Research paper

Uşaqpulu: Avtoritar idarəetmə, iqtisadi durğunluq və Azərbaycanın demoqrafik gələcəyi

Uşaqpulu: Avtoritar idarəetmə, iqtisadi durğunluq və Azərbaycanın demoqrafik gələcəyi


(Yazı “Khar Center”in Azərbaycan avtoritarizmi araşdırmaları çərçivəsində hazırlanıb)


Müəlliflər: 

Araz Əliyev -  tədqiqatçı, analitik.

 Üçüncü Respublika Platformasının qurucu heyət üzvü.

Gülarə İsmayılova - İctimai fəal. 

Feminist və sülhquruculuğu aktivisti, Bakı Dövlət Universiteti politologiya məzunu.


Giriş

Uzun müddətdir Azərbaycan ictimai rəyində “uşaqpulu” məsələsi əsas gündəm mövzuları arasındadır. Xüsusilə istehlak xərclərinin artması fonunda uşaq böyütmək üçün çəkilən xərclərin ildən-ilə yüksəlməsi uşaqpulu məsələsini daim aktual saxlayır. Digər tərəfdən, Azərbaycanda doğum göstəricilərinin və nikahların davamlı olaraq azalması da müzakirələrin miqyasını genişləndirir. Bu gün Azərbaycanda uşaqpulu tələbi iqtisadi dəstək proqramı ilə yanaşı demoqrafik tendensiyaların həlli üçün əsas vasitə kimi də təklif olunur. Uşaqpulu məsələsinə rəsmi diqqət və münasibət isə birmənalı deyil. Bu mövzunun önəmi və vacibliyi ilə bağlı aparılan müzakirələrin yetəri qədər əsaslandırılmadığı, akademik və empirik dəlillərlə dəstəklənmədiyi, sadəcə sosial qrupların reallaşmayan tələbi kimi qaldığı müşahidə olunur.  

Biz tədqiqatımızda statistik məlumatlara və akademik tədqiqatlara istinad edərək Azərbaycan cəmiyyəti üçün demoqrafik təşviqlərin vacib olub olmadığını araşdırmağa çalışırıq. Araşdırma dövrü olaraq 2003-2024-cü illər arası dövrü nəzərdən keçiririk. Bu müddət bizə sistemli uşaq pulunun ləğvindən (2006) sonrakı və siyasi sistemin avtoritarlaşdığı dönəmdə demoqrafik mənzərəni görməyə imkan verir. Tədqiqatda həmçinin Azərbaycanda bu dövr ərzində nikah və doğum göstəricilərindəki azalan tendensiyanın səbəblərini öyrənməyə çalışırıq. Düşünürük ki, nikah və doğum saylarındakı azalmanın real səbəblərini müəyyən etmək demoqrafik problemləri başa düşmək və onların həllinə istiqamətlənmiş tədbirləri müəyyən etmək baxımından önəmli ola bilər. 

Azərbaycanla bağlı rəsmi statistik məlumatların akademik tədqiqatlar və onların nəticələri əsasında təhlili nikah və doğum göstəricilərindəki azalmanın əsas səbəblərinin iqtisadi xarakterli olduğunu ortaya çıxarır. Biz Azərbaycandakı demoqrafik dəyişikliklərin müasir akademik tədqiqatlarda yer alan tendensiyalara uyğun olaraq dəyişdiyini müşahidə edirik. Xüsusilə gözlənilməz inflyasiya və onun yaratdığı iqtisadi qeyri-müəyyənliklərlə nikah və doğum göstəriciləri arasında korrelyativ əlaqə müəyyən edirik. Bunun əsas səbəbinin isə avtoritar idarəetmənin iqtisadi manipulyasiya siyasəti olduğunu iddia edirik. Məhz bu manipulyativ siyasi kurs Azərbaycandakı ailə planlamasının davamlı olaraq gözlənilməz inflyasiyalardan təsirlənməsinə səbəb olur. 

Tədqiqatın növbəti hissəsində biz mövcud demoqrafik tendensiyanın davam edəcəyi təqdirdə qarşıdakı 10-15 il ərzində yaranacaq nəticələri proqnozlaşdırmağa çalışırıq. Statistik məlumatların təhlilinə və akademik tədqiqatların nəticələrinə istinad edərək 10-15 il sonra Azərbaycanda yaşlı-gənc nisbətinin bərabərləşəcəyini və bu bərabərləşmənin ciddi iqtisadi nəticələrə səbəb olacağını qeyd edirik. Problemin səbəblərini və ehtimal olunan nəticələrini müəyyən etdikdən sonra problemin həlli ilə bağlı müzakirə müstəvisi təqdim edirik. Akademik tədqiqatlara istinad edərək, doğum göstəricilərini artırmağa təkan verəcək vasitələri müəyyən etməyə çalışır, bu vasitələrin doğum göstəricilərinə potensial təsirlərini nəzərdən keçiririk. Demoqrafik həll vasitələrini müzakirə edərkən patriarxal diskursu gücləndirməmək məqsədilə gender perspektivi təqdim edir, mövcud həll variantları çərçivəsində qadınların doğum, iş, gəlir və karyera imkanlarını, həmçinin ailədaxili münasibətlər və görünməz əməyin bu məsələdəki rolunu nəzərdən keçiririk.

Tədqiqatın məqsədi: Azərbaycanda 2003-2024-cü illər arası dövrdə nikah və doğum göstəricilərindəki azalmanın səbəblərini, bu tendensiyanın gələcək nəticələrini, problemin həlli üçün təklif olunan yanaşmaları və onların effektivliyini müəyyən etməkdir.

Tədqiqatın sualları: Azərbaycanda 2003-2024-cü illər arası dövrdə nikah və doğum göstəriciləri necə dəyişib? Bu dəyişikliyin səbəbləri nələrdir? Avtoritar siyasi sistem bu dəyişiklikdə necə bir rola malikdir? Mövcud tendensiya qarşıdakı 10-15 il ərzində ölkə üçün hansı risklər yaradacaq? Uşaqpulu sisteminin bərpası demoqrafik problemi həll edə bilərmi? Doğum və məşğulluq arasındakı tarazlığı necə tənzimləmək olar? 

Tədqiqatın mənbələri: Araşdırma zamanı Azərbaycan üzrə statistik məlumatlara və bu mövzuda aparılmış akademik tədqiqatlara istinad edilib.

I. Doğum göstəricilərinin azalmasının səbəbi nədir? 

Hökümət nə deyir: Azərbaycanda doğum göstəricilərinin azalmasına və bu prosesin həlli kimi ictimai müzakirəyə çıxarılan uşaqpulu məsələsinə siyasi hakimiyyətin yanaşması birmənalı deyil. Təəssüf ki, ictimai müzakirələr zamanı siyasi hakimiyyətin rəsmi mövqeyi tam aydın olmur. Bu səbəblə biz vaxtaşırı ictimai müzakirə tərəflərinə çevrilən deputatların, rəsmi vəzifəli şəxslərin, həmçinin hökümətyönümlü jurnalistlərin bu mövzular barədə açıqlamalarını siyasi hakimiyyətin mövqeyinin ifadəsi kimi qəbul edəcəyik.

Rəsmi səviyyədə siyasi hakimiyyət nümayəndələri Azərbaycanda demoqrafik risklərin olmadığını, 2050-ci ilədək demoqrafik göstəricilərin hesablandığını, növbəti 10-15 il ərzində də problemli vəziyyətin proqnozlaşdırılmadığını qeyd edir (Report, 2022). Bu cür açıqlamalar ictimai rəydə vaxtaşırı gündəmə gələn müzakirələrin fonunda “nə üçün uşaqpulu verilmir?” sualının əsaslandırılması üçün istifadə edilir. Lakin ölkədə nikah və doğum göstəriciləri illərdir ki, azalan tendensiya ilə davam edir. Statistik məlumatlara əsasən, 2011-ci ildə 176 min doğum baş verdiyi halda, 2024-cü ildə bu göstərici 102 minə geriləyib. Eyni tarixlər üzrə nikahların sayı da 42.6 mindən 23.4 minə düşərək təxminən 2 dəfə azalıb DSK, 2026). 

Rəsmi səviyyədə azalan doğum və nikah göstəriciləri problem kimi etiraf edilsə də, onun səbəbləri və çıxış yolları barədə irəli sürülən iddialar daha çox manipulyasiya xarakterlidir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Azərbaycanda doğum sayının azalmasının dövlət qurumları ilə bağlı məsələ olmadığını və insanların düşüncəsi ilə bağlı olduğunu qeyd edir (Oxu.az, 2026). Deputat və partiya sədri Günay Ağamalı da insanların həyat tərzidüşüncə modelini mövcud vəziyyətin səbəbi kimi təqdim edir. O, sosial şəbəkələrin təsiri, fərdi həyatın ön plana çıxması və məsuliyyətdən yayınma meyillərinin ailə modelinə təsir etdiyi qənaətindədir. Zahid Oruc isə ailə institutunun post-modern dəyərlər sistemiAvroplaşmanın aqressiv təbliği kimi amillər səbəbi ilə böhranda olduğunu düşünür (Zahid Oruc, 2026). 

Oxşar fikirlər azalma tendensiyasının həlli üçün təklif olunan uşaqpulu məsələsinə yanaşmada da özünü göstərir. Hazırkı maliyyə naziri Sahil Babayev əmək və əhalinin sosial müdafiəsi naziri olduğu dövrdə uşaqpuluna və ya hər hansı stimullaşdırıcı tədbirlərə ümumiyyətlə ehtiyac olmadığını, korrupsiya hallarından qaçmaq üçün uşaqpulunun verilmədiyini bildirirdi (Modern.az, 2021). Bu günlərdə Günay Ağamalı uşaqpulu verilməsinin kişiləri tənbəlləşdirəcəyini iddia edir, digər bir deputat Erkin Qədirli isə uşaqpulu və doğum göstəriciləri arasında əlaqənin olmadığını deyərək, büdcəni uşaqpulu ilə yükləməməyi məsələhət görür (Azadlıq Radiosu, 2026, Pravda.az, 2026). Buna baxmayaraq vaxtaşırı, məhdud formada da olsa, bəzi deputatlar tərəfindən ölkədə demoqrafik risklərin mövcudluğu və onların qarşısının alınması məqsədilə uşaqpulu kimi həll vasitələrinin tətbiqi barədə danışılır (BBC, 2023).

Qeyd edək ki, Azərbaycanda sistemli uşaqpulu 2006-cı ildə ləğv edilsə də, uşaqlarla bağlı bir sıra sosial müavinət formaları mövcuddur. Hazırda uşaq doğularkən 600 manat məbləğində birdəfəlik müavinət, 3 yaşa qədər körpələrə qulluğa görə 44 manat (1.5 yaşadək) və 28 manat (1.5-3 yaşadək) aylıq müavinətlər nəzərdə tutulub. Digər müavinətlər isə ünvanlı sosial yardım sistemi daxilində müxtəlif sosial qruplara aid (valideynini itirmiş, əlilliyi olan, himayədar ailələrə verilmiş) uşaqlar üçün nəzərdə tutulub. Aztəminatlı ailələrə isə 1 yaşadək uşağa görə aylıq 100 azn yardım nəzərdə tutulub (Operativ media, 2025). Lakin bu müavinətlərin ailələr üçün hansı ölçüdə əlçatan olması, uşaq baxım xərclərini hansı ölçüdə qarşılaması şübhəlidir. Digər tərəfdən müavinətlərin bütün uşaqlara yox, ancaq xüsusi qruplara (aztəminatlı ailələr və s.) şamil edilməsi korrupsiya üçün də münbit şərait yaradır.

Bütün bunlarla yanaşı 2026-cı ilin iyununda uşaq baxımı sahəsində önəmli rola malik bağçaların maliyyələşmə mexanizminə dəyişiklik barədə fərman imzalanıb. Yeni fərmana əsasən, artıq bağçalar dövlət, özəl şirkətlər və valideynlərin birgə iştirakı ilə maliyyələşdiriləcək, bir sözlə valideynlər əvvəllər ödənişsiz olan bağça xidmətlərinin maliyyələşdirilməsində artıq öz vəsaitləri ilə iştirak edəcəklər (Azadlıq Radiosu, 2026a). Görünən odur ki, hökumət nəinki doğum və nikah göstəricilərindəki azalan tendensiyanı aradan qaldıracaq tədbirləri icra etmir, hətta mövcud olan “ailə dostu” tədbirləri belə məhdudlaşdırır.

Akademik mənbələr nə deyir: İqtisadi dəyişikliklərin ailə planlaması və doğum göstəricilərinə birbaşa təsir etməsi faktı uzun müddətdir ki, sosioloji və iqtisadi ədəbiyyatlar tərəfindən tədqiq olunur. Klassik nəzəriyyə fərdlərin iqtisadi vəziyyəti ilə onların dünyaya uşaq gətirmə göstəriciləri arasında neqativ əlaqənin mövcud olduğunu deyirdi. Belə qəbul edilirdi ki, iqtisadi vəziyyət yaxşılaşdıqca fərdlərin karyera imkanları da genişlənir, uşaq üçün sərf ediləcək vaxt daha dəyərli hala gəlir. Bu səbəblə fərdlər dünyaya uşaq gətirməyi yox, karyera və gəlir artımı barədə düşünürlər. Lakin son onilliklərdə aparılan tədqiqatlar bu yanaşmanın doğru olmadığı ilə bağlı empirik faktlar ortaya çıxarıb.

Bu mövzuda ilkin mənbələrdən hesab edilən Gery Backer arzuolunan uşaq sayı ilə ailə təsərrüfatının gəliri arasında mütənasibliyin olduğunu qeyd edir. O, bildirir ki, xam məlumatların analizi bizə ailənin gəliri ilə uşaq sayı arasında neqativ bir əlaqə göstərə bilər. Çünki, kasıb ailələrdə daha çox uşaq olduğu halda, varlı ailələrdə uşaq sayının az olduğu görünür. Lakin müəllifin fikrincə, bu yanaşma doğru deyil və aparılan təhlillərdə önəmli bir məqam, “doğuma nəzarət” barədə savadlılıq nəzərə alınmır. Kasıb ailələrdə çox uşaq olması heç də bu uşaqların hamısının “arzuolunan” uşaq olması demək deyil. Bu daha çox doğuma nəzarət mexanizmləri barədə məlumatsızlığın nəticəsidir. Bu şərti istisna etdikdə isə Becker arzuolunan uşaq sayı və ailənin gəliri arasında pozitiv bir əlaqənin olduğunu vurğulayır. Yəni, ailənin gəlir səviyyəsi artdıqca arzuolunan uşaq sayında da artım baş verir (Becker, 1960).

Tədqiqatlar göstərir ki, inkişaf etmiş ölkələrdə doğum göstəricilərinin yüksəlməsi ailələrin iqtisadi vəziyyətinin yaxşılaşması ilə düz mütənasib formada baş verir. Yəni klassik nəzəriyyənin əksinə olaraq ailələrin gəlir göstəricilərinin artması, doğum göstəricilərinin də artmasına təkan verir. (Bar və Hazan, 2018) Fərdlər səviyyəsində qazancın artması nikahla yanaşı, nikahdankənar doğuşların da artmasına səbəb olur (Kearney, 2017).

Əksinə, işsizlik, böhranlar və iqtisadi qeyri-müəyyənliklər isə doğum göstəricilərini önəmli ölçüdə azaldır (Goldstein, Örsal, 2010, Comolli 2017). Tomas Sobotka və digər müəlliflər ölkələrin iqtisadi durğunluq dövrlərinin doğum göstəricilərinə təsirlərini araşdıraraq belə qənaətə gəliblər ki, doğum göstəriciləri prosiklik xarakter daşıyır, iş mühitindəki yüksəlişlər və enişlər ilə birlikdə yüksəlir və azalır. Əksər ölkələrdə iqtisadi durğunluq doğum göstəricilərinin azalmasına və əvvəlki onillikdə artan doğum göstəricilərinin kəskin şəkildə dayanmasına səbəb olur (Sobotka, Skirbekk, 2011).

Ferret və Gobi tərəfindən 2018-ci ildə yayımlanan tədqiqatda da yüksək iqtisadi qeyri-müəyyənlik dövrlərində uşaq sahibi olmağın ailələr üçün daha riskli hesab edildiyi vurğulanır. Riskdən çəkinən ailələr daha sabit sabah ümidi ilə iqtisadi dalğalanma dövrlərində valideyn olmaq istəklərini təxirə salırlar. Müəlliflərin fikrincə, kifayət qədər uzun müddət davam edən yüksək iqtisadi qeyri-müəyyənlik dövrü nəinki uşaq doğumunu gecikdirə bilər, hətta bir qadının ömrü boyu sahib olduğu uşaqların ümumi sayını da azalda bilər. (Chabe-Ferret və Gobbi, 2018). 

Akademik tədqiqatlarda bu yanaşma daha da genişləndirilərək iqtisadi qeyri-müəyyənliyin müxtəlif formalarının doğum göstəricilərinə təsirləri də araşdırılıb. İşsizlik nisbətlərinin artması əmək bazarı şərtlərin pisləşməsi (Schaler, 2016), mərkəzi banklar tərəfindən faiz dərəclərinin artırılması ipoteka faizlərinin yüksəlməsi (Dietling və Cumming, 2024) kimi amillərin doğum göstəricilərinə mənfi təsir etdiyini müəyyən edilib. Əks tendensiyaların isə doğum göstəricilərinə açıq şəkildə müsbət təsiri müşahidə edilib.

2026-cı ilin yanvarında Missisipi Universiteti tərəfindən dərc edilən araşdırma isə statistik məlumatlar əsasında ABŞ-da gözlənilməz inflyasiya və doğum göstəriciləri arasındakı korrelyasiyanı izah edir. Clara A. Piano və Ahmed Adestenin müəllifliyi ilə hazırlanan tədqiqatda gəlinən nəticə inflyasiya göstəricilərinin ailələrin gələcək planlarına, xüsusilə doğum göstəricilərinə təsir etdiyini ortaya qoyur. Müəlliflərin gəldiyi nəticəyə əsasən gözlənilməz inflyasiyanın artması ümumi doğum nisbətinin əhəmiyyətli dərəcədə azalmasına təsir edir. Həmçinin bu mənfi təsir əsasən gənc qadınlar üzərində hissi olunur və onların gözlənilməz inflyasiyaya cavab olaraq uşaq doğmaq qərarlarını təxirə salmalarına səbəb olur. Gözlənilməz inflyasiya səbəbindən davamlı iqtisadi qeyri-müəyyənlik əhalinin qocalmasını sürətləndirə və uzunmüddətli perspektivdə iqtisadi artıma belə mənfi təsir göstərə bilər (Adeste və Piano, 2026)

Müəlliflərin fikrincə, inflyasiya səviyyəsi aşağı, sabit və gözləntilərə yaxın olduqda, ev təsərrüfatları mövcud doğum planlarını qoruyub saxlayır, hər hansı dəyişikliyə meyilli olmurlar. Lakin əksinə, inflyasiya səviyyəsi gözləntiləri aşdıqda, ev təsərrüfatları gələcək əməkhaqqı, qiymətlər və borclanma kimi amilləri düşünərək daha çox qeyri-müəyyənliklə və qayğı ilə reaksiya verirlər. Yüksək inflyasiya ailələrin real alıcılıq qabiliyyətini azaldır və uşaq böyütmə xərclərini artırır. Xərclərin artması ev təsərrüfatlarını öz ehtiyat yığımlarına yönəlməyə, əlavə xərcləri azaltmağa və doğum qərarlarını təxirə salmağa sövq edir (Adeste və Piano, 2026).

Beləliklə, o qənətə gəlmək olar ki, akademik tədqiqatlar doğum göstəricilərinin ailələrinin gəlir səviyyəsi və iqtisadi vəziyyəti ilə mütənasibliyi ortaya çıxarır. Bu mütənasibliyə əsasən ailələr iqtisadi yüksəliş dövrlərində dünyaya uşaq gətirməkdə maraqlı olduqları halda, iqtisadi qeyri-müəyyənlik dövrlərində doğumu böyük ölçüdə təxirə salırlar.  

II. Azərbaycan təcrübəsi nə göstərir?

Metodologiya: Biz bu məqalədə akademik mənbələrdə qeyd olunan hakim yanaşmanı davam etdirərək, Azərbaycanda doğum göstəricilərinin azalmasının iqtisadi qeyri-müəyyənliklər səbəbi ilə baş verib-vermədiyini aydınlaşdırmağa çalışırıq. Çünki bu yanaşma bizə Azərbaycanda doğum göstəricilərinin azalmasının real səbəbləri barədə dolğun mənzərə təqdim edə bilər. Adeste və Pianonun yanaşmasına istinad edərək statistik məlumatlar əsasında gözlənilməz inflyasiya göstəriciləri ilə Azərbaycandakı doğum göstəriciləri arasındakı korrelyasiyanı müəyyən etməyə çalışırıq. Azərbaycandakı inflyasiya göstəricilərinin yüksəlməsi qlobal iqtisadi tendensiyalarla birbaşa əlaqəli olduğu üçün bu yanaşma bizə həm də iqtisadi qeyri-müəyyənliyin doğum göstəricilərinə təsirini müəyyən etməyə imkan verə bilər.

Biz araşdırmamıza Azərbaycanla bağlı təkcə doğum göstəricilərini yox, eyni zamanda nikah göstəricilərini də daxil etməyi uyğun gördük. Çünki Azərbaycan cəmiyyətində evlənmiş cütlüklərin mütləq şəkildə uşaq sahibi olmağa təşviq edən oturuşmuş dəyər mexanizmləri mövcuddur. Bu baxımdan ictimai qınaq, ailə basqısı, nəvə istəyi və övlada yaşlılıq üçün investisiya kimi yanaşılması evli cütlükləri uşaq sahibi olmağa təşviq edən əsas məqamlar hesab edə bilərik. Düşünürük ki, iqtisadi qeyri-müəyyənliklərin nikah göstəricilərinə necə təsir etdiyini öyrənmək uşaq doğumları ilə bağlı vəziyyəti də mənalandırmağa kömək edə bilər. 

Azərbaycan reallığında nikah aktı cütlüklərin özlərinə məxsus özəl günlərindən daha çox iki nəsil arasındakı münasibətlər müstəvisində nəzərdən keçirilir. Bu səbəblə nikah aktı həm də ailələr üçün önəmli iqtisadi mahiyyətə malik olub, nikah üçün çəkilmiş xərcin dost və qohumların dəstəyi ilə kompensasiya edilməsi mənasına da gəlir. Digər tərəfdən nikah üçün çəkilən xərclər istehlak məhsullarının qiyməti və ümumi iqtisadi tendensiyalarla birbaşa bağlıdır. Hesab edirik ki, yüksək qiymət artımları, iqtisadi durğunluq və geriləmələr əhalinin gəlir göstəricilərinə birbaşa təsir edir, iqtisadi qeyri-müəyyən dövrlərdə əhalinin nikahı təxirə salmasına səbəb olur. Çünki 

iqtisadi qeyri-müəyyənlik mərasim xərclərini artıracağı kimi, toya dəvət olunan qonaqların də oxşar iqtisadi təsirlərə məruz qalması onların mərasimdə və xərclərin kompensasiyasında iştirak ehtimalını azaldacaq. Bu baxımdan biz nikahı daha çox iqtisadi fenomen kimi nəzərdən keçirərək, nikah vərdişlərinin iqtisadi dalğalanmaların və inflyasiyanın təsirinə doğum göstəriciləri ilə oxşar formada məruz qalıb qalmadığını araşdırırıq. 

Azərbaycan təcrübəsinin statistik təhlili. Aşağıdakı infoqrafikada Azərbaycanda 2003-2024-cü illər arası dövrdə baş vermiş nikah və uşaq doğum statistikasına yer verilib. 

Qrafik 1. DSK məlumatları əsasında hazırlanıb

Qrafikdən də göründüyü kimi, araşdırma dövründə nikah və doğum sayı arasında olduqca mütənasib formada asılılıq mövcuddur

Apardığımız statistik məlumatların təhlilinə əsasən araşdırma dövrü ərzində Azərbaycanda nikah və doğum göstəricilərindəki durğunluq və azalmanın ilk olaraq 2007-2008-ci illərdə baş verdiyi görünür. Həmin dövr qlobal miqyasda baş verən böhrandan Azərbaycanın da ciddi formada təsirlənməsinə və inflyasiya (orta illik inflyasiya) göstəricilərinin artmasına səbəb olduğu dövrdür. Bu dövrdə Azərbaycanda inflyasiya göstəriciləri yüksələrək 16.7% (2007) və 20.8% (2008) səviyyəsinə çatıb. Qiymət artımları ilk növbədə iqtisadi dalğalanmalara reaksiya verən nikah sayında azalmaya səbəb olub. Azərbaycanda 2007-ci ildə 81.8 min nikah baş verdiyi halda, 2008-ci ildə bu göstərici 80 minə, 2009-cu ildə isə 78.1 minə geriləyib. Nikahlar azaldığı üçün növbəti illərdə oxşar qaydada diri doğulan uşaqların sayında da 2003-cü ildən etibarən davam edən artım tempi ciddi zəifləyib. 2008-ci ildə əvvəlki ilin göstəricilərindən cəmi 123, 2009-ci ildə isə cəmi 53 uşaq çox doğulub. Halbuki 2007-ci ildə əvvəlki illə müqayisədə doğulan uşaqların sayı 3 min nəfər artıq olub.

2009-cu ildə isə Azərbaycandakı inflyasiya səviyyəsi tədricən azalaraq 1.5% səviyyəsinə enib. Bu azalma nikah və doğum göstəricilərinə də müsbət təsir edib. 2010-cu ildə nikah sayı 79.1 minə, diri doğulan uşaqların sayı isə 165.5 minə yüksəlib. 2011-ci ildə isə diri doğulan uşaqların sayı 176 minə yüksələrək zirvəyə çatıb. Eyni ildə nikah sayı da 10 minə yaxın artım göstərərək 88 minə yüksəlib.

Qrafik 2. DSK məlumatları əsasında hazırlanıb

Qrafikdəki yaşıl hissələr orta illik inflyasiyanın 1-3% aralığında olduğu, qırmızı hissələr isə yüksək və ya ikirəqəmli olduğu dövrləri göstərir. 

2011-ci ildə inflyasiya göstəriciləri yenidən 7.9% səviyyəsinə yüksəlib. Bu artım nikah sayının 2012-ci il üçün yenidən 79 minə, diri doğulan uşaq sayının isə 174 minə düşməsi ilə nəticələnib. 

2012, 2013 və 2014-cü illərdə inflyasiya səviyyəsi uyğun olaraq 1.1%, 2.4% və 1.4% nisbətlərində olub. Bu durğunluq 2013 və 2014-cü illərdə nikah göstəricilərinin müvafiq olaraq 86 və 84 minə yüksəlməsinə səbəb olub. Diri uşaq doğumlarında isə yüksək göstəricilər kiçik azalmalarla davam edib. 2013-cü ildə 172.6 min, 2014-cü ildə isə 170.5 min uşaq dünyaya gəlib. 

İnflyasiya göstəricilərinin yüksəlməsinin növbəti dalğası 2015, 2016 və 2017-ci illəri əhatə edir. Bu dövr həm də qlobal bazarda enerji qiymətlərinin düşməsi və manatın devalvasiyasının yaşandığı dövrdür. İnflyasiya göstəriciləri illər üzrə müvafiq olaraq 4% (2015), 12.4% (2016) və 12.9% (2017) yüksəlib. Bu iqtisadi qeyri-müyyənlik vəziyyəti nikah və doğum göstəricilərinə də çox ciddi təsir edib. 2015-ci ildə nikah sayı əvvəlki ildə müşahidə olunan 84 mindən 68.7 minə geriləyib. Göstərici 2016-cı ildə 66.7 min, 2017-ci ildə isə 62.9 minə düşüb. Diri doğum sayı isə 2014-cü ildə müşahidə olunan 170 min-dən 2015-ci ildə 166.2 minə geriləyib. 2016-cı ildə 159.4 min, 2017-ci ildə isə 144 minə enib. (DSK, 2026)

2018 və 2019-cu illərdə isə inflyasiya göstəriciləri qismən sabitləşib və uyğun olaraq 2.3% və 2.6% olub. Bu dəyişiklik nikah göstəricilərindəki azalmanı dayandırıb, 2018-ci ildəki 62.4 mindən 2019-cu ildə isə 63.8 minə yüksəlməsinə səbəb olub. Diri doğum sayında da 2018-ci ildə 138.9 min olduğu halda, 2019-cu ildə isə 141.1 minlə artım müşahidə olunub. 

2020-ci ildən etibarən isə növbəti qlobal böhran olan Covid-19 pandemiyası və pandemiyanın səbəb olduğu iqtisadi problemlər nikah və təbii olaraq doğum göstəricilərinin böyük ölçüdə azalmasına səbəb olub (baxmayaraq ki, bu ildə inflyasiya göstəricisi 2.8% olub). 2020-ci ildə cəmi 35 min nikah və 122.2 min diri uşaq doğumu baş verib. Burada toy şənliklərinin qadağan olunması başlıca faktor kimi qiymətləndirə bilərik. 

Lakin pandemiyadan sonra və toy şənliklərinə icazə verildikdə növbəti artım dalğası müşahidə olunur. 2021-ci ildə inflyasiya göstəricisinin 6.7% olmasına baxmayaraq, bu ildə nikah sayları 56.3 minə, növbəti 2022-ci ildə isə 61.9 minə yüksəlib. Diri doğulan uşaqların sayı isə 2022-ci il üçün 122.6 minə yüksəlib. 

2022-ci ildə pandemiya sona çatsa da, Rusiya-Ukrayna müharibəsi və onun gətirdiyi iqtisadi problemlər inflyasiya səviyyəsini yenidən yüksəldib. 2022-ci ildə 13.9%-li, 2023-cü ildə isə 8.8%-li inflyasiya nikah və doğum göstəricilərinin kəskin azalması ilə müşahidə olunub. 2023-cü ildə nikah sayı 54.2 minə, 2024-cü ildə 49.5 minə geriləyib. Doğum göstəriciləri isə 112 və 102 minə düşüb. (DSK, 2026)

Qeyd edək ki, biz illik inflyasiya göstəricilərini Dövlət Statistika Komitəsinin rəsmi rəqəmlərinə əsasən götürmüşük. Real inflyasiya göstəricilərinin rəsmi rəqəmlərdə verilənlərdən daha yüksək ola biləcəyini nəzərə almaq bu təsiri başa düşməyə kömək edə bilər. Lakin rəsmi rəqəmlər istinad edilməsi belə akademik tədqiqatların təsdiq etdiyi tendensiyaların və qarşılıqlı asılılıq prinsiplərinin Azərbaycan təcrübəsində də müşahidə olunduğunu deməyə əsas verir. Azərbaycandakı nikah və doğum göstəriciləri iqtisadi qeyri-müəyyənlik, böhran və yüksək inflyasiya dövrlərinə reaksiya verir. Qeyri-müəyyənlik və inflyasiya yüksəldikcə azalır, vəziyyət sabitləşdikdə isə artan dinamika göstərir. 

Digər tərəfdən araşdırma dövrü ərzində Azərbaycan iqtisadiyyatının ümumi artım tempinin də tədricən zəiflədiyini, ÜDM artım faizlərinin 34.5 faizdən (2006) tədricən gerilədiyi, 1-2%  səviyyəsinə, hətta bəzi hallarda mənfiyə düşdüyünü (2016: -3.1%, 2020: -4.2%) və bu azalmaların insanların gündəlik həyatlarına və gələcək planlarına təsirlərini də nəzərə almaq lazımdır (Mehtiyev, 2023). Düşünürük ki, ümumi iqtisadi göstəricilərin bu cür azalan tendensiyası da doğum və nikah göstəricilərindəki ümumi azalan tendensiyasını izah etməkdə istifadə oluna bilər.

2. Akademik tədqiqatlar iqtisadi qeyri-müəyyənliyin xüsusilə gənc qadınlar üzərində ciddi təsirlərə səbəb olduğunu və onların bu qeyri-müəyyənliyə cavab olaraq doğum qərarlarını təxirə saldıqlarını qeyd edir. Azərbaycan təcrübəsi və statistik məlumatlar bu yanaşmanın da özünü doğrultduğunu, iqtisadi qeyri-müəyyənlik artdıqca gənc qadınların ana olmaq yaşının yüksəldiyini göstərir. Biz Azərbaycanda ananın yaşına görə diri doğulan uşaqların say göstəriciləri üzrə statistik məlumatları təhlil edərkən 20 yaşa qədər, 20-24 və 25-29 yaşlı analar tərəfindən dünyaya gətirilən uşaqların sayının yuxarıda qeyd etdiyimiz formada iqtisadi qeyri-müəyyənliklərə və yüksək inflyasiya göstəricilərinə reaksiya verdiyini müşahidə edirik. 30-35 yaşlı analar tərəfindən doğulan uşaqların sayı isə 2012-ci ildən etibarən yüksələn xəttlə davam edir. İqtisadi qeyri-müəyyənlik artıqca, bu yaş qrupu üzrə doğum göstəriciləri azalmır, əksinə artır. Buna əsasən qeyd edə bilərik ki, Azərbaycanda 2012-ci ildən etibarən iqtisadi qeyri-müəyyənliklərə reaksiya olaraq gənc qadınlar tərəfindən doğumun təxirə salınması və daha gec yaşda ana olmaq yanaşması özünü doğruldur.

Aşağıdakı infoqrafikada 20 yaşa qədər, 20-24, 25-29 və 30-35 yaşlı analar tərəfindən dünyaya gətirilmiş uşaqların statistikası verilib (DSK, 2026).

Qrafik 3. DSK məlumatları əsasında hazırlanıb

“Bəlkə bir az yavaşlayaq” və ya avtoritar sistemin iqtisadi manipulyasiyası. Azərbaycandakı avtoritar siyasi sistem və onun iqtisadiyyata yanaşması mövcud demoqrafik tendensiyanın davam etdirilməsində xüsusi rola malikdir. Azərbaycan hakimiyyəti ölkənin iqtisadi göstəricilərini ictimai rəyin formalaşdırılmasında və cəmiyyətin manipulyasiyasında əsas vasitə kimi görür. Bu səbəblə demək olar ki, heç vaxt siyasi hakimiyyət tərəfindən iqisadi geriləmə və durğunluqla bağlı ictimai açıqlamalar verilmir. Əksinə, “davamlı və analoqu olmayan inkişaf” narrativi 23 ildir ki, müxtəlif formalarda təkrarlanır. Tez-tez rəsmi şəxslər tərəfindən ÜDM-in artım göstəriciləri, ölkənin xarici borcu və maliyyə aktivləri barədə yüksələn statistik məlumatlara istinad edilərək uğur obrazı yaradılır (Oxu.az, 2026). İqtisadi sferadakı real vəziyyət, proqnozlaşdırılan böhran və inflyasiya riskləri barədə isə demək olar ki, danışılmır, ictimai məlumatlılıq təmin edilmir. Hətta cəmiyyəti real və böhranlı iqtisadi vəziyyətlə bağlı məlumatlandırmaq istəyən, dolayı yolda “analoqu olmayan inkişaf” narrativini dağıdan təşəbbüslər və fərdi şəxslər təzyiq və repressiyalara məruz qalırlar. 

Avtoritar sistemin iqtisadi manipulyasiya siyasəti ölkə əhalisini potensial iqtisadi problemlərin, böhran və inflyasiya artımlarına hazırlıq səviyyəsini böyük ölçüdə zəiflədir. Nəticədə Azərbaycan əhalisi baş verən hər inflyasiya dalğasını “gözlənilməz”, “planda olmayan” hadisə kimi yaşamalı olur və bu hadisələrin nəticələrini öz həyatında daha çox hiss edir. Bu səbəblə Azərbaycandakı doğum göstəricilərinin gözlənilməz inflyasiyalara bu dərəcədə korrelyativ reaksiya verməsinin səbəbinin bu olduğunu düşünürük. 

Son illərdə aparılan araşdırmalar inflyasiya hədəfləmə siyasətinin demoqrafik problemlərin həlli üçün strateji vasitə ola biləcəyinə dair empirik dəlillər ortaya qoyur. İnflyasiya hədəfləməsi ictimai gözləntiləri formalaşdırmaqla qiymət sabitliyini təmin etməyi hədəfləyir və daha yüksək doğum göstəriciləri üçün əlverişli, sabit iqtisadi mühit yaradır. Empirik təhlillər inflyasiya hədəflənməsini tətbiq edən dövlətlərdə etməyən dövlətlərlə müqayisədə doğum göstəricilərində daha az azalmanın olduğunu göstərir. Yəni, əhali potensial inflyasiya riskləri ilə bağlı məlumatlı olduqda, proqnozlaşdırılan iqtisadi qeyri-müəyyənliklərə qarşı daha hazırlıqlı olur. Bu hazırlıq səviyyəsi ailələrin doğum planlamasına daha az təsir edir (Wu, 2014).

Bununla yanaşı sahə təcrübələri də göstərir ki, ümumi vəziyyətlə bağlı ictimaiyyətə daha aydın məlumatların verilməsi doğum göstəricilərinə təsir edə bilər. Rasional fərdlər gələcəkdə doğum xərclərindəki dəyişikliklər barədə məlumatlara əsasən hərəkət edə və uşaq sahibi olmaqla bağlı qərarlarını daha uğurlu formada planlaşdıra bilərlər. (Bergsvik, Fauske və Hart, 2021)

III. Doğum göstəricilərinin azalması nə üçün problemlidir? 

Akademik perspektiv: Doğum göstəricilərinin azalması cəmiyyətdə ilk növbədə əhalinin təkrar istehsalı funksiyasını zəiflədir, gələcək perspektivdə gənc işçi qüvvəsinin azalmasına və yaşlı əhalinin say tərkibinin isə artmasına səbəb olur. Akademik ədəbiyyatlar yaşlı əhalinin sayındakı artımın və cəmiyyətin qocalmasının ölkələrin iqtisadiyyatına necə təsir etməsi barədə araşdırmalar mövcuddur. Tədqiqatçıların gəldiyi ümumi qənaət odur ki, bir ölkənin əhalisinin qocalması əmək təklifini azaldacaq və bu da iqtisadi artımın yavaşlaması ilə nəticələnəcək. (Anderson, 2014) 

Yapon tədqiqatçılar Konişi və Ueda tərəfindən aparılan tədqiqat isə göstərir ki, cəmiyyətlərin qocalmasının hansı formada baş verməsi iqtisadi təsirləri müəyyən etmək baxımından önəmlidir. Əgər cəmiyyətlərdə qocalma doğum nisbətinin azalmasından qaynaqlanırsa, bu vergi bazasının kiçilməsinə, maliyyə xərclərinin artırılmasına və nəticədə inflyasiyaya səbəb olur. Yox, əgər qocalma uzunömürlülüyün artması səbəbindən baş verirsə, bu da öz növbəsində deflyasiyaya səbəb olur (Konishi və Ueda, 2014).

Müəlliflərin fikrincə, uzunömürlülüyün artmasından qaynaqlanan əhali qocalması yaşlı nəslin siyasi təsirini artırır və yaşlı seçicilər arasında seçkilərdə iştirak nisbətinin artmasına səbəb olur. Yaşlı seçiciləri razı salmaq istəyən hökümətlər gəlir vergisi dərəcələrini (bu gənclərə zərər verir) artıraraq qiymətlərin artmasının qarşısını alır. Çünki qiymət artımları yaşlı nəslə zərər verə bilər. Doğum nisbətinin azalmasından qaynaqlanan əhalinin qocalması isə inflyasiyaya səbəb olur. Çünki bu zaman işçi qüvvəsi və əsas vergi verəcək gənc əhalinin sayı azaldığı üçün vergi bazası kiçilir və yaşlı əhalinin sayı artdığı üçün də dövlətlər maliyyə xərclərinin artırılmalı olurlar. (Konishi və Ueda, 2014)

Azərbaycan təcrübəsi: Statistik məlumatların təhlili göstərir ki, Azərbaycanın son 23 ildəki demoqrafik göstəricilər bu tendensiya ilə davam edəcəyi təqdirdə gənc işçi qüvvəsinin azalması, yaşlı əhalinin sayının artması və cəmiyyətin qocalması kimi nəticələrə səbəb ola bilər. Azərbaycan təcrübəsində 2003-2024-cü illər arası dövrdə əhalinin gözlənilən ömür uzunluğu yüksəldiyi məlumdur. 2003-cü ildə 72.3 il olan gözlənilən ömür uzunluğu 2024-cü il üçün 76.9 yaşa yüksəlib. Bu yaşlı əhalinin sayının artmasında önəmli rol oynamış ola bilər. Lakin doğum göstəricilərində 2012-ci ildən etibarən müşahidə olunan davamlı azalma yaxın gələcəkdə əhali qocalmasının böyük ölçüdə doğum sayının azalması nəticəsində baş verəcəyini deməyə əsas verir. 

Bu müqayisəni aparmaq üçün biz 20-35 yaşlı və 65 yaşdan yuxarı əhali qruplarının sayını müqayisə edə bilərik. 20-35 yaşlı əhali qrupunu biz gənc və dinamik işçi qüvvəsi kimi, 65 yaşdan yuxarı əhali qruplarını isə əmək bazarından çıxan və sosial təminata ehtiyac duyan qruplar kimi qəbul edirik. 2016-cı ildə Azərbaycanda 20-35 yaş arası şəxslərin sayı təxminən 2,656 milyon nəfər təşkil edib. Onlara müqayisədə 65 yaşdan yuxarı yaşlı əhalinin sayı isə cəmi 597 min nəfər olub. Sadələşdirsək, 2016-cı ildə hər 4 gəncə 1 qoca düşüb.

10 il sonra, 2026-cı ildə 20-35 yaşlı şəxslərin sayı 2.1 milyon nəfərə qədər azaldığı halda, 65 yaşdan yuxarı əhalinin sayı 1.1 milyon nəfərə yüksəlib. Göründüyü kimi, artıq 4 yox, cəmi 2 gəncə 1 qoca düşür. Son 10 illik müddətdə 20-35 yaşlı əhali qruplarının sayı təxminən 500 min nəfər azaldığı halda, 65 yaşdan yuxarı əhalinin sayı təxminən 500 min nəfər artıb. Üstəlik bu azalma ölkəni tərk etmə kimi səbəblərlə yox, birbaşa əvvəlki illərin doğum göstəriciləri əsasında baş verib. (DSK, 2026a)

Cədvəl 1. DSK məlumatları əsasında hazırlanıb

Statistik məlumatlar qarşıdakı 10 və 15 il ərzində 65 yaşdan yuxarı əhali qrupuna daxil olacaq şəxslərin də sayını müəyyən etməyə imkan verir. 2026-cı ildə 55-59 və 60-64 yaşlı əhali qrupları növbəti 10 il ərzində 65 yaşdan yuxarı əhali kateqoriyasına daxil olacaqlar. Yüksək ölüm göstəriciləri olmayacağı təqdirdə, hazırkı statistik məlumatlara əsasən bu əhali qrupunun ümumi sayı 1.174,1 min nəfər təşkil edir. Yəni, növbəti 10 il ərzində Azərbaycanda 1.1 milyon nəfər (max) əlavə vətəndaş əmək bazarından çıxacaq və dövlətin birbaşa sosial müavinət, pensiya sistemindən faydalanacaq vəziyyətə gələcək. Gələcək 10 il ərzində hazırda 5-9 və 10-14 yaşlarında olan əhali qrupları (toplamda 1.470 min nəfər) əmək bazarına daxil olacaq. 

Bu gündən 15 il sonra isə əmək bazarından çıxan 65 yaşdan yuxarı əhali qruplarının sayı ilə əmək bazarına daxil olacaq gənclərin sayı təxminən bərabərləşəcək (1.2 milyon nəfər). Bu tarixdən etibarən mövcud demoqrafik vəziyyətdə mütənasiblik yaşlı əhalinin xeyrinə dəyişəcək. Resurs ehtiyatlarının və gəlirlərinin azalan tendensiya ilə davam etməsi, enerji transformasiyası kimi məsələlərin yaxın 10-15 il ərzində yaradacağı iqtisadi mənzərə aydındır. Bu şəraitdə qeyd etdiyimiz demoqrafik riski almağa Azərbaycanın nə qədər hazır olub olmadığı isə şübhəlidir. 

Qeyd edək ki, bu tendensiya Azərbaycan hakimiyyəti tərəfindən də bilinir və etiraf edilir. Rəsmi şəxslər səviyyəsində 2035-2045-ci illər arasında əhalinin qocalacağı, yalnız 2045-ci ildən sonra yeni çağırışların zəruri olacağını qeyd edilib. (Report, 2021) Lakin məlumdur ki, demoqrafik risklər və tendensiyalar qısa zaman ərzində həlli mümkün olmayan, illər boyu davamlı və sistemli demoqrafik vasitələrin tətbiqini şərtləndirən məsələlərdir. Bu səbəblə qarşıdakı 10-15 il  ərzində baş verəcəyi proqnozlaşdırılan demoqrafik riskləri və bu risklərin mənfi nəticələrini aradan qaldırmaq üçün elə bu gündən zəruri tədbirlərin görülməsinə ehtiyac var. 

Göründüyü kimi, Azərbaycanda mövcud demoqrafik tendensiyanın davam edəcəyi təqdirdə uzağı 15 il sonra ciddi problemlərlə qarşılaşma ehtimalı olduqca yüksəkdir. Ən sadə formada artan yaşlı əhali və onların sosial təminatı büdcə üçün böyük və idarəolunmaz yüklərə, bunun qarşısını almaq üçün gənc əhali qrupları üzərindəki vergi yükünün qatbaqat artmasına səbəb ola bilər. Azalan gənc işçi qüvvəsini kompensasiya etmək məqsədilə hökümət ənənəvi olaraq istifadə etdiyi pensiya yaşını yüksəltmək strategiyasını da seçə bilər. Bu da hazırda əmək bazarında olan əhali qruplarının daha çox işləyəcəyi mənasına gəlir. Lakin mövcud demoqrafik tendensiya tədricən yumşalarsa və doğum göstəricilərində artım təmin olunarsa, 15 il sonra gözlənilən potensial risklərdən sığortalanmaq mümkündür. Çünki doğum göstəricilərini tənzimləmək üçün indi atılacaq addımlar ən yaxşı halda əmək bazarına 15 il sonra öz təsirini göstərməyə başlayacaq. 

IV. Dəstək proqramları doğuma təsir edirmi?

Akademik perspektiv: Akademik tədqiqatlar dövlət tərəfindən doğumu təşviq etmək məqsədilə tətbiq olunan uşaq baxım subsidiyaları, yardım və müavinətlərin (uşaqpulu) doğum göstəricilərini artırmaqda faydalı olduğunu göstərir. Çünki iqtisadi qeyri-müəyyənliklər, uşaq baxım xərclərinin artması və gələcək qayğısı hər hansı dəstək mexanizmi olmadığı halda ailələrin uşaq sahibi olmaq qərarlarına mənfi təsir edir. Dəstək mexanizmlərinin mövcudluğu və uğurlu şəkildə tətbiqi isə ailələrə iqtisadi qeyri-müəyyənliklərin öhdəsindən gəlməyə, gələcək qayğısını azaltmağa kömək edir, ailələrin uşaq sahibi olmaq qərarlarına müsbət təsir edir.

İqtisadi vəziyyətin pisləşməsi və artan inflyasiya adətən uşaq baxımı xərclərini yüksəldir və ailə planlamasına birbaşa təsir göstərir. Bir uşağın yetişdirilməsi üçün çəkilən xərcin yüksəlməsi işləməyən qadınlar arasında daha aşağı doğum nisbətinə səbəb olur. Artan baxım xərcləri həmçinin qadınların işdən çıxma nisbətinin artmasına və işə qəbul nisbətlərinin də azalmasına səbəb olur. Bu baxımdan tədqiqatçılar hələ 70-ci illərdən etibarən uşaq baxımı subsidiyalarının ailələrin potensial davranışlarına əhəmiyyətli təsir edə biləcəyi qənətindədirlər. (Blau və Robins, 1978) Bu mövzuda daha müasir tədqiqatlar da empirik məlumatlar əsasında uşaq baxım xərcləri ilə ailələrin məhsuldarlıq qərarları arasında asılılığın olduğunu, bu asılılıq səbəbilə ailələrə ayrılan subsudiyalarının doğum göstəricilərini artırmaqda uğurlu olduğunu ortaya qoyur. (Milligam, 2002) 

Tədqiqatçılar Bergsvik, Fauske və Hart əvvəlki illərdə müxtəlif ölkələrdə aparılmış 35 tədqiqatın nəticələrini analiz edərək göstərirlər ki, dövlətlər tərəfindən həyata keçirilən “ailə dostu” təşviqlər doğum göstəricilərinin artmasına açıq şəkildə töhfə verir. Xüsusilə dövlətlər tərəfindən tətbiq olunan uşaq baxımı ilə bağlı subsidiyaların və valideynlik məzuniyyətinin ailələrin məhsuldarlıq göstəricilərinə davamlı və əhəmiyyətli təsirini gördüklərini qeyd edirlər (Bergsvik, Fauske və Hart, 2021). Dəstək mexanizmləri doğum göstəricilərindəki artımla yanaşı, həmçinin cəmiyyətdə nikahın və subaylığın nisbi dəyərlərini dəyişməklə nikah qərarlarına da təsir göstərə bilir (Goldstein, 2017). 

Miçiqan Universitetidən tədqiqatçı Olga Malkova isə Rusiya təcrübəsini əsas alaraq 1981-ci ildən mərhələli şəkildə tətbiq olunan analıq məzuniyyətinağd müavinət siyasətinin nəticələrini tədqiq edir. Onun gəldiyi nəticəyə əsasən ailələrin məhsuldarlıq səviyyəsi bu demoqrafik təşviqlərin tətbiqinə başlandıqdan dərhal sonra artmağa başlayır və on iki ay ərzində təxminən 5% artır. Məhsuldarlıq nisbətləri ilk altı il ərzində təxminən 5% səviyyəsində qalır. Sonrakı dörd ildə isə təsirlər nisbətən azalsa da, yenə də müsbət tendensiya davam edir. Çünki müavinətlərin real dəyəri inflyasiya tərəfindən tədricən aşınmağa başlayır və potensial müsbət təsir bu aşınmadan asılı olaraq zəifləyir. Tədqiqat həmçinin bu cür təşviqlərin kənd yerlərində yaşayan əhali arasında uşaq doğuş nisbətini digər sosial qruplara nəzərən daha çox artdığını göstərir (Malkova, 2014).

Digər tərəfdən ailələrə verilən uşaq müavinətlərinin (uşaqpulu) və digər nağd pul ödənişlərinin doğum göstəricilərini birmənalı olaraq artırdığı da məlumdur. Lakin tədqiqatçılar bu cür nağd ödənişlərin təkbaşına tətbiq edildiyi təqdirdə doğum sayındakı artım tendensiyasının qısa və orta müddətli olacağını da vurğulayırlar (Bergsvik, Fauske və Hart, 2021, Gromadski, 2024). Çünki nağd müavinətlər ailələrin uşaqların böyüdülməsi üçün gərəkli maliyyə xərclərini azaltsa da, müavinətlərin dəyəri inflyasiya və iqtisadi şərtlərdən asılı olaraq zaman içərisində aşınır və nəticədə gözlənilən təsir əsasən qısa müddətli olur və davamlı artan xətt üzrə inkişaf etmir. Akademik tədqiqatlar bu cür təşviq mexanizmlərinin təkbaşına yox, mütləq formada digər ictimai və struktur təminatlarla dəstəkləndiyi təqdirdə uzunmüddətli və davamlı müsbət təsirlərinin olacağında həmfikirdir. (Gromadski, 2024)

Gender perspektivi:

a) Əmək bazarı. Cəmiyyətlərdə doğum göstəricilərini artırmağı hədəfləyən strategiyalar ilk növbədə qadınların əmək bazarında iştirakı məsələsinin gündəmə gəlməsinə səbəb olur. Belə düşünülür ki, bir cəmiyyətdə doğum göstəricilərinin artması qadınların əmək bazarındakı rollarının azalda, onların karyera və təhsil imkanlarının məhdudlaşdıra bilər. Akademik tədqiqatlar bu baxımdan doğum göstəricilərini artırmaq məqsədilə tətbiq edilən təşviqlərin qadın məşğulluğuna arzuolunmaz yan təsirləri ola biləcəyini xatırladır. Uşaq müavinətlərinin qadın əmək təminatına mənfi təsirləri yarana bilər ki, bu təsirlər, adətən, təhsilsiz qadınlar arasında daha çox müşahidə olunur. Həmçinin uşaq müavinətinin tətbiqindən sonra uşaqlı qadınların əmək bazarında iştirak nisbətinin uşaqsız qadınlarla müqayisədə azaldığı da görünür (Schirle, 2015, Haan və Wrohlich, 2011). 

Yuxarıda da qeyd etdiyimiz kimi, akademik tədqiqatlar ailələrin gəlir səviyyəsinin doğum göstəricilərinə təsir etməsində həmfikirdir. Lakin bu gəlir artımının xarakteri ilə bağlı yanaşmalar fərqli bir mənzərə ortaya çıxarır. Bu istiqamətdən istinad edilən əsas tədqiqatlardan biri Jakobsen, Jorgensen və Lov tərəfindən 2025-ci ildə aparılan tədqiqatdır. Müəlliflər Danimarka təcrübəsinə istinad edərək belə qənaətə gəliblər ki, qadınların əmək haqqı səviyyəsindəki artım məhsuldarlığın azalmasına səbəb olduğu halda, kişilərin əmək haqqı səviyyəsindəki artım məhsuldarlığı artırır. Bu səbəblə doğum göstəricilərini artırmağa yönəlmiş dövlət siyasəti qadınların əmək təklifini azaltmaqla yanaşı, cəmiyyətdəki gender bərabərliyini səviyyəsini də pisləşdirə bilər (Jakobsen, Jorgensen, 2025).

Xatırladaq ki, qeyd edilən tədqiqatların birmənalı və məhdud formada şərh edilməsi yanlış nəticələrə səbəb ola bilər. Bu cür manipulyativ baxış bucağı Azərbaycan kimi ictimai rəydə mühafizəkar diskursun ön plana çıxarıldığı və siyasi olaraq dəstəkləndiyi ölkələrdə yeni problemlərə səbəbiyyət verə bilər. Demoqrafik problemi aradan qaldırması naminə qadınların əmək bazarından və ictimai həyatdan kənarlaşdırılması kimi risklər doğura bilər. 

Doğum sayını artıran təşviqlərin qadınların məşğulluğunu azaltdığını göstərən tədqiqatlar böyük ölçüdə əsaslıdır. Lakin bu tədqiqatlara istinad edərkən onun sadəcə bir neçə meyar (uşaq müavinətləri və məşğulluq, qadın və kişinin əməkhaqqı səviyyəsi və s.) üzərindən aparıldığını da nəzərə almalıyıq. Uşaq müavinətlərinin verilməsi təhsilsiz və aşağı gəlirli qadınlar arasında məşğulluğu azaldır, lakin uşaq müavinətlərinin verilməsi həm də yüksək təhsilli və gəlirli qadınlar arasında məşğulluğu və doğum göstəricilərini artırır.  

Anna Reute tərəfindən 2019-cu ildə aparılmış tədqiqat Almaniya nümunəsinə istinad edərək yüksək təhsilli və gəlirli qadınlara yönəlik yardımların doğum göstəricilərinə pozitiv təsir etdiyini ortaya çıxarır (Raute, 2019). Həmçinin uşaq baxım subsidiyalarının qadınların məşğulluq və doğum göstəricilərini tənzimləmədə təsirli olduğunu göstərir. Məşğulluq şərti ilə uşaq baxımı subsidiyalarının artırılması bütün qadınların əmək təklifini, eləcə də uşaqsız və yüksək təhsilli qadınların doğum nisbətlərini artırır (Haan, Worlich, 2011). Yüksək qazanc əldə edən anaların məşğulluq səviyyəsi uşaq müavinətlərinin mənfi nəticələrindən daha az təsirlənir (Brandt, 2018).

Buradan aydın olur ki, uşaq müavinətləri təhsilsiz və işsiz qadınlara mənfi, yüksək gəlirli və təhsilli qadınlara isə müsbət təsir edir. Görünən odur ki, problemin kökü heç də uşaq müavinətlərinin verilməsi yox, əmək bazarında mövcud olan gender əmək haqqı ayrı-seçkiliyindədir. Yüksək gəlirli qadınlar üçün uşaq müavinətləri dəstək xarakteri daşıyarkən, aşağı gəlirli qadınlar üçün əmək haqqının alternativinə çevrilə bilər. Bu şərtlərdə uşaq müavinətləri verilsə belə, əmək bazarında mövcud olan gender əmək haqqı ayrı-seçkiliyi bu müavinətlərinin məhsuldarlığa müsbət təsirini zəiflədə bilər. 

Tədqiqatlar göstərir ki, iş mühitində gender ayrı-seçkiliyi amili müəyyən həddən çox olduqda, uşaq müavinətlərinin məhsuldarlığa təsiri mənfi olur. Çünki gender əmək haqqı ayrı-seçkiliyi mövcud olduqca verilən uşaq müavinətləri qadınların əmək bazarındakı iştirakını azaldır. Qadınlar uşaq müavinətləri səbəbilə əmək bazarından çıxır, lakin uşaq baxım qiymətləri artmağa davam edir. Nəticədə ailə xərcləri azaltmağa başlayır və nəticədə məhsuldarlıq da aşağı düşür. Bundan əlavə, kişi uşaq baxımı vaxtı da məhsuldarlıq nisbətlərinin artmasında mühüm rol oynayır. Buna görə də, gender bərabərliyi uşaq müavinətlərinin təsirli olması üçün ilkin şərtdir. (Wang, Xu, 2020) 

Göründüyü kimi, əgər doğum göstəricilərinə sadəcə bir meyar (kişi və ya qadının gəlir səviyyəsi) üzərindən yanaşsaq, nəticələr mənfi ola bilər. Bu baxımdan ən güclü demoqrafik təsirlərə uşaq müavinətlərinin (uşaqpulu) əlverişli uşaq baxımı subsidiyaları, ödənişli valideyn məzuniyyətiiş yerində gender bərabərliyi kimi struktur dəstəyi ilə birləşdirildikdə nail olunduğu qəbul edilir. Bu yanaşma qadınların işçi və ana kimi rolları arasındakı münaqişəni aradan qaldırmaqda faydalı ola bilər. Birlikdə tətbiq edildikdə, bu cür təşviqlər valideynlərə yeni doğulmuş körpələrinə baxarkən işlərini qoruyub saxlamağa və daha sonra uşaqları böyüdükcə ödənişli işlərə qayıtmağa imkan verə bilər (Bergsvik, Fauske və Hart, 2021).

b) Ailə. Doğum göstəricilərindəki dəyişikliklər təkcə ölkələrin iqtisadi göstəriciləri ilə deyil, həmçinin ailədaxili münasibətlərin dinamikası ilə də sıx bağlıdır. Dəyişən iqtisadi münasibətlər qadınların əmək bazarındakı iştirak, karyera və özünüinkişaf imkanlarını genişləndirsə də, ailədaxili münasibətlərdəki ənənəvi yanamalar bu dəyişikliyə heç də həmişə uyğunlaşmır. Qadınların əmək bazarına güclü şəkildə qoşulması gündəlik həyatın avtomatik olaraq daha bərabər təşkil olunması üçün kifayət etmir.

Nəticədə qadın və kişi əmək bazarında eyni səviyyədə işləsələr də, iş günün sonunda kişilərdən fərqli olaraq qadınlar "ikinci növbə" işlərə (ev işləri, gündəlik məişət qayğıları) başlamalı olurlar. Ailədə uşağın olması isə qadının əmək yükünü daha da artır, çünki uşağın gündəlik qayğısı da əsasən ananın məsuliyyəti kimi qəbul edilir. Ailədaxili görünməz əmək qadınların ən dəyərli resurslardan biri olan vaxt resursuna çıxış imkanlarını məhdudlaşdırır, cütlüklər daxilində ödənişsiz əməyin bölgüsündə gender fərqlərinin çox böyük olmasına səbəb olur (Monfardini və Pisanelli, 2026). Bu cür ağır şərtlər cəmiyyətlərin iqtisadi qeyri-müəyyənlikləri fonunda qadınların iş və ya ana olmaq arasında seçim etmələrinə səbəb olur. 

Bu seçimlər fərdi qaydada dəyişiklik göstərsə də, ümumi nəticədə doğum göstəricilərinin azalmasına və doğum planlarının təxirə salınmasına səbəb olur. Qadınlar ya iş və karyera imkanlarını, ya da ana olmaq planlarını təxirə salmağa məcbur olur. Bir çox qadın isə bü cür seçim etmək imkanından belə məhrum olur. 

Bir sıra hallarda mühafizəkar diskurs doğum göstəricilərini qadınların əmək bazarında iştirak göstəricilərindəki artımla əsaslandırmağa çalışır. Lakin bir çox tədqiqat göstərir ki, əsas problem heç də qadınların əmək bazarında iştirakı yox, ailədaxili qayğı yükünün və dövlət dəstəyinin necə təşkil olunması ilə bağlıdır. Nəzərə almaq lazımdır ki, uşaq dünyaya gətirmək həm ana, həm atanın, yəni hər iki valideynin  məsuliyyətidir və ata da uşaq baxımında eyni dərəcədə iştirak etməlidir. 

Akademik tədqiqatlar ev əməyinin bərabər paylanması ilə məhsuldarlıq nisbətləri arasında müsbət korrelyasiyasının olmasını təsdiqləyir. Xüsusilə ataların ev işlərində iştirakının artması ilə qadınların ikinci uşağa sahib olmaq və məşğulluq göstəricilərində artıma səbəb olur. Mərkəzi və Şərqi Avropa ölkələri təcrübəsinə əsasən ev işlərinin cütlük daxilində daha bərabər formada bölüşdürülməsi ailədə ikinci uşaq və qadın məşğulluq göstəricilərindəki artıma səbəb olduğu görünür (Profeta, Fanelli, 2021). Bu nəticələr Avropadan fərqli ailə dəyər sisteminə malik olan, daha mühafizəkar xarakterli Türkiyə nümunəsində belə öz təsdiqini tapır (Kavas, 2019). Əksinə ailə daxilində artan gender bərabərsizliyi gənc ailələri daha az uşaq sahibi olmasını şərtləndirir.  

Ev işlərindəki bölgü ilə yanaşı “atalıq məzuniyyəti” də doğum göstəricilərinin yüksəlməsində önəmli paya sahibdir. 1977-2009-cu illər arasında həyata keçirilmiş 23 valideyn məzuniyyəti siyasətinin təhlili göstərir ki, valideyn məzuniyyəti imkanları qadınların növbəti uşağa sahib olmaq ehtimalını artırır. Müəlliflər qeyd edirlər ki, valideyn məzuniyyəti yalnız doğum qərarlarına deyil, həm də ailə daxilində gender rollarının daha bərabər bölüşdürülməsinə təsir edir. Ataların uşağa qayğıda daha çox iştirak etməsinə imkan yaradan bu siyasət qadınların üzərindəki ailə yükünü azaltmaqla yanaşı, doğum səviyyəsinin artmasına da töhfə verir (Thomas, Rowe və Williamson, 2022).

Digər tərəfdən nəzərə almaq lazımdır ki, qadınların doğum planları (motherhood penalty) kişilərdən fərqli olaraq onların əmək bazarında iştirakına birbaşa və mənfi təsir edən amildir. İş müraciətləri zamanı qadınların ailə vəziyyətinə və uşaq sahibi olmaq planları əsas müəyyənedici faktora çevrilir. Xüsusilə gələcəkdə ana olmaq planı qadınların iş tapması ehtimalını daha da çətinləşirdirir. Əmək bazarında kişilər üçün bu cür qeyir-rəsmi məhdudiyyətlər mövcud deyil. Göründüyü kimi, valideynlik qadın və kişilər üçün əmək bazarında fərqli nəticələr yaradır. Ana olmaq qadınların peşəkar bacarıqlarına və əməkhaqqı potensialına birbaşa və əsasən mənfi təsir edir. 

Bu səbəblə cəmiyyətlərdə dayanıqlı və keyfiyyətli demoqrafik göstəricilərə  nail olmaq üçün həm dövlət siyasəti, həm də ailədaxili gündəlik münasibətlərdə dəyişiklərin edilməsinə ehtiyac var  (Gosta Esping-Andersen, 2017). Doğumu dəstəkləyən siyasətlər yalnız iqtisadi tədbirlərlə məhdudlaşmamalı, ailə daxilində gender bərabərliyinin gücləndirilməsini də nəzərə alınmalıdır. 

Nəticə

Akademik tədqiqatlar və empirik dəlillər ailələrin gəlir səviyyəsi ilə doğum göstəriciləri arasında müsbət korrelyasiyanın mövcudluğunu böyük ölçüdə göstərir. Ailələrin yüksək gəlir səviyyəsi və maddi qayğılarının azlığı arzulanan uşaq sayını atırır. İqtisadi qeyri-müəyyənliklər, böhran, işsizlik, faiz artımları və gözlənilməz inflyasiya kimi amillər isə uyğun olaraq doğum göstəricilərinə mənfi təsir edir və uşaq sahibi olmaq planlarının təxirə salınmasına səbəb olur. 

Azərbaycan təcrübəsinin statistik təhlili istər nikah, istərsə də doğum göstəricilərinin iqtisadi dalğalanmalara reaksiya verdiyini, xüsusilə inflyasiya göstəricilərinin artıb azalmasından asılı olaraq dəyişdiyini göstərir. Azərbaycandakı avtoritar idarəetmənin illərdir tətbiq etdiyi iqtisadi manipulyasiya siyasəti hər inflyasiya dalğasının cəmiyyət tərəfindən “gözlənilməz şok” təsiri kimi qəbul edilməsinə səbəb olur. Artan inflyasiya göstəriciləri əsas istehlak xərcləri ilə yanaşı, uşaq baxımının və nikah mərasimlərinin daha baha başa gəlməsində səbəb olur. Əhalinin gəlir səviyyəsi mütənasib artmadığı üçün bu tendensiya uşaq doğum və nikah göstəriclərinə mənfi təsir edir.  

Azərbaycanda 2016-cı ildən etibarən doğum göstəricilərindəki davam edən azalma tendensiyası yaxın gələcək üçün ciddi risklər yaradır. Son 10 ildə 65 yaşdan yuxarı əhali qrupunun sayında 500 min nəfərlik artım olduğu halda, 20-35 yaşlı gənc əhali arasında eyni səviyyədə azalma müşahidə olunur. 10-15 il sonra isə hər iki yaş qrupunun say etibarilə bərabərləşəcəyi gözlənilir. Bu isə ölkədə vergi verən əhali qrupunun sayının azalması və sosial dəstəyə ehtiyac duyan yaşlı əhali qruplarının sayının isə artması deməkdir. 

Akademik tədqiqatlar demoqrafik problemləri aradan qaldırmaq üçün dövlət tərəfindən həyata keçirilən siyasətin faydalı ola biləcəyini göstərir. Uşaq baxım subsidiyaları, uşaqpulu, valideynlik müavinətləri kimi təşviqlər ayrı-ayrılıqda doğum göstəricilərinə müsbət təsir göstərir. Lakin artım tendensiyasının davamlı olması üçün bu təşviqlərin birlikdə tətbiq olunmasının daha faydalı olduğu görünür. Əmək bazarında əməkhaqqı bərbərliyi təmin olunmadığı müddətcə uşaqpulu və digər təşviqlər qadınların məşğulluq göstəricilərini aşağı düşməsi ilə nəticələnə bilər. Lakin əmək bazarında və ailədaxili münasibətlərdə gender bərabərliyi nə qədər çox təmin olunarsa, doğum göstəriciləri və qadınların məşğulluq səviyyəsi bir o qədər çox müsbət təsirə məruz qala bilər.

Yekun olaraq mövcud tendensiyanın və onun nəticəsi olaraq 10-15 il sonra üçün gözlənilən demoqrafik problemlərin qarşısını almaq məqsədilə Azərbaycan təcrübəsində demoqrafik təşviqlərin (uşaqpulu, uşaq baxım subsidiyaları, valideyn məzuniyyətləri və s.) tətbiqinə ehtiyac olduğu görünür. Davamlı, keyfiyyətli və uzunmüddətli demoqrafik artıma nail olmaq üçün bu təşviqlərlə yanaşı, əmək bazarında (bərabər əməkhaqqı) və ailə mühitində gerder bərabərliyinin (atalıq məzuniyyəti, ev işlərinin bölüşdürülməsi) təmin olunması da vacibdir. 


Qeyd: Oxuduğunuz yazı orijinal olaraq Azərbaycan dilində yazılmışdır.



İstinadlar: 

Adeste, A., Piano, C., 2026, Unexpected Inflation and Fertility Rates in the US, University of Mississippi, https://www.clarapiano.com/_files/ugd/e25ab2_b0471004ec044c1d9260e65a40b701a6.pdf 

Anderson, D., Bottman, D., Hunt, B., 2014, Is Japan’s Population Aging Deflationary?, İnternational Monetary Fund, https://www.imf.org/external/pubs/ft/wp/2014/wp14139.pdf  

Azadlıq Radiosu, 2026, Deputat: 'Uşaqpulu tənbəllik yaradar' | Ata: 'Bunun üçün hər uşağa 2 min manat verilməlidir', https://www.azadliq.org/a/usaq-pulu-tenbellik/33762781.html 

Azadlıq Radiosu, 2026a, Dövlət bağça xərclərini tədricən üstündən atır? - Yeni fərman, https://www.azadliq.org/a/usaq-bagca-ferman/33784562.html 

Bar, M., Hazar, M., 2018, Why did rich families increase their fertility? Inequality and marketization of child care, Journal of Economic Growth, Volume 23, pp. 427–463.

BBC.com, 2023, Azərbaycanda uşaqpulu: nədir və nə üçün verilmir? 9 suala cavabda, https://www.bbc.com/azeri/articles/ce9p6l9r95no 

Becker, G. 1960, An Economic Analysis of Fertility, Columbia University Press, https://www.nber.org/system/files/chapters/c2387/c2387.pdf 

Bergsvik, J., Fauske, A., Hart, R., 2021, Can Policies Stall the Fertility Fall? A Systematic Review of the (Quasi-) Experimental Literature, Population and Development Review, https://onlinelibrary.wiley.com/doi/10.1111/padr.12431 

Blau, M., Robins, P., 1989, Fertility, Employment, and Child-Care Costs, Demography, Vol. 26, İss.2. https://read.dukeupress.edu/demography/article-abstract/26/2/287/171259/Fertility-Employment-and-Child-Care-Costs?redirectedFrom=fulltext 

Brandt, N., 2018, Child benefits and female labour supply - the case of Poland, https://oecdecoscope.blog/2018/03/19/child-benefits-and-female-labour-supply-the-case-of-poland/ 

Chabe Ferret, B., Gobbi, P., 2019, Economic uncertainty and fertility cycles: The case of the post-WWII baby boom, Cepr.org, https://cepr.org/voxeu/columns/economic-uncertainty-and-fertility-cycles-case-post-wwii-baby-boom 

Comolli, L, 2017, The fertility response to the Great Recession in Europe and the United States: Structural economic conditions and perceived economic uncertainty, Demographic Research, Vol. 36, https://www.demographic-research.org/articles/volume/36/51 

Dietling, L., Cumming, F., 2024, Monetary Policy and Birth Rates: The Effect of Mortgage Rate Pass-Through on Fertility, The Review of Economic Studies, Vil. 91, Iss. 1, pp. 229–258

Dövlət Statistika Komitəsi, 2026, Demoqrafiya,  https://www.stat.gov.az/source/demoqraphy/ 

Dövlət Statistika Komitəsi, 2026a, Əhalinin yaş qrupları üzrə sayı (ilin əvvəlinə) https://azstat.gov.az/statHtml/statHtml.do?orgId=994&tblId=DT_AA_002 

Espring-Andersen, G., 2017, Education, gender revolution, and fertility recovery, Vienna Yearbook of Population Research 2017 (Vol. 15), pp. 55–59, https://austriaca.at/0xc1aa5576_0x003905eb.pdf 

Goldstein, J, and ot., 2017, Evaluating How Child Allowances and Daycare Subsidies Affect Fertility, CFS Working Paper, No. 568. https://papers.ssrn.com/sol3/papers.cfm?abstract_id=2918877# 

Goldstein, J., Örsal, D., 2010, The Increasing Importance of Economic Conditions on Fertility, Max Planck Institute for Demographic Research, https://www.demogr.mpg.de/papers/working/wp-2010-014.pdf 

Gromadzki, J,., 2024, Universal Child Benefit and Child Poverty: The Role of Fertility Adjustments, IZA - Institute of Labor Economics, https://docs.iza.org/dp17456.pdf

Haan, P., Worlich, K., 2011, Can child care policy encourage employment and fertility?: Evidence from a structural model, Labour Economics, vol. 18, Iss. 4, pp. 498-512

Jakobsen, K., Jorgensen, T., Low, H., 2024, Fertility and Family Labor Supply, https://harris.uchicago.edu/sites/default/files/inline-files/Low%20PPE%20seminar%20paper%2012-10-24.pdf 

Kavas, S., 2019, The gendered division of housework and fertility intention in Turkey, Genus, Vol. 75

Kearney, M, 2017, Male Earnings, Marriageable Men, and Nonmarital Fertility: Evidence from the Fracking Boom,  https://www.nber.org/system/files/working_papers/w23408/w23408.pdf 

Konishi, H., Ueda, K., 2014, Aging and Deflation from a Fiscal Perspective*, Globalization and Monetary Policy Institute, https://www.dallasfed.org/~/media/documents/institute/wpapers/2014/0218.pdf 

Malkova, O., 2014, The Effect of Paid Parental Leave and a Child Benefit on Fertility, University of Michigan, https://www.sole-jole.org/assets/docs/14412.pdf 

Mehtiyev, A., 2023, Azərbaycan iqtisadiyyatı on yeddi ildə nə qədər və necə böyüyüb?, Baku Research Institute, https://bakuresearchinstitute.org/azerbaycan-iqtisadiyyati-on-yeddi-ilde-ne-qeder-ve-nece-boyuyub/ 

Milligan, K., 2002, Subsidizing the Stork: New Evidence on Tax Incentives and Fertility, https://www.nber.org/system/files/working_papers/w8845/w8845.pdf 

Modern.az, 2021, Uşaqpulu niyə verilə bilməz? - Sahil Babayev belə İZAH ETDİ, https://modern.az/az/olke/321644/usaqpulu-niye-verile-bilmez-sahil-babayev-bele-izah-etdi/ 

Monfardini, C., Pisanelli, E., 2026, Gender, Unpaid Work, and Social Norms in Young Italian Families: Evidence from Couples Time Diaries, Grins discussion paper series, N° 110, https://grins.it/sites/default/files/2026-04/gender__unpaid_work__and_social_norms_in_young_italian_families__evidence_from_couples_time_diaries.pdf 

Operativ media, 2025, Azərbaycanda uşağa görə verilən müavinətlər - SİYAHI, https://operativmedia.az/post/88801/azerbaycanda-usaga-gore-verilen-muavinetler---siyahi?

Oxu.az, 2026, Azərbaycan Prezidenti: "İqtisadi inkişafımızla bağlı hər hansı çətinliklər gözləmirik", https://oxu.az/siyaset/azerbaycan-prezidenti-iqtisadi-inkisafimizla-bagli-her-hansi-cetinlikler-gozlemirik 

Oxu.az, 2026a, Bahar Muradova: "Ölkədə doğum səviyyəsi kritik həddə deyil", https://oxu.az/cemiyyet/bahar-muradova-olkede-dogum-seviyyesi-kritik-hedde-deyil 

Pravda.az, 2026, Erkin Qədirli: ““Uşaqpulu”nun verilməsi ilə bağlı təşəbbüs irəli sürməyi məndən gözləməyin, insan özü işləməlidir...”, https://pravda.az/news/211834 

Profeta, F., Fanelli, E., 2021, Fathers’ Involvement in the Family, Fertility, and Maternal Employment: Evidence From Central and Eastern Europe, Demography, https://pmc.ncbi.nlm.nih.gov/articles/PMC9807283/ 

Report.az, 2022, Sahil Babayev: “2035-ci ilə qədər problem yoxdur”, https://report.az/sosial-mudafie/sahil-babayev-2035-ci-ile-qeder-problem-yoxdur

Reute, A., 2019, Can financial incentives reduce the baby gap? Evidence from a reform in maternity leave benefits, Journal of Public Economics, vol. 169, pp. 203-222.

Schaller, J., 2016, Booms, Busts, and Fertility: Testing the Becker Model Using Gender-Specific Labor Demand, Journal of Human Resources, University of Wisconsin Press, vol. 51(1), pp. 1-29

Schirle, T., 2015, The effect of universal child benefits on labour supply, The Canadian Journal of Economics, Vol. 48, No. 2, pp. 437-463 

Sobotka, T., Skirbekk, V., Philipov, D., 2011, Economic recession and fertility in the developed world, https://pubmed.ncbi.nlm.nih.gov/22066128/ 

Thomas, J., Rowe, F., Williamson, P., Lin, E., 2022, The effect of leave policies on increasing fertility: a systematic review, Humanities and Social Sciences Communications, vol. 9, https://www.nature.com/articles/s41599-022-01270-w 

Wang, R., Xu, G., 2020, Can child allowances improve fertility in a gender discrimination economy? Economic Modelling, Elsevier, vol. 93(C), pp. 162-174

Wu, T., 2024, Inflation and reproduction: the impact of inflation targeting on fertility in emerging economies, China Population and Development Studies, https://www.semanticscholar.org/paper/Inflation-and-reproduction%3A-the-impact-of-inflation-Wu/e02bc1dd1b402f02fb62a50a1c8f730a435a432a 

Zahid Oruc, 2026, Zahid Oruc: "Ölkəmizdə uğurlu ailə obrazları 100 minlərlədir...", https://www.youtube.com/watch?v=J_4NsXKfFgQ 

Bell icon

Ən son yeniliklərdən xəbərdar olmaq üçün bülletenimizə abunə olun

Etibarlı e-poçt ünvanı təqdim edin