(Yazı KHAR Center-in "Post-sovet ölkələrində Rusiyanın təsir mexanizmləri” araşdırması çərçivəsində hazırlanıb)
Qazaxıstan Rusiyanın postsovet məkanındakı təsir siyasətində xüsusi yer tutur. Kremlin bu ölkədəki təsir imkanları yalnız propaqanda və informasiya manipulyasiyası ilə məhdudlaşmır. Moskva Qazaxıstan üzərində iqtisadi, siyasi, hərbi, enerji və informasiya sahələrində formalaşmış uzunmüddətli və çoxsaylı təsir rıçaqlarına malikdir. Rus dilinin geniş yayılması, iki ölkənin eyni iqtisadi və təhlükəsizlik təşkilatlarında təmsil olunması, Qazaxıstanın enerji ixracının mühüm hissəsinin Rusiya ərazisindən keçməsi Moskvanın təsir imkanlarını gücləndirən əsas amillərdəndir.
Ancaq son illərdə, xüsusilə Rusiyanın 2022-ci ildə Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlamasından sonra bu münasibətlərin xarakterində mühüm dəyişikliklər baş verib. Bu müharibə ilə eyni zamanda Rusiya siyasi və informasiya məkanında Qazaxıstan dövlətçiliyini şübhə altına alan açıqlamaların yer alması Astana üçün Moskva ilə münasibətlərin risklərini daha qabarıq şəkildə üzə çıxarıb. Qazaxıstan bir tərəfdən Rusiya ilə sıx iqtisadi və təhlükəsizlik əlaqələrini qoruyub, digər tərəfdən isə işğal edilmiş Ukrayna ərazilərinin Rusiyaya birləşdirilməsini tanımayıb, Çin, Avropa İttifaqı, Türkiyə və digər tərəfdaşlarla münasibətlərini genişləndirməyə çalışıb.
Lakin Astananın çoxvektorlu xarici siyasət yürütməsi Rusiyanın ölkədəki təsir imkanlarının yox olması demək deyil. Moskva hələ də Qazaxıstanın iqtisadiyyatı, təhlükəsizlik sistemi və informasiya məkanı üzərində əhəmiyyətli təsir potensialını qoruyur. Üstəlik, Kremlin Ukraynaya qarşı müharibəni əsaslandırmaq üçün istifadə etdiyi narrativlər Qazaxıstanın rusdilli informasiya məkanında da yayılır.
“KHAR Center” bu araşdırmasında Rusiyanın Qazaxıstandakı təsir mexanizmlərini, onların tarixi və struktur əsaslarını, xüsusilə də 2022-ci ildən sonra baş verən dəyişiklikləri faktlarla təhlil edir. Araşdırma Kremlin Qazaxıstanın siyasi, iqtisadi və informasiya məkanında hansı təsir rıçaqlarına malik olduğunu, bu imkanlardan necə yararlandığını və Astananın müstəqil siyasət yürütmək cəhdlərinə necə təsir göstərdiyini müəyyənləşdirməyi hədəfləyir.
RUSİYANIN QAZAXISTANDAKI STRATEJİ HƏDƏFİ
Rusiya postsovet məkanındakı geosiyasi üstünlüyünü qorumaq üçün əsas dayaqlarından biri kimi Qazaxıstanı görür. Kreml üçün bu ölkə üzərində təsir imkanlarını qorumaq yalnız ikitərəfli münasibətlər məsələsi deyil, bütövlükdə Orta Asiyadakı mövqeyini saxlamaq strategiyasının mühüm hissəsidir. Bu regionda nüfuz sahibi olmaq Rusiya üçün böyük dövlət statusunun önəmli göstəricilərindən biridir. Bu baxımdan Qazaxıstan Moskvanın postsovet ölkələrinin strateji seçimlərinə təsir etmə və onları öz vektoru ətrafında saxlama siyasətində xüsusi əhəmiyyət daşıyır. Rusiya ilə dünyanın ən uzun fasiləsiz quru sərhədinə (7000 metrdən çox) və Orta Asiyanın ən böyük iqtisadiyyatına malik olan bu ölkə Moskvanın “patron” olduğu Avrasiya İqtisadi İttifaqının (Aİİ) və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvüdür.
2022-ci ildə Rusiyanın Ukraynaya tammmiqyaslı təcavüzünün gözlənilən effekti verməyib illərlə davam edən tükədici müharibəyə çevrilməsi, sanksiyalar və izolyasiya belə təəssürat yaratmışdı ki, postsovet ölkələri, o cümlədən Qazaxıstan başda olmaqla Orta Asiya ölkələri mərhələli şəkildə Moskvadan uzaqlaşma siyasəti yürüdəcəklər. Bu təəssüratı Çinin regionda təsirinin gözlə görünəcək şəkildə artması və Qazaxıstanın yaranmış vəziyyətdən istifadə edərək xarici siyasətini şaxələndirməyə çalışması daha da gücləndirirdi (Umarov, 2024). Tokayevin 2023-cü ildə Moskva səfəri zamanı ilk dəfə rus dilində deyil, qazax dilində danışması, Rusiyadakı seçkilərlə bağlı ironik açıqlaması, Moskvanın işğal etdiyi Ukrayna ərazilərinin müstəqilliyini tanımayacağını bildirməsi kimi epizodlar da bu qənaəti gücləndirən arqumentlər kimi göstərilirdi (Mallinson, 2024)
Belə gözləntinin müəyyən əsasları da vardı, çünki Orta Asiyanın beynəlxalq sistemdəki rolu Rusiyanın Ukrayna təcavüzü ilə yenidən formalaşıb. Moskva regionda siyasi və iqtisadi təsir vasitələrinin əhəmiyyətli hissəsini qorusa da, digər güclərin fəallaşması onun əvvəlki üstünlüyünü zəiflədib. Bir yandan Rusiya imperializminin yaratdığı təhdid artıq daha konkret formaya keçib. Digər tərəfdən, bu təcavüz regionun digər beynəlxalq güclər üçün əhəmiyyətini artırıb. Bu da şübhəsiz ki, region ölkələrinin əlini gücləndirir. Qazaxıstan yaranmış vəziyyətdən və özünün pozisiyasından istifadə edərək bütün sahələrdə funksional ortaqlar kateqoriyası müəyyənləşdirib. Təhlükəsizlik məsələsini Rusiyaya əmanət edib - Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını təminatçı kimi müəyyənləşdirib. Avrasiya İqtisadi Birliyi və Xəzər Boru Xətti Konsorsiumu yanacağın qlobal bazarlara çıxışını təmin edir. Çinin Kəmər və Yol Layihəsi Qazaxıstan boyunca şərq-qərb infrastrukturunu dəstəkləyir. Astananın Aİ və Körfəz ölkələrinin maliyyəsi ilə Azərbaycan, Gürcüstan və Türkiyə ilə birlikdə inşa etdiyi Orta Dəhliz tranzit üçün çıxış nöqtəsi rolunu oynayır. Kritik minerallarla bağlı isə Astana ABŞ-a yönəlib. 2025-ci ilin noyabrında ABŞ-ın “Cove Capital” şirkəti ilə Qazaxıstanın Milli Mədən Şirkəti arasında volfram hasilatı üzrə 1,1 milyard dollarlıq birgə müəssisənin yaradılmasına dair razılaşma imzalanıb. Müəssisənin 70 faizi ABŞ tərəfinə məxsusdur və layihə üçün ABŞ-ın İxrac-İdxal Bankından 900 milyon dollara qədər vəsait təmin ediləcəyinə dair niyyət məktubu tədim olunub. Çin qlobal volfram təchizatının 80 faizindən çoxuna nəzarət etdiyindən, Qazaxıstanın digər tərəfdaşlarının heç biri bu metalın müstəqil emalı üçün lazımi imkanlar yarada bilmirdi. Vaşinqton isə bunu etməyə qadirdir (Murtazashvili, 2026).
Şübhəsiz ki, uzun perspektivdə bu qüvvələr arasında da rəqabət və gərginliklər ortaya çıxacaq, böyük ehtimalla Çin buradakı üstün mövqeyini qoruyacaq. Ancaq bu da Rusiyanın lehinə olmayacaq. Bu baxımdan Moskvanın hazırkı əsas hədəflərindən biri Qazaxıstanın alternativ tərəfdaşlarla yaxınlaşmasının Rusiyadan strateji asılılığı azaltmasına imkan verməməkdir (OSW, 2026).
Moskvanın bu narahatlığı 2024-cü ilin aprelində Rusiya hökumətinin keçirdiyi strateji müşavirənin sonradan mətbuata sızan sənədlərində də öz əksini tapıb. Buna görə, Rusiya rəhbərliyi Orta Asiya ölkələrinin Çin və Qərblə əlaqələrinin genişlənməsini öz təsir dairəsi üçün problem hesab edir. Sənədlərə görə, Moskvanın məqsədi regionu Rusiyaya daha sıx bağlamaq və burada Çin, ABŞ və Avropa İttifaqına rəqib olan öz təsir məkanını qorumaqdır (Financial Times, 2025).
Qazaxıstan çoxşaxəli xarici siyasət yürütməyə çalışsa da, praktik baxımdan bu siyasəti tam balanslı adlandırmaq olmaz. Çünki Rusiya ilə əlaqələri və struktur asılılıqları digər aktorlarla olan əlaqələrdən daha güclüdür. Astananın çoxşaxəliliyinin sərhədlərini Rusiyanın Qazaxıstana baxışı, Qazaxıstanın Rusiyadan iqtisadi-təhlükəsizlik asılılığı və ölkədəki avtoritar idarəçilik forması müəyyən edir. Rusiya siyasi elitası Qazaxıstana müstəqil və bərabərhüquqlu tərəfdaşdan daha çox Moskvanın təsir dairəsində qalmalı olan dövlət kimi yanaşır. Bu baxımdan Kreml Astananın daxili və xarici siyasətinə müdaxiləni özünün legitim hüququ hesab edir. Moskvanın enerji tranziti, ticarət və strateji sektorlardakı mövqeləri Qazaxıstan iqtisadiyyatına ciddi zərər vurmaq potensialı yaratdığı üçün Astana xarici siyasətdə Kremlin maraqlarını nəzərə almağa məcbur qalır. Bu struktur asılılığı ilə yanaşı, Qazaxıstandakı siyasi idarəetmə sistemi və hakim elitanın Rusiya ilə strateji əməkdaşlığı davam etdirmək niyyəti də Moskvanın Astana üzərindəki təsirini qoruyan faktorlar arasındadır.
Yəni Kremlin Qazaxıstandakı təsiri yalnız Rusiyanın gücündən deyil, yerli hakimiyyətin öz siyasi sistemini qorumaq ehtiyacından da qaynaqlanır. Qazaxıstan hakimiyyəti legitimliyini uzun müddət iqtisadi inkişaf və sabitlik üzərində qurub. Bu səbəbdən iqtisadi böhran hakimiyyət üçün təkcə sosial deyil, həm də siyasi təhlükədir. Rusiyadan iqtisadi asılılığın kəskin azaldılması qısamüddətli iqtisadi problemlər yarada bilər. Belə problemlər isə hakimiyyətin sabitliyinə təsir göstərər. Bu baxımdan Tokayev iqtidarı avtoritar idarəetməni və iqtisadi rifah üzərində qurulmuş legitimlik modelini davam etdirdikcə Rusiyadan asılılığı əhəmiyyətli dərəcədə azaltmaq çətin olacaq (Silvan, 2026).
Beləliklə, Rusiyanın Qazaxıstandakı əsas strateji hədəfi Astananın xarici siyasətini tamamilə Moskvaya tabe etdirməkdən daha çox, onun müstəqil qərarvermə imkanlarını mövcud asılılıq mexanizmləri vasitəsilə məhdudlaşdırmaqdır. Kreml Qazaxıstanın iqtisadiyyatında, enerji tranzitində, təhlükəsizlik sistemində və siyasi elitalarla münasibətlərində qazandığı mövqeləri qorumaqla ölkənin strateji seçimlərinə təsir imkanlarını saxlamağa çalışır.
Rusiyanın Qazaxıstandakı təsir zəmini
Rusiyanın Qazaxıstandakı təsirinin kökləri Rusiya imperiyasının Orta Asiyaya doğru genişlənməsindən, çar hakimiyyətinin müstəmləkəçilik siyasətinə, sovet dövründə həyata keçirilən demoqrafik və iqtisadi dəyişikliklərdən tutmuş Qazaxıstandakı rejimlərin avtoritar xarakterinə qədər uzanır.
Etnik ruslar və rus dili hibrid müdaxilə faktoru kimi
XIX əsrin sonu XX əsrin əvvəllərində qazax torpaqlarının Rusiya imperiyasına ilhaqından sonra 1,5 milyondan çox rus kəndli Avropa Rusiyasından qazax çöllərinə köçürülüb. Proses qazaxların ənənəvi həyat tərzini və bölgənin sosial-demoqrafik strukturunu dəyişib (Cameron, 2018). Xüsusilə Şimali Qazaxıstanda rus məskunlaşması qazaxlara torpaq resursları üzərində təzyiq yaradıb (Aldashev, Quirkinger, 2017). Sovet hakimiyyəti dövründə kollektivləşmə, məcburi köçürmələr, sənayeləşmə və ruslaşdırma siyasəti bu amili daha da gücləndirib. Qazax torpaqlarının Sovet İttifaqı tərəfindən işğal edilməsindən sonra qısa müddət ərzində yerli bolşeviklər müstəmləkəçilikdən qurtulma siyasəti həyata keçirsələr də, bu proses sonrakı illərdə yenidən əksinə çevrilib. Xüsusilə Sovet İttifaqının 1928-ci ildə iqtisadi siyasəti dəyişməsiylə Qazaxıstan taxılçılıq və sənayeləşmə planlarının mərkəzinə çevrilib. Rusiyadan kəndli kolonizasiyasını yenidən legitimləşdirən bu dəyişiklikdən sonra Qazaxıstan cəmiyyətini milli kimliyindən uzaqlaşdırma və tabeçiliyini gücləndirmə istiqamətində sistematik addımlar atmağa başlayıb. Qazaxıstanın varlı kəndliləri, elitası və çarlıq dövründə vəzifə sahibləri sistematik repressiyaya məruz qalıb - var-yoxları əllərindən alınıb, özləri və ailələri sürgün olunub, ilk dəfə gənc qazaxlar sovet ordusuna çağrılıb. 1929-cu ildə qazax köçəri çobanlarının tamamilə oturaq həyata keçməsi planı elan ediləb. Ancaq dərhal sonra başlayan kollektivləşmə həmləsiylə bu məsələ gündəlikdən çıxıb. 1930-32-ci illər arasında qazax kəndlilərinin heyvanları Moskva, Leninqrad əhalisini və sovet ordusunu qidalandırmaq üçün kütləvi şəkildə kəsilməyə başlayıb. Bu isə böyük bir fəlakətə - aclıq böhranına səbəb olub. Qazaxların üçdə birini öldürən aclıq ölkənin titul xalqını etnik azlığa çevirib (Pianciola, 2019). Buna digər sovet xalqlarının Qazaxıstana deportasiyası, 1950-ci illərdə başlayan xam torpaqların mənimsənilməsi kimi faktorlar da təsir edib. Ruslar xüsusilə ölkənin şimalında və böyük sənaye şəhərlərində çox məskunlaşıblar. SSRİ-də 1989-cu ildə keçirilən son siyahıyaalmaya görə, etnik ruslar Qazaxıstan əhalisinin 37,8 faizini təşkil edib (MPİ, 2022).
Sovet İttifaqı dağılandan sonra Qazaxıstan müstəqillik qazansa da, Rusiyadan demoqrafik, mədəni və institusional asllılıq davam edib. Müstəqilliyin ilk illərində ölkənin üzləşdiyi ağır iqtisadi böhran, böyük etnik rus icmasının mövcudluğu və tarixi əlaqələr Moskva ilə əməkdaşlığın davam etdirilməsini şərtləndirən əsas amillər olub. Bu şərtlər başqa postsovet ölkələrinə də təsir edib, ancaq sadəcə Belarus və Qazaxıstanın strateji müttəfiq kimi Rusiyanın orbitində qalmasını təmin edib. Qazaxıstanda Rusiyanın üstün müttəfiq imici tarixi inkişafının kölgəsində formalaşıb və bu, günümüzə qədər iki ölkə arasındakı əlaqələrdə müəyyənedici faktor olub (Stevens, 2020). Üstəlik, Rusiya ilə inteqrasiyanın dərinləşdirilməsi yalnız Moskvanın təşəbbüsü olmayıb. Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayev də bu prosesin əsas təşəbbüskarlarından biri kimi çıxış edib (Bohr, Mallinson və başqaları, 2019).
Müstəqillikdən sonra demoqrafik vəziyyət xeyli dəyişib. Etnik rusların Rusiyaya köçməsi, qazaxların digər ölkələrdən tarixi vətənlərinə qayıtması və təbii demoqrafik artım nəticəsində qazaxların əhalidəki payı yüksəlib. Son statistikalara görə, ölkənin 20,5 milyonluq əhalisinin 71,5 faizini qazaxlar, 14,4 faizini isə etnik ruslar təşkil edir (Qazaxıstan Milli Statistika Bürosu, 2026 a). Ancaq bu dəyişiklik ölkənin bütün regionlarında eyni səviyyədə deyil. Şimali Qazaxıstan, Kostanay və Şərqi Qazaxıstan kimi Rusiya ilə həmsərhəd bölgələrdə etnik rusların payı ölkə üzrə orta göstəricidən xeyli yüksək olaraq qalır. Bu bölgələrin bəzilərində ruslar əhalinin 40 faizindən çoxunu təşkil edir. Belə demoqrafik vəziyyət Kremlin “rusları qoruma” bəhanəli işğalları, Rusiya siyasətçilərinin Qazaxıstanın dövlətçiliyini və ərazi bütövlüyünü şübhə altına alan bəyanatları fonunda potensial hibrid müdaxilə üçün əlverişli zəmin kimi qiymətləndirilir (OSW, 2025).
Digər tərəfdən rus əhalinin sayının azalması Rusiyanın və rus dilinin təsirinin azalması demək deyil. Rusiyanın Qazaxıstandakı ən davamlı təsir vasitələrindən biri rus dilidir. Sovet dövründə rus dili dövlət idarəçiliyində, sənayedə, elm, ali təhsil və kütləvi informasiya vasitələrində üstün mövqe qazanıb. Bu vəziyyət rus dilini yalnız etnik rusların deyil, qazaxların və ölkədə yaşayan digər xalqların da əsas ünsiyyət vasitəsinə çevirib. Müstəqillikdən sonra qazax dili dövlət dili elan edilsə də, rus dilinin dövlət idarəçiliyindəki hüquqi statusu qorunub. Rus dili dövlət təşkilatlarında və yerli özünüidarəetmə orqanlarında qazax dili ilə yanaşı rəsmi şəkildə istifadə olunur. Bu, rus dilinin ölkənin ictimai və institusional həyatında geniş mövqeyini qorumasına imkan verib. Rəsmi məlumatlara görə, Qazaxıstan əhalisinin 83,7 faizi, o cümlədən etnik qazaxların 79,5 faizi rus dilini bilir (MDPİ, 2026).
İqtisadi asılılıq
Rusiyanın Qazaxıstandakı təsirinin əsas sütunlarından biri sovet dövründə formalaşan, sənaye müəssisələri, xammal istehsalı, nəqliyyat və təchizat infrastrukturunun Moskva ilə sıx əlaqəsidir. Qazaxıstan müstəqillik qazandıqdan sonra da bu əlaqə strateji əhəmiyyətini qoruyub saxlayıb. Nazarbayevin Putinlə birlikdə təşəbbüskarı olduğu Avrasiya İqtisadi İttifaqı keçmiş SSRİ-nin canlandırılması xəyalının ilk mərhələsi kimi həyata keçirilib. Aİİ üzvlüyü Qazaxıstan şirkətlərinə Rusiya bazarına daha asan çıxış, gömrük güzəştləri və ortaq iqtisadi qaydalardan istifadə imkanı verib. Ancaq bu, bərabər hüquqlu bir ittifaq olmayıb, Moskvanın ittifaq daxilindəki iqtisadi çəkisi bu inteqrasiya mexanizmlərinin qeyri-bərabər xarakter daşımasına səbəb olub və Qazaxıstanın Rusiya iqtisadiyyatındakı dəyişikliklərə həssaslığını artırıb.
Rusiyanın Qazaxıstan idxalındakı payı 2021-ci ildə 42,5 faiz olub. Ukrayna müharibəsi və Qərb sanksiyalarından sonra bu göstərici 2023-cü ildə 26,5 faizə düşsə də, 2024-cü ildə yenidən artaraq 30,5 faizə yüksəlib (OECD, 2025). Bu dəyişikliklər Qazaxıstanın alternativ təchizat mənbələrinə yönəlməsinə baxmayaraq, Rusiyanın idxal bazarındakı mövqeyinin dəyişmədiyini göstərir. Bu mövqe son illərdə də sabit qalıb. 2025-ci ildə iki ölkə arasındakı mal dövriyyəsi 27,4 milyard dollar təşkil edib. Rusiya Qazaxıstanın ümumi idxalının 29,7 faizini, ixracının 10,3 faizini formalaşdırıb (ETSE, 2026). 2026-cı ilin yanvar-avqust dövründə isə Rusiyanın idxaldakı payı 31 faizə yüksəlib, ixracdakı payı 8,5 faizə düşüb. Müqayisə üçün həmin dövrdə Çinin Qazaxıstan idxalındakı payı 29,8 faiz təşkil edib. Yəni Çinlə iqtisadi əlaqələrin sürətlə genişlənməsinə baxmayaraq, Rusiya hələ də Qazaxıstanın birinci təchizatçısı olaraq qalır. Qazaxıstanın Aİİ ölkələri ilə ticarətinin 87,3 faizi də məhz Rusiyanın payına düşüb (Qazaxıstan Milli Statistika Bürosu, 2026b).
Rusiya Qazaxıstandakı kapitallı şirkətlərin sayına görə də digər ölkələri geridə qoyur. 2025-ci ildə ölkədə Rusiya mülkiyyətində 22 628 hüquqi şəxs, filial və nümayəndəlik qeydiyyatda olub, bunların 17 049-u fəaliyyət göstərib. Bundan əlavə, Rusiya kapitalının iştirak etdiyi 4 732 birgə mülkiyyətli qurum qeydiyyatda olub və onların 3 711-i fəaliyyət göstərib. Eyni dövrdə Çin mülkiyyətində qeydiyyatdan keçmiş qurumların sayı 9 694 olub (Qazaxıstan Milli Statistika Bürosu, 2026 c).
Rusiyanın iqtisadi təsir imkanları Ukraynaya qarşı müharibədən sonra yeni xarakter alıb. Qərbin Moskvaya tətbiq etdiyi sanksiyalar Rusiya şirkətlərini alternativ ticarət və logistika marşrutları axtarmağa məcbur edib. Qazaxıstanın Aİİ üzvü olması, Rusiya ilə uzun sərhədi və beynəlxalq bazarlara çıxışı ölkəni bu prosesdə mühüm vasitəçiyə çevirib. Bu yeni ticarət və investisiya imkanları qazaxıstanlı biznes qruplarının Moskva ilə əməkdaşlıqda marağını artırıb. Bu səbəbdən Orta Asiya liderləri Moskva ilə müzakirələrdə Qərbin tətbiq etdiyi ikinci dərəcəli sanksiyaların yaratdığı təhdidlərdən bəhs edirlər. Qərb liderləri ilə müzakirələrdə isə bu sanskiayaların onlara tətbiq olunmamasını istəyirlər və arqument olaraq Moskvanın təzyiqlərini göstərirlər (Bohr, 2025).
Enerji və tranzit asılılığı
Qazaxıstanın Rusiya ilə münasibətlərində ən ciddi struktur asılılıqlarından biri enerji sektorunda formalaşıb. Qazaxıstanın zəngin enerji ehtiyatları onun Rusiyadan iqtisadi müstəqilliyini təmin etməyib. Əksinə, enerji resurslarının dünya bazarlarına çatdırılması üçün mövcud infrastruktura bağlılıq, qaz sahəsində əməkdaşlıq və nüvə energetikasında yeni layihələr Moskvanın təsir imkanlarını qoruyan mühüm amillərə çevrilib.
Ölkənin əsas neft ixrac marşrutlarının bir hissəsi Rusiya ərazisindən keçir. Əsas asılılıq Xəzər Boru Kəməri Konsorsiumu (Caspian Pipeline Consortium – CPC) ilə bağlıdır. Qazaxıstanın qərbindəki Tengiz, Kaşağan və Qaraçaqanaq kimi böyük neft yataqlarını Rusiyanın Qara dəniz sahilindəki Novorossiysk terminalına bağlayan kəmər ölkənin əsas ixrac arteriyasıdır, Qazaxıstanın neft ixracının təxminən 80 faizi bu marşrutdan keçir. Eyni zamanda xam neft və neft məhsulları ölkənin ixrac gəlirlərinin yarıdan çoxunu formalaşdırır (OSW, 2026).
Belə asılılığın riskləri 2022-ci ildən sonra daha qabarıq şəkildə üzə çıxıb. Həmin il Rusiya qurumları ekoloji pozuntulara istinad edərək CPC-nin fəaliyyətinin dayandırılmasına yönəlmiş qərarlar qəbul ediblər. Bu hadisələr Rusiyanın Qazaxıstanın enerji ixracı üzərindəki potensial təzyiq imkanları ilə bağlı müzakirələri gücləndirib. Ancaq Ukrayna müharibəsinin davam etməsi CPC üçün yalnız siyasi deyil, birbaşa hərbi təhlükələr də yaradıb. 2025-ci ilin noyabrında və 2026-cı ilin yanvarında Rusiya ərazisindəki neft infrastrukturu Ukrayna pilotsuz uçuş aparatlarının hücumları nəticəsində zədələnib. Bu, fasilələrin 2026-cı ilin yanvarında Qazaxıstana 1,5 milyard dollara qədər itki yarada biləcəyi bildirilib (OSW, 2026).
Astana bu asılılığı azaltmaq üçün alternativ marşrutları inkişaf etdirməyə çalışır. Xüsusilə Xəzər dənizi üzərindən Azərbaycan və Gürcüstana, oradan isə Bakı–Tbilisi–Ceyhan (BTC) kəmərinə çıxışın genişləndirilməsi prioritet istiqamətlərdən birinə çevrilib. Ancaq bu marşrutun hazırkı imkanları CPC ilə müqayisədə xeyli məhduddur. Belə ki, 2025-ci ildə BTC istiqamətində təxminən 1,3 milyon ton Qazaxıstan nefti daşınıb. Qazaxıstanın ixrac etdiyi 78,8 milyon ton neftin 64,8 milyon tonu isə Rusiya ərazisindən keçən CPC vasitəsilə dünya bazarlarına çıxarılıb. Bu da ölkənin ümumi neft ixracının təxminən 82 faizinə bərabərdir (KazMunayGaz, 2025).
Qazaxıstanın daxili tələbatının ödənilməsində, xüsusilə istehlakın yüksəldiyi dövrlərdə və yerli istehsal obyektlərində təmir işləri zamanı Rusiya qazından əlavə təchizat mənbəyi kimi istifadə olunur. Qazaxıstan eyni zamanda Rusiya qazının Özbəkistana tranzitində də iştirak edir (SK, 2025). 2025-ci ildə Qazaxıstanın ilk atom elektrik stansiyasının tikintisi üçün Rusiyanın dövlət korporasiyası “Rosatom”un rəhbərlik etdiyi konsorsium seçilib. Tərəflər 16,5 milyard dollarlıq layihə üzrə razılaşma imzalayıblar və layihənin qismən Rusiya ixrac krediti hesabına maliyyələşdirilməsi nəzərdə tutulur. Bu, həm də Rusiyadan texnologiya, ehtiyat hissələri, nüvə yanacağı və uzunmüddətli texniki xidmət sahələrində də davamlı asılılıq deməkdir (Reuters, 2026).
Hərbi-təhlükəsizlik asılılığı
Rusiyanın Qazaxıstandakı təsirinin digər mühüm dayağı ölkənin təhlükəsizlik sisteminin Moskva ilə dərin institusional və texnoloji bağlarıdır. Müstəqil Qazaxıstanda silahlı qüvvələr yaradılsa da, Rusiyadan asılılıq bitməyib. Qazaxıstanın Rusiyanın “patron” olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakı bu əlaqələri daha da gücləndirib. 2024-cü ildə Qazaxıstanın hərbi texnikasının 90 faizindən çoxu sovet və ya Rusiya mənşəli olub. Hava hücumundan müdafiə sistemləri, döyüş təyyarələri, helikopterlər, tanklar və artilleriya kimi mühüm sahələrdə Rusiyadan asılılıq xüsusilə yüksəkdir. Eyni zamanda xaricdə hərbi təhsil alan qazaxıstanlı hərbçilərin təxminən 90 faizi Rusiya hərbi akademiyalarında hazırlanıb (Grantseva, Abdrakhmanov, 2025).
Qazaxıstanın müstəqillikdən sonrakı siyasi elitası bu asılılıqdan narahat olmayıb, əksinə, təhlükəsizlik sahəsində Rusiyanı əsas tərəfdaş kimi saxlamaqda maraqlı olub. Bu, yalnız Nazarbayevlə məhdudlaşmayıb, eyni proses Tokayev dövründə də davam edib. Moskvanın təhlükəsizlik sahəsindəki dominantlığının ən bariz nümayişi isə 2022-ci ildə Qazaxıstandakı etiraz aksiyaları əsnasında baş verib. Rusiyanın 2500 nəfərlik hərbi kontingentinin Qazaxıstana yerləşdirilməsi aksiyaların susdurulmasına və Tokayevin avtoritar idarəçiliyinin güclənməsinə kömək edib (OSW, 2022).
Ukrayna müharibəsi Qazaxıstanı təhlükəsizlik sahəsində Rusiyadan asılılığı azaltma istiqamətində səylərə yönəldib (İİSS, 2025). Bu istiqamətdə mühüm addımlardan biri Türkiyə ilə hərbi-texniki əməkdaşlığın dərinləşdirilməsidir. 2022-ci ildə Qazaxıstanın “Kazakhstan Engineering” şirkəti ilə Türkiyənin TUSAŞ şirkəti arasında ANKA pilotsuz uçuş aparatlarının Qazaxıstanda birgə istehsalı və texnologiya transferinə dair memorandum imzalanıb. 2026-cı ilin mayında tərəflər PUA-ların istehsalı və texniki xidməti üçün birgə müəssisənin yaradılması barədə yeni razılaşma əldə ediblər (İletişim Başkanlığı, 2026).
Qazaxıstan hərbi təlimlər sahəsində də əməkdaşlığını şaxələndirib. 2024-cü ilin iyulunda Azərbaycan, Qırğızıstan, Tacikistan və Özbəkistanla birlikdə, Rusiya və Çinin iştirakı olmadan “Birlestik-2024” hərbi təlimləri keçirilib (Qazaxıstan Müdafiə Nazirliyi, 2024). Bundan əlavə, Qazaxıstan NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində hərbi hazırlıq və sülhməramlı əməliyyatlar üzrə əməkdaşlığını davam etdirir. Ölkə uzun illərdir “Steppe Eagle” təlimlərində iştirak edir və NATO standartları əsasında hərbi kadrların hazırlanmasına yönəlmiş proqramlardan istifadə edir (NATO, 2025).
Ancaq alternativ əməkdaşlıq istiqamətlərinin genişlənməsi Rusiya mənşəli silah sistemlərindən, hərbi kadr hazırlığından və mövcud müdafiə infrastrukturlarından asılılığı aradan qaldırmayıb.
Rusiyanın Qazaxıstandakı strateji təsir vasitələrindən biri də Baykonur kosmodromudur. Sovet dövründən qalan bu kompleks Qazaxıstanın mülkiyyətində olsa da, 1994-cü ildə imzalanmış və sonradan müddəti uzadılmış müqaviləyə əsasən 2050-ci ilə qədər Rusiyanın icarəsindədir (Qazaxıstan Dövlət Kosmik Agentliyi, 2026). Baykonur yalnız mülki kosmik proqramlar üçün deyil, Rusiyanın kosmik infrastrukturu və strateji maraqları baxımından da əhəmiyyət daşıyır.
Bundan əlavə, Rusiya Qazaxıstanın hərbi sınaq poliqonlarından da istifadə edir. Moskva Sarı-Şağan raket sınaq poliqonunu, 929-cu Dövlət Uçuş-Sınaq Mərkəzini və 4-cü Dövlət Mərkəzi İdarələrarası Poliqonu icarəyə götürüb. Bundan əlavə, Rusiyanın 929-cu Dövlət Uçuş-Sınaq Mərkəzinin ərazisinə Taysoğan sınaq poliqonu da daxildir. Poliqonun ərazisi ilkin olaraq 749,6 min hektar təşkil edib. Sonradan Rusiya bu ərazinin 624,6 min hektarını (83,3 faizini) Qazaxıstana qaytarıb və hazırda qalan 125,1 min hektar ərazini icarəyə götürür. Xüsusilə Sarı-Şağan poliqonu Rusiyanın raket və raketdən müdafiə sistemlərinin sınaqları baxımından strateji əhəmiyyət daşıyır. Burada Rusiyanın 110-cu təlim mərkəzi 2030-cu ilə qədər raket sınaqları aparmaq hüququna malikdir (Faktcheck KZ, 2023)
Beləliklə, Rusiyanın Qazaxıstandakı təhlükəsizlik mövqeləri yalnız hərbi əməkdaşlıqla deyil, ölkə ərazisində yerləşən və uzunmüddətli müqavilələrlə istifadə edilən strateji hərbi obyektlərlə də möhkəmlənir
TƏSİR GÜCÜ VƏ MÜDAXİLƏ MEXANİZMLƏRİ
Rusiyanın təhlükəsizlik sahəsindəki institusional mövqeləri, iqtisadi əlaqələri və xüsusilə enerji tranzitindən doğan asılılıq Moskvanın istifadə edə biləcəyi ciddi təsir rıçaqları olaraq qalır.
Siyasi təzyiq və ərazi bütövlüyü məsələsi
Kremlin Qazaxıstana təsir üçün istifadə etdiyi həssas mövzulardan biri ölkənin dövlətçiliyi və ərazi bütövlüyüdür. Rusiya siyasi və informasiya məkanında Qazaxıstanın şimal ərazilərinin tarixi mənsubiyyətini şübhə altına alan, qazax dövlətçiliyini sovet hakimiyyətinin yaratdığı siyasi qurum kimi təqdim edən bəyanatlar uzun müddətdir səsləndirilir. Xüsusilə 2022–2024-cü illərdə Rusiya siyasətçilərinin belə çıxışları artıb. Bu cür bəyanatlar Rusiya dövlətinin rəsmən ərazi iddiası irəli sürməsi demək olmasa da, Kremlin Ukraynada istifadə etdiyi tarixi və etnik arqumentlərlə oxşarlıq təşkil edir (Grantseva, Abdrakhmanov, 2025). Xüsusilə də Qazaxıstanın şimal bölgələrində etnik rusların çoxluğu və Moskvanın bundan hibrid müdaxilə bəhanəsi kimi istifadə etməsi riski təhlükəni artıran faktor olaraq dəyərləndirilir.
İnformasiya əməliyyatları və Kremlin narrativləri
Rus dilinin geniş yayılması Moskvanın Qazaxıstanın informasiya məkanına çıxışını asanlaşdırıb. Rusiya televiziyaları, rusdilli xəbər saytları, sosial şəbəkələr və əyləncə verilişləri uzun müddət ölkənin informasiya mühitinin ayrılmaz hissəsi olub. Beləliklə, Kreml öz mesajlarını Qazaxıstan auditoriyasına çatdırmaq üçün ayrıca qazaxdilli propaqanda infrastrukturu yaratmağa ehtiyac duymayıb. Rusiya informasiya məkanında yayılan siyasi narrativlər dil yaxınlığı və ortaq media istehlakı vasitəsilə Qazaxıstan ictimaiyyətinə də çatdırılıb. 2022-ci ildə Ukrayna müharibəsinin başlamasından sonra Qazaxıstanın rusdilli əhalisi arasında Rusiya mövqelərinə yaxınlaşma müşahidə olunub. Bu tendensiya hətta etnik qazaxlar arasında da qeydə alınıb. Rusdilli əhali arasında Rusiya xəbər saytlarının və sosial şəbəkələrinin istehlakı artıb. Tədqiqatlar Kremlyönlü propaqanda məzmununun istehlakı ilə Rusiyaya qarşı sanksiyalardan yayınmağa haqq qazandırılması arasında əlaqə müəyyən edib. Rusiyanın informasiya təsirinin daha geniş olduğu regionlardan sanksiya tətbiq edilmiş məhsulların Rusiyaya təkrar ixracında da böyük artım qeydə alınıb (Tkachenko, Karpa və başqaları , 2026).
Son sorğulara görə, qazaxıstanlıların 45,4 faizi qazax dilində, 31,1 faizi hər iki dildə, 21,1 faizi isə əsasən rus dilində informasiya almağa üstünlük verir. Bu göstəricilər qazaxdilli informasiya məkanının genişlənməsini göstərsə də, rus dilinin ölkə daxilində əhəmiyyətli auditoriyanı hələ də qoruduğunu təsdiqləyir. Rus dilində və iki dildə informasiya alanların birgə faizi Kreml narrativlərinin Qazaxıstanda kifayət qədər müştərisi olduğunu göstərir (Demoscope, 2026). Eyni zamanda son sorğulara görə, Qazaxıstanda Rusiya informasiya vasitələrinə inam azalıb, ancaq sosial şəbəkələrin əsas xəbər mənbəyi olması Kremlin təsir imkanlarını qoruyur (Demoscope, 2026).
Rusiyanın Qazaxıstandakı açıq və institusionallaşmış təsir infrastrukturu dövlətə bağlı media təşkilatlarıdır. Bu sahədə əsas aktorlardan biri Rusiya dövlətinin beynəlxalq informasiya agentliyi “Rossiya Seqodnya”ya bağlı “Sputnik Kazakhstan”dır (EUvsDisinfo, 2025). Televiziya sahəsində isə Rusiyanın təsir imkanlarını göstərən nümunələrdən biri “Avrasiya Birinci Kanal”dır. Kanalın səhmlərinin 20 faizi Rusiyanın “Birinci kanal”ına, 80 faizi isə Qazaxıstanın dövlət nəzarətindəki media strukturlarına məxsusdur (SMM, 2026)
Son illərdə Rusiyanın təsiri ənənəvi televiziyalardan rəqəmsal platformalara doğru genişlənib. Tədqiqatlar göstərir ki, 2025-ci ilin oktyabrından 2026-cı ilin fevralına qədər Qazaxıstan və Özbəkistanın informasiya məkanında monitorinqi aparılan 580 mindən çox sosial media paylaşımında 3008 narrativ nümunəsi və 32 fərqli narrativ istiqaməti müəyyənləşdirilib. “Telegram”, “YouTube” və “Facebook” kimi platformaları əhatə edən araşdırmalar Rusiyanı regiondakı əsas xarici informasiya təsiri aktoru kimi müəyyən edib (En Council, 2026). Bu platformalar arasında “Telegram” xüsusi yer tutur. 2025-ci ildə aparılan tədqiqata görə, Qazaxıstan informasiya məkanında son illərdə görüntüdə hökumətin narrativlərini dəstəkləyən, ancaq eyni zamanda Qərb düşmənçiliyi, Rusiya simpatizanlığı kimi mövzuları təşviq edən çoxsaylı “Telegram” kanalları peyda olub. Onların Qərb və Ukrayna mövzularında Kreml narrativlərinə uyğun məzmunları Rusiyanın “Matryoşka” əməliyyatlarına bənzər formada koordinasiyalı şəkildə yaydığı müəyyən edilib (De Jong, 2025).
Rusiya qonşu ölkədə təsir gücünü yerli ictimai təşkilatlar, ekspert şəbəkələri, mədəniyyət və təhsil layihələri vasitəsilə də qorumağa çalışır. Belə fəaliyyətin bir hissəsi açıq dövlət proqramları çərçivəsində həyata keçirilir. Bu istiqamətdə əsas dövlət aktorlarından biri xaricdə rus dili və mədəniyyətinin təşviqi ilə məşğul olan federal “Rossotrudniçestvo” agentliyidir. Rusiya dövlətinə bağlı strukturlar 2015-ci ilin yanvarından 2021-ci ilin avqustuna qədər Qazaxıstanda 150 ictimai təşkilatı 249 layihə vasitəsilə dəstəkləyiblər. Bunlardan 126 təşkilat və 167 layihə “Rossotrudniçestvo”nun fəaliyyəti ilə əlaqəli olub. Rusiya dövlətinin dəstəklədiyi layihələrdə rusdilli soydaş təşkilatları, kazak icmaları və digər ictimai birliklər mühüm yer tutub. Rusiya dövlət mediası isə Qərb tərəfindən dəstəklənən Qazaxıstan QHT-lərini tez-tez millətçiliyi təşviq etməkdə və etnik münasibətləri gərginləşdirməkdə ittiham edib (Aiddata, 2023).
Rusiyanın təsir fəaliyyətinin digər hissəsi isə xarici müdaxilə və gizli siyasi əməliyyatlar formasında həyata keçirilir. Belə əməliyyatlar barədə ən diqqət çəkən faktlardan biri keçən il ortaya çıxıb. “Dosye” Araşdırma Mərkəzinin əldə etdiyi sənədlərdə Rusiya Baş Qərargahının Baş Kəşfiyyat İdarəsi (QRU) ilə əlaqələndirilən şəxslərin Qazaxıstanda siyasi təsir şəbəkəsi yaratmaq planları təsvir olunub. 2022-ci ilin sonu və 2023-cü ilin əvvəlinə aid sənədlərdə elmi-tədqiqat mərkəzi adı altında fəaliyyət göstərəcək təşkilatın yaradılması, onun vasitəsilə ictimai rəyin öyrənilməsi, informasiya-psixoloji təsir kampaniyalarının aparılması və siyasi elitalarla əlaqələrin qurulması, Rusiyayönlü ekspertlərin sayının artırılması, informasiya kanallarının yaradılması, gənclərlə iş və Moskvanın mövqeyini dəstəkləyən ictimai təşkilatların formalaşdırılması təklif edilib. Böyük büdcəli bu plan siyasi elitaların nümayəndələrinə biznes imkanları və hüquqi təminatlar təqdim etməklə onların əməkdaşlığa cəlb etməyi də əhatə edib. Şimali Qazaxıstandan başlayaraq rusiyayönlü ictimai təşkilat və media qurumunun yaradılması, gələcəkdə siyasi partiyanın formalaşdırılması məsələsi də nəzərdən keçirilib. Azadlıq Radiosunun Qazaxıstan bürosunun məlumatına görə, sənədlərdə rusiyayönlü siyasi partiyanın mümkün rəhbəri kimi qazaxıstanlı solçu fəal Aynur Kurmanovun adı çəkilib. Sənədlərin tam həqiqiliyi müstəqil şəkildə təsdiqlənməsə də, jurnalistlər planlaşdırılmış tədbirlərin bir hissəsinin həqiqətən həyata keçirildiyini müəyyənləşdiriblər (Azattyk, 2025).
Bütün dünyada olduğu kimi, Qazaxıstanda da Kremlin informasiya fəaliyyətinin əsas istiqaməti Qərb institutlarının nüfuzdan salınması, Qərbin zəifləyən və etibarsız geosiyasi aktor kimi təqdim edilməsi, Rusiyanın regionun təbii və etibarlı tərəfdaşı obrazının qorunmasıdır. Qazaxıstanla bağlı dezinformasiya və manipulyasiya fəaliyyəti ölkənin daxili siyasi həssaslığına uyğunlaşdırılır. Bu, Kremlin yalnız ümumi anti-Qərb mesajları yaymaqla kifayətlənmədiyini, yerli auditoriyanın narahatlıqlarına uyğun informasiya məzmunundan da istifadə etdiyini göstərir (En Council, 2026).
Rusiyanın Ukraynaya qarşı müharibəsi Qazaxıstanda Kremlin əsas informasiya narrativlərindən biridir. Moskvanın müharibəni Ukraynadakı guya nasizmə qarşı mübarizə, Rusiyanın öz təhlükəsizliyini müdafiə etməsi və Qərbin təxribatlarına cavab kimi təqdim edən tezisləri Qazaxıstanın informasiya məkanında da geniş yayılıb.
NƏTİCƏ
Rusiyanın Ukraynada 2022-ci ilin fevralından apardığı hərbi əməliyyatlar onun digər postsovet ölkələri ilə münasibətlərinə də təsir edib. Ancaq münasibətlərdəki dəyişikliklər hər ölkə ilə fərqli situasiya yaradıb. Qazaxıstan da bu baxımdan istisna deyil.
Moskvanın işğalçılıq siyasəti və Qazaxıstanın dövlətçiliyini şübhə altına alan bəyanatları Astana üçün Rusiya təhlükəsini açıq şəkildə göstərib. Üstəlik, yaranmış yeni qlobal situasiya Qazaxıstan kimi zəngin rerurslu ölkələr üçün yeni imkanlar açıb. Qazaxıstan hakimiyyəti bundan yararlanaraq alternativ siyasi və iqtisadi tərəfdaşlarla əlaqələrini genişləndirməyə və manevr imkanlarını artırmağa çalışıb. Bununla yanaşı, avtoritar Tokayev hakimiyyəti “bir əldəki iki qarpız”ın heç birindən imtina etməyib. Əksinə, bir tərəfdən alternativ imkanları dəyərləndirərkən digər tərəfdən həm Rusiya ilə siyasi-institusional asılılığı davam etdirib, digər tərəfdən Moskvanın sanksiyalardan qaçma səylərindən də ciddi şəkildə faydalanıb. Bu da Rusiyanın Qazaxıstandakı təsirini qoryuya bilməsini təmin edib.
İki ölkə arasında çar Rusiyası və Sovet İttifaqı dövründə formalaşan, Nazarbayev və Tokayev dövründə davam edən siyasi, iqtisadi, demoqrafik və institusional təsir infrastrukturu mövqelərinin zəifləməsinə baxmayaraq, bu gün də Moskvanın təsir əməliyyatları üçün zəmin təşkil edə bilir. Kreml Qazaxıstanın siyasi elitalarının mövcud münasibətləri qorumaqda maraqlı olması, iqtisadiyyatının Rusiya bazarı və tranzit infrastrukturundan asılılığı, təhlükəsizlik sistemindəki institusional əlaqələrlə yanaşı dövlət mediası, mədəniyyət və təhsil təşkilatları, ekspert şəbəkələri və rəqəmsal platformalar vasitəsilə də Orta Asiyanın bu böyük ölkəsinə təsiri göstərməyə davam edir.
Qazaxıstanın xarici tərəfdaşlarının çoxalması, qazaxdilli informasiya məkanının genişlənməsi və Moskvanın Ukrayna müharibəsində üzləşdiyi vəziyyət Kremlin əvvəlki üstünlüyünü zəiflədib. Ancaq Qazaxıstanın Rusiyanın təsir dairəsindən tam çıxdığını söyləmək hələ tezdir. Astana hələ də strateji qərarlarında Moskvanın iqtisadi, enerji və təhlükəsizlik sahələrindəki mövqelərini nəzərə alır - bu məqamda isə struktur asılılıqları ilə avtoritar rejimin maraqları üst-üstə düşür.
Qeyd: Oxuduğunuz yazı orijinal olaraq Azərbaycan dilində yazılmışdır.
İSTİNADLAR
Umarov, Temur, 2024. Дружба за влияние. Как Россия и Китай уживаются в Центральной Азии. Carnegie Endowment for International Peace. https://carnegieendowment.org/ru/research/2024/04/druzhba-za-vliyanie-kak-rossiya-i-kitaj-uzhivayutsya-v-centralnoj-azii
Mallinson, Kate, 2024. Russia’s influence in Kazakhstan is increasing despite the war in Ukraine. Chatham House. https://www.chathamhouse.org/2024/02/russias-influence-kazakhstan-increasing-despite-war-ukraine
Murtazashvili, Jennifer B., 2026. Continental Asia and the Rise of Portfolio Politics. Carnegie Endowment for International Peace.https://carnegieendowment.org/research/2026/05/continental-asia-and-the-rise-of-portfolio-politics
OSW, 2026. Central Asia: A New Chapter. Opportunities and Challenges for Poland and the EU. Centre for Eastern Studies. https://www.osw.waw.pl/en/publikacje/osw-report/2026-05-19/central-asia-a-new-chapter
Financial Times, 2025. Russia’s fears over ex-Soviet nations laid bare in leaked paper. https://www.ft.com/content/2bb87769-805a-4270-bab2-2382e0b84cec
Silvan, Kristina, 2026. The limits of Kazakhstan’s foreign policy balancing: Domestic authoritarianism and linkages to Russia. Finnish Institute of International Affairs. https://fiia.fi/en/publication/the-limits-of-kazakhstans-foreign-policy-balancing
Cameron, Sarah, 2018. The Hungry Steppe: Famine, Violence, and the Making of Soviet Kazakhstan. Cornell University Press, s. 19.
Aldashev, Gani; Guirkinger, Catherine, 2017. Colonization and changing social structure: Evidence from Kazakhstan. Journal of Development Economics, 127, s. 413–430. https://www.sciencedirect.com/science/article/abs/pii/S0304387816301043
Pianciola, Niccolò, 2019. Nomads and the State in Soviet Kazakhstan. Oxford Research Encyclopedia of Asian History. Oxford University Press. https://doi.org/10.1093/acrefore/9780190277727.013.314
MPİ, 2002. Migration Dilemmas Haunt Post-Soviet Russia. https://www.migrationpolicy.org/journal/country-profile/migration-dilemmas-haunt-post-soviet-russia
Stevens, Christopher A., 2020. Russia–Kazakhstan Relations in the Early Post-Soviet Era: Explaining the Roots of Cooperation. Europe-Asia Studies, 72(7), s. 1153–1185. https://doi.org/10.1080/09668136.2020.1719979
Bohr, Annette; Mallinson, Kate və başqaları, 2019. Kazakhstan: Tested by Transition. Chapter 7: Relations with Russia and China. Chatham House. https://www.chathamhouse.org/2019/11/kazakhstan-tested-transition/7-relations-russia-and-china
Qazaxıstan Milli Statistika Bürosu, 2026a. Demography Statistics: Publications. https://stat.gov.kz/en/industries/social-demography/demography/publications
MDPI, 2026. Languages, Vol. 11, No. 9, Article 189. https://www.mdpi.com/2226-471X/11/9/189
OECD, 2025. Kazakhstan: Enhancing the Competitiveness of the Trans-Caspian Transport Corridor in Central Asia. https://www.oecd.org/en/publications/enhancing-the-competitiveness-of-the-trans-caspian-transport-corridor-in-central-asia_f261e7fa-en/full-report/kazakhstan_ee932d55.html
ETSE, 2026. Kazakhstan’s Global Trade and EAEU Trade Statistics. https://etse.kz/en/about/press/news/kazakhstan-global-trade-eaeu-decline
Qazaxıstan Milli Statistika Bürosu, 2026b. Foreign Trade Turnover of the Republic of Kazakhstan, January–August 2026. https://stat.gov.kz/en/industries/economy/foreign-market/publications/519027/
Qazaxıstan Milli Statistika Bürosu, 2026c. Statistics of Registered and Operating Legal Entities. https://stat.gov.kz/en/industries/business-statistics/stat-org/publications/508043/
Bohr, Annette, 2025. Playing both sides: Central Asia between Russia and the West. Chatham House. https://www.chathamhouse.org/2025/03/playing-both-sides-central-asia-between-russia-and-west
OSW, 2026. Ukrainian attacks on the CPC oil pipeline: Outlook for Kazakhstan’s oil sector. Centre for Eastern Studies. https://www.osw.waw.pl/en/publikacje/analyses/2026-02-04/ukrainian-attacks-cpc-oil-pipeline-outlook-kazakhstans-oil-sector
KazMunayGas, 2026. Annual Report 2025. Operating Review: Midstream. https://ar2025.kmg.kz/en/strategic-report/operating-review/midstream
SK, 2025. Oil and Gas. https://www.sk.kz/en/oil-gas.html
Reuters, 2026. Russia signs agreement to build nuclear power plant in Kazakhstan. https://www.reuters.com/business/energy/russia-signs-agreement-build-nuclear-power-plant-kazakhstan-2026-05-28/
Grantseva, Vera; Abdrakhmanov, Rakhimbek, 2025. Kazakhstan After the Double Shock of 2022. French Institute of International Relations (IFRI). https://www.ifri.org/sites/default/files/2025-10/ifri_grantseva_abdrakhmanov_kazakhstan_2025_en.pdf
OSW, 2022. Kazakhstan: CSTO intervenes, protests pacified. Centre for Eastern Studies. https://www.osw.waw.pl/en/publikacje/analyses/2022-01-10/kazakhstan-csto-intervenes-protests-pacified
IISS, 2025. The Military Balance 2025: Russia and Eurasia. https://www.iiss.org/publications/the-military-balance/2025/russia-and-eurasia/
İletişim Başkanlığı, 2026. Kazakhstan, Türkiye sign deal on joint drone production.
https://www.iletisim.gov.tr/english/dis_basinda_turkiye/detay/kazakhstan-turkiye-sign-deal-on-joint-drone-production-xinhua-english
Qazaxıstan Müdafiə Nazirliyi, 2024.Подведены итоги международного учения «Бірлестік-2024». https://www.gov.kz/org/mod/press/news/details/811202?lang=ru
NATO, 2025. Relations with Kazakhstan. https://www.nato.int/en/what-we-do/partnerships-and-cooperation/relations-with-kazakhstan
Qazaxıstan Dövlət Kosmik Agentliyi, 2026. Байконур. Пусковые услуги.https://www.gov.kz/org/kazcosmos/activities/801?lang=ru&parentId=5
Faktcheck KZ, 2023. Правда ли, что Казахстан сдаёт России земли под военные полигоны за 1050 тенге за гектар? https://factcheck.kz/articles/pravda-li-chto-kazahstan-sdayot-rossii-zemli-pod-voennye-poligony-za-1050-tenge-za-gektar/
Tkachenko, Andrey, Karpa David və başqaları, 2026. Speaking the Aggressor’s Language: Identity and Sanctions Evasion. https://dkarpa.github.io/assets/pdf/Speaking_the_Aggressors_Language.pdf
DEMOSCOPE, 2026. Опрос: казахстанцы выбирают соцсети и казахский язык. https://demos.kz/opros-kazahstancy-vybirajut-socseti-i-kazahskij-jazyk/
EUvsDisinfo, 2025. Western-funded NGOs instil hostility between Kazakhstan and Russia. https://euvsdisinfo.eu/report/western-funded-ngos-instil-hostility-between-kazakhstan-and-russia/
SMM, 2026. Eurasia Channel One. https://statemediamonitor.com/2026/08/eurasia-channel-one/
EN Council, 2026. Information Under Pressure: Research on Foreign Information Manipulation and Interference in Kazakhstan and Uzbekistan. https://encouncil.org/2026/05/18/information-under-pressure-research-on-foreign-information-manipulation-and-interference-in-kazakhstan-and-uzbekistan/
De Jong, Henry, 2025. Russian Pressure and Kazakhstan’s Embattled Civil Society. The Diplomat. https://thediplomat.com/2025/05/russian-pressure-and-kazakhstans-embattled-civil-society/
AidData, 2023. Kazakhstan: Civic Space Country Report, 2010–2021. William & Mary. https://docs.aiddata.org/reports/civic-space/country-reports/kaz/kazakhstan-civic-space-2010-to-2021.html
Azattyq Radiosy, 2025. От обвинений в «русофобии» до подкупа элит. Как российские агенты раскинули свои сети в Казахстане. https://www.azattyqasia.org/a/kak-rossiyskie-agenty-raskinuli-seti-v-kazahstane/33502175.html