9 yan 2026

Rusiya-Ukrayna sülhündən sonra Azərbaycanı nə gözləyir?

Rusiya-Ukrayna sülhündən sonra Azərbaycanı nə gözləyir?



Araz Əliyev -  tədqiqatçı, analitik.

 Üçüncü Respublika Platformasının qurucu heyət üzvü 

Giriş

2025-ci ilin 29 noyabrından, siyasi müxalifətə qarşı növbəti repressiya dalğasının başlandığı gündən etibarən hökümətyönümlü media resurslarında ölkədəki siyasi həbslərlə bağlı təhlil məqalələri dərc edilməyə başlandı. Həmin məqalələrdə yer alan əsas tezisdə iddia olunurdu ki, Rusiya Ukrayna müharibəsi zamanı postsovet regionunda itirdiyi nüfuzunu bərpa etməyə çalışacaq (Qafqazinfo.az, 2025a). Bu məqsədlə Moskva Azərbaycan daxilində sosial narazılıqları tətikləyə və hakimiyyətin “radikal müxalifət” adlandırdığı siyasi partiyalardan “destruktiv fəaliyyət” üçün istifadə edə bilər. Məqalədə həmçinin Rusiyanın məqsədinin “Bakının müstəqil siyasi kursunu zəiflətmək, daxili sabitliyə təsir etmək və ölkəni yenidən öz orbitinə yaxınlaşdırmaq” olduğu qeyd edilirdi (Apa, 2025, Azadlıq radiosu, 2025).

Bu tezis eyni tarixlərdə Milli Məclisin deputatları səviyyəsində də dilə gətirildi. Deputat Kamal Cəfərov “xüsusilə Rusiya-Ukrayna müharibəsinin postkonflikt mərhələsinə keçməsi fonunda Moskvanın bölgədə təsir dairələrini yenidən bərpa etmək cəhdlərinin güclənəcəyi”ni qeyd edirdi (Qafqazinfo.az, 2025). “Azadlıq Radiosu” kimi media resursu da potensial postkonflikt dövründə Rusiyanın qonşuları ilə münasibətlərinin necə olacağı barədə reportajlar hazırladı (Azadlıq radiosu, 2025a).

Qeyd edək ki, hələ müharibənin başlanğıcından etibarən yerli mediada “Ukraynadan sonra Rusiyanın növbəti hədəfinin Azərbaycan olacağı” barədə çoxsaylı iddialar səsləndirilir və açıqlamalar verilirdi (Musavat.com, 2022, Oxu.az, 2025a). Lakin bu açıqlamalar son həftələrdə olduğu kimi rəsmi şəxslər tərəfindən yox, əsasən siyasi ekspertlər və politoloqlar səviyyəsində müzakirə edilirdi (Yeni Musavat, 2025, Qaynarinfo.az, 2025). Həmçinin bu iddiaların məzmunu da bir-birindən fərqlənir, daha çox Rusiyanın Cənubi Qafqazda “ikinci cəbhə” açması ehtimalı kimi nəzərdən keçirilir, postkonflikt dövrü ilə bağlı arqumentlərə istinad edilmirdi. 

Bu baxımdan savaşdan sonrakı dövrdə Rusiyanın təsir gücünü bərpa edəcəyi ilə bağlı gözlənti əvvəlki mülahizələrdən kəskin fərqlənir. Əvvəlki iddialar “Rusiyanın Cənubi Qafqazda ikinci cəbhə açacağı”, “Rusiyanın Azərbaycanda dövlət çevrilişi edəcəyi” kimi hipotetik fikirlərə əsaslandığı halda, yeni iddia Rusiya-Ukrayna müharibəsindən sonrakı gözləntiləri özündə ehtiva edən, daha realist yanaşmadır. Bu iddianın ortaya çıxması ilk növbədə sözügedən müharibə ilə bağlı son aylarda baş verən hadisələrin, xüsusilə ABŞ-ın vasitəçiliyi ilə hazırlanan sülh planı fonunda baş verib. Təsadüfi deyil ki, yerli mediada postkonflikt dövründə Rusiya ilə münasibətlər məsələsinin məhz ABŞ-ın 28 maddəlik sülh planının müzakirələri fonunda daha da aktuallaşdığı müşahidə edilir. Hətta 2025-ci ilin oktyabrında (sülh planından 1 ay əvvəl) “dövlət çevrilişi” ittihamı ilə cinayət məsuliyyətinə cəlb olunan Ramiz Mehdiyevlə bağlı ittihamlarda postkonflikt dövrü arqumentindən demək olar ki, heç istifadə edilməmişdi. Postkonflikt dövrü arqumenti dedikdə, yerli mediada mümkün sülh nəticəsində strateji qələbə əldə etmiş Rusiyanın Azərbaycana təzyiqini artıracağı ilə bağlı iddialar nəzərdə tutulur.

Bu yazıda biz Rusiya ilə Ukrayna arasındakı potensial sülh razılaşmasının və müharibənin aktiv fazasının bitməsinin Azərbaycana mümkün təsirləri, eləcə də həmin dövrdə Rusiya-Azərbaycan münasibətlərini xarakteri ilə bağlı gözləntiləri müəyyən etməyə çalışacağıq. Biz ehtimal edirik ki, müharibədən strateji qələbə ilə çıxmış Rusiya son aylarda geosiyasi təsir dairəsindən daha da uzaqlaşmış Azərbaycanı “ram etmək” üçün fəaliyyətə keçəcək. Bu, Rusiyanın tarixi imperiya ənənəsindən irəli gələn geosiyasi zərurətdir. Azərbaycanın avtoritar hakimiyyəti isə regionda baş verəcək ciddi geosiyasi dəyişikliyə uyğunlaşmaq və risklərdən sığortalanmaq məqsədilə addımlar atmalı olacaq. 

Analizin sualı: Tramp administrasiyası (ABŞ) tərəfindən irəli sürülən sülh planı reallaşarsa və Rusiya-Ukrayna müharibəsinin aktiv fazası sona çatarsa, yaranacaq yeni geosiyasi reallıq Rusiya-Azərbaycan münasibətlərinə necə təsir edəcək?  Münaqişədən “strateji qələbə” ilə çıxmış Rusiyanın Azərbaycanı öz geosiyasi orbitinə qaytarmaq cəhdləri nə ilə nəticələnəcək?

Rusiya-Ukrayna müharibəsi bitirmi?

Rusiyanın Ukraynaya təcavüzü ilə 2022-ci ilin fevralında başlayan müharibənin iki ay sonra 4-cü ili tamamlanacaq. Bu müddət ərzində müharibənin dayandırılması ilə bağlı çoxsaylı cəhdlər edilməsinə baxmayaraq hələlik real bir nəticə əldə etmək mümkün olmayıb. Hərbi əməliyyatların gedişi hər iki tərəfin öz hədəflərindən çox uzaq olduğunu göstərir. 

2025-ci ilin noyabrında ABŞ prezidenti Donald Tramp tərəfindən münaqişənin həlli ilə bağlı 28 maddəlik sülh planı hazırlandığını və Ukrayna tərəfində təqdim edildiyini bildirilib (Axios, 2025). İrəli sürülən plan Ukrayna qarşısında ərazi güzəştləri, ordu sayının azaldılması, NATO-ya üzvlükdən imtina kimi olduqca çətin seçimlər qoyur. Bunun əvəzində isə suverenliyin təsdiqi, təhlükəsizlik zəmanəti, yenidənqurulma və infrastruktur layihələrin bərpası üçün ABŞ ilə əməkdaşlıq kimi imkanlarla təmin ediləcəyi bildirilir. Rusiya isə işğal edilmiş Ukrayna ərazilərinin ABŞ tərəfindən tanınması, G8-ə və qlobal iqtisadiyyata yenidən tam inteqrasiya, NATO-nin genişlənməməsi, cəbhə xəttinin dondurulması və ABŞ ilə qarşılıqlı iqtisadi münasibətlər kimi qazanclar əldə etmiş olacaq (CNN, 2025). 

Təklif olunan planın açıq şəkildə Ukraynananın əleyhinə, hətta “kapitulyasiya”ya bərabər olduğu, Rusiyanın isə müharibədən strateji qələbə ilə çıxacağı qeyd olunur (Vox, 2025). Digər tərəfdən ABŞ-ın təklif olunan sülh müqaviləsini qəbul etməsi üçün Ukraynanı açıq və üstüörtülü formada təhdid etdiyi də müşahidə olunur. Buna baxmayaraq, sülh planı layihəsində  mübahisəli və qeyri-müəyyən məqamlar çoxdur. Ona görə də ilkin plana əlavə və dəyişiklər olacağı, bəzi maddələrdə düzəlişlərin ediləcəyi şübhəsizdir (Reuters, 2025).

ABŞ-ın Ukrayna üzrə xüsusi elçisi Kit Kelloq 6 dekabrda sülh müqaviləsi üzrə razılaşmaya çox yaxın, “təxminən 10 metrə qədər” yaxın məsafədə olduqlarını bildirib. Onun sözlərinə görə, hazırda həll olunmamış iki əsas məsələ mövcuddur: Donbasın və Rusiyanın nəzarəti altında olan Zaporojye atom elektrik stansiyasının gələcəyi. Bu iki məsələ üzərində əldə olunacaq razılıq ümumi prosesin yekunlaşmasına təkan verəcək (CNBS, 2025). 

Bununla belə, Ukrayna tərəfinin bir çox maddə üzrə ABŞ-ın planı ilə razlaşdığı, hətta ən prisinpial hesab olunan ərazi güzəştləri ilə bağlı bəndin refrendumla qərarlaşdırılmasına razı olduğu da məlumdur (The Kyiv İndependent, 2025). Proseslərin bu cür gedişatı ABŞ-ın vasitəçiliyi ilə təklif olunan sülh planının müharibənin dayandırılması prosesində effektiv ola biləcəyinə dair gözləntiləri artırır. Lakin nikbin proqnozlar üçün çox tezdir. Müzakirələr hələ ki, çox kövrək müstəvidə aparılır və təcrübə göstəririr ki, analoji müzakirələr heç də həmişə uğurla yekunlaşmır. 

Hadisələrə realist yanaşdıqda isə yeni sülh planının qəbul edilməsi ehtimalı əvvəlki oxşar cəhdlərlə müqayisədə daha yüksək görünür. Çünki ABŞ açıq şəkildə müharibənin dayandırılması və Rusiyanın resurs potensialının ABŞ və Qərbi Avropa iqtisadiyyatı üçün yenidən açılması məsələsində istəklidir (Reuters, 2025). Xüsusilə Çinlə davam edən və günü-gündən güclənən iqtisadi rəqabət müstəvisində bu addım ABŞ üçün olduqca önəmlidir. Avropa isə ABŞ olmadan Ukraynanın müdafiəsini təşkil etməkdə o qədər də istəkli görünmür. “Kiel İnstitutu” tərəfindən verilən ən son məlumatalara görə, 2025-ci ilin martından etibarən ABŞ-ın Ukraynaya yardımlarının demək olar ki, dayandığı, Avropa İttifaqı tərəfindən edilən yardımların həcminin isə iki dəfəyə qədər azaldığı görünür (Kielinstitut.de, 2025). 

Rusiyanın geosiyasi təsir gücünü bərpa cəhdləri

ABŞ tərəfindən irəli sürülən sülh planı Rusiyaya 4 illik müharibədən ciddi strateji qazancla çıxması fürsəti yaradır. Rusiya işğal etdiyi ərazilərin tanınması ilə yanaşı, cəbhə xəttinin dondurulmasına, ABŞ ilə iqtisadi əməkdaşlığa və Ukrayna ilə bağlı ordu sayının azaldılması, NATO-ya üzv olmamaq kimi bəzi istəklərinin də reallaşmasına nail olur. Hal-hazırda Qərbin ciddi sanksiyalarına məruz qalmış Rusiya üçün bu önəmli geosiyasi uğur hesab oluna bilər. 

Bu səbəblə əgər yekun razılıq əldə olunacaqsa, Ukraynada ABŞ-ın vasitəçiliyi ilə əldə olunan sülhün Rusiya üçün “strateji qələbə” olacağını demək doğru olar. Rusiya açıq şəkildə bu uğuru davam etdirmək və onu digər sahələrə də genişlətmək istəyəcək. Bu baxımdan ilk addım postsovet ölkələri ilə münasibətlərin yenidən nəzərdən keçirilməsi ola bilər. Çünki Rusiya bu məkanı hər zaman özünün "arxa bağçası"ı hesab edir və onun üzərində təsirini qorumalıdır. Məqsəd keçmiş SSRİ üzərində Rusiyanın "neoimperiya" təsirini qorumaqdır (IRIS, 2024).

Rusiyanın 2021-ci ildə təsdiqlənmiş Milli Təhlükəsizlik Strategiyası sənədində də postsovet regionuna münasibət açıq şəkildə göstəririlir. Həmin sənəddə bəzi qeyri-dost dövlətlərin MDB-də dezinteqrasiya prosesinə rəvac verdiyi və Rusiya ilə onun ənənəvi müttəfiqləri arasında əlaqələri zəiflətməyə çalışdığı qeyd edilir (Baku Research İnstitute, 2021). Dolayısı ilə MDB məkanında interqrasiyanın və ənənəvi müttəfiqlərlə (oxu: satellitlərlə) əlaqələrin vacibliyini vurğulanır. 

2025-ci ilin avqustunda Rusiya Prezident Administrasiyası yanında yeni qurum, Strateji Tərəfdaşlıq və Əməkdaşlıq üzrə İcra aparatının yaradıldığı elan olundu (Consultant.ru, 2025). Oktyabrın 28-də isə Vadim Titov aparata rəhbər təyin olundu. Qurumun əsas fəaliyyət istiqamətlərindən biri kimi məhz postsovet ölkələri ilə əlaqələrin inkişaf etdirilməsi nəzərdə tutulur. Onun yaradılması ilə bağlı xəbərlər yerli mediada “keçmiş sovet ölkələri üçün yeni təhlükə” kimi təqdim olundu (Musavat.com, 2025). 

Digər tərəfdən, Rusiya qazından imtina edən Avropa üçün Azərbaycan əsas enerji dəhlizi rolunda çıxış edir. Potensial postkonflikt dövründə Rusiyanın öz təsir imkanlarını bərpa etmək və ya enerji dəhlizində pay sahibi olmaq üçün Azərbaycana təzyiq edəcəyi də gözləniləndir. Sözügedən dəhlizi öz nəzarətinə almaq və ya bu dəhlizdə necəsə pay sahibi olmaq Rusiya üçün mühüm əhəmiyyət kəsb edir (Asiatimes.com, 2025).  

Qeyd olunan məqamlar Rusiyanın postsovet regionu ölkələrinə qarşı öz geosiyasi təsir gücündən maksimum formada istifadə etməkdə hər zaman maraqlı olduğunu və gələcəkdə də maraqlı olacağını deməyə əsas verir. Müharibənin davam etdiyi 4 il ərzində bir çox analitik postsovet məkanında baş verən hadisələrin əsas səbəbi kimi “Rusiyanın geosiyasi gücünün zəifləməsi” arqumentindən istifadə edirdi (Jam-news, 2023, BBC, 2025). Lakin hazırkı situasiya, xüsusilə Tramp administrasiyasının sərgilədiyi mövqe Rusiyanın müharibədən strateji qələbə ilə çıxmaq ehtimallarını gücləndirir. Bu isə Rusiyanın xüsusilə postsovet regionunda zəifləmiş geosiyasi gücünü yenidən bərpa etmək üçün ciddi imkanlar yaradacağı və bəzi ölkələrin mərkəzdənqaçma meyllərini cilovlamağa çalışacağı  şübhəsizdir.

ABŞ-ın yeni Milli Təhlükəsizlik Strategiyası və “Arxa bağça” presedenti

2025-ci ilin noyabrında Tramp administrsiyası özünün yeni Milli Təhlükəsizlik Strategiyası sənədini yayımladı. Sənəd əvvəlki illərdən fərqli olaraq ABŞ-ın dəyişən qlobal geosiyasi konyunkturadakı prioritetlərini yenidən nəzərdən keçirir. Tramp administrasiyası “Qərb yarımkürəsinin” əsas prioritet olduğunu açıq şəkildə elan edir, əsas məqsədinin isə “Xarici müdaxilədən azad” Qərb yarımkürəsində ABŞ-ın “əsas strateji yerlərə davamlı çıxışını təmin etmək” olduğu vurğuyır. Strategiya sənədində Avropa dövlətlərinin Qərb yarımkürəsinə müdaxiləsinin qarşısını alan tarixi Monro doktrinasının yenidən aktuallaşacağı, doktrinaya “Trump təklifi”nin təsdiq və tətbiq ediləcəyi qeyd olunur. “Yarımkürədən kənar rəqiblərimizə bu regionda qüvvələr və ya digər təhdid yaradan imkanlar yerləşdirmək, yaxud strateji cəhətdən həyati əhəmiyyətli aktivlərə sahib olmaq və ya onları idarə etmək imkanı verməyəcəyik” deyə xatırladılır (Whitehouse.gov, 2025).

Qeyd edilən məqamlar, xüsusilə ABŞ-ın Qərb yarımkürəsinə baxışı Rusiyanın onsuz da mövcud olan istəklərini qabarda və önəmli presedent yarada bilər. Bu strategiyadan irəli gələn prioritetləri Rusiya çox asanlıqla özünün postsovet məkanındakı geosiyasi təsir sahəsini legitimləşdirmək üçün istifadə edə bilər. Əgər ABŞ tarixi Monro doktrinasına istinad edərək, Qərb yarımkürəsini öz “arxa bağçası” elan edirsə, Rusiya da post-sovet məkanını özünün “arxa bağçası” olduğunu iddia edə bilər. Nəticədə Rusiya da ABŞ təcrübəsindən ilhamlanaraq, post-sovet regionunda “xarici müdaxilənin qarşısını almaq” və “kənar güclərin Rusiya üçün təhdid yaradan fəaliyyətlərinə imkan verməmək” strategiyasını mənimsəyə bilər. 

2025-ci ilin noyabrından etibarən yaranan bu presendent Rusiyanın postsovet məkanı ilə bağlı tarixi yanaşmasını daha da gücləndirə, postsovet ölkələrinin müstəqil xarici siyasət imkanları ilə ziddiyyətlərə səbəb ola bilər. Şübhəsiz ki, hadisələrin bu cür inkişafı son illərdə Rusiyanın geosiyasi təsir dairəsindən uzaqlaşmağa çalışan Ermənistan, Azərbaycan, Qazaxıstan və digər ölkələr üçün ciddi risklər doğuracaq.

Azərbaycan-Rusiya gərginliyi

Azərbaycan və Rusiya arasında sistemli gərginlik 2024-cü ilin dekabrın 25-də AZAL-a məxsus sərnişin təyyarəsinin Rusiya səmasında vurulması ilə başlandı. Azərbaycanın baş vermiş hadisə ilə bağlı Rusiyadan üzrxahlıq və təzminat tələb etməsi və bu tələblərin qarşılanmaması gərginliyi daha da artırdı (BBC, 2024). Azərbaycanın baş verənlərə 2025-ci ilin fevralında Bakıda fəaliyyət göstərən “Rus evi”nin fəaliyyətini dayandırması ilə cavab vermiş oldu (Oxu.az, 2025)

2025-ci ilin mayında isə azərbaycanlı deputatların Rusiyaya girişinə qadağa qoyulduğu məlum oldu. Eyni zamanda Azərbaycan media resurslarına Rusiya mərkəzli kiberhücumların həyata keçirildiyi bildirildi (Report, 2025).

Daha sonra 2025-ci ilin iyununda iki ölkə arasındakı gərginlik yenidən yüksəldi. Rusiya vətəndaşı olan etnik azərbaycanlılar polis tərəfindən son dərəcə amansızlıqla saxlanıldı, bu zaman iki nəfərin işgəncələrdən öldü, bunun ardınca iş adamlarının kütləvi həbslərinə start verildi (Qafqazinfo, 2025b). Azərbaycan bu addımlara cavab olaraq, “Sputnik.az”ın redaksiyasında əməliyyat keçirdi, media resursunun əməkdaşları və rus əsilli şəxslər həbs olundu (BBC, 2025). Proseslər yerli mediada güclü antirusiya təbliğatı ilə müşayiət olundu. 

Azərbaycan və Rusiya prezidentlərinin 2025-ci il oktyabrın 9-da Düşənbə görüşündə isə Vladimir Putin baş verənlərdən məyus olduğunu, “Rusiya tərəfindən kompensasiya ilə bağlı hər şey ediləcəyini və bütün vəzifəli şəxslərin hərəkətlərinə hüquqi qiymət veriləcəyini” bildirdi. Bu xəbər yerli mediada Putinin “üzrxahlığı”, Rusiya üzərində “qələbə” kimi təqdim edildi və iki ölkə arasındakı münasibətlərdəki gərginliyin sona çatması kimi vurğulandı (President.az, 2025). Görüşdən sonra “Sputnik.az”ın baş və icraçı redaktorları azad edilərək Rusiyaya göndərildi. 

Bununla belə, Düşənbə görüşü daha çox iki ölkə arasında “atəşkəs” kimi xarakterizə oluna bilər. Bu “diplomatik atəşkəs” indiki halda Azərbaycan tərəfini qane edir. Çünki Rusiya Azərbaycanla “hesablaşan”, ona bərabər hüquqlu qonşu kimi yanaşan bir obrazdadır. Lakin bu nəticənin Ukraynadan “qazancla” çıxan Putini hansı ölçüdə qane edəcəyi olduqca şübhəlidir. 

Düşənbə görüşü ərəfəsində Rusiyanın geosiyasi vəziyyəti heç də ürəkaçan deyildi, ABŞ-ın dəstəyi ilə Ukrayna tərəfindən Rusiya neftayırma zavodları vurulur, enerji sektorunda ciddi problemlər yaşanırdı. Belə bir məqamda Azərbaycanla konfrontasiyanı yüksəltmək Rusiya üçün heç də əlverişli deyildi. Düşənbə görüşünün nəticəsinə təsir edən məqamlar sırasında şübhəsiz ki, bu amil həlledici idi. Ancaq sülh planı ətrafında razılıq əldə olunarsa və Rusiya prosesdən strateji qələbə ilə çıxarsa, yaranacaq yeni şərtlər və güc tarzlığı tamamilə fərqli olacaq. Bu səbəbdən, yüksək ehtimalla, Rusiya tərəfi münasibətləri yeni müstəviyə oturtmaq və Düşənbə “atəşkəsinin” nəticələrini dəyişdirmək üçün yeni addımlar ata bilər. Azərbaycan tərəfinin isə bu addımlara verəcəyi cavabdan asılı olaraq proses müxtəlif istiqamətlərdə inkişaf edə bilər.

Rəhbərlərin avtoritar obrazı müəyyənedici faktor kimi

Azərbaycan və Rusiya arasındakı münasibətləri nəzərdən keçirərkən, hər iki ölkənin Tək adam rejiminə malik olduğunu vurğulamaqda fayda var. Yəni iki ölkə arasındakı münasibətləri milli maraqlardan daha çox iki avtoritar şəxsin münasibətləri kimi də dəyərləndirmək mümkündür. Əgər sülh prosesi uğurlu olarsa və Rusiya strateji qələbə əldə edərsə, Moskva və Bakı münasibətlərinin xarakteri də ilk növbədə iki avtoritar şəxsin münasibətlərindən asılı olacaq. 

İlham Əliyev 2020-ci ildən sonra ölkə daxilində özü üçün “müzəffər ali baş komandan”, “nəyi nə zaman etmək lazım olduğunu bilən” avtoritar rəhbər obrazını yaratmağa çalışır. 2025-ci ilin avqustunda Donald Trampla görüşdən sonra isə beynəlxalq ictimaiyyət üçün “ağıllı və güclü” lider obrazına bürünüb. Onun geosiyasi vəziyyətin və realpolitkanın təsiri ilə formalaşan bu obrazından asanlıqla əl çəkəcəyini gözləmək çətindir (Kharcenter.com, 2025). 

Digər tərəfdə isə Ukraynada strateji qələbə qazanmağa yaxın olan, Rusiyanın hərbi gücünü daim vurğulayan və qlobal avtoritar blokun lokomotivliyinə iddialı Putin obrazı var. Putin Bakı ilə münasibətlərə yeni xarakter verməyə çalışacağı halda, Əliyevin mövcud status-kvonu qoruyub saxlamağa çalışacağı gözləniləndir. Lakin bunun hansı ölçüdə mümkün olacağını demək çətindir. 

Azərbaycan gözlənilən rəqabətə necə hazırlaşır?

Onu da qeyd edim ki, Azərbaycan tərəfi geosiyasi müstəvidə Türkiyə ilə müttəfiqlik amilini mümkün regional risklərdən və təzyiqlərdən sığortalanmaq üçün aktiv şəkildə istifadə edir. Bu baxımdan Azərbaycanın regionda öz geosiyasi gücünü bərpa etməyə çalışan Rusiyaya qarşı münasibətdə rəsmi Ankaranın dəstəyindən istifadə etməyə çalışacağı gözləniləndir. Lakin hazırkı situasiyada rəsmi Ankara Bakı üçün ən yaxşı halda hərbi təzyiq kimi risklərdən sığortalanmaq imkanı yarada bilər. 

Türkiyə və Azərbaycan müdafiə nazirləri arasında imzalanmış qarşılıqlı hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə dair memorandumun son günlərdə Milli Məclisin müzakirəsinə çıxarılması, zənnimizcə, təsadüfi deyil. 22 iyul 2025-ci ildə imzalanan memoranduma əsasən tərəflər BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq fərdi və birgə özünümüdafiə hüquqlarının həyata keçirilməsi üçün bir-birinə qarşılıqlı hərbi yardım öhdəliyi götürüblər (Musavat.com, 2025). 

Azərbaycanın bu qarşılıqlı öhdəliyi Rusiyanı aktiv hərbi təzyiqlərdən çəkindirmək məqsədilə istifadə edəcəyi şübhəsizdir. Lakin Rusiya ilə münasibətlərdə konfrontasiya yaşanacağı təqdirdə Türkiyənin qeyri-hərbi sahələr üzrə Azərbaycanı risklərdən sığortalamaq imkanları qeyri-müəyyəndir.

Mümkün ssenarilər və gələcək perspektivlər 

Əlbəttə ki, hal-hazırda kritik mərhələdə olan sülh planı ətrafındakı müzakirələrin pozulması Azərbaycan hakimiyyəti üçün göydəndüşmə ola bilər. Bu ehtimal müharibənin davam etməsi, Rusiyanın strateji qələbədən uzaqlaşması, ciddi itkilər,  yeni sanksiya və təzyiqlər kimi nəticələrə səbəb ola bilər. Bunların hər biri Azərbaycan və Rusiya arasında Düşənbə görüşü ilə qurulan münasibətlərin qorunub saxlanmasına, Rusiyanın Azərbaycanla daha çox hesablaşmasına xidmət edə bilər. “Özü ilə hesablaşan”, “bərabərhüquqlu qonşu kimi yanaşan” Rusiya hal-hazırda Azərbaycan üçün ideal variantdır. 

Lakin ABŞ-ın diqtəsi ilə sülh müzakirələri konkret nəticələr verərsə, Rusiya-Ukrayna müharibəsi ABŞ-ın təklif və diqtə etdiyi plan üzrə yekunlaşarsa, Rusiya strateji qələbə əldə etmiş olacaq. Bu şərtlərdə Azərbaycan və Rusiya arasındakı münasibətlərin heç də arzuolunan formada olmayacağı və iki əsas ssenari üzrə inkişaf edəcəyini proqnozlaşdırmaq olar. 

Birinci ssenari: Rusiya ilə konfrontasiya – Bu ssenariyə görə iki ölkə arasında son aylarda müşahidə olunan gərginlik yenidən alovlana və müxtəlif formalarda davam edə bilər. Rusiyanın mümkün təzyiqləri və atdığı addımlar Azərbaycanın Düşənbə “atəşkəsi” ilə formalaşdırmağa çalışdığı ikitərəfli münasibətlərə uyğun olmadığı üçün cavab reaksiyası doğura bilər. Əgər Azərbaycan Rusiyanın addımlarına adekvat cavablar verəcəksə, bu gərginliyi daha da yüksəldəcək və iki ölkə arasındakı münasibətlər yenidən problemli müstəviyə qədəm qoyacaq. 

Hadisələrin bu ssenari üzrə irəlilədiyinin ilk göstəriciləri Rusiyada azərbaycanlı iş adamları və Azərbaycan diasporasına yaxın olan şəxslərin yenidən həbsi ola bilər. 

Buna paralel formada Azərbaycan mediasında antirusiya propaqandasının yenidən gündəmə gəlməsini münasibətlərdəki gərginliyin göstəricisi kimi qiymətləndirmək olar. 

Rəsmi Bakı sülh planının uğurlu olacağı təqdirdə Rusiyanın potensial təzyiqlərini çoxşaxəli ola biləcəyinin fərqindədir. Bu səbəblə qarşıdakı aylarda hər hansı narazılıq və etiraz asanlıqla “Rusiyanın işi” kimi qələmə verilə bilər. Siyasi partiyalar “Rusiya ilə əməkdaşlıqda” ittiham olunaraq həbs dalğasının obyektinə çevrilə bilər. 

Azərbaycan hakimiyyəti Rusiya təhlükəsini qabartmaqla ölkədə tək və real güc olaraq mövqeyini daha da möhkəmlətməyə çalışacaq. Xüsusilə ABŞ və Avropa ölkələri ilə əlaqələrdə Rusiyanın güclənən təzyiqi vurğulana və hakimiyyətin ənənəvi “son qala” obrazı gücləndirilə bilər. Etirazçı və narazı qruplar isə “Rusiyanın adamları” kimi damğalana, avtoritar rejim daha da gücləndirilə və repressiya dalğası şiddətlənə bilər.

Əksinin baş verməsi də mümkündür.  Rusiya ilə konfrontasiyada öz mövqeyini gücləndirmək üçün Azərbaycan hakimiyyəti Qərblə (xüsusil Avropa) münasibətlərdə bir qədər yumşalmaya və son illərdəki problemlərin (siyasi məhbuslar, sülh və s.) həlli istiqamətində addımlar da ata bilər. Bu yolla öz geosiyasi rəqiblərinin sayını azaltmağa və Rusiyaya qarşı potensial tərəf müqabilləri qazanmağa çalışa bilər. 

İkinci ssenari: Rusiya ilə əməkdaşlıq – Bu ssenari çərçivəsində Azərbaycanın hazırkı status-kvonu qoruyub saxlamağa çalışacağı gözləniləndir. Hər hansı fikri ayrılıqları və ziddiyyətlər qarşılıqlı müzakirələr əsasında diplomatik yollarla həll ediləcək. İctimai rəydə və mediada antirusiya propoqandası dayandırılacaq, qonşuluq və qarşılıqlı hörmət müstəvisi ön plana çəkiləcək. Parallel formada tədricən Rusiyanın təsir alətləri olan vasitələrin (Rus evi, rusdilli məktəblərə yardımlar, bəlkə də Sputnik.az) fəaliyyətinə imkanlar yaradılacaq. 

Bu ssenari Azərbaycanda rəhbərin avtoritar obrazı üçün də ən uğurlu yanaşma hesab edilə bilər. Putin kimi bir avtoritarla əlverişsiz şərtlərdə birbaşa konfrontasiya olduqca risklidir. Bunun əvəzində tədricən əməkdaşlığı genişləndirmək, diplomatik münasibətləri inkişaf etdirmək və Rusiyanın maraqlarına cavab vermək daha az risk yarada bilər. 

Hadisələrin bu cür gedişi Rusiya ilə iqtisadi əlaqələrin sürətlənməsində və xüsusi olaraq Rusiyadan yeni silah-sursat alınmasında özünü göstərə bilər. Azərbaycan son aylarda Rusiya ilə münasibətlərin gərginləşməsi fonunda öz silah-sursat mənbələrini şaxələndirmək istiqamətində önəmli işlər görüb. Pakistandan qırıcı təyyarələrin, İsraildən dəniz dronlarının alınması bu şaxələnmənin göstəricisidir. 

Rusiya isə hər zaman özünü postsovet ölkələri üçün əsas silah təhcizatçısı hesab edir və bu ölkələrin Rusiya silah bazarından uzaqlaşmasını istəmir. Azərbaycanın qarşıdakı aylarda Rusiya ilə yeni silah-sursat alışına girməsi münasibətlərdəki dəyişikliyin ən önəmli göstərici olardı. 

Bir digər məqam isə Azərbaycan və ABŞ arasında yaxın tarixlərdə planlaşdırılan strateji əməkdaşlıq sazişi ilə bağlıdır. Bu sazişin imzalanması Rusiyanı da oxşar məzmunda yeni saziş üçün hərəkətə keçməyə vadar edə bilər. Çünki Azərbaycanla münasibətlərdə yeni iqtisadi təsir imkanları yaratmaq, ABŞ kimi kənar güclərin regionda dayaqlar əldə etməsinin qarşısını almaq və bərabər rəqabət müstəvisi yaratmaq Rusiya üçün vacib amildir. Eynilə Qazaxıstanla olduğu kimi, Azərbaycanla da bu cür müqavilənin imzalanması gözləniləndir. 

Bu ssenari üzrə tədricən Rusiyanın Türk Dövlətləri Təşkilatı və Orta Dəhliz kimi layihələrdə mövqeyinin gücləndiyinin, Türkiyə və Rusiyanın daxil olduğu regional iqtisadi layihələrin ön plana çıxarıldığını müşahidə edə bilərik. 

Nəticə

Hal-hazırda Tramp administrasiyası tərəfindən irəli sürülən və diktə edilən sülh planının müzakirələri davam edir, proseslə bağlı konkret nəticələrdən daha çox gözləntilər var. Bu gözləntilər tərəflərin nəticəyə əvvəlki sülh proseslərindən daha yaxın olduğunu deməyə əsas verir. Yerli mediada səsləndirilən iddialar Azərbaycanda da Rusiya-Ukrayna sülh razılaşmasının mümkünlüyü və bu razılaşmadan sonra dəyişəcək geosiyasi reallıqlarla bağlı ssenarilərin artıq müzakirə edildiyini göstərir.

Savaşın hazırkı şərtlərlə sona çatması Rusiyanın münaqişədən “strateji qələbə” ilə çıxmasına və son 4 ildə zəifləmiş geosiyasi nüfuzunu bərpa etmək cəhdlərinə səbəb olacaq. Bu da son dövrdə şimal qonşusunun təsir dairəsindən uzaqlaşmağa çalışan Azərbaycanla Rusiyanı yenidən qarşı-qarşıya gətirəcək. Rusiya münasibətləri “köhnə formata” (geosiyasi asılılıq) qaytarmaq istədiyi halda, Azərbaycanın “mövcud format”ı (bərabərhüquqlu qonşuluq) saxlamağa çalışacağı şübhəsizdir. Bu maraq toqquşmasının isə konfrontasiya əməkdaşlıq formasında iki ssenaridən biri üzrə inkişaf edəcəyi, hər ssenarinin də özünəməxsus nəticələr doğuracağı gözləniləndir. 

Proseslərin konfrontasiya ssenarisi üzrə inkişafı münasibətlərdəki açıq gərginləşmə ilə yanaşı, Rusiya təsirlərinin qarşısını almaq məqsədilə Azərbaycanda avtoritar sistemin dərinləşməsinə və yeni repressiya dalğalarının başlanmasına təkan verə bilər. Əməkdaşlıq ssenarisi isə Rusiya ilə münasibətlərin yaxşılaşması fonunda iqtisadi, hərbi və mədəni sferalarda münasibətlərin genişlənməsinə, diplomatik çərçivədə isə Rusiyanın geosiyasi üstünlüyünün qəbuluna səbəb ola bilər. Sülh müzakirələrinin məntiqi nəticəsi və Rusiya-Ukrayna sülh razılaşmasının taleyi böyük ehtimalla bu iddiaların gələcəyini, xüsusilə Azərbaycanın Rusiya ilə münasibətlərdəki gələcək addımlarını müəyyən edəcək. 


Qeyd: Yazının dərci prosesində 28 maddəlik Tramp planı ABŞ və Ukrayna rəsmiləri arasında aparılan müzakirələr nəticəsində 20 maddəlik yenilənmiş sülh planı ilə əvəzlənib. 2025-ci ilin 29 dekabrında yenilənmiş planla bağlı ABŞ və Ukrayna rəsmiləri arasında 90% razılığın əldə olduğu qeyd edilib (BBC, 2026). 2026-ci ilin ilk həftəsində isə 20 maddəlik plan barədə yekun razılaşmanın əldə olunduğu və münasibət bildirilməsi üçün Rusiya tərəfinə təqdim edildiyi iddia olunur (Axios, 2026). 


İstinadlar

Axios, 2026, Trump advisers met Putin's envoy in Paris to discuss Ukraine plan, https://www.axios.com/2026/01/08/russia-ukraine-talks-dmitriev-witkoff-kushner 

Apa.az, 2025, Dövlət təhlükəsizliyi üçün vacib addım: Şimalın istifadə edəcəyi radikallar vaxtında zərərsizləşdirilir – TƏHLİL, https://apa.az/siyasi/dovlet-tehlukesizliyi-ucun-vacib-addim-simalin-istifade-edeceyi-radikallar-vaxtinda-zerersizlesdirilir-tehlil-928381 


Asiatimes.com, 2025, Russia-Azerbaijan thaw reshapes Middle Corridor prospects, https://asiatimes.com/2025/10/russia-azerbaijan-thaw-reshapes-middle-corridor-prospects/ 


Azadliq.org, 2025, Əli Kərimlinin saxlanması: Rusiyanın təsir dairəsini daraltmaq, yoxsa total təmizləmə?, https://www.azadliq.org/a/eli-kerimli-ramiz-mehdiyev/33609289.html 


Azadliq.org, 2025a, Putinin "böyük Rusiya" planı: Ukrayna uduzsa, Rusiyanın qonşularını nə gözləyir?, https://www.youtube.com/watch?v=K1s4cKrB9ZM 


Bakuresearchinstitute.org, 2021, Rusiyanın yeni Milli Təhlükəsizlik Strategiyası, https://bakuresearchinstitute.org/russias-new-national-security-strategy-2/ 


BBC, 2026, Zelensky says peace deal is 90% ready in New Year address, https://www.bbc.com/news/articles/cddg7100ym2o


BBC.com, 2024, AZAL təyyarəsi qəzası: Komissiya nə aşkarlayıb? https://www.bbc.com/azeri/articles/c8xj9z8de8ko 


BBC.com, 2025, Daha iki şərt. Niyə Azərbaycanla Ermənistan hələ də sülh müqaviləsi imzalamayıb? https://www.bbc.com/azeri/articles/c0788r2v0vdo 


BBC.com, 2025a, "Sputnik"in beş azərbaycanlı jurnalisti polis nəzarətinə verilib, https://www.bbc.com/azeri/articles/c0q8nje8gjgo 


Cnbc.com, 2025, Ukraine peace deal is really close, U.S. envoy Kellogg says, https://www.cnbc.com/2025/12/07/ukraine-peace-deal-is-really-close-us-envoy-kellogg-says-.html#:~:text=The%20Ukraine%20war%20is%20the,which%20is%20under%20Russian%20control


Consultant.ru, 2025, Указ Президента РФ от 29.08.2025 N 607 "О мерах по дальнейшей оптимизации структуры Администрации Президента Российской Федерации", https://www.consultant.ru/document/cons_doc_LAW_513433/ 


Edition.cnn.com, 2025, The 28-point peace proposal for Ukraine, annotated, https://edition.cnn.com/2025/11/21/europe/peace-proposal-russia-ukraine-annotated-intl-vis


Jam-news.com, 2023, “Rusiya olan yerdə xəyanət və alçaqlıq var”. Gürcü ekspertlər Qarabağda baş verənləri dəyərləndirirlər, https://jam-news.net/az/rusiya-olan-yerd%C9%99-x%C9%99yan%C9%99t-v%C9%99-alcaqliq-var-gurcu-ekspertl%C9%99r-qarabagda-bas-ver%C9%99nl%C9%99ri-d%C9%99y%C9%99rl%C9%99ndirirl%C9%99r/ 


İris-france.org, 2024, Russia in the Post-Soviet Space: What Strategies of Influence? https://www.iris-france.org/en/russia-in-the-post-soviet-space-what-strategies-of-influence/#:~:text=These%20accusations%20align%20with%20a,%E2%80%9Cthe%20weaponization%20of%20everything.%E2%80%9D


Kielinstitut.de, 2025, Ukraine support tracker, https://www.kielinstitut.de/topics/war-against-ukraine/ukraine-support-tracker/ 


Kyivindependent.com, 2025, 'Elections or referendum' – Zelensky affirms Ukrainians will decide territorial concessions, https://kyivindependent.com/elections-or-referendum-zelensky-affirms-ukrainians-will-decide-territorial-concessions/


Qafqazinfo.az, 2025, AXCP sədrinin evindəki axtarışın – Detalları,   https://qafqazinfo.az/news/detail/axcp-sedrinin-evindeki-axtarisin-detallari-490556


Qafqazinfo.az, 2025a, “Boz kardinal”ın Kərimliyə açdığı “pəncərələr” - Sıradakı nə idi? https://qafqazinfo.az/news/detail/boz-kardinalin-kerimliye-acdigi-pencereler-siradaki-ne-idi-490553


Qafqazinfo.az, 2025b, Rusiyada əməliyyat - Onlarla azərbaycanlı saxlanıldı, https://qafqazinfo.az/news/detail/rusiyada-emeliyyat-onlarla-azerbaycanli-saxlanildi-475018 


Qaynarinfo.az, 2025, "Buna gedərsə, Rusiya özü-özünü məhvə aparacaq" – Politoloq, https://qaynarinfo.az/az/buna-gederse-rusiya-oezu-oezunu-mehve-aparacaq-politoloq-1


Musavat.com, 2022, Rusiyanın hədəfində olan iki dövlətdən biri - Azərbaycana təhlükə varmı...,https://musavat.com/news/rusiyanin-hedefinde-olan-iki-dovletden-biri-azerbaycana-tehluke-varmi_945920.html?d=1 


Musavat.com, 2025, Azərbaycan və Türkiyə arasında TARİXİ ANLAŞMA parlamentdə, https://musavat.com/news/azerbaycan-ve-turkiye-arasinda-tarixi-anlasma-parlamentde_1225421.html 


President.az, 2025, Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putin ilə təkbətək görüşü olub, https://president.az/az/articles/view/70298 


Report.az, 2025, Komissiya sədri: Azərbaycanın bir sıra media resurslarına kiberhücum Rusiyadan qaynaqlanıb, https://report.az/hadise/komissiya-sedri-azerbaycanin-bir-sira-media-resurslarina-kiberhucum-rusiyadan-qaynaqlanib 


Reuters.com, 2025, Trump plans envision major U.S. investment in Russia, restoring oil flows to Europe, WSJ says, https://www.reuters.com/world/europe/trump-plans-envision-major-us-investment-russia-restoring-oil-flows-europe-wsj-2025-12-11/ 


Oxu.az, 2025, Bakıdakı "Rus Evi" fəaliyyətini dayandırır – RƏSMİ, https://oxu.az/siyaset/bakidaki-rus-evi-fealiyyetini-dayandirir-resmi 


Oxu.az, 2025a, Ukraynadan sonra Azərbaycan hədəfdədir? - Kreml yeni düşmən axtarışında, https://oxu.az/siyaset/ukraynadan-sonra-azerbaycan-hedefdedir-kreml-yeni-dusmen-axtarisinda 


TV Musavat, 2025, Ukraynadan sonra növbəti HƏDƏF Azərbaycandır! SƏBƏBİ isə... - Oqtay Qasımovdan PROQNOZ, https://www.youtube.com/watch?v=av41w-btV2E 


Whitehouse.gov, 2025, National Security Strategy of the United States of America https://www.whitehouse.gov/wp-content/uploads/2025/12/2025-National-Security-Strategy.pdf 

Bell icon

Ən son yeniliklərdən xəbərdar olmaq üçün bülletenimizə abunə olun

Etibarlı e-poçt ünvanı təqdim edin