22 iyl 2025

Neftdən Tranzitə: İlham Əliyevin 12 saniyəlik iqtisadi vektoru

Neftdən Tranzitə: İlham Əliyevin 12 saniyəlik iqtisadi vektoru

✍️Emin Aslanov

Bakı Dövlət Universitetində Beynəlxalq Hüquq üzrə bakalavr və ABŞ-ın Nyu-York şəhərində Syracuse Universitetinin Hüquq fakultəsində magistr təhsili alıb. Hazırda hüquqçu kimi fəaliyyət göstərir.

Şuşada keçirilən III Qlobal Media Forumu, İlham Əliyevin uzun zamandır ilk dəfə açıq auditoriya qarşısında iqtisadi vizyonunu ifadə etməsi üçün nadir bir fürsət yaradırdı. Ancaq nəticə məyusedici oldu.  Məlum oldu ki, dövlətin iqtisadi inkişafla bağlı ideya(ları) və strategiyası yoxdur. 

Forum çərçivəsində Vaşinqtonda yerləşən Global Policy Institute-un rəhbəri Paolo von Schirachın ünvanladığı sual, “Azərbaycanın və regionun inkişaf vektorları nədən ibarətdir?”, vacib əhəmiyyət daşıyırdı ( Paolo von Schirach 2025). Cavab isə cəmi 12 saniyəlik bir açıqlama oldu: “Əsas prioritet faydalı qazıntılar deyil, informasiya texnologiyaları və süni intellekt sahələridir. Süni intellektlə bağlı aparıcı şirkətlərlə əməkdaşlıq edirik…” (İlham Əliyev, 2025)

İlham Əliyevin çıxşı isə nəyinki suala aydınlıq gətirdi, hətta əlavə sualların yaranmasına səbəb oldu: Azərbaycan hökuməti, daha dəqiq desək prezident İlham Əliyev ölkənin iqtisadi gələcəyi ilə bağlı nə düşünür? Hansı vektoru seçir və bu vektor nə qədər real və dayanıqlıdır?

İki cümləlik strategiya

İqtisadi strategiya hazırlamaq və onun icrasını həyata keçirtmək dövlətlərin ən əsas fəaliyyətlərindən biridir. Amma görünən odur ki, Azərbaycanın siyasi rəhbərliyi bu sahəyə etinasız yanaşır. Əgər bir ölkənin prezidenti iqtisadi inkişafla bağlı suallara 12 saniyəlik, üstəlik, konkret planlardan uzaq bir cavab verirsə, bu, həmin ölkənin iqtisadi gələcəyi ilə bağlı baş yormadıqlarını göstərir. 

Əliyevin çıxışında vurğuladığı informasiya texnologiyaları və süni intellekt sahələri Azərbaycan reallığı ilə dəstəklənmir çünki bunun üçün infrastruktur, insan kapitalı, texnoloji mühit yox dərəcəsindədir. Bu sahələrdə əməkdaşlıq iddiası isə sadəcə beynəlxalq auditoriyaya yönəlik PR mesajı kimi görünür.

Yeni xilaskar: Tranzit və yaşıl enerji

Əliyevin daha geniş danışdığı məsələ, Azərbaycanın tranzit mərkəzə çevrilməsi arzusu kimi səslənirdi. Belə ki, regiondakı yeni geosiyasi şərtlər - Rusiya ilə Qərb arasındakı qarşıdurma və onun yaratdığı nəqliyyat vakuumu - Azərbaycanı müvəqqəti olaraq logistika baxımından cəlbedici edib. Amma burada da bir sıra suallar yaranır:

  • Tranzit iqtisadiyyatı uzunmüddətli dayanıqlı strategiya ola bilərmi?
  • Bu sektorun yaratdığı gəlir 11 milyon insanın rifahını təmin edə bilərmi?
  • Regionda geosiyasi şərtlər dəyişərsə və Azərbaycan tranzit ölkə olaraq strateji əhəmiyyətini itirərsə, taleyimiz necə olacaq?

“Tranzit mərkəz” konsepti də birbaşa kirayə iqtisadiyyatının yeni formasıdır. Neftlə dolanmaqdan fərqli olaraq, bu dəfə “coğrafi mövqe” kirayəyə verilir. Amma bu da xarici aktorların şərtlərinə bağlı və qeyri-stabil gəlir mənbəyidir. (Jody LaPorte, 2024)

Yaşıl enerji məsələsinə gəlincə, bu sahədə Azərbaycanın ciddi potensialı olduğu söylənsə də, infrastrukturun inkişaf səviyyəsi və texnoloji baza hələ yolun başlanğıcındadır. Buradan real ixrac gəliri əldə olunması üçün illərlə vaxt və milyardlarla investisiya tələb olunur (Yana Zabanova, 2024)

Tək adamın iradəsinə tabe iqtisadiyyat

Azərbaycan reallığında iqtisadi qərarların mərkəzində yalnız bir fiqur dayanır - prezident İlham Əliyev. İqtisadi vektorlar, inkişaf planları və beynəlxalq əməkdaşlıqlar hökumət və ya parlament səviyyəsində deyil, prezidentin çıxışları və təşəbbüsləri ilə müəyyən olunur. Nəticədə ölkə iqtisadiyyatı yalnız bir şəxsin taktiki maraqlarına, hətta bəzən əhvalına, hansı ölkə liderinə sevgi və ya sevgisiz yanaşmasına bağlı qalır. 

12 saniyədən 12 il sonraya

Neft hasilatının təbii azalması, qaz ixracatının artmasının bu itkiləri kompensasiya edə bilməməsi və dünyada yaşıl enerji keçidinin dönməz prosesə çevrilməsi Azərbaycanın mövcud iqtisadi modelini kökündən sual altına qoyur (Jody LaPorte, 2024). Hazırkı “kirayəçi dövlət” modeli, yəni iqtisadiyyatı resursların və coğrafi mövqenin qısamüddətli kirayəsi üzərində qurmaq isə uğursuz iqtisadi baxışıdır. 

Belə ki, əgər bu gün Azərbaycanın geosiyasi üstünlüyü, yəni Rusiyanın təcridi və alternativ nəqliyyat marşrutlarına olan tələbat, müəyyən gəlir vəd edirsə, bu vəziyyətin sabit və qalıcı olacağına zəmanət vermir. Qlobal siyasi balanslar dəyişəndə, Azərbaycan bu mövqeyi asanlıqla itirə bilər. Bu halda, iqtisadiyyatın hansı yeni dayaqlar üzərində duracağı, hansı sahələrin böyüyəcəyi və cəmiyyətin rifahını necə təmin edəcəyi kimi suallar cavabsız qalır.

Daha öncə enerji resurslarının yaratdığı daimi gəlirlər hökumətə alternativ iqtisadi planlaşdırma üçün “vaxt və azadlıq” vermişdi. Amma vaxt daralır seçimlərsə azalır. İndi dövlət daha sürətlə hərəkət etməlidir. Dövr dayanıqlı gəlir sahələrinin yaradılmasını, insan kapitalına sərmayə və texnoloji eksositemin qurulmasını tələb edir. Azərbaycanın sərt avtoritar sistemi bu sahələrin gələcəkdə də yaranacağını mümkünsüz edir, çünki bunlar sistemli iqtisadi, təhsil, siyasi islahatlardan asılıdır ki, bunlar siyasi hakimiyyət üçün ağır dilemalardır. Məhz bu səbəbdən prezidentin çıxışında bu məsələlərin izinə belə rast gəlinmədi.

İqtisadi vektorların yalnız bir liderin dünyagörüşü və gündəlik ritorikasına bağlanması, sistemsizliyə və davamsızlığa gətirib çıxardır. Bu, həm də beynəlxalq investorlar üçün xoşagəlməz siqnaldır. Çünki iqtisadi siyasətin fərdi qərarlarla dəyişə bilməsi əlverişli investisiya mühtinə zəmanat vermir, prezident səviyyəsində verilən “centlmen” sözləri isə kiçik sayda investor üçün cəlbedici ola bilər. 

Üstəlik, süni intellekt və rəqəmsal iqtisadiyyat kimi sahələrin adının çəkilməsi, əgər real infrastruktur, təhsil bazası və insan resursu ilə müşayiət olunmursa, sadəcə görüntü yaratmaq üçün istifadə edilən boş etiketlərə çevrilir. Bu sahələrə keçid, təkcə xarici əməkdaşlıqlarla deyil, daxili potensialın reallaşmasından asıldıır, bu isə ona sistemli investisiya edilməsini tələb edir. Hazırda isə nə ali təhsil, nə də innovasiya infrastrukturu bu keçidə hazırlanır.

Nəticə olaraq, Azərbaycanın qarşısındakı əsas seçim bundan ibarətdir: ya iqtisadi vektorun şəxsi ritorikalardan çıxarılıb, strateji və kollektiv planlaşdırma modelinə keçirilməsi təmin olunacaq, ya da ölkə tranzit ambisiyalarının və postsovet neftçilik modelinin tükəndiyi bir məqamda yeni iqtisadi və sosial böhran dalğaları ilə üz-üzə qalacaq.

Bu səbəbdən, ölkə başçısının ölkə iqtisadiyyatının gələcəyi ilə bağlı verdiyi cavab təkcə 12 saniyəni deyil, qarşıdakı 12 ili və daha çoxunu müəyyən etməli idi. Ancaq görünən odur ki, Azərbaycanın hakimi-mütləqi ölkə iqtisadiyyatının gələcəyini cəmi 12 saniyəyə dəfn etməyə üstünlük verdi. 


References

Paolo von Schirach, n.d. President of the Global Policy Institute: https://globalpi.org/person/paolo-von-schirach/

 İlham Əliyev 2025, 19 Iyul 2025 AZTV:  https://www.youtube.com/watch?v=ykZDQdukM64 

Yana Zabanova. 2024. The EU and Azerbaijan as Energy Partners: Short-Term Benefits, Uncertain Future https://www.boell.de/en/2024/11/05/eu-and-azerbaijan-energy-partners-short-term-benefits-uncertain-future 

Jody LaPorte, 2024. Baku’s Balancing Act: Azerbaijan Between Green Energy and Oil Rents https://carnegieendowment.org/research/2024/10/bakus-balancing-act-azerbaijan-between-green-energy-and-oil-rents?lang=en


Bell icon

Ən son yeniliklərdən xəbərdar olmaq üçün bülletenimizə abunə olun

Etibarlı e-poçt ünvanı təqdim edin