(Yazı KHAR Centerin Təhlükəsizlik və Dövlət Arxitekturası araşdırması çərçivəsində hazırlanıb)
Giriş
Son iki illik dövrdə Azərbaycan-Rusiya dövlətlərarası münasibətlərində qeyri-stabil dinamika müşahidə olunur. Bəzən problemlərin baş qaldırdığı, sonra sanki hər şeyin yoluna qoyulduğu, daha sonra yenidən gərginliyin yarandığı ziqzaqvari proses var. Halbuki 2022-ci ilin fevralında Moskvada prezidentlər Vladimir Putin və İlham Əliyev tərəfindən imzalanan Bəyannamə ilə iki dövlət arasında müttəfiqlik münasibətlərinin qurulduğu elan olunmuşdu (Prezident.az, 2022). Bu, postsovet mərhələsində Moskva-Bakı əlaqələrinin zirvə nöqtəsi idi, çünki buna qədər “geosiyasi neytrallıq” adlandıra biləcəyimiz ana xətt Azərbaycan hakimiyyətinin xarici siyasətinin təməlini təşkil edirdi.
Qlobal və regional güc mərkəzləri ilə praqmatik əlaqələrin qurulması, onların Azərbaycandakı maraqlarının bu və ya digər şəkildə təmin edilməsi, yaxud ən azı bu güclərin strateji səviyyəli maraqlarına hər hansı təhlükə yaradılmaması bütün tərəfləri qane (az və ya çox dərəcədə) edən bir tarazlığın ortaya çıxmasına səbəb olmuşdu. Rusiya məmnun idi ki, Azərbaycan qonşusu Gürcüstan, eləcə də Ukrayna kimi avroatlantik inteqrasiya yolunu seçərək onun bölgə maraqlarına təhdid yaratmır; Qərb də öz növbəsində məmnun idi ki, Rusiya və İranın əhatəsində, mürəkkəb coğrafiyada yerləşən Azərbaycan onunla enerji, bəzi mərhələlərdə isə (məsələn, Əfqanıstan əməliyyatları) təhlükəsizlik sahəsində yaxın tərəfdaşlıq edir, Avrasiya İqtisadi İttifaqı, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı kimi inteqrativ birliklərə qatılmır, suverenliyini qorumağa çalışır. “Balans siyasəti” kimi məşhurlaşan bu siyasət rejimi xarici təzyiqlərdən qoruyaraq onun daxili dayanıqlılığına xidmət edirdi və sonda II Qarabağ müharibəsində hərbi qələbəyə zəmin yaratmaqla Əliyevin legitimliyinə böyük töhfə verdi.
KHAR Centerin bu analizinin məqsədi Rusiya-Azərbaycan gərginliyinin mexanizmini açmaq, qlobal və regional balansın dəyişməsini əsaslandırmaq və münasibətlərin həqiqi mahiyyətini xarakterizə etməkdir.
Analizin əsas sualı "Kağız üzərində müttəfiq olan Azərbaycan və Rusiya arasında vaxtaşırı alovlanan böhranların kökündə hansı geosiyasi ziddiyyətlər dayanır və bu gərginlik iki ölkə arasında strateji qırılmaya səbəb ola bilərmi?" şəklindədir.
Cənubi Qafqazda Rusiyanı əvvəlcə gücləndirən, sonra zəiflədən yeni reallıq
Azərbaycanın qələbəsi və işğaldakı ərazilər üzərində suverenliyini bərqərar etməsi regionda əvvəlki status-kvonu dağıtmaqla proqnozlaşdırılmayan yeni proseslərin də əsasını qoydu. Necə deyərlər, kartlar yenidən paylanmağa başladı. Rusiya və İran rejimlərinin terminologiyası ilə ifadə etsək, “regiondan kənar güclər” yeni status-kvonun formalaşması mərhələsinə müdaxilə etməyə başladı. Halbuki ilk mərhələdə Rusiyanın dominantlığı var idi, 10 noyabr 2020-ci il tarixli Bəyanatla o, öz hərbi kontingentini “sülhməramlı qüvvələr” kimi Qarabağa yerləşdirmiş və üçtərəfli format vasitəsilə Azərbaycan-Ermənistan sülh və əməkdaşlıq prosesini inhisarına almışdı. Bu format Moskvaya bütün məsələləri öz maraqları çərçivəsində tənzimləməyə imkan yaradırdı. Paralel olaraq, bölgənin iri dövlətləri İran və Türkiyəni cəlb etməklə ortaya atılan 3+3 formatı (Gürcüstan qoşulmasa da) mahiyyət etibarilə antiqərb koalisiyası xarakteri daşıyırdı və məqsəd ABŞ və Avropa İttifaqını regiona buraxmamaq, buradakı bütün məsələləri Qərbin iştirakı olmadan tənzimləmək idi. Beləliklə, yeni status-kvo quruculuğunun ilk mərhələsi İranda narahatlıq yaratsa da, Rusiyaya əvvəlki mərhələdən daha çox siyasi dividentlər vəd edirdi və regional geosiyasətdə onun lider mövqeyini gücləndirirdi. Amma sülhməramlıların 2024-cü ilin iyununda Azərbaycandan çıxarılması və sonra baş verənlər “10 noyabr prosesi”ni bitirdi (APA, 2024). Bundan əvvəl, 2023-cü ilin sentyabrında Azərbaycan ordusu bir sutkalıq əməliyyat nəticəsində Xankəndini nəzarətə götürmüş və separatçı “DQR” rejimi ləğv edilmiş, erməni əhali Qarabağı tərk etmişdi. 2022-ci ilin oktyabrında Praqada Avropa liderlərinin iştirakı ilə Əliyev və Paşinyan arasındakı görüşdə isə Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü (Dağlıq Qarabağ da daxil olmaqla) rəsmən tanıması konfliktin predmetini aradan qaldırmış, Rusiyanın vasitəçi rolunu və onun sülhməramlı kontingentinin zərurliyini sual altında qoymuşdu.
Bütün bunlar mərhələnin əvvəlində Rusiya üçün strateji proqres kimi görünən mənzərəni bir anda strateji reqresə çevirdi. Moskva öz hərbi kontingentini çıxarmağa etirazsız (zahirən) razılaşsa da, bu fakt II Qarabağ müharibəsindən sonra Rusiyanın bölgədə mövqelərini zəiflədən vacib hadisələrdən biridir. O, moderator rolunu itirdi. Mümkündür ki, Azərbaycan-Rusiya ikitərəfli münasibətlərində problemlər və etimadsızlıq latent səviyyədə məhz bu hadisədən sonra başlayıb. Problemlərin açıq müstəvidə başlanğıc nöqtəsi kimi isə 2024-cü il dekabrın 25-də Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsinin Rusiya səmasında vurularaq Aktauda qəza enişi etməsi nəticəsində 38 nəfərin ölməsini qeyd etmək lazımdır (BBC, 2024). Faciəyə Moskvanın ilkin reaksiyası – təyyarənin vurulması faktını etiraf etməyərək bunu ört-basdır etməyə çalışması Bakıda ciddi narazılıq, hətta qəzəb doğurdu. Putinin sonrakı üzrxahlığı da Bakını qane etmədi (BBC, 2024).
AZAL təyyarəsinin vurulduğu dəqiqələrdə İlham Əliyev MDB dövlət başçılarının qeyri-rəsmi zirvə görüşündə iştirak etmək üçün Sankt-Peterburqa uçurdu. Hadisə baş verdikdən dərhal sonra Əliyevin təyyarəsi Rusiyada yerə enmədən geri, Bakıya dönüb. Bəzi iddialara görə, Əliyev sırf sərnişin təyyarəsinin vurulmasına görə deyil, öz təyyarəsinin də məruz qaldığı radiotexniki müdaxilələr səbəbindən Bakıya qayıdıb. “Turan” agentliyi bu barədə 2025-ci il yanvarın 4-də “Azərbaycan Prezidentinin təyyarəsi Rusiya üzərində GPS problemləri ilə üzləşdi, araşdırma təsdiqləyir” başlıqlı informasiya yayıb, lakin rəsmi qurumlar bu xəbəri təkzib edib. Agentlik özü də bir gün sonra təkziblə çıxış edib və bir ay sonra fəaliyyətini dayandırıb (Modern.az, 2025).
AZAL təyyarəsinin yanlışlıqla vurulmasına şübhə yoxdur, ona görə də Azərbaycanın kəskin və qəzəbli reaksiyasını aylarla davam etdirməsinin məhz prezident təyyarəsinə müdaxilə ilə əlaqəli ola biləcəyi və Rusiyaya qarşı Bakıda dərin etimadsızlığın yarandığı barədə gümanlar əsassız olmaya bilər.
Gərginlik – səngimə – gərginlik spiralı
Təyyarə faciəsinin əks-sədası davam edərkən 2025-ci il iyunun 27-də Rusiyanın Yekaterinburq şəhərində xüsusi təyinatlı polisin (OMON) azərbaycanlılara qarşı həyata keçirdiyi əməliyyat növbəti böhrana səbəb olub. Yerli azərbaycanlıların yaşayış və iş yerlərinə polis basqınları və onlara qarşı fiziki zorakılıq nəticəsində 2 nəfər ölüb, 6 nəfər həbs edilib (Modern.az, 2025). Bakı buna kəskin etirazını bildirib (Report.az, 2025). Cavab addımı kimi iyunun 30-da Azərbaycan polisi “Sputnik-Azərbaycan” informasiya agentliyinin ofisində əməliyyat keçirib, agentliyin direktoru İqor Kartavıx və baş redaktoru Yevgeni Belousov saxlanılıb, onlar haqqında 4 aylıq həbs qərarı verilib (Qafqazinfo, 2025).
2025-ci il oktyabrın 9-da münasibətlərin pisləşməsindən bəri ilk dəfə olaraq Tacikistan paytaxtında Putin və Əliyev arasında üzbəüz görüş keçirilib. Putin 10 ay əvvəl Azərbaycan təyyarəsinin vurulmasını həmin an səmada Ukrayna dronlarının olması və Rusiya hava hücumundan müdafiə sistemindəki texniki nasazlıqla izah edib. O, qurbanların və yaralıların ailələrinə kompensasiya ödəyəcəklərini deyib (President.az, 2025). Bu görüşdən sonra Bakıda həbs olunan Rusiya vətəndaşları Kartavıx və Belousov azadlığa buraxılıb (Modern.az, 2025).
Lakin gərginliyə son qoyulduğu və əlaqələrin əvvəlki axarına qayıtdığı barədə gümanlar, o cümlədən iki ökə rəhbərliyinin bu barədə açıqlamaları özünü doğrultmayıb. Məsələn, IV Şuşa Qlobal Media Forumunda (13 iyul, 2026) rusiyalı jurnalistin sualına cavabında İlham Əliyev bildirmişdi ki, iki ölkə arasında problemlər artıq geridə qalıb. “Münasibətlər tam normallaşıb, müxtəlif səviyyələrdə təmaslar baş tutub: hökumət səviyyəsində, hökumət üzvləri, hökumətlərarası komissiyaların həmsədrləri, xarici işlər nazirlikləri və prezident administrasiyaları arasında. Beləliklə, düşünürəm ki, bu istiqamətdə hər şey yaxşı gedir və biz buna şadıq”, deyə Əliyev söyləyib (President.az, 2025). Onun bəhs etdiyi pozitiv dinamika cəmi bir ay davam edib. Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Rusiyaya rəsmi səfərinin ertəsi gün, avqustun 18-də Rusiya səfiri Mixail Yevdokimov Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb. Nazirlikdən verilən rəsmi açıqlamada bildirilib ki, “Rusiyanın media və informasiya məkanında Azərbaycan Respublikası, Azərbaycan xalqı və ölkə rəhbərliyi əleyhinə səsləndirilən təxribat, təhqir və təhdid xarakterli açıqlamalarla bağlı Azərbaycan tərəfinin ciddi narahatlığı və qəti etirazı Rusiya tərəfinin diqqətinə çatdırılıb” (AzərTAC, 2026).
Eyni gün Azərbaycan Baş Prokurorluğu 3 Rusiya vətəndaşı haqqında cinayət işi başlandığını və barələrində axtarış elan olunduğunu açıqlayıb. Bunlar “Moskva 24” telekanalının aparıcısı İvan Knyazev, siyasi məsləhətçi və media eksperti Semyon Uralov və Rusiya nəqliyyat nazirinin müşaviri, jurnalist Aleksey Çadayevdir. Baş Prokurorluğun açıqlamasına əsasən bu şəxslər “YouTube” platformasındakı proqramda Azərbaycan Respublikasına qarşı zorakı üsulların tətbiq edilməsi, ölkənin Konstitusiya quruluşunun zorla dəyişdirilməsi və ərazi bütövlüyünün parçalanması, eləcə də milli nifrət və düşmənçiliyin salınmasına yönələn çağırışlarla çıxış ediblər (Qafqazinfo, 2026). Bu şəxslər İ.Əliyevin Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən bəyanatlarından, Azərbaycan-Ukrayna əlaqələrindən (Zelenski aprel ayında Azərbaycana səfər edib) narazılıqlarını ifadə edərək ümumən Bakının xarici siyasətini qeyri-dost siyasət kimi qiymətləndiriblər. Məsələn, A.Çadayev verilişdə bildirib ki, İlham Əliyev rejimini ya ram etmək, ya da məhv etmək lazımdır. O, Azərbaycanda vətəndaş müharibəsi törətməyi, ölkənin ərazi bütövlüyünü pozmağı da mümkün tədbirlər kimi qeyd edib (Телеканал Прямий, 2026).
Azərbaycanın demarşından sonra A.Çadayev nazir müşaviri vəzifəsindən istefa versə də, efirdə söylədiklərini sadəcə ona aid fərdi düşüncələr kimi dəyərləndirmək doğru olmaz. Çadayev Moskvadakı bəzi rəsmi dəhlizlərdə mövcud olan əhval-ruhiyyəni ifadə edir, Azərbaycan hakimiyyətinin qeyri-rəsmi media platformasında deyilənlərə ilk baxışdan qeyri-adekvat görünən reaksiyasının əsl səbəbi də budur. Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev rusiyalı ekspertlər, jurnalistlər, blogerlər tərəfindən məqsədyönü şəkildə yaradılan neqativ informasion fon şəraitində müttəfiqliyin çətin olduğunu vurğulayıb (RTVI, 2026). Onun sözıətinə görə, hazırda Rusiyada çoxmilyonlu auditoriyaya malik 96 xəbər portalı, “Telegram” və YouTube kanalı, digər media orqanları Azərbaycan haqqında “qeyri-dost ölkə” tezisini yayır və bu rəqəm gündən-günə artır. Səfir deyib ki, Azərbaycanın narahatlığını müxtəlif siyasi səviyyələrdə Rusiya tərəfinin diqqətinə çatdıraraq belə fəaliyyətlərin qarşısının alınmasına çağırış etsələr də, Rusiya informasiya və media məkanında bu tip yayınlar və mövqelər nəinki davam edir, hətta təhlükəli xarakter alıb: “İş artıq Azərbaycan daxili siyasi proseslərinə müdaxilənin müzakirəsi, Azərbaycan xalqı və rəhbərliyinə qarşı fiziki zorakılığa çağırşlara qədər gedib çıxıb”. Bakı Rusiya media məkanında Azərbaycana qarşı formalaşdırılan atmosferə Moskvanın siyasi qiymət verməsini və bu mühitin sağlamlaşdırılması üçün konkret tədbirlərin görülməsini istəyir. Görünür, Əliyev hələ gözləntilərinə cavab almadığı üçün sentyabrın 1-də Şanxay Əməkdaşlıq Təşkilatının Bişkek sammiti çərçivəsində Putinlə yalnız dəhlizdə qarşılaşarkən ayaqüstü söhbət etməklə kifayətlənib, bunu ikitərəfli görüş kimi qiymətləndirmək olmaz (Report.az, 2026).
Qlobal geosiyasi kontekst
Azərbaycan-Rusiya münasibətlərində neqativ tendensiya Donald Trampın təkrar ABŞ prezidenti seçilməsindən sonrakı dövrə təsadüf edir. Azərbaycan hakimiyyəti uzun illər qlobal güclər arasında birmənalı strateji seçim etməkdən yayınıb və belə bir seçimi öz maraqları baxmından gərəksiz risk hesab edib. O, sadəcə olaraq, qlobal-regional konyukturdan asılı olaraq bu və ya digər tərəfə müvəqqəti meyllənib. Məsələn, 2022-ci ilin fevralında, Ukraynaya hücumdan iki gün əvvəl Rusiya ilə Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə imzalanıb. Rusiya ordusunun Ukrayna sərhədlərində hərbi müdaxiləyə hazır şəkildə dayandığı bir məqamda Azərbaycan tərəfini bu sənədi imzalamağa sövq edən faktor şübhəsiz ki, Rusiyanın Ukraynada uğur qazanacağı və beləliklə, postsovet coğrafiyasında hegemoniyasını bərpa edəcəyinə olan inamla əlaqədar idi. Lakin Rusiya ordusu ilk həmlədə Kiyevi işğal edə bilmədikdən sonra Azərbaycan hakimiyyəti çevik şəkildə öz siyasətini yeni situasiyaya uyğunlaşdıraraq Ukraynaya humanitar yardım göndərməyə qərar vermişdi. Sonrakı mərhələdə dəyişən qlobal geosiyasi şəraitə uyğun olaraq bu müttəfiqliyin də əslində konyuktural olduğu və strateji seçim anlamına gəlmədiyi aydın göründü.
2025-ci il avqustun 8-də Vaşinqtonda Tramp, Əliyev və Paşinyan arasında keçirilən görüş, imzalanan Birgə Bəyannamə Cənubi Qafqazda yeni mərhələnin startı sayıla bilər (President.az, 2025). Vaşinqton razlaşmaları Azərbaycan və Ermənistanın 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatdan faktiki olaraq çıxması və yeni regional konfiqurasiyanın qurulması deməkdir. Altı ay sonra ABŞ vitse-prezidentinin bölgəyə səfəri, Yerevanda Ermənistanla strateji tərəfdaşlığın inkişafını nəzərdə tutan sənədlərin, Bakıda isə Strateji Tərəfdaşlıq haqqında Xartiyanın imzalanması bu ölkələrin Birləşmiş Ştatlarla ikitərəfli əlaqələrinin keyfiyyətcə yeni səviyyəyə yüksəldilməsini ehtiva edir (President.az, 2026).
Əliyev və Tramp arasında şəxsi səviyyədə qarşılıqlı simpatiyadan irəli gələn pozitiv kommunikasiya mövcuddur. İndiki dövrdə Azərbaycan-ABŞ yaxınlaşması daha çox bu amillə izah oluna bilər. Tramp administrasiyasının demokratiya və insan haqları məsələlərini gündəmə gətirməkdən imtina etməsi, siyasi realizmə əsaslanan xarici siyasəti Bakını qane edir. Ancaq hazırkı mərhələdə ABŞ ilə yaxınlaşma siyasəti də, Rusiya ilə imzalanmış müttəfiqlik sənədi kimi, Bakının uzunmüddətli strateji seçimi deyil. Bu, mövcud beynəlxalq konyukturdan qaynaqlanır və yaxın gələcəkdə Vaşinqtonda baş verə biləcək siyasi dəyişiklikdən asılı olaraq müvəqqəti, hətta qısamüddətli xarakter daşıya bilər.
Bununla yanaşı, 8 avqust 2025-ci il tarixli razılaşmalarla əsası qoyulan prosesin strateji mahiyyət daşıdığı da ortadadır. Rusiya patronajlığındakı üçtərəfli formatın bir anda ABŞ liderliyindəki formatla əvəzlənməsi, bu çərçivədə TRİPP layihəsinin razılaşdırılması uzunmüddətli strateji nəticələri ola biləcək qərarlardır. Rusiya Zəngəzurdan keçəcək mühüm quru dəhlizinə nəzarət etməyi planlaşdırarkən dəhlizin birdən-birə 49 illiyinə Vaşinqtonun nəzarətinə verilməsi və ABŞ-ın Cənubi Qafqazda önəmli aktora çevrilməsi Moskva üçün şok effektli sürprizdir.
Azərbaycan və Rusiya: ayrılsaq da, bərabərik
Hazırkı problemlərə və anlaşılmazlıqlara rəğmən, Azərbaycan-Rusiya münasibətlərinin konfrontasiya müstəvisinə keçməsi az ehtimallı perspektivdir. Gərginliyin dozası bəzən yüksəlsə də, tərəflər bu gərginliyin nəzarətdən çıxmamasına diqqət edir. İdarəolunan, kontrollu gərginlikdən danışmaq daha doğru olar.
Bütün gücünü və resurslarını Ukrayna müharibəsinə, Avropa ilə hibrid qarşıdurmaya yönəltməsinin neqativ nəticələrini Cənubi Qafqazda hiss edən Putin rejimi bu regionda öz mövqelərini qorumaqda çətinlik çəkir. Ermənistandakı son seçkilərdə istədiyinə nail ola bilməyən Moskva avrointeqrasiya kursu seçən keçmiş sadiq müttəfiqini gələcəkdə tamamilə itirmək təhlükəsini üfüqdə gördüyü bir dövrdə Azərbaycanla daha ehtiyatlı və səbrli davranmağa məcburdur. Putinin Əliyevə son telefon zəngi də Moskvanın gərginliyin artmasında maraqlı olmadığını göstərir (Report.az, 2026). İkitərəfli əlaqələrlə bərabər, xüsusən Zəngəzur dəhlizinin itirildiyi və Qərb sanksiyaları şəraitində Azərbaycandan keçən və Rusiyanı İranla, Hindistanla əlaqələndirəcək Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi layhəsi Moskva üçün çox vacibdir.
Əslində Bakı da strateji qırılma yaşanmasında maraqlı deyil. Azərbaycan hakimiyyətinin hazırda Qərblə münasibətlərinin də problemsiz cərəyan etdiyini, qarşılıqlı etimada əsaslandığını söyləmək yanlış olar. Avropa Şurası, Avropa Parlamenti kimi institutlarla gərginlik davam edir. Avropa İttifaqı ilə əlaqələr enerji tərəfdaşlığının prioritet olduğu cari praqmatik maraqlara söykənir. ABŞ ilə strateji tərəfdaşlığın da dayanıqlı olacağına, demokrat administrasiya dövründə eyni şəkildə davam edəcəyinə Bakıda inam yoxdur. Bu səbəbdən rejim Rusiya ilə münasibətlərin qopma nöqtəsinə çatmasını istəmir. Digər tərəfdən, Rusiyanın destruktiv potensialı, keçmiş sovet respublikaları daxilində xaos, qarışıqlıq yaratma imkanlarını da Azərbaycan hakimiyyəti çox yaxşı bilir. Müstəqilliyin elanından sonrakı ilk illərdə, Rusiyanın indikindən daha zəif olduğu dövrdə yaşananlar, məsələn, Bakı metrosundakı terror aktları, siyasi sui-qəsdlər, çevriliş cəhdləri unudulmayıb. Əgər münasibətlər konfrontasion paradiqmaya keçərsə, rusiyalı jurnalistlərin və nazir müşavirinin “YouTube”dakı verilişdə söylədikləri kimi, Rusiya xüsusi xidmətləri Azərbaycan daxilində müxtəlif diversiyalar törədə və xaos yarada bilər. Bu yaxınlarda Azərbaycanın Goranboy rayonundakı hərbi sursat anbarında baş vermiş partlayış şübhələrə əsas verir (APA, 2026). NEXTA resursu hadisənin məhz Rusiya diversiyası ola biləcəyini iddia edib. Azərbaycan bunu qətiyyətlə təkzib etsə də, Bakıdakı narahatlıq diqqətdən yayınmayıb. Xüsusən Rusiyanın Avropaya qarşı hibrid hücumlara başladığı və Azərbaycanla Rusiya arasında anlaşılmazlığın, gərginliyin yaşandığı bir məqamda Goranboydakı partlayış təsadüfdürmü? Bu, Azərbaycana xəbərdarlıq siqnalı da ola bilər.
Nəticə
Təhlillər göstərir ki, 2022-ci ildə rəsmiləşən Azərbaycan–Rusiya “müttəfiqliyi” dəyişən qlobal və regional vəziyyətə uyğunlaşma ehtiyacından irəli gələn praqmatik kompromisdir. Qarabağda suverenliyin bərpa edilməsi, Rusiya hərbi qüvvələrinin bölgədən erkən çıxarılması və kommunikasiya xətlərinin Qərb platformalarında razılaşdırılması Moskvanın Cənubi Qafqazdakı ənənəvi vasitəçilik və təzyiq mexanizmlərini ciddi şəkildə zədələyib.
Rusiya mediasında Azərbaycana yönəlik açıq hədələr və diversiya xarakterli çağırışların artması Moskvanın itirilmiş təsir imkanlarına qarşı göstərdiyi narahatlıqdan irəli gələn reaksiyasıdır. Bununla yanaşı, mövcud ziqzaqvari gərginliyin tərəflər arasında tam strateji qırılmaya dönməsi yaxın gələcəkdə mümkün görünmür. Hər iki tərəf böhranı nəzarət altında saxlamaq istəyir. Moskva üçün Ukrayna cəbhəsində saplandığı bataqlıq səbəbilə və Ermənistanın avrointeqrasiya yolunu tutduğu bir dövrdə Bakı ilə münasibətləri gərginləşdirməmək önəmlidir. Bakı üçün də Qərblə, xüsusilə də Avropa təsisatları ilə əlaqələrin dəyişkənliyi və Rusiyanın regional təxribat\hibrid təhlükə potensialı şimal qonşusu ilə olan münasibətlərin gərginliyini artırmamağı tələb edir.
Nəticə etibarilə, Azərbaycan-Rusiya əlaqələri yaxın zamanda da "ayrılsaq da, bərabərik" formasında davam edəcək. Tərəflər, qarşılıqlı etimadsızlığı qorumaqla yanaşı, hərbi-iqtisadi riskləri sığortalamaq üçün formal müttəfiqliyə dair minimum əməkdaşlıqdan imtina etməyəcəklər.
Qeyd: Oxuduğunuz yazı orijinal olaraq Azərbaycan dilində yazılmışdır.
İSTİNADLAR:
President.az, 2022. Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə. https://president.az/az/articles/view/55498
APA, 2024. MN: Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən çıxarılması başa çatıb. https://apa.az/herbi/mn-rusiya-sulhmeramlilarinin-azerbaycan-erazisinden-cixarilmasi-basa-catib-video-848827
BBC, 2024. İlham Əliyev: "Təyyarə Rusiya tərəfindən vurulub". https://www.bbc.com/azeri/articles/cjdnpz7j3r9o
BBC, 2024. Putin təyyarə qəzasına görə üzr istəyib, amma Rusiyanın cavabdehliyini etiraf etməyib. https://www.bbc.com/azeri/articles/c17d2qrlqngo
Modern.az, 2025. “Turan” Agentliyi "Prezident təyyarəsi xəbəri"nə görə üzr istədi. https://modern.az/az/media/505799/ldquoturanrdquo-agentliyi-quotprezident-teyyaresi-xeberiquotne-gre-uzr-istedi/
Modern.az, 2025. Yekaterinburq hadisələri - Azərbaycanlılara qarşı zorakılıq necə cərayan edib... https://modern.az/az/hadise/523653/hadiseler-nece-cerayan-etdi-xronoloji-ardicilliq/
Report.az, 2025. Rusiyanın müvəqqəti işlər vəkili Yekaterinburqdakı hadisəyə görə Azərbaycan XİN-ə çağırılıb, kəskin etiraz bildirilib. https://report.az/xarici-siyaset/rusiyanin-muveqqeti-isler-vekili-azerbaycan-xin-e-cagirilib
Qafqazinfo, 2025. “Sputnik Azərbaycan” işi üzrə saxlanılanlar haqda qərar verildi. https://qafqazinfo.az/news/detail/sputnik-azerbaycan-isi-uzre-saxlanilanlar-haqda-qerar-verildi-475318
President.az, 2025. Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putin ilə təkbətək görüşü olub. https://president.az/az/articles/view/70298
Modern.az, 2025. “Sputnik Azərbaycan”ın şef redaktoru da azad edildi. https://modern.az/az/media/540550/sputnik-azerbaycanin-sef-redaktoru-da-azad-edildi/
President.az, 2025. İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib. https://president.az/az/articles/view/72945
AzərTAC, 2026. Rusiya səfiri Azərbaycan XİN-ə çağırılıb. https://azertag.az/xeber/rusiya_sefiri_azerbaycan_xin_e_chagirilib-4371201
Qafqazinfo, 2026. Baş Prokurorluq 3 Rusiya vətəndaşını beynəlxalq axtarışa verdi. https://qafqazinfo.az/news/detail/3-rusiya-vetendasi-beynelxalq-axtarisa-verildi-bas-prokurorluq-beyanat-yaydi-518682
Телеканал Прямий, 2026. Оце так скандал! На рф погрожують війною Азербайджану! Є жорстка реакція Баку / КАЗАНСЬКИЙ. https://www.youtube.com/watch?v=BLrmkU-HVmE
RTVI , 2026. Посол Азербайджана ответил на вопрос, есть ли кризис в отношениях Баку и Москвы. https://rtvi.com/news/posol-azerbajdzhana-rasskazal-est-li-krizis-v-otnosheniyah-baku-i-moskvy/
Report.az, 2026. İlham Əliyev Bişkekdə Vladimir Putinlə ayaqüstü söhbət edib. https://report.az/xarici-siyaset/ilham-eliyev-biskekde-vladimir-putinle-ayaqustu-gorus-keciribler
President.az, 2025. Azərbaycan Prezidentinin və Ermənistanın Baş nazirinin Vaşinqton şəhərində keçirilmiş görüşünə dair Birgə Bəyannamə imzalanıb. https://president.az/az/articles/view/69572
President.az, 2026. Bakıda “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası”nın imzalanma mərasimi keçirilib. https://president.az/az/articles/view/71562
Report.az, 2026. Vladimir Putin İlham Əliyevə zəng edib. https://report.az/xarici-siyaset/vladimir-putin-ilham-eliyeve-zeng-edib0709
APA, 2026. Goranboyda sursat anbarında yanğınla müşayiət olunan partlayış baş verib, xəsarət alan olmayıb. https://apa.az/hadise/goranboyda-sursat-anbarinda-yanginla-musayiet-olunan-partlayis-bas-verib-xesaret-alan-olmayib-yenilenib-993083