3 iyl 2026

Türkiyənin sərtləşən avtoritarizmi: siyasi dizayn və tunelin sonundakı ümid

Türkiyənin sərtləşən avtoritarizmi: siyasi dizayn və tunelin sonundakı ümid



(Yazı KHAR Center-in "Avtoritar Rejimlər və Transregional Təsir Mexanizmləri" araşdırması çərçivəsində hazırlanıb)


Olduqca sürətlə dəyişən, siyasi gərginliklərlə, sərt diskussiyalarla zəngin Türkiyə bu günlərdə çox mühüm hadisəyə–NATO liderlər sammitinə hazırlaşır. Bu hazırlıq yalnız küçələrin təmizlənməsi, asfaltların yamanması, iki həftə ərzində paytaxt Ankaranın böyük hissəsini az qala iflic edəcək qadağaların elan edilməsi ilə məhdudlaşmır, eyni zamanda iqtidar NATO sammiti ərəfəsində cəmiyyət üzərində total nəzarəti də artırır. Paytaxtda kütləvi həbslər həyata keçirilir və bu əsnada potensial terrorçu ilə NATO əleyhdarı solçu, hətta universitet müəllimi arasında belə fərq qoyulmur (Bianet, 2026),  müxalif medianın sammitə akreditasiya üçün etdiyi müaricətlər Ankaranın istəyi ilə NATO tərəfindən kütləvi şəkildə rədd edilir (Cumhuriyet, 2026).

Digər tərəfdən ölkə daxili siyasət səhnəsində  bir neçə il, hətta bir neçə ay əvvəl mümkün görünməyən hadisələr baş verir - əsas müxalifət partiyasının rəhbərliyi məhkəmənin əliylə “kökündən etibarsız” elan edilir, keçmiş rəhbərlik partiyanın hüquqi sahibi olduğunu iddia edir və strukturları yenidən formalaşdırmağa çalışır, CHP-nin parçalanacağı, yeni partiya qurulacağı ilə bağlı ehtimallar səsləndirilir. Artan iqtisadi problemlər fonunda seçkilərin vaxtından əvvəl keçirilə  biləcəyinə dair proqnozlar verilir, iqtidar daxilində bir tərəfdən “Türkiyənin daha bir müddət üçün Ərdoğana ehtiyacı var’ təbliğatı artarkən digər tərəfdən Ərdoğandan sonrakı dövrlə bağlı təkliflər dilə gətirilir.  Bəziləri bütün bu baş verənləri “dərin ağıl”, “dərin dövlət planı” kimi təqdim edir, bəziləri isə iqtidarın nəticəsini hesablamadığı xaotik, impulsiv repressiyalar kimi dəyərləndirir. 

KHAR Center Türkiyənin daxili və xarici siyasətdəki son hadisələrini xarici siyasət üzrə ekspert, keçmiş AKP millət vəkili, Metropoll Araşdırma Mərkəzinin rəhbəri Suat Kınıklıoğlu ilə analiz edir. Analiz "Türkiyə hara gedir — tam qapalı bir avtoritarizmə, yoxsa çətinliklərlə dolu demokratik transformasiyaya?" sualının ətrafında qurulub.


Suat Kınıklıoğlu: Metropoll Araşdırma Mərkəzinin rəhbəri






Avtoritar konsolidasiya 

Kınıklıoğlu hesab edir ki, baş verənlər Türkiyədə avtoritarizmin konsolidasiyasıdır: “Türkiyədə proseslər dinamik şəkildə davam edir. Çox hadisə baş verir və qarşıdakı dövrdə də yeni hadisələr görəcəyik. Bəlkə də yeni bir partiya yaradılacaq, bu partiyanın ictimaiyyətdə necə qarşılanacağını, CHP üçün nə ifadə etdiyini görəcəyik. Amma ümumi şəkildə ifadə etsək, Türkiyədə avtoritarizmin möhkəmləndiyini söyləmək olar”.

Ekspert Türkiyə avtoritarizminin dünyadakı ən mürəkkəb, özünəməxsus incəkiləri olan modellərdən biri olduğunu vurğulayır və bunu Türkiyə türkcəsindəki “sofistike” (çoxqatlı hiyləgərlik) kəlməsi ilə ifadə edir: “Türkiyədə Moskvadakı kimi üçüncü mərtəbədən aşağı düşmürsünüz. Əgər Moskvadakı kimi hər iki-üç həftədən bir insanlar pəncərədən düşsəydi, yəqin ki, bu sistemi idarə etmək mümkün olmazdı. Məncə Ərdoğan da bunu bilir. Ona görə də bunu çox sofistikə şəkildə edir. Türkiyədə  məsələ “lawfare” adlandırılan üsullarla -  hüququn siyasi məqsədlər üçün istifadəsi ilə və ya hüquq-mühafizə orqanları vasitəsilə həll edilir. Bu, çoxqatlı bir sistemdir - media var, ictimai rəyin idarə olunması var, müəyyən məsələlərdə razılıq istehsalı məsələsi var, xarici siyasətin daxili siyasətdə istifadə olunması var. Məsələn, son günlər ətrafımdakı insanlardan bunu eşidirəm: “İranda müharibə var, Suriyanın nə olacağı bəlli deyil. Sabah - birigün İsraillə müharibə olsa, başımızda Özgür Özəl olsun istəyərsiniz, yoxsa Tayyib Ərdoğan?” Hətta bəzi müxalif insanlar belə vəziyyətlərdə Ərdoğana üstünlük verdiklərini deyirlər. Çünki böhran və qeyri-müəyyənlik dövrlərində seçici təbii olaraq güclü liderə yönəlir. Bu dünyanın hər yerində belədir. Hakimiyyət də bunu çox yaxşı bilir və istifadə edir”.

Suat Kınıklıoğlu son dövrdə baş verənlərin bir siyasi dizayn layihəsi olduğuna inanır, ancaq bunu “dərin dövlət” ritorikası ilə izah etmir: “Təbi ki, son dövrdə yaşananlar təkcə CHP ilə bağlı deyil. Bu daha çox  yeni Türkiyənin necə dizayn edilmək istənməsilə bağlı məsələdir. Yəni hakimiyyətin bir planının olduğu aydındır. Mən dövlət planı demirəm, hakimiyyət planından danışıram. Bu, impulsiv plan da deyil. Hakimiyyətin beynində müəyyən bir şablon var. Həmin şablon isə belədir - hegemon AKP, başında güclü lider Ərdoğan, seçkilərdə iştirak edən, demokratik görüntünü davam etdirən, amma heç vaxt ölkə idarəçiliyində söz sahibi olmayan partiyalar. Yəni CHP-nin əlində olan bəzi bələdiyyələr kimi müəyyən sahələrdə müəyyən imkanları olsun, amma mərkəzi hakimiyyətə yaxınlaşa bilməsinlər. Hakimiyyətin düşündüyü model budur və əslində uzun müddət də işlədi. Ancaq nə vaxt ki, Əkrəm İmamoğlu və komandası CHP-ni dəyişdirərək “biz artıq hakimiyyət olmaq istəyirik” dedilər, sehr pozuldu…”

Seçkiyə gedən, ancaq küçəyə çıxmağı dövlətə xəyanət kimi görən xalq….

Həmsöhbətimiz hakimiyyətin yeni Türkiyə üçün nəzərdə tutduğu şablonda qeyri-müəyyən olan əsas məsələnin xalqın mövqeyi olduğunu vurğulayır. İqtidarın yeni siyasi dizaynının nə qədər uğurlu olub-olmayacağının da məhz bu faktordan asılı olduğunu qeyd edir: “Türk xalqı bu məsələlərdə çox da proqnozlaşdırıla bilən bir xalq deyil. Bir çox avtoritar idarəetmələrdə belə legitimlik seçki qutusundan çıxır. Heç olmasa formal olaraq seçki keçirilməlidir, insanlar gedib səs verməlidirlər və hakimiyyət də həmin seçkidən legitimlik istehsal etməlidir. Türkiyə üçün isə bu, xüsusilə vacibdir. Çünki əvvəla, Ərdoğan və AKP 24 ildir hakimiyyətdə olsa da, xalqın yarısını, bəlkə də çoxunu inandıra bilməyib. Türkiyədə hələ də müxalif mövqedə olan, illərdir iqtisadi və siyasi imkanlardan məhrum qalmış, müxtəlif ziyanlar çəkmiş, amma hələ də geri çəkilməmiş, bu nizama razı olmayan böyük bir kütlə var. Hakimiyyət davamlı olaraq bu kütlə üzərində psixoloji üstünlük qurmağa çalışır. Mediadakı görünürlük, billboardlar, reklamlar, dövlət imkanları, ictimai resurslar - bunlar hamısı “AKP güclüdür”, “Alternativ yoxdur” psixologiyasının davamlı istehsalı üçün çalışır. Cəmiyyətin müəyyən hissəsi də bundan təsirlənir. Amma bütün bunlara baxmayaraq maraqlı olan budur - 24 illik AKP hakimiyyətinə rəğmən, cəmiyyətin ən azı yarısı hələ də bu sistemə inanmır”. 

Digər tərəfdən, Kınıklıoğlu, Türkiyədə xalqın demokratik seçki ilə iqtidar dəyişdirmə yaddaşının olduğunu və bunun da iqtidar üçün təhlükə vəd etdiyini deyir: “Biz keçmişdə səslərimizlə iqtidarları dəyişdirmişik. Məsələn,  bu xalq 21 faizlə seçdiyi Bülənt Eceviti sonrakı seçkidə bir faiz səsə düşürüb. 2022-ci ildə AKP kimi sistemdən kənar, mühafizəkar, “dinçi” bir partiyanı təkbaşına iqtidara gətirib.Yəni bu yaddaş var və xalqımız onu unutmaq da istəmir. Dünyadakı ən yüksək seçkidə iştirak göstəricilərinə malik ölkələrdənik. İnsanlar səs verməyi əhəmiyyətli hesab edirlər”.

Ekspertə görə, iqtidar üçün üçüncü təhlükə də iqtisadi vəziyyətdir: “Türkiyə iqtisadiyyatı çox pis vəziyyətdədir. Bir küçədə insanlar bahalı maşında gəzərkən digər küçədə zibil maşınından çörək toplayanlar var. İşsizlik yüksəkdir. Gənclər evdə otururlar. Sosial hərəkətlilik imkanları azalıb. Gənclərin əhəmiyyətli hissəsi ya xaricə getməyə çalışır, ya da sistem daxilindəki əlaqələr vasitəsilə özünə gələcək qurmağa çalışır. Bunun xaricində çalışaraq yüksəlmək ehtimalı xeyli zəifləyib. Təbii ki, 2028-ci ilə qədər nələr olacaq, bilmirik, ancaq bu gün etibarilə hakimiyyətin əsas planı iqtisadiyyatı toparladıqdan sonra seçkiyə getməkdir. Amma İran böhranı bu hesabları çətinləşdirdi. İnflyasiya hələ də düşmür. İqtisadi proqrama olan etimad ciddi şəkildə zəifləyib. İnsanlar artıq vəziyyətin düzələcəyinə inanmırlar. Bugünkü şərtlərdə seçki keçirilsə, hakimiyyətin işi çox çətin olar. Amma onlar 2028-ci ilə qədər vəziyyəti toparlaya biləcəklərini düşünürlər. Əgər həqiqətən hədəf 2028-dirsə, qarşılarında hələ kifayət qədər vaxt olduğunu hesab edirlər”.

Ancaq Türkiyədə xalq faktoru ilə bağlı çox mühüm bir problem mövcuddur. Bu da Türkiyə seçicisinin dəyişikliyi yalnız seçki məntəqəsinə gedib səs vermək olaraq təsəvvür etməsidir. Ölkədə keçirilən son seçkilərdə xeyli mübahisələr olsa da, hətta nəticələrə dair suallar, şübhələr ifadə edilsə də, xalqın bu kimi məsələlərdə etiraz təcrübəsi stabil və güclü deyil. Suat Kınıklıoğlu bunu türk seçicisinin mühafizəkar olması ilə izah edir: “Türkiyə seçicisi dövlətə çox əhəmiyyət verir. Onu müqəddəs varlıq kimi görür. Dövləti idarə edəcək insanların güclü, nüfuzlu olmasını vacib sayır. Türk seçicisi məntəqəyə getməyə, səs verməyə böyük əhəmiyyət verir, amma Türkiyə cəmiyyətinin tarixində güclü xalq hərəkatı ənənəsi yoxdur.  Dünyanın başqa ölkələrində insanlar seçkilərlə bağlı şübhələri olduğu zaman küçələrə çıxa bilirlər. Bunu məsələn, Gürcüstanda, Ukraynada, Moldovada görürük. Bəzən nəticə əldə edirlər, bəzən etmirlər, amma belə bir siyasi refleks mövcuddur. Türkiyədə belə bir siyasi refleks yoxdur.  Hətta cəmiyyətin bir hissəsi bunu dövlətə qarşı çıxmaq kimi qəbul edir. Ali Seçki Şurası da dövlət  kimi qəbul olunur. Buna görə də onun elan etdiyi nəticə bir çox insan üçün dövlətin qərarı deməkdir”.

Alternativ yarada bilməyən müxalifət və İmamoğlunun gördüyü həqiqət

Digər tərəfdən, ekspertin fikrincə, güclü liderlik alternativinin olmaması da xalqın mübarizə davranışlarında rol oynayır: “Mən həmişə belə bir misal çəkirəm: AKP-ni okeanda hərəkət edən böyük və güclü bir gəmi kimi təsəvvür edin. Gəmi yoluna davam edərkən kapitan köhnə dostlarının bir qismini dənizə atır, bəziləri ilə yollar ayrılır. Sonra dəniz sərtləşir, dalğalar böyüyür, işlər çətinləşir. İnsanlar narahat olmağa başlayırlar. Amma dönüb baxanda yan tərəfdə CHP-ni görürlər və onu bir qayıq kimi qəbul edirlər. Mövcud gəmidən narazı olsalar belə, həmin qayığa tullanmağa cəsarət etmirlər. Çünki ilk düşündükləri şey təhlükəsizlikdir. İnsanlar mövcud vəziyyətdən narazı olsalar da, qarşı tərəfdə onları daşıyacaq qədər güclü bir struktur görmürlərsə, dəyişiklik istiqamətində addım atmırlar. Bizim kimi ölkələrdə, əslində elə hər yerdə proseslərin uğuru həmişə müxalif liderliklə bağlı olur. Əgər cəmiyyətin güvəndiyi, inandığı və arxasınca getməyə hazır olduğu bir lider ortaya çıxıb güclü çağırış etsə, insanların mühüm hissəsi buna cavab verə bilər”.

Məhz bu səbəbdən Kınıklıoğlu hesab edir ki, müxalifət mühafizəkar, dövləti müqəddəs varlıq kimi görən seçicini inandıracaq güclü alternativ yaratmalıdır: “Türkiyədə bunu ilk anlayan şəxs Əkrəm İmamoğlu oldu. O gördü ki, müxalifət əvvəlki formada davam edə bilməz. Köhnə CHP-nin seçiciyə dünyəvilik və Mustafa Kamal Atatürkdən başqa danışa biləcəyi çox az şey qalmışdı. Müxalifət dəyişməyə başlayanda və İstanbul seçkiləri ard-arda qazanılanda mənzərə də dəyişdi. Türkiyədə ideologiya düşünüldüyü qədər vacib deyil. İnsanlar öncə liderə və onun ətrafındakı komandaya baxırlar. Əgər inam yarada bilsələr, dəstək verirlər.  Seçici nə vaxt ki, “Bu insanlar dövləti idarə edə bilər, iqtisadiyyatı düzəldə bilər, xarici siyasətdə problem yaratmaz, ölkəni böhran dövrlərində idarə edə bilər” deyəcək, məhz o zaman balans dəyişməyə başlayacaq. Müxalifətçilik çətin işdir, xüsusilə də bu qədər güclü bir hakimiyyət qarşısında çox çətindir. Amma Türkiyə müxalifətinin səhv etmək lüksü də çox azdır.  Bu səbəbdən müxalifətin uğurlu olması üçün ağıllı şəkildə təşkilatlanması, düzgün kadrlar tapması və inam yaratması lazımdır. Siyasətdə inam və etibar  kadrlarla formalaşır. İnsanlar yalnız lideri deyil, onun ətrafındakı şəxsləri də qiymətləndirirlər”.

Müsahibimiz Türkiyədə əsas müxalifətin başqa bir probleminin də tarixi baqaj olduğuna diqqət çəkir: “Əsas müxalifət partiyası - CHP - əslində özlüyündə çox mühafizəkar partiyadır. Cümhuriyyəti quran partiyadır, altı ox, dünyəvilik və Mustafa Kamal xətti üzərində formalaşıb. Kamal Kılıçdaroğlu dövrünə qədər də bu xəttdən ciddi şəkildə uzaqlaşmaq istəmirdi. “Mən buyam, məni belə qəbul etsinlər” yanaşması hakim idi. Bu da ciddi bir qıcıq yaradırdı və insanların bir çoxu üçün CHP-yə səs verməmə səbəbiydi. Məsələn, Mansur Yavaş ilk dəfə CHP-dən namizəd olanda insanların bir hissəsi belə deyirdi: “Mən hətta həyat yoldaşıma da Mansur Yavaşa səs verdiyimi deyə bilmərəm.” Baxmayaraq ki Mansur Yavaş milliyyətçi kökəndən gəlirdi, amma CHP-nin namizədi idi. CHP etiketi özlüyündə problem sayılırdı. İlk dəfə Kılıçdaroğlu dövründə barışma, başörtüsü kimi məsələlərdə fərqli açılımlar görünməyə başladı. Ancaq bu da kifayət qədər deyildi. Son dövrlərdə bu təsəvvürlər azalsa da, hələ də tamamilə yox olmayıbDünyəvilik və Atatürk əlbəttə ki, vacib mövzulardır. Amma gündəlik siyasətdə iqtisadiyyat, təhsil, səhiyyə, xarici siyasət kimi sahələrdə də güclü hekayə qurmaq lazımdır”.

Müsahibimiz “hekayə qurma” mövzusuna Türkiyə iqtidarının müdafiə sənayesindən necə istifadə etməsini misal göstərir: “AKP bu sahədən çox effektiv istifadə edir. “Biz getsək, bunlar müdafiə sənayesini məhv edəcəklər” deyirlər. Seçicinin mühüm hissəsi buna inanmasa da, müdafiə sənayesindəki uğurlarla qürur duyur. Üstəlik bu təkcə AKP seçicilərində deyil, daha geniş kütlədə qarşılıq tapır”.

Kınıklıoğlu müxalifətin digər hissələrinin də problemli olduğunu vurğulayır: “Türkiyə siyasətində sanki bir qəbilələşmə var. İnsanlar müəyyən qəbilələrin daxilində yaşayırlar - CHP-çilər, MHP-çilər, HDP-çilər, mühafizəkarlar… Hər qrupun öz dünyası var və bu qruplar bir-biriləri ilə əməkdaşlıq etməkdə çox çətinlik çəkirlər. Məsələn, Macarıstanda müxalifətin bir hissəsi birlikdə hərəkət edə bildi. Şübhəsiz ki, Peter Macarın şəxsi performansı da mühüm idi - son dərəcə çalışqan profil ortaya qoydu, çox şəhər gəzdi, insanlarla birbaşa təmas qurdu. Daha da vacibi, mühafizəkar seçicinin dili ilə danışdı, insanlara yuxarıdan baxmadı. Bunlar mühüm idi, mənim izlədiyim qədərilə bir çox partiya da öz maraqlarını ikinci plana keçirdi və Orbana qarşı ortaq mübarizəyə üstünlük verdi. Mən bizdəki siyasi elitaların bu birliyi yaradacağına çox da əmin deyiləm.  Amma xalq bəzən bunu özbaşına bacara bilir. Bələdiyyə seçkilərində bunun müəyyən nümunəsini gördük”.

Bunlarla yanaşı, Suat Kınıklıoğlu son illərdə müxalifətdə, daha doğrusu, CHP daxilində  keyfiyyət dəyişikliyi olduğunu söyləyir. Bu dəyişikliyi isə hazırda həbsdə olan İstanbul Böyükşəhər Bələdiyyəsinin keçmiş sədri Əkrəm İmamoğlu və komandasının başlatdığını vurğulayır: “Türkiyənin sekulyar kəsimi uzun illər AKP  seçicilərinə yuxarıdan aşağı baxdı - “bunlar dinçidirlər”, “bunlar cahildirlər” deyə aşağıladı. Amma gözdən qaçan bir həqiqət var idi: AKP son dərəcə yaxşı işləyən siyasi maşın qurdu. İctimai rəy araşdırmaları, strategiya və təşkilatlanma ilə işləyən peşəkar struktur yaratdı. Əlbəttə, arxasında dövlət gücü və ciddi resurslar var idi. Amma yenə də bu siyasəti peşəkar şəkildə həyata keçirdilər. Müxalifətin bunu anlaması təxminən iyirmi il çəkdi. Tam anlamağa başlayanda isə vəziyyət daha mürəkkəb hala gəlmişdi. Çünki Əkrəm İmamoğlu bu tarazlığı dəyişdirməyə çalışanda AKP  dərhal əks-həmləyə əl atdı. İmamoğlunu və komandasını nüfuzdan salmağa başladı. CHP-nin illərlə AKP-yə qarşı istifadə etdiyi arqumentlərin bənzərləri bu dəfə İmamoğlu komandasına qarşı istifadə edilməyə başladı. Korrupsiya ittihamları, etibarsızlıq iddiaları, kadrların hədəfə alınması kimi. Sonra məsələ bununla da bitmədi. Təkcə nüfuzdan salma deyil, kriminallaşdırma başladı. Proses artıq siyasi rəqabətin sərhədlərini aşdı”.

Avtoritarizmə yarayan beynəlxalq konyuktura 

Türkiyə iqtidarının siyasi rəqabət sərhədlərini aşan avtoritarizmi üçün beynəlxalq konyuktura da münbit şərait yaradır. İkinci Dünya Müharibəsindən sonra qurulan beynəlxalq hüquq və təhlükəsizlik sistemi ciddi çatlar, təhdidlər və suallarla qarşı-qarşıyadır. Yeni dünya düzənində beynəlxalq hüquq prioritet olmaqdan çıxır. Qərb, xüsusilə də ABŞ demokratiyanı artıq prioritet hesab etmir və hətta bir çox ölkələr üçün lazımsız sayır.  Bunu ABŞ-ın Ankaradakı səfiri Tom Barrackın iki ay əvvəl Antaliya Diplomatiya Forumunda Türkiyəni də nəzərdə tutaraq “Yaxın Şərq üçün xeyirxah mornarxiyalar və ya yumşaq monarxiya tipli güclü liderlik rejimləri işə yarayan tək şeydir” sözləri də təsdiqləyir (AnkaHaber, 2026). Bundan əvvəl isə ABŞ səfiri “Trump Türkiyənin ehtiyacının legitimlik olduğunu düşünür, “bu legitimliyi ona (Ərdoğana) verək” sözləriylə Vaşinqtonun baxışını ortaya qoymuşdu (Diken, 2025). 

Suat Kınıklıoğlu  Türkiyədəki avtoritarizmi dərinləşdirən səbəblərdən birinin məhz bu baxış olduğunu vurğulayır. Onun fikrincə, Qərblilər üçün Türkiyə  tampon bölgə, təhlükəsizlik zolağı (cordon sanitaire) funksiyası daşıyır və bu baxımdan həm Avropa, həm ABŞ üçün vazkeçilməz aktordur: “Ancaq məhz bu funksionallıq da Türkiyənin normal demokratiya olmasının qarşısındakı ən böyük maneədir. Çünki beynəlxalq aktorlar avtoritar sabitliyin və Türkiyə xalqının gərginlik və miqrasiya dalğalarını sovurmasına ehtiyac duyurlar. Onlar üçün potensial bir iqtidar dəyişikliyi ilə demokratiyaya keçid bir çox qeyri-müəyyənliyi və çalxantıları da gətirəcəyi üçün çox da arzuedilən deyil”. 

Suat Kınıklıoğlu qeyd edir ki, indiki beynəlxalq konyukturada Qərb üçün Türkiyənin demokratik ölkə olması mühüm deyil, mühüm olan Türkiyənin sistem aktorlarının yaxından tanıdığı və asanlıqla müzakirə apara bildiyi güclü adamın liderliyi altındakı funksionallığını davam etdirməsidir: “Qərblilərin Türkiyədə demokratiyaya deyil, nəzarəti əlində saxlaya bilən güclü bir tərəfdaşa ehtiyacı var. Hazırda bu, Ərdoğan hakimiyyətidir.  24 ildir Ərdoğanı tanıyırlar, onunla necə işləmək, necə bazarlıq etmək lazım gəldiyini bilirlər. Təbii ki, onlar üçün güclü bir liderlə işləmək çoxtərəfli demokratiyanın müxtəlif aktorlarıyla müzakirələr aparmaqdan qat-qat asandır. Əvvəllər Türkiyədə ictimai rəy nə deyər, XİN nə reaksiya verər, müxalifətin, ordunun reaksiyası necə olar - bunların hamısını nəzərə almaq lazım idi. Bu qədər fərqli aktoru razı salmaq, onları inandırmaq, özünü bəyəndirmək əvəzinə bir nəfərlə razılaşıb işi həll etmək təbii ki, onlar üçün daha rahatdır.  Xüsusilə Trump sayəsində demokratiya və insan haqları ilə bağlı bütün şüarların içinin boş olduğu, ölkələrin əslində tamamilə başqa maraqlar güddüyü, hətta demokratiya və insan haqları diskursunun təzyiq vasitəsi kimi istifadə edildiyi daha aydın görünür. Məncə Ərdoğan bunu daha əvvəl gördü və düzgün oxudu. Bu baxımdan da Qərblə daha rahat işləyir. Çünki onların əslində nə istədiklərini bilir. Yəni Avropalılar üçün milyonlarla miqrantın Türkiyədə qalmasının Türkiyədəki demokratikləşmədən daha vacib olduğunu gördü. Boru kəmərlərinin, enerji xətlərinin təhlükəsiz və sabit işləməsinin, NATO bazalarına çıxışın daha vacib olduğunu gördü. Artıq hamı əsas prioritetlərin bunlar olduğunu görür. Bu isə təəssüf ki, Türkiyədə demokratiya baxımından yaxşı əlamət deyil.Türkiyədə müxalifət həm hakimiyyət partiyasını məğlub etməli, həm də xarici aktorların bu düşüncəsinə qalib gəlməlidir. Bu, elə də asan iş deyil”

Qərbin Türkiyəyə münasibətindəki ən böyük paradokslardan biri də məhz bu məqamda ortaya çıxır–Ərdoğan onlar üçün bir tərəfdən bazarlıq edə biləcəkləri, tanıdıqları güclü aktor, digər tərəfdən isə Rusiya və Çin ilə münasibətlərini pozmayan, NATO daxilindəki bir çox qərarların qəbulunu ləngidən, problemlər yaradan güvənilməz tərəfdaş rolundadır. Ancaq Kınıklıoğlu hesab edir ki, Qərb bu paradoksu da idarə oluna bilən problem kimi görür: “Türkiyə əslində Ərdoğan hakimiyyətə gəlməzdən əvvəl də istər NATO daxilində, istərsə də Avropa platformalarında çətin tərəfdaş olub. Sadəcə o zaman hər şey bu qədər açıq deyildi. İndi isə daha açıqdır. Bir də sosial media var, dünya dəyişib, informasiya texnologiyaları dəyişib. Artıq hamı hər şeydən xəbərdardır. Qərblilər uzun müddətdir Türkiyəni bu şəkildə qəbul edirlər. Bu artıq onlar üçün anomaliya deyil. Onlara görə, Türkiyə heç vaxt tam mənada Qərb tərəfdaşı olmayacaq, özünəməxsus ölkədir. Rusiya ilə xüsusi münasibətləri var, İranla münasibətləri var, Suriyada ayrıca hesabları var. Əgər Ərdoğanın böyük uğuru varsa, o da dünyaya “Biz heç bir yerə göbək bağı ilə bağlı deyilik. Öz maraqlarımıza baxacağıq” mesajını verə bilməsidir. Çinlilər də bunu bilir. Ruslar da bilir.  Bu günlərdə diqqət etdim, Ərdoğan üç ildir Putinlə üzbəüz görüşmürmüş.  Halbuki bir vaxtlar ildə dörd-beş dəfə görüşürdülər. Türkiyə belə məsələlərdə qüvvələr balansının necə dəyişdiyinə görə mövqe tutan bir ölkədir. Həmişə belə olub. İkinci Dünya Müharibəsində də belə olub, indi də belədir. Mən şəxsən istərdim ki, Türkiyə Ukraynaya daha çox dəstək versin. Amma Türkiyə bu məsələlərdə həm keçmişdə, həm də indi - həmişə ehtiyatlı olub. Çünki Rusiyadan danışanda türklərin ağlına on dörd müharibə və onların on ikisinin məğlubiyyətlə nəticələnməsi gəlir. Böyük ərazi itkiləri yada düşür. Rusların İstanbulun qapılarına qədər gəldiyi xatırlanır. Türk-Rus münasibətləri ilə bağlı türklərin şüurunda belə bir travma var. Ancaq eyni zamanda Türkiyə hakimiyyəti Rusiyanın Ukrayna müharibəsində çox ağır zərbələr aldığını, beynəlxalq legitimliyinin böyük ölçüdə itirildiyini, avropalıların qətiyyətli olduğunu və Trumpa rəğmən öz müdafiələrində qərarlı olduqlarını, məsələn Ukraynaya iki il ərzində 90 milyard avro ayıracaqlarını görür.  Avropalıların qətiyyətli davranması bir çoxları üçün, məncə həm də bizimkilər üçün sürpriz oldu. Xüsusilə Almaniyanın müdafiə sənayesi sahəsində çox sürətlə istehsala keçməsi, Ukrayna ilə birgə layihələr həyata keçirmələri, bütün Avropanın təbii qaz asılılığı məsələsində göstərdikləri qətiyyət sürpriz oldu. Türkiyədə “Qərb ölür, bitir, Avropadan bir şey çıxmaz” deməyi çox sevirlər. Amma məncə yaxşı tanımırlar və yaxından izləmirlər. Hökumət isə görür və mövqeyini də buna uyğun olaraq tənzimləyir. Xüsusilə 2016-cıl ildəki çevriliş cəhdindən sonra Türkiyə Rusiya faktorunu çox nəzərə alırdı. Ancaq son zamanlarda açıqca görünür ki, daha rahatdırlar”.

Trump faktoru, NATO sammiti və beynəlxalq legitimlik

Həmsöhbətimiz bildirir ki, bu rahatlığın əsas mənbəyi Ərdoğanın Trump ilə xüsusi münasibətləridir: “Ərdoğanın Tramp ilə elə münasibəti var ki, bəlkə də dünyada heç bir liderin belə münasibəti yoxdur. Bundan öz xeyrinə istifadə edir. Biz Trampın Netanyahuya kameralar qarşısında Ərdoğanın xeyrinə xəbərdarlıq etdiyini gördük. “Məntiqli davranacaqsan” dedi. “Sizin aranızı mən düzəldərəm” dedi. Tramp üçün Ərdoğan xüsusi fiqurdur. Trump əslində Ankarada keçiriləcək NATO sammitinə də gəlmək istəmirdi, çünki onların hazırki mövqeyi məlumdur - Avropalılar İranda bizə kömək etmədi, biz də onlara kömək etmirik deyirlər. Məncə, Trumpı Ərdoğan razı saldı və məhz onun üçün gəlir. Gələcək, şəkillər çəkiləcək, müxtəlif görüşlər olacaq.  Trump böyük ehtimalla yenə də qeyri-adi açıqlamalar verəcək və bunlar xəbər olacaq. Amma şəkildə Ərdoğan olacaq, ev sahibi Türkiyə olacaq. Bu da təbii olaraq onun çəkisini və daxildəki legitimliyini gücləndirir. NATO sammitinə ev sahibliyi edən, hətta Trumpı belə gətirən, dünya liderlərini toplayan, Putindən qorxmayıb Zelenskini belə çağıran bir lider obrazı. Ərdoğanın NATO sammitindən ən böyük gözləntisi də, qazancı da budur”. 

Buna baxmayaraq Kınıklıoğlu hesab edir ki, Ankara sammitində ABŞ və Avropa arasındakı çat dərinləşdiyi və alyansın gələcəyinə dair ciddi suallar ortaya çıxdığı təqdirdə Ərdoğan  Trump sempartizanlığı etməyəcək: “Əvvəla, Türk ictimaiyyəti NATO-ya qarşı kimi görünə bilər. Amma Ukrayna müharibəsindən və İran hadisələrindən sonra NATO-nun Türkiyənin yeganə təhlükəsizlik çətiri olduğunu çox yaxşı gördülər. Türkiyədə ritorika səviyyəsində həmişə NATO əleyhdarlığı olub. Sabah zirvə olanda da olacaq. Amma hakimiyyət bunun fərqindədir - Türkiyənin təhlükəsizliyi hazırda NATO üzvlüyü ilə təmin olunur. Digər tərəfdən, Ankara sammitində ziddiyyətlər ortaya çıxarsa, məncə Ərdoğan orada NATO daxilində öhdəliklərini yerinə yetirən, NATO-nun qəbul etdiyi qərarlara əməl edən bir aktor görüntüsü verəcək. Trumpla münasibətlərini zədələmədən, amma ümumilikdə Avropa tərəfində olacaq. Çünki Türkiyə NATO-nun dağılmasını və ya zəifləməsini qətiyyən istəməz. Çünki NATO Türkiyə üçün Qərb ilə bərabər şərtlərlə masada oturduğu yeganə platformadır. Avropa Birliyində vəziyyət belə deyil. Ora daxil olmağa çalışırıq. NATO-da isə güclü ordumuz var. İnkişaf edən müdafiə sənayemiz var. Üstəlik geostrateji mövqeyimiz var. Türkiyə vazkeçilməz ölkədir. Buna görə də çox güman ki, Avropalıların Türkiyəni təhlükəsizlik məsələlərinə daha çox daxil etmək istədiyi, Ankaranın isə Trumpı da incitmədən daha çox Avropa tərəfinə yaxınlaşdığı bir xətt görəcəyik. Türkiyə artıq bir şeyi gördü: bu qarışıq dünyada onun dəyəri daha da artıb. Çünki Türkiyənin əlində bəzi üstünlüklər var. Cənub-şərqdə terrorla mübarizə təcrübəsi var. Suriyada təcrübə qazanmış silahlı qüvvələri var. Buna görə də NATO-nun davamı və güclənməsi üçün üzərinə düşəni edəcək. Şübhəsiz ki, bunları Trumpı çox qəzəbləndirmədən etməyə çalışacaq - çünki silahlarımız, təyyarələrimiz Amerikadan gəlir”.

Tunelin sonundakı ümid…

Daxili və xarici faktorların avtoritarizmi gedərək gücləndirməsinə baxmayaraq Suat Kınıklıoğlu Türkiyədə demokratiyanın vəziyyətinin ümidsiz olmadığını düşünür. Onun fikrincə, ümid üçün ən mühüm səbəb avtoritarizmin konsolidasiyası üçün göstərilən səylərə baxmayaraq cəmiyyətdəki dəyişiklik tələbinin yox olmamasıdır: “Hazırda qeyri-adi bir dövrdən keçirik. Cümhuriyyəti quran partiyanın daxili strukturu tamamilə dəyişib. Partiyanın təbii lideri hesab olunan şəxs həbsxanadadır. Mövcud liderin gələcəyi ilə bağlı böyük qeyri-müəyyənliklər var. Bunlar adi hadisələr deyil. Türk cəmiyyəti küçələrə çıxmasa belə, bütün bunları yadda saxlayır. Televiziyada izləyir, sosial mediada görür, öz çevrəsində müzakirə edir. Cəmiyyətin mühüm hissəsi Əkrəm İmamoğlu və onun ətrafına qarşı aparılan nüfuzdan salma və kriminallaşdırma kampaniyasının siyasi olduğunu görür. İnsanlar həqiqətən yorulublar. İqtisadi çətinliklər çox ağır hiss olunur. Bütün bunların bir nəticəsi olacaq şübhəsiz ki, amma siyasi nəticəyə çevrilməsi üçün xalqın etibar etdiyi bir lider və komanda formalaşmalıdır. Mövcud şərtlər daxilində Özgür Özəl prosesi kritik səhvlərə yol vermədən aparır. Üstəlik son hadisələrdə çox doğru davrandı, çox rahat şəkildə “Əkrəm bəy, bağışla, alınmır, sən yoluna, mən yoluma” deyə bilərdi, ancaq demədi. Bu, bir liderlik idi. Üstəlik, Kamal Kılıçdaroğlu tərəfdarlarının polislə CHP binasına basqın etməsi, Özəl və dostlarının yağış altındakı yürüyüşü və çıxışı da ciddi bir qırılma yaratdı. Amma Özəlin də ən böyük problemi komandadır. Müxalifət bu problemi həll etmək məcbutryyətindədir. Çünki qırılma nöqtəsi liderə və komandaya tam etimadla ortaya çıxacaq”.

Müşahidələr göstərir ki, hakimiyyət bu qırılma nöqtəsinə müxalifətdən daha çox hazırlıq görür. Son həftələrdə hakimiyyətə yaxın şəxslər tərəfindən Ərdoğan sonrası dövrlə bağlı ehtimallar açıq şəkildə ifadə edilir. Mövcud iqtidarın  davamlılığını nəzərdə tutan bu ehtimallarda prezidentin kürəkəni Berat Albayrağın, oğlu Bilal Ərdoğanın, xarici işlər naziri Hakan Fidanın adları çəkilir. Suat Kınıklıoğlu bunların uzun müddətdir bilinən məsələlər olduğunu, sadəcə ilk dəfə açıq şəkildə ifadə edildiyini deyir: “Təbii ki, Tayyib bəyin yaşı artdıqca AKP bazası sonranı düşünür. Çünki onlar Türkiyəni çox rahat şəkildə idarə etdilər. Türkiyənin sərvətləri onların əlindədir. Bu rahatlığın pozulması onlar üçün problemdir. Bu qədər geniş səlahiyyətlər heç bir modeldə yoxdur. Bu səbəbdən də müəyyən qruplaşmalar var. Onlar  öz gələcəyini müəyyən şəxslər üzərində qurur”.

Ekspert prezidentin də müəyyən mənada nəbz yoxlamaq istədiyini düşünür: “Son vaxtlar sanki Bilal Ərdoğanı ön plana çıxarmaq cəhdi var. Yəqin ki, Bilalın performansını yoxlayırlar, reaksiyanı görmək istəyirlər. Böyük ehtimalla gizli ictimai rəy sorğuları ilə Bilal Ərdoğanın cəmiyyətdə necə qəbul olunduğunu ölçürlər. Müxtəlif toplantılara, səfərlərə qatılır. İngiliscə danışan profil nümayiş etdirir. Sanki yavaş-yavaş hazırlıq görülür”.

Ancaq müsahibimiz hesab edir ki, bu ssenarilərdən bəhs etmək hələ çox tezdir: “Tayyib bəy asanlıqla hakimiyyətdən getmək istəməyəcək. Sağlamlığı imkan verdiyi müddətdə ölkəni idarə etmək istəyəcək”.

Ancaq buna baxmayaraq Kınıkloğlu, optimizm üçün əsasların çox olduğunu vurğulayır: “Türkiyə heç nəyə qarışmaq istəməsə belə, elə bir coğrafi mövqedədir ki, mütləq hansısa gücün ona ehtiyacı olur. Qara dəniz belədir, Qafqaz belədir, Yaxın Şərq belədir, Şərqi Aralıq dənizi belədir.  Bəlkə indi elə görünə bilər ki, məhz bu ehtiyaclar vəziyyəti daha da ümidsizləşdirir.  Ancaq Türkiyəni uzun müddət avtoritar idarəetmə altında tam konsolidasiya etmək o qədər də asan deyil. Uzun müddət bunu davam etdirmək çətindir. Çünki dediyim kimi, biz demokratiyanı yaşamışıq, görmüşük, onun dadını almışıq”.

Digər tərəfdən müsahibimiz beynəlxalq konyukturanın da dəyişkənliyinə diqqət çəkir: “Məsələn, bu ilin noyabrında Amerikada ara seçkilər keçiriləcək. Böyük ehtimalla Respublikaçılar üçün ağır məğlubiyyət ola bilər və Tramp “topal ördək” vəziyyətinə düşə bilər. Konqres və Senat əsasən Demokratların nəzarətinə keçə bilər. Belə vəziyyətdə Trampın təsirinin azaldığı bir dövr görə bilərik. Bunu bildikləri üçün həm Netanyahu, həm də Ərdoğan noyabrdan əvvəl Tramp vasitəsilə işlərini yoluna qoymağa çalışırlar.  Məsələn, son dövrdə Türkiyənin ABŞ-dan 20 milyard dollarlıq swap sazişi ala biləcəyi ilə bağlı xəbərlər yayıldı. 20  milyard dollar Türkiyə iqtisadiyyatı üçün çox ciddi bir resursdur. Belə bir vəsait daxil olsa, altı-səkkiz aylıq rahatlama dövrü yaşana bilər. Təqaüdlər artırıla bilər, bazara pul buraxıla bilər - yəni yaxşı seçki investisiyası ola bilər. Ancaq ABŞ-dakı ara seçkilərdən sonra, xüsusilə də Türkiyədəki 2028 seçkilərində ABŞ-da  yeni prezident gündəmə gələndə tamam başqa məsələlərdən danışa bilərik. Qısa müddətli və görünən gələcək baxımından, demokratiya və çoxtərəflilik nöqteyi-nəzərindən, Türkiyə demokratiyasının əvvəlki vəziyyətinə — mükəmməl olmasa da, hüquq mexanizmlərinin işlədiyi, müəyyən qaydaların olduğu, minimum hüquqi nizamın mövcud olduğu dövrə — qayıda bilməsi üçün orta vədədə yenə də ümidli ola bilərik. Çünki dediyim kimi, dünya ilə bu qədər inteqrasiya olmuş bir ölkəni bir bankanın içinə salıb qapağı bağlı saxlaya bilməzsiniz”.


Nəticə



KHAR Center-in təqdim etdiyi bu müsahibə janrındakı analiz, Türkiyənin mövcud siyasi mənzərəsini təqdim edir. Ekspert Suat Kınıklıoğlunun təhlilləri aşağıdakı qənaətləri ümumiləşdirir: 

-Türkiyədəki mövcud avtoritar idarəetmə modeli daha incə və dərindən hesablanmış mexanizmlərə əsaslanır. Hakimiyyət hüququn siyasi məqsədlər üçün istifadəsi, media manipulyasiyası, müxalifətin kriminallaşdırılması vasitəsilə  cəmiyyət üzərindəki total nəzarətini gücləndirir.

-Beynəlxalq konyuktura, xüsusilə də ABŞ-dakı Trump amili Türkiyədə demokratiya və insan haqlarına əhəmiyyət verməyən geosiyasi sabitliyi prioritet hesab edir. Qərb üçün Türkiyənin miqrant axınını cilovlayan bir tampon bölgə və etibarlı təhlükəsizlik tərəfdaşı (NATO çərçivəsində) olması ön plandadır. Bu yanaşma Ərdoğan iqtidarının daxili və xarici legitimliyini bəsləyən ən böyük rıçaqlardan biridir.

-Ölkədəki ağır iqtisadi böhrana və gənclərin ümidsizliyinə rəğmən, cəmiyyətdəki narazılıq avtomatik olaraq iqtidar dəyişikliyinə yol açmır. Çünki türk seçicisi Dövləti müqəddəs sayır. Bu halda küçə nümayişlərindən çəkinən mühafizəkar türk seçicisini inandırmaq üçün müxalifət  cəmiyyətdə tam etimad qazana biləcək güclü lider və kadr komandası (alternativ gəmi) ortaya qoymalıdır.

Son söz olaraq, hakimiyyətin total nəzarətinə və Ərdoğan sonrası dövrlə bağlı qurulan varislik ssenarilərinə baxmayaraq, Türkiyəni tam mənada qapalı bir avtoritar çərçivəyə sıxışdırmaq qeyri-mümkün görünür. Türk xalqının köklü seçki yaddaşı, demokratiya təcrübəsi və ölkənin dünya ilə qaçılmaz inteqrasiyası tunelin sonundakı dəyişiklik ümidini diri saxlayan ən fundamental resursdur.


Qeyd: Oxuduğunuz yazı orijinal olaraq Azərbaycan dilində yazılmışdır.




İSTİNADLAR 


Bianet, 2026.Ankara Üniversitesi öğretim üyesi Doç. Dr. Emel Memiş gözaltına alındı.

https://bianet.org/haber/ankara-universitesi-ogretim-uyesi-doc-dr-emel-memis-gozaltina-alindi-320838


Cumhuriyet, 2026. NATO’dan Türkiye’nin en köklü gazetesine ambargo: Zirve akreditasyon talebi reddedildi. https://www.cumhuriyet.com.tr/turkiye/nato-dan-turkiye-nin-en-koklu-gazetesine-ambargo-zirve-akreditasyon-talebi-reddedildi-2515064


Anka Haber, 2026. Özgür Özel Barselonada Anka Haber Ajansına konuştu: “Tom Barrackı persona non-grata ilan ediyoruz”.

https://ankahaber.net/haber/ozgur_ozel_barselonada_anka_haber_ajansina_konustu_tom_barracki_persona_non_grata_ilan_ediyoruz_305738


Diken, 2025. Barrack: Trump, Türkiye'ye hayran; meşruiyetten kasıt saygı

https://www.diken.com.tr/barrack-trump-turkiyeye-hayran-mesruiyetten-kasit-saygi

Bell icon

Ən son yeniliklərdən xəbərdar olmaq üçün bülletenimizə abunə olun

Etibarlı e-poçt ünvanı təqdim edin