(Yazı KHAR Center-in "Avtoritar Rejimlər və Transregional Təsir Mexanizmləri" araşdırması çərçivəsində hazırlanıb)
Türkiyənin son illərdə onsuz da ciddi şəkildə geriləmiş demokratiyası dünən daha bir sarsıdıcı zərbə aldı. 21 may ölkənin siyasi tarixinə əsas müxalifət partiyası olan CHP-nin rəhbərliyinin Ərdoğan rejiminin əlaltı məhkəməsi vasitəsilə devrilməsi cəhdinin həyata keçirildiyi gün olaraq düşdü. Türkiyə hökuməti iki ilə yaxındır həbslər, repressiyalar, media və sosial şəbəkə hücumları ilə zəiflətməyə çalışdığı əsas rəqibinin - CHP-nin (Cümhuriyyət Xalq Partiyası) rəhbərliyini məhkəmə qərarı ilə dəyişdirmə təşəbbüsünə əl atdı. Bu, mahiyyət etibarıyla Ərdoğan iqtidarının idarə olunan demokratiya oyunundan belə imtina etdiyini göstərən çox ciddi bir addımdır.
Mövzunun təhlili Türkiyənin 2023-cü il prezident seçkilərindən sonra daxil olduğu kritik siyasi-sosial kontekstdə öz aktuallığını qoruyur. Bu dövrdə avtoritar idarəetmə modeli daha da güclənib və leqal müxalifət imkanları demək olar ki, sıfıra endirilib. Müasir Türkiyə sosiologiyasında və hüquq sistemində bu hadisə, iqtidarın artıq seçki reallığını qəbul edə bilmədiyi bir mərhələdə baş verir. Bu dövrdə demokratiyanın sonuncu qalası olan ana müxalifətini "məhkəmə yolu ilə qəsbetmə" (judiciocracy) metoduna müraciət edlir. Sosial baxımdan dərin iqtisadi böhran, yüksək inflyasiya və repressiyalarla əziyyət çəkən bir cəmiyyət üçün bu qərar ölkədəki konstitusiya quruluşunun və hüquqi dövlət prinsipinin ortadan qalxması qənaəti yarada bilər. Siyasi baxımdan bu proses Ərdoğanın düşüncə tərzinin dövlətin zorakılıq və hüquq mekanizmini mərkəzləşdirərək çoxpartiyalı sistemi faktiki cəhətdən sona yetirmək, hegomon partiyalı sistemə keçmək və ölkəni geniş miqyaslı sivil itaətsizlik dalğasının predmetinə çevirmək təhlükəsi daşıyır.
“Khar Center” bu yazısında baş verən hadisənin səbəb və məqsədini, qəbul edilən qərarın prosedur tərəflərini, xronoloji ardıcıllıqla sadalayaraq bundan sonra Türkiyədə nə baş verəcəyini təhlil edir, ölkənin sivil itaətsizlik müstəvisinə yuvarlana biləcəyi hipotezini irəli sürür.
Niyə "kökündən etibarsız" qərarı? Void ab initio
Dünən (21 may 2026) Ankara Bölgə Ədliyyə Məhkəməsinin 36-ıncı Hüquq Dairəsi CHP-nin 2023-cü ilin 4-5 noyabrında keçirilən qurultayı ilə bağlı "kökündən etibarsız" (mutlak butlan) qərarı verdi. Üstəlik məhkəmə bununla da kifayətlənmədi, qərarın tətbiqi üçün lazım olan qüvvəyə minmə müddətini gözləməmək məqsədilə ehtiyat tədbiri qərarına da əl atdı. Partiyanın hazırkı başqanı Özgür Özəl və digər rəhbərlərin vəzifələrindən uzaqlaşdırımasına, keçmiş sədr Kamal Kılıçdaroğlu və 2023 qurultayından öncəki partiya orqanlarının isə qərar qətiləşənə qədər əvvəlki vəzifələrini yerinə yetirməsinə hökm verdi (AA, 2026).
Beləliklə, indiyə qədər yalnız mülki məcəllə çərçivəsində istiadə olunan və tam qanunsuzluq halını (nikahın səlahiyyəti olmayan biri tərəfindən təsdiqlənməsi, evlənənlərdən birinin evli olduğunun ortaya çıxması və s kimi..) ehtiva edən "kökündən etibarsız" anlayışı ilk dəfə Türkiyə siyasi həyatına daxil oldu. Bu qərarın CHP-yə tətbiq olunmasının səbəbi isə əlbəttə siyasidir - çünki ləğv olunması istənilən CHP qurultayı ilə bağlı iddia qaldırılması üçün tələb olunan hüquqi müddət keçmişdi və seçki hüququ baxımından məhkəmənin iddia lehinə qərar verməsi mümkün deyildi. Bu səbəbdən də iddia "kökündən etibarsız" tələbiylə qaldırıldı (Tahincioğlu, 2026). Ancaq bu iddianın qəbul edilməsi üçün də nümayəndə olmayanların səs verməsi və s kimi etibarsızlığı doğuracaq halların sübutu ortaya qoyulmamış, üstəlik qurultay dəfələrlə yeniləndiyi üçün iddia predmeti qalmamışdı. Birinci instansiya məhkəməsi də məhz bu səbəbdən - CHP qurultayı ilə bağlı iddia üçün predmetin olmadığını əsas gətirərək qərar qəbul edilməsinə ehtiyac olmadığı haqda hökm çıxarmış, CHP-in sonradan keçirdiyi fövqəladə qurultaylarda partiya orqanlarının yenidən seçildiyini bildirərək keçmiş qurultayların nəticələrinin ləğvində hüquqi faydanın olmadığı haqda nəticəyə gəlmişdi. Ancaq apellyasiya instansiyası bu qərarı tamamilə tərsinə çevirdi və"kökündən etibarsız" qərarına imza atdı. Bu, CHP-nin 2023-cü il qurultayının, ondan sonra keçirilən bütün qurultayların və qəbul edilən bütün qərarların yox sayılması mənasına gəlir.
“Çevriliş”in xronikası
2023-cü ildə keçirilən CHP qurultayı ilə partiya daxilində dəyişiklik dövrü adlandırılan proses başladı. Özgür Özəl səsvermənin ikinci turunda 812 səs toplayaraq Kamal Kılıçdaroğluna 276 səs fərqiylə qalib gəldi və partiyanın 8-ci başqanı seçildi. Kamal Kılıçdroğlu 13 illik başqanlığına son qoyan Özəli təbrik edib uğur arzuladı və vəzifəsindən ayrıldı (İndependent Türkçe, 2023).
Qurultaydan cəmi bir neçə ay sonra - 2024-cü ilin 31 martında Özgür Özəl liderliyindəki CHP bələdiyyə seçkilərində qələbə qazandı. Bu, CHP-nin son illərdəki ən böyük seçki uğuru idi - əsas müxalifət partiyası İstanbul və Ankarada bələdiyyələrində qələbəni qorumaqla yanaşı, Bursa, Balıkəsir, Manisa, Dənizli, Adıyaman kimi daha əvvəl iqtidarın və sağ partiyaların güclü olduğu şəhərlərdə də qələbə qazandı. CHP-nin ölkə miqyasında ən çox səs alan (AKP-nin 35,5 faiz səsinə qarşı 37,8 faiz) partiya olduğu bu seçkilər Ərdoğan və onun AKP-sinin 22 illik iqtidar dövrünün ağır məğlubiyyəti kimi tarixə keçdi (OSW, 2024).
Özgür Özəl CHP lideri olduqdan sonra Ərdoğan iqtidarı ilə münasibətlərdə normallaşma mesajları verdi, hətta qarşılıqlı görüşlər də baş tutdu - CHP lideri prezidenti ziyarət etdi, Ərdoğan isə CHP qərargahına baş çəkdi (AA, 2024). Ancaq bundan cəmi bir neçə ay sonra - 2024-cü ilin oktyabrında iqtidarın CHP-yə hücum dalğası başladı. Əvvəlcə İstanbul Esenyurt bələdiyyə sədri Ahmet Özer terror təşkilatı üzvlüyü iddiasıyla həbs olundu, yerinə isə qəyyum təyin edildi. Bu, ana müxalifətə qarşı bələdiyyələr üzərindən başladılan təzyiq dalğasının ilk böyük addımı idi (Medyascope, 2025). Özerin həbsi CHP daxilində başqa bir çatı da ortaya çıxardı - keçmiş Hatay bələdiyyəsinin sədri Lütfü Savaş iqtidarı deyil, öz partiyasını ittiham etdi. Savaş CHP-nin kürdlərin DEM Partiyası ilə görüşməsini tənqid edərkən iqtidarın terrorla əlaqə ittihamını təkrarladı və bu səbəbdən 2024-cü ilin sonunda partiyadan xaric edildi (Bianet, 2024). Lütfü Savaş adı daha sonra partiyanın rəhbərliyinin məhkəmə qərarı ilə dəyişməsinə qədər gətirib çıxaran şikayətlər silsiləsində də ön plana çıxacaq.
Əslində CHP qurultayı ilə bağlı yeni plan üçün düyməyə basıldığının siqnalını əvvəlcə prezident Rəcəb Tayyib Ərdoğan vermişdi. Ərdoğan 2025-ci ilin 1 fevralında Manisada çıxış edərkən “Türkiyəni xilas edəcək adam dedikləri bay Kamalı bir gündə istənməyən adam elan etdilər, 14-28 may seçkilərindəki məğlubiyyətin bütün xərcini ona yükləyib şübhəli bir qurultayla göndərdilər” dedi (İHA, 2025). Kamal Kılıçdaroğlunun komandasından olan Akif Hamzaçebi və keçmiş CHP liderinin özü Ərdoğanın bu açıqlamasına reaksiya verərək şübhəli qurultay iddiasına cavab verilməli olduğunu bildirdilər. Özgür Özəl isə Ərdoğanın partiyanı qarışdırmaq üçün bu ifadələri işlətdiyini açıqladı. Ancaq Ərdoğan və Kılıçdaroğlunun “paslaşmaları” bununla bitmədi, fevralın 10-da Ankara prokurorluğu Özəlin seçildiyi 2023-cü il qurultayı ilə bağlı istintaq başladıldığını açıqladı. Açıqlamada iddia edilirdi ki, əslində bir il əvvəl - 2024-cü ilin yanvarında Bursa prokurorluğuna CHP qurultayında pulla səs verildiyinə dair məlumat daxil olub, ancaq prokurorluq qurultayın Ankarada keçirildiyini əsas gətirərək işi paytaxt prokurorluğuna göndərib. Yəni istintaq bir il əvvəl başlamışdı, ancaq bunun açıqlanması, eyni zamanda Kılıçdaroğlu ilə Hamzaçebinin şahid qismində istintaqa çağırılması məhz CHP-nin növbəti seçkilərdəki prezidentliyə namizədinə dair strategiyasını açlıqlayacağı günə “təsadüf” etdi (Yetkin Report, 2025). O tarixdən bir gün əvvəl Özgür Özəl partiyanın prezidentliyə namizədliyi üçün adı keçən iki güclü namizəd - Əkrəm İmamoğlu və Mansur Yavaş ilə görüşmüş, Yavaş o görüşdən sonra namizəd olmayacağını açıqlamışdı.
Görünür, CHP qurultayının ləğvi üçün məhkəmə prosesinə başlamaqdan ötrü mənbəyi bəlli olmayan şikayət kifayət etmirdi. Ankara prokurorluğunun açıqlamasından 5 gün sonra Lütfü Savaş rəsmən məhkəməyə müraciət etdi. Savaş qurultay günü nümayəndələrə təzyiqlər edildiyini, ev, maşın, pul, iş şəklində rüşvət verildiyini iddia edərək nəticələrin ləğvini tələb etdi (AA, 2025a).
Bu məqamdan sonra iqtidarın CHP üzərindəki siyasi və hüquqi təzyiqi dalğalar halında artmağa başladı. Qurultayın ləğvi ilə bağlı prosesdə rəsmi şikayətçi “tapıldıqdan” bir ay sonra CHP-nin prezidentliyə ən güclü namizədi kimi göstərilən İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu həbs edildi. CHP eyni gün İmamoğlunu namizəd seçmək üçün praymeriz keçirdi (Reuters, 2025). Dərhal sonra isə partiyaya qəyyum təyin olunması riskinə qarşı siyasi legitimliyi gücləndirmək üçün fövqəladə qurultay çağrıldı. Aprelin 6-da Özgür Özəl yenidən və yeganə namizəd olaraq partiya sədri seçildi (AA, 2025 b). Bundan sonrakı müddətdə CHP üzərindəki təzyiq azalmadı, qurultayla bağlı məhkəmə prosesi də dəfələrlə təxirə salınaraq partiyanın başı üzərində asılmış Domokl qılıncına çevrildi.
2025-ci ilin sentyabrında CHP-nin İstanbul şöbəsinin rəhbərliyi məhkəmə qərarıyla vəzifədən uzaqlaşdırıldı, təşkilat sədrliyinə keçmiş deputat Gürsəl Təkin və bir heyət gətirildi (Bianet, 2025). CHP-nin ən böyük yerli təşkilatının rəhbərliyinin məhkəmə qərarıyla dəyişdirilməsi addımı eynisinin partiyanın baş qərargahı üçün də təkrarlanacağına dair narahatlıqları gücləndirdi. CHP qəyyum riskinə qarşı bir daha fövqəladə qurultaya getdi və Özgür Özəl etimad səsverməsində yenidən sədr seçildi (Euronews, 2025). Daha sonra isə CHP İstanbul təşkilatında yenidən seçki keçirdi.
Keçən ilin oktyabrında nəhayət birinci məhkəmə instansiyası CHP-nin qurultayının ləğviylə bağlı iddianı rədd etdi. Əsas kimi də keçirilən fövqəladə qurultaylar gödstərildi və iddianın predmetsiz qaldığı vurğulandı (AA, 2025 c). Nəhayət 21 mayda ikinci instansiyadan iqtidarın əsas rəqibinə qarşı məhkəmə əliylə həyata keçirdiyi çevriliş qərarı çıxdı.
Türkiyə demokratiyasının qara günü
İqtidarın CHP-ni sıradan çıxarmaq üçün göstərdiyi sistematik təzyiq dalğasına baxmayaraq, məhkəmənin qərarı Türkiyə siyasətində və cəmiyyətində şok effekti doğurub. CHP rəhbərliyi qərarı tanımadığını bildirir, təşkilatlar və üzvlər Ankaradakı baş qərargaha çağırılır. Partiyanın 81 təşkilat başqanı nümayəndələrin iradəsinə, hüquqa və Özələ sahib çıxacaqlarını açıqladılar. Özgür Özel isə qərarla bağlı ilk açıqlamasında “Mən sizə təslim olmamağı, şərəf, ləyaqət, cəsarət və mübarizə vəd edirəm” dedi. CHP lideri qərara müqavimət göstərəcəklərini bildirib, mediada ifadə edilən qəfil seçki qərarı ehtimalına da hazır olduqlarını ifadə edib (DW, 2026). Həm həbsdəki Əkrəm İmamoğlu, həm də Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Mansur Yavaş Özələ açıq dəstək verdi. Mansur Yavaş qərarın hüquqi baxımdan problemli olduğunu bildirdi; onun sözlərinə görə, seçkilərə idarə və nəzarət Ali Seçki Şurasının səlahiyyətindədir və hələ cinayət işləri yekunlaşmadan məhkəmənin “seçkidə saxtakarlıq olub” nəticəsi çıxarması hüquq dövləti prinsipi ilə ziddiyyət yaradır (Euronews, 2026). Əkrəm İmamoğlu isə facebook səhifəsindən yaydığı açıqlamada daha qətiyyətli ifadələr seçərək “Ərdoğan təfəkkürünün məhkəmə əliylə reallaşdırdığı siyasi çevrilişlərə qarşı hamılıqla, birlikdə mübarizə aparmaqda qətiyyətliyik. Çıxarılan etibarsızlıq (butlan) qərarı yox hökmündədir. Bu, sadəcə CHP-yə qarşı edilmiş bir çevriliş deyil; Türkiyəyə, demokratiyaya, Cümhuriyyətə qarşı edilmiş bir çevrilişdir. Konstitusiya quruluşunu yox etməkdir. Məsələ ciddidir. Partiyalarüstüdür. Millət olaraq Türkiyəyə sahib çıxmaq zamanıdır” mövqeyini açıqlayıb.
Kamal Kılıçdaroğlu məhkəmə tərəfindən CHP sədrliyinə təyin edildikdən sonra hər kəsi sakitliyə çağırdığını bildirib. O, CHP-nin böyük partiya olduğunu və diskussiyaları daxildə davam etdirə biləcəyini söyləyib. Ancaq Kılıçdaroğluna gələn reaksiyalar göstərir ki, keçmiş sədrin partiya daxilindən dəstək alması mümkün görünmür. Həm sosial mediadakı reaksiyalar, həm də partiya qərargahına gedən CHP-çilərin Kılıçdaroğlunun fotolarını yerə ataraq “xainlərə yer yoxdur” deyə tapdalaması prosesin daha da ağrılı istiqamətə getdiyini göstərir (X, Medyascope, 2026).
Məhkəmənin qərarı İyi Partiya, DEM, TİP, Sol Partiya, Zəfər Partiyası və Yenidən Rifah Partiyası kimi siyasi təşkilatlar tərəfindən də pislənilib və siyasətin məhkəmə qərarları ilə dizayn edilməsi nümunəsi kimi dəyərləndirilib. CHP-yə qarşı apardığı hüquqi işlərə görə ədliyyə nazirliyi ilə mükafatlandırılan Akın Gürlek isə qərarın demokratiyaya inamı gücləndirdiyini söyləyib.
Qərarın sarsıntısı yalnız siyasətdə hiss edilmir, iqtisadiyyat da bu müdaxiləyə reaksiyasız deyil. “Bloomberg” qərarın verildiyi gün Türkiyənin dövlət banklarının türk lirəsini qorumaq üçün 6 milyard dollarlıq valyuta satışı həyata keçirdiklərini bildirib. Satışların yarısının məhz qərardan dərhal sonra baş tutduğu qeyd olunur. İstanbul birjası isə qərardan sonra günü 6,1 faizlik gerilmə ilə tamamlayıb. Britanyalı jurnalist Timoti Eş, Londonda Türkiyənin maliyyə naziri və Mərkəzi Bankının sədri ilə Türkiyəyə investisiya məsələsini müzakirə edən xarici sərmayədarların toplantısının keçirildiyini, məhkəmə qərarıının bu zaman öyrənildiyini və sərmayədarların toplantıdan ayrıldığını bildirib (X, Timoti Ash, 2026). Türkiyə Maliyyə Sabitliyi Komitəsi xəzinə və maliyyə naziri Mehmet Şimşəyin rəhbərliyi ilə toplanma qərarı qəbul edib (X, Hazine ve Maliye Bakanlığı, 2026).
İki başlı CHP və institusional iflic
Məhkəmənin CHP-nin idarə edilməsi səlahiyyətini dərhal Kamal Kılıçdaroğluna verməsi, Özgür Özəlin isə bu qərarı tanımaması partiyanı faktiki olaraq iki yerə bölür. Deputatların əksəriyyəti Özgür Özəli dəstəklədiyindən, Kılıçdaroğlunun TBMM-də fraksiya toplantısı keçirmək və partiyanı parlamentdə idarə etmək cəhdləri uğursuz olacaq. CHP daxilində faktiki olaraq iki ayrı rəhbərlik eyni anda fəaliyyət göstərməyə çalışacaq və bu vəziyyət Ali Məhkəmənin (Yargıtay) son qərarına qədər davam edə bilər.
Presudura görə, CHP qərardan Ali Məhkəməyə şikayət edə bilər, ancaq hansı CHP? Ali Məhkəməyə kimin müraciət edəcəyi məlum deyil, çünki apellyasiya məhkəməsinin tədbir qərarıyla səlahiyyət 2023-cü il qurultayından öncəki rəhbərlikdə – Kılıçdaroğlu və komandasındadır. Onlar Ali Məhkəməyə müraciət etməsə, şikayət yolu qalmayacaq və bu halda 2023-cü il qurultayı yox hökmündə olduğundan, yeni qurultayın çağırılması zərurətə çevriləcək. Ya da hər hansı bir partiya üzvünün müraciəti ilə məhkəmə qurultayın toplanmasına qərar verə bilər - çünki Kılıçdaroğlu 2023 qurultayını gec topladığı üçün 3 illik qurultay çağırma müddəti keçib. Məhz bu səbəbdən Kılıçdaroğlunun partiya adından Ali Məhkəməyə müraciət edəcəyi, prosesin uzanmasını və özünün müvəqqəti rəhbər kimi qalmasını təmin etməyə çalışacağı bildirilir (X, Eminağaoğlu, 2026).
Digər tərəfdən məhkəmə qərarıyla 2023-cü ilə dönüldüyündən CHP-nin nizamnaməsi də daxil olmaqla bütün qərarları, strukturları artıq mübahisəlidir. Kılıçdaroğlunun da məhz bu səbəbdən yeni qurultay toplamaqda maraqlı olmayacağı, İmamoğlunun adamı hesab etdiyi nümayəndələri uzaqlaşdırmaq üçün zamana ehtiyacının olduğu, bu səbəbdən Ali Məhkəmədə prosesin uzanmasını istəyəcəyi vurğulanır (Tahincioğlu, 2026).
Kılıçdaroğlu və komandası rəhbərliyə keçincə Partiya Məclisində 2023-cü ildəki kimi Özgür Özələ yaxın isimlər də olacaq, ancaq onların sayı çoxluğu təmin etmək üçün kifayət etməyəcək. Partiyanın parlamentdəki fraksiya toplantılarına kimin rəhbərlik edəcəyi də mübahisəlidir. Məhkəmə qərarına görə səlahiyyət Kılıçdaroğlundadır, ancaq Özəlin də alternativ toplantılar keçirəcəyi bildirilir.
Qərar barədə əvvəlcədən məlumatlı olduğu və hətta partiyada vəzifə verəcəyi bəzi şəxslərlə görüşdüyü bildirilən Kılıçdaroğlunun ilk mərhələdə baş qərargaha getməkdə israr etməyəcəyi, polis gücüylə partiyaya girən sədr görüntüsü vermək istəmədiyi, bu səbəbdən də daha çox parlamentdə qalacağı bildirilir. Ancaq burada da qəliz vəziyyət yaranıb - parlamentdəki CHP sədri kabinetində kimin oturacağı məlum deyil. Kılıçdaroğlu deputat olmadığı üçün Məclisdə otağı yoxdur, digər tərəfdən məhkəmə qərarıyla partiya sədri kimi çıxış etmək səlahiyyəti var (Tahincioğlu, 2026).
Özgür Özəl əsas prioritetinin CHP-də qalaraq müqavimət göstərmək olduğunu açıqlayıb. Ancaq yeni partiya ehtimalını da rədd etməyib. Daha əvvəl də Özəlin Ekim (Oktyabr) adlı partiyaya keçmə hazırlığında olduğu bildirilmiş, lakin tərəfdarlanın “bu fəlakət olar, həm CHP, həm yeni partiya dağılar” deyə etirazından sonra bu məsələnin gündəliyə gəlmədiyi vurğulanmışdı.
Özəl Ali Məhkəməyə partiya rəhbərliyinin dəyişdirilməsinə dair ehtiyat tədbiri qərarının ləğvini də ehtiva edən ilk etirazlarını verdiklərini bildirib. Bu instansiya əsas qərarla bağlı işi yekunlaşdırmadan da ehtiyat tədbiri qərarını ləğv edə və ya icrasını dayandıra bilər. Ancaq bu ehtimal çox zəif hesab edilir. Proses göstərir ki, hakimiyyətin planı məhz ehtiyat tədbiri qərarı vasitəsilə səlahiyyətləndirilən Kılıçdaroğlunun əliylə CHP-nin bölünməsini təmin etməkdir. Bu planı reallaşdırmaq üçün Ərdoğan iqtidarının qarşısında ciddi maneə yoxdur - beynəlxalq təzyiq neytrallaşdırılıb, məhkəmələr nəzarətə alınıb, hüquq sistemi çökdürülüb, media və vətəndaş cəmiyyəti nəzarət altındadır, polis sistemi hər hansı etiraza qarşı daimi səfərbərlik şəraitindədir. Bu şəraitdə Özgür Özəl liderliyindəki CHP rəhbərliyinin üzərinə daha böyük iş düşür - indi onların vəzifəsi sadəcə partiyanı qorumaq deyil, Türkiyə demokratiyasının xilası üçün xalqı səfərbər edə bilməkdir.
Sivil itaətsizlik: Türkiyə üçün son sığınacaq, yoxsa qaçılmaz reallıq?
Prosesin bundan sonra hansı mərhələyə keçəcəyinə dair konkret rəy vermək çətindir. Əvvəla, belə absurd məhkəmə qərarı hüquqi müqavimətin nəticəsizliyini ortaya qoyub. Eyni zamanda bu hüquqsuz qərarın özü bir çox məsələni labirintə soxur.
Məhkəmə instansiyalarının iqtidarın siyasi alətinə çevrildiyi və leqal siyasi mübarizə kanallarının qapadıldığı bu şəraitdə, Türkiyədə genişmiqyaslı sivil itaətsizlik hərəkatının başlaması ehtimalı heç olmadığı qədər real görünür. Məhkəmənin qərarı təkcə CHP rəhbərliyini deyil, 2024-cü il bələdiyyə seçkilərində dəyişiklik lehinə səs vermiş 17 milyondan çox seçicinin iradəsini və bu iradənin yaratdığı hüquqi legitimliyi də birbaşa hədəfə alır. Əkrəm İmamoğlunun həbsi ilə başlayan və CHP-nin qəsb edilməsi ilə pik həddə çatan bu proses, cəmiyyətdəki "seçki yolu ilə dəyişiklik" ümidini tamamilə məhv edə bilər. Seçici iradəsinin məhkəmə qərarıyla ləğv edildiyi yerdə sivil itaətsizlik hüququ (haqqı) beynəlxalq hüquq və siyasi fəlsəfə baxımından legitim müqavimət forması kimi önə çıxır. Artıq 81 vilayət təşkilatının baş qərargaha toplanması və Özəlin "təslim olmamaq" çağırışı geniş küçə hərəkatlarının, vergi boykotlarının, dinc oturaq aksiyaların və kütləvi etiraz dalğasının ilk qığılcımları ola bilər.
Xüsusilə İstanbul və Ankara kimi meqapolislərdə xalqın bələdiyyə seçkilərində nümayiş etdirdiyi qətiyyət, bu dəfə də məhkəmənin hüquqa zidd qərarının icrasını fiziki və sivil yollarla bloklamaq cəhdinə çevrilə bilər. Qərar günü iqtisadiyyatın aldığı ağır zərbə, birjanın çökməsi və investorların Türkiyəyə marağının itməsi sivil itaətsizliyin sosial bazasını təkcə ideoloji müxalifətlə məhdudlaşdırmır, həm də yoxsullaşan kütlələri bu dalğaya qoşulmağa sövq etməlidir. Əgər Kılıçdaroğlu polis gücü və hüquqi mexanizmlərlə partiya binasını və parlament kabinetini qəsb etməyə çalışarsa, CHP elektoratının nümayiş etdirəcəyi sivil itaətsizlik həm iqtidarı, həm də bu hüquqi çevrilişin icraçılarını idarəolunmaz siyasi böhranla üz-üzə qoyacaq. Çünki tarix sübut edir ki, seçici iradəsinin əhəmiyyətini itirdiyi yerdə, siyasətin taleyini küçənin dinc və qətiyyətli iradəsi müəyyən edir.
Nəticə
Gələcək bir neçə həftədə Türkiyə hüquqi və fiziki müqavimət baxımından gərgin dövr yaşayacaq. İqtidar bu durumu "CHP-nin daxili hüquqi məsələsi" kimi təqdim etməyə çalışsa da, birja və maliyyə bazarlarının göstərdiyi sərt reaksiya, üstəlik investorların Londonda maliyyə naziri ilə görüşü məhz bu xəbər üzündən yarımçıq tərk etməsi, cari böhranın iqtisadiyyat üçün ciddi çətinliklər yaradacağını ortaya qoyur. Bazarların hərəkəti bu qərarı Türkiyədə ümumi hüquqi təhlükəsizliyin ciddi şəkildə zədələnməsi kimi dəyərləndirdiyini göstərir. Bu vəziyyət, qənaət rejimi ilə əziyyət çəkən ölkə iqtisadiyyatını daha dəhşətli bir inflyasiya və likvidlik krizisinə ata bilər.
Prosesin bundan sonra hansı istiqamətdə cərayən etməsini isə müxalif elektoratın apatiya içində qalacağı, yoxsa öz hüquqlarını müdafiə etmək üçün dinc itaətsizlik üsulları ilə meydana çıxacağı müəyyən edəcək.
İSTİNADLAR
Anadolu Ajansı, 2026. Kurultay davasında Kılıçdaroğlu yönetiminin CHP yönetimini devralmasına karar verildi. https://www.aa.com.tr/tr/gundem/kurultay-davasinda-kilicdaroglu-yonetiminin-chp-yonetimini-devralmasina-karar-verildi/3944890
Tahincioğlu, Gökçer, 2026. Mutlak butlan gündemi: Kılıçdaroğlu ve ekibi nasıl dönecek, CHP bölünecek mi, Özgür Özel yeni parti kuracak mı? https://t24.com.tr/politika/mutlak-butlan-gundemi-kilicdaroglu-ve-ekibi-nasil-donecek-chp-bolunecek-mi-ozgur-ozel-yeni-parti-kuracak-mi,1323607
Independent Türkçe, 2023. Kılıçdaroğlu dönemi sona erdi: Özgür Özel CHP’nin yeni genel başkanı oldu. https://www.indyturk.com/node/671991/siyaset/k%C4%B1l%C4%B1%C3%A7daro%C4%9Flu-d%C3%B6nemi-sonra-erdi-%C3%B6zg%C3%BCr-%C3%B6zel-chpnin-yeni-genel-ba%C5%9Fkan%C4%B1-oldu
OSW, 2024. Turkey: opposition wins local elections. https://www.osw.waw.pl/en/publikacje/analyses/2024-04-02/turkey-opposition-wins-local-elections
Anadolu Ajansı, 2024. Cumhurbaşkanı Erdoğan, CHP Genel Başkanı Özel’i 2 Mayıs’ta kabul edecek. https://www.aa.com.tr/tr/gundem/cumhurbaskani-erdogan-chp-genel-baskani-ozeli-2-mayista-kabul-edecek/3205479
Medyascope, 2025. Ahmet Özer’in tutukluluğunun birinci yılı: Neler yaşandı? https://medyascope.tv/2025/10/30/ahmet-ozerin-tutuklulugunun-birinci-yili-neler-yasandi/
Bianet, 2024. CHP, Lütfü Savaş’ı partiden ihraç etti. https://bianet.org/haber/chp-lutfu-savasi-partiden-ihrac-etti-302603
İhlas Haber Ajansı, 2025. Cumhurbaşkanı Erdoğan: “Seçimlerin faturasını Bay Kemal’e çıkartıp şaibeli bir kurultayla kendisini tehcir ettiler...” https://www.iha.com.tr/manisa-haberleri/cumhurbaskani-erdogan-secimlerin-faturasini-bay-kemale-cikartip-saibeli-bir-kurultayla-kendisini-tehcir-ettiler-simdi-ne-kapisini-calan-var-ne-fikirlerini-merak-eden-var-184966789
Yetkin Report, 2025. CHP’ye şaibe soruşturmasının perde arkası: turpun zamanlaması manidar. https://yetkinreport.com/2025/02/10/erdogan-ve-kilicdaroglu-saibe-dedi-chp-kurultayina-sorusturma-acildi
Anadolu Ajansı, 2025a. Lütfü Savaş, CHP’nin 38. Olağan Kurultayı’nın iptali için dava açtı. https://www.aa.com.tr/tr/gundem/lutfu-savas-chpnin-38-olagan-kurultayinin-iptali-icin-dava-acti/3483374
Reuters, 2025. Turkish prosecutors demand Istanbul mayor Imamoglu be jailed pending trial. https://www.reuters.com/world/middle-east/turkish-prosecutors-demand-istanbul-mayor-imamoglu-be-jailed-pending-trial-2025-03-23/
Anadolu Ajansı, 2025 b. Özgür Özel yeniden CHP Genel Başkanı seçildi. https://www.aa.com.tr/tr/politika/ozgur-ozel-yeniden-chp-genel-baskani-secildi/3529745
Bianet, 2025. CHP’nin İstanbul kongresi iptal edildi; il yönetimi görevden alındı. https://bianet.org/haber/chp-nin-istanbul-kongresi-iptal-edildi-il-yonetimi-gorevden-alindi-311079
Euronews Türkçe, 2025. CHP Olağanüstü Kurultayı’nda Özgür Özel tekrar genel başkan seçildi. https://tr.euronews.com/2025/09/21/chp-olaganustu-kurultayinda-ozgur-ozel-tekrar-genel-baskan-secildi
Anadolu Ajansı, 2025 c. CHP’nin 38. Olağan Kurultayı ve 21. Olağanüstü Kurultayı’nın iptaline ilişkin davada karar. https://www.aa.com.tr/tr/gundem/chpnin-38-olagan-kurultayi-ve-21-olaganustu-kurultayinin-iptaline-iliskin-davada-karar/3725415
DW Türkçe, 2026. CHP lideri Özel’den hodrimeydan: Baskın seçime hazırız. https://www.dw.com/tr/chp-lideri-%C3%B6zelden-hodrimeydan-bask%C4%B1n-se%C3%A7ime-haz%C4%B1r%C4%B1z/a-77253569
Euronews Türkçe, 2026. CHP’ye mutlak butlan kararı: Kılıçdaroğlu “göreve iade”. https://tr.euronews.com/2026/05/21/chpye-mutlak-butlan-karari-kilicdaroglu-goreve-iade
X, Medyascope, 2026. https://x.com/medyascope/status/2057519548501315666
X, Timothy Ash, 2026. https://x.com/tashecon/status/2057478465180332506
X, T.C. Hazine ve Maliye Bakanlığı, 2026. Basın Duyurusu — 21.05.2026. https://x.com/HMBakanligi/status/2057543991915143481
X, Ömer Faruk Eminağaoğlu.