Giriş
Müasir dünyada avtoritar liderlik formaları müxtəlif çalarlarda özünü göstərsə də, Azərbaycanın siyasi reallıqları İlham Əliyev rejimi vasitəsilə bu çalarlıların bəlkə də ən absurd və ironik təzahürünü ortaya qoyur. 2003-cü ildə hakimiyyət atasından miras kimi qəbul edən İlham Əliyev, keçid dövrü üçün nəzərdə tutulmuş idarəçiliyi şəxsi hakimiyyətə çevirməklə, postsovet məkanında hökm sürən avtoritarizm modelinin yeni – daha sərt və qəddar – formasını qurdu. Rəsmi ritorikada sabitlik, inkişaf və modernləşmə vədləri səsləndirilsə də, reallıqda repressiv idarəetmə, sistemli korrupsiya, hüquq müstəvisindən kənar qərarlar və şəxsi sədaqətə əsaslanan dövlət strukturları formalaşıb.
Khar Centerin təqdim etdiyi bu rəy yazısı İlham Əliyevin yaratdığı avtoritar sistemin mahiyyətini açaraq Azərbaycanda siyasi absurdun necə gündəlik normaya çevrildiyini təhlil edir, İlham Əliyevin siyasi portretini çəkir. Bu portret sadəcə bir avtoritar liderin təsviri deyil, eyni zamanda postsovet məkanında avtoritarizmin necə mutasiya etməsinin də nümunəsidir.
Tək Adam Sisteminin Estetikası və Psixologiyası
Demokratiyadan uzaq idarəçilik formalarının ən rəngarəng və xəstəlik həddində əyləncəli mənzərələrini hakimiyyəti tamamilə əlində cəmləməyi bacaran “bir nəfərlik” rəhbərlər – yəni “çılğın diktatorlar” yaradır. Bu insanlar normativ sistemlərdən və dövlət institutlarının məhdudiyyətlərindən qurtulmuş, nəticədə, dövlət siyasətini şəxsi və bəzən də absurda çatan istəklərinə tabe etdirmiş fiqurlardır (və demək olar ki, hamısı kişilərdir).
Onlar ömürlük prezident “seçilmək” üçün nədənsə gülünc “seçkilər” təşkil edir və sonra sanki heç nə olmamış kimi davranırlar. Dövlətə atasının mülkiyyəti kimi yanaşır, sonsuz görünən hakimiyyətləri sayəsində şəxsi qəribəlikləri aşıb-daşır. Bu fenomeni izah etmək üçün yalnız bir neçə nümunəyə baxmaq kifayətdir:
Məsələn, Hastings Kamuzu Banda – o, 1970 və 1980-ci illərdə özünü Malavinin “ömürlük dövlət başçısı” elan etmişdi və bir dəfə qürurla belə demişdi: “Mən nə deyirəmsə, qanundur. Kəlmə-kəlmə qanundur.”
Banda yalnız ölkədəki bütün mühüm vəzifələrə təyinat və vəzifədən azad etmə səlahiyyətini öz əlində cəmləməklə kifayətlənmədi, həm də bir çox vacib nazirlikləri şəxsən özü idarə etdi. 1972-ci ildə isə belə demişdi: “Bu ölkədə elə bir şey yoxdur ki, mənim işim olmasın… Hər şey mənim işimdir. Hər şey.” (Marquez 2020).
Tarix boyu demokratik idarəetmə modelləri yalnız siyasi iştirak mexanizmi deyil, həm də rasional idarəçiliyin, hüquqi normallığın və kollektiv qərarların təcəssümü olub. Lakin bu sistemlərin parodiyasına çevrildiyi rejimlərdə – xüsusən də “çılğın diktatorlar” tərəfindən idarə olunan ölkələrdə – demokratiyanın özü bir növ teatr səhnəsinə çevrilir. Bu liderlər, məsələn, Malavidə Hastings Banda, Orta Asiyada Saparmurat Niyazov (Türkmənbaşı), və Azərbaycanda İlham Əliyev – öz şəxsi arzularını dövlət qanunlarına, milli maraqlara və hətta cəmiyyətin əxlaqına tabe etdirə bilmiş fiqurlardır.
Avtoritar liderlik yalnız hüquqi səlahiyyətlərin mərkəzləşdirilməsi deyil – o, həm də şəxsi kultun, simvolların və simulyasiyaların üzərində qurulmuş estetik bir sistemdir. “Tək adam” dedikdə yalnız siyasi qərarları təkbaşına verən biri deyil, eyni zamanda, bütün dövlət simvollarını öz şəxsiyyətinə tabe etdirən, vətəndaşın dünyagörüşünü, duyğusunu və təsəvvürlərini də öz iradəsinə uyğun formalaşdırmağa çalışan fiqur nəzərdə tutulur. İlham Əliyev bu modeli post-sovet məkanında ən “sistematik” tətbiq edən liderlərindən biridir.
Əliyevin rəhbərlik etdiyi sistemdə dövlət estetikası – rəsmi tədbirlər, prezident portretləri, məktəb dərslikləri, televiziyada yayımlanan sənədli filmlər – hamısı bir şeyi təkrar edir: lider müqəddəsdir, lider dəyişməzdir, liderə alternativ yoxdur. Dövlət rəmzləri ilə liderin şəxsiyyəti arasında sərhəd pozulur – sanki Azərbaycan adlı dövlət İlham Əliyevin “mən”inin vizual və institusional davamıdır.
Bu estetik rejimdə təsadüfi detallar yoxdur. Məsələn, dövlət tədbirlərində İlham Əliyevin görünüşü, səsi, oturub-durma tərzi belə diqqətlə xoreoqrafiya edilmiş bir performansa çevrilir. Hər kamera bu performansın bir hissəsidir. Onun çıxışları həm nitqdir, həm ritual. Bu, sadəcə idarəçilik deyil – bu, avtoritar teatrdır. Bu teatrın məqsədi isə gerçəkliyi təhrif etmək, xalqın dövlətə deyil, bir fərd kimi liderə sədaqətini təmin etməkdir.
Burada psixoloji faktorlar da dərin yer tutur. “Tək adam” öz hakimiyyətini qorumaq üçün yalnız inzibati və repressiv gücə deyil, həm də emosional hegemoniyaya güvənir. Əliyev özünü xalqın “atalıq fiquru” kimi təqdim edir – güclü, qoruyucu, amma eyni zamanda, xalqdan yuxarıda dayanan bir obraz kimi. Bu, çox vaxt post-sovet sindromunun yaratdığı “stabil güc ehtiyacı” ilə vətəndaşlarda rezonans yaradır. Vətəndaş “təhlükəli dünyada sabitlik” axtarır, Əliyev isə bu sabitliyi şəxsi varlığı ilə eyniləşdirir.
Bu psixoloji model eyni zamanda qorxu və minnətdarlıq hisslərinin sistemli şəkildə manipulyasiyası üzərində qurulub. Əl altı mediada davamlı olaraq “xarici düşmənlər”, “satqın müxalifət”, “qərbin ikili standartları” kimi mövzular qabardılır ki, xalq real problemlər yerinə süni “xilas missiyası”na inansın. Bu da propaqanda mediasına Əliyevi yalnız prezident deyil, xilaskar, qoruyucu və vətən ideyasının cisimləşmiş forması kimi təqdim etməyə imkan verir.
Nəticədə, İlham Əliyev kult obyektinə çevrilmiş lider statusuna yüksəldilir. Onun adı dərsliklərdə çəkilir, şəkilləri idarə otaqlarına vurulur, nitqləri televiziyada daim təkrarlanır. Bu sistemdə az qala Tanrıya yönəlik ayinlərə bənzər bir rituallıq var – və bu, onu klassik “çılğın diktatorlar” kateqoriyasına daxil edən əsas elementlərdən biridir.
“Seçki” deyil, simulyasiyadır
Azərbaycanda keçirilən prezident və parlament seçkiləri demokratik iştirak aktı yox, rejimin legitimlik teatrının bir hissəsidir. İlham Əliyevin hakimiyyəti altında seçkilər məntiqə və hüquqa deyil, əvvəlcədən yazılmış ssenariyə əsaslanır. Bu ssenaridə qalib əvvəldən bəllidir, müxalifət isə ya sistemdən tam təcrid olunmuş vəziyyətdədir, ya da simvolik rol almağa icazə verilən “müxalif kuklalar”dan ibarətdir.
Mərkəzi Seçki Komissiyasının fəaliyyəti, yerli və beynəlxalq müşahidəçilərin təcrid olunması, seçkilərin saxtalaşdırılması və səsvermə prosesində baş verən təzyiqlər sistematik xarakter daşıyır. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu dəfələrlə bildirir ki, Azərbaycandakı seçkilər “azad və ədalətli” keçirilmə tələblərinə cavab vermir (OSCE/ODIHR 2018). Amma bu iradların heç bir hüquqi və siyasi nəticəsi olmur — çünki rejim, faktiki olaraq, təkcə xalqın iradəsini yox, xalq adından danışma səlahiyyətini də özəlləşdirib.
Seçki institutu burada öz funksional məzmununu tamamilə itirib. Seçki nəticələri dəyişmir, çünki oyun özü dəyişmir. Namizədlər dəyişə bilər, amma ssenarinin nəticəsi İlham Əliyevin qalib gəlməsidir. Bu isə onun hüquqi legitimliyinin yox, ritual legitimliyinin sübutudur. Əslində, bu, seçki deyil, sadəcə “qalibiyyətin elan edilməsi” mərasimidir.
Əliyev bu simulyasiya rejimini müasir texnologiyalarla və kütləvi təbliğatla bəzəyərək onu Qərb auditoriyası üçün “stabil inkişaf modeli” kimi təqdim edir. Bu isə demokratiyanın yalnız institusional boşqablarını nümayiş etdirərək, içini avtoritar məzmunla doldurmaq strategiyasıdır. Rusiya, Belarus, Türkmənistan kimi ölkələrin avtoritar təcrübəsi ilə müqayisədə, Əliyev rejimi özünün“kosmetika” sında (make up) daha uğurludur — çünki müasir avtoritarizm artıq yalnız çılpaq zorla deyil, həm də simulyativ mexanizmlə işləyir.
Hüququn şəxsi iradəyə tabe etdirilməsi
Hüququn müstəqilliyi və qanunun aliliyi istənilən demokratik sistemin əsas dayaqlarıdır. Lakin İlham Əliyev rejimində hüquq sistemi avtoritar iradənin texniki tətbiq vasitəsidir. Hakimiyyətin məhkəmələrə birbaşa təsiri o qədər sistematikdir ki, Azərbaycanda “məhkəmə” anlayışı artıq formaldır – bu instansiyalar yalnız icraedici hakimiyyətin sifarişlərini hüquqi dildə “təqdim edən” aparatlara çevrilib.
Siyasi motivli həbslər, hüquq müdafiəçilərinə və müstəqil jurnalistlərə qarşı açılmış qondarma cinayət işləri, hüquqi normativ aktların şəxsi maraqlara uyğun şəkildə dəyişdirilməsi – bunların hamısı Əliyev rejiminin hüququ şəxsi güc alətinə çevirməsinin göstəriciləridir. Beynəlxalq İnsan haqqları Təşkilatlarının hesabatlarında qeyd edilir ki, Azərbaycanda məhkəmələrin müstəqilliyi praktik olaraq mövcud deyil. Hakimlər yalnız siyasi loyal olduqları halda sistemdə qalırlar və real qərar səlahiyyəti yox, “icra mexanizmi” statusundadırlar. (Human Rights Watch 2024)
Hüquq burada cəza və qorxunun rasionalizasiyası funksiyasını daşıyır. Yəni, rejim öz repressiyalarını hüquqi dillə əsaslandırmağa çalışır: “qanun pozulub” deyərək həbslər həyata keçirilir, lakin bu qanun deyilən “şey” Əliyevin şəxsi iradəsidir. Bu, klassik “qanunla repressiya” modelidir – totalitarizmin hüquqi pərdəyə bürünmüş forması.
Əliyev rejimi üçün hüquq sadəcə idarəetmə alətidir – onun məqsədi ədalət deyil, nəzarətdir. Vətəndaş hüquqları yalnız formal mövcuddur və istənilən anda “dövlət maraqları”, “xüsusi təhlükəsizlik” və ya “sabotaj” kimi qeyri-müəyyən ifadələrlə məhdudlaşdırıla bilər.
Banda kimi, Əliyev də hüquq sistemini istədiyi kimi dəyişə, məhkəmə qərarlarını yönləndirə, “dövlət əleyhdarı” adlandırdığı şəxsləri susdura bilir. Siyasi məhbusların sayı, hüquq müdafiəçilərinə qarşı təqiblər və məhkəmələrin formal xarakter alması buna dəlalət edir. Bu prosesdə hüquq sadəcə idarə vasitəsinə çevrilir, məhkəmələr isə şəxsi iradənin leqal vitrini funksiyasını daşıyır.
Dövlətin özəlləşdirilməsi: ailə hakimiyyətinə keçid
Azərbaycanda siyasi hakimiyyət Əliyev ailəsinə məxsusdur. Siyasi postları tutan şəxslər isə siyasi fiqur yox, sadəcə menecerlərdir. Bu, klassik kleptokratik modelin elementidir – yəni dövlət strukturlarının ailə maraqlarına xidmət etməsi. 2017-ci ildə İlham Əliyevin həyat yoldaşını birbaşa vitse-prezident təyin etməsi artıq simvolik bir akt yox, rəsmi ailə rejiminin hüquqi təsdiqi idi.
Bu yanaşma Banda’nın “bütün nazirlər mən özüməm” fikrini xatırladır. Bu sistemdə idarəetmə keyfiyyəti yox, sadiqlik və yaxınlıq əsas kriteriyadır.
Avtoritarizmin sərhədləri yoxdur: Əliyev rejiminin hüquqi və etik “toxunulmazlığı”
Avtoritar rejimlərin ən təhlükəli xüsusiyyətlərindən biri onların özlərini istisna hal kimi qəbul etmələridir. Hüququn universallığı prinsipinə qarşı çıxaraq, belə sistemlər siyasi liderləri istisna hal, qanunları isə dəyişkən alət kimi təqdim edir. İlham Əliyev rejimi bu baxımdan sadəcə bir ölkənin avtoritar idarə forması deyil — bu, sərhəd tanımayan bir toxunulmazlıq mexanizmidir, həm daxildə, həm də beynəlxalq müstəvidə.
Daxildə: Qanunun özəlləşdirilməsi və qorxu strukturu
Əliyevin rəhbərliyi altında hüquq sistemi tamamilə öz funksiyasını itirib. Məhkəmələr müstəqil qərar verə bilmir, prokurorluq və Daxili İşlər Nazirliyi (DİN) rejimin siyasi sifarişlərini yerinə yetirir. Bu strukturların əsas vəzifəsi hüququn tətbiqi yox, rejimin davamlılığını təmin etməkdir.
Siyasi opponentlərə qarşı irəli sürülən “qaçaqmalçılıq”, “dövlətə xəyanət”, “qeyri-qanuni maliyyələşmə” kimi ittihamlar, əslində hüquqi deyil, simvolik zorakılıq alətləridir.
Bu sistemdə vətəndaş, hələlik, yalnız itaətkar olduqda toxunulmazdır; əgər fərqli düşünürsə, dərhal “ictimai təhlükə” kateqoriyasına daxil edilir. Qorxu — Əliyev rejiminin əsas idarəçilik alətlərindən biridir. Total nəzarət, “Big Brother” (“Böyük Qardaş”) tipli izləmə, təhsil və mediada militarist təlqin bu sistemin psixoloji infrastrukturunu təşkil edir.
Xaricdə: Geosiyasi şantaj və beynəlxalq “qayğı”
Əliyev rejiminin ən hiyləgər xüsusiyyətlərindən biri isə onun beynəlxalq müstəvidə özünü simpatik təqdim etməyi bacarmasıdır. Bu, əsasən, Azərbaycanın enerji resurslarının geosiyasi əhəmiyyətindən irəli gəlir. Avropanın Rusiyadan enerji asılılığını azaltmaq istəyi Əliyev üçün bir fürsətə çevrilib: təbii qaz müqabilində insan haqları susdurulur.
Beynəlxalq reytinqlərdə “qeyri-azad” ölkə kateqoriyasına aid olmasına baxmayaraq, Qərb dövlətləri Əliyev rejimi ilə əməkdaşlığı davam etdirir. Demokratiyanın beşiyi sayılan Avropa ölkələri “strateji tərəfdaşlıq” adı altında Əliyev hakimiyyətini faktiki olaraq leqallaşdırır.
Bu yanaşma Əliyevə beynəlxalq arenada da toxunulmazlıq qazandırır. Qərb üçün Əliyev nə qədər avtoritar olsa da, enerji axınının təminatçısı olduğu müddətcə qəbul edilə bilən avtokrat statusu daşıyır (Khar Center 2025). Bu isə öz növbəsində Əliyev rejiminə beynəlxalq tənqidlərə qarşı “ikili standart” arqumentini verir və daxili repressiyaları daha da gücləndirməyə zəmin yaradır.
Əliyev üçün hüquq yalnız digərlərinin ona tabe olması üçün mövcuddur. Öz ailəsi, çevrəsi və rejim üçün isə qanunlar ya dəyişdirilir, ya da sadəcə tətbiq olunmur. Bu, sadəcə “qanunun aliliyi” prinsipinin inkarı deyil — bu, qanunun selektiv şəkildə tətbiq edildiyi şəxsi sultanlıq sistemidir. (Elman Fattah 2019)
Əgər bir dövlət başçısı istədiyi şəxsi vəzifəyə təyin edir, istədiyi qanunu qəbul etdirir, istədiyi məhkəmə qərarını təmin edirsə, bu sistem artıq avtoritarlığın qanuniləşdirilmiş formasıdır. Bu modeldə yeganə məntiq Əliyevin iradəsidir, yeganə normativ onun siyasi maraqlarıdır.
Çılğın Diktator Kimliyi: Rasional Sərhədlərin Dağıdılması
Avtoritar liderlərin çoxu öz hakimiyyətlərini rasionallıq və “dövlətçilik maraqları” ilə əsaslandırmağa çalışırlar. Lakin “çılğın diktatorlar” – yəni real dünyadan qoparaq normativ çərçivələri şəxsiyyət kultu ilə əvəzləyən avtokratlar – öz idarəçiliklərini artıq siyasi rasionalizmdən kənarda qururlar. İlham Əliyev də bu kateqoriyaya aiddir: onun hakimiyyəti sistemli avtoritarizmdən çox, psixoloji eqosentrizmlə bəslənən avtoritar performansa çevrilib.
Bu tip liderlərin əsas xüsusiyyətlərindən biri məntiqi zənciri pozmaq və milli ehtiyacları şəxsi istəyin kölgəsində buraxmaqdır. Məsələn, Əliyevin istənilən milli tədbiri şəxsi mifik statusunu gücləndirmək üçün istifadə etməsi — istər Şuşada keçirilən dövlət tədbirləri, istərsə də təhsil sistemində onun haqqında dərsliklərdə yazılan mədhiyyələr — onu klassik diktatorluq psixozuna yaxınlaşdırır. Liderin varlığı dövlətin ruhuna çevrilir. Dövlət — Əliyevdir, Əliyev — dövlətdir.
Çılğın diktatorların ən təhlükəli xüsusiyyəti isə onların öz yanlışlıqlarını ilahi hikmət, şəxsi qərarlarını isə milli taleyin özəyi kimi təqdim etmələridir. İlham Əliyev ədalətsiz qərarlarını, repressiyaları və sərt nəzarət sistemini “stabilllik” və “milli maraq” adı ilə örtür. Lakin bu, yalnız yuxarıdan aşağıya zorla qəbul etdirilmiş interpretasiyadır. Gerçəkdə isə bu model insan ləyaqətini sistematik şəkildə əzən, fərqliliyi düşmən elan edən və şəxsi hegemoniyanı “təbii qanun” kimi təqdim edən paranoyak rejimin əlamətidir.
Digər bir “çılğın diktator” elementi – obsessiv nəzarət və totalitar estetika – Əliyevin rejimində aydın görünür. Süni şəkildə yaradılmış bayram tədbirləri, əlaltı media vasitəsilə edilən bayağı təbliğat, təkcə bir şəxsə pərəstiş üzərində qurulmuş ictimai estetika – bunların hamısı siyasi teatrın bir hissəsidir. (Macmillan 1992)
Əliyev Banda kimi, həmçinin şəxsi iradəni konstitusiyanın və hüququn üzərinə çıxararaq qanunun nə olduğunu müəyyən edən “hakimi-mütləqdir”. Onun siyasi sistemində “qanun” real normativ çərçivə deyil, dəyişkən və fərdi marağa tabe olan, şəxsi iradənin hüquqi maskasıdır. Hüququn deqradasiyası o həddə çatıb ki, ölkənin konstitusiyası İlham Əliyevin səlahiyyətlər toplusuna çevrilib. (Elman Fəttah, AzadliqRadiosu 2017).
O, dövlətə atası kimi sahib çıxmaqla, seçkiləri teatra çevirməklə, hüququ isə fərdi təsdiq kağızına endirməklə “çılğın diktatorluğun” bütün əsas xüsusiyyətlərini özündə cəmləşdirir. Əliyev rejiminin bu “çılğın” təbiəti onu təkcə qeyri-demokratik liderə çevirmir, həm də beynəlxalq miqyasda demokratiyanın müasir təhdidlərinin əsas təmsilçilərindən birinə çevirir.
Nəticə:
İlham Əliyev XXI əsrin “çılğın diktatorları” silsiləsinin post-sovet məkanındakı parlaq versiyasıdır. O,hüququ şəxsi maraqlara tabe etdirən, seçkiləri teatra, media və təhsili ideoloji silaha çevirən, ailəsini dövlət strukturlarına yerləşdirən, beynəlxalq sistemi isə enerji şantajı ilə manipulyasiya edən bir liderdir. Bu rejimin mahiyyəti sadədir: dövlət ailə şirkətinə, hüquq bir vasitəyə, vətəndaş isə susmalı olan müşahidəçiyə çevrilib.
İlham Əliyevin rəhbərliyi altında formalaşan siyasi sistem sadəcə klassik avtoritar rejim deyil; bu, daha mürəkkəb və hibrid bir strukturdur ki, burada müasir texnologiya, köhnə sovet üsulları və simvolik şəxsi kult paralel şəkildə fəaliyyət göstərir. Əliyevin rejimi öz mahiyyətinə görə postmodern avtoritarizm nümunəsidir – burada seçkilər keçirilsə də, onlar siyasi iştirak deyil, rituallaşdırılmış legitimlik aktı rolunu oynayır. Burada hüquq sistemi mövcuddur, lakin onun funksiyası vətəndaşların hüquqlarını qorumaq deyil, rejimi qorumaqdır. Jurnalistika, siyasət və vətəndaş cəmiyyəti formal olaraq icazəlidir, amma reallıqda onların sərhədləri hakimiyyətin qırmızı cizgiləri ilə sərt şəkildə müəyyən olunur (Levitsky və Ziblatt 2019).
Azərbaycanda vətəndaşların rejimə münasibəti də mürəkkəbdir. Total nəzarət, qorxu və məhdud informasiya mühiti insanlar arasında siyasi apatiya və “rejimlə barışmaq” kimi bir sosial-psixoloji vəziyyət formalaşdırıb. Hakimiyyət tərəfindən həyata keçirilən vətənpərvərlik kampaniyaları – xüsusilə 2020-ci ildəki Qarabağ Müharibəsi sonrası – Əliyev rejiminə qısa müddətli legitimlik gətirsə də, bu siyasi kapital struktur islahatlarına yox, şəxsi hakimiyyətin daha da gücləndirilməsinə yönəldildi. Beləliklə, hərbi uğurlar da siyasi monopoliyanın davamına xidmət etdi.
Digər tərəfdən, Əliyev rejimi beynəlxalq aləmdə də maraqlı bir mövqe tutur. Azərbaycanın enerji resursları Qərbin siyasi və etik prinsiplərini iflasa uğradır – Avropa İttifaqı, ABŞ və digər oyunçular neft və qaz müqabilində insan haqları pozuntularına səssiz qalırlar. ( Eurasianet, aprel 2025) Bu da rejimin davamlılığını təmin edən əsas dayaqlardan biridir. Enerji asılılığı və geosiyasi maraqlar insan haqlarını və demokratiyanı ikinci plana atır .
Bütün bunların fonunda, Əliyev rejimi, əslində, bir siyasi anomaliyadır: burada dövlət struktur kimi yox, şəxsi mülk kimi işləyir. Prezidentlik institutdan çox ailə mirasına çevrilib. Mehriban Əliyevanın vitse-prezident təyin olunması, parlamentin və məhkəmələrin tam tabe etdirilməsi, mediaya və vətəndaş cəmiyyətinə edilən təzyiqlər bu anomaliya prosesinin müxtəlif mərhələlərini göstərir (Freedom House 2024). Bu baxımdan, İlham Əliyev Bandanın “mən nə deyirəmsə, qanundur” prinsipini XXI əsrin post-sovet məkanında yenidən dirçəldir – lakin bu dəfə daha da sistemli, texnokratik və beynəlxalq toxunulmazlıq çərçivələri daxilində.
Son olaraq, İlham Əliyevin siyasi portreti təkcə bir fərdin avtoritar meyllərini deyil, həm də cəmiyyətin bu meyllərə necə adaptasiya olduğunu və beynəlxalq sistemin buna necə şərait yaratdığını göstərən güclü bir nümunədir. Bu portret post-sovet məkanında avtokratiyanın təntənəsinin təcəssümüdür.
İstinadlar:
Amnesty International. 2024. Azerbaijan: Repression and Arbitrary Arrests. https://www.amnesty.org/en/location/europe-and-central-asia/azerbaijan/report-azerbaijan/.
Chabal, Patrick. 1992. Power in Africa: An Essay in Political Interpretation. London: Macmillan.
Elman Fattah. 2019. “Yeni Avtoritarizm və Azərbaycan.” p. 46.
Elman Fəttah. 2017. “Konstitusiya adlı sənədin Azərbaycan xalqının iradəsiylə yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur.” Azadlıq Radiosu, November 10, 2017. https://www.azadliq.org/a/28847010.html.
Freedom House. 2024. “Azerbaijan: Freedom in the World 2024.” https://freedomhouse.org/country/azerbaijan/freedom-world/2024.
Human Rights Watch. 2023. “Crackdown in Azerbaijan.” World Report 2024. https://www.hrw.org/world-report/2024/country-chapters/azerbaijan#:~:text=Long%2Dterm%20human%20rights%20concerns,and%20places%20of%20detention%20persisted.
Khar Center. 2025. “The Tirana Summit of the European Political Community: Reconstruction of Modern Europe or a Paradox of European Values?” https://kharcenter.com/en/expert-commentaries/the-tirana-summit-of-the-european-political-community-reconstruction-of-modern-europe-or-a-paradox-of-european-values.
Levitsky, Steven, and Daniel Ziblatt. 2019. How Democracies Die. p. 66.
Marquez, Xavier. 2020. “Tek Adam İktidarı.” Liberteryen, September 2020. https://liberteryen.org/2020/09/tek-adam-iktidari/.
OSCE/ODIHR. 2018. Republic of Azerbaijan Presidential Election 2018: Final Report. https://www.osce.org/files/f/documents/2/5/388580_1.pdf.
Eurasianet. 2025. “Azerbaijan’s Energy Relations with EU Experiencing Bout of Uncertainty.” https://eurasianet.org/azerbaijans-energy-relations-with-eu-experiencing-bout-of-uncertainty.