4 yan 2026

İran 2026: Etirazları tətikləyən iqtisadi-siyasi faktorlar və mümkün ssenarilər

İran 2026: Etirazları tətikləyən iqtisadi-siyasi faktorlar və mümkün ssenarilər



Giriş

2025-ci ilin son günlərindən etibarən başlayan və böyüməyə doğru gedən İran etirazları, 2022-ci ildə baş vermiş “Qadın, Həyat, Azadlıq!” hərəkatından sonra ümumölkə xarakteri alan növbəti hərəkata çevrilməkdədir. Tehran Böyük Bazarının və Ələddin bazarının tacirlərinin İran rialının dəyər itirməsinə etiraz olaraq tətil elan etməsi ilə başlayan çıxışlar bir neçə gün ərzində həm bütün ölkəni bürüdü, həm də beynəlxalq diskussiyalara təkan verdi. Hadisələrin ilk həftəsində etirazın miqyası İranın 31 ostanının 21-ni əhatə edir. Tehran və Təbriz universitetlərində təhsil alan tələbələr də daxil olmaqla 10 böyük şəhərdə tələbələrin hərəkata qoşulduğu bildirilir (Yildiz 2026). Etirazlar kütləvi həbslərlə müşahidə olunur. Müxtəlif insan hüquqları müdafiə qurumlarının bəyənatlarına əsasən, hazırda həbs edilən 90 nəfərin kimliyini müəyyənləşdirmək mümkün olub, 15 nəfərin isə Evin həbsxanasına köçürüldüyü bildirilir (Iran Intl. 2026). 6 nəfərin öldüyü deyilsə də, ölüm faktlarını təsdiqləmək və bu faktların miqyasını öyrənmək qeyri-mümkündür (BBC 2026). Həmçinin, İsraillə konfrontasiya sonrası İranda geniş tətbiq olunan presedent halını almış məhkəməsiz mühakimə halları saxlanılan şəxslərin taleyi ilə bağlı narahatlıq doğurur. 

İranın rejimyönlü “Təsnim”, “Mehr”, IRNA kimi agentliklərinin xəbər lentinə nəzər yetirdikdə, ölkədə baş verən iğtişaşlarla bağlı verilən məlumatların olduqca məhdud olduğunu müşahidə etmək olur. IRNA-nın 2 yanvarda verdiyi xəbərdə etirazların “sivil” və “iqtisadi” xarakter daşıdığı və olub bitdiyi söylənilir (IRNA 2026a). Rəsmi xəbər agentliyinin digər məlumatında isə, Əlbürz əyalətində 14 nəfər “təlim görmüş və təşkilatlanmış terrorçu”nun Molotov kokteylləri və digər partlayıcıları hazırlayarkən yaxalandığı bildirilir (IRNA 2026b). Məhdud etiraz xəbərlərinin müqavilində bütün diqqətin ABŞ prezidenti Donald Trampın İran hökümətinin “etirazçılara atəş açacağı”, onları “öldürəcəyi” halda ABŞ-ın müdaxilə edəcəyinə dair “Truth Social” şəbəkəsində verdiyi açıqlamaya (Trump 2026) yönəldiyini müşahidə etmək olur. ABŞ-ın müdaxiləsinin baş verəcəyi təqdirdə regiondakı ABŞ bazalarının hədəf alınması da daxil olmaqla (Tasnim 2026) İranın potensial hərbi cavabları diqqət mərkəzinə gətirilir. 

2026-cı il çıxışları İsraillə 12 günlük müharibə sonrası güclənən avtoritar konsolidasiya və iqtisadi böhranın birgə yaratdığı mənzərədə baş verir. Ona görə də, üsyanın arxasındakı hərəkətverici səbəbləri araşdırmaq üçün bu iki faktora müraciət etmək lazımdır. 

Khar Center bu analizində hazırki etirazları doğuran mümkün determinantları incələyir. Həm İsraillə konfrontasiya sonrası İranda nələrin dəyişdiyini, həm də bu konfrontasiyanın motivasiya etdiyi “snapback” (“sanksiyaların bərpası”) mexanizminin və sanksiyaların İran iqtisadiyyatına təsirini tədqiq edir.  

Analizin sualı: İranda narazılıqları tətikləyən siyasi və iqtisadi faktorlar nələrdir? Bu siyasi və iqtisadi parametrlərlə İranın gələcək inkişaf ssenariləri nələrdir? 

Etirazların iqtisadi vəziyyətlə əlaqəsi

Pəhləvi rejiminə qarşı istifadə ilə populyarlaşmış, klassik “Mərg bər diktator” (“Diktatora ölüm”) şüarı ilə yanaşı işlənən indiki şüarlara baxdığımızda onların açıq iqtisadi tələblərə əsaslandığını görmək olar. İranın rəsmi valyutası rialın ABŞ dolları ilə müqayisədə real mübadilə dəyərinin son 8 ildəki göstəricilərinə baxsaq, onun 21 dəfədən çox dəyər itirdiyini müşahidə edə bilərik (Qrafik 1). Rialın İran bazarındakı həqiqi dəyərini göstərən “Bonbast” portalına nəzər yetirdiyimizdə görərik ki, əgər 2018-ci ilin mayın 8-də 1 ABŞ dolları 64 500 rial təşkil edirdisə, hazırda bu göstərici 1350500-dür (Bonbast 2026). 

Müqayisə üçün 8 may 2018-ci il tarixini seçməyimiz təsadüfi deyil. Belə ki, məhz həmin ərəfədə ABŞ birtərəfli qaydada İranın nüvə proqramının müzakirə olunduğu diplomatik çərçivəni - Birgə Hərtərəfli Fəaliyyət Planını (BHFP) tərk etdiyini açıqladı və İrana qarşı “maksimum təzyiq” kampaniyasına başladı (Aksüt 2020). 7 avqust 2018-ci ildə sanksiya paketinin birinci mərhələsi həyata keçirildi: İranın dəyərli metallar və qızıl ticarəti, nəqliyyat vasitələri sektoru, İran rialı ilə həyata keçirilən tranzaksiyalar hədəfə alındı. Paketin ikinci mərhələsi isə 5 noyabr 2018-ci ildə qüvvəyə mindi: Zərbə enerji və neft sektoru, dəniz yolu ilə  daşmalara və bank sektoruna dəydi (Hannah 2021). Neft sektoruna tətbiq olunan sanksiyalar dərhal effekt verdi. 2018-ci ilin əvvəllərində həcmi təqribən 50.82 milyard ABŞ dolları olan İran neft ixracı 1 ildə dramatik şəkildə təqribən 16.85 milyarda, iki ildə isə 6.01 milyarda düşdü (TradeIMEX 2025) (Qrafik 2). 

Qrafik 1. İran rialının ABŞ dollarına nisbətdə daxili bazar qiyməti. (İllər üzrə) ( © Bonbast.com) 

Sonrakı illərdə Çinə ixracatın artırılması səbəbilə göstərici artan pozitiv trend nümayiş etdirsə də (Qrafik 2), “maksimum təzyiq” davam edən digər daxili və xarici faktorlarla kompleks şəkildə İran valyutasının etibar itirməsinə səbəb olan amillərdən birinə çevrildi. Rialın etibarsızlaşmasının digər xarici faktoru yuxarıda qeyd olunan Birgə Hərtərəfli Fəaliyyət Planının (BHFP) tarixi dinamikasıdır. Müxtəlif periodlarda diplomatik danışıqların gedişatının yaratdığı alqılar İran rialına dramatik təsir göstərmişdir. 

İranın nüvə proqramı ilə bağlı 2013-cü ildə bərpa olunan danışıqlar 2014-cü ilin iyulun 14-də Avropa İttifaqı, BMT Təhlükəsizlik Şurasının daimi üzvləri və İranın iştirakı, İran nüvə proqramı üzrə diplomatik danışıqların moderatorluğuna üstlənmiş E3 qrupunun (Böyük Britaniya, Almaniya və Fransa) mediasiyası ilə nəticəyə gəldi: Birgə Hərtərərli Fəaliyyət Planı (BHFP) imzalandı (Council of the European Union 2025a). Fəaliyyət Planı tərəflərin üzərinə götürdüyü öhdəliklərə əməl etməsinə paralel olaraq İran üzərinə qoyulmuş sanksiyaların aradan qaldırılmasını hədəfləyirdi. 2025-ci ildə İsraillə qarşıdurma və ABŞ-ın İranın nüvə müəssisələrini hədəf almasından sonra İranın Beynəlxalq Nüvə Agentliyi ilə əməkdaşlığı dayandırması E3 ölkələrinin “snapback” mexanizmini işə salması ilə nəticələndi (UK Government 2025). Beləliklə, 2025-ci ilin sentyabrından etibarən, 2006-2010-cu illərdə tətbiq olunmuş bütün BMT sanksiyaları yenidən işlək oldu. BHFP-in iflası və “snapback” mexanizminin işə düşməsi ilə bütün BMT sanksiyalarının bərpası İran rialının dirçələ biləcəyi ilə bağlı ümidləri öldürür. 

Bunun ardınca, Avropa İttifaqı Şurası 29 sentyabrda yaydığı press-relizdə, İran üzərinə əlavə məhdudlaşdırıcı tədbirlərin həyata keçiriləcəyini bildirdi (Council of the European Union 2025b). Məhdudlaşdırıcı tədbirlər aşağıdakılardır: 

  1. Fərdlərə qarşı səyahət qadağaları, fərdlər və qurumlar üzrə aktivlərin dondurulması, habelə bu çərçivədə siyahıya alınmış şəxslərə və qurumlara vəsaitin və ya iqtisadi resursların təqdim edilməsinə qadağa;
  2. İqtisadi və maliyyə sanksiyaları, o cümlədən ticarət, maliyyə və nəqliyyat sektorlarını əhatə edən məhdudiyyətlər;
  3. Xam neft, təbii qaz, neft-kimya və neft məhsullarının idxalı, alınması və daşınması, eləcə də bu fəaliyyətlərlə bağlı xidmətlərin göstərilməsinə qoyulan qadağa;
  4. Enerji sektorunda istifadə olunan əsas avadanlıqların satışı və ya təchizatının dayandırılması;
  5. Qızıl, digər qiymətli metallar və almazların satışı və ya təchizatının dayandırılması;
  6. Müəyyən dəniz (hərbi) avadanlıqlarının satışına qoyulan qadağa;
  7. Müəyyən proqram təminatlarının satışına və ya təchizatına qadağa;
  8. İran Mərkəzi Bankının və iri İran kommersiya banklarının aktivlərinin yenidən dondurulması;
  9. İran yük reyslərinin Aİ hava limanlarına girişinin qarşısının alınması;
  10. Qadağan edilmiş material və ya malları daşıyan İran yük təyyarələrinə və gəmilərinə texniki xidmət və servis göstərilməsinə qadağa.

Neft hasilatından gələn gəlirlərin, neft dollarlarının pozitiv trend göstərməsinə baxmayaraq, İran rialı zəifləməyə davam edir. Belə ki, ixrac olunan neftin böyük hissəsi bazar qiymətindən aşağı, endirimlərlə satılır və ya barter edilir, ödənişlər isə tez-tez gecikir, xaricdəki nəzarətli hesablarda dondurulur. Üstəlik, bu gəlirlər İranın bank sisteminə sərbəst şəkildə daxil olmur və ölkə daxilində likvid sərt valyuta təklifi yaratmır. 

Hətta İran neft satışından gəlir əldə etdikdə belə, bu vəsait üzərində sərbəst maliyyə nəzarəti təmin edə bilmir. Pulların əhəmiyyətli hissəsi Çin, İraq və digər ölkələrdə eskrou və ya məhdud istifadə rejimli hesablarda saxlanılır. Bu vəsaitlər yalnız əvvəlcədən təsdiqlənmiş idxal əməliyyatları üçün istifadə oluna bilir və açıq valyuta bazarına yönləndirilmir. İran Mərkəzi Bankı bu ehtiyatlardan rialın müdafiəsı, bazara müdaxilə və ya valyuta gözləntilərini stabilləşdirmək üçün istifadə imkanından məhrumdur. Beləliklə, rial faktiki olaraq davamlı valyuta qıtlığı şəraitində “üzən” vəziyyətdə qalır.

Qrafik 2. İranın neft ixracı dəyəri (illər üzrə) (ABŞ dolları ilə) (Data: TradeIMEX)

Dövlət xərclərinin maliyyələşdirilməsi əsasən pul emissiyası, daxili borclanma və müxtəlif kvazi-fiskal institutlar vasitəsilə həyata keçirilir ki, bu da öz növbəsində inflyasiyanı dərinləşdirir və rialın alıcılıq qabiliyyətini zəiflədir. İnflyasiyanın yüksəlməsi isə açıq bazarda xarici valyutaya tələbi artıraraq milli valyuta üzərində təzyiq yaradır.

İranda tətbiq olunan çoxsəviyyəli məzənnə sistemi də maliyyə etimadını ciddi şəkildə zədələməkdədir. Paralel mövcud olan rəsmi, yarırəsmi və azad bazar məzənnələri arbitraj imkanlarını genişləndirir, müəyyən qruplara qeyri-rəsmi üstünlüklər qazandırır, əhalini isə milli valyutada yığım aparmaqdan çəkindirir. Həm ailələr, həm də biznes subyektləri əmanətlərini dollara, qızıla və ya daşınmaz əmlaka yönəltməyə üstünlük verir. Bu halda rial dəyər saxlayan vasitə kimi deyil, riskli və tez dəyər itirən aktiv kimi qəbul olunur.

Valyuta məzənnələri həm də gələcəyə dair gözləntilərlə formalaşır. Maliyyə bazarları sanksiyaların uzunmüddətli qalacağını, siyasi qeyri-müəyyənliyin davam edəcəyini, regional eskalasiya risklərini və inandırıcı iqtisadi islahat yolunun olmamasını “düşünür”. Bu səbəbdən, neft hasilatı və ixracı ilə bağlı müsbət xəbərlər belə gözləntiləri dəyişmir və rial üzərindəki təzyiqi aradan qaldırmır.

2000-ci illərdə neft gəlirləri İran üçün milli valyutanın sabitliyini qoruyan əsas amillərdən biri idi. Həmin dövrdə ölkə beynəlxalq bank sisteminə çıxışa malik idi, valyuta ehtiyatlarını hərəkət etdirə bilir və fiskal tamponlardan yararlanırdı. Bu gün isə vəziyyət köklü surətdə fərqlidir. İranın nefti var, lakin bu neftdən əldə olunan gəlirlər üzərində monetar suverenliyi yoxdur. Sanksiyalar valyuta dövriyyəsini blokladığı müddətcə neft hasilatı qrafiklərdə sabit görünə bilər, lakin rialın dəyərdən düşməsi struktur xarakter daşımağa davam edəcək.

Siyasi determinant: 12 günlük müharibənin təsirləri və artan konsolidasiya 

İran və İsrail arasında onilliklər boyu davam edən "kölgə müharibəsi"nin 13-24 iyun tarixlərində baş vermiş 12 günlük birbaşa hərbi qarşıdurma ilə əvəzlənməsi ilə İranın daxili idarəetmə strukturunda, ideoloji əsaslarında və regional strateji planlarında köklü dəyişikliklər yaratdı. Bu dəyişikliklər o qədər güclü oldu ki, İran dövləti öz təhlükəsizlik paradiqmasını yenidən inşa edərək "Proaktiv Təhlükəsizlik Doktrinası"na keçid etdi (Toğa 2025).

İsrailin “Mitva Am ke-Lavi” (“Aslan kimi xalqın hakimiyyəti”) əməliyyatı İranın ən həssas nöqtələrinə - nüvə infrastrukturuna, komanda-nəzarət mərkəzlərinə və elit hərbi heyətinə ağır zərbə vurdu. İsrailin müttəfiqi kimi konfrontasiyaya qoşulan ABŞ-ın həyata keçirdiyi hava zərbələri Nətənz və Fürdovdakı yeraltı obyektləri, habelə raket anbarlarını sıradan çıxardı (Golkar 2025) (Xəritə 1). İran rəsmiləri bəzi hava hücumundan müdafiə sistemlərinin məhv edildiyini və onların yerli sistemlərlə əvəzləndiyini daha sonra etiraf etdilər (Toğa 2025) (Xəritə 2).

Xəritə 1. İranın bəzi nüvə obyektləri. 

Sıradan çıxmış texniki infrastrukturla yanaşı İran hərbi rəhbərliyi önəmli simalarını da itirdi. Baş Qərargah rəisi Məhəmməd Bağıri, SEPAH-ın baş komandanı Hüseyn Salami və kəşfiyyat təşkilatının rəhbərliyi də daxil olmaqla 30-dan çox yüksək rütbəli komandir, onlarla nüvə alimi və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yüzlərlə personalı öldürüldü (Golkar 2025). Bu miqyasda kadr itkisinin baş verməsi rejimin komanda-nəzarət zəncirində ciddi çətinliklər  yaratdı, dövlət aparatını "potensialın bərpası” dövrünə girməyə məcbur etdi (Toğa 2025).

İranın 900-ə yaxın ballistik raket və 1000-dən çox dronla həyata keçirdiyi ən böyük hücum kampaniyası İsrailin texnoloji üstünlüyü qarşısında boşluqlarını ortaya çıxardı və Tehranı raket/PUA istehsal-paylama sistemini yenidən qurmağa sövq etdi (Golkar 2025; Toğa 2025). Qarşıdurmanın “daxili cəbhədəki” əks-sədası isə özünü daha sərt idarəetmə, institusional mərkəzləşmə və cəmiyyətin total nəzarət altına alınması şəklində büruzə verdi (Toğa 2025).

Təkcə 12 günlük müharibə zamanı İran hakimiyyəti 21 000-ə yaxın insanı "şübhəli" qismində həbs edib və çoxunu İsrailə kəşfiyyat məlumatları ötürməkdə ittiham edib (Al Jazeera 2025, 3). Yeddi nəfər casusluq ittihamı ilə edam olunub (Al Jazeera 2025). 

Müharibə zamanı qərar qəbulu mexanizmlərinin dağınıqlığı ortaya çıxdı və bu Tehranı idarəetmədə mərkəzləşməyə getməyə məcbur etdi. Ali rəhbər Xameneinin təsdiqi ilə prezidentin rəhbərliyi altında hərbi, siyasi və iqtisadi potensialı sinxronlaşdırmaq məqsədi daşıyan “Müdafiə Şurası” təsis edildi (Toğa 2025).  Eyni zamanda, mərkəzi komandanlığın iflası ilə ortaya çıxa biləcək fors-major halında icraedici səlahiyyətlər əyalət qubernatorlarına və SEPAH-ın yerli bölmələrinə ötürüldü (Golkar 2025).

Xəritə 2. İranın bilinən müdafiə infrastrukturu. 

Postmüharibə dövrü həmçinin əfqan miqrantlara qarşı kütləvi kampaniya ilə yadda qalıb. Yarım milyona yaxın əfqan sürətli şəkildə deportasiya edildi (Al Jazeera 2025). Polisin apardığı yoxlamalar zamanı miqrantların telefonlarında kəşfiyyat xarakterli məlumatların aşkar olunduğu iddia edilsə də (Al Jazeera 2025), bu iddiaları doğrulamaq qeyri-mümkündür. Bu kampaniya həmçinin iqtisadi böhran yükünün azaldılması, Tehranın Suriya planlarının alt-üst olması ilə də bağlı ola bilər. 

Prezident Məsud Pezeşkian hökuməti müharibədən sonra cəmiyyəti sakitləşdirmək üçün bəzi sosial yumşalmalar təklif etsə də, SEPAH və sərt xətt tərəfdarları buna kəskin müqavimət göstərməkdədirlər (Motamedi 2025). Beləliklə, dövlət daxilində "islahat" tərəfdarları ilə "mühafizəkarlıq" tərəfdarları arasında dərin konfrontasiya qalmaqdadır (Motamedi 2025).

İran müharibədən sonra yalnız müdafiədə qalan deyil, həm də təhdidləri kənarda qarşılayan bir xəttə keçid etmək istəyir (Toğa 2025). “Hizbullah” və HƏMAS-ın ağır zərbələr alması İranın vəkalət strategiyasının kövrəkliyini üzə çıxardı ki, bunun müqabilində 2025-ci ilin iyulunda Bağdadda “Hizbullah”, HƏMAS, husilər və “Həşdi Şabi” nümayəndələrinin iştirakı ilə koordinasiya toplantıları keçirildi (Toğa 2025). Məqsəd, kritik lojistik arteriyaları mümkün qədər bərpa etməkdir (Toğa 2025).

Müharibə zamanı Qərb texnologiyalarından asılılığın risklərini görən İran, Çin və Rusiya ilə münasibətlərini inkişaf etdirir. Xüsusilə, ABŞ-ın idarə etdiyi GPS sisteminə alternativ olaraq Çinin "BeiDou" naviqasiya sisteminə keçid prosesi sürətləndirilib (Toğa 2025). Eyni zamanda yeni hava hücumundan müdafiə sistemlərinin (HQ-9B iddiaları daxil olmaqla) tədarükü və hərbi təlimlər gündəmə gəlib (Toğa 2025).

Rejim inqilabi legitimliyinin sarsılmasını kompensasiya etmək üçün dini ritorika ilə İran millətçiliyinə müraciət etməyə başladı. Araş Kamangir kimi qədim miflərin raket proqramı ilə əlaqələndirilməsi cəmiyyəti xarici düşmənə qarşı birləşdirmək üçün millətçi narrativ yaratmaq məqsədi daşıyır (Golkar 2025). Narrativin bu cür qurulması, beynəlxalq mediada üzə çıxarılmasına baxmayaraq yerli ictimai rəydə birmənalı qarşılanmayan, “Pəhləvi” soyadı götürmüş hərbi-uzurpator rejimin davamçılarının fars millətçiləri arasında nüfuz qazanmasına qarşı da əks-strategiya kimi düşünülə bilər. 

Növbədə nə var? 

Bir neçə gündür davam edən, ölüm və həbslərlə müşayiət olunan İran etirazlarını tətikləyən faktorların davamlı qalacağını gözləmək olar, aksiyaların davam edib-etməyəcəyindən asılı olmayaraq. İran dərin maliyyə, su və bu su böhranından qaynaqlanan enerji böhranı yaşamaqdadır. İranın maliyyə böhranı, həm daxildəki siyasi etibarlılıq, həm də beynəlxalq siyasi mövqeyi ilə sıx bağlıdır. Praktika siyasi determinantların İran iqtisadiyyatına nəhəng təsir göstərdiyini deməyə əsas verir. Hətta neft gəlirlərinin artması belə İran rialını qurtara bilmir, çünki rejim məzənnəni tənzimləmək imkanlarından məhrumdur. Bununla yanaşı,  İran-İsrail və İran-ABŞ münasibətləri kəskin olaraq qalır  və yeni qarşıdurmanın baş verməsi mümkündür. Belə olan təqdirdə növbədə nəyin olduğunu bir neçə ssenaridə nəzərdən keçirə bilərik. Bundan öncə isə qeyd etməliyik ki, istənilən ssenari İran rejimi üçün yüksək risk vəd edir: 

1. Yeni konfrontasiya olarsa. Baş verəcək yeni konfrontasiya İranı daha dərin böhrana sürükləyə bilər. 12 günlük müharibə sonrası Çinlə əməkdaşlıq hesabına İranın hərbi potensialını artırmaq cəhdlərini görsək də, raket/PUA sisteminin nə dərəcədə bərpa olunduğunu söyləmək çətindir. Bundan əlavə, 12 günlük müharibə İranın hava hücumundan müdafiə sisteminin olduqca geri qaldığını açıq şəkildə göstərdi. Rəqiblərin aqibətindən asılı olmadan, bu ssenari hazırki mərhələdə İran üçün geridönməz proses başlada bilər. 
Lakin, bu cür konfrontasiya halında dərinləşə biləcək iqtisadi böhranın sosioloji tərcüməsinin necə olacağını demək çətindir. Bu ssenaridə rejim şiə məzhəbinin narrativlərinə əsasən özünün  məzlum imicini çox rahatlıqla möhkəmləndirə, ictimai dəstəyini artıra da bilər. 

2. Yeni konfrontasiya olmazsa: Trampın “etirazçılara dəstək” açıqlamasına rəğmən ABŞ müttəfiqi İsrailin yeni münaqişəyə hazır olub olmadığı da mübahisələndirilə bilər. İranın 12 günlük müharibədə İsrailə təsirləri minimum olsa da, bu hücumlar İsrail cəmiyyətində qorxu mühiti yarada bildi. Yeni konfrontasiya olmazsa, İran rejiminin məzlum imicini möhkəmləndirə bilməcəyini demək olar, əksinə, onun proksilərinə dəstəyinin etirazçılar tərəfindən tənqidə tuş gəldiyini görmək mümkündür. Buna rəğmən, artan avtoritar konsolidasiya və nəzarətin müqabilində etirazların təşkilati quruluşunun zəif olması inqilab ssenarisinə mənfi təsir göstərə bilər. 

3. Qərblə diplomatiyanın bərpası: Bu ssenari İran üçün ən arzuolunan ssenaridir. Belə ki, hazırki şərtlərdə İranın həm təhlükəsizlik qayğılarını azaltmaq, həm də iqtisadi böhranını yumşaltmaq yalnız bu cür mümkündür. Lakin, bu ssenari hazırda həm daxili, həm də xarici faktorlara əsasən ən az real olanıdır. Avtoritar konsolidasiyanın baş verdiyi, idarəçilikdə mühafizəkar hərbi elitanın nüfuzunun artdığı halda İranın diplomatiyaya açıla biləcəyi ehtimalı azdır. Həmçinin, buraya İsrailin İrana qarşı daha sərt mövqedə dayandığını da əlavə etmək lazımdır. 

4. Regional əməkdaşlıq: Müharibə sonrası İranın qonşu dövlətlərlə əlaqələri yaxşılaşdırmaq cəhdlərini gördük. Bu, həm iqtisadi dayanıqlılıq üçün cəhd kimi, həm də mümkün yeni konfrontasiya halında rəqiblərin manevr imkanlarını azaltmaq məqsədi daşıya bilər. Bu ssenari hazırda baş versə də, İrana böhran vəziyyətindən çıxmaq üçün təcili həllər verməyəcək. 

Nəticə

Analiz “İranda narazılıqları tətikləyəcək siyasi və iqtisadi faktorlar nələrdir? Bu siyasi və iqtisadi parametrlərlə İranın davamiyyət ssenariləri nələrdir?” suallarını cavablayaraq müəyyən nəticələrə gəldi. Yazıda etirazları birbaşa motivasiya edən rəsmi valyutanın dəyər itirməsinin xarici siyasi faktorların əlaqəli olduğu təsvir olundu. Belə ki, hətta neft gəlirlərinin artdığı vəziyyətdə belə İranın daxili iqtisadiyyatı tənzimləmək imkanları məhduddur. İllərlə formalaşan vətəndaş etimadsızlığı struktural səbəblərlə yanaşı İran böhranını biraz daha dərinləşdirir. 

İsraillə konfrontasiyanın davam edən nəticələrinin böhrana təsiri danılmazdır. Bunun üzərinə, E3 qrupu tərəfindən işə salınan “snapback” mexanizminin təsirlərinin də əndazəsiz olacağını təxmin etmək mümkündür.  Yuxarıda qeyd olunan struktural məhdudiyyətlərin fonunda İranın böhranın təsirlərini azalda biləcəyinin mümkünlüyü olduqca azdır. Qısacası, ceteris paribus hər şey daha çox pisə doğru gedəcək. Dəyişən iqlim, su və enerji böhranı iqtisadi böhrana əlavə dəyər qatacaq. 

Böyüyəcək böhranın humanitar nəticələrinin ağır olacağını və bunun kollaps ssenarisi də daxil olmaqla siyasi nəticələr vermək ehtimalı var. Dərinləşən böhranın humanitar, siyasi və qonşu regionlara təsirini qavramaq temporal müşahidə tələb edir. 



İstinadlar: 

Aksüt, Fahri. 2020. “Timeline: US-Iran Tension Since Collapse of Nuke Deal.” Anadolu Agency, January 8, 2020. https://www.aa.com.tr/en/middle-east/timeline-us-iran-tension-since-collapse-of-nuke-deal/1697001


Al Jazeera. 2025. “Iran Says It Arrested 21,000 ‘Suspects’ During 12-Day War With Israel-US.” Al Jazeera, August 12, 2025. https://www.aljazeera.com/news/2025/8/12/iran-says-it-arrested-21000-suspects-during-12-day-war-with-israel-us


BBC. 2019. “Six Charts That Show How Hard US Sanctions Have Hit Iran.” BBC News, December 9, 2019.https://www.bbc.com/news/world-middle-east-48119109


BBC. 2026. “Deadly clashes between protesters and security forces as Iran unrest grows

BBC News, January 2026. https://www.bbc.com/news/articles/c36810pkz96o


Bonbast. 2026. “(USD/IRR) US Dollar to Rial Rate – Graph/Chart.” Bonbast.com. Accessed January 2026. https://bonbast.com/graph. Bonbast provides live and historical free-market exchange rates for the Iranian rial (in tomans) and charts showing sell, buy, average, maximum, and minimum values.


Council of the European Union. 2025a. Timeline of Measures Targeting Nuclear Proliferation Activities — Sanctions Against Iran. Accessed December 2025. https://www.consilium.europa.eu/en/policies/sanctions-against-iran/timeline-measures-targeting-nuclear-proliferation-activities/#:~:text=Council%20Regulation%20(EU)%202015/,Plan%20of%20Action%20(JCPOA)


Council of the European Union. 2025b. “Iran Sanctions Snapback: Council Reimposes Restrictive Measures.” Press release, September 29, 2025. https://www.consilium.europa.eu/en/press/press-releases/2025/09/29/iran-sanctions-snapback-council-reimposes-restrictive-measures/


Golkar, Saeid. 2025. “Humiliation and Transformation: The Islamic Republic After the 12-Day War.” Foreign Policy Research Institute, October 30, 2025. https://www.fpri.org/article/2025/10/humiliation-and-transformation-the-islamic-republic-after-the-12-day-war/


Hanna, Andrew. 2021. “Sanctions 5: Trump’s ‘Maximum Pressure’ Targets.” The Iran Primer (United States Institute of Peace), March 3, 2021. https://iranprimer.usip.org/blog/2021/mar/03/sanctions-5-trumps-maximum-pressure-targets


Motamedi, Maziar. 2025. “Iran Grapples Over Social Freedoms After War With Israel.” Al Jazeera, November 1, 2025. https://www.aljazeera.com/news/2025/11/1/iran-grapples-over-social-freedoms-after-war-with-israel


Tasnim News Agency. 2026. قالیباف: مراکز و نیروهای آمریکا در منطقه هدف مشروع ما هستند [Qalibaf: U.S. Centers and Forces in the Region Are a Legitimate Target]. Tasnim News, January 2, 2026. https://www.tasnimnews.com/fa/news/1404/10/12/3486369/%D9%82%D8%A7%D9%84%DB%8C%D8%A8%D8%A7%D9%81-%D9%85%D8%B1%D8%A7%DA%A9%D8%B2-%D9%88-%D9%86%DB%8C%D8%B1%D9%88%D9%87%D8%A7%DB%8C-%D8%A2%D9%85%D8%B1%DB%8C%DA%A9%D8%A7-%D8%AF%D8%B1-%D9%85%D9%86%D8%B7%D9%82%D9%87-%D9%87%D8%AF%D9%81-%D9%85%D8%B4%D8%B1%D9%88%D8%B9-%D9%85%D8%A7%D8%B3%D8%AA


Toğa, Oral. 2025. 12 Günlük Çatışma Sonrası İran: Proaktif Güvenlik Doktrinine Geçiş. İRAM Center, September 12, 2025. https://www.iramcenter.org/uploads/files/12_Gu%CC%88nlu%CC%88k_C%CC%A7atis%CC%A7ma_Sonrasi_I%CC%87ran_Proaktif_Gu%CC%88venlik_Doktrinine_Gec%CC%A7is%CC%A7.pdf


TradeIMEX. 2025. Iran Oil Export Data by Country and Production Stats. TradeIMEX blog. Accessed January 2026. https://www.tradeimex.in/blogs/iran-oil-export-data-by-country-and-production-stats


Trump, Donald J. 2026. Truth Social, January 2, 2026. In this post, Trump warned that if Iranian authorities “shoot and violently kill peaceful protesters, which is their custom,” the “United States of America will come to their rescue” and asserted the U.S. was “locked and loaded and ready to go. https://truthsocial.com/@realDonaldTrump/115824439366264186


Iran Intl. 2026. “ادامه بازداشت‌ها در ایران؛ هه‌نگاو: هویت بیش از ۹۰ نفر را شناسایی کرده‌ایم [Continued Arrests in Iran; Hengaw: Identities of More Than 90 People Identified].” Iran Intl, January 2, 2026. https://www.iranintl.com/202601020751


Islamic Republic News Agency (IRNA). 2026a. “سخنگوی پلیس: اعتراضات اخیر ماهیت اقتصادی و مدنی داشت/ اجازه سوءاستفاده و ناامنی داده نشد [Police Spokesperson: Recent Protests Were Economic and Civil in Nature; No Permission for Exploitation and Insecurity].” IRNA, January 2, 2026. https://www.irna.ir/news/86043034/%D8%B3%D8%AE%D9%86%DA%AF%D9%88%DB%8C-%D9%BE%D9%84%DB%8C%D8%B3-%D8%A7%D8%B9%D8%AA%D8%B1%D8%A7%D8%B6%D8%A7%D8%AA-%D8%A7%D8%AE%DB%8C%D8%B1-%D9%85%D8%A7%D9%87%DB%8C%D8%AA-%D8%A7%D9%82%D8%AA%D8%B5%D8%A7%D8%AF%DB%8C-%D9%88-%D9%85%D8%AF%D9%86%DB%8C-%D8%AF%D8%A7%D8%B4%D8%AA-%D8%A7%D8%AC%D8%A7%D8%B2%D9%87-%D8%B3%D9%88%D8%A1%D8%A7%D8%B3%D8%AA%D9%81%D8%A7%D8%AF%D9%87



Islamic Republic News Agency (IRNA). 2026b. “Iran Arrests 14 Members of an Organized Explosives Production Network in Alborz Province.” IRNA English, January 2, 2026. https://en.irna.ir/news/86042590/Iran-arrests-14-members-of-an-organized-explosives-production


UK Government. 2025. E3 Joint Statement on Iran: Activation of the Snapback. GOV.UK, September 29, 2025. https://www.gov.uk/government/news/e3-joint-statement-on-iran-activation-of-the-snapback


Yildiz, Guney. 2026. “Iran Rial Crashes to 1.44 Million; First Death Confirmed in Kuhdasht as Bazaar Breaks with the Regime.” Forbes, January 1, 2026. https://www.forbes.com/sites/guneyyildiz/2026/01/01/iran-rial-crashes-to-144-million-first-death-confirmed-in-kuhdasht-as-bazaar-breaks-with-the-regime/

Bell icon

Ən son yeniliklərdən xəbərdar olmaq üçün bülletenimizə abunə olun

Etibarlı e-poçt ünvanı təqdim edin