3 apr 2026

Putin-Paşinyan Hesablaşması

Putin-Paşinyan Hesablaşması

(c) primeminister.am


Ermənistanın baş naziri Nikol Paşinyanın aprelin 1-də Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşü olduqca diqqətçəkən dialoqlarla yadda qaldı. Avropa İttifaqı-Avrasiya İttifaqı ziddiyyətindən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı gərgin münasibətlərə, Ermənistandakı seçkilərdən enerji bazarlığına qədər bir çox başlıqda yeni balansın necə yaradılacağına dair xeyli suallar doğuran danışıqların görüntüsü  “kübar”, mahiyyəti isə  ultimativ idi. Ermənistanın iyunun 7-dəki parlament seçkilərinə hazırlaşdığını və son həftələrdə Paşinyanın ölkə daxilində müharibə tərəfdarlarının (Rusiya yönlülərin) aktivləşdiyinə dair  xəbərdarlıqlarını nəzərə alsaq, Moskva görüşü kritik əhəmiyyət daşıyırdı. Ancaq ictimaiyyətə verilən mesajlar göstərir ki, danışıqlar hər hansı real nəticədən daha çox hesablaşma xarakteri daşıyıb. Bu hesablaşmanın nə ilə nəticələnəcəyinə dair  ən yaxın ipucunu isə yəqin ki, Ermənistandakı seçkilərdə görmək mümkün olacaq.

BALANS AXTARIŞI  VƏ RUSİYA TƏHDİDİ ARASINDA 

Putin-Paşinyan görüşünün ən diqqətçəkən başlıqlarından biri  Ermənistanın Avropa İttifaqı ilə əlaqələri dərinləşdirərkən Avrasiya İqtisadi İttifaqına üzvlüyü davam etdirməsi məsələsiydi. Putin açıq şəkildə bu iki gömrük ittifaqına  birlikdə daxil olmağın  mümkünsüzlüyünü bildirdi. Sonra isə örtülü təhdidi bir az da dərinləşdirdi -  Avropada qiyməti 600 dollardan artıq olan min kubmetr qazı Ermənistana 177,5 dollara satdıqlarını, eyni zamanda  Ermənistanın Aİİ-yə ixracatının 10 dəfə artdığını söyləyərək “qərar sizindir, harada, kimlə, hansı əsaslarla işləyəcəksiniz, baxın” dedi (Ermənistan Baş Nazirliyi rəsmi saytı, 1 aprel 2026). 

Paşinyan isə prinsip etibarıyla Aİ ilə Aİİ-yə eyni zamanda üzv olmağın uyğunsuz olduğunu bildiklərini, ancaq qərar vermə nöqtəsinə gələnə qədər iki tərəflə də gündəlikləri uyğunlaşdırmağa davam edəcəklərini söylədi. Qərarı isə “Ermənistan vətəndaşları olaraq” verəcəklərini vurğuladı.  Enerji məsələsində də yeni texnologiyalara, günəş enerjisinə işarə etdi, Rusiya ilə yaxın əməkdaşlığı davam etdirməklə yanaşı, yeni atom elektrik stansiyası tikintisi məsələsində başqa tərəfdaşlarla da müzakirələr apararaq Ermənistana ən faydalı təklifi axtardıqlarını bildirdi (Ermənistan Baş Nazirliyi rəsmi saytı, 1 aprel 2026). 

Şübhəsiz ki, Putinin Paşinyana Aİ ilə bağlı xəbərdarlığı və bu kontekstdə enerji qiymətləri xatırlatması tamamilə siyasi idi.  Hər nə qədər Putin bunun iqtisadi-texniki problem olduğunu iddia etsə də, Ukrayna nümunəsini göstərməklə Paşinyana barmaq silkələmiş və seçim çağırışı etmiş oldu.  

Xüsusilə ikinci Qarabağ müharibəsindəki məğlubiyyətdən sonra Ermənistan Moskva ilə münasibətlərdəki xəyal qırıqlığını gizlətmir və Avropa İttifaqı ilə əlaqələri dərinləşdirmə, ABŞ-ın himayəsini gücləndirmə, Türkiyə ilə münasibətlər qurma xəttiylə yeni bir balans çərçivəsi yaratmağa çalışır. Bu çərçivə ən uzun iki sərhədi 30 ildən çoxdur bağlı olan, iqtisadiyyatı Rusiya və Gürcüstan ilə İran üzərindən keçən dar ticarət dəhlizlərindən asılı qalan Ermənistan  üçün Azərbaycan və Türkiyə ilə açıq sərhədlər, iqtisadi şaxələndirmə, siyasi balans, Rusiyadan asılılığın azaldılması və Avropa ilə ABŞ arasında güclü əlaqələrin yaradılması kimi məsələləri əhatə edir (Wall, Kochinyan, Shiriyev, 1 aprel 2026).  Bütün bunları bir arada həyata keçirmək - hətta Rusiya xaricindəki müxtəlif tərəflər və onların müxtəlif maraqları arasında balans yaratmaq və bu balansı da Rusiya təhdidi davam edərkən qurmaq əlbəttə asan deyil.

İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan ilə Ermənistan arasındakı danışıqların mərkəzi missiyası Moskvadan Brüsselə keçdi, Rusiya bu vəziyyəti dəyişdirmək üçün bir neçə dəfə vasitəçilik təklifi etsə də, tərəflər bunda çox həvəsli görünmədi. Azərbaycan ilə Rusiya arasındakı münasibətlərdə yaşanan gərginlik, Türkiyənin regional aktyor kimi aktivləşməsi, Ermənistanın Avropaya yanaşması kimi faktorlar burada rol oynayırdı, ancaq ABŞ-da Trumpın iqtidara gəlməsi və bütün dünyada “sülh missiyaçılığı” iddiasıyla çıxış etməyə başlaması mənzərəni kökündən dəyişdi. Trumpın  Azərbaycan-Ermənistan danışıqlarında yeganə vasitəçi roluna iddiası və TRİPP (Beynəlxalq Sülh və Rifah üçün Trump Marşrutu) ideyası Moskvanı prosesdən tamamilə uzaqlaşdırdı (Harutyunyan, fevral 2026).  Bu, Ermənistanın balans çərçivəsinə zidd deyildi, əksinə, Yerevan TRİPP marşrutunun ona həm Azərbaycan, həm Türkiyə, həm Avropa ilə əlaqələr qurma-gücləndirmə fürsəti verəcəyini hesablayır, buradakı tək problem Rusiyadır, onun da Cənubi Qafqazda ABŞ ilə qarşı-qarşıya gəlmək istəməyəcəyini düşünür. 

Trumpın əsas vasitəçi rolu Avropa İttifaqının da Azərbaycan-Ermənistan danışıqlarındakı funksiyasını azaltdı, ancaq Rusiyadan fərqli olaraq Brüssel regiondakı bu dəyişikliyin benefisiarlarından biri kimi qalmağa davam edir, hətta bu rolunu artırır. Belə ki, Rusiya-Ukrayna müharibəsi Avropa İttifaqının Cənubi Qafqazda Azərbaycana daha da yaxınlaşmasına səbəb oldu. Ermənistan üçün isə 2025-ci ilə Aİ ilə əlaqələrin gücləndirilməsi baxımından tarixi əhəmiyyət daşıdı - keçən il Ermənistan parlamenti ölkənin Avropa İttifaqına üzvlük prosesinin başladılmasına dair qanun layihəsini qəbul edərək simvolik önəmi yüksək bir qərara imza atdı (Khar Center, 2025). Bundan əlavə, Ermənistan-Aİ Tərəfdaşlıq Strategiyası Gündəliyi imzalandı, təhlükəsizlik və müdafiə sahələrində müzakirələr başladı, Ermənistanın Aİ böhran idarəetməsi əməliyyatlarında iştirak çərçivəsini təşkil edən sənəd imzalandı və qüvvəyə mindi, Aİ missiyasının müddəti uzatıldı, sadəcə Ermənistanla aparılan viza sərbəstliyi dialoqu aktivləşdirildi. Bu ilin yanvarında isə Aİ Şurası Ermənistana Avropa Sülh Fondu çərçivəsində 20 milyon avro ayırdı. Brüssel bununla yanaşı,  infrastruktur və investisiya imkanlarını dəyərləndirir. Hazırda Aİ-nin Naxçıvan dəmiryolunun tikintisi və yenilənməsində iştirakı müzakirə edilir. Aİ və Azərbaycan bu layihə üçün ön hazırlıq məsələsinə razılığa gəlib. Ermənistan isə TRİPP-in davamlılığı və müxtəlif infrastruktur layihələrində iştirakla bağlı müzakirələr aparır (Harutyunyan, fevral 2026). 

MOSKVANIN ENERJİ VƏ İNFRASTRUKTUR RIÇAQLARI 

Moskva bu layihələrin onun iştirakı olmadan həyata keçirilməsinə mane olmaq üçün bütün rıçaqlardan istifadə edir. Bunlardan biri də dəmiryolu marşrutlarıdır. Ermənistan TRİPP layihəsi çərçivəsində hazırda bağlı olan 238 kilometrlik Naxçıvan-orta Ermənistan-Kars dəmiryolu xəttinin açılmasını istəyir. Azərbaycanın buna qarşı olduğunu bir kənara qoysaq, 2008-ci ildən bəri Ermənistanın dəmiryolu şəbəkəsini Qərb sanksiyaları altında olan Rusiyanın Dövlət Dəmiryolu Şirkətinin alt qolu olan Cənubi Qafqaz Dəmiryolu Şirkəti  imtiyaz əsasında işlədir. Bu şirkət öhdəliklərinin böyük hissəsini yerinə yetirmədiyi üçün bir çox xəttin fəaliyyəti dayanıb. Paşinyan bu vəziyyətin regional rəqabəti öldürdüyünü əsas gətirərək  Rusiyadan bu imtiyazın həm Yerevan, həm də Moskvaya dost olan başqa bir ölkəyə verilməsini təklif edib. Ancaq onun səfərindən bir gün əvvəl Moskva imtiyazı vermək niyyətində olmadığını açıqlayıb (JAMNEWS, 1 aprel 2026).  Eyni zamanda atom elektrik stansiyası məsələsində də iki tərəf arasında gərginlik davam edir. Ermənistan mövcud AES-in modul tipli stansiyalarla dəyişdirilməsini istəyir. Rusiya isə bunu Ermənistanın enerji sistemini şaxələndirmə və Rosatom ilə əməkdaşlıqdan uzaqlaşaraq ABŞ-a yönəlmə niyyəti kimi dəyərləndirir. Moskvadakı heyətlərarası görüşdə Rusiya DəmirYolları Şirkəti və Rosatom rəhbərlərinin iştirakı bu məsələlərin “təcili” gündəliyə daxil olduğunu göstərir (JAMNEWS, 1 aprel 2026). 

PUTİNİN “XAHİŞ”LƏRİ  VƏ ERMƏNİSTAN SEÇKİLƏRİ 

Putin-Paşinyan görüşünün ictimaiyyətə açıqlanan digər diqqətçəkici başlığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsindəki gərginlik oldu.  Putin KTMT ilə bağlı Ermənistanın şikayətlərinin olduğunu bildiklərini söylədi, ancaq özünəməxsus manipulyativ cümlələrlə KTMT-nin müdaxiləsizliyini   Yerevanın 2022-ci ildə Praqada Qarabağı Azərbaycan torpağı kimi tanıması ilə əsaslandırdı. Paşinyan isə Qarabağ məsələsini artıq bitirdiklərini, Ermənistan və Azərbaycan arasında sülh üçün sağlam zəmin yaradıldığını söylədi, ancaq Putinin manipulyasiyasını da cavabsız qoymadı: “Doğrudur, Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıdıq. Ancaq bundan əvvəl Rusiya rəhbərliyi iki dəfə ictmai şəkildə Qarabağı Azərbaycan torpağı kimi tanıdığını açıqlamışdı, biz ondan sonra açıqladıq. Və biz KTMT ilə problemimizi o vaxt da gizlətmədik, çünki 2022-ci ildə bizdə xüsusi bir vəziyyət yaranmışdı və KTMT mexanizmləri işləməli olduğu halda işləmədi. Çox sadə səbəbdən bir KTMT-də iştirak etmirik - hələ də xalqımıza KTMT-nin niyə öhdəliklərini yerinə yetirmədiyini, reaksiya vermədiyini izah edə bilmirik”. (Kremlin.ru, 1 aprel 2026).

İkinci Qarabağ müharibəsindən iki il sonra Rusiyanın Azərbaycanın bütün ərazilər üzərində suverenliyini bərpa etməsinə səssiz qalmasından sonra Ermənistan KTMT  təlimlərində və toplantılarında iştirakı rədd etdi, 2024-cü ildə  KTMT-dən çıxdığını bildirdi (Khar Center, 2025).  Doğrudur, bu qərar hələ də rəsmiləşməyib,  ancaq iki ölkə arasında gərginlik mövzusu kimi qalmağa davam edir. Rusiya Paşinyanın bu mövzunu gündəlikdə saxlamasından narahat olur, Putinin Ermənistan baş nazirinə bu məsələni artıq bitirmək, seçki kampaniyasında gündəmə gətirməmək xəbərdarlığı da bunun göstəricisi idi.

Bu xəbərdarlığı eyni zamanda Putinin digər seçki “xahiş”i ilə birlikdə dəyərləndirmək lazımdır. Rusiya prezidenti Ermənistanda Rusiyanın çox sayda dostları və rusiyayönlü qüvvələr olduğunu söyləyərək bu partiyaların seçkilərdə iştirakını istədi. Onlardan bəzilərinin Rusiya pasportunun olmasına baxmayaraq həbs edildiyini bildirdi və “işinizə qarışmırıq, amma onların seçkidə iştirakını istəyərdik” dedi. Paşinyan isə Putinə demokratik seçki meydan oxuması ilə cavab verdi. Ermənistanda demokratiyanın olduğunu söylədi, sosial media azadlığını vurğuladı və seçkilərdə yalnız Ermənistan vətəndaşlarının iştirak edə biləcəyini dedi. Ad çəkilməsə də, söhbətin kimdən getdiyi bəlliydi - Ermənistanda dövlət çevrilişinə cəhd ittihamı ilə həbs edilən milyarder Samvel Karapetyan…Keçən ilin iyununda həbs edilən Karapetyan Ermənistan ilə yanaşı həm də Rusiya və Cənubi Kipr vətəndaşıdır. Karapetyan Ermənistanda daşınmaz əmlak milyarderi olmaqla yanaşı Ermənistan Elektrik Şəbəkəsini işlədən Tasir Holdinqin də sahibiydi (AP, 2025)

Putinin bu ultimatumu da göstərir ki, Ermənistanda keçiriləcək parlament seçkiləri Yerevanın yeni geosiyasi manevr imkanlarının sərhədlərinin müəyyənləşməsi baxımından mühüm bir dönüş nöqtəsi olacaq. 7 iyun seçkiləri 2017-ci ildən bəri ilk dəfə keçirilən normal (növbədənkənar olmayan) seçki olacaq və son səkkiz ildə böhranlarla formalaşan siyasi sistem üçün ciddi bir sınaq təşkil edəcək. Nikol Paşinyanın 2018-ci ildən bəri iqtidarda olan Vətəndaş Müqaviləsi Partiyasının səsləri əvvəlki illərlə müqayisədə azalıb, ancaq o, hələ də seçkilərin favoriti kimi görünür. Onun əsas rəqiblərindən biri isə Putinin xahişini etdiyi Samvel Karapetyanın Güclü Ermənistan Partiyasıdır.  Karapetyan keçən il həbs edildikdən sonra dekabrın sonunda 10,6 milyon dollar ödəyərək ev həbsinə buraxılıb. Partiyanın faktiki liderliyini qardaşı oğlu Narek Karapetyan həyata keçirir. Ermənistan qanunlarına görə, Karapetyan Rusiya və Cənubi Kipr vətəndaşı olduğu üçün baş nazirliyə namizəd ola bilməz. Partiyası isə seçkidə qalib gələrsə konstitusiyanın müvafiq maddəsini dəyişdirməyi planlaşdırır (Nazaretyan, mart 2026). 

Putinin nəzərdə tutduğu Rusiyayönlü digər partiya isə keçmiş prezident Robert Köçəryanın liderlik etdiyi Ermənistan İttifaqıdır. Hazırda parlamentin ən böyük müxalifət fraksiyası olan bu ittifaqa Köçəryanın müstəqil deputatları, Erməni İnqilabçı Federasiyası və kiçik bir partiya olan İleri (Araj) daxildir. Blok Köçəryanı baş nazir namizədi kimi elan edib. 

Digər keçmiş prezident Levon Ter-Petrosyanın Erməni Milli Konqresi (ANC) də seçkidə iştirak edəcək. Partiyanın namizədi Levon Zurabyan Samvel Karapetyanı yarışın favoriti adlandırıb və onunla potensial koalisiya müzakirələri apardıqlarını bildirib. Paşinyanın keçmiş müttəfiqlərindən Parlaq Ermənistan Partiyasının lideri Edmon Marukyan da Karapetyan ilə əməkdaşlığa meylli görünür (Nazaretyan, mart 2026). 

Nikol Paşinyan seçki yarışının  müharibə-sülh xəttiylə getdiyini bildirir və 7 iyunda müxalifət qalib gələcəyi təqdirdə Ermənistanın yeni bir müharibə ilə qarşı-qarşıya qalacağını bildirir. Ermənistanın baş naziri Azərbaycanla sülhün qorunması, Türkiyə ilə normallaşma, ABŞ və AB ilə münasibətlərin güclənməsi və Rusiya ilə balanslı münasibət vəd edir (Azatutyun, mart 2026).  Köçəryan və onun partiyası ənənəvi, revanşist və Moskva ilə güclü əlaqələri olan rəqib kimi seçki yarışında iştirak edir (Thornton, fevral 2026).  Karapetyanın partiyasının elektoratı da pro-Rusiya hesab edilir, oliqarx lider Azərbaycan ilə sülh prosesini tam rədd etməsə də, başqa şərtlərdə davam etdirəcəyini bildirir. Kremlin əli ilə Ermənistan siyasətinə müdaxilə edən Erməni Kilsəsi də Karapetyanı açıq şəkildə müdafiə edir. Eyni zamanda müşahidələr Rusiyanın hibrid müdaxilə kampaniyasının da Ermənistanda görünməmiş səviyyəyə çatdığını göstərir. McCain İnstitutunun seçki müşahidə missiyasının rəyinə görə, Rusiya telekanalları, Telegram, onlayn məkan, kilsə, gənclər şəbəkələri və maliyyə axınları bu təsirin əsas kanalları sayılır. Hesabatda qeyd olunur ki, ermənilərin üçdə birindən çoxu hər gün rus televiziyasına baxır, Rusiyanın narrativləri “Ermənistan Rusiyadan qopsa çökər” və “Qarabağı yalnız Rusiya geri qaytara bilər” kimi qorxu xəttləri üzərindən işləyir. Müşahidəçilər Rusiyanın Ermənistanda Moldova seçkilərindəki müdaxiləyə bənzər ssenari hazırladığını bildirir (Thornton, fevral 2026). 

Bütün bunlar göstərir ki, 7 iyun seçkiləri Ermənistanda bir hakimiyyət dəyişikliyi məsələsi deyil, kurs, strategiya, yön müəyyənləşdirmə referendumu xarakteri daşıyacaq. Şübhəsiz ki, Paşinyan seçkilərə qədər Moskva ilə münasibətlərdə gərginlikdən qaçmağa çalışacaq və 1 aprel görüşü də bu kontekstdə dəyərləndirilməlidir. Ancaq həm gedişat, həm Putinin Paşinyana ultimatumları Kremlin eyni niyyəti daşımadığını göstərir. Moskva bu seçkilərdən Paşinyanın Qərb yönlü siyasətini, Ankara və Bakı ilə münasibətləri normallaşdırma səylərini dəyişdirmə fürsəti kimi yararlanmağa çalışacaq. 



İSTİNADLAR 

Ermənistan Baş Nazirliyi, 1 aprel 2026. Nikol Pashinyan and Vladimir Putin meet.https://www.primeminister.am/en/press-release/item/2026/04/01/Nikol-Pashinyan-Vladimir-Putin/

Wall de Thomas, Kochinyan Areg, Shiriyev Zaur, mart 2026. Rewiring the South Caucasus: TRIPP and the New Geopolitics of Connectivity. https://carnegieendowment.org/middle-east/research/2026/03/rewiring-the-south-caucasus-tripp-and-the-new-geopolitics-of-connectivity

Harutyunyan, Varduhi, 2026. Analysis: EU Engagement in the South Caucasus in 2026 in the Context of Armenia-Azerbaijan Normalization. https://www.commonspace.eu/analysis/analysis-eu-engagement-south-caucasus-2026-context-armenia-azerbaijan-normalization

KHAR Center, 2026. Ermənistan Avropa qatarına çatacaqmı.  https://kharcenter.com/arasdirmalar/ermenistan-avropa-qatarina-catacaqmi

JAMnews, 2026. Pashinyan–Putin meeting in Moscow. https://jam-news.net/pashinyan-putin-meeting-in-moscow/

Kremlin, 1 aprel 2026. Российско-армянские переговоры. http://kremlin.ru/events/president/news/79454

AP News, 2025. Armenian billionaire appears in court accused of calling for regime change as church feud spirals. https://apnews.com/article/nikol-pashinyan-samvel-karapetyan-armenian-church-b7ca840df75bda50c48bb91fa6e68218

Nazaretyan, Hovhannes, mart 2026.  Election Primer: Understanding Armenia’s Parliamentary Vote. https://evnreport.com/elections/election-primer-understanding-armenias-parliamentary-vote/

Azatutyun, mart 2026. Pashinian Warns Of ‘Imminent’ War If Opposition Wins June Elections. https://www.azatutyun.am/a/33710624.html

Thornton, Laura, fevral 2026. Assessment Pre-Election Mission to Armenia. https://www.mccaininstitute.org/resources/reports/assessment-pre-election-mission-to-armenia/

Bell icon

Ən son yeniliklərdən xəbərdar olmaq üçün bülletenimizə abunə olun

Etibarlı e-poçt ünvanı təqdim edin