Giriş
Bu qısa siyasət sənədi, dezinformasiyanın faktlara qalib gəldiyi bir mühitdə getdikcə daha narahatedici hal alan tendensiyanı araşdırır. Rusiya yönümlü və Qərb əleyhinə narrativ vasitələri, media strategiyalarını və diskursları işıqlandıraraq, Cənub-Şərqi Avropada baş verən son siyasi gedişatların dəqiq təhlilinə əsaslanan real və effektiv həll yollarını ortaya qoyur. Nəticə olaraq, KHAR Center-in təqdim etdiyi bu siyasət sənədi Kreml tərəfindən yönəldilən və regionun Avro-Atlantik inteqrasiyasını hədəf alan propaqandaya qarşı struktural və nisbi siyasət tövsiyyələri təqdim edir.
Güman ki, ideoloji baxımdan qütbləşmiş dünya gücləri arasında baş verən Soyuq Müharibənin sona çatmasından və ideoloji propaqandanın kütlələri istiqamətləndirmək və idarə etmək üçün legitim vasitə hesab olunduğu dövrdən sonra, propaqanda yenidən illiberal və ya demokratik geriləməyə uğramış demokratiyaların və avtoritar rejimlərin fəaliyyət üsuluna çevrilmişdir. Lakin, tarixin hazırkı mərhələsində propaqanda artıq əvvəlki formada istifadə olunmur. Dezinformasiya, çaşdırıcı məlumatlar və sosial-siyasi miflərlə müşayiət olunan propaqanda yeni formalar və strukturlar qazanmışdır. Əvvəllər əksəriyyət onu totalitar liderlərin alovlu çıxışları və ya əsassız bəyanatları ilə əlaqələndirirdisə, müasir propaqanda və mis(dis)informasiya tendensiyaları üzərində aparılan tədqiqatlar sübut edir ki, propaqanda əslində faktlara əsaslana bilər. Lakin bu faktlar müəyyən emosional və ictimai reaksiyalar doğuracaq şəkildə təqdim olunur. (“Guides: Evaluating Information: Propaganda, Misinformation, Disinformation,” n.d.). Əlavə olaraq, propaqanda Oxford English Dictionary-də təsvir olunduğu kimi, müəyyən məqsəd və ya baxış bucağını irəli sürmək üçün qərəzli və yanıldıcı məlumatların sistemli şəkildə yayılması kimi də konseptuallaşdırıla bilər (“Propaganda | Oxford English Dictionary,” n.d.).
Bu sənədin məzmununun aydınlığı üçün onu da qeyd etmək yerinə düşər ki, “propaqanda” burada çaşdırıcı məlumat, dezinformasiya, faktların manipulyasiyası və sosial-siyasi mifləri ehtiva edən ümumi anlayış kimi istifadə olunur.
Xüsusilə Aİ-yə üzvlük məsələsində ortaya çıxan anti-Qərb propaqandasının araşdırılmasına yönəlmiş bu siyasət sənədi, Kremlin dəstəklədiyi propaqanda və dezinformasiyanı təhlil etməyi, Cənub-Şərqi Avropada hazırda və əvvəllər istifadə olunan Rusiya yönümlü və Qərb əleyhinə narrativ vasitələri, media strategiyalarını və diskursları araşdırmağı hədəfləyir. Aİ-nin nüfuzunun Cənub-Şərqi Avropada müxtəlif meyarlara görə orta və yüksək səviyyədə qalmasına baxmayaraq, unipolyar və ya uni-multipolyar dünya nizamının zəifləməsi və ABŞ-ın vətəndaş cəmiyyəti və medianı dəstəkləmək siyasətində baş verən kəskin dəyişikliklər, regionun informasiya mühitini Rusiya tərəfindən yayılan propaqandaya qarşı daha həssas edə bilər. (“USA: Trump’s Foreign Aid Freeze Throws Journalism Around the World Into Chaos”, 2025)
Bu səbəbdən, bu siyasət sənədində Cənub-Şərqi Avropa ölkələrinin Aİ-yə üzvlüyü ilə bağlı ictimai rəyə təsir edən Kreml mərkəzli propaqandanın xüsusiyyətlərini qısa və konkret şəkildə araşdırmaq və müvafiq, həll yönümlü tövsiyələr təqdim etmək niyyətindəyik.
Rusiya Propaqandasının Cənub-Şərqi Avropa Ölkələrinə Təsiri

Rusiyanın regionda açıq-aşkar görünən strateji maraqlarından biri Cənub-Şərqi Avropa ölkələrinin Avropa İttifaqı (Aİ) və NATO-ya üzvlüyünün qarşısını almaqdır. (Salvo & de Leon 2018) Bu maraq, iddialara görə, 2017-ci ildə Monteneqroda baş vermiş və ölkənin NATO-ya daxil olmasının qarşısını almağa yönəlmiş dövlət çevrilişi cəhdi ilə özünün ən bariz formasını almışdır. (BBC News 2019) (Salvo & de Leon, 2018) Həmin çevriliş uğursuz olsa da və Monteneqro alyansa qoşulsa da, Kreml bu regionda Aİ və NATO ilə əhatəli inteqrasiyanı qəbul etməyə meylli olmadığı açıq şəkildə göstərmişdir. (Salvo & de Leon 2018) Rusiyanın Qərb əleyhinə strategiyaları Qərbi Balkanlarda dörd əsas kateqoriyaya bölünə bilər:
(i) Pro-Kreml və Qərb əleyhinə ideyaların yayılması üçün medianın istifadəsi;
(ii) Regionda yarımhərbi dəstələrin dəstəklənməsi;
(iii) Qərbə qarşı sərt mövqe tutan siyasətçilərin və siyasi təşkilatların (həm sol, həm də sağ yönümlü) dəstəklənməsi;
(iv) İqtisadi əlaqələrdən siyasi təzyiq aləti kimi istifadə edilməsi.
Buna görə də, Moskva illər ərzində bu məqsədə çatmaq üçün qaz təchizatını, aqrar və ərzaq məhsullarının ixracını dayandırmaq, kazak yarımhərbi dəstələri yerləşdirmək, çevriliş cəhdində iştirak etmək, dezinformasiya kampaniyaları aparmaq, millətçi hərəkat və təşkilatlara dəstək vermək kimi müxtəlif taktikalardan istifadə etmişdir (Secrieru 2019). Bu siyasət sənədinin kontekstində biz əsas diqqəti Moskva rəhbərliyində həyata keçirilən müdaxilələrin propaqanda və dezinformasiya aspektlərinə yönəldirik.
Ümumilikdə qeyd olunmalıdır ki, Rusiyanın Qərb əleyhinə propaqandası həm yuxarıdan-aşağıya (top-down), həm də aşağıdan-yuxarıya (bottom-up) formatlarında həyata keçirilir. Kreml bir tərəfdən Qərb əleyhinə hökumətlər və partiyalarla formal ittifaqlar yaratmaq üçün razılaşmalar imzaladığı, digər tərəfdən isə trol şəbəkələri yaratdığı, mənşəyi bilinməyən "tədqiqatları" yaydığı, sosial media kampaniyaları təşkil etdiyi müşahidə olunur. Faktlarla fikirlər arasındakı sərhədləri bulanıqlaşdıraraq, Rusiya propaqanda yaymaqdadır. Belə ki, yayılan mənşəyi bilinməyən “tədqiqat” məqalələrinə pro-Kreml media orqanlarında və sosial şəbəkə paylaşımlarında istinad edilir və əksinə. (Metodieva 2019)
Yuxarıdan-aşağıya yanaşmanın nümunəsi kimi, 2016-cı ildə Putinin “Vahid Rusiya” partiyası ilə Cənub-Şərqi Avropadakı NATO əleyhinə partiyalar arasında imzalanmış “hərbi neytrallıq” barədə rəsmi razılaşmanı, eləcə də “Sputnik” media orqanının fəaliyyətə başlamasını göstərmək olar. Bu media platforması Qərb institutlarının uğursuzluqlarına qeyri-proporsional və seçməli şəkildə fokuslanır, slavyan qardaşlığını romantikləşdirir, Putini qəhrəmanlaşdırır və Bosniyalılar arasında “İslamçı ekstremizm” və ya Kosovo, Albaniya və Şimali Makedoniyanın bəzi ərazilərində ortaya çıxmış “Böyük Albaniya” kimi münaqişə doğuran narrativləri yayır. (Karcic 2022) Faktların yoxlanılması üzrə media qurumu olan raskrinkavanje.ba-nın apardığı araşdırmaya görə, Sputnik Serbiyanın fəaliyyətinin ilk ili ərzində 16 məqalədə 36 dezinformasiya nümunəsi aşkarlanmış, 100-dən çox məqalədə isə Bosniya və Herseqovinanın serb lideri Milorad Dodikə qarşı müsbət qərəz müşahidə olunmuşdur. (Karcic 2022)
Ümumiyyətlə, Rusiyanın Balkanlarda ictimai rəyi manipulyasiya etməkdə nə dərəcədə istəkli və bacarıqlı olduğunu göstərən üç əsas hadisə və ya tendensiyanı qeyd etmək olar:
Birinci hadisə, 2018-ci ilin sentyabrında Şimali Makedoniyada Yunanıstanla imzalanmış Prespa Sazişinin şərti kimi keçirilmiş referendumdur. Bu referendum ölkənin adının dəyişdirilməsi və NATO-ya üzvlük yolunun açılması üçün həlledici idi, çünki Yunanıstanla davam edən münaqişə bu prosesi əngəlləyirdi. Referendumda iştirak edənlərin 92 %-i lehinə səs verməsinə baxmayaraq, seçicilərin yalnız üçdə biri səsvermədə iştirak etmişdi. Bu isə genişmiqyaslı boykot kampaniyasının nəticəsi idi. “Birləşmiş Makedoniya Partiyası”, pro-Rusiya təşkilat və qruplar boykotu dəstəkləmiş, bunu milli maraqlardan sapma və “xəyanət” adlandırmışdılar. Səsvermədən əvvəlki dövrdə yüzlərlə avtomatlaşdırılmış bot, troll, anonim xəbər saytı və sosial media səhifələri Qərb və NATO əleyhinə mesajlar yaymış, Rusiya rəsmiləri isə Makedoniyanın NATO-ya daxil olması halında yeni potensial münaqişələrin yaranacağı barədə xəbərdarlıq etmişdilər. (Metodieva 2019)
İkinci tendensiya, Rusiyanın Serbiyada, xüsusilə də Kosovo məsələsi ilə bağlı siyasi və media sahəsində mövcudluğudur. Rusiya Serbiya media məkanını Balkanlarda dayaq nöqtəsinə çevirmiş, ölkənin enerji və media sektorlarına böyük sərmayələr yatırmışdır. Rusiya tərəfindən dəstəklənən media orqanları vasitəsilə keçmiş Yuqoslaviya ölkələrinə ünvanlanan pro-Rusiya və Qərb əleyhinə mesajlar dövriyyəyə buraxılır. (Metodieva 2019)
Üçüncü tendensiya, Rusiyanın Bosniya və Herseqovinada yerləşən Respublika Serpskanın prezidenti Milorad Dodikə verdiyi qəti və fasiləsiz dəstəkdir. Respublika Serpskada yüksələn millətçilik, Bosniya və Herseqovinanın Avropaya inteqrasiyasını ciddi şəkildə əngəllədiyi üçün, Rusiya Dodikin hökumətini davamlı olaraq dəstəkləyir. Bu məqsədlə Rusiya həm yerli medianı, həm də Serbiyanın media məkanını Qərb və NATO əleyhinə narrativləri yaymaq üçün istifadə edir. (Metodieva 2019)
Popaqandaya Qarşı Mübarizə: Siyasət Tövsiyələri
Bölgədə milli iqtisadiyyatların Aİ-yə inteqrasiyası ilə bağlı ictimai rəy ümumilikdə qənaətbəxşdir – altı ölkədən respondentlərin 85%-i Aİ-yə üzvlüyün iqtisadi baxımdan müsbət bir hal olduğu qənaətindədir (Diaqram 1.). Lakin regionun media mühitindəki zəiflikləri bizi ehtiyatlı olmağa vadar etməlidir. Regionda faktların yoxlanılması üzrə yetərli missiyaların olmaması və Aİ və NATO-nun bürokratik strukturlarının yaratdığı səbəblər, yaxın illərdə ictimai rəyin dəyişkən olacağına işarə edir. Bundan əlavə, ABŞ-ın xaricdəki vətəndaş cəmiyyəti və medianı dəstəkləmək maraqlarının azalması müşahidə olunur və bu tendensiya, çox güman ki, vətəndaş sektorunun fəaliyyət imkanlarının daralmasına gətirib çıxaracaq. İctimai rəyin manipulyasiyası nəticəsində baş verə biləcək mənfi təsirləri aradan qaldırmaq və qarşısını almaq üçün bir neçə tövsiyə nəzərdən keçirilə bilər.
Struktural (Radikal) Həll: Cənub-Şərqi Avropanın Aİ və NATO-ya üzvlüyünün sürətləndirilməsi
Aİ və NATO-ya üzv dövlət olmaq prosesi çətinləşib. Bu prosesin uzunmüddətli xarakteri həm hökumətlərdə, həm də ictimaiyyətdə kollektiv Qərbə qarşı inamsızlıq yaradır və motivasiyanın azalmasına səbəb olur. Bu struktural inamsızlığın aradan qaldırılması, həm ictimaiyyəti, həm də hökumətləri anti-Qərb propaqandasının təsirindən çıxara bilər. Rusiyanın ekspansionist siyasətinə cavab olaraq bəzi Şərq Tərəfdaşlığı ölkələrinə Aİ-yə namizəd statusunun sürətlə verilməsi, Aİ-yə üzvlük prosesində siyasi iradənin nə qədər əhəmiyyətli olduğunu göstərdi. Sadə dillə desək, bu prosesin sürətləndirilə biləcəyini ortaya qoydu. Nəticə etibarilə, Cənub-Şərqi Avropa ölkələri heç olmasa tam üzvlük olmasa da, müəyyən ara mərhələdə konkret nəticələr əldə etməlidirlər.
Nisbi Həll: Yerli Vətəndaş Cəmiyyəti və Medianın propaqandaya Qarşı Mübarizə Bacarıqlarının Gücləndirilməsi
Yerli vətəndaş cəmiyyəti və medianın potensialının artırılması bu problemin nisbi və uzunmüddətli həlli ola bilər. Bu, vətəndaş cəmiyyəti və media nümayəndələrinə faktların yoxlanılması funksiyasını yerinə yetirmək imkanı verəcək şəkildə yaxşı ölçülmüş və dizayn olunmuş potensial gücləndirmə proqramlarını əhatə etməlidir. Eyni zamanda, keyfiyyətli fakt-yoxlama media qurumlarının sayının artırılması da bu həllə töhfə verə bilər.
Aşağıdakı siyasət tövsiyələri yuxarıda qeyd edilən siyasət seçimlərinə əsaslanaraq irəli sürülə bilər:
- Cənub-Şərqi Avropa ölkələrinin nümayəndələri ilə Aİ və NATO-ya üzvlüyün sürətləndirilməsi imkanlarını araşdırmaq üçün danışıqların intensivləşdirilməsi;
- Üzvlükdən əvvəl, bu ölkələrə iqtisadi, ticarət və təhlükəsizlik baxımından faydalar verən ara mərhələ nailiyyətləri və statuslarının təqdim edilməsi;
- Üzvlük prosesi çərçivəsində əldə olunan irəliləyişlərə uyğun olaraq, real və artan təhlükəsizlik zəmanətlərinin təklif olunması;
- Yerli vətəndaş cəmiyyəti və medianın propaqanda və dezinformasiyaya qarşı mübarizə bacarıqlarının gücləndirilməsi;
- Regionda keyfiyyətli fakt-yoxlama media təşkilatlarının sayının artırılması.
Son qeydlər
Qısa şəkildə desək, Rusiyanın birbaşa manipulyativ müdaxilələri və narrativ vasitələri regionun Avro-Atlantik zonaya inteqrasiyasını əngəlləməkdə əhəmiyyətli rol oynaya bilər. Artan həssaslıq mühitində bu cür manipulyasiyalar təkcə Aİ-yə inteqrasiya prosesinin dayanmasına deyil, həm də dondurulmuş münaqişələrin və düşmənçiliklərin alovlanmasına səbəb ola bilər. Buna görə də, Aİ, NATO, milli hökumətlər, yerli vətəndaş cəmiyyəti və media qurumlarının birgə və koordinasiyalı səyləri ən pis ssenarilərin qarşısını almaq üçün zəruridir.
İstinadlar
BBC News. 2019. “Montenegro Jails ‘Russian Coup Plot’ Leaders.” May 9, 2019. https://www.bbc.com/news/world-europe-48212435.
“Guides: Evaluating Information: Propaganda, Misinformation, Disinformation” n.d. https://guides.library.jhu.edu/evaluate/propaganda-vs-misinformation.
Karcic, Harun. 2022. “Soviet-era Disinformation Campaign Makes a Comeback in the Balkans | Al Sharq Strategic Research.” Al Sharq Strategic Research. April 5, 2022. https://research.sharqforum.org/2022/02/22/disinformation-campaign/.
“Propaganda | Oxford English Dictionary.” n.d. https://www.oed.com/search/dictionary/?q=propaganda.
Metodieva, A. 2019. RUSSIAN NARRATIVE PROXIES IN THE WESTERN BALKANS. German Marshall Fund of the United States.
http://www.jstor.org/stable/resrep21239.
Salvo, D., & de Leon, S. 2018. Russia’s Efforts to Destabilize Bosnia and Herzegovina.
German Marshall Fund of the United States.
http://www.jstor.org/stable/resrep18769.
Secrieru, S. 2019. RUSSIA IN THE WESTERN BALKANS: Tactical wins, strategic setbacks. European Union Institute for Security Studies (EUISS).
http://www.jstor.org/stable/resrep21130.
“USA: Trump’s Foreign Aid Freeze Throws Journalism Around the World Into Chaos.” 2025. RSF. March 2, 2025. https://rsf.org/en/usa-trump-s-foreign-aid-freeze-throws-journalism-around-world-chaos.