(Yazı Khar Centerin Azərbaycan avtoritarizmi araşdırmaları çərçivəsində hazırlanıb)
Azərbaycan hakimiyyəti Avropa İttifaqının (Aİ) strukturu olan Avropa Parlamenti ilə bütün sahələrdə əməkdaşlıq əlaqələrini dayandırıb. Milli Məclisin 1 may 2026-cı il tarixli iclasında bu barədə qərar qəbul olunub. (Report, 2026). Qərara əsasən Milli Məclis Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin fəaliyyətində iştirakına son qoyub və Avronest Parlament Assambleyasında üzvlüyünə xitam verilməsi barədə prosedur qaydalarının icrasına başlayıb. Bundan əlavə, Azərbaycan Xarici İşlər Nazirliyi Avropa İttifaqının Bakıdakı səfirini dəvət edərək ona etiraz notası təqdim edib. (APA, 2026).
Bakının aqressiv reaksiyası və radikal qərarlarının səbəbi Avropa Parlamentində “Ermənistanın demokratik dayanıqlılığına dəstək” adlı qətnamənin qəbuludur. Qətnamədə “Dağlıq Qarabağ erməniləri”nin hüquqlarna, o cümlədən onların müvafiq beynəlxalq təminatlar altında təhlükəsiz, maneəsiz və ləyaqətli qayıdış haqqına dəstək ifadə olunur. Sənəddə erməni dini-mədəni irsinin məhvinə cavabdeh olan şəxslərin məsuliyyətə cəlb olunmasına və bu barədə beynəlxalq qiymətləndirmə missiyasının yaradılmasma çağırış yer alıb. Avropa Parlamenti Azərbaycanda erməni hərbi əsirlərin, girovların ədalətsiz şəkildə saxlanılmasını qınayaraq onların dərhal sərbəst buraxılmasını da tələb edib. (Qolos Armenii, 2026).
Sülh prosesində paralel dinamika və normativ müdaxilələrin yaratdığı ziddiyyətlər
Avropa Parlamentinin qətnaməsi Azərbaycanla Ermənistan arasında sülh və əməkdaşlıq prosesinin inkişafı və bu istiqamətdə qarşılıqlı addımların atıldığı bir dövrə təsadüf edir. Qətnamənin qəbulundan cəmi bir gün əvvəl Azərbaycan baş nazirinin müavini, iki ölkə arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının sədri Şahin Müstafayev Yerevana səfər edib. Bu səfər müstəqillik dövründə Ermənistan və Azərbaycan arasında rəsmi səviyyədə baş tutan ilk səfər olması baxımından tarixi əhəmiyyətlidir və baş nazir Nikol Paşinyan tərəfindən də yüksək qiymətləndirilib. (TASS, 2026). 2025-ci il avqustun 8-də Vaşinqtonda ABŞ prezidentinin iştirakı ilə keçirilən görüşdə əldə olunmuş razılaşmalara sadiq qalan tərəflər artıq iqtisadi kooperasiyaya da start verib. Azərbaycan Ermənistana yanacaq ixrac edir və Rusiyadan Ermənistana yüklərin daşınmasında tranzit məntəqə kimi iştirak edir.
Sülh prosesində əldə olunan bu tərəqqi Avropa Parlamentinin qətnaməsində də alqışlanır və hər iki ölkə hərtərəfli sülh müqaviləsinin imzalanması istiqamətində hərəkət etməyə çağırılır. Lakin bununla birlikdə Azərbaycana qarşı ittihamların irəli sürülməsi və erməni əhalinin Qarabağa qayıdışı kimi riskli bir məsələnin gündəmə gətirilməsi sülh müqaviləsinin tezliklə imzalanmasına çağırışla bir araya sığmır. Sənədin müəllifləri bu cür yanaşmanın sülhə töhfə verəcəyini düşünürsə, ciddi şəkildə yanılır. Əksinə, bu, sülhün perspektivlərini baltalayacaq təhlükəli mövqedir. Erməni əhalinin Qarabağa qayıdışı Ermənistanla Azərbaycan arasında müzakirə və mübahisə mövzusu olmadığı halda, üçüncü tərəfin bunu hansı məqsədlə gündəmə gətirdiyini anlamaq çətindir. Şübhəsiz, pozuculuq niyyəti yoxdur, ancaq məsuliyyətsizlik açıq-aydın görünür. Azərbaycandakı erməni əsirlərin aqibətinə gəldikdə, bu da iki ölkə münasibətlərində pozitiv dinamika gücləndikcə müzakirəsi və həlli ikitərəfli müstəvidə daha uğurlu gedir. Hansı ki, bir müddət əvvəl keçmiş seperatçı rejimin bir neçə şəxsi Ermənistana təhvil verilib və bu proses onsuzda davam edirdi.
Qaş düzəltmək istərkən göz çıxarmaq...
Avropa Parlamentinin qətnaməsi Nikol Paşinyan hökumətinə dəstək xarakterli olsa da, ölkənin seçki kampaniyasına daxil olduğu bir dövrdə əslində ona problem yarada bilər. 7 iyun seçkiləri istər Ermənistanın, istərsə də regionun gələcəyi baxımından çox vacibdir və bir neçə dilemmatik suala aydınlıq gətirəcək:
- Sülh, yoxsa konfrontasiya?
- “Tarixi Ermənistan”, yoxsa “Real Ermənistan”?
- Avropa İttifaqı, yoxsa Avrasiya İttifaqı?
Ermənistan vətəndaşları iki antaqonist vizyon arasında seçim edəcəklər. Belə bir məqamda bu cür qətnamənin qəbulu Paşinyana “ayı xidməti”dir və ultramillətçi-revanşist erməni müxalifətinin tezisləri ilə üst-üstə düşür, onların mövqeyini gücləndirir. Həmin qüvvələr Qərbdə və Rusiyada müxtəlif dairələrin Qarabağ ermənilərinin məsələsini qaldırdıqları halda, Ermənistan hökumətinin niyə bu məsələdən uzaq durduğunu sorğulayır və Paşinyana çətin suallar ünvanlayırlar. Bu baxımdan Avropa Parlamenti qətnaməsinin xoş niyyətlə hazırlandığına inansaq belə, onun sülh prosesinə və Ermənistan daxili siyasətinə müsbət təsirlərindən danışmaq mümkün deyil.
Qətnamənin Əliyev rejiminə verdiyi legitimlik fürsəti
Məsələyə Azərbaycan daxili siyasəti kontekstindən yanaşdıqda isə əslində Əliyev rejiminə istəmədən də olsa, “pas ötürüldüyünü” qeyd etmək lazımdır. İkinci Qarabağ müharibəsindəki qələbədən sonra Azərbaycanda avtoritarizmin betonlaşdırılması mərhələsi başlayıb və artıq sistemin diktaturaya transformasiyasından danışmaq mümkündür. Xarici siyasət də bu məqsədə xidmət edir və ötən müddətdə Azərbaycanın müasir, demokratik dünyadan uzaqlaşdığı ortadadır. 2024-cü ilin yanvarında Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin səsvermə hüququnun məhdudlaşdırılmasından sonra hakimiyyətin ümumiyyətlə, bu qurumda fəaliyyətini dayandırması faktını xatırlatmaq yerinə düşər. (Qafqazinfo, Yanvar 2024). Müxalifəti, azad medianı, müstəqil vətəndaş cəmiyyətini əzməyə nail olmuş rejim siyasi məhbus istehsalına davam edir və AŞ Parlament Assambleyasına qayıtmağı hələ ki zəruri saymır.
Avropa Parlamentinin qətnaməsi Azərbaycan hakimiyyətinə ehtiyac duyduğu manipulyativ propaqanda mövzusu vermiş oldu. Ermənistanla davam edən sülh prosesi, Rusiya ilə münasibətlərdə istiləşmə, İranla münasibətlərdə nisbi sabitlikdən sonra yeni bir “xarici düşmən” obrazına ehtiyac var. Bu, xüsusən də sosial-iqtisadi vəziyyətin pisləşməsi fonunda diqqəti real problemlərdən yayındırmaq və süni gündəm yaratmaq üçün lazımdır. Erməni məsələsi ilə bağlı cəmiyyətin həssaslığını bilən rejim əldə edilmiş uğuru (işğaldakı ərazilərin azad olunmasını) qoruya biləcək yeganə güc kimi özünü topluma təqdim edərək legitimliyini gücləndirir.
Qeyd etmək lazımdır ki, Qərb institutlarının bu tip qərarları Azərbaycanda Avropa demokratiyasına və qurumlarına inamı sarsıtmağa və ölkə içərisində avrointeqrasiya tərəfdarı olan müxaliflərin mövqelərini zəiflətməyə davam edir.
Enerji və təhlükəsizlik prioritetləri, dəyərlər siyasətinin geri çəkilməsi
Avropa Parlamenti Avropa İttifaqının strukturu olsa da, onun qətnamələri tövsiyə xarakteri daşıyır və icrası məcburi deyil. İcraçı strukturların siyasəti, xüsusilə xarici siyasət məsələlərində, çox vaxt Parlamentin mövqeyindən fərqlənir. Avropa Parlamenti adətən problemlərə dəyərlər təməlində yanaşmağa çalışır, Avropa Komissiyası və Aİ rəhbərliyi isə praqmatizmə üstünlük verir. Avropa Parlamenti indiyədək Azərbaycanda insan haqlarının vəziyyətinə dair bir neçə tənqidi, sərt məzmunlu qətnamə qəbul etsə də, Aİ-nin icraçı rəhbərliyi öz siyasətində həmin sənədlərə istinad etməyib və Azərbaycanla dialoqunda hüquq və azadlıqlar mövzusunu prioritetə çevirməyib.
Ukraynada müharibə başladıqdan sonra isə enerji təhlükəsizliyi demək olar ki, yeganə prioritet olub. Məsələn, bu il martın 11-də Avropa İttifaqı Şurasının prezidenti Antonio Kostanın Bakıya səfəri zamanı Əliyevlə imzaladığı 15 maddəlik birgə Bəyanatda demokratiya və insan haqlarından ümumiyyətlə, bəhs edilmir. Nəinki prioritetlər sırasında, ümumən ikitərəfli əməkdaşlığın gündəmində belə bir məsələ yoxdur.
Hazırda avtoritar rejimlər üçün əlverişli beynəlxalq konyuktur formalaşıb. Transatlantik ittifaqın çat verməsi, mövcud ABŞ administrasiyasının liberal Avropaya qarşı siyasəti avtoritar liderlərin manevr imkanlarını genişləndirir. Əliyev bu fürsətlərdən məharətlə yararlanır. Onun Avropa İttifaqı daxilində ayrı-ayrı üzv ölkələrlə ikitərəfli əlaqələri inkişaf etdirməsi, strateji tərəfdaşlıqlar qurması Aİ-nin istəsə belə, institusional səviyyədə Bakı ilə münasibətlərdə təzyiq siyasətinə keçməsini əngəlləyən başlıca faktordur. Əliyevin dostu Viktor Orban hakimiyyətdən getsə də, Azərbaycan hakimiyyətinə qarşı hər hansı neqativ qərarın qəbuluna veto qoyacaq kifayət qədər Şərqi Avropa, hətta Qərbi Avropa ölkəsi (məsələn, İtaliya) qalır. Konsensus prinsipinin də son illər Avropa İttifaqını zəiflədən amillərdən birinə çevrildiyini vurğulamaq lazımdır.
Bununla belə, İlham Əliyevin Avropa qarşısında belə demarşları qısa və orta müddətdə effektiv görünə bilər. Amma uzun müddətdə Aİ daxilində yenidən birlik güclənərsə və ya geosiyasi şərtlər dəyişərsə, bu strategiya Azərbaycanı Belorusiyalaşdıra, indi Qərbin “sempatik diktatoru” kimi görünən Əliyevi gələcəkdə Lukaşenkonun statusuna endirə bilər.
İSTİNADLAR:
Report.az. 2026. "Azərbaycanın Avropa Parlamenti ilə əməkdaşlığı dayandırılıb - YENİLƏNİB." May 1, 2026. https://report.az/xarici-siyaset/milli-meclis-avropa-parlamentinin-azerbaycan-eleyhine-fealiyyeti-ile-bagli-qerari-qebul-edecek.
APA.az. 2026. "Avropa İttifaqının səfiri Xarici İşlər Nazirliyinə çağırılıb, nota təqdim edilib." May 1, 2026. https://apa.az/xarici-siyaset/avropa-ittifaqinin-sefiri-xarici-isler-nazirliyine-cagirilib-nota-teqdim-edilib-960472.
Golos Armenii. 2026. "ЕВРОПАРЛАМЕНТ ПОТРЕБОВАЛ ОСВОБОДИТЬ АРМЯНСКИХ ПЛЕННЫХ И УВАЖАТЬ ПРАВА НАРОДА АРЦАХА." May 1, 2026. https://www.golosarmenii.am/%D0%B5%D0%B2%D1%80%D0%BE%D0%BF%D0%B0%D1%80%D0%BB%D0%B0%D0%BC%D0%B5%D0%BD%D1%82-%D0%BF%D0%BE%D1%82%D1%80%D0%B5%D0%B1%D0%BE%D0%B2%D0%B0%D0%BB-%D0%BE%D1%81%D0%B2%D0%BE%D0%B1%D0%BE%D0%B4%D0%B8%D1%82%D1%8C/.
TASS, 2026. “Пашинян назвал важным и историческим визит вице-премьера Азербайджана в Армению.” April 30, 2026. https://tass.ru/mezhdunarodnaya-panorama/27273765.
Qafqazinfo.az, 2024. "Azərbaycan AŞPA ilə əməkdaşlığı dayandırdı - Sərt bəyanat." January 24, 2024. https://qafqazinfo.az/news/detail/azerbaycan-aspa-ile-emekdasligi-dayandirdi-sert-beyanat-425194.