✍️ Əhəd Əhədli – Mərkəzi Avropa Universitetinin siyasi elmlər üzrə magistrı
Giriş
Cənubi Qafqaz regionunun gələcək təməlini formalaşdıracaq Azərbaycan-Ermənistan münasibətləri uzun illərdir dünya ictimaiyyətinin diqqətindədir. 2020-ci il və 2023-cü ildəki hərbi əməliyyatlardan sonra Azərbaycan öz əraziləri üzərində tam nəzarəti bərpa edib və tərəflər artıq bundan sonrakı münasibətlərin müzakirəsinə yönəliblər. Bu müzakirələrin təməlində gələcəkdə imzalanması nəzərdə tutulan sülh müqaviləsi durur. Ancaq, bir sıra məsələlərdə irəliləyiş əldə edilsə də, əsas mübahisəli məsələ olan Ermənistan konstitusiyasına dəyişiklik problemi hələ də qalmaqdadır. Bakı Ermənistan konstitusiyasının dəyişməsini sülhün ilk şərti kimi qoyur. Yerevan isə bu şərtin əsassız olduğunu bildirir. Yerli mediada Azərbaycan tərəfinin tələbləri səsləndirilsə də, Ermənistan tərəfinin əks-arqumentləri müzakirə edilmir.
Bu məqalədə Ermənistan-Azərbaycan sülh müzakirələri fonunda Ermənistan konstitusiyasının dəyişməsi ilə bağlı son müzakirələri və tərəflərin bir-birinə qarşı irəli sürdükləri iddiaları və cavabları araşdırmışam. Araşdırmanın sualı “Azərbaycan niyə Ermənistan konstitusiyasının dəyişdirilməsini tələb edir və Ermənistan hansı əsaslarla konstitusiyanı dəyişmir?” olacaq.
2023-cü ildən sonra Ermənistan-Azərbaycan münasibətlərində sülh gündəmi
Ermənistanla Azərbaycan arasında 2020-ci ildə baş verən 44 günlük müharibədən sonra Rusiyanın da iştirakı ilə müharibənin dayandırılması ilə bağlı üçtərəfli bəyanat imzalandı. 2025-ci ilin avqustunda Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh sazişinin razılaşdırılmış mətni paraflansa da, sənədin imzalanması və qüvvəyə minməsi üçün tələb olunan yekun hüquqi-siyasi prosedurlar hələ başa çatmayıb. Xüsusilə 2024-ci ildən sonra başda prezident İlham Əliyev (Report, 2024a) olmaqla Azərbaycan rəsmiləri (Trend, 2024) sülh müqaviləsinin imzalanması üçün Ermənistan konstitusiyasının dəyişməsi şərtini davamlı olaraq önə sürürlər.
Hətta bu ilin sentyabr ayında mətbuat konfransında çıxış edən xarici işlər naziri Ceyhun Bayramov da eyni fikri səsləndirib: “Vaşinqtonda imzalanan birgə bəyanatda da qeyd olunduğu kimi, sülh sazişinin paraflanmasından sonra prosesin başa çatması üçün zəruri olan addımlar atılmalıdır. Bunlardan biri də Ermənistanda referendumun keçirilməsi və konstitusiyaya dəyişikliklərdir... Bizim bu mövzuda mövqeyimiz dəyişməzdir. Sülh sazişinin imzalanması üçün bu sadalananlar vacibdir" (Report, 2026a).
Keçən illər ərzində hər iki tərəf sülh istiqamətində xeyli pozitiv mesajlar verib. Xüsusilə ABŞ-də paraflanan sülh sənədindən sonra İlham Əliyev bu sənədi “müharibənin, münaqişənin sonu” adlandırarkən (Prezident.az, 2025) Ermənistan baş naziri Nikol Paşinyan da “Ermənistan və Azərbaycan arasında sülh bərqərar olub” açıqlamasını verib (Primeminister.am, 2025a). Hətta, rəsmi mənbələrə görə, 2025-ci ilin sonunadək Azərbaycan Ermənistana 22 vaqon Aİ-95 markalı benzin göndərib (BBC, 2025). 2026-cı ilin may ayında verilən məlumata əsasən həmin tarixə qədər Azərbaycan Ermənistana 9 min ton dizel, 979 ton "Aİ-92" benzini və 2955 ton "Aİ-95" benzini ixrac edib (Report, 2026b).
Bütün bu müsbət açıqlamalara və dəyişikliklərə, sülh mesajlarına baxmayaraq Ermənistan sülh sazişinin imzalanması üçün Azərbaycanın tələb etdiyi konstitusiya dəyişikliyini etməyib. Azərbaycan hökumətinin nəzarətində olan mediada rəsmi Bakının Ermənistan konstitusiyasının dəyişdirilməsi ilə bağlı iddiaları davamlı olaraq səsləndirilsə də, Yerevanın bu tələbdən hansı əsaslarla imtina etdiyi göstərilmir.
Azərbaycan tərəfi niyə Ermənistan konstitusiyasının dəyişməsini istəyir?
Azərbaycan Ermənistanda konstitusiya dəyişikliyini tələb etməyinə səbəb olaraq Ermənistan konstitusiyasının giriş hissəsində Ermənistanın Müstəqillik Bəyannaməsinə verilən istinadı əsas gətirir (President.am, 2015). Belə ki, Ermənistan konstitusiyası müstəqillik aktında bəyan edilən prinsipləri əsas götürür. Həmin aktda isə (Concourt.am, 1990) 1989-cu ildə Ermənistan Sovet Sosialist Respublikası ilə Dağlıq Qarabağ Muxtar Vilayətinin Milli Şurası arasında bağlanan və Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsini nəzərdə tutan qərara istinad edilir (Legal-tools.org, 1989). Bakı bildirir ki, bu istinad Azərbaycana qarşı ərazi iddiasıdır və Ermənistan konstitusiyası dəyişdirilməli, bu istinad aradan qaldırılmalıdır.
Ermənistan Konstitusiya Məhkəməsinin qərarı
Ermənistan bu iddiaların əsassız olduğu qənaətindədir. Belə ki, 2024-cü ilin sentyabrında Ermənistanın Konstitusiya Məhkəməsi Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında Əsasnaməni (Amerikaninsesi, 2024) şərh edərkən qeyd edib ki, müstəqillik bəyannaməsində qeyd edilən hər bir müddəa konstitusional öhdəlik yaratmır (Concourt.am, 2024). Bunu parlament çıxışı zamanı səsləndirən baş nazir Nikol Paşinyan həmçinin müstəqillik bəyannaməsini və konstitusiyanı qəbul edən subyektləri müqayisə edərək bildirib ki, bəyannaməni Sovet İttifaqının 15 üzvündən biri olan Ermənistan Sovet Sosialist Respublikasının Ali Şurası, konstitusiyanı isə beynəlxalq olaraq tanınan Ermənistan Respublikası referendumla qəbul edib (Konstitusiyanın bəyannamədən üstünlüyünü vurğulayaraq) (Primeminister.am, 2024a).
Ermənistanın Konstitusiya Məhkəməsinin qərarının əhəmiyyəti ondadır ki, məhkəmə delimitasiya komissiyalarının birgə fəaliyyəti ilə bağlı şərh verib. Əvvəldən də elan olunduğu kimi, birgə fəaliyyət (Report, 2024b) 1991-ci ildə imzalanmış Alma-Ata bəyannaməsinə əsaslanır. Bu barədə razılıq 2022-ci ildə Praqa görüşündə əldə edilmişdi (Consilium.europa.eu, 2022). Alma-Ata bəyannaməsi isə keçmiş sovet respublikalarının bir-birlərinin ərazilərini tanımaq müddəasını ehtiva edir. Yəni, məhkəmə 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanan sərhəd delimitasiyası prosesinin Ermənistan konstitusiyasına uyğun olduğunu təsdiqləyib. Bu yanaşma isə Azərbaycanın ərazi bütövlüyünün 1991-ci il sərhədləri əsasında tanınması ilə bağlı Bakı və Yerevan arasında formalaşmış hüquqi çərçivəni gücləndirir. Bunu həm Ermənistanın xarici işlər nazirliyi (MFA.am, 2025), həm də Nikol Paşinyan təsdiqləyib (Pace.coe.int, 2025).
Azərbaycan tərəfinin etirazı
Azərbaycan isə Ermənistanın Konstitusiya Məhkəməsinin qərarını yetərli hesab etmir və konstitusiya dəyişikliyini sülh müqaviləsinin imzalanmasının ilk şərti olaraq önə sürməkdə davam edir (MFA.gov.az, 2024). Buna səbəb olaraq da 2009-cu ildə Türkiyə ilə Ermənistan arasında normallaşma prosesini ehtiva edən Sürix protokolları ilə bağlı presedenti göstərir. Belə ki, Ermənistanın Konstitusiya Məhkəməsi həmin protokolları konstitusiyaya uyğun hesab etsə də onun şərhini və tətbiqini konstitusiyanın preambulası və Müstəqillik Bəyannaməsinin 11-ci maddəsi çərçivəsində etməyi şərt olaraq qoymuşdu (Concourt.am, 2010). Həmin 11-ci maddə isə “Erməni Soyqırımı” və “Qərbi Ermənistan” məfhumlarını ehtiva etdiyi üçün bu protokollarla bağlı irəliləyiş olmadı, sonradan hər iki hökumət protokolları ləğv etdi.
Həmçinin, tədqiqatçılar (Huseynov, 2024) Ermənistan tarixindən spesifik bir nümunə verərək 1989-cu il qətnaməsinin Konstitusiyadan üstün hesab edilə bildiyini göstərirlər (Sargsyan, 2021). Belə ki, 1995-ci ildə qəbul edilən konstitusiyaya görə, ölkə prezidenti son 10 il ərzində Ermənistan vətəndaşı olmalı və bu 10 ili Ermənistanda yaşamalı idi. Üç il sonra keçirilən prezident seçkilərində namizəd olan Robert Köçəryan isə cəmi bir il qabaq Azərbaycandan - Dağlıq Qarabağdan Ermənistana köçmüşdü. Müxalifətin bununla bağlı şikayətinə (OSCE, 2003) baxan yerli məhkəmə Robert Köçəryanın xeyrinə qərar qəbul etmiş və bu qərara əsas kimi 1989-cu ildə Ermənistan SSR ilə Dağlıq Qarabağ Muxtar Vilayəti arasında bağlanan qərarı göstərmişdi (Azatutyun.am, 2003). Yəni, Konstitusiya Köçəryanın seçkilərdə iştirakına icazə verməsə də, məhkəmə 1989-cu il aktını əsas gətirərək bu namizədliyi qanuni hesab etmişdi.
Vaşinqton bəyannaməsi
Nikol Paşinyan həmçinin sülh sənədinin 12-ci maddəsinə istinad edərək bildirib ki, Ermənistan bu sazişi icra etməmək üçün yerli qanunvericiliyi əsas gətirə bilməz: “Bizim konstitusiyamızda ratifikasiya edilmiş beynəlxalq müqavilələrin yerli qanunvericilikdən üstün olduğu bildirilir. Yəni, sülh müqaviləsi imzalayanda onun konstitusiyaya uyğunluğunu yoxlamaq üçün Konstitusiya Məhkəməsinə göndərməliyik. Əgər məhkəmə müqavilənin konstitusiyaya zidd olduğuna qərar versə, əvvəldən bəyan etdiyim kimi, konstitusiyaya dəyişiklik üçün təşəbbüs göstərəcəyik. Əgər məhkəmə müqavilənin konstitusiyaya uyğun olduğunu bildirsə, o zaman müqavilənin parlamentdə ratifikasiyası üçün heç bir maneə qalmır” (Pace.coe.int, 2025).
Həmçinin, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Vaşinqton bəyannaməsini şərh edərkən bildirib ki, Vaşinqtonda Ermənistan Konstitusiyası ümumiyyətlə müzakirə edilməyib və Ermənistanın hansısa ölkənin qarşısında konstitusiya dəyişdirmək öhdəliyi yoxdur (News.am, 2025).
Nikol Paşinyanın açıqlamasından da göründüyü kimi, Ermənistan tərəfi yeni sülh müqaviləsi imzalanandan sonra onu Konstitusiya Məhkəməsinə göndərməyi planlaşdırır. Əgər məhkəmə sülh müqaviləsinin konstitusiyaya uyğun olduğunu təsdiqləsə, o zaman Yerevan konstitusiyanın dəyişmək üçün hər hansı səbəbin qalmadığını bildirəcək. Başqa sözlə desək, konstitusiyanın dəyişib-dəyişməməsi Konstitusiya Məhkəməsinin sülh müqaviləsinə verdiyi rəydən asılı olacaq. Yəni Yerevanın fikrincə, konstitusiyaya dəyişiklik zərurəti sülh müqaviləsindən sonra müəyyənləşəcək.
Konstitusiya Məhkəməsinin delimitasiya üzrə komissiyaların birgə fəaliyyəti haqqında Əsasnaməni təsdiq etməsindən təxmin etmək olar ki, əgər sülh müqaviləsi bağlansa Konstitusiya Məhkəməsi bu qərarı təsdiq edəcək. Çünki məhkəmə həmin qərarda əsaslandırır ki, Müstəqillik Bəyannaməsinin bütün müddəaları konstitusional öhdəlik yaratmır. Ancaq, Konstitusiya Məhkəməsi müqavilənin konstitusiyaya uyğun olmadığını iddia etsə, o zaman iki ehtimal yaranır. Birinci ehtimal odur ki, müqavilə ilə konstitusiyanı bir-birinə uyğunlaşdırmaq üçün konstitusiyaya düzəliş etmək lazım gələcək. Bu halda preambula hissəsini dəyişmək mümkün olmadığı üçün bu prosedurun bir əhəmiyyəti qalmır. İkinci ehtimal isə tamamilə yeni konstitusiya qəbul etməkdir ki, hazırkı Ermənistan hökuməti bunu etməyə çalışır (yeni konstitusiya haqqında aşağıda). Azərbaycan tərəfinin narahatlığı Ermənistan Konstitusiya Məhkəməsinin müqaviləni qəbul etməməsi deyil. Çünki, məhkəmə qəbul etməsə yeni konstitusiya hazırlanmalıdır ki, bu da Azərbaycan tərəfinin istəyinə uyğundur. Bakını narahat edən məsələ Konstitusiya Məhkəməsinin müqaviləni qəbul etməsidir. Çünki, bu halda yeni konstitusiya qəbul etməyə ehtiyac qalmayacaq və o zaman artıq konstitusiyanın dəyişdirilməsi üçün Ermənistana heç bir təsir gücü qalmır. Bu səbəbdən, Azərbaycan birinci konstitusiya dəyişikliyi edilməsini sonra sülh müqaviləsinin imzalanmasını istəyir ki, sonradan konstitusiyanın dəyişdirilməsi üçün təsir vasitəsini itirməsin.
Ermənistan tərəfinin Azərbaycan konstitusiyası haqqında iddiaları
Ermənistan da bənzər iddiaları Azərbaycana qarşı irəli sürür. Nikol Paşinyan bildirib ki, eyni məntiqlə Azərbaycan Konstitusiyası da Ermənistana qarşı ərazi iddiası irəli sürür (Primeminister.am, 2024b). Çünki, Azərbaycan Konstitusiyası giriş hissəsində Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktına istinad edir. Konstitusiya Aktı isə bildirir ki, Azərbaycan Respublikası 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək mövcud olmuş Azərbaycan Respublikasının varisidir. 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Respublikası (Azərbaycan Xalq Cümhuriyyəti) Paris Sülh Konfransına göndərdiyi xəritədə bu günki Ermənistan ərazisinin bir hissəsini Azərbaycan Respublikasının ərazisi olaraq göstərmişdi (Lib.az, Tarix göstərilməyib). Azərbaycan tərəfi bu iddianı qəbul etmir və bildirir ki, 1918-ci il istiqlal bəyannaməsində Ermənistana qarşı heç bir ərazi iddiası yoxdur: “İlk Azərbaycan Respublikası dövründə hansı ərazilərin Azərbaycanın tərkibində olduğu, onların nə zaman Ermənistan tərkibinə qatıldığı isə tarixi faktlardır və bu faktları danmaq mümkün deyil. Bu, indi heç bir halda Azərbaycan qanunvericiliyində Ermənistana qarşı ərazi iddialarının olması anlamına gəlmir”, - deyə Xarici İşlər Nazirliyi bildirib. Nikol Paşinyan həmçinin Azərbaycan hökumətinin Qərbi Azərbaycan narrativindən də narahatlığını bildirib, bunun Ermənistana qarşı ərazi iddiası olduğunu söyləyib (Primeminister.am, 2025b).
Ermənistan konstitusiyasının dəyişməsinin önündəki maneələr
Ermənistan Konstitusiyasının dəyişdirilməsi məsələsində bir digər maneə də 2021-ci ildə Konstitusiya Məhkəməsinin əsas qanunun preambulasının dəyişdirilə bilməyəcəyi ilə bağlı verdiyi qərardır (Concourt.am, 2021). Belə ki, konstitusiya özü yalnız 1, 2, 3 və 203-cü maddələrin dəyişdirilə bilməyəcəyini nəzərdə tutsa da, məhkəmə bu siyahıya preambula hissəsini də əlavə edib. Yəni konstitusiyada düzəlişlər olsa belə, Azərbaycan tərəfinin dəyişməsini istədiyi preambula hissəsi dəyişə bilməz.
Konstitusiyaya düzəlişlərin önündə duran digər maneə isə Nikol Paşinyanın Vətəndaş Müqaviləsi Partiyasının 2026-cı il seçkilərində referendum üçün lazım olan qədər yer qazana bilməməsidir. Belə ki, partiya parlamentdəki 105 yerin 64-nü qazanıb (OC-media, 2026a). Ancaq konstitusiya dəyişikliklərinin referenduma çıxarılması üçün parlamentin 2/3 hissəsi, yəni 70 deputat lehinə səs verməlidir (Horizonweekly.ca, 2026). Hazırda Nikol Paşinyanın partiyasının parlamentdə belə bir çoxluğu yoxdur. Ermənistanda bu proseduru başqa heç bir prosedurla əvəz etməyin isə heç bir hüquqi yolu yoxdur. Parlamentin 2/3 hissəsinin referenduma razılıq verməsi mütləqdir (OC-media, 2026b).
Yeni konstitusiyanın hazırlanması
Ermənistanda hazırda mövcud olan Konstitusiyaya dəyişikliklərin çətinliyi fonunda digər bir gündəm mövzusu da tamamilə yeni konstitusiyanın qəbul edilməsidir. Nikol Paşinyan bunu hətta 2020-ci ildən, 44 günlük müharibə başlamamışdan dilə gətirib (Primeminister.am, 2020). Növbəti illərdə də yeni konstitusiya ilə bağlı açıqlamalar verən Nikol Paşinyan, ilk dəfə 2025-ci ilin aprelində bildirib ki, yeni konstitusiya müstəqillik bəyannaməsinə istinad etməyəcək (Azatutyun.am, 2025). Baş nazir bu fikrini sonrakı dövrlərdə (Armenpress.am, 2026) də təkrarlayıb (Primeminister.am, 2026). Hakim Vətəndaş Müqaviləsi Partiyasının deputatı Arusyak Julhakyan da eyni fikri səsləndirib (Caucasuswatch.de, 2026). Yeni konstitusiya layihəsinin 2026-cı ilin (OC-media, 2026c) sonuna qədər hazır olacağı bildirilib. Referendumun isə 2027-ci ildə baş tutacağı gözlənilir (OC-media, 2024).
Güman etmək olar ki, yeni konstitusiyanın qəbul edilməsi və orada müstəqillik bəyannaməsinə istinadın ləğv edilməsi daha mümkün prosedur kimi göründüyündən rəsmi Yerevan bu yolu seçir. İndiki Konstitusiyanın 7-ci maddəsinə görə yeni konstitusiya layihəsinin Konstitusiya Məhkəməsinə göndərilməsi mütləq deyil (Translation-centre.am, Tarix göstərilməyib). Venesiya Komissiyası da bunu təsdiqləyir (Odihr.osce.org, 2017). Mövcud konstitusiyaya dəyişikliklər ediləcəyi halda isə əsas qanunun 8-ci maddəsinə görə, dəyişiklər layihəsinə Konstitusiya Məhkəməsi rəy bildirməlidir. Bu halda Konstitusiya Məhkəməsi preambulanın dəyişməzliyi ilə bağlı 2021-ci ildə verdiyi qərara istinad edərək həmin hissəsinin dəyişdirilməsinə etiraz edə bilər. Yeni konstitusiyanın qəbulu prosedurunda isə Konstitusiya Məhkəməsinin müdaxiləsi nəzərdə tutulmadığından bu yol daha asan görünür.
Nəticə
Göründüyü kimi, Azərbaycan sülh müqaviləsinin imzalanmasının ön şərti olaraq Ermənistanın konstitusiyasının dəyişdirilməsini tələb edir. Ermənistan isə Konstitusiya Məhkəməsinin qərarını əsas gətirərək hazırda mövcud olan əsas qanunun Azərbaycana qarşı hər hansı ərazi iddiası irəli sürməməsində israr edir. Rəsmi Yerevan bildirir ki, sülh müqaviləsi imzalanandan sonra Konstitusiya Məhkəməsinə göndəriləcək, əgər məhkəmə mənfi rəy verərsə, o zaman yeni konstitusiya üçün təşəbbüs göstəriləcək. Başqa sözlə, Azərbaycan sülh müqaviləsi imzalanmamışdan əvvəl Ermənistan konstitusiyasının dəyişdirilməsini tələb edir. Ermənistan isə sülh müqaviləsi imzalanandan sonra Konstitusiya Məhkəməsinin rəyinə əsasən davranacağını bildirir: Məhkəmə müqaviləni təsdiqləsə, o zaman yeni konstitusiya da ehtiyac olmayacaq. Azərbaycan tərəfi isə həmin məhkəmənin Sürix protokolları ilə bağlı 2010-cu ildə verdiyi qərarı əsas gətirərək iddia edir ki, Ermənistan tərəfi hər nə qədər Müstəqillik Bəyannaməsinin hər müddəasının konstitusional öhdəlik yaratmadığını bildirsə də, təcrübədə konstitusiya ilə müqayisədə Müstəqillik Bəyannaməsinə üstünlük verilməsi presedenti mövcuddur.
Bundan əlavə, Ermənistan konstitusiyasının dəyişdirilməsi praktik olaraq da çətin görünür. Həm Konstitusiya Məhkəməsi əsas qanunun preambulasının dəyişdirilməsinə icazə vermir, həm də hakim Vətəndaş Müqaviləsi Partiyasının parlamentdə konstitusion çoxluğu yoxdur. Son dövrlərdə iqtidar partiyasının yeni konstitusiya üzərində işlədiyi və bu sənəddə müstəqillik aktına istinad edilməyəcəyi bildirilsə də, layihənin mətni hələ ki, ictimailəşməyib.
Qeyd: Oxuduğunuz yazı orijinal olaraq Azərbaycan dilində yazılmışdır.
Mənbələr:
Amerikaninsesi, 2024. Azərbaycan və Ermənistan dövlət sərhədi komissiyalarının birgə fəaliyyəti barədə razılığa gəlib
https://www.amerikaninsesi.org/a/7765054.html
Armenpress.am, 2026. Pashinyan: New Armenian Constitution should not reference 'conflict-logic' Declaration of Independence
https://armenpress.am/en/article/1244511
Azatutyun.am, 2003. Court Rejects Opposition Demand To Disqualify Kocharian
https://www.azatutyun.am/amp/1570858.html
Azatutyun.am, 2025. Pashinian Wants Constitutional Change Demanded By Azerbaijan
https://www.azatutyun.am/a/33387437.html
BBC, 2025. Azərbaycan Ermənistana 22 vaqon benzin göndərib
https://www.bbc.com/azeri/articles/c3e0kvj1p01o
Caucasuswatch.de, 2026. Armenia's New Constitution to Omit Reference to Declaration of Independence
Concourt.am, 1990, Armenian Declaration of Independence
https://concourt.am/en/normative-legal-bases/declaration
Concourt.am, 2010. Decision of The Constitutional Court of The Republic of Armenia
https://www.concourt.am/decision/full_text/850.pdf
Concourt.am, 2021. Decision of The Constitutional Court of The Republic of Armenia
https://www.concourt.am/decision/full_text/646219fdf31ed_1590.pdf
Concourt.am, 2024. Decision of The Constitutional Court of The Republic of Armenia
https://www.concourt.am/decision/full_text/6737379018be8_SDV-1749_EN.pdf
Consilium.europa.eu, 2022. Statement following quadrilateral meeting between President Aliyev, Prime Minister Pashinyan, President Macron and President Michel, 6 October 2022
Gov.am, tarix göstərilməyib. Declaration of Independence
https://gov.am/en/independence/
Horizonweekly.ca, 2026. Can Armenia’s ruling party change the Constitution without a two-thirds majority? (EXPLAINER)
Huseynov, 2024. Armenia’s Constitutional Catch-22
https://verfassungsblog.de/armenias-catch-22/
Lib.az, Tarix göstərilməyib. Azərbaycan Xalq Cümhuriyyətinin Paris Sülh Konfransına təqdim etdiyi Azərbaycan xəritəsi
https://lib.az/users/1/upload/files/1918_cumhuriyyet.jpg
Legal-tools.org, tarix göstərilməyib. Joint resolution of Armenia SSR and Nagorny Karabakh Oblast on reunification
https://www.legal-tools.org/doc/67c50c/pdf/
Mfa.am, 2025. Deputy Foreign Minister of Armenia Robert Abisoghomonyan addressed the Special Meeting of the OSCE Permanent Council
https://www.mfa.am/en/speeches/2025/03/26/Abisoghomonyan_OSCE/13144
MFA.gov.az, 2024. No:402/24, Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibinin Ermənistanın hərbiləşdirilməsinə bəraət qazandırması və Azərbaycandan iddia olunan təhdidlər barədə söylədiyi fikirlərə dair şərhi
https://mfa.gov.az/az/news/no40224
News.am, 2025. FM: Armenia constitution not discussed in Washington
https://news.am/en/news/901252
OC-media, 2024. Armenia to hold constitutional referendum in 2027
https://oc-media.org/armenia-to-hold-constitutional-referendum-in-2027/
OC-media, 2026a. European observers criticise Armenia’s decision to annul results in three polling stations
OC-media, 2026b. Armenian government faces uphill battle over new constitution following election results
OC-media, 2026c. Armenian opposition accuses government of adjusting new constitution to Azerbaijan’s demands
Odihr.osce.org, 2017. Joint Opinion on The Draft Law on Referendum
https://odihr.osce.org/sites/default/files/f/documents/a/f/362061.pdf
OSCE, 2003. Republic of Armenia Presidential Election 19 February And 5 March 2003 Final Report
https://cdn.osce.org/sites/default/files/f/documents/8/7/14054.pdf
Pace.coe.int, 2025. Séance des questions : M. Alain BERSET, Secrétaire Général du Conseil de l'Europe
https://pace.coe.int/fr/verbatim/2025-09-30/am/en
Primeminister.am, 2020. “RA citizens must consider the Constitution as theirs” – PM addresses the Professional Committee on Constitutional Reform
https://www.primeminister.am/en/statements-and-messages/item/2020/06/15/Nikol-Pashinyan-meeting/
Primeminister.am, 2024a. No article of the Constitution of Armenia contains any direct or indirect reference to Nagorno-Karabakh. Prime Minister
https://www.primeminister.am/en/statements-and-messages/item/2024/11/13/Nikol-Pashinyan-Speech/
Primeminister.am, 2024b. "Durable peace in the South Caucasus is not only possible but also realistic” - Prime Minister’s speech at the "Yerevan Dialogue" international conference
Primeminister.am, 2025a. Prime Minister Nikol Pashinyan's speech at the plenary session of the autumn session of the Parliamentary Assembly of the Council of Europe
https://www.primeminister.am/en/statements-and-messages/item/2025/09/30/Nikol-Pashinyan-Speech/
Primeminister.am, 2025b. The Prime Minister gives interview to Turkish media representatives
Primeminister.am, 2026. Prime Minister Nikol Pashinyan’s speech at the discussion of the Government's 2026-2031 Program at the National Assembly
https://www.primeminister.am/en/statements-and-messages/item/2026/08/24/Nikol-Pashinyan-Speech/
President.am, 2015. Constitution of the Republic of Armenia
https://www.president.am/en/constitution-2015/
Prezident.az, 2025. İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibə verib
https://president.az/az/articles/view/69968
Report, 2024a. İlham Əliyev: Sülh sazişinin başlıca şərti Ermənistanın konstitusiyasının dəyişdirilməsidir
Report, 2024b. Azərbaycan və Ermənistan delimitasiya prosesində 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanacaq
Report, 2026a. Ceyhun Bayramov: Ermənistanın konstitusiyasının dəyişdirilməsi mövzusunda mövqeyimiz dəyişməzdir
Report, 2026b. Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası yola salınıb - YENİLƏNİB
Sargsyan, 2021. The Robert Kocharyan Administration: 1998-2008
Translation-centre.am, Tarix göstərilməyib. Constitutional Law of The Republic Of Armenia
https://www.translation-centre.am/pdf/Translat/HH_orenk/2018/2018_HO-155-N_CL_en.pdf
Trend, 2024. Ceyhun Bayramov Baydenin xüsusi köməkçisinə sülh sazişinə ən ciddi maneənin Ermənistan Konstitusiyası olduğunu bildirib