Research paper

Azərbaycan avtoritarizmində siyasi qeyri-müəyyənlik və zamanın idarə olunması

Azərbaycan avtoritarizmində siyasi qeyri-müəyyənlik və zamanın idarə olunması



(Yazı “Khar Center”  tərəfindən Azərbaycan avtoritarizmi araşdırmaları çərçivəsində hazırlanıb)

Giriş

Siyasi ədəbiyyatda avtoritar rejimlərin uzunömürlülüyü əsasən resursların paylanması, repressiya mexanizmləri, media üzərində nəzarət və institusional manipulyasiyalar müstəvisində öyrənilir. Lakin avtoritarizmin araşdırılmasında zamanın idarə olunması və siyasi məchulluq strategiyası diqqətdən kənarda qalır.

Demokratik sistemlərdə siyasi proseslər əsasən proqnozlaşdırıla bilən və öncədən bəlli təqvim çərçivəsində fəaliyyət göstərir. Seçki müddətləri konstitusiya ilə müəyyən edilir, növbədənkənar seçkilər isə  ictimai legitimlikdən doğaraq parlamentdə qızğın müzakirə nəticəsində təyin edilir. Qanunvericilik prosesləri ictimai debatlar da daxil olmaqla prosedural ardıcıllıqla gedir, hüquqi qərarlar isə bəlli təqvimlərə əsaslanır. Bu proqnozlaşdırıla bilənlik ("predictability") cəmiyyətə, müxalifətə və iqtisadi subyektlərə uzunmüddətli planlar qurmaq imkanı verir. Azərbaycan kimi hegemon avtoritar ölkələrdə isə siyasi təqvim proqnozlaşdırılan axın olmaqdan çıxaraq hakim elitaya xidmət edən çevik alət rolunu oynayır.

Strateji zaman qeyri-müəyyənliyi (Strategic Temporal Uncertainty) avtoritar hakimiyyətlərin mühüm siyasi, hüquqi və makroiqtisadi qərarları cəmiyyətə və alternativ siyasi aktorlara öncədən heç bir siqnal vermədən, qəfil və gözlənilmədən qəbul etmə strategiyasıdır.

KHAR Centerin bu tədqiqatı Azərbaycan nümunəsində hakimiyyətin seçkilər, amnistiyalar/əfvlər, həbslər/azad etmələr və qanunvericilik dəyişiklikləri zamanı siyasi qeyri-müəyyənliyi necə effektli silah kimi istifadə etməsini araşdırır. Tədqiqatın məqsədi "Hakimiyyət niyə bütün mühüm qərarları gözlənilmədən verir?" sualına daxili legitimlik, rəqiblərin resurslarının tükəndirilməsi və elitadaxili balansın qorunması prizmasından cavab tapmaqdır.

Nəzəri çərçivə

Siyasi nəzəriyyələrdə avtoritar rejimlərin cəmiyyəti və müxalifəti demobilizasiya etmək üçün müxtəlif resurslardan istifadə etdiyi qeyd olunur. Zamanın idarə edilməsi kontekstində bu, üç əsas model vasitəsilə izah edilə bilər:

Gözlənilməzlik

Demokratiya institutların qaydalar əsasında işlədiyi sistemdirsə, avtoritarizmdə institutlar fərdlərin (və ya vahid idarəetmə mərkəzinin) iradəsinə tabe etdirilir. Zamanın manipulyasiyası institusional yaddaşı və qaydaların proqnozlaşdırıla bilənliyini sıradan çıxarır (Geddes. B, 2018). Qərarların qəfil verilməsi cəmiyyətdə belə bir qavrayış yaradır: Qaydalar boş şeydir, vacib olan rəhbərin iradəsidir. Bu, dövlət aparatını rasionallaşmaqdan uzaqlaşdırır və onu tamamilə qərar qəbul edən vahid mərkəzin (və ya tək adamın) məchul diktəsinə uyğunlaşdırır.

Müxalifətin asimmetrik informasiya tələsinə salınması

Siyasi oyunlar nəzəriyyəsi  prizmasından baxdıqda, siyasət informasiya və resurs müharibəsidir. Rejim qərarların vaxtını məchullaşdırmaqla informasiya asimmetriyası yaradır. Alternativ qüvvələr hakimiyyətin atacağı addımların zamanlamasını müəyyən etməkdən məhrum buraxıldığı üçün baş verən hadisələrə "reaktiv" mövqe göstərməyə məhkum qalır (Gehlbach. S, Sonin. K, & Svolik M. W, 2016). Onlar heç vaxt "proaktiv" (təşəbbüs göstərən) strateji plan qura bilmirlər, çünki plan qurduqları zaman çərçivəsi rejimin qəfil addımı ilə sıfırlanır.

"Öyrənilmiş çarəsizlik" (Learned helplessness) rejimində, daimi qeyri-müəyyənlik şəraitində  yaşayan cəmiyyətlərdə uzunmüddətli planlaşdırma instinkti ölür. Fərdlər sabah nə baş verəcəyini (məsələn, devalvasiya olub-olmayacağını, qanunların sərtləşəcəyini, seçkilərin önə çəkiləcəyini) proqnozlaşdıra bilmədikdə, siyasi və iqtisadi proseslərdən təcrid olunmağa üstünlük verirlər. Zamanın qeyri-müəyyənliyi cəmiyyəti yorur, apatiyaya (laqeydliyə) sürükləyir və onu asan idarə olunan kütləyə çevirir (Jack Glaser, Arie W. Kruglanski, Frank J. Sulloway, 2003).


Rejim niyə seçki zamanını qəfil dəyişir?

2018-ci il prezident seçkiləri, 2020 və 2024-cü il parlament, 2024-cü ilin fevralında keçirilən növbədənkənar prezident seçkiləri tendensiyanın təsadüf olmadığını, Azərbaycanda seçkilərin  növbədənkənar keçirilməsinin artıq siyasi normaya çevrildiyini göstərir.

Siyasi partiyaların seçkiyə hazırlaşması üçün zamanın həlledici məfhum olması mübahisəsizdir. Maliyyə resurslarının toplanması, namizədlərin müəyyənləşməsi, seçki platformasının hazırlanması və təşkilati strukturun mobilizasiyası aylar, bəzən illər tələb edir. Seçki tarixinin qəfil önə çəkilməsi və süni zaman defisiti partiyaları çıxılmaz vəziyyətə salır (OSCE/ODIHR, 2024; Freedom House, 2024). Alternativ qüvvələr ya seçkini boykot etmək məcburiyyətində qalır, ya da prosesə təbliğat/təşviqat imkanlarından məhrum şəkildə tamamilə hazırlıqsız qoşularaq nəticələri onsuzda saxtalaşdırılan seçkinin dekorasiyasına çevrilir.

Hökumət atacağı qəfil addım üçün bürokratik şəbəkə vasitəsilə keçirdiyi qapalı sorğular və xüsusi xidmət orqanlarının məlumatları əsasında cəmiyyətdəki ən əlverişli dövrü müəyyən edir. Məsələn, 2024-cü il prezident seçkiləri Xankəndi üzərində suverenliyin tam bərpasından həmən sonra, "zəfər eyforiyası" dalğasında, heç bir ictimai müzakirə olmadan qəfil elan edildi (Thomas de Waal, 2024). Gözlənilmədən verilən bu qərar potensial sosial narazılıqların və ya iqtisadi çətinliklərin gələcəkdə yarada biləcəyi riskləri önləmək üçün qabaqlayıcı addım idi.

Növbədənkənar seçki qərarları, həm də beynəlxalq qurumların (ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu kimi) uzunmüddətli müşahidə missiyalarını tam həcmdə və effektli təşkil etməsinə mane olur. Logistik prosedurlar sıxışdırıldığı üçün beynəlxalq hesabatların kəsərliyi azalır (ODIHR, 2024).

Amnistiyalar və əfv sərəncamları – mərhəmətin qeyri-rəsmi təqvimi

Azərbaycanda əfv sərəncamları və amnistiya aktları prezidentin şəxsi düşüncəsinə əsasən gözlənilmədən həyata keçirilir. Bu durumda parlament yalnız notarial funksiyanı icra edir. Əfv sərəncamlarının və amnistiya aktlarının nə zaman veriləcəyinin əvvəlcədən bilinməməsi cəmiyyətdə və məhbus ailələrində daimi "gözləmə və ümid" vəziyyəti yaradır. 

Belə davranışın arxasında psixoloji aspekt dayanır. İnsanların təbii haqqı olan azadlığın dövlət başçısının lütfü kimi təqdimatı "Mərhəmətli monarx" arxetipini formalaşdırır (J. Linz Rienner, 2000). 

Siyasi məhbusların azadlığa buraxılması əsasən Azərbaycanın Qərb təsisatları (məsələn, Avropa Şurası və ABŞ Dövlət Departamenti) ilə əməkdaşlıq ehtiyacının yarandığı strateji anlara təsadüf edir. Qərarın gözlənilmədən verilməsi rejimin bu metoddan beynəlxalq təzyiqləri azaltmaq və ya diplomatik güzəştlər əldə etmək məqsədilə siyasi alver vasitəsi kimi yararlandığını ortaya qoyur (Freedom House, 2017).

Bundan əlavə, daxili siyasi gərginlik artdıqda sürpriz əfv sərəncamı verərək rejim ictimai diqqəti tamamilə fərqli istiqamətə yönləndirir. Eyni zamanda, kimin nə vaxt azad olacağını naməlum saxlayaraq həbsdə olan müxaliflərin və onların ailələrinin dolayı loyal davranışını təlqin edir.

Həbslər və azad etmələr – cəza mexanizminin məchul ritmi

Avtoritar rejimlərdə repressiya həm də zamanlama sənətidir. Azərbaycanda fəalların jurnalistlərin və siyasətçilərin həbs olunması prosesi demək olar ki, həmişə gözlənilmədən və xüsusi zaman kəsiyində, həftənin son iş günü, gecə saatlarında baş verir (Human Rights Watch, 2024).

Bu strategiyanın əsas fəlsəfəsi etiraz qruplarının hər hansı fəaliyyətə "başlamazdan öncə" zərərsizləşdirilməsi və ictimai xofu canlı tutmaqdır. Həbslərin qəfil tətbiqi ictimai fəalların müdafiə mexanizmlərini (vəkillərin cəlb edilməsi, media kampaniyasının qurulması) iflic edir.

Qanunvericilik dəyişiklikləri – hüquqi qeyri-müəyyənliyin funksiyaları 

Qanunların qəbulu və dəyişdirilməsi prosesi normal şərtlərdə uzunmüddətli komitə müzakirələri, ekspert rəyləri və ictimai dinləmələrdən keçməlidir. Bu, Azərbaycan qanunvericiliyinin qəti tələbidir ("Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanunu, 2010). Lakin Azərbaycanın qanunyaradıcılığı praktikasında mühüm və fundamental qanunlar (məsələn, "Media haqqında", "Siyasi partiyalar haqqında" qanun, QHT qanunvericiliyinə məhdudlaşdırıcı düzəlişlər) qəfil gündəmə gətirilir və Milli Məclis tərəfindən sürətlə ("fast-track") təsdiqlənir.

  1. Məhdudlaşdırıcı qanun layihəsinin mətni və parlamentə təqdim olunma vaxtı son ana qədər gizli saxlanılırsa, vətəndaş cəmiyyəti və müstəqil ekspertlər bu qanunun gətirəcəyi təhlükələri təhlil edib əks-arqumentlər hazırlaya, cəmiyyəti qanunun mürtəceliyinə səfərbər edə bilmirlər. Qanun qüvvəyə mindikdən sonrakı tənqidlər isə cəmiyyətdə dəyişiklik ümidi verə bilmir. Artıq hər şey gec olur.
  2. Qanunların qəfil dəyişməsi siyasi aktoru bir gecədə "qanundankənar" vəziyyətə salır. Məsələn, “Siyasi Partiyalar haqqında” qanunun qəbulundan sonra partiyaların qeydiyyatı üçün tələb olunan üzv sayının qəfil artırılması və qısa vaxt kəsiyində reyestrin yenilənməsi tələbi bir çox siyasi partiyanın qanuni statusunu itirməsi və ya fəaliyyətini dayandırması ilə nəticələndi (Venice Commission and OSCE/ODIHR, 2023).

Qanunların sürətlə və qeyri-şəffaf şəkildə dəyişdirilməsi hüququn hamı üçün bərabər tətbiqini aradan qaldırır. Hakimiyyət bu qeyri-müəyyənlikdən istifadə edərək eyni qanun pozuntusuna görə loyal subyektlərə toxunmur, lakin müxalif subyektləri dərhal cəzalandırır.

Vaxt qeyri-müəyyənliyi niyə avtoritarizmin effektiv alətidir?

Bütün bu sahələri ümumiləşdirdikdə, zaman məchulluğu (temporal ambiguity) strategiyasının arxasında rasional, sistemli və funksional idarəetmə məntiqi dayanır (Emerald Publishing, 2025). Bu mexanizm dörd fundamental sütun üzərində fəaliyyət göstərir:

Rəqibləri daim reaktiv mövqedə saxlamaq

Siyasi mübarizədə əsas üstünlük məhz təşəbbüsü əldə saxlamaqdır. Rejim zamanı idarə etməklə müxalifəti daimi strateji müdafiə mövqeyinə qoyur. Müxalifət heç vaxt öz gündəmini formalaşdıra bilmir; o, sadəcə rejimin atdığı qəfil addımlara (qəfil seçki, qəfil həbs, qəfil qanun) reaksiya verməyə çalışır. Bu isə resursların dağınıq və səmərəsiz xərclənməsinə — tükənməsinə səbəb olur.

Kütləvi apatiya və mobilizasiya blokadası

Kütləvi etirazların və ya ictimai hərəkatların uğuru zamanın koordinasiyasından asılıdır. İnsanların eyni vaxtda, eyni məqsəd üçün küçəyə çıxması və ya kampaniya aparması üçün müəyyən hazırlıq mərhələsi lazımdır. Rejim qərarları qəfil verməklə bu koordinasiya pəncərəsini bağlayır. İnsanlar reaksiyaya fürsət tapmamış proses bitmiş olur, bu da zamanla cəmiyyətdə "onsuz da heç nəyi dəyişə bilmirik" hissini – yəni siyasi apatiyanı dərinləşdirir (Tsebelis, G. 1990).

Elita daxili intizamın qorunması

Zamanın qeyri-müəyyənliyi  müxalifət və cəmiyyətlə yanaşı, həm də hakim elitaya qarşı da yönəlmiş silahdır. Hakimiyyətin yuxarı eşalonundakı şəxslərin və ya icra başçılarının korrupsiya ittihamı ilə həbsi elita daxilində heç kimin özünü tam təhlükəsizlikdə hiss etməməsini şərtləndirir. Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyatların  seyflərdən çıxarılan nağd pulların müşayiəti ilə televiziyada göstərilməsi, yalnız cəmiyyətə deyil, eyni zamanda bürokratik struktura da ünvanlanmış xəbərdarlıqdır. Bir gecə əvvəl toxunulmaz sayılan yüksək vəzifəli məmurun gecəliknən qandallanması idarəetmə sistemindəki bütün karyera təminatlarını birdən-birə puç edir. Bu, rejimin qəfil zaman strategiyasının bürokratik sistemi necə köləyə çevirdiyinin bariz nümunəsidir. Əgər hər hansı məmur vəzifədən nə vaxt çıxarılacağını və ya cəzalandırılacağını öncədən bilsəydi, o, elita daxili koalisiyalar qura və ya rejimə qarşı gizli müqavimət formalaşdıra bilərdi. Məhz belə qəfil qərarlar bürokratiyanı mərkəzi hakimiyyətə münasibətdə mütləq itaətdə saxlayır.

Vətəndaşın hüquqi təhlükəsizlik hissinin pozulması

Bir cəmiyyətdə hüquqi sabitlik yoxdursa, vətəndaş sabah hansı mülkiyyət hüququnun pozulacağını, hansı biznes fəaliyyətinin qadağan olunacağını bilmirsə, o, dövlətlə münasibətlərdə tamamilə asılı vəziyyətə düşür. Bu asılılıq avtoritar idarəetmənin əsas qidalanma mənbəyidir. 

Digər avtoritar rejimlərdə temporal strategiyalar

Bu bölmədə Azərbaycan nümunəsindəki praktikaların unikal olmadığını, zaman manipulyasiyasının qlobal avtoritarizmin fundamental xüsusiyyəti olduğunu göstərməyə çalışacağıq. Yəni nümunələrlə sübut edəcəyik ki, Azərbaycan avtoritarizmində müşahidə olunan strateji zaman qeyri-müəyyənliyi regional və ya istisna fenomen deyil. Post-sovet məkanından tutmuş Latın Amerikası və Cənub-Şərqi Asiyaya qədər müasir avtoritar praktikalar və bir çox hibrid rejimlər zamandan bənzər üsullarla yararlanırlar. Biz də Azərbaycanı bənzər hegemon avtokratiyalar olan Rusiya, Venesuela və Belarus kimi rejimlərlə müqayisə edərək temporal strategiyaların universal məntiqini anlamağı sadələşdirəcəyik.

Rusiya Federasiyası: Hüquqi qeyri-müəyyənlik və sürətli qanunvericilik ("Fast-track Legislation")

Azərbaycanda siyasi mahiyyətli (siyasi partiyalar, media haqqında qanunlarda olduğu kimi) qanunların qəbulu zamanı tətbiq olunan "qəfil və sürətli" mexanizmi Rusiya siyasi sisteminin "hüquqi sürpriz" taktikasının tamamilə eynisidir (Jennifer Gandhi, Ben Noble, 2020).

Rusiya Dövlət Duması geosiyasi böhranların dərinləşdiyi dönəmlərdə "xarici agentlər", internet üzərində nəzarət və etiraz aksiyalarının məhdudlaşdırılması ilə bağlı qanun layihələrini bir neçə gün, bəzən isə bir gecədə qəbul edir (Gelman, V. 2019). Bu, Rusiyada da Azərbaycandakı kimi qanunun proqnozlaşdırıla bilənliyinin aradan qaldırılması nümunəsini ortaya qoyur. Hər iki rejimdə qanunvericilik prosesinin temporal sürətləndirilməsi müstəqil subyektləri (QHT-lər, media, hüquq müdafiəçiləri) qeyri-müəyyən şəraitdə saxlayaraq onları hər an "qanun pozucusu" elan edilmə təhlükəsi ilə üz-üzə qoyur.

Venesuela (Nikolas Maduro rejimi): Seçki təqvimi ilə manipulyasiya

Əliyev avtoritarizminin 2018, 2020 və 2024-cü illərdə tətbiq etdiyi və artıq normaya çevirdiyi növbədənkənar seçki taktikası Venesuelanın Çavista rejiminin ən çox müraciət etdiyi metodlardan biri idi.

Venesuelada 2018-ci il prezident seçkiləri  təqvimə görə ilin sonunda keçirilməli idi, lakin hakimiyyətin tam nəzarəti altında olan Milli Təsis Məclisi seçkiləri qəflətən may ayına çəkdi (Holly K. Sonneland, 2018).  Bu səbəbdən müxalifət koalisiyası daxili praymerizləri tamamlamağa və vahid namizədi müəyyən etməyə vaxt tapmadı. Yəni Venesuela rejimi də Əliyevlər rejimi kimi zamanı qəfil daraltmaqla müxalifəti iflic vəziyyətinə saldı. Nəticədə müxalifət ya hazırlıqsız şəkildə seçkiyə daxil olub məğlubiyyəti qəbul etməli, ya da seçkini boykot edərək oyundan kənar qalmalı oldu. Hər iki halda rejim özünün zaman üstünlüyünü qələbəyə çevirdi.

Belarus: "Xaos İdarəçiliyi" və elita üzərində temporal təzyiq

Lukaşenko rejimi  yuxarı elitanın və orta bürokratiyanın daimi itaətini təmin etmək üçün məmurlara qarşı repressiya və vəzifədən kənarlaşdırma metodunun  qəfil tətbiqindən intensiv istifadə edir.

Belarusda nazirlər və regional  rəhbərlər  çox vaxt canlı yayımlanan iclaslarda vəzifədən kənarlaşdırılır və ya yerindəcə həbs olunur (Astapenia, Ryhor, 2025).

Bu metod Azərbaycanda icra başçılarının və ya nazirlərin "korrupsiya" ittihamı ilə kabinetində həbsi ssenarisi formasında təkrarlanır. Sabit karyera təqviminin olmaması Belarusda da, Azərbaycanda da bürokratiyanın mərkəzi iradəyə qarşı alternativ koalisiyalar qurma ehtimalını sıfıra endirir. Məmur öz gələcəyini bilmədiyi üçün daimi təşviş içində yaşayır.

Cədvəldəki müqayisəli analiz göstərir ki, idarəetmədə qeyri-müəyyənlik metodundan intensiv istifadə strategiyası avtoritar rejimlərin repressiya və rentanın paylanması qədər vacib üçüncü sütunudur. Azərbaycan hakimiyyəti bu qlobal avtoritar metodologiyanı yerli siyasi konyunktura  uyğunlaşdıraraq temporal qeyri-müəyyənliyi özünün əsas dayağına çevirib.

Nəticə

Bu tədqiqatda "Hakimiyyət niyə mühüm qərarları gözlənilmədən qəbul edir?" sualına cavab axtararkən əldə edilən əsas nəticə, hegemonik avtoritar sistemlərdə zamanın qeyri-müəyyənliyinin asimmetrik güc vasitəsinə çevrilməsinin təfsilati izahıdır. Azərbaycan nümunəsi göstərir ki, avtoritar rejimlərdə qərarların gözlənilmədən verilməsi idarəetmə qüsuru və ya xaotik idarəçilik əlaməti deyil. Əksinə, bu, dövlət institutlarının rasionallığını zəiflətmək, alternativ siyasi aktoru iflic etmək və cəmiyyətin iradəsini sındırmaq üçün dizayn edilmiş praqmatik və sistemli idarəetmə texnologiyasıdır. Rejim növbədənkənar seçki taktikası ilə müxalifətin resurslarını tükəndirir; əfv və amnistiya aktlarının tarixini gizli saxlamaqla "Mərhəmətli Monarx" imicini yaratmağa çalışır. Qeyri iş saatlarında, qəfil həbslərlə cəmiyyətdə xofu artırır.  Sürətli ("fast-track") qanunvericilik dəyişiklikləri ilə ictimaİ-siyasi aktorları bir gecədə qanundan kənar vəziyyətə salır. Eyni zamanda,  elita arasında daim narahatlıq atmosferi yaradır. 

Tədqiqat göstərir ki, Azərbaycanın siyasi-ictimai təşkilatları, bütövlükdə cəmiyyət rejimin müəyyən etdiyi temporal tələlərdən çıxmaq üçün ilk növbədə özünün daxili zaman təqvimini qurmalı, qısamüddətli reaktiv reaksiyalardan uzunmüddətli, strateji və rejimin qəfil addımlarına qarşı dayanıqlı olan institusional strukturların inşasına keçməlidir. Əks halda, avtoritarizmin idarə etdiyi siyasi məchulluq cəmiyyəti alternativ gələcək axtarışlarını daim təxirə salmağa sövq edəcəkdir.


Qeyd: Oxuduğunuz yazı orijinal olaraq Azərbaycan dilində yazılmışdır.


İstinadlar

Geddes. B, 2018. How Dictatorships Work. https://assets.cambridge.org/97811071/15828/frontmatter/9781107115828_frontmatter.pdf

Gehlbach, S., Sonin, K., & Svolik, M. W., 2016. Formal Models of Nondemocratic Politics. https://spaces-cdn.owlstown.com/blobs/5vcion1s88e45akxiid00m657av3 

Jack Glaser, Arie W. Kruglanski, Frank J. Sulloway, 2003. Political Conservatism as Motivated Social Cognition. https://gspp.berkeley.edu/archived/files/research/pdf/jost.glaser.political-conservatism-as-motivated-social-cog.pdf 

OSCE Office for Democratic Institutions and Human Rights (ODIHR). 2025. Republic of Azerbaijan: Early Parliamentary Elections, 1 September 2024: ODIHR Election Observation Mission Final Report. Warsaw: OSCE Office for Democratic Institutions and Human Rights. https://odihr.osce.org/sites/default/files/f/documents/3/f/586290_0.pdf

Freedom House. 2024. "Azerbaijan." Nations in Transit 2024. Washington, DC: Freedom House. https://freedomhouse.org/country/azerbaijan/nations-transit/2024

Thomas de Waal, 2024.Armenia and Azerbaijan: A Fragile Peace Process. https://carnegieendowment.org/europe/strategic-europe/2024/09/armenia-and-azerbaijan-a-fragile-peace-process 

ODIHR, 2024. ODIHR Election Observation Mission Final Report. https://odihr.osce.org/sites/default/files/f/documents/0/6/586281_0.pdf 

J. Linz RIENNER, 2000. TOTALITARIAN and AUTHORITARIAN REGIMES. https://www.rexresearch1.com/TotalitarianismLibrary/TotalitarianAuthoritarianRegimesLinz.pdf 

Freedom House, 2017 - Nations in Transit: Azerbaijan Report. https://freedomhouse.org/country/azerbaijan/nations-transit/2017 

Human Rights Watch, 2024. Azerbaijan Events of 2024. https://www.hrw.org/world-report/2025/country-chapters/azerbaijan 

"Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanunu, 2010. https://e-qanun.az/framework/21300 

Venice Commission and OSCE/ODIHR, 2023. Azerbaijan: Joint Opinion on the Law on Political Parties. https://odihr.osce.org/odihr/elections/azerbaijan/543922 

Emerald Publishing, 2025. Strategic ambiguity: a systematic review, a typology and a dynamic capability view. https://www.emerald.com/md/article/63/13/123/1267679/Strategic-ambiguity-a-systematic-review-a-typology 

Tsebelis, G. 1990. Nested Games: Rational Choice in Comparative Politics. https://books.google.cz/books?hl=en&lr=&id=UDMtsxsvKIEC&oi=fnd&pg=PP13&dq=Tsebelis,+G.+(1990).+Nested+Games:+Rational+Choice+in+Comparative+Politics.pdf&ots=ZfciHhAj5K&sig=fxFTVy5MBzLPv4YXSI6gMQgoEV0&redir_esc=y#v=onepage&q&f=false 

Jennifer Gandhi, Ben Noble, 2020. Legislatures and Legislative Politics Without Democracy. https://journals.sagepub.com/doi/10.1177/0010414020919930 

Gel'man, V, 2015. Authoritarian Russia: Analyzing Post-Soviet Regime Changes. https://upittpress.org/books/9780822963684/ 

Holly K. Sonneland, 2018. What Is Happening with Venezuela's Presidential Election?. https://www.as-coa.org/articles/update-what-happening-venezuelas-presidential-election 

Astapenia, Ryhor, 2025. Belarusian Elites after Lukashenka. https://www.research-collection.ethz.ch/server/api/core/bitstreams/0ccc23af-960f-4988-9e13-f12220c76ba9/content 

Bell icon

Ən son yeniliklərdən xəbərdar olmaq üçün bülletenimizə abunə olun

Etibarlı e-poçt ünvanı təqdim edin