri və ya rəsmi sənədlər qanunla "açıqdır", amma onları skan olunmuş, axtarışı işləməyən, min səhifəlik keyfiyyətsiz PDF formatında gizlədirlər ki, jurnalist və ya vətəndaş faktı tapana qədər yorulsun. Rəqəmsal senzura üzrə politoloq Marqaret Roberts (2018) Çin internet ekosistemini araşdırarkən göstərir ki, bu yanaşma rəqəmsal erada gündəm quruculuğu konsepsiyasına mühüm bir reallıq əlavə edir: bir məlumatın internetdə texniki baxımdan mövcud olması onun cəmiyyət üçün əlçatan olması demək deyil. Bununla da, avtoritar rejimlər sərt qadağalara əl atmadan da arzuolunmaz mövzunu ictimai diqqətdən kənarda saxlaya bilir.
Bu mexanizmlərin hamısı hər bir siyasi sistemdə eyni şəkildə və ya eyni intensivliklə işləmir. Onların əhəmiyyəti media mühitinin quruluşundan, siyasi rəqabətdən, informasiya resurslarının bölüşdürülməsindən, institusional çıxış imkanlarından asılı olaraq dəyişir.
Sadalanan mexanizmlərdən fərqli olaraq, özünüsenzura (self-censorship) informasiya gündəminə həmişə birbaşa müdaxilə nəticəsində yaranmır. Jurnalistlər və redaksiyalar siyasi təzyiq, sanksiya və ya iqtisadi itki qorxusu ilə bəzi mövzulardan yayına, yaxud xəbərin tonunu dəyişə bilirlər. Belə vəziyyətlərdə nəzarət birbaşa göstərişlərlə deyil, jurnalistlərin riskləri qabaqcadan hesablayıb özlərini senzura etməsi ilə formalaşır (Moon 2023).
1.4. Avtoritar rejimlərdə gündəm nəzarətinin siyasi məntiqi
Avtoritar siyasi sistemlərdə media gündəminə nəzarət hakimiyyətin informasiya siyasətinin mühüm tərkib hissəsidir. Bu nəzarətin məqsədi sadəcə dövlətin fikrini yaymaq və ya hakimiyyəti tərifləmək deyil. Əsas hədəf ictimaiyyətin nəyi müzakirə edəcəyini, hakimiyyəti hansı mövzular üzrə mühakimə edəcəyini və alternativ səslərin nə qədər eşidiləcəyini müəyyənləşdirməkdir. Demokratiyalarda da siyasətçi medianı öz lehinə yönəltməyə çalışır. Lakin orada müstəqil media, siyasi rəqabət və hesabatlılıq bu təsirin qarşısını alan sipər rolunu oynayır. Avtoritar rejimlərdə isə vəziyyət fərqlidir. Media üzərindəki maliyyə və hüquqi asılılıq, senzura və cəza qorxusu gündəmi tamamilə hakimiyyətin istədiyi kimi qurmağa imkan verir. Nəticədə informasiyaya nəzarət adi xəbər istehsalı deyil, birbaşa siyasi hökmranlıq alətinə çevrilir. Onu neo-marksist filosof və nəzəriyyəçi Antonio Qramşinin (1971) konseptuallaşdırdığı mədəni hegemonluq modelinə, yəni hakim elitanın maraqlarına ictimai razılıq qazandıran və mövcud siyasi-iqtisadi nizamı qoruyan mexanizmə çevirir. Qramşinin mədəni hegemoniya yanaşmasını müasir mediaya tətbiq etsəm, kütləvi informasiya vasitələri hakim elitanın siyasi gündəmini cəmiyyət üçün mübahisələndirilməz “təbii reallıq” (sağlam düşüncə) kimi qəbul etdirən başlıca ideoloji institut rolunu oynayır. Bu mexanizm sinfi və sosial ziddiyyətlərin ictimai təqdimatı baxımından da əhəmiyyətlidir. Gəlir və sərvət bərabərsizliyi, korrupsiya, əmək və sosial təminat kimi problemlər struktur səbəblərlə deyil, fərdlərin davranışı və ya əxlaqi seçimi səviyyəsində təqdim oluna bilər. Belə olduqda diqqət bu problemləri yaradan əsas amildən – institusional münasibətlərdən yayınır. Bu ideoloji çərçivə media mülkiyyətinin və reklam gəlirlərinin hakim elitaya bağlı inhisarçı qrupların əlində cəmləşməsi ilə tamamlanır (Herman and Chomsky 1988). Nəticədə informasiya məkanı birbaşa siyasi iqtidarın və hakim sinfin maraqlarına tabe etdirilir.
Avtoritar idarəetmədə daxili böhranlar və legitimlik defisiti dərinləşdikdə, gündəm nəzarəti iki paralel manipulyativ vektor üzərindən icra olunur:
Milli təhlükəsizlik və xarici təhdid diskursunun səfərbər edilməsi - Daxili sosial-iqtisadi problemlər, ictimai narazılıq və siyasi legitimlik böhranı avtoritar rejimlərdə xarici təhlükələr və geosiyasi qarşıdurmalar ətrafında qurulan informasiya gündəmi vasitəsilə arxa plana keçirilə bilər. Xarici təhdidlərin qabardılması ictimai diqqəti daxili problemlərdən yayındırmaqla yanaşı, milli birlik ritorikası ətrafında hökumətyönlü səfərbərliyə şərait yaradır və müxalif mövqeləri milli maraqlara zidd kimi təqdim etmək üçün ideoloji zəmin formalaşdırır (Chubb and Wang 2023).
Əxlaqi panikalar və məişət qalmaqalları vasitəsilə ictimai şüurun depolitizasiyası - Siyasi hesabatlılıq tələblərini sarsıtmağın əsas yollarından biri ictimai enerjini fərdlərin şəxsi həyatı, geyim tərzi, ailə münasibətləri və süni şəkildə qızışdırılan əxlaq müzakirələrinə yönəltməkdir. Bu cür süni "əxlaqi panikalar" (moral panics) cəmiyyətdəki sistemli problemləri fərdiləşdirir və ictimai qəzəbi rejimdən yayındıraraq marjinal qruplara qarşı yönəldir (Hall et al. 1978). Real sosial-iqtisadi tələblər məişət qalmaqalları ilə əvəzləndikdə, ictimai diskurs depolitizasiya olunur və vətəndaşların siyasi tələb səsləndirmə qabiliyyəti zəifləyir.
Politoloqlar Stiven Levitski və Lukan Vey “rəqabətli avtoritarizm” anlayışını irəli sürərək göstərirlər ki, bir sıra rejimlərdə seçkilər və media formal olaraq mövcud olsa da, hakimiyyət onları alətə çevirərək qeyri-bərabər oyun meydançası yaradır (Levitsky and Way 2002). Rejim bunlardan öz yaratdığı qeyri-bərabər oyun meydançasında idarəçiliyinə legitim don geyindirmək məqsədilə istifadə edir. Hibrid rejimlər üzrə tədqiqatçı Andreas Şedler avtokratların tətbiq etdiyi bu təzyiq və saxtakarlıq alətlərini 'manipulyasiya menyusu' adlandırır və medianın sıxışdırılmasını da bu siyahının mühüm tərkib hissəsi kimi göstərir (Schedler 2002).
Avtoritar şəraitdə gündəmin idarə olunması media mühitinin institusional quruluşu ilə birlikdə işləyən təsir mexanizmləri vasitəsilə baş verir və hakimiyyətin hesabatlılıqdan yayınmasına imkan yaradlr. Bu çərçivə növbəti bölmədə təhlükəsizlik və məişət-əxlaq mövzularının Azərbaycan mediasında sosial narazılıqları necə kölgədə qoya biləcəyini konkret nümunələrlə araşdırmağa imkan verir.
2. Azərbaycanda media gündəminin institusional çərçivəsi və rəsmi diskursun dominantlığı
2.1. Media gündəminin siyasi təşkili haqda sənədləşdirilmiş hallar: seçki rəqabəti, sosial-iqtisadi problemlər və redaksiya nəzarəti
Azərbaycanda media gündəminin formalaşmasını təhlil edərkən ənənəvi xəbər istehsalı yanaşmaları kifayət etmir, diqqəti yalnız yayımlanan xəbərlərin məzmununa yönəltmək düzgün deyil. Bu mənzərəni anlamaq üçün media ilə hakimiyyət arasındakı bağlara baxmaq kifayətdir. Ölkədə informasiya sahəsinə nəzarət ənənəvi və onlayn platformalarda fərqli görünsə də, bir-birini tamamlayır. Televiziyalar və aparıcı portallar rəsmi tezisləri cəmiyyətə ötürür, sosial şəbəkələrdə isə bu xətt qızışdırılaraq reaksiyalar yönləndirilir. Qəzet və televiziyaları maliyyə asılılığı və məcburi rəsmi mənbələrlə nəzarət altına alırlar. Rəqəmsal mühitdə isə saytları bloklayır, texniki müdaxilələr edir və qarayaxma kampaniyaları təşkil edirlər. Beləliklə, ənənəvi media məlumatın çərçivəsini təyin edir, rəqəmsal nəzarət isə onun yayılma sürətini, əhatəsini və alternativ mənbələrə çıxışını məhdudlaşdırır.
- Hüquqi tənzimləmə və informasiya istehsalının institusional sərhədləri
2022-ci ildə qəbul edilmiş “Media haqqında” Qanun Azərbaycanda media fəaliyyətinin hüquqi çərçivəsini müəyyənləşdirən əsas sənədlərdən biridir (Azərbaycan Respublikasının Milli Məclisi, 2022). Avropa Şurasının Venesiya Komissiyası və İnsan Hüquqları və Qanunun Aliliyi üzrə Baş Direktorluğunun birgə rəyində qanunun bir sıra müddəalarının ifadə və media azadlığına dair Avropa standartları ilə uyğunluğu şübhə altına alınıb. Rəydə qanunun mövcud formada tətbiqinin müstəqil jurnalistikanın fəaliyyətinə əlavə çəkindirici təsir göstərə biləcəyi qənaətinə gəlinib (Venice Commission and DGI 2022). Bu hüquqi çərçivənin gündəm quruculuğu baxımından əhəmiyyəti ondan ibarətdir ki, media subyektlərinin fəaliyyət imkanlarına dair qaydalar yalnız inzibati münasibətləri tənzimləmir. Onlar hansı qurumların davamlı informasiya istehsal edə bilməsinə də təsir göstərə bilər. Xüsusilə bu qanunun tətbiqi ilə formalaşan Media Reyestri informasiya sahəsində iştirakçılığı birbaşa inzibati nəzarətə tabe edir. Media Reyestrinə daxil edilmə tələbi dövlət qurumlarında jurnalistlərin akkreditasiyası imkanlarını da məhdudlaşdırır. Bu, reyestrdən kənarda qalan jurnalistlərin rəsmi tədbirlərdə iştirakını və informasiya əldə etməsini çətinləşdirərək onların ictimai gündəmin formalaşmasına təsir imkanlarını zəiflədir.
Redaksiyaların xəbər seçiminə təsir edən başqa bir mexanizm isə dövlət maliyyəsinin birbaşa müəyyən mövzularla əlaqələndirilməsidir. Bu təcrübə MEDİA-dan əvvəl fəaliyyət göstərən Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunda (KİVDF) da var idi. Məsələn, KİVDF-nin 2020-ci il müsabiqəsində qəzetlərə pul ayrılması 19 rəsmi mövzu üzrə layihə vermək şərtinə bağlı idi. Bu istiqamətlər sırasında Azərbaycanın dövlətçilik tarixinin, azərbaycançılıq ideyasının, milli adət-ənənələrin, vətənpərvərliyin, ictimai və dövlət maraqlarının müdafiəsinin təbliği xüsusi yer tuturdu. Müsabiqənin nəticələrində maliyyə qazanan qəzetlərin hansı istiqamətlər üzrə layihələr təqdim etdiyi də ayrıca göstərilirdi (Yeniçağ 2020).
KİVDF-in ləğvindən sonra yaradılan Medianın İnkişafı Agentliyi (Azərbaycan Respublikasının Prezidenti 2021) bu maliyyələşdirmə mexanizmini aradan qaldırmaq əvəzinə, onu daha detallı inzibati qaydalarla davam etdirdi. Agentliyin çap və onlayn media subyektlərinə maliyyə yardımı göstərilməsi qaydalarına əsasən, müsabiqə əsasında maliyyə dəstəyi alan qəzet və veb-saytlar vəsaiti yalnız öz redaksiya prioritetləri əsasında xəbər istehsalına deyil, həm də əvvəlcədən müəyyən edilmiş tematik tələblərin yerinə yetirilməsinə yönəltməlidirlər. Qaydaların 5.3-cü bəndinə görə, maliyyə yardımı alan qəzetlər hər nömrədə (həftədə ən azı bir dəfə) qanunvericilikdə müəyyən edilmiş 19 sahədən biri üzrə ən azı 500 sözdən ibarət məqalə dərc etməlidirlər (MEDİA 2022). Bu sahələrə dövlətçilik və azərbaycançılığın təbliği, “Böyük Qayıdış”, ictimai və dövlət maraqlarının qorunması, eləcə də 44 günlük Vətən müharibəsinə dair rəsmi mövqenin işıqlandırılması daxildir. Lakin bu istiqamətlərin qoyuluşu və praktikada icrası tənqidi və ya müstəqil təhlildən daha çox, mövcud siyasi xəttin legitimləşdirilməsinə, dövlət siyasətinin uğurlarının qabardılmasına və bütövlükdə hakimiyyətin fəaliyyətinin təşviqinə yönəlmiş bir diskurs formalaşdırırdı. Bu mexanizmin media gündəminə təsiri qaydaların 5.4-cü bəndində daha aydın görünür. Həmin bəndə əsasən, redaksiyalar hər növbəti ay əvvəlki aydan fərqli tematik sahə üzrə məqalə hazırlamalıdırlar. Bu mexanizm dövlət maliyyəsini klassik informasiya subsidiyasından çıxararaq redaksiyaların xəbər seçimi (gatekeeping) azadlığını məhdudlaşdırır və maliyyəni itirməmək üçün dərin bir özünüsenzura mühiti yaradır. Nəticədə, məcburi mövzuların davamlı olaraq gündəmə gətirilməsi və hər həftə yazılmasının tələb olunması hakimiyyətyönlü narrativlərin cəmiyyətdə qabardılmasını təmin edir.
- Seçki gündəmi və siyasi rəqabətin mediada görünürlüğü
Media gündəminin siyasi təşkilini ən aydın göstərən sahələrdən biri seçki dövrüdür. Çünki bu dövrdə siyasi aktorların görünürlüyü ölçüləbilən bir göstərici kimi müşahidə oluna bilir.
2008-ci il prezident seçkilərində əsas müxalifət qüvvələrinin boykot qərarı siyasi rəqabəti dondurmuş, qeydə alınmış digər namizədlər isə real alternativ formalaşdıra bilməmişdi. Bu siyasi passivlik mediada hakimiyyətin maraqlarına xidmət edən sərt süzgəclərlə daha da gücləndirilirdi. Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (IRFS) monitorinqi göstərir ki, dövlət televiziyası AzTV fəaliyyətdə olan dövlət başçısına - İlham Əliyevə 14 saat 38 dəqiqə efir ayırdığı halda, qalan bütün namizədlərin ümumi payı cəmi 49 saniyə ilə məhdudlaşmışdır (IRFS 2008 ). İctimai Televiziya müəyyən vizual fərqlilik yaratsa da, informasiya üstünlüyünün hakim elita lehinə formalaşması struktur olaraq dəyişməmişdir. “Sərhədsiz Reportyorlar” (RSF) təşkilatının hesabatı göstərir ki, seçki ərəfəsində AzTV-nin xəbər buraxılışlarının 50,86 faizi birbaşa prezidentin regional səfərləri, açılışlar və dövlət tədbirlərindən ibarət olmuş, digər namizədlərin platformaları isə xəbər gündəminə buraxılmamışdır (Reporters Without Borders 2008). Belə ki, burada informasiya süzgəci və gündəm kəsmə mexanizmləri alternativ namizədlərin siyasi mövqelərini görünməz edir. Prezidentin rəsmi fəaliyyətinin davamlı işıqlandırılması isə mövzu qabarıqlığı yaradaraq seçki gündəmini hakimiyyətin xeyrinə formalaşdırır.
2013-cü il prezident seçkilərində əsas müxalifət qüvvələrinin vahid namizədi Cəmil Həsənlinin iştirakı siyasi alternativin mediada görünürlüyü məsələsini yenidən gündəmə gətirdi. ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) monitorinqinə əsasən, izlənilən televiziya kanallarının əsas xəbər buraxılışlarında prezident İlham Əliyevə ümumi efir vaxtının 92 faizi ayrılıb, C. Həsənli daxil olmaqla digər doqquz namizədin ümumi payı cəmi 8 faiz təşkil edib (OSCE/ODIHR 2013). Televiziyalarda namizədlərin proqramlarını müzakirə etməyə və ictimaiyyətin tənqidi suallar ünvanlamasına şərait yaradan debatlar da təşkil olunmayıb. Bundan əlavə, həmin dövrdə tənqidçilərin və jurnalistlərin cinayət təqibi və fiziki təzyiqlərə məruz qalması redaksiyalarda dərin özünüsenzura mühiti formalaşdırdı (OSCE/ODIHR 2013).
Gündəm quruculuğu baxımından 2018-ci il seçkisi informasiya subsidiyası (information subsidies) və rəsmi mənbələrə indekslənmə (indexing) konsepsiyalarının bariz nümunəsidir: televiziya kanalları xəbər gündəmini müstəqil araşdırmalar və ya siyasi rəqabət üzərində deyil, dövlət institutlarının ötürdüyü rəsmi xəbər paketləri əsasında qurublar. Prezidentin dövlət başçısı kimi fəaliyyəti intensiv tirajlanaraq seçki kampaniyasını əvəzləmiş, alternativ siyasi tələblər isə tamamilə gündəm inkarına (agenda denial) məruz qalaraq ictimai informasiya dövriyyəsindən silinmişdir (OSCE/ODIHR 2018).
7 fevral 2024-cü il növbədənkənar prezident seçkiləri media gündəminin hakimiyyətin siyasi prioritetləri ətrafında formalaşdırılmasının nümunəsidir. ATƏT/DTİHB-nin yekun hesabatına əsasən, AzTV, ATV, Real TV və Xəzər TV prezident İlham Əliyevin fəaliyyətinə ümumilikdə altı saatdan artıq müsbət xəbər vaxtı ayırıb, digər namizədlərin işıqlandırılması isə nominal xarakter daşıyıb. Əslində, Azərbaycanın seçki praktikasında bu cür formal rəqabət görüntüsü yeni deyil; hələ 2005 və 2010-cu illərin parlament seçkilərində də zəif, qeyri-ciddi və ya hazırlıqsız namizədlərin efirə çıxarılması yolu ilə seçki institutunu ictimaiyyətin gözündə dəyərsizləşdirmək və seçici laqeydliyi yaratmaq taktikası tətbiq olunurdu (OSCE/ODIHR 2006; OSCE/ODIHR 2011; Schedler 2013). 2024-cü il prezident seçkilərində isə bu mexanizm digər namizədlərin nominal təmsilçiliyi və hakim namizədin siyasətini dəstəkləyən ritorikası fonunda davam etdirilib Oxşar mənzərə onlayn mediada da müşahidə olunub, APA, Azərtac, Qafqazinfo, Report və Trend prezidentin fəaliyyətini geniş və müsbət şəkildə işıqlandırıb (OSCE/ODIHR 2025). Hakimiyyət rəsmi səfərləri və görüşləri hazır xəbərlər şəklində davamlı olaraq təqdim etməklə mediada hər zaman ön planda olmasını təmin edib. Digər namizədlərə isə demək olar ki, yer ayrılmaması informasiya süzgəcinin və senzura mexanizmlərinin təsirini bir daha ortaya qoyur. ATƏT/DTİHB-nin 7 fevral 2024-cü il seçkiləri ilə bağlı yaydığı ilkin tapıntılar və nəticələr bəyanatına əsasən, 10 yanvar 2024-cü ildə altı ümumölkə televiziya kanalı eyni vaxtda dövlət başçısı ilə iki saat yarımlıq müsahibə yayımlayıb, müsahibədə əsasən xarici siyasət və ərazi bütövlüyünün bərpası məsələləri müzakirə olunub (OSCE/ODIHR 2024). Bu mövzuların seçki kampaniyasında daimi olaraq ön plana çəkilməsi prayminq mexanizmi baxımından mühüm rol oynayır. Medianın müəyyən məsələlərə üstünlük verməsi seçicilərin hakimiyyəti hansı meyarlarla qiymətləndirəcəyinə birbaşa təsir göstərir. Seçki ərəfəsindəki gərgin mühit və jurnalist həbsləri isə bu basqını daha da gücləndirirdi. Rəsmi qurumlar bu təqiblərin jurnalist fəaliyyəti ilə bağlı olmadığını iddia etsə də, hesabatda bu həbslərin media mühitində çəkindirici təsir (chilling effect) yaratdığı, özünüsenzuranı dərinləşdirdiyi və alternativ səslərin ictimai müzakirələrdə təmsilçiliyini ciddi formada məhdudlaşdırdığı vurğulanır (OSCE/ODIHR 2024).
Redaksiya gündəminin yönləndirilməsi və məhdudlaşdırılması
Azərbaycanda redaksiya gündəminə birbaşa müdaxilənin sənədləşdirilmiş ən aydın formalarından biri media subyektlərinə mütəmadi ötürülən qeyri-rəsmi təlimatlar və göstərişlərdir. Postsovet informasiya məkanında "temnik" kimi tanınan bu təcrübə redaksiyalara gündəlik xəbər istehsalında icbari siyasi istiqamət verir. Bu təcrübənin bariz nümunələrindən biri “Eurasianet” nəşrinin 20 dekabr 2021-ci il tarixli “Azərbaycanın hökumətyönlü mediası: Sadəcə əmrləri icra edənlər” başlıqlı araşdırmasında əksini tapıb. Nəşr yerli redaksiyalara göndərilən “WhatsApp” mesajlarını və onlara əlavə edilmiş “Tövsiyələr” adlı faylları əldə edərək məzmun təhlili aparıb (Eurasianet 2021).
İlham Əliyevin Müstəqil Dövlətlər Birliyinin videokonfrans formatında keçirilən sammitindəki çıxışından bir neçə saat sonra jurnalistlərə İran–Ermənistan münasibətləri, narkotik qaçaqmalçılığı və işğal olunmuş ərazilərin talan edilməsi ilə bağlı mövzular üzrə kampaniyanı genişləndirmək tövsiyə olunub.
Ardınca göndərilən digər mesajda İranın ali dini lideri Əli Xameneinin “şərəf və ləyaqətini” təhqir edən ifadələrdən və “Cənubi Azərbaycan” terminindən istifadə edilməməsi, eyni zamanda İranın Azərbaycana qarşı ittihamlarının əsassızlığını və üzr istəməli olduğunu əsaslandıran materialların hazırlanması istənilib.
“Eurasianet”in əldə etdiyi mesajlardan biri 2020-ci il müharibəsinin ildönümünün işıqlandırılması ilə bağlıdır. Araşdırmaya görə, 2021-ci il sentyabrın 20-də redaksiyalara materiallar hazırlamaq və ictimai müzakirələri tədricən intensivləşdirmək barədə mesaj göndərilmiş, əsas ifadələr kimi “qalib Azərbaycan xalqı” və “müzəffər Ali Baş Komandan” müəyyənləşdirilib. Digər mesajda isə noyabrın 1-dən 7-dək ağlayan insanların görüntüləri də daxil olmaqla kədərli məzmunun əhəmiyyətli dərəcədə azaldılması və diqqətin Zəfər Gününə yönəldilməsi tövsiyə olunub (Eurasianet 2021). Bu nümunə redaksiya gündəminə müdaxilənin yalnız hansı mövzuların işıqlandırılması ilə deyil, hadisənin hansı emosional və siyasi çərçivədə təqdim olunması ilə də bağlı olduğunu göstərir.
Araşdırmada 2021-ci il avqustun 26-da redaksiyalara birinci vitse-prezident Mehriban Əliyevanın doğum gününü geniş işıqlandırmaq barədə mesaj göndərildiyi də bildirilir. Mesajda bu işıqlandırmanın “süni görünməməsi” şərtinin qeyd olunduğu göstərilir (Eurasianet 2021).
Nəşrin araşdırmasında redaksiya gündəminin yönləndirilməsinin başqa bir forması 2021-ci ildə milli bayramların tarixlərinin dəyişdirilməsi təklifi ilə bağlı təqdim olunur. Oktyabrın 7-də redaksiyalara göndərildiyi bildirilən mesajda yeni təqvimin Azərbaycan Xalq Cümhuriyyəti ilə müasir Azərbaycan Respublikası arasındakı siyasi-hüquqi varisliyi daha aydın ifadə edəcəyi və Ermənistanın Qarabağın statusu ilə bağlı arqumentlərini təkzib edəcəyi əsaslandırılırdı (Eurasianet 2021).
Araşdırmanın diqqət çəkən tərəfi bu mətnin sonradan müxtəlif media qurumlarında fərqli şəxslərin mövqeyi kimi dərc edilməsidir. APA eyni mətni deputat Ziyafət Əsgərovun fikirləri kimi təqdim edib, Lent.az onu qismən Ziyafət Əsgərova, qismən tarixçi Boran Əzizə aid edib. Bir həftə sonra isə eyni mətn dövlətə məxsus “Səs” qəzetində deputat Ceyhun Məmmədovun, “Telegraf” xəbər saytında isə deputat Könül Nurullayevanın mövqeyi kimi yayımlanıb (Eurasianet 2021). “Eurasianet”in sənədləşdirdiyi rəsmi göstəriş sızmalarında 2021-ci ildə Füzuliyə birgə səfər zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səsləndirdiyi və yerli media üçün diplomatik baxımdan həssas sayılan “Turan yolu” zarafatının efirdən kəsilməsi, eləcə də İlham Əliyevin müsahibəsindəki «Pandora Papers» korrupsiya araşdırmasına dair hissənin qabardılmaması tələbi gündəm kəsmə (agenda-cutting) mexanizminin birbaşa nümunəsidir (Eurasianet 2021).
Eyni zamanda, 2023-cü ildə Fransaya qarşı aparılan dövlət dəstəkli media kampaniyası və Prezident Emmanuel Makronun bəyanatlarının kampaniya xəttinə uyğun olaraq yalnız quru rəsmi xəbər çərçivəsində təqdim edilməsi göstərir ki, media subyektləri xarici siyasət məsələlərində də vahid mərkəzdən yönləndirilən təbliğat mexanizminə uyğunlaşdırılır (Kucera, 2023).
- Cəmiyyət üçün həssas böhranların gündəmdən sıxışdırılıb çıxarılması
Mediaya nəzarət sadəcə tərif kampaniyaları aparmaq deyil, həm də real böhranları xəbər axınından təmizləməkdir. Məsələn, 2015-ci ilin dekabrında manatın kəskin devalvasiyasından dərhal sonra, 2016-cı ilin yanvarında regionlarda ərzaq bahalaşmasına və işsizliyə qarşı baş qaldıran sosial etirazlar rəsmi mediada, demək olar ki, işıqlandırılmadı. Bu aksiyalar barədə məlumatlar yalnız müstəqil saytlarda yer aldı. Baş Prokurorluq isə həmin platformaları “qərəzli və təxribat xarakterli yalan məlumatlar yaymaqda” ittiham edərək sosial narazılığı məqsədli şəkildə ictimai gündəmdən silməyə çalışdı (Freedom House, 2016).
2017-ci ilin mayında hərbçilərə qarşı kütləvi işgəncə və qətllərlə yadda qalan “Tərtər işi” dörd il ərzində rəsmi mediada demək olar ki, qadağan olunmuş mövzu idi. Dövlət qurumlarının irəli sürdüyü «casus şəbəkəsinin ifşası» versiyasından başqa efirə heç nə buraxılmadı. Yalnız 2021-ci ilin sonunda qurbanların ailələrinin etirazlarından sonra istintaq yenidən başladı (Human Rights Watch 2022). Aydın görünür ki, hakimiyyət birbaşa cavabdeh olduğu böhranları sadəcə danmaqla, yox saymaqla illərlə ictimaiyyətdən gizlədə bilir.
Rəqəmsal məkanda informasiya nəzarəti hələ 2017-ci ilin martında qəbul edilmiş qanunvericilik dəyişikliklərindən sonra sistemli xarakter almağa başladı. Belə ki, Baş Prokurorluğun tələbi və məhkəmə qərarları əsasında ölkənin aparıcı müstəqil və alternativ onlayn media resurslarının bir qismi ölkə daxilində bloklandı; bu mexanizm sonradan Avropa Şurasının hüquqi təhlilində ifadə azadlığına qeyri-mütənasib müdaxilə kimi qiymətləndirildi (Council of Europe 2017).
2020-ci ilin 44 günlük müharibəsi zamanı rabitənin məhdudlaşdırılması rəqəmsal senzura və informasiya maneələrinin (information friction) səciyyəvi nümunəsidir. Hərbi əməliyyatların ilk günündən (27 sentyabr) etibarən internet sürəti kəskin zəiflədildi (throttling). Həmçinin, əsas sosial şəbəkələrə giriş bloklandı və bu kütləvi qadağalar 46 gün davam etdi (NetBlocks 2020; Freedom House 2021). Paradoksal məqam odur ki, daxili auditoriya üçün platformalar bağlansa da, dövlət rəhbərliyi beynəlxalq ictimaiyyətə rəsmi hərbi bəyanatları çatdırmaq üçün "Twitter" platformasından intensiv istifadə etdi, yerli vətəndaşlar isə hətta bu rəsmi xəbərləri izləmək üçün VPN xidmətlərinə üz tutmağa məcbur qaldı (Freedom House 2021). Bu təcrübə böhran zamanı daxili informasiya axınının texniki vasitələrlə necə monopoliyaya alındığını göstərir.
2018-ci ilin iyulunda Mingəçevir İES-də baş vermiş sistemli qəza (ölkəboyu elektrik enerjisinin kəsilməsi) və Gəncə hadisələri zamanı tənqidi informasiya istehsalına tətbiq edilən hüquqi və inzibati sanksiyalar da böhran idarəçiliyinin mühüm halqasıdır. Hadisələri rəsmi xəttə uyğun olmayan tərzdə işıqlandıran müstəqil xəbər portalları (Bastainfo.com, Criminal.az və s.) dərhal bloklanmış, onların redaktorları barəsində cinayət işi açılaraq 2019-cu ilin əvvəlində 5 il 6 aylıq şərti cəzalar kəsilmişdir (Human Rights Watch, 2020). Bu təcrübə sübut edir ki, texnogen və ya ictimai-siyasi böhran anlarında dövlətin rəsmi versiyası ilə ziddiyyət təşkil edən alternativ xəbər axını uzunmüddətli hüquqi cəzalandırma təhdidi ilə boğulur.
COVID-19 pandemiyası dövründə informasiya məkanının rəsmi narrativlərə tabe etdirilməsi daha sərt hüquqi forma aldı. 2020-ci ilin martında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanuna internet məkanında “yalan məlumatların” yayılmasına görə məsuliyyəti artıran sərt dəyişikliklər qəbul edildi, redaksiyalara və jurnalistlərə yalnız Nazirlər Kabineti yanında Operativ Qərargahın bülletenlərinə istinad etmək tələbi qoyuldu (Reporters Without Borders 2020). Bu tədbirlər böhran anlarında informasiya istehsalının müstəsna olaraq dövlət mənbələrinə indeksləndiyini (indexing) göstərir.
2023-cü ildə Gədəbəyin Söyüdlü kəndində baş verən ekoloji etirazlar zamanı da çərçivələmə müşahidə olundu. Qızıl mədəninin tullantıları ilə bağlı ekoloji təhlükələr və yerli sakinlərin tələbləri müzakirə olunan bir vaxtda, hadisəyə paralel olaraq "xarici müdaxilə" və "təxribat" iddiaları irəli sürüldü. "Amnesty International" polisin etirazçılara güc tətbiq etməsini və jurnalistlərin işinə mane olmasını sənədləşdirib (Amnesty International 2024). Bu vəziyyətdə təhlükəsizlik arqumentlərinin əsas siyasi rolu ekoloji problemləri və dövlət qurumlarının məsuliyyətini araşdırmaq deyil, etirazların haqlı olmadığını göstərməkdən ibarətdir. Müstəqil jurnalistlər polis zorakılığını işıqlandırsa da, hökümətyönlü media qurumları gündəmi hakimiyyətin narrativi ilə doldurdu.
LGBTQİ+ mövzularının Azərbaycan mediasında təqdimatı gündəmin həm mövzu seçimi, həm də çərçivələndirmə vasitəsilə necə formalaşdırıldığını göstərir. “QueeRadar”ın Cənubi Qafqaz mediasını əhatə edən illik monitorinqinin Azərbaycan üzrə nəticələrinə əsasən, 2024-cü ildə ölkə mediasında təhlil edilmiş 691 materialın 85 faizi (585 məqalə) xarici hadisələrlə, yalnız 15 faizi (106 məqalə) yerli reallıqlarla bağlı olub. Təhlil olunan materialların 68 faizində ayrı-seçkilik yaradan, qərəzli və ya damğalayıcı leksikondan istifadə edildiyi halda, yalnız yeddi materialda (təxminən 1 faiz) mövzuya insan hüquqları və inklüzivlik prizmasından yanaşılıb (QueeRadar 2025). Mənim təhlilimə görə, bu təqdimatın iki nəticəsi var. Birincisi, LGBTQİ+ şəxslərin gündəlik həyatda üzləşdiyi problemlər ictimai gündəmin kənarında qalır. İkincisi, həmin şəxslər haqqında müzakirə onların hüquqları və sosial vəziyyəti ətrafında deyil, cəmiyyətə guya təsir göstərən xarici ideologiyalar ətrafında qurulur. Həmçinin, nifrət nitqi aşılanır.
Beynəlxalq insan hüquqları təşkilatlarının sənədləşdirdiyi kimi, 2023-cü ilin sonundan etibarən Abzas Media, 2024-cü ilin martından isə Toplum TV və ardınca Meydan TV əməkdaşlarına qarşı başlanan kütləvi cinayət təqibləri və həbs dalğası Azərbaycanda alternativ xəbər istehsalının institusional əsaslarını tamamilə zəiflətdi (Human Rights Watch, 2024, 2025; Amnesty International, 2025). Nəticədə ictimai əhəmiyyətli araşdırmalar cəmiyyətə çatdırılmamışdan əvvəl istehsal mərhələsindəcə bloklanır. Bu proses təkcə klassik senzura deyil, həm də dövlətin tənqidi xəbərləri ictimai dövriyyədən qabaqlayıcı qaydada silmək üçün tətbiq etdiyi gündəm kəsmə (agenda-cutting) mexanizmidir.
Lakin müstəqil medianın ölkədən sıxışdırılması onun fəaliyyətinin tamamilə dayanması demək deyil. Abzas Media, Meydan TV və digər müstəqil nəşrlər jurnalist fəaliyyətlərini mühacirətdə davam etdirərək Azərbaycanla bağlı araşdırmalar və gündəlik xəbərlər hazırlayırlar. Lakin redaksiyaların xaricdə fəaliyyət göstərməsi onların operativ məlumatlara çıxışını məhdudlaşdırır və xəbərin yoxlanılmasını çətinləşdirir. Digər tərəfdən, bu nəşrlərin ölkə içində televiziya və radio kimi yayım imkanları yoxdur. Nəticədə, rəqəmsal mediada yer alsalar da, ümumi ictimai gündəmə təsir imkanları məhdud olaraq qalır. İqtidarın müstəqil jurnalistləri xaricdən qanunsuz pul almaqda suçlaması isə əslində gündəmin inkar edilməsi üsuludur. Burada məqsəd real problemi müzakirə etmək deyil, həmin problemi dilə gətirənlərin legitimliyini şübhə altına almaqdır. Jurnalistlərin xarici qüvvələrlə və qanunsuz maliyyə ilə əlaqələndirilməsi onların hazırladığı materiallara kölgə salmağa, korrupsiya, idarəçilik və insan hüquqları kimi həssas mövzuları arxa plana keçirməyə xidmət edir. Nəticədə, problemin özü deyil, onu cəmiyyətə çatdıran medianın etibarlılığı müzakirə predmetinə çevrilir (Human Rights Watch 2025, 2026; Amnesty International 2025).
Azərbaycanda gündəm manipulyasiyasının analitik modeli və müəllif təhlili
Azərbaycanda media gündəminə nəzarət mexanizmləri göstərir ki, hakimiyyətin informasiya siyasəti təkcə senzura və xəbərlərin süzgəcdən keçirilməsi ilə bitmir. Burada əsas məqsəd cəmiyyətin düşüncə tərzini və kognitiv çərçivəsini formalaşdırmaqdır. Başqa sözlə, cəmiyyətə nəyi düşünmək lazım olduğu deyil, hadisələrə hansı bucaqdan baxmalı və siyasi məsuliyyəti kimin daşımalı olduğu təlqin edilir. Müxtəlif dövrlərdə dini fəaliyyət, ictimai etiraz, müharibə və milli təhlükəsizlik, eləcə də gender və kimlik məsələləri ətrafında yaranan hadisələr müqayisə edildikdə, hakimiyyətin ictimai məkanı tənzimləmək üçün təkrarən istifadə etdiyi bir sıra yanaşmalar görünür. Bu yanaşmaların ortaq xüsusiyyəti mübahisəli məsələlərin hüquq, vətəndaş azadlıqları və dövlətin məsuliyyəti kontekstindən çıxarılaraq təhlükəsizlik, ictimai qayda, milli maraq və ya dünyəvilik çərçivəsində təqdim edilməsidir. Bu mexanizmlərin Azərbaycanda necə işlədiyini müəyyənləşdirmək üçün müxtəlif dövrlərdə baş vermiş hadisələri və onların mediada təqdimatını müqayisəli şəkildə təhlil etmişəm. Hadisələr fərqli məzmun daşısa da, onların rəsmi diskursda və media materiallarında çərçivələndirilməsində təkrarlanan yanaşmalar müşahidə olunur. Aşağıdakı nümunələr həmin yanaşmaların konkret hadisələr və media təqdimatları üzərindən necə təzahür etdiyini göstərir.
Hicab mübahisəsinin mediada xarici müdaxilə diskursuna çevrilməsi:
2026-cı ilin sentyabrında məktəbli geyim qaydalarındakı dəyişikliklərlə başlayan hicab müzakirəsi çərçivələmə mexanizmi baxımından tipik bir avtoritar idarəetmə nümunəsidir. Hadisə ilkin mərhələdə şagirdlərin təhsil hüququ və dini azadlıq kimi daxili sosial-hüquqi müstəvidə müzakirə olunsa da, dövlət nəzarətindəki media vasitəsilə sürətlə milli təhlükəsizlik və xarici müdaxilə narrativinə keçirildi. Müstəqil media hadisəni fərd və insan haqları mərkəzli təqdim etdi (AzadlıqRadiosu 2026, Meydan TV 2026). Şagirdlərin məktəbə buraxılmaması, valideynlərin etirazı, müəllimlərin işsiz qalması və polisin müdaxiləsi birbaşa "hicab qadağası" ifadəsi ilə ictimailəşdirildi. Hökumətyönlü media problemi daxili idarəetmə qüsuru deyil, xarici ideoloji təxribat kimi çərçivələdi (Trend.az 2026, Apa.az 2026). "Qadağa" ifadəsi yerinə "vahid məktəbli forması" vurğulandı; valideynlərin şəxsi təcrübələri kənara qoyularaq əsas istinad kimi yalnız rəsmi mövqe əsas götürüldü. Məsələnin "xarici təhlükə" kimi qələmə verilməsi isə etirazların legitimliyini sarsıtmağa, ictimaiyyətin narazı tərəfə rəğbət bəsləməsinin qarşısını almağa və diqqəti idarəetmə qüsurlarından yayındırmağa yönəlmişdi.
Televiziya redaksiyalarından əldə etdiyim məlumata görə, aksiyaların ilk günlərində etirazların birbaşa İran amili ilə əlaqələndirilməsi, ümumillikdə, son 4–5 ayda isə televiziyalarda hicabla bağlı vizual görüntülərin efirə verilməməsi barədə redaksiyalara xüsusi göstərişlər göndərilib. Rəsmi sənəd olmadığı üçün bunları qəti fakt yox, mediaya pərdəarxası təzyiq və senzura cəhdləri barədə iddialar kimi görmək lazımdır.
Azərbaycan üzərindən İsrailə köçürülən pul iddiası
Jurnalist Metyu Koulun “Vanity Fair” jurnalında dərc olunan araşdırmasında BƏƏ və Səudiyyə Ərəbistanından yüz milyonlarla dolların Azərbaycan bankları vasitəsilə Dubaya, eləcə də Azərbaycan üzərindən ümumilikdə 700 milyon dollardan artıq vəsaitin İsraillə əlaqəli maliyyə zəncirinə köçürüldüyü iddia olunur. Kuşner və vəkilləri bu iddiaları rədd edirlər (Cole 2026). Müstəqil və hakimiyyətyönlü medianın xəbərə yanaşması kəskin fərqlənir: “JAMnews” (2026b) Azərbaycan banklarının mümkün vasitəçiliyini və İsrailə köçürmə iddialarını birbaşa başlığa daşısa da, daxili auditoriyaya hesablanmış əsas dövlət və hökumətyönlü agentliklər mövzuya ümumiyyətlə yer ayırmayaraq tam sükut (agenda-cutting) strategiyası seçdi. Mövzuya toxunan azsaylı yerli portallardan “Qafqazinfo” (2026) Azərbaycanın adını başlığa çıxarsa da, iddianı sual formasında təqdim edərək şübhə çərçivəsində yumşaltdı və mətni əsasən Kuşnerin Dubaydakı hesabları ətrafındakı xarici kontekstə yönəltdi. Xarici auditoriya üçün çalışan ingilisdilli “Azernews” (Poladova 2026) isə oxucunun diqqətini yalnız Kuşnerin Körfəz ölkələri ilə ümumi əlaqələrinə kilidləyərək həm Azərbaycan banklarının vasitəçilik zəncirini, həm də İsrailə pul köçürməsi iddialarını tamamilə kənarda saxladı. Bu mənzərə gündəmin idarə olunmasında üç klassik üsulu aydın göstərir: informasiyanı tamamilə kənarda saxlamaq (agenda-cutting), həssas məqamları sual və ya qlobal kontekst çərçivəsində neytrallaşdırmaq və hadisəyə fərqli siyasi don geyindirmək.
AZAL təyyarəsi qəzası və iki avtoritar dövlətin media idarəetməsi
2024-cü il dekabrın 25-də AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması sırf aviasiya faciəsi kimi qalmadı. Bu hadisə iki avtoritar dövlətin – Azərbaycan və Rusiyanın – medianı böhran menecmenti və siyasi məqsədlər üçün necə idarə etdiyini nümayiş etdirdi. Hadisənin ilkin günlərində Rusiya dövlət mediası qəzanı sırf naməlum texniki nasazlıqlar və hava şəraiti kontekstində təqdim edərək raket zərbəsi ehtimalını tamamilə gündəmdən kənarda saxlayırdı (TASS, 2024). Rəsmi siyasi mövqe elan olunmadığından Azərbaycanın İTV və digər iqtidaryönlü media orqanları da ilkin mərhələdə ehtiyatlı davranır, Moskvaya qarşı hər hansı ittiham irəli sürmürdü.
Yalnız dekabrın 29-da Prezident İlham Əliyev təyyarənin Rusiya HHM sistemləri ilə vurulduğunu və Moskvanın bu faktı gizlətməyə çalışdığını rəsmən bəyan etdikdən sonra (RFE/RL, 2024) yerli media məkanında kəskin dönüş baş verdi. İTV başda olmaqla dövlətə bağlı bütün media bir neçə saat ərzində əvvəlki ehtiyatlı tonu kənara qoyaraq, Moskvanı "faktları ört-basdır etməkdə" və "məsuliyyətdən qaçmaqda" ittiham edən aqressiv anti-Rusiya kampaniyasına başladı (RFE/RL, 2024; JAMnews, 2026a). Daxildəki ən sərt senzura təzyiqi ilə isə "Turan" İnformasiya Agentliyi üzləşdi. Agentlik həmin ərəfədə Prezident İlham Əliyevin təyyarəsinin də Rusiya səmasında GPS müdaxiləsinə məruz qaldığını və bu səbəbdən marşrutunu dəyişdiyini yazdı. Lakin rəsmi hərbi-diplomatik çərçivədən kənara çıxan bu məlumat dərhal bloklandı: agentlik inzibati təzyiq altında xəbəri silib təkzib yaymağa məcbur edildi, ardınca isə fəaliyyətini qeyri-müəyyən müddətə dayandırdığını açıqladı (JAMnews, 2026a). Bu hadisə sübut edir ki, böhran anlarında informasiya yalnız vahid mərkəzə indekslənir (indexing), rəsmi narrativlə uzlaşmayan müstəqil faktlar isə hətta dövlət maraqlarına zidd olmasa belə inzibati qadağalarla sıradan çıxarılır.
Bahalaşma və yoxsulluğun yumşaq ifadələrlə təqdim edilməsi
Azərbaycanda qiymət artımları və yoxsulluq mediada çox vaxt birbaşa öz adı ilə təqdim edilmir. Bahalaşma «qiymətlərin tənzimlənməsi», iqtisadi çətinliklər isə daha yumşaq ifadələrlə işıqlandırılır. Beləliklə, insanların gündəlik həyatına təsir edən problemlər arxa plana keçir, rəsmi qərarların yaratdığı nəticələr isə daha neytral göstərilir. Məsələn, 2022-ci il avqustunda Azərbaycanda çörəyin qiyməti həmin il ikinci dəfə artdı. Yanvarda təxminən 30 faizlik artımdan sonra bu dəfə məhsulun növü və çəkisindən asılı olaraq qiymətlər daha 7–9 faiz yüksəldi (JAMnews 2022). Hakimiyyətə yaxın media qurumlarının əksəriyyəti xəbəri birbaşa “bahalaşma” və ya “qiymət artımı” ifadələri ilə deyil, un və çörək istehsalçılarının müəyyən etdiyi “yuxarı qiymət hədləri” formulu ilə təqdim edirdi. Burada informasiya subsidiyası (hazır institusional mətn), leksik evfemizm (“artım” əvəzinə “hədd”) və məsuliyyətin kənara yönləndirilməsi mexanizmləri bir-birini tamamlayır. Oxşar leksik yanaşma kommunal xidmətlərin tarifləri ilə bağlı rəsmi kommunikasiya dilində də müşahidə olunur. Tarif Şurasının 2 yanvar 2025-ci il tarixli rəsmi məlumatının başlığı “Bir sıra kommunal xidmətlər və dərman vasitələri üzrə qiymətlər müəyyənləşdirilib” şəklində idi. Başlıqda qiymət artımı deyil, qiymətlərin müəyyənləşdirilməsi prosesi ön plana çəkilirdi, media vasitələri də bunu belə tirajladı (Tarif Şurası 2025). Halbuki həmin qərarla elektrik enerjisinin əhali üçün tarifləri istehlak pilləsindən asılı olaraq 5–15,4 faiz, təbii qaz tarifləri isə 4,2–20 faiz artırılmışdı. İstilik təchizatı xidmətində sayğac quraşdırılmadığı halda aylıq ödəniş də hər kvadratmetr üçün 15 qəpikdən 30 qəpiyə yüksəldilmişdi. İqtisadi xəbərlərin idarə olunmasında iki fərqli mexanizm tətbiq edilir: çörək bahalaşmasının dövlət qərarı kimi deyil, məhz “un və çörək istehsalçılarının müəyyən etdiyi yuxarı qiymət hədləri” kimi təqdim olunması məsuliyyəti hakimiyyətdən kənarlaşdıraraq bazar subyektlərinə yönəltmə (blame-shifting) modelinə uyğundur (Rozenas and Stukal 2019); kommunal tarif artımlarının isə birbaşa “bahalaşma” əvəzinə “qiymətlər müəyyənləşdirilib” kimi texniki və neytral feillə ifadə olunması ictimai reaksiyanı zəiflətməyə yönəlmiş evfemistik çərçivələmədir (euphemistic framing).
Buna baxmayaraq, rəqəmsal şəbəkələrdəki satirik reaksiyalar cəmiyyətin bu leksik tələyə düşmədiyini və rəsmi diskursla gündəlik reallıq arasındakı uçurumu dərk etdiyini üzə çıxarır. Məsələn, Tarif Şurasının 2 yanvar 2025-ci il tarixli qərarını “yeni tarif tənzimləməsi zərurəti” kimi təqdim etdiyi gün karikaturaçı Gündüz Ağayevin “AzadlıqRadiosu”nda dərc olunan və sosial mediada geniş yayılan “Urrraaa” adlı satirik karikaturası rəsmi bəyanatlardakı yumşaldıcı ifadələri və tarif artımlarının yaratdığı real sosial yükü birbaşa parodiya edərək bürokratik dilin təsirini neytrallaşdırır (AzadlıqRadiosu 2025a). Paylaşımın altındakı şərhlərdə də oxucular rəsmi izahlara inanmayaraq qərarın siyasi mahiyyətini qabardır (“Tarif Şurası özbaşına heç özünə şalvar da almır”, “72 milyard ehtiyatımız var”), hökumətyönlü profillər isə bahalaşma mövzusunu kənara qoyub müəllifi “ölkənin imicini korlamaqda” günahlandırır.
Sülh çağırışlarının seküritizasiyası və məhkəmə proseslərinin birtərəfli çərçivələndirilməsi
Avtoritar informasiya mühitində sülh çağırışlarının milli təhlükəsizlik təhdidinə çevrilməsi (securitization) prosesi 2020-ci il İkinci Qarabağ müharibəsi dövründə formalaşan hərbiləşdirilmiş ritorikaya söykənir. Hələ müharibənin ilk günlərində (28 sentyabr 2020) ictimai fəal Qiyas İbrahimov sosial şəbəkələrdə hərbi ritorikanı tənqid edən statuslarına görə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılaraq dindirildi və xəbərdarlıq aldı (OC Media, 2020a). Həmin ilin oktyabrında da bir sıra fəal Baş Prokurorluğa çağırılaraq dindirilməyə məruz qaldı (OC Media, 2020b). Paralel olaraq, sosial şəbəkələrdə müharibə əleyhinə bəyanat yayan azsaylı solçu və feminist fəallar “satqın” və “düşmənə işləyən” kimi damğalanaraq genişmiqyaslı onlayn linç və qarayaxma kampaniyasına məruz qaldılar (Azerbaijan Internet Watch 2020).
Bu təcrübə sonrakı illərdə daha sərt hüquqi forma aldı. 2023-cü ilin sentyabrındakı hərbi əməliyyatlardan dərhal sonra müharibə əleyhinə bəyanat verən fəallar 30 günlük inzibati həbslərlə cəzalandırıldı (Aghayev, 2023). 2024-cü ilin avqustunda isə repressiya mexanizmi keyfiyyətcə yeni mərhələyə keçdi. Tədqiqatçı və sülh fəalı Bəhruz Səmədovun dövlətə xəyanət ittihamı ilə həbs olunması sübut etdi ki, sülh tərəfdarlarına qarşı tətbiq olunan qısamüddətli inzibati tədbirlər artıq uzunmüddətli ağır cinayət təqibləri ilə əvəzlənib (OC Media, 2024). Proses məhkəmə müstəvisinə keçdikdən sonra dövlət nəzarətindəki media iclasları yalnız DTX-nin ağır ittiham aktları və həbs qərarları üzərindən tirajladı (APA, 2025b), müttəhimlərin hüquqi müdafiə arqumentləri və sülh yönümlü akademik mövqeləri isə tamamilə filtrləndi. Nəticədə ictimai diqqət sülhün zəruriliyi və müharibənin humanitar fəsadlarından yayındırıldı, cəmiyyətdə vahid “daxili düşmən” obrazı möhkəmləndirildi.
Sistem problemlərinin əxlaq davasına çevrilməsi
Azərbaycan televiziyasında və xəbər saytlarında ailə münaqişələri, geyim müzakirələri və şəxsi qalmaqallar tez-tez gündəmə gətirilir. Problem bu mövzuların işıqlandırılması deyil, onların digər məsələləri kölgədə qoymasıdır. Sosial bərabərsizlik, hüquq pozuntuları və dövlət qurumlarının məsuliyyəti arxa plana keçir, müzakirə ayrı-ayrı insanların davranışlarına və şəxsi həyatına yönəlir. Beləliklə, ictimai problemlər əxlaq mübahisəsinə çevrilir.
Avtoritar media mühitində bu, sadəcə reytinq toplamaq məsələsi deyil. Müstəqil medianın təzyiq və həbslərlə sıxışdırıldığı şəraitdə (Human Rights Watch 2025; Amnesty International 2025) yaranan informasiya boşluğu məişət qalmaqalları və əxlaq müzakirələri ilə doldurulur. Bu praktika ictimai narazılığı marginallaşdırmaq və cəmiyyəti depolitizasiya etmək üçün istifadə olunan süni “əxlaqi panika” və strateji diqqətyayındırma modelinə tam uyğundur (Hall et al., 1978; King, Pan and Roberts 2017). Bu yanaşma əsasən üç formada özünü göstərir:
- Siyasi gərginlik zamanı əxlaq müzakirələrini gündəmə çıxarmaq;
- Sosial narazılığı məişət qalmaqalları ilə kölgədə qoymaq;
- Dövlət qurumlarının məsuliyyətini arxa plana keçirib hadisələri fərdi problemlər kimi təqdim etmək.
Azərbaycan mediasında siyasi təzyiqlər artanda məişət şoularının qızışdırılması bu bağlılığı göstərir:
- Müxalif siyasətçi Tofiq Yaqublunun həbsə etiraz olaraq ölümcül aclıq aksiyası keçirdiyi günlərdə (həm 2020, həm də 2025-ci illərdə) rəsmi media hadisəni tam sükutla qarşıladı (BBC News Azərbaycanca 2025). Əvəzində həmin günlərdə yerli kanallarda (xüsusən ARB-nin "Elgizlə izlə" verilişində) qadının ailədəki yeri, geyimi və "milli əxlaqa" zidd sayılan hərəkətləri ətrafında süni hay-küy qaldırıldı. Hətta Audiovizual Şuranın kanala verdiyi rəsmi xəbərdarlıq da bu mövzunu süni şəkildə gündəmdə saxlamağa xidmət etdi (APA 2025a). Nəticədə ictimaiyyətin fikri dövlət təzyiqindən və siyasi məhbusun ölüm təhlükəsindən yayındırılaraq "qadın necə geyinməlidir" kimi əxlaq davasına sürükləndi.
- İqtisadçı alim və müxalif siyasətçi Qubad İbadoğlunun həbs edilməsi və ona qarşı irəli sürülən, hüquq müdafiə təşkilatlarının siyasi motivli hesab etdiyi ittihamlar cəmiyyətdə dövlət neft gəlirlərinin idarə olunmasını və irimiqyaslı maliyyə qanunsuzluqlarını sorğulamaq üçün əlverişli ictimai zəmin yaratdı (Amerikanın Səsi 2023). Lakin dövlət nəzarətindəki və populyar tabloid platformalar bu sistemli korrupsiya və resurs idarəçiliyi müzakirəsini inkişaf etdirmədi. Əvəzinə həmin günlərdə ictimai diqqəti mövsümi çimərlik qiymətləri, istirahət mərkəzlərindəki tariflər və sahildəki məişət qalmaqalları ətrafında qurulan ikinci dərəcəli xəbərlərlə doldurdu (Banker.az, 2023). İctimaiyyətin tənqidi enerjisi sırf yay istirahətinin məişət xərcləri və gündəlik istehlak detalları üzərində tükədildi.
- 2024-cü ilin aprelin sonunda ölkədə vətəndaş cəmiyyəti institutlarına qarşı repressiyalar növbəti kritik mərhələyə qədəm qoydu, hüquq müdafiəçisi Anar Məmmədlinin həbsi, eləcə də mart ayında saxlanılan “Toplum TV” və Demokratik Təşəbbüslər İnstitutu rəhbərliyinin təcridxanada ağırlaşan səhhəti və saxlanma şəraiti ictimai narahatlıq doğurdu (Human Rights Watch, 2024; Amerikanın Səsi 2024). Eyni zamanda, Avropa Parlamentinin siyasi məhbuslara azadlıq tələb edən və rəsmi Bakıya qarşı sanksiya çağırışları edən 25 aprel tarixli sərt qətnaməsi hakimiyyət üzərində diplomatik təzyiqi pik həddə çatdırdı (European Parliament 2024). Lakin yerli media məkanında bu sistemli həbslər və xarici siyasət böhranı müzakirəyə çıxarılmaq əvəzinə, Bəhram Bağırzadənin vətəndaşları «şəhərli-kəndli» qütbünə ayıran qalmaqallı bəyanatı süni şəkildə gündəmin mərkəzinə gətirildi (Türkustan 2024). Nəticədə ictimai diqqət emosional mədəniyyət mübahisəsinə yönəldilərək, hüquq müdafiəçilərinin həbsi və repressiyaların miqyası kimi mühüm mövzular ictimai müzakirədən yayındırıldı.
Monitorinq dövründə ictimai-siyasi hadisələrlə (Tofiq Yaqublunun aclıq aksiyası, Qubad İbadoğlunun həbsi) kütləvi məişət məsələləriylə (məsələn, ARB televiziya məkanındakı insidentlər və ya çimərlik qiymətləri ətrafındakı debatlar) eyni zaman kəsiyinə təsadüf etməsi müşahidə olunur. Əlbəttə, empirik məlumatlar bu qalmaqalların mərkəzləşdirilmiş şəkildə koordinasiya edildiyini və ya bilavasitə siyasi gündəmi boğmaq üçün süni layihələndirildiyini birmənalı şəkildə iddia etməyə imkan vermir. Elmi baxımdan zaman üst-üstə düşməsi özlüyündə birbaşa səbəb əlaqəsini təsdiqləmir. Lakin media gündəminin strukturu baxımından bu kəsişmənin funksional nəticəsi aydındır. Dövlətə bağlı və kommersiya mediasının resursları qeyri-mütənasib şəkildə emosional məişət diskursuna yönəldildiyi müddətdə, insan hüquqları və siyasi proseslərlə bağlı böhranlar gündəm kəsmə (agenda-cutting) mexanizmi ilə marginallaşdırıldı.
Audiovizual Şuranın hesabatları da buna başqa rəsmi nümunə sayıla bilər. Rəsmi sənədlərə əsasən, televiziya efirindəki qeyri-bərabərlik rəqəmlərdə də aydın görünür: 2024-cü ildə ümumölkə yerüstü kanalların yayımının 13,5 faizini musiqi və əyləncə, 12,8 faizini isə serial və bədii filmlər təşkil edib. Müqayisə üçün, cəmiyyətin real dərdlərini əks etdirə biləcək sosial proqramlara cəmi 2,8 faiz, sənədli filmlərə 3,1 faiz, maarifləndirici verilişlərə isə cəmi 8,7 faiz yer ayrılıb (Xalq qəzeti 2025). 2025-ci ilin birinci rübündə musiqili və əyləncəli proqramlar efirin 15.7 faizini tutaraq maarifçi və sosial proqramları kölgədə qoyub. Bir çox telekanalda gündəlik 3-5 saatlıq şou proqramlar yayımlanıb və telekanalların əhəmiyyətli efir vaxtını doldurub (AzadlıqRadiosu 2025b). Siyasi debatların və tənqidi fikrin sıxışdırıldığı bir vaxtda efirin ucuz şoularla doldurulması sadəcə reytinq davası deyil. Bu, ictimai qəzəbi söndürmək üçün ən əlverişli üsuldur: insanları real dərdlərdən yayındırıb bitib-tükənməyən dedi-qodulara, süni qalmaqallara kökləmək, yəni cəmiyyəti bilərəkdən siyasətdən kənarda saxlamaq.
Məişət və əxlaq mövzuları ətrafında kütləvi reaksiyaların təşkili həm də sosial şəbəkələrdə fəaliyyət göstərən bloqer və influenser şəbəkəsi vasitəsilə mərkəzləşdirilmiş, lakin zahirən fərdi görünən kampaniyalarla icra olunur. Adətən siyasətə qarışmadığını deyən bu təbəqə kritik anlarda eyni tezislərlə ortaya çıxır. Məsələn, Mehman Hüseynovun hakim ailənin üzvü Alyona Əliyeva haqqında iddialarından dərhal sonra onlarla bloqer bir ağızdan danışmağa başladı; tənqidləri hədəfdən yayındırıb "qadın hüququ", "şəxsi həyat" və "əxlaq qaydaları" davasına çevirdilər (Toplum TV 2026). Eyni üsul hakimiyyətə yaxın bizneslərin — xüsusən "Sea Breeze" kimi böyük istirahət mərkəzlərinin reklamında da işə düşür. Həssas mövzularda da eyni xətt gedir: məsələn, məktəblərdə hicab mübahisəsi düşən kimi hamısı bir ağızdan eyni şablonla "vahid məktəbli forması" arqumentini təkrarlayır. Əldə etdiyim məlumatlara görə, hicab qadağasını tənqid edənlərə Daxili İşlər Nazirliyindən zənglər gəlib və paylaşımlarını silməyə məcbur edilib. Bu mexanizmin təkmilləşdirilməsi dövlətin media strategiyasında yeni mərhələyə keçidi şərtləndirib. Hökumətyönlü mediada çalışan mənbələrdən əldə etdiyim digər məlumata görə, 2026-cı ilin iyulunda keçirilən IV Şuşa Qlobal Media Forumundan dərhal sonra dövlət tərəfindən maliyyələşən televiziya, qəzet və xəbər portallarının müxbirlərinə sosial şəbəkələrdə fərdi "bloqer" və "vloqer" kimi fəallaşmaq tapşırığı verilib. Məlumata əsasən, hakimiyyət ilkin mərhələdə Qarabağ səfərlərini və dövlət tədbirlərini müstəqil influenserlər vasitəsilə ictimailəşdirməyə çalışsa da, onların siyasi tezisləri düzgün mənimsəyib çatdıra bilməməsi bu xəttin iflası ilə nəticələnib. Bundan sonra dövlət narrativlərinin sosial mediada yayılması vəzifəsi təcrübəli jurnalistlərə həvalə edilib. Nəticədə AzTV, "Xalq qəzeti" kimi dövlət mediasının işçiləri şəxsi hesablarında rəsmi loqoları bir kənara qoyub pərdəarxası görüntülər, "iş günümdən bir gün" tipli vloqlar və dövlət başçısının səfərlərindən "səmimi" kadrlar paylaşmağa başladılar. Bu üsulla ideoloji xətt yenə də bir mərkəzdən idarə olunur, amma cəmiyyətə elə sırınır ki, sanki fərdlərin tam sərbəst və şəxsi müşahidəsidir. Ənənəvi media inamını itirdikcə, sosial şəbəkələr də azad məkan olmaqdan çıxarılır; tənqidi səsləri batıran və dövlətin maraqlarını "hamının qəbul etdiyi həqiqət" kimi tirajlayan yeni bir təbliğat maşınına calanır.
Nəticə
Təhlil edilən empirik materiallar göstərir ki, Azərbaycanın informasiya məkanında gündəmin formalaşdırılması və çərçivələndirilməsi təsadüfi xarakter daşımır. Bunlar hamısı vahid sistem kimi təşəkkül tapıb. Bu nəzarət xəbərin hazırlanması (maliyyə rıçaqları, Media Reyestri məhdudiyyətləri, həbslər və tənqidi medianın sıxışdırılması), yayımı (rəsmi mənbə məcburiyyəti, disbalans) və təqdimatı (xarici təhlükə ritorikası, əxlaqi qınaq) mərhələlərini tam əhatə edir. Milli təhlükəsizlik mövzuları və məişət qalmaqalları fərqli görünsə də, hər ikisi eyni nəticəyə gətirə bilər. Belə ki, siyasi repressiyalar, bahalaşma və etirazlar ya təhlükəsizlik məsələsi, ya da şəxsi əxlaq problemi kimi təqdim olunur. Beləliklə, hakimiyyətin məsuliyyəti müzakirədən kənarda qalır. Diqqəti yayındırmaq və ictimai müzakirənin istiqamətini dəyişmək də bu prosesin bir hissəsidir. Gündəm quruculuğu, çərçivələmə və ictimai rəyə təsir mexanizmləri bir-birini tamamlayır.
Əlbəttə, monitorinqə cəlb edilmiş materiallar və zaman kəsiyi ölkədəki bütün ictimai-siyasi diskursu bütövlükdə ümumiləşdirmək iddiası daşımır. Lakin əldə olunan nəticələr avtoritar media idarəçiliyinin informasiya axınını məhz strateji diqqətyayındırma və mövzu qabarıqlığının manipulyasiyası vasitəsilə nəzarətdə saxladığını aydın şəkildə nümayiş etdirir.
Statistik məlumatların məhdudluğu səbəbindən araşdırma əsasən hadisələrin xronologiyasına, media materiallarının müqayisəsinə və rəsmi sənədlərə əsaslanır. Bu yanaşma həm gələcək araşdırmalar üçün zəmin yaradır, həm də jurnalistlərə və media müşahidəçilərinə məişət-əxlaq mövzularının hansı siyasi hadisələr zamanı gündəmə gətirildiyini anlamağa kömək edir. Geyim müzakirələri, gender bərabərsizliyi və stereotiplər əlbəttə ki, önəmsiz deyil. Əsas problem bu mövzuların müzakirə olunması yox, onların daha vacib məsələləri ört-basdır etmək üçün alətə çevrilməsidir. Bununla yanaşı, tədqiqatın müəyyən məhdudiyyətləri də diqqətdən qaçmamalıdır. İş daha çox konseptual təhlilə söykəndiyi və əlimizdə medianın gündəmi yayındırma praktikalarına dair yetərli statistik məlumatlar olmadığı üçün irəli sürülən nəticələri qəti hökm kimi qəbul etmək olmaz.
Növbəti addımlarda siyasi xəbərlərlə məişət qalmaqallarının eyni günlərdəki efir vaxtını, xəbər payını və oxunma sayını dəqiq kəmiyyət göstəriciləri ilə hesablamaq mümkündür. Tədqiqat sosioloji rəy sorğuları və ya axtarış göstəriciləri kimi qəbul tərəfini (demand side) deyil, bilavasitə media məzmununun təklif tərəfini (supply side) təhlil etdiyindən, bu strategiyaların ictimai diqqəti faktiki olaraq nə dərəcədə yayındırdığına dair qəti effekt hökmü verilə bilməz. Yazım ictimai diqqəti həssas proseslərdən yayındırmağa yönəlmiş struktur potensialını əks etdirməyə çalışıb.
Nəhayət, silsilənin sonrakı məqaləsində sistemli böhranlar zamanı işə salınan dövlət təbliğat strategiyaları real faktlar üzərindən araşdırılacaq və o yazı bunun davamı kimi dəyərləndirilə bilər.
Qeyd: Oxuduğunuz yazı orijinal olaraq Azərbaycan dilində yazılmışdır.
İstinadlar
Aghayev, Ismi. 2023. “Azerbaijan Arrests Anti-War Figures.” OC Media, 21 sentyabr 2023. https://oc-media.org/azerbaijan-arrests-anti-war-figures/.
Alrababa’h, Ala’, və Lisa Blaydes. 2021. “Authoritarian Media and Diversionary Threats: Lessons from 30 Years of Syrian State Discourse.” Political Science Research and Methods 9 (4): 693–708.https://www.cambridge.org/core/journals/political-science-research-and-methods/article/abs/authoritarian-media-and-diversionary-threats-lessons-from-30-years-of-syrian-state-discourse/2CAB19CFAD58B5E2F2E44EDDFA0F68D4.
Amerikanın Səsi. 2023. “Vəkil: Qubad İbadoğlu şahid qismində saxlanılır.” Amerikanın Səsi, 24 iyul 2023.https://www.amerikaninsesi.org/a/7192859.html.
Amerikanın Səsi. 2024. “Hüquq müdafiəçisi Anar Məmmədli barəsində həbs qətimkan tədbiri seçilib.” Amerikanın Səsi,30 aprel 2024. https://www.amerikaninsesi.org/a/7591915.html.
Amnesty International. 2024. Amnesty International Report 2023/24: The State of the World's Human Rights. London:Amnesty International. https://www.amnesty.org/en/documents/pol10/7200/2024/en/.
Amnesty International. 2025. Azerbaijan: From Newsroom to Cell. Persecution of Independent Journalists. London:Amnesty International, 22 iyul 2025. https://www.amnesty.org/en/documents/eur55/0128/2025/en/.
APA İnformasiya Agentliyi. 2025a. “Audiovizual Şura ‘ARB’yə xəbərdarlıq edib.” APA.az, 26 may 2025.https://apa.az/media/audiovizual-sura-arbye-xeberdarliq-edib-901834.
APA İnformasiya Agentliyi. 2025b. “Dövlətə xəyanətdə təqsirləndirilən Bəhruz Səmədov 15 il azadlıqdan məhrum edilib.” APA.az, 23 iyun 2025. https://apa.az/hadise/dovlete-xeyanetde-teqsirlendirilen-behruz-semedov-15-il-azadliqdan-mehrum-edilib-906077.
APA İnformasiya Agentliyi. 2026. “Azərbaycana qarşı ideoloji təxribat cəhdləri: Bəzi qüvvələr məktəbli forması bəhanəsi ilə ölkəmizin daxili işlərinə qarışır — TƏHLİL.” APA.az, 13 oktyabr 2026. https://apa.az/siyasi/azerbaycana-qarsi-ideoloji-texribat-cehdleri-bezi-quvveler-mektebli-formasi-behanesi-ile-olkemizin-daxili-islerine-qarisir-tehlil-1004580.
Aristotle. 1991. On Rhetoric: A Theory of Civic Discourse. Tərcüməçi George A. Kennedy. New York: Oxford University Press. https://archive.org/details/onrhetorictheory0000aris/mode/2up.
AzadlıqRadiosu. 2025a. “‘Urrraaa’ – Gündüz Ağayevin karikaturası.” AzadlıqRadiosu, 2 yanvar 2025. https://www.facebook.com/azadliqradiosu/posts/urrraaa-g%C3%BCnd%C3%BCz-a%C4%9Fayevin-karikaturas%C4%B1-yanvar%C4%B1n-2-d%C9%99-tarif-%C5%9Furas%C4%B1-az%C9%99rbaycanda-qaz/986233640199394/
AzadlıqRadiosu. 2025b. “Azərbaycan telekanalları nə gündədir? ‘Kütlələrin istismarına və manipulyasiyasına xidmət edir’.” AzadlıqRadiosu, 18 iyun 2025. https://www.azadliq.org/a/azerbaycan-telekanallari-ne-gundedir/33438047.html.
AzadlıqRadiosu. 2026. “Məktəblərdə hicab gərginliyi: Valideynlər narazıdır, YAP-çı deputat nə deyir?” AzadlıqRadiosu, 8 oktyabr 2026. https://www.azadliq.org/a/mekteblerde-hicab-gerginliyi/33873017.html.
Azerbaijan Internet Watch. 2020. “Peace Activists Targeted Online [Updated].” Azerbaijan Internet Watch, 9 oktyabr 2020. https://www.az-netwatch.org/news/peace-activists-targeted-online-updated/.
Azərbaycan Respublikasının Milli Məclisi. 2022. “Media haqqında” Azərbaycan Respublikasının Qanunu (№ 471-VIQ).Bakı: E-qanun. https://e-qanun.az/framework/49124.
Azərbaycan Respublikasının Prezidenti. 2021. “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin yaradılması haqqında” Fərman. Bakı, 12 yanvar 2021. https://president.az/az/articles/view/50115.
Bachrach, Peter, və Morton S. Baratz. 1962. “Two Faces of Power.” American Political Science Review 56 (4): 947–952.https://www.columbia.edu/itc/sipa/U6800/readings-sm/bachrach.pdf.
Bachrach, Peter, və Morton S. Baratz. 1963. “Decisions and Nondecisions: An Analytical Framework.” American Political Science Review 57 (3): 632–642. https://www.cambridge.org/core/journals/american-political-science-review/article/abs/decisions-and-nondecisions-an-analytical-framework/830AA58A11A2E64961803E49BB337F76.
Banker.az. 2023. “Azərbaycanda ‘aquapark’lara giriş qiymətləri – SİYAHI.” Banker.az, 28 iyul 2023.https://banker.az/az%C9%99rbaycanda-aqua-parklara-giris-qiym%C9%99tl%C9%99ri-siyahi/.
BBC News Azərbaycanca. 2025. “Tofiq Yaqublunun vəziyyəti ağırlaşır – 23 gündür həbsxanada aclıq edir.” BBC News Azərbaycanca, 23 aprel 2025. https://www.bbc.com/azeri/articles/cy70jpk8j6xo.
Bennett, W. Lance. 1990. “Toward a Theory of Press-State Relations in the United States.” Journal of Communication 40 (2): 103–125. https://web.stanford.edu/class/comm1a/readings/bennett-press-state.pdf.
Chubb, Andrew, və Frances Yaping Wang. 2023. “Authoritarian Propaganda Campaigns on Foreign Affairs: Four Birds,One Stone, and the South China Sea Arbitration.” International Studies Quarterly 67 (3): sqad047.https://academic.oup.com/isq/article/67/3/sqad047/7221446.
Cobb, Roger W., və Charles D. Elder. 1971. “The Politics of Agenda-Building: An Alternative Perspective for Modern Democratic Theory.” The Journal of Politics 33 (4): 892–915. https://doi.org/10.2307/2128415.
Cobb, Roger W., və Marc Howard Ross, red. 1997. Cultural Strategies of Agenda Denial: Avoidance, Attack, and Redefinition. Lawrence: University Press of Kansas. https://kansaspress.ku.edu/9780700608560/.
Cobb, Roger, Jennie-Keith Ross, və Marc Howard Ross. 1976. “Agenda Building as a Comparative Political Process.” American Political Science Review 70 (1): 126–138. https://www.cambridge.org/core/journals/american-political-science-review/article/abs/agenda-building-as-a-comparative-political-process/FAD95759279C2014FB06D9774E8EEAF4.
Cohen, Bernard C. 1963. The Press and Foreign Policy. Princeton, NJ: Princeton University Press.https://api.pageplace.de/preview/DT0400.9781400878611_A26057994/preview-9781400878611_A26057994.pdf.
Cole, Matthew. 2026. “The Art of the Deal: Jared Kushner’s Hacked Phone Revealed His Secret Negotiations — Including More Than $700 Million in Transfers.” Vanity Fair, 22 oktyabr 2026. https://www.vanityfair.com/story/jared-kushner-hacked-phone-secret-negotiations.
Colistra, Rita. 2012. “Shaping and Cutting the Media Agenda: Television Reporters’ Perceptions of Agenda- and Frame-Building and Agenda-Cutting Influences.” Journalism & Mass Communication Quarterly 89 (1): 85–102.https://www.researchgate.net/publication/254117898_Shaping_and_Cutting_the_Media_Agenda_Television_Reporters'_Perceptions_of_Agenda-_and_Frame-Building_and_Agenda-Cutting_Influences.
Council of Europe. 2017. Analysis of Azerbaijani Legislation on Freedom of Expression. Strasbourg: Council of Europe.https://rm.coe.int/azerbaijan-analysis-of-legislation-on-freedom-of-expression-december-2/16808ae03d.
Denham, Bryan E. 2010. “Toward Conceptual Consistency in Studies of Agenda-Building Processes.” Mass Communication and Society 13 (4): 359–380.https://www.researchgate.net/publication/232841644_Toward_Conceptual_Consistency_in_Studies_of_Agenda-Building_Processes_A_Scholarly_Review.
Entman, Robert M. 1993. “Framing: Toward Clarification of a Fractured Paradigm.” Journal of Communication 43 (4):51–58. https://onlinelibrary.wiley.com/doi/abs/10.1111/j.1460-2466.1993.tb01304.x.
Eurasianet. 2021. “Azerbaijan’s Pro-Government Media: Just Following Orders.” Eurasianet, 20 dekabr 2021.https://eurasianet.org/azerbaijans-pro-government-media-just-following-orders.
European Parliament. 2024. European Parliament Resolution of 25 April 2024 on Azerbaijan, Notably the Repression of Civil Society and the Cases of Dr Gubad Ibadoghlu and Ilhamiz Guliyev (2024/2698(RSP)). Strasbourg: European Parliament, 25 aprel 2024. https://eur-lex.europa.eu/eli/C/2025/3706/oj/eng.
Freedom House. 2016. Freedom on the Net 2016: Azerbaijan. Washington, DC: Freedom House.https://freedomhouse.org/country/azerbaijan/freedom-net/2016.
Freedom House. 2021. Freedom on the Net 2021: Azerbaijan. Washington, DC: Freedom House.https://freedomhouse.org/country/azerbaijan/freedom-net/2021.
Gandy, Oscar H., Jr. 1982. Beyond Agenda Setting: Information Subsidies and Public Policy. Norwood, NJ: Ablex Publishing Corporation. https://archive.org/details/beyondagendasett00osca.
Gramsci, Antonio. 1971. Selections from the Prison Notebooks. Redaktə və tərcümə edənlər Quintin Hoare və Geoffrey Nowell Smith. London: Lawrence and Wishart.https://ia600506.us.archive.org/19/items/AntonioGramsciSelectionsFromThePrisonNotebooks/Antonio-Gramsci-Selections-from-the-Prison-Notebooks.pdf.
Guo, Lei, Hong Tien Vu, və Maxwell McCombs. 2012. “An Expanded Perspective on Agenda-Setting Effects: Exploring the Third Level of Agenda Setting.” Revista de Comunicación 11 (1): 51–68.https://www.researchgate.net/publication/303199053_An_expanded_perspective_on_agenda-setting_effects_Exploring_third_level_agenda_setting.
Guriev, Sergei, və Daniel Treisman. 2019. “Informational Autocrats.” Journal of Economic Perspectives 33 (4): 100–127.https://www.aeaweb.org/articles?id=10.1257/jep.33.4.100.
Hall, Stuart, Chas Critcher, Tony Jefferson, John Clarke, və Brian Roberts. 1978. Policing the Crisis: Mugging, the State, and Law and Order. London: Macmillan. https://sociologytwynham.com/wp-content/uploads/2014/10/policing-the-crisis.pdf.
Hallin, Daniel C., və Paolo Mancini. 2004. Comparing Media Systems: Three Models of Media and Politics. Cambridge:Cambridge University Press. https://www.cambridge.org/core/books/comparing-media-systems/B7A12371782B7A1D62BA1A72C1395E43.
Herman, Edward S., və Noam Chomsky. 1988. Manufacturing Consent: The Political Economy of the Mass Media. New York: Pantheon Books. https://files.libcom.org/files/2022-04/manufacturing_consent.pdf.
Human Rights Watch. 2020. “Azerbaijan.” World Report 2020: Events of 2019 içində, 67–73. New York: Human Rights Watch. https://www.hrw.org/world-report/2020/country-chapters/azerbaijan.
Human Rights Watch. 2022. “Azerbaijan.” World Report 2022: Events of 2021 içində. New York: Human Rights Watch.https://www.hrw.org/world-report/2022/country-chapters/azerbaijan.
Human Rights Watch. 2024. Azerbaijan: Escalating Crackdown on Critics and Civil Society. New York: Human Rights Watch, 8 oktyabr 2024. https://www.hrw.org/report/2024/10/08/we-try-stay-invisible/azerbaijans-escalating-crackdown-critics-and-civil-society.
Human Rights Watch. 2025. “Azerbaijan.” World Report 2025: Events of 2024 içində. New York: Human Rights Watch.https://www.hrw.org/world-report/2025/country-chapters/azerbaijan.
Human Rights Watch. 2026. “Azerbaijan.” World Report 2026: Events of 2025 içində. New York: Human Rights Watch.https://www.hrw.org/world-report/2026/country-chapters/azerbaijan.
IRFS (Institute for Reporters’ Freedom and Safety). 2008. Media Coverage of the 15 October Presidential Election in Azerbaijan: Final Report. Bakı: IRFS. https://www.irfs.org/news-feed/media-coverage-of-the-15-october-presidential-election-in-azerbaijan/.
Iyengar, Shanto, və Donald R. Kinder. 1987. News That Matters: Television and American Opinion. Chicago: University of Chicago Press. https://www.uvm.edu/~dguber/POLS293/articles/iyengar.pdf.
JAMnews. 2022. “Cost of Bread Up Again in Azerbaijan, Opposition Proposes Reduction of VAT.” JAMnews, 19 avqust 2022. https://jam-news.net/cost-of-bread-in-azerbaijan-opposition-proposes-reduction-vat/.
JAMnews. 2026a. “AZAL qəzası ilə bağlı razılaşma: Azərbaycan günahkarların cəzalandırılması tələbindən vaz keçib.” JAMnews, 16 aprel 2026. https://jam-news.net/az/azal-q%C9%99zasi-razilasmasi/.
JAMnews. 2026b. “Trampın kürəkəninin gizli maliyyə əlaqələri: Azərbaycan bankından 750 milyon dollar köçürülüb.” JAMnews, 23 oktyabr 2026. https://jam-news.net/az/kusnerin-az%c9%99rbaycan-banki-il%c9%99-%c9%99laq%c9%99l%c9%99ri/.
King, Gary, Jennifer Pan, və Margaret E. Roberts. 2017. “How the Chinese Government Fabricates Social Media Posts for Strategic Distraction, Not Engaged Argument.” American Political Science Review 111 (3): 484–501.https://gking.harvard.edu/50c/.
Kucera, Joshua. 2023. “Amid Tension Over Nagorno-Karabakh, Azerbaijan Wages a Media War on France.” Radio Free Europe/Radio Liberty (RFE/RL), 16 iyul 2023. https://www.rferl.org/a/azerbaijan-tensions-nagorno-karabakh-media-france/32505740.html.
Lang, Gladys Engel, və Kurt Lang. 1983. The Battle for Public Opinion: The President, the Press, and the Polls During Watergate. New York: Columbia University Press. https://www.cambridge.org/core/journals/american-political-science-review/article/abs/battle-for-public-opinion-the-president-the-press-and-the-polls-during-watergate-by-gladys-engel-lang-and-kurt-lang-new-york-columbia-university-press-1983-pp-xiv-353-3200-cloth-1250-paper/BA160DA325072241F7D4BA1FE76E3671.
Levitsky, Steven, və Lucan A. Way. 2002. “The Rise of Competitive Authoritarianism.” Journal of Democracy 13 (2):51–65. https://www.journalofdemocracy.org/articles/elections-without-democracy-the-rise-of-competitive-authoritarianism/.
Levitsky, Steven, və Lucan A. Way. 2010. Competitive Authoritarianism: Hybrid Regimes After the Cold War.Cambridge: Cambridge University Press. https://www.cambridge.org/core/books/competitive-authoritarianism/20A51BE2EBAB59B8AAEFD91B8FA3C9D6.
Lippmann, Walter. 1922. Public Opinion. New York: Harcourt, Brace and Company.https://archive.org/details/publicopinionhar0000walt/page/n7/mode/2up.
Macagno, Fabrizio, və Douglas Walton. 2014. Emotive Language in Argumentation. Cambridge: Cambridge University Press. https://www.cambridge.org/core/books/emotive-language-in-argumentation/FDEEE4E07871A4CBB355D7C5D4943C8A.
Marx, Karl, və Friedrich Engels. 1970. The German Ideology. Redaktə edən C. J. Arthur. New York: International Publishers. (Orijinal nəşr 1846). https://www.marxists.org/archive/marx/works/1845/german-ideology/ch01b.htm.
McCombs, Maxwell E., və Donald L. Shaw. 1972. “The Agenda-Setting Function of Mass Media.” Public Opinion Quarterly 36 (2): 176–187. https://doi.org/10.1086/267990.
MEDİA (Medianın İnkişafı Agentliyi). 2022. Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən çap mediası subyektlərinin inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, habelə dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsi məqsədilə təşkil edilən müsabiqənin Qaydaları. Bakı:MEDİA. https://media.gov.az/uploads/2025/11/cap-mediasi-musabiqe-qaydalari.pdf.
Meydan TV. 2026. “Hicaba görə həbs olunan valideyn Meydan TV-yə danışdı.” Meydan TV, 19 oktyabr 2026.https://www.meydan.tv/az/article/hicaba-gor%c9%99-h%c9%99bs-olunan-valideyn-meydan-tv-y%c9%99-danisdi/.
Moon, Ruth. 2023. “Preparing to Publish: How Journalists Negotiate Content Restrictions in Semi-Authoritarian States.” International Communication Gazette 85 (2): 120–137. https://repository.lsu.edu/manship_pubs/178/.
NetBlocks. 2020. “Social Media Restricted in Azerbaijan Amid Clashes with Armenia over Nagorno-Karabakh.” NetBlocks, 27 sentyabr 2020. https://netblocks.org/reports/social-media-restricted-in-azerbaijan-amid-clashes-with-armenia-over-nagorno-karabakh-pA5LMj87.
OC Media. 2020a. “Anti-War Activist Detained by Azerbaijani Security Service.” OC Media, 28 sentyabr 2020.https://oc-media.org/anti-war-activist-detained-by-azerbaijani-security-service/.
OC Media. 2020b. “Azerbaijani Peace Activists Called for Questioning.” OC Media, 13 oktyabr 2020. https://oc-media.org/azerbaijani-peace-activists-called-for-questioning/.
OC Media. 2024. “Azerbaijani Peace Activist Bahruz Samadov Detained for ‘Treason’.” OC Media, 22 avqust 2024.https://oc-media.org/azerbaijani-researcher-bahruz-samadov-sentenced-to-15-years-on-charges-of-treason/.
OSCE/ODIHR. 2006. Republic of Azerbaijan, Parliamentary Elections, 6 November 2005: OSCE/ODIHR Election Observation Mission Final Report. Warsaw: OSCE/ODIHR. https://odihr.osce.org/odihr/elections/azerbaijan/17945.
OSCE/ODIHR. 2011. Republic of Azerbaijan, Parliamentary Elections, 7 November 2010: OSCE/ODIHR Election Observation Mission Final Report. Warsaw: OSCE/ODIHR. https://odihr.osce.org/odihr/elections/azerbaijan/75073.
OSCE/ODIHR. 2013. Republic of Azerbaijan, Presidential Election, 9 October 2013: OSCE/ODIHR Election Observation Mission Final Report. Warsaw: OSCE/ODIHR. https://www.osce.org/institutions/110015.
OSCE/ODIHR. 2018. Republic of Azerbaijan, Early Presidential Election, 11 April 2018: OSCE/ODIHR Election Observation Mission Final Report. Warsaw: OSCE/ODIHR. https://odihr.osce.org/odihr/elections/azerbaijan/388583.
OSCE/ODIHR. 2024. Republic of Azerbaijan, Early Presidential Election, 7 February 2024: Statement of Preliminary Findings and Conclusions. Bakı: OSCE/ODIHR. https://odihr.osce.org/odihr/elections/azerbaijan/562473.
OSCE/ODIHR. 2025. Republic of Azerbaijan, Early Presidential Election, 7 February 2024: OSCE/ODIHR Election Observation Mission Final Report. Warsaw: OSCE/ODIHR. https://odihr.osce.org/odihr/elections/azerbaijan/586800.
Pearce, Katy E., və Sarah Kendzior. 2012. “Networked Authoritarianism and Social Media in Azerbaijan.” Journal of Communication 62 (2): 283–298. https://academic.oup.com/joc/article-abstract/62/2/283/4085803.
Poladova, Ulviyya. 2026. “Vanity Fair Publishes Claims Linking Kushner to Secret Gulf Bank Accounts.” AzerNews, 23 oktyabr 2026. https://www.azernews.az/region/266066.html.
Qafqazinfo. 2026. “Trampın kürəkəninin hesabına — Azərbaycandan milyonlar köçürülüb?” Qafqazinfo.az, 23 oktyabr 2026. https://qafqazinfo.az/news/detail/trampin-kurekeninin-hesabina-azerbaycandan-milyonlar-kocurulub-526009.
QueeRadar. 2025. “What 2024 Told Us About Queer Representation in Caucasus?” QueeRadar, 21 iyul 2025.https://queeradar.com/en/what-2024-told-us-about-queer-representation-in-caucasus/.
Radio Free Europe/Radio Liberty (RFE/RL). 2024. “Anger Toward Russia Grows After Deadly Azerbaijani Plane Crash.” RFE/RL, 31 dekabr 2024. https://www.rferl.org/a/azerbaijan-russia-plane-anger-crash-putin-aliyev/33259203.html.
Reporters Without Borders (RSF). 2008. “Azerbaijan: Monitoring Shows State Media Failed to Cover Election Campaign Properly.” Reporters Without Borders, 16 oktyabr 2008. https://rsf.org/en/monitoring-shows-presidents-rivals-and-political-debate-missing-medias-electoral-coverage.
Reporters Without Borders (RSF). 2020. “Azerbaijani Reporter Jailed for 30 Days over Coronavirus Reporting.” Reporters Without Borders, 22 aprel 2020. https://rsf.org/en/azerbaijani-reporter-jailed-30-days-over-coronavirus-reporting.
Roberts, Margaret E. 2018. Censored: Distraction and Diversion Inside China's Great Firewall. Princeton, NJ: Princeton University Press. https://press.princeton.edu/books/hardcover/9780691178868/censored.
Rogers, Everett M., və James W. Dearing. 1988. “Agenda-Setting Research: Where Has It Been, Where Is It Going?” Communication Yearbook 11 içində, redaktə edən James A. Anderson, 555–594. Newbury Park, CA: Sage Publications.https://www.researchgate.net/publication/263809220_Agenda-Setting_Research_Where_Has_It_Been_Where_Is_It_Going.
Rozenas, Arturas, və Denis Stukal. 2019. “How Autocrats Manipulate Economic News: Evidence from Russia's State-Controlled Television.” The Journal of Politics 81 (3): 982–996.https://www.journals.uchicago.edu/doi/abs/10.1086/703208.
Schedler, Andreas. 2002. “The Menu of Manipulation.” Journal of Democracy 13 (2): 36–50.https://www.journalofdemocracy.org/articles/elections-without-democracy-the-menu-of-manipulation/.
Schedler, Andreas. 2013. The Politics of Uncertainty: Sustaining and Subverting Electoral Authoritarianism. Oxford:Oxford University Press. https://global.oup.com/academic/product/the-politics-of-uncertainty-9780199680320?cc=no&lang=en&.
Scheufele, Dietram A., və David Tewksbury. 2007. “Framing, Agenda Setting, and Priming: The Evolution of Three Media Effects Models.” Journal of Communication 57 (1): 9–20. https://onlinelibrary.wiley.com/doi/abs/10.1111/j.0021-9916.2007.00326.x.
Shoemaker, Pamela J., və Timothy P. Vos. 2009. Gatekeeping Theory. New York: Routledge.https://www.taylorfrancis.com/books/mono/10.4324/9780203931653/gatekeeping-theory-timothy-vos-pamela-shoemaker.
Tarif Şurası. 2025. “Bir sıra kommunal xidmətlər və dərman vasitələri üzrə qiymətlər müəyyənləşdirilib.” Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası, 2 yanvar 2025. https://tariff.gov.az/post/bir-sira-kommunal-xidmetler-ve-derman-vasiteleri-uzre-qiymetler-mueyyenlesdirilib.
TASS. 2024. “In Brief: What Is Known About Passenger Plane Crash in Kazakhstan.” TASS, 25 dekabr 2024.https://tass.com/emergencies/1892885.
Terzyan, Aram. 2020. “Sustaining Power Through External Threats: The Power of Enemy Images in Russia and Azerbaijan.” Journal of Liberty and International Affairs 6 (2): 19–32.
Toplum TV. 2026. “İnflunserlərin Alyona Əliyeva kampaniyası: Dəstək yoxsa ‘tapşırıq’?” Toplum TV, 18 fevral 2026.https://toplummedia.tv/multimedia/pinflunserlerin-alyona-eliyeva-kampaniyasi-destek-yoxsa-ldquotapsiriqrdquop.
Trend İnformasiya Agentliyi. 2026. “Məktəblərdə vahid geyim qaydaları: dünyəvi təhsil, dövlətçilik və milli maraqlar.” Trend.az, 12 oktyabr 2026. https://az.trend.az/azerbaijan/politics/4233852.html.
Turk, Judy VanSlyke, və Bob L. Franklin. 1987. “Information Subsidies: Agenda-Setting Resources.” Public Relations Review 13 (2): 29–41. https://eric.ed.gov/?id=EJ365938.
Türkustan. 2024. “Bəhram yenə ‘kəndli-şəhərli’ söhbəti saldı, qalmaqal qopdu: ‘Qaşınır...’.” Türkustan.az, 1 may 2024.https://www.turkustan.az/news/daily/81275.
Venice Commission, və Directorate General of Human Rights and Rule of Law (DGI). 2022. Azerbaijan – Joint Opinion of the Venice Commission and the Directorate General of Human Rights and Rule of Law (DGI) of the Council of Europe on the Law on Media (Opinion No. 1078/2022, CDL-AD(2022)009). Strasbourg: Council of Europe.https://www.coe.int/en/web/venice-commission/-/opinion-1078.
Vu, Hong Tien, Lei Guo, və Maxwell E. McCombs. 2014. “Exploring ‘The World Outside and the Pictures in Our Heads’: A Network Agenda-Setting Study.” Journalism & Mass Communication Quarterly 91 (4): 669–686.https://doi.org/10.1177/1077699014550090.
Walton, Douglas. 2003. Relevance in Argumentation. Mahwah, NJ: Lawrence Erlbaum Associates.https://www.taylorfrancis.com/books/mono/10.4324/9781410609441/relevance-argumentation-douglas-walton.
Xalq qəzeti. 2025. “Audiovizual Şura ötən il açıq yayımlanan ümumölkə yerüstü televiziya proqramlarının janr üzrə statistikasını təhlil edib.” Xalq qəzeti, 5 fevral 2025. https://xalqqazeti.az/az/sosial-heyat/213405-audiovizual-sura-oten-aciq-yayimlanan.
Yeniçağ. 2020. “KİVDF qəzetlərin maliyyələşməsi ilə bağlı müsabiqə elan etdi — ŞƏRTLƏR.” Yeniçağ.az, 2020.https://yenicag.az/kivdf-qezetlerin-maliyyelesmesi-ile-bagli-musabiqe-elan-etdi-sertler.